Press "Enter" to skip to content

Beynelxalq hüquq

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2000, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 708)

Beynelxalq hüquq

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2000, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 708)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Beynəlxalq xüsusi hüquq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi

1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.

1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər.

1.6. Ələt azad iqtisadi zonasında xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [1]

Maddə 2. Xarici hüququn məzmununun müəyyən olunması

2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

Maddə 3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad

3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur.

3.2. Bu Qanunun 9-cu və 10-cu maddələrində nəzərdə tutulan münasibətlər, habelə ailə-vərəsəlik hüquq münasibətləri tənzimlənərkən xarici hüququn tətbiqi zamanı Azərbaycan Respublikası hüququna geriyə istinad və ya üçüncü ölkənin hüququna istinad qəbul olunur.

Maddə 4. Xarici hüququn tətbiqinə məhdudiyyət

Azərbaycan Respublikasının Konstitusiyasına və referendumla qəbul edilmiş aktlarına zidd olan xarici hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir.

Maddə 5. İmperativ normaların tətbiqi

5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir.

5.2. Bir ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin imperativ normalarına, müqavilədə əsas götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə alınmalıdır.

Maddə 6. Bir neçə hüquq sistemi olan dövlətin hüququnun tətbiqi

Bir neçə hüquq sisteminin qüvvədə olduğu dövlətin hüququnun tətbiq ediləcəyi hallarda, bu dövlətin hüququ həmin hüquq sistemlərindən hansının tətbiq olunacağını müəyyən edir. Belə tətbiq qaydası müəyyən olunmadıqda, işin halları ilə daha sıx bağlı olan hüquq sistemi tətbiq edilməlidir.

Maddə 7. Retorsiyalar (xüsusi məhdudiyyətlər)

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə münasibətdə retorsiyalar tətbiq edən dövlətlərin vətəndaşlarına və hüquqi şəxslərinə cavab tədbiri kimi analoji məhdudiyyətlər müəyyən edə bilər.

Maddə 8. Qanunu üstələmənin qeyri-qanuniliyi

Tərəflərin bu Qanunun tətbiq olunmalı hüquq haqqında müəyyən etdiyi qaydaları üstələyərək müvafiq münasibəti digər hüquqa tabe etməyə yönələn razılaşma və digər hərəkətləri qeyri-qanuni hesab olunur. Belə hallarda tətbiqi bu Qanunla müəyyən olunan müvafiq ölkənin hüququ tətbiq edilir.

II fəsil
Şəxslər

Maddə 9. Fiziki şəxsin istinad etdiyi qanun

9.1. Vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi qanun hesab edilir. İki və daha çox vətəndaşlığı olan şəxs üçün isə həmin vətəndaşın daha sıx əlaqəli olduğu ölkənin hüququ onun istinad etdiyi qanun sayılır.

9.2. Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir.

9.3. Qaçqının sığınacaq aldığı ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir.

Maddə 10. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti

10.1. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyətli onun istinad etdiyi qanunla müəyyən olunur.

10.2. Əqdlər və vurulmuş ziyan nəticəsində əmələ gələn öhdəliklər barəsində fiziki şəxsin fəaliyyət qabiliyyəti əqdin bağlandığı və ya vurulmuş ziyanla bağlı öhdəliyin yarandığı ölkənin hüququ ilə müəyyən edilir.

10.3. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmənin mənsub olduğu ölkənin hüququna əsasən həyata keçirilir.

Maddə 11. Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi

Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi həmin işə baxan məhkəmənin mənsub olduğu ölkənin hüququna tabedir.

Maddə 12. Hüquqi şəxsin istinad etdiyi qanun

Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur.

Maddə 13. Hüquqi şəxsin hüquq qabiliyyəti

13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir.

13.2. Xarici hüquqi şəxs onun orqanının (filialının) və ya nümayəndəsinin əqd bağladığı ölkənin hüququna uyğun olaraq qadağan edilən həmin əqdi bağladığına görə səlahiyyətinin məhdudlaşdırılmasına etiraz edə bilməz.

Maddə 14. Şəxsin adı

14.1. Fiziki şəxsin adı, ondan istifadə və onun müdafiəsi fiziki şəxsin istinad etdiyi qanunla müəyyən olunur.

14.2. Hüquqi şəxsin, onun filial və nümayəndəliyinin adı, ondan istifadə və onun müdafiəsi hüquqi şəxsin istinad etdiyi qanunla müəyyən olunur.

Maddə 15. Milli rejim

Xarici hüquqi şəxslər, əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə bərabər müvafiq olaraq mülki hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Qarşılıqlı olaraq cavab tədbiri kimi bu qaydadan istisnalar müəyyən edilə bilər.

Maddə 16. Dövlətin xarici elementli mülki hüquqi münasibətlərdə iştirakı

16.1. Qanunla başqa hallar nəzərdə tutulmadıqda dövlətin iştirak etdiyi xarici elementli mülki-hüquqi münasibətlərə bu Qanunun müddəaları tətbiq edilir.

16.2. Dövlətin bağladığı mülki hüquqi əqdlərə, əgər bu onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, bu Qanunun müddəaları tətbiq edilir.

16.3. Dövlət tərəfindən bağlanan hüquqi əqdlərin xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir.

III fəsil
Əqdlər

Maddə 17. Əqdlərin forması

17.1. Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz.

17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.

17.3. Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir, bu şərtlə ki, həmin ölkənin hüququna görə, əqdin bağlandığı yerdən və bu əqdin tabe olduğu hüquqdan asılı olmayaraq bu normalar tətbiq olunmalıdır.

Maddə 18. Etibarnamə

Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun.

Maddə 19. İddia müddəti

19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir.

19.2. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur.

IV fəsil
Əşya hüququ

Maddə 20. Əşya hüququna tətbiq olunan xarici hüquq haqqında ümumi müddəalar

20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

20.2. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

Maddə 21. Əşya hüquqlarının əmələ gəlməsi və xitamı

Əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir.

Maddə 22. Nəqliyyat vasitələrinə və yolda olan daşınar əmlaka əşya hüquqları

22.1. Nəqliyyat vasitələrinə əşya hüquqları onların qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur.

22.2. Yolda olan daşınar əmlaka mülkiyyət və digər əşya hüquqları, tərəflərin razılığı ilə başqa hal müəyyən edilməyibsə, əmlakın göndərildiyi ölkənin hüququ ilə müəyyən olunur.

Maddə 23. Şəxsi qeyri-əmlak hüquqları

Şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə bu hüquqların həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir.

V fəsil
Müqavİlə öhdəlİklərİ

Maddə 24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi

24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər.

24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır.

Maddə 25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi

25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:

25.1.1. alqı-satqı müqaviləsində – satıcının;

25.1.2. bağışlama müqaviləsində – hədiyyə edənin;

25.1.3. əmlak kirayəsi müqaviləsində – kirayə verənin və ya kirayəçinin;

25.1.4. əvəzsiz istifadə müqaviləsində – əvəzsiz istifadəyə verən şəxsin;

25.1.5. borc müqaviləsində – borc verənin;

25.1.6. podrat müqaviləsində – podratçının;

25.1.7. tapşırıq müqaviləsində – vəkaləti alanın;

25.1.8. komissiya müqaviləsində – komisyonçunun;

25.1.9. saxlama müqaviləsində – saxlayıcının;

25.1.10. daşıma müqaviləsində – daşıyıcının;

25.1.11. sığorta müqaviləsində – sığortaçının;

25.1.12. girov müqaviləsində – girov qoyanın;

25.1.13. zaminlik müqaviləsində – zaminin;

25.1.14. qarantiya müqaviləsində – qarantın.

25.2. Müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:

25.2.1. daşınmaz əmlak barədə müqaviləyə – əmlakın olduğu ölkənin hüququ;

25.2.2. birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə – belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ;

25.2.3. auksionda, müsabiqədə və ya birjada bağlanan müqavilələrə – auksionun, müsabiqənin keçirildiyi və ya birjanın yerləşdiyi ölkənin hüququ tətbiq edilir.

