Press "Enter" to skip to content

Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri”

YAŞAR QARAYEVİN YARADICILIĞINDA MİLLİ İSTİQLAL PROBLEMİ

Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində

Tənzilə Rüstəmxanlı

YAŞAR QARAYEVİN YARADICILIĞINDA MİLLİ İSTİQLAL PROBLEMİ

Milli İstiqlal ideyasının meydana çıxması və inkişaf yolları XX yüzil Azərbaycan ədəbi-nəzəri fikrinin ən parlaq simalarından olan AMEA-nın müxbir üzvü Yaşar Qarayevin yaradıcılığında ardıcıl və dərindən araşdırılan mövzulardan biridir.
Bu mövzunun öyrənilməsinə görkəmli ədəbiyyatşünas alimin nə qədər ciddi əhəmiyyət verdiyini dərk etmək üçün onun bu il AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxmış 5 cildlik “Seçilmiş Əsərləri”ni gözdən keçirmək yetərlidir.
Beşcildliyin nəşri ədəbi-mədəni həyatımızın mühüm olaylarından biri olmaqla çağdaş ədəbiyyatşünaslığımızın nəzəri və elmi səviyyəsini göstərmək baxımından da çox mühüm hadisədir və filoloqlara, ədəbiyyatımızın tədqiqi ilə məşğul olan alimlərə gözəl hədiyyədir.
Yaşar Qarayevin araşdırma dairəsi çox genişdir; o, təkcə ədəbiyyatşünas və tənqidçi deyil, həm də görkəmli teatrşünas, mədəniyyətimizin çeşidli sahələrinin nüfuzlu araşdırmaçısı, xalqın milli varlığı ilə, türkologiyanın bir sıra sahələrin öyrənilməsi ilə ardıcıl məşğul olan böyük Vətənşünas, millətşünasdır. Onun “Seçilmiş əsərləri”ndə min ildən artıq bir dövrü əhatə edən bədii ədəbiyyatımızın təhlili bütün türk-islam dünyasının mənəvı dəyərləri fonunda, ən yüksək nəzərimetodoloji səviyyədə, yüksək intellektlə, ədəbiyyatşünaslığımızda bənzəri olmayan obrazlı bir dillə aparılır. Akademik İsa Həbibbəylinin sözləriylə desək: “Yaşar Qarayevin elmi fəaliyyətinin cövhərini, əsasını, nüvəsini təşkil edən məsələlər milli ədəbi-ictimai fikrin aparıcı problemləridir.” (Yaşar Qarayev: yaxından və uzaqdan. Məqalələr, xatirələr. Bakı. Sabah nəşriyyatı. 2016. Səh. 5)
Yaşar Qarayev mütəfəkkir bir nəzəriyyəci, filosof tənqidçi kimi bədii ədəbiyyatı heç vaxt həmin ədəbiyyatın yarandığı dövrün ictimai hadisələrindən ayrı, mücərrəd, qeyri-müəyyən bir mühitdə təhlil etməmişdir. Ədəbiyyata xalq həyatının güzgüsü kimi baxdığından onun əsərlərində bədii sözümüzə verilən qiymətlə yanaşı, tarixi olayların da milli-siyası dəyərləndirilməsi var və bu iş xalqların, millətlərin mənəvi – milli intibah təcrübələri nəzərə alınmaqla aparılır. Bu mənada Yaşar Qarayevin elmi fəaliyyəti xalqın taleyindən, ölkədə gedən ictimai-siyasi proseslərdən ayrı təsəvvür edilə bilməz. Onun yaradıcılığında həm də ictimai fikir tariximizin qədim və geniş mənzərəsi var. Bu mənzərəni fərqləndirən və gözəlləşdirən cəhətlərindən biri, heç şübhəsiz, onun başdan ayağa vətən sevgisiylə yogrulmasındadır. Quru nəzəriyyəçilik ardınca getməyən alım üçün, həm klassik, həm çagdaş ədəbiyyatımıza münasibətdə əsas meyar milli ideallara bağlılıqdır. Hansı əsər milli taleyimizdə hansı rolu oynayıb? Bu sual onun ədəbitənqidi əsərlərinin əsas meyarlarındandır. Seçilmiş əsərlər alimin az qala yarım əsrlik bir yaradıcılıq axtarışlarının məhsuludur. Əslində 5 cildin hər birinin ayrılıqda təhlil edilib qiymətləndirilməsinə ehtiyac var. Bizi maraqlandıran mövzu, yəni bədii ədəbiyyat və milli istiqlal problemi Yaşar Qarayevi bütün yaradıcılığı boyu düşündürmüşdür. Hansı dövrün, hansı janrda yazılmış əsəri olur-olsun, Yaşar Qarayev onu təhlil edərkən bir meyarı də sözügedən əsərin milli mədəniyyətə və milli tərəqqiyə nə dərəcədə xidmət etməsi baxımından da dəyərləndirir.
