Текст книги Ağ qoç, qara qoç
Aypəri: – Əlbəttə, yadımdadır, – dedi. – Yaxşı, di salamat qal. Bir də bayramını təbrik edir, öpürəm – indi Aypərinin kiçik ekrandakı çöhrəsində xoş bir təbəssüm vardı.
Ağ qoç, qara qoç
Əsərdə müasir Azərbaycan və Türk dünyası təsvir olunub. Müasir reallıqdan fərqli olaraq, Anar öz əsəriniTürk dünyasının sıx inteqrasiya etməsi, Azərbaycanın bütövləşməsi və türklərin soykökünə qayıtması prinsipləri üzərində işləyib.
182 pages, Paperback
Published January 1, 2013
Book details & editions
Loading interface.
Loading interface.
About the author
Anar
39 books 28 followers
Anar — Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri (1987-ci ildən), 1991, 1997, 2004, 2014-cü illərdə təkrarən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. I (1995) və II (2000) çağırış Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir.
Текст книги “Ağ qoç, qara qoç”
O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.
Məlikməmməd nağılı
Məlik Məmmədli Dövlət himninin sədalarına oyandı. Daha doğrusu, hələ tam oyanmamışdı – yarıyuxulu halda eşidirdi bu səsləri. Qəribədir, hər gecə yuxuya getməmişdən bilgisayarın vaxt xidmətini sübh obaşdan himnin səslənəcəyi saata ayarlayırdı və hər səhər də onu himnin sədaları oyadırdı, amma bu gün oyanıb durmamışdan, hələ yuxudaykən görünməmiş bir fərəh hissinə qapılmışdı. Hər gün eşitdiyi səslər nədən bu gün bu qədər xoş bir ovqat oyadırdı? Elə yuxudaykən də Məlik bunun səbəbini tapdı. Bu gün Novruz bayramı idi, redaksiyada da, şəhərdə də, ümumən bütün ölkədə də bu günü hamı kimi o da böyük ruh yüksəkliyiylə, sevinc, qürur, arxayınlıq duyğularıyla yaşayacaqdı. Elə yuxudaca – naşükür olma – deyə düşündü – məgər hamı kimi o da, bütün bu son illərin hər gününü, gündüzünü-gecəsini eyni bəxtiyarlıq hissiylə yaşamırmı?
Nə isə, durmaq vaxtı idi. Məlik ani bir sıçrayışla yatağından qalxdı. Artıq vərdiş halını almış bir duruşla himni sonacan ayaq üstə dinlədi.
Məlik bilirdi ki, bu an milli teleradio kanallarının on ikisində də səslənən bu himni Dərbənddən Həmədanacan, Qazaxdan Qəzvinəcən milyonlarla insan eyni fərəh və qürur hissləriylə dinləyir.
Məlik, əlbəttə, bilgisayarının dalğasını çalışdığı Radio-TV kanalının dalğalarına yönəltmişdi. Üç ildən bəri şərhçi və müəllif-rejissor kimi işlədiyi Çağdaş Radio-TV kanalı fəaliyyətində ağırlığı mədəniyyət məsələlərinə verirdi. Başqa Radio-TV kanalları da nə qədər universallığa riayət etsələr də, hər halda, müəyyən sahələrə, müəyyən yönlərə daha artıq meyil edirdilər. Əlbəttə, yeganə rəsmi dövlət kanalı AZRT Azərbaycan və dünya həyatını bütün dolğunluğuyla əks etdirməyə çalışırdı. Amma digər – özəl kanalların müəyyən istiqamətləri və deməli, öz tamaşaçı kontingenti vardı.
Türk dünyası – Turanın, Bakı şəhər və vilayətinin həyatı Xəzər və Abşeronun başlıca mövzuları idi. Araz əsas verilişlərini Güney Azərbaycana həsr edirdi. Gənclərin və yeniyetmələrin ən çox sevdikləri Ulduz musiqi, idman və əyləncə proqramları göstərirdi. Hilalda verilişlər, əsasən, dini məsələlərə həsr olunurdu – İslam tarixi, müqəddəs Quranın şərhi, peyğəmbərlərin, imamların, övliyaların ömürləri…
Novruzda etnoqrafik, folklor mövzuları, mədəni irsə, qədim adət-ənənələrə aid verilişlər üstünlük təşkil edirdi, Birlik xarici dillərdə və ölkədəki milli azlıqların dilində proqramlar verirdi. Savalan R-TV Təbrizdən, Kəpəz R-TV Gəncədən efirə çıxırdı.
Ölkənin ən peşəkar telejurnalisti və telerejissoru kimi tanınan Məlik Məmmədlini bütün kanallar israrla dəvət edirdilər, amma Çağdaş TV-də tamaşaçılarını məmləkətinin və xarici ölkələrin mədəniyyət həyatıyla, dünyanın ədəbi, sənət sərvətləriylə tanış etməyi son illərdə ömrünün məramı seçmişdi.
Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan dəfələrlə dəvətlər alsa da, heç birinə müsbət cavab vermir, ümumiyyətlə, siyasətə qoşulmurdu. Məlik qəti inanırdı ki, Azərbaycanın tarixi ərazi bütövlüyü bərpa olunandan, ölkənin demək olar ki, bütün sosial, iqtisadi və ideoloji problemləri əsasən həllini tapandan sonra siyasətçilik müəyyən dərəcədə xoş bir məşğuliyyətdi: məsələn, idmançılıq kimi, poçt markaları yaxud kəpənək kolleksiyası toplamaq kimi.
Doğrudan da, bir vaxtlar sahibkarlıq fəaliyyəti məhdudlaşdırılarkən, milli dəyərlərə yetərincə diqqət verilməyərkən sağ partiyaların elektoratı çox idisə, korrupsiya hökm sürərkən, bəzilərinin həddən artıq varlandıqları, bəzilərinin dilənçi kökündə yaşadığı vaxtlarda sol partiyaların təbliğatı güclüydüsə, indi bu problemlər birdəfəlik aradan qalxmış, seçicilərin çoxu sağ və sol partiyalara yalnız ənənəvi vərdiş kimi, valideynlərindən qalma bir rəğbət tövsiyyəsi kimi səs verirdilər.
Milli Məclisdə beş partiya təmsil olunmuşdu – iki, əski təbirlə deyilərsə, sağyönlü, iki solyönlü və bir mərkəzçi partiya. Milli və türkçülük dəyərlərini önə çəkən və bazar iqtisadiyyatının ardıcıl tərəfdarı olan iki sağ partiya, sosial bərabərliyin carçısı kimi çıxış edən, əsasən, işçi sinfinə arxalanan iki sol partiya və hər iki tərəfin müəyyən dəyərlərini qəbul edən, əsasən, barışcı mövqedə dayanan mötədil mərkəzçi partiya. İndi iqtidarda olan da Mərkəzçi partiyayla bitərəf, müstəqil millət vəkillərinin ortaq koalisiya höküməti idi.
Məlik başını buladı – bu bol günəşli xoş gündə siyasi məsələləri xatırlamağa dəyərdimi? Yeni dəniz neft və qaz yataqları açılandan bəri, Bakı-Ceyhan xəttiylə bərabər şimaldan və cənubdan daha iki borunun işə düşdüyündən və sabit gəlir gətirdiyindən sonra əhalinin orta əmək haqqı ayda min dollar olan bir ölkənin vətəndaşlarını siyasi olaylar indi çox az maraqlandırırdı.
