Zabil bayramlı səfəvilər
AZƏRBAYCAN SƏFƏVİŞÜNASLIĞININ DÖRD SÜTUNUNDAN BİRİ – ZABİL BAYRAMLI
Zabil bayramlı səfəvilər
AZƏRBAYCAN SƏFƏVİŞÜNASLIĞININ DÖRD SÜTUNUNDAN BİRİ – ZABİL BAYRAMLI
2020-ci ildə Azərbaycan Səfəvişünaslığında önəmli bir elmi hadisə baş vermişdi və bu hadisənin üzərindən nədənsə sükutla keçildi. Danışan, qiymətləndirən olmadı. Oysa, heç bir elmi dəyəri olmayan neçə-neçə kitablar vardır ki, onun haqqında günlərcə danışılır. Söhbət Bakı Dövlət Universitetinin professoru, tarix üzrə elmlər doktoru Zabil Həsrət oğlu Bayramlının “Azərbaycan Səfəvi imperatorluğu: Dövlət quruluşu.” adlı iri həcmli monoqrafiyasından gedir. Azərbaycan tarixçiliyində ən çox haqsızlığa məruz qalan, əldə etdiyi elmi nəticələri öz adlarına çıxaraq öz əsərlərində istifadə edən üzdən iraq “alimlərlə” qarşı-qarşıya qalan Zabil Bayramlı elm camiyası tərəfindən də qiymət görmədi və hətta onun 70 illik yubileyi də qeyd olunmadı. Oysa, 600 səhifəyə yaxın həcmi olan bu monoqrafiyada birmənalı surətdə Səfəvilərin türk mənşəli Azərbaycan dövləti olması sübut olunmaqdadır. Zabil Bayramlının mənə də sirayət edən çox gözəl bir xüsusiyyəti vardı. O heç vaxt elmi bir araşdırma yazanda ilk olaraq digər araşdırmalar baxmaz. Əsas mətnini ilkin qaynaqlar əsasında tərtib edən alimimiz əgər zərurət yaranarsa və ya tənqid olunacaq bir məqam varsa digər araşdırma əsərlərinə müraciət edir. Mövcud monoqrafiya da məhz bu metodologiya ilə hazırlanmışdır.
Tarixi tədqiqatlar o halda dərininə araşdırılmış hesab olunub, dünya elmində ciddi qəbul edilir ki, araşdırma obyekti olmuş mövzu indiyə qədər heç tədqiq edilməmiş olsun və müəllif birbaşa ilkin qaynaqlarla təmasda olaraq obyektiv nəticələr əldə etsin. Qədim və orta əsrlər tarixinin araşdırılması, müasir tədqiqatların aparılmasından daha çətindir. Ona görə ki, orta əsrlər tarixini tədqiq etmək, sadəcə informasiyaları müqayisəli təhlil edərək öz fikrinə haqq qazandırmaq deyil, bu həm də dövrə dair mənbələrdəki məlumatları saf-çürük etmək və hadisələrə müxtəlif yönlərdən nəzər yetirməyi bacarmaqdır. Bu dövrü araşdırmanın çətin yönlərindən biri də mürəkkəb dini – ideoloji proseslərin və sosial – iqtisadi faktorların hadisələrə təsirini görə bilmək, həmçinin bütün bunları tədqiqata cəlb etməkdir. Tarixi qaynaqlarla işləmənin özü də ilk baxışda asan görünsə də olduqca mürəkkəb bir prosesdir. Çünki, tarixi qaynaqların təshih olunmuş variantları və ya tərcümələri hər hansı bir fikrin obyektivliyini və həqiqətlə nə qədər uyğun olub – olmadığını göstərmək üçün kifayət deyildir. Tarixi qaynaqların yarandığı tarixi şərait, istifadə olunacaq mənbənin ilkin əlyazma nüsxəsi olub olmaması məsələsinə diqqət yetirmək, onun müəllifinin hadisələrə yanaşması və bu yanaşmanın həmin tarixi qaynağa təsiri müşahidə edə bilmək professional tarixçiliyin əsas vəzifələrindən biridir. Təəssüf ki, zaman imkan vermir ki, tariximizin müxtəlif dövrlərini eyni anda araşdırıb, hər hansı bir ciddi tədqiqat ortalığa qoymaq mümkün olsun. Ona görə ki, ciddi tədqiqat üçün tarixçinin uzun müddət bir dövr üzərində işləyərək, daha da dərininə araşdırma aparması və bu minvalla daha çox qaynaq üzərində çalışması, yeri gəldikdə tədqiqat obyektini gedib öz gözüylə görərək tarixə toxunması da əsas faktorlardandır. Azərbaycanın bu cür tarixçilərindən biri də ömrünü Azərbaycan Səfəvi dövlətinin tarixinə həsr etmiş, vaxtilə mərhum professor S. Ə. Əliyarlının “dörd Səfəvi tədqiqatçı – sütunlarında biri” adlandırdığı tarix üzrə elmlər doktoru, professor Zabil Həsrət oğlu Bayramlıdır.
