Təsir edə bilmədiyim problemlə necə məşğul ola bilərəm
İlqar Əlfi: – Mənasız cümlədir.
İlk yardım: qan təzyiqi qalxarsa nə etmək lazımdır?
Hipertoniya ən çox yayılmış xəstəliklərdən biridir. Hər bir insanda görünə bilər, ancaq yaşlı insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər. Hipertonik kriz demək olar ki, istənilən vaxt baş verə bilər. Heç bir xəbərdarlıq əlaməti və ya simptomun olmaması onu qorxulu edir. Buna görə hipertoniya tez-tez “səssiz qatil” olaraq xatırlanır. Qan təzyiqinin kəskin artması halında ilk yardımın necə göstəriləcəyini yalnız hipertonik xəstələrin deyil, həm də onların qohumları və yaxınlarının da bilməsi vacibdir.
Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində kritik vəziyyətlərdə necə kömək göstərəcəyimizdən danışırıq. Bu gün hipertoniyanı necə tanıya biləcəyimizi və hipertonik krizin qarşısını almağı izah edəcəyik. Yüksək qan təzyiqi göz ardı edilə bilməz: müalicə olunmazsa ömrü qısalda biləcək qədər təhlükəlidir.
Hipertonik kriz nədir?
Hipertonik kriz, qan təzyiqinin qəfil və əhəmiyyətli dərəcədə artmasıdır, ümumiyyətlə 40-60 mm c.s fərdi normadan yüksəkdir. Yəni kimsə 220/100 təzyiqdə, başqa bir insan isə 130/90 təzyiqdə hipertonik kriz keçirə bilər. Bir insanın daima aşağı qan təzyiqi varsa, bunun bir qədər artması da hipertonik krizə səbəb ola bilər. Hər halda, nevroloji, ürək və digər vegetativ xəstəliklər meydana gəlir. Vaxtında müdaxilə olmadan fəsadları ağır ola bilər və hətta ölümlə nəticələnməsi mümkündür.
Hipertonik krizin simptomları
- Yüksək təzyiq
- Baş ağrısı, adətən başın arxa-aşağı hissəsində
- Gicgahlarda döyünmə
- Gözlərin qarışqalanması
- Sinə ağrısı
- Ürək bulanması və qusma
- Yatarkən artan nəfəs darlığı
- Üzün və ya ümumi olaraq bədənin şişməsi
- Soyuq tər və hətta ağrı tutması
- Hipertonik kriz zamanı qaşınma və qıcıqlanma
Təzyiq stresli bir vəziyyətdə və ya ağır fiziki aktivlik zamanı arta bilər. İlk simptomlar bədənin öz yükünə tab gətirmədiyi zaman ortaya çıxır və damarlarda kritik dəyişikliklər baş verir. Çox vaxt hipertonik kriz yaşayan insanlarda arterial hipertoniya və ya ürəyin, böyrəklərin, böyrəküstü vəzilərin patologiyaları olur. Hipertonik kriz I və II növlərə aiddir, həm də mürəkkəbdir.
Göstərici 130/80 və daha yuxarı olduqda artan təzyiq nəzərə alınır.
Avropa Kardiologiya Birliyi xəbərdarlıq edir ki, bu cür təzyiq insult və infarkt inkişafı riskləri artır. Yeri gəlmişkən, orta yaşlı və yaşlı insanlarda təzyiqin daha tez-tez artmasına baxmayaraq, qan təzyiqi göstəriciləri üçün fərdi və ya yaşa görə standartlar yoxdur. Bu, damar sərtləşməsi və ya, məsələn, böyrək funksiyasının dəyişməsi ilə əlaqəli ola bilər.
I tip hipertonik kriz
Tez inkişaf edir, kəskin baş ağrısı, başgicəllənmə, ürək bulanması, gözlər qarşısında qarışqalanma ilə müşayiət olunur. Xəstələr bədəndə titrəmə və istilik hiss edirlər. Boyun, üz və bəzən sinə dərisində qırmızı ləkələr görünür. Artan ürək döyüntüsü və sinə daxilində ağırlıq hissi ola bilər. Taxikardiya qeyd olunur. Qan təzyiqi əsasən sistolik olan artır. (“yuxarı” təzyiq göstəricisi 200-ə yaxındır). Kriz çox sidiklə nəticələnə bilər.
II tip hipertonik kriz
Bu, kifayət qədər effektiv müalicəsi olmayan və ya həyat tərzini pozan hipertonik xəstələrdə olur. Belə bir krizin simptomları daha yavaş görünür: bir neçə saat ərzində baş ağrısı əmələ gəlir, ürək bulanması, qusma, uyuşuqluq müşahidə olunur, görmə və eşitmə pisləşir. Arterial təzyiq kəskin şəkildə artır, əsasən diastolik (“aşağı” təzyiqin göstəricisi təxminən 140-160).
Fəsad hipertonik kriz
Yüksək qan təzyiqi, kəskin koronar çatışmazlıq, kəskin sol mədəciyin çatışmazlığı fonunda fəsad hipertonik krizlə – ürək astması, ağciyər ödemi meydana gəlir. Həmçinin beyin qan dövranının kəskin bir pozğunluğu da inkişaf edə bilər – hipertonik ensefalopatiya, keçici qan dövranının pozğunluğu və ya insult.
İlk yardım: təcili nə etmək lazımdır?
Əlbəttə ki, hipertonik kriz vəziyyətində təcili yardım çağırmaq lazımdır. Həkimlər gələnə qədər mütləq:
- Xəstəni rahat yarı oturaq vəziyyətə gətirin. Beyin damarlarındakı stressi azaltmaq üçün baş bədən səviyyəsindən yuxarıda olmalıdır.
- Xəstənin tam istirahət vəziyyətində olmasını təmin edin. Heç bir şey onu qıcıqlandırmamalıdır. Sakit bir mühit yaradın və işıqları azaldın.
- Xəstənin ayaqlarını isitmək lazımdır. Bunu etmək üçün ayaqlarına xüsusi istilik yastığı, və ya plastik şüşədə isti su tətbiq edə bilərsiniz, lakin 20 dəqiqədən çox tətbiq etməyin.
- Əgər bu ilk hal deyilsə və xəstədə həkim tərəfindən təyin olunan dərmanlar varsa, təzyiqi dərmanlarla aşağı salmaq lazımdır. Dərman vasitəsi ilə bir saat ərzində nəticə yoxdursa, təlimatlar təkrar olunmalıdır.
- Xəstəyə 40 damla Korvalol və ya Valokordin, valerian və ya dama otu cövhəri (pustirnik) damlaması verə bilərsiniz. Bu xəstəni sakitləşdirməyə kömək edəcəkdir.
Təzyiqi, saatda 10 mm c.s. çox olmamaqla azaltmaq lazımdır. Diqqət edin ki, təzyiqi birdən birə çox azaltmayasınız, çünki bu xəstənin huşunu itirməsinə səbəb ola və xəstənin vəziyyətini, xüsusən də yaşlı bir insandırsa, daha da çətinləşdirə bilər. Təzyiqin kəskin və əhəmiyyətli dərəcədə azalması qan axınının tükənməsi nəticəsində beyində və digər orqanlarda işemik dəyişikliklərin inkişafına səbəb ola bilər. İlk iki saatda təzyiq 20-25 mm c.s.-dan çox azaldılmamalıdır.
Hansı təzyiq normal sayılır
Yetkinlərdə normal qan təzyiqi, ümumi olaraq 120/80 qəbul edilir. Normaları bu formada qəbul etmək doğrudur, ancaq yaşa görə düzəlişlər var, buna görə hər kəsin öz norması olacaqdır.
2018-ci ildə Avropa Kardiologiya Cəmiyyəti hipertoniyanın müalicəsi üçün tövsiyələrini yeniləmişdir: indi normanın yuxarı həddi 130/ 80-dir. Əvvəllər, məsələn, müalicənin məqsədi qan təzyiqini 140/90 mm c.s-dan aşağı salmaq idi. İndi normanın yuxarı həddi 130/80 arasında hesab olunur. Təzyiqi bu rəqəmlərdən yuxarı olan xəstələrə həkim hipertoniya diaqnozu qoymalıdır.
Yüksək təzyiqin səbəbləri
Hipertoniya, müxtəlif səbəblərdən ortaya çıxan qan təzyiqinin tənzimlənməsi mexanizmlərinin fəaliyyətindəki pozğunluqlara görə inkişaf edir. Yaşlı insanlarda qan təzyiqi yaşla yüksəlir. Yeniyetmələrdə və gənclərdə bu xəstəliyə ətraf mühit amilləri, həyat tərzi və ya irsiyyət səbəb ola bilər. Bundan əlavə, hipertoniya böyrək, endokrin, neyrogen və ürək-damar xəstəliklərinin olması halında da inkişaf edir.
Risk amillərinə aşağıdakılar daxildir:
- Yeməkdə artıq xolesterol və duz
- Oturaq həyat tərzi və artıq bədən çəkisi
- Siqaret və alkoqol.
- Gərginlik, stress, əsəb pozğunluğu
Hipertoniyası olan insanlar nə etməlidir
Əvvəlcə həyat tərzinizi yenidən nəzərdən keçirin və mümkün qədər sağlam olmağa çalışın
- Qidalanmanızı sağlam diyetə (tərəvəzlər, meyvələr, bütün taxıllar) dəyişin və artıq çəki yaxud obez probleminiz varsa çəki itirməyə çalışın.
- Duzu az qəbul edin. Həkimlər gündə 5 qramdan çox duz qəbul etməməyi tövsiyə. Duz qəbulunu azaltmaq üçün ancaq hazır yeməklərə duz əlavə edin. Unutmayın ki, bütün sənaye hazır məhsullarda duz olur.
- İdman. Hipertonik təzyiq xəstələri üçün ən vacib şey gəzməkdir. Evdə uzanmaq əvəzinə dartınma edin və ya gəzintiyə çıxın. Gündə 10 min addım atmağı hədəfləməyin, sadəcə çox gəzmək vərdişinə qapılın.
- Stressdən çəkinin. Meditasiyanı mənimsəməyə çalışın.
- Alkoqoldan çox istifadə etməyin.
- Qan təzyiqinizi, həmçinin qan şəkərinizə və xolesterol səviyyənizə və sidiyinizdəki protein səviyyəsinə nəzarət edin.
LAYFHAK: Təzyiqi necə düzgün ölçmək olar
Manjeti qolunuza ürək səviyyəsində yerləşdirin. Qan təzyiqini yalnız oturarkən ölçmək lazımdır. Ölçmədən iki saat əvvəl göz damlaları və ya burun damlaları istifadə etməyin. Yemək, acı çay, qəhvə, spirtli içkilər, fiziki fəaliyyət, siqaret, soyuğa məruz qalmaq kimi fəaliyyətlərdən ən azı 30 dəqiqə sonra təzyiqi ölçün. Təzyiqi ölçməzdən əvvəl 5-10 dəqiqə sakit oturmaq və ya yatıb istirahət etmək lazımdır. Təzyiq ölçənin kisəsi qan təzyiqini ölçmədən əvvəl boşaldılmalıdır. Fərqli əllərdə təzyiqin fərqli olduğunu görsəniz, daha yüksək olan rəqəmə diqqət yetirin.
Sağlam bir həyat tərzi sizə kömək edə bilər ki, dərman qəbul etməyəsiniz. Ancaq bütün bu tədbirlər kömək etməyəndə, həkim dərmanlar təyin edirlər, təbii ki, sağlam vərdişlərlə birlikdə dərman daha yaxşı işləyəcəkdir.
Təvəkkül
Sual: Təvəkkülün dinimizdəki yeri nədir?
CAVAB
Təvəkkül, dinimizin bildirdiyi səbəblərə yapışdıqdan sonra nəticəni səbəblərdən deyil, səbəbləri Yaradandan gözləməkdir. “Bir işə başladığın zaman Allahu təalaya təvəkkül et, Ona güvən!” ayəti-kəriməsi, təvəkkül ilə birlikdə əzm edərək çalışmaq lazım olduğunu göstərir. (Əli-İmran 159)
Təvəkkül, hər hansı bir işin dini, adəti səbəblərə sarılaraq səy göstərib nəticəyə ixlasla təslim olmaqdır. Yəni, nəticəni Allahu təaladan gözləmək və bu nəticənin özü üçün tam xeyirli olduğuna inanmaqdır. Doğru səbəbə yapışan doğru nəticə alar.
Təvəkkül, dəyişdirilməsi insan gücünün xaricində olan kədərli hadisələri əzəldə təqdir edilmiş bilib kədərlənməmək, Allahu təaladan gəldiyini düşünərək sevə-sevə qarşılamaqdır. İnsan bir işin nəticəsinin yaxşı və ya pis olacağını bilə bilməz. Xeyir zənn etdiyi çox şey şərlə, şər zənn etdiyi çox şey də xeyirlə nəticələnə bilər. Mütləq bu işim olsun, deyə təkid etməmək, “Xeyirli isə olsun” demək lazımdır.
Allahu təala heç kimə möhtac olmamaq üçün çalışmağı, xəstə olmamaq üçün tədbir almağı, xəstə olduğu zaman dərmandan istifadə etməyi, gözün görə bilməsi üçün işığı səbəb etmişdir. Səbəbi istənilən şeyə qovuşmaq üçün bir qapı kimi yaratmışdır. Bir şeyin hasil olmasına səbəb olan şeyi etməyib də səbəbsiz olaraq gəlməsini gözləmək, qapını bağlayıb pəncərədən atılmasını istəməyə bənzəyər ki, bu, ağıla və dinə uyğun deyildir.
Allahu təala insanların ehtiyaclarına qovuşmaq üçün bu səbəblər qapısını yaratmış və açıq buraxmışdır. Təsiri qəti olan dərmanlardan istifadə etməmək təvəkkül deyil axmaqlıqdır, haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Hər xəstəliyin dərmanı vardır. Tək ölümə çarə yoxdur.” [Tabərani]
Həzrəti Musa xəstələnəndə, “Dərmansız da Allahu təala şəfa verər” deyərək dərmandan istifadə etmədi. Allahu təala, “Dərmandan istifadə etməzsən şəfa ehsan etmərəm” buyurdu. Dərmandan istifadə etdi və yaxşı oldu. Allahu təala, “Təvəkkül etmək üçün mənim adətimi, hikmətimi dəyişdirmək istəyirsən? Dərmanlara təsir verən kimdir? Əlbəttə təsirləri yaradan mənəm” buyurdu. (K.Səadət)
Həkimə getmək, dərmandan istifadə etmək, fəqət, həkimə və dərmana güvənməmək, şəfanı Allahu təaladan istəmək lazımdır! Dərmandan istifadə edib lakin yaxşı olmayan, əməliyyat stolunda ölən az deyildir.
Həzrəti İbrahim mancanaqla atəşə atılarkən Hasbiyallah və niməl vəkil dediyi hədisi-şərif ilə bildirilmişdir. [Mənə Allahım yetər, O nə yaxşı vəkil, nə yaxşı köməkçi deməkdir.] Atəşə düşərkən Həzrəti Cəbrayıl gəlib, “Bir diləyin varmı?” deyə soruşanda, “Var, fəqət sənə deyil” deyərək sözünün əri olduğunu göstərdi. Bunun üçün ayəti-kərimədə, “Sözünün əri olan İbrahim” deyə tərifləndi. (Nəcm 37)
Təvəkkül, qəlb işidir, imandan meydana gəlir. Allahu təalanın lütf və ehsanının çox olduğuna iman etməklə hasil olar. Bu hal qəlbin vəkilə etimad etməsi, güvənməsi, ona inanması və onun ilə rahat etməsidir. Belə bir insan dünya malına könül bağlamaz. Dünya işlərinin pozulmasından kədərlənməz. Ruzisindən narahat olmaz. Məsələn, böhtana məruz qalan, məhkəməyə düşüncə özünə bir vəkil tutar. Üç şeydə vəkilə güvənərsə, bu kimsənin qəlbi rahat edər. 1- Vəkili, ona etdikləri böhtanı yaxşı bilir. 2- Vəkili doğrunu söyləməkdən qorxmaz. 3- Vəkilin bunu canla, başla müdafiə edəcəyini inanır. Vəkilinə belə inanar, güvənərsə özü ayrıca məşğul olmaz. “Allah bizə yetişər. O nə yaxşı vəkildir” ayəsini yaxşı anlayıb, “Ruzi təqdir edilmiş, vaxtı gələndə mənə çatar” deyər. Demək ki, çalışmadan təvəkkül dinimizdə yoxdur.
Təvəkkül və səbəblər
M.Məsumi Faruqi həzrətləri buyurur ki:
Səbəblərə yapışmaq təvəkkülə zidd deyildir. Səbəblərin təsir etməsinin Allahu təaladan olduğunu bilən, təsiri Allahu təaladan gözləyən və təcrübə edilmiş səbəblərdən istifadə edən kimsə Allahu təalaya təvəkkül etmiş, yalnız Ona güvənmiş olar. Təsir etməyən, xəyali səbəblərdən istifadə etmək təvəkkül olmaz. Təsiri çox görülmüş olan səbəblərdən istifadə etmək lazımdır. Atəş yandırar, fəqət, atəşə yandırma qüvvətini verən Allahu təaladır. Aç olan bir şey yeyər, bu şeyə doyurma qüvvəti verən Odur. Lazım olduğu vaxt belə səbəblərdən istifadə etmədiyi üçün zərər görən kimsə Allahu təalaya asi olar. Təcrübə edilmiş səbəblərdən istifadə etmək lazımdır. Allahu təala məşvərət etməyi, bilənlərə məsləhətləşməyi əmr etdi. Məşvərət də səbəblərə sarılmaqdır.
Məşvərətdən sonra təvəkkülü əmr etdi. Axirət işlərində təvəkkül ola bilməz çalışmaq əmr olundu. Burada, əzabından qorxmaq və mərhəmətindən ümidli olmaq lazımdır. Allahu təalanın kərəminə, ehsanına güvənmək lazım və əmr olunan ibadətləri etmək və qadağan ediləndəldən çəkinmək lazımdır! Təvəkkül budur və qulluq belə olur. (1/182)
Yer üzündəki hər canlının ruzisi
Sual: Günümüzdə bir qisim insanlar dolanışığın çətinliyi səbəbilə halala, harama diqqət etmir. Ailəcə çalışıb dolana bilməyənlər var. Yalan ddanışılır, hiylə edilir, qul haqqına diqqət edilmir. Bu dərəcə ruzidən narahat olmaq doğrudur?
CAVAB
Halala, harama, qul haqqına diqqət etməmək uyğun deyildir. İslam alimləri, “Kim kimə, nəyə güvənərsə köməyi ondan gözləsin!” buyurur.
Alimlərdən birinə, “Həmişə ibadətlə məşğul olursan, nə yeyib nə içirsən?” dedilər. O da, dişlərini göstərdi. “Dəyirmanı edən suyunu göndərər” demək istədi. Çünki ruziləri Allahu təalanın göndərdiyinə inancı tam idi. Ayəti-kərimə məali:
“Yer üzündəki hər canlının ruzisini Allah əlbəttə göndərir.” [Hud 6]
Veysəl Qarani həzrətləri nəsihət istəyən birinə, “Şam şəhərində qal” buyurdu. O da “Görəsən Şamda dolanışıq necədir?” dedi. Həzrət, “Ruzilərindən şübhə edənlərə təəssüflər olsun. Bunlara nəsihət fayda verməz” buyurdu.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala özünə sığınanın hər işinə yetişər, heç ümid etmədiyi yerdən ona ruzi verər.” [Beyhəqı]
“İnsan ehtiyaclarını Allahu təalaya həvalə edərsə, ehtiyaclarını [hasil olan səbəbləri] ehsan edər.” [Hakim]
Məsələn, hər kəsin sənə mərhəmət və xidmət etməsini təmin edər. Yəhya ibn Muaz Razi həzrətləri buyurur ki:
“İnsanlar səni Allahu təalanı sevdiyin qədər sevər. Allahu təaladan qorxduğun qədər səndən qorxarlar. Allahu təalaya itaət etdiyin qədər sənə itaət edərlər, Ona itaətin nisbətində, sənə xidmət edərlər. Xülasə, hər işin Onun üçün olsun! Yoxsa, heç bir işinin faydası olmaz. Həmişə özünü düşünmə! Allahu təaladan başqa kimsəyə güvənmə!”
