Press "Enter" to skip to content

Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Əməkdaşı olun

Daha konkret olsaq, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin istisnasız olaraq hamısından, o cümlədən Azərbaycandan belə mövqe tələb olundu.

Səfir: “Şərq Tərəfdaşlığı” Avropa İttifaqı ilə Azərbaycan arasında daha çox etimad və qarşılıqlı anlaşma üçün bünövrədir – MÜSAHİBƏ

Avropa İttifaqı nın (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın “Report”a müsahibəsini təqdim edirik. – Bu il “Şərq Tərəfdaşlığı” Proqramının 10 ili tamam olur. Ötən müddət ərzində proqram üzrə qazanılan nailiyyətləri necə qiymətləndirirsiniz? – Həmin təşəbbüsün əhəmiyyətini başa düşmək üçün geri qayıdıb o vaxtkı mənzərəyə nəzər salmaq lazımdır. 2004-cü ildə “Böyük partlayış”ın artmasından, 2007-ci ildə də Bolqarıstanla Rumıniyanın üzv qəbul olunmasından sonra Avropa İttifaqı üzvlərinin sayını ikiqat artıraraq, eyni zamanda coğrafi məsafələri azaldaraq Şərq tərəfdaşları ilə yeni sərhədləri müəyyənləşdirdi. Bütövləşmək, yeni vəziyyəti tam dərk etmək üçün Aİ zamana möhtac olduğu bir vaxtda kənar problemlər çoxalır, Şərq qonşuları bir çox mənalarda Aİ-yə yaxınlaşmaq üçün yollar axtarırdılar. “Şərq Tərəfdaşlığı” Proqramı Avropa İttifaqının diqqətini Şərqi Avropa qonşularına yönəldərək bu regionun daha sabit, təhlükəsiz, firavan olmasına yardım etdi. Həmin proqram 6 tərəfdaş ölkəyə Aİ ilə ikitərəfli münasibətlərini qurub inkişaf etmək, eyni zamanda çoxtərəfli əməkdaşlığı da genişləndirmək üçün bir platforma təqdim edib. Mən deyərdim ki, bu proqram olmasaydı Aİ ilə Azərbaycan arasında, insanlarımız arasında ünsiyyət daha az olardı, əməkdaşlıq, yardım proqramları, imkanlar da xeyli az olardı. “Şərq Tərəfdaşlığı” Proqramı ölkələrimiz arasında etimadı və əlaqələri, onların iqtisadiyyatını, cəmiyyətini, idarəetməsini gücləndirməyə kömək etdi. Proqrama xas çeviklik xassəsi də müxtəlif ölkələrin hədəflərinə müxtəlif sürətlə çatmaq imkanı yaradıb. Bu da toplumlarımız və insanlarımız üçün bir çox əyani nəticələr gətirib. 2016-cı ildən etibarən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində 2 milyard avrodan çox dəyəri olan 70 mindən artıq müəssisəyə dəstək verərək 28 min iş yeri yaradıb. Erasmus+ proqramı çərçivəsində 30 mindən çox tələbə Aİ ölkələrində təhsil almaq imkanı qazanıb. Avropa İttifaqına daha yaxın olmaq istəyən ölkələr üçün vizasız səyahətlər imkanı yaradan müvafiq alətlər təqdim olunub. – “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycanla Aİ arasındakı əməkdaşlığa təsiri barədə fikirləriniz necədir? – Ötən 10 il ərzində “Şərq Tərəfdaşlığı” Proqramı Azərbaycanı Avropaya daha da yaxınlaşdırıb. Viza rejiminin sadələşdirilməsinə dair saziş və ASAN Xidmət sayəsində insanlarımız bir-birinə daha yaxın oldular. Bu 10 ildə avtomobil və dəmir yolu vasitəsilə əlaqələrimiz gücləndirilmiş, enerji təchizatında isə ən iddialı layihələrdən birini başa çatdırmaq üzrəyik. Aİ Azərbaycanda ən iri sərmayəçi, ölkənin ən iri ticarət tərəfdaşıdır. Ticarətin