İndi Azərbaycan əhalisi rifah səviyyəsinə görə Ərəb Əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil, elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu.
Uzaq illərin qanlı Qarabağ hadisələri, ölkənin o vaxtkı ağır iqtisadi durumu indi yalnız xatirələr aləmində qalmışdı. Qarabağ demişkən, Məlikin yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü.
Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi, qızı Burla ədəbiyyat müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə.
Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik edirdi. Dünən Məlik telefonla inşaatın nə yerdə olduğunu soruşduqda Beyrək Cıdır düzü tərəfdən Kirsdən Qırx pilləkənə qədər, Topxana tərəfdən İbrahim xanın sığnağına qədər hazırdır, – dedi, – indi iki tərəfi birləşdirmək qalıb, o da bir aya bitər. Sağ olsun Mingəçevirlilər, elə yaraşıqlı vaqoncuqlar istehsal ediblər ki, iki göz istəyir tamaşasına. Odur ki, yayda İsa bulağı dincərliyinə gələndə Qarqarın üstündən funikulyorla keçəcəksiniz.
Beyrək fantazyor idi, bir neçə il bundan əvvəl bu funikulyor ideyası başına gələndə heç kəs bunu ciddi qəbul eləmədi, amma budur bax, olundu ki… indi də Qırxqız yaylaqlarına teleferiq-kanat yolu fikrinə düşüb. Niyə də olmasın. Son illər Şuşa, doğrudan da, Qafqazın ən böyük turist mərkəzlərindən birinə çevrilib. Səfalı iqlimi, şəfalı bulaqları, qışda xizək idmanı, ov, alpinizm, tarixi abidələr – dünyanın hər yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxanada, İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşulduzlu və nisbətən kiçik, xudmani otellər turist tələbatını çətinliklə ödəyir, gərək neçə ay əvvəldən yer rezervasiyası edilsin.
Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı isə nəinki Şuşada, Laçın, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi otellərində də yer tapmaq müşkül olur.
Beyrək funikulyordan daha çox dünən Şuşada keçirilən Axır çərşənbədən danışdı. İlk dəfə idi ki, Axır çərşənbəni Şuşada qarşılamışdı və Cıdır düzündəki Qarabağ qaçağanlarının yarışından, Çovqan oyunundan, içinə üzərrik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqların belədən-belə atıldığı tonqallardan, Qarabağın hər tərəfindən görünən atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan səsindən, səkkiz-on yaşlı uşaqların – Qarabağ bülbüllərinin Qarabağ şikəstəsindən və yaşlı xanəndələrin hamısına qalib gəlib Xarı-bülbül mükafatı almalarından elə şövqlə danışırdı ki, Məlik özünün də iki dəfə Şuşada keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə görürdü.
Beyrək: – Bilirsən, – deyirdi, – Nəvvab Muğam Konservatoriyasının professorları sevinclərindən yerə-göyə sığmırdılar.
Məlik əl-üzünü yuyub, üzünü qırxıb yüngülvarı idman edəndən sonra bilgisayarında əvvəlcə elektron poçtasına baxdı. Türkiyədən, İrandan, Rusiyadan, Gürcüstandan, Avropadan tanış jurnalist işdaşlarından xeyli təbrik ismarıcları gəlmişdi. Hamısına gözucu nəzər salıb Kərkükdən gələn məktubu oxumağa başladı, qızı Burladan idi. Burla iki il idi Kərkükdə Füzuli Universitetində Azərbaycan ədəbiyyatı və dilindən dərs deyirdi.
Mənim əzizlərim, ata, ana, Beyrək. Hamınızın Novruz bayramını təbrik edirəm. Hamınıza bu xoş gündə möhkəm can sağlığı arzu edirəm. Söz vermişdim ki, bu il Novruzu Bakıda birlikdə keçirəcəyik, nə yazıq ki, mümkün olmadı, sabah Urumçiyə uçuram, Mahmud Qaşqarlı Universitetinə dəvət ediblər. Oradan Moskvaya, Moskvadan da Baxçasaraya uçacam. Qasparalı İsmayıl Universitetində mühazirələrim var.
Məlik: – Zalımın qızı, dünyanın bu başından vurub o başından çıxır: o universitet sənin, bu universitet mənim – deyə düşündü və məktubun ardını oxudu.
Builki Novruz tətillərindən istifadə edib Bakıya gələ bilmədiyimə çox üzüldüm. Sizinçün burnumun ucu göynəyir. Axı nə qədər bir-birimizi ekranda görə, bilgisayarla yazışa bilərik? Onu bilin ki, həmişə qəlbimdəsiniz. Sizi bərk-bərk öpürəm, – Burla.
Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq-nənəlik sevincini əsirgəyiblər. Bilgisayarda bugünkü günlüklərin (qəzetlərin) mədəniyyət səhifələrinə ötəri nəzər saldı, bəlkə proqramında istifadə ediləsi xəbərlər var.
“Yeni gün” qəzeti may ayında Nabranda Xəzər – Qara dəniz uluslararası sinema festivalı haqqında məlumat verirdi. Bəli də, bu festivalları, ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurslarını, teatr yarışlarını işıqlandırmağı çatdıra bilmirik, biri də burdan çıxdı. Nə qədər tədbir, bayram olar: Qobustanda üç ildən bir Dədə Qorqud törənləri, Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri, Naxçıvanda Əshabi-Kəhf din mərkəzində Qafqazda İslam mövzusunda beynəlxalq elmi məşvərət, Dərbənddə Narınqala açıq səma teatrında tarixi tamaşalar festivalı, Şamaxıda Sabir günləri, Qazaxda Molla Pənah Vaqif və Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlu şeir, musiqi məclisləri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri, Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə Şəhriyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələri, Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri, di gəl çatdır, hamısında iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar qabağa düşməsin.
Oğuz günlüyü Novruz ərəfəsində türk dünyasından məlumatlar verirdi: Kazanda Rudolf Nuriyev teatrında Qara Qarayevin 3-cü simfoniyası və Skripka konserti əsasında balet tamaşası hazırlanır, Parisdən ən avanqardçı xoreoqraf kimi tanınan Roje Düpon dəvət olunub. Türkmənistanda Nebit– dağda Türkmən neftinin kəşf olunmasında böyük xidmətləri olan Azərbaycan neftçilərinə həsr edilmiş muzey açılıb. Moskvada Avrasiya mənəvi məkanı və tarixi rus-slavyan – türk-tatar mədəni əlaqələri mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İstanbulda Gürcüstan filmləri həftəsi keçirilir. Günlük İstanbulda belə bir Azərbaycan filmləri festivalının keçirilməməsinə görə irad tuturdu. İşçi çırağı günlüyündə tələb olunurdu ki, hökumət Kəlbəcərdə fəhlə dincərliyinin tikintisinin ləngiməsinin səbəblərini izah etsin. Bu barədə Fəhlə Həmkarlar Birliyinin bəyanatı da dərc olunmuşdu. Azad Azərbaycan günlüyündə sağ və sol partiyalara mənsub olan gənclərin Boz Qurd və Əməkçi futbol takımlarının sabahkı oyunu haqqında elan verilmişdi.