Böyük alimin 4-cü və 5-ci cildlərində toplanan yazıların çoxu birbaşa bu mövzu iə bağlıdır. Ədəbiyyatşünaslığımızda və ictimai fikrimizdə bu problemin qoyuluşu və çağdaş nəzəri düşüncə və bilgiylə təhlili baxımından Yaşar Qarayevin “Tarix: yaxından və uzaqdan” əsəri ilə müqayisə oluna biləcək əsər tapmaq çətindir və bəlkə də hələlik mümkün deyil. Bu baxımdan 4-cü cilddəki “Azərbaycan ədəbiyyatı – yaxın və uzaq tarixlər” bölümünü gözdən keçirmək yetərlidir.
Miflər və əsatirlər, folklor, yazılı ədəbiyyatımızın çoxəsrlik tarixi həm də milli düşüncəmizin yüksəliş yolu kimi öyrənilə bilər. Çünki millətin ruh aləmini, istək və arzularını söz sənəti qədər dəqiq əks etdirən, xalqın xarakterinin bütün mürəkkəbliyini bədii ədəbiyyat qədər qidalandıran başqa mənbə yoxdur.
Yaşar Qarayev bir sıra başqa araşdırmaçılar kimi, Azərbaycan xalqının istiqlal ugrunda mübarizəsini və bunun ədəbiyyata yansımasını yaxın əsrlərə (çoxları bu tarixi XIX yüzildən başlayır) bağlamır; istiqlal düşüncəsini bədii düşüncənin yaşıdı hesab edir. Bu baxımdan onun “Azərbaycanda bədii düşüncənin tarixini həm də milli istiqlal düşüncəsinin, xalqın və onun tarixi
taleyinin əks olunduğu bədii tarix hesab etmək olar” fikri (bax: Yaşar Qarayev “Seçilmiş əsərləri”. Bakı. “Elm” nəşriyyatı. V cild. səh.181) dəqiqdir, bu problemə yeni yanaşmadır və onun bu sahədəki araşdırmalarına xüsusi dəyər və orijinallıq qazandırmışdır.
Alim milli intibahın iki böyük qaynağını özəlliklə vurgulayır: birincisi, insan
azadlığı və azad insana sevgi, ikincisi də milli yaddaşın bərpası və güclənməsi. O, qeyd edir ki, böyük ədəbiyyat yalnız insanın və xalqın taleyi vahid bir problem kimi dərk ediləndə yarana bilər və Azərbaycan xalqının bədii təfəkkürünün inkişaf məntiqi də bunu təsdiq edir. “Bizim klassik şeirin, dramaturgiyanın, nəsrin, ədəbi-nəzəri fikrin məzmununda məhz azad insana, xalqa məhəbbətdən və onun tarixi taleyində ən yaxından iştirak etmək ehtirasından yüksək heç nə yox-
Yaşar Qarayev Azərbaycan xalqının bir millət kimi tarixi təşəkkülü ilə istiqlal şüuru və yeni tipli çağdaş ədəbiyyatın yüksəlişi arasındakı bağlılığı və sinxronluğu dəyərləndirərkən, bu prosesin həm də türk-islam aləmi üçün bir örnək rolu oynadığı qənaətinə gəlmişdir. Şübhəsiz, doğru yanaşmadır.
Onun fikrincə, milli intibah milli yaddaşın bərpasından başlanır; insanlıq unutqandır, yaratdığıdını dağıdır, yazdığını yandırır, tarix məhv edilir, sivilizasıyalar hər şeyi sıfırdan başlamağa məcbur olur. Azərbaycan xalqına qarşı ən böyük düşmənçilik onu öz kökündən, tarixi, etnik, milli-mədəni coğrafiyasından qoparmaq siyasəti olub. Xalq özünü yalnız halal dünyasının genişliyində olduğu kimi dərk edə bilər.
Yaşar Qarayevin bu yanaşması təkcə Azərbaycanda deyil, bütün türk xalqları arasında ədəbiyyat və mədəniyyət tarixinə baxışın başlıca konsepsiyası və yolu sayılmalıdır: “Müasir milli türk ədəbiyyatları qədim ümumtürk şifahi və yazılı ədəbiyyatının bilavasitə varisidir və bu ədəbiyyatların genetik – funksional vəhdətinin metodoloji cəhətdən ən müasir səviyyədə öyrənilməsinin, “ümumtürk ədəbiyyatı tarixi”nin bütöv, yekdil, vahid ədəbi proses halında təhlil olunmasının çoxdan vaxtı çatmışdır”. Bax: Y. Qarayev. Seçılmış əsərləri. IV cild. “Elm nəşriyyatı”, Bakı, 2016. Səh. 64)