Əbu Muhamməd Raşi həzrətləri buyurur ki:
“Özün ilə Allahu təala arasında ən böyük pərdə [mane], hər zaman öz mənfəətini düşünmək və özün kimi bir acizə güvənməkdir. Sofilik, istədiyin hər yerə gedə bilmək və buludların kölgəsində rahat etmək hər kəsdən hörmək görmək deyildir. Hər halında Allahu təalaya güvənməkdir.”
Allahu təaladan başqa güvəniləcək, dost eldə ediləcək heç kimsə, heç bir şey yoxdur.
Allahu təaladan başqasına sığınmaq hörümçək toruna sığınmağa bənzədilmişdir. Qurani-kərimdə məalən buyurulur ki:
“Allahdan başqa dost edinənin halı hörümçəyin vəziyyətinə bənzəyər. Halbuki sığınacaqların ən çürüyü hörümçək yuvasıdır. [Ənkəbut 41]
Necə təvəkkül etmək lazımdır
Sual: Tam Elmihalda, “Bir kimsə hərəkətlərdə, işlərdə, Allahu təaladan başqasının təsir etdiyini düşünsə, bu kimsənin tövhidi nöqsan olar. Əgər, heç bir səbəb lazım deyil desə, İslamiyyətdən ayrılmış olar. Əgər səbəbləri araya qoymaq lazım deyildir deyərsə, ağıla uymamış olar. Lazımdır deyərsə, səbəbləri hazırlayana təvəkkül etmiş olar ki, bu da tövhiddə nöqsanlıq olar” deyilir. Bu hissəsini anlaya bilmədim. Səbəblərə güvənsək də güvənməsək də günah olur. Necə təvəkkül etməyimiz lazımdır?
CAVAB
Bəli, təvəkkül bəhsi çətindir. Yuxarıdakı yazını üç maddə halında açıqlayaq:
- Yaxşı, pis, xeyir, şər hər şeyi Allahu təalanın yaratdığına inanacağıq. Bəzi şeylərə bəzi şeylər təsir edir deyilərsə etiqadımız düzgün olmaz. Hər şeyin yaradıcısı Allahu təaladır. Bir ayət məali:
“Sizi də işlərinizi də yaradan Allahdır.” [Saffat 96]
- İşlərin edilməsi üçün heç bir səbəb lazım deyil deyilsə, Allahu təalanın qoyduğu səbəblər inkar edilmiş olar. Məsələn, mən evlənməsəm də mənim uşaqlarım olar demək çox səhvdir. Uşaq olması üçün ana-ata kimi səbəblərə ehtiyac vardır.
- Səbəblər lazımdır, səbəbsiz olmaz deyərsə, səbəblərə güvənmiş olar, yenə tövhidi nöqsan olar. Yəni, necə ana-ata olmadan uşaq olar demək səhv isə, uşağın olması üçün mütləq ana-atanı şərt etmək və uşaqları Allahu təalanın yaratmasında rolu olmadığını söyləmək də çox səhvdir. Ana-ata olsa da uşaq olmaya bilər. Ana-ata olmadan da Allahu təala uşaq yarada bilər. Həzrəti Adəm ilə Həzrəti Həvvanı anasız, atasız, Həzrəti İsanı atasız yaratmışdır. Səbəblərə güvənməyəcəyik, səbəbləri yaradanın da Allahu təala olduğunu biləcəyik.
Səbəblər aləmindəyik. Allahu təalanın adəti səbəblərlə yaratmaqdır. Səbəbsiz yaradılması möcüzə və ya kəramət olardı. Sehri yaradan da Allahu təaladır. Hər şeyi yaradan Odur.
Bu üç maddəni yekunlaşdıraq:
Bir iş etmək istəsək, səbəblərinə yapışacağıq, amma, səbəblər mütləq bu işi edər deməyəcəyik. Məsələn, uşaq sahibi olmaq üçün evlənəcəyik, amma evləndik mütləq uşağımız olar da deməyəcəyik. Xəstə isək həkimə gedəcəyik, dərman alacağıq, əməliyyat olacağıq, amma bu səbəblər bizi yaxşı etdi deməyəcəyik. Çünki əməliyyat masasından qalxmaya bilərik. Səbəblərə güvənməyəcəyik. Səbəbləri yaradanın da, səbəblərə təsir qüvvətini verənin də Allahu təala olduğunu biləcəyik.
Özünə güvənmək uyğundurmu?
Sual: Fərdi inkişaf ilə əlaqədar yazılarda, kitablarda, “Özünüzə güvənin” deyilir. Özünə güvənmək uyğundur?
CAVAB
Müsəlmanın nəfsinə [özünə] deyil, Allahu təalaya güvənməsi lazımdır. Yəni, hər mövzuda əlindən gəldiyi qədər çalışması lazımdır, səbəblərə yapışması lazımdır, fəqət səbəblərin təsirini Allahu təaladan gözləməsi lazımdır. Təvəkkül də bu deməkdir.
İslam alimləri buyurur ki: Allahu təala, tək Allaha güvənənin, hər diləyini ehsan edər.
Bir hədisi-şərif məali:
“Allahu təala ancaq Rəbbinə güvənənin hər dilədiyini verər və bütün insanları buna köməkçi edər.” [F.Bilgilər]
Əbu Muhamməd Abdullah Raşi buyurur ki:
Allahu təala ilə insan arasında olan ən böyük pərdə, özünə və özü kimi aciz olan bir qula güvənməsidir. (Məktubatı-Məsumiyyə)
İslamiyyət təvəkkülü əmr edər, tənbəlliyi qadağan edər. Bir hədisi-şərif məali:
“Dəvəni bağla və sonra Allahu təalaya təvəkkül et!” [İbni Asaqir]
Bu hədisi-şərif həm təvəkkül etmək, həm də çalışmaq lazım olduğunu açıqca bildirir. Təvəkkül, Allahdan kömək gözləyərək, çətinlikləri məğlub etmək deməkdir.
Bu ayəti-kərimə təvəkkül ilə birlikdə yalnız çalışmaq deyil, çalışmağın üstündə olan, əzmin də lazım olduğunu göstərir. Demək ki, hər Müsəlman çalışacaq, əzm edəcək, sonra da Allahu təalaya güvənəcəkdir.
Təvəkkülə inanmayanlar təvəkküldən alınan qüvvət və cəsarətin yerini boş buraxmaq üçün, “özünə güvənmək” ifadəsi ilə bu ehtiyacı qarşılamağa çalışırlar. Bu da göstərir ki, təvəkkül ediləcək, güvəniləcək bir yer lazımdır. O da yalnız Allahu təaladır. Bir ayəti-kərimə məali:
“De ki: Allahu təala diləmədikcə özümə heç bir fayda və zərər gətirməyə qadir deyiləm.” [Əraf 188]
Bu ayəti-kərimə və daha nə qədər bənzərləri var ikən təvəkkülü qaldıraraq, özünə güvənmək deyə bir şey axtarmaq səhvdir. Özünə güvənmək təvəkkülün tərsi və təvəkkülü pozan bir şeydir. Bundan başqa eqoistliyə, özünü bəyənməyə yol açır.
Təvəkküldə başqasının köməyinə güvənməyib, yalnız Allaha sığınaraq çalışmaq inancı olduğundan, özünə güvənməkdən gözlənilən qüvvətdən qat-qat çox qüvvət hasil olur. Özünə güvənən kimsəsizdir. Təvəkkül edən Müsəlmanın öz çalışmasından başqa Allahı vardır. Bu tükənməz qaynaqdan qüvvət almaqdır. Təvəkkül edən Müsəlman həm bütün qüvvəti ilə çalışır, həm də qazancını özündən bilmək kimi eqoistliyə düşmür. (Faydalı Bilgilər)
Ruzidən narahat olmaq
Sual:Ruzidən narahat olmaq təvəkkülü pozar?
CAVAB
Bəli, pozar. “Ruzini özüm qazanıram” demək də təvəkkülə zərər verər. Çünki hər kəsin ruzisini verən Allahu təaladır. Bir ayəti-kərimədə məalən, “Bir çox canlı ruzisini özü əldə edə bilməz. Sizin də onların da ruzisini Allah verər” buyuruldu. (Ənkəbut 60)
Təvəkkül etməmək çox təhlükəlidir. Çünki təvəkkül etmək fərzdir. “Təvəkkül imanın şərtidir” məalindəki ayəti-kərimə təvəkkülün əhəmiyyətini göstərir.(S.Əbədiyyə)
Təvəkküllə əlaqədar üç ayəti-kərimə məali belədir:
“İmanınız varsa Allaha təvəkkül edin!” [Maidə 23]
“Təvəkkül edənə Allah kafidir.” [Talaq 3]
“Allah quluna kafi deyilmi?” [Zumər 36]
“İşdən çıxsam aç qalaram” deyə ruzisi üçün narahat olan Allahu təalanın ona kafi gəldiyindən şübhə edirsə çox təhlükəlidir. Ruzini Allahın verdiyinə inanıb Ona təvəkkül edən ruzidən məhrum qalmaz. Bir neçə hədisi-şərif:
“Əgər Allahu təalaya haqqıyla təvəkkül etsəydiniz, səhər aç qalxıb, axşam tox qayıdan quşlar kimi sizin də ruzinizi verərdi.” [Tirmizi]
“Bir kimsə Allahu təalaya güvənib sığınarsa, Allahu təala onun hər işinə yetişər. Heç ümid etmədiyi yerdən ona ruzi verər. Kim də dünyaya güvənərsə, onu dünyaya buraxar.” [K.Səadət]
“Allahu təala buyurdu ki: Bir qul mənə ixlasla təvəkkül edərsə, hər kəs ona tələ qursa, ona mütləq bir çıxış qapısı açaram. Bir qul da mənə deyil məxluqa güvənərsə, bütün yüksəliş səbəblərini kəsər və çöküş yollarını asanlaşdıraram.” [İbni Asakir]
Peyğəmbər əfəndimiz, “Allah qorxusunu özünə sərmayə edənin ruzisi ticarətsiz və sərmayəsiz gələr” buyurub, [Talaq surəsinin] “Allahdan qorxana Allah bir çıxış yolu ehsan edər, ümid etmədiyi yerdən ruzisini göndərər” [məalindəki 2-ci və 3-cü] ayələrini oxudu. (Tabərani)
Allahu təala Davud əleyhissəlama, “Bir kimsə hər şeydən ümid kəsib, yalnız mənə güvənərsə, yerdə və göylərdə olanların hamısı ona zərər etməyə, aldatmağa çalışsalar, onu əlbəttə qurtararam” məalindəki ayəti-kərimə ilə vəhy göndərdi.
Dağda yaşayan birisinə, “Hər gün ibadət edirsən. Nə yeyib, nə içirsən?” deyə soruşurlar. O da dişlərini göstərir. Yəni, “Dəyirmanı edən, suyunu göndərər” demək istəyir. Biri, Veysəl Qarani həzrətlərinə, “Harada qalım?” deyə soruşar. O da, “Şamda” buyurar. “Görəsən Şamda dolanışıq necədir?” deyəndə Veysəl Qarani həzrətləri, “Ruzisindən şübhə edən qəlblərə təəssüflər olsun! Bunlara, nəsihət fayda etməz!” buyurur. (S.Əbədiyyə)
Bədii tərcümə məsələləri: real mənzərə və problemlər – “Ədəbiyyat qəzeti”nin müzakirə saatı
Elnarə Akimova: – Əvvəla, hər kəsi salamlayırıq, xoş gəldiniz. Bu gün bədii tərcümənin problemlərindən danışmağa qərar verdik. Hazırda ən çox dartışılan problemdi bədii tərcümə. İstənilən saytda, qəzetdə daim aktuallanır. Və daha çox şikayət, narazılıq kontekstindən, neqativ yöndən. İstədim biləm, bir tərcüməçi olaraq bu narazılıqlar sizlərə necə təsir edir? Haqlı narazılıqdımı, yoxsa kənardan danışmaq asan görünür? İlqar müəllim, istərdim sizdən başlayaq.
İlqar Əlfi: – Bilirsiniz, irad eləmək, qüsur tutmaq yer üzündə ən asan şeydir.
Elnarə Akimova: – Bəli, həm də iş olan yerdə mütləq qüsur da olacaq.
İlqar Əlfi: – Bəli, bəli. Tərcüməni mən xüsusi qüsurlu sahələr sırasına aid eləmirəm. Mövcud imkanlar çərçivəsində nə tərcümə olunursa, tərcüməçilərə eşq olsun! Konkret problemlərə keçmək istəyirəm. Bir – tərcümənin layiq olduğu maddi qiyməti verilmir. İki – tərcümə tərcüməçinin istedadına yox, adına verilir. Üç – yaxşı tərcüməçi qala-qala pisə də verə bilirlər. Bunlar hamısı qüsurlardır. Amma bununla belə, bizim dünyaya açılan pənəcərəmizdir tərcümə. Əgər kimsə əsər tərcümə edirsə və o kitabı ərsəyə gətirirsə, bu özü böyük işdir.
Elnarə Akimova: – İlqar müəllim, siz Tərcümə Mərkəzini təmsil edirsiniz də.
İlqar Əlfi: – Yox, təmsil eləmirəm. Mən tərcüməçi kimi gəlmişəm.
Elnarə Akimova: – Orada işləyirsiniz amma.
İlqar Əlfi: – Bəli, orada işləyirəm, amma oranı təmsil eləmirəm.
Elnarə Akimova: – Bilirsiniz, niyə soruşuram? Əvvəllər şikayət səslənəndə tez-tez belə bir fikir vurğulanırdı ki, müəyyən tərcümə qurumumuzun, mərkəzimizin olmaması tərcümə sahəsində özbaşınalığın olmasına gətirib çıxarır. İndi bu qurum yaranandan sonra konkret hansı dəyişikliklər oldu, bədii tərcümə sahəsində aparılan islahatlar hansı istiqamətlərdə həyata keçirilir?
İlqar Əlfi: – Bilirsiniz, qurumun yaranması ən azından ən bəsit şəkildə götürsək, bir uşağın dünyaya gəlməsi kimi bir şeydir: doqquz ay bətndə yatır, sonra dünyaya gəlir, sonra başlayır dünyanı tanımağa, özünü tanımağa, ata-anasını tanımağa, danışmağa, öyrənməyə, filan. Ondan sonra 6-7 yaşına çatanda sən o uşaqdan verdiyin suala cavab ala bilirsən. Tərcümə təsərrüfatı sovet dövründə müəyyən ənənələri, çox bəsit ənənələri olmuş bir təsərrüfatdır. Demərəm ki, sovet dövründə xüsusi tərcüməçilik institutu vardı, xüsusi bir struktur vardı. Yox, yazıçılar tərcümə eləyirdi. İndi də təxminən elə bir şeydir. Amma indi bir balaca ixtisaslı tərcüməçilər, peşəkar tərcüməçilər var. Bu prosesi, yəni qurum şəklində bu prosesi nəzarətə götürmək çox çətin məsələdir, özünüz bilirsiniz. Çünki bir tərəfdən kimlərinsə azadlığını məhdudlaşdırmalı olarsan,yəni mənə bir qurum olaraq desələr ki, biz lisenziya veririk, naşirlə piyada tərcüməçi danışacaq, naşirin haqqıdır, tərcüməçinin də haqqıdır, çap eləyəcək, qurtarıb gedəcək, səndən lisenziya da istəməyəcək. Ona görə də bunlara nəzarət eləmək yox, sadəcə normal nümunələr ortaya qoymaq lazımdır ki, yəni bir örnək kimi. Bu camaat da ona uzlaşsın, ona yaxınlaşsın, ona can atsın. Mən təbii ki, tərcümə mərkəzini burada təmsil eləmirəm, məni buraya tərcüməçi kimi çağırıblar. Sırf tərcüməçilərə aid olan problemlərlə bağlı nə sualınız olsa, cavab verə bilərəm.
Elnarə Akimova: – Vilayət müəllim, belə fikir formalaşıb ki, müasir Azərbaycan bədii tərcümə məktəbi sosrealizmin bəhrəsidir. Yəni XX əsrin 39-40-cı illərindən başlayır. Ümumiyyətlə, tərcüməşünaslığın bir elm kimi təsbit olunması istiqamətində hansı addımlar atılıb, yəni, bir halda ki, tərcümə də digər sənət sahələri kimi yaradıcılıq işidir, özü də bəlkə digərlərindən daha artıq məsuliyyət və gərgin əmək tələb edən yaradıcılıqdır, o zaman bir sənət növü kimi elmi cəhətdən əsaslandırılmış nəzəri bazaya malik olması üçün ümumi tərcümə nəzəriyyəsi yaranıbmı? Bizdə nəzəri bazaya malik olan bir tərcümə nəzəriyyəsi formalaşıbmı, sizcə?
Vilayət Hacıyev: – Bu nəzəriyyənin yaranması üçün məktəb lazımdır. Tərcümə məktəbinin fəaliyyəti əsasında müəyyən nəzəri hissə işləmək olardı. Ancaq təəssüf ki, mən fikrimdə ola bilsin səhv edirəm, bizdə tərcümə məktəbi hələ yeni-yeni formalaşmağa başlayıb. Bizdə olmayıb. Ruslardakı kimi, lap elə götürək gürcüləri. Gürcülərdə bu məktəb artıq formalaşıb. Ona görə də o məktəbin fəaliyyəti sayəsində müəyyən nəzəri problemləri də işləmək olar. Ümumiyyətlə, nəzəriyyə nəzəriyyədir. İstər rus məktəbində olsun, gürcü məktəbində olsun, Azərbaycan məktəbində olsun. Ona görə də demək olmaz ki, bizdə tərcümə nəzəriyyəsi yoxdur. Ümumi şəkildə qəbul olunmuş nəzəriyyədən biz də istifadə edirik. Sadəcə olaraq mən deyərdim ki, bizdə tərcümə məktəbi yoxdur. Və yavaş-yavaş mənə belə gəlir ki, bu yaranmağa başlayır. Mən bir dəfə də “Aydın yol” qəzetində müsahibədə demişdim ki, bizdə tərcümə tənqidi yoxdur. Tərcümə tənqidi olmadığı üçün də tərcümə məktəbinin fəaliyyətini tənzimləmək mümkün deyil. Mən İradə xanımın bu sahədə fikirlərini həmişə oxuyuram, Kamran müəllim hərdənbir, görürsən ki, bu məsələyə münasibətini bildirir və s. Bunlar konkret bir müəyyən istiqamətə yönəlməmiş yazılardır.
Elnarə Akimova: – Düzdür. Seyfəddin müəllim də yazmışdı silsilə yazılar. Amma sistemli xarakter daşımır bu istiqamətdəki fəaliyyət.