Məlik düşündü ki, indi hansı tərəf məğlub olsa, günahı hakimin üstünə yıxacaq. Çinar aylığı (jurnalı) iyul ayında Göygöldə Qafqaz rəssamlarının birgə sərgisinə hazırlıqdan reportaj dərc etmiş, Göygöl yolunda Əhməd Cavad abidə– bulağının şəklini vermişdi. Türk eli dərgisinin üz qabığında Nazım Hikmətin İstanbuldakı heykəli əks olunmuşdu, səhifələrində isə Şəkidə keçirilmiş talış mədəniyyət günlərindən rəngli şəkillər və Naxçıvanda açılmış ləzgi-avar xalq sənəti sərgisiylə bağlı illüstrasiyalar verilmişdi.
Odlar yurdu aylığında Qaradağ sinema şəhərciyinin dörd ən böyük studiyasında Azərfilm, Turanfilm, Xəzərfilm və Qobustanfilmdə çəkilən ssenarilər haqqında yazı vardı, Şeytanbazar həftəliyində isə həmişəki kimi Qaradağ sahil villalarının sakinlərinin sinema ulduzları haqqında dedi-qodular dərc olunmuşdu. Məlik ərinmədi Pəri Cadu həftəliyinin saytına da nəzər saldı – yenə ulduz falları, tilsimlər, sehrlər, cadular, hər növ esktrasenslərin proqnozları – öncədən demələri. Məlik – XXI əsrdə də bütün bunları oxuyanlar, hətta bunlara inananlar tapılır – deyə düşündü. Doqquz mövsüm – yaz toplusu da çapdan çıxmışdı. Dəbdə olan modlar, geyimlər toplusuydu. Adını niyə Doqquz qoymuşdular?
Yadına düşdü ki, toplunun hər sayının üstündə– GÖZƏLLİK ONDUR, DOQQUZU DONDUR sözləri yazılırdı. Azərbaycan ocağı aylığı məlumat verirdi ki, Xankəndində Şirvanzadə erməni teatrında Mirzə Cəlil Məmmədquluzadənin Kamança pyesi tamaşaya hazırlanır. Məlik düşündü ki, nə yaxşı məhz barışa, anlaşmaya çağıran bu yüksək humanist qayəli əsəri seçiblər. Doğrudur, keçən ağır hadisələr hələ yaddaşlardan silinməyib və bəlkə uzun zaman unudulmayacaq, amma Ermənistana, doğma dədə-baba yurdlarına qayıdan azərilərin və Dağlıq Qarabağdakı ermənilərin eyni ölçüdə hüquqları təmin olunandan sonra münaqişələrə ehtiyac qalmamışdı. Eyni hüquqlara Gürcüstandakı azərilər də malik olandan bəri, Gürcüstanın da ərazi bütövlüyü qarşılıqlı anlaşma və bütün milli azlıqların mədəni-iqtisadi tələblərinin ödənməsi şərtilə bərpa olunandan bəri Cənubi Qafqazda da Şimali Qafqaz kimi tam bir sabitlik əldə olunmuşdu. Az bir zaman ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində quruculuq işləri bəhrəsini vermiş, işsizlik tamamilə aradan götürülmüş, ticarətin, sənayenin başqa sahələriylə yanaşı, turizm industriyası da sürətlə inkişaf etmişdi. İndi, doğrudan da, Qafqaz turist Məkkəsinə çevrilmişdi. Çoxlu turist şirkətlərindən ən böyük imkanlara ikisi malik idi – bir sıra ölkələrin şərikli İpək yolu şirkəti və Qafqaz-tur. İpək yolu şirkəti Baykaldan Balkana adlı səyahət marşrutu təşkil edirdi. Marşrutun bir ucu Baykal göstərilsə də, bəzi hallarda bu marşrut Yakut Saxa elindən, yaxud Monqolustanda Orxon abidələrindən başlanır və Qüzey Kıprıs Türk Cümhuriyyətində bitirdi. Əlbəttə, uçaq marşrutları da vardı, amma çox vaxt turistlər qatarla, ya avtobuslarla səyahət etməyə üstünlük verirdi. Üç ox ekspres qatarı sərnişinləri Doğu Türküstandan, Altaydan, Qazaxstandan, Orta Asiyadan Xəzər sahillərinə gətirir, burada Azərbaycan və Türkmənistan azman bərələri qatarları, avtobusları tərkinə alır və Bakının Türkan limanına çatdırırdı. Buradan isə ya Bakı-Tiflis-Batum Sırp atabanıyla Türkiyəyə və oradan Avropaya, ya Bakı – Xudafərin – Sədərək– İqdır yoluyla yenə də Türkiyəyə, oradan Avropaya səyahət davam edirdi. Qafqaz-tur şirkəti isə Qara dəniz sahillərindən Xəzər sahillərinə, Neft daşlarından Bakurianiyə, Elbrusdan, Tiberdadan, Dambaydan Göyçə gölünə, Dilicana uzanan yollarla turistlərə bir aylıq rahat və xoş səyahət təklif edirdi.
Turistlərə yadigar suvenirlər kimi Qubalı ustalarının düzəltdiyi metal döymələr, Quba xalçaları, Lahıc misgərlərinin məmulatı, Şəki ipəkləri, Basqal kəlağayıları, Gürcustan çaxırları, Erməni konyakları hədiyyə edilirdi.
Məlik Bildiriş bülleteninə göz atdı. Mirzə Fətəli Axundzadə adına Dövlət dram teatrında Hüseyn Cavid pyesləri həftəsi uğurla davam edirdi. Üzeyir Hacıbəyli Dövlət Opera Balet teatrında Milanın La Skala teatrının solistlərinin qastrolları haqqında anons vermişdi. Hüseynqulu Sarablı Muğam teatrında Yeddi muğam silsiləsində həftənin hər günü bir dəstgah səslənəcəkdi – Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər… Hüseyn Ərəbli səhnəsində, gürcü teatrı Şekspirin Koriolan pyesini göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini filmləri retrospektivi başlanırdı.
Qara Qarayev musiqi mərkəzində, Niyazi konsert salonunda, Fikrət Əmirov oda musiqisi evində, Tofiq Quliyev estrada teatrında, Rəşid Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda bayram konsertləri, İçəri şəhər teatrlarında Orta oyunu, Qaravəlli, Kilimarası, Zorxana, Şəbih tamaşaları və etnoqrafik bayram oyunları, Şah İsmayıl Xətai tarix muzeyində, Nizami ədəbiyyat muzeyində, Sultan Məhəmməd Milli rəsm qalereyasında, Hacı Zeynalabdin Tağıyev dünya mədəniyyəti muzeyində, Səttar Bəhlulzadə çağdaş sənət muzeyində, İlkəl sənət muzeyində, Ziya Bünyadov Ordu muzeyində, Həsən bəy Zərdabi və Mikayıl Müşfiq kitabxanalarında bayram sərgiləri açılırdı.
