Xaqani Şirvani – Şərq intibahının görkəmli nümayəndəsi
Məmmədhəsən Qənbərlinin “Xaqani Şirvani poeziyasında hikmət”, Baloğlan Şəfizadənin “Xaqani Şirvaninin dünyagörüşü”, Xanəli Babayevin “Xaqani Şirvaninin yaradıcılığında dini-əsatiri obrazlar və islami-tarixi motivlər”, Nailə Tağıyevanın “Xaqaninin həyat və yaradıcılığının Azərbaycanda öyrənilməsi” və “Xaqani irsi rus alimlərinin tədqiqatlarında”, Leyli Əliyevanın “Xaqani Şirvani ədəbi irsi ingilisdilli tədqiqatlarda” adlı məqalələri şairin həyatının və ədəbi irsinin müxtəlif baxımlardan araşdırılmasına həsr edilmişdir. Sonda Azərbaycan, ingilis, rus və fars dillərində xülasə, Xaqaniyə dair müxtəlif dillərdə ədəbiyyat siyahısı verilmişdir.
Prof. Dr. Mehmet Rıhtım
Azərbaycan tarixi ilə əlaqəli əhəmiyyətli mənbə kitabları arasında yer alan “Evliya Çələbi Səyahətnaməsi”nin yaşadığımız coğrafiyaya aid hissələrinin tam, eyni zamanda ən etibarlı müəllif nüsxəsinə istinad edilərək nəşr edilməsi ehtiyac və lüzumu əlimizdəki bu kitabın ərsəyə gəlməsi düşüncəsinin doğmasına yol açdı. Azərbaycanda “Səyahətnamə” ilə bağlı aparılan işlər və onların “Səyahətnamə”nin Azərbaycana tanıdılması istiqamətindəki xidmətləri böyükdür. Lakin heç biri Evliyanın dörd səfərinin hamısını əhatə etməmişdir. Odur ki, “Səyahətnamə”nin üç cildində bəhs edilən dörd Azərbaycan səfərini və əlavə məlumatları bütövlükdə əhatə etməyə çalışdıq. Evliya Çələbinin 400 illik yubileyi münasibətilə YUNESKO tərəfindən 2011-ci ilin Evliya Çələbi ili elan edilməsi “Səyahətnamə”də yer alan Azərbaycanla əlaqəli hissələrin bir araya gətirilərək müstəqil bir kitab halında nəşrə hazırlanmasında mühüm amil oldu. Beləcə, bir tərəfdən onun xatirəsini yad edərkən digər tərəfdən Azərbaycan elmi üçün önəmli bir qaynaq əsər azərbaycanlı tədqiqatçıların və maraqlıların istifadəsinə verilmiş oldu. Əsərdə Evliya Çələbinin Azərbaycan torpağı (xaki-Azərbaycan) olaraq qeyd etdiyi yerlər günümüzdə tarixi-mədəni ve etnik olaraq Azərbaycan ərazisi qəbul edilən bölgə ilə eynidir. Bu təbirinin əhatə etdiyi tarixi coğrafi ərazi şimali və cənubi Azərbaycanı, Naxçıvan, Ermənistan, Dərbənd və Tiflisə qədər olan yerləri tərkibinə almaqdadır. Azərbaycan ilə yaxın tarixi-mədəni əlaqəsindən dolayı Şərqi Anadolunun şərqindəki bəzi yerlər də əsərə alınmışdır ki, bunun da ən mühüm səbəbi həmin məntəqələrin Evliya Çələbiyə görə Azərbaycan səfərlərinin başlanğıc nöqtələri olmasıdır. Məsələn, səyah birinci səfərinə Ərzurumdan, ikinci səfərinə isə Vandan başladığından “Səyahətnamə”dəki ardıcıllığın pozulmaması və ehtiva etdiyi məlumatların əhəmiyyətinə istinadən bu bölgələr də əsərə daxil edilmişdir. Çalışmamıza mövzu olan məlumatlar, əsasən, II, IV, VII cildlərdə yer almışdır. Ancaq “Səyahətnamə”nin başqa cildlərində olan, Azərbaycanla əlaqədar tarixi hadisələr və şəxsiyyətlər haqqındakı qismləri də əlavə etdik. Bunlardan, əslən Bərdəli olub Səfəvilərin Təbrizi tutması ilə köç edərək Misirdə yerləşən, böyük sufi-şair