Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu – TƏHLİL
“QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ HADİSƏDİR”
Prezident İlham Əliyevin yeni enerji siyasəti – Azərbaycan təchizatı genişləndirir
Sabah bütün dünyanın diqqəti yenidən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün keçiriləcəyi Azərbaycana yönələcək. Hər il bu tədbir getdikcə populyarlaşır və enerji məsələlərinin həlli səylərinin bir hissəsi olmağa çalışan daha çox potensial tərəfdaşları bir araya toplayır. Və bu səylərin mərkəzində təbii ki, hazırda xüsusi əhəmiyyət kəsb edən bu mühüm infrastrukturun “mavi yanacaq” mənbəyi olan Azərbaycan durur. Avropa ölkələri dəfələrlə bəyan ediblər ki, vaxtilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi müdrik qərar idi və bu layihə olmasaydı, indi, enerji böhranı şəraitində qitənin ölkələri üçün daha çətin olardı.
Cənub Qaz Dəhlizi ideyası Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və xarici siyasət strategiyası sayəsində reallaşıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə əvvəldən gələcək üçün nəzərdə tutulmuşdu, layihənin ilk günlərindən potensialın genişləndirilməsi barədə artıq danışılırdı. Bu baxımdan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. İndi isə bu infrastruktur vasitəsilə qaz tədarükünün artırılmasına real ehtiyac yarananda Azərbaycan etibarlı tərəfdaş kimi sözünün üstündə durur və daha çox “mavi yanacaq” verməyə hazır olduğunu bildirir.
Sabahkı iclasın xüsusi əhəmiyyəti var və əvvəlkilərdən seçilir. Ənənəvi olaraq, bu iclasda xüsusilə Xəzər regionundan Avropaya təbii qaz tədarükünün qurulması və ya artırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu tədbir çərçivəsində isə “yaşıl” enerji üzrə ilk nazirlər görüşü keçiriləcək. Bu da təsadüfi deyil, bu sahədə Avropa ölkələrinin Azərbaycanla müzakirə edəcəyi bir şey var, çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni enerji siyasəti sayəsində ölkəmiz “yaşıl” enerjinin etibarlı təchizatçısına çevrilir.
Prezident İlham Əliyevin yeni enerji siyasətinin əsasını iki komponent təşkil edir. İlk olaraq, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu qeyd etmək yerinə düşər. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən imzalanan sənəd Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılmasını, həmçinin alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Artıq bu sənədin icrasına başlanılıb.
İkinci komponent Azərbaycanın Avropaya qurduğu enerji körpüsüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropaya “yaşıl” enerjidən istehsal olunan elektrik enerjisinin mühüm təchizatçısına çevrilməyi planlaşdırır.
Azərbaycan Avropanın artan tələbatını ödəmək üçün həm təbii qaz, həm də bərpa olunan enerji üzrə böyük potensiala malikdir.
Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxındır. Təkcə “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən artıqdır. Bu isə Azərbaycana növbəti 100 ildə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi qalmağa imkan verir.
2022-ci ildə Azərbaycan Avropaya 11,3 milyard kubmetr qaz ixrac edib, 2021-ci ildə isə bu rəqəm 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə Azərbaycan Avropaya ən azı 11,6 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır və 2023-cü ildə Azərbaycandan təbii qaz ixracının ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr olub. Azərbaycan Avropa bazarına qaz tədarükünün coğrafiyasını genişləndirir. Bu, müsbət nəticədir, çünki Avropanın enerji təhlükəsizliyini qorumaq üçün qaza ehtiyacı var, Azərbaycana isə böyük həcmdə enerji resurslarını satmaq üçün etibarlı bazar lazımdır.
Prezident İlham Əliyevin bu gün Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşündən sonra mətbuata açıqlamasında dediyi kimi, biz iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik.
“Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”, – deyə Prezident İlham Əliyev bildirib.
Qeyd etmək lazımdır ki, TAP konsorsiumu bu yaxınlarda potensialın genişləndirilməsinin birinci mərhələsinə başlayıb. Konsorsium 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr çərçivəsində ildə 1,2 milyard kubmetr əlavə güclər ayıracaq.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı haqqında
Azərbaycanın bərpa olunan enerji potensialına gəlincə, quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi isə 157 giqavatdır. Azərbaycan strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisi istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavat əlavə güc yaratmağı planlaşdırır.
