Abbaslı m yüksək bəşəri düşüncəlrin görkəmli tərənnümçüləri
Hənuz dəxi qızıl gül qönçəsindən
Abbaslı m yüksək bəşəri düşüncəlrin görkəmli tərənnümçüləri
Orta dövr Azərbaycan ədəbiyyat
(XIII əsrdən XVI əsrə qədər)
XIII-XVI əsrlərdə baş verən tarixi –siyasi hadisələrin axarı anadilli ədəbiyyatımızın inkişafına, doğma dilimizdə kamil sənət əsərlərinin meydana gəlməsi üçün münbit zəmin yaratdı. Doğma dilimizin rəvac tapdığı bu dövrdə yazıb–yaratmış Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, kimi görkəmli şairlərin əsərlərində cəmiyətdə baş verən hadisələrə münasibət, fəal həyat mövqeyi, mənəvi-əxlaqi dəyərlərlə bağlı düşüncələr öz əksini tapmışdır. Tənqidi ruhu ilə seçilən, cəmiyyətdəki haqsızlıqlara, insan hüquqlarının tapdalamasına etirazı ifadə edən əsərlər dərin humanist mahiyyətə malikdir.
Orta əsrlər ədəbiyyatında humanizm, xeyirxahlıq, insana inam, şərə qarşı mübarizənin zəruriliyi motivləri geniş yer tuturdu. Klassik sənətkarların yaradıcılığında bəşəri ideyalar, elmin, biliyin yüksək dəyərləndirilməsi, cahilliyin, nadanlığın, eqoizmin mənfi cəhətlər kimi tənqidi, ibrətamiz həyat hadisələri, insan taleyi, xalq mənafeyinin müdafiəsi kimi məsələlər öz əksini tapırdı. Həmin əsərlər məzmun, ideya baxımından xəlqi səciyyəlidir, xalqın ideallarını, həyatın reallıqlarına münasibətdə sənətkarın vətəndaş mövqeyini ifadə edirdi.
XIII-XVI əsrlərdə dünyəvi məzmunlu poeziyanın inkişafı ilə yanaşı, sufiliyin, onun panteist qolunun ideyaları – humanizm, kamil insan problemi ədəbiyyatın, bədii fikrin mərkəzinə gətirir, cahillik, mənsəbpərəstlik, acgözlük, müftəxorluğa nifrət aşılanırdı. Sufi panteizmdə insana müqəddəs varlıq kimi yanaşılır, Allah, insan, kainat vəhdətdə götürülür, eyniləşdirilirdi.Sufi poeziya özünə məxsus məcazlar sistemindən, poetik-fəlsəfi mənalardan istifadə edərək ictimai zülm və haqsızlığa motivlərinə geniş yer verir, insanın mənəvi inkişafında , kamilləşməsində, həqiqət mərtəbəsinə yüksəlməsində söz sənətinin rolu yüksək qiymətləndirilirdi.
Anadilli şeirin ilk nümunələrini yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilindəki şeirlərini Həsənoğlu, farsca şeirlərini “Puri-Həsən” (pur- farsca oğul deməkdir) təxəllüsü ilə yazmışdır. Sağlığında istedadlı sənətkar kimi şöhrət qazanmış şairin əsərləri başqa ölkələrdə də geniş yayılması barədə məlumatlar vardır. “Apardı könlümü bir xoş qəmər üz , canfəza dilbər” qəzəlində n aşağıdakı beytdə şair əsərlərinin Misirdə yüksək dəyərləndirildiyindən bəhs edir:
Şəha şirin sözün qılır Misir bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər
Əsərdə sufi “badə”, “məst”, “sürahi”, “qül-qül” rəmzlərindən istifadə, sevgilisinin surətinin (ilahi surətin) əzələdn can içində yazılması fikri lirik qəhrəmanın hislərinin ilahi məhəbbət səciyyəsi daşıdığını göstərir:
Başımdam getmədi hərgiz, səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Qəzəlin lirik qəhrəmanın sevgilisinə bəslədiyi saf məhəbbət hisləri, onun gözəlliyinə heyranlığı tərənnüm olunmuşdur. Sadiqlik , məhıbbətdə sabitqədəmli olmaq nəcib insana xas olan məziyyət kimi dəyərləndirilir:
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
Qəzəlin sənətkarlıq xüsusiyyətləri müəllifin yetkin şair olduğunu göstərir. Qəzəlin hər misrasının sonunda işlədilən sözün ikinci misranın əvvəlində sual-cavab şəklində təkrarı orijinal bədii üsul kimi diqqəti cəlb edir. Əsərdə “xoş qəmərüz”, “apardı könlümü”, “başımdan getmədi,” “mən ölsəm” kimi xalq danışıq dilinə xas olan ifadələr əsərin dilində axıcılığı, məzmunun daha asan qavranılmasını təmin edir.