İbrahim Gülşəni və təriqəti haqqındakı məlumatlar, Evliya Çələbinin dövlətlər tarixini anlatdığı X cilddə yer alan Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətləri ilə əlaqəli hissə və X cilddə Çaldıran savaşından bəhs edilmiş qısa bir hissədir. Bu iş üzərində çalışarkən əksər mənbələri diqqətlə incələdik. “Səyahətnamə”nin əldə etdiyimiz İstanbul Topkapı Sarayı Muzeyi kitabxanasındakı Bağdad köşkü 304, 305 və 308 nömrəli əlyazma nüsxələrini, İqdam mətbəəsinin əski əlifbadakı çap variantlarını, məşhur “Səyahətnamə” araşdırmaçılarından Robert Dankoff və Cavid Baysunun tədqiqatlarını, “Yapı Kredi”, “Üçdal” və “Zuhuri Danışman” yayınevlərinin tam mətin nəşrlərini, eləcə də “Səyahətnamə”dən seçmələr və müntəxəbat şəklində hazırlanmış buraxılışları, bir çox jurnallarda yazılmış məqalələri və yəni tədqiqatları araşdırdıqdan sonra “Səyahətnamə”nin tam mətninin müəllif əlyazması sayılan Topqapı sarayı Bağdad və Rəvan köşkü əlyazmalarını əsas götürərək hazırlamağı qərara aldıq. Eyni zamanda “Yapı Kredi” yayınının təcrübəli mütəxəssis bir qrup tərəfindən, müəllif nüsxəsi əsasında əksiksiz transkript şəklində hazırlanmış “Səyahətnamə” ikinci istinad variantımız oldu. Xüsusən X cildlə əlaqədar hissələr buradan götürüldü. Əlyazma ilə bu nəşri qarşılaşdırarkən çox cüzi də olsa bəzi sözlərin yanlış oxunduğunu müşahidə etdik. Bunlarla yanaşı digər nəşrlərin qarşılıqlı müqayisəsini apardıq. Həmçinin “Səyahətnamə”dəki arxaik sözləri və ləhcə elementlərini aydınlaşdırarkən bir sıra lüğətlərə müraciət etdik. Əlimizdəki bu əsər tənqidi mətn nəşri (edition critique) iddiasından uzaqdır. Ancaq mətndə keçən terminləri açıqlamaqla yanaşı ehtiyac duyulan yerlərdə lazımi izahlar da verməyə çalışmışıq və bu mənada əsərin günümüz oxucusu tərəfindən daha anlaşıqlı bir hal alması istiqamətində müəyyən işlər görülmüşdür. XVII əsrdə yazılmış olan bu əsər, həm ədəbi cəhətdən, həm də dil baxımından zəngindir və oxucunu yormayacaq şəkildə axıcı bir üsluba malikdir. Kitabı hazırlarkən Evliya Çələbinin bu özünəməxsus üslubunu əlimizdən gəldiyi qədər mühafizə etməyə, qorumağa çalışdıq. Bütün bunlarla yanaşı bəzi kiçik məcburi dəyişikliklər etməyi də lazım bildik. Məsələn, Evliya Çələbi qəsəbələr üçün kənd sözündən istifadə etmiş və bunu da “kənd ləfzi bu diyarlarda qəsəbəyə deyərlər” (c.2) deyə qeyd etmişdir. Kitabda “kənd” sözünün keçdiyi yerlərin çoxu “qəsəbə” olaraq dəyişdirilmişdir. Həmçinin bəzi yerlərdə az miqdarda söz tərəfimizdən çıxarıldı. Bunlar hər hansı bir məlumat dəyəri olmayan, ancaq o günki Osmanlı cəmiyyətində qızılbaşlar üçün işlədilən tənqidi xarakterli sözlərdir ki, bunları olduğu kimi saxlamağın faydası olmamaqla yanaşı, bir mənası da yox idi. Bununla belə bu cür sözlər nümunə olaraq bir-iki yerdə saxlanıldı. “Səyahətnamə”nin XVII əsrin tarixi dilinin üslubunu pozmadan, dildəki axıcılığını və əsərin havasını itirmədən günümüz Azərbaycan türkcəsinə uyğunlaşdırılması təxmin ediləcəyi üzrə çətin bir işdir. Bu uyğunlaşdırma prosesində bir çox qayda və əsasın ortaya qoyulması lazım gəlirdi. Buna görə də aşağıda göstərdiyimiz işləri müvafiq qayda və üsullar çərçivəsində tamamlamağa çalışdıq: • Geyim, dəyərli daş, pul vahidi, çəki və uzunluq ölçüləri, savaş vasitə və ləvazimatları, sivil və hərbi qurum, məqam, rütbə, ünvan, ləqəb, məslək, sənətkar və s. kimi isimlərin bir çoxunun bugün birəbir qarşılıqlarını tapmaq mümkün deyildi. Bunlar ya sonnotlar ilə yaxud da əsərin sonuna qoyulacaq bir sözlük ilə açıqlana bilərdi. Bu cür kəlimə sayı, güman etdiyimizdən çox çıxdı. Beləcə, əsərin arxasında sanki ayrıca bir tarixi ifadə və terminlər sözlüyü formalaşdı. Sonnotlarla mətn içinə bu sözlüyü yedirmək isə mətnin axıcılığını itirərdi. Bunun yerinə, lazım olan yerlərdə mötərizə içində qısaca kəlmə qarşılığı verildi, ancaq bu gün yayğın istifadə şəkli varsa, ona üstünlük verildi; • Əlinizdəki əsər bugün hər kəsin anlayacağı Azərbaycan türkcəsi ilə yazılmağa çalışıldı. İfadə və terminlərlə əsərin xüsusiyyəti əsas alınaraq bəzi kəlmələr saxlanıldı. Evliya Çələbinin üslubuna mümkün olduğu qədər sadiq qalındı, cümlə içində bəzi kəlmələrin yerləri belə dəyişdirilmədi. Mətn içində keçən başqasının ağzından verilən söhbətlər və Evliya tərəfindən şivə özəllikləri qorunaraq nəql edilən bölümlər eynən qorundu. Sadələşdirilmiş mətn içində demək olar ki, hər kəlmənin tam qarşılığı verildi. Mətnin anlaşılması üçün bəzən cümlələrdə qısaltmalar, ixtisarlar aparıldı, ancaq bir-iki istisna xaricində qətiyyən məlumatların çıxarılmasına yol verilmədi; • Mətndəki ayə, hədis, ərəbcə və farsca mətnlərin orijinalları və Azərbaycan dilindəki qarşılıqları verildi. Ayə və hədislərin qaynaqları və tərcümələri ibarənin yanında kvadrat mötərizə içində göstərildi; • Yazma nüsxədə Evliya Çələbinin buraxmış olduğu kəlmə, sətir, səhifə boşluqları mətndə … şəklində üç nöqtə ilə göstərildi. Haşiyə və dərkənarlar mətnin içinə yerləşdirildi. Yazılmayan tarixlərdən təsbit etdiklərimiz mətndə kvadrat mötərizə daxilində göstərilərək sonnotda izah verildi; • Yerli adların bugünki bilinən variantları mötərizə içində yanında yazıldı və ya sonnotda izah edilərək verildi. Mətndə “kənd” olaraq keçən yerlərin əksəriyyəti Evliya Çələbinin ifadəsi əsas alınaraq “qəsəbə” sözü ilə əvəz edildi; • Türkcə şeirlər olduğu kimi verildi. Tərəfimizdən edilən tərcümələri isə kvadrat mötərizə daxilində verildi. Tarix çıxarılmış beyt və misraların yanında tarix varsa, miladi tarixə çevrildi; • Əsərdəki hicri tarixlər olduğu kimi verilərkən kvadrat mötərizə içində miladi tarixi də göstərildi. Yanlış olduqları təsbit edilən tarixlərin doğruları sonnotda göstərildi; • Əsərin sonunda, əsərdən asan istifadəni təmin edəcək təfsilatlı qarışıq bir indeks hazırlandı; • Orijinal mətndə boş buraxılan bir kəlməlik yerlər üçün … işarəsi ilə, boş sətir miqdarı isə üç nöqtəli boş sətir ilə göstərildi. Bəzən da mötərizə içində (yazılmadı) ifadəsi ilə göstərildi; • Mətndə tərəfimizdən əlavə edilən yerlərin hamısı kvadrat mötərizə [ ] içində göstərilmişdir; • Əsərə zənginlik qatmaq üçün adı keçən yerlər, şəxslər və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq minyatür, qravür əski və yeni fotoşəkillər kimi materiallar və rəsim yazıları əlavə edildi. Xüsusən, Evliya Çələbidən təqribən yüz il öncə Matrakçı Nasuh tərəfindən Qanuni Sultan Süleymanın iki İraq səfəri əsnasında çəkdiyi Azərbaycan şəhərlərinə aid minyatürlər bu əsərə əlavə edildi; • Əsərin sonunda qısa və yığcam bir lüğət əlavə edilərək tarixi terminlər açıqlandı, yer və şəxslər haqqında məlumat verildi; • Evliya Çələbinin dörd Azərbaycan səyahətinin ayrı-ayrı xəritələri çıxarılaraq Evliya Çələbinin marşrutu göstərildi;
NEŞRE HAZIRLAYAN: MEHMET RIHTIM
QAFQAZ ARAŞTIRMALARI ENSTİTÜSÜ YAYINLARI
BAKI-2012.
Gönderen Mehmet Rıhtım zaman: 11:10
Xaqani Şirvani – Şərq intibahının görkəmli nümayəndəsi
Böyük Azərbaycan şairi, Müsəlman Şərqi ölkələrində intibah ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Əfzələddin Xaqani Şirvani (1126-1199) həmişə tədqiqatçıların diqqətini keşməkeşli həyatı, məğrur şəxsiyyəti, qüdrətli ədəbi irsi, dərin ictimai-fəlsəfi fikirləri ilə cəlb etmişdir.
Ədəbiyyatşünaslar şairin həyat və yaradıcılığı barədə fikir söylərkən müxtəlif mənbələrə, ilk növbədə onun öz əsərlərinə müraciət edirlər. Bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Xaqani Şirvani. Həyatı və yaradıcılığı” kitabının müəllifləri də Xaqani barədə elmi fikir söyləyərkən daha çox şairin ədəbi irsinə müraciət etmişlər. Səbəb də odur ki, əvvəla, böyük sənətkarın yaşadığı zamandan keçən doqquz yüz ilə yaxın bir vaxt ərzində onun həyat və yaradıcılığına dair az sayda mənbə qorunub saxlanmışdır, ikincisi, Əfzələddin Xaqani əsərlərində öz həyatı, yaxınları, valideynləri, tanıdığı şəxslər barədə bir sıra dəyərli məlumatlar vermişdir. Qeyd edək ki, haqqında danışdığımız kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdaq” (Sənətkarın elmi pasportu) layihəsi əsasında yazılmış monoqrafik tədqiqatdır. İnstitutun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanan bu monoqrafiyada Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvaninin həyat və yaradıcılığı, sənətkarlığı və irsi ətraflı araşdırmışdır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli ön sözdə zəmanəsindən, yaşadığı mühitdən, istedadının lazımınca dəyərləndirilməməsindən həmişə narazı olmuş Xaqaninin vətənsevərliyi barədə yazır: “Xaqani Şirvaninin iztirablarla dolu həyatı vətənpərvərlik üstündə köklənmişdir. O, saraylarda olduğu illərdə həmişə öz xalqını və qürbətdə olarkən Vətənini düşünmüş, bu böyük ideallara ürəkdən bağlı olmuşdur. Özünü “yoxsullar şairi Xəlqani” adlandırması da böyük sənətkarın millilik və vətənpərvərliyini, qürurunu və mərdanə simasını, xalqına bağlı olmasını aydın şəkildə ifadə edir. Ona görə də Xaqani Şirvani Azərbaycan ədəbiyyatının qürur və məğrurluq rəmzlərindən biri hesab olunur”.
Filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Xaqani Şirvaninin dövrü, mühiti və həyatı” adlı məqaləsi faktiki materialın zənginliyi ilə diqqəti cəlb edir. Müəllif göstərir ki, Xaqaninin yaşadığı dövrdə, XII yüzillikdə Yaxın və Orta Şərqdə Səlcuqilər dövləti geniş bir ərazidə hökmranlıq edirdi. Bu zaman Azərbaycanda Şirvanşahlarla bərabər, Şəddadilər, Rəvvadilər, Şəmsəddin Eldəgizin (1137-1175) əsasını qoyduğu Atabəylər dövləti tərəfindən idarə edilirdi. Qonşu dövlətlərlə diplomatik əlaqələrin qurulmasına xüsusi fikir verən Şirvanşahların sarayında qaynar bir mədəni-ədəbi həyat cərəyan edirdi. Xaqaninin sarayı həyatı ilə bağlı olan Şirvanşahlar dövlətində III Mənuçehr (1120-1163) və Axistanın (1164-1196) dövründə sarayda onunla bərabər, Əbuləla Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani fəaliyyət göstərirdilər. Eldəgizlər sarayında Mücirəddin Beyləqani (1130-1194), Əsirəddin Əxsikəti (XII əsr) kimi şairlər yazıb-yaradırlar. Bu dövrdə saraylardan kənarda yaşayan Qivami Mütərrizi, Nizami Gəncəvi və həyatının son dönəmlərində Xaqaninin adlarını çəkmək olar. Əslində, bütün bu sənətkarlar Nizaminin yaşadığı ədəbi mühitin ayrılmaz tərkib hissələridir. Nizami Gəncəvinin dünya miqyaslı sənətkar kimi yetişməsində Xaqani irsinin də rolu olmuşdur. Bu iki böyük şairi yaxınlaşdıran və fərqləndirən cəhətlər kifayət qədərdir: Hər iki şair sadaladığımız digər müasirləri kimi əsərlərini fars dilində yazmışdır və İntibah ideyalarını təbliğ etmişdir. Nizaminin də Şirvanşahlar sarayı ilə müəyyən əlaqələri olub və o, Şirvanşah Axistanın sifarişi ilə “Leyli və Məcnun” məsnəvisini yazıb. Hər iki şair bölgədə “Azərbaycan üslubu” adı ilə tanınan üslubun nümayəndəsi olub. Bu sənətkarların təsirləndiyi ortaq şairlər də olmuşdur. Hər iki sənətkar universal zəka, ensiklopedik bilik sahibi olmuş, poeziyada bəşəriliyə, humanizmə, fikri yeni ifadə vasitələri ilə çatdırmağa üstünlük vermişlər. Fərq orasındadır ki, Nizami ömrü boyu vətənini tərk etmədiyi halda, Xaqani, sözün həqiqi, mənasında səyyah olmuşdur, iki dəfə Məkkəni ziyarət etmiş, Yaxın və Orta Şərqin bir sıra ölkələrini gəzmiş, bu barədə əsərlərində yazmışdır. Çox yerlər gördüyündən, Xaqani, təbii ki, daha çox şəxslərlə tanış olmuşdur. Nizami yaradıcılığında məsnəvi şəklində dastanlar, poemalar yazmağa üstünlük verdiyi halda, Xaqani daha çox sayda poetik janrlarda qələmini sınamış, nəsr əsərləri, məktubları ilə tanınmışdır.
İ.Həmidov göstərir ki, gənc Xaqaninin təhsil və tərbiyəsi ilə dövrünün savadlı şəxslərindən olan əmisi Kafiyəddin Ömər Osman oğlu və əmisi oğlu Vəhidəddin Osman Ömər oğlu məşğul olmuşlar. Tədqiqatçı yazır: “İlkin təhsildən sonra Kafiyəddin Ömər tələbəsinə ilahiyyat, nəhv (dilçilik), riyaziyyat, fəlsəfə, təfsir elmlərini öyrətmişdir. Əmisinin “adab” elmində ustadlığı gənc İbrahimin şairlik istedadının inkişafına da təsir etmişdir. Hər iki müəllim gənc Xaqanidə klassik Şərq və Qərq alim və ədibləri Boqrat (Hippokrat), Buzurqmehr, Kosta, Sabi, Xəlil Əruzi, Sipəveyh, ibn Miskəveyh, Cahiz, Buhtari, Mütənəbbi, Əbu Təmmam, İbn Sina, əl-Məərri dühasına maraq yaratmışlar”. Bunlardan başqa, Xaqaninin görkəmli mütəsəvviflər Mühyəddin ibn əl-Ərəbi, Əbu Hamid əl-Qəzalinin, fars şairləri Rudəri, Ünsüri, Sənainin əsərləri ilə gənclik illərindən tanış olduğu bildirilir. Qeyd edək ki, adları çəkilən şair və mütəfəkkirlər Nizami Gəncəvinin də dünyagörüşünün formalaşmasında müəyyən rol oynamışlar.
Mərhum xaqanişünas alim Lalə Əlizadənin kitaba daxil edilmiş “Xaqani Şirvaninin qəsidələri” məqaləsi aparılan araşdırmanın əhatəliliyi ilə diqqəti cəlb edir. Alim haqlı olaraq göstərir ki, şairin divanındakı cəmi 1363 beytdən ibarət 130 qəsidəsi onun dövrünün aynası, həyatına dair məlumatların əsas mənbəyidir. Böyük şair və mütəfəkkirin dərin bilik və erudisiyası, istedadının lazımınca dəyərləndirilməsinə, dövrünün ədalətsizliklərinə qarşı etirazı bu qəsidələrdə əksini tapmışdır. Tədqiqatçi Xaqaninin şeirlərində özünə, sənətinə verdiyi yüksək qiymət məsələsinə münasibətini bildirmişdir: “Şairin qəsidələrində ifadə olunmuş özünəqiymət bəlkə də dövrünün üzdəniraq ziyalılarına, onun paxıllığını çəkən “sənət dostlarına cavab vermək zərurətindən meydana gəlmişdir. Təsadüfi deyildir ki, şairin obrazlı “mən”i ifadə olunan şeirlərin sərlövhələri də bu fikri təsdiqləyir: “Paxılları məzəmmət”, “Həsəd aparanlardan şikayət” və s. Tədqiqatçı bu fikirdə olduğunu bildirir ki, Xaqaninin fəxriyyələri onun həyatını və yaradıcılıq aləmini daha yaxından nəzərdən keçirmək üçün böyük maraq doğurur.
Xaqani Şirvaninin 1157-ci ildə, birinci Məkkə səfərindən sonra yazdığı “Töhfətül-İraqeyn” əsəri yalnız Azərbaycan ədəbiyyatında deyil, Yaxın və Orta Şərq xalqları ədəbiyyatında orijinallığı ilə seçilən dəyərli sənət nümunəsidir. AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı kitaba daxil edilmiş məqalələrdən birində Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə, memuar ədəbiyyatının ilk nümunəsi olan bu əsəri ətraflı tədqiqata cəlb etmişdir. Alim göstərir ki, XII əsr şeirimizin nadir incilərindən olan “Töhfətül-İraqeyn” özünün kompozisiyası, ideya istiqaməti və poetik özəllikləri ilə də orijinal olub hər şeydən əvvəl şairin azadlıq arzularının, mənəvi sərbəstlik istəyinin ifadəsi ilə seçilir.