25.3. Bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmayan müqavilələrə, tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir.

25.4. Müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə, icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır.

VI fəsil
Müqavİlədən kənar öhdəlİklər

Maddə 26. Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklərə tətbiq edilən hüquq

26.1. Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.

26.2. Xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri, tərəflər eyni dövlətin vətəndaşları və ya hüquqi şəxsləridirsə, həmin dövlətin hüququ ilə müəyyən edilir.

Maddə 27. İstehlakçıya dəyən ziyana görə məsuliyyət

27.0. Malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə istehlakçının seçimi əsasında:

27.0.1. istehlakçının yaşadığı və ya adətən olduğu ölkənin hüququ;

27.0.2. istehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və ya yaşadığı ölkənin hüququ;

27.0.3. istehlakçının malı aldığı və ya ona xidmət göstərildiyi ölkənin hüququ tətbiq olunur.

Maddə 28. Əsassız varlanma

28.1. Əsassız varlanma nəticəsində yaranmış öhdəliklərə belə varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq olunur.

28.2. Özgənin əmlakına edilən qəsd nəticəsində yaranan əsassız varlanmaya qarşı iddiaya qəsdin baş verdiyi ölkənin hüququ tətbiq edilir. Əsassız varlanma anlayışı Azərbaycan Respublikasının hüququ ilə müəyyən edilir.

VII fəsil
Vərəsəlİk hüququ

Maddə 29. Vərəsəlik münasibətləri

29.1. Vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir.

29.2. Vətəndaşlığı olmayan şəxslərlə əlaqədar vərəsəlik münasibətlərində onların axırıncı daimi yaşadığı ölkənin hüququ tətbiq edilir. Bunu müəyyən etmək mümkün olmadığı hallarda Azərbaycan Respublikasının hüququ tətbiq edilir.

Maddə 30. Vəsiyyətnamənin forması

30.1. Bu Qanunun 17-ci maddəsinin fəaliyyət dairəsindən kənara çıxaraq, forma nöqteyi-nəzərindən vəsiyyətnamə:

30.1.1. vəsiyyətnamənin tərtib olunduğu;

30.1.2. miras qoyanın vəsiyyət elədiyi anda və ya vəfat etdiyi anda yaşadığı və ya olduğu;

30.1.3. haqqında vəsiyyətnamə olan daşınmaz əmlakın olduğu ölkələrdən birinin hüququnun tələblərinə cavab verdikdə etibarlı sayılır.

30.2. Miras qoyanın vəsiyyət etmək qabiliyyəti, vətəndaşlığı, digər şəxsi keyfiyyətləri və ya şəxsi keyfiyyətləri haqqında tələb ediləcəyi mümkün olan göstərişlər forma üçün zəruri hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 6 iyun 2000-ci il
№ 889-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 9 iyul 2021-ci il tarixli 370-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 iyul 2021-ci il, № 153 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 719 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 9 iyul 2021-ci il tarixli 370-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 iyul 2021-ci il, № 153 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 719 ) ilə yeni məzmunda 1.6-cı maddə əlavə edilmişdir.

Beynəlxalq hüququn subyektləri

Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir. Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:

  • beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
  • beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ;
  • beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
  • digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq.

Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər subyektləri isə, aşağıda göstərəcəyimiz kimi, bu hüquqi keyfiyyətlrdən bəzilərinə malikdir və ya onların hamısından cüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar:

  1. ilkin subyektlik; Bu, yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto beynəlxalq hüququn subyektidir.
  2. törəmə subyektlik. Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanımasından sonra ortaya çıxır.
    Məsəln, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır; fərdlərin və ya trasmilli korporasiyaların beynəlxalq hüquq münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha doğrusu, dövlətlərin müvafiq beynəlxalq sazişlərdə onlar üçün belə bir imkan nəzərdə tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər dövlətdirsə, deməli, o, beynəlxalq-hüquqi subyektliyə malikdir. Lakin fərd və ya kompaniya özü-özlüyündə beynəlxalq hüququn subyekti sayılmlr.

