Press "Enter" to skip to content

Arxeoloji mədəniyyətlər

Şomulutəpə
Füzuli şəhərinin mərkəzindən 7-8 km şimalda, Köndələnçayın sağ sahilində yerləşən, ilk və оrta tunc dövrlərinə aid yaşayış məskəni. Brradan tapılan nümunələr Şоmultəpənin e.ə. III-II minilliklərdə əkinçi-maldar icmalarına məxsus оlduğunu göstərir.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Təsadüfi deyil ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (e.ə.III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (e.ə. II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Nəsimi, Füzuli kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, təcnis aşıqların sevimli ifa tərzidir. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Bunu dünyanın nüfuzlu təşkilatlarında da sübuta yetirir. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildən isə əməkdaşlığa başlamışdır.

Azərbaycan UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına 2 qeyri-maddi mədəni irs — Şirvanşahlar sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələri daxil edilib.

Eyni zamanda qeyri-maddi mədəni irs siyahısına 11 element daxil edilib:

1. Azərbaycan muğamı (2008)
2. Azərbaycan aşıq sənəti (2009)
3. Novruz bayramı (2009)
4. Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010)
5. Azərbaycan tar ifaçılıq sənəti (2012)
6. Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu (2013)
7. Qadın başörtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014)
8. Lahıc misgərlik sənəti (2015)
9. Lavaş (2016)
10.Kamança (2017)
11.Dolmanın hazırlanması və paylaşma ənənəsi (2017)

“Dünyanın yaddaşı” siyahısına isə bir element daxil olub. Bu da təbiət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarıdır. Onlar Bakı şəhərində yerləşən Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada 12 minə yaxın qiymətli əlyazma mövcuddur.

Güman edirik ki, Azərbaycanın mədəni irsi dünya tərəfindən tanınmaqda davam edəcək, çünki sərvətimiz bitib tükənmək bilməyən zənginliklərlə doludur!

Arxeoloji mədəniyyətlər

Kür-Araz mədəniyyəti
Son eneolit və erkən tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Başlanğıcını Azərbaycan ərazisindən götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür – Araz mədəniyyəti adlandırılmışdır.
Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Aşel mədəniyyəti
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.

Quruçay mədəniyyəti
Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Məhz buna görə də Azıx mağarasının 7-10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.

Anazağa yaşayış yeri
Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst hissəsində yerləşir. Burada Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları əldə edilmişdir. Tapıntılar qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və başqa əşyalardan ibarətdir.

Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Eneolit dövrünə aiddir. Buradan gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir.

Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları müəyyənləşdirilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.

Leylatəpə abidəsi
Mədəniyyətə daxil olan Leylatəpə abidəsi Ağdam rayonunda yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Abidədən 12 dulus sobası aşkarlanıb və bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir. Leylatəpə abidəsinin ən maraqlı tapıntıları buradan aşkar olunan 4 gil qabda dəfn olunmuş uşaq qəbirləridir.

Keçili təpəsi abidəsi
Leylatəpə mədəniyyətinə aid olan digər abidə Keçili təpəsi abidəsidir. Abidə Şəmkir rayonunun Keçili kəndindən şimalda yerləşir. Keçili təpəsi abidəsindən aşkar olunan materialların xronoloji müqayisəsi, eyni zamanda burada qeydə alınan yastı oturacaqlı gil qablar bu yaşayış yerinin eneolitin son mərhələsinə aid olduğunu sübut edir.

Böyükkəsik abidəsi
Leylatəpə mədəniyyətinə xas olan abidələrindən biri də Böyükkəsik abidəsidir. Abidə 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi zamanı aparılan qazıntı işləri zamanı Tovuz rayonu ərazisində tapılıb. Abidədə dördbucaqlı formada tikili qalıqları ilə yanaşı uşaqlara məxsus gil qablarda dəfn etmə faktlarına da rast gəlinib.

Qobustan qayaüstü rəsmləri
Qobustan petroqliflərini – açıq səma altında muzey də adlandırırlar. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik həyat tarixi – yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. Qobustan YUNESKO-nun “Dünya irsi” siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

Ağsal yaşayış yeri
Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır.

Naxçıvan nekropolu
Naxçıvan nekropolu Naxçıvan şəhərinin şimalında, Naxçıvan-Şahbuz şosse yolunun sol tərəfində yerləşir. Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirlərdə cüt və kollektiv dəfnlər olmuşdur.
Naxçıvan nekropolunun qəbirlərindən qara, boz, polixrom boyalı gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış muncuqlar tapılmışdır. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir.

