Əziz əliyev cənubi azərbaycan
Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
Əziz əliyev cənubi azərbaycan
Göyçə Mahalı Daşkənd kəndi
Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
Zahid Oruc: “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!”
Qəriblikdə ölmək qorxusu.
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
Dağıstanı xilas edən azərbaycanlı – Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
Göyçə mahalı, Qaraiman kəndi
Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə – Yazıçı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı haqqında – Əsəd CAHANGİR
Ələddin Allahverdiyev “Düşüncələrimin kölgəsi” kitabı haqqında
İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
Klassik şeirimizin xalq ruhunun Heyranı.
Qərbi Azərbaycan İcması müraciət yayıb
“Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək” – Misir Mərdanov
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
Ələddin Allahverdiyev – 75
Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN. GÖYÇƏ ADLI İLAHİ SEVGİ.
Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
Müəllimlərim haqda xatirələrim – Musa Kərimov
Səksəninci döngə
İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
AŞIQ ABBASƏLİ NƏZƏROV
Altmış ilin sözə dönən anları
Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
UĞUR ƏNGƏL TANIMIR
Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
Sən özün bir kitabsan – Aygün Xəlilqızı yazır
Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
“Dədə Ələsgər ocağı” İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
Azərbaycan təbiəti və Aşıq Ələsgər
Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
Bağırovun NKVD “padvalında” döydüyü qatı bolşevikin dəhşətli aqibəti
Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ.
Əziz əliyev cənubi azərbaycan
Hər il anım günündə Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü tarixi xidmətlər xatırlanır, təcrübəsinə bir daha nəzər yetirilir və gələcəyə işıq tutulur. Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində miqyasına görə böyük və strateji, məzmun və mahiyyətinə görə dərin olan fəaliyyət sahələrindən biri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyəti və hüquqları məsələsi olub.
Son vaxtlar qonşu İran İslam Respublikası adlanan ölkədə baş verən proseslər vətənimizin cənubunda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və təhlükəsizliyi ilə bağlı məsələləri yenidən aktual edib.
Bəs Heydər Əliyev 1969-1987-ci illərdə ümumi sovet siyasəti çərçivəsində Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza münasibətdə hansı xətti yürüdüb?
Tarixə qısa bir baxış
XIX əsrdə çar Rusiyası və Qacarlar İranı arasında aparılan işğalçı müharibələr nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələri ilə Azərbaycanın zorla iki yerə bölüşdürülməsindən sonra keçən bütün tarixi dövr ərzində milli ruhlu adamları, qabaqcıl ziyalıları soydaşlarımızın hüquqlarının qorunması, vətənin birləşdirilməsi, bütövləşdirilməsi daim düşündürüb. Qeyd etmək lazımdır ki, bölüşdürülməyə qədər Bütöv Azərbaycanın ərazisi təxminən 410 min kv. km. təşkil edirdi. Bölüşdürüldükdən sonra Azərbaycan əraziləri cənubda 280 min kv. km., şimalda 130 min kv. km. idi. “Cənubi Azərbaycan” adı altında İran ərazisində müasir dövrdə aşağıdakı regionlar vardır: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Qəzvin əyalətləri, Savə mahalı, Astara şəhristanı (mahalı). Təxminən 40 mln. azərbaycanlı İran əhalisinin 50%-ə qədərini təşkil edir.
Tarixən həm də bir türk ölkəsi olan İranı XX əsrin 20-ci illərin ortalarınadək azərbaycanlı sülalələr idarə edib. Bu ölkənin adını türklər verib. Müxtəlif dövrlərdə Səttarxan Sərdar Milli, Bağırxan Salar Milli, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında baş verən hərəkatlar eyni zamanda bütöv Azərbaycan xalqının zəngin tarixinin mühüm hadisələridir. İkinci Dünya müharibəsi illərində sovet ordu hissələri tərkibində azərbaycanlıların Cənubi Azərbaycana getməsi, soydaşlarımızın arasında hərbi, siyasi, ideoloji və mədəni tədbirlər həyata keçirmələri də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Şimaldan gedənlərin cənubdakı fəaliyyətləri təkcə ümumi sovet xarici siyasətinin yerinə yetirilməsi deyil, Vahid Azərbaycan uğrunda gərgin səylərin və sevginin nümunəsi idi. Müharibə illərində Cənubi Azərbaycanda çalışmış tanınmış ictimai-siyasi, dövlət və ədəbiyyat xadimlərindən Əziz Əliyev, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza və başqalarının Pişəvəri hərəkatının böyük dövlətlərin siyasəti ucbatından uğursuzluğa uğramasından sonra geri dönərək uzun illər boyu yüksək dövlət və ictimai vəzifələrdə işləməsi Azərbaycanın şimalında cənub mövzusunun müxtəlif orqanlarda çalışanların şüurunda və fəaliyyətində müəyyən yer tutmasına təsir edib.
Hələ 20-ci illərdə tələbə ikən Cənubi Azərbaycanda olan Əziz Əliyev buranın tarixini, coğrafiyasını və əhalisinin vəziyyətini dərindən bilirdi. İkinci Dünya müharibəsinin gedişində Cənubi Azərbaycanda sovet ordu hissələri tərkibində siyasi təbliğatçılar qrupunun rəhbəri işləyən Əziz Əliyev problemə azərbaycanlılar içərisində ən yaxşı və incəliyinə qədər bələd olan dövlət xadimi idi. Kommunist və qeyri-kommunist olmasından asılı olmayaraq, bütün azərbaycanlıların qəlbində Azərbaycanın cənubunu və şimalını Azərbaycana birləşdirmək istəyi həmişə olub.
Bununla yanaşı, müharibə dövründə xüsusi xidmət orqanlarının əməkdaşları kimi cənubda işləyən, məhdud dairədən kənarda tanınmayan bəzi gənclər də sonralar Azərbaycanda vəzifələr tutaraq müharibə illərində gördükləri işi yeni şəraitə uyğun olaraq həyata keçirməyə çalışıblar.