Vilayət Hacıyev: – Və sistemli xarakter daşımadığı üçün bizim tərcümə təsərrüfatımızın özündə də sistemsizlik var. Bayaq İlqar müəllim dedi. Düzdür, mən də bu fikirlə razıyam ki, burada nəyisə tənzimləmək bir qədər çətindir, çünki biz kiminsə hüququna girmiş olarıq. Nəşriyyatdır, nəşriyyatın necə deyərlər, biznes maraqları var, kommersiya maraqları var, o istəyir ki, kitabları çıxsın və bizə lazım olmayan kitabları o verə bilər, tutaq ki, bulvar ədəbiyyatı daha tez alınır, dedektiv ədəbiyyat daha tez satılır. Və onun da maraqları var. Burada da kim ucuz tərcümə eləyir, tez tərcümə eləyir, şübhəsiz, onlarla müqavilə bağlayır ki, sərfəli olsun. Ona görə də kiməsə irad tutmaq çətindir ki, niyə belə eləmisən? Ancaq bir şey də var ki, bu sistemsizliyin özündə də mənə belə gəlir ki, nə isə bir xeyir var, heç olmasa tədricən, ələnə-ələnə bu məktəb yaranmağa başlayır. Ən azından məni sevindirən budur ki, vaxtilə ad ilə konkret demək olar ki, kimlər tərcümə ilə məşğul olurdu. Tanınmış yazıçılar tərcümə ilə məşğul olurdu. Ancaq indi, məsələn, cavanlarımızın çoxu tərcümə ilə məşğul olur. Mənə belə gəlir ki, bəzilərində çox uğurlu alınır. Elə adi bir şeyi deyim ki, məsələn, Fərid, yadındadırsa, o tərcümə müsabiqəsi təşkil olunanda tərcümə mərkəzində birinci mükafatı 4-cü kurs tələbəsi almışdı – Təvəkkül Zeynallı. Hələ mən yadıma düşənlərdən deyirəm. Məsələn, Kifayət xanım var, Haqverdiyeva, yəqin ki, tanıyırsınız, Hessenin “Muncuq oyunu”nu deməzdim, o bir az mürəkkəb əsərdir, amma başqa tərcümələri uğurludur.
Bilirsinizmi, biz hamıdan o səviyyəni mənə belə gəlir ki, tələb edə bilmərik. Çünki bu sırf fərdi qabiliyyətlə bağlıdır, yaradıcılıq psixologiyası ilə bağlıdır.
İradə Musayeva: – Vilayət müəllim, bir az məsələyə çox yumşaq yanaşırsınız. Niyə? Bir-iki cümlə ilə istəyirəm fikrimi bildirim. Deyirsiniz ki, nəşriyyatlar tərcümələrə girişir, biznes işidir və biz onlara bir söz deyə bilmərik, yəni onların sahəsidir, təxminən fikriniz belə oldu.
Vilayət Hacıyev: – Hə, təxminən belə oldu. Ancaq, üzr istəyirəm, İradə xanım, bir söz deyə bilmərik, yəni əlbəttə biz öz fikrimizi bildirməliyik. O mənada yox, yəni çəpərləyə bilmərik onu. İradə Musayeva: – Tutaq ki, ədəbiyyat adına Knut Hamsun tərcümə olunursa, mən bir oxucu kimi gedib onu oradan alıb, onu dünya ədəbiyyatı nümunəsi kimi (fərqi yoxdur, mən maraqlanmıram ki, onu “Qanun” nəşriyyatı çap eləyib, yoxsa Tərcümə Mərkəzinin işidir, yoxsa Yazıçılar Birliyinin Tərcümə şöbəsinin işidir), oxuyur və heç bir məna-məzmun ya estetik yararlılıq hiss etmirəmsə, yəni oxucu kimi mənim zövqüm korlanırsa, düzdürmü, mənim dünya ədəbiyyatı ilə tanışlığımda bu problemi kimsə yaradırsa, deməli, mütləq burada bir günahkar var. Yəni söhbət ondan getmir ki, hansısa bir qanun məcəlləsi ilə gedilə o adamın üstünə ki, sən bunu niyə çap eləmisən və niyə bu şəkildə çap eləmisən? Amma hər halda, ədəbiyyat adına, tutaq ki, siz də və ya başqa tərcüməçilər də gözəl bilirsiniz ki, bu tərcümə yararsızdır – amma əhəmiyyət verilmir… Çox düz dediniz ki, tərcümə tənqidçiliyi bir peşə kimi formalaşmalıdır. Bu yoxdur. Sözün yaxşı mənasında, senzura da yoxdur, sonra… redaktor məsələsi də yox kimidir, çünki çox vaxt şərti, simvolik xarakter daşıyır, bu redaktorluq məsələsi… Tərcüməçilər bilir ki, münasibət bildirilməyəcək, çünki hamı susur. Oxucunu isə tərcümənin, fərqi yoxdur, kitabın problemləri, cəfası yox, səfası düşündürür. Tərcümənin nəzəriyyəsi ilə praktikası arasında böyük bir uçurum var. Siz tədrisdə işləyirsiniz, çox gözəl bilirsiniz ki, yəni o nəzəri cəhətdən tədris metodik vəsaitlər nə vəziyyətdədir, dövlət standartları nə vəziyyətdədir, kurs işlərinin, diplom işlərinin yazılması vəziyyəti hansı keyfiyyət göstəriciləri əsasında aparılır. Tədris sahəsinə az-çox bələd bir adam kimi mən də çox görmüşəm ki, ingilis dili və ya tərcüməçilik fakültəsində oxuyan tələbə ingilis dilində bir kitab oxumadan belə o diplomu alır. Yəni orada, o sahədə – nəzəriyyə məsələsi sahəsində də vəziyyət bəllidir. Üstəgəl onların bir qismi, böyük əksəriyyəti xaricdə oxumağa gedir, bir qismi biznes tərcüməçiliyi ilə məşğul olur. Yəni o ədəbiyyat sevgisi ilə gələn adamlar ki, “mən dünya ədəbiyyatını çox gözəl şəkildə tərcümə edib gətirəcəyəm ərsəyə” – deyib gəlirlər tərcüməyə, bu çox tək-tük hallarda ola bilər. Yəni tədris də nəzəri cəhətdən belədir. Bununla da praktika arasında çox böyük boşluq var. Bu gün ədəbi qurumların çoxunda, istər Tərcümə Mərkəzində, istər Yazıçılar Birliyində, ya hansısa universitetdə və ya saytlarda tez-tez tərcümə müzakirələri gedir. Amma hər dəfə də eyni adamlar elə eyni problemləri sayır. Demək olar ki, eyni adamlar eyni problemlərdən danışırlar. Eyni problem: Birinci dil məsələsi, ikinci dil məsələsi, tərcümədəki özbaşınalıqlar – filan. Amma bunun həlli üçün, məsələn, nələr etmək olar, bu gün müzakirədə də yəqin ki, buna toxunacağıq. Çox arzu edirəm ki, nəticəli bir müzakirə olsun, professional tərcüməçilər dəvət olunub buraya, yəni inandığımız adamları dəvət ediblər ki, bir çıxış yolu tapılsın. Yəni təkcə eyibləri göstərmək üçün yox, eyiblər – ən azından tərcümələrdən götürdüyüm, hətta əfsanəviləşdirdiyimiz tərcüməçilərdən götürdüyüm eybəcər tərcümə nümunələridir ki, bunları saymaq asandır. Amma inkişafın və tərcümə intibahımızın yolunu bu mütəxəssislər nədə görür? Hansı addımlar atılsa, nələr eləmək olar? O müzakirələrdə, məsələn, Tərcümə Mərkəzinin tərcümə söhbətlərindən, müzakirələrindən sonra hansı nəzəri qanunlar toplusu ərsəyə gəlib? Bayaq İlqar müəllim dedi ki, mən oranı təmsil eləmirəm, tərcüməçi kimi gəlmişəm. Amma biz çox arzu edərdik ki, Tərcümə Mərkəzini təmsil eləyən, yəni təmsil eləyən o mənada ki, bizim suallarımıza cavab verə biləcək, yaxşı mənada məsul bir adam olardı ki, tutaq ki, o Tərcümə Mərkəzinin nəşrləri ilə bağlı olan problemləri kimə səsləndirmək məsələsi var. Biz bunu mətbuatda yaza bilərik, özümüzə danışa bilərik, amma hər halda, haradasa bütün sahələrdə məsul, istər Yazıçılar Birliyi olsun, istər Akademiya olsun, mənə elə gəlir ki, məsul biri mütləq olmalıdır. İttiham mənasında yox, istinad mənasında…
İlqar Əlfi: – – Başa düşürəm.
İradə Musayeva: – Məsələn, Tərcümə Mərkəzində bu son vaxtlarda on Kolumbiya şairinin tərcüməsini Əlisəmid Kür tərcümə edib. Yaxşı da tərcümə edib, məncə. Bir oxucu kimi deyirəm. Amma kitabın ön sözü. Orada yazılıb proloq, sonra ön söz. Ön söz nədir, proloq nədir?
İlqar Əlfi: – Ön söz ön sözdür, proloq proloqdur.
İradə Musayeva: – Ayrı-ayrı şeylərdir.
İlqar Əlfi: – Əlbəttə.
İradə Musayeva: – Amma oradakı mətnin mahiyyəti eyni şeyi deyir.
İlqar Əlfi: – – Ola bilər. Üzr istəyirəm, proloq əsərin girişidir.
İradə Musayeva: – Mətnin girişi tamam başqa bir şeydir. Mətnin girişi ekspozisiyadır.
İlqar Əlfi: – Ön sözü başqa adam da yaza bilər, müəllif özü də yaza bilər.
İradə Musayeva: – O ön sözün tərcüməsində də hətta çoxlu qüsurlu ifadələr var. Məsələn, mən birini burada yazmışam: “Kolumbiya poeziyasına xəyal əhval-ruhiyyəsi bəxş etdi”. Xəyal əhval-ruhiyyəsi necə olur?
İlqar Əlfi: – Mənasız cümlədir.
İradə Musayeva: – Bəli, belə şeylər çoxdur bu nəşrlərdə, düzdür?
İlqar Əlfi: – Ola bilər. Oxumamışam mən, bir söz deyə bilmirəm.
İradə Musayeva: – Yəni nə mənada deyirəm. Deyirəm ki, biz tutaq ki, indi bu özfəaliyyət tərcüməçilərini qoyuruq kənara. Ən ciddi bir nəşrdə də belə şeylər çox sıx-sıx qarşımıza çıxırsa, deməli, tərcümə tənqidçiliyində belə bir şey olmalıdır ki, bunları izləsin, bunları mütəmadi olaraq təhlilə cəlb eləsin. Nəcib Məhzunla Kamyu eyni intonasiya ilə tərcümə olunursa, deməli, yenə tərcümə problemi həll edilməyib…
İlqar Əlfi: – Sizə məsələnin canını deyim?
İradə Musayeva: – Deyin.
İlqar Əlfi: – Məsələnin canı bundadır ki, bizdə redaktor institutu yoxdur. “Redaktoram” deyə bilən adam yoxdur. 20 ildir redaktə edirəm, amma redaktor deyiləm. Heç bundan sonra da ola bilmərəm. Tərcüməçi istər-istəməz tərcümə elədyi mətnin təsiri altında olur. O redaktor deyil, o tərcüməçidir.
Elnarə Akimova: – Niyə hər şeyi redaktorun boynuna atırıq?
İlqar Əlfi: – Mütləq! Redaktorun boynuna atılmalıdır.
Elnarə Akimova: – Axı niyə tərcüməçi redaktora arxayın olub öz mətninə məsuliyyətlə yanaşmamalıdır?
İlqar Əlfi: – – Məsuliyyətlə yanaşmalıdır.
Elnarə Akimova: – Məsələn, mən bu yaxınlarda Etimad Başkeçidin müsahibəsində bir məqamı oxudum. Deyir, mən bir əsəri tərcümə eləmişdim və atmışdım bir kənara. Bir aydan sonra yenidən ona qayıtdım və gördüm ki, zay bir gündədir, mən bunu bu şəkildə çıxarda bilmərəm ortaya.
İlqar Əlfi: – Bəli.
Elnarə Akimova: – Dediyim budur ki, bir insanın, bir tərcüməçinin içində bir etalon, bir meyar olmalıdır.
İlqar Əlfi: – Tərcüməçi 3 aydan sonra eyni əsəri götürsə, redaktə eləsə, məsələn, mənim etdiyim tərcümə Saramanqo çıxıb “Dünya ədəbiyyatı”nda, hamı da bəyənib guya. Mən indi oxuyuram, dəhşətə gəlirəm özüm. Bəli, özüm dəhşətə gəlirəm, çünki mən onda tərcüməçi idim, redaktor deyildim. Onu redaktor tutmalı idi. Ki, a bala, bu adam dilində deyil, bunu niyə yazmısan?
İradə Musayeva: – İndi redaktor kimi baxırsınız.
İlqar Əlfi: – İndi götürürəm oxucu kimi baxıram görürəm ki, narahat edir adamı, görürəm ki, ləzzət eləmir də.
İradə Musayeva: – Deməli, problemlərdən biri redaktor problemidir.
İlqar Əlfi: – Bəli.
Elnarə Akimova: – Əsərlə birbaşa kontakta siz girirsiz axı. Redaktorluq tərcüməçidən sonrakı məsuliyyətdir. Təbii ki, tərcümə əsərinin redaktoru həm orijinal, həm də tərcümə dilini və tərcümə texnikasını tərcüməçidən də yaxşı bilməlidir. Bu sahədə mütəxəssis tapmağın çətinliyi də məlumdur. Çünki çox vaxt mütəxəssis işinin maddi cəhətdən lazımi səviyyədə dəyərləndirilmədiyi üçün yaxşı redaktə etməyin marağında olmur. Çox vaxt nəşriyyatlar redaktorun adını elə-belə qeyd edirlər – gözdən pərdə asmaq üçün. Yaxud bəzən tərcümə əsərlərinin redaktoru sadəcə korrektə ilə işini bitmiş sayır. Bu mənada, tərcüməni yalnız redaktorların vicdanına buraxmaq olmaz. Çünki əsərin tərcüməçisi kimi yazılan şəxsin məsuliyyəti ayrıdı.
İradə Musayeva: – İlqar müəllim problem kimi birinci tərcümə tənqidçiliyi, ikinci redaktor problemini qabartdı. Yəni ən azından bu iki sahənin mütəxəssisinin real, obyektiv və məsuliyyətli fəaliyyəti və mövcud olması, simvolik yox, doğrudan bu işin içində olması zəruridir, demək. “Redaktor” anlayışı o qədər saxtalaşıb ki bizdə. Bir də görürsən, kitab nəşriyyata gedəndə kimsə kiməsə zəng edir ki, filankəs, istəyirəm sənin adını redaktor kimi kitabıma yazım, nə deyirsən? O da kitabın üzünü görmədən, məsuliyyətsizcəsinə deyir ki, “yaz, yaz, kitab çıxanda birini də mənə göndər”. Bəzən heç kitabın adını da soruşmurlar.
Elnarə Akimova: – Biz nə qədər qəbul etməsək də, bu cür ciddi işləri yalnız redaktorların vicdanına buraxmaq olmaz – mütəxəssis stimul olmadan, əməyinin dəyərini yetərincə almadan ondan mükəmməl iş də gözləmək olmur. Üstəlik, siz deyən kimi, nəşriyyatlar üçün tərcümə əsərlərinin keyfiyyətindən daha çox, kəmiyyəti maraqlıdır – kommersiya maraqları ədəbiyyatın maraqlarını üstələyir. Odur ki, onlar bu işlərə çox da ciddi yanaşmırlar.
Azər Turan: – Məsələ tərcüməçilikdən də, redaktorluqdan da, korrektorluqdan da daha ciddi bir mahiyyətdədir. Bu məsələdə daha önəmli olan tərcüməçinin elmi şəxsiyyətidir. Bilirsiniz ki, Əli bəy Hüseynzadə dünya poeziyasından, məsələn, yunancadan “Zəncirlənmiş Prometey”i, ingiliscədən “İtirilmiş cənnət”i və s. türkcəyə çevirib. Eyni zamanda Türkiyənin o zamankı Tərcümə Mərkəzi Adam Smitin dünya çapında mühüm iqtisadi əsərini, dünya iqtisadiyyatının idarə olunmasına güclü təsir göstərmiş “Sərvəti-miləl”in tərcüməsini də Hüseynzadəyə tapşırıb. Yeri gəlmişkən, bir dəfə mən İstanbulda Feyzavər xanımın evində Əli bəyin istifadə etdiyi müxtəlif lüğətlərdəki qeydləri görüb heyrətləndim. Almanca-fransızca lüğətin hər iki səmtində həm almancasında, həm də fransızcada düzəlişlər və redaktələr etmişdi.
Vilayət Hacıyev: – Mən redaktorun olmasını, özü də çox ciddi ampulada olmasını vacib sayıram. Gəlin prosesin özünü bir qədər təsəvvür eləyək. Xarici dildir – biz orada oxuyuruq cümləni. Tərcüməçinin əsas məqsədi ilk dəfə fikri tutmaqdır. Lap birinci fikri tutmaqdır ki, burada nə demək istəyib. Və fikri tutandan sonra onu ifadə vasitəsinə növbə gəlir, bunu necə ifadə eləyib, söz seçimidir və s. İndi təsəvvür eləyin ki, Markesdən və ya başqasından, Hessedən hər hansı bir cümləni tərcümə eləmək üçün tərcüməçi onu 10 dəfə, 15 dəfə oxumalı olur. Və istər-istəməz o fikir öz ana dilində onda öz-özünə doğmalaşır. Bu elə bilir ki, bu fikri başa düşübsə, onu düz də ifadə eləyir.
İlqar Əlfi: – Ay sağ ol! Ürəyimdən xəbər verirsiniz.
Vilayət Hacıyev: – Mən bir dəfə də demişəm, tərcüməçi bir cümləni on dəfə oxuya bilər, burada problem yoxdur. Əsas odur ki, elə çatdırmalıdır ki, oxucu bircə dəfə oxusun, təzədən bir də qayıdıb oxumasın. Ən böyük problem buradadır. Redaktor neyləyə bilər? Redaktor tərcüməçinin əvəzinə tərcümə eləməməlidir. Ancaq elə məsələlər var ki, doğrudan da, orada redaktor lazımdır. Çünki hər bir tərcümə olunmuş mətn tərcüməçinin özünə o qədər doğmalaşır ki, o elə bilir ki, düzdür. Ən azı onun beynində o fikir formalaşıb. Onu bir yad adam, yəni bu hadisələrdən, prosesdən uzaq olan adam oxuyanda o dəqiqə başa düşür ki, bu düz eləməyib. Məsələn. Günel Mövlud – “Yüz ilin tənhalığı”. Tərcüməçi işi normaldır. Amma orada belə bir cümlə var ki, “onu vəhşi heyvanların ağzından qurtardım”. Redaktor o dəqiqə bilərdi ki, burada ağızdan söhbət getmir, “cəngindən” demək istəyir. Adi bir şeydir ha. Yaxşı redaktor olsaydı, deməliydi ki, ay əzizim, Günel xanım, Azərbaycan dilində heç vaxt deyilmir ki, “vəhşi heyvanın ağzından qurtardım”. Olmalıdır “cəngindən qurtardım”.
İlqar Əlfi: – Bəli. Amma tərcüməçi işi normaldır.
İradə Musayeva: – Doğrudur. Günel Mövludun “Yüz illik tənhalıq” əsərini tərcüməsi ilə bağlı mən də bir məqaləmdə yazmışam. O, Markesi anlayaraq tərcümə edib. Özü də elə çətin bir əsərini.