Culfa nekropolu
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır.
Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII-IX əsrlərə aid edilir.

Xoşbulaq kurqanları
Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində daş örtüklü kurqan tipli qəbirlər. Bu qəbirlərdə skelet arxası üstə oynaqlardan bükülü formada, başı qərbə doğrudur. Belə qəbirlərdə bir qayda olaraq qara rəngli, küpə formalı üç qulp qablara daha çox təsadüf olunur. Buradan həmçinin qızıl, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları da tapılmışdır.

Kültəpə
Füzuli şəhərinin mərkəzindən 40 km şərqdə, Bala Bəhmənli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çоxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, оx ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir.

Şomulutəpə
Füzuli şəhərinin mərkəzindən 7-8 km şimalda, Köndələnçayın sağ sahilində yerləşən, ilk və оrta tunc dövrlərinə aid yaşayış məskəni. Brradan tapılan nümunələr Şоmultəpənin e.ə. III-II minilliklərdə əkinçi-maldar icmalarına məxsus оlduğunu göstərir.

Şortəpə yaşayış yeri
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.
Yaşayış yerində ilk, orta və son tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir.

Мingəçevir yaşayış yeri
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş tunc dövrünə və antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində erkən tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək öyrənilmişdir.

Kərki yaşayış yeri
Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar orta tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir.

Plovdağ
Plovdağ abidələri Araz çayından 2,0-2,5 km şimalda, Gilançayın sol sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərmişdir ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində yerləşir.

Sarıtəpə
Sarıtəpə Azərbaycanın Qazax rayonunun qərbində yerləşən, dəmir dövrünə aid ən möhtəşəm abidələrdən biridir.
Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur.

Uzuntəpə yaşayış yeri
Uzuntəpə yaşayış yeri uzunsov təpə şəklindədir. Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları, heyvan fiqurları, ocaq qurğularından ibarətdir.

Şuşa mağara düşərgəsi
Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır.

Daş Salahlı mağarası
Aveydağ mağaraları qrupundan olan ən iri mağara. Qazax rayonununn Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.

Damcılı mağarası
Damcılı mağarası mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın cənub-şərqində, əhəng qayalığın altındadır.
Aveydağ mağaralar qrupundan ən irisidir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Göytəpə
Güney Azərbaycanda,Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dovrunə aid edilir və Göytəpə ərazisində Manna dölətinin hansısa vilayətinin olması iddiası irəli sürülür. Goytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır. Təpənin heç də bütün təbəqələri açılmamışdır. Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur.

Torpaqqala
Torpaqqala Azərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeridir.
Bu abidə Alazan çayının sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir.
Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir.

Yedditəpə
Füzuli şəhərinin mərkəzindən 6 km şimal-şərqdə, Mirzə Camallı kəndi yaxınlığında yerləşir. Tunc dövrünə aid arxeoloji abidə hesab edilir. Yedditəpə iyirmiyə yaxın kurqandan ibarətdir. 1972-ci ildə arxeoloji qazıntılar zamanı Yedditəpədən erkən оrta əsrlərə və daha əvvəlki dövrlərdə (IV-VI əsrlərə aid) daş qutu qəbirlər aşkar edilmişdir. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, musiqi alətləri, ( sinclər), nizə balta, qılınc, xəngər, metal tоqqa, zınqırоv və s. tapılmışdır.

Örənqala şəhər xarabalığı
Mil düzündə yerləşən qədim Örənqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə başlanmışdır. Bu ekspedisiya Örənqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Örənqala şəhər yerindən tapılmış Rey keramikasının ayrı-ayrı nümunələri və çoxlu miqdarda mis sikkələr göstərir ki, şəhərin çiçəklənmə dövrü səlcuq və monqol yürüşləri (XII-XIV əsrlər) dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, monqol işğalları dövrü dedikdə, Hülakülər dövləti dövrü nəzərdə tutulur. Belə ki, ilk monqol hücumları zamanı şəhər güclü dağıntıya məruz qalmış, uzun zaman dirçələ bilməmişdi.

Azərbaycan mədəniyyət nümunələri

Azərbaycan mədəniyyəti inkişaf yollarında

Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olmuşdur. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. Azərbaycanın bir çox mədəniyyət nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edərək demişdir: �Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur �.

Göründüyü kimi, ulu öndər Heydər Əliyev arxeoloji və etnoqrafik faktlar əsasında Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulamışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış bir sıra proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji istiqamətləri öz ifadəsini tapmışdır.

Bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Bu məqsədlər ölkənin mədəni potensialının, mənəvi irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarətdir. Bu baxımdan 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1.Regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə inteqrasiyası;

2.Azərbaycan Respublikasının mədəni irsinin qorunmasının təmin edilməsi, o cümlədən daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılması;

3.Ölkənin tarixi mədəni irsinin və mədəni potensialının qorunması və bu məqsədlə muzey işi sahəsində sistemli islahatların aparılması;

4.Kitabxana fondlarında müasir komplektləşdirmə mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı və ölkə üzrə kitabxana � informasiya kompyuter şəbəkəsinin yaradılması və inkişafı;

5.Mədəniyyət obyektləri və digər sahə təşkilatları arasında əməkdaşlıq və kooperasiya sisteminin yaradılması.

Yuxarıda göstərilən bütün bu tədbirlərin həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı kontekstində mədəniyyətin inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, 2009-cu il Azərbaycan mədəniyyəti üçün çox uğurlu olmuşdur. Bu baxımdan 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bu yöndə 100-ə yaxın tədbirin həyata keçirilməsi milli mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında müəyyən rol oynamış və daha da zənginləşməsinə xidmət etmişdir.

Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan Respublikasında, eyni zamanda, Qərb ölkələri ilə də mədəni əlaqələrin genişləndirilməsi sahəsində mühüm tədbirlər görülmüşdür. Bu baxımdan 2009-cu ildə Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri, xüsusən İsveçrədə Azərbaycan mədəniyyətinə həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi təşkil olunmuşdur.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi proqramı çərçivəsində ilboyu həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın islami dəyərlərə bağlı olduğunu, tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkəmizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoydu.

İndi isə � İslam mədəniyyətinin paytaxtları� beynəlxalq proqramının yaranması və mahiyyətini oxucuların nəzərinə çatdırmaq istərdik. İslam Konfransı Təşkilatı tərəfindən həyata keçirilən və 2005-2014-cü illəri əhatə edən �İslam mədəniyyətinin paytaxtları � proqramı ilk dəfə İslam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ildə Əlcəzairdə keçirilən IV İslam konfransında təsdiq edilmişdir. Bu proqram çərçivəsində həyata keçirilən layihədə Şərq regionundan hər il bir müsəlman ölkəsinin şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur və həmin şəhərin İslam sivilizasiyasındakı rolu geniş və hərtərəfli təbliğ edilir. Proqramdakı prinsipə görə �İslam mədəniyyətinin paytaxtı� statusunu alan şəhərin həm İslam, həm də dünya mədəniyyətində, elm, ədəbiyyat və incəsənət sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalı, zəngin və qədim əlyazmaları qorunan kitabxanalara,eyni zamanda beynəlxalq m ədəni tədbirlərin keçirilməsi üçün müvafiq mədəniyyət potensialına və zəngin tarixi keçmişə malik olmalıdır.

Beləliklə, yuxarıda deyilən şərtlər nəzərə alınmaqla, �İslam mədəniyyətinin paytaxtı� statusu 2005-ci ildə təyin edilmişdir. Bu statusa ilk dəfə (2005) Məkkə şəhəri layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son illərdə hər il Asiya, Afrika qitəsində yerləşən müsəlman ölkələrindən və Ərəb dünyasından seçilmiş bir neçə (3-4) şəhərlər bu statusa layiq görülür. Məsələn, 2005-ci ildən sonra İslam mədəniyyətinin paytaxtı adına layiq görülən şəhərlər aşağıdakılardır:

1.2006-cı ildə: İsfahan ( İran), Hələb ( Suriya), Timbukti ( Mali);

2.2007-ci ildə: Daşkənd ( Özbəkistan), Fes ( Mərakeş), Tripoli (Liviya), Dəkkə ( Seneqal);

3.2008-ci ildə: Dəməşq (Suriya), Lahor (Pakistan), İsgəndəriyyə (Misir), Çibuti ( Çibuti);

4.2009-cu ildə: Bakı ( Azərbaycan), Kuala-Lumpur (Malayziya), Nçamena (Çad), Kayruan (Tunis).