Yaşar Qarayev “ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru!” gedən yolda türk xalqlarının əsas mənəvi güc mənbəyinin söz sənəti olduğunu göstərməklə yanaşı, bu fikrini bədii-nəzəri misallarla əsaslandırır. Bu yolun başlandığı mifik düşüncədən çağdaş ədəbiyyatımıza qədər uzun bir yolun ədəbi materiallarını gözdən keçirir. Özəlliklə islamaqədərki dövrün ən qədim mif, əsatir və başqa şifahi xalq ədəbiyyatı nümunələrinə Yaşar Qarayev yanaşması bütün türk dünyası üçün ümumiləşmiş bir elmi formul kimi qəbul edilə bilər. Ən əski çağların bizə çatmış ən əski mənbələrinin təhlilində Yaşar Qarayevin elmi təfəkkürünün və təhlilə cəlb etdiyi materialın zənginliyi diqqəti cəlb edir. Bu yerdə o, həm də tarixi, etnoqrafiyanı, coğrafiyanı, dini, mədəniyyətşünaslığı, dilşünaslığı yüksək səviyyədə bilən və birgə, qovuşuq bir şəkildə gözdən keçirib, dəqiq elmi nəticələr çıxarmağı bacaran nəhəng, ensiklopedik bir zəka sahibi kimi görünür. Gəldiyi bir çox nəticələr türkologiyada son söz sayıla bilər.
Bu nəticələrdən biri, millət və dövlət kimi var olmanın təməlində sözün dayanmasıdır. Bu fikrini alim dəqiq ifadə edir: “Bütövlükdə türklük miqyasında vəhdətin və bütövlüyün – mənəvi Türanın memarları məhz onlar – manaslar, gilqamışlar, qorqudlar olmuşdur. Ortaq türk tarixi şüurunu böyük türk əcdadlarımız birlikdə yaradıb, ona sahiblik şüurunu isə gərək biz hamımız bir yerdə yaradaq”. (Bax: Yenə orada, səh. 74-75.)
Bu gün mövcud olan türk dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının “mənəvi Turanın” övladları olduğunu nəzərə alsaq, milli vəhdətin və bu niyyətə xidmət edən və ya bu istəkdən doğan milli dövlətimizin, milli istiqlalın da bədii və onun davamı olan ictimai sözə borcu olduğu ortaya çıxır.
“Anadilli ədəbiyyatda islam modeli və poetikası, təsəvvüf və ürfan-Qorquddan Füzuliyə qədər artan, çoxalan istiqamətdə, Füzulidən Vaqifə qədər isə çökən, enərək üzanan xətlə hərəkət edir və Mirzə Fətəli Axundzadədə (mətndə Axundov – T. R.) özünü tamam tükətdikdən sonra Əli bəylə, Hadi və Sabirlə yenidən “yuxarıya qalxan” xəttin davamına çevrilir. . Axundzadədə poeziya da tükənir və o, dindən ateizmə və şeirdən nəsrə (yaxud məsur drama) eyni zamanda keçir.” (Yenə orada, səh.97-98) Ədəbiyyatımızın inkişaf yolunun bu modeli Yaşar Qarayevin təhlilində həm də milli intibahın istiqlal uğrunda mübarizə mərhələsinə gətirib çıxaran yolun şəklini cızır.
Azərbaycanda milli istiqlal şüurunun gəlişməsində, milli mənliyin dərkində və milli azadlıq ugrunda mübarizənin güclənməsində realist nəsrimizin, dramaturgiyamızın özəl rol oynadığını göstərməklə yanaşı, bu işdə H. Zərdabi ilə başlanan milli mətbuatımızın istisnasız xidmətlərini vurğulayan görkəmli alim bu baxımdan Ə.Hüseynzadədən, Ə.Ağaoglundan Məmməd Əmin Rəsulzadəyə qədər ictimai fikrimizin XlX yüzilin sonu və XX yüzilin əvvəllərində yaşamış qüdrətli aydınlar ordusunun milli taleyimizdə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı misilsiz xidmətlərini ümumi ədəbi-siyasi proseslər fonunda təhlil edir. Haqlı olaraq göstərir ki, “Hətta üçrəngli bayraq da cəmiyyətdən, dövlətdən əvvəl poeziyanın səmasında dalğalanmağa başlayır.” (Yenə orada, səh.183-184).