Dünya tarixçilərinin heç bir əsas olmadan, sadəcə indiki coğrafi sərhədləri əsas götürərək “İran dövləti” və ya “İran imperiyası” adlandırılan Səfəvi Türk xanədanlığının tarixini araşdırmaq Azərbaycan tarixşünaslığının daim əsas predmetlərindən biri olmuş, bu sahədə bir sıra tədqiqat əsərləri yazılmışdır. Lakin, indiyə qədər Səfəvi dövlətinin tarixi tam şəkildə bir tədqiqat əsəri formasında araşdırılmamışdır. Eyni zamanda ən çox mübahisə mövzularından biri olmuş Səfəvilərin etnik məsələsinə dair tədqiqatların sayı da yetərsizidir və ya bir tərəflidir. Bu baxımdan Professor Zabil Bayramlının mövcud bütün monoqrafiyaları əsas araşdırmalardan birincisidir. Çox təssüf ki, Azərbaycanda hələ də Səfəviləri İran dövləti kimi görən bir kütlə mövcuddur, onlar bu kitabı nə görür. Nə də görmək istəmir. Beləcə cəmiyyətimiz ucuz və cılız kitablar oxumaqla sanballı tədqiqat əsərlərində xəbərsiz formada öz həyatlarını sürdürürlər. Z. H. Bayramlı görmək istəyənlərə görmək istədiyini göstərməklə bərabər, görməzdən gələnlərə də görülməsi gərəkənləri göstərmişdir. Hər hansı bir ilkin qaynağı tədqiq etmək üçün mənbəni orijinaldan oxumaq və ya dini-fəlsəfi biliklər və təcrübələrə malik olmaq yetərli deyil. Bunun üçün dövrün ədəbi-bədii dilini bilmək, tarixi hadisələrin ədəbiyyatda əks olunması məsələlərinə diqqət yetirmək də əsas prinsiplərdən biridir.
Bayram Quliyev
AMEA, Elm Tarixi İnstitutu. Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri,
Tarix üzrə fəlsəfə doktoru
Zabil bayramlı səfəvilər
İ.Petruşevskinin qeyd etdiyi kimi, I Şah Abbas yeni hərbi aristokratiya nümayəndələrindən də bəylərbəyi təyin etmişdi ki, bu I Şah Abbas və onun xələflərinin bəylərbəyilərin iri hakimiyyətini ləğv edib, vilayətlərin mərkəzi dövlət asılılığını daha da möhkəmləndirmək istəyindən irəli gəlirdi. Lakin onlar buna qismən bir neçə əyalətdə nail ola bildilər. Səfəvi hökmdarları Qızılbaş tayfa əmirlərinə sarsıdıcı zərbə endirə bilmədilər. Əslində Səfəvi hökmdarları onlarla hesablaşmağa məcbur oldular. Qızılbaş ellərinin dövlətin cənub və cənub-qərb vilayətlərində də üstünlüyü, onların əmirlərinin böyük nüfuza, hərbi qüvvəyə malik olması ilə əlaqədar olaraq şahlar bu vilayətlərə də onlardan bəylərbəyi təyin etmək zorunda idilər.
Qeyd olunduğu kimi, ayrı-ayrı vilayətlər xassə əmlakına çevrildikdə oraya bəylərbəyi deyil, hakim statusu ilə darğa, yaxud vəzir təyin edilirdi. H.940-cı (1533-34) ildən h. 985-ci (1577) ilə qədər Təbriz xassə əmlakı olduğu zaman bu vilayət bəylərbəyi deyil, darğa tərəfindən idarə olunmuşdu. Təbriz 1577-ci ildə yenidən divan ərazisi tərkibinə daxil edildikdən sonra Səfəvi hökmdarı Sultan Məhəmməd Əmir xan Türkmanı Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edir.