Göstərmək lazımdır ki, �İslam mədəniyyətinin paytaxtı� adına layiq görülən şəhərlərdə �İslam mədəniyyətinin paytaxtları� proqramı çərçivəsində bir il ərzində keçirilən tədbirlər İslam ölkələrinin siyasi -iqtisadi cəhətdən yaxınlaşmasına təsir etm əklə yanaşı, tədbirlərdə iştirak edən ölkələrin mədəniyyətlərinin zənginləşməsinə də müsbət təsir göstərir. Bundan başqa, bu cür tədbirlər qeyri-müsəlman ölkələrinin İslam mədəniyyətinə marağını artırır və sivilizasiyalararası dialoqun inkişafına müsbət təsir göstərir.

2009-cu il noyabrın 11-də Bakı şəhərində İKT-nin 40 illiyinə həsr edilmiş �Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış� mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Diplomatik Akademiyası (ADA) və İKT-nin Baş Katibliyi ilə birgə təşkil edilmiş bu konfransda 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və s. qonaqlar iştirak etmişlər. Beynəlxalq konfransda respublikamızın xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev, İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə və başqaları çıxış edərək sivilizasiyalararası və dinlərarası dialoqun qlobal əhəmiyyət daşımasından, İKT-nin bu sahədəki fəaliyyətindən, Azərbaycanın dinlərarası dialoqa töhfəsindən bəhs etmişlər. Çıxış edənlər 1 milyarddan çox müsəlmanı və 54 ölkəni əhatə edən İKT-nin insan hüquqlarının qorunmas ı uğrunda mübarizə apardığını, dünyada sosial -siyasi ədalətsizliyə son qoymaq istiqamətində böyük işlər gördüyünü, sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində geniş fəaliyyət göstərdiyini qeyd etmişlər. Beynəlxalq konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun qarşılaşdığı problemlər, dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi və s. sahələrdə elmi müzakirələr aparılmışdır.

Konfransda çıxış edənlərin əksəriyyəti belə qənaətə gəlmişlər ki, Avrasiyada xüsusi geosiyasi mövqe tutan, bir neçə mədəniyyətlərin qovuşuğunda yerləşən və öz tolerantlığı ilə seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoqda nümunə ola bilər. Məsələn, QMİ-nin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında bildirmişdir ki, humanist İslam dəyərləri və zəngin ənənələrimizdən formalaşan nadir Azərbaycan modeli müasir dünya üçün qiymətli örnək ola bilər. Konfransda A. Paşazadənin bu fikrini dəstəkləyən İKT-nin Baş katibi E. İhsanoğlu Azərbaycanın böyük sivilizasiyalararası əməkdaşlıq sahəsində simvola çevrildiyini vurğulayaraq bildirmişdir ki, bu amil ölkəmizin yerləşdiyi coğrafi məkan, həm də burada müxtəlif mədəniyyətlərin qovuşmas ı ilə əlaqədardır.

�Bakı İslam mədəniyyətinin paytaxtı-2009� mədəniyyət ili çərçivəsində AMEA Azərbaycan Tarixi Muzeyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə �İslamda mədəniyyət və gözəllik amili� mövzusunda 9-10 noyabr 2009-cu il tarixində Bakıda keçirilən Beynəlxalq elmi praktik konfrans da maraqlı olmuşdur. Bu konfransda Rusiya, Misir, Albaniya, İordaniya,Türkiyə, Macarıstan və s. ölkələrdən gələn nümayəndələr iştirak etmişlər. Konfrans iştirakçıları belə qənaətə gəlmişlər ki, son illərdə YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Azərbaycanda keçirilən bütün tədbirlərin uğurla nəticələnməsi ölkəmizi dini tolerantlıq nümunəsinə və sivilizasiyalararası dialoqun baş tutduğu məkana çevirmişdir.

Azərbaycanın mədəni həyatında mühüm rol oynayan tədbirlərdən biri də 20-25 mart (2009) tarixində Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən �Muğam aləmi� Beynəlxalq festivalı olmuşdur. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunmuşdur. Beynəlxalq Muğam festivalının rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, YUNESKO-nun Baş katibi Koişiro Matsuura və digər yüksək səviyyəli xarici qonaqların iştirak etməsini Azərbaycan mədəniyyətin ə göstərilən yüksək diqqətin bariz nümunəsi kimi qiymətləndirmək olar.

Beynəlxalq festivalın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətində muğam sənətinin rolundan, xalqımızın muğam sənətinə sevgisindən bəhs edərək demişdir: �Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq Muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir�.

