Press "Enter" to skip to content

Bütöv mühit mexanikası

Riyaziyyat və onun тədrisi меtоdikası kafedrası

Bütöv mühit mexanikası

BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI

Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib.

Adalet.az xəbər verir ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur.

Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək.

Aşağıdakı fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib:

I. Dekan vəzifəsi

Sosial elmlər və psixologiya fakültəsi

II. Kafedra müdiri vəzifəsi

Nəzəri fizika kafedrası

Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası

Fiziki elektronika kafedrası

Yarımkeçiricilər fizikası kafedrası

Bərk cisimlər fizikası kafedrası

Optika və mоlекulyar fizika kafedrası

Ümumi və tarixi geologiya kafedrası

Seysmologiya və Yer təkinin fizikası kafedrası

Hidrogeologiya və mühəndis geologiyası kafedrası

Botanika və bitki fiziologiyası kafedrası

Biofizika və biokimya kafedrası

Molekulyar biologiya və biotexnologiyalar kafedrası

Zoologiya və fiziologiya kafedrası

Rus dili kafedrası (humanitar fakültələr üzrə)

Аzərbaycan şifahi хаlq ədəbiyyatı kafedrası

Rus dilçiliyi kafedrası

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

Sosial və pedaqoji psixologiya kafedrası

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası

Qədim dünya və оrta əsrlər tаrixi kafedrası

Slavyan ölkələri tarixi kafedrası

Asiya və Afrika ölkələri tarixi kafedrası

Аli riyaziyyat kafedrası

Riyaziyyat və onun тədrisi меtоdikası kafedrası

Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası

Riyazi analiz kafedrası

Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası

Bütöv mühit mexanikası

Bu gün mart ayının 20-də, xalqımızın Novruzu qarşıladığı bahar təravətli əlamətdar bir gündə görkəmli alim, tanınmış ictimai xadim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasının 85 ili tamam olur. Adı Azərbaycanın elmi və ictimai fikir tarixinə əbədi həkk olunmuş akademik Fəraməz Maqsudovun elmi, elmi-təşkilati, pedaqoji, ictimai və mədəni istiqamətləri özündə birləşdirən geniş fəaliyyəti bütövlükdə XX əsrin sonunda – müstəqillik uğrunda xalqımızın mübarizə meydanlarına atıldığı mürəkkəb bir tarixi şəraitdə Azərbaycan elmi və ictimai düşüncəsinin inkişafında müstəsna rol oynamışdır.

