Press "Enter" to skip to content

Nizami davamçısı Əssar Təbrizi – Əkrəm BAĞIROV

Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.

İncəsənət haqqında bildikləriniz və bilmədikləriniz İncəsənət. Rəssamlıq, Heykəltəraşlıq, Musiqi, Ədəbiyyat, Qrafika, Boyakarlıq, Dekorativ-tətbiqi sənət…

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altındaAzərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir.

Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quranmotivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar. Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi.

İmadəddin Nəsiminin Bakıdakı heykəli

Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274),Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifiNəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.

Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.

XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyidİmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcəAzərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi – böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır.

Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü.

Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş poçt markası

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.

Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş poçt markası

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir.

Bakıda Şah İsmayıl Xətainin heykəli

Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan,Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

Bakıda Şah İsmayıl Xətainin heykəli

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi nümayəndələrinin yaradıcılığında görürük. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, “Koroğlu” süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Pənah Vaqif

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

Nizami davamçısı Əssar Təbrizi – Əkrəm BAĞIROV

Nizami ədəbi məktəbinin ən layiqli davamçılarından biri olan XIV əsr istedadlı Azərbaycan şairi Əssar Təbrizi ədəbiyyat tarixində “Mehr və Müştəri” əsəri ilə tanınır. Bu əsərin tam və orijinala layiq şəkildə görkəmli alim-şairimiz, mərhum Məmmədağa Sultanov tərəfindən hələ keçən əsrin səksəninci illərində tərcümə olunub nəşrdən çıxması Azərbaycan oxucusuna qiymətli bir töhfə, ədəbi-mədəni həyatımızda isə böyük bir hadisə oldu.

Belə ki, o zaman tərcüməçi-alimin özü tərəfindən və istedadlı ədəbiyyatşünas Qasım Cahani tərəfindən tədqiqata cəlb olunmuş bu poemanın nəşrini oxucular çox səbirsizliklə gözləyirdilər. Bu səbəbdən kütləvi tirajla çıxan kitab olduqca tez yayıldı və ədəbi ictimaiyyət tərəfindən müsbət dəyərləndirildi.

Əsərin belə böyük maraqla qarşılanmasının müxtəlif səbəbləri var idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, iki gəncin təmənnasız dostluğundan bəhs edən bu poema şairin dövrünə qədər yazılmış olan məşhur aşiqanə romanlara bənzəmirdi. Şair, özünün də qeyd etdiyi kimi, “Vis və Ramin”, “Yusif və Züleyxa”, “Vamiq və Əzra”, “Vərqa və Gülşah”, “Xosrov və Şirin” kimi poemaları oxumuş, ancaq bu əsərlərdən fərqli olaraq iki oğlanın, iki dostun səmimi məhəbbətindən bəhs edən bir əsər yaratmaq istəmiş, oxucuların gəldiyi ümumi fikrə görə buna nail də olmuşdur.

İstinad etdiyi ədəbi mənbələri çox aydın şəkildə göstərən şair bunların içərisində Nizaminin yerini ən uca tutur, onu öz ustadı hesab edir. Bu haqda əsərin yazılma səbəbi olan fəslində şair deyir:

Bilirəm ki, İsa dəmli böyük şair Nizami,

Bu üslubda xətm elədi hər sözü, hər kəlamı.

Məsnəvidə o, misilsiz incəliklər yaratdı,

O ustadın məharəti məsnəvini ucaltdı.

O, təfəkkür meydanında at oynadan zamanda,

Fələk özü geri qaldı şairdən bu meydanda,

Onun təbi möcüzələr yaradarkən sahirtək,

İdrak onun qarşısında durdu təzim edərək.

Misilsizdi xəyalının yaratdığı hər əsər,

Allahın öz vergisiydi Nizamidə bu hünər.

Bu sənətdə bir söz varsa Nizamiyə məxsusdur,

Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur.

O şairin hər kəlamı bir hikmətdir, mətindir,

Ona qarşı dura bilib bir söz demək çətindir.

Cəsarətim çatmır durum Nizamiyə müqabil,

Buna görə ürək edir başqa yola təmayil.

“Mehr və Müştəri” əsərinin dünya kitab xəzinələrində əlyazma nüsxələri çoxdur. Üç qiymətli nüsxə də bizdə, Bakıda Əlyazmalar İnstitutunda saxlanılır. Çox sevindirici haldır ki, bu əsər məhz Bakı nüsxəsindən tərcümə olunmuşdur.

Əsərin yazıldığı gündən bu qədər geniş şöhrət qazanmasına, hələ orta əsrlərdə bir neçə dəfə türk dilinə tərcümə olunmasına, onun təsiri ilə “Humay və Humayun”, “Novruz və Gül”, “Cəmşid və Xurşid”, “Fəraqnamə”, “Şah və Dərviş”, “Sərv və Gül”, “Mahmud və Ayaz” kimi mənzum dastanların qələmə alınmasına səbəb nə idi və bunu necə izah etmək olar? Əlbəttə ki, böyük sənətkarlıqla yazılmış bu əsərdə irəli sürülən mütərəqqi, humanist ideallarla, öz dövrünün ictimai-siyasi mənzərəsini çox gözəl verən şairin xeyrin şərə, işığın qaranlığa, düzlüyün yalana, ədalətin zülmə qələbəsini özünəməxsus ustalıqla qələmə alması ilə. Bütün bunlara nail olmaqda şairin Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnməsi göz qabağındadır və bu bağlılıq özünü əsər boyu hiss etdirir. Çox maraqlıdır ki, bu təsir qarşılıqlı olduğundan sonralar “Mehr və Müştəri” adlı dastan da xalq arasında geniş yayılmış, onun məzmunu nəsrlə maraqlı nağıllar kimi yazıya köçürülmüşdür.

Orta əsr Şərq klassiklərindən Əbdürrəhman Cami kimi böyük bir şair və ədəbiyyatşünas “Mehr və Müştəri” poemasını oxuyub demişdir: “Bu şəxs təbrizlilərin üzünü ağartmışdır. Bu bəhrdə, bu gözəllikdə əsər yaratmaq hər kəsin işi deyildir”.

Həqiqətən, əsər çox maraqlı konfliktlər üzərində qurulmuş mürəkkəb və ziddiyyətli süjet xəttinə malikdir. Şair Orta əsr elmləri çərçivəsində çox dərin və əhatəli bilik nümayiş etdirir. Əsərdə iştirak edən surətlərin demək olar ki, hamısının Günəş sistemi, bürclər və ulduzları təmsil etməsi və Mehrin başqa surətlər içərisində mərkəz mövqe tutması Günəşin mərkəz olduğunu təsdiq edən heliosentrik sistem nəzəriyyəsini tədqiqatçıların da təsdiq etdiyi kimi ədəbi vasitələrlə göstərmək deməkdir. Nə qədər də maraqlı bir faktdır ki, məşhur polyak alimi Kopernik bu fikrə “Mehr və Müştəri” poeması qələmə alınandan iki əsr sonra gəlmişdir.

Əsərdə yadda qalan qadın surətləri var. Onlar öz təmiz əxlaqları, ismət və ləyaqətləri, mehribanlıqları və xeyirxahlıqları ilə diqqəti cəlb edir, oxucuda hüsn-rəğbət doğurur.

Gözəl təbiət təsvirlərinin rəngarəngliyi, Orta əsr məişət, toy mərasimlərinin canlı təsviri də, biz deyərdik ki, əsərin oxunaqlığını qat-qat artırır.

Dahi Nizaminin “Xosrov və Şirin” poemasının bəhrində üç bölümlü qısa həzəc bəhrində yazılmış bu əsərin müasir Azərbaycan oxucusunu nəzərə alaraq on beş hecalı heca vəznində tərcümə olunması orijinalın bədii ruhunu, sənətkarlıq xüsusiyyətlərini saxlamağa tam imkan vermiş və demək olar ki, tərcüməçi öz istəyinə nail ola bilmişdir.

Əlbəttə, qısa bir yazıda bu əsər haqqında ətraflı söz demək çətindir. Belə əsərlər haqqında yazılan böyük monoqrafiyalar da bəzən əsərin tərənnüm etdiyi ideya və ideyaları oxucuya tam çatdırmaqda vasitə ola bilmir. Əsərin məzmun və bədiiliyini bütün çalarları ilə dərk etmək üçün onu oxumaq lazımdır. Yalnız oxumaq! Necə ki, şair özü öz kitabı haqqında deyir:

Diqqət ilə, yorulmadan aç oxu bu kitabı,

Sən burada tapacaqsan hər suala cavabı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Əssar Təbrizi

Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — Azərbaycanlı şair, alim, astronom və riyaziyyatçı.

B [ redaktə ]

  • Bir yoxsul qürbətdə şah olsa əgər,
    Hər axşam o vətən deyib ah çəkər.

E [ redaktə ]

  • Elmin özü sirlə dolu sonsuz bir Kainatdır,
    Diqqət etsək, elmi-əməl əsl abi-həyatdır. [1]

X [ redaktə ]

  • Xeyirxahlıq bu aləmə pis əməllər gətirməz,
    Dadlı xurma ağacları acı badam yetirməz.

P [ redaktə ]

  • Pislərlə oturub-durma ki, öz yaxşı sifətin də əldən gedər.

S [ redaktə ]

  • Sabahadək yaşamaqçın ümid varmı dünyada?
    Çünki qəmlə fərəh daim bir yerdədir dünyada
  • Söz mey kimi sevinc artıran olmalıdır ki, ürəklər ona rəğbət göstərsin. [2]

Y [ redaktə ]

  • Yaxşı adam yaxşılıqdan əl çəkməz heç bir zaman,
    Şəkər daim şirin olan, qızılgülsə ərğəvan.

Z [ redaktə ]

  • Zəmanənin ifritəsi süd verməz bir cocuğa.

İstinadlar [ redaktə ]

  1. ↑[1] Risalə. (elmi araşdırma jurnalı. 2/17) Bakı, 2019
  2. ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.50

Comments are closed, but trackbacks and pingbacks are open.