Press "Enter" to skip to content

Azərbaycan Milli Elmlər Akademiyası

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

Bakı, 27 aprel (AZƏRTAC). Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.

Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

Müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.

Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Azərbaycan Milli Elmlər Akademiyası

Görkəmli dilçi alim və bacarıqlı elm xadimi – akademik Tofiq Hacıyev

Müasir Azərbaycan dilçilik elminin ən parlaq simalarından, ən görkəmli nümayəndələrindən biri filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü Tofiq Hacıyevdir.

Düşünürük ki, akademik Tofiq Hacıyevin Azərbaycanda dilçiliyin, xüsusilə də ədəbi dil tarixinin araşdırılması sahəsində tutduğu yüksək məqamının və böyük xidmətlərinin sübutu olaraq təkcə aşağıdakı bir neçə fakta nəzər salmaq yetərlidir:

1. Tofiq Hacıyev indiyədək dilçilik sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş az sayda ən görkəmli, ən nüfuzlu alimlərdən biridir.

2. Tofiq Hacıyev türkologiya sahəsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun Azərbaycandan olan az sayda fəxri üzvlərindən biridir.

3. Tofiq Hacıyev türkologiya sahəsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin “Ləyaqət” nişanına layiq görülmüş az sayda Azərbaycan alimlərindən biridir.

4. Tofiq Hacıyev 41 kitabın və 500-dən çox məqalənin müəllifidir. Aydındır ki, bu qədər elmi əsəri olan dilçi alimlərin sayı heç də çox deyildir, barmaqla göstərilən qədərdir.

Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun ilk növbədə yüksək istedadı, çalışqanlığı və zəhmətkeşliyi ilə seçilən, milli təəssübkeşli bir ziyalı, təpədən dırnağa qədər əsl elm adamı olduğunu görürük. Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. O, 1953-cü ildə orta təhsilini doğma Soltanlıda aldıqdan sonra indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olaraq 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və Universitetin aspiranturasında saxlanılmışdır. Görkəmli dilçi alim akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusu üzərində araşdırma aparan gənc tədqiqatçı bu elmi işini 1962-cı ildə namizədlik dissertasiyası səviyyəsində başa çatdırmış və onu uğurla müdafiə etmişdir. Tofiq Hacıyev bu ilk dəyərli tədqiqatında Cəbrayıl şivəsində Azərbaycan dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin olması qənaətinə gəlmiş və yeniliyi ilə seçilən bu fikrini elmi şəkildə əsaslandırmışdır.

Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim və dosent vəzifələrində çalışmış, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1969-cu ildə 33 yaşında olarkən “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən T.Hacıyev 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin professoru seçilmişdir. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli alim bu dövrdə dilçilik, xüsusilə də türkologiya üzrə ciddi elmi araşdırmaların aparılmasına, adı çəkilən sahə üzrə milli kadrların yetişdirilməsi məsələsinə böyük önəm vermiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir.

Akademik Tofiq Hacıyevin çoxşaxəli və məhsuldar elmi yaradıcılığında Azərbaycan ədəbi dili və onun tarixi məsələləri xüsusi yer tutur. Yuxarıda da qeyd olunduğu kimi, alimin doktorluq dissertasiyası məhz bu mövzuya – XX əsrin əvvəllərinin Azərbaycan ədəbi dilinin araşdırılmasına həsr olunmuşdur. Onun bu məsələ ilə bağlı bir sıra sanballı monoqrafiyaları işıq üzü görmüşdür. “Satira dili”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddin”in dili və üslubu” – alimin bu qəbildən olan kitablarıdır. Ədəbi dil tarixi sahəsində böyük nüfuz sahibi olan T.Hacıyev adı çəkilən monoqrafiyalarında XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin inkişaf meyillərini, özəl keyfiyyətlərini dərinliyinə və incəliyinə qədər araşdırmış, ümumiləşdirmələr aparmış və elmi yeniliyi ilə seçilən bir sıra mühüm elmi fikirlərini ortaya qoymuşdur. Alim ədəbi dilimizin əski qatları ilə də ciddi şəkildə məşğul olmuş və bu sahədə ilk qələm təcrübəsi olan “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)” adlı dərslik-monoqrafiyasını 1976-cı ildə ərsəyə gətirmişdir. Respublikamızın ən qabaqcıl təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Universitetinin tələbələri üçün dərs vəsaiti olaraq hazırladığı bu kitabında müəllif milli düşüncə sisteminə söykənərək xalqımızın və onun dilinin qədim tarixi ilə bağlı bir sıra ciddi müddəalarını irəli sürmüş və oğuz-səlcuqların Azərbaycana ilk gəlişinin II minilliyin əvvəllərində baş tutduğunu möhkəm elmi dəlillərlə sübuta yetirmişdir. Bu zaman artıq nüfuzu bir ədəbi dil tarixi mütəxəssisi kimi tanınan professor T.Hacıyev ədəbi dilimizin tarixi ilə bağlı araşdırmalarını sonralar da uğurla davam etdirərək bir sıra sanballı monoqrafiya və kitablara imza atmışdır: Kamil Vəliyevlə birgə hazırladığı “Azərbaycan dili tarixi” (1983), “Azərbaycan ədəbi dili tarixi”, II hissə (1987), Zərifə Budaqova ilə birgə hazırladığı “Azərbaycan dili” (1993). 1991-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan ədəbi dili tarixi” adlı sanballı kitabın da əsas müəllifi prof. T.Hacıyevdir. Kitabdakı bölmələrin çoxu T.Hacıyevə məxsusdur: “Kitabi-Dədə Qorqud”un dili, “Azərbaycan ədəbi dilinin yazılı dövrü (İnkişaf mərhələləri haqqında)”, “XIII-XVI əsrlər ədəbi dili”, “XVII-XVIII əsrlər ədəbi dili”, “XIX əsr ədəbi dili”, “XX əsrin əvvəllərində ədəbi dil”.