Elmi fikir tariximizin XX əsr mərhələsi özündə neçə-neçə parlaq simaları, məşhur ad və imzaları birləşdirir. Onların sırasında akademik Fəraməz Maqsudovun xüsusi yeri var. Bu mövqeyin müstəsnalığı ilk növbədə onunla şərtlənir ki, riyaziyyat elmi sahəsində görkəmli alim olan akademik Fəraməz Maqsudov həm də öz sanballı ziyalı sözü, prinsipial vətəndaş mövqeyi ilə ictimai-siyasi hadisələrin gedişinə təsir edə bilən bir vətəndaş – ziyalı, sözün əsl mənasında şəxsiyyət idi.
Onu akademiklik zirvəsinə aparan yol olduqca zəngindir.
Fəraməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illərindən elmə həvəsi, çalışqanlığı, həmçinin yaşına görə qeyri-adi müstəqilliyi, məntiqi düşüncəsi onu yaşıdlarından fərqləndirmiş, riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı, tarixə, ədəbiyyata, poeziyaya böyük marağı onda zəngin dünyagörüşün formalaşmasında mühüm rol oynamışdır.
O, 1948-ci ildə Naxçıvan şəhər orta məktəbini, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirəndən sonra funksional analiz ixtisası üzrə Azərbaycan EA-nın Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. Əmək fəaliyyətinə başladığı dövrdən AMEA-nın prezidenti vəzifəsinə seçilənə qədər Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1957-ci ildə, aspiranturanı bitirdikdən sonra Fəraməz Maqsudov institutun riyaziyyat bölməsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilir. 1959-cu ilin may ayında “Özü-özünə qoşma olmayan diferensial operatorların məxsusi və qoşma funksiyalarının spektrinin diskretlik və tamlıq kriteriyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir, bir il sonra Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin edilir.
1964-cü ildə Fəraməz Maqsudov Riyaziyyat və Mexanika İnstitutunun direktorunun elmi işlər üzrə müavini, 1974-cü ildə institutun direktoru vəzifəsinin icraçısı təyin edilir. 1976-cı ildə Azərbaycan SSR EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağının qərarına əsasən o, institutun direktoru vəzifəsinə təsdiq olunur.
Gərgin elmi axtarışların, əldə olunan zəngin elmi uğurların nəticəsi olaraq alim 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilir.
1974-cü ildən ömrünün sonuna qədər Fəraməz Maqsudov Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmiş, respublikada riyazi elmlərin və onların tətbiqinin təşkili sahəsində xeyli iş görmüşdür. İnstitut kollektivinin əldə etdiyi nəzəri nəticələrin istehsalata tətbiqi üzrə işlərə daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirərək elm ocağının qazandığı uğurlara sanballı töhfə vermişdir.
Fəraməz Maqsudovun aldığı bir sıra mühüm elmi nəticələr SSRİ EA Rəyasət Heyətinin və SSRİ EA-nın Riyaziyyat Bölməsinin hesabatlarında dəfələrlə qeyd edilmişdir. Riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental nəticələr onu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yaxşı tanıtmışdı.
1981-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edən akademik Fəraməz Maqsudov özünü bacarıqlı elm təşkilatçısı kimi göstərmiş və akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində və müasirləşməsində, onların fundamental tədqiqatlarla yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində fəal iştirakının təşkilində böyük rol oynamışdır.
Həmin illərdə Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan üçün artıq çoxdan ənənəvi hesab olunan funksional analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsində bir sıra yüksək səviyyəli elmi nəticələr əldə olunmuşdur. Bütöv mühit mexanikası sahəsində institutun əldə etdiyi nailiyyətlər isə hətta ən optimist mexaniklər və riyaziyyatçılar üçün də gözlənilməz olmuş, nisbətən qısa müddət ərzində institutda mexaniklərdən ibarət güclü kollektiv yaranmış və həmin kollektiv mexanikanın aktual nəzəri və tətbiqi sahələrinin problemlərini həll etmişdir. Təsadüfi deyil ki, 1983-cü ildə Fəraməz Maqsudovun rəhbərliyi altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin dözümlüyünün tədqiqi üçün işləyib hazırladıqları metod həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.
Diferensial tənliklər nəzəriyyəsi sahəsində olan işlər Fəraməz Maqsudovun yaradıcılığında xüsusi yer tutur. Hilbert fəzasında operator-diferensial tənliklərin həlli üçün verdiyi incə metodun köməyi ilə, xüsusi halda, azalan əmsallı Şredinger operatorunun məxsusi ədədlərinin yoxluğu üçün yeni kriteriya vermişdir ki, bu da, T.Katonun kriteriyasından fərqli olaraq, daha geniş sinif məsələlərin tədqiqində tətbiq olunur. Onun təklif etdiyi metodun köməyi ilə ikinci tərtib operator-diferensial tənliklər üçün qoyulmuş Koşi məsələsinin həllinin energetik qiymətləndirmələri alınmış və bunlar geniş sinif evolyusiya tənlikləri və xüsusi törəməli tənliklər sistemi üçün qoyulmuş başlanğıc-sərhəd məsələsinin həllini asimptotik tədqiq etməyə imkan vermişdir.
1999-cu ildə akademik Fəraməz Maqsudovun ingilis dilində müasir qeyri-xətti analiz və qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə həsr edilmiş “Abstracts of Mathematics. Selected topics” (“Riyaziyyatda abstraksiya və seçilmiş məsələlər”) və akademik Akif Hacıyevlə birlikdə yazdığı “Sferik ayrılışın rəqs edən multiplikatorları” monoqrafiyaları nəşr edilmişdir.
Fəraməz Maqsudovun bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş bir sıra işlərində elastiklik və xətti özlü-elastiklik xassələrinə malik olan cisimlər və qeyri-stasionar dinamik məsələlərin həllərinin orijinalları üçün ilk dəfə olaraq “uyğunluq prinsipi” ideyası irəli sürülmüşdür. Onun və tələbələrinin bu sahədə təklif etdikləri orijinal həll üsulları Laplas çevirməsi və kontur inteqralı nəzəriyyələrinə bir sıra əhəmiyyətli yeniliklər gətirmişdir.