Rəsmi mərasimdə iştirak edən YUNESKO-nun Baş katibi K.Matsuura Azərbaycan xalqının zəngin mədəniyyətə malik oldugunu vurğulayaraq, ölkəmizdə mədəni irsin qorunmasında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xüsusi rol oynadıgını diqqətə çəkərək demişdir: �Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev, xanım Əliyeva Qeyri-Maddi İrsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna görə Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bunlar Qeyri-Maddi İrsin tərkib hissələridir�.

Buradan göründüyü kimi, YUNESKO-nun Baş katibi K.Matsuura Azərbaycan xalqının zəngin mədəniyyətə malik oldugunu bildirməklə, həm də xalqımızın mədəni irsinin qorunmasında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirmişdir. Bu baxımdan istər Azərbaycan muğam sənətinin, istərsə də xalqımızın aşıq sənətinin YUNESKO-nun Qeyri-Maddi İrsin qorunduğu şah əsərlərin siyahısına daxil edilməsində Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu sahədə göstərdikləri təşəbbüs və s əyləri xüsusi qeyd etmək lazımdır.

Məlumdur ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahəsində çox böyük işlər görmüşdür. Hələ 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən �Azərbaycan muğamları� layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifalarından ibarət �Qarabağ xanəndələri� adlı zəngin musiqi albomu hazırlanıb təqdim edilmişdir. Sonra bu layihənin davamı kimi, 2008-ci ildə �Muğam ensiklopediyası� hazırlanıb nəşr edilmişdir. Bu isə mütəxəssislər tərəfindən xalqımızın qədim musiqi irsinin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilmişdir.

Muğam mədəniyyətimizin qorunması və təbliği sahəsində möhtəşəm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun növbəti uğurlu layihələrindən biri də �Azərbaycan muğamı� interaktiv audiovizual multimedia toplusu və �Muğam aləmi� nəşridir ki, bu da muğamsevərl ər üçün ən gözəl tədris vəsaitidir. Qeyd edək ki, 8 diski əhatə edən �Azərbaycan muğamı� multimedia toplusunda muğamın mənşəyi, növləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri toplanmışdır. �Muğam aləmi� adlanan toplu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam festivalına həsr edilmişdir. Maraqlı cəhət odur ki, � Muğam aləmi� toplusuna klassik Azərbaycan muğamlarını, simfonik muğamları, Azərbaycan muğam operalarını, eyni zamanda tanınmış xarici musiqiçilərin çıxışlarını və etnocaz nümunələrini əhatə edən 33 DVD yerləşdirilib. Buradan göründüyü kimi, Azərbaycan muğamlarının təbliği ilə bağlı çox işlər görülmüşdür. Azərbaycan mədəniyyətinin inkişafında muğam sənətinin yeri və rolundan bəhs edən Mehriban xanım Əliyeva demişdir: � Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq muğam sənəti öz xüsusi yerini qoruyub saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə, təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanılıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm �.

Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorunması və bərpasına dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqət və qayğısı xalq tərəfindən həmişə rəğbətlə qarşılanmaqdadır. Məsələn, Dənizkənarı Milli Parkın ərazisində inşa edilən Azərbaycan və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin tikintisini daim diqqətdə saxlayan Prezident İlham Əliyev vaxtaşırı tikinti işləri ilə maraqlanaraq həmin mədəniyyət obyektinin milli memarlıq üslubunda tikilməsinə aid öz t övsiyələrini vermişdir.

Bundan başqa, dövlət başçımız İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olarkən orada çalışanlara teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini tövsiy ə edərək onlara müvafiq tapşırıqlar vermişlər.

Başqa sahələrdə olduğu kimi, ölkələrarası mədəni əlaqələrin inkişafında da məlumdur ki, informasiya resursları, o cümlədən veb-saytlar mühüm rol oynayır. Bu baxımdan 2009- cu il 18 fevral tarixində �Bakı-İslam mədəniyyətinin paytaxtı-2009� mədəniyyət ilinin açılışı münasibətilə �www.baku-icc-2009.az� veb-saytı istifadəyə verilmişdir. Saytdan istifadə edənlərin dil probleminin aradan qaldırılması məqsədilə saytın portalının 5 dildə � Azərbaycan, ingilis, rus, ərəb və fransız dillərində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. 19 bölmədə 194 mövzunu əhatə edən bu sayta �Xəbərlər �, �Online səsvermə�, �Qonaq kitabı�, �Azərbaycan haqqında�, �Abşeron yarımadası�, � Bakı�, �Mədəniyyət�, �Turizm� və digər bölmələr daxil edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, onun beynəlxalq aləmdə tanınmasında veb-saytların mühüm rolu olmuşdur. İ SESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri 2009-cu il fevralın 18-də bu veb-saytın təqdimat mərasimində çıxış edərək onun İslam mədəniyyətinin tanınmasına, sevilməsinə bir daha təkan verəcəyini vurğulamış və başqa dinlərin nümayəndələrinə Azərbaycan tarixi, musiqisi , bütövlükdə mədəniyyətinin özünəməxsusluğu haqqında ətraflı məlumat verəcəyini bildirmişdir.

