Tərbiyə güzgüsü və ya əks tərbiyə
1970-1980-ci illərdə videotexnika efirə geniş yol açdı.
Haqqımızda
Hər bir millət, milli-mənəvi dəyərləri, mədəni irsi, intellektual səviyyəsi ilə diqqət çəkir. Dünyanın zəngin irs siyahısına bəşəri nümunələr bəxş edən Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının tanıdılması və təbliği istiqamətində milli televiziya və radiomuzun misilsiz xidmətləri var. “Mavi ekran” xalq həyatının güzgüsüdür. O, bizi tək özümüzə deyil, bütün dünyaya göstərir. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Azərbaycanın ilk televiziyası, keçmişindən üzü bəri misli bərabəri olmayan tarixi xidmətləri ilə 65 ildir ki, milli dəyərlərimizi nümayiş etdirməkdədir.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də yayıma başlayıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2005-ci il 23 mart 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda televiziyamızın yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar bölgədə, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilir. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.
2004-cü ilin fevralından AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV–Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya “Hot Bird” və “SESAT”, Şimali Amerikaya “Galaxy 25”, Asiyaya “Turksat 1C” peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Azərbaycan özünün dövlət maraqlarını, milli mənafeyini, xalq təəssübünü və xüsusi olaraq qloballaşan dünyada milli dəyərlərini qorumaq, zənginləşdirmək, inkişaf etdirmək üçün loqosunda ölkənin şərəfli adını daşıyan televiziyaların fəaliyyətinə xüsusi önəm verməlidir. Bu televiziyaların önündə isə təbii ki, Azərbaycan Milli Televiziyası gedir. Hər şeyin bir başlanğıcı, ilki olduğu kimi, ölkə televiziyalarının bir başlanğıcı, ilki var: bu ilk Azərbaycan Televiziyasıdır.
Teleradiomuzun salnaməsini vərəqləyəndə, onun səhifələrində istedadlıların və zəhmətin parlaq izləri aydın görünür. Milli Teleradiomuzun ekran və efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin bu gün uğurla davam etdirilməsindən xəbər verir. Hazırda Teleradiomuza peşəkar yaradıcı heyət rəhbərlik edir və səsi-sözü ilə özünü təsdiq etmiş peşəkar jurnalistlərlə yanaşı ali məktəbi yeni bitirib özünü “axtarmağa” gələn gənclər də çalışır. Təbii ki, bu da öz növbəsində müxtəlif məzmunlu yeni-yeni verilişlərin ərsəyə gəlməsinə şərait yaradır.
Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret, ədəbi-bədii və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər HD formatda nümayiş etdirilir. Bu səbəbdən də geniş tamaşaçı, dinləyici auditoriyası Azərbaycan Teleradiosunun səsini-sözünü qəlbinə yaxın bilir.
Azərbaycan Televiziyasının fəaliyyəti
Azərbaycan Televiziyasının fəaliyyətini iki mərhələyə: müstəqilliyə qədərki və sonrakı dövrlərə bölmək olar.
Başlanğıc
Azərbaycan Televiziyası radiodan düz 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikili üçün yer Bakının ən hündür məkanlarından birində – “Mehdi Hüseyn 1” adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası yayıma 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı Studiyası ara-sıra sınaq verilişləri yayımlayıb.
İlk veriliş günü ekranda o dövrdə gənc aktrisa olan, sonradan Azərbaycanın tanınmış sənətkarı Nəcibə Məlikova görünwb. Çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra “Bəxtiyar” bədii filmi nümayiş olunub.
O zamanlar Bakı Studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb.
İlk illər televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi təqdim edəcəklərini müzakirə edirdilər. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları və diktorların qəzetlərdən oxduqları 15 dəqiqəlik qısa xəbərlər.
1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı.
70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.
Televiziyanın statusu
1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib. 1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında “Dövlət Radio və Televiziya Verilişləri Komitəsi” adlandırılıb. 1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 1991-ci ildə komitə şirkətlə əvəzlənib. 2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan televiziyası müstəqil surətdə fəaliyyət göstərməyə başlayıb. 2005-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Sədrlər
1956-cı ildə Bakı Televiziya Studiyasına Ənvər Əlibəyli, Radioinformasiya İdarəsinə isə İsrafil Nəzərov rəhbərlik edib.
1957-ci il mayın 16-da Teymur Əliyev “Dövlət Radio və Televiziya Verilişləri Komitəsi”nin sədri, Nəsir İmanquliyev isə sədrin birinci müavini təyin edilib.
1965-ci ildə Teymur Əliyev Azərbaycan KP MK-da yeni vəzifəyə təyin edildiyi üçün, Teleradio Komitəsinin sədri vəzifəsinə Ənvər Əlibəyli təyin edilib.
1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini İmran Mirzəyev əvəz edib. Onun sədrliyi 11 ay çəkib.
1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə gəlib. O, bu vəzifəni 1982-ci ilə qədər icra edib.
1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olunub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra o, vəzifəsindən istefa verib.
1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzləyib. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra edib.
1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik edib.
1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olunub və o, 1992-ci il mayın 14-nə qədər bu qurumun rəhbəri olub.
1992-ci il mayın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarıb, amma o, həmin vəzifədə yalnız 1 gün qala bilib.
1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Teleradio Şirkətinə yeni sədr şair Məmməd İsmayılı təyin edib.
1993-cü ildə Məmməd İsmayılı Babək Məmmədov əvəzləyib. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edilib.
1996-cı ilin sentyabrında Teleradio Şirkətinə Nizami Xudiyev sədr təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti İlham Əliyevin əmri ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
2006-cı il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri olub və bu vəzifədə 2019-cu il yanvarın 15-dək qalıb.
2019-cu il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
İlk diktorlar
1956-cı ilin mayından başlayaraq ekranda ilk diktorlar göründü. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov vardı.
Sonradan televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Sevda Ağazadə, Nailə İslamzadə, Dilarə Səlimova, Kəmalə Hüseynova, Rafiq Həşimov, Nailə Babayeva, Nəsimi Nəbizadə, Afaq Əhmədova, Aynurə Mehdiyeva, Aynur Məmmədzadə.
Beləliklə, Azərbaycan Televiziyasında diktorluq və aparıcılıq məktəbinin əsası qoyuldu.
Teleqüllə
1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Bakı Studiyasının ötürücüsü Teleqüllənin inşasına qədər 44 metrlik adi neft buruğunun borusu üzərində quraşdırılmışdı.
1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildikdən sonra qüllə vasitəsilə ötürülən verilişlərə paytaxt və onun ətrafında baxmaq mümkün oldu. Üç il sonra Bakı-Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay-Gəncə-Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində də Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində Ana Televiziyaya baxmaq mümkün oldu. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağ maneəsiz qəbul eləməyə başladı.
1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyası sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə Muxtar Respublikanın əhalisinə nümayiş etdirməyə başladı.
1964-cü il yanvarın 31-də Bakı-Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi Televiziyanın proqramlarına, “Intervideniye” və “Evrovidenie”nin verilişlərinə baxmaq imkanı əldə etdi.
Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik Teleqüllənin tikintisinin layihəsini təqdim etdi. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. Azərbaycan Televiziyasının yayımladığı verilişlərə bu gün tamaşaçılar respublikamızın, eləcə də dünyanın bir çox ölkələrində maneəsiz baxa bilirlər.
Texniki imkanlar
1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film nümayiş etdirmişdi. Bakı tamaşaçılarına “Sovet Azərbaycanı”, “Elm və texnika”, “Xarici xronika”, “Pioner” adlı kino jurnalları təqdim olunurdu. Moskvadan və SSRİ-nin digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı Studiyasından çıxış edirdilər. İlk dövrdə Bakı studiyası 30 kvadratmetrlik iki otaqdan ibarət məkanda yerləşirdi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları təşkil olunur, efirə verilirdi.
Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün quraşdırılmışdı. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.
1957-ci ildən STS-52 səyyar televiziya stansiyasının işə salınması studiyadankənar verilişlərin hazırlanmasına imkan yaratdı. Elə həmin il iyunun 9-da ilk dəfə Respublika stadionundan futbol oyunu translyasiya etdirildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı nümayiş etdirildi. Beləliklə, Televiziyanın yayım arealları artdı. Akademik Dram, Opera və Balet teatrlarından, Filarmoniyadan, digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.
1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkizkanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işlərinə başlanıldı.
1960-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edilməyə başladı.
1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı.
1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. 1970-1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. Təkmilləşdirilmiş “Kadr-2” video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.
1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayıma keçdi. Azərbaycan Televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma başlaya bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına imkan yaratdı.
1970-1980-ci illərdə videotexnika efirə geniş yol açdı.
1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə SSRI-də 4-cü yerə çıxdı.
1981-ci ildən 1991-ci ilə qədərki dövrdə o zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmağa kömək etdi. Videokameraların vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu. Hazırda Azərbaycan Televiziyası rəqəmsal istehsalata keçib.
Verilişlər
İlk illər “Azərbaycan bəstəkarlarının portretləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan ədəbiyyatının klassikləri”, “Görkəmli səhnə ustaları”, “Bakının teatr və konsert salonlarında”, “Lenin mükafatı laureatları”, “Məktəb və həyat”, “Xalq drujinaçısı”, “Bizim qonaqlarımız”, “Festival qarşısında” və s. informasiya xarakterli verilişlərlə efirə çıxan televiziyada 1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artırıldı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlanan reportajlar üstünlük təşkil etməklə yanaşı, həm də böyük marağa səbəb oldu.
1960-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da diqqət mərkəzində idi.
Azərbaycan Televiziyası xəbərlər buraxılışını 1960-cı ildən təqdim etməyə başlayıb. İlk dövrdə “Günün yenilikləri” adlandırılan proqram həmin ilin aprelindən informasiya buraxılışı “Son xəbərlər” adı ilə həftədə 5 dəfə təqdim edilib. İrihəcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi televiziyanın “Vremya” (“Zaman”) informasiya proqramının yaranışından sonraya təsadüf edib. 1967-ci ildə “Günün ekranı” xəbərlər proqramı efirə çıxıb. Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri, rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.
1960-1970-ci illərdə yerli televiziyada “Odlar diyarı”, “Dostluq”, “Zaman və biz”, “Yaddaş: Tarixin səsi” “Sənayemizin üfüqləri”, “Tələbə klubu”, “Şən və hazırcavablar klubu” kimi verilişlər yaranıb.
1960-cı il dekabrın 31-də ilk dəfə “Sizinlə birlikdə” Yeni il proqramı nümayiş olundu. Canlı olaraq 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnələr, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlər təqdim edilib. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.
