Press "Enter" to skip to content

Bədii ədəbiyyatın insan həyatında rolu

Milli ədəbiyyatımızda İnsan konsepsiyası və onun inkişaf istiqamətləri

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Rövşən MƏMMƏDOV.”Milli ədəbiyyatımızda İnsan konsepsiyası və onun inkişaf istiqamətləri” (Məqalə)

Milli ədəbiyyatımızda İnsan konsepsiyası və onun inkişaf istiqamətləri

Rövşən Məmmədov
Sumqayıt Dövlət Universiteti / Azərbaycan

XX əsrin 60-cı illəri və bu dövrdə təşşəkkül tapmış ədəbiyyat. Bu dövrün ədəbiyyatı dövrü mətbuatda, ədəbi tənqiddə və elmi araşdırmalarda kifayət qədər araşdırılmış, haqqında olduqca geniş şərhlər verilmiş və təhlillər aparılmışdır. Nədir bu dövrün nəsrini əlamətdar edən… Bu illər nəsrinin, hər şeydən əvvəl İNSANa diqqəti dərinləşdi. Bunun məhz belə olduğunu demək, bəlkə də, hələ heç nə demək deyil, axı İnsan elə həmişə ədəbiyyatın diqqət mərkəzində olub. Ancaq məsələ burasındadır ki, “altımışıncılar” bədii ədəbiyyata bu mövzunu yeni mövzu, yeni problem kimi yenidən daxil etdilər. Söhbət – şəxsiyyətə, fərdə, mənəvi-psixoloji “daxil”ə, “Mən”ə artan bədii maraqdan gedir, mənəvi potensialı birbaşa “ictimai system” kimi yox, daha əvvəl vicdani etik səltənət, əxlaq mehrabı kimi açan bədii təhlil və tədqiqatdan gedir.
İnsan konsepsiyası mürəkkəb məsələ olduğundan onu fəlsəfi, sosial-siyasi, ideoloji istiqamətdə təhlilə cəlb edənlər, bu məsələ barədə bir-birindən fərqli elmi fikirlər söyləyənlər olsa da, onun sənətin başlıca amili olduğu inkar edilməzdir. Ədəbiyyat illərin, yüzillərin sınağından keçərək sübut etmişdir ki, onun əsas təsvir obyekti də, gələcəyə yönələn inkişaf istiqamətləri də insane üzərində qurulmuşdur.
Qeyd etmək lazımdır ki, ədəbiyyat insan talelərinin, insan münasibətlərinin məcmusudur. Ədəbiyyatda insan problemi, eyni zamanda qəhrəman problemidir, şəxsiyyət sənətkarın və bədii obrazın xarakteri, yazarın-qəhrəmanın estetik idealı məsələsidir. İnsan cəmiyyətdə şəxsiyyət kimi, xarakter formalaşmasında, inkişaf etməsində ədəbiyyatın rolu müqayisəedilməz dərəcədə misilsizdir.
Ədəbiyyat insan məsələsi, cəmiyyətdə şəxsiyyətin rolu, insanın azadlıqları problemi ilə bağlıdır. İnsanın həyatı, davranışı, fəaliyyəti, digərlərinə münasibəti cəmiyyət daxilində mövcud olduguna görə bu problem eyni zamanda ictimai anlam qazanır. Cəmiyyətdəki insan-cəmiyyət, cəmiyyət-fərd məsələsi də eyni zamanda ədəbiyyatın əsas təsvir obyektidir. Fərd kimi insanın daxili “Mən”i, onun sosial-psixoloji dərki, bu “Mən”in cəmiyyətdəki mürəkkəb münasibətlərinin üzə çıxarılması hər zaman yazarları dərindən düