Z. M. Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bünyadov 1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdu. 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.
Ziya Bünyadov
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi
Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən:
Ziya Bünyadov özü haqqında dediklərindən: “Atam azərbaycanlı, anam rusdur. Mənim əsl adım Ziyavuddin, atam – şeyx Musa, babam – şeyx Məsum, atamın babası – şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm. Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır – Büned”.
Erkən illəri
Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyükü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.
Hərbi illəri
Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.
O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.
Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. [ Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.
Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. Təltif vərəqindən:
Kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvar ayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdir. Rota komandiri kapitan Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Elmi fəaliyyəti
Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur.
Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.
1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almış, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olundu.
1960-cı illərin ikinci yarısında Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə necə daxil olması haqqında elmi mübahisələr gedirdi. Bununla belə, 1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr yarım öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olub. Hətta bu, bir bayram kimi qeyd edilmişdi. Həmin münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif olunmuşdu. 1967-1968-ci illərdə Ziya Bünyadov artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb. Odur ki, tarixi həqiqəti demək lazımdır.
Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararkən, 1937-ci ilin qurbanlarını xalqa tanıtdırarkən, onlara bəraət qazandırarkən, adlarını tarixdə bərpa etdirərkən və beləliklə, o dövrü doğru-düzgün işıqlandırarkən də əsl hünər göstərib. Heydər Əliyev Ziya Bünyadovun fəaliyyətinin bu dövrünü də yüksək dəyərləndirib:
Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında – 90-cı illərin əvvəllərində o, bir daha böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə bir daha getdi, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar verdi və beləliklə də, əgər əvvəllər Azərbaycan tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə özünü buna həsr etdi. O cümlədən, ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya Bünyadovdur
1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verilmişdi. 1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun fəxri üzvü seçilmişdir.
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bünyadov 1970-ci ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdu. 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.
O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biri idi. Bünyadov alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə etmişdir.
SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunmuşdu. Bünyadov 1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdir. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazmışdır. Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” üzərində işləməyə başlayır. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbər rəylər və yüksək qiymət alır. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Bünyadov 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir. 1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.
1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır/ Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.
Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülmüşdür.
İmadəddin Nəsimi haqqında fikirləri
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. O, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Abdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətlənirməkdə ittiham edib.Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Məlumatın mətni belədir:
Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır. [8]
Tənqidi
Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazır ki, Bünyadov ermənilərin cənubi Qafqazda onlarla kilsə tikməsini, albanların ermənilərin əcdadları olmasını inkar edib, həmin abidələrin ermənilərlə əlaqəsi olmayan xristian albanlara məxsus olması fərziyyəsini irəli sürüb. Britaniyalı jurnalist “həmin abidələrin üstündəki yazıların ermənicə olduğunu” iddia edir.
Plagiat iddiası
Tomas de Vaalın sözlərinə görə, Bünyadovun 1960-cı və 1964-cü illərdə dərc olunan iki məqaləsi (Mxitar Qoşun «Albaniya Tarixi» və «Musa Kagankatsvatsinin “Aqvan Tarixi”» xronoloji uyğunsuzluğu haqqında» haqda ön sözü və şərhləri), ABŞ alimləri C. F. J. Dowsett-in «The Albanian Chronicle of Mxitar Gosh» (1958) və Robert Hewsen-in «On the Chronology of Movses Dasxuranc’I» (1954) məqalələrinin (müəllif göstərilməmiş tərcüməsi) plagiatıdır. Qeyd etmək lazımdır ki, Bünyadov «Albaniya Tarixi» məqaləsinin ön sözündə salnamənin mətni Dausettin nəşrinin tərcüməsidir, və həmçinin, bu nəşrin istinadlarını təqdim edir, lakin ön söz və şərh müəllif kimi verilmişdir.
Mənbələrin saxtalaşdırılması iddiası
Villem Flor və Həsən Cavadi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin tərcüməsinin təhrifinin saxtalaşdırmasında Bünyadovu günahlandırmışdılar. Gürcü tarixçisi G. Beradze Bünyadovu Fələki Şirvani haqqında olan işini Hindistanlı şərqşünas Hassan Hadidən plagiat edilməsində günahlandırıb.
Ermənistan tarixçiləri Bünyadovun işlərində sitatların əyriliyi haqqında nümunələr göstərmişlər. A. Marqaryan Bünyadovun «Albaniya Tarixi» kitabında Dausettin ön söz və şərhlərinin səhv tərcüməsində günahlandırır. Marqaryana görə, Bünyadov ingilis dilindən rus dilinə «Whit Sunday» (Müqəddəs Üçlüyün günü) “Ağ Bazar günü” (White Sunday) kimi səhv tərcümə etmişdir.
Kaliforniya Universtitetinin erməni əsilli professoru Barlou Ter-Murdeçiyanın «Two chronicles on the history of Karabagh» kitabında, Ziya Bünyadovu tarixçi Mirzə Camal Cavanşir Qarabaği və Mirzə Adıgözəl bəyinqeydlərinin mənbələrinin saxtalaşdırılmasında günahlandırıb.
Kolumbiya Universitetinin erməni əsilli professoru Corc Burnutyan, Bünyadovu Yohan Şiltbergerin səyahətində, ermənilər haqqında qeydlərin “albanlar” haqqında qeydlərlə əvəz olmasında və sistematik “təmizlənməsində” ittiham etmişdir.
V.A.Şnirelman Bünyadovu mənbələrin saxtalaşdırılmasında günahlandırıb. O, həm də Bünyadovu Ermənistan və Azərbaycan tarixinə aid (xüsusilə qədim Albaniya) revizionist, milliyyətçi və siyasi motivli anlayışların inkişafında, Bünyadovu Azərbaycan tarixşünaslığında bu istiqamətdə əsas yaradıcılarından biri kimi ittiham etmişdir.