1970-ci illərin sonunda ekranda “İnsan və qanun”, “Ədəbiyyat və zaman” “Valideynlər, sizin üçün”, “Hünər”, “Tələbə klubu” “Sağlamlıq”, “İncəsənət”, “Hekayə axşamı”, “Yumoristik novellalar”, “Necəsən, gənc dost”, “Yeddinci qitə”, “Yaşıdlar”, “Məktəblilərin rəqs salonu”, “Kamillik” kimi maraqla izlənən verilişlər vardı.
1970-1980-ci illərdə televiziya jurnalistikası sahəsində mükəmməl imzalar görünməyə başladı. Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda İsmayılova, Telli Əliyeva, Tofiq Abbasov, İlqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil İsmayılov kimi jurnalistlər fəaliyyət göstərirdi. Onlar efirə yeni forma və üslub gətirmişdilər.
1980-ci illərdə Azərbaycan Televiziyasında 50 adda veriliş yayımlanırdı. Bu sırada “Günün ekranı”, “Aşkarlıq”, “Sizin istəyinizlə”, “Arzular”, “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Dialoq”, “Dalğa”, “Açıq-aşkar”, “Aktual söhbət”, “Publisist”, “İnam”, “Dünyaya pəncərə” “Çay dəstgahı” və s. verilişlər var idi. Vaqif Səmədoğlunun “Caz aləmində”, Mehdi Məmmədovun “Rampa”, Xudu Məmmədovun “Evrika”, Kamal Abdullanın “Qoşma”, Ayaz Salayevin “Retro”, Aleksandr Qriç və İntiqam Qasımzadənin “Bayatı” ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət qazanmışdı.
1980-ci illərdə AzTV-də “İdman verilişləri” baş redaksiyası yaradıldı, futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli artıq yetişmişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi. Bundan başqa “Şahmat məktəbi”, “Səhər gimnastikası” adlı yeni proqramlar yarandı. Gimnastika hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi. Keçən əsrin sonlarında isə hətta məşhur aerobika məşğələləri təşkil olunurdu.
“Teleteatr”
1956-cı ilin iyulunda Nəriman Nərimanovun “Şamdan bəy” əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod göstərildi. Daha sonra Məhərrəm Əliyevin “Sən gözəlsən”, Süleyman Sani Axundovun “Laçın yuvası” pyesi və Mehdi Hüseynin “Səhər” romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.
1960-cı illərin ortalarında “Şəlalə” televiziya teatrı yaradıldı. Həmin dövrdə Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütfi Məmmədbəyov, Ağakişi Kazımov, İsmət Səfərəlibəyov, Tahir Tahirov, Kərim Kərimov kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına böyük töhfələr verirdilər. O illər bir çox ekspertlərin “Televiziyanın Paqaninisi” adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor oldu. O, bunun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı “Qar” teletamaşası ilə qoydu.
Rauf Kazımovskinin 1975-ci ildə M.F.Axundovun eyniadlı əsəri əsasında çəkdiyi “Aldanmış kəvakib” tamaşası ictimaiyyət arasında böyük maraq doğurdu. Azərbaycan Televiziyası teletamaşalarla yeni teleeranın başlanğıcını qoydu.
1970-1980-ci illərdə Azərbaycan Televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqət mərkəzində idilər. Ramiz Həsənoğlu Anarın “Ötən ilin son gecəsi”, “Mən, sən, o və telefon”, “Dindirir əsr bizi”, “Evləri köndələn yar”, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə”, Hüseyn Cavidin “Topal Teymur”, Rauf və Zəminə Hacıyevlərin “Ordan-burdan”, Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” əsərlərinə quruluş verdi. Tariyel Vəliyevin Aslan Qəhrəmanovun əsərləri əsasında çəkdiyi “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” tamaşa-serialı ictimaiyyət arasında böyük maraq doğurdu.
1980-ci illərdə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Atayevlər ailəsi”, M.Hüseynin “Alov”, M.Cavaxişvilinin “Günahsız Abdulla”, İ.Məlikzadənin “Qatarda”, Aleksey Dudarevin “Astana”, M.Süleymanlının “Kökdən düşmüş piano”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, A.Arbuzovun “Köhnə dəbli komediya” kimi tamaşalara da ekran həyatı verildi.
1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə “Sabah” Yaradıcılıq Birliyi yaradıldı. Birliyə rejissor Ramiz Həsənoğlu rəhbər təyin olundu. “Sabah” ilk olaraq Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında televiziya tamaşası hazırladı. Daha sonra “Ac həriflər”, “Anamın kitabı”, “Yurd yeri”, “6 №-li palata”, “Məhbus”, “Şəkilçi”, “Bala, başa bəla”, “Kral ölür”, “Gecə”, “Qayalarda qalan səs”, “Yarımştat”, “Kleopatra”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Dədə Qorqud”, “Yumurta”, “Nekroloq”, “Dəvətnamə” kimi populyarlıq qazanan əsərlərə quruluş verildi. Belə istedadla, navatorluqla işlənmiş tamaşalar Azərbaycan Televiziyasının tarixinə qızıl hərflərlə yazıldı.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi
1958-ci ildən başlayaraq Bakı Televiziyasında çalışan rejissor və operatorlar sənədli televiziya filmləri çəkməyə başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında “Aygün” bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov oldu. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. Kamil Rüstəmbəyov Azərbaycan kino tarixinə ilk bədii televiziya filminin rejissoru kimi daxil oldu.
1965-ci ildə rejissor Rasim İsmayılov “Danışan işıqlar” adlı ilk çizgi filmini çəkdi. Filmin operatoru Vaqif Behbudov, rəssamı Rafiz İsmayılov, bəstəkarı isə Ruhəngiz Qasımova idi.
1968-ci ildə fəaliyyətə başlayan “Ekran” Yaradıcılıq Birliyi həmin illərdə bədii, sənədli, portret, cizgi filmlərinin yaradılmasında mühüm rol oynadı.
1973-cü ildə bu qurumun adı dəyişdirilərək “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi oldu.
Sonralar “Xəzərdə möcüzə”, “Üzeyir Hacıbəyov”, “Xalq nəğməkarı”, “Toğrul Nərimanbəyov”, “Dənizdə şüa” və s. filmlər yarandı. Telefilmin ilk dövrlərində yaradıcılıq uğurlarının qazanılmasında A.Babayev, K.Rüstəmbəyov, R.Kazımovski, N.Həsənov, N.Şıxəliyev, A.Çeçikov, S.Əliyev, İ.Kərimov, A.Qazıyev, E.İbrahimov kimi rejissor, ssenari müəllifi, kinooperator və səs rejissorlarının xüsusi rolu olub.
Rauf Kazımovski “Bəşir Səfəroğlu” və “Aktrisanın təbəssümü”, Arif Qazıyev “Toy” etnoqrafiya, F.Əmirov, Q.Qarayev, Z.Xanlarova haqqında portret, Teymur Bəkirzadə T.Salahov haqqında “Axtarış həvəsi”, Ramiz Axundov “Bu, Səttar Bəhlulzadədir” qısametrajlı, Nazim Abbasov “Müşfiq” filmlərini lentə aldılar. Daha sonra “Buxta üzərində günəş”, “Abşeron mahnıları”, “Bakı arxipelaqı”, “Həyat romansı”, “Şövkətin mahnıları” kimi filmlər yaradıldı.
Rejissor Nazim Rzayevin Xəzərin ekologiyasından bəhs edən “İnsan Xəzəri xilas edir” filmi 1969-cu ildə Klaypeda, 1970-ci ildə isə Riqada keçirilmiş sənədli televiziya filmləri festivalında xüsusi mükafatlara layiq görüldü.
1970-ci ildə Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı.
Müstəqillik dövründə ölkəmizin ekran salnaməsini yaradan “İşğal”, “Qaçqınlar”, “Azərbaycan faciəsi” kimi sənədli filmlər çəkildi. Hər üç filmin rejissoru Nazim Abbasdı. Heydər Əliyev, Süleyman Dəmirəl kimi siyasi xadimlərə, Şövkət Ələkbərova, Xəlil Rza, Cövdət Hacıyev kimi sənətkarlara həsr olunmuş portret filmlər çəkildi.
2008-ci ilə kimi “Azərbaycantelefilm”də 800 saatdan çox sənədli televiziya filmləri istehsal olunub. Müxtəlif janrlarda hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hazırda televiziyanın fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə sənədli televiziya filmləri qorunub saxlanılır.
Müstəqilliyə aparan yol
1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi, bu məsələ ətrafında cərəyan edən hadisələr dövrü, Azərbaycan Televiziyası üçün də əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan Televiziyası informasiya siyasətini düzgün qura bilmədi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan Televiziyası yalnız 10 gündən sonra – “yuxarı”nın icazəsi ilə “Qarabağda yaranmış durum” adı altında efirə verdi. Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun və Mərkəzi Komitə üzvlərinin Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə görə Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayım TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan Televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun antiazərbaycan siyasətinə və Azərbaycanın o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan davranışına və addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdilər. Azərbaycan Televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan Televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan Televiziyasının enerji bloku partladıldı.
Azərbaycan Televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov Sovet Ordusu tərəfindən 131 nəfər dinc oğul və qızı qətlə yetirilən xalqımıza başsağlığı verdi.
Lakin televiziyamız hərbçilərin nəzarəti altında olduğu üçün efirə yalnız hərbi senzuranın “qayçı”ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam etdi. Moskvada baş verən dövlət çevrilişi – QKÇP-dən sonra isə Kremlin Azərbaycana təyin etdirdiyi prezident Ayaz Mütəllibov Sovet Ordusunun dəstəyindən məhrum oldu və postsovet məkanında respublikaların müstəqil dövlətə çevrilməsi qarşısıalınmaz proses oldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi və Azərbaycan Televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrildi. Müstəqilliyin çətin yollarında Azərbaycan Televiziyası da itkiyə məruz qaldı. 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycan rəsmilərinin içərisində olduğu vertolyot partladılarkən Azərbaycan Televiziyasının jurnalisti Alı Mustafayev, operatoru Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçısı Arif Hüseynzadə də həlak oldu. Daha sonra ilk addımlarını Azərbaycan Televiziyasında atan reportyor Çingiz Mustafayev cəbhə bölgəsində aldığı güllə yarasından dünyasnı dəyişdi.
