Press "Enter" to skip to content

Əlağa kürcayli haqqinda tədbi r

Həmişə yanımdan ayrılmayan Əminə məndən qabaq Raisa xanıma tərəf qaçdı. Məktub Əliağadan gəlmişdi. İçərisində şəkil də var idi. Qeyri-ixtiyari diqqətlə baxdım. Oraya gedəndən sonra dəyişib, lap yaraşıqlı olmuşdu. Saçlarını da bir ayrı cür düzəltdirmişdi. Şəklin arxasında yazılmışdı: “Cırılsa da, hörmətli Şəhlaya yadigar”. Bir Əminəyə baxdım, bir də şəklə. Qızın gözləri maraqdan alışıb-yanırdı. Şəkli cırıb atdım zibilqabıya. Əminə gileyləndi:
– Ay qız, niyə cırdın? O elə təkcə sənin tələbə yoldaşın deyil ki. Verəydin, mən saxlayaydım.
– Sənə yazaydı, saxlayaydın. Onu mənə göndərib. Sən də hamıya yayacaqsan ki, Şəhlaya oğlan məktub yollayıb.

Əliağa Kürçaylı adlı bir şair vardı.

Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi. “Qu quşunun nəğməsi” şeirində dediyi kimi:

Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız.
Amma nəğmə ha.

“Ən xoşbəxt dəqiqələrimdə, ən sıxıntılı anlarımda da nədənsə birinci növbədə Kürü xatırlayıram”. 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı. Deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü. Və elə ilk şeirindəncə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?
– Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim.

Səməd Vurğun – “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” – deyir.
Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.
50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “. Yesenin poeziyada etiraf nöqtəsidir” – deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.
“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi.
Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.

Canım qurban elimə,
Çəmənimə, çölümə;
Elsiz, günsüz bir ömür
Başsız küləkdi – dedim.

Çox yanırsan dedilər,
Odlanırsan dedilər;
Vətən üçün alışan
Mən yox, ürəkdi – dedim.

Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi, məhəbbətlə qarşılanır.
Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram” – deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.
“Mənim ən yaxşı şeirim budur. Onun gözləri məni həyat yollarında azmağa qoymaz”. Əliağa Kürçaylı sevimli qızı Ülkər barədə belə deyirdi. Bilmirdi ki, dünyaya əlvida dediyi gün Ülkər atasını tək qoymayıb onunla uzun bir yola, əbədiyyət yoluna çıxacaq və dünyanın ən kədərli dastanlarından biri yaranacaq.

Bu nədir, saraldı, soldu şəfəqlər,
Dünyaya göz yumdu ata da, qız da.
Bu nədir, Ülkərsiz qaldı üfüqlər
Qaldı Kürçaylısız Kür çayımız da.

Bu misralar o dəhşətli gün – 1980-ci il fevralın 13-də Əliağa Kürçaylının və qızı Ülkərin qoşa məzarı başında Nəbi Xəzrinin qəlbindən süzülmüşdü.
Əliağa Kürçaylının ölüm xəbəri poeziyanı sevən, Kürçaylı sənətinə bələd olan hər kəsi sarsıtmışdı. 52 yaşında dünyasını dəyişən Kürçaylının ölüm xəbərini eşidən Xəlil Rza Ulutürk belə demişdi: “Müasir şeirimizin ən uca və barlı-bəhərli budaqlarından biri sındı”.
Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.
70-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. “Yollarda axtar məni”, ”Həyatın dolayları”, ”Dünya ağuşumdadır”, ”Bütövlük” kitabları işıq üzü görür. Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” – ümumilikdə 25 poeması çap olunur.
Əliağa təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.
Yəqin ki, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isə “Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.
“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.

Harda olsan gələrəm,
Təki sən səslə məni,
Darda olsan gələrəm,
Təki sən səslə məni.

Dünyada bir Kür çayı vardı. İndi də var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq indi də var. Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına və yarpaqlarına, bircə “Səslə məni” şeirini söyləyin. O, gələcək, mütləq gələcək.

Əlağa kürcayli haqqinda tədbi r

“El” jurnalı şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliağa Kürçaylı barəsində

Hərdən təəccüblənirdim. Onunla taleyimizdə o qədər bənzərlik vardı ki… Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla – həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq.

Bizim nəslə uşaqlığını şirin nağıl kimi yaşamaq qismət olmayıb. Bu dünyanın gedər-gəlməzi, qan-qadası, dərd-səri, göz yaşları hamımıza tanış idi. Çünki biz Böyük Vətən müharibəsi dövrünün uşaqlarıydıq. Ancaq yaşıdlarımızın bir çoxundan fərqli olaraq, Əliağa ilə mənim kədərli günlərim müharibəylə başlamamışdı. O, kiçik yaşlarından ata həsrətlisiydi. Uşaqlıqdan evləri başıpapaqlısız qalmışdı. Çünki atası onlardan ayrı yaşayırdı. Anası bir qızına, iki oğluna baxmaq üçün çox əzab-əziyyətə qatlaşmışdı. Evin böyük oğlu olan Əliağa da uşaq yaşlarından işləyib, evə qazanc gətirməli olmuşdu.

Mən də qəlbiqırıq böyümüşdüm. Düzdür, heç vaxt ehtiyacın nə olduğunu bilməmişəm. Amma gənc, gözəl anamın vaxtsız vəfatı uşaqlığıma dərd-qüssə gətirmişdi. Bu itki Cabbar əminin də belini bükmüşdü. Mənə – sonbeşik qızına görə özünü dözümlü göstərirdi. Mən isə anamdan sonra, elə bil, onu da itirməkdən qorxurdum. Yanından çəkilmirdim. Onunla birlikdə filarmoniyaya, “Azkonsert”ə, dükan-bazara da gedirdim. Azərbaycanın ən tanınmış xanəndələrindən biri nin qızıydım. Atama hər yerdə hörmət edildiyini görür, qürrələnirdim.