Şah dövründə azərbaycanlıların vəziyyəti və Heydər Əliyevin baxışı
İkinci Dünya müharibəsi illərində gənc yaşlarından xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev Cənubi Azərbaycanda da fəaliyyət göstərərək azərbaycanlıların hüquqlarının qorunmasında, siyasi və ictimai təşkilatlarının yaradılmasında, müstəqillik, birlik ideyalarının formalaşmasında, şimala birləşmək istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı. O, Təbrizdə işlərkən cənublu gənclərin Seyid Cəfər Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı. Heydər Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi.
Sovet dövründə Azərbaycan müstəqil olmadığı üçün xarici siyasət yürüdə bilməsə də, Heydər Əliyev ümumi sovet xarici siyasəti çərçivəsində Cənubi Azərbaycan məsələsini diqqətdə saxlayırdı. Heydər Əliyevin bu məsələyə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir; cənub mövzusunun unutdurulmamasına çalışır; elmi araşdırmaların aparılmasını təşviq edir, alim, yazıçı və şairləri cənub mövzusundan yazmağa çağırır, böyük ustalıqla həmin ideyanın yayılmasına kömək edir; Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılmasından ötrü qərarlar qəbul edir, onları mənzillə təmin edir; İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara Bakıdan nəşrlər göndərilməsini artırır; cənublu gənclərin Azərbaycan ali məktəblərində təhsil almalarına dair qərarlar qəbul edirdi və s. Heydər Əliyev hakimiyyətə gələn kimi ilk növbədə İrana Azərbaycan ədəbiyyatının göndərilməsi işi genişləndirildi. 1970-ci illərin əvvəllərindən etibarən İranda Azərbaycan kitabına olan ehtiyac xeyli artmışdı. Ona görə də Azərkitab İrana 5 min nüsxə kitab göndərmək barədə İran naşirləri ilə müqavilə imzaladı. Təbriz, Urmiya, Zəngan və başqa şəhərlərdəki ali məktəb kitabxanalarına çoxlu Azərbaycan kitabı göndərildi. Bunların arasında Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə, digər elm sahələrinə dair kitablar üstünlük təşkil edirdi. Kitab göndərilməsi işində Azərbaycan kitabxanaları da fəal iştirak edirdilər. 1971-1973-cü illərdə Azərbaycan EA kitabxanası və M. F. Axundov adına kitabxana İrana 900-dən çox kitab və jurnal göndərmişdi.
Heydər Əliyev belə hesab edirdi ki, SSRİ-nin İranla normal münasibətlərinin qurulması, inkişaf etdirilməsi, rəsmi nümayəndə heyətlərinin və ictimaiyyət xadimlərinin səfərləri cənubi azərbaycanlıların öz problemlərini başa düşmələrinə, həlli yolları barədə düşünmələrinə təsir göstərər. Onun hakimiyyəti illərində İrandan gələn bütün qonaqlara, xüsusən azərbaycanlılara böyük ehtiram göstərilirdi. Məsələn, Azərbaycan KP MK bürosunun 1970-ci il 4 dekabr tarixli iclasında İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və onun anası Fəridə Dibanın Azərbaycana səfəri haqqında məsələ müzakirə edildi. Müzakirə nəticəsində beş maddədən ibarət qərar qəbul olundu. Qərarda eyni zamanda yazılırdı ki, təsdiq edilmiş proqram qonaqların istəyinə uyğun olaraq dəyişdirilə bilər. Dekabr ayının 9-11-də keçirilən səfərdə Fərəh xanımı və anasını 7 nəfər rəsmi, 5 nəfər şəxs isə qeyri-rəsmi şəkildə müşayiət edirdi. İranın SSRİ-dəki səfiri və həyat yoldaşı da onu müşayiət edənlərin arasında idi. Qonaqlara Azərbaycanda böyük hörmət və ehtiram göstərildi. Onlar Azərbaycan Dövlət Opera və Balet Teatrında, Bakı şəhərinin tarixi yerlərində, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan tarixi muzeyində, C. Qaryağdının emalatxanasında oldular. Səfər qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynadı.
Bu dövrdə sovet rəhbərliyi və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ümumi siyasi, strateji və hərbi məqsədləri naminə Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar barədə dəqiq informasiyalar alırdı. Məsələn, SSRİ-nin İrandakı səfirliyinin birinci katibi V. Baranov 1978-ci il 30 iyul tarixli “İranda azərbaycanlıların vəziyyəti haqqında məsələyə dair (informasiya)” adlı iki nüsxədən ibarət olan məlumatında yazırdı ki, azərbaycanlılar İranın türkdilli xalqları arasında ən çoxsaylıdır və farslardan sonra ikinci yeri tuturlar. Sənəddən məlum olurdu ki, 1976-cı ildə əhalinin siyahıyaalınmasına görə, azərbaycanlılar Şərqi Azərbaycanda 3,2 mln., Qərbi Azərbaycanda 1,4 mln., Zənganda 0,6 mln. nəfər yaşayırdılar. Həmədan, Qəzvin və b. şəhərlərdə də azərbaycanlılar çox idi. Məlumatdan aydın olurdu ki, İranda yaşayan 33,6 mln. əhalinin 7 mln. nəfərini azərbaycanlılar təşkil edirdi. Bütün ölkə miqyasında əhalinin ümumi artımı 2,7% olsa da, bu, İran Azərbaycanında 3,1% təşkil edirdi. Məlumatda yazılırdı ki, yaxın illərdə azərbaycanlıların sayı 8 mln. nəfərə çatmalıdır. Qeyd etmək lazımdır ki, bunlar rəsmi statistik məlumatlar idi. Rəsmi statistika isə azərbaycanlıların sayını həmişə az göstərirdi. Azərbaycanlı əhalinin 65%-i kənd yerlərində yaşayır, əsasən, maldarlıq, üzümçülük, əkinçilik və bağçılıqla məşğul olurdu. Şəhərlərdə yaşayan azərbaycanlıların 10%-ə qədəri dövlət qulluğunda və şirkətlərdə çalışırdılar. Böyük bizneslə məşğul olan azərbaycanlılar da var idi. Təbrizdən çıxan bir neçə milyonçu ailə Tehran bazarına nəzarət edirdi. İranın sənaye-ticarət burjuaziyasını, əsasən, azərbaycanlılar təşkil edirdilər. İranın din xadimləri arasında çoxlu azərbaycanlı var idi.