1991-ci ilin sonlarında telekanalda Rusiya teleməkanında gedən proseslərin təsiri altında islahatlar aparıldı: redaksiyaları studiyalar, diktorları isə aparıcılar əvəz etdi; “24 saat” İnformasiya proqramının məzmun və formasında dəyişikliklər edildi; “1000 saniyə” adlı gecə informasiya proqramı, “215 KL” studiyası təqdim edir”, “Xoş gördük”, “Qulp” və sair verilişlər efirə çıxdı.
1992-ci ilin əvvəlindən ölkədə ictimai-siyasi vəziyyətin ağırlaşması, Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatların miqyasının genişləndirilməsi, Rusiya hərbçilərinin bilavasitə iştirakı ilə Xocalı soyqırımının törədilməsi, Şuşa və Laçının işğalı, 1992-ci il mayın 15-də Mütəllibovun AXC hakimiyyəti ilə əvəzlənməsi AzTV daxilində gedən proseslərə də öz təsirini göstərdi. Təkcə onu demək kifayətdir ki, 1991-ci ilin sonundan 1992-ci il mayın sonuna qədər olan müddətdə AzTV-də 4 sədr dəyişdirildi.
Bu dövrdə müxtəlif siyasi qüvvələrin tələbi ilə efir vaxtı istənilən an dayandırılır və bəyanatlar verilirdi. 1993-cü il martın sonunda televiziyada birbaşa efir dəqiqələrində – baş nazir Pənah Hüseynovla AMİP təmsilçilərinin debatı zamanı mərhum Daxili işlər naziri İsgəndər Həmidov studiyaya girərək müxalifət nümayəndələrini və televiziya əməkdaşlarını təhqir etdi. Bu hadisə ictimaiyyətin böyük narazılığına səbəb oldu. 1992-1993-cü illərdə hərbi-vətənpərvərlik ideyalarına, eləcə də milli dəyərlərə bəsit yanaşma tərzi televiziyanın nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxardı.
1993-cü il iyunun 4-də Gəncədə cərəyan edən hadisələr zamanı əhalinin düzgün məlumatlandırılması baxımından televiziya çox mühüm rol oynadı. Məlum hadisələr zamanı Bakıya dəvət olunmuş Heydər Əliyevin müsahibələrinin, bəyanatlarının, Milli Məclisin iclaslarının canlı yayımına üstünlük verildi. “Talış-Muğan Respublikası” separatizmi, 1994-ci il oktyabr, 1995-ci il mart hadisələri zamanı da Heydər Əliyev Azərbaycan Televiziyası vasitəsilə ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. Bu böyük siyasətçi dövlətimizə qarşı məkrli plan hazırlayanların çirkin əməllərinin necə məharətlə alt-üst edildiyini ictimaiyyətə nümayiş etdirirdi. 1994-cü il oktyabrın 4-də Heydər Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində yüzlərlə insan, o cümlədən müxalifətçilər də Prezident Aparatının qarşısına yığışaraq ölkə Prezidentinin siyasi kursunu müdafiə etdiklərini, birmənalı şəkildə bəyan etdilər. İctimaiyyət Surət Hüseynovun dövlət çevrilişi cəhdinə etirazını bildirərək müstəqil dövlətdə, sabitlik və demokratiya şəraitində yaşamağa üstünlük verdiklərini nümayiş etdirdilər. Bu mitinq bütün gecə ərzində Azərbaycan Televiziyası ilə canlı olaraq yayımlandı. Ertəsi gün Azərbaycan Televiziyasının səyyar kameraları Azadlıq meydanında davam edən mitinqi bütün ölkəyə çatdırdı.
Ölkədə sabitlik möhkəmləndikcə televiziyada yeni verilişlər yaradılmağa başladı: “Postskriptum”, “Bura Vətəndir”, “Milli qəhrəmanlarımız”, “Bakı studiyası təqdim edir”, “Həyat”, “Gizli və aşkar”, “TV kuryer”, “Məmləkətim”, “Avtoqraf” və s.
2000-ci illərdə Azərbaycan Televiziyasının xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırıldı. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir.
Azərbaycan Televiziyasının Heydər Əliyev Fondunun dəstəyilə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirdiyi “Muğam Televiziya Müsabiqəsi-2007” isə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın dərin rəğbətini qazandı. Bu festival ənənəvi olaraq davam etdirildi.
Bu gün isə Azərbaycan Televiziyası öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub, yeni-yeni redaksiyalar, proqramlar yaradılıb, gənc, peşəkar kadrlar yaradıcılıq prosesinə cəlb olunub, yeni studiyalar qurulub, ən əsası isə yeni, müasir yanaşmayla müşayiət olunur.
Nailiyyətlər
Azərbaycan Televiziya və Radiosunda peşəkar yaradıcı heyət çalışır. Onların əksəriyyəti müxtəlif dövlət mükafatlarına – fəxri adlara, orden və medallara layiq görülüblər. Yalnız 2006–2007-ci illərdə göstərdiyi fəaliyyətə görə Azərbaycan Televiziyası müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların onlarca mükafat və diplomları ilə təltif olunub.
Türkiyənin Yıldırım bələdiyyəsinin təşkil etdiyi Aşıqlar bayramının, Uluslararası Yunus Əmrə kültür və sənət həftəsinin işıqlandırılmasına, Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində İqdır vilayətinin inkişafı ilə bağlı “Gələcəyə aparan yol” sənədli filminin ərsəyə gəlməsində əhəmiyyətli xidmətlərinə görə AzTV Yıldırım və İqdır bələdiyyələrinin, Əskişəhər valiliyinin rəsmi təşəkkürünü qazanıb.
Beynəlxalq İdman Yayımı Şirkəti I Avropa Oyunlarının yayımında göstərdiyi fundamental xidmətlərə görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni xüsusi sertifikatla mükafatlandırıb.
25-27 aprel 2006-cı il tarixində BMT-nin Bakıda keçirilmiş Sivilizasiyalar Alyansının 7-ci Qlobal Foruimunun yayımlanmasında göstərdiyi dəstəyə və dəyərli xidmətə görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sertifikata layiq görülüb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Avropa Qran Prisi haqqında ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi böyük xidmətə görə “Azərbaycan Televiziya və Radio Verilişləri”QSC-ni diplomla təltif edib.
Teleməkanda yerimiz
Qürurla demək olar ki, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında əhəmiyyəti böyükdür. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib. 1991-ci ildə məhz Azərbaycan Televiziyası rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə düşən “215 KL” adlı qrup fəaliyyətə başladı. Həmin studiya Azərbaycan Televiziyasının tərkibində və onun daxili vəsaiti hesabına yaradılmışdı. Sonra bu qrup ANS adı ilə məhz Azərbaycan Televiziyasının binasında müstəqil studiya kimi fəaliyyətə başladı. 1992-ci ilin martında bu studiyanın ilk proqramı olan “Xəbərçi” Azərbaycan Televiziyasının proqramları tərkibində efirə çıxdı. 1994-cü ilin mayında ANS müstəqil kanala çevrildi.
Sonrakı illərdə Azərbaycan Televiziya və Radiosunda yetişən peşəkar televiziyaçılar “Space”, “Lider”, İTV kanallarının yaradılması prosesində yaxından iştirak etdilər. Azərbaycan Televiziyası elə bir məktəbdir ki, bu gün onun hətta təqaüdə çıxmış kadrları da bir sıra özəl kanallar tərəfindən işə cəlb olunur.
Azərbaycan Televiziya və Radiosunun Səsyazma evi, musiqi kollektivləri
1926 -cı ildə, indiki Ə.Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayıb.
1931-ci ildə Azərbaycanın professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılıb. Tarixin dünəninə nəzər saldıqda görürük ki, Səsyazma Evində daim əbədiyaşar sənətkarlar çalışıb. Onu da qeyd etmək lazımdır ki, Üzeyir bəyə o zamanlar Müslüm Maqomayev yaxından köməklik edib. Musiqi kollektivlərinin doğma məkanı kimi fəaliyyət göstərən bu sənət məbədgahı daim Azərbaycan milli-mənəvi dəyərlərinə xidmət göstərib.
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, min illərdən gələn milli mənəvi dəyərlərimizi qorumaq, dövlətimizin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə professional musiqimizi təbliğ etməkdir.
Səsyazma Evində fəaliyyət göstərən musiqi kollektivləri:
* Əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri
* Niyazi adına Dövlət Simfonik Orkestri
* Cahangir Cahangirov adına Xor
* Tofiq Əhmədov adına Estrada-simfonik Orkestri
* Əfsər Cavanşirov adına “Bənövşə” uşaq Xoru
* Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı
* Vaqif Mustafazadə adına “Sevil” Vokal-instrumental Ansamblı
* “Qaytağı” İnstrumental Ansamblı
Əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri
Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bu kollektiv nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsasını qoyub.
Kamança, saz, balaban, zurna, dəf və nağaradan ibarət olan orkestrin ilk heyyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov və digərlərindən ibarət idi.
1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunub. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da, tezliklə Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazmağa başlayır. Belə ki, radionun yaradılmasına həsr olunmuş Müslüm Maqomayevin RV-8 (Radio marşı), Üzeyir Hacıbəylinin 1 və 2 №-li fantaziyaları, Səid Rüstəmovun mahnıları orkestrin repertuarını daha da zənginləşdirir.
1936-cı ilin aprel ayında I Ümumittifaq Radio festivalında iştirak edib mükafat qazanan orkestr 1937-ci ildə Moskva və Leninqrad şəhərlərində uğurlu konsertlər verir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə hazırlaşarkən Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını xalq çalğı alətləri orkestri üçün işləməyi Səid Rüstəmova həvalə edir. 1938-ci il aprelin 9-da Moskva şəhərində “Böyük teatr”ın səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük uğur qazanır. Ertəsi gün isə uğur qazanan tamaşa radio vasitəsi ilə yayımlanaraq geniş dinləyici auditoriyasına təqdim edilir. Böyük Vətən müharibəsi illərində orkestr cəbhə bölgələrində, həmçinin radio dalğasında çıxışlar edərək əsgərlərdə qələbə ruhu yaradır.
1947-ci ildə Şərqdə xalq çalğı alətləri orkestri üçün Fikrət Əmirovun yazdığı ilk fortepiano konserti Emilya Qrenberq tərəfindən uğurla ifa olunur. O vaxtlar Moskvada çıxan “İncəsənət” jurnalında konsert və ifa barədə geniş məqalə dərc olunur.