Cabbar əmi müharibə illərində ərzaqla xüsusi təmin olunan sənətkarlardan idi. Ona görə də tay-tuşlarım kimi aclıq, qıtlıq görmürdüm. Müharibənin ən ağır vaxtlarında uşaqların çoxu ehtiyac üzündən dərsə gedə bilmirdi. Şagirdsiz qalan siniflər, hətta məktəblər bağlanırdı. Evdə təhsilimə xüsusi nəzarət edirdilər. Bir məktəb bağlanan kimi məni başqasına keçirirdilər. Beləcə 3, 13, 150, 1, nəhayət, 132 saylı orta məktəblərə getdim. 132 saylı məktəbdə oxuyanda xəstələndim. Möhkəm soyuqlamışdım. Müalicəm uzun sürmədi. Ancaq bacılarım, yeznələrim “Hələ tamam sağalmamısan”, – deyib məni məktəbə buraxmadılar. O vaxt onuncu sinifdə oxuyurdum. Cabbar əmi artıq üç il idi dünyadan köçmüşdü. Bacılarım anasız qaldığıma görə həmişə məni əzizləyirdilər. Atamdan sonra isə mənə onun əmanəti kimi baxır, üstümdə əsirdilər. Böyük bacılarım neçə illər idi, bizim evdə yaşayırdılar. Onlar mənim nazımla oynayırdılar ki, atasızlığımın xiffətini çəkməyim. Amma o vaxt bacılarımın, yeznələrimin qayğısı mənə baha başa gəldi. Məktəbdən uzun müddət aralanmağım qiymətlərimə təsir göstərdi. Əvvəldən humanitar fənlərə həvəs göstərərdim. Ancaq o biri dərslərdən də qiymətlərim yaxşı idi. Sağalab məktəbə qayıdandan sonra həndəsədən, cəbrdən geri qalmağa başladım. Bacım Başxanımın həyat yoldaşı riyaziyyatçı idi. O, bir gün mənimlə ciddi danışdı:
– Şəhla, müharibə vaxtı çox uşaq məktəbi atmalı oldu. Sən isə dərsdən qalmadın. Amma indi sinifdə qala-
caqsan. Çünki cəbrdən iki almısan. İstəsən də çatdırıb qiymətlərini düzəldə bilməyəcəksən. Ona görə də səni 40 saylı axşam məktəbinə qoyacağam.

Bunu eşidən kimi başladım ağlamağa. İncik-incik dedim:
– Mən bilirəm axşam məktəbində kimlər oxuyur. Yaşlı kişilər, qadınlar… İşləyib ailələrini saxlayırlar. Məktəbə də gedirlər ki, onilliyi qurtarsınlar.
– Bəs onda necə olsun, qalasan onuncuda? Çəkdiyin əziyyətlər hədər getsin?
Çox istəyirdim yeznəmi razılığa gətirəm, məni axşam məktəbinə qoymasın. Ancaq o, israr edirdi:
– Bilirsən nə var? İndi getməsən, onuncunu qurtara bilməyəcəksən.
Yeznəm məni balası kimi istəyirdi. Bir az düşünüb ona haqq qazandırdım. 40 saylı məktəbdə oxumağa razılıq verdim.

Bu həmin il idi ki, Salyanın Kürqaraqaşlı kəndindən rayon mərkəzinə gəlib, dəmir yolunda fəhləlik eləyən Əliağanı “Azərbaycan gəncləri” qəzetində bir müddət əvvəl çap olunmuş “Sənin gözlərin” adlı ilk şeirinin qonorarını alar-almaz onu rayon Partiya Komitəsinin birinci katibi Məmməd Bağırovun yanına çağırmışdılar. Əliağa ürəyində nə baş verdiyini çək-çevir edə-edə qəbula gedir. Katib onu mehribanlıqla qarşılayır, oturmaq üçün yer göstərir: “Səni Bakıya, Yazıçılar İttifaqına çağırırlar”, – deyir. – “Özü də bilirsən kim çağırır? Səməd Vurğun”. Əliağa heyrətlə katibə baxır, ona elə gəlir, indi gördüklərinin hamısı yuxudur. Məmməd Bağırov isə üstündə “Azərbay-can Sovet Yazıçıları İttifaqı” yazılmış məktubu ona uzadır. Səməd Vurğunun adından gələn məktubda Məmməd Bağırovdan gənc şair Əliağa Kürçaylının – yəni onun birhəftəlik çörək talonu ilə təmin edilib, 1947-ci ilin 16 iyununda Azərbaycan Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsində iştirak etmək üçün Bakıya göndərilməsi xahiş olunurdu.
Katibin göstərişiylə Əliağaya birhəftəlik çörək talonu, yolpulu, hətta təzə kostyum da verilir. O, Bakyıa gəlir. Müşavirə günü Səməd Vurğun Əliağaya da söz verir. Adını məşhur şairin dilindən eşidən Əliağa həyəcanla kürsüyə qalxıb, utana-utana soruşur: “Danışım, ya şeir oxuyum?”. Şair onun şeir oxumasını istəyir. Əliağa müharibəyə həsr etdiyi “İlk bahar çiçəyi” və “Qurtardı” şeirlərini deyir. Şair soruşur:

– Harda oxuyursan?
– Oxumuram. Dəmir yolunda hesabdar işləyirəm.
Salonda gülüş qopur, Əliağa utanır, tez deyir ki, hesabdar idim, indi fəhlə işləyirəm. Səməd Vurğun “Gəl səni düzəldim universitetə”, – deyəndə, o, başını aşağı salır, kədərlə dillənir:
– Götürməzlər, kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm.
– Sən gəl, mən deyərəm, götürərlər.
Yanında əyləşmiş şair yoldaşları – Məmməd Rahim, Süleyman Rüstəm, Osman Sarıvəlli gülüb deyirlər ki, ay Səməd, Əliağa 9-cu sinfi qurtarıb, ali məktəbə götürməzlər. Səməd Vurğun çıxış yolu tapır:
– Onda gəl Bakıya, burda onuncu sinfi bitir, sonra universitetə daxil olarsan.