Birinci katibin məlumatında vurğulanırdı ki, azərbaycanlılar qədim və özünəməxsus mədəniyyəti olan xalqdır. Onların mənşəyi manna, kadusi, kaspi, alban və başqalarından törəyir, türkdilli kimer, skif, hun, bulqar, xəzər, oğuz, peçeneq və digərləri ilə qaynayıb-qarışıblar. O daha sonra yazırdı ki, hələ XVI əsrdə Səfəvilər zamanında Azərbaycan dilində ədəbiyyat yaranıb. XIX əsrin ikinci yarısından Azərbaycan millətinin formalaşması başlayıb, lakin İranda qəbul olunmuş rəsmi doktrinaya görə bütün əhali iranlı adlanır.
Səfirliyin birinci katibinin məlumatında İranda azərbaycanlıların hüquqlarının kobud surətdə pozulmasına dair konkret faktlar verilirdi. Qeyd edilirdi ki, hələ 1971-ci ilin sonunda Şəfi Cavadinin çap olunmuş “Təbriz və onun çevrəsi” adlı kitabında azərbaycanlıların guya midiyalıların varisləri, Azərbaycan dilinin isə qədim fars dilinin dialektlərindən biri olduğu yazılır. İranda dərslər yalnız farsca keçilir, Azərbaycan dilində hətta ibtidai məktəblər də fəaliyyət göstərmirdi. Təbrizdə müəllimlər ana dilində dərs verdikləri üçün işdən azad edilmişdilər. Təbrizdəki Azarbedaqan Universitetində dərslər farsca keçirilirdi. Təbriz televiziyası hər gün Azərbaycan dilində yalnız 30 dəqiqə xalq musiqisi, folklor və dini mövzuda verilişlər verirdi. Təbriz radiosunda isə Azərbaycan dilində hər gün 2 saat veriliş yayımlanırdı. Ana dilində təhsil almaq imkanlarının olmaması ucbatından Azərbaycanda kəndlilər savadsız qalırdılar. Belə acınacaqlı vəziyyət azərbaycanlı etnik qruplar olan şahsevənlər, qarapapaqlar, əfşarlar, qaradağlılar arasında da hökm sürürdü. Azərbaycan dilində kitabların nəşrinə icazə verilmirdi. Sovet səfirliyinin birinci katibi yazırdı ki, müasir görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar şeirlərinin çoxunu fars dilində çap etməyə məcburdur, onun Azərbaycan dilində olan şeirləri ayrı-ayrı adamlar tərəfindən yarımkustar formada hazırlanıb yayılır. Azərbaycanın Vəli, Xaqani, Qarçarlı (ləqəbi Səhənd) kimi şairləri də ağır vəziyyətdə yaşayıb-yaradırlar.
Çoxsaylı xahişlərə baxmayaraq, Səhəndə “Kitabi-Dədə Qorqud”u çap etməyə icazə verilməmişdi. Aryanpurun “Azərbaycan ədəbiyyatı tarixi” kitabını yalnız fars dilində çap etmək mümkün olmuşdu. 1977-ci ildə nağıllar məcmuəsini Azərbaycan dilində nəşr etdiyi üçün Tehrandakı “Fərzane” nəşriyyatı cərimə edilmişdi. Bundan fərqli olaraq “Quran”ın Azərbaycan dilində təfsirinə icazə verilmişdi. Birinci katib azərbaycanlıların narazılığını da yazırdı. Qeyd edirdi ki, azərbaycanlı əhali mərkəzi hakimiyyətin yeritdiyi siyasətdən kəskin surətdə narazıdır. Ona görə də 1978-ci ilin fevral və may aylarında Təbrizdə keçirilən mitinqlərdə Azərbaycan mədəniyyətinin inkişafına mane olan əngəllərin aradan qaldırılması, farsların “türke xare” (“türk uzunqulaqdır”) kimi təhqiredici ifadələrinin rəsmi surətdə qadağan edilməsi qətiyyətlə tələb olunmuşdu. Şərqi Azərbaycan ostanının milliyyətcə azərbaycanlı olan general-qubernatoru general Şəfaqət mənşəcə fars olan polis və jandarma məmurlarına yerli əhalinin milli və dini hisslərini təhqir etməyi qadağan etmişdi.
Şahın həyat yoldaşının şəxsi dəftərxanasının müdiri, İran problemlərini öyrənən qrupun rəhbəri X. Nəhavəndi isə Təbrizdə şah əleyhinə baş verən mitinqləri hökumətin buraxdığı səhvlərin nəticəsi hesab edərək gələcəkdə onların düzəldilməsini tövsiyə etmişdi. Bundan sonra hökumət Azərbaycanda vəziyyəti sabitləşdirməkdən ötrü hər iki ostanın general-qubernatorunu, ali məktəblərin rektorlarını dəyişərək mədəni proqramları həyata keçirəcəyini bildirmişdi.