Hökmdar və şair kimi şöhrət qazanmış Qazi Bürhanəddinin (1314-1398) yaradıcılığını ingilis şərqşünası E.Braun türk ədəbiyyatında dünyəvi poeziyanın ilk örnəyi kimi dəyərləndirir. Şairin ana dilində “Divan”ı həmin dövrdə Azərbaycan dilinin yüksək bədii səviyyəyə çatdığını göstərir. “Divan”a daxil edilmiş şeirlərdə məhəbbət və qəhrəmanlığın tərənnümü, şairin humanist, fəlsəfi düşüncələri öz əksini tapmışdır. Şair sırf türk poetik janrlarından olan tuyuğları “Divan”a daxil etməsi də də mühüm poetik yenilik idi.
Qazi Bürhanəddinin tuyuğlarında üzünü elin igid oğullarına tutur, dünyada onların tayı-bərabəri olmadığını, hətta günəşin də öz cövlanında belə cəsurları görmədiyini söyləyir. Belə ərənlər meydanında deyilən hər söz hərb meydanında sübut edilməli, əsl igid döyüş meydanında bəlli olmalıdır. Şair belə bahadırlardan iftixarla danışır, onların mərdliyini yüksək insani məziyyət kimi dəyərləndirir:
Gün necə ki, cövl edir cövlanında,
Görməmiş siz tək cəvan dövranında.
Ərənlər cərgəsində deyilən söz,
Yerinə yetmək gərək meydanında.
Lirik qəhrəmanı düşmənin sayca çoxluğu, qüvvəsi qayğılandırmır. Çünki o, elə aslandır ki, adını eşidəndə düşmən qorxudan titrəyəcəkdir. Şairin poeziyasında qeyrət, namus, yaxşı ad xalqımızın uzun illərin sınağından çıxmış mənəvi dəyərləri kimi təsdiq və təbliğ edilir. Mənasız, ali məqsədsiz əməllər yox, xalq işinə sədaqət, haqq yolunda vuruşmaq, yeri gəlsə, baş qoymaq əsl hünər sayılır.
Seyl axar hələ bu dəm yaşum bənüm,
Yürəgüm qanıyladır aşum bənüm.
Qeyrət üçün bir quşax quşanalum,
Anın üçün gedərsə başum bənüm.
Şairin bahadırlıq tuyuğlarında həyat və ölüm haqqında düşüncələri dini – fəlsəfi məzmun daşıyır. Tuyuğlarda lirik qəhrəman dünyada ölümdən qorxmadığını bəyan edir, “insana canı Allah əmanət vermişdir, onun izni olmadan insanın canını heç kim ala bilməz” fikri ilə yaşayır:
Qorxmazam bu dünyada heç kişidən,
Canumun əmanəti Allahadur.
Tuyuğlarda atalar sözünü xatırladan ifadələr geniş yer tutur: “Hər zaman bir yigidin dövranıdur”, “Əldə beş barmağı kim görmüşdür”, ” Mərd olan yerdə labüd namərdi var”, “Yola çıxanın işin Allah bilür”, “Məhəkə tutmayınca kim nə bilə, Safimüdür, yaxud qatıxlumı zər”, “Ömür ilə əcəl həmkasədür”, “Aləmdə min qarğaya bir sapan bəs”, “Təngri saxlasun anı yaman gözdən” və s. Ədibin “Yemək-içmək, yaxşılıx günün görən ər günündə gər dönə namərd ola” aforistik misraları “Dost dar günündə sınanar” atalar sözünü xatırladır.