Əliağa bizim məktəbə gələndə dərslər çoxdan başlanmışdı. O, bizimlə eyni sinifdə oxumurdu. 40 saylı məktəbdə iki onuncu sinif vardı. Ancaq tez-tez dərslərimizi birləşdirirdilər. Bir gün yenə bizi bir sinfə yığmışdılar. Kimya dərsiydi. Yer çatmadığından, şagirdlərin çoxu partalarda üç-üç oturmuşdu. Kimya müəllimimiz Mehrəli müəllim yazı taxtasında məsələ yazırdı. Mən də onları dəftərimə köçürürdüm. Bütün diqqətim müəllimdəydi. Birdən parta yoldaşım Xalidə dirsəyi ilə qoluma toxundu: “Şəhla, bax gör, birinci sırada oturan oğlan sənə necə baxır”, – dedi. Başımı qaldırıb təəccüblə ona baxdım. Xalidə yenə pıçıldadı: “Ay qız, oğlan yazmır, bayaqdan gözlərini səndən çəkmir”. Qeyri-ixtiyari onun göstərdiyi səmtə baxdım. Yoldaşlarına nisbətən cüssəli olan Əliağa partaya yerləşmədiyindən, ayağının biri çöldə qalmışdı. Baxışlarımız qarşılaşanda, o diksindi. Özünü saxlaya bilməyib yıxıldı. Müəllim çevrilib baxanadək cəld qalxıb yerində oturdu. Mehrəli müəllim xəbər aldı: “O gurultu nə idi?”. Hamımız Əliağaya baxdıq. O, cavab vermədi, çox pərt görünürdü. Uşaqların heç biri Əliağanı satmadı.
Bundan sonra onun oğrun-oğrun mənə baxdığını anladım. Bir gün evə getməyə hazırlaşırdıq. Asılqandan paltomu götürəndə sinif yoldaşımız Rüstəm (o da sonra həkim oldu) mənə yaxınlaşıb ehtiyatla soruşdu:
– Kağızı götürmüsən?
– Nə kağız?
– Cibinə məktub qoyublar.

Məktubu cibimdən çıxardım. Başdan-başa şeiriydi. Oxumadan cırıb atdım. Rüstəm heç nə demədi, kağızın qırıqlarını yerdən yığdı. Sonralar bildim ki, aparıb Əliağaya verib. Mən isə o vaxt məktubun kimdən gəldiyini bilmədim. Öyrənməyə cəhd də göstərmədim. Əvvəldən ağırtəbiətli, ciddi qızıydım. Şairlər adam tanıyan olurlar axı. Əliağa da məni bu xasiyyətimə görə bəyənmişdi. Ancaq yenə məni sınaqdan keçirmək istəyib.

. Tənəffüs idi. Sinfə dönəndə gördüm ki, o, qapının ağzında dayanıb, bir əli ilə də yolu kəsib. Məndən qabaq gələn qızlardan bəzisi Əliağanın qolundan tutub itələyib ki, əlini çəksin, bəzisi də soruşub: “Qapını niyə bağlamısan?”. Əliağa isə məni gözləyib. Sonralar özü danışardı ki, səsini eşitmək arzusundaydım. Həm də bilmək istəyirdim, özünü necə aparacaqsan. Sən gəldin. Gördün ki, əlimlə qapını tutmuşam. Dillənmədin, qayıdıb fağır-fağır dəhlizdə gəzişməyə başladın. Zəng vurulanda gəldin. Özü də qaça-qaça yox, asta-asta girdin sinfə.

Müharibə başa çatsa da, çətinliklər qalırdı. Hələ də çörək talonla verilirdi. Əliağanın vəziyyəti daha ağırıydı. Yataqxanada yaşayırdı. Rayondan da pul göndərəni yox idi. Əvvəldən qürurluydu. Sıxıntı çəkdiyini bəlli etmək istəmirdi.

Artıq onuncu sinfi başa vurmaq üzrəydik. Şəhadətnamələrimizi alıb, hərəmiz bir yerə gedəcəkdik. Məktəbin həyətində dayanıb, elə bu barədə danışırdıq. Birdən məktəbin direktoru iş otağından çıxdı. Əlindəki mürəkkəbqabını bizə göstərdi: “Uşaqlar, mən bunun qapağını aça bilmirəm. Bunu kim aça bilər?”. Təkcə Əliağa irəli yeridi. Mürəkkəbqabını müəllimdən alıb, açanda onun içərisindəki mürəkkəb yaxasına töküldü. Direktor təəssüfləndi: “Vay-vay… Eybi yoxdur, evdə dəyişərsən köynəyini”.
Səhəri gün gördüm, həmişə mənimlə bir yerdə gəzib-dolanan Əminə xısın-xısın gülür. Əliağanı mənə göstərdi:

– Şəhla, dünən yaxasına mürəkkəb tökülən oğlana bax.
– Nə olub ki?
– Görmürsən?
Əliağanın əynində başqa köynək vardı. Amma yaxası yuxarı dartılmışdı. Əminə gülürdü:
– Deyirəm, bir kirvənkə götürək aparıb asaq onun köynəyinin yaxasından, düşsün aşağı.
Əminənin sözləri xoşuma gəlmədi. Ancaq susdum. Sonralar – nişanlı olduğumuz vaxtlar Əliağa mənə danışdı ki, o vaxt bircə köynəyim vardı, onun da yaxasına mürəkkəb dağıldı. Naəlac qalıb otaq yoldaşımın köynəyini geyindim. Oğlanın nə boyu, nə də çəkisi mənə uyğun gəlirdi. Ancaq neyləyə bilərdim?
O hadisəni Əminə heç vaxt yaddan çıxarmadı. Ölənədək mənə üzrxahlıq elədi: “Şəhla, o vaxt ağlıma gəlməzdi ki, siz bir-birinizə qismət olacaqsınız, yoxsa sənin yanında Əliağa barədə elə söz deməzdim”. O vaxt Əminəgil ağıllarına da gətirmirdilər ki, mən belə kasıb oğlanla ailə quraram.
. Orta məktəbi bitirdik. Əminəylə mən sənədlərimizi hazırlayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə apardıq. Orada Əliağayla qarşılaşdıq. Salamlaşdıq. Dəhlizdə dayanmışdıq. Dörd nəfər Əminəylə mənə yaxınlaşdı. Bizi dilə tutdular: “Müharibə illərində çoxlu tibb bacılarımız, həkimlərimiz həlak olub. Sənədlərinizi Tibb İnstitutuna verin. Tələbə ehtiyacımız böyükdür”. Əminə tərəddüdlə bir mənə, bir də onlara baxdı:
– Axı biz eşitmişik ki, Tibb İnstitutuna qəbul olunmaq çətindir.
Mən də onun sözlərinə qüvvət verdim:
– Biz ora daxil ola bilmərik.
– Sənədlərinizi burdan götürün, verin Tibb İnstitutuna. Lap bir suala cavab verməsəniz də, sizi qəbul edəcəyik.

