Press "Enter" to skip to content

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

-Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Bir neçə aydan sonra siz qayıtmısınız, əlbəttə ki, bu, pandemiyaya görə olmuşdur. Lakin karantin rejiminin yüngülləşdirilməsindən sonra sizin bizi ziyarət etməyiniz məni məmnun edir.

Deputat: Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün ən əhəmiyyətli ölkədir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri protokol qaydasına uyğun olaraq hər üç ölkəyə ardıcıllıqla edilir. Bu, Cənubi Qafqaz regionu ölkələri arasında balansı gözləmək və rəsmiyyət baxımından düzgün yanaşmadır. Amma Almaniya Kansleri Angela Merkelin və Fransa Prezidenti Fransua Ollandın səfərləri zamanı bu balans gözlənilməmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib: “Şarl Mişelin Cənubi Qafqaz regionuna səfəri zamanı dövlətlərarası balansın gözlənilməsinə baxmayaraq, açıq-aşkar göründü ki, bölgədə Avropa İttifaqı üçün ən əsas və əhəmiyyətli ölkə Azərbaycandır. Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycanda həyata keçirilən bir sıra innovativ layihələrlə tanış olması, Prezident İlham Əliyevlə iki saat davam edən təkbətək görüşü bir sıra məsələlərin müzakirə edilməsinə imkan verdi”.

A.Badamov vurğulayıb ki, Şarl Mişelin ölkəmizin regionlarına səfəri çərçivəsində Şamaxı Cümə məscidini ziyarət etməsi Avropa İttifaqı Prezidentinin Azərbaycan xalqının milli–mənəvi dəyərlərinə, dinimizə hörmətinin göstəricisidir. Prezidentlərin mətbuat konfransında Şarl Mişelin xüsusi olaraq qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Avropa İttifaqına üzv dövlətlərin şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə müasir innovasiyalı layihələrin icrasında iştirak edə bilərlər.

“Azərbaycan TAP layihəsini inşa etməklə Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatına töhfə verib. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq etmək üçün istifadə olunmamış çox böyük iqtisadi potensialı var. Bu baxımdan Şarl Mişelin Azərbaycana səfəri Avropa İttifaqı ilə əməkdaşlığımızda yeni səhifə açacaq. Amma bizdən fərqli olaraq, Avropa İttifaqının Ermənistanla işbirliyi yalnız maliyyə dəstəyinə əsaslanıb. Ermənistanın məqsədi yalvarmaqla Avropa İttifaqından daha çox maliyyə yardımları qoparmaqdan ibarətdir. Ermənistanın Avropa İttifaqına üzv dövlətlər üçün heç bir perspektiv vəd etmir. Ona görə də Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün daha çox əhəmiyyətlidir. Bunu həm də rəqəmlərin ifadəsində, Azərbaycanla Avropa İttifaqı arasında ötənilki ticarət dövriyyəsinin 9,5 milyard dollar olmasında görmək olar. Cənubi Qafqazda Avropa İttifaqına üzv dövlətlərlə belə böyük ticarət dövriyyəsinə malik olan ikinci dövlət yoxdur. Avropa İttifaqına üzv dövlətlərdən 1700–dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi münasibətlərin yüksələn xətlə inkişaf etməsi deməkdir”, – deyə A.Badamov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri, yəni, 9 dövlət ilə strateji əməkdaşlıq haqqında ikitərəfli sənədlər imzalanıb, münasibətlər çox yüksək səviyyədədir. Ölkəmiz bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bu münasibətlərin yeni səviyyəyə qaldırılması üçün Avropa İttifaqına üzv dövlətlərə intensiv gediş-gəlişin həyata keçirilməsi lazımdır və bunun üçün azad viza sisteminin tətbiqi vacibdir.

Avropa İttifaqına dayanıqlı sülhün təmin olunduğu, sabit və təhlükəsiz Cənubi Qafqaz regionu lazımdır. Buna görə də Şarl Mişelin qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında yeganə mübahisəli məsələ dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, ayrı-seçkilik etmədən, bərabər şəkildə kommunikasiyaların açılması mütləqdir. Bu işdə Avropa İttifaqı öz töhfəsini verə bilər və Prezident Şarl Mişel çıxışında bu məsələni xüsusilə qeyd etdi.

“Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri ölkəmizin Aİ-yə üzv dövlətlərlə münasibətlərinin dərinləşməsinə töhfə verəcək”, – deyə A.Badamov vurğulayıb.

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Avropa İttifaqının xüsusi nümayəndəsini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Bir neçə aydan sonra siz qayıtmısınız, əlbəttə ki, bu, pandemiyaya görə olmuşdur. Lakin karantin rejiminin yüngülləşdirilməsindən sonra sizin bizi ziyarət etməyiniz məni məmnun edir.

Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir. Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılmışdır. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır.

Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılmışdır və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi. Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər.

Səbəblərdən biri də danışıqlar prosesini pozmaq idi. Bəlkə də başqa səbəblər var idi, lakin düşünürəm ki, bunlar əsas səbəblər idi. Onlar məqsədlərinə nail ola bilmədilər. Onlar yalnız bir məqsədə nail oldular, bu da danışıqların dayanmasıdır. Bütün məsuliyyət Ermənistanın üzərindədir. Onlar danışıqları aparmaq istəmədiklərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Çünki əks halda o, bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi.

Onların danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərməsi idi. Bu da tərəfimizdən dərhal rədd edilmişdir və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməmişdir. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər. Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək üçün göndərilmişdir. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var – Azərbaycana hücum etmək. Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır.

Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, – mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, – çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər.

Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm.

Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar dedi:

-Təşəkkür edirəm, cənab Prezident. Mən bir neçə aydan sonra yenidən Bakıda olmaqdan çox şadam. Siz də qeyd etdiyiniz kimi, vəziyyət dəyişib. Son aylarda narahatlıq doğuran çox hadisələr baş verib. Mənim bu gün burada olmağımın xüsusi səbəbi məhz budur. Bilirsiniz ki, ali nümayəndə sizin Xarici İşlər naziri, eləcə də Ermənistanın xarici işlər naziri ilə təmasda olub. Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır. Mən öz növbəmdə vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Ölkə başçısı ənab İlham Əliyevin nın prioritet hesab etdiyi sahələrdəndir. Mayın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.
Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə iştirak edib. Prezidenti İlham Əliyev forumda çıxışı zamanı bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».
Forumda ölkə başçısı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti haqqında müzakirələr etmişdi. Qeyd edilib ki, uzun illər aparılan nəticəsiz danışıqlardan sonra Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bildirilib ki, Forumda yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətləri müzakirə edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il ölkəmizin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır.
İndiyə kimi Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın ixrac potensialı artır. Bu il ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu gücləndirən mexanizm qismində çıxış etməkdədir.

Aynur Xəlilova – publisist

Comments are closed, but trackbacks and pingbacks are open.