Orkestrin heyətində Adil Gəray, Rəhilə Kərimova, Baba Salahov, Şövkət Babayev, Əhsən Dadaşov, Hafiz Mirzəliyev, Şəfiqə Məmmədəliyeva, Qəribə Hacızadə, İzzət Bağırova, Bəhruz Zeynalov, Vəcihə Səfərova, Fərhad Dadaşov, Hacı Məmmədov, Əşrəf Abbasov, Qənbər Hüseynli, Sərvər İbrahimov, Tərlan Qazıyeva, Asya Tağıyeva, Azər Mustafayev, Dadaş Dadaşov, Rəna Kəngərli, Gövhər Qasımova, Ağasaleh Abasəliyev, Ceyran Cəfərova, Məmməd Quliyev, Səyyarə Əliyeva, Ramiz Mirişli, Elman Bədəlov, Möhsüm Möhsümov, Ələkbər Ələsgərov kimi görkəmli ifaçılar fəaliyyət göstərib.
1974-cü ildə orkestrə bədii rəhbər və dirijor Nəriman Əzimov təyin olunur. Bu təyinatdan sonra orkestrə fleyta, kontrabas, qaboy daxil edilir. Beş ildən sonar isə bu kollektivə orkestrin 2-ci dirijoru Faiq Sadıqov təyin olunur.
1983-cü ilin dekabr ayında görkəmli bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı Səsyazma Evində lentə yazılarkən bəstəkar orkestr qarşısında ürək sözlərini belə ifadə edir: “Mən bilsəydim bu cür xalq çalğı alətləri orkestrində səslənmiş bu əsəri simfonik orkestr üçün yazmazdım”.
Niyazi adına Dövlət Simfonik Orkestr
Orkestr 1931-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaranıb. O vaxtlar bədii rəhbər və baş dirijor Şvarts olmuşdur. Dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti, həmyerlimiz Mstislav Rostropoviçin atası Leopold Rostropoviç məhz bu orkestrdə uzun illər konsertmeyster kimi fəaliyyət göstərib.
1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, 2-ci dirijoru isə Çingiz Hacıbəyov olub. Üzeyir Hacıbəylinin dəvətilə Bakıya gələn avstriyalı dirijor Otto Ştrasser də bu kollektivlə bir neçə il əməkdaşlıq edib.
Böyük Vətən Müharibəsi illərində orkestrin hospitallarda yaralı əsgərlər qarşısında çıxışları olub. Orkestrin tərkibində Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov və başqa müğənnilər də iştirak edib. 1945-46-cı illərdə Üzeyir bəyin ölməz əsərlərindən biri olan “Arşın mal alan” operettası ekranlaşdırılarkən bu orkestrlə ifa olunub.
1971-ci ildə respublikanın xalq artisti Ramiz Məlikaslanov, 1992-95-ci illərdə əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, 1995-ci ildə əməkdar incəsənət xadimi Yaşar İmanov kollektivin bədii rəhbəri və baş dirijoru olmuşdur. Sənətkarlardan Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev 2006-2013 orkestrin baş dirijoru, Əməkdar İncəsənət xadimi Azad Əliyev və bir çox başqaları uzun müddət bu orkestrdə fəaliyyət göstəriblər.
Cahangir Cahangirov adına Xor
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xor kollektivi də 1936-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kollektivə bir müddət rəhbəri Üzeyir bəy olub. O, bir sıra Azərbaycan xalq mahnılarını xor üçün işləyib və gənc bəstəkarlara tövsiyə edib. Bir müddət sonra kollektiv Cahangir Cahangirovun rəhbərliyi ilə fəaliyyət göstərib. 1948-ci ildən isə kollektivdə ikinci xormeyster kimi fəaliyyət göstərən respublikanın xalq artisti Ramiz Mustafayev ömrünün sonunadək xora rəhbərlik edib.
Xor kollektivi fəaliyyətə başladığı illərdən sonra Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olub. Kollektiv bir çox sənətçilərin yetişməsində mühüm rol oynayıb. Onlardan SSRİ xalq artistləri Lütfiyar İmanov, Firəngiz Əhmədova, Zeynəb Xanlarova respublikanın xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Şahlar Quliyev, respublikanın əməkdar artistləri Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, artistlərdən Anatollu Qəniyev, Nərminə Məmmədova, Sahib Kərimov və başqalarının adlarını çəkmək olar.
Böyük Vətən müharibəsi illərində xor kollektivinin ifasında bir çox vətənpərvərlik mövzusunda əsərlər səslənib. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Hacı Xanməmmədov, Cahangir Cahangirov və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və s. xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq lentə alınıb.
Tofiq Əhmədov adına Estrada-simfonik Orkestri
Tofiq Əhmədov adına estrada-simfonik orkestri 1956-cı ildən kiçik tərkibdə estrada ansamblı kimi fəaliyyətə başlayıb.
Qısa müddət ərzində təşkil edilmiş bu kollektivin yaradıcısı məşhur saksafonçu, respublikanın xalq artisti Tofiq Əhmədov olmuşdur.
1975-ci ildə həmin ansambla “Estrada-simfonik Orkestri” statusu verilib. Bir müddət sonra ansamblın tərkibi xeyli genişləndirilib. Bu kollektiv ölkəmizin müxtəlif bölgələrində eləcə də xarici ölkələrdə yaddaqalan çıxışlar edib. SSRİ xalq artisti Müslüm Maqomayev Moskvanın Ostankino studiyasında ilk dəfə bu orkestrlə çıxış etmişdir. Orkestrlə uzun müddət əmədaşlıq edənlərdən – respublikanın xalq artistləri Mirzə Babayev, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Elxan Əhədzadə, Brilyant Dadaşova, Natəvan Şeyxova, Mübariz Tağıyev, əməkdar artist İdris Mehdiyev, Cavan Zeynallı artistlərdən Cavanşir Əliyev, Cəfər Behbudov, Firəngiz Rəhimbəyova və başqalarının adlarını çəkmək olar.
1979-1983- cü illərdə bəstəkar Əziz Əkbər Əzizli, 1983-1990 – cı illərdə pianoçu bəstəkar, əməkdar artist Rafiq Babayev, 1990-1998-ci illərdə bəstəkar, xalq artisti Faiq Sucəddinov, 1998-2002-ci illərdə pianoçu-bəstəkar Eldar Rzaquluzadə, 2002-2012-ci illərdə saksafonçu Akif Süleymanbəyli də orkestrə rəhbərlik edib.
Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq Xoru
Azərbaycan Dövlət Televiziya və Radiosunun “Bənövşə” Uşaq Xoru 1958-ci ilin payızında bəstəkar Əfsər Cavanşirov tərəfindən yaradılıb. “Bənövşə” Uşaq Xorunun repertuarında Azərbaycan eləcə də dünya xalqlarının mahnıları, milli el havaları özünə layiqli yer tutmuşdur. Xorun ilk konsertmeysteri Azərbaycanın xalq artisti, bəstəkar Musa Mirzəyev olmuşdur. Bir çox sənətkarlarımız səhnəyə öz kövrək addımlarını ilk dəfə məhz bu kollektivdə atıblar. Onlardan xalq artistləri Flora Kərimova, Amaliya Pənahova, Xuraman Qasımova, Mələkxanım Əyyubova, Nisə Qasımova, əməkdar artistlər Akif İslamzadə, Firuzə İbadova, Azərin və başqalarını qeyd etmək olar. Uşaqların estetik tərbiyəsinin inkişafına çalışan, uşaq ideologiyasına xidmət edən “Bənövşə” Uşaq Xoru indi də müxtəlif bəstəkarların məktəbli mahnılarını böyük həvəslə oxuyub təbliğ edir.
Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı
1961-ci ildə Azərbaycan Televiziyası və Radiosunun rəhbərliyi tərəfindən görkəmli tarzən Əhsən Dadaşova yeni bir xalq çalğı alətləri ansamblı yaratmaq təklif olunur. Elə həmin il ansambl yaradılır və ora bir sıra tanınmış musiqiçilər cəlb olunur. Əməkdar artist Əhsən Dadaşov bu ansambla 1976-cı ilə kimi rəhbərlik edir. Əhsən Dadaşov dünyasını dəyişəndən sonra kollektivə “Xatirə” ansamblı adı verilir.
1976-cı ildən bu günə qədər ansambla ansamblın üzvü, xalq artisti Adil Bağırov rəhbərlik edir. Həm yaşlı, həm də cavan nəsillərlə çalışan Əhsən Dadaşov adına “Xatirə” ansamblının repertuarına muğam, rənglər, dəramədlər, xalq mahnıları və s. daxildir. Azərbaycan bəstəkarlarının əksəriyyəti bu kollektivlə bir çox mahnılarını yazmış, radiomuzun musiqi fonotekasını xeyli zənginləşdirmişlər. Ansambl xarici ölkələrdə və respublikamızın bir sıra börlgələrində qastrol səfərlərində olmuşdur.
Vaqif Mustafazadə adına “Sevil” Vokal-instrumental Ansamblı
Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlınının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə “Zaqafqaziya baharı” festivalında iştirak edir. “Zaqafqaziya baharı” festivalında uğurla çıxışdan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.
Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və qrupun bədii rəhbəri olur. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunur.
Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə “Muğam” caz üçlüyünü yaratmışdır.
“Qaytağı” İnstrumental Ansamblı
2012-ci ildən etibarən “Qaytağı” instrumental ansamblı yaradılır. “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, ustad musiqiçi Ənvər Sadıqov bir çox fərqli musiqi janrlarında ifa edir; xalq musiqisi, muğam, klassik musiqi və caz ənənələrini məharətlə ifa edərək bu janrlar arasında gözəl körpü və sintez yaradır.
Ənvər Sadıqov rəhbərlik etdiyi “Qaytağı” ansamblı ilə bərabər Azərbaycanın hüdudlarından kənarda olduğu kimi ölkəmizdə də mütəmadi olaraq mədəni tədbirlərdə, yaradıcılıq gecələrində, konsert proqramlarında çıxış edir, (Azərbaycan Dövlət Televiziya və Radiosunun yubiley konsertləri, Görkəmli bəstəkarlar; Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Mobil Babayevin yubileylərinə həsr olunmuş konsertlər və s.).
Ənvər Sadıqovun yaradıcılığı və fəaliyyəti Dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.