Artıq “yaşıl” enerji ilə bağlı həyata keçirilən layihələr Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq.
2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Qara dənizin dibi ilə kabel çəkiləcək və bu kabel vasitəsilə Azərbaycandan Avropaya “yaşıl” enerji veriləcək. Bu o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında tam şəkildə iştirak edəcək. BP-nin azad edilmiş Cəbrayılda 230 meqavatlıq günəş enerjisi layihəsinə investisiya qoymaq qərarı da təqdirəlayiqdir. Elektrik enerjisi Zəngəzur dəhlizi ilə ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiyası tikilir.
“Yaşıl” enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi üçün minimum potensial 9200 meqavat, su elektrik potensialı isə ən azı 600 MVt təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə 30-dan çox orta və kiçik SES tikiləcək, onlardan 5-i artıq istismara verilib.
Ümumilikdə Azərbaycanda həyata keçirilən cari investisiya layihələri (günəş, külək elektrik stansiyaları) ölkəni 700 meqavatdan çox təmiz “yaşıl” enerji ilə təmin edəcək. Paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda gücü 22 min meqavata qədər olan günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır.
Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli enerji strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan karbohidrogen enerjisi ilə “yaşıl” enerji arasında balans tapmağa və Avropanın enerji resurslarının hərtərəfli təchizatçısına çevrilməyə nail olub.
Prezident İlham Əliyevin ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman ilə görüşündə vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Cənub Qaz Dəhlizi Azərbaycanın ən mühüm beynəlxalq aktividir və “yaşıl dəhliz”lə sinerjidə ölkəmizi Avropanın enerji arteriyasının ən mühüm halqasına çevirir.
Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu – TƏHLİL
Bu gün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən iri şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.
“BU STANSİYASININ AÇILMASI ƏLBƏTTƏ, GENERASİYA GÜCLƏRİMİZİ BÖYÜK DƏRƏCƏDƏ ARTIRACAQ”
Qeyd edək ki, cari ilin fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində də bildirdi ki, ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətinin getdikcə artdığını göstərir.
“QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ HADİSƏDİR”
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, ölkəmizin energetika sahəsində çox əlamətdar bir gün olduğunu və bu stansiyanın həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək: “Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək”.
“AZƏRBAYCAN ELEKTRİK ENERJİSİNİN BÖYÜK İSTEHSALÇISI VƏ İXRACATÇISI OLACAQDIR”
“Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”,-deyən dövlət başçısı onu da bildirib ki, artıq bu işin təzahürləri görünür: “Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik – təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik”.
“BİZİM SİYASƏTİMİZ, İLK NÖVBƏDƏ, AZAD EDİLMİŞ TORPAQLARI BƏRPA ETMƏK VƏ ÖLKƏMİZİN DAYANIQLI İNKİŞAFINI TƏMİN ETMƏKDİR”
Prezident İlham Əliyev təməlqoyma mərasimində çıxışı zamanı vurğulayıb ki, bu gün əsas məqsəd ilk növbədə, azad edilmiş torpaqları bərpa etməkdir: “Bizim siyasətimiz, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək və ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir”.
Dövlətimizin başçısı qeyd edib ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir: “Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik”.
“BÖYÜK POTENSİAL İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏDİR”
Dövlət başçısı vurğulayıb ki, bu gün böyük potensial işğaldan azad edilmiş ərazilərdədir: “Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik”.
“AZAD EDİLMİŞ TORPAQLARDA CƏMİ BİR İL ƏRZİNDƏ 7 YARIMSTANSİYA YARADILIBDIR”
Prezident İlham Əliyev çıxışında söyləyib ki, keçən il 4 su elektrik stansiyasını bərpa edilib ki, onların da ümumi generasiya gücü 20 meqavatdır: “Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır”.
“Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir, – deyən dövlət başçısı qeyd edərək bildirib ki, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir: “Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir”.
“QEYRİ-NEFT SEKTORUNA BÖYÜK HƏCMDƏ XARİCİ SƏRMAYƏNİN QOYULMASI BİZİM ƏSAS PRİORİTETLƏRİMİZDƏN BİRİDİR”
“Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq”.Bu fikirləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında söyləyib.