XIII yüzillikdə yazılmış, kamil sənət əsəri olan “Dastani-Əhməd Hərami” məsnəvisi quruluşca müxtəlif hadisələrin təsvir olunduğu məclislərdən ibarətdir. Əsərdə nağıl və dastanlar üçün səciyyəvi olan məzmun və forma xüsusiyyətləri diqqəti cəlb edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi quldurluqla məşğul olan, həyatda şər qüvvələri təmsil edən Əhməd Həramidir. Əhməd Həraminin başlıca düşməni Bağdad sultanının qızı mübarizliyi, igidliyi ilə seçilən Güləndamdır. Güləndam Bağdad sultanının xəzinəsini oğurlamağa cəhd edən Əhməd Həramini yaralayır, doqquz yoldaşını öldürür, xəzinəni ələ keçirməyə imkan vermir. Beləliklə, o, özünə Əhməd Hərami kimi qisas almaq arzusu ilə alışıb-yanan, təhlükəli bir düşmən qazanır. Bu hadisədən sonra Güləndam üçün çətin günlər başlayır. Şahzadə Güləfruxa ərə gedən Güləndam Şirazda böyük bir sarayda yaşayır. Qırx igid və iki arslan gecə-gündüz onun keşiyini çəksə də, Güləndam bilir ki, hiyləgər və kinli Əhməd Hərami harada olsa, onu axtarıb tapacaq, öldürməyincə sakitləşməyəcəkdir. Lakin Əhməd Hərami onun yaşadığı sarayı tapıb igidləri və arslanları öldürsə də, özü Güləndam tərəfindən öıdürülür.
Əsərdə Güləndamın keçirdiyi həyəcanlar, doğmalarından ayrılıq həsrəti, zəmanədən şikayəti “Yalvarış” adlı şeirdə təsirli bir dillə ifadə olunur:
Görün imdi bana netdi zamanə,
Əlimi aldı uş, atdı yabanə.
Nədir bunca bənə cövrü cəfalar,
Məgər qəhr üçün bəslədi anə.
Suçum nədir, cəb netdim, nə qıldım,
Qara bağrım bənim qərq oldu qanə.
Hənuz dəxi qızıl gül qönçəsindən
Açılmadan nə tez döndü xəzanə.
Cəfa imiş bu dünyanın vəfası
Ki, bin yaxşı işi dəyməz yamanə.
Görün bu çərxi-gərduni ki, bəni
Sapana qoyuban atdı yabanə.
XV-XVI əsrlərdə yaşayıb –yaratmış qüdrətli sənətkarlardan olan Həbibi Göyçayın Bərgüşad kəndində anadan olub. Uşaq yaşlarından çobanlıq edən Həbibinin hazırcavablığı, iti ağlı Ağqoyunlu hökmdarı Sultan Yəqubun diqqətini cəlb etmiş, saraya gətirilərək burada təlim-tərbiyə almışdır. Burada şair kimi ad-san qazanan Həbibi Ağqoyunlu hakimiyyətinin süqutundan sonra Şah İsmayıl Xətayinin sarayına dəvət olunmuşdur. Ş.İ.Xətayi onun istedadını, şeirlərini yüksək dəyərləndirərək saraydakı şairlərin başçısı kimi “Məliküş-şüəra” (şairlərin məliki) adlandırmışdır.
1514-cü ildə baş vermiş Çaldıran döyüşündən sonra Həbibi Türkiyədə yaşamış, burada elm, mərifət sahibi, aiqanə şeirlər yazan istedadlı şair kimi nüfuz qazanmışdır. Həbibinin mükəmməl “Divan”ı haqqında məlumatlar olsa da, ədəbiyyatımız üçün böyük hadisə ola biləcək bu şeirlər toplusu tapılmamışdır. Şairin “Tövhidnamə” sində , peyğəmbərə həsr etdiyi “Ya Nəbi” nətində dini görüşləri, Allaha və Məhəmməd peyğəmbərə məhəbbəti böyük sənətkarlıqla ifadə olunb. Şairin yaradıcılığında həm ilahi, həm də dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş şeirlər mühüm yer tutur.
Sufiyanə şeirlərində şair bütün hikmətlərin, gözəlliklərin, sevginin Allahın neməti, onun varlığının nişanəsi olduğunu söyləyir. Şair məhəbbət mövzusunda əsərlərində lirik qəhrəmanın həqiqət mərtəbəsinə çatmaq, kamillik, vəhdət məqamına yetişmək istəyindən söz açır. “Xərəbat, “Edəlim” şeirlərində mey, saqi, cam, xərəbat kimi rəmzi məna daşıyan sufi terminlərindən istifadə edərək insanı mənəvi saflığa, azad olmağa, kamilləşməyə dəvət edir.