Gənc tədqiqatçıların Xaqani Şirvani yaradıcılığının ən müxtəlif, mürəkkəb problemlərinin tədqiqi ilə məşğul olduğunu görmək sevindiricidir. Bu baxımdan, kitaba daxil edilmiş Könül Hacıyevanın “Xaqani Şirvaninin qəzəl və tərkibbəndlərinin poetik xüsusiyyətləri”, “Xaqaninin əsərlərində təsəvvüf simvolikasının xüsusiyyətləri”, Elnarə Zeynalovanın “Xaqaninin ərəbcə şeirləri”, “Xaqani Şirvani əlyazmaları, nəşr olunmuş əsərləri və haqqında ədəbiyyat” adlı yazıları böyük maraq doğurur. K.Hacıyeva birinci məqaləsində Xaqani şeirlərinin poetik məziyyətlərini araşdırarkən qeyd edir ki, bu əsərlərin bədiiliyinin, obrazlılığının tədqiqi heç də dərin məzmunundan az əhəmiyyət kəsb etmir.
Farsdilli poeziyamızın qüdrətli nümayəndəsi olan X.Şirvaninin ərəbcə də əsərlər yazmışdır. E.Zeynalova haqlı olaraq göstərir ki, şairin bu şeirləri həmin dövrdə ərəb dilinin Azərbaycanda tutduğu mövqeyindən xəbər verir. E.Zeynalovanın tərtib etdiyi “Xaqani Şirvaninin əlyazmaları, nəşr olunmuş əsərləri və haqqında ədəbiyyat” başlıqlı biblioqrafiya şairin həyat və yaradıcılığının tədqiqatçıları üçün dəyərli bir köməkçi vasitədir.
Məmmədhəsən Qənbərlinin “Xaqani Şirvani poeziyasında hikmət”, Baloğlan Şəfizadənin “Xaqani Şirvaninin dünyagörüşü”, Xanəli Babayevin “Xaqani Şirvaninin yaradıcılığında dini-əsatiri obrazlar və islami-tarixi motivlər”, Nailə Tağıyevanın “Xaqaninin həyat və yaradıcılığının Azərbaycanda öyrənilməsi” və “Xaqani irsi rus alimlərinin tədqiqatlarında”, Leyli Əliyevanın “Xaqani Şirvani ədəbi irsi ingilisdilli tədqiqatlarda” adlı məqalələri şairin həyatının və ədəbi irsinin müxtəlif baxımlardan araşdırılmasına həsr edilmişdir. Sonda Azərbaycan, ingilis, rus və fars dillərində xülasə, Xaqaniyə dair müxtəlif dillərdə ədəbiyyat siyahısı verilmişdir.
“Xaqani Şirvani. Həyatı və yaradıcılığı” monoqrafiyası göstərir ki, böyük Azərbaycan şairinin həyatı, farsdilli və ərəbdilli ədəbi irsi, dünyagörüşü, ictimai-fəlsəfi fikirləri, əsərlərinin mövzusu, strukturu, bədii keyfiyyətləri məsələlər barədə yeni elmi fikir söyləməyə geniş meydan vardır və ölkəmizdə bu məsələlər barədə ciddi fikir söyləməyə qadir olan tədqiqatçılar nəsli yetişib. Klassik ədəbiyyatımızın bu səviyyədə araşdırıldığını görərkən sevinməmək mümkün deyil.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Səyahətdə keçən ömür: Hacı Zeynalabdin Şirvani
Tarixdə dünyanı gəzib-dolaşan çox səyyahlar olub. Lakin İran yaylasını, Orta Asiyanı, Afrika səhralarını, Hindistanın tropik meşələrini gəzən, Pamir dağlarını aşan və bir çox ölkələr dolaşan tək bir səyyah yaşayıb. Bu, azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvanidir.