Akademik Fəraməz Maqsudov ömrü boyu gənclərə böyük qayğı göstərmiş, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlamışdır. Onun elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
O, 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir. Alim elmi nəticələrini bir çox mötəbər elmi seminarlarda, beynəlxalq konfrans və simpoziumlarda müvəffəqiyyətlə məruzə etmişdir.
Fəraməz Maqsudov həm də elmin yorulmaz təbliğatçısı idi. Onun bilavasitə rəhbərliyi və fəal iştirakı ilə məktəblərdə riyaziyyat üzrə olimpiadalar keçirilirdi, Azərbaycan dilində elmi-kütləvi ədəbiyyat buraxılırdı, məktəblilər və tələbələrlə görüşlər və televiziya verilişləri təşkil olunurdu.
O, 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə ona 1994-cü ildə Hacı Zeynalabdin Tağıyev adına mükafat verilmişdir. O, Azərbaycanın “İstiqlal” ordeni ilə də təltif olunmuşdur.
Fəraməz Maqsudov təmənnasız və qeyri-adi xeyirxah bir insan olması ilə də fərqlənirdi. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə, ölkəmizdə siyasi və iqtisadi sabitliyin pozulduğu, elmin və alimlərin sosial vəziyyətlərinin çətin olduğu dövrdə Türkiyə Cümhuriyyətinin ali məktəblərinin rektorları ilə yaxından əlaqə saxlayır, nüfuzlu Azərbaycan alimlərinin qardaş ölkənin ali məktəblərində onlar üçün əlverişli olan vəzifələrdə çalışmalarına hər cür şərait yaradırdı. Həmin alimlərin əksəriyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və iqtisadi tərəqqi dövründən başlayaraq vətənə döndü. Bəziləri isə indi də xarici ölkələrdə fəaliyyətlərini uğurla davam etdirirlər.
Fəraməz Maqsudov 1995-ci ildə Milli Məclisin üzvü, 1997-ci ildə Azərbaycan-Amerika Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin həmsədri, İslam Akademiyasının həqiqi üzvü və Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilmişdir.
O, Elmlər Akademiyasına mürəkkəb bir dövrdə rəhbərlik etməyə başlamışdır. Bu elə bir dövr idi ki, cəmiyyətin bütün sferalarını əhatə etmiş xaos Azərbaycan elminə də təsirsiz ötüşməmişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya çıxarmışdı. Müstəqil Azərbaycanın həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək və həlli yollarını göstərmək ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət bu funksiyanı yerinə yetirməyə imkan vermirdi. Həmin dövrdə ölkədə yaranmış böhranla əlaqədar dövlətin elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi Azərbaycan elmində yaranmış problemləri daha da dərinləşdirmişdir. Elmi kadrların hazırlanması və istifadəsi, elmi əməyin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi potensialın zəifləməsinə səbəb olmuşdu.
Belə bir mürəkkəb şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin birbaşa səyi sayəsində həyata keçirilən tədbirlər nəticəsində tez bir zamanda elmdə tənəzzül prosesinin dayandırılmasına nail olundu və tədricən Azərbaycan Milli Elmlər Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan akademiyanı bağlamaq istəyirdilər. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində milli intellektual potensial darmadağın olmaqdan qurtula bildi. Belə bir həlledici məqamda böyük nüfuz sahibi olan Fəraməz Maqsudov akademiyanın prezidenti kimi məsul vəzifəyə seçildi.
O dövrdən başlayaraq xaricə üz tutan alimlərimiz tədricən geri qayıdır, Elmlər Akademiyasının fəaliyyətində canlanma baş verir, yeni istiqamətlər müəyyənləşirdi. Bu dönəmdə görkəmli alimin elmi istedadı və təşkilatçılıq bacarığı özünü daha aydın şəkildə büruzə verdi. Akademik Fəraməz Maqsudov böyük məharətlə müxtəlif profilli elmi müəssisələri idarə etdi, akademiyanı Azərbaycanda elmi tədqiqatların əlaqələndirilməsi üzrə həqiqi bir elm mərkəzinə çevirdi. Elmlər Akademiyasının tarixində bu dövr təkcə maddi-texniki bazanın gücləndirilməsi, kadrların seçilməsi kimi çətin təşkilatçılıq məsələlərinin həlli ilə deyil, həm də fundamental təbiət və ictimai elmlərin genişlənməsi və dərinləşməsi ilə də səciyyələnir.
1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək elm sahəsində islahatlar aparılmasının vacibliyini təsdiqləyib respublikada elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdir. Bu tarixi görüşdən sonra akademik Fəraməz Maqsudovun rəhbərliyi ilə AMEA-nın Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı. Məhz Fəraməz Maqsudovun rəhbərliyi ilə həyata keçirilən bu tədbirlərin nəticəsi idi ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında bu il 70 illik yubileyi təntənə ilə qeyd olunacaq Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı nailiyyətlərində, uğurlarında Fəraməz Maqsudovun xüsusi xidmətləri olmuşdur. Elmə təmənnasız xidmət bu görkəmli alimin, gözəl insanın, əsl vətəndaş-ziyalının, ictimai xadimin – akademik Fəraməz Maqsudovun xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, bütövlükdə xalqımızın qəlbində daim yaşayacaqdır. Onun alim və vətəndaş-ziyalı kimi əsl qiyməti ümummilli lider Heydər Əliyevin sözlərində bütün dolğunluğu ilə əks olunmuşdur: “Fəraməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş Azərbaycanın dəyərli insanlarından biridir. Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fəraməz Maqsudov olmuşdur. Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir”.

Comments are closed, but trackbacks and pingbacks are open.