Vilayət Hacıyev: – Sonra. Məsələn, haqqında xoş söz dediyim Kifayətin tərcüməsini götürək. “Demyan”da belə bir şey var ki, qapının ağzında gerb var, bu gerbdə qırğı təsvir olunub. Əzizim, heç vaxt Azərbaycan dilində “qırğı” demirlər, orada qartaldan gedir söhbət. Yəni bu sırf redaktor işidir. Tərcüməçi bunu başa düşməyə bilər. Çünki o proses elədir ki, inanın, mən təsəvvür eləmirəm ki, orada nəyisə bir-birindən ayırmaq ola. Doğrudan, çətin olur. Amma bunu redaktor o dəqiqə tapa bilərdi. Daha sonra. Elə fikirlər var ki, onları ifadə eləmək, azərbaycanlaşdırmaq üçün mütləq redaktor lazımdır. Azərbaycan dilini gözəl bilən adam lazımdır.
Elnarə Akimova: – Vilayət müəllim, belə çıxır ki, tərcümənin bu gün sintaktik konstruksiya problemi var daha çox.
Vilayət Hacıyev: – Əlbəttə, var
İradə Musayeva: – Vilayət müəllim, indi ki yeri düşdü, bir söz deyim. Mən oxucu kimi deyirəm, doğrudan da, Remarkın “Zəfər tağı” əsərini çox gözəl tərcümə eləmisiniz. Belə tərcümələri oxuyanda doğrudan adam qürur hissi keçirir. Çox zövqlə oxudum və əsər haqqında məqalə yazmışam, Ümumiyyətlə, Remark və remarkizm haqqında. “Ədəbiyat qəzeti” üçün, böyük, ikihissəli məqalədir. 16-17 səhifə. “Remark və remarkizm”. Yox, sizlə bağlı deyil, yəni, tərcümə məsələsi təhlil edilmir. Edilsə də yalnız minnətdarlıq hissi ilə nəsə yazıla bilər. Mən oxuyanda həmişə qeydlər götürürəm, indi yeri gəldi deyirəm. İcazə versəniz, bəzi qeyri-dəqiq hesab etdiyim məqamları birlikdə açardıq. Çünki bu ortam bir də çətin yarana, bu müzakirə tarixi bir fürsətdir məncə.
Vilayət Hacıyev: – Buyurun, buyurun! Xoş olar mənimçün.
İradə Musayeva: – Yəni redaktor olsa, sizin bu cümlələrə necə baxar. Çox az qüsurlar var.
Vilayət Hacıyev: – Çox maraqlıdır ki, üç dəfə çap olunub, üçündə də hamı eyni şəkildə verib. Bir adam onu oxuyub bitirmir. Qüsurları demir, amma mənim üçün vacib və maraqlıdır, həqiqətən.
İradə Musayeva: – Baxın, məsələn, belə bir cümlə var: “Veberin qəbul otağı ağzına kimi qədimi, qızıl haşiyəli, kövrək mebellə dolu idi”.
Vilayət Hacıyev: – “Kövrək” gülüncdür, gülünc.
İradə Musayeva: – Görürsünüz, indi redaktor olsaydınız, durub deyərdiniz. Yəni bu ifadənin yalnışlığını daha tez tapardınız.
Vilayət Hacıyev: – Mən “kövrək” deyəndə nəyi nəzərdə tutmuşam, yəni “zərif”.
İradə Musayeva: – Sonra belə bir cümlə var: “Hələ yox, beyninin harasısa hələ oyaqdır, həm oyaq, həm də buz kimi”. Daha sonra deyir ki, “xəstələr həkimə böyük qonorar verirdi”.
Vilayət Hacıyev: – Bunlar ikisi də normaldır.
İradə Musayeva: – Qonorar. Biz deyirik ki, həkim xəstədən pul alır. Qonorar burada, məncə, düzgün deyil.
Vilayət Hacıyev: – Düzdür, düzdür. Orada qonorar görülən işə görə haqdır.
İlqar Əlfi: – Bizim mənamızdakı kimi yazıya görə deyil. Futbol oynamağa görə də qonorar ala bilərsən.
İradə Musayeva: – Bu çox qəribə gəldi. Məsələn, biz mühəndisə haqq vermək istəyəndə, şəxsi işimizlə bağlı – deyə bilərik ki, mühəndisə qonorar verdim? Adətən deyirik ki, haqqın verdim, pulunu verdim. Dövlətin yox, şəxslərin verdiyi haqq – qonorar ola bilər? Yenə deyirəm, mənə oxu prosesində qəribə gəldi və həyatda heç vaxt eşitmədiyim sözdür, yəni həkim-xəstə münasibətindəki pul məqamında. İnanmıram bizlərdən, elə burdakılardan kimsə desin ki, “gedim həkimin qonorarını verim gəlim”. Desə də istehzalı, kinayəli kimi görünəcək. Hər halda, Azərbaycan danışıq dili, məişət dili mənzərəsi, hətta ədəbi dilimiz də, məncə, bunu qəbul etməyib hələ. Sonra, daha bir cümlə: “Gülümsəyərək süni buxarının yanındakı divanda oturdu”.
Vilayət Hacıyev: – Yəni qondarma, maketidir, özü deyil. Hə, tapmaq lazımdır o sözü.
İradə Musayeva: – Amma düzgün deyil də “süni buxarı”.
Vilayət Hacıyev: – Mənim indi özümə də gülünc gəlir. Düzdür.
İradə Musayeva: – Çoxdur burada. “O qız Ravik üçün tilsiməbənzər bir şey idi”. Yəni oxucu qayıdır da bunun üstünə. Təxəyyül həzm eləmir, havadan asılı qalır. Belə istisnalar o cür mükəmməl tərcümə mətnində yad görünür.
İlqar Əlfi: – Bunlar sırf redaktorluqdur, tərcüməçilik deyil.
İradə Musayeva: – Yəni belə şeylər burada var. Oxucu mətnlə üz-üzə qalanda redaktor, yoxsa tərcüməçi? – dilemması haqda düşünmür, onu zövq və təsir maraqlandırır…
İlqar Əlfi: – İradə xanım, o qeydlərinizdə mənim tərcümələrimdən də bir şey var?
İradə Musayeva: – Var, hamınızdan götürmüşəm, Zahid Sarıtorpaqdan da götürmüşəm, Coysu tərcüməsindən. “Uliss”dən… Təəssüf ki gələ bilmədi bu gün müzakirəyə, amma imkan eləyib onun da tərcüməsinə toxunacam…
Elnarə Akimova: – Seyfəddin müəllimə söz verək. Seyfəddin müəllim, bir neçə il əvvəl siz “oxu zalı”nda silsilə yazılarla çıxış etdiniz. O yazıların bir effekti oldumu, sizcə? Bu günün prizmasından Seyfəddin Hüseynli yenidən tərcümə problemləri ilə bağlı məqalə yazmağa çalışsa, yenə həmin boşluqlar qalırmı?
Seyfəddin Hüseynli: Effekt oldu. Birinci ona görə oldu ki, mən oradan yaxşı qonorar aldım. Həqiqətən də.
İlqar Əlfi: – Ən böyük effekt.
Seyfəddin Hüseynli: – Və o məsələ gündəmə gəldi, ən azı ictimai müzakirəyə çıxdı. Sonra bir çox debatlar təşkil olundu, müzakirələr keçirildi, istər radionun özündə, istər başqa media qurumlarında, İradə xanım yazılar yazdı, elə bil ki, həqiqətən, müəyyən bir pəncərə açıldı, o pəncərədən biz baxdıq gördük ki, artıq xeyli fəallaşmış tərcümə industriyasında bizim nə qədər çatışmazlıqlarımız var. Amma çox təəssüf ki, bu çatışmazlıqlarla bağlı biz əsasən elə həmin nöqtədə qalmışıq. Əsasən bunu dil problemi ilə əlaqələndiririk. Amma bu dil problemində məncə, biz 4-5 il əvvəldən artıq o məsələ ki, gəldi gündəmə, müzakirə olundu, onda başa düşdük səbəblər nədir, yəni bütün bu məsələlərə orada toxunulmuşdu. Ondan sonra da toxunuldu başqa-başqa müəlliflər tərəfindən ki, bu dil qüsurlarının oxucuya qədər gəlib çıxması əslində bu industriyanın bütün digər sahələrində təkərcik və vintciklərin düz işləməməyindəndir. Yəni bu nədir. Birincisi, bizdə təxminən deyək, bəzi eksperimentləri çıxaq, amma sistemli bu işə başladığımız Abbas Səhhət dövründən bəri bu məsələdə ki, entuziazm rol oynayırdı, o entuziazm o vaxt yəni qonorarsız, filansız nəyin hesabına, hansı mənəvi gücün hesabına o kişilər o işi görürdülər, bu heyrətamiz bir şey idi. O mərhələ getdi. Sonra sovet dövründə ki, bu məsələ, belə deyək də, məktəb filan yaranmadısa da, ən azı bir entuziazma ehtiyac yox idi, çünki sifarişlər verilirdi, çox da yaxşı qonorarlar verilirdi, bir çox yazıçılar hətta ifadə eləyə bilmədikləri mətləbləri orada tapırdılar, o cür ifadə edirdilər. Beləcə müəyyən bir enerjinin xərclənməsi və bir çox bədii əsərlərin Azərbaycan dilinə qazandırılması prosesi baş verdi. Amma sonra 90-cı illərdə o mənəvi ehtiyacdanmı, filanmı görülən təzədən şövqlə görülən işlər vardı, bir müddət keçəndən sonra çevrildi sözün mənfi mənasında özfəaliyyətə. Məsələ özfəaliyyətə döndü və burada sistem anlayışı meydana gəlmədi. Niyə gəlmədi? Çünki bayaq dediyim kimi, bu istər qurum halında özfəaliyyətə çevrilmişdi, nəşriyyatdan alınmışdı, istər ayrı-ayrı tərcüməçilər halında. Və çox təəssüf ki, bizim oxucu da özfəaliyyətə meylli oxucudur. Yəni birplanlı, müəyyən bir məsləhətlər əsasında ki, biz indi görürük tez-tez kitab siyahıları, roman siyahıları verilir, nə oxuyaq. Əvvəl 90-cı illərdə sifariş edirdin kaset, mahnılar siyahısı olurdu ki, bunları mənimçün yığ. İndi təzə-təzə bizdə roman məsələsində mütaliədə bu sistem gəlir öz yerinə oturur. Amma oxucumuz da keyfiyyətli məhsul istəmədi. Məsələ bundadır. Ələ nə düşdü, kasıbın olanından oxundu. Və burada qəribə bir konveyer üsuluna keçid yarandı. O nəşriyyatlar ki, sağ olsunlar xeyli əsərlər bizə qazandırdılar, amma orada müəyyən bir mərhələdən sonra filtrasiya olmalı idi, bir çox tərcümələr süzgəcdən keçirilməli idi, ən azı ədalətli qonorar sistemi qurulmalı idi. Hələ bir çox yerlərdə redaksiya şurası yaradılmayıb. Nəinki hökumət qurumlarında, hətta özəl nəşriyyatlar da heç olmasa öz prestiji üçün, müəyyən işlərinə xeyir-dua almaq üçün, ictimai rəyi öz xeyrinə dəyişmək üçün o redaksiya şuralarını yaratmalı idi, orada bir neçə sanballı və heç olmasa bizim reallıqda aşağı əmək haqqı ilə o işləri, o nəzarət mexanizmini həyata keçirən insanlar oturdulmalı idi. Bu olmadı. Bu olmayanda nə gəldi axırda oxucunun əlinə? Bizim bu gün belə deyək də “pinsetlə” axtarıb nələrsə tapmağımız hələ də davam edir, ona görə ki, bizim real gördüyümüz budur. Biz nəşriyyatların bu işi necə qurduğuna gedib baxa bilmirik. Bizi oraya ya buraxmırlar, ya da biz marağında deyilik. Bir çox hallarda qərəzli görünməkdən qorxuruq. Nəticədə nə var əldə? Əldə var İradə xanımın əlindəki o nöqsanlar ki, biz bu gün Azərbaycanda almandilli ədəbiyyatdan kitabxana yaratmış bir kişini məcburuq yenə kimlərinsə günahı ucbatından, bu sənayenin düzgün qurulmaması ucbatından suçlamağa. Mən belə deyim də, Türkiyədə almandilli ədəbiyyatda Ahmet Cemaldı, burada bu kişidir. Bizsə bunu bir cümləyə görə çəkirik məhşər ayağına.
İradə Musayeva: – Allah eləməsin, qətiyyən.
Seyfəddin Hüseynli: – Yox, ola bilsin mən də olsam, eləyərəm onu. Bilirsiniz, bu tərcümə tənqidinin dil ilə bağlı xüsusi bir yeridir. Hələ orada ilişmişik, günah da heç kəsdə deyil. Tərcümə, Rüstəm müəllim, elm ola bilmir. Amma tərcümənin prinsipləri ki, var, biz o prinsipləri də yeri gələndə ümumi panoram halında görmürük, onları işimizdə əvvəldən tətbiq eləmirik. Bütün məsələlər gəlib çıxır artıq konyunkturlaşmış, demaqoqlaşmış ana dilimizin namusunu çəkmək məsələsinə. Bir dənə qalır bizim son sığınacaq yerimiz ki, ana dilimiz əldən gedir. Amma məsələ nədir? Məsələ odur ki, tərcümə olunanları artıq müəyyən baxışdan keçirməliyik, kimlər tərcümə olunmalıdır.
İradə Musayeva: – Doğrudan, qəribədir. Tərcümə sırf dil məsələsidir, dildən danışanda ki, filan tərcümənin dilində filan cümlə, filan ifadə, filan fikir düz işlədilməyib, hətta bütün kitab zay tərcümə nümunəsidir, belə iradla rastlaşmalı oluruq. Yəni, sanki “dil sonranın söhbətidir!” – anlamında. Məncə, əksinə, dillə başlanır bütün tərcümə söhbətləri… Siz maddi dəstək, yaxşı redaktor, əla tərtibat və reklam və s. – hər şeyi qazana bilərsiniz, bu təmtəraqlı, gözəl dizaynlı kitabı açıb onun mahiyyətinə üz tutanda diksinib çəkiləcəksinizsə, bayaqdan saydıqlarım əridi getdi… Bütün tərcümələrdə mahiyyət dildədir, dillə başlanıb dillə də bitir. Vilayət Hacıyev kimi mükəmməl tərcüməçiləri, gördüyümüz kimi, bircə sözün, bircə sətirin qeyri-dəqiq tərcüməsi də narahat edir və bu iradı deyən olanda təşəkkür edir, qəzəblənmir. Çünki işin, ümumi ədəbiyyat, tərcümə işinin xeyrinədir, bu qarşılıqlı anlaşma mədəniyyəti.
Elnarə Akimova: – Bəlkə biz kimlər tərcümə olunmalıdır məsələsinə də nəzər yetirək? Oxucuya, Azərbaycan oxucusuna kimi ötürək, məsələn?
Seyfəddin Hüseynli: – Üzr istəyirəm. Bəlkə dünya ədəbiyyatını regionlar üzrə bölək. Bir diferensiallaşma getsin orada.
Rüstəm Kamal: – Bəlkə heç bizə, məsələn, Kafka lazım deyil, bizim mədəniyyətimiz üçün. Ola bilsin. Məsələn, mən düşünürəm də belə. Yəni mədəniyyətin dövriyyəsi üçün, milli mədəniyyətin formalaşması üçün ola bilsin ki, Kafka çox önəmli deyil, məsələn, Çin poeziyasından tərcümələr, məsələn deyirəm, daha təsirli ola bilər. Orta əsrlərdə Qurani-Kərim tərcümə olundu, Uzun Həsən dövründə. Hətta Dədə Qorquda da yansıdı, onun mətninə yansıdı, içinə girdi. Böyük bir mədəniyyət yaratdı. Yəni bir dənə sakral mətnin tərcüməsi nə yaratdı.
İradə Musayeva: – Martin Lüterin “Bibliya”nı tərcüməsi XVI əsrdə, bütün alman cəmiyyətinin dilində və dünyagörüşündə çevriliş etdi. Sonra bu oyanış qığılcımları Avropaya yayıldı. Deməli, tərcümə təkcə dil və ədəbiyyat məsələsi, hadisəsi deyil, həm də ictimai-siyasi, sosial hərəkətlilikdir.
Rüstəm Kamal: – Bəli, həm də ideoloji məsələdir.
Seyfəddin Hüseynli: – Üzr istəyirəm, Rüstəm müəllim. Olar mən davam edim? Fikirlərimi deyim. Çıxış yolundan söhbət getdi. Bilirsiniz, dünyanı bəlkə dillər üzrə qruplaşdırmalıyıq. Tutaq ki, Latın Amerikası ədəbiyyatı, ispandilli ədəbiyyat bir qruplaşdırılıb tərcümə olunmalıdır, sistemli şəkildə, ingilisdilli ədəbiyyat, Şərq dilləri, yapon, bizim özümüzə yaxın olan bu ərəb-fars dilləri mühiti tərcümə olunmalıdır. Yaxud deyək ki, skandinav ədəbiyyatı. Bəlkə belə yanaşaq. Rüstəm müəllim deyən məsələ mənə belə gəlir ki, bir az ideoloji yanaşmadır. Yəni ki, artıq bəsdir bu Kafka həzinliyi, hüznlüyü – filanı. Dünyada bu başda böyük ədəbiyyat yaranıb, qulağımızın dibində. Rəhmətlik Arif Abdullazadə demiş, bu boyda XX əsr yanımızdan ötdü getdi, xəbərimiz olmadı. Mən bir detallaşdırım bunu. Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi – biz “Dünya ədəbiyyatı” jurnalının yenidən nəşrinə başlayanda fikirləşdik ki, imkan olan qədər bir ölkənin ədəbiyyatı halında ki, bunu dünyada aparıcı elədilər jurnallar, məsələn, böyrümüzdəki “İnastranka” bunu eləyir, dünya ölkələrinin ədəbiyyatını ayrı-ayrı buraxılışlar halında verək ki, qoy mənzərəni bütöv görmək olsun. Ən azı bir 60 faiz görmək olsun.
Elnarə Akimova: – Bəli, mən xatırlayıram, “Kitabçı” jurnalında “Serbiya xüsusi əlavəsi” hazırlanıb təqdim olunmuşdu. Ən azı, çağdaş Azərbaycan oxucusuna müasir Serbiya ədəbiyyatı ilə bağlı zəngin məlumat ötürülürdü.
Seyfəddin Hüseynli: – Təxminən elə bir şeyi biz “Dünya ədəbiyyatı”nda eləyirik. Artıq Rusiya sayı çıxıb, birinci Ukrayna sayı çıxmışdı. Yəni biz böyük həcmdə üç yüz neçə səhifəlik jurnal buraxırıq, tam halda bir ölkədən verə bilmirik. Həm də bir balaca, bilirsiniz, material sarıdan da müəyyən sıxıntılar olur. Amma son nömrəmiz oldu, bu yaxınlarda işıq üzü gördü – İran ədəbiyyatı. İndi öyünmək kimi çıxmasın, bir məsələni deyim ki, sırf orijinaldan tərcümə olunmuş və özünü fars ədəbiyyatı, farsdilli yazıçı kimi identifikasiya edən müəlliflərdir. İstisnasız olaraq. Və bu 80 ilin fars ədəbiyyatıdır. Bu nəyə hesablanıb? Yəni bizim özümüzün iş prosesinə nə verdi? Bizim hörmətli şərqşünasımız Məsiağa müəllim, mərkəzin sədri Səlim Babullaoğlu və mən bir qrup halında müəyyən axtarışa çıxandan sonra məlum oldu ki, Azərbaycanda bir 5 nəfər fars dilini və ana dilini çox gözəl şəkildə və rahat kommunikasiya qura biləcək şəkildə, yazılı kommunikasiyadan gedir söhbət, bilir. Belə tərcüməçilərimiz var. Yaşca kiçiyinin 22 yaşı var və nisbətən yaşlı nəsil Ağabala müəllim var, Məsiağa müəllim var. Bunlar üzə çıxdı.