Vilayət hakimləri eyni vaxtda inzibati vahidin mərkəzi olan şəhərlərin də “hakim”i hesab olunurdular. Bu qayda təkcə Azərbaycana aid deyildi. Qarabağ bəylərbəyi Gəncə, Şirvan bəylərbəyi Şamaxı, Çuxur-Səd bəylərbəyi İrəvan “hakim”i hesab olunurdu. Dövrün mənbələrini diqqətlə nəzərdən keçirdikdə tam aydın olur ki, XVI-XVII əsrlərdə Səfəvilərin demək olar ki, bütün vilayət və mahallarında Qızılbaş türk tayfa əmirləri hakimiyyətdə olmuşdular. Məsələn, Qarabağ və Astrabadda Qacar, Azərbaycanda Təkəli və Türkman, Çuxur-Səddə Ustaclı, Farsda Zülqədər, Kirmanda Əfşar, Həmədanda Təkəli, Heratda Şamlı əmirləri bəylərbəyi olurdular. Nadir hallarda yeni hərbi əsilzadələrdən bəylərbəyi təyin edilsə də, bu təcrübə özünü doğrultmamışdı.
Dövlət başçısı tərəfindən geniş hüquq və səlahiyyətlərlə təmin edilən vilayət hakimləri onlara verilmiş bu səlahiyyətlərdən istifadə edərək Engelbert Kempferin qeyd etdiyi kimi, vilayət mərkəzində Şah sarayına uyğun dəm-dəsgah yaradırdılar. Yerlərdə də şah sarayına uyğun saray və onun idarə orqanları, məmurlar aparatı vardı.
Xanlar da şahlıqda olduğu kimi saraylarına xüsusi musiqi sədaları altında girib-çıxır və şahlıqdakı kimi təmtəraqlı ziyafətlər təşkil edirdilər. Xan vilayətdə ədalət məhkəməsinin sədri olub, onun hökm və qərarları mərkəzdəki divanbəyi tərəfindən çox nadir hallarda ləğv edilirdi. Faktiki olaraq xan vilayətdə vəzifə və idarə səlahiyyətinə görə Şahdan sonra ikinci yerdə dayanırdı. Səyyahın yazdığına görə, xanlar, ancaq Şahın onlardan üz döndərməsindən çox ehtiyat edirdilər. Şah Süleyman istədiyi anda, istədiyi xanı hakimiyyətdən uzaqlaşdırıb, əsli-nəcabəti olmayan bir nəfəri onun yerinə təyin edə bilərdi. Səfəvi hökmdarları vilayətlərə təyin etdikləri xan və sultanlara bayraq, təbil, xüsusi xələt təqdim olunurdu. 1693-cü ildə Səfəvilər məmləkətində olmuş Venesiya səyyahı Cemelli Kareri bu barədə yazır ki, Şah xan təyin edərkən ona ipəkdən uzun üst paltarı, qızıl belbağı (kəmər), zərli çalma, bayraq və təbil verilirdi. Və hər il Şahın adından xanlara xüsusi xələtlər göndərilirdi. 1636-1639-cu illərdə Azərbaycanda olmuş Adam Oleari Şah elçisinin Şamaxıya gəlməsi, xanın elçini qarşılaması, onların arasında türk dilində gedən söhbət və Şahın göndərdiyi xələtin təqdim olunması münasibəti ilə Şirvan qazısı və sədrinin Şaha dua etmələri barədə məlumat vermişdi.
Vilayətlərin hərbi qüdrətini möhkəmləndirmək üçün Şah bəylərbəyi təyin edərkən onun mənsub olduğu tayfa əyanları ilə yanaşı, bəzən başqa Qızılbaş tayfalarından bir neçə əmirlə birlikdə onu həmin vilayətə göndərirdi. Onlar bəylərbəyiyə tabe əmirlər (ümare-ye tabin) adlanırdı. İsgəndər bəy Münşi yazır ki, Əmir xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin olunarkən (1577) özünün məsləhəti ilə qardaşları İsmayıl sultan, Şahqulu sultan, oğlu Sultan Murad xan və İbrahim sultan Piyadə Türkman əmirlik rütbəsi ilə təltif olundu və onlar Azərbaycanda ulkalarla da təmin olundular.