Kənarda dayanıb, söhbətin gedişini izləyən Əliağa yanımıza gəldi. Narahat görünürdü. Bizə dedi: “Ay qızlar, birdən onların sözlərinə inanıb, Tibb İnstitutuna gedərsiniz ha… Orada meyitləri qoyacaqlar qarşınıza, sizə dərs keçəcəklər. Heyf deyil ədəbiyyat. Birinci imtahanımız yazılı olacaq. Mən sizə kömək edəcəyəm”. Onun sözləri ağlımıza batdı. Sənədlərimizi Tibb İnstitutuna verməkdən vaz keçdik. Əliağa da sözünün üstündə dayandı. Ədəbiyyatdan yazılı imtahanda bir gözü müəllimdə gah Əminəyə, gah da mənə deyirdi. Onun zəhməti hədər getmədi, Əminə də, mən də dörd aldıq. Əliağanın qiyməti isə əla oldu. Yerdə qalan imtahanları da verdik. Gözlənilən gün gəldi. Getdik universitetə nəticələri öyrənməyə. Dəhlizdə siyahı asılmışdı. Məktəbə daxil olan tələbələrin arasında Əminənin də, Əliağanın da adı var idi. Siyahını bir neçə dəfə oxudum. Orada bircə Şəhla var idi. Onun da soyadı Korqoqdu idi. Nagüman dekanlığa yollandım. Çəkinə-çəkinə soruşdum:
– Siyahıda mənim soyadım yoxdur. Bircə Şəhla Korqoqdu var. Bəlkə bu başqa Şəhladır?
– Yox, sizin adınızdır.

Qaryağdıoğlu çətin soyad oldu-ğundan, həm rus, həm də Azərbay-can dilində soyadımı Korqoqdu yazmışdılar. Uşaqların yanına qayıdıb, universitetə daxil olduğumu söylədim. Məni təbrik etdilər. Əliağa gülə-gülə mənə sataşdı: “Səni Koroğlu yazmaq istəyirmişlər”.
Universitetə daxil olmağımın səbəbkarı Əliağa oldu. O olmasaydı, bəlkə də Tibb İnstitutundan gələnlərin sözlərinə baxıb həkimliyə gedə-cəkdik. Sonralar bildim ki, Əliağa bunu ona görə edib ki, mən yanında olum. Amma elə təzəcə üz-gözümü görməyə öyrəşirdi ki, onu Azərbay-can Yazıçılar İttifaqına çağırıb dedilər: “Səni Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndəririk”. Etiraz etmək olmazdı. O da getdi.

Ürəkdən sevmək bir başqa cür olur. Biri qəlbində özünə taxt-tac qurdumu, onu unutmaq daha müşküldür. Əliağa da məni ürəkdən sevmişdi. Ona görə də heç zaman yaddan çıxarmırdı. Mən bunu o gün anladım…
Tənəffüsdə dekanlıqdan Raisa xanım gəldi. Əlindəki məktubu mənə uzatdı:
– Sizə Moskvadan məktub gəlib.
– Bəlkə səhv edirsiniz? Mənim orada nə qohumum, nə də tanışım var.
– Qaryağdıoğlu Şəhla Cabbar qızı siz deyilsiniz?
– Mənəm.
– Məktubun üstündə belə yazılıb. Biz bunu başqasına verə bilmərik.

Həmişə yanımdan ayrılmayan Əminə məndən qabaq Raisa xanıma tərəf qaçdı. Məktub Əliağadan gəlmişdi. İçərisində şəkil də var idi. Qeyri-ixtiyari diqqətlə baxdım. Oraya gedəndən sonra dəyişib, lap yaraşıqlı olmuşdu. Saçlarını da bir ayrı cür düzəltdirmişdi. Şəklin arxasında yazılmışdı: “Cırılsa da, hörmətli Şəhlaya yadigar”. Bir Əminəyə baxdım, bir də şəklə. Qızın gözləri maraqdan alışıb-yanırdı. Şəkli cırıb atdım zibilqabıya. Əminə gileyləndi:
– Ay qız, niyə cırdın? O elə təkcə sənin tələbə yoldaşın deyil ki. Verəydin, mən saxlayaydım.
– Sənə yazaydı, saxlayaydın. Onu mənə göndərib. Sən də hamıya yayacaqsan ki, Şəhlaya oğlan məktub yollayıb.

Dinmədi. Çünki haqlıydım. Əminə bunu hamıya xəbər verəcəkdi. Məktubda kağız da vardı, daha onu cırmadım. Oxudum. Çox qısaydı.Moskvada havaların soyuq keçməsindən, dərslərindən yazırdı.
. Əliağanın getdiyi vaxtdan altı ay keçirdi. Zaçot verirdik. Bir də gördük, pilləkəndən ayaq səsləri gəlir. Qeyri-ixtiyari dilləndim:
– Bilirsiniz, bu kimin ayaq səslərinə oxşayır? Bizimlə oğlan oxuyurdu ha, yolladılar Moskvaya, bax, onun ayaq səslərinə.
Ayaq səsləri getdikcə yaxınlaşırdı. Əliağa görünəndə hamı təəccüblə mənə baxdı. Mənim isə diqqətim ondaydı. Əliağa bizi dəhlizdə görəndə sevindi. Yaxınlaşıb salam verdi. Zaçot verdiyimizi biləndə lovğalandı:
– Siz indi verirsiniz zaçotu? Mən eksterni verdim.
Eksterni sözünü ilk dəfəydi eşidirdik. Marağımı içimdə boğub susdum. Uşaqlar soruşdular:
– Eksterni nədir?
– Təcili! Zaçotlarımı verdim, mənə vaxtından qabaq icazə verdilər, gəldim.

Orada qrupumuzdakı qızlardan heç birini istəyən oğlan yox idi. Ona görə də onlar qiymət ala bilməyəcəklərini mənim qədər dərd eləməmişdilər. Axı qız heç vaxt onu sevən oğlanın yanında pərt olmaq istəmir. Adım çağırılanda həyəcanla içəri girdim. Müəllimin suallarına cavab verdim, qiymət alıb çıxdım. Uşaqlar məni hay-küylə qarşıladılar. Qızlar “Sağ əlin başımıza”, – dedilər. Daha qiymət alıb rahatlanmışdım. İndi başqa sual məni narahat edirdi. Elə bil, tələbə yoldaşlarım ürəyimdən keçənləri anladılar. Soruşdular:

– Əliağa, nə vaxt qayıdırsan?
– Daha Moskvaya getməyə-
cəyəm.

Əliağa bu sözləri deyən kimi, hamı çevrilib mənə baxdı. İstər-istəməz qızardım.
Əliağanın anası ölənədək deyirdi ki, oğlum sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: “Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

Əliağanın sözü hər yerdə keçərdi. Orta məktəbdə direktor da, müəllimlər də onu eşidərdilər. Universitetdə də belə oldu. Bircə dəfə getdi rektorun yanına. Dedi ki, Moskva çox soyuqdur, orada xəstələnirəm, istəyirəm təhsilimi burada davam etdirəm. Rektor da razılıq verdi. Əliağa yenidən bizimlə bir qrupda oxumağa başladı.