V. Baranov İran azərbaycanlılarının sovet azərbaycanlılarına sevgisinə dair də çoxlu faktları yazırdı. Qeyd edirdi ki, onlar şimala rəğbət bəsləyir, Azərbaycan dilində Bakı radiosunu dinləyir, Azərbaycan musiqisini kassetlərə yazıb yayır, Azərbaycan klassik ədəbiyyatını və müasir yazıçıları oxuyurlar. Avropadan İrana gələn qonaqlar deyirdilər ki, İranın böyük şəhərlərində bazarlarda Azərbaycan dilində danışmaq fars dilindən daha münasibdir.
Cənub məsələsini incəliklərinə qədər dərindən bilən və azərbaycanlıların vəziyyətinə sovet dövlətinin ümumi siyasəti çərçivəsində biganə qalmayan Heydər Əliyev, ilk növbədə, Azərbaycan SSR-də yaşayan cənublulara xüsusi qayğı göstərirdi. 1969-cu il yanvarın 1-nə olan məxfi məlumata görə, SSRİ-də 12 min 212 nəfər siyasi mühacir (sənədlərdə belə yazılır-M.Q.), 5 min 431 nəfər onlara bərabər tutulan şəxs yaşayırdı. Onların 16 min 749 nəfər övladı var idi ki, bunların da 15 min 538 nəfəri SSRİ-də doğulmuşdu. Həmin mühacirlərin 5 min 109 nəfəri Azərbaycanda idi. 1970-ci il yanvarın 1-də Azərbaycanda 4670, 1971-ci il yanvarın 1-də 4614 nəfər, 1973-cü ildə 4617 siyasi mühacir yaşayırdı. Onlara hüquqca bərabər olan adamların sayı 1836 nəfər idi. Həmin ildə siyasi mühacirlər üçün 142. 500 rubl daimi yardım ayrılmışdı. Siyasi mühacirlər İrandakı qohumlarına 12480 rubl pul baratı göndərmişdilər. 1974-cü ildə isə bu məbləğ 13960 rubl təşkil etmişdi. Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın qərarı ilə Azərbaycanda olan cənublu mühacirlərə əlavə olaraq maddi yardımlar göstərildi.
Respublika rəhbərinin tapşırığına uyğun olaraq mühacirlərin mənzil problemlərinin həlli sahəsində ciddi addımlar atılmışdı. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il iyul ayının 28-də qəbul etdiyi 184/ 9 №-li qərara uyğun olaraq ehtiyacı olan mühacirlərin mənzillə təmin edilməsinə başlanılmışdı. 1973-cü ildə Bakıda 76, Sumqayıtda 15, Gəncədə 15, Şəkidə 5, Əli Bayramlıda 5 mühacir ailəsinə mənzil verilmişdi.
1974-cü ilin üçüncü kvartalında cənublu siyasi mühacirlərə 115.469 rubl daimi, 39.368.70 rubl məbləğində müvəqqəti yardım edilmişdi.
Göstərilən qayğı və respublikada qazanılan uğurlar cənublular tərəfindən rəğbətlə qarşılanırdı. Onlar Heydər Əliyevi şimal və cənubun lideri olaraq görürdü. Məsələn, Azərbaycan Demokrat Partiyası MK-nın sədri Qulam Yəhya oğlu Danişyan Heydər Əliyevə ünvanlandığı 1974-cü il oktyabr ayının 3-də 109 №-li məktubunda yazırdı ki, partiya adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər münasibətilə Sizi təbrik edirik. Əlavə edirdi ki, bu nailiyyətlər bizi İranın imperializm və irtica əsarətindən azad olmaq uğrunda mübarizəyə ruhlandırır. Göründüyü kimi, cənubi azərbaycanlılar öz mübarizələrində mühüm amil kimi hansı sistemdən asılı olmayaraq, Azərbaycanın şimalının güclü olmasını görürdülər.
Azərbaycan rəhbəri Azərbaycan Demokrat Partiyasının yaradılmasının ildönümünün hər il qeyd olunmasını təşviq edərək əlverişli şərait yaradırdı. 21 Azər hərəkatının 30 illiyi münasibətilə Qulam Danişyan 1975-ci il 5 noyabr tarixli 45 №-li məktubunda Heydər Əliyevdən bir sıra şəxslərin orden və medallarla təltif olunması, müxtəlif vəzifələrdə irəli çəkilməsini xahiş etdi. Xahiş yerinə yetirildi. Cənubluların nümayəndələri müxtəlif sovet və təsərrüfat vəzifələrində irəli çəkildi. Bu addım cənubluların idarəetmə işlərinə yaxından bələd olmalarına və peşəkar kadr kimi yetişmələrinə kömək edirdi.
Cənubi Azərbaycandan olanlar Şimali Azərbaycana təkcə Cənubi Azərbaycan, İran deyil, bütün şərq xalqları nümunə, örnək kimi baxırdılar. Qulam Danişyan 1975-ci il noyabr ayının 3-də H. Əliyevə göndərdiyi 42 №-li məktubunda yazırdı ki, Azərbaycan Respublikasının keçdiyi şanlı qələbələr yolu və əldə etdiyi əzəmətli nailiyyətlər bütün Şərq, xüsusilə İran və İran Azərbaycanı üçün cazibəli örnək və nümunədir. Hazırda qan qardaşlarımız tərəfindən sənaye və təsərrüfat üzrə beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi, Sizin rəhbərliyinizlə son illərdə əldə edilmiş belə möhtəşəm qələbələr bizləri ürəkdən sevindirir, bütün firqə üzvləri və iranlı siyasi pənahəndələri yeni əmək nailiyyətləri üçün ruhlandırır.
1975-ci il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4639 cənubi azərbaycanlı siyasi mühacir yaşayırdı. Onlar vətənin bir tayından o biri tayına pənah gətirmişdilər. Həmin ildə Cənubi Azərbaycandan olan siyasi mühacirlərə 119. 637 rubl daimi, 35. 523 rubl isə müvəqqəti yardım verilmişdi. 313 siyasi mühacir İrandakı qohumlarına 12. 520 rubl pul baratı göndərmişdi. 1976-cı il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4587 siyasi mühacir yaşayırdı. Həmin ildə Azərbaycan Qırmızı Aypara cəmiyyətinin xətti ilə siyasi mühacirlərə ayrılan yardımlar artırıldı.