Akademik Tofiq Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə bağlı ən sanballı elmi araşdırması, 2012-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik dərslik-monoqrafiyasıdır. Ümumi həcmi 900 səhifəyə yaxın olan bu sanballı araşdırma təkcə universitet tələbələri üçün deyil, eyni zamanda ədəbi dil tarixi sahəsində çalışan araşdırıcıların, mütəxəssislərin ən başlıca və mötəbər elmi qaynağı və masaüstü kitabı rolunu oynamaqdadır. Qeyd edək ki, Azərbaycan ədəbi dilinin tarixi bir fənn olaraq çoxdandır ki, ölkəmizin ali təhsil ocaqlarında tədris olunur və bu sahədə əsas söz sahibi heç şübhəsiz ki, akademik Tofiq Hacıyevdir. Alim Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı fikirlərini ölkədə baş vermiş tarixi, ictimai-siyasi və mədəni hadisələrin fonunda öyrənmiş və bütün bunları bütöv bir tarixi-dilçilik hadisəsi kimi dəyərləndirmişdir. Azərbaycan ədəbi dilinin ümumtürk ədəbi dilinin tərkib hissəsi olduğunu vurğulayan alim bu problemlə bağlı onu da qeyd edir ki, ədəbi dilimiz müəyyən mədəni yüksəlişin məhsuludur. Dövlətlərin yaranması, dövlətlər arasında yazışmaların başlanması, ümumiyyətlə, yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni hadisə kimi ədəbi dil müəyyənləşir. T.Hacıyev Azərbaycan türklərinin ölkəmizdə aborigen xalq olması məsələsinə də aydınlıq gətirərək yazır: “Azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil”.

Akademik T.Hacıyev adı çəkilən kitabında ədəbi dilimizin dövrləşdirilməsi məsələsində də öz sözünü deyir və Azərbaycan-türk ədəbi dilinin tarixini iki dövrə bölür: yazıyaqədərki dövr; yazılı dövr. Birinci dövrə aid örnəklər sırasında daşlar üzərindəki yazılar, folklor nümunələri, onomastik vahidlərin etnik tərkibi və digər faktlar qeyd olunur. Ədəbi dilin başlanğıcında, birinci dövrünün əsasında, kökündə ilk əmək nəğməsi, ilk atalar sözü, ilk mif-əfsanənin durduğunu vurğulayan müəllif onu da qeyd edir ki, ədəbi dil anlayışı geniş mənada insanlığın müəyyən inkişaf səviyyəsi ilə sıx şəkildə bağlıdır və həmin dövrün məhsuludur. Ədəbi dilin II dövrünə gəldikdə isə alim sözügedən dərslik-monoqrafiyasında artıq yazılı ədəbiyyatımızı təmsil edən söz sənətkarlarının, şair və yazıcıların əsərləri üzərində araşdırma aparır və bir sıra elmi ümumiləşdirmələrini ortaya qoyur. Qeyd edək ki, bu dövrün materialları təkcə ədəbi mətnlərlə məhdudlaşmır, burada klassik lüğətlərin (Hüsaməddin Xoyinin “Töhfeyi-Hüsam”, Hinduşah Naxçıvaninin “Əs-sihah əl-əcəmiyyə” və Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan”) dil materialları da təhlilə cəlb olunur və ədəbi dilin üslub və normaları məsələsi də ətraflı şəkildə araşdırılır. Onu da əlavə edək ki, eyni sözləri ədəbi dilin təkcə qədim dövrünə deyil, eyni zamanda XX əsrin əvvəllərinə də aid etmək lazımdır.