Elnarə Akimova: – Bunlar mütərəqqi işlərdir təbii, dəstəkləmək və davam etdirmək lazımdı.
Seyfəddin Hüseynli: – Yəni elementar bir cəhddə tərcümə işinin nə qədər müsbət tərəfləri ortaya çıxdı. Və onlara şükürlər olsun ki, bizim öz büdcəmizin imkanı ilə, belə deyək də, bir balaca sirr deyim, bir ədəbiyyat həvəskarının ianəsi ilə bizim mühit üçün normal da qonorar verdik. Nəticədə nə oldu? Hamı qazandı. Üzr istəyirəm bu işi dediyim üçün. Bilirəm ki, bizim mühitdə belə informasiyalar yayılmır. Biz jurnalları da çətinliklə satırıq, oxucu toplamaq filan da və s. Bu iş görüldü.
Vilayət Hacıyev: – Nə vaxt çıxıb?
Seyfəddin Hüseynli: – Bu jurnal artıq il yarımdır çıxıb və fars ədəbiyyatı sayı 15-20 gün bundan qabaq çıxıb. Bilirsiniz, mən tərcümə tənqidi ilə məşğul olmuşam epizodik halda, amma artıq tərcümə işinin funksioneriyəm. Ona görə məcbur oldum öz işimdən danışam və əyani şəkildə göstərəm ki, sadəcə ümumi bir düz xətt, ana xətt götürüləndə heç olmasa nisbi düzlüklə götürüləndə onun ətrafında çoxlu şaxələr də o səmtə yönəlir, nəticədə tərcümə işi bütöv bir sistem halında bir çırpınışla irəli gedir. Amma o mətnlərin içərisindən götürüb, bəli, ümumi mənim redaktəmdən keçib bütün mətnlər, müəlliflərlə, orijinalla, tutuşdurmaqla filan, biz bunları eləmişik. Amma əlbəttə ki, oradakı mübahisəli məsələlər, müəyyən ifadələr, cümlə tipləri, orijinala necə yanaşılıb, sərbəstmi yanaşılıb, fikirmi əsas götürülüb, ana dilimizmi əsas götürülüb, orijinalmı əsas götürülüb – bunları biz o məqamda dartışmalıyıq ki, biz bu məsələdə böyük bir yol qət eləmiş olaq. Amma biz hələ də başlayan kimi yerimizdə eyni şeyləri təkrarlayırıq. Üzr istəyirəm, bir az uzun danışdım.
Elnarə Akimova: – Rüstəm müəllim, Seyfəddin müəllim sovet dövrünün tərcümə nəşrlərinə toxundu. Sizcə, birmənalı şəkildə sovet dövründə tərcümə olunanların yenidən tərcümə olunmasına ehtiyac var? Ən azı, mənə elə gəlir ki, ortada dil faktoru var.
Rüstəm Kamal: – Mən sualınıza o saat bir replika ilə cavab vermək istəyirəm ki, heç bir tərcümə müqəddəs deyil. Bir dəfə tərcümə olunmuş mətn artıq müqəddəs mətn deyil. O yenidən hər vaxt tərcüməyə gələ bilər.
Elnarə Akimova: – Yox, qutsal olmaması öz yerində, amma əgər bir əsər uğurlu tərcümə olunubsa, onu təkrar-təkrar tərcüməyə ehtiyac varmı? Axı elə əsərlər var ki, doğrudan da, öz tərcüməsini gözləyir. Tutaq ki, ədəbiyyata daxil olmaq üçün “Faust” vacibdir. Uğurlu bir tərcüməsi varmı ortada?
Vilayət Hacıyev: – Var.
Elnarə Akimova: – Kimdir? Əhməd Cəmil?
Vilayət Hacıyev: – Bəli.
Elnarə Akimova: – Amma o sovet dövrü tərcüməsidir. Bəs deyirsiz, o dövrün nəşrləri təkrar tərcümə olunmalıdır?
Azər Turan: – “Faust”un tərcüməsi ilə bağlı bir məqama toxunum. Höte Azərbaycan türkcəsində şərqanə ahənglə belə danışmağa başlayırdı: “Eyvah ki, dünyaları fikrim dolaşırkən, /Təqibə nə at var, nə qanad var, nə də yelkən./ /Sərbəst uçuşub fövqü çəmənzarda quşlar, /Əlhan ilə ihtar qılarlarsa baharı”. 1932-ci ildə Əli bəyin tərcüməsində nəşr olunan kitab Hötenin Türkiyədə çıxan ilk kitabıydı. Və dilinin ağırlığına görə qınanan tərcüməni Əbdülhəq Hamid yüksək dəyərləndirirdi: “Əsli nəfis olan bu əsərin tərcüməsi də ənfəs olmuş”. Müqayisə həqiqətləri aydınlaşdırmaq üçün bəs edər. Əhməd Cəmilin tərcüməsində Mefistofel Allah haqqında: “Hərdən xoşum gəlir lap bu qocadan, /Onunla aranı vurmamaq şərtdir. /Şeytanın özüylə belə mehriban/ Danışmaq, özü də bir kəramətdir”. Əli bəy Hüseynzadənin tərcüməsində Mefistofel Rəbbi-aləm haqqında: “Bəzən də ziyarət xoş olur Zati-qədimi; / Heç istəməm etmək Ona izhari-ədavət./Bunca əzəmət, heyrətə şayəstə deyilmi! /Şeytana belə göstəriyor rıfkı-nəzakət. ” . Professor Nəzakət xanım Ağazadənin belə fikirləri vardı: “Əli bəy Hüseynzadənin əruz vəznində “Faust”dan etdiyi tərcümə əvəzedilməzdir. Əgər bu gün həmin tərcüməni alman dilinə çevirsək, eynilə Hötenin “Faust”unu alarıq”. Amma biz Əli bəyin tərcüməsindəki “Faust”u “dövriyyədən çıxardıq. Nə var ki, dili qəlizdir. Amma mənim indi dediklərim ki var, özünüz də şahidsiiniz ki, bunların heç birinin dili qəliz deyildi.
Rüstəm Kamal: – İndiki dövr üçün bir qədər qəlizdir.
Azər Turan: – “Bədbəxt o qədər olmaz idi bir zaman insan, / Etsəydin əgər nuri-səmanı ona pünhan; / Əql ismini vermiş bəşər ol nura dilində, / Heyvanlığı lakin gözəl alətdir əlində”. Nəyi qəlizdir ki bunun?
Seyfəddin Hüseynli: – Azər müəllim, burada bir məsələ var. Başqa tərcümə varsa, qoyaq ortaya, amma bu elə bir lokal bir hadisə olacaq ki. Əli bəy Hüseynzadə onu tutaq ki, kütlə üçün, geniş auditoriya üçün nəzərdə tutmamışdı. Ona görə də onun həm də ifadə tərzi idi, cümlə quruluşu idi – filan. Amma sovet dövründəki tərcümə bir az partiya-ideoloji cəhətdən, bir az da elə doğrudan, o ədəbiyyatın xalq işi olması baxımından, sözün yaxşı mənasında, daha anlaşıqlıdır. Bu əsərlə ünsiyyət qurmaq daha asan gəlir. Qoy orada alman dilinin müəyyən prinsipləri gözlənilməsin və s. Yadınızdadır, orada məşhur hissə var: “Ənzari-şəbabımda pədidar olan ey zill, /Ey zilli-tüluat oluyorsın yenə peyda”. Vallah, təzədən tərcüməyə ehtiyacı var. Amma Azər Turan üçün, əlbəttə, o daha yaxşıdır. Əvvəla intonasiyası .
Azər Turan: – Seyfəddin müəllim, Hüseyn Cavid də bu intonasiyanı təqdir edirdi, Cavid eyni misraların Mikayıl Rəfili tərəfindən tərcüməsini Əli bəyin qəliz dedikləri tərcüməsi ilə qiyaslandırmışdı. Rəfilidə belə idi:”Gəncliyimdə gördüyüm ey dumanlı kölgələr! /Yenə peyda oldunuz bu tutqun nəzərimdə”. Hüseyn Cavid hər iki tərcümə misralarını yanaşı gətirib, Əli bəyin yorumunu şerin musiqisinə, misra vəzninə, fəlsəfi siqlətinə görə təqdir edib. Rəfilinin çevirisindəki təfəkkür tərzinin isə Höteyə və “Faust”a müvafiq olmadığını söyləyib.
Seyfəddin Hüseynli: – O ki qaldı təzədən tərcüməyə, biz elə həddə gəlməliyik ki, çoxvariantlılığa keçə bilək.
Vilayət Hacıyev: – “Faust” almanların özü üçün də çətindir. Ümumiyyətlə, başadüşülməzdir. Hamı üçün başa düşülməzdir “Faust”. Ola bilsin özü yaxşı başa düşüb müəllif, həqiqətən.
Azər Turan: – Əhməd Cəmil “Faust”u ruscadan tərcümə edib də.
Vilayət Hacıyev: – Birinci hissə Nəzakət xanımın orijinaldan sətri tərcüməsi əsasında çevirilib. Rüstəm Kamal: – Ümumiyyətlə, poetik tərcümə prinsipcə mümkünsüzdür. O tərcümənin yazılmış və yazılmamış qanunudur.
Vilayət Hacıyev: – Bəli, bəli.
Rüstəm Kamal: – Dünyada tərcümədə iki yol var. Buna ruslar “bukvalistiy”, yəni hərfi, bir də “tvorçeskiy”, yəni yaradıcı, azad tərcümə deyirlər. Və hərfi tərcümədə də belə, yenə tərcüməçi özündən oraya nəyisə artırır. İstər-istəməz bədii tərcümədə mətnin əslinə qarşı həmişə bir zorakılıq olur. Çünki tərcüməçi milli ədəbiyyatın ənənəsinin içindən gəlir, istər-istəməz milli ədəbiyyatın həmin dövrün üslub ənənəsini nəzərə alır. Xüsusən, poeziyada nəzərə alırsan. Bu qaçılmazdır. Məsələn, mən oxumuşam Marşakın ingilis ədəbiyyatından tərcümələrini. Deyirlər ki, Marşak mükəmməl tərcüməçidir. Mən sizə açıq deyirəm, tutaq ki, Bernsin oynaq folklor üslubu onun tərcümələrində yoxdur. Gedin başqa tərcümələri də oxuyun, sanki bir adamın əlindən çıxıb.
Seyfəddin Hüseynli: – Marşak kimi yazıb hamısını.
Rüstəm Kamal: – Marşak kimi yazıb. İtalyancada tərcüməçi sözü ilə “traduttor” – “satqın” sözü oxşardır. Tərcüməçi həm də sanki bir satqındır. Sanki əsl mətnə qarşı bir satqınlıq eləyib. Tərcümə məktəblərilə bağlı da bir-iki söz deyim. Əvvəla, biz kiçik xalqıq. Bizdə müəyyən tərcümə ənənəsi olub. Əgər Orta əsrlərdən üzü bəri o ənənənin tarixi yazılsaydı, həmin ənənənin obrazını bərpa etmək olardı. Sadəcə bütün elmi informasiyalar Azərbaycan tərcüməsi ilə bağlı sistemləşdirilməyib, öyrənilməyib. Bizdə tərcümə nəzəriyyəsi ilə bağlı araşdırmalar rus nəzəriyyəsinin təsiri altındadır. Mən düşünürəm ki, tərcümə dövlət əhəmiyyətli məsələdir. Təhlükəsizlik baxımından əhəmiyyətli məsələdir. Və dövlətin öz kulturoloji istiqaməti olmalıdır ki, hansı tərcümələr bu xalqın mədəniyyətinin formalaşması üçün lazımdır. Mühüm mətnlər, yazıçılar var ki, ilk növbədə onlar mütləq tərcümə olunub dövriyyəyə buraxılmalıdır. Və zaman keçməməlidir. Elə əsərlər, elə müəlliflər var ki, artıq kimsə həmin müəllifin Nobel mükafatı laureatı olduğunu da yadına salmır. Məsələn, ki, Zaks adlı şair vardı, yaxud ilk nobelçiləri kim xatırlayır? Biz indi-indi onları tərcümə edirik və kitab bazarına çıxardırıq. Elə şeylər var ki, mən fikirləşirəm ki, türk dili bizə yaxın olduğuna görə, türk tərcümələri ilə əvəz etmək də olar. Amma o əsərlər ki, dilimizin fəlsəfəsini formalaşdırmalıdır, bizdə yeni yazıçı elitasının yaranmasına səbəb ola bilər, o mətnlər də seçilib ilk növbədə tərcümə olunmalıdır. Ondan ötrü qapını açıq qoymaq lazımdır. Nəşriyyatlar var-dövlətdən kənar. İndi kim sifariş edirsə, qoy eləsin. Qoy bazar tərcümə romanları ilə dolsun.
Seyfəddin Hüseynli: – Bazar da barı bir bazar ola.
İradə Musayeva: – Biz artıq ədəbiyyatı, doğrudan, bazarlaşdırmış olduq. Hamı, kim istəyir çap eləsin, kim istəyir gəlsin tərcümə eləsin. Yəni biznes işi deyil bu tərcümə, ən azından. Oxucu zövqünün birdəfəlik korlanması məsuliyyəti haqqında düşünən yoxdur deyəsən. “Qoy bazar dolsun” – hökmü ədəbi yaradıcılıq prinsiplərinə uyğun gəlmir axı.
Rüstəm Kamal: – Y.V.Çəmənzəminli 1929-cu ildə L.Tolstoyun “Dirilmə” romanını tərcümə edib. Roman arxivdə yatır. Onu Tolstoy sanki Azərbaycan dilində yazıb. Sonra həmin romanı bir başqası tərcümə edib. Nəyə görə ikisini də buraxmayaq?
İradə Musayeva: – Yaxşıdırsa, olsun. Bir sizin kimi ədəbi məsuliyyəti olan şəxs təsdiqləyəndən sonra qoy o da olsun, amma “kimin nəyi var, gətirin “bazara”- kimi ədəbiyyatda “açıq qapı” mərhələsi elan etmək düz deyil.
Azər Turan: – Yeri gəlmişkən, keçən Müzakirə Saatında Elnarə xanım, söhbətin sonunda Mahmud Kaşqarlı Divanınını xatırlatdı, “Divani-luğat it-türk” niyə bizim ədəbi-nəzəri fikrin mənbəyinə və tərkibinə çevrilə bilmir?” deyə ciddi bir məsələ qaldırdı. İndi də Rüstəm müəllim Çəmənzəminlinin arxivdə qalan tərcüməsini xatırlatdı. Söz-sözü çəkdi deyə bir neçə kəlmə demək istəyirəm. Məncə, bu, bütün Azərbaycan humanitar fikrinin diqqət mərkəzində olmalıdır. Uzun-uzadı müzakirə deyil, konkret şəkildə həll olunmalıdır. Türkiyədə Kaşqarlı Divanının tərcüməsi üzərində 1939-1941-ci illərdə çalışmış Besim Atalay Divanın ilk nəşrinin birinci cildində yazırdı ki, “Divani-luğat-it türk” Türkiyə dışındakı türkləri də ilgiləndirmişdir. Sovetlər Akademiyasının Azərbaycan qolu bir komissiya quraraq başqanlığına Xalid Səidi. gətirmiş və işə başlamış”dı. Milli türkşünaslıq tariximizdə belə bir nadir hadisənin – Xalid Səidin tərcümə etdiyi “Divani-luğat-it türk”ün bu günəcən nəşr edilməməsini düşünüb kim etiraf etməz ki, dünyada yalnız bu kitaba görə həyatı dərbədər olmuş, bu kitaba görə qanına qəltan edilmiş bir insanın – türk elminin nakam şəhidi Xocayevin çiləli ruhu hələ də 1937-ci ilin qanlı çarmıxından endirilməyib. Elə buna görə (həm də buna görə) Xalid Səidin tərcümə etdiyi mətn tədqiqatçıların xatırlatdığı kimi, hətta əgər “tərcümənin dili müasir dilimizin leksikası” ilə səsləşməsə belə, tarixi həqiqət və elmi ədalət və fakt naminə mütləq meydana çıxarılıb nəşr olunmalıdır.
Şübhə doğurmur ki, 1935-1937-ci illərdə Azərbaycanda tərcümə olunmuş “Divan”ın üzə çıxarılması Bakının dünya türkologiyasındakı nüfuzuna əsaslı təsir göstərə bilərdi. Çünki bu tərcümə dünyadakı ilk Divan tərcüməsidir. Amma biz bunu qoymuşuq bir tərəfə və ortaya çıxarmırıq. Mən bu barədə kitab da yazmışam. Xalid Səidin indi Kanadada yaşayan qızı Bəhicə xanımla da, professor Nizami Cəfərovla da bu barədə ətraflı söhbətimiz olub. Tapılması, ortaya çıxarılması üçün ehtimal çox böyükdür. İpucları əldədir. Məncə, hərəkətə keçməyin zamanıdır. İndi isə konkret olaraq Azərbaycan Yazıçılar Birliyi, Akademiyanın Ədəbiyyat İnstitutu, Nazirlər Kabinetinin Tərcümə Mərkəzi vaxt itirmədən bu tarixi işlə rəsmən məşğul olmalıdırlar.
Seyfəddin Hüseynli: – Bilirsiniz, bu bizim tərcümə işi tariximizin müəyyən yaralı epizodlarıdır. Sadəcə, doğrudan, maraqlı və faydalı faktlardır. Azər müəllim, çox sağ olun buna görə. Amma biz fikirləşməliyik, mənə elə gəlir bu dəqiqə ki, bu tərcümə işində bizim konsepsiyamız nədir? Mən də açığı pərakəndə sifarişlər və yaxud öz seçimim əsasında çoxlu xırda və iri materiallar tərcümə eləmişəm. Yaxud müəyyən konyunkturaya uymuşuq, kimsə buker mükafatı alıb, keçən ilin və ya bu ilin bukeridir, götürüb vermişik ki, maraqlı olsun. Bütün dünyada bu praktika var. Amma bizim tərcümə dərgilərimiz, yaxud mətbuatda tərcüməyə necə yanaşılır? Çox təəssüf ki, orada da konsepsiya bir xeyli uzaqda görünür. Yenə də özfəaliyyət, yenə də hansısa marağa qulluq. Ancaq ümumi axına nəzarət mümkündür, məncə.
Elnarə Akimova: – Kamran müəllim, istərdim siz bildirəsiniz fikrinizi. Konkret iradlar göstərildi burda, bir tərcüməçi kimi siz nələri təklif edirsiniz?
Kamran Nəzirli: – Düzgün qeyd elədiniz: bunu heç bir qanunla, heç bir qadağa ilə yoluna qoymaq mümkün deyil indiki zamanda. Amma belə müzakirələr təbii ki, o təsərrüfatsızlığın qarşısını ala bilər. Yəni, bu da ictimai qınağın bir formasıdır. Çox böyük təşəbbüsdür bu. Eşitdim İradə xanımdan, böyük məmnuniyyətlə razılıq verdim ki, bu məsələni müzakirə eləyək. Tərcümə sahəsindəki təsərrüfatsızlığın, xaotik mənzərənin müzakirəsi təkan verəcək ki, siz dediyiniz o ictimai nəzarət, o idarəolunma həyata keçirilsin.