Dövrün yerli idarəetmə qaydalarına uyğun olaraq Şah xanın rəyi əsasında onun mənsub olduğu tayfa əsilzadələrinə əmirlik rütbəsi verir və onları vilayətin mahallarında hakim vəzifəsinə qoyurdu. Ancaq Şah tərəfindən mahallara əmirlik rütbəsi ilə təyin olunan bu hakimlər bəylərbəyiyə tabe idilər. İtaliyalı səyyah Pyetro della Valle Səfəvi dövlətinin bir çox vilayətlərini gəzmiş və şəxsi müşahidələri əsasında vilayət hakimlərinin hüquq və səlahiyyətləri haqqında ətraflı məlumat toplaya bilmişdi. O yazır ki, Səfəvi dövlətində xan titulu bütöv bir vilayətin hakimi mənasını ifadə edir. Xanın səlahiyyəti geniş olub, hakimiyyəti altındakı vilayətin bütün mülki və hərbi məmurları ona tabedirlər. Vilayəti necə istəyirsə, o cür idarə edir və Şahdan başqa heç kimi özündən böyük kimi qəbul etmir. Ona tabe olan vilayətin idarə işlərində sərbəst olub, yalnız Şahın buyruqlarına əməl edir.
Bəylərbəyi vilayətin silahı qüvvələrinin baş komandanı, yəni əmir əl-ümərası idi. İsgəndər bəy Münşi yazır ki, Sultan Məhəmməd Təbrizə gələrkən Əmir xanın qardaşları, qohum və başqa əmirlərinə tabe 12 min nəfərə qədər mülazimi var idi. Lakin mənbələrdən aydın olur ki, sərhəd bəylərbəyinin sırf özünə tabe daimi silahlı qüvvələrinin sayı 2-3 min nəfərdən çox olmurdu. Şah da bəylərbəyinin daimi silahlı qüvvələrinin sayını bir neçə mindən çox olmasını istəməzdi. Ona görə ki, bəylərbəyinin daha çox əsgəri qüvvəyə malik olması, onun hərbi qüdrətinin həddindən çox artması, onda mərkəzdənqaçma meyli ilə nəticələnə bilərdi.
Qazi Əhməd Quminin h.993-cü (1585) ildə İmamqulu xan Qacarın Qacar tayfası və Qarabağda yaşayan digər oymaqlardan ibarət 2 min nəfər qoşunla Təbrizin 24 km-də yerləşən Nəhənd adlı yerdə Sultan Məhəmmədin xidmətinə gəlməsi və həmin ildə Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Ustaclının 3 min nəfər mülazimini götürüb Osmanlı ordusu ilə vuruşmaq üçün Araz çayını keçərək Ərzuruma getməsi haqqında qeydləri hər iki bəylərbəyinin 2-3 min nəfərdən ibarət daimi əsgəri qüvvə saxladığını göstərir. Azərbaycan bəylərbəyinin əsgəri qüvvəsi isə XVII əsrin ortalarında 3 min nəfərdən ibarət idi.
Bəylərbəyinin müəyyən sayda hərbi qüvvə saxlaması, ölkə sərhədlərinin qorunması və vilayətdə daxili intizamsızlıqların qarşısının alınması zəruriyyətindən irəli gəlirdi. Xanın Şah qarşısında əsas hərbi öhdəçiliyi müharibə zamanı müəyyən sayda qoşun hazır edib mərkəzə, yaxud da birbaşa savaş meydanına göndərməkdən ibarət idi. Lakin bu barədə Şahın xüsusi göstərişi olmalıydı. Məsələn, XVII əsrin I yarısında Səfəvi-Osmanlı müharibəsi zamanı h.1024-cü (1615) ildə Şah Abbas əmr edir ki, Qarabağ bəylərbəyi Məhəmməd xan Ziyad oğlu Qacar Tiflisə gedib orada sakin olsun və osmanlılarla vuruşmağa hazırlaşsın.