Dərslərdə mühazirələri yazmaq üçün lap qabaq sıralarda otururdum. Bütün yerlər tutulurdu. Heç kim mənim yanımda əyləşmirdi. Çünki o yer, sözsüz, Əliağanın idi. Tələbə yoldaşlarımız elə edirdilər ki, o gəlib görsün ki, mənim yanımda boş yer var, orada otursun.

Əliağa tez-tez dərsə gəlmirdi. Hərdən ona deyirdim:
– Bəs imtahanda neyləyəcəksən?
– Onu fikirləşmişəm. Yığışarıq Tofiqgilə (tələbə yoldaşımız şair Tofiq Mahmudu deyirdi). Uşaqların hamısı mühazirə dəftərlərini götürərlər, orada öyrənərik.
İmtahanqabağı həmişə ya Tofiq-gildə, ya da Mircəfər Bağırovun evindən aşağıda bir bağ var idi, orada görüşərdik.
Qorki adına kitabxana bacımgilə yaxın olduğundan, tez-tez ora gedərdim. 1951-ci il idi. Bir gün yenə kitabxanadaydım. Qəflətən Əliağa içəri girdi. İcazə alıb yanımda əyləşdi. Sonra ehtiyatla dedi:

– Bir söz deyəcəyəm, amma durub qaçma.
– Yox, qaçmaram, de.
Artıq ona qarşı mülayimləşmişdim. Əliağa ürəkləndi:
– Bu gün sizə elçi yollamaq istəyirəm.
– Mənə nə var? Özün öz ixtiyarındasan, nə istəyirsən elə.

Əliağa durub getdi. Mən təəccüblə fikirləşdim ki, buna nə oldu, hara gedir? Demə, elçiləri Əliağanı küçədə gözləyirmişlər. Məndən cavab alandan sonra, arxayınca onların yanına gedib. Bakıda kimsəsi yox idi Əliağanın. Elçiliyə Adil Babayevi, Böyükağa Qasımzadəni, Ənvər Əlibəylini və şair Qabillə anasını aparırdı. Evimizi yaxşı tanıyırdı. Həmişə bacımgil məni yaxınlıqdakı mağazaya göndərəndə, görərdim durub küçəmizdə. Əliağa qapımızın ağzında dayanıb, “Siz gedin, mən burada gözləyirəm”, – deyib.
Elçilər məsələni açanda yeznəmlə bacım təəccübləniblər:
– Şəhla uşaqxasiyyətlidir. O nə bilir sevmək nədir?!
– Bəs deməyib ki, məni bir oğlan istəyir?
– Yox, heç nə deməyib. İndi sizə nə cavab verək? Bilməliyik ki, qız razıdır, yoxsa yox…
Elçilər çıxıb soruşublar:
– Əliağa, qohumları soruşur, qızın xəbəri var?
– Şəhla bilir ki, bu gün evlərinə elçi gələcək, ona görə sizi yollamışam.

Elçilər geri qayıdılar. Bacımgilə deyiblər ki, Şəhlanın xəbəri var, siz nişan gününü təyin edin.
Bunu eşidəndə Əliağaya gileyləndim: “Sən məni satmısan ki. “. Güldü: “Belə deməsəydim, məsələ uzanacaqdı”.

Əliağanın evi yox idi. Yataqxanada yaşayırdı. Mənim nişan xonçam Qabilgilin evində hazırlanıb gəldi. Əliağa şeirlərinə verilən qonorarları yığıb, mənə brilyantqaşlı nişan üzüyü almışdı. Çox şey gətirməmişdilər. Nişan xonçasında bir-iki dəst də ipək parça var idi. Əliağa elçilərinə demişdi ki, onlara deyin, mən toy eləməyəcəyəm. Bu nişanı həm də toy kimi qəbul eləsinlər. Əliağanı bir də ona görə sevirdim ki, yalanla arası olmazdı, həmişə özünü olduğu kimi göstərərdi. Bacılarım da axı atamın tərbiyəsini görmüşdülər. Cabbar əmi sevənlərin arasına girməzdi. Onlar da həvəslə süfrə açdılar. “Toyda musiqi olar”, – deyib evimizdəki royalda musiqilər ifa etdilər. Məclisdəki qızlar, uşaqlar rəqs edib şənləndilər.

Nikahımızı qeyd etdirəndə, Əli-ağa soyadımı Kürçaylı yazdırdı. Ona deyəndə ki, gərək məndən icazə alaydın, etiraz elədi: “Qız belə yerdə danışmaz”. Əliağa Mirzə Fətəli küçəsi, 125 ünvanında ev kirayələdi. Orada yaşamağa başladıq.

Ailə quranda ikinci kursda oxuyurduq. O vaxtadək naz-nemət içərisində yaşamışdım. Ancaq indi gənc, kasıb, üstəlik, tələbə şairin həyat yoldaşı idim. Onun aldığı qonorarlarla dolanırdıq. Şeirləri çap olunmayanda qalırdıq pulsuz. Çox kasıblıq gördük, onunla ehtiyacın hər üzünə bələd oldum.

1953-cü il fevralın 16-da oğlumuz Ülfət anadan oldu. Əliağanı tanıyandan, onsuz da bu ay mənim üçün çox əziziydi. Çünki o, fevralda dünyaya gəlmişdi. Bundan sonra bu ay bizim üçün ikiqat bayram oldu.

1956-cı ilin 12 oktyabrında isə qızımız dünyaya gəldi. Onda hələ də kirayədə yaşayırdıq. Ev sahibi bizi suyu çox işlətməyə, gündüzlər işıq yandırmağa qoymurdu. Otağımız yarıqaranlıq olurdu. Qızımız doğulanda hələ xəstəxanadaykən Əliağa mənə məktub gətirdi. Xalası gəlini göndərmişdi. Kirayədə çəkdiymiz əziyyətdən, o işıqsız, tavanı daman evimizdən yazırdı: “Bu qızın adını Ülkər qoyun. Çünki səhər açılanda bütün ulduzlar sönür, Ülkər ulduzu isə hələ qalır. Arzu edirəm, bu uşaq da sizin evinizə işıq gətirsin”. Xalası gəlininin yazdıqları Əliağaya çox təsir etdi. Mənə dedi ki, uşağın adını elə Ülkər qoyaq. Belə də oldu. Qızımız üçaylıq olanda bizə Hüsü Hacıyev küçəsindəki yazıçıların binasında ev verdilər. Əvvəlcə dramaturq Cabbar Məcnunbəyovun ailəsiylə şərikli mənzildə yaşadıq. Sonra ayrıca ev verdilər.
Adətən, Əliağa səhərlər, çoxları şirin yuxuda olanda yazardı şeirlərini. O, çox çap olunan şair idi. Yaxşı da qonorar alardı. Yavaş-yavaş dolanışığımız düzəlirdi.

