Press "Enter" to skip to content

Azərbaycan və İran rəsmilərinin görüşündə Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub

Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil

Nazir: “Ətraf mühitin mühafizəsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir”

“Çox fərəhləndirici haldır ki, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunmuş sərgilərin təşkili artıq ənənəyə çevrilib və bu tədbirlər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub”. Bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Bakı Ekspo Mərkəzi”ndə keçirilən IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisinin açılış mərasimində söyləyib.

Nazir Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin ekologiyaya dair fikirlərini xatırladaraq deyib: “Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.

Sərginin keçirilməsinin nazirlik üçün əlamətdar hadisə olduğunu bildirən nazir deyib: “Builki sərgidə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Ukrayna da olmaqla ümumilikdə 8 ölkədən 43 şirkət iştirak edir. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. Ekologiya mövzusuna həsr olunmuş sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Bu il keçirilən sərgidə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, plastik və polietilen tullantıların utilizasiyası, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və s. mövzularda yeni texnologiyaların və təcrübələrin nümayiş etdirilməsi nəzərdə tutulub”.

Nazir bildirib ki, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilib. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Sirr deyil ki, əsas ekoloji problemlər keçmişdən miras qalıb.

Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Hazırda çirklənmiş ərazilərin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir.

Biz şübhə etmirik ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında, eləcə də ölkəmizin digər yerlərində ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”.

Muxtar Babayev sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfransların keçiriləcəyini diqqətə çatdırıb: “Noyabrın 15-də keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir. Noyabrın 16-da keçiriləcək “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransın məqsədi isə bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirməkdir.

Bundan əlavə tədbir əsnasında Avropa İttifaqı tərəfindən maliyyələşən Tvinninq layihəsi çərçivəsində “Müasir Ekoloji Monitorinq Sistemləri və Ətraf Mühitin İdarəedilməsi üzrə Nümunəvi Təcrübələr” mövzusunda seminar da keçiriləcək. Seminarın əsas məqsədi Azərbaycanda ekoloji monitorinqin mövcud vəziyyəti, gələcəkdə təkmilləşdirilməsi üzrə əsas tələblər və prioritet sahələri işıqlandırmaqdır. Hər üç tədbirdə hə yerli, həm də tanınmış xarici mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsi aparılacaq. İnanıram ki, sərgi və konfranslar uğurla keçəcək və qarşıya qoyulan məqsədlərə nail olunacaq”.

Çıxışın sonunda nazir sərginin yüksək səviyyədə təşkilinə görə “Caspian Event Organisers” şirkətinə və verdiyi dəstəyə IDEA İctimai Birliyinə bir daha öz təşəkkürünü bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinin daim diqqət mərkəzində olmasının önəmini qeyd edib.

Azərbaycan və İran rəsmilərinin görüşündə Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub

Azərbaycan və İran rəsmilərinin görüşündə Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.

20 Oktyabr , 2022 13:46

https://static.report.az/photo/e92b35f7-f431-3ce8-8492-0a3c957a5f0a.jpg

Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb. “Report”un xəbərinə görə, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşdə müzakirə edilib. Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulanıb. Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib. İki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib. Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Azərbaycanın milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ölkəmiz tərəfindən ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.

Araz çayının ətraf mühitin mühafizəsi

Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil

Ekoloji terrorun qarşısı alınmalı, Qərb ölkələri hadisəyə sərt reaksiya verməlidir

Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Bu dövr ərzində Ermənistan təbiətə qarşı da təcavüzkar davranıb. Ermənilərin ekoloji terroru Azərbaycanın içməli su mənbələrinə, su təsərrüfatına da ciddi ziyan vurub. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə zəhərlənir. Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və Araz suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.
Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Arazın sol qolu Oxçuçaydır. Bu çay əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistanın həmin bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənib ki, heç bir canlı yaşamır. Onun suyu ilə suvarılan Zəngilan rayonu ərazisindəki torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına da tökülə bilər.
Oxçuçaydan götürülmüş su nümunələrində nikel 7, dəmir 4 və mis-molibden birləşməsi 2 dəfə normadan çoxdur. Forel və digər balıqlar çayın kritik həddə çirklənməsi nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir. Oxçuçay Araza birləşdiyindən və axdığı son nöqtəsi Xəzər dənizi olduğundan nəticədə zəhərlənmiş çay suyu Xəzərin də çirklənməsinə səbəb olur. Bu, Ermənistanın Azərbaycana, həm də qlobal təbiətə qarşı törətdiyi ekoloji terrorun davamıdır. Ancaq Xəzər dənizi sadəcə Azərbaycanın deyil. Ona görə bu məsələ Xəzəryanı ölkələri də narahat etməlidir və Ermənistana bu məsələdə təzyiq göstərməlidirlər. Ekoloji terrorun davam etdirilməsində Ermənistanda dağ-mədən işlərini həyata keçirən Almaniyanın “Cronimet Holding GmbH” şirkəti də iştirak edir. Buradan qənaətə gəlmək olur ki, Almaniya da Ermənistana ekoloji terrorun törədilməsində dəstək verir. Nə alman mediası, nə digər Qərb ölkələrinin mətbuatı Almaniya şirkətinin iştirakı ilə Ermənistanın Oxçuçayın çirkləndirilməsi ilə törətdiyi ekoloji terroru qabartmır, ictimailəşdirmir. Çünki ekologiyanın qorunması məsələləri Soros şəbəkəsinin marağında deyil. Məlumdur ki, “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələr mövcuddur. Şirkətin təsisçi və icraçı direktoru Günter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib. Təəssüflər olsun ki, özünü ekoloji problemlərə qarşı həssas göstərməyə çalışan Avropa “yaşılları” bu məsələyə tamamilə laqeyd yanaşırlar. Almaniyanın Yaşıllar Partiyası isə ümumiyyətlə, müraciətlərə saymazyana cavab verərək, Azərbaycana ayırmağa vaxtının olmadığını bildirir. Şübhəsiz, xarici şirkətlərin Ermənistanın işğalçı hakimiyyətinin əlilə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərinə gətirilməsi, çayların, digər su hövzələrinin çirkləndirilməsi qəbuledilməzdir.
Ermənistanın ekoloji terroru ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, ermənilər davamlı olaraq Azərbaycanın ekologiyasına, faunasına qarşı vəhşilik törədiblər. Deputatın sözlərinə görə, ermənilər Qarabağ və ətraf rayonlarda neçə yüz il yaşı olan nadir çinar ağaclarını məhv edib, meşələri qırıb, yandırıblar:
“Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil. Ermənilər uzun illərdir ekosidlə məşğul olublar, dünya ekologiyasını vəhşicəsinə məhv ediblər. İndi də əməllərindən vaz keçmirlər. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Oxçuçayın videolarını çəkərək qurumlara təqdim edib. Göstərmişik ki, Ermənistan tərəfi çayı dəhşətli dərəcədə çirkləndirir. Təəssüf doğuran məqamlardan biri də odur ki, ermənilərin ekologiya terrorunda Almaniya şirkəti də iştirak edir. Özünü “demokratiyanın mərkəzi” sayan, tez-tez insan hüquqları və s. mövzularda Azərbaycanı ittiham edən Almaniya erməni terroruna laqeyd yanaşır. Dəfələrlə müraciət olunsa da, reaksiya vermir. Düşünürəm ki, bu cür yanaşma riyakarlığın və ikili standartların növbəti təzahürüdür”.
C.Məmmədova görə, əslində Avropa ölkələri bu məsələyə çox həssas reaksiya verməliydi. Çünki burada söhbət sadəcə Azərbaycandan deyil, dünya ekologiyasının çirklənməsindən gedir:
“Ermənistanla yanaşı, alman şirkətinin də ekosid törətməsi qəti şəkildə pislənməli və qarşısı alınmalıdır. Əgər ekologiya terroruna laqeyd yanaşılarsa, qarşısı alınmazsa, ortaya qətiyyətli mövqe qoyulmazsa, Ermənistan təxribatçı əməllərinə, düşmənçilik siyasətinə davam edəcək. Ermənistanın işğalçılıq və təcavüzü, cinayətləri 30 il ərzində ona görə davam etdi ki, ermənilərə “dur” deyən olmadı. Onların qanunsuz hərəkətləri, terrorları Qərb ölkələri tərəfindən qınanılmadı, sanksiya tətbiq edilmədi. Nəzərə alsınlar ki, hazırda dünyada ciddi içməli su problemi yaşanır, şirin sular tükənir. Bir çox ölkələr su qıtlığından əziyyət çəkir. İnsanların və əkin sahələrinin su ilə təmin olunmasında çətinliklər ortaya çıxır. Ona görə də ekoloji terror dayandırılmalı və Oxçuçayın çirkləndirilməsinə son verilməlidir”.

Comments are closed, but trackbacks and pingbacks are open.