2009-cu ilin mart ayının sonunda Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun başçılığı ilə 8 nəfərdən ibarət nümayəndə heyəti aşıq musiqisi ilə əlaqədar konsert vermək üçün Fransanın Paris və Strasburq şəhərlərində olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın �Maison des cultures du monde� Assosiasiyası arasında imzalanmış müqaviləyə əsasən, 29 mart 2009- cu il tarixində Parisin məşhur Luvr Muzeyinin auditorium zalında keçirilmiş konsertdə aşıqlar çox yüksək səviyyədə iştirak etməklə tamaşaçılar ı müxtəlif aşıq havaları ilə tanış etmişlər. Tamaşaçıların əksəriyyətini xarici vətəndaşların təşkil etdiyi konsert proqramı sürəkli alqışlarla qarşılanmışdır. 2009-cu il martın 30-da Strasburq konservatoriyasının konsert zalında növbəti aşıq musiqisi konsertinin keçirilməsi məqsədilə nümayəndə heyəti Strasburq şəhərin ə yola düşmüşdür. Paris konsertində olduğu kimi, davamlı alqışlarla müşayiət olunmuş konsert zamanı aşıq musiqiçilərimiz çox yüksək səviyyədə çıxış edərək Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətini xarici vətəndaşlara sevdirməyə nail olmuşlar.

Bundan başqa, aşıqlarımız 2009-cu ilin noyabrında Böyük Britaniyanın paytaxtında və bir sıra iri şəhərlərində geniş konsert proqramları ilə çıxış etmişlər.

Qeyd edək ki, sosial-iqtisadi sahədə olduğu kimi, mədəniyyət sahəsində də Azərbaycanın böyük nailiyyətlər əldə etməsi onun beynəlxalq nüfuzunun artmasının göstəricisinə çevrilmişdir. Belə ki, qısa zaman ərzində respublikamızın bir çox maddi və mənəvi mədəniyyət nümunələrinin YUNESKO- nun Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanınmasının bariz nümun əsidir. Bu, həm də qədim və zəngin Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasının əsas şərtlərindən biridir.

2000-2009-cu illərdə YUNESKO-nun siyahısına daxil edilmiş Azərbaycanın maddi və mənəvi mədəniyyət nümunələri aşağıdakılardır:

1.İçərişəhər, qala divarları ilə birlikdə � 2000-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

2.Qız Qalası � 2000-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

3.Azərbaycan muğamları � 2002-ci ildə YUNESKO tərəfindən �Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsəri� elan olunub. 2003-cü ildə isə YUNESKO Azərbaycan muğamlarını �Bəşəriyyətin Şifahi və Mənəvi İrsinin şedevrləri� siyahısına daxil etmişdir.

4.Şirvanşahlar Sarayı � 2003-cü ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib. Şirvanşahlar kompleksinə divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və nisbətən sonrakı illərdə tikilmiş Şərq darvazası daxildir.

5.Qobustan Dövlət Tarixi-Bədii Qoruğu � 2007-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

6.Aşıq sənəti � 2009-cu ildə YUNESKO-nun (təşkilatın Abu-Dabi şəhərində 4 sessiyasındakı iclasda) Qeyri-Maddi İrs siyahısına daxil edilib.

7.YUNESKO 2009-cu ildə Novruz bayramını Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi Qeyri-Maddi İrs siyahısına daxil etmişdir. Bütün bunlar Azərbaycan mədəniyyətinin milli çərçivədən çıxaraq dünya mədəniyyəti nümunələrinə çevrildiyini və bəşəri mahiyyət kəsb etdiyini göstərən faktlardır.

AMEA-nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun dinşünaslıq

mədəniyyətin fəlsəfi problemləri

şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru,

Azərbaycan Respublikası Mədəniyyət

və Turizm Nazirliyi Mədəniyyətşünaslıq

üzrə Elmi-Metodiki Mərkəzin direktoru,

fəlsəfə elmləri doktoru

Xalq qəzeti.- 2010.-5 mart.- S. 4.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.