Dünyəvi məhəbbəti, gözəlliyi tərənnüm edən şeirlərində şair lirik qəhrəmanın sevmək-sevilmək arzusuna, həyəcanlarına, sevinc və kədərinə insanın təbii hiss, duyğularının ifadəsi kimi yanaşır:
Düşdü şəbnəm bağə, gəl ta gük nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Necə dinlənsin Həbibi sənsiz , ey əndamı gül.
Çün batar cisminə təndə hər tük, olmuş bir tikən.
Dirili Qurbaninin təravəti və səmimiliyi ilə seçilən, real həyat hadisələrinin təsiri ilə yaranan qoşma və gəraylılarında insan və təbət gözəllikləri sənətkarlıqla tərənnüm edilmişdir. Sənətkarın “Bənövşə” qoşmasında təbiətin gözəlliyindən vəcdə gələn insanın real duyğuları əks etdirilmişdir.
Qurbani irsinin tədqiqatçısı Q.Kazımov yazır:”Qurbani insanı, insanın daxili, ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək şair istedadının gücü ilə onları ustalıqla mənalandıra bilmişdir. Təbiətin gözəl guşəsində doğulan Qurbaninin təsvir etdiyi sevgili obrazı – Pəri bu təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani Pərisi bahar nəsimi kimi xoş, dağ çiçəkləri kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də. Küsməyi də var, barışmağı da. Təbiətin və gözəlin həmahəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin ən mühüm keyfiyyətidir. Bu müqayisədə təbiət, əfsunlu bir aləmə çevrilir.
Şairin lirik poeziyasında sevgili ğz yerişi, duruşu, geyimi, hərəkətləri, boy-buxunu, ədaları ilə canlı və təbii insandır, real el gözəlidir:
Sallana-sallana gələn Salatın,
Gəl belə sallanma, göz dəyər sənə.
Dəstələ, zülflərin yerə dəyməsin.
Yollar qubarlanar, toz dəyər sənə.
(Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı, 2004, s.535, 537)
Həbibinin istər klassik Şərq şeiri, istərsə də xalq şeiri üslubunda yazılmış əsərləri anadilli ədəbiyyatımızın parlaq səhifələrindən birini təşkil edir. O, dilimizin zəngin bədii təsvir və ifadə imkanlarından məharətlə istifadə edərək yazdığı şeirlərləhəm öz dövründə yaşayıb-yaratmış şairlərə, həm də özündən sonrakı ədəbiyyatımıza təsir göstərmişdir.
XIII-XVI yüzilliklər Azərbaycan ədəbi və fəlsəfi fikrinin ən böyük nümayəndələri, mütəfəkkir şairlər İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi yaradıcılığı anadilli ədəbiyyatımızın zirvəsini təşkil etməklə istər öz dövrlərində, istərsə də sonrakı mərhələlərdə söz sənətimizin inkişafına güclü təsir göstərdi.
Çox keyfiyyətlərilə birinci – I Şah Abbas
Avropada “Böyük Abbas”, sənədlərdə “42 illik Əzəmət” və 390 ildir xalqının xatirəsində “Cənnətməkan şah oğlu”.
Bu şahın taxt vaxtınadək bütün vilayətləri (Qarabağ, Ərdəbil, Lənkəran istisna) Osmanlı və digər dövlətlərin əlinə keçmiş Azərbaycan (cahanşümul dövlətçilik nümunəsi yaradıcısının ünvanına K.Marks kimi bir ideologiya kralının qələmindən “on dörd ildə on dörd ölkə fatehi” fikrini saldırmış Qızılbaş səltənəti) bənzərsiz milli mədəniyyət və hərbi potensialından məhrum edilməkdə, şanlı Səfəvilər məmləkəti tənəzzülə uğramaqda idi.
Uşaqlıq çağlarımda (ötən əsrin 50-60-cı illəri), bircə səhifə belə tarix oxumamış babamın barəsində heç nəyi dəqiq bilmədiyi bu şahın sadəliyi, xəlqi qayğı-sayğıları haqda işlətdiyi (“yeri behiştdik”, “canı cənnətdik”, “adil qılınclı” və s.) sözlərin havası məni bu yazıya onun elə bu cəhətlərindən başlamağa səslədi.