Heydər Əliyev Qulam Danişyanın anadan olmasının 70 illiyi münasibətilə “Xalqlar dostluğu ordeni” ilə təltif edilməsi haqqında Azərbaycan KP MK bürosunun 1976-cı il 10 sentyabr tarixli B-19/14 №-li iclas qərarına uyğun olaraq sentyabr ayının 17-də 433 s №-li məxfi məktubla Sov. İKP MK-ya müraciət etdi. Məktubda yazılırdı ki, Qulam Danişyan 1941-1945-ci illərdə İran Azərbaycanında milli demokratik hərəkatda fəal iştirakına görə İran Azərbaycanı milli hökumətinin “Səttarxan ordeni” və “21 Azər medalı” ilə təltif edilib, general rütbəsi alıb, 1946-cı ildən SSRİ-də mühacirətdədir. Heydər Əliyevin bu istəyi yerinə yetirildi.
Musa QASIMLI,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor
Əziz əliyev cənubi azərbaycan
Pərvanə Məmmədli
filologiya üzrə fəlsəfə doktoru
İkinci Dünya müharibəsi dönəmində almanlar İranda fəallaşmışdı. Hakim rejimdən dəstək alan almanlar ölkənin ərazisindən SSRİ-yə qarşı təxribat və casusluq üçün istifadə edirdilər. SSRİ belə halların qarşısını almaq üçün (1921-ci ildə bağlanmış Rusiya-İran müqaviləsini əsas tutaraq) bir neçə dəfə nota göndərdi. Lakin qarşı tərəfdən cavab almadı.
İrandakı sovet kəşfiyyatı öz növbəsində oradakı vəziyyət haqqında xüsusi məlumat toplayıb göndərirdi. İ.Stalin Güney Azərbaycanda tapdalanan hüquqları uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu bilirdi.
Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün şərait yetişmiş oldu. Sovet ordusu 1941-ci il avqustun 25-də sərhədi keçib, Güney Azərbaycana daxil oldu. Sovet qoşunları İran ərazisinə yeridildikdən 10 gün sonra – sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı razılıq əldə edildi ki, Azərbaycan SSR-də səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Güney Azərbaycana göndərilməsinə başlanılsın.
Azərbaycan KP MK-nın katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən, polkovnik Əziz Məmmədkərim oğlu Əliyev Təbrizdə yerləşdirilmiş 47-ci ordunun Hərbi Şurasının üzvü oldu və ona geniş səlahiyyətlər verildi.
Məlumdur ki, hələ Krımın, faşist hücumlarını dəf etmiş Sevastopolun, Ukrayna torpaqlarının, Belorusiyanın, Baltikyanı ərazilərin, Avropanın azad olunması, dağıdılmış şəhər və kəndlərin bərpası qarşıda idi. Lakin Stalin qarışıqlıq burulğanında Cüney Azərbaycanı da unutmamışdı. Stalinin bu məsələyə maraq göstərməsi onun Bakı ilə bağlı gənclik xatirələri və Qafqaz problemini anlaması və ya torpaq, neft maraqları ilə bağlı idi? Yoxsa o illərdə keçirilən Tehran konfransı yeni çözümlərə bir yol açmışdı?
Qəbul olunmuşi proqrama görə, Təbrizdə onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi aqrotexniki stansiya yaradılmalı, trikotaj-corab fabriki tikilməli idi. 1945-ci il iyunun 10-da Stalin “Şimali İranda sovet sənaye müəssisələrinin təşkili haqqında” məxfi qərar imzaladı. İyunun 21-də o, “Şimali İranda neft üzrə geoloji-kəşfiyyat işləri haqqında” Dövlət Müdafiə Komitəsinin qərarına qol çəkir. Neftçilər İrana – sovet qoşunları qərargahına ezam olunmuş hidrogeoloji dəstənin əməkdaşları qismində yola düşürlər. İranın başqa bölgələrində eynən su ehtiyatları axtarışı bəhanəsilə ingilislər də neft və filiz yataqları axtarırdılar. (С.Емелянов – М.Дж.Багирову. Проект докладной записки «О ходе реализации мероприятий по Иранскому Азербайджану». 20.12.1945 г. —ЦГАППОД АР, ф. 1, оп. 89, д. 97, л. 165)
O illərdə Azərbaycandan İrana göndərilmək üçün hərbçilərdən savayı dörd minə yaxın mülki şəxs səfərbər edilmişdi. Həmin siyahıda onlarla partiya işçisi, elm, sənət adamı, milis əməkdaşı, dəmiryolçu, və neftçi-geoloq vardı.
Bütün bu dəstəyə – “Cənubi Azərbaycanda sovet missiyası”na Azərbaycan KP MK-nın katibi Əziz Əliyev başçılıq edirdi. Missiyanın tərkibi və rəhbəri haqqında qərar Kremldə qəbul edilirdi. Əziz Əliyevi də orada 47-ci ordunun Hərbi Şurasının üzvü təyin etdilər. Həmin ordu qədim Təbrizdə, Cənubi Azərbaycanın paytaxtında yerləşmişdi. Missiya 1941-ci ilin avqustundan 1942-ci ilin yayına qədər, sovet-alman cəbhəsində hadisələr bütün başqa olayları üstələdiyi dövrdə fəaliyyət göstərmişdir. Üstəlik, indi Sovet İttifaqı İran vasitəsilə müttəfiqlərindən hərbi-strateji yardım alırdı. Göndərişlər Fars körfəzindən, bütün İran ərazisindən keçməklə Xəzərədək ötürülür və daha sonra Volqa çayı və ya dəmiryolu ilə daşınırdı.