Seyfəddin Hüseynli: – Mən inzibati idarəçilikdən danışmıram. Üzr istəyirəm, işlə bağlı praktik olaraq bir məsələni deyim. Bu özfəaliyyətçilik bir az da üzdən keçməmək, kiminsə xahişini-filan nəzərə almaq və s.ilə bağlıdır. Bunun da normal yolu var. Biz bu “Dünya ədəbiyyatı” jurnalının ki, ayrı-ayrı ölkələrə həsr olunmuş nömrələrini buraxırıq, burada maraqlı cəhdlər görürük. Yazırlar ki, qonorar verirsinizmi? Məsələn, jurnalist xanım tanışım var, vaxtilə bir yerdə işləmişik. Qardaşının rusca xatirələrini mənə verib ki, bəs sizin jurnalda çıxsın, filan. “Yox” demək olmur. Sadəcə yaxşı bir çarəsi var. Dedim ki, biz axı Ukrayna nömrəsini buraxırıq. Mən bunu necə çap eləyim? Müəyyən bir əlaqə yarada bilərsənsə, verək. O, avtomatik getdi. Bilirsiniz, adam öz işini müəyyən bir sistemli axına salıb görəndə oraya özfəaliyyət yol tapa bilmir. Daha sonra əyalətdən bir şair yazıb ki, mənim oğlumun ingiliscədən, özümün də ruscadan tərcümələrim var, çox xahiş edirəm, mən gələcəyəm, Yazıçılar Birliyinin rəhbərliyinə deyəcəyəm və s. Dedim indi biz fars nömrəsi hazırlayırıq. Farscadan bir şey varsa, gətirin. Bununla da mən öz adımı xilas edirəm.
Kamran Nəzirli: – Bu yaxınlarda bizim hörmətli professorlardan biri mənim hələ sovet dövründə tərcümə elədiyim Cek Londonun povestini olduğu kimi götürüb öz nəşriyyatında çap eləyib, üstündə də yazıb: işlədi professor filankəs filankəsov. Belə problemlər də var. Bizim dünyadan köçmüş tərcüməçilərimiz var. Mən hələ Bakıxanovdan, Axundzadədən danışmıram. Mən danışıram 70-80-ci illərin tərcüməçilərindən: Ənvər Rzadan, Zeydulla Ağayevdən. Bunlar bizim son 30-40 ildə tərcümə ədəbiyyatımızda önəmli rol oynamış şəxslərdir. Deməli, bunların tərcümə olunmuş əsərləri təzədən nəşr olunur, görürsən ki, heç bir yerdə adları getmir, familiyası verilmir. Sizin bayaqkı sözünüzə qüvvət, bəlkə biz bir tərcüməçilər İttifaqı yaradaq. Bəlkə elə tərcüməçilər haqqında kodeks, ya bir Tərcüməçinin peşə etikası barədə bir kodeks hazırlayaq? Maarifçilik baxımından faydalı olardı. Dünyada bu praktika var axı.
İradə Musayeva: – Senzura, komissiya kimi bir şey.
Kamran Nəzirli: – Tərçüməçinin peşə etikası. Ümumiyyətlə, tərcüməçi nəyi edə bilər, nəyi edə bilməz. Prosesdə hansı rolu oynayır. Hansı mövqedə dayanmalıdır. Müəlliflə tərcüməçi əlaqələri, yaxud iki tərəfin arasında duran körpüdə. özünü necə aparmalıdır və s. Əlbəttə, tərcümə fakültələrində bu məsələlər bəlkə də öyrədilir. Mən sırf məsələnin təşkilati-texniki tərəfini nəzərdə tuturam. İkinci bir mühüm məsələ: biz indi orijinal dildən, yaxud da rus dilindən (üçüncü dildən) dilimizə tərcümələr edirik. Amma bizim indiki durumumuz, ölkənin indiki iqtisadi vəziyyəti bunu deməyə əsas verir ki, indi öz ədəbiyyatımızın tərcümə olunmasına vəsait qoymalıyıq. Bu sahəyə daha çox diqqət yetirməliyik. Özümüzü rus dilinə, ingilis dilinə, fransız dilinə və sair dillərə tərcümə eləmək lazımdır. Axı nə qədər “ölü əsərlər”i, “ölü müəlliflər”i tərcümə eləmək olar? Sözüm ondadır ki, indi öz irsimizi tərcümə eləməliyik. Türkiyədə bildiyimə görə Mədəniyyət Nazirliyinin nəzdində Tərcümə Komissiyaları fəaliyyət göstərir. Misal üçün, bu xüsusi komissiyalar Yunus Əmrənin, yaxud Oraxan Kamalın, ya Orxan Pamukun əsərlərinin fransız, rus, ingilis və s. dillərə tərcümə edilməsi üzrə ayrı-ayrı işçi qruplarından ibarətdir. İşçi qruplarının hər birinə tanınmış, peşəkar tərcüməçilər (hətta xaricdən də mütəxəssislər cəlb edilir!) daxildir.
Seyfəddin Hüseynli: – Bizdə belə bir təşəbbüs varmı?
Kamran Nəzirli: – Bilmirəm. Amma elə bu da bir təşəbbüsdü də. Qaldıraq da. Elə bu müzakirədə.
Seyfəddin Hüseynli: – Qrup halında qoyulmalıdır da yəqin ki. Kamran Nəzirli: – Bəli, bu təşəbbüsü biz qaldırmalıyıq. Yeri gəlmişkən, bir vacib problemi də qaldırmaq istəyirəm. Hər zaman imkan olmur danışmağa. daha çox ad və toponimlərin təqdim edilməsində baş verən “xaotik” mənzərə və təsərrüfatsızlıqdan. Təəssüf ki, bu problem nəinki bədii tərcümə sahəsini, eləcə də bütün növ tərcümə mətnlərini və sənədlərini əhatə edir. Hətta klassik tərcümələr də bu qüsurlardan xali deyil. Təkrar edirəm: bu, xüsusi problemdir və belə “xaotik” axının qarşısını almaq üçün bir çox dövlətlərdə xüsusi komissiyyalar da fəaliyyət göstərir. Əlbəttə, bu problemin aradan qaldırlmasında təkcə komissiyaların, yaxud da yenicə yaradılmış bizim Tərcümə Mərkəzinin məqsədyönlü fəaliyyəti ilə də kifayətlənmək olmaz. Düşünürəm ki, burada əhalinin xüsusi kateqoriyalarının, məsələn, televiziyalarda, qəzet və jurnallarda, saytlarda, nəşriyyatlarda və s. çalışan jurnalistlərin, tərcüməçilərin, redaktorların, korrektorların, elmi-tədqiqat işləriylə məşğul olan mütəxəssislərin də maariflənməsi vacib şərtdir.
İradə Musayeva: – Əlbəttə, mənim oxuduğum tərcümə əsərlərində də bu sahədə qüsurlar yetərincədir.
Kamran Nəzirli: – Əvvəla, xüsusi adların (şəxs və yer adlarının) həm xarici dillərə, həm də xarici dillərdən Azərbaycan dilinə düzgün transliterasiyası və transkripsiyası istər ədəbi dil normalarına riayət etmək baxımından, istərsə də orijinalın ruhunu əks etdirmək baxımından böyük önəm daşıyır. Bunu təkcə tərcüməçilər yox, həm də bayaq qeyd etdiyim xüsusi kateqoriyadan olan sənət adamları da nəzərə almalıdı.
Vahid prinsip gözlənilməlidir də. Təəssüf ki, indiyədək nə elmi-nəzəri mənbələrdə, nə dillə bağlı yaradılmış komissiyalarda xüsusi adların, toponimlərin düzgün təqdim edilməsiylə bağlı tədbirlər görülür, nə də nəzarət mexanizmi var. Əlbəttə, nəzərə almalıyıq ki, transliterasiya sözlərin uyğun qaydalara əsasən başqa dilə çevrilməsidir. Linqvistikada bu, mətnin, yaxud sözün bir yazı sistemindən digərinə sözbəsöz, ya da hərfbəhərf çevrilməsidir. Söhbət fonoloji transkripsiyadan gedəndə sözün fonemlərlə verilməsində səslərin qarşılıqlı təsiri nəzərə alınmır. Buna baxmayaraq, tərcümə mətnlərində linqvistik baxımdan həm transliterasiya, həm də transkripsiya qaydaları kobud şəkildə pozulur və ədəbi dil normalarına xələl gəlir. Qeyd edim ki, bu xüsusi problem nəinki bədii tərcümə mətnlərini, habelə tarixi, elmi, siyasi, iqtisadi mətnləri də əhatə edir, nəticədə xüsusi adların daşıdığı informativ məna yükü oxucuya yanlış çatdırılır. Bir-iki misal çəkəcəyəm: götürək Azərbaycan-ingilis, ingilis-Azərbaycan xüsusi adlarının transliterasiya və transkripsiyasını və onlar arasındakı fərqləri. İngilis dilindəki “Robin Hood” Azərbaycan dilinə Robin Qud kimi yox, Robin Hud kimi transliterasiya olunmalıdır. Bu ad uzun illər bütün tərcümə mətnlərində “Qud” kimi təqdim olunub, halbuki məhz “hood” (hud) kimi transliterasiya olunmalıydı. Çünki Orta əsrlərdə əfsanəvi ingilis Robin Hud bütün mənbələrdə qarətçi-cəngavər, varlı adamlardan qarət etdiklərini kasıblara paylayan şəxs kimi göstərilir və əslində onun soyadındakı “Hood” sözünün çoxsaylı mənaları olsa da, əfsanəvi qəhrəmana yaraşan mənası “dəbilqədir”, yəni cəngavərlərin başa qoyduğu dəmir dəbilqə. Göründüyü kimi, onu “Qud” kimi transliterasiya etməklə həm sözün, həm də personaj kimi qəhrəmanın pafoslu semantik xüsusiyyəti itib. Yaxud “Hemingway” Azərbaycan dilinə Heminqvey kimi transliterasiya olunmalıdır. Hemingway- İngiltərədə Yorkşir şəhəri yaxınlığındakı kiçik bir yaşayış məntəqəsinin adıyla bağlıdır, bir mənası da yaxşı yol, uğurlu yol deməkdir, vaxtilə Heminqveylərin nəsli də həmin ərazidən çıxıb, müqəddəs kilsə olan ərazidən, yaxşı yol adlanırmış və s. İndiyə kimi tərcümə olunan bütün mətnlərdə yazıçının familyası transliterasiyada yox, transkripsiyada verilir, yəni “Heminquey” kimi. İngilis dilində “double-u” (w) hərfi transliterasiyada “v” kimi, transkripsiyada isə müxtəlif vəziyyətlərdən asılı olaraq v, ua, ue, ui kimi tələffüz olunur. Transkripsiya onların hamısını (ue, ui, yaxud ua) diftonqlar şəklində yazır. Transliterasiya isə onları ayırır. Nəzərə alaq ki, Azərbaycan dilində cütavazlı səs-diftonq yoxdur, yalnız bəzi fonetik hadisələr zamanı xalq danışıq dilində diftonqlaşma hadisəsi baş verir. Digər tərəfdən sonrakı səsdən asılı olaraq ingilis dilindəki “w” hərfi bəzən v kimi, bəzən ue kimi, bəzən də ua və ui kimi tələffüz olunur. Bütün bunlar transkripsiyanın işidir, lakin xüsusilə şəxs adlarının və toponimlərin transliterasiyasında bu məcburiyyət yoxdur. Buna görə də tələffüz zamanı Azərbaycan dilinə zor işlətməyə ehtiyac qalmır. Düşünürəm ki, xüsusi adlar çevrilməməlidir. İngilis dilində “William”, “Wilde” və b. adları da bu qəbildəndir, Azərbaycan dilinə transliterasiyada “Vilyam” və “Vayld” kimi təqdim olunmalıdır. Təəssüf ki, yuxarıda qeyd etdiyim təsərrüfatsızlıq sovet dönəmindən bəri davam etməkdədir. Orijinal dildəki ad və toponimlər orijinal dildəki kimi yazılmalı və oxunmalıdır. Belə olan halda heç kim cürət edib əcnəbiyə Qarabağı “Karabakh”, yaxud da “Naqorniy Karabakh” formasında təqdim etməz. Bəzi tərcüməçilər ad və soyadların Azərbaycan dilindən ingilis dilinə transliterasiyası zamanı şəxsi adlara daxil olmayan ayamaları da tərcümə edərkən yanlışlıqlara yol verirlər. Məsələn, Qoç Koroğlu, Tülkü Qasım, Keçəl Həmzə, yaxud da Qara Tofiq, Dəli Domrul adlarındakı ləqəb və ayamaların hərfi tərcüməsini verirlər. “qoç” deyəndə “igid, cəsur” anlamını vermək əvəzinə yazırlar ki, “ram”, yaxud “dəli” sözünü “crazy, mad” kimi, “tülkü” sözünü isə “fox” kimi verirlər. Əslində isə hər üç sözün məna çalarına, müsbət, yaxud mənfi mənada işlənməsinə diqqət yetirilməlidir. “Qoçaq, igid, mərd, cəsur” mənalarında olan sözləri ingilis dilinə tərcümə edərkən, yaxud əksinə təqdim edərkən ehtiyatlı olmaq lazımdır. “Qara Tofiq” deyəndə də onu sözün həqiqi mənasında “Black”, yəni rəng mənasında yox, “böyük”, “başçı” mənalarında izahını vermək lazımdır. Bu barədə tərcüməçilərlə, redaktor və korrektorlarla maarifləndirici söhbətlər aparılmalı, bəlkə də xüsusi kurslar təşkil edilməlidir.
Rüstəm Kamal: – Gənc tərcüməçilərlə “master klaslar” keçirilməlidir, Kamran müəllim. Ustad dərsləri olmalıdır. Tərcüməçilər bəs harada yetişməlidir? Bəzən universitetdə tərcümədən dərs deyən müəllimlərin özləri ömründə bir cümlə tərcümə etməyiblər. Bu adamlar gəlib bədii tərcümədən dərs deyirlər. Yəni tərcümə nəzəriyyəsindən mövzu götürüb, pis-yaxşı müdafiə edib, indi gəlir tərcümədən dərs deyir. Ona görə də araşdırılmalıdır ki, son illərdə, məsələn, bizim universitetlərdən neçə tərcüməçi çıxıb. Fərqi yoxdur, texniki tərcüməçi, elmi tərcüməçi, bədii tərcüməçi, biznes tərcüməçisi və s. Bunlar özləri – Vilayət müəllim, İlqar müəllim artıq klassiklərdir.Yəni onları tərifləmək üçün demirəm, masterdilər. Bunlar dəsrlər keçməlidirlər. Tərcümə mərkəzinin nəzdində ayda bir dəfə, həftədə bir dəfə ustad dərsləri olmalıdır.
Seyfəddin Hüseynli: – Masterdilər, amma “klass”ları yoxdur, doğrudan da.
İlqar Əlfi: – Bilirsiniz, bax, mən tərcümə nəzəriyyəsini oxumuşam, ixtisasca tərcüməçiyəm. Fars dili tərcüməçisiyəm. Amma ondan bir şey yadımda qalmayıb. Və mənim tərcüməmdə kara gələcək bir şey bilmirəm. Hamısını fəhmlə eləyirəm. Çünki yoxdur ortada bir kitab. Tərcümədə müəllif, ana dili və ortada tərcüməçi – bu dilemma var. Hansı neçə faiz olmalıdır? Mən həmişə deyirdim ki, tutaq ki, mən indiyə qədər 40 müəllif tərcümə eləmişəm. Hərdən görürsən ki, bizim öz yoldaşlarımız oxuyub deyir, “a bax, bunu nə gözəl tərcümə eləmisən”. Bu biri deyir “ay İlqar, bu yaman bekara tərcümədir”. Bunun hamısını İlqar eləyibsə, İlqar bacardığını onsuz da qoyur. Sadəcə, bu müəllif sənə yaxındır, bu yox. Mən Tomas Manı necə “südlü sıyıq” eləyim verim sənə qaşıqla yeyəsən?
Kamran Nəzirli: – Bizim bəzi klassik yazıçılarımızın sətri tərcümələri kimi. Yəni o cür əsərləri yenidən tərcümə etməyə dəyər.
Elnarə Akimova: -Bu yaxınlarda 100 cildlik “Fikir antologiyası” seriyasından tərcümə edilmiş Nitsşenin “Hakimiyyət əzmi” kitabını oxumaq istədim. İnandırım sizi ki, ordakı Nitsşe deyildi. Olduqca bəsit şəkildə tərcümə olunmuşdu Nitsşe. Yaxud “Dünya ədəbiyyatı” seriyasından tərcümə olunmuş nümunələrdə hətta fəhmsiz oxucunun belə sezə biləcəyi qüsurlar var. Y.Əmrəni elə təqdim ediblər ki. Yəni, Əmrəni tərcüməyə nə ehtiyac var?
Rüstəm Kamal: – Tam razıyam sizinlə, o Əmrə deyil.
İradə Musayeva: – Doğrudur, tərcüməçi müəllifin izini itirirsə çox pisdir, sevdirəndə isə özü də hörmətlə xatırlanır. Və oxucu sonda iki adama minnətdarlıq duyğusu ilə ayrılır. Müəllifə və tərcüməçiyə. Mən məsələn, Kamran müəllimin Svetlana Aleksieviçlə bağlı “Müharibənin qadın üzü yoxdur” əsərinin tərcüməsini oxudum. Kamran müəllimi şəxsən tanımırdım, birinci dəfədir ki, görürəm. Amma əsəri oxudum və əsərin tərcüməsi o qədər yaxşı təsir elədi ki, Svetlana Aleksieviçin bu əsəri ilə bağlı yazdığım “Müharibə qadınının ədəbiyyatı” adlı məqaləmin sonunda da olsa, yazdım: “P.S. Bu əsəri Kamran Nəzirli çox böyük məhəbbət və sevgi ilə dilimizə tərcümə edib”. Doğrudan da, əsərin ruhunu ötürüb bizə. Biz söz, cümlə düz olanda şükür edirik bəzən, amma yaxşı tərcümələrdə ruh, ovqat, sevgi və nifrət də tərcümə oluna bilir. Korney Çukovski yazırdı ki, yaxşı tərcümələrdə təbəssüm və səmimiyyətin də tərcüməsini hiss etmək olur. Bir cümlə ilə də olsa özümə borc bildim bu zəhməti, özü də keyfiyyətli zəhməti qiymətləndirməyi. Markes tərcüməçilərindən nə qədər narazı olsa da, insafən deyirdi ki, “tərcüməçilik haqqı ən pis şəkildə ödənilən peşədir”. Çünki yazıçı ilə bərabər tərcüməçinin də zəhməti paralel gedir. Həmin şeyi Vilayət müəllimə də dedim ürəyimdə. Vilayət Hacıyevə. “Zəfər tağı”nı təzə qurtarmışam, oxuya-oxuya Vilayət müəllimə təşəkkür etdim, ürəyimdə. “1984” romanını oxuyanda həmin o “ürəyində”, “dodaqaltı” təşəkkürü, səmimi minnətdarlığı Vilayət Quliyevin də ünvanına səsləndirdim. Elə tərcümələr də var ki, oxuya-oxuya axtarırsan ki, görüm bunun tərcüməçisi kimdir. Sanki “cinayətkar” axtarırsan.
Elnarə Akimova: – Haynenin maraqlı bir fikri var: “Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümə edə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil”. Bədii tərcümə sahəsində günümüzdə bir çox problemlər və çatışmayan cəhətlər var. Zənnimcə, əsərin ruhu daha çox ikinci dildən tərcümə zamanı ölür. Ona görə nəzərə alaq ki, Vilayət müəllim ikinci dildən tərcümə eləmir, birbaşa birinci dildən tərcümə edir. Bu amil isə əsərin əsl mahiyyətini, ruhunu, forma və məzmun keyfiyyətini qorumağa, ondakı bədiilik məziyyətlərinin orijinala uyğun səviyyədə alınmasına təsir göstərir. Mən də Svayqın “Bəşəriyyətin bəxt ulduzları” kitabını Vilayət müəllimin tərcüməsində oxumuşdum, uğurlu tərcümə idi.