İctimai-siyasi fəaliyyəti
1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri idi. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir. Siyasətçi Siyavuş Novruzovun sözlərinə görə, Bünyadov 1994-cü ildə Əkrəm Əylislinin erməni olduğunu iddia etmişdi.
1992-ci ildə Bünyadov Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi. 1992-ci ildə Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.
Sumqayıt hadisələrinin səbəbləri haqqında fikirləri
1988-ci ildə olan Sumqayıt hadisələrinin mahiyyəti ilə bağlı Azərbaycan mətbuatında akademik Ziya Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb. O, Moskvanın qızışdırıcı rolundan bəhs edərək SSRİ EA Afrika İnstitunun direktor müavini A.M. Vasilyevin aşağıdakı sözlərini misal gətirir:
“Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”.
Tomas de Vaala görə:
1989-cu ilin may ayında Azərbaycan Elmlər Akademiyasının o vaxtki prezidenti, ən məşhur azərbaycanlı ermənifob və tarixçi Ziya Bünyadov basqınları inkar edən ən tutarlı versiya irəli sürdü. “Nə üçün Sumqayıt?” adlı məqaləsində o, belə bir nəticəyə gəlmişdi ki, ermənilər Azərbaycanı nüfuzdan salmaq və erməni millətçi hərəkatına təkan vermək məqsədilə özləri Sumqayıt basqınlarını törtətmişdilər. Bünyadov yazırdı: “Erməni millətçiləri Sumqayıt faciəsini dəqiqliklə hazırlamışdılar. Onun başlanmasına bir neçə saat qalmış televiziyanın erməni foto-müxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, tam hazır vəziyyətdə hadisələrinin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətmişdir. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda beş ermənini öldürdü.
Bünyadovun sözlərinə görə:
«Nə üçün Sumqayıt? Ona görə ki, daşnaklarda yenidən, ozü də neçənci dəfə, rəssam Vereşşaginin «Müharibənin apofeozu» əsərini «erməni kəllələrilə» müasir fotoqrafiyaya çəvirmək istəyi vardı.
De Vaala görə, Bünyadovun məqaləsi o qədər xoşagəlməz idi ki, hətta ermənilər onu nəşr etmişdi. Ziya Bünyadov eyni zamanda üzə çıxarmışdı ki, Bakı və Sumqayıta erməni emissarlarının gəlməsi, fevral ayında ermənilərin banklardan əmanətlərini çıxarması ilə bağlıdır.
Ölümü
Əsas məqalə: Ziya Bünyadovun qətli
1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi Bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.
23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilmişdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vidalaşma mərasimindən nitqindən:
Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi. [34] ‘
1997-ci ildə Bakıda yerləşən Fəxri Xiyabannda dəfn edilib.
Şəxsi həyatı
Başında araxçına bənzər papaq gəzdirməyi sevirdi. Dənizin qoynunda xəyala dalmaq onun çox sevimli adəti idi.
Ailəsi
1947-ci ildə Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Onun Heydər və Cəmil adlı oğlu var idi.
Ziya Bünyadov barədə olan fikirlər
Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Azərbaycanın ən təcrübəli şərqşünaslarından biri olan Ziya Bünyadov barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:
- “O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik.” – Heydər Əliyev
- “Onu haqlı olaraq “bilik xəzinəsi” adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.” – Ziyad Səmədzadə
- “Olduqca zəhmətkeş idi. Onun əqli qabiliyyəti məni elə valeh edirdi ki, özlüyümdə onu ən müasir kompüterə bənzədirdim.” – Gövhər Baxşəliyeva
- “Ziya Bünyadov xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq həmişə düzgün mövqe tutması ilə seçilirdi.” – Yaqub Mahmudov
- “Ziya Bünyadovun ən böyük xidməti məncə Azərbaycan tarixinin düzgün yazılması işindəki xidmətləridir. Ziya Bünyadov faktiki olaraq Azərbaycan naminə şəhid oldu.” – Həsrət Rüstəmov
İrsi
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə onun adını daşıyır.
2012-ci ildə Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş Bakı Dövlət Universitetində “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il 20-25 dekabr tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-nin atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.
2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun «Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097-1231» kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Təltif və mükafatları
- 1938— İgidliyə görə medalı
- 1942— Aleksandr Nevski ordeni
- 1942— “Stalinqradın müdafiəsinə görə” medalı
- 1944— “Qafqazın müdafiəsi uğrunda” medalı
- 1945— Sovet İttifaqı Qəhrəmanı
- 1945— I dərəcəli Vətən Müharibəsi Ordeni
- 1945— “Qırmızı Ulduz” ordeni
- 1945— Lenin ordeni
- 1945— Qırmızı Bayraq ordeni
- 1945— “Oktyabr İnqilabı” ordeni
- 1945— III Dərəcəli Boqdan Xmelnitski ordeni
- 1945— “Berlinin alınmasına görə” medalı
- 1945— “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı
- 1946— “Vaffenbruderşaft” medalı
- 1946— Artur Bekker medalı
- 1965— “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı
- 1975— “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı
- 1982— Azərbaycan SSR əməkdar elm xadimi
- 1983— SSRİ XTNS-in gümüş medalı (elmdə qazandığı nailiyyətlərə görə)
- 1985— “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı
- 1993— Abbasqulu ağa Bakıxanov adına mükafat
- 1998— “İstiqlal” ordeni (ölümündən sonra)
Fəxri vətəndaşlıq
- 1985— Berlinin Pankov rayonunun Fəxri vətəndaşı
- 1988— Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı
- 1993— Astara şəhərinin Fəxri vətəndaşı
- 1994— Göyçay şəhərinin Fəxri vətəndaşı
Biblioqrafiya
Əsərləri
- Азербайджан в VII-IX вв.Автор: Зия Мусаевич Буниятов; Редактор: Зелик Иосифович Ямпольский. Баку: Издательство Академия наук Азербайджанской ССР, 1965, 383 стр.
- Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Rus dilindən tərc. ed. C. V. Qəhrəmanov. Bakı: AMEA Şərqşünaslıq İnstitutu, “Elm”, 1985.
- Azərbaycan VII-IX əsrlərdə. Rus dilindən tərcümə edənlər: Cabbar Cabbarov və Həsən Əlizadə. Bakı: “Şərq-Qərb”, 2007, 424 səhifə. ISBN 9789952340853
- Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı). Bakı: “Şərq-Qərb”, 2007.
- Qırmızı terror. Bakı: “Azərnəşr”, 1993.
- Xarəzmşahlar-Anuştəkinilər dövləti.
Məqalələri
- Babək və Bizans.
- Şəki qalasının yeri haqqında təzə məlumatlar.
- Bəzz qala-şəhərinin lokalizasiyası barədə.
- “Mingəçevir” adı haqqında.
- “Xürrəm” sözü barədə.Əbu Həccah haqqında bir neçə söz
- Quranın 36-ci yasin surəsi haqqında bir neçə söz
- Mxitar Qoşun Alban Xronikası
- Kaqan titulu haqqında
- Qarapapaqlar
- MİFLƏR VƏ MİFUYDURANLAR
- Tüfeyillik edən qeyri formalar
- Niyə Sumqayıt olaylarının analizi [
- Gevorq Eminin məcburi mükaliməsi haqqında
Publisistika
- Hansı Naxçıvan?
- “Şah İsmayıl”, yaxud Xətai
- Xalqın rəhbəri
- Kimdir günahkar?
- Maraqlı təqdiqat əsər
Tərcümələri
- Moisey Kalankatuklu”Alban tarixi”. Mxitar Qoş “Alban salnaməsi” Mətn. Bakı: “Avrasiya press”, 2006.
- əl-Bakuvinin “Kitəb təlxisi-l-əsər” (1971)
- ən-Nəsəvinin “Sultan Cəlaləddin Məngburnunun həyatı” (1973)
- əl-Hüseyninin “Əxbəru-d-dauləti-s-səlcuqiyyə”(1980)
- İbn Əsəm əl-Kufinin “Fəthlər kitabı” (1981
- Mixail Kolosov. Vəzifədə Mətn
Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy
Qafqaz xalqlarının Orta əsrlər tarixi Yaxın və Orta Şərqin tarixi ilə sıx əlaqədardır. İlk Şərq mənbələrinin aşkar edilməsi və ayrı-ayrı siyasi varlıqların öyrənilməsi Zaqafqaziya və onunla həmsərhəd olan ölkə xalqlarının məsələləri ilə yaxından tanış olmağa imkanlar verir. Hər hansı siyasi varlığın müəyyən dövrünə aid olan hər bir yeni məqalə tarixi hadisənin konkret tədqiq olunması işində bizim təsəvvürümüzü zənginləşdirir. Belə bir tədqiqat işləri sırasına akademik Z.M. Bünyadovun Azərbaycanın Atabəyləri dövlətinin tarixinin yarandığı andan onun süqut etdyi dövrə qədər hərtərəfli tədqiq edildiyi monoqrafiyası daxildir.
Bu əsər girişdən və 8 fəsildən ibarətdir. Ön sözdə redaktor, professor V.M. Beylis tamamilə maraqlı və yeni müxtəlif ilk mənbələrə əsaslanaraq təqdim olunmuş monoqrafiyanın əhəmiyyətini xüsusilə qeyd edir.
Girişdə müəllif mənbələrin və ədəbiyyatın qısa xülasəsi verir (səh. 6-15), ərəb, fars, suriya, erməni, gürcü dillərində yaradılmış yazılı abidələrin dövrünü xarakterizə edir. Müəllif xüsusilə qeyd edir ki, Azərbaycanın Atabəyləri tarixinin əsas məqamlarının əks olunduğu mənbələr hələlik aşkar edilməmişdir. O, ərəb müəllifləri: İbn- əl-Əsir (1160-1233). İbn-əl-Cövzi (1114-1200), Sibt İbn-əl Cövzi ( 1186-1256), əl-Kaşani (+1138), İmadəddin İsfahani, Ravəndi, Əl-Hüseyni, ən-Nəsəvi və başqalarının əsərlərinin əsas mənbələri olduğu mühüm məlumatları əldə etməli olmuşdur.
İlk mənbələrdən başqa müəllif xüsusi ədəbiyyatı təhlil edir və dəyərləndirir. Monoqrafiyada xüsusilə qeyd olunur ki, «İndiyədək sovet tarixi ədəbiyyatında XI əsrin ikinci yarısı və XII əsr Azərbaycan tarixini bizə qədər olan mənbələrin bütün kompleksi əsasında təqdim etmək cəhdi göstərilməmişdir»(səh.13).
Z.M.Bünyadov Azərbaycan alimi Ə.Ə. Əlizadə və R.A. Hüseynovun Səlcuq hökmranlığı dövründə sosial-iqtisadi inkişafın ümumi problemlərinin işlənib hazırlanmasında xidmətlərini və Zaqafqaziya tarixi üçün bu dövrün əhəmiyyətini qeyd edir.
Monoqrafiyada müasir ərəb, türk və Qərbi Avropa müəlliflərinin əsərlərindən istifadə olunub.
Əsərdə mühüm məsələlər: 1) siyasi tarix, 2) inzibati idarəetmə, 3) şəhərlər və şəhər həyatı, 4) mülkədarlıq forması, vergilər və 5) ölkənin mədəni həyatı məsələləri təqdim olunmuş və təhlil edilmişdir.