Azərbaycan Televiziya və Radiosunun solistləri
Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam” Telemüsabiqəsi bir çox istedadlı gənlərin üzə çıxmasına şərait yaratdı. Müsabiqədə qalib olanlar hal-hazırda Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin solistləridir. Aşağıda adları çəkilən Azərbaycan incəsənət xadimləri də solist kimi Televiziyanın Səsyazma Evində fəaliyyət göstərirlər:
Briliant Dadaşova, Teymur Əmrah, Gülyanaq Məmmədova, Abbas Bağırov, Arzu Əliyeva, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Bəyimxanım Vəliyeva, Səbinə Allahverdiyeva, Zabitə Alıyeva, Günay İmamverdiyeva, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Xətai Hacıyev, Ramiq Bayramov, Ayşən Mehdiyeva, Babək Niftəliyev, Fərid Əliyev, Sədaqət Quliyeva, Malik Həsənov, Lalə Məmmədova, Anar hüseyinli (Şuşalı), Nurlan Namazov, Səidə Babışova, Zakir Əliyev, Rəvanə Əmiraslanlı, Fuad Musayev, Məmməd Nəcəfov, Rəşad İlyasov, Azər Zeynalov, Afaq Budaqova, İnarə Babayeva, Səma Sultanova, Gülnar İsmayılova, Samir Cəfərov, Taleh Yəhyayev, Valid Abdullayev, İlkin Qasımov.
Azərbaycan Radiosunun fəaliyyəti
Azərbaycan Radiosunun fəaliyyətini iki mərhələyə: müstəqilliyə qədərki və sonrakı dövrlərə bölmək olar.
Başlanğıc
1926-cı il 6 noyabr. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” sədası ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycanın siyasi və mədəni həyatında böyük bir yenilik idi.
İlk dövrlər Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqlı məkanda fəaliyyət göstərirdi. Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. İkinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çamadanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında “Steinway” royalı qoyulmuş, divar boyu stullar düzülmüşdü. Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdu. Cavabdeh şəxs həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
Radionun statusu
1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan genişyayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı. 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq etdi.
1932-ci ilin aprelində Radio Yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi.
1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi.
1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı.
1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi.
1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı.
1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.
1970-ci ildə “Dövlət Radio və Televiziya Verilişləri Komitəsi” təsis edildi.
1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Şirkətə çevrildi.
2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
RV–47-dən beynəlxalq yayımadək
İlk dövrlər proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadankənar 1 saatlıq verilişi yaymaq üçün 3 gün hazırlıq görülürdü. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.
1920-25-ci illərdə yalnız Bakıda təkcə 10 kilovat gücündə 1 ədəd qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başlamışdı.
1933-cü ildə Azərbaycan Radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan Radiosunun səsi Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.
1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdırıldı. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.
1960-cı ilin noyabrında Bakı-Ağstafa radiorele xətti istifadəyə verildi.
1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.
İlk cığırdaşlar
Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayımlayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı. Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi. Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, verilişlərdə isə ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr öz əksini tapırdı.
Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda”, “Radio saatı” kimi verilişlər səsləndirilirdi.
Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı. Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.
1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır, Azərbaycan sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər.
İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.
1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunur. Diktor və aktyor qrupları yaradılır.
İlk azərbaycanlı diktorlarımız
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olur. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar.
Azərbaycan Radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdi.
Müslüm Maqomayev mərhələsi
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan Radiosunun verilişləri hər gün Müslüm Maqomayevin bəstələdiyi “RV-8” radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına həsr edilmişdi. Marş ilk dəfə elə həmin studiyada ifa olunur. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.
Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyevlə yanaşı Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.
1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfi Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər. İki saata qədər davam edən konsertdə “Çahargah”ın “Bəstənigar”, “Hisar”, “Müxalif”, “Mənsuriyyə”, “Hüzzal” şöbələri və onlara uyğun təsniflər ifa edilir.
Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürmüşdü. O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışırdı. Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanılır. Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmurdu.
Radio və Məmməd Səid Ordubadi
“Ədəbi verilişlər” redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə “Mirzə” deyə müraciət etdiyi ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü olurlar. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi. Dəstə üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular.
Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin “Aprel gəlini”, “İstiqraz”, “Çobanlar”, “6 nömrəli otaq”, Soltan Nəcəfovun “Təchizat parazitləri”, “Rot-front”, “Orucunuz qəbul!” və “Din tacirləri” kimi səhnəciklərinə efir həyatı verilir.
M.S.Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə-biri bədii verilişlərdən ibarət idi.
Radionun fəaliyyəti dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Müşfiq, H.Cavid, S.Hüseyn Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn, R.Rza, S.Rəhman, İ.Əfəndiyev, B.Vahabzadə, İ.Şıxlı, S.Dağlı, S.Qədirzadə, İ.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, İ.Qasımov, İ.Məlikzadə və digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin efirdə səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.
“Radioteatr”
1931-ci ildə Azərbaycan Radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi “Radioteatr” yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi, aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu. İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.
1931-ci ilin dekabrında H.Cavidin “Şeyx Sənan” pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin “Boris Qodunov”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, 1905-ci ildə”, “Yaşar”, “Sevil”, V.Şekspirin “Hamlet”, M.F.Axundovun “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq” radio pyesləri dinləyicilərə təqdim edildi. Bu ilk radio tamaşaları birbaşa efirə çıxarılırdı.
1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi Radio teatrının inkişafında yeni mərhələ açdı. Bu dövrdə S.Vurğunun “Xanlar”, İ.Əfəndiyevin “Bahar suları”, Ə.Məmmədxanlının “Şərqin səhəri”, İ.Qasımovun “Xəzər üzərində şəfəq” pyesləri səhnələşdirilərək efirdə səsləndirildi. Daha sonra Azərbaycan Radiosunun repertuarını C.Cabbarlının “Almaz” və “1905-ci ildə”, N.Nərimanovun “Bahadır və Sona”, S.Rəhimovun “Mehman”, M.S.Ordubadinin “Qılınc və qələm”, N.Qoqolun “Müfəttiş”, A.Qriboyedovun “Ağıldan bəla”, A.S.Puşkinin “Yevgeni Onegin”, İ.Şillerin “Vilhelm Tell”, C.Bayronun “Abidos gəlini” kimi əsərləri zənginləşdirdi. Ü.Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarının, N.Hikmətin “Kəllə” əsərinin tamaşaya qoyulması da müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırdı. Radio tamaşaları yaradan rejissorlar yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.
30-cu illər…
1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə “Son xəbərlər” proqramı çıxır. Həmin ilin oktyabrında İnformasiya redaksiyası da yaradılır. 1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda “Ədəbi dram”, “Kolxozçu radiosu”, “Qızıl əsgər” və “Gənclər” redaksiyaları fəaliyyət göstərir.
1936-cı il martın 23-dən aprelin 6-dək SSRİ-də ilk dəfə Ümumittifaq Radio Festivalı keçirildi. İttifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı. Azərbaycan Radiosunun festival üçün hazırladığı proqram əsasən Ü.Hacıbəyov və M.Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, “Azad olunmuş türk qadınları sarayı” qadın şərq alətləri orkestrinin çıxışları, eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa Hacıbababəyovun ifasında “Şahnaz” muğamı da proqrama daxil edilmişdi.
1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi. Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.
1938-ci il iyulun 18-də birinci çağırış Azərbaycan SSR Ali Sovetinin I sessiyasının açılışı da radio ilə yayımlanır. 30-cu illərin ortalarından başlayaraq ictimai-siyasi həyatda gedən proseslər radiodan da yan keçmirdi. Radiodan təbliğat vasitəsi kimi istifadə edən sovet rejimi “danışan səs”i gah qolçomaqlara və digər “sinfi düşmənlərə”, gah da “xalq düşmənlərinə” qarşı mübarizədə alət kimi işlətməyə başlamışdı. Cəmiyyətdə hökm sürən qorxu xofu radioda da var idi. Ədəbi ictimaiyyətin sevimlisinə çevrilmiş H.Cavid, M.Müşfiq, S.Hüseyn, Ə.Cavad kimi şair və yazıçıların əsərləri, A.M.Şərifzadənin, Ü.Rəcəbin və digərlərinin səsləri artıq radiodan eşidilmirdi. Jurnalistlər və radio işçiləri hər bir hərəkətlərində, danışıqlarında ehtiyatlı olmağa çalışırdılar…
Müharibə dövrü
Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi. Azərbaycan Radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan Radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı. Əsas ağırlıq isə “Son xəbərlər” redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi “Azərbaycan cəbhə üçün” idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxışlar edirdilər. Vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.
Təsadüfi deyil ki, SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini “Radio günü”elan etdi. Həmin gün uzun illər Azərbaycanda da bayram edildi. Amma 1992-ci ildən Azərbaycan Radiosu əsl bayramına qovuşdu. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra noyabrın 6-sı “Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı” elan olundu.
1941-1945-ci illərdə Azərbaycan Radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç ağıllarına belə gətirə bilməzdilər ki, 45 ildən sonra onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə Nazirliyinin məlumatlarını yayacaq, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə acı xəbərləri xalqımıza çatdırmalı olacaqlar. Düz 45 il sonra – 1990-cı il yanvarın 20-də azərbaycanlı jurnalistlərin vaxtilə vəsf və təbliğ etdiyi Sovet Ordusu Azərbaycan xalqının silahsız oğul və qızlarının üzərinə yeriyəcək, II Dünya müharibəsi zamanı bütün SSRI-ni neftlə təmin edən paytaxtımız Bakının küçələrində günahsız həmvətənlərimizin qanını axıdacaq…
Beynəlxalq fəaliyyət
1941-ci iidə SSRİ hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hüzırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
1941-ci il iyulun 20-də “Burasu Baku”, “İnca Baku” ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərdə səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq “Bakının səsi” çağırışı altında dünya efirinə çıxır.
O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı.
1950-ci ildə türk və fars redaksiyalarının əsasında “Xarici verilişlər” baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlayan redaksiya da bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi.
1959-cu ildə Azərbaycan Radiosunda ərəb dilində verilişlərin yayımına başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı.
1974-cü ildən radioya, o cümlədən “Xarici yayım” bölümünə tanınmış yazıçı-jurnalist Aqşin Babayev rəhbərlik edirdi. O dövrdı xarici verilişlərin baş redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi.
1976-ci il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildilər.
İrana verilişlər baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi.
1980-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat¸ ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi.
1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. “Ana dili”, “Körpü”, “Ovqat”, “Elib sazı, elin sözü” verilişləri azərbaycanlı həmvətənlərimiz arasında rəğbət qazandı.
1992-ci il noyabrın 26-da “Azərbaycan Beynəlxalq Radiosu” yaradıldı. Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və mustəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı.
2007-ci ildə “Qərb verilişləri” redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi.
Hazırda Beynəlxalq radio “Azərsat” peyki vasitəsilə 11175 meqahers tezlikdə “Radio az. inter” və www.aztv.az canlı yayım internet saytının Radio İnt. səhifəsində hər gün azərbaycanca 8 saat, rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə 1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə talış, kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayımlayır. Yarım saatlıq “Vətən” proqramının da 15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.
Müharibədən sonrakı dövr (1945-1970)
Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi.