Şairin ömür-gün yoldaşı olmaq çox çətindir. Özü də Əliağa fağır kişi olmayıb ha… Onunla yola getmək hər qadının işi deyildi. Anası həmişə ərklə ona deyərdi ki, sən Şəhlayla ailə qurmasaydın, ömrünboyu tək qalacaqdın. Əliağanın hər kəlməsini qanun kimi qəbul edirdim. Onu bircə baxışından anlayırdım. Həmişə deyirəm ki, həyatıboyu bir sözü iki olmayan iki kişi varsa, onun biri Əli-ağadır. Bizi tanıyanların hamısı bilir ki, bu belədir. Mən canımı qoymuşam onun yolunda. İyirmi doqquz illik ailə həyatımız boyunca bircə gün də özüm üçün yaşamamışam.

Əliağa həddindən artıq qısqan-cıydı. Hələ biz universitetdə oxuyanda hamı bilirdi xasiyyətini. O məni nəinki işləməyə, heç evimizin yanındakı mağazaya da tək buraxmazdı. Heç vaxt unutmurdum ki, Əliağa şairdir. Onun şeirləri sevincindən, qəmindən, kədərindən, kiməsə məhəbbətindən doğur. Belə hisslər olanda Əliağa yaşayıb-yaradır. Əlbəttə, Əli-ağa təkcə mənə yox, başqa qızlara, qadınlara da şeirlər həsr eləyib. Bəziləri məndən soruşur: “Bəs buna görə ondan incimirdiniz?”. Yadıma bir əhvalat düşür. Şairləri təbliğat aparmaq, oradakıları düz yola qaytarmaq üçün həbsxanalara göndərirdilər. Əliağa da gedirdi. Gələn kimi üzünü yuyur, dərindən nəfəs alırdı. Deyirdi ki, orada gördüklərim mənə ağır təsir bağışlayır. Mən ona “İmtina et, getmə”, – deyəndə etiraz edirdi: “Şair pislərin də xasiyyətinə bələd olmalıdır, yaxşıların da. Tərbiyəli qadının-qızın da xasiyyətini bilməlidir, tərbiyəsizin də”.

Mənim atam təkcə xanəndə deyildi axı, həm də şairiydi. Bir dəfə Cürcüstandan gələndə özüylə gözəl gürcü qızlarının şəkillərini gətirmişdi. Onları verdi anama. O da baxdı, sonra aparıb qoydu albomun arasına. Demədi ki, ay Cabbar, bunları niyə gətirmisən? Evimizdə bunu görmüşəm. Belə tərbiyə almışdım. Xasiyyətim eləydi ki, əgər eşiyə çıxıb Əliağanı bir qadınla, qızla qol-boyun görsəydim, özümü görməzliyə vurub, qayıdıb oturardım evdə. Əliağa qayıdanda ona heç nə deməzdim.

Əliağa təkcə şeir yox, dram əsərləri də yazırdı. Onlardan bir neçəsi tamaşaya da qoyulub. O həm də tərcüməçiydi. Dantenin “İlahi komediya” kimi əsərini dilimizə tərcümə edib. Bir dəfə mənə şikayətləndi:

– Aparıram tərcüməni, elə hey deyirlər orasını düzəlt, burasını düzəlt. Makinaçılara da verməkdən pulum qalmayıb. Bilmirəm neyləyim.
– Daha niyə vaxt itirirsən? Sən otur yazını yaz. Makinaçılardan birini də gətir bizə. Onunla danış ki, sənin yazılarını yazıb-qurtaranadək evinə getməsin.
Güldü. Çox zarafatcıl adam idi. Ancaq heç vaxt üzündə belə təbəssüm görməmişdim. Gözlərinə baxdım. Bəlkə o gələni xəyalında canlandırdı, düşündü ki, Şəhla demir ki, birdən bu dost olar Əliağayla. Mənim onun gözlərindən oxuduğumu yox, ayrı sözlər dedi: “Heç kəs burda qalmaq istəməz”.

Uşaqlarımız onu adıyla çağırırdılar. Əliağanın anası belə istəmişdi. Deyirdi, istəyirəm, oğlum həmişə cavan qalsın. Əliağa uşaqlarını çox sevirdi. Bəziləri deyir ki, o daha çox qızına bağlıydı. Bu düzgün deyil. Əliağa qızına da, oğluna da, həyat yoldaşına da şeirlər yazıb. Bir yerə gedəndə Ülfətə deyirdi ki gedək. Getmirdi. Qızın xasiyyəti isə başqaydı. O, atası deyən kimi durub sevinə-sevinə hazırlaşırdı. Ülkərlə birlikdə Akademik Milli Dram Teatrının qarşısından keçəndə, tez afişaları oxuyurdu. Hansı tamaşaya baxmayıbsa, evə gələn kimi atasına deyirdi: “Əliağa, bilet al, gedib baxaq”. O da gülümsünürdü:

– Başüstə. Ülfət, sənin üçün də bilet sifariş verim?
– Yox.
Qız uşaqları qılıqlı olurlar axı. Ülkər də beləydi. Həm də çox ağıllı, tərbiyəli, istedadlı qızıydı. Yaddaqalan siması vardı. Bircə dəfə görmək kifayət idi ki, həmişəlik xatirində qalsın. Yeddi hekayəsi çap olunmuşdu. Əliağa qızının yazıçılığından ağızdolusu danışırdı. Hərdən Ülkəri qınayırdı da:

– Hekayələrinə niyə yalnız Ülkər imzasını qoyursan? Görürsən, mən yazıram: Əliağa Kürçaylı. Sən də yaz: Ülkər Kürçaylı.
O, uşaq kimi cavab verirdi:
– Hə, sən istəyirsən desinlər ki, Əliağa tapşırır, qızının hekayələrini çap etdirir. Mən Ülkər yazdıraca-
ğam. Qoy bilməsinlər ki, Əliağa Kürçaylının qızıyam.