Məlik elektron yaddaş kitabçasında qeydlər etdi, əlbəttə, hamısına getmək, hamısını seyr etmək, hamısını dinləmək imkanı yox idi, odur ki, çeşidli teatrları, muzeyləri əməkdaşları arasında bölüşdürdü – hərəsinə birini göndərəcəkdi, özü isə mütləq vaxt tapıb Qorqud dağının ətəyində açıq səma altında yerləşən İlkəl sənət muzeyinə getməlidir. Deyirlər ki, oranın ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib – nə isə ayrı aləmdir. Mütləq gedib baxmalıdır. Vaxt eləyə bilir ki… Heç İçəri şəhərdəki Xalq sənəti muzeyinin yeni açılmış şöbələrində–zərgərlik, misgərlik, şəbəkə, dulusçuluq, təkulduz, xəttatlıq muzeylərinə də baş çəkə bilməyib. Dünən Puşkin mədəniyyət evində Dostoyevskinin “Karamazov qardaşları romanının ikinci nəşrinin təqdimatı olub. Nə yazıq ki, vaxt tapıb bu romanın yeni tərcüməsini oxuya bilməyib. Heyf ki, keçən həftə akademik Landau Yəhudi mərkəzində Abram Qubermanın Azərbaycanda dini dözümlülük dəyərləri məruzəsini də dinləyə bilmədi. Macal tapa bilir ki…
Behzad İran mədəniyyət evində Hafiz Şirazi gecəsinə dəvət etmişdilər, ora da gedə bilməmişdi. İran artistlərinin ifasında fars dilində Hafizi dinləməyin öz ləzzəti var.
Video-telefonun zəngi çalındı. Məlik dəstəyi qaldırdı və kiçik ekranda Aypərinin bir qədər narazı çöhrəsini gördü. Salam-kəlam, hal-əhval və bayram təbriklərindən sonra Məlik:
– Gözümə bir təhər dəyirsən – deyə xəbər aldı, – qanın niyə qaradır?
Aypəri: – Qanım qara olacaq da, – dedi, – Bakıdan bəzi dekorları yubadıblar. Tamaşanı Novruz bayramına çatdıra bilmədik.
Aypəri bir neçə həftəydi ki, Təbrizdəydi. Əbdülqədir Marağayi teatrında Koroğlu operası yeni quruluşda hazırlanırdı, rəssam kimi Aypəri dəvət olunmuşdu. İlk tamaşanı bayramda vermək istəyirdilər və budur bax, Çənlibel səhnəsinin dekorları gəlib vaxtında çatmamışdı.
Məlik Aypərini fikrindən yayındırmaq üçün, söhbəti dəyişdi: – Nə oldu, Nigar tapdınız? – deyə soruşdu.
Aypəri: – Bəs deməmişdim sənə, axır ki, tapdıq, – dedi, – Urməvi Konservatoriyasının 3-cü kurs tələbəsidir. Səhnə təcrübəsi azdır, amma səsi pis deyil, – yenə əvvəlki söhbətə qayıtdı:
–Gör sən Allah, hər şey hazır idi, gör işimizi necə pozdular. Axı demişdim onlara Qırat marşrut avtobuslarıyla göndərin dekorları, yox, pula qənaət ediblər, Düratla göndəriblər, odur ki, gecikir, – hec cür sakit ola bilmirdi.
Məlik: – Əşi, kefini pozma, – dedi, – şər deməsən, xeyir gəlməz. Bir yandan elə yaxşı oldu, bir həftə sonra ilk tamaşaya mən də gələrəm Təbrizə.
–Hökmən Qıratla gəl.
–Mənim o qədər vaxtım hanı? Səhər uçağıyla gəlib, gecə uçağıyla qayıdaram. Beyrək zəng eləmişdi, Burladan da ismarıc var. Urumçiyə uçur.
Aypəri: – Bilirəm, – dedi. – Mənə də ismarıc göndərib. Beyrək də zəng eləmişdi. Deyir Şuşada axır çərşənbə qiyamət olub. Burda da çox təmtəraqlı keçdi. Gecələr Eynal-Zeynal dağında qalanmış tonqallar elə gözəl görünür ki… Bir-iki eskiz də çəkdim. Sabah da Ərkin təpəsində məşəl yandırılacaq.
Məlik: – Bilirəm, – dedi. – Bildir ordan veriliş hazırlamışdım, yadında deyil?
Aypəri: – Əlbəttə, yadımdadır, – dedi. – Yaxşı, di salamat qal. Bir də bayramını təbrik edir, öpürəm – indi Aypərinin kiçik ekrandakı çöhrəsində xoş bir təbəssüm vardı.
Məlik liftlə birinci mərtəbəyə endi, həyətə çıxdı, paltosunun cibindən pultu çıxartdı və qarajının qapısına tərəf tutub düyməni basdı. Qarajın qapıları açıldı. Pultun ikinci düyməsini basıb qarajdakı avtosunun qapılarını açdı. Məlikin avtomobili Ceyran idi. Beyrəklə Aypəri nə qədər israr eləsələr də, Maral almırdı. Beyrək özü neçə ildi ki, Maral sürürdü və atasına da bu avtomobilin məziyyətlərini tərifləməkdən yorulmurdu. Amma daha ucuz olsa da, qıvraq, çevik Ceyran markası Məlikin işinə daha çox yarayırdı. Maral avtomobilini Ford firmasının yardımıyla tikilmiş Gəncə avtomobil fabriki, Ceyranı Fiat firmasının iştirakıyla qurulmuş Sumqayıt fabriki istehsal edirdi.
Məlik avtomobilini işə salıb qarajdan çıxdı, pultla qaraj qapılarını bağladı. Həyətdən sola burulub Şeyx Məhəmməd Xiyabani prospektinə tərəf sürdü. Məlikin mənzili Bakının Bayat məhəlləsində idi. Hansısa kitabda oxumuşdu ki, bir vaxtlar bura 8-ci kilometr adlanırmış. Əcəb qəribə addır – niyə 8-ci kilolmetr, hardan 8-ci kilometr, yəni hardan hesablamağa başlasan, bura gəlib səkkizinci kilometr çıxır. Ümumiyyətlə, şəhərin müxtəlif mikrorayonlarına (o vaxt bu əcaib sözü işlədirmişlər) 1-ci, 2-ci, nə bilim, neçənci mikrorayon deyərlərmiş. Buralarda tikilən evlərin görünüşünü də Allah göstərməsin (Məlik köhnə sinema arxivində, xronikalarda görmüşdü onları). Məlik şəhərin indiki məhəllələrinin adlarını bir-bir yadına saldı, – Əfşar, Qacar, Qaşqay, Şahsevən, Kəngər, Bayandır, Borçalı, Zəngəzur, İqdır. Amma nə deyirsən de, Məlikin yaşadığı Bayat məhəlləsi onun gözündə bütün başqalarından səfalı idi. Elə onun yaşadığı otuz mərtəbəli binanın arxasından başlanan Qara yazı parkı, parkın içindəki uçan su şəlaləsi nəyə desən dəyər.