Bəylərbəyi birbaşa Şaha tabe olub, mərkəzi dövlət aparatının məmurları ilə hərbi məsələlərdə hesablaşmırdı. Hətta sipahsalar bəylərbəyiyə tabe olan hərbi qüvvədən Şahın xüsusi göstərişi olmadan təhlükəli vaxtlarda belə istifadə edə bilməzdi. Məlum olduğu kimi, bəylərbəyi vilayətin mülki, inzibati rəisi olmaqla bərabər, həm də silahlı qüvvələrinin baş komandanı, yəni əmir əl-ümərası funksiyasına sahib idi. Bütün Səfəvi silahlı qüvvələrinin komandanına isə sipəhsalar rütbəsi verilirdi. Əksər vaxtlarda Səfəvilərin silahlı qüvvələrinə baş komandan sipahsalar rütbəsi ilə Azərbaycan bəylərbəyi təyin olunurdu. Bu barədə mənbələrdə kifayət qədər məlumat var. 1664-cü ildə Səfəvilər məmləkətində olmuş fransız səyyahı Şarden yazır ki, Təbriz və onun ətraf mahalının hakimi Səfəvilərin birinci hökumətlərindən hesab olunurdu. Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edilmiş hər bir əmir eyni zamanda dövlətin hərbi qüvvəsinin baş komandanı olur və qoşunun bütün ixtiyarı ona həvalə edilirdi.
Şərəfxan Bidlisi h. 988-ci (1580-) ildə Azərbaycan bəylərbəyi Əmir xan Mosullunun Səfəvi qoşunlarının baş komandanı təyin olunması barədə ətraflı məlumat verib. 1693-1694-cü illərdə Səfəvilər ölkəsinə səyahətə gələn C.Kareri də Azərbaycan əmir əl-ümərasının sipəhsalar olduğunu göstərərək yazır ki, Səfəvi qoşunun baş komandanı Azərbaycan vilayətinin hakimidir. Onun həmin vəzifəni öz naibinə (naibi əl-hökumə) tapşırmağa da ixtiyarı vardı.
Mənbələrdən aydın olur ki, XVI-XVII yüzilliklərdə Azərbaycan Səfəvilərin birinci dərəcəli bəylərbəyiliyi olub, Azərbaycan bəylərbəyiləri bütün sərhəd bəylərbəyiliklərin təhlükəsizliyini təmin etməli idi. Azərbaycan bəylərbəyinə geniş hərbi hüquqlar verilməsi Azərbaycanın hərbi-strateji, ictimai-siyasi və iqtisadi baxımdan Səfəvilər dövlətinin mərkəzi, dayaq məntəqəsi və metropoliyası olmasından irəli gəlirdi. Səfəvilər dövlətinin siyasi qüdrəti sərhəd bəylərbəyiliklərinin və xüsusilə də Azərbaycanın hərbi imkanlarından çox asılı idi.
Bir sıra Şərq və Avropa ölkələrindən Səfəvi dövlətinə gələn ticarət karvanları, səfirliklər sərhəd bəylərbəyiliklərinin ərazisindən keçirdilər. Buna görə də sərhəd bəylərbəyiliklərinə əyalətin xarici müdaxilədən qorunması və s. ilə yanaşı, xaricdən gələn ticarət karvanları və səfirliklərin təhlükəsizliyinin təşkil olunması sahəsində də geniş ixtiyarlar verilmişdi. Məsələn, 1618-ci ildə Şah sarayına göndərilmiş rus elçisi M.M.Baryantinski yazır: “Yusif xanla söhbət zamanı bildirdi ki, sizin böyük hökmdarın ticarət adamları bizim Şah Abbasın vilayətlərinə gələrkən birinci olaraq Şamaxıya daxil olurlar. Sizin ticarət adamlarınızı da Şahınkı kimi qoruyuram. Bütün təbələrimə əmr edirəm ki, ticarət adamlarınızı incitməsinlər”.
1561-ci ildə Səfəvi dövlətinə gəlmiş Moskva ticarət kompaniyasının nümayəndəsi ingilis A.Cenkinson 1563-cü ildə geri qayıdarkən Şirvan bəylərbəyi Abdulla xan onunla bərabər bəzi işlərdən ötrü rus padşahı İvan Vasilyeviç Qroznının hüzuruna elçi göndərmişdi. O cümlədən 1634-cü ildə İrəvan bəylərbəyi Təhmasib xanın Osmanlı Sultanının hücum istiqamətini öyrənmək üçün Əmircan adlı bir nəfəri Osmanlı ölkəsinə göndərməsi, yaxud həmin ildə İrəvana gələn yunan taciri ilə yenə həmin mövzuda söhbət aparması sərhəd bəylərbəyilərin həmsərhəd ölkələrlə iqtisadi və hərbi-siyasi mövzularda diplomatik danışıqlar aparmaqda və əlaqələr saxlamaqda geniş hüquqlara malik oduqlarını təsdiq edir.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Comments are closed, but trackbacks and pingbacks are open.