Siyasi tarixin tədqiq olunması ilə qeyd olunur ki, Böyük Səlcuq sultanı Məlikşahın (1072-1092) və onun vəziri Nizam-əl-Mülkün vəfatından sonra dövlət ayrı-ayrı siyasi vahidlərə parçalandı. Burada Böyük Səlcuqlar dövlətinin süquta yetməsi səbəbləri, Məlikşahın taxtı uğrunda mübarizə və İraq Səlcuq Sultanlığının yaradıldığı siyasi vəziyyət öz əksini tapmışdır. İraq Səlcuq Sultanlığını tədqiq edərək müəllif Gürcüstanda inkişaf edən hadisələri də təsvir edir. O, Qurucu Davidin rəhbərliyi ilə gürcülərin birləşmiş müsəlman silahlı qüvvələrini məğlub etdiyi böyük Didqori müharibəsinə qısaca olaraq toxunur. Belə ki, Z.M. Bünyadov bu məsələyə toxunarkən verilən gürcü salnamə mənbələrindən istifadə etmir və xüsusi ədəbiyyata məhəl qoymur. «Gürcüstan tarixi» nı «Gürcüstan xronikası» deyil, «Gürcüstan tarixi» («Kartlis sxovreba») adlandırmaq lazımdır. Belə ki, bu külliyata daxil olan əsərlər «xronika» deyil, Orta əsrlər gürcü müəlliflərinin tarixi əsərləridir.
Müəllif Didqori müharibəsindən sonrakı hadisələri şərh edir. Tiflisi azad edərək gürcülər öz xarici siyasətini davam etdirməyə başladılar. Onlar Şirvana hücum etdilər. Bu dəfə Şirvana Sultan Mahmudun qoşunu köməyə gəldi. Lakin İbn-əl-Əsirin məlumatına görə, gürcülər ilə sultanın qüvvələri arasında gürcülərin itaətindən çıxan qıpçaqların üzündən həlledici döyüş olmadı.
Z.M. Bünyadov ərəb mənbələrinə istinad edərək İraq sultanlığı tarixindən – Bir tərəfdən İraq sultanlarının Böyük Səlcuq sultanı Səncər ilə, digər tərəfdən isə xəlifə ilə münasibətlər barəsində az məlum olan məlumatlardan söhbət açır və xəlifə ər-Rəşidin qətlinə qədər İraq sultanlığının siyasi həyat mənzərəsini təsvir edir. Göstərilir ki, xəlifə İraq sultanlığı taxtı uğrunda mübarizədə mühüm rol oynamışdır.
Müəllif xəlifənin qətlindən sonrakı vəziyyəti xüsusilə tədqiq edir. İzah olunur ki, İraq sultanı Azərbaycan atabəyinin hücumun təhlükəsi altında azad hərəkət etməkdən məhrum olduğundan müxalifətin mərkəzi Azərbaycanda bərqərar olmuşdu. Böyük Səlcuqilər dövlətində müxtəlif siyasi qruplaşmaların yerdəyişmələrində xəlifənin oynadığı mühüm rol xüsusilə qeyd edilir.
Böyük bir ərazini özünə tabe edən Atabəy Şəmsəddin Eldənizin fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi.
Zəngin materiallar əsasında müəllif göstərir ki, Atabəy Eldəniz böyük dövlət xadimi kimi yetişəndən sonra İraq sultanlığının mərkəzi hakimiyyəti möhkəmlənmişdir. «Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555-ci (1160) ildə o, İraq sultanlığında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən sultan dövlət başçısı rolunu formal ifa etməklə səlahiyyətləri bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların əsl süzereni Atabəy idi»(səh.52).
Faktiki materialda göstərilir ki, öz durumundan istifadə edən Eldəniz mülkiyyətlərinin hakimiyyətini genişləndirməyə nail oldu. Eldənizin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində daxili çəkişmələr əhəmiyyətli dərəcədə zəiflətdi. Eldəniz güclü rəqibləri-Mosul və Fars atabəylərinə qarşı vassal asılılığını qəbul etməklə kifayətlənmişdir.
Monoqrafiyada Atabəy Eldənizin Gürcüstana qarşı münasibətinə xüsusi diqqət yetirilmişdir. Bu, ərəb, erməni, gürcü salnamə mənbələrin təhlili əsasında Z.M. Bünyadov on ildən artıq dövr ərzində Eldənizlərin Gürcüstan ilə əlaqələr tarixinin kifayət qədər mənzərəsini təsvir edir. Bu dövrə toxunaraq, müəllif Şərq mənbələrindən orjinal məlumatlar verir.
Əsərdə Gürcüstan tarixi üçün bir sıra dəyərli məlumatlar vardır. 1. Müəllif tərəfindən göstərilən materialı gürcü mənbələrinə məlum olmayan XII əsrin 60-cı illərində Ani şəhəri uğrunda Atabəy Eldəniz ilə əmirpasalar İvane Orbeli arasında məxvi əlaqə faktı təstiq edir (səh.55) ki, bu da Gürcüstan tarixinin 60-70-ci illərinin bir sıra hadisələrinə aydınlıq gətirir. 2. Çariça Tamarın tarixçisi gürcülərin Şimali İran üzərində (1210-cu il) müzəffər qələbəsi barəsində ətraflı danışır. Lakin bu göstərilən gürcü mənbələri ilə, Azərbaycan və İran İrağı hakimlərinin demək olar ki, tam müqavimət göstərməməsinin nə ilə əlaqədar olması aydın deyildir. Z.M. Bünyadov tərəfindən göstərilən məlumatlar bu hadisələrə aydınlıq gətirir (səh.107) .
