Press "Enter" to skip to content

Azərbaycan – Odlar Yurdu

Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.

SONA HƏMZƏYEVA

Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir.
Azərbaycan musiqi sənəti çoxəsrlik inkişaf yolu keçmişdir.
Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.
Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir.
Çox-çox qədim zamanlara malik, keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır. Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfi Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.

XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar.

Tarixi mahnılar xalq mahnılarının mühüm bir janrı kimi Azərbaycan xalq və şifahi ənənəli professional musiqisində özünəməxsus yer tutmuşdur. Xalqın tarixində silinməz iz salmış hadisələrlə, xalqın öz azadlığı uğrunda zülmkarlara, yerli istismarçılara – xanlara, bəylərə qarşı apardığı mübarizəsi ilə, yadelli işğalçılara qarşı müharibələrlə bağlı olaraq yaranmış tarixi mahnılarda xalq qəhrəmanlarının surəti, xalqın igid oğullarına məhəbbəti tərənnüm olunmuş, düşmənə nifrəti özünü göstərmişdir. Əsrlər boyu bu mahnılar xalqın dilinin əzbəri olaraq, həm də ustad aşıqlar tərəfindən oxunmuşdur. XIX-XX əsrlərdə tarixi mahnı nümunələri xanəndələrin də repertuarında öz əksini tapmışdır. Xalqın yaddaşında qorunub saxlanılan və bir növ, mübarizəyə çağırış simvoluna çevrilən bu mahnılar bizim günlərdə də öz aktuallığını itirməmişdir. Müstəqillik əldə etmiş xalqımızın eyni zamanda ərazi bütövlüyü uğrunda mübarizə apardığı bir dövrdə məhz qəhrəmanlıq, vətənpərvərlik ruhu aşılayan tarixi mahnılara böyük ehtiyac vardır .Əbəttə ki, tarixi mahnıların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir.

Azərbaycan xalq mahnılarından biri olan Sarı Gəlin Azərbaycan Respublikasından başqa, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir türküdür.

Ermənilər tərəfindən də ifa olunan Azərbaycan xalq mahnısının etimalogiyası haqqında müxtəlif versiyalar mövcuddur:

Bir versiyaya görə “Sarı gəlin” mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı” “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda – “rəng” və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə belə bir musiqi yaradıb.
Bir versiyaya görə ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və “Sarı gəlin” adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.
Bir versiyaya görə “sarı” sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki “sarı sim”ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni “sarı” sözü şeirdə rəmzi məna daşıyır. “Sarı gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında “Sarı gəlin”in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.
Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – “Dirildən sarı inək” hissəsi var. “Sarı” sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan “Sarı gəlin”in nəcib qadınlara ithaf edilmiş ürək sözü kimi tarixdə öz yerini tutduğu söylənilir.

Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.