1949-cu ildə Azərbaycan Radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız 7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu.
1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini daha da genişləndirdi.
1956-cı ildə Azərbaycan Radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq 19 saat veriliş yayımlanırdı. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12-15 konsert proqramı səsləndirilirdi.
1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Radio xalq və bəstəkar mahnıları, ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi. Bu dövrdə xalq çalğı alətləri orkestrinə Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu orkestrdə fəaliyyət göstərirdilər.
1960-cı illərin ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin yaradılması, “Qaya” vokal kvartetinin meydana gəlməsi xalq, estrada və simfonik musiqilərin təbliğində radionun imkanlarını artırdı.
1970-ci illərin ortalarında “Sabahınız xeyir”, “Axşam görüşləri”, “Bulaq”, “Natəvan” qızlar klubu, “Lirika dəftərindən”, “Muğam saatı”, “Arzu” musiqi poçtu”, “Yazıçı və zaman”, “Mahnı şəhəri gəzir”, “Teatr mikrofon qarşısında” kimi verilişlər dinləyicilərin ruhunu oxşayır.
“Qızıl fond”
Radionun “Qızıl fond”unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. 1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb.
Fonotekada Üzeyir Hacıbəyli, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev (nəvə), Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Flora Kərimova, Akif İslamzadə və digərlərinin lent yazıları saxlanılır.
Azərbaycanın görkəmli sənət ustalarının radionun “Qızıl fondu”nda saxlanılan çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir. Tanınmış səhnə ustaları Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Mustafa Mərdanov, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Möhsün Sənani, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Süleyman Tağızadə, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Həsənağa Turabov, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Qurbanov, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Amalya Pənahova, Əlabbas Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Həsən Əbluc və digərləri radiodakı çıxışları ilə dinləyiciləri riqqətə gətirməklə yanaşı, onlara səlis danışıq dilini təlqin edirdilər.
Vaxtilə Ələsgər Ələkbərovun ifasında lentə alınmış M.Qorkinin “Arxip baba və Lyonka”, Səməd Vurğunun “Vaqif”, habelə Mirzağa Əliyevin ifasında “Məşədi İbad”, Mustafa Mərdanovun ifasında Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” kimi əsərləri bu gün “Qızıl fond”un əsas incilərindən sayılır. Burada hətta S.Vurğunun “Vaqif” əsərinin erməni dilində səslənən variantı da mövcuddur.
“Araz”ın gəlişi
1964-cü il oktyabrın 15-də Azərbaycan Radiosunun “Araz” xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. “Araz”ın çağırış musiqisi Fikrət Əmirovun idi. “Araz” əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər “Araz” vasitəsilə təkrar olunurdu. “Araz” radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, İlyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynamışlar.
İnformasiya proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi. 1966-cı il iyulun 13-dən “Son xəbərlər” efirə “Günün səsi” adı ilə çıxmağa başladı. 1968-ci ildə radionun “Xəbərlər” redaksiyası hər gün birinci proqramla və “Araz” proqramı ilə 24 dəfə efirə çıxırdı.
Müstəqillik dövründə Azərbaycan Radiosu “Araz” proqramını müstəqil struktura çevirməyi qərara aldı. 1993-cü ilin noyabrında onun bazasında 2 redaksiya yaradıldı: “İnformasiya və ictimai-siyasi proqramlar” redaksiyası və “Xalq yaradıcılığı” redaksiyası. Lakin 1998-ci ilin dekabrında bu strukturdan da imtina edildi.
1988-ci ildə başlanan təlatüm
1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan Radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan Radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü.
Lakin həmin faciəli günlərdə Azrəbaycan Radiosunun “Xaricə yayım” redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ dövlət orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlanmayacağını bəyan etdi. Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veriləndə texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səsləndirməyə nail oldular. “Xaricə yayım” redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya çatdırdı. Bakıda “məskən salmış” hərbi komendantlıq Beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu…
Müstəqillik dövrü
1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdi. Radio verilişlərində demokratiya ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyllərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvərlik hisslərini gücləndirən “Açıq-aşkar”, “Xudafərin”, “Sözün düzü”, “Baxış bucağı”, “Dünya”, “Pillə”, “Çevrə”, “Radio-atmaca”, “Molla Nəsrəddin”, “Yol”, “Yuva”, “Vaxt”, “Dan yeri” kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.
1993-cü ildə ölkəmizdə baş verən Gəncə hadisələri, dahi lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan Radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının “parçalanmasına” gətirib çıxardı. Özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan Radiosu ilk baxışdan mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək qətiyyən mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edirdi. Və bu gün Azərbaycan Radiosu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Yeni üslub, dinamika və modernləşmə özünü bütün efir vaxtında hiss etdirir. Tək bu məqamı xatırlatmaq kifayətdi ki, deyək Azərbaycan Radiosu Güneydəki soydaşlarımız arasında bir örnəyə çevrildi, məktəbi olmayan balalarımıza əsil məktəb rolunu oynadı. Dilimizin saflığının qorunmasında bir kredo rolunu oynadı. Aşıq sənətimizin Güney mühitində dirçəlişini təmin elədi, belə demək mümkünsə Azərbaycan Radiosu bir ustad rolunu şərəflə yerinə yetirdi.
Bu gün Azərbaycan Radiosunun əsas verilişləri:
“Retroritm”– (canlı) Veriliş ötən illərin sevilən retro mahnıları, onların yaranması, kaver versiyalardan bəhs olunur, verilişin qonağıyla keçmişdən bu günə səyahət edilir.
“Düşüncə tərzi” – Gənclərin düşüncə tərzi, baxış müxtəlifliyi, fərqli yanaşmalarından bəhs edir.
“Sözdən-söz” – (canlı) Ədəbi mühitdən, söz adamlarının yaradıcılığından bəhs olunur.
“Ünvanımız Azərbaycandır” – Xarici ölkələrdə yaşayan soydaşlarımızın həyat tərzi, məşğuliyyəti, lobbiçilik və diaspor fəaliyyətini işıqlandırır.
“Ötən əsrin xronikası” – Ötən əsrdə baş verən hadisələrdən, böyük kəşflərə, ixtiralara imza atan soydaşlarımızın həyat və fəaliyyətindən bəhs olunur.
“O kənd bizim kəndimizdir” – Ermənistan adlanan ərazidə qalan qədim tarixin daşıyıcısı olan yurd yerlərimizdən, kəndlərimizin etnoqrafiya və toponimlərindən soraq verir.
“İrəvan çuxuru” – artıq bir neçə ildir Azərbaycan Radiosunda silsilə şəkildə Qərbi Azərbaycanda yerləşən qədim yurd yerlərinin toponimi, folkloru, etnoqrafiyası dinləyicilərə geniş şəkildə təqdim olunur.
“Düşüncələr” – Qonaqlar ötən illərin şirin xatirələrində düşüncələrini yeniləyir.
“Həzin söhbətlər” – Azərbaycanın tanınmış elm və incəsənət adamları ilə həzin duyğulara köklənən söhbət.
“Soruşun cavab verək” – (canlı) Sosial sahə, pensiya və müavinətlərlə bağlı vətəndaşların sualları cavablandırılır. Ən son yeniliklər barədə dinləyiciyə məlumat verilir.
“Kadrarxası” – (canlı) Filmlərin çəkilişi zamanı kadr arxasında qalan maraqlı məqamlardan söhbət açılır.
“Qadın səsi” – (canlı) Ölkəmizdə bütün sahələrdə çalışan və uğur qazanan qadınların fəaliyyəti işıqlandırılır.
“Gəl səhərim” – (canlı) Aktual məsələlər ön plana çəkilir, günlə səsləşən mövzulara üstünlük verilir. Viktorinalar təşkil olunur.
“Bulaq”– Tarixi dəyərləri, keçmişləri, olmuşları saf-çürük etməklə, folklor gələnəklərinə yiyələnməklə “Bulaq” ümumxalq sevgisi qazanıb. Özünəməxsus elmi-publisistik, fəlsəfi-psixoloji, yazı üslubu belə deməyə əsas verir ki, artıq “Bulaq”janrı mövcuddur. Neçə-neçə ədəbi nəslin inkişafında yaradıcılıqlarının formalaşmasında “Bulağ”ın xidməti böyük Akademiyaları üstələyir. Yaşı neçə ildi əllini keçən bu veriliş dünya efir tarixində də liderdi. Milli-etnik tarixi gerçəklərin təbliğçisi və qoruyucusu rolunu şərəflə daşıyır. Bu günlər “Bulağ”ın daha səmərəli fəaliyyəti o taylı, bu taylı soydaşlarımızın yaddaşının bütövlüyünə xidməti əvəzolunmazdı.
“Vətən yaşasın” – verilişdə savaş üçün doğulanların yurd sevgisindən söhbət açılır.
“Hərb tariximizdən”– Adını tarixə qızıl hərflərlə həkk etdirən sərkərdələrimizin həyat yoluna nəzər salınır.
“Ekstra taym” – (canlı) İdman aləmindəki ən aktual mövzular bu sahənin mütəxəssisləri ilə müzakirə olunur.
“Yaşıl planet” – Aktual ekoloji problemlər işıqlandırılır. Onların həlli yollarından danışılır. İnsanları təbiəti sevməyə və qorumağa səsləyir.
“Şirin yuxular” – Uşaqlar üçün nağıl danışılır.
“Dünya bu gün” – (canlı) Proqramda ictimai-siyasi hadisələr şərh olunur.
“Durna teli” – (canlı) Türkiyə-Azərbaycan ortaq yayımında türk dünyasının ortaq mədəni və mənvi dəyərlərindən. Aktual məsələlərdən, Türk dünyasının daşlaşmış dəyərlərindən söhbət açılır.
“Təhlükəsiz yol” – (canlı) Verilişdə yol hərəkəti qaydalarından və hərəkət iştirakçılarının təhlükəsizliyindən bəhs olunur.
“Hüququmuz var” – (canlı) Vətəndaşların hüquqlarının qorunması və bərpa olunması məsələləri müzakirə olunur.
“Xəbəriniz olsun” – (canlı) Musiqili-informasiya proqramında dinləyicilər ölkədə və xaricdə baş verən ən son maraqlı olaylar barədə məlumat əldə edirlər.
Azərbaycan Radiosunun Pasportuna çevrilən milli-etnik–tarixi dərinliyimizdən qaynaqlanan verilişlər arasında “İrəvan çuxuru”, “Yurd yeri”, “Ocaq başı”, “Tərəkəmə”, “Dastandan üzü bəri”kimi verilişlərin yayımı, həm də yeni dünyabaxışın təzahürüdü. Azərbaycan Radiosunda Aşıq sənətimizə verilən önəm, xüsusi söhbət mövzusu olaraq birinci sıradadır.