Yaşar Qarayev bədii düşüncə qəlibində yaşayıb inkişaf edən milli təfəkkürün 20-ci yüzildə üç mühüm mərhələdən keçdiyini qeyd edir: 1905-1920-ci illər, 1920-1990-cı illərin sovet epoxası, 1990-cı ildən başlayan milli-ədəbi inkişaf mərhələsi. O, bədii çalışmaların istiqlal şüuruna çevrilməsi baxımından 1905-ci ildən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədərki illərin ən məhsuldar illər olduğunu qeyd edir. O dövrün mətbuatı və ədəbiyyatı milli istiqlalın milli mövcudluğu içində əsas amil olduğunu xalqa çatdıra və dərk etdirə bilmişdi.
Lakin bu mərhələlərin başında bu günün özündə də milli məfkurə mənbəyi olan nəhəng bir realizm irsi dayanır. Bu da M.F.Axundzadə irsidir. Y.Qarayev 188 Tənqid və ədəbiyyatşünaslıq haqlı olaraq yazır ki, M.F.Axundzadə o dövrün “univesiteti, teatr və akademiyası, milli ensiklopediyası, ədəbiyyat və fəlsəfə institutu olub”. (Yenə orada, səh.188)
Milli istiqlal şüurunun inkişafında Azərbaycan maarifçilik məktəbinə daxil olan yazarların əməyi, bütün Şərqdə türklüyün dərki və gəlişməsində Əli bəy Hüseynzadə mərhələsi də Yaşar Qarayev tərəfindən sistemli və yüksək elmi üslubda təhlil edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, Yaşar Qarayevə görə, milli intibahın əsas enerji mənbələrindən biri də milli yaddaşdır. XX yüzil bütövlükdə Azərbaycan türklərinin milli yaddaşının diriliş yüzilidir. Təsadüfi deyil ki, onun “Seçilmiş əsərləri”nin dördüncü cildi (“Tarix: yaxından və uzaqdan”) bütövlüklə milli yaddaş problemlərinə, həm də bütövlükdə Türk dünyasının yaddaş probleminə həsr olunub.
Ruh və mənəviyyatın, gözəllik və həqiqətlərin kodlaşdırılıb zamandan zamana ötürülməsi olmasa, yəni yaddaş itsə, bəşəriyyətin tanrı tərəfindən proqramlaşdırılmış genetik davamlılığı itər. Ədəbiyyat təkcə yaddaş saxlancı deyil, həm də bu yaddaşın hər yeni nəsil üçün dirilib gücə, enerjiyə, silaha, dünyanı fəlakətə aparan, bu yaddaşı qırmaq istəyən şərlə, manqurtluq “ideologiyası” ilə mübarizə vasitəsinə çevrilir. Buna görə də hər xalq əlində olan dəyərləri, o cümlədən azadlığını, milli intibahını öz yaddaşına borcludur. Bu yaddaş nə qədər möhkəm və zəngindirsə, nə qədər yaxşı qorunursa, onun üstündə qurulan gələcək də o qədər çağdaş və davamlı olacaq.
Yaşar Qarayev filosof-tənqidçidir və ədəbiyyatımızın tarixini məhz dünya fəlsəfəsinin zəngin təcrübəsi əsasında, mükəmməl bir üslubla, dilimizin ifadə imkanlarının zirvəsində təhlil edir və ədəbiyyatımızın həm də yaddaş çərçivələrini müəyyənləşdirir, fikir tariximizi həm də yaddaş prinsipi ilə dövrləşdirir. Onun təhlilində yaddaşın bütün tarixi milli intibaha gətirən yoldur və böyük ədəbi abidələrimizin, böyük yazarlarımızın yaradıcılığı bu yolun müxtəlif mərhələləridir: “Axundovla başlayan bədii yaddaş – Azərbaycan türk intibahı”; “Nəsrin və səhnənin ağrı yaddaşı – Cəlil Məmmədquluzadə”; “Kökünə və bütövlüyünə bağlayan yaddaş – Əli bəy Hüseynzadə”; “Cümhuriyyət dövrü və onun poeziyada yaddaşı – Əhməd Cavad”; “Ən yeni dövrün Azərbaycan
ədəbiyyatı – iyirminci illərdən günümüzə qədərki yaddaş”; “Milli mənin yaddaşı – azərbaycançılıq” və sair.
Beləliklə, Yaşar Qarayevin “Seçilmiş əsərləri”nin beşcildliyi – islamaqədərki Azərbaycan – türk ədəbiyyatından üzü bəri söz sənətimizin bütün zəngin tarixi haqqında, onun bütün dövrləri, metodları, janrları, üslubları, böyük yaradıcıları haqqında akademik Bəkir Nəbiyev demiş, “Böyük Ağılın gücü və əbədi Ruhun məsumlugu ilə” yazılmış mükəmməl bir ədəbiyyatşünaslıq abidəsi olmaqla yanaşı, həm də xalqımızın miflərdən üzü bəri, sözdə, bədii ədəbiyyat nümunələrində qorunan, milli şüura qida verən mənəvi dəyərlərin yaranma tarixinə, milli istiqlal tarixinə bənzərsiz bir girişdir.

“Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri”

Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” (Bakı, “Elm və təhsil”, 2017) monoqrafiyası Azərbaycan ədəbiyyatında zəngin tarixə və ədəbi-fəlsəfi örnəklərə malik olan mühacirət ədəbiyyatının formalaşması, tarixi mərhələləri və ədəbiyyat tariximizdəki yerinin qiymətləndirilməsinə həsr olunmuş əhəmiyyətli bir kitabdır. Tanınmış tədqiqatçı alimin bu vaxta kimi mühacirət ədəbiyyatı ilə bağlı yazdığı çoxsaylı məqalələrində bir çox məsələlər araşdırılmışdır. Bu kitabda isə B.Əhmədli Azərbaycan mühacirət ədəbiyyatını vahid nəzəri konsepsiya çərçivəsində tədqiq etmiş, sistemləşdirmiş, ayrı-ayrı tarixi mərhələləri müəyyənləşdirmiş, mübahisəli məqamlarla bağlı konkret mülahizələr irəli sürmüşdür.

Məlum olduğu kimi, Azərbaycan mühacirət ədəbiyyatının bəzi məsələləri tədqiqatçılarımız tərəfindən araşdırılmışdır. Ədəbiyyat tariximizi və ədəbi yaradıcılığın mühacirət formasını dərindən bilən B.Əhmədlinin bütün problemləri diqqətə alaraq və məlum olmayan bir çox faktları ilk dəfə şərh edərək təqdim etməsi monoqrafiyanın əhəmiyyətini, yeni istiqamətini və vacib bir məsələyə həsr olunduğunu göstərməkdədir.