Cənubi Azərbaycanda vəziyyətlə tanış olmaq məqsədilə Bağırov məxfi olaraq Naxçıvandan Təbrizə getmişdi. (Scheid F.Stalin and the Creation of the Azerbaijan Democratic Party in Iran, 1945 // Cold War History I (October 2001). P. 3.) İrandakı azərbaycanlıların quzeyli qardaşları ilə yaxınlığa güclü meylinin olması Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Sovet ordusu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər. Başda Əziz Əliyev olmaqla rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və digərlərinin üzərinə fövqəladə və səlahiyyətli bir vəzifə – Güney Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu.
Sentyabrın 21-dən Cənubi Azərbaycanda fəaliyyətə başlamış missiya tez bir zamanda əhalinin rəğbətini qazana bilmişdi. (Qrupun tədbirləri nəticəsində Cənubi Azərbaycanda yeyinti və sənaye malları qıtlığı aradan götürülmüş, əhaliyə pulsuz tibbi yardımlar göstərilmişdi). Ən başlıcası isə bütün bu xidmətləri göstərənlər yerli əhali ilə doğma dildə danışırdı. Sovet Azərbaycanından getmiş qrupun maddi, mənəvi dəstəyi nəticəsində Cənubi Azərbaycan əhalisində sovetlərə qarşı rəgbət hissi yaranırdı. Bəlkə də belə bir qrupun orada fəaliyyəti və yerli əhali ilə səmimi münasibəti olmasaydı, yalnız sovet hərbi hissələrinin ölkə ərazisinə daxil olması Azərbaycan xalqı tərəfindən bir o qədər də maraqla qarşılanmazdı.
“Vətən yolunda” ilə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun redaktorluğu ilə Azərbaycan dilində “Qızıl əsgər” (redaksiya heyətində Nüsrət Bağırov, A.İsayev, Şəmsi Bədəlbəyli də çalışırdılar), Rəştdə isə Xasay Vəzirovun redaktorluğu ilə fars dilində “Sərbaze sorx” (Qızıl əsgər) qəzetləri çıxırdı.
Qəzetin fəaliyyətini şərti olaraq iki yerə ayırmaq olar. 1941-1942-ci illəri əhatə edən ilk dövrdə bu mətbu orqanının 89 sayı nəşr olunub. 1944-cü ilin aprel ayından qəzet özünün ikinci dövr fəaliyyətinə başlayıb. 1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 306 sayı çapdan çıxmışdır.
“Vətən yolunda” qəzeti sovet ordusu tərkibində Güney Azərbaycana gəlmiş yaradıcı ziyalıların iştirakı ilə hazırlanırdı. Qəzetin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxmışdır. Qəzet Azərbaycan dilində günaşırı nəşr olunurdu. Qeyd etmək lazımdır ki, “Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən olmuşdur (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin nəşr olunduğu müəyyən dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar.
“Vətən yolunda” qəzetində cəbhə xəbərləri ilə yanaşı, Azərbaycanın mədəniyyətindən, tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, ədəbiyyatından maraqlı məqalələrə geniş yer verilirdi. Qəzetin redaksiyasında şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, Cabbar Məcnunbəyov, jurnalist, elm və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Əsgər Ağayev, Qulam Məmmədli, Ələkbər Abbasov, Nüsrət Bağırov, Həmid Yolçiyev, Cavanşir Şirinov, Cəfər Xəndan (baş redaktor müavini), Mehdixan Vəkilov, Mirzağa Quluzadə, Rəhim və Məmmədağa Sultanov qardaşları, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləmişlər (Vəkilov C.M. Azərbaycan respublikası və İran: 40-ci illər, Bakı, 1991,s.53).
Şimaldan gələn bu yaradıcı ziyalılar tərəfindən qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirmişlər.
Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun fəaliyyətini geniş şəkildə işıqlandırmışdır. O, yazırdı ki, qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, “Vətən yolunda”nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. “Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir” (Xəndan Cəfər, Ədəbiyyatımızın dünəni və bu günü. B., 1980.s. 153).
Yerli şair və mühərrirlərə gəldikdə onların sırasına – Mirmehdi Etimad, Əli Fitrət Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmmədlu Əbbasi, Hilal Nasiri, Məhəmməd Biriya daxil idi.
Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif M.Biriyanin qəzetin ilk çapından təxminən 1 ay sonra yazdığı məqaləyə nəzər salmaq kifayətdir. “Təbriz məktubları” rubrikası altında çap olunmuş məqalədə yazılırdı: “Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: “Ağa, əgər mümkün olarsa, bir az oxu, görək, nə yazırlar”. Onun xahişini yerə salmadım, oxudum. Qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim. O üzünü mənə tutub “Çox şükür ki, belə sadə dildə yazırsınız” – dedi və ruznaməni əlimdən alıb, mənimlə xudahafizləşdi. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi”(Vətən yolunda” 1941, №6).
Yaradıcı qrupa daxil olan yazıçı Qılman İlkin o günləri xatırlayıb yazırdı: “Biz orada azərbaycanlı əsgərlər üçün qəzet nəşr etməli idik. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı. Çünki İran qəzetləri müharibə əməliyyatları və cəbhələrdəki hadisələr barədə səhv məlumat verir, hadisələr almanların xeyrinə olaraq, təhrif olunurdu. Sovet qoşunlarının cəbhədəki vuruşmalarını biz olduğu kimi yerli əhaliyə çatdırmalı idik” (“21 Azər” jurnalı,1999, №3, 40).
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupla sovet hərbi-diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi.
1944-cü ildə Güney Azərbaycana yenidən işçi qrupu göndərilmişdi. Bununla da 2 ildən sonra 1944-cü ilin aprelindən Təbrizdə “Vətən yolunda” qəzetinin nəşri bərpa edilmişdi. Qəzetin II fəaliyyət dövründə redaktoru H.Şahgəldiyev idi. Qəzet tək Təbrizdə deyil, bütün Güney Azərbaycanın şəhərləri, hətta Tehranda belə yayılıb, böyük maraqla oxunurdu. Qəzetin işi ilə bağlı Cəfər Xəndan və Qulam Məmmədli digər şəhərlərə ezam olunurdular.