Azərbaycan Radiosu həm də tariximiznən boya-boy yol gəlir. “Gündoğandan-günbatana”, “Böyük çöl”, “Dastan saatı”, “Divani saz-söz məclisi”və digər verilişlər yayımını dayandırsa da öz tarixi və efir missiyalarını bərkitmiş yayımlardı.
“Tərbiyə güzgüsü” və ya “əks tərbiyə”
Müasir dövrdə yeniyetmələrin tərbiyəsi prosesinə digər amillər kimi kütləvi informasiya vasitələri də ciddi təsir göstərir. Burada əsas kimi kütləvi informasiyaya olan tələbat dayanır. Yeniyetmə şəxsiyyəti formal və qeyri-formal olan çoxistiqamətli əlaqələr fonunda inkişaf edir. Belə əlaqələr sistemində aparıcı rola malik televiziya formalaşmaqda olan və həssas yaş xüsusiyyətlərinə malik yeniyetmələrdə bir sıra keyfiyyətlərin formalaşmasına və inkişafına yardımçı olur. Lakin dünyaya inteqrasiya, yeni dəyərlərin idxalı şəraitində milli dəyərlərə uyğun gəlməyən bir sıra verilişlər, filmlər və seriallar yeniyetmələrin psixikasına neqativ təsir göstərir və onların şəxsiyyət kimi inkişafı prosesinin istiqamətini dəyişir. Bu mənada yeniyetmənin tərbiyəsində kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın rolunun araşdırılması aktual bir problem kimi ortaya çıxır.
Zorakılığın şüuraltı olaraq yeniyetməni cəlb etdiyi və ovsunladığını nəzərə alaraq, fəaliyyətin bu növünün yeniyetmədə neqativ həyat istiqamətləri və strategiyaları yaratması qaçılmazdır və bir sıra hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə dünya üzrə yeniyetmə gənclər arasında cinayətkarlıq 1,5 dəfə, yeniyetmələr arasında isə 2 dəfə artıb. Faktlar göstərir ki, gənclərin və yeniyetmələrin 30 %-i cinayətləri kinofilmlərin və verilişlərin təsiri altında törədir. Yeniyetmələr hər il ekranda 10 minə yaxın zorakılıq səhnələri görür. 14 yaşında televizora gün ərzində 3 saatdan çox baxan gənclərin 45 %-i zorakılığa meyllidir, 20 %-i isə cəmiyyət üçün ümumiyyətlə təhlükəlidir və mənəvi cəhətdən cinayət törətməyə hazırdır.
İnkişaf etmiş ölkələrdə ekran zorakılığının mənfi təsirinə qarşı durmaq metodları mövcuddur. Onların arasında maarifləndirmə, psixoloji təsir və kütləvi kommunikasiyanın idarə olunması işləri daha çox diqqəti çəkir. Bununla yanaşı, kütləvi informasiya vasitələrinin yeniyetmə və uşaqların psixikasına mənfi təsirini aradan qaldırmaq üçün media təhsili də fəaliyyət göstərir. Media təhsilinin əsas vəzifələri müasir informasiya şəraitində yeni nəsli həyata, müxtəlif informasiyanın qəbul edilməsinə kömək etməkdən, insanın onu başa düşməsinə, onun psixikasına təsirinin nəticələrini dərk etməsinə hazırlamaqdan ibarətdir.
Demək olar ki, problemə həsr olunmuş çoxsaylı məqalələr kifayət qədər fəal şəkildə bu problemi işıqlandırır, mümkün ümumləşdirmələr aparılır və belə vəziyyətin qarşısının alınması və dəf edilməsi yollarının axtarışı həyata keçirilir. Beynəlxalq səviyyədə problemlər üzrə müxtəlif konfranslar təşkil edilir.
Statistika göstərir ki, son 40 il ərzində dünyada televiziyanın və sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə təsirinə həsr olunmuş 1000-dən artıq tədqiqat aparılıb. Tədqiqatlar dünyanın bir çox ölkələrində, müxtəlif irqlərə, millətlərə və sosial qruplara mənsub olan qızlar və oğlanlar arasında aparılıb. Bununla belə, tədqiqatların nəticələri demək olar ki, eyni olub: ekrandakı aqressiya insanları digər insanlara, heyvanlara və cansız əşyalara münasibətdə daha aqressiv edir.
Amerika Pediatriya Akademiyası (American Academy of Pediatrics) bu tədqiqatlardan dörd sanballı nəticə nəşr edib:
Əvvəla, zorakılıq səhnələri çox olan verilişlərə baxan uşaqlar zorakılığı konfliktlərin legitim həlli üsulu kimi qəbul edirlər.
İkincisi, zorakılıq səhnələrini seyr etmək insanı real həyatdakı zorakılıqlara qarşı daha müdafiəsiz edir.
Üçüncüsü, uşaq və yeniyetmə ekranda nə qədər çox zorakılıq səhnələri görürsə, bir o qədər onun zorakılığın qurbanı olmaq şansı var.
Dördüncüsü, əgər uşaq zorakılıq səhnələri olan televiziya proqramlarını seyr etməyə üstünlük verirsə, böyük bir ehtimal mövcuddur ki, o, aqressiv insan kimi böyüyəcək və hətta cinayət törədə bilər.
Deməli, televiziya təkcə müəyyən informasiya vermir, həm də hərəkət variantları göstərir, yeniyetmə və uşaq öz mənəvi baxışlarına əsaslanaraq, onları ya rədd edə bilər, ya da əxlaqi nöqteyi-nəzərdən hətta, legitim kimi qəbul edə bilər.
Nəzərə almaq lazımdır ki, televiziya həyatı müxtəlif, hətta ola bilsin ki, uşağın belə vəziyyətlərə heç vaxt düşməyəcəyi mövqelərdən görməyə imkan verir. Özgəsinin təcrübəsi kimi hərəkət üsulları müəyyən alqoritmdən keçir – eyniləşdirmə (vəziyyətin təhlili, onun tərkib hissələrinə ayrılması); fərdiləşdirmə (uşaq bu vəziyyətin həyatda ona necə aid olmasını qiymətləndirir, “Mən də ” mövqeyi); şəxsiləşdirmə (uyğun obrazın yaradılması, “Mən” mövqeyi, uşaq bu hərəkət variantını ya mənimsəyir, ya da onu əxlaq normaları nöqteyi-nəzərindən özü üçün qəbuledilməz bir hal kimi rədd edir).
Psixologiya və media pedaqogikası KİV-i dəyişmək iqtidarında deyil. Lakin onun qəbuledilmə xüsusiyyətlərini, mənəvi-əxlaq dəyərlərinin formalaşmasının yaş xüsusiyyətlərini və uşaqlara təsirin psixoloji, didaktik üsullarını bilməklə, müəllim kütləvi medianın imkanlarını öz pedaqoji məqsədləri üçün istifadə etməlidir. Məhz bu yolla kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın yeniyetmələrin tərbiyəsinə neqativ təsirinin qismən aradan qaldırılmasına nail olmaq olar.
Ədəbiyyat:
1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003, 540 s.
2. Əliyev B.H. Şəxsiyyət probleminə yeni baxış / Elm XXI əsrin astanasında elmi-praktik konfransının materialları. Bakı: Renessans, 1998,s.1
3. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: 2008, 479 s.
4. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: Caşıqoğlu, 2003
5. Здерева Е.В. Патриотизм и его развитие.Тольятти: ТГУ, 2009, 532 с.
6. Ипполитова Н.В. Теория и практика подготовки будущих учителей к патриотическому воспитанию учащихся: автореф. дис. докт. пед наук.Челябинск: ЧелГУ, 2010, 22 с.
7. Кокарев Ю. П. Воспитание патриотизма и гражданственности в молодежной среде // Профессионал, 2007, №3, 221с.
8. Пелевина Т.В. Роль психологических механизмов и диспозиций в формировании патриотического потенциала современной молодежи. М.: 2005, 121 c.
Aytən Novruzova / Metbuat.az
Bilgəh qəsəbəsi
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.
Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.
Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.
Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.
O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.
Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.
O, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunmuşdur.
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.
Nizami Gəncəvinin “İsgəndərnamə” əsərinin “Şərəfnamə” hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin “Sirlər xəzinəsi”ni, Rəşidəddinin “Cami ət-təvarix”, Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib” əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A.A.Bakıxanovun”Gülüstan-i-İrəm” əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.
Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.
Akademik Ə.Ə.Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə.Ə.Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə “Şı xo” (Shi hö) jurnalında nəşr etdirdiyi “Əbdülkərim Əli oğlu Əlizadə” (1906.1.11-1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S.Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə.Ə.Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S.Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi “Sovet Azərbaycanının mediyevist alimləri” adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə.Ə.Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə.Ə.Əlizadə Azərbaycanda tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə.Ə.Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə.Ə.Əlizadənin iranşünasların ümumdünya konqresində (28.VIII.-13.IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M.Boqolyubov, A.Boldrev, İ.Braginski, Ə.Mirzoyev, Ş.Samuhəmmədov, M.İvanov, K.Eyne, R.Əliyev, M.Zend, Ə.Sumbatzadə və Ə.Ə.Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə.Ə.Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə.Ə.Əlizadənin rolu çox böyük idi. Akademik Ə.Ə.Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə.Ə.Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada “SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri” mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə.Ə.Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə.Ə.Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi.
Əliheydər Əliqulu oğlu İbrahimov – Sovet hərbi qulluqçusu,
Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı,
4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri,
Qızıl Ordunun qvardiya mayoru
Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq onun qəlbində düşmənə qarşı qəzəb və intiqam almaq hissi var idi. O, dəfələrlə bu sözləri təkrar edirmiş: “Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alıb qanımı yerdə qoymazlar”. Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı. Vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis edirlər.
Əzmkar hərbçi, mətin qəhrəman bu ağrılı həyatına 9 il dözür. 1953-cü ilin 6 noyabrında ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.
1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu.
Mükafatları
Azərbaycanın bu mərd oğlu göstərdiyi qəhrəmanlıq və şücaətə görə SSRİnin orden və medalları ilə təltif olunmuşdur. Əliheydər İbrahimov “Qırmızı Bayraq” ordeni, 2 dəfə “Aleksandr Nevski” ordeni, “Qırmızı Ulduz” ordeni, “Şərəf Nişanı” ordeni, “Döyüşdə xidmətlərinə görə” medalı, “Qafqazın müdafiəsi uğrunda” medalları ilə təltif olunmuşdur.