Əliağa çox sadə adam idi. Tanınmış şair olsa da, özünü elə sadə aparırdı ki, çoxları heyrətlənirdi. O qədər arzuları vardı ki… Doğma kəndində – Salyanın Kürqaraqaşlı kəndində torpaq sahəsi almışdı. Qarşısından Kür çayı axıb-gedən doğma evi sökülmüşdü. İndi istəyirdi yenidən orada ev tikdirsin. Özü qollarını çırmayıb fəhlələrə kömək edirdi. Həmişə qızına deyərdi ki, ev hazır olsun, bir qayıq da alacağam. O da sevinirdi. Ancaq hər işləri kimi bu da yarımçıq qaldı.

Ömrünün sonlarında Əjdər Xanbabayevlə birgə “Yazıçı” nəşriyyatına rəhbərlik edirdi. Heç birinin də bəxti gətirmədi. Əjdər Xanbabayev sonralar qətlə yetirildi. Əliağa isə orada heç iki il işləməmiş, səhhətindən şikayətlənməyə başladı. Onun xəstələnməsi hamımıza ağır təsir etmişdi. Ülkər isə özünə yer tapa bilmirdi. Əliağa bir müddət Bakıda müalicə olundu. Vəziyyəti düzəlmək əvəzinə pisləşirdi. Moskvaya getdi. Orada həkimlər deyiblər ki, müalicəniz düzgün aparılmayıb. Təcili cərrahiyyə əməliyyatı keçiriblər. Bundan sonra nə yaşadı, moskvalı həkimlərin müalicəsinin hesabına yaşadı. Ancaq orada demişdilər ki, gec gəlmisiniz. Moskvadan gələndən sonra bir il altı ay yaşadı.

Həmin günlərdə “İlahi komediya”nı tərcüməsinə görə onu İtaliyaya dəvət etdilər. Səfərə çıxmasına cərrahiyyə əməliyyatını aparan həkim icazə verəndə sevinirdi. Əliağa oradan qayıdandan sonra səfər təəssüratlarından məqalə yazdı, televizorda da çıxış etdi.

Onun xəstəliyi yenidən şiddətləndi. Yatağa düşdü. Ülkər Nizami adına muzeydə işləyirdi. Hər gün işdən dönəndə birinci atasının yanına gedir, onun saçlarını oxşayır, üzündən öpürdü. O gün – 1980-ci ilin 11 fevralında atası dünyasını dəyişəndə Ülkər işdəydi. Əliağanın gözlərini mən bağladım. Onun əmisi arvadı mənə dedi ki, Şəhla əlin ruhludur, get yu. Mən də keçdim vanna otağına. Elə bu an Ülkər içəri girib. Həmişəki kimi atasının yanına getmək istəyəndə, qapını bağlayıb onu içəri buraxmayıblar. Hələ də başa düşə bilmirəm, niyə Ülkəri qoymayıblar Əliağayla görüşsün. Böyük qızıydı. Əvvəl-axır atasının vəfatı etdiyini bilməyəcəkdi? Əliağanın yanına buraxılmayan Ülkər dəhlizdəki kətilin üstündə kiçik bir kağız parçasına yazıb: “Məni axtarmayın, Ülkər. 11 fevral”. Qapıdan çıxıb.
Mən əlimi sabunlayırdım ki, Ülfət gəldi:

– Ülkər hanı?
– İşdədir.
– Ana, Ülkər gəlmişdi.

Bunu eşidən kimi əlim sabunlu-sabunlu çıxıb, qızımı axtarmağa başladım. Tapa bilməyəndə yadıma bir zamanlar evində kirayədə qaldığım ailə düşdü. Qadının həyat yoldaşı hüquqşünas idi, Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Tez qadına zəng vurdum. O da həyat yoldaşına xəbər verdi. Təcili olaraq milis işçilərinə göstəriş verildi. Axtarış aparıldı. Milislərin bir dəstəsi Dənizkənarı bulvara gedib. Orada dənizə uzanan keçiddəki gözətçidən soruşublar:

– Bura bir qız gəlməyib?
– İndi, bax elə bu dəqiqə bir oğlan tələsə-tələsə getdi o tərəfə.

Atası Ülkərə qəhvəyirəngli yun parçadan şalvar, pencək, bir də papaq tikdirmişdi. Həmin paltar əynində idi. Gözətçi qaranlıqda elə bilib ki, gedən oğlandır. Milislər cəld deyilən tərəfə üz tutublar. Ancaq Ülkəri sağ tapmayıblar.

Onun ölüm kağızında yazılıb ki, dənizdə batdı. Ancaq belə olmayıb. Mənə dedilər ki, Ülkər özünü dənizə atmaq istəyəndə ürəyi partlayıb. Atasının vəfatından iyirmi dəqiqə sonra Ülkər gözlərini bu həyata yummuşdu. Böyük faciəydi. Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər. Gör mən, Ülkər kimi bir qızı əlindən çıxmış ana necə tab gətirirdim bu dərdə. Biz onu “Vağzalı” sədaları altında gəlin köçürmək arzusundaykən, cənazəsi çıxırdı ata evindən. Bacım oğlu Fuada dedim ki, musiqiçiləri gətir. Onlara tapşır ki, pilləkənlərdən düşəndə “Vağzalı” çalsınlar. Həyətdə isə Əliağanın sevdiyi musiqini çalsınlar.

Əliağa tək köçsəydi bu həyatdan, Fəxri Xiyabanda dəfn olunacaqdı. Amma indi özünü onun yolunda fəda eləyən qızından ayırmaq günah olardı. Fevralın 13-də onları bir yerdə dəfn etdilər.

Yas mərasimlərində özümü təmkinli aparırdım, hamı mənim dözümümə heyrətlənirdi. Ancaq heç kim bilmirdi ki, içimdə uçulub-dağılmışam. Həmişə Əliağayla, Ülkərlə bir yerdə çıxardım evdən. Qızımsız, həyat yoldaşımsız uzun illər dünyanı özümə zindan etdim. Qolumun biri, elə bil, fırlanıb əyri qalmışdı, qulağım eşitmirdi. Oğluma da demirdim. Ağrılarımı, acılarımı hamıdan gizlədirdim. Bir gün qulağımın eşitmədiyini necə oldusa bacıma dedim. Məni məcbur etdi ki, həkimə gedək. Yazıçıların poliklinikasına getmədim, çünki ora həmişə Əliağayla gedərdim. “26-lar bağı”nın (indiki Sahil bağı – red.) yanındakı poliklinikaya getdik. Həkimlər müalicə etdilər. Qəlbimdəki yara yeri isə heç zaman sağalmadı. Elə bilirdim, Əliağasız, Ülkərsiz zaman dayanıb. Onlarsız açılan sabahların, qaralan axşamların, gəlib-keçən illərin mənim üçün mənası qalmadı.