Mühacirətdə yaşamış ictimai-siaysi xadimlər, ömürlərini milli mücadilə uğrunda fəda edən şəxsiyyətlərimiz və ədiblərimizə – M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu və Gültəkinin (Əmin Abid) əziz xatirəsinə həsr edtiyi bu önəmli monoqrafiyada B.Əhmədli elə, ilk növbədə, həmin böyük insanların yaradıcılığının bizə az məlum olan tərəflərini diqqət mərkəzində saxlayır. Müəllif M.Ə.Rəsulzadənin daha az tədqiq olunmuş poetik nümunələrini təhlil edir, böyük ictimai-siyasi xadim və milli düşüncəmizin banilərindən biri olan M.Ə.Rəsulzadənin şeirlərində də yeni poetik formalardan istifadə etdiyini, “Füyuzat” jurnalında dərc olunan poeziya örnəklərində ideya, mövzu və üslüb baxımından özünəməxsus istiqamətə malik olduğunu qeyd edir. Kitabda müəllifin M.Ə.Rəsulzadənin “İsmayıl Qasprinskiyə” adlı şeirindən gətirdiyi nümunə bir tərəfdən böyük Məhəmməd Əminin türkçü dünyagörüşünü ifadə edirsə, digər tərəfdən B.Əhmədlinin təqdim etdiyi örnəklərdə seçici olduğundan xəbər verir:

Ey Ulu Türk! Sən Krımın

Vəhşilərə əsir olmuş,

Zalım taxlar qurulmuş,

Şərəfləri unudulmuş bir torpağı üstündə.

Onun səni qan ağladan

Qara bəxti önündə

“Oyan”, – deyə hayqırdın.

Monoqrafiya dörd bölmədən ibarətdir və hər bir hissə əhəmiyyətli bir problem üzərində qurulmuşdur. Kitabın vacib cəhətlərindən biri ondan ibarətdir ki, burada sadəcə mühacirət ədəbiyyatımızın təşəkkül tarixi, mərhələləri, ayrı-ayrı şəxsiyyətləri və mühacirətin yaradıcılıq formalarından bəhs olunmur, eyni zamanda, sözügedən mövzular ətrafındakı problemlər araşdırılır. Çünki bu sahədə fərqli, yaxud da ciddi və konseptual şəkildə ifadə edilməsinə ehtiyacı olan məsələlər az deyildir. Düşünürük ki, B.Əhmədlinin bu kitabı bir çox məsələlərdə qəti fikirlər əldə etməyə yardım edəcəkdir.

Mühacirət ədəbiyyatının təşəkkülü, onun xarakteri və mərhələləri, araşdırılması problemlərini tədqiq edərkən B.Əhmədli, haqlı olaraq, Azərbaycan mühacirət ədəbiyyatının tarixini XX əsrlə məhdudlaşdırmır, VII-XI əsrlərdə Azərbaycandan Ərəbistana köçürülərək “məvali” adı verilən bir çox şairlərimizin ədəbi irsini ilk mühacirət nümunələri kimi dəyərləndirir. Bu məqamları araşdırarkən müəllifin mühacirət ədəbiyyatının nəzəri məsələlərinə də diqqət yetirilməsi, digər xalqların yaratdığı anoloji ədəbiyyatla müqayisəsi də kitabda çox əhəmiyyətli cəhət kimi qiymətləndirilməlidir.

Kitabda yeni tendensiya və məsələlərin olduğunu qeyd etdik. “Azərbaycan mühacirətinin formalaşmasında Polşa amili” bölməsi də kitabın vacib hissələrindən biri olaraq ədəbiyyatşünaslığımızın yeni bir problemini ortaya qoyur. “Lakin siyasi düşüncə etibarilə təqib olunanlar içərisində böyük bir qism insanların Avropaya yerləşməsi də baş verdi ki, bu ölkələr içərisində Polşanı xüsusi qeyd etmək lazım gəlir” deyən B.Əhmədli mühacirlərin “Prometey” kulubunun və “Qafqaz İstiqlal Komitəsinin” yaradılmasının Polşanın ictimai-siyasi mühiti ilə bağlı olduğunu yazır. Polşadakı mühacir nəşrlər, Polşa arxivlərində Azərbaycan siyasi mühacirəti ilə bağlı nümunələr, sənədlər, M.Ə.Rəsulzadənin bir müddət Polşada yaşaması, onun polyak rəsmi dairələrində çalışan şəxsiyyətlər ilə məktublaşması, milli mücadilə tariximizin Avropa ölkəsi ilə bağlı məsələləri yer almış, bır sıra qaranlıq məqamlara işıq tutulmuşdur.