Məsələn
1627-ci il tarixli, “Muhammad Qasim” imzalı sənədə görə, bu böyük hökmdar, öz dövr-dünyasını heyran qoymuş sərkərdə-şah xalqın yaddaşında, keçirdiyi islahatlar, geniş quruculuq, uğurlu hərbi əməliyyatlar və ölkənin gələcəyi naminə apardığı köçürmələr siyasətilə bərabər, “ən adilliyi, ağıllılığı, tez-tez “təğyiri-libas” olub, “xalqa oxşaması” ilə qalıb. O, ölkənin vəziyyətini yaxından öyrənməkçün tərk-libas olub, ya təkbaşına, ya da vəzir-vəkillərilə xalqın içində gəzər, çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönüb, çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı.
Hərbi yürüşlər zamanı xalq arasına çıxar, yerli məmurların xalqla necə davrandığını araşdırar, şikayət edilənlərin “dərsini verib”, qəsəbə-şəhər hakimlərini dəyişərdi. Onun sarayında olmuş avropalı səyyahlardan italyan Della Vallenin xatirələrinə görə, “ortaboy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah bir qayda olaraq sadə geyinər, zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi. O, sadə xalqa bərəkətli torpaqlar, sürülər hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədilə mal-pul paylamaqdan yorulmazdı”.
Səfəvi tarixçisi, “Dünyanın bəzəyi olan Abbasın tarixi” əsərinin müəllifi İsgəndər bəy Münşi: “. O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayim, yumşaq, dərviş xarakteri və sadəlikləri cəmləşdirib. O, mülayim və həlim vaxtlarında saray adamlarıyla o qədər qaynayıb-qarışır ki, sanki onlarla dost və qardaşdır”.
Görkəmli Azərbaycan şairi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”indən: “Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişi işlərində bütün dünyada məşhurdur. Onun bir çox mülki və əsgəri qanunları İran şahları üçün rəhbər olmuşdur. Avropa tarixçiləri bu padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətilə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə bu padişahın misli olmamışdır. Onun təlim-tərbiyəsi sayəsində bir çox fazil şəxslər öz dövrünün başçılarından olmuş, dünya şöhrəti qazanmışlar. İşinin çoxluğuna baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail, gözəl təbi-şerə malik idi”.
Bu şahın doğma dilimizə verdiyi önəmin (sarayda yalnız azərbaycanca danışmağın məcburi və zəruriliyi) dərəcəsini reallıqla anlamaqçün bir daha D.Vallenin məktubuna (may, 1618) diqqət yetirək: “Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu, “xoş gəldi, səfa gəldi” deyərək səyahətimin səbəbləri haqda məni türk dilində sorğu-sual etdi”.
Digər tarixi sənədlərdən seçmələr: Şah I Abbas daxili iğtişaş və xarici müdaxilələr qarşısında məhvolma təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli bir dövr yaşatmışdır. Elə bu səbəbdən tarixçilər onu Qanuni Sultan Süleymana bənzədiblər. “O, mahir hərbi strateq kimi, diplomatik yolla həll ediləsi münaqişəni müharibəyə çevirməyə tələsməz, əgər başqa yol yox idisə, döyüş meydanında ordusuna mükəmməl komandan kimi rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Verdiyi əmrlərin əməliyyəsində o dərəcədə qətiyyətli və güzəştsizdi ki, cavabdehlərin bunları ləngimədən həyata keçirməkdən başqa çarəsi qalmırdı”.
Bu şahın alim, həkim, şair, musiqiçi, rəssam, memar və digər sənət adamlarına hamiliyilə bağlı bircə faktı xatırladaq: Məsihi, S.Əfşar, M.M.Qəzvini və hamısının təxəllüsü “Təbrizi” olan Şəmsəddin, Qasım, Əbdüllətif, Əlirza, Molla Abdulla və Saib onun sarayında çalışıb, burada “çalçıbaşı”nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərib, “Şah kitabxanası”nda dini və dünyəvi məzmunlu saysız-hesabsız kitab olub. İsfahanda ucaltdığı saray və məscidlər Səfəvi memarlıq məktəbinin şedevrləri sayılıb. Ölkənin müxtəlif ünvanlarından dəvət olunmuş sənətkar və ustaların yaşaması üçün onun əmrilə xüsusi məhəllə salınıb.