Eldənizin qonşu siyasi vahidlər ilə münasibətlərini hərtərəfli öyrənən müəllif dövlətin şərq hüdudlarındakı durumu nəzərdən qaçırmır, o cümlədən, müəllif Eldənizlərin şərq qonşuları ilə əlaqədar olan hadisələri şərh edir.
Eldənizin güclü siyasi birlik yaratmaq işində fəaliyyətini və rolunu dəyərləndirərək Z.M. Bünyadov belə qənaətə gəlir: «Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün böyük siyasi, bir tərəfdən öz tərəfindən yaradılmış sülalənin mülkiyyətlərini genişləndirmək üçün, o biri tərəfdən müvəqqəti nailiyyətlər üçün deyil, öz sultan qəyyumluğu durumundan istifadə etməklə kifayət qədər uzaq görən xadim idi»(səh.66)
Z.M. Bünyadov ilk mənbələrin təhlili əsasında Cahan Pəhlavanın fəaliyyətini və Azərbaycan Atabəyləri dövlətinin bərqərar olmasını işıqlandırır (səh.67-76). Cahan Pəhləvanın fəaliyyətindən söhbət açarkən müəllif belə bir nəticəyə gəlir ki, o istibdad kimi dövləti idarə etmiş və əsas yekun olaraq onun idarəetməsi «Eldənizlər dövlətinin xarici siyasət mövqelərinin gələcəkdə möhkəmləndirilməsinə yönəldilmişdir. Lakin Atabəyin hökmranlığı dövründə daxili durum onun hakimiyyətinin son dövründə mürəkkəbləşməli oldu. Nəticədə aydın oldu ki, Cahan Pəhləvan tərəfindən görülən tədbirlərin hamısı mərkəzi hakmiyyətin möhkəmləndirilməsinə yönəldilmişdi(səh.76).
Müəllifin XII əsrin 80-90-cı illərində Eldənizlər dövlətinin tarixinin tədqiqi üçün zəngin olmayan məlumatları səliqə-sahmana salmamasına baxmayaraq?? o, siyasi hadisələri, həmin dövrlər Azərbaycan Atabəyləri dövlətinin keçirdiyi sarsıntıları təsvir etməyə müəssər olmuşdur. Z.M. Bünyadov Qızıl Arslanın fəaliyyətini, onun Gürcüstan ilə bir sıra məsələlərdə əlaqələrini işıqlandırır. Qeyd olunur ki, Qızıl Arslanın hökmranlığı zamanı Azərbaycan tarixinin «Məmlük dövrü» başlayır.
Monoqrafiyada XII əsrin sonlar XIII əsrin əvvəllərində Gürcüstan ilə Azərbaycan arasında hərbi-siyasi əlaqələr ətraflı şərh edilmişdir. Azərbaycandakı daxili çəkişmələr xarici siyasətdə də öz əksini tapmışdır. Əbu Bəkrə qarşı onun qardaşı Əmir Mirvan Ömər çıxış edir. O, Əbu Bəkrə qarşı birgə çıxış etmək üçün gürcü qoşunu ilə birləşməyə yollanır. Əl-Hüseyninin məlumatına istinad edərək Z.M. Bünyadov Atabəy Əbu Bəkrin qoşunu ilə birləşmiş gürcü qüvvələri arasında baş verən sonrakı hadisələri tam təfsilatı ilə şərh edir.
Çariça Tamar Əmir Mirvan Ömərin simasında Əbu Bəkrə qarşı mübarizədə müttəfiq qazanaraq Arrana və Azərbaycana qarşı müntəzəm hərbi ekspedisiyaya başlayır. Bu siyasi münasibətləri müzakirə edən müəllif verilmiş ərəb, erməni və gürcü salnamə mənbələrinə istinad edir. Müəllif gürcülərin Azərbaycan ərazilərinin içlərinə, Təbrizə və Ucana qədər müntəzəm hücumlarını xatırladır. Çariça Tamarın XII –XIII əsrlərdə fəal xarici siyasəti Azərbaycan atabəyinə bir sox əngəllər törətrmişdir. Eldənizlərin mənafeyi ilə sıx bağlı olduğundan çariça Tamarın xarici siyasətinin daha çox relyefli təqdim edilməsi arzu olunardı.
Azərbaycanda daxili çəkişmələr əksər hallarda Yaxın Şərqdə yaranan xarici siyasi durumla əlaqədar olmuşdur. Həmin vaxtlar Azərbaycan hakimləri real siyasi durumu nəzərə alaraq sülalə nikahının köməkliyi ilə Gürcüstan ilə əlaqələri möhkəmləndirməyə üstünlük verirdilər. Müəllifin sözlərinə görə, «Əbu Bəkr gürcü çarlığına qarşı mübarizədə kifayət qədər gücə malik olmadığından daimi olaraq özünün şərq qonşularından və qiyamçı vassallardan ehtiyat etməli olurdu» (səh.108).
Monqolların ölkədə peyda olması Azərbaycan Atabəyləri dövlətinin süqutunda mühüm rol oynadı. Onlar gözlənilmədən Atabəy Özbəyin qərar tutduğu Təbrizə yaxınlaşdı. Təbrizdən monqollar Arrana, sonra da Gürcüstana tərəf istiqamət götürdülər. Monoqrafiyada monqolların Azərbaycana, eləcə də Gürcüstana qarşı dəfələrlə hücumu, o cümlədən aparılan ayrı-ayrı döyüşlər təsvir edilmişdir. Qeyd olunur ki, monqolların ilk gəlişindən sonra gürcülər yenə də Azərbaycana hücum etmişlər(1225-ci il), lakin məğlubiyyətə uğramışlar. Qaliblər yeni hücuma hazırlaşan kimi, Xarəzmşah Cəlaləddin Manqburnu Azərbaycan ərazisinə soxuldu. «Belə bir hal gürcüləri, eləcə də Atabəy Özbəyi saziş bağlamağa və yeni düşmənə qarşı birləşməyə məcbur etdi» (səh.120).