“Mühacirət ədəbiyyatının problemləri” adlı başlığı ilə B.Əhmədli daha çox müzakirələrə səbəb olan mühacirət poeziyası, Legion ədəbiyyatı, Qurban Səid və yazıçının “Əli və Nino” romanı ətrafındakı məsələləri geniş şəkildə araşdırır. Bu problemlərin şərhi ilə müəllif həm mühacirət ədəbiyyatının fərqli qollarını öyrənir, həm də sözügedən sahədə filoloji fikrin mübahisəli məqamlarına aydınlıq gətirir.

Türkiyə, Hindistan və Suriyada mühacirət ənənələri olan Azərbaycan ədəbiyyatının XX əsr mərhələsində milli istiqlal mövzusuna köklənməsi B.Əhmədlinin xüsusi vurğuladığı məsələlərdəndir. “Yeni Kafkasiya”, “Odlu yurd”, “Türk amacı”, “Azərbaycan yurd bilgisi” və s. kimi mühacirət mətbuatında geniş vüsət alan milli istiqlal mövzusu kitabda çox maraqlı örnəklərlə təqdim edilir. Görkəmli mühacir ədibimiz Gültəkinin “Kork” şeirinin nəşri tarixi haqqında əhəmiyyətli faktları təhlil etdikdən sonra müəllif şairin bu milli ruhlu şeirindən nümunə verir:

Heybetli asırlar aşan Türküm ben,

Yatakda ölene şaşan Türküm ben,

Dünyaya sıxmayıb taşan Türküm ben,

Gittikce büyüyen Turanımdan kork!

“Personaliya” başlığı ilə B.Əhmədli mühacirət ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında oçerklər təqdim edir. Xüsusi qeyd etmək lazımdır ki, araşdırmalarda bu zamana kimi öz yerini tapmamış bir sıra məsələlər ilk dəfə bu kitabda qələmə alınmışdır. Kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Almas İldırım və Gültəkin kimi mühacir ədiblərimizin həyat və yaradıcılığı haqqında çox maraqlı məqamları öyrənirik. İstiqlalı yaşadan mühacirət poeziyamızın araşdırılması da milli ədəbiyyatımızın ən önəmli sahələrindən birinin şərhi kimi son dərəcə əhəmiyyətlidir.

Mühacirət mətbuatının təşəkkülü, inkişafı, ayrı-ayrı mətbuat orqanlarının fəaliyyəti, onlarda dərc edilən əsərlərin forma və məzmun cəhətdən təhlili B.Əhmədlinin monoqrafiyasında xüsusi qeyd olunmalı cəhətlərdəndir. Məlumdur ki, mühacirət ədəbiyyatını reallaşdıran sahələrdən ən önəmlisi mətbuatın yaranmasıdır. M.Ə.Rəsulzadənin “konuşduğu lisanda ilk qəzetəyə malik olan cəmiyyət, bir milliyyət ikən millət olmağa başlamış deməkdir” sözləri ilə milli mətbuatın formalaşmasının zəruriliyinə və tarixi missiyasına diqqəti çəkən müəllif mühacirət ədəbiyyatımızın öyrənilməsində vacib sahə olan mətbuatı geniş planda tədqiq edir. Burada bir çox ölkələrdə fəaliyyət göstərmiş mühacirət mətbuatımızın tarixi fəaliyyəti və əhəmiyyətli işlərini görürük. “Azəri-türk”, “Yaşıl yaprak”, “Azərbaycan”, “Milli atəş”, “Ergenekon”, “Kutlu od” və digər çoxsaylı mühacir mətbuat orqanlarımız haqqında kitabdan məlumat almaq mümkündür.