Ağaverdi Paşayev – Tanınmış dirijor və pedaqoq,
Azərbaycan Respublikası əməkdar incəsənət xadimi və Xalq Artisti, Professor
Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub.Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur.Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada «Oxu tar», «Sən nəğmələr qoş», «Oxu bülbül» adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan «Ulduz» proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur. Burada da sənət müəllimləri Ağasaleh Abasəliyev və Elxan Müzəffərovdan dərs alır. Ağaverdi Paşayevi sənət uğurları elə erkən yaşlarından izləyib. 1971-ci ildə təhsilini uğurla başa vuraraq Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur.Burada o, tar ixtisası üzrə Kamil İbrahimovdan sənətin incəliklərini mənimsəyir.Bu illər gənc Ağaverdinin həyatında böyük dönüşlər yaradır.Gənclik təravəti sanki onun həyatına xüsusi gözəlliklər qataraq böyük sənət eşqi ilə ruhlandırır, o, daha böyük uğurlara can atır.Eyni zamanda, onda musiqi sənətinin daha bir qoluna maraq yaranır.Hələ musiqi texnikumunda oxuyarkən dirijorluqdan dərs alıb. Konservatoriyanın ikinci kursunu bitirdikdən sonra ərizə ilə rektor Soltan Hacıbəyova müraciət edib.İmtahan komissiyasının müsbət qiymətləndirilməsilə dirijorluq fakültəsinə keçməyinə razılıq verilib.Sonrakı təhsil illərində Nicat Məlikovdan dərs alıb. 1976-cı ildə Konservatoriyanı bitirib hərbi xidmətə çağırılan zaman hərbi orkestrdə qulluq etməli olur hərbi orkestrin dirijoru olur.1979-cu ildən Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başladığı dövrdən həm də İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) “Xalq çalğı alətləri” kafedrasında dirijorluq fənnindən dərs deyib, tələbələrdən ibarət xalq çalğı alətləri orkestri yaradıb.O, bu təşəbbüsü 1994-cü ildən fəaliyyət göstərdiyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də həyata keçirərək burada da həm müəllimlik edib, həm də uşaq orkestri yaradıb. Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranması da məhz Ağaverdi Paşayevin bu istiqamətdə yüksək peşəkarlığının sayəsində mümkün olub.1999-cu ilin sentyabrında o, Filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilir.Bir neçə ay bu kollektivlə işlədikdən sonra ona Dövlət Xalq Çalğı Alətləri Orkestrini yaratmaq təklif edilir.2000-ci il martın 7-si indiki Heydər Əliyev Sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunan böyük bir tədbir keçirilirdi.Orkestr də həmin tədbirdə iştirak edirdi.Bu, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ilk konsert çıxışı idi.Tədbirdə iştirak edən ulu öndərimiz Heydər Əliyev konsertdən sonra adəti üzrə səhnə arxasına gələrək sənətkarlarla görüşüb öz fikir və tövsiyələrini bildirdi.Ağaverdi müəllimə və orkestr haqqında da çox gözəl fikirlər söylədi.Azərbaycanda Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixindən və bu işdə xidmətləri olan sənətkarlardan, dahi Üzeyir bəydən, Müslüm Maqomayevdən, Səid Rüstəmovdan və başqa bəstəkarlardan danışaraq sanki orkestrin tarixini vərəqlədi.A.Paşayevin repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün orijinal əsərləri və işləmələr daxildir; yeni əsərlərin ilk ifaçısı və uğurlu təfsirçisi kimi tanınmışdır. Onun repertuarında klassik bestekar eserleri,xalq mahnıları solist və orkestr üçün işləmələri də mühüm yer tutur.SSRİ Xalq artistləri L.İmanov, F.Qasımova, Azərbaycanın xalq artistləri İ.Quliyeva, X.Qasımova, A.Zeynalov, S.Cəfərov, tarzən R.Quliyev, Kaman ifaçısı H.Əliyev, xanəndələr A.Babayev, A.Qasımov, M.İbrahimov, Q.Quliyeva, N.Teymurova, A.Bayramova, G.Məmmədova, M.Eyyubova və b. muğam dəstgahları A.Paşayevin idarəsilə Xalq Çalğı Alətləri orkestrinin müşayiətilə ifa etmişlər.
Milli musiqimizin inkişafında böyük xidmətləri olan A.Paşayevin əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir.
- “Əməkdar İncəsənət Xadimi” fəxri adı (2005)
- 2002-2008-ci illərdə Prezident mükafatçısı
- “Xalq artisti” fəxri adı (2008)
- “Şöhrət” ordeni (2016)
- “Qızıl Cəng” Beynəlxalq mükafatı laureatı (2003,2004)
- “Humay” mükafatı laureatı(2 dəfə)
- “TÜRKSOY”-un 20 illik yubiley medalı
- Şəki,Yevlax,Astara şəhərlərinin fəxri vətəndaşı
- 2009-cu ildən Prezident təqaüdçüsü
Tofiq Quliyev — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi,
Azərbaycan SSR-in xalq artisti (1964),
Azərbaycan caz və estrada musiqisinin banilərindən biri
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il “Azərbaycan xalq rəqsləri” toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Fəxri adları və mükafatları
- Azərbaycan SSR Xalq Artisti (1964)
- Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958)
- Azərbaycan SSR Dövlət Mükafatı Laureatı
- SSRİ Qırmızı Əmək Bayrağı Ordeni (iki dəfə)
- SSRİ “Şərəf nişanı” ordeni
- Xəzər Universitetinin fəxri doktoru
- “İstiqlal” ordeni — 07.11.1997
Filmoqrafiya
- 1. İyirminci bahar (film, 1940)
- 2. Səbuhi (film, 1941) – bəstəkar
- 3. Qayğı (film, 1943)
- 4. Bakı döyüşür (film, 1944)
- 5. Qardaşlıq köməyi (film, 1944)
- 6. Şəfa nəğməsi (film, 1944)
- 7. Əbədi odlar ölkəsi (film, 1945)
- 8. İran Azərbaycanının paytaxtında (film, 1945)
- 9. Zəfər bayramı (film, 1945)
- 10. Çağırışa cavab (film, 1947)
- 11. Sovet Azərbaycanı (film, 1948)
- 12. Sovet Azərbaycanı (film, 1950)
- 13. Doğma xalqıma (film, 1954)
- 14. Alagöz yaylağında (film, 1955)
- 15. Bəxtiyar (film, 1955) – bəstəkar
- 16. Görüş (film, 1955)- bəstəkar
- 17. Qızmar günəş altında (film, 1957) – bəstəkar
- 18. Bakı və bakılılar (film, 1957)
- 19. Ögey ana (film, 1958)- bəstəkar
- 20. Onu bağışlamaq olarmı? (film, 1959) – bəstəkar
- 21. Telefonçu qız (film, 1962) – bəstəkar
- 22. Möcüzələr adası (film, 1963) – bəstəkar
- 23. Arabaçı Həsən (Tacikfilm, 1965) – bəstəkar
- 24. Əbədi qardaşıq (film, 1965)
- 25. Sən niyə susursan? (film, 1966) – bəstəkar
- 26. Azərbaycan elmi (film, 1969)
- 27. O qızı tapın (film, 1970) – bəstəkar
- 28. Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
- 29. Mahnı qanadlarında (film, 1973)
- 30. Nəsimi (film, 1973) – bəstəkar
- 31. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- 32. Dərviş Parisi partladır (film, 1976) – bəstəkar
- 33. Xoşbəxtlik qayğıları (film, 1976) – bəstəkar
- 34. Şir evdən getdi (film, 1977) – bəstəkar
- 35. Qayınana (film, 1978) – bəstəkar
- 36. Əlavə iz (film, 1981) – bəstəkar
- 37. Nəğməkar torpaq (film, 1981)
- 38. Əzablı yollar (film, 1982) – bəstəkar
- 39. Musiqi müəllimi (film, 1983) – bəstəkar
- 40. Damğa (film, 1984)
- 41. Layiqli namizəd (film, 1984)
- 42. Tənha narın nağılı (film, 1984) – bəstəkar
- 43. Cinayətin astanası (film, 1985)
- 44. Sökmək asandır. (film, 1985)
- 45. Xüsusi vəziyyət (film, 1986) – bəstəkar
- 46. Küləyapardı (film, 1986)
- 47. Mən Bakıda yaşayıram (film, 1986)
- 48. Sürəyya (film, 1987) – bəstəkar
- 49. Ürək nəğməsi (film, 1989)
- 50. Nakəs (film, 1991) – bəstəkar
- 51. Özüm və zaman haqqında (film, 1991)
- 52. Qayıdış (film, 1992)
- 53. Hər şey yaxşılığa doğru (film, 1997)
- 54. Tikdim ki, izim qala. II film (film, 1997)
- 55. Kədərimiz. Vüqarımız. (film, 1998)
- 56. Tikdim ki, izim qala. III film (film, 1998)
- 57. Məhv olmuş gündəliklər (film, 1999)
- 58. Mirzə Babayev (film, 2001)
- 59. Musiqişünas (film, 2001)
- 60. Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(AzTV) – musiqisindən istifadə edilən bəstəkar
- 61. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- 62. Azərbaycan naminə (film, 2005)
- 63. Unudulmuş qəhrəman (film, 2005)
- 64. Ailəm (film, 2006)
- 65. Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
- 66. Bakı bağları. Mərdəkan (film, 2007)
- 67. Bakı bağları. Türkan (film, 2007)
- 68. Qəmbər Hüseynli (film, 2007)
- 69. Absurdistan (film, 2008) (tammetrajlı bədii film) – musiqisindən istifadə edilən bəstəkar
- 70. İstanbul reysi (film, 2010)
- 71. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) – musiqisindən istifadə edilən bəstəkar
Mahnıları
- Şövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – Laylay – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
- Şövkət Ələkbərova – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
- Şövkət Ələkbərova – Rusiya mahnısı – sözlər: Ənvər Əlibəyli
- Şövkət Ələkbərova – Gül oğlum – sözlər: Zeynal Cabbarzadə
- Rəşid Behbudov – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
- Rəşid Behbudov – Sənə də qalmaz – sözləri: Rəsul Rza
- Rəşid Behbudov – Qızıl üzük – sözləri: Rəsul Rza
- Rəşid Behbudov – Bakı – sözlər: Zeynal Cabbarzadə
- Akif İslamzadə – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
- “Qaya” vokal ansamblı – Toy mahnısı – sözlər: Zeynal Cabbarzadə
- Mirzə Babayev – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
- Azər Zeynalov – Bəxtəvər oldum – sözlər: Xaqani Şirvani
Comments are closed, but trackbacks and pingbacks are open.