Qeyd etmək lazımdır ki, monoqrafiyada Cəlaləddin Manqburnunun Gürcüstan ilə, Zaqafqaziyanın ayrı-ayrı siyasi vahidləri ilə və Kiçik Asiya ilə hərbi-siyasi münasibətlərindən söhbət açılır. Son xarəzmşahın Zaqafqaziyaya basqınları monqolların işğalı üçün əlverişli zəmin yaratdı. Müəllif xarəzmlilərin basqınları zamanı yaranmış siyasi mənzərəni aydın təsvir etmişdir.
Göstərilmiş yazılı, epiqrafik və nümizmatik abidələr əsasında müəllif ümumi cizgilərdə XII əsrdə və XIII əsrin birinci yarısında Şirvanda olan durumu tədqiq etmişdir. Monoqrafiyada qeyd olunmuşdur ki, Şirvan tarixi yüz il bundan əvvəl öyrənilməyə başlanılmışdır. Şirvana XII əsrin əvvəllərində formalaşmış ərazi vahidi kimi diqqət yetirilmişdir. XI əsrin 60-cı illərində- Fəxrəddin Fəriburz ibn Sallar ibn II Yəzidin hakimiyyəti dövründə (1063-1096) Şirvanın siyasi tarixi təsvir olunmuşdur. Fəxrəddin Fəriburz səlcuqlar ilə uzun müddət sıx siyasi əlaqələr saxlamalı olmuşdur. I Fəriburzdan sonra Şirvan taxtına I Mənüçöhr ibn I Fəriburz çıxır.
1106- ci ildən Şirvan hakimi I Əfridun olur. Elə həmin vaxtdan Şirvanın taleyi Gürcüstanın taleyi ilə sıx bağlanır. Müəllifin sözlərinə görə, «Şirvan ilə Gürcüstanın ümumi maraqları var idi. Bu da özünü daha çox Səlcuq hökmranlığından xilas olmaq uğrunda mübarizədə büruzə verirdi. Bu, Şirvan ilə Gürcüstanın bir-birinə yaxınlaşmasını şərtləndirirdi. Bu məqsəd ilə atılan addımlardan biri də Şirvan taxt-tacının vəliəhdinin IV Davidin qızı Tamar ilə sülaləvi ictivacından ibarət idi»(148).
Həmin vaxtdan gürcülər Şirvan həyatının müxtəlif sahələrində fəal iştirk edir.
Məlum oluğu kimi, Gürcüstanın çar sarayı Şirvanla münasibətin yaradılmasına böyük diqqət ayırırdı. Bu məsələ səlcuqlara qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdi.
Gürcüstan çarı IV Baqrat, IV David və başqaları bu dövlətin hərbi-siyasi qüdrətinə də böyük diqqət yetirdilər. Kaxeti-Heretinin birləşdirilməsindən sonra Qurucu Davidin səyləri nəticəsində Gürcüstan Şirvan ilə bilavasitə qonşuluq etməyə başladı ki, bundan sonra da Şirvanşah ilə əlaqələr daha da mühüm əhəmiyyət kəsb etdi. Qurucu Davidin qızı Tamarın Şirvanşahların vəliəhdi ilə nikahı məsələsində müəyyən siyasi məna yatırdı( 1105-1106)1.Müsəlman hakimə qızını verərək Gürcüstan çarı Şirvanşahı türk –səlcuqlara qarşı mübarizədə özünə müttəfiq etməyə cəhd göstərmişdir. Göründüyü kimi, bu fakt IV Davidin ümidlərini doğrultmadı, bundan sonra o, Şirvana qarşı münasibətdə fəal siyasi fəaliyyət göstərmyə başladı. Belə ki, bu ölkəyə bir neçə dəfə hücumlar etdi.
1123-cü ildə türk sultanı Şirvana hücum etdi, Şamaxı şəhərini tutdu, Şirvan hakimini əsir götürərək Gürcüstan çarına hədələyici məktub göndərdi. Buna cavab olaraq Qurucu David Şirvan üzərinə yeridi, lakin sultan gürcü qoşunu ilə vuruşmaqdan boyun qaçırdı.
Şirvanın qala və şəhərlərində gürcülər herlərdən və qaxlardan ibarət öz qoşunlarını yerləşdirdi, «bütün gömrük işlərinin hakim və nəzarətçisi vəzifəsinə» David öz sədaqətli vəziri Simonu təyin etdi2. Fərz etmək olar ki, məhz elə bu dövrdə gürcü çarları «Şirvanşah» titulunu daşıyırdılar.
Bir şeyə də diqqət yetirmək lazımdır ki, Gürcüstanın ən yüksək əyanlarından biri-çardan sonra ali mülki vəzifə tutan mtsiqnobartuxutsesi- çar sarayının birinci vəziri Çkondideli Şirvanın hakimi təyin olunmuşdur. Göründüyü kimi, gürcü çar sarayının siyasəti təkcə Şirvanın hərbi işğalını deyil, eləcə də ölkədə mülki-inzibati tədbirlərin də həyata keçirilməsini nəzərdə tuturdu.
Qurucu Davidin varisinin çarlığı dövründə Şirvanın şərq hissəsində Şirvanşah hakimiyyəti vassal asılılığı şəraitində bərqərar olundu3. Ölkənin qərb hissəsi isə bilavasitə Gürcüstana birləşdirildi. Gürcüstan ilə Şirvan arasında bu cür münasibətlər monqolların hücumundan əvvəlki dövrə qədər davam etdirilmişdir.