2005-ci ildə “Altın kitab” nəşriyyatı tərəfindən buraxılan “Xalq mahnıları” toplusunda “Sarı gəlin” mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Şifahi ədəbiyyatın bayatı formasında yazılan şeirdə bir dənə də olsun arxaik, bu günkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də tədqiqatçılar güman edir ki, şeir XIX əsrin II yarısında meydana gəlmişdir.Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailənin çox gözəl bir qızını sevirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir. Ümidini kəsməyərək Allahdan nicat, aman, yardım istəyir. Zəmanənin gərdişi elə gətirir ki, vaxtilə üzünü tez-tez gördüyü istəklisini bir daha görə bilmir. Yarının ayrılığına dözməli olur. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara təqdim olunan məzmundakı bayatını düzüb qoşaraq çoban tütəyi musiqisilə zümzümə edərmiş. Bir müddət ötəndən sonra qızı istəmədiyi bir başqasına ərə verirlər. Sara gəlin ərə getdiyi insandan özünə qarşı heç bir məhəbbət görmür. Günləri, mənəvi mənada məşəqqətlə keçir. İlk sevgisini heç cür unuda bilmir. Nəhayət, mənəvi sarsıntılara dözməyərək Arpa çayının aşıb-daşan vaxtında özünü ora atıb həlak edir. Arpa çayı da gözəl Saranı əldən vermək istəmir. Bir neçə günlük uzun axtarışdan sonra onu həlak olaraq tapırlar. Hadisədən azca sonra gözəl, nakam Saraya hansısa el şairi və musiqiçi tərəfindən ikinci bir mahnı – elegiya həsr edilir. Bu olaya uyğun olaraq həmin mahnı-elegiya “Apardı sellər Saranı” adlanır.Həmin mahnı-elegiya üç bənd (hər bənd üç sətirdən ibarət olmaqla) və nəqarətdən ibarətdir. Şeirin mətnindən də görünür ki, bu “Ala gözlü, qələm qaşlı” Sara məhz “Sarı gəlin”dəki həmin Saradır. Arpa çayında həlak olan Saranın meyidi Azərbaycanın Muğan bölgəsində aşkarlanır. Nəticədə “Muğan. nahaq qana. batır”. Hadisəyə söz qoşan el şairi bu barədə hər yerə car çəkdirmək istəyir. Hətta hər il Muğan yaylaqlarına sürülərini gətirən tərəkəmə camaatının (heyvadarlıqla məşğul olan əhali) sərkarı Xançobana belə xəbər göndərilməsini istəyir ki, Muğanın növrağı pozulub deyə, bu il gəlməsin bu yerlərə. Nədən ki, “Sara kimi gəlin Arpa çayının sularında qərq olmuş, gözəl bir gəlin həyata vida demişdir”.

XIX əsrin sonlarına doğru vaxtilə Naxçıvan və Muğan bölgələrində ifa olunan, lakin çox da geniş yayılmamış elə həmin mövzuda, ancaq bu dəfə rəqs musiqisi meydana gəlir. Mahiyyət etibarilə yuğ musiqi və rəqslərini xatırladan bu yallının adı “Sarı gəlin” imiş. Xalq adət-ənənələri üzrə ciddi mütəxəssislər yazırlar ki, yallı tipli bu kütləvi xalq oyununun adındakı “sarı” sözü məhz Sara xüsusi isminin təhrif olunmuş formasıdır. Başqa sözlə, “sarı” Saranın saxta, xalq deyim üslubuna uyğunlaşdırılmış variantıdır.

Musiqi alətlərimiz

X əsrdən başlayaraq Azərbaycanın Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrlərdə istifadə olunan simli, nəfəsli və zərb musiqi alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin (XII əsr), XVI əsrdə yaşayıb yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIIIəsr), Əbdül Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış iste’dadlı Azərbaycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əli tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.

Bakı Musiqi Akademiyasının 1991-ci ildən fəaliyyət göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında unudulmuş qədim musiqi alətlərinin elmi tədqiqatı, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görülmüş¸ və yüksək nəticələr əldə edilmişdir. Görülən gərgin işlərin nəticəsində bir neçə qədim musiqi alətləri : Çəng,Tənbur, Rud, Bərbəd, Çəqanə, Çoğur, Rübab, Santur, Qopuz bərpa edilmiş və yüksək səviyyədə səsləndirilmişdir.

Ən qədim simli musiqi alətlərindən biri. Vaxtilə Azərbaycan ozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti.

Saz

Əfsanəyə görə, guya qartal bir heyvan cəmdəyini parçalayaraq bağırsaqlarını caynaqlarına alıb ağacın başına qaldırır. Bağırsaq budaqlara ilişir, isti gün altında quruyub nazilir. Şiddətli küləyin uğultusu və budaqların ona toxunması ahəngdar səslər çıxarır. Bu zaman yoldan keçən bir adam həmin səslərə heyran qalır. Hadisənin səbəbini öyrəndikdən sonra guya qurumuş bağırsaqdan sim düzəldərək ilk musiqi alətini icad edir. Ilk baxışda çox maraqlı görünən bu əfsanəni ilk simli musiqi alətlərinin yaranması haqqında nağıl kimi qəbul etmək daha düzgün olar. Burada müəyyən inandırıcı cəhətlər olsa da, əfsanə əfsanəliyində, nağıl nağıllığında qalır. Əslində isə hər bir musiqi alətini insan icad etmişdir.

Babası ozan, ulusu qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.