Akademik T.Hacıyevin adı çəkilən dərslik-monoqrafiyasının I hissəsində olduqca maraqlı müqayisəli elmi təhlillər də aparılır ki, bu sırada Nəsiminin dili ilə böyük söz ustadı Füzulinin dilinin qarşılaşdırılması xüsusi yer tutur. Kitabdakı bu hissə istər həcminə, istərsə də təhlil dərinliyinə görə seçilir. Füzuli yaradıcılığında, xüsusilə də mütəfəkkir şairin şeir dilində xalq dili ilə yazılı dilin məharətlə çulğaşdığını diqqətə çatdıran müəllif vurğunu olduğu bu böyük söz ustadını ədəbi dilimizin banisi kimi təqdim edərək yazır: “Avropa elmində milli ədəbi dil deyilən səviyyəni Azərbaycan türkcəsi üçün Füzuli hazırladı” (I hissə, s.298). Yeri gəlmişkən qeyd edək ki, T.Hacıyevin Füzulinin dilinə həsr etdiyi ayrıca bir monoqrafiyası da işıq üzü görmüşdür: “Füzuli: dil sənətkarlığı” (1994).

Yuxarıda qeyd olunduğu kimi, akademik Tofiq Hacıyevin elmi yaradıcılığı çoxşaxəlidir və təkcə dilçiliklə kifayətlənmir, eyni zamanda ədəbiyyatşünaslığın bir sıra sahələrini, mühüm problemlərini də əhatə edir. Bu mənada alimin ana kitabımız olan “Dədə Qorqud” dastanları ilə bağlı monoqrafiya və kitabları, çoxsaylı məqalələri ölkəmizdə qorqudşünaslığın inkişafına öz töhfələrini vermişdir. Alimin ədəbiyyatşünaslıqla bağlı araşdırmaları sırasında AMEA-nın Ədəbiyyat İnstitutunun son zamanlar çapa hazırladığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabının I cildindəki (2006) “Kitabi-Dədə Qorqud”, II cildində (2007) yer alan Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin “Qutadqu-biliq” əsərləri haqqındakı oçerk-portretləri xüsusilə böyük əhəmiyyət daşıyır və bu yöndəki gələcək araşdırmalar üçün yaxşı bir zəmin rolunu oynayır.

Tofiq Hacıyev tərcümə sahəsində də səmərəli fəaliyyət göstərərək türkologiya və tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri ruscadan dilimizə çevirmişdir. Bu sırada Murad Adcinin “Qıpçaq çölünün yovşanı” və “Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və N.Hacıyevanın birgə müəllifləri olduğu məşhur “Türk dillərinin müqayisəli qrammatikası” kitablarının, eləcə də İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” lüğətinin tərcümələri böyük elmi əhəmiyyəti ilə seçilir. Qeyd edək ki Atatürk Dil Qurumu B.Serebrennikovla N.Hacıyevanın adı çəkilən kitabını T.Hacıyevin tərcüməsində Ankarada nəşrə hazırlamışdır. Onu da əlavə edək ki, T.Hacıyev bu tərcümələrinin çoxuna dəyərli ön söz və elmi sərhlər yazmış və türkologiya ilə bağlı bir sıra məsələləri ətraflı şəkildə işıqlandırmışdır.

Akademik Tofiq Hacıyevin ölkəmizdə kadr hazırlığı sahəsində də böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 6 nəfər filologiya üzrə elmlər doktoru və 30 nəfərə yaxın fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişlər. Tanınmış dilçi alimlərdən AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Ramiz Əskər və başqaları akademik Tofiq Hacıyev məktəbinin istedadlı yetirmələri və layiqli təmsilçiləridir.

Görkəmli türkoloq alim Tofiq Hacıyevin Azərbaycan dilçiliyi sahəsindəki səmərəli fəaliyyəti və yüksək xidmətləri ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin fərmanı ilə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. T.Hacıyev 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və onun Ağsaqqallar Şurasının üzvü olan Tofiq Hacıyev ömrünün sonlarında – 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etmişdir. Bu müddətdə Dilçilik İnstitutunun elmi-tədqiqat işləri istər keyfiyyətcə, istərsə də kəmiyyətcə yüksəlmiş və müəssisədə bir sıra yeni elmi şöbələr fəaliyyətə başlamışdır.

Akademik Tofiq Hacıyev hələ sağlığında Azərbaycan dilçilik elminin ən yüksək zirvəsində özünə möhkəm yer tutan, məktəb yaradan ən görkəmli Azərbaycan alimlərindən biridir. Bu günlərdə anadan olmasının 80 illiyi tamam olan böyük alim, sadə və səmimi insan akademik Tofiq Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e.

“525-ci qəzet”, 21 may 2016-cı il

Похожие статьи

  • Azərbaycan dili qaydalar

    Azərbaycan dili qaydalar 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və…

  • Azərbaycan dili tarixi

    Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…

  • Azərbaycan dili dim haciyev

    Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…

  • Azərbaycan dili və onun tədrisi metodikası

    Azərbaycan dili və onun tədrisi metodikası 1. Eminli Böyükxanım İbrahim – kafedra müdiri, fil.f.d., 0,5 şt. dosent Azərbaycan dili və onun tədrisi…

  • Azərbaycan dili toplu 2 hisse suallar

    G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….

Comments are closed, but trackbacks and pingbacks are open.