genişlənməsi, əlaqələr, insanların rifahına xidmət edən islahatlar üçün bünövrə olacaq yeni tərəfdaşlıq sazişinə dair danışıqları da başa çatdırmaq üzrəyik. Modern texnologiyalar və daha mükəmməl idarəetmə modellərini bölüşən Aİ Azərbaycanda iqtisadiyyatının şaxələnməsinə və islahatlara dəstək verir. Hazırda 26 müxtəlif qurumla 48 tərəfdaşlıq layihəsi həyata keçirmişik. ASAN Xidmət əməkdaşlarının və ABAD iştirakçılarının potensialını artırmağa kömək etdik. Həmçinin təhsil, o cümlədən peşə təhsili və təlimi sahəsində əməkdaşlıq edirik. Mütəxəssislərimiz sosial təminat, məşğulluq sahəsində qabaqcıl təcrübənin tətbiqinə yardım edir, təqaüd islahatı, müasir vergitutmanın tətbiqi, icbari tibbi sığortanın tətbiqi, şəffaf və əlçatan elektron xidmətlər göstərmək üçün dayanıqlı təməllər yaradır, həmçinin məhkəmədə vasitəçilik sisteminin, ərzaq, ətraf mühitlə bağlı Avropa standartlarının, kiçik ailə təsərrüfatlarına dəstək siteminin, kənd təsərrüfatına və kənd məskənlərinə dəstəyin bərqərar olmasına yardım göstərir. Şəffaflıq, hesabat vermə, insan hüquqları sahəsində dialoq və dəstək layihələri də müasir inklusiv vətəndaş cəmiyyətinin qurulmasına yönəlir. Hamısını sadalamaq çətindir. Fikrimcə, Aİ ilə Azərbaycan arasında daha çox qarşılıqlı anlaşma və etimada təkan verən “Şərq Tərəfdaşlığı” gələcək müasir əməkdaşlıq üçün bünövrə yaradıb. – “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi münasibətilə Bakıda yubiley tədbirləri, yaxud rəsmi səfərlər nəzərdə tutulurmu? – Səfərlərə gəlincə, Azərbaycan Prezidenti və xarici işlər naziri Brüsseldə mayın 13-14 -də keçiriləcək “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunublar. Həmin tədbirlər çərçivəsində tərəfdaşlığımızın nailiyyətləri və gələcəyi müzakirə olunacaq. Həmçinin mədəniyyət, gənclər, mülki tədbirlər üzrə də müzakirələr keçiriləcək. Bununla yanaşı, Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. Mayın 3-ü cümə günü Bakıdakı Azərbaycan Fransız Universitetində “Şərq Tərəfdaşlığı”na həsr olunan konfrans keçiriləcək. Bu 10 ildə “Şərq Tərəfdaşlığı” üzrə nailiyyətlər və gələcək işlər Avropa Siyasət Mərkəzinin eksperti Amanda Polun moderatorluğu və Viqaudas Uşazkas (Litva), Lukas Tsukalis (Yunanıstan), Giorgi Mçedlişvili (Gürcüstan), Zaur Şiriyev (Azərbaycan) kimi ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Bu halda həm Azərbaycanın nailiyyətləri, Avropa İttifaqı ilə əməkdaşlığının nəticələri barədə söhbət aça biləcək, həm də qarşılaşdığımız müştərək problemləri müzakirə edəcəyik. Bu tədbir dalbadal üç ildir may ayının 1-dən 14-dək keçiriləcək “İMAGİNE Euro Tolerance Festival 2019” çərçivəsində təşkil olunacaq. Belə ki, İMAGİNE markasını Bakıda artıq yaxşı tanıyırlar. Builki festivalımız daha rəngarəng və paytaxt sakinlərinə daha yaxın olacaq. Yeni tərəfdaşlarımız, yeni yerlər, yeni tədbirlər, o cümlədən mayın 1-də saat 17-də metronun “İçərişəhər” stansiyasında başlanğıc konserti keçiriləcək. Bu il həmçinin Avropa Liseyi ilə də əməkdaşlıq edəcəyik. Həmçinin ilk dəfə olaraq ayın 13-14-də Gəncədə sərgi, konsert, konfrans, film nümayişləri keçirəcəyik. Tədbirlər proqramı Aİ nümayəndəliyinin saytında və Imagine.az saytında yerləşdiriləcək. Bütün azərbaycanlı dostlarımızı iştirak etməyə, tolerantlıq ətrafında söhbət açmağa, mədəniyyətlərimizin müxtəlifliyindən ləzzət almağa dəvət edirəm. Mayın 21-22-də Avropa səfirlikləri ilə bir yerdə Mingəçevir və Gəncədə yerli sakinlərlə, gənclərlə, hakimiyyət nümayəndələri ilə görüşlər keçirərək, Aİ-nin həmin bölgədə və ondan kənarda həyata keçirdiyi layihələri, gələcək əməkdaşlıq imkanlarını təqdim etməyi nəzərdə tuturuq. Bunun adı EU4YOU-dur. Nəhayət, daha bir mühüm məsələ: mayın 13-də Brüsseldə məşhur BOZAR-da Avropanın ən məşhur ifaçılarının, habelə “Şərq Tərəfdaşlığı” Proqramının 6 ölkəsindən olan ifaçıların iştirakı ilə keçiriləcək konserti Azərbaycanda yayımlamaq üçün əlverişli imkanlar axtatrırıq. – Aİ ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar necə gedir? Yeni saziş “Şərq Tərəfdaşlığı”nın 10 illiyi tamamlananadək razılaşdırılacaqmı? – Son vaxtlar ən çox verilən sualdır. Azərbaycandakı insanların gələcək tərəfdaşlığımız üçün müasir, əhatəli hüquqi bazanın yaradılmasına belə maraq göstərmələrini tamamilə anlayıram. Belə hüquqi bazanın tezliklə ərsəyə gəlməsini nə qədər çox istəsək də, onun mümkün qədər əhatəli və konkret olmasını da bir o qədər istəyirik. Danışıqlar hələlik davam edir. Razılaşdırılmış mətnin həcmi də artır. Bu danışıqları tezliklə başa vurmaq üçün hər iki tərəfin əlindən gələn hər şeyi etdiyinə hamınızı inandıra bilərəm. Dəqiq vaxtı verə bilmərəm, amma bunun tezliklə baş tutması üçün gəlin səy göstərək. – Azərbaycana təyyarə reyslərinə dair danışıqlarda irəliləyiş varmı? – Bəli, var. Bu ilin fevral ayında Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində ilk dəfə yüksək səviyyəli dialoq keçirildiyi vaxt aviasiya sazişi layihəsinə dair çox səmərəli məsləhətləşmələrimiz oldu. Fikrimcə, həmin səfər çərçivəsində ekspertlərimiz Azərbaycan hökumət rəsmilərini inandırıb həll olunmamış məsələlərə dair mövqeyimizi aydınlaşdıra biliblər. May ayında da Brüsselə ekspertlərin daha bir səfəri nəzərdə tutulur. Ümidvaram ki, bunlar danışıqların tezliklə bərpasına gətirib çıxaracaq. Danışıqlarda həll olunmamış məsələlərin az qaldığı nəzərə alınsa, məsələ ən yaxın zamanda həllini tapa bilər. Bu saziş Azərbaycan hava nəqliyyatını, hava limanlarını, hava məkanını Aİ və dünyaya inteqrasiyanın yeni səviyyəsinə qaldıracaq. Bunun başlıca üstünlükləri xətlər və reyslər sayının artması, tariflərin isə ucuzlaşması olacaq. Sərnişinlərin çoxalması isə gəlirlərin artması deməkdir. Məsələn, İsraillə oxşar sazişin imzalanması bu ölkə ilə Aİ arasında axın ikiqat, birbaşa reyslərin sayı da üçqat artdı. İsrail ilə Aİ arasında səfərə çıxanların sayı hər il 1 milyon nəfər artır. Milli daşıyıcılar da bunların səmərəsini hiss edəcəklər. Məsələn, “Mərakeş Milli Hava Yolları” şirkətinin dövriyyəsi 60 faiz, Serbiyanınkı isə 100 faizdən çox artdı. Nəhayət, bu saziş olmasa Regional Nəqliyyat Qovşağı layihəsi natamam qalardı.

Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının Əməkdaşı olun

Yeni təqvim ilinə yeni çağırışlarla başlayın! Mədəniyyət və Yaradıcılıq Proqramı Avropa İttifaqının 6 Şərq Tərəfdaşlığı ölkəsindən 50 mədəniyyət üzrə lideri proqrama qoşulmağa dəvət edir!

Proqram ödənişsizdir və əsas diqqət, dövlət, özəl və qeyri-hökumət sektorlarında reklam, memarlıq, arxiv, muzey, qalereya və kitabxanalar, incəsənət, audiovizual sənayelər, sənətkarlıq işləri, dizayn, moda, festivallar, kino, oyunlar, irs, İT, musiqi, yaradıcı incəsənət növləri, fotoqrafiya, nəşriyyat, radio və TV sahələri üzrə çalışan menecerlər üçün potensialın artırılmasına yönləndirilib.

Proqrama qoşulmaqla və ilk tədbirdə iştirak etməklə siz:

  • Aİ-dəki yaradıcı sənayeləri təmsil edən mədəniyyət üzrə aparıcı mütəxəssislərlə tanış olacaq
  • Əməkdaşlıq Proqramı barədə məlumat alacaq
  • Növbəti 18 ay ərzində seminar imkanlarından yararlanmaq imkanı qazanacaqsınız

Mədəniyyət üzrə lider kimi siz öz təlim proqramınızı öz şəxsi ehtiyaclarınıza uyğunlaşdırmağa nail olacaqsınız. Öz şəxsi proqramınızı tamamladıqdan sonra sertifikat əldə edəcəksiniz.

Seminarın mövzularına daxildir: vəkillik, fandreyzinq, incəsənət marketinqi, auditoriyanın təkmilləşdirilməsi, maliyyə bacarıqları və s.

Proqram aşağıdakı şərtləri yerinə yetirən 50 lideri seçəcək:

  • Proqramın internet saytı üçün orijinal məqalə və ya araşdırma yazmaq
  • Xüsusi mədəniyyət idarəçiliyi mövzusu üzrə işçi qrupa qoşulmaq
  • Ən az iki seminarda iştirak etmək
  • Proqramın «Mədəniyyət əhəmiyyət kəsb edir» kampaniyasına qoşulmaq

Qeydiyyatdan keçmək üçün, elektron məktub yollayaraq Yanvar/Fevral aylarında keçiriləcək Yaradıcılıq üzrə Liderlik seminarına qatıla biləcəyinizi təsdiqləyin və proqramda niyə maraqlı olduğunuzu bizə 200 sözlə bildirin. Həmçinin, 2016-cı il yanvar ayının 30-nə qədər öz CV-izi azerbaijan@culturepartnership.eu ünvanına göndərin. Layihə barədə ətraflı məlumat üçün Aİ-nın Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı səhifəmizi ziyarət edin.

“Şərq Tərəfdaşlığı” nağılı: Avropa səhvini anladı

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” (Eastern Partnership) layihəsinin bu gün 10 yaşı tamam oldu. Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan təki postsovet məkanının 6 ölkəsinin iştirakı ilə yaradılmış bu layihə indi nə vəziyyətədədir? “Şərq Tərəfdaşlığı” gözləntiləri doğrultdu, yoxsa ekspertlərin on il əvvəl “ölü doğulmuş uşaq” adlandırdıqları bu proqram elə illüziya olaraq qaldı.

Sualları cavablamağa çalışaq.

İki gün əvvəl Slovakiyanın paytaxtı Bratislavada “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrin və “Vışeqrad” qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) görüşü keçirilib.

Əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Azərbaycanı XİN başçısının müavini Mahmud Məmmədquliyev təmsil edib.

“Şərq Tərəfdaşlığı” Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsü idi. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.

“Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib.

Ukrayna, Gürcüstan və Moldova “Şərq Tərəfdaşlığı”na qoşulandan sonra bəyan ediblər ki, onların xarici siyasətdəki başlıca məqsədləri və prioritetləri Avropa İttifaqına daxil olmaqdır.

Təbii ki, eyni addımın rəsmi Bakı tərəfindən atılması və ya Azərbaycanın da “Biz Avropa İttifaqına üzv olmağı arzulayırıq” bəyanatı ilə çıxış edilməsi arzulanırdı.

İllüziya təsiri bağışlayan belə gözlənti, əslində, “Şərq Tərəfdaşlığı” proqramının mahiyyəti ilə ziddiyyət təşkil edir. Nədən ki, bu layihə (və ya proqram) Avropa İttifaqının 2004-cü ilin mayında növbəti genişlənməsindən sonra “yeni qonşular”la, xüsusilə də postsovet ölkələri ilə Avropa qonşuluq siyasətinin fərqli və yeni mərhələsi olmalı idi.

Ən azı ona görə ki, “Şimal ölçümü” və “Aralıq dənizi İttifaqı” kimi layihələr özlərini doğrultmamış, faktiki fiaskoya uğramışdılar.

Brüssel bəyannaməsi və Riqa səhvi

2017-ci ilin noyabrın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində növbəti zirvə görüşü keçirilmişdi. 2015-ci ildə Riqada baş tutan tədbirdə alınan qərarlar bir sıra suallar yaratmışdı. O cümlədən həmin sammitdə qəbul edilən yekun bəyannamədə Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir fikir bildirilməmişdi. Brüssel sammiti bu məsələdə mümkün dəyişikliklər kontekstində də maraq doğururdu. Zirvə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası böyük zəhmət hesabına uğur əldə edib. Ermənistan və ona havadarlıq edən dairələrin sammit ərəfəsi apardıqları anti-Azərbaycan kampaniyası diplomatiyamızın çevikliyi və səmərəliliyi sayəsində puç oldu. Brüsseldə qəbul edilən birgə bəyannamədə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmini birmənalı vurğulandı. Bundan başqa, Prezident İlham Əliyevin dərin məzmunlu nitqi Azərbaycanın həm Avropa İttifaqı, həm də, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri nə dərəcədə səmərəli qurduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının sammitdə ifadə etdiyi fikirlərin geosiyasi analizi olduqca əhəmiyyətli idi.

Avropa İttifaqı sərhədləri yox, həddi aşmışdı

“Şərq Tərəfdaşlığı” ideyasını 2008-ci ilin mayında Avropa İttifaqının ümumi məsələlər və xarici əlaqələr Şurasının toplantısında Polşanın o dönəmdəki XİN başçısı Radoslav Sikorski təqdim edəndə mübahisələr yaranmışdı.

Bolqarıstan və Rumıniya hesab edirdilər ki, yeni qurum “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”nın dialoq və əməkdaşlıq forumu qismindəki fəaliyyətini heçə endirə bilər.

Çexiya və Polşa isə əksinə, layihəni müdafiə etmişdilər.

Azərbaycan layihəyə qatılanda “Şərq Tərəfdaşlığı”nın prinsipləri məntiqli və ağlabatandı.

Həmin prinsiplər belə idi:

1. İdarəetmə sisteminin təkmilləşdirilməsi, stabilliyin təminatı

2. Avropa İttifaqınının iqtisadi siyasətinə inteqrasiya və iqtisadi konvergensiya

3. Enerji təhlükəsizliyi

4. Viza rejiminin liberallaşdırılması, insanlar arasında əlaqələrin inkişaf etdirilməsi, qanunsuz miqrasiya ilə mübarizənin gücləndirilməsi.

“Şərq Tərəfdaşlığı” təşəbbüsü habelə Avropa İttifaqı və tərəfdaş ölkələr arasında assosiasiya ilə bağlı ikitərəfli anlaşmaların imzalanmasını da nəzərdə tuturdu. Daha sonra isə bəyan olundu ki, bütün bunlar həmin ölkələrin Avropapın sosial-iqtisadi və siyasi məkanına sonrakı inteqrasiya istiqamətində önəmli addımlar olmalıdır.