Ənvər Məmmədxanlı xatirələrində yazırdı: “Təbriz ziyalılarınınn redaksiyamız ətrafında toplaşması qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyir verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar da “Vətən yolunda” qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər. “Vətən yolunda” qəzeti yerli ədəbi qüvvələrin yetişməsində böyük rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi” (“Ədəbiyyat və incəsənət”qəzeti, 11 may 1990).
Beləliklə, “Vətən yolunda” qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı. Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafında birləşirdi.
Qəzetdə çap olunmuş bədii əsərlərə diqqət yetirdikdə təkcə cənub şairlərinin deyil, şimaldan getmiş müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi oluruq: “Bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan yorulmuş şair və yazıçılar yeni bir mühitə düşmüşdülər. Deməli, Cənubi Azərbaycandakı siyasi proseslər, gündən-günə genişlənən demokratik əhval-ruhiyyə onlar üçün də ürəkdən olan bir mövzu idi. Odur ki, “Vətən yolunda” qəzetində çap olunan əsərlərin müəyyən bir hissəsi məzmun cəhətdən cənublu qələm sahibləri ilə yanaşı Sovet Azərbaycanından getmiş şair və yazıçıların yaradıcılığında da bir yenilik idi “(2, 116).
Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə “Vətən yolunda” qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, “yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər. Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzularını və minnətdarlıqlarını bizə bildirirdilər. Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki, o bizim daimi müəllifimizə çevrildi. Ondan sonra şəhərin bir çox yaşlı və cavan şairləri də qəzetin ətrafına toplaşmağa başladılar. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar” (“21 Azər” jurnalı, 1999, №1, 41).
“Vətən yolunda” qəzetinin Cənubi Azərbaycan ədəbiyyatında, publisistikasında yeni qələm ordusunun meydana çıxmasında böyük rolu danılmazdır.
“Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” təşkil olunmuşdu. “Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan “Vətən yolunda” az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi. Bura gələn və elmi, ədəbi məsləhətlər alan şairləri bir ədəbi təşkilat altına almaq zərurəti doğurdu. Cümədən-cüməyə redaksiyaya toplaşan şairlər ədəbi mübahisələr aparır, tərcümələr edir, öz şeirlərini oxuyurdular. Bunları təşkilat altına almaq və müəyyən plan üzrə iş aparmaq üçün qəzetin redaktorluğu “Şairlər məclisi”ni təşkil etməyi qərara aldı” (Ağayeva Gözəl, Təbriz ədəbi mühiti, Bakı, 2004s.164).
Bu ədəbi təşkilat Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu. Ədəbi məclis bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, həm də gələcək fəaliyyəti üçün ətraflı düşünülmüş planlar tərtib edib həyata keçirməyə başladı.
Məclis “Şairlər məclisi” adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuənin saylarında yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin materialları 1945-ci ilin noyabrında kitab şəklində çap olundu. 424 səhifədən ibarət olan bu nəşrdə 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı.
“Şairlər məclisi” üzvlərinin və onların əsərlərinin geniş xalq kütlələrinə tanıtmaq işində “Vətən yolunda” qəzetinin böyük rolu olmuşdur. Qəzetin səhifələrində Ə.Fitrət, M.Etimad (Milli Hökumətin dövlət himninin sözlərini yazmışdı), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.
Getdikcə sıralarına daha çox üzv cəlb edilən “Şairlər məclisi”nin təsiri altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı. Klassik və çağdaş Azərbaycan şeir ənənələrini dərindən öyrənən məclis üzvlərinin yaradıcılığında böyük yeniliklər nəzərə çarpırdı.
Təbrizdə və Zəncanda “Şairlər məclisi”, Ərdəbildə, Urmiyada “Yazıçılar məclisi”, Əhər, Mərənd, Sarab, Marağa şəhərlərində bunların şöbələri təşkil olunurdu. Bu məclislərdə ədəbi irsin öyrənilməsi, yeni inkişaf mərhələsində ortaya çıxan ədəbiyyatın müxtəlif problemlər müzakirə edilir, yeni əsərlər oxunub təhlil edilirdi.
Ənvər Məmmədxanlı “Vətən yolunda” qəzetinin hər iki taylı ziyalılara təsirini qiymətləndirərək yazırdı: “Təbriz ziyalılarının redaksiyamız ətrafında toplanması qarşılıqlı olaraq hər iki tərəfə çox xeyir verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlardan “Vətən yolunda” qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər” (“Ədəbiyyat və incəsənət” qəzeti, 11 may 1990).
“Vətən yolunda” qəzetində dərc olunan materiallar da, ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. Qətiyyətlə demək olar ki, 1941-1946-cı illərdə Güney Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası “Vətən yolunda” qəzeti ilə bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə “Vətən yolunda” qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən “parçalanmış vətən həsrəti”, “ayrılıq” mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda – sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən “ikiyə bölünmüş Azərbaycan məsələsi” mövzusu yasaq olunmuşdu.
“Vətən yolunda” qəzetindəki materialları təhlil edən P.Məmmədli yazır: “Qəzetin səhifələrində ilk illərdə Süleyman Rüstəmin çap olunmuş “Təbrizim”, “Qalacaq”, “Yandı”, “Araz qırağında”, “Qardaşımın dərdi”, “Dilimə dəymə”, “Vətənim” şerləri, Hilal Nasirinin “Köşki balaban” şeirləri ikiyə parçalanmış millətin faciəsini yada salıb, uzun illər bir-birindən ayrı düşən qardaşların həsrəti, hicran, ayrılıq dolu hisslərindən ürək ağrısı ilə danışırdı. Elə o illərdə hər iki taylı azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu, həsrət və ayrılıq. Bizim fikrimizcə, bu hərəkata təkan verən və həmişə onun ön sırasında olub, digər ziyalıları da bu mövzuda yazmağa ruhlandıran şair Süleyman Rüstəm idi.