Bütün bunlar isə bu şahı Azərbaycan xalqının süjetli nağıl-dastan, rəvayət və “gündəlik tələbat” söhbətlərinin daimi qəhrəmanına çevirib.
İndisə, qırx iki illik hakimiyyəti dövründə dünya gedişatına çox mühüm izlər qoymuş bu hakimin doğum və “təxti-rəvan” tarixçələri, habelə yuxarıda bəhs edilən əfsanəvi mülki keyfiyyətlərini daha da şöhrətləndirib-“status”laşdırmış saysız-hesabsız hərbi-hökmi fəaliyyət arsenalından –
Bəzi epizodlar
1571-ci ilin yanvarında Heratda doğulan, Azərbaycan tarixinin çox görkəmli, Şah İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olan Abbas hələ yaşyarımlıq ikən (atası – şahzadə Məhəmməd Xudabəndə Şiraza vali təyin edildiyi üçün) Herat valisi seçilir və xüsusi qabiliyyətlərə malik Sultan Ustaclı onun təlim-tərbiyə lələsi təyin olunur. 1578-ci ildə Xudabəndə şah seçilən zaman Herat valisi kimi vəzifəsini davam etdirən Abbas üç il sonra (oktyabr 1587, 16 yaşında) şah elan edilib, Səfəvi taxt-tacına əyləşdirilir.
Daxili problemlərin və Azərbaycanın bütün əsr boyu siyasi gərginlik yaşadığı Osmanlı imperiyası ilə münasibətlərin həllinə vaxt qazanmaqçün danışıqlara başlayan şah 1590-cı ildə İstanbul sülhünü imzalayaraq, Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisini Osmanlı dövlətinə verməli olur. Bu “qaçılmaz düşkünlük”dən sonra tezliklə ölkəni çətin vəziyyətdən qurtarmaqçün daxili iğtişaşlara son qoyub maliyyə vəziyyətini yaxşılaşdırmaq və güclü nizami ordu yaratmaq işlərinə başlayır. Lakin 1600-cü illərin əvvəlində portuqallara qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalır və “Allahın iradəsi, döyüş qəhrəmanlarının gücü” ilə İran körfəzinə çıxışları olan qalalarla Bəhreyn adalarını ələ keçirir.
Qarşıda isə daha mühüm-müqəddəs vəzifələr dururdu; hər iki tərəfdən (Osmanlı-Azərbaycan) olan babalarından (Sultan Səlim-Şah İsmayıl) miras qalmış xəta-əda nəticələrini aradan qaldırıb, başçılıq etdiyi məmləkətin tarixi sərhədlərini bərpa etmək! Xüsusən də, dövlət üçün böyük iqtisadi və mədəni əhəmiyyəti olan Azərbaycan ərazisini Osmanlıdan geri almaq!
Çox məğrur (və buna tam haqqı olan) şah bu məqsədlə nəzərdə tutduğu çox irimiqyaslı savaş üçün ciddi hazırlığa başlayır və 1603-1607-ci illər müharibəsində qazandığı qələbələr nəticəsində Azərbaycan ərazisi işğaldan tamamilə azad olunur.
O öz tabeçiliyində qalmış torpaqları (vahid inzibati ərazi kimi) ümumilikdə “Azərbaycan” adlandırırdı.
Osmanlı tarixçisi İbrahim Pəçəvi isə belə yazmalı oldu: “Beləliklə, Osmanlı-islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey ikicə ildə itirildi. ”
Və bu böyük, ümummilli, özəl-özgür Qələbədən –
Öncə-sonrakılar.
Hər biri aylar-illər, “su yerinə axan qanlar”, cürbəcür faciələrlə müşayiət olunan o olaylar o qədər çox ki, onları yalnız qaçaraq sürət, ixtisar, bəzilərinisə müxtəsər işarətlərlə sadalamaq mümkün.
İrili-xırdalı bir çox savaşlardan sonra 1593-cü ildə ilk dəfə (və böyük təntənə ilə) Ərdəbilə gəlib, Qızılbaşların nəzarətindəki Azərbaycan vilayətlərini və Kür-Araz çayları arasındakı geniş ərazini vahid Azərbaycan bəylərbəyiliyində birləşdirən (sənədlərə görə, iki ildə bu bəylərbəyilik qoşununun sayı 10 minə çatır və rəsmi fərmanla “Azərbaycan qoşunu” adlandırılır) bu şah Azərbaycanın bütövlüyünü, onun “vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı”.