Bütün XII əsr ərzində Gürcüstan ilə Şirvan ümumi düşmənə qarşı çiyin-çiyinə mübarizə aparmışdır. Bu dövr ərzində Şirvanın iqtisadiyyat, eləcə də mədəniyyət sahəsində qazandığı nailiyyətlər Gürcüstan ilə yaradılmış sıx əlaqlərə çox təsir göstərmişdir.
Monoqrafiyada bütün XII əsr ərzində Şirvanın siyasi durumu və xronologiyası verilir; hakimiyyəti dövründə gürcü ekspansiyasının cənub və cənub-şərqə doğru genişləndiyi çar Tamarın çarlığı dövründə (1184-1213) Gürcüstanın Şirvan ilə münasibətlərinə mühüm diqqət yetirilmişdir. Müəllif xüsusilə qeyd edir ki, həmin vaxtlar Şirvan siyasi və iqtisadi cəhətdən Azərbaycandan və Arrandan ayrılmışdı və Azərbaycan Atabəyləri dövlətində daxili çəkişmələrdən istifadə edən, qonşu dövlətin daxili işlərinə qarışmağa başlayan güclənmiş Gürcüstanın təsirini öz üzərində başqalarına nisbətən çox hiss edirdi. Bu təsir gücü ilə Gürcüstan Şirvanın Cənubi Dağıstanda hökmranlığını dəstəkləyirdi. Bu təsir gücü ilə Şirvan sülaləsinin nümayəndələri də maraqlı idi(səh.158).
Qərb və gürcü salnamə mənbələrinin təhlili əsasında müəllif tərəfindən Şirvan ilə Gürcüstan arasında qarşılıqlı əlaqələr ətraflı öyrənilir. Z.M. Bünyadov (bir neçə Azərbaycan alimi: Ə.Ə.Əlizadə, R.A. Hüseynova baxmayaraq) düzgün qənaətə gəlir ki, «Şirvanın təhqiq olunmuş dövrdə vassal asılılığı barəsində Orta Əsrlər gürcü müəllifləri və ərəb müəllifləri tərəfindən təstiq olunur (səh.161).
Sonralar müəllif Şirvanın tarixini xarici siyasətin durumu fonunda şərh edir. Monqolların ilk basqınlarının, Cəlaləddin Xarəzmşahın və başqalarının qəflətən hücumlarının Şirvan və Gürcüstan üçün mənfi rolunu qeyd edir. Monoqrafiyada göstərilmişdir ki, monqolların istilası Şirvanın müstəqilliyinə son qoymuşdur.
Beləliklə, monoqrafiyada Eldənizlər Atabəyləri dövlətinin siyasi tarixi kifayət qədər ətraflı şərh edilmişdir. Monoqrafiya Sovet və xarici ölkələr istoriyaqrafiyasında bu göstərilən məsələ üzrə ilk ciddi tədqiqatdır.
Siyasi hadisələri tədqiq edəndən sonra müəllif Atabəylər dövlətində inzibati idarəetməni təhlil edir (səh.172-187) və eyni zamanda onun «İraq Səlcuq Sultanlığında mövcud olduğu kimi qaldığını» qeyd edir (səh.172). Faktiki olaraq İraq sultanlığının hakimi atabəy idi, lakin atabəyin vəzifəsi, taxt varisinin tərbiyəçisi kimi öz məzmununu dəyişərək hakimiyyətin ən yüksək tituluna çevrilir. Atabəydən sonra bütün bürokratik aparatın başçısı və dövlət başçısının birinci məsləhətçisi vəzir hesab olurdu.
Bir qayda olaraq vəzirlər və inzibati-maliyyə aparatında ayrı-ayrı vəzifələri tutan şəxslər ərəb-fars mənşəli idilər. Hərbi vəzifələr isə türk dilli kübar təbəqənin əlində idi. Monoqrafiyada Atabəylər dövlətində vəzirin vəzifə və funksiyaları xarakterizə olunmuşdur. Dövlətdə növbəti vəzifə böyük və baş hacib vəzifəsi idi ki, onun da funksiyasına hakimə mühüm işlər barəsində hesabat vermək, onun tələbləri qayğısına qalmaq, sarayın mərasimlərinə və sair tədbirlərə rəhbərlik etmək daxil idi. Haciblər bəzən əlavə və başqa funksiyaları da yerinə yetirirdilər.
Hakimin bütün əmlakı əl-xass adlanan («xüsusi divan») divan ilə və yaxud Ali divan ilə idarə olunurdu. Ona öz xüsusi sarayı olan məliklərin hakim təyin edildiyi kifayət qədər böyük əyalətlər tabe olunurdu.
Dövlətdə daxili, eləcə də xarici yazışmaları həyata keçirən dəftərxana mühüm rol oynayırdı. Dövlət dəftərxanasının başçısı münşi və yaxud tuğrayi idi.
Dövlət maliyyə idarəsinə və ya xəzinəyə ali maliyyə məmuru ( mustoufi əl-ard və ya arid ) nəzarət edirdi.
Dövlət bir neçə iri vilayət və əyalətlərə bölünürdü ki, onları da ölkə hökmdarının müavinləri- valilər idarə edirdilər. Vilayətdə ikinci şəxs onun vəziri idi. Dövlətin şəhərlərini valinin adından şəhər rəisləri idarə edirdilər. Ətrafdakı mahal və kənd rəisləri şəhər rəisinə tabe olurdu. Ölkənin idarə olunmasında dini hakimlər- qazilər mühüm rol oynayırdılar. Müəllif hər bir vəzifənin funksiyasını ətraflı təhlil edir. Əksər hallarda mənbələrdən dövlətdə bu və ya digər vəzifə tutan şəxslərin adlarını çəkir.