O, 1780-ci ildə Şamaxıda dünyaya gəlib. Beş yaşında ikən valideynləri İraqın Kərbəla şəhərinə köçüb. İbtidai təhsilini burada atasının dərs dediyi mədrəsədə alır. 1796-cı ildə Bağdada gedərək orada fəlsəfə, tibb, astronomiya və riyaziyyat kimi dünyəvi elmlərə yiyələnir. Ərəb, fars dillərini mükəmməl öyrənir. Bağdad kitabxanalarında səyahətnaməyə aid çoxlu kitablar oxuyur. Şərq dünyasından buraya axışıb gələn alimlərlə, ziyarətə gələn zəvvarlarla həmsöhbət olur. Onların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir aləm açır. Elə o vaxtdan da dünyanı gəzmək, onun möcüzələrini görmək qərarına gəlir.
Onun birinci səyahətinin yol xəritəsində bu yerlər göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Benqal və Qucarat, Hind okeanındakı adalar: Sind və Multan. Sonra dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatır. Geri dönərkən Bədəxşan dağları ilə Xorasana gəlib çıxır. Bir qədər istirahət etdikdən sonra ikinci səyahətə çıxır. Bu dəfə yoluna Şirazdan başlayır. Bəndər-Abbas limanından Hörmüz yolu ilə Yəmənə, sonra Həbəşistan və Sudana, oradan da Ərəbistan yarmadasında olan Ciddəyə gedib çıxır. Sonra Hicaz, Mədinə və Məkkədə olur. Dəniz yolu ilə Misirə, Nil çayı sahillərinə gedir. Misirdən Yaxın Şərqə, Anadoluya, Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin üçüncü səyahətində Tehran, Həmədan, İsfahan, Şiraz və s. şəhərlərdə olur, Anadolunu, Osmanlı imperiyasının qərb sərhədlərini gəzir, Avropadan Atlantik okeanı sahillərinə gedib çıxır.
Bu səfərlər zamanı xeyli alimlə yaxından tanış olub. Olduğu bir çox ölkələrdə çox böyük hörmətlə qarşılanıb. Misir hakimi İbrahim bəy, İran hökmdarı Fətəli şah Qacar, Osmanlı sultanı Mahmud və başqaları onu sarayda qalmağa dəvət ediblər. Lakin o, narahat səyyah həyatını, rahat saray həyatından üstün bilib. O, həm də şair olub. “Təmkin” təxəllüsü ilə şeirlər yazıb. Həmin şeirlər onun “Səyahətnamə”lərində yer alıb. Əlyazmaları Tehran kitabxanasında, Britaniya Muzeyində, Parisdə, Sankt-Peterburqda saxlanılır.
Uzun yollar yorğunu səyyah ömrünün yarıdan çoxunu səyahətdə keçirib geri dönür. 1820-ci ildə Şiraz şəhərinə gəlir. Ailə qurur. Cəlaləddin Məhəmməd və Hüsaməddin Əli adında iki oğlu olur. H.Z.Şirvaninin son səyahəti həyat yoldaşı ilə birlikdə çıxdığı Həcc ziyarəti olur… O, 1838-ci ildə həmin səfər zamanı yolda xəstələnir. Middə şəhəri yaxınlığında dünyasını dəyişir və orada dəfn olunur.
Hacı Zeynalabdin “Riyazüs-səyahət ” (“Səyahət bağçası”), ” Hədaiqüs-səyahət” (“Səyahət bağları”) və ” Bustanus-səyahət ” (“Səyahət gülzarı”) adlı əsərlər yazıb. Bu kitablarda bir çox ölkələrin tarixi, coğrafiyası, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verib.
Comments are closed, but trackbacks and pingbacks are open.