Küp-çanaq-çömçə, üz taxtası, üz-sinə taxtası, qol-bilək, beçə, aşıqlar – qulaq – burmanc, simçüyü, küpxərəyi, (çanaq xərəyi) keçirmə-qayış – bağ, baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim xərəyi, tazanə – mizrab, köynək-torba, sinə üz toxtada açılmış deşiklərdən ibarət müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə qoz ağacından hazırlanır.

Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü fərqli adlar ilə, məsələn, Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı –lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.

Tar

Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi bildirilir. Bu musiqi alətinin adına Nizami Gəncəvinin əsərlərində rast gəlinmişdir. Füzuli “Həft –cam” əsərində üçüncü qədəhi tar ilə qaldırır. O, tar nəğməsindən ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə Sadıq (Sadıqcan) səsini itirəndən sonra qəlbinin tellərini tara köçürərək Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə çıxarmışdır. Tarın təkmilləşdirilərək müasir şəklə salınması muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir aləm kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.

Kaman

Azərbaycanda bu yaylı- simli musiqi alətinin tarixi çox qədimdir. Uzun qola və dayanacağa malik olan kamança tək simli olub. Zaman keçdikcə kamançaya iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində az da olsa kamançanın adı çəkilir. Eramızın XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli musiqişünas Səfiəddin Urməvi, XIV əsrin məşhur musiqişünası və bəstəkarı Əbdülqadir Marağı, XVI əsrdə yaşamış özbək xalqının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində başqa musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir.

Zurna

Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə – Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir.

Qədimdə olduğu kimi , indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında və onların əhatə etdikləri kənd və qəsəbələrdə toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur, dinləyicilərdə nəcib duyğular oyadırlar. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.

Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını zurnasız təsəvvür etmək qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Ola bilsin ki, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.

Azərbaycan Balabanı

Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya “Yastı” balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.

Tütək

Nəfəsli alətlər qrupuna daxil olan tütək ney nəfəsli musiqi alətindən sonra yaranmışdı. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskar musiqiçilərin çalğı aləti olmaqla yüzlərcə peşəkar musiqiçinin əlindən düşməyən bu milli nəfəsli musiqi aləti tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qarğı-qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütək musiqi alətinin çobanlar tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olduğu vaxtlarda – 10-12 min il bundan əvvəl icad edilmişdir.

Barmaq dəlikləri olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan sümüklərindən və dişlərindən tütəklər düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar olaraq tütəkləri yandırılmış gildən düzəltmişlər. İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün əmələ gələn çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşdıqları zamanda boruda müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu səsi əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.

Minilliklər boyu insanların qəlbini riqqətə gətirən nəfəsli musiqi aləti olan tütək geniş texniki imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.

Tulum

Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən – tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır.

Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. Ilk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.

Nağara

Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına “Kitabi-Dədə-Qorqud”da da rast gəlirik. “Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı”. Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.

XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez “nağara” sözü işlədilir:

Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.

Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır.

Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.

Qoşanağara

Qoşanağara – xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qoşa dumbul” da deyilir.

Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur.

Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.

Qaval

Qaval, dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.

Ud

Ud musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada Yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.

Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Əbdül Mömün Urməvi özünün “Kitabi-əl -ədvar” (“Mahnılar kitabı”) adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir.

Похожие статьи

  • Azərbaycan musiqi tarixi

    Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…

  • Azərbaycanda musiqi iə müalicənin tarixi

    Azərbaycanda musiqi iə müalicənin tarixi Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar…

  • Azrbaycanda mktb v pedaqoji fikir tarixi

    Azrbaycanda mktb v pedaqoji fikir tarixi Rusiyada pedaqoji fikir. Pedaqogikanın digər elmlərlə əlaqəsi Pedaqogika bütün elm sahələri ilə qarşılıqlı…

  • Azərbaycan xalq musiqi yaradıcıllığı

    Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…

  • Azrbaycanda iqtisadi fikir tarixi

    Azrbaycanda iqtisadi fikir tarixi Eldənizlər dövründə daha da tərəqqi etmiş Beyləqan şəhərində 40 min nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq,…

Comments are closed, but trackbacks and pingbacks are open.