Fərid Hüseyn: – Elnarə xanım, birinci dil, ikinci dil məsələsi ilə bağlı qısaca deyim. Məşhur bir tərcümə nəzəriyyəçisi var – Hans Vermer adında. Bunun məşhur bir nəzəriyyəsi var. Dünyanın təxminən 60 ölkəsində bunun nəzəriyyəsi keçirilir. Skopos nəzəriyyəsi deyilir. O, orada nə yazır? Məsələn, maraqlı bir fakt kimi. Bizdə o yoxdur. Ona görə mən bunu vurğulamaq istəyirəm. Yazır ki, ana dili var və əlavə dil var. Tərcümə təbii ki, bu iki dilin arasında gedir. Və burada norma belə olmalıdır ki, tərcümə elədiyin dil ana dili – əsas dildir. İkinci dil öz dilin köməkçi dili olmalıdır. Amma bizdə tərcümədə bunun yeri qarışıq düşüb. Bizdə əsas dil kimi götürürük öz dilimizi. Yəni öz dilimizdə necə səslənir bu tərcümə. Və heç bir tərcüməçinin, demək olar ki, Azərbaycanda elədiyi tərcümədə orijinalla yoxlanılma deyilən bir şey yoxdur. Bu yaxınlarda mən Türkiyədə TEDA-da oldum. Can yayımları var. Onlarda ayrıca dillər üzrə ekspert fəaliyyət göstərir. O ancaq oturub cümləbəcümlə yoxlayır ki, nə isə düşməsin.
Seyfəddin Hüseynli: – Şura, komissiya kimi də.
Fərid Hüseyn: – Bizdə məsələn, Mahir Qarayev demişdi ki, “Qoca və dəniz”dən yerlər düşüb. Baxdım ki, doğrudan antalogiyada o əsərin bəzi yerləri düşüb.
İlqar Əlfi: – Düşüb deyəndə, çıxarıblar də.
Fərid Hüseyn: – Dünya ədəbiyyatının çoxcildliyi çıxıb Azərbaycanda. Mən onun demək olar ki, axır 3-4-ündən başqa hamısını oxumuşam. Və bu tərcümələrin, istisnaları çıxmaq şərtilə, çoxu topa təsiri bağışlayır. Məsələn, oxuyan kimi bilirsən ki, 15-i bir adamın yazısıdır, 20-si bir adamın yazısıdır. Tərcüməçilərdə üslub duyumu yoxdur. Konkret oxuyursan tərcüməçiləri, görürsən ki, tərcüməçilərin əksəriyyətində bu var. Müxtəlif müəllifləri eyni cür tərcümə edirlər. Bədii dil ilə bağlı normalar bizdə eyni dərəcədə kalkalaşıb ki, bu sözü bu cür işlədə bilməzsən bu səhvdir. Dilin imkanlarına elə bil ki, qadağa qoyulub. Görürsünüz, müxtəlif tərcümələrlə bağlı yazılara baxın. APİ-də də bir neçə kitab buraxıblar. Mən onlara baxdım. Biz yalnız tərcüməni Azərbaycan dili səviyyəsində qiymətləndiririk. Bu Azərbaycan dilində necə səslənir. Görmüsünüzmü ki, hansısa yazıda orijinal variantda olmasına baxıla? Məsələn, mən bir şey deyim ki, İlqar müəllim eləyib, hesab edirəm ki, yaxşı da eləyib, Saramaqonu baxmayaraq ki, bəyənmir. Türkiyə ilə bağlı deyim. Orada “Qırmızı kedi” nəşriyyatı var. Saramaqonun bütün setini eləyib. Oradan mən oxuyanda Azərbaycanca “İsanın “İncil”ində vur-tut olsun 50 snoska. Amma türkcədə 250-300 snoska var. Necə ola bilər ki, Azərbaycan tərcüməçisi 50 snoska ilə izah edir onu, türk tərcüməçisi isə 250? Deməli, bizim mətnlər nə redaktor tərəfindən, nə də tərcüməçinin özü tərəfindən şərh edilmir. Adlar tərcümə olunur, adların heç bir izahatı verilmir. Burada bir bəlli məqam da var, mən istəyirəm onu deyim. Tərcümənin yaradıcı sahə olması dönə-dönə vurğulanır. Amma burada bir məsələ var və o kitabdan mən sizə deyirəm. Yaradıcı sahə ifadəsi əslində burada çox da yerinə oturan və əl-qola imkan verən məsələ deyil. Nə mənada? Ona görə ki, birinci orijinal tekst var və deyək ki, Bethovenin əsərini bir dirijor idarə eləyirsə, orada da o təbii ki, çalışır ki, kimisə təkrarlamasın. Və yaxud da Qoqolu 200 dəfə səhnəyə qoyan rejissor çalışır ki, hər dəfə öz üslubunu qoysun. Amma tərcüməçiyə bu imkan verilmir. qoymalısan.
İradə Musayeva: – Azərbaycan tərcüməçisinin bir böyük problemi də var. Tutaq ki, bir milyondan yuxarı lüğət fondu olan ingilis dilini 80 000-lik sözün içinə gətirmək istəyir. Bizim 80 000 sözümüz var. İndi akademiya qərar qəbul edib ki, gəlin bunu 100 000-ə çatdıraq, lüğət fondumuzu. O da şəkilçilərin, dialekt sözlərin köməyilə. Tutaq ki, 500 000-lik rus dili lüğəti, bir milyondan yuxarı ingilis dili lüğəti.
İlqar Əlfi: – İki milyon ərəb dili lüğəti fondu .
İradə Musayeva: – İki milyon? O qədər böyük bir dil materialını kiçik lüğət imkanları ilə uzlaşdırmaq da çətindir. Üç litrlik suyu bir stəkana yerləşdirmək absurdluğu var burada. Həm də istəyirik ki, xoşumuza gəlsin.
Fərid Hüseyn: – Dillərin imkanları təbii ki, bir-birinə bab ola bilməz. Çünki dil təfəkkür hadisəsidir. Məsələn, Dədə Qorqudu ərəb dili təfəkkürünə çevirmək mümkün deyil. Deyək ki, “Min bir gecə”ni də tam olaraq bizim təfəkkürə çevirmək mümkün deyil. Ona görə ki, biri kök dildir – ərəb dili, ona görə də onun məntiqindən doğur. Görürsünüz, əhvalatlar bir-birinin içindən çıxır. Bizim dil də iltisaqi dildir. Dədə Qorqudda əsas hissə var, sonrakı hissələr ona birləşir. Boy da o məntiqlə çıxır. Əsas iki hadisə var: İç oğuz, Dış oğuz məsələsi var. Yerdə qalan hissələr ona birləşir. Bu təfəkkürdən yaranmış dil hadisəsidir. Bunu bir-birinə çevirmək olmaz. Edqar Allan Podan məşhur bir şeri var: “Quzğun”. Onunla bağlı özünün şerinə kommentariyası var. Orada o bütün sözlərin mənasını göstərir. Elə bil ki, öz şerinin lüğətini hazırlayıb. Çünki o göstərir ki, məsələn, mən “əsla” sözünü siz duyduğunuz anlamda işlətməmişəm. Və onun tərcüməsi yalnız o halda mümkündür. Bu da təbii ki, dünyada mümkün deyil ki, bütün yazıçılar otura, özünün izahlı lüğətini hazırlaya. Və yaxud Orxan Pamukun əsərində elə söz var ki, əsər boyu romanın içərisində gəzinir o söz. Amma bizim dildə belə bir şey var ki, xoşagəlməz haldır ki, bir cümlədə, bir abzasda bir söz bir neçə dəfə təkrarlansın. Bax o sözü qəsdən çox işlədə-işlədə axırıncı məntiqlə gətirib bağlayır. Amma sən onu o şəkildə versən, Azərbaycan oxucusu, Azərbaycan redaktoru, bir sözlə, hamı ağız əyəcək.
Kamran Nəzirli: – Fərid bəzi məsələlərə toxundu, mən də müdaxilə eləmək istəyirəm. Həm klassik Amerika ədəbiyyatında, həm ingilis klassikasında, ümumiyyətlə, klassik yazıçılarda belə bir üslub vardı. Onlar öz əsərlərinə çoxlu futnotlar (izahatlar) verirdilər. Bu izahatlardan qaçmaq ya qorxmaq da lazım deyil. Misal üçün Melvilin “Mobi Dik” əsərini mən tərcümə eləmişəm Azərbaycan dilinə. Dünyanın 10 ən ağır və çətin əsərlərindən biridir. Bu əsərdə 200-dən çox futnot-izahat var, özü də yazıçının öz izahatları. Və məncə, bunları da tərcümə edib vermək lazımdı.
İlqar Əlfi: – Amma Melvil indi yazsa, oraya üç dənə də snoska qoymazdı. Çünki oxuyan olmazdı snoskaları.
Kamran Nəzirli: – Bunlar həm də informasiyadır, oxuyan oxuyacaq.
Rüstəm Kamal: – Tərcümədə sitilizasiyadan da qaçmaq olmur. “İqor polku haqqında dastan”ı kimi verilib. “Slova o polku İqroveye”. Halbuki, “slovo” sözünün rus dilində 18 mənası var. Təkcə bu sözün. Amma bizdə “dastan” kimi veriblər. Mətn təxminən 500 misradan ibarətdir, adını dastan qoymusunuz, bu hara, o biri mənalar hara. “Polk” sözünün də bir neçə mənası var, biri də “poaxod”dur – yürüş. Onlarda “yürüş”dür, bizdə “polk” kimi işlədiblər. O əsərin az qala 70 faizi xristian kilsə-ilahiyyat mətnlərindən allüziyalar, gizli sitatlar, (axı Orta əsrlər rus mətnləri belədir. ) məsələn, “qara buludlar”, – “İncil”dən gələn metaforadır.
Kamran Nəzirli: – Düzdür, məsələn, bizim ekvivalent kimi qəbul elədiyimiz sözlər müxtəlif xalqların leksikonunda müxtəlif təsəvvür, müxtəlif assosiasiyalar yaradır. Tutaq ki, hər bir dildə “ev”, yaşayış məskəni mənasını verən söz var, amma onun xarici görkəmi, daxili quruluşu barədə təsəvvürlər müxtəlifdir: istər ingilisin, istərsə də uzaq Afrika cəngəlliklərində yaşayan tayfaların təsəvvüründə “ev” anlayışı müxtəlif assosiasiyalar doğurur.
Rüstəm Kamal: – Elə tərcümə var ki, orda poeziya var, müəllifin özü yoxdur, eləsi də var ki, müəllif var, poeziya, şeriyyət yoxdur. Qalırsan belə. Dünya ədəbiyyatından tərcümələr çox olmalıdır və onun tənqidi də olmalıdır. Dili, üslubu və başqa problemləri ilə bağlı. Milli tərcümə nəzəriyyəsi yaranmalıdır. Düzdür, yaxşı tərcüməçilər var. Amma onların özlərinin tərcümə ilə bağlı nəzəri qeydləri yoxdur. “Tərcüməçinin dəftəri”, “Tərcüməçinin qeydləri”, varmı bizim tərcüməçilərdə?
Vilayət Hacıyev: – Düzdür, məsələn, mənim yoxdur.
İlqar Əlfi: – Heç, təəssüf ki, məndə də yoxdur.
Rüstəm Kamal: – Kamran müəllim bilər, o vaxtlar, sovet dövründə rus dilində kitablar çıxardı: “Tetrad perevodçika”. Orda nəzəriyyəçilərin, alimlərin dəyərli fikirləri olurdu. Onlar öz laboratoriyasından çıxış edərək, bəzi mətləbləri aydınlaşdırırdılar. Bizdə də Tərcümə mərkəzi ildə bir dəfə belə “Dəftərlər” buraxa bilər. Orda İradə xanımın da, Elnarə xanımın da, Vilayət müəllimin də tərcümə ilə bağlı yazıları, esseləri, tərcüməçi etüdləri çap oluna bilər. Bu qeydlərin tərcüməçilərə köməyi ola bilər. Məktəb nə cür yarana bilər? Praktika ilə nəzəriyyə birləşəndə.
Kamran Nəzirli: – Elmi-tədqiqat işi yazan var tərcüməçiliklə bağlı?
Elnarə Akimova: – M.Rəfilinin, B.Nəbiyevin, K.Talıbzadənin, N.Babayevin, F.Qasımzadənin, A.Hacıyevin və b. əsərlərində tərcümə bu və ya digər yöndə işıqlandırılıb.
Rüstəm Kamal: – Bir məsələyə də toxunmaq istəyirəm. Eşitdiyimə görə Türkiyədə, məsələn, tərcümə ilə məşğul olan tələbələrin də kitablarını çap edirlər. Bizdə bir var, özəl nəşriyyatlar, cüzi qonorarla tərcüməçini işlədir, bir də var, dövlətin nəzarəti, qayğısı və dəstəyi. Bu zaman – dövlət təşkilatında mənə elə gəlir ki, aidiyyəti adamlar cəmlənməli və araşdırmalıdır ki, bu dəqiqə bu millətə son onildə hansı mətnlər daha çox gərəklidir. Elə mətnlər var ki, gecikmişik, zamanı keçib, daha onları tərcümə eləməməliyik. Geniş oxucu kütləsi qoy nəyi oxuyur-oxusun. Onsuz da keçidlərdə, çoxlu türk müəlliflərinin kitablarını bəh-bəhlə alıb oxuyurlar. Beşinci dərəcəli türk yazıçısının kitabını oxuyurlar.
Elnarə Akimova: – Bəzən də hansısa yazıçının üçüncü sort araşdırmaçısının əsərini tərcümə edib dövriyyəyə ötürürlər. Nəyə yarayır bu tərcümələr? Əvəzində dünya səviyyəsində tanınan elm adamları var, məsələn, Duqin, Sidorov, Qraçeva, Devid Ayk və b. bizim çağdaş oxucuya adı bəlli deyil.
İradə Musayeva: – Düz deyir Elnarə xanım, bizdə elmi əsərlərin tərcümə prosesi demək olar ki, yoxdu.
Rüstəm Kamal: – Əcnəbi kitablara bir axın var. Mənim tələbə qızım da o kitabları alıb oxuyur. Yaxşı tərcümələrin reklamı olmalıdır. Yaxşı işlərə qiymət də verilməlidir, yaxşı mətnlərin təbliğatı olmalıdır. Bayaq İradə xanım Remarkın tərcüməsindən danışdı, Vilayət müəllimin gözəl tərcüməsindən. Mən də oxumuşam Remarkı. “Mənim dostum Remark” adlı bir yazı yazırdım.
İradə Musayeva: – Siz də yazmısınız Remarkdan?
Rüstəm Kamal: – Bəli. Tələbə vaxtı Remarkı çox sevirdim, onun əsərlərində o qədər içki adları sadalanır ki. Üzr istəyirəm, bir dostumu heyrətləndirmək üçün o içkilərdən birini almaq istədim. Remarkın kitabındakı bütün içki adlarının siyahısını tutmuşdum. Sovet dövründə gəzdim bütün maqazinləri, soruşdum, tapmadım. Sonra o əhvalat haqqında yazı yazmaq istəyəndə Remarkı bir də oxudum. Doğrudan da gözəl tərcümədir, Vilayət müəllimin tərcüməsi.
Kamran Nəzirli: – Məncə, xalq içində geniş yayılmış sözlərin də, coğrafi mühitə, mədəniyyətə, maddi məişətə, yaxud millətə, ölkəyə aid əşya, anlayış və hadisələrin adlarını da tərcümə, yaxud transliterasiya edərkən yerli və tarixi koloriti nəzərə almaq lazımdır, çünki belə leksik vahidlərin başqa dillərdə qarşılığı yoxdur. Bu tip sözlərə dilçilikdə realilər, yaxud da ekzotik sözlər deyilir, onların milli mənsubiyyəti olur. “Xan”, “bəy”, “kələm dolması”, “lülə kabab”, “kəndxuda”, “şəkərbura”, “xurd-xəşil” və s. yüzlərlə söz və ifadə vardır ki, bunların tərcüməsi, yaxud transliterasiyası zamanı çox vaxt çətinliklər yaranır. Tərcüməçi hər iki dildə müvafiq qaydalara riayət etməklə yanaşı, çətin anlaşılan sözlərin, coğrafi adların, ayama və ləqəblərin, ekzotik sözlərin də tərcümə və transliterasiyasında izahlar verməli, yaxud da köməkçi materiallardan istifadə etməlidir.
Elnarə Akimova: -Bəli, çox olur ki, tərcüməçi məhz həmin xalqın hansısa adəti, ya yalnız onlara məxsus olan frazeoloji birləşməsi, qanadlı ifadələri ilə bağlı bilgisizliyindən səhvlərə yol verir.
Vilayət Hacıyev: – Fərid müəllim tərcümənin bir qlobal probleminə toxundu. Əslində söhbət bu ətrafda olmalıydı. Yəni tərcümə əslində, ana dili üçün olmalıdır məsələsi. Hər hansı bir əsəri məhz, Azərbaycan oxucusu üçün tərcümə edirik. Məsələn, vaxtilə bu üsuldan istifadə edirdilər: Tutaq ki, Kafkanı bir zalda 20 adama oxuyurdular. Sonra onun tərcüməsini o zalda oxuyurdular və ondan alınan təsiri, effekti testlər vasitəsilə müəyyənləşdirib tərcüməyə qiymət verirdilər.
Ümumiyyətlə, əsas ana dil götürülməlidir. Ana dilində necə səsləndirmək məsələsi əsasdır. Artıq bir neçə müəllifin eyni cür səslənməsi isə başqa problemdir. Amma bilməliyik ki, məsələn, Hesse, Kafka Remark deyil. Mən istəsəm də, Remarkın lirik-psixoloji anlarını Hesseyə yeridə bilmərəm. Kafkanın bədii ifadə vasitələrindən “kasıb” olan nəsrini obrazlı deyim tərzi ilə ifadə etmək mümkünsüzdür.
Rüstəm Kamal: – Bütün dünyada belədir. Hətta Rusiya kimi oturuşmuş, təmərküzləşmiş, tərcümə mədəniyyəti olan ölkədə də bəzən elə mətnləri tərcümə edirlər ki, adam təəccüb edir.
Elnarə Akimova: – “Patriarxın payızı”nı mən də 2-3 il əvvəl olar aldım, oxuya bilməyib, yarımçıq qoydum. Sonra rus dilində oxumağa çalışdım, gördüm bu dildəki tərcümə də uğursuzdu.
Seyfəddin Hüseynli: – Hələ “İnostrannıy”a elə mətnlər yol tapır ki. Bu vicdan məsələsidir. Ümumi prosesdə qarşısıalınmaz problemdir.
Rüstəm Kamal: – Özlərinə hörmət qoymurlar.
İradə Musayeva: – Seyfəddin müəllim, bayaq mən dedim ki, ən yaxşı tərcümədə belə nöqsanlar olur və biz o nöqsanları deməkdən, yazmaqdan çəkinməməliyik. Vilayət müəllimin tərcüməsi ilə bağlı. Bu, əslində işin xeyrinədir. Amma bəzi adamlar düşünür ki, məsələn, filankəs yaxşı tərcüməçidirsə, o qüsurlara “xırda” deyib üstündən keçmək olar. Mən isə belə düşünmürəm. Biz çox vaxt ideallaşdırdığımız, əfsanələşdirdiyimiz tərcüməçilərin əslində ədəbiyyata ziyanını unuduruq. Mən indi sizə eksperiment üçün bir balaça tərcümə nümunəsi oxuyacam. Tərcümənin müəllifini elan etmədən. Fikrinizi bildirərsiniz.