B.Əhmədlinin mühacirət ədəbiyyatı sahəsində yazılmış tədqiqatları dəyərləndirməsi, tənqidi fikirlərlərində məsələni obyektiv mülahizələrlə əsaslandırması monoqrafiyada vacib məqamları ifadə edir.

B.Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası Azərbaycan mühacirət ədəbiyyatını ardıcıl, sistemli, nəzəri konsepsiya daxilində, vacib örnəklərə istinad edərək araşdıran əhəmiyyətli bir kitabdır. Kitab elmi ictimayətimizə bir töhfə, ədəbiyyatşünaslıq elmimizə əhəmiyyətli bir xidmətdir.

Kitab milli kültürümüzün, ədəbiyyatımızın milli istiqlal və mücadilə tarixinin ifadəsidir.

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir

2016-cı il dekabr ayının 6-da ADPU-nun Filologiya fakültəsində fakültə dekanlığının və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda professor-müəllim heyətinin, tələbələrin və mütəxəssislərin iştirakı ilə tədbir keçirildi.
Tədbiri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov açdı.

Giriş sözündə professor H.Qasımov müstəqillik dövründə ictimai-siyasi, mənəvi-əxlaqi və pedaqoji sahələrdə ölkəmizin qazandığı böyük uğurlardan danışdı. Müstəqillik dövründə dövlətçiliyimizin təməlində duran vətəndaşlıq düşüncəsinin formalaşmasında ədəbiyyatın müstəsna rolunu vurğuladı, “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda keçirilən tədbirin bu mənada son dərəcə aktual və müasir olduğunu qeyd etdi.

Himalay müəllim müəyyənləşdirilmiş mövzu ilə bağlı kafedranın professoru Təyyar Salamoğlunun məruzə edəcəyini bildirdi. O, professor T.Salamoğlunun respublikamızda nüfuzlu ədəbiyyatşünas və tənqidçi kimi tanındığını, mövzu ilə bağlı tədbir iştirakçılarına əhatəli məlumat verəcəyinə əminliyini ifadə etdi.

Professor T.Salamoğlu mövzu ilə bağlı məruzəsində Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi ilə bağlı ədəbiyyatşünaslığın qarşısında duran vəzifələrdən söhbət açdı. Professor T.Salamoğlu məruzəsində XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi ilə bağlı problemlərə aydınlıq gətirdi. Məqsədini elmi şəkildə gerçəkləşdirmək üçün o, XX əsrin əvvəlləri və Sovet dövrü ədəbiyyatına elmi-nəzəri və metodoloji münasibətin əsas konturlarını ümumiləşdirdi və qarşıda duran vəzifələrdən danışdı. Professor T.Salamoğlu həm XX əsrin əvvəlləri, həm də Sovet dövrü ədəbiyyatına yeni ədəbiyyatşünaslıq düşüncəsi ilə yanaşmağı zəruri hesab edərək, bu düşüncəni gerçəkləşdirən konsepsiyasının mahiyyətini açıqladı. Məruzəçi hər bir bədii mətnə “yenidən oxu və dərk et” prinsipi ilə yanaşmağı və həmin mətnləri, postmodernist estetikada deyildiyi kimi, “bitib-tükənməz məna potensialı” prizmasından dərk və izah etməyi əsas elmi yol kimi təqdim etdi. M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Mir Cəlalın, M.Hüseynin, İ.Şıxlının və digər sənətkarların yaradıcılığından nümunələr əsasında “yenidən oxu və dərk et” konsepsiyasının sözügedən dövrün ədəbiyyatında mətnlərin alt qatlarında, gizli laylarında əks olunan milli düşüncə sisteminin və bəşəri dəyərlərin ifadəsini aşkarlamağın mümkünlüyünü sübut etdi.

Məruzədən sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli, professor Seyfəddin Rzasoy, professor Əzizxan Tanrıverdi, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, folklorşünas alim Qalib Sayılov məruzə ətrafında çıxış etdilər və bu tipli tədbirlərin gələcəkdə də davam etdirilməsini arzuladılar.

Comments are closed, but trackbacks and pingbacks are open.