Müəllif tərəfindən şəhər, sənətkarlıq, pul tədavülü və faydalı qazıntılar tədqiq edilmişdir (səh.118-2120).Qeyd olunur ki, Azərbaycan Atabəyləri dövlətində şəhər və şəhər həyatı geniş inkişafa malik olmuşdur. Şəhər həyatının nisbətən yüksək səviyyəsi göstərilmişdir. Şəhərlər daxili, eləcə də xarici ticarət mərkəzləri idi. Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Beyləqan, Ərdəbil Yaxın və Orta Şərq miqyasında mühüm ticarət-sənətkarlıq mərkəzi idi. Monoqrafiyada ölkənin ticarət və iqtisadi münasibətlərinin inkişafında Azərbaycanın hər bir şəhərinin rolu və əhəmiyyəti tədqiq olunmuşdur.
XII əsrin sonları XIII əsrin əvvəllərində sikkə zərbi və pul tədavülünə böyük diqqət yetirlmişdir. Qeyd olunur ki, ölkənin iqtisadi durumu istehsal qüvvələrinin və ticarət-pul münasibətlərinin artımı ilə xarakterizə olunur. Ölkənin faydalı qazıntılarına, müalicə sularına, otlarına və bitkilərinə lazımi diqqət yetirilmişdir.
Bütün zəngin olmayan material əsasında müəllif Atabəylər dövlətində mövcud torpaq mülkiyyətinin forma və kateqoriyalarını xarakterizə edə bilmişdir. Müəllif belə bir bölgü aparır: 1) Tac torpaqları, yaxud seçilmiş (xass) torpaqlar, 2) Len torpaq mülkiyyəti-iqta, 3) xüsusi torpaq mülkiyyəti (milk, mülk), 4) Vəqf.
Bu kateqoriyada olan torpaqlara qoyulan vergilər: 1) Xərac (torpaq vergisi), 2) Cizyə (can vergisi), 3) Uşr (onda bir), 4) Haqq (cəm halında-hüquq)- divanın nəfinə yığılan dövlət rüsumu və ya vergisidir, 5) Aləf, 6) Nüzl və sair. Ölkəninin iqtisadiyyatı üçün hər bir vergi və ianələrin rolu, məğzi və əhəmiyyəti xarakterizə olunmuşdur.
Göründüyü kimi, monoqrafiyada Atabəylər dövlətində mədəni həyat tərzi geniş işıqlandırılmışdır. Ölkənin mədəni həyatının bütün sahələrində mövcud olan yüksək səviyyə qeyd olunur. Monoqrafiyada şöhrəti Azərbaycanın hüdudlarından uzaqlara da yayılan Nizami, Xaqani, Mücirəddin Beyləqani, Fələki Şirvani kimi böyük elm və mədəniyyət xadimlərinin yaradıcılığı qısaca xarakterizə olunmuşdur.
Monoqrafiyada göstərilmişdir ki, Azərbaycan Atabəyləri şairlərə, memarlara, mühəndislərə, inşaatçılara, həkim və elm nümayəndələrinə hamilik edirdilər. Azərbaycandan çıxan, təkcə Azərbaycanda deyil, eləcə də Bağdadda, Qahirədə, Dəməşqdə və sair şəhərlərdə yaşayıb yaradan alimlərin siyahısı verilmişdir. Əsərdə Azərbaycan şəhərlərində yaşayıb yaradan və öz əsərləri ilə XII-XIII əsrlərdə erməni tarix elmini şöhrətləndirən Orta əsrlər erməni tarixçi və hüquqşünaslarının da qısaca xasiyyətnaməsi verilmişdir.
Əsərin sonunda Azərbaycan Atabəylərinin və İran səlcuqlarının (geneoloji) nəsil səcərəsi verilmişdir. Eləcə də Azərbaycan Atabəyləri dövründə hakimiyyət sürən xəlifələrin, Böyük Səlcuq sultanlarının, Şirvanşahların, Mosul Atabəylərinin, Xarəzsmşahlarının, Fars Atabəy¬lərinin, Maraga və Ruin-Dej hakimlərinin məmlükləri-İraq İrağı hakimlərinin xronolo¬giyası da öz əksini tapmışdır. Əsərdə həmçinin Azərbaycan Atabəyləri dövlətinin xəritəsi, biblioqrafiyası və göstəricilər verilmişdir.
Beləliklə, Z.M. Bünyadov çoxsaylı müxtəlif dilli ilk mənbələrin və xüsusi ədəbiyatın təhlili əsasında sovet istoriyaqrafiyasında ilk dəfə olaraq Azərbaycan Atabəyləri dövlətinin tarixi monoqrafiya şəklində tədqiq olunmuşdur. Bu dəyərli əsər, şübhəsiz, XII-XIII əsrlərdə Qafqaz və Yaxın Şərq xalqlarının qarşılıqlı əlaqələrinin tarixininin öyrənilməsi ilə məşğul olan qafqazşünaslar və şərqşünasların stolüstü kitabına çevriləcəkdir.
Mahiyyətinə görə rəyləşdirilmiş monoqrafiya Azərbaycan Atabəylərinin tarixi üzrə ilk böyük tədqiqat əsəridir.
Gürcü dilindən tərcümə edəni:
Mirzə MƏMMƏDOĞLU
İstifadə olunan ədəbiyyat:
1. N.Ş. Asatiani, XII əsrdə Şirvan ilə Gürcüstan arasındakı siyasi əlaqələr, XII əsrdə Gürcüstan tarixi məsələləri, məcmuə, Tbilisi, 1968, səh. 26 (gürcü dilində).
2. «Kartlis sxovreba» («Gürcüstan həyatı»), I, Tbilisi, 1955, səh. 345.
3. N.A. Berzenişvili, Şərqi Kaxetin keçmişindən, «Gürcüstan tarixi məsələləri», III cild, Tbilisi, 1966, səh. 257 (gürcü dilində).
Comments are closed, but trackbacks and pingbacks are open.