“. orada yuxarıda atası çönəndə, ulduzların işığında onun çöhrəsiz, cisimsiz, ətsiz-qansız, sanki tənəkdən kəsilmiş yastı qaraltısını, əynindən tökülən uzun ətəkli pencəyini, dəmir bükülülərini gördü. Səsi təbəqə kimi bərk və yastıydı” (U. Folkner. “Yanğın” s. 16). “Çöhrəsiz, cisimsiz, ətsiz-qansız qaraltı”, “tənəkdən kəsilmiş qaraltı”, “pəncə kimi irəli uzanmış əl”, “quduz gərginlik”, “təbəqə kimi bərk və yastı səs” – bu ifadələri anlamaq üçün təxəyyülə nə qədər güc versək də, baş ağrısından başqa bir nəticə hasil olmur. “. indi isə zərbənin özü də, zərbənin ardınca atasının təhqiredici dərəcədə rəvan, sakit səsi ilə uşağın qulaqlarında cingildəyir, lakin ona heç nə izah eləmirdi; bu zərbə və atasının səsi olsa-olsa, bir şeyi – uşağın köməksizliyini, yaşadığı illərin çəkisinin cüziliyini izah edə bilərdi, bu çəki kifayətdir ki, qoynunda çapaladığı dünyadan qopub ayrılmağa qoymasın onu, ancaq kifayət deyildi ki, ona öz ayaqları üstündə möhkəm dayanmaq, bu dünyaya müqavimət göstərərək, onun axırında nəyisə dəyişmək imkanı versin” (s. 19), ” – bax, belə evdə yaşayasan! – və bunu qibtəsiz-filansız, özünə dərd eləmədən, əlbəttə ki, uzun ətəkli qara pencəyin dəmir bükülülərin addımlayan o kor hikkədən, paxıllıqdan doğan qəzəbdən xali düşündü” (s.20 -21) – Bəmbəyaz! Gözəl! – dedi). – Nolsun. Bu ki, tərdi. Zənci təri idi. Yəqin bu ev üçün zənci təri kifayət qədər ağ deyil. Onlara həm də bizim tərimiz gərəkdi. ” (s 23); “Onların qalın və sönük səslərində ümidsiz tənbəllik duyulurdu”(s 23).
Kamran Nəzirli: – Mən şəxsən heç nə başa düşmədim.
İlqar Əlfi: – Yox, mən başa düşdüm, başa düşdüm ki, tərcüməçi heç nə başa düşməyib.
Seyfəddin Hüseynli: – Nadir Əbdürrəhmanlının tərcüməsidir?
İradə Musayeva: – Deməli, bu əlimdəki qovluqda 6-7 tərcüməçinin ayrı-ayrı kitablarından konkret səhifələrinə qədər göstərilən misallar var.
Rüstəm Kamal: – İradə xanım, o qeydlərinizi, misallarınızı versəydiniz mən bununla bağlı məqalə yazardım.
İradə Musayeva: – Bu oxuduğum parça bizim əfsanələşdirdiyimiz, mifləşdirdiyimiz Natiq Səfərovun tərcüməsindən idi. U.Folknerin hekayələrinin tərcüməsindən. Bu faktlar tərcüməçinin Azərbaycan dilini bilməsinə şübhə oyadır bizdə. Görürsünüz, burda konkret fakt var. Mənim topladığım qeydlər bir tərcüməçiyə aid deyil, yalnız. Burda Tehran Vəliyevin tərcüməsindən, məsələn, Folknerin “Avqust işığı” romanının tərcüməsindən, Zahid Sarıtorpağın “Uliss”i tərcüməsindən, Əlisa Nicatın və başqalarının.
İlqar Əlfi: – Məndən də var, İradə xanım?
İradə Musayeva: – Var, əlbəttə imkan olsa oxuyacam. Çak Palanikin Amerika həyatından bəhs edən “Döyüşçü klubu” əsərini rus dilindən Firzə Heydərli tərcümə edib. 256 səhifəlik kitabdır. Kitabı oxumaq “əsrdən uzun gün” müsibətinə çevrilib. Mən bu barədə məqalə də yazmışam. Ümumiyyətlə, tərcümə problemləri ilə bağlı konkret faktların təhlilinə əsaslanan 5-6 məqalə yazmışam və çap olunub. Diqqət edək: ” Böyük yaş sifət mənim təpəmə sıxılır, məhz bu vaxt, adətən, mən ağlamağa başlayıram. Mən təkəm və ətrafda qaranlıqdır. Özgə hərarətlə əhatələnib, heç nə görməyəndə ağlamaq asandır, onda başa düşürsən: bu həyatda nəyə nail olursan ol, hər şey gec, ya tez heç olacaq.” (s 13) “Təpəyə sıxılan böyük yaş sifət” hansı obrazlılıq, məcazlılıq prinsiplərinə uyğundur? “Onun arxasında şalvar qəmli torba kimi sallanıb” (s 16) “Kloi mənim boynuma nəfəs alırdı. İstənilən kişi ilə. Maraqlıdır, onların yanına kimləri buraxırdılar? ” (s.17). “Ancaq yenə də o haqlıdır – birinci mən simulyantlıq etməyə başladım. Əlbəttə ki, əgər bütün bu adamlar öz şişlərini, əzablarını simulyasiya etmirsə. Hətta Böyük Bob, bu nəhəng sığır, bu piy parçası – simulyantlıq edir.” (s. 22) “Kinomexaniklər, ümumiyyətlə, özlərinə çox şeyi imkan verə bilər. Bəzən göstərən bobinda siqnal olmur. ” (s. 28) və s. Nöqsanları qabardanda adamlar inciyir, axı özünüz də görürsünüz ki, bu tərcümələr ədəbiyyat adına yazıla bilməz.
Vilayət Hacıyev: – Qətiyyən, İradə xanım! İnciməməliyik. Bu işin xeyrinədir.
İradə Musayeva: – Biz üstünü vurmadıqca, ört-basdır etdikcə, hələ oxucu zövqünə vurulan zərbəni qoyuram bir kənara, həmin kitablar təkrar-təkrar çap olunur həmin bərbad vəziyyətdə. Oturuşmuş, təsqiqlənmiş tərcümələr kimi. Baxın, burda hamınız, professional tərcüməçilərsiniz. Yəni, həqiqətən, inandığımız. Bu misallara reaksiyanız da göstərdi ki, fakt ən yaxşı, ən düz meyardır. Tehran Vəliyev, Allah rəhmət eləsin, Folknerin ən yaxşı tərcüməçisi kimi tanıdılır.
İlqar Əlfi: – Selencerin.
İradə Musayeva: – Yox. Folknerin “Avqust işığı” romanının tərcüməsindən gedir söhbət. İstəyirsiz, misallar göstərim.
Seyfəddin Hüseynli: – İradə xanım, vallah bu ümumi mexanizmin düz qurulmamağındandır.
İradə Musayeva: – Biz hər şeyə “ümumi mexanizm” prizmasından baxmamalıyıq. Söhbət ədəbiyyat və onun problemli sahəsi olan tərcümədən gedir, zərgər dəqiqliyi tələb edən bir yaradıçılıq sahəsindən. Mən deyirəm ki, əksinə, biz bu tərcümələri söz-söz, cümlə-cümlə, səhifə-səhifə aydınlaşdırmalı, qiymətləndirməliyik. Tərcümə tənqidi yoxdur, qoy ədəbiyyatşünaslar, yazıçılar etsin bu işi. Tənqidçilər etsin və onlara maneçilik olmasın heç olmasa. Mən, məsələn, lap bir oxucu kimi niyə bu kitabları, bu tərcümələri qəbul etməliyəm? Niyə mənim ədəbi-estetik zövqümü, dünya ədəbiyyatına olan marağımı korlayırlar?
Kamran Nəzirli: – İradə xanımın misallarında çox ciddi əsaslar var.
Seyfəddin Hüseynli: – Folkner elə öz dilində də çətindir.
İradə Musayeva: – Diqqət etdinizsə, mənim misallarımda problem yüksək meyarlar deyildi, yəni, əsərin üslubunu, ruhunu, estetikasını tərcümə etmək və s. Sadəcə adi cümlə qurmaq, fikri ibtidai formada da olsa çatdırmaq qabiliyyətindən gedir söhbət.
Seyfəddin Hüseynli: – İradə xanım, sizin, mənim o tərcümələrlə bağlı “Oxu zalı”nda çıxan yazılarımızdan sonra “Qanun” nəşriyyatının direktoru Şahbaz bəy həmin 6 kitabı qaytardı geri, tərcümə müəlliflərinə, yenidən tərcüməyə. Mənə də dedi.
İradə Musayeva: – Siz bu tənqidləri dəstəkləməlisiniz, etiraz etməməlisiniz.
Seyfəddin Hüseynli: – İradə xanım, mən tənqidləri təqdir edirəm, çünki tərcümə də tənqidin bir sahəsidir. Amma ümumi çıxış yolu deyil.
İradə Musayeva: – Yeganə çıxış yolu deyil. Amma yollardan biri də budur.
Elnarə Akimova: – Biz bu gün məsələyə daha çox birtərəfli yanaşdıq. Yəni, başqa dildən bizim dilə tərcümə məsələsindən danışdıq, daha çox. Bəs bizim öz əsərlərimiz necə? Məsələn, hamımızın yolu düşür başqa ölkələrə. Elə bir toplularımuz varmı ki, biz onu ürəklə aparaq, ədəbiyyatımızı təbliğ edək? Yəni, öz məhsulumuzun dünya bazarına çıxışı hansı şəkildə reallaşmalıdır. Bəzi imkanlı yazarlar öz qayğılarına qalırlar, yaxşı-pis tərcümə etdirirlər öz əsərlərini. Bəs, o zaman Mikayıl Müşfiqi, Əhməd Cavadı, Üzeyir Hacıbəylini, C.Məmmədquluzadəni, Molla Pənah Vaqifi və digər milli ruhda yazan klassiklərimizin əsərlərini kim tərcümə edib dünyada tanıdacaq?! Məhz, bu sahəyə dövlət tərəfindən ciddi diqqət və dəstək göstərilməlidir.
İlqar Əlfi: – Maqsud İbrahimbəyovun oğlu Murad rejissordur. O gün gəlib, bir povestin tərcümə eləmişəm onun. “Azərbaycan” jurnalında çıxacaq. Bu adam azərbaycanca bilmir, amma görürəm ki, ürəyi yanır, istəyir ki, rusca oxusun. Deyir, İlqar müəllim, kimləri oxuya bilərəm? Dedim, Nəriman Nərimanovu oxuyun, Çəmənzəminlini, Haqverdiyevi oxuyun. Deyir “onlar rusca var?” Deyirəm, vallah, bilmirəm, sovet dövründə yəqin olub. Deyir bəs indi niyə yoxdu? Hüseyn Cavid niyə yoxdu? Deyirəm, Hüseyn Cavid tərcüməyə gəlmir. Onu qoyaq bir qırağa.
Azər Turan: – Qırağa niyə qoyaq ki. Cavidin “İblis”inin ruscaya tərcüməsi vardı. Özü də kim tərcümə etməyə başlamışdı? Lev Nikolayeviç Qumilyov.
Elnarə Akimova: – Bəs Müşfiq, Vaqif.
İlqar Əlfi: – Yox e, şairləri də qoyaq bir qırağa. Biz hətta Çəmənzəminlinin yaradıçılığını başqa dildə qoya bilməmişik ortaya. Tərcümə çox çətin şeydir. Respublikanın yarısı rusca bilir, biz bu gün 10 nəfər fərli-başlı tərcüməçi tapa bilmirik ruscadan. Mən əlimi qoyum ürəyimin üstünə deyim ki, tapacam, mümkün deyil. Siz indi bizim ədəbiyyatın xarici dilə tərcüməsindən danışırsınız. 200 il var ona.
Rüstəm Kamal: – Etimad tərcümə edib Jirmunskinin “Tyurkskiy qeroyoskiy epos” kitabını. Yaxşı tərcümə eləyib. Ancaq orada o qədər terminlər, yer adları var ki, dəqiqləşməliydi.
Azər Turan: – Biz Türk ədəbiyyatından məsələn Nəcib Fazil Qısakürəyi tamam təhrif edib veririk Azərbaycan oxucusuna. Bu məsələ barədə ayrıca məqalə yazmışam. Təkrar o məsələyə qayıtmaq istəmirəm. Yaxud Azərbaycanın görkəmli bir şairinin şerini Türkiyə türkcəsinə çevirib gəlib burda onu bəh-bəhlə bizə sırıyanlar da bizim şairimizin Türkiyə oxucusu üçün bəsitdən bəsit hala saldıqlarının fərqində olmur. Bu elə ciddi məsələdir ki, bir az da maddi yönlərini kənara qoymaq gərəkdir bu işlərin. Maddi qazanc önəmli olmamalıdır.
Elnarə Akimova: – Bəs klassik ədəbiyyatın tərcümə problemlərini necə reallaşdırmaq olar?.
Seyfəddin Hüseynli: – Tərcümə ilə bağlı qrant müsabiqələri təşkil etmək lazımdır. Biz təzə bir qitə kəşf eləmirik. Ruslar, türklər, iranlılar, bizə yaxın olanları deyirəm, hər yerdə bunu eləyirlər. Müsabiqə elan olunur, dünya səviyyəsində heç olmasa ən prestijli tərcüməçilər, əlbəttə, daha çox pul istəyirlər. Amma orta səviyyədə, ən azı bizi qane edəcək səviyyədə müsabiqələrdə iştirak edə bilərik.
İradə Musayeva: – Seyfəddin müəllim, bayaq da ianədən dediniz. Bu elə işdir ki, buna dövlətin köməyi, diqqəti, marağı lazımdır. Niyə xırda köməklərə bel bağlayaq? Qoy dövlət dəstəyini biz arzu edək. Düzdür, deyə bilərlər ki, dövlət Tərcümə Mərkəzini yaratdı. Amma görürük ki, bu prosesin ağırlığı və idarəolunmazlığı bu Mərkəzin sədlərini dağıdır. Mərkəz nə qədər yaxşı işləsə də, bu böyük prosesi nəzarətdə saxlaya biməz.
Seyfəddin Hüseynli: – Dövlət xətti ilə olur də. Dövlət xətti ilə müsabiqələr təşkil edilir. Qrant müsabiqələrini təkcə QHT-lər deyil, həm də dövlət səviyyəsində təşkil edilir.
İlqar Əlfi: – Ümumiyyətlə, tərcümə əslində, ikinci dil deməkdir. Bax, Azərbaycan ədəbiyyatının Rusiyaya çıxması həmişə necə olub. Həmişə “padstroçnıy perevod” olub, rus dilini gözəl bilən adam sətri tərcümə edib, rus yazıçısı onun üzərində işləyib. Elə olmalıdır. İdeal tərcümə yoxdur.
Rüstəm Kamal: – Bəzən tərcümə orijinaldan gözəl olub. Məsələn, Yuri Kazakov Nurpeisovun məşhur “Tər və qan” romanını möhtəşəm tərcümə edib. Bunu kazaxlar da deyir, ruslar da deyir, Kazakov da deyib ömrümün neçə ilini ona verdim.
İradə Musayeva: – İlqar müəllim, çox təəssüf ki, klassik ədəbiyyatla bağlı mütəxəssis gəlməyib. Siz fars dilini bilirsiniz də. Əslində biz istəyərdik ki, klassik ədəbiyyat tərcüməçilərindən kimsə olsun. Məsələn, Nizami ilə bağlı poetik tərcümə olsun, filoloji tərcümə olsun və s. Hətta Xəlil Yusifov Nizami Gəncəvini əruzla tərcümə edib. Və izahlar da verib. Mən demirəm ki, o yaxşı, ya pis eləyib. Mən variantları deyirəm.
İlqar Əlfi: – Nizami Gəncəvini Ərdəbil universitetində bir professor var, bəlkə də indi rəhmətə gedib. Burada Nizami ilə bağlı Mövlananın tədbiri keçiriləndə o da gəlmişdi. Klassik alimlərdəndir. Bu insan 40 ildir Nizaminin təfsirini yazır. Hələ təfsirini yazır haa! 35 cild yazıb qurtarıb, deyir Allah ömür versə, 5 cild də yazacam. Deyir İlqar ağa, sizdə bu qədər professor var, Nizamidən bunlar necə alimdirlər, fars dilini bilmirlər axı. Bunu başa düşmürlər.
Fərid Hüseyn: – Burada iki adam eyni məqama toxundu, ona görə bunu deyirəm. Mənə sovet dövründən bəri absurd gəlib, sonra da müasirlərimizdə də bəzən görmüşük. Bu sətri tərcümə, Rüstəm müəllim bayaq dedi, bizdə Azərbaycanda bu necə olur. Konkretləşdirək. Deməli, sətri tərcüməni dili bilənə ona görə verirlər ki, o poeziyanı bilmir, amma dili bilir. Mənanı başa düşür və verir. Təzədən onu şair çevirir şerə. Yəni dili bilməyəndə şerə çevrilir. İndi poeziyanı bilməyənlə dili bilməyənin müttəfiqliyindən hansı uğurlu iş yarana bilər?
İlqar Əlfi: – Ona görə də müzakirənin əvvəlindən dedik ki, poetik tərcümə, şeir tərcüməsi məsələsi absurd bir şeydir.
Azər Turan: – Mən dəqiq bilmirəm, “İrşad” qəzetində 1905-cı ildə Azədbaycanda Hafizi kim tərcümə edib. Amma kimdirsə, tərcüməçinin imzası M.Ə.R. kimi təqdim olunub. Bu tərcümə qəzetin felyeton qismində “Hafizdən tərcümə” adı ilə təqdim edilmişdi. M.Ə.R. Hafizin gözəl və mənalı şerini hərc-mərc etmişdi. Azərbaycanda buna böyük təpkilər oldu. “Dövre qəmər”lə”dövri-qəmər” sözləri qarışıq salınaraq qəzəl, qəzəldəki fikir viran qoyulmuşdu. Dövrlə, zamanla dairə qarışıq salınmışdı. O dövrdə mətbuatda Əbülhafiz imzası ilə tənqidçilik edən müəllifin kimliyini ədəbiyyatşünaslar bilir. Mən indi bunu təkrarlamaq istəmirəm. Əbülhafiz deyirdi ki, Hafiz divanını tərcümə edənin ən azı ya Seyid Əzim Şirvani, ya da Molla Pənah Vaqif qədər bir şairlik istedadı olmalıdır. İngiliscədən Şekspiri almancaya Şiller tərcümə edirdi. Farscadan Hafizi alman dilinə Höte tərcümə edirdi. Əbülhafiz xatırladırdı ki, Höte alman dilində yazmış olduğu “Hafiznamə”sinin başında öz kəlamından olan bir rubailə deyir ki: “Kəlamı bəy və mənanı gəlin fərz etsək, bunların toyunu, izdivacını ancaq o adam dərk edə bilər ki, Hafizi-Şirazinin qədr-qiymətini bilmiş ola. ” M.Ə.R. toyu matəmə çevirmişdi. Dərk etdiyi bu qədər olmuşdu yəni.
Elnarə Akimova: – Çox sağ olun. Bu gün çox böyük bir ədəbiyyat məsələsinin, probleminin çözülməsi üçün zəhmət çəkib gəldiniz. Bütün dəyərli fikirlərinizə və təkliflərinizə görə təşəkkür edirik. Şekspirin alman dilinə məşhur tərcüməçisi Avqust Şleqelin tərcüməylə bağlı belə bir fikri var ki, “tərcümə – ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən, ya da tərcümə olunan uduzur”. Arzu edək ki, heç kim uduzmasın. Nə yazar, nə də onu tərcümə edən. Çünki keyfiyyət məhz, bu halda baş tutur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.