Dövlətlər

Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arsındakı münasibətləri nizama salan hüquqi normalar sistemi kimi başa düşülür. Bunun nəticəsində dövlətlər beynəlxalq hüququn subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir. Dövlətlər ilkin və universal beynəlxalq-hüquqi subyektliyə malikdirlər.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər: a) Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər (BMT Nizamnaməsinin 4-cü maddəsi); b) BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi).
Bəs hansı quruma dövlət demək olar? Beynəlxalq hüquqa görə dövlətin hansı meyarları vardır? 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası bu suala cavab verir (aşağıdakı müddəalar hal-hazırda beynəlxalq hüquq elmində və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1-ci maddəsində deyilir: “Beynəlxalq-hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: a) daimi əhali; b) müəyyən ərazi; v) hökumət; q) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti”.
Daimi əhali o demək deyil ki, ərazidən kənara adamların miqrasiyası olmur və ya hər hansı ərazidə yaşayan adamların dəqiq müəyyən olunmuş sayı olmalıdır. Hər halda bu meyar müəyyən adamlar qrupunun konkret bir əraziyə müəyyən bağlılığını tələb edir.
Məsələn, BMT Beynəlxalq Məhkəməsi Qərbi Sahara işi üzrə verdiyi məsləhət xarakterli rəyində qeyd etmişdi ki, Qərbi Saharanın ərazisi torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o tərəf-bu tərəfə keçən köçəri tayfalarla məskunlaşmışdır: lakin həmin köçəri tayfaların bu ərazi ilə əlaqəsi elədir ki, onlar ümumənQərbi Saharanın ”əhalisi” kimi nəzərdən keçirilə bələr.
Müəyyən ərazi. Hər bir qurumun dövlət kimi fiziki mövcudluğu və fəaliyyət göstərməsi üçün o, onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olmalıdır. Bu yenə də o demək deyildir ki, ərazinin ölçüləri və sərhədlərlə bağlı tam müəyyənlik olmalıdır. Hazırda dövlətlər arasında xeyli sayda sərhəd mübahisələri mövcuddur, lakin bu, onların dövlətçiliyinə heç cür xələl gətirmir.
Hökumət. Dövlətin fiziki mövcudluğu üçün ərazi, siyasi-hüquqi mövcudluğu üçün hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə məsuliyyət daşıyan hökumətdən (geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması üçün,hər hansı bir qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində olan daimi əhali üzərində nəzarət həyata keçirən hakimiyyət aparatının olması zəruridir. Lakin qeyd edilməlidir ki, artıq mövcud olan dövlətin öz effektiv hökumətini itirməsi və ya iki hökumətə malik olması (1980-cı illərdə Livanda, 1990-cı illərdə Sudanda və Əfqanıstanda olduğu kimi) onun öz dövlətçiliyini itirməsi demək deyildir.
Hüquqi münasibətlərə girmək qabiliyyəti. Bu meyar hüquqi müstəqilliyin ön plana çəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren hakimiyyəti olan ərazi ”dövlət” sayıla bilməz. Məsələn, məlum olduğu kimi, Honq Konq çox yüksək faktik muxtariyyətə malikdir, lakin Çinin suverenliyi altında olduğuna görə (1997-ci ilin iyulun 1-dən) dövlət deyildir. Digər tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və ya maliyyə baxımından asılılığı, məsələn, Mərkəzi Amerika ölkələrinin ABŞ-dan, MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkələrin suveren dövlət olmasına xələl gətirmir.