1598-ci ildə dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürən şahın keçirdiyi maliyyə tədbirləri dövlət xəzinəsini zənginləşdirdi. Hərbi islahatlar nəticəsində qızılbaşlar, qulamlar, tüfəngçilər və artilleriyadan ibarət qoşun növləri təşkil edildi, Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri bərpa olundu. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik nizami ordu yaradıldı. Bu olayların canlı şahidlərindən Oruc bəy Bayat yazır: “İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və böyük nüfuza malik olan 32 nəcabətli sülalə var”.
1622-ci ildə Qəndəhar bölgəsini Moğollardan, Hörmüzüsə Portuqaliyadan geri alan şah iki il sonra Bağdadı ələ keçirməklə Səfəvi imperiyasının keçmiş sərhədlərini bərpa edir. 1626-1629-cu illərdə Osmanlı dövlətilə müharibədə mühüm uğur qazanaraq Ərəb İraqını ələ keçirir.
Bu şah sənədlərə Ağqoyunlu və Səfəvi dövlətləri tarixində (əlbəttə, Uzun Həsəndən sonra və ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalmaqla) Qərb ölkələrilə ən sıx əlaqələr yaradan, onlarla diplomatik danışıqlar aparıb, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələrini təmin edən hökmdar kimi də düşüb.
1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş görkəmli Səfəvi hökmdarı Kaşanda dəfn olunub.
Tahir ABBASLI
«Mədəniyyət» qəzeti
- Teqlər:
- Azərbaycan
- , Azərbaycan tarixi
- , I Şah Abbas
- , Şah Abbas
Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Birinci vitse-prezident Mehriban Əliyevanın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir – Sevil Mikayılova
Qardaş Türkiyədə 6 fevralda baş vermiş dağıdıcı zəlzələ onminlərlə insanın həyatına son qoydu, dağıntılar altında qalan minlərlə insanın taleyi isə hələ də naməlumdur.
Azərbaycanda ilk gündən türkiyəli bacı-qardaşlarına mənəvi dəstəyi ifadə edərək hər kəs bölgəyə yollanmaq və xilasetmə əməliyyatlarında birbaşa iştirak etmək üçün həmrəy olub.
Dost dar gündə tanınır, deyib, babalarımız. Məhz qardaş Türkiyə üçün belə ağır dönəmdə xalqımız özünəxas həmrəylik, mərhəmət, xeyirxahlıq, sədaqət, humanizm kimi yüksək mənəvi dəyərləri bir daha nümayiş etdirdi, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğu və qarşılıqlı sevgisinin möhkəmliyini və əbədiliyini isbat etdi.
Zəlzələdən əziyyət görmüş Türkiyə dövlətinin və xalqının ilk gündən yanında olan dövlətimiz bütün resurslarını səfərbər edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə xilasetmə qrupları və tibbi personal bölgəyə yola düşüb, onlar yüksək peşəkarlıq və ən əsası Türk xalqına qardaş məhəbbəti ilə fəaliyyət göstərirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı müraciətində zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürünü bildirdi.
“Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”, – deyə Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayıb.
Yüksək mənəviyyat və humanizm ideallarına sadiqlik çoxəsrlik tariximizdən süzüb gələn xalqımıza xas ən ali keyfiyyətlərdir. Fəxr edirik ki, Birinci vitse-prezident Mehriban Əliyeva öz əməlləri ilə bu ali dəyərləri yaşadır və təlqin edir, məhz Mehriban xanımın nümunəsində xeyirxahlıq və insansevərlik kimi nəcib insani keyfiyyətləri özundə ehtiva edən ideallar cəmiyyətimizdə həyat prinsipinə çevrilib. Azərbaycan qadınına xas yüksək mənəvi keyfiyyətlər Mehriban xanımın vətənpərvərliyi işığında daha saf məzmun kəsb edir.
Bu ağır günlərdə hər birimizin qəlbi doğma Türkiyənin yanındadır. Əminik ki, güclü, qüdrətli Türk xalqı bu sınaqdan alnıaçıq çıxacaq. Türkiyə, səninləyik!
Sevil Mikayılova
Milli Məclisin deputatı
Comments are closed, but trackbacks and pingbacks are open.