Lakin çox qısa müddətdən sonra “Şərq Tərəfdaşlığı”na üzv ölkələr süni dilemma qarşısında qoyuldular: onlar ya irəliyə, “Avropa İttifaqı ilə işıqlı gələcəyə” doğru getməli, ya da “geriləməli” idilər. “Geriləmək” dedikdə Rusiya ilə münasibətlərin mövcud səviyyədə saxlanması nəzərdə tutulurdu.

Daha konkret olsaq, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin istisnasız olaraq hamısından, o cümlədən Azərbaycandan belə mövqe tələb olundu.

Tələbin məntiqsizliyi və zərərliyi bir kənara – qlobal siyasəti “ağ-qara” və “biz-onlar” tipli bölgüyə uyğunlaşdırmaq cəhdləri, “bizimlə olmayan bizə qarşıdır” məntiqi ilə davranmaq istəyi, sadəcə, yolverilməz idi.

Azərbaycan belə aberrativ, hətta absurd seçimi etmədi və əslində, etmək niyyətində də deyildi. Çünki rəsmi Bakı qarşısında qoyulmuş şərt, əslində, ölkəmizin xarici siyasətinə kobud müdaxilə, dövlətimizə təzyiq cəhdi idi.

Avropa İttifaqı səhvini, deyəsən, gec də olsa anlamağa başlayıb və ölkəmizdəki pərakəndə müxalif siyasi qüvvələrin açıqlamalarının çılğınlıq səviyyəsindəki emosionallığını anlayaraq rəsmi Bakı ilə təmaslara üstünlük verib.

İndi növbə onlarındır

Azərbaycanın dövlət başçısı İlham Əliyevin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaşlıq və ümumiyyətlə, Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı mövqeyi açıq, konkret və aydındır.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini Bakıda qəbul edərkən o, demişdi: “Dağlıq Qarabağ münaqişəsinə yanaşma məsələsinə gəldikdə, xüsusilə də “Şərq tərəfdaşlığı” zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir”

Mövqe aydındır. Azərbaycan bundan sonra da müstəqil xarici siyasətini davam etdirəcək. Avropa İttifaqı ilə də əlaqələr həmin prinsip əsasında inkişaf etdirilə bilər. Bakı regionda sülh və barışın tərəfdarıdır. Bunun üçün konkret addımlar atır. Yalnız Qərb mövcud vəziyyəti obyektiv qiymətləndirməli və konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ikili standartlara son qoymalıdır. Eyni qayda ilə süni olaraq Azərbaycanda insan haqlarının pozulması hallarını axtarmağı dayandırmalıdırlar. Bununla bağlı Prezident Avropada dinc nümayişçilərin və etirazçıların üstünə it qısqırdan polisin olmasını xatırladıb. Azərbaycanda isə belə hallar yoxdur. Bunu nəzərə almalıdırlar.

Hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, multikulturalizm burada dövlət siyasətidir və fərqli mədəniyyətlərin real harmoniyasını təmin edən ölkədir. Onun qarşısında bir problem var: Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla ərazi bütövlüyünü təmin etmək! “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın perspektivləri də bu məsələ ilə sıx bağlıdır. Rəsmi Bakı artıq bu fikrini qətiyyətlə Brüsselə ifadə edib. Seçim onlarındır

Dövlət başçısının Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı qətiyyətli mövqeyi bəlli: rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.

Bu fikirlər bir daha göstərir ki, Azərbaycan müstəqil mövqeyindən heç bir halda çəkilməyəcək. Onun istənilən beynəlxalq təşkilatlarla əlaqələri yalnız bu çərçivədə qurula bilər. Konkret Avropa Şurasına gəldikdə isə, ölkə rəhbəri əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu ayrıca vurğulayır. Bu o deməkdir ki, Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar davam etsə, ölkə həmin təşkilatı tərk edə bilər və bundan Aİ də zərər görər. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bütün sahələrdə səmərəli, sivil, demokratik ruhlu əməkdaşlıq aparan ölkədir. Bu regionda Azərbaycanı başqa heç bir dövlət əvəz edə bilməz.

Avropa İttifaqı da “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla bağlı tutduğu mövqelərinin yanlışlığını anlayıb.

İndi real və konstruktiv tərəfdaşlıq zamanıdır.

Elçin Alıoğlu
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.