Dövlətəbənzər qurumlar

Dövlətəbənzər qurumlar müəyyən həcmdə beynəlxalq-hüquqi subyektliyə malik olur. Onların öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanlarə olur və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər.
Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar.
XIX-XX əsrlərdə Krakov, Dansiq və Triyest kimi azad şəhərlər olmuşdur.
Azad şəhərlərin beynəlxalq-hüquqi subyektliyi beynəlxalq müqavilələr və bu şəhərlərin konstitusiyaları ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq tətbiq olunurdu. Onlardan bəziləri beynəlxalq müqavilələr bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad şəhərlərin ən mühüm xüsusiyyətlərindən biri onların hərbsizləşdirilməsi və neytrallaşdırılmasıdır.
Vatikanın beynəlxalq – hüquqi statusu 1929-cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və 1984-cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur. Zahirən o, dövlətin, demək olar ki, bütün atributlarına – kiçik əraziyə, hakimiyyət orqanlarına və s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti dnışmaq olar: burada yalnız katoliq kilsəsinin işləri ilə məşğul olan vəzifəli şəxsləri yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; o, əslində katoliq kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir çox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz daimi nümayəndəliklərini təsis edir. Vatikanın nümayəndə heyəti beynəlxalq təşkilatların və konfransların işində iştirak edir. O, bir sıra beynəlxalq təşkilatların (MAQATE, Beynəlxalq elektron rabitəsi ittifaqı, Ümumdünya poçt ittifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və digər təşkilatlar yanında daimi müşahidəçiləri vardır.

Beynəlxalq təşkilatlar

Beynəlxlq təşkilalarən əlamətləri, təşkili və fəaliyyətinin hüquqi əsasları haqqında qabaqda ətraflı bəhs ediləcəkdir. Aşağıda isə beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyinin izahı ilə kifayətlənəciyik.
Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək üçün beynəlxalq təşkilatlar bu və ya digər dərəcədə beynəlxalq-hüquqi subyektliyə malik olmalıdır. Lakin beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyi müəyyən xüsysiyyətlərə malikdir. Belə ki:

  • onlar beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır (beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır);
  • bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatların subyektliyi onun məqsəd və vəzifələri ilə şərtlənir):
  • beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin (baş katib və müavinlərindən başqa) imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır;
  • beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərif ol bilməzlər;
  • beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır.

Təşkilatın məqsədlərindən və fəaliyyət istiqamətlərindən, onun təsis aktının (“konstitusiya”sının) şərtlərindən asılı olaraq, beynəlxalq-hüquqi subyektli-yin dərəcəsi müxtəlif ola bilər. Bu mənada Birləşmiş Millətlər Təkilatının beynəlxalq hüquqi subyektliyinin həcmi digər təşkilatlarda, məsələn, Ümumdünya Səhiyyə Təşkilatında olduğundan xeyli genişdir.
Beynəlxalq təşkilatlar dövlətlərə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar qaldıra bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.
Zərərin ödənilməsi haqqında işdə BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, öz funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə beynəlxalq-hüquqi subyektlik zəruridir. Bu ideya Beynəlxalq Məhkəmə tərəfindən digər işdə — Birləşmiş Millətlər imtiyaz və immunitetləri haqqında Konvensiyanın 6-cı maddəsinin tətbiq olunması haqqında məsləhət xarakterli rəydə bir daha bəyan edilmişdi. Bu işdə BMT-nin işçisinin ona qarşı hətta öz hökuməti tərəfindən görülən tədbirlə bağlı immuniteti təsdiq olunmuşdur.