Məlik cib telefonunu çıxarıb Ankaraya, sonra Nyu Yorka, Moskvaya və Tehrana, çoxdan tanıdığı və daima internetlə əlaqə saxladığı telejurnalist dostlarıyla danışdı. Çox qabaqdan onların razılığını almışdı ki, SNN, TRT, Moskvanın Avrasiya və Tehranın İrani-növ kanalları da Azərbaycanda keçirilən Novruz bayramının görüntülərini mütləq başqa TV-lərdən deyil, Çağdaşdan alsın. Bu həm Çağdaşa yaxşı reklam idi, həm də xeyli gəlir gətirəcəkdi. O biri kanalların rəhbərlərinin bağrı çatlayacaq, – Məlik gülümsündü, – ayıb olsun – deyə belə xüdbin fikirlərə görə özünü məzəmmət elədi və – amma yəqin onlar da bir şey fikirləşiblər – deyə sakitləşdi. Axı o biri TV– lərdə işləyənlərin çoxusu da yüksək peşəkardılar və onun yaxın dostları idi.
Xiyabani prospektindən Çanaqqala meydanına çıxdı, bu meydanda ucalan Kamal Atatürkün möhtəşəm heykəlinin yanından burulub Qaraqoyunlular bulvarına girdi.
Qaraqoyunlular bulvarı Bakının yeddi ən məşhur bulvarından biriydi. Qara şəhər zavodları şəhərdən kənara Üçtəpə tərəflərə köçürüləndən sonra Xəzər bulvarı Bayıldan Zığa qədər uzanırdı və Ginnesin kitabına düşmüşdü – bu sahil şəridi dünyada ən uzun bulvar idi. Cəfər Cabbarlı meydanından Nərimanov prospektinə qədər uzanan Füzuli bulvarı isə şəhərin ən şık, dəbdəbəli bulvarı sayılırdı – ən bahalı mənzillər, ən şık otellər burada yerləşirdi. Haçansa Respublika sarayı adlanan Füzuli sarayı da burda idi, Dram teatrı da, Opera teatrının yeni binası da. Sağ və sol tərəfdən şəhərin ən iri sinemaları Aynur, Dalğa, Cəfər Cabbarlı şəhər teatrı, saysız-hesabsız sərgi salonları nəzərə çarpırdı. Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu küçələrinin Füzuli bulvarında kəsişdiyi yerdə bu iki dost mütəfəkkirin qoşa heykəli qoyulmuşdu.
Füzuli bulvarı da Xəzər bulvarı boyu uzanan Xəzər prospekti kimi gecələr o qədər gur çıl-çıraqlı idi ki, yəqin bu işıq seli göyün yeddi qatından, kosmik gəmilərdən də görülüb seçilərdi.
Qarabağ bulvarı əksinə, daha sakit və kədərli idi. Bu bulvar boyu yerləşmiş anıtlar orijinallığı ilə seçilirdi. Qarabağ döyüşlərində həlak olmuş naməlum şəhidin məzarı üstündə yanan əbədi od qədim ocaqlar şəklində düzəldilmişdi. Xocalı müsibətinin anıtı – yerlə-yeksan olmuş xarabalıq, yanıb– qaralmış daş qalaqları, kösöylərdən ibarət idi və bu daşların, kösöylərin arasından torpaqdan daima tüstü süzülüb qalxırdı. Hər saatdan bir səslənən musiqi, Fikrət Əmirovun Şur simfonik muğamından bir parça anıtın təsir gücünü bir az da artırırdı. Dikuçar faciəsinin anıtı da qeyri-adi idi – parçalanıb yanmış metallik dikuçarın yarıqları arasında həlak olanların sifətləri həkk olunmuşdu. Və nəhayət, bütün bu acı xatirələrin təsəllisi kimi Qarabağ dəmir yolu vağzalının qarşısında
möhtəşəm Zəfər Tağı ucalırdı.
Son illər Bakıda qoyulmuş müxtəlif abidələr və anıt yerləri arasında Məlik ən çox Qarabağ bulvarında yerləşənləri bəyənirdi, bir də Millət meydanında ucalan Dirəniş abidəsini. Biləcəri tərəfdən 20 Yanvar prospektiylə şəhərin mərkəzinə tərəf irəliləyərkən Millət meydanında, haçansa XI Qızıl Ordu abidəsinin yerində nəhəng bir tankın arxa tərəfini görürdün. Tank sanki at kimi şahə qalxmışdı. Qarşı tərəfdən baxanda isə yalın əlləriylə bu tanka qarşı çıxmış insanların gücüylə tankın qabaq tərəfinin havaya qaldırıldığını görürdün. Millət meydanında ucaldılmış Dirəniş abidəsi də, 20 Yanvar prospekti boyu insanların həlak olduqları nöqtələrdə çəkilmiş qərənfil şəkilləri də o uzaq illərin hələ də yaraları qövr edən müsibətini yada salırdı.
Azərbaycan sinemasından Kukla teatrına qədər açılmış Yeddi gözəl bulvarı isə boyu sarıdan ən qısa, amma turistləri ən çox cəlb edən bulvarlardan idi. Buradakı bahalı dükanlar, Yeddi gözəl mod teatrı, sərgi salonları və restoranlar sanki bir– biriylə bəhsə girərək daha yaraşıqlı, daha cazibədar, daha cəlbedici olmağa çalışırdı. Amma bu bulvarda turistləri ən çox cəlb edən Yeddi gözəl fəvvarələri idi. Yeddi iqlimdən yeddi gözəlin rəngbərəng fiqurları axşamlar işıq effektləri vasitəsilə sanki Qara Qarayev musiqisinin müşayətilə rəqs edirdilər. Turistlər bir də Bakıya qayıtmaq üçün fəvvarələrin hovuzuna qəpik-quruş atırdı. Qonaqları cəlb edən ikinci yer Cəfər Cabbarlı meydanındakı qüllə idi. Keçmiş Sabunçu vağzalı dəmir yol durağı kimi istifadəsiz qalandan sonra indi bu binada Arşın mal alan Mədəniyyət və Ticarət Mərkəzi açılmışdı. Binanın qüllədəki pəncərələrindən hər gün gündüz saat on iki tamamda Üzeyir musiqisinin sədaları altında “Arşın mal alan” operettasının rəngli saxsılardan düzəldilmiş personajları çıxıb meydana toplaşanlara baş əyirdilər.