Bu gün Azərbaycanın həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkə olduğunu diqqətə çatdıran dövlətimiz başçısı deyib: “Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır”.
“AZƏRBAYCAN DÜNYA MİQYASINDA O ÖLKƏLƏRDƏNDİR Kİ, XARİCİ DÖVLƏT BORCU ÇOX AŞAĞI SƏVİYYƏDƏDİR, CƏMİ 7,4 MİLYARD DOLLARDIR”
“Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır”,- deyən dövlət başçısı Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədə olduğunu bildirib.
“Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır”, – deyə dövlətimizin başçısı vurğulayıb.Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır: “Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.
“AZƏRBAYCAN DÜNYA MİQYASINDA BÜTÜN ENERJİ KOMPONENTLƏRİNİN İNKİŞAFINA GÖRƏ QABAQCIL ÖLKƏLƏRDƏNDİR”
Dövlət başçısı çıxışı zamanı müstəqilliyimizin ilk illərində enerji sahəsində çətinliklərdən danışaraq bildirdi ki, bu mövcud olan stansiyalar yararsız vəziyyətdə olmağından irəli gəlirdi: “Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir”.
“Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Göründüyü kimi, bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılmaqdadır. Bu isə, Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini isğat edir. Bir sözlə bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.
Prezident İlham Əliyevin dediyi kimi: “Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq”.
RƏFİQƏ KAMALQIZI
Azərbaycanın enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 26 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdür: “Chevron-Texaco” (10.2 faiz), “Lukoil” (10 faiz), ARDNŞ (10 faiz), “Statoil” (8.6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6.8 faiz), “Devon Energy” (5.6 faiz), “Itochu” (3.9 faiz), “Amerada Hess” (2.7 faiz). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilib və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərdi. “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq etibarını ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə belə, sözügedən sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi”, – deyə deputat qeyd edib.
Diqqətə çatdırılıb ki, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır.
“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni Əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni Əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü tamamilə fərqli idi. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq “Əsrin müqavilə”sində öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.
İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir.
V.Bayramov bildirib ki, “Yeni Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.
Yeni anlaşmada xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir. İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur – 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyəti yoxdur. Mövcud faiz bölgüsü, həm hökumətə, həm də şirkətlərə sərf edir. Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin. Bu, əldə edilən mənfəətin hər 100 dollarından 75-nin Azərbaycan dövlətinə çatması anlamına gəlir. Faizlər elə olmalıdır ki, o, həm hasilatda iştirak edən şirkətlər, həm də Azərbaycan dövləti üçün məqbul olsun. Hasilatın əvvəlki pay bölgüləri matriks formasında həyata keçirildiyi üçün, fərqli faizlər vardı və ən yüksəyi isə 75 faiz idi. Azərbaycan hökuməti də yeni Sazişdə həmin payı qoruyub saxlaya bilib. Təhlillər göstərir ki, 75/25 faiz nisbəti hamı üçün məqbul variantdır. Çünki hazırda dünya bazarında neftin qiyməti nisbətən aşağıdır. Neft sektoru 3-4 il əvvəl olduğu kimi rentabelli deyil, rentabellik xeyli azalıb. Buna rəğmən, 75/25 faiz nisbəti həm şirkətlərdə fəaliyyət üçün stimul verir, həm də Azərbaycan hökumətinə satılmış neftdən əldə edilən gəlirin 75 faizinə sahib olmaq imkanı yaradır ki, bu da çox məqbuldur. Bundan əlavə, SOCAR da pay sahibi kimi yerdə qalan mənfəətin 25 faizini əldə edəcək. Enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyyatının sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub. Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Postsovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyyatının digər sektorlarına da kütləvi investisiya axını başlandı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çökmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-nin artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə, sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar qeyri-neft ÜDM-nin də inkişafını stimullaşdırdı.
“Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir”, – deyə deputat vurğulayıb.
Похожие статьи
-
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000 Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda…
-
Azərbaycan tarixi esrin muqavilesi
Srin müqaviləsi Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%,…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
-
Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…
-
Azərbaycan tarixi 7 cilddə 1-ci cild
AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…
Comments are closed, but trackbacks and pingbacks are open.