İllər sonra Yazıçılar Birliyinə – Əliağanın xatirə gecəsinə getdim. Bir nəfər yaşa dolmuş, saçlarına ağ düşmüş kişi mənə yaxınlaşıb özünü nişan verdi: “Şəhla xanım, mən Arifəm (Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu nəzərdə tutulur – red.), qızınız Ülkərin tələbə yoldaşı”. Fikrim uzaqlara uçdu. Həmişə Ülkərin ardınca universitetə getdiyim günləri, onun tələbə yoldaşları arasından Arifi xatırladım. Sanki yer-göy başıma dolandı. Bu illər nə zaman gəlib-keçmişdi, İlahi. Ülkərin tay-tuşları da artıq yaşa dolmuşdular. Mən isə elə bilirdim, onlar hələ də gəncdirlər. Ülkərim kimi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Əliağa KÜRÇAYLI.Həyatı və Yaradıcılığı

Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“Azərbaycan gəncləri”, 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstituduna təhsil almağa göndərirlər, a-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti zredaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor olmuşdur.
1980-ci il fevralın 11-də vəfat etmişdir.

Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979

Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 16 səh.
Salam, gələcək illər. Bakı: Azərnəşr, 4, 112 səh.
Gözəllik. Bakı: Azərnəşr, 195856 səh.
Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
Səfərə çıxıram. Bakı: Azərnəşr, 1965, 212 səh.
Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
Yollarda axtar məni (şeirlər və poemalar). Bakı: Gənclik, 1970, 180 səh.
Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
Dünya ovcumdadır (şeirlər və poemalar). Bakı: Gənclik, 1976, 243 səh.
Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 60 səh.
Ülkər. Bakı: Yazıçı, 1980, 23 səh.
Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb,2004, 400 səh.

Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh.
Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 197(, 170 səh.
Dante Aligyeri. İlahi Komediya. Bakı: Azərnəşr, 1973, 546 səh.
Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.

Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Çıiçək desən- könül açan çiçəyi,
Külək desən- ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.

Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

Səmada dövrələnirkən
buludların düzümü
Zillədim göylərə həsrətlə
yol çəkən gözümü.
İldırımlar
mənə göstərdi
nurlu gündüzümü.

Sübhədək
mən belə süzdüm
bahar yağışlarını,
Saplı mirvaritək üzdüm
bahar yağışlarını,
Güllərin boynuna düzdüm
bahar yağışlarını.

Yadıma sən düşürsən

Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.

Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban…
Onları belə xöşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.

Mən sənin nəğmənin əks sədası,
Könlünün tükənməz arzularıyam.
Qışında- bir ilıq payız havası,
Yayında- bir sərin quzey qarıyam.

Gecə zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm mən.
Kədərli çağında, qəmli çağında
Dərdini dağıdan xəbərinəm mən.

Səadətli keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti.
Günəşə uzanan əllərinəm mən
Məndədir qəlbinin od hərarəti.

Mən sənin yaşanmış dəqiqələrin,
Hələ yaşanacaq ayın, ilinəm.
Mən sənin məhəbbət adlı əsərin,
Sevgi xallarıyla ötən dilinəm.

Mən sənin….
Təsviri mümkünmü məgər?
Hər şeyi söyləmək çətindir, çətin.
Axı necə deyim… Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.

Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə
Kədərlərin bir anda-
Bu uğurlu zamanda
Demək hələ mən varam!

Ümid dumanda, çəndə
Səni atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə günün olubsa,
Demək hələ mən varam!

Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini kəsən zaman,
Sərt yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib dərmisənsə,
Demək hələ mən varam!

Baharınam xəzanda,
Bələdçinəm azanda.
İşığınam zülmətdə,
Həyatınam qürbətdə,
Sənin çətin anında
Mən hazıram yanında,
Demək hələ mən varam!

Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Oxu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim?!

Səni mənim qədər kimsə anlamaz,
Kimsə duya bilməz səni mənimtək.
Sən ölmək istədin dünyada bir az,
Beş saat…
Bir saat…
Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin şirin dadını.
Sənə söyləyərdi hamı o zaman
Cavan Romeonun gözəl qadını.
Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm –
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə Culyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə devdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var.
O, həqiqət sevir, yalnız həqiqət –
Həqiqi bir həyat!
Həqiqi məzar!

İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bürüyərdi qorxu, həyəcan.
Faşist təyyarəsi gəlir sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Elə ki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
“Bir ovuc günəş də qəhətdi bizə,
Qaranlıq yazılıb taleyimizə…”

O gündən bir ovuc günəş sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi.
Nəmli daxmaların dərmanı kimi.
Bildim o həyatdır, güldür. çiçəkdir.
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da.
Ya bir ovuc olsun, ya da bir qətrə –
O gərək nurunu salsın hər yerə.

Al günəş parlayır indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə.
Lakin gizləyərək öz həsrətini,
Bir ovuc günəşin hərarətini
Gözləyən xalqlar var, qəbilələr var.
Günəşsiz açılan neçə səhər var.
Günəşsiz günləri açıram bu gün,
Anamın sözləri keçir qəlbimdən.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür piyada yol gedirəm mən.

Nə çox pəncərə var şəhərimizdə,
Ən çox işıqlısı…
O səninkidir!
Gör neçə qağayı üzür dənizdə,
Ən ağı-bəyazı
O səninkidir!

Nəzər sal xurmayı, sarı saçlara,
Ən tündü, qarası…
O səninkidir!
Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası…
O səninkidir!

Mənim borc alınmış bir həyatım var.
Əmanət bir həyat…
O səninkidir!
Mənim şair kimi ülvi adım var,
Ləkəsiz, təmiz ad…
O səninkidir!

Son Yazılar

  • Cəfərova Filizə dəstək!
  • Körpə Həsən və Hüseynə dəstək olaq
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Cəfərova Filizə dəstək! 22 Mart 2023
  • Körpə Həsən və Hüseynə dəstək olaq 22 Mart 2023
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar 22 Mart 2023
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023

Comments are closed, but trackbacks and pingbacks are open.