Araz bulvarı Vahid Azərbaycan meydanından başlayırdı. Səlcuq stadionu (əsaslı dəyişdirilmiş və genişləndirilmiş keçmiş Respublika stadionu) qarşısında üç böyük Səlcuq hökmdarının – Sultan Toğrulun, Alp Arslanın və Məlik şahın at belində heykəlləri ucalırdı. Stadion girişinin sağ tərəfində Tofiq Bəhramov adına İdman muzeyində Azərbaycan idmançılarının qırxdan artıq Olimpiya və dünya çempionu medalları, saysız-hesabsız prizlər nümayiş etdirilirdi. Meydanın qarşı tərəfində bir yanda Savalan, o biri tərəfdə Şahdağ otellərinin qarşısında Azərbaycan tarixinin on iki məşhur dövlət xadiminin heykəlləri qoyulmuşdu – Aranşah Cavanşir, Qızıl Arslan, Şirvanşah İbrahim, Cahanşah Ağqoyunlu, Qaraqoyunlu Uzun Həsən, Şah İsmayıl Səfəvi bir tərəfdə, Nadir şah Əfşar, Qarabağlı Pənah xan, İbrahim xan Cavanşir, Şəkili Hacı Çələbi xan, Qubalı Fətəli xan, Gəncəli Cavad xan o biri tərəfdə. İki tərəfin arasından isə Araz bulvarı başlanırdı. Araz bulvarında Güney və Qüzey Azərbaycanın istiqlal mübarizəsinin altı obeliski – Tikili daşı ucaldılmışdı. 1905-1906-cı illər Səttarxan hərəkatına həsr olunmuş Məşrutə obeliski, 28 Mayıs – Cümhuriyyət obeliski, Xiyabani hərəkatının Azadıstan obeliski, 1945-ci il 21 Azər obeliski, 1991-ci il Qüzey Azərbaycanın müstəqillik obeliski və Xudafərin – Qovuşma obeliski. Yeddinci məşhur bulvar Aşıqlar bulvarı idi ki, Məlik avtosunda həmin bulvarın girəcəyinə yaxınlaşırdı. Hər səhər işə gedəndə avtosunu burada əyləyər, bulvarda yarım saat piyada gəzərdi. Haçansa Ermənikənd bulvarı adlanan bu bulvarın girəcəyində Aşıq Ələsgərə həsr olunmuş abidə qoyulmuşdu. Daha doğrusu, Ələsgərin “Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” misralarının motiviylə düzəldilmişdi bir abidə. Bir çeşmə qurulmuşdu, çeşmə başında Aşıq Ələsgərin və onun çərşənbə günü rast gəldiyi alagöz xanımın surətləri yaradılmış, o məşhur qoşmanın bəndləri həkk olunmuşdu. Məlik Aşıqlar bulvarı boyu irəlilədikcə bulaqların üstündə uşaqlıqdan əzbər bildiyi misraları həvəslə bir də oxuyurdu.
Qurbanı der: könlüm bundan sayrıdı,
Nə etmişəm,yarım məndən ayrıdı,
Ayrılıqmı çəkmiş boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Qaracaoğlan, çoxağladım, gülmədim,
Aradım, dərdimə dərman bulmadım,
Bunca gündür bir minnətə gəlmədim,
Kərəm eylə məhzun göndərmə məni.
Dağların qarından bəyazdır sinən,
Üstünə yıxılıb öləsim gəlir.
Ağ qoç qara qoç
Rubrikator
Təsadüf Azərbaycan nağılı
Təsadüf dünya nağılı
Məlikməmməd
Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış.
Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
– Ata, sənə fəda olum, mənə görə qulluq?
Atası dedi:
– Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürüb dava libasını geyinib bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu, dərilibdi.
Padşahın böyük oğlu kor-peşman evə qayıtdı. O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:
– Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Ortancıl oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürdü, dava libasını geyib bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü alma dərilib. Kor-peşman evə qayıtdı.
Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, ədəblə baş endirib dedi:
– Ata, izn ver, bu səfər də alma ağacının keşiyini mən çəkim.
Atası dedi:
– Səndən böyük qardaşların deyirdilər, alma ağacının keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər, kor-peşman geri qayıtdılar. İndi sən gedib nə qayıracaqsan?
Məlikməmməd əl çəkməyib, atasından təvəqqe elədi ki, ona izn versin. Atası çar-naçar izn verdi. Məlikməmməd kefi kök, damağı çağ, qayıdıb öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağının başını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi.
Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir, ta nə təhər.
Durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Bir vaxt gördü ki, bir dev gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən bir dağ qopub gəlir.
Məlikməmməd o saat barmağını dişləyib dedi:
– Aha, almanı aparan bu imiş.
Dev gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılınc vurdu ki, qılınc zərbdən iki parça olub əlindən yerə düşdü. Dev o saat qayıdıb, nərə çəkə-çəkə qaçdı.
Sabah olan kimi Məlikməmməd almaları yığıb bir məcmeyiyə qoydu, üstünə də bir örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.
Məlikməmməd dedi:
– Ay ata, izn ver, qanın iziynən gedib devi öldürüm.
Padşah razı oldu. Məlikməmmədə bir qədər də qoşun verib, o biri oğlanlarını da ona qoşdu və yola saldı. Az gedib, üz gedib, dərə, təpə, düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, dev bu quyuya giribdi.
Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əvvəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdı daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi.
Bu, daşa yapışdı, bir dəfə güc verib daşı götürdü, kənara atdı. Daşı atandan sonra devin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib dedi:
– Gərək məni sallayasınız.
Dedilər:
– Yaxşı.
O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdılar ki, bərk çığırdı:
– Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, devin dalınca gedim.
Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan səs gəldi:
– Ay yandım, çəkin!
Yenə çəkdilər.
Axırda növbət Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:
– Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun tərkinə çatan kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb yolnan başladı getməyə. Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içindən də bir qapı var, bu qapını açdı, bir ayrı otağın içində də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısını açdı. Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına gül-camalına tamaşa elə. Qızın dizi üstə bir dev başını qoyub yatmışdı.
Qız Məlikməmmədi görcək dedi:
– Ey cavan, kimsən, nəkarasan? Heyifsən, qaç gizlən. Dev yaralanıb, acığı tutub. Ayılıb, səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.
Məlikməmməd dedi:
– Mən elə bu devi öldürməkdən ötrü bura gəlmişəm. Məlikməmməd xəncərini çıxarıb, devin ayağını dəlməyə başladı. Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub yenə başladı devin ayağını dəlməyə.
Dev gözlərini açıb çığırdı:
– Qoyma, ayağımı milçək yedi.
Üçüncü dəfə Məlikməmməd devin ayağını dələndə dev yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:
– Sənə demirəm ayağımı milçək yedi?!
Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Dev dedi:
– Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik.
Məlikməmməd razı oldu. Dev başını yenə qızın dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu minvalnan yeddi gün, yeddi gecə güləşdilər.
Axırda qız Məlikməmmədə dedi:
– Ey cavan, o taxçada bir şüşə var, bu devin canı o şüşədədi. Onu sındırmasan, devə güc gələ bilməyəcəksən.
Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş çıxıb uçmaq istəyəndə Məlikməmməd o saat onu tutdu. Dev yerindən qalxıb yalvarmağa başladı:
– O quşa dəymə, dünyada nə istəyirsən sənə verim. O quşu öldürmə, o mənim canımdı.
Məlikməmməd qəbul etməyib dedi:
– Mənim elə axtardığım bu idi.
Sonra quşun başını üzüb yerə atdı; haman saat dev gurultu ilə taxtdan düşüb öldü.
Məlikməmməd devi öldürdükdən sonra başını qızın dizinin üstə qoyub doyunca rahat oldu. Bir qədər keçdi, durub o biri otağa keçdi.
Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturubdu, bunun da dizi üstə bir dev başını qoyub yatıb. Qız Məlikməmmədi görəndə dedi:
– Ey cavan, yazıqsan, qayıt qaç. İndicə dev oyanar, səni parçapar ça elər.
Məlikməmməd dedi:
– Qorxma, ay, qız, bunu da öldürəcəyəm.
Məlikməmməd qılıncını çıxarıb devin ayağını dəlməyə başladı.
Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub, yenə başladı devin ayağını dəlməyə.
Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd üçüncü dəfə devin ayağını dələndə, dev yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:
– Sənə demirəm ayağımı milçək yedi?!
Məlikməmməd yenə sıçrayıb devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib bir-birini yıxa bilmədilər. Axırda Məlikməmməd devi yuxuya verdi, taxçadakı şüşəni sındırıb quşu tutdu, başını üzən kimi tez gurultuynan yıxılıb öldü.
Məlikməmməd qızın dizi üstə başını qoyub bir az rahat oldu, sonra üçüncü otağa girdi. Burda taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl idi. Elə gözəl idi ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə.
Məlikməmməd qıza lap ürəkdən aşiq oldu. Qızın da gözü Məlikməmmədə düşdü.
Qız yalvardı ki, ay cavan, heyifsən, qaç gizlən. Dev gəlib səni yeyəcək.
Məlikməmməd qulaq asmayıb bir az oturdu, bir də gördü nə, göy guruldadı, ildırım çaxdı, dağ kimi bir dev gəldi.
Bunlar qırx gün, qırx gecə güləşdilər. Bu devin də canı şüşədə idi.
Məlikməmməd şüşəni cəld götürüb yerə çırpdı, quşun boğazını üzdü, dev öldü.
Məlikməmməd kefi kök, damağı çağ, başını qızın dizi üstə qoyub yatdı.
Məlikməmməd yuxudan duran kimi, qızları başına yığıb, vəzndən yüngül, qiymətdən ağır şeylərdən götürüb quyunun tərkinə gəldi.
Əvvəl böyük qızın belinə kəndir bağladı qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbə balaca qıza gələndə qız Məlikməmmədə dedi:
– Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram qardaşların görərlər ki, mən o birilərdən gözələm, paxıllıqları tuta, kəndiri kəsib, səni quyuya salalar.
Məlikməmməd razı olmadı. Qız dedi:
– İndi ki razı olmursan, barı bu dediklərimə qulaq as. Kəndiri kəsəcəklər, genə quyunun tərkinə düşəcəksən. O vaxt döyüşə-döyüşə iki qoç gələcək; biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi, işıqlı dünyaya çıxacaqsan.
Qara qoca minsən, qaranlıq dünyaya düşəcəksən.
Məlikməmməd qızın sözünə qulaq asandan sonra onun belinə ip bağladı, qızı yuxarı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşların ağılları başlarından çıxdı, dedilər:
– Bəs Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı özünə götürəcək.
Bunların paxıllığı tutdu, yarı yolda Məlikməmmədin kəndirini kəsdilər. O, şappıltıynan quyunun tərkinə düşdü.
Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən ağ qoçnan qara qoç, budu, döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.
Burda Məlikməmməd bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasının səsi gəldi.
Demə, bu ağacda Zümrüd quşunun yuvası var imiş. Bu Zümrüd quşu ha vaxt ki, yumurtadan bala çıxarıb bəslərmiş, balaları böyüyəndə əjdaha gəlib onları yeyərmiş. Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca dırmaşırdı ki, yenə Zümrüdün balalarını yesin. Məlikməmməd bunu gördü, cəld qılıncını çəkib əjdahanı iki parça elədi. Sonra ağacın dibində yatdı.
Sizə kimdən deyim, Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi, qayıdıb gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu adamdı. Cəld gedib dimdiyinə bir iri daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuvadan çığırışıb qoymadılar, dedilər:
– Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, canımızı qurtardı.
Zümrüd quşu daşı kənara atıb aşağı endi, qanadlarını Məlikməmmədin üstünə çəkdi.
Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu.
Quş dedi:
– Hər kəssən, nəkarasan, qorxma. Mən sənə pislik eləmərəm.
Mən neçə ildi ki, sən öldürdüyün əjdahanın əlindən bala üzünə həsrət idim. İndi sən əjdahanı öldürüb, mənim balalarımı ölümdən qurtardın.
Bu yaxşılığın əvəzində nə istəyirsən?
Məlikməmməd başına gələn qəza-qədəri açıb quşa nağıl elədi, dedi:
– Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.
Zümrüd dedi:
– Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.
Məlikməmməd bilmədi ki, qırx şaqqa əti, qırx tuluq suyu haradan tapsın. Quş Məlikməmmədin bikef olduğunu görüb dedi:
– Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Bir əjdaha gəlib suyun qabağını kəsib. Nə qədər ərzuman pəhləvanlar gedirsə, onu öldürə bilmir. Yeddi ildi ki, əjdaha suyun qabağını kəsib.
Hər gün bir qız aparıb onun ağzına atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi görürəm, sən qüvvətli pəhləvansan, olsa olsa o əjdahanı da sən öldürə bilərsən. Get, o əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq su al. Elə ki mən dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır olaram, səni işıqlı dünyaya çıxardaram.
Bəli, Məlikməmməd quşdan tükü alıb, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gəldi Zümrüd dediyi padşahın ölkəsinə çıxdı. O, gəzə-gəzə bir qarının qapısına gəlib dedi:
– Qarı nənə, Allah qonağı istərsənmi?
Qarı dedi:
– Niyə istəmirəm. Allaha da qurban olum, qonağına da.
Məlikməmməd gördü ki, bütün şəhər əhli qara geyib.
Qarıdan soruşdu:
– Qarı nənə, bu camaat niyə qara geyib?
Qarı dedi:
– Qadan alım, bir əjdaha suyun qabağını kəsib, hər gün onun ağzına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük.
Ölkədən qız qurtarıb. Padşahın gözünün ağı-qarası bir qızı var, sabah onu əjdahanın ağzına atacaqlar. Odu ki, camaat qara geyib.
Məlikməmməd axşam qarının evində yatdı. Səhər tezdən əjdahanın yerini qarıdan öyrəndi, ora getdi. Bir də gördü ki, camaat böyükdən-kiçiyə ağlaşa-ağlaşa padşahın qızını suyun qabağına gətirdilər.
Qızı əjdahanın ağzına atmaq istəyəndə Məlikməmməd irəli getdi, qılıncı sivirib, əjdahaya elə bir qılınc vurdu ki, o iki parça oldu. Padşaha muştuluqçu getdi. Təntənə ilə Məlikməmmədi padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:
– Ey oğlan, o əjdaha mənim ərzuman pəhləvanlarımın hamısını yeyib. Sən bizim ölkəni əzabdan qurtardın. İndi gəl padşahlığımı sənə verim, qızımı da al, bütün taxt-tacıma sahib ol.
Məlikməmməd ədəblə gərnuş eləyib dedi:
– Padşah sağ olsun, səndən heç zad istəmirəm. Mənə qırx şaqqa ət, qırx tuluq da su ver, işıqlı dünyaya çıxım.
Padşah əmr elədi, Məlikməmmədə qırx şaqqa ət, qırx tuluq su hazır elədilər. Məlikməmməd şeyləri alandan sonra padşahnan xudahafizləşib kənara çıxdı, Zümrüd verdiyi tükü oda tutdu.
O saat Zümrüd hazır oldu. Əti quşun bir qanadının üstünə qoydu, suyu da birinə. Özü də Zümrüdün belinə mindi, yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı, gördü ki, yer xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlikməmməd bir də baxıb gördü ki, yer lap gözdən itib.
Elə quş havaxt “qa” dedi, Məlikməmməd ətdən verdi, “qu” dedi, sudan verdi. İşıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir şaqqa ət Məlikməmmədin əlindən yerə düşdü, quş “qa” deyəndə Məlikməmməd məəttəl qaldı, bilmədi nə eləsin. Əlacı kəsildi, qılıncı çıxarıb baldırının ətindən kəsib quşun ağzına atdı. Zümrüd quşu gördü ki, bu ət o biri ətlərə oxşamır, çox şirindi. Odu ki, dilinin altına qoydu, yemədi. Axırıncı mənzil də qurtardı. Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub dedi:
– Di get.
Məlikməmməd dedi:
– Sən get, mən özüm gedərəm.
Zümrüd dedi:
– Yox, gərək gedəsən.
Məlikməmməd axsaya-axsaya getməyə başladı.
Zümrüd dedi:
– Ey oğlan, səbəb nədi ki, axsayırsan?
Məlikməmməd əhvalatı açıb nağıl elədi dedi:
– Daha nə gizlədim, sənə verdiyim axırıncı ət baldırımın əti idi.
Quş o saat dilinin altından əti çıxardıb Məlikməmmədin baldırına yapışdırdı. Tüpürcəyindən də sürtüb yaxşı elədi. Sonra öz tükündən çıxarıb bir az da Məlikməmmədə verdi, dedi:
– Ha vaxt dara düşsən, bu tükləri yandır, mən o saat gəlib səni dardan qurtararam. Quş sözünü deyib, uçub getdi. Məlikməmməd yavaşyavaş gəlib bir dərzi dükanının qabağına çıxdı, dedi:
– Ay usta, Allah rizasına, məni yanında şəyird saxla.
Ustanın buna yazığı gəlib saxladı. Məlikməmməd yamaq-sökükdən tikirdi, ustasına qulluq eləyirdi. Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb padşahın imarətinə getdi. Məlikməmməd bir az oturdu, sonra dükanı bağlayıb bir guşəyə getdi, Zümrüd quşunun tükünü çıxarıb yandırdı. O saat Zümrüd hazır olub dedi:
– Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı gətir.
Zümrüd “baş üstə” – deyib, uçub getdi, bir az çəkmədi ki, Məlikməmməd deyən şeylər hazır oldu. Məlikməmməd paltarları qıvraq geyindi, qılıncını belinə bağladı, qalxanı qoluna taxdı, bir baş atı padşahın evinin qabağına sürdü. Şəhər camaatı, bütün qoşun tamaşaya yığılmışdı.
Padşahın böyük oğlu da at çapırdı.
Məlikməmməd atını meydana salıb bir o başa çapdı, bir bu başa çapdı, sonra qılıncını çıxarıb padşahın böyük oğlunun boynunu vurdu.
Qoşun bir-birinə qarışdı. Camaat bir-birinə dəydi. Hamı Məlikməmmədin dalınca tökülüb onu oxa basdılar. Məlikməmməd atı çapıb yel kimi gözdən itdi. Yenə gəlib dükanı açıb oturdu. Bir azdan sonra dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd durub, yalandan ustanın o tərəf-bu tərəfinə keçib dedi:
– Ay usta, qurbanın olum, nə olubdu?
Usta dedi:
– Nə olacaq, padşahın evinin qabağında at çapışında hardansa suya dönmüş sarı paltarlı bir atlı gəldi, bir az o başa, bir az bu başa at çapdı, birdən qılıncını çəkib padşahın oğlunun boynunu vurdu. Dalınca töküldülər, tuta bilmədilər.
Məlikməmməd yalandan bir az heyifsilənib, gedib yerində oturdu.
Aradan bir neçə vaxt da keçdi. Padşahın böyük oğlunun qırxı çıxdı. Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy eləyir, usta gəlsin paltar biçməyə.
Dərzi sevinə-sevinə qayçısını götürüb yola düşdü. Məlikməmməd də dükanda qaldı. Usta gedəndən sonra Məlikməmməd yenə durub dükanı bağladı. Haman küçəyə gedib, Zümrüdün tükünü yandırdı. O saat Zümrüd hazır olub dedi:
– Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir də qırmızı at gətirərsən.
Zümrüd “baş üstə” – deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi.
Məlikməmməd qıs-qıvraq geyinib padşahın imarətinə tərəf getdi. Orda yenə qoşun, camaat düzülüb padşah oğlunun at çapmağına tamaşa eləyirdilər.
Məlikməmməd atı meydana salıb bir o başa, bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başın qılıncnan vurub yerə saldı, qaçdı. Qoşun nə qədər onun dalınca at çapdısa tuta bilmədi, ox atdısa vura bilmədi.
Camaat, qoşun təzədən qara geyib yasa batdı.
Məlikməmməd paltarını dəyişib dükana gəldi. Yenə dərzi başına, gözünə döyə-döyə geri qayıtdı.
Məlikməmməd dedi:
– Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə başına, gözünə döyə-döyə qayıdırsan?
Usta dedi:
– Mərdimazar, kim idisə, qırmızı paltar bir atlı gəlib padşahın gözünün ağı, qarası bircə oğlu qalmışdı, onun boynunu vurub qaçdı. Dalınca nə qədər töküldülərsə, tuta bilmədilər, ox atdılar, vura bilmədilər.
Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay, dolandı, günlərin bir günü, yenə ustaynan şəyirdi dükanda oturmuşdu. Birdən şəyird ustasına dedi:
– Dur get, padşaha muştuluq ver ki, balaca oğlunu tapmışam. Usta cavabında dedi:
– Ədə, dəli olmamısan. Padşah deməz ki, balaca oğlum hardadı?
Onda nə cavab verərəm?
Məlikməmməd başına gələn qəza-qədəri açıb dərziyə nağıl elədi.
Dərzi burdan sevinə-sevinə bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib yıxıldı. Padşah pəncərədən bunu görüb dedi:
– Yəqin dərzidə bir xəbər nar. Gedin bura gətirin.
Qul-qarabaş tökülüb dərzini padşahın qulluğuna gətirdilər.
Dərzi yetişən kimi, padşaha baş endirib dedi:
– Padşah, sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Padşah az qaldı özündən getsin, dedi:
– Məlikməmməd quyuda ölübdü. Bəs ölü də dirilərmi? Tez de görüm, bu nə əhvalatdı?
Dərzi dedi:
– Muştuluğumu verməsən, deməyəcəyəm.
Padşah vədə verdi ki, ona özü ağırlıqda qızıl versin.
Dərzi Məlikməmmədin başına gələn qəza-qədəri nağıl elədi.
Padşah dedi:
– Ay məni istəyən, dərziyə xələt.
Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülüb Məlikməmmədin dalınca getdilər. Padşah oğlunun üzündən, gözündən öpdülər, sonra hamama apardılar, şahzadələrə layiq paltar geyindirib, atasının qulluğuna apardılar. Padşah oğlunu duz kimi yaladı, bağrına basdı.
Məlikməmməd başına gələn əhvalatı atasına nağıl eləyib dedi:
– Ata, meydanda qardaşlarımı öldürən mən idim. Quyuda neçə vaxt devlərlə əlləşib üç qız gətirmişdim. Bəs rəvadırmı, onlar kəndiri kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər?
Padşah oğlunun alnından öpüb, şükür elədi ki, o sağ-salamatdı.
Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlikməmmədə verdilər. Qırx gün, qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin, dövrə keçin.
Səhifələr: 1
Comments are closed, but trackbacks and pingbacks are open.