Fərdlərin beynəlxalq-hüquqi subyektliyi

Fərdin beynəlxalq-hüquqi subyektliyi haqqında məsələ beynəlxalq hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər alimlərin mövqeyinə və müasir beynəlxalq təcrübəyə istinad edərək fərdin məhdud beynəlxalq-hüquqi subyektliyə malik olması barədə nəticə çıxarmaq olar. Məhdud beynəlxalq hüquqi subyeklik o deməkdir ki,
— fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir;
— fərdin beynəlxalq-hüquqi subyektliyi bütünlüklə dövlətlərin razılığından asılıdır;
— birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır;
— əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər.
Fərdin beynəlxalq hüququn subyekti kimi çıxış etməsinə başlıca dəlillərdən biri ondan ibarətdir ki, müəyyən beynəlxalq cinayətlərin törədilməsinə görə (təcavüz, genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normaları əsasında, dövlətdaxili hüququn bu əməli kriminallaşdırmaması faktından asılı olmayaraq, məsuilyyətə cəlb oluna bilər. Fərdin birbaşa beynəlxalq hüquqdan irəli gələn vəzifələr daşıması prinsipi bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda beynəlxalq tribunalların Nizamnamə və hökümlərində, Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində, BMT Təhlükəsizlik Şurasının 674 saylı qətnaməsində (burada İraq liderlərinin Küveytin işğalı zamanı törətdikləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə şəxsi məsuliyyət daşıdığı bəyan olmuşdu) və b.təsbit olmuşdur. Yuxarıda göstərilmiş bu prinsip beynəlxalq adət norması kimi tanınmışdır və öz mənbəyini hələ klassik beynəlxalq hüquqda dəniz quldurlarının hostis humani generis (bütün bəşəriyyətin düşməni) kimi nəzərdən keçirilməsindən götürür.
Yuxarıda biz qeyd etmişdik ki, yalnız dövlətlər beynəlxalq məhkəmələr qarşısında prosesual hüquq qabiliyyətinə malikdir. Lakin bəzi, xüsusi müəyyən olunmuş hallarda bu hüquqlar fərdlərə də verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə orqanı qarşısında dayanmaq və hətta məhkəmə icraatını başlamaq hüququ olur. Məsələn, Avropa İnsan hüquqları Konvensiyası (34-cü maddədə) və Avropa İkdisadi Birliyi haqqında müqavilə (173-cü maddə) ilə, müvafiq olaraq, Avropa insan hüquqları məhkəməsi qarşısında və Avropa Məhkəməsi qarşısında şəxsin bilavəsitə prosesi başlamaq və prosesdə müstəqil tərəf (iddiaçı) kimi iştirak etmək hüququ təsbit edilmişdir.

Transmilli korporasiyalar

Dövlətlər öz ticarət və maliyyə münasibətlərini təkcə başqa dövlətlərlə və ya müvafiq beynəlxalq hökumətlərarası təşkilatlarla deyil, habelə iri xarici kompaniyalarla da qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və ya bir neçə dövlətin daxili qanunvericiliyi ilə nizama salınır. Dövlətin hər hansı bir xarici konpaniya ilə, o cümlədən xarici korporasiya ilə əlaqəyə girməsi faktı özü-özlüyündə axırıncıya beynəlxalq-hüquqi subyektlik vermir. Beynəlxalq-hüquqi subyektlik o zaman mövcuddur ki, münasibət beynəlxalq hüquqla nizama salınır. Lakin dövltlə xarici korporasiya arasındakı müqavilə münasibətinin beynəlxalq hüquqla nizama salınması mümkün haldır. Məsələn, Azərbaycan Respublikasının xarici neft şirkətləri ilə bağlasığı məlum müqavilələr “beynəlxalq xarakter” almış, müqavilələrin özündə göstərildiyi kimi, Azərbaycanın qanunvericiliyindən üstün qüvvəyə malik olan kontraktlardır.
Bundan əlavə, dövlətlər razılaşa bilər ki, xarici kompaniyalarla onların arasında ortaya çıxa bilən mübahisələr beynəlxalq hüquq normalarını tətbiq edən beynəxalq arbitraj tərəfindən həll olunacaqdır. Məsələn, 1964-cü ildə bağlanmış İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya daimi mexanizm nəzərdə tutur ki, onun vasitəsilə iştirakçı dövlətlər və müvafiq korporasiyalar investisiya sazişlərindən irəli gələn uyğunsuzluqları həll edə bilər. Əlbəttə ki, kompaniyanın hüquq və vəzifələrinin beynəlxalq hüquqa uyğun nəzərdən keçirildiyi bu cür orqanlarda iştirak beynəlxalq hüquq subyektli doğurur. Lakin qeyd etmək lazımdır ki, bu subyekliyin mövcud olması və həcmi son məqamda dövlətlərin razılığından və tanınmasından asılıdır.

  • Teqlər:
  • beynəlxalq hüquq

Comments are closed, but trackbacks and pingbacks are open.