1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın ayrılıq həsrətini “Araz, ayrılıq, həsrət” motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə “Vətən yolunda” qəzetinin səhifələrində qoyulmuşdur. Bu ədəbi proses Süleyman Rüstəmin qəzetin səhifələrində çap olunmuş “Təbrizim”, “Arazın dərdi”, “Qardaşımın dərdi”, “Araz qırığında”, “Yandı”, “Vətənim” şeirləri ilə başlamışdır. Bunun davamı olaraq Rəsul Rzanın “Vətən nəğməsi”, Məmməd Rahimin “Vətən həsrəti”, paralel olaraq güneyli şairlərdən Mirmehdi Etimadın “Yaşamaz”, Əli Fitrətin “Azərbaycan”, M.B.Niknamın “Şanlı vətənə”, Hilal Nasirinin “Köşkü-balaban” şeirlərində ikiyə bölünmüş millətin faciəsindən danışılırdı.
“Vətən yolunda” qəzetində çap olunan materiallar iki istiqamətdə idi: Sovet sosialist ideologiyasının təbliği və yerli əhalinin maarifl əndirilməsi. Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu “cidd-cəhdlə” göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu təbliğ edilirdi. İkinci sıraya isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixini, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil idi ”(Məmmədli Pərvanə.Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, Elm, 2009, s.90-91).
“Qəzetdə çap olunmuş bədii əsərlərə diqqət yetirdikdə, təkcə Cənub şairlərinin deyil, Şimaldan getmiş müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi oluruq. Belə ki, bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan yorulmuş şair və yazıçılar yeni bir mühitə düşmüşdülər.” (Ağayeva Gözəl. Təbriz ədəbi mühiti, Bakı, 2004.116).
Təbrizdə cəmi bir il yaşayan Süleyman Rüstəm sonrakı illərdə orada gördükləri və keçirdiyi ağrılı-şirinli hissləri, duyğuları uzun illər unuda bilməmişdi.
Görün nə qəribə bir qismətim var,
O taylı, bu taylı Süleymanam mən.
– deyən şairin yaradıcılığında «Cənub həsrəti» geniş bir silsilə təşkil etmişdi (Süleyman Rüstəm Seçilmiş əsərləri.Bakı, s.56).
Hələ 1945-ci ildə qələmə aldığı «Birdir» adlı şeirində Azərbaycan Milli Hökumətinin qurulmasından qürur duyaraq,
Süleyman, gəl, haray sal, qoy bütün aləm eşitsin,
Əziz doğma vətən birdir, o sahildə, bu sahildə.
fikrini söyləyən şair uzun illər gizlədilən bir sirri – ikiyə bölünmüş Azərbaycan həqiqətini bütün dünyaya çatdırmaq istəyirdi (Süleyman Rüstəm. Seçilmiş əsərləri, Bakı, 2005, s.80).
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin “Günəş”, Maarif idarəsinin “Maarif” kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu dərgilərin təsisçi və redaktorları dövrün tanınmış ziyalıları idi. “Qələbə” qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd Biriya, “Azərbaycan ulduzu” qəzetinin redaktoru isə tanınmış ictimai xadim Hilal Nasiri idi. Təbrizdə çıxan “Azad millət” qəzeti Milli Hökumətin rəsmi orqanı idi. Həftədə 2 dəfə çıxan bu mətbu orqanının redaktoru İsmayıl Şəms idi.
“1945-ci ilin oktyabrında sonralar Azərbaycanda dövlətlərarası münasibətlərin əsasını qoyan Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti (sonralar Azərbaycanın Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) yaradıldı. Bu quruma görkəmli şair Səməd Vurğun başçılıq edirdi. Fəaliyyətinin ilk mərhələsində cəmiyyətin funksiyası Azərbaycanın elm və mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaqdan ibarət idi” (Məmmədli Pərvanə. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, Elm, 2009, s.89).
1945-ci ildə “Azərbaycan” qəzeti ikinci fəaliyyət dövrünə başlayıb, öz nəşrini davam etdirdi. Qəzetdə çap olunan məqalələrdə azərbaycançılıq ideyası əsas yerlərdən birini tuturdu. Onun səhifələrində Cənubi Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin ikinci dövrünün ilk aylarından M.Tahirin “Azərbaycan ədəbiyyat tarixində Möcüz”, M.Naxçivaninin “Mirzə Məhəmmədəli Tərbiyət”, Novruzun “Şeyx Məhəmməd Xiyabani” (silsilə) və s. yazılarında ədəbi və tarixi simalar hörmətlə anılır, onların Vətən və Xalq qarşısında xidmətləri dəyərləndirilirdi.
“Azərbaycan” qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. “Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» (Azərbaycan – VIII jurnalı, s.173).
“Azərbaycan” qəzeti ən istedadlı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimini, M.Turabini, Həmzə Xoşginabini, İsmayıl Şəmsi, Qəhrəman Qəhrəmanzadəni, Abbas Pənahini, Əhməd Musəvini və b. göstərmək olar.
Beləliklə, Əziz Əliyevin qrupunun Cənubi Azərbaycandakı fəaliyyəti orada milli özünüdərkin formalaşmasına, milli azadlıq ruhunun alovlanmasına təkan verdi. Güney Azərbaycan tarixinin ən şanlı səhifələrindən sayılan 21 Azər hərəkatında Əziz Əliyevin Cənub missiyasının, sözsüz ki, böyük təsiri olmuşdu.
Comments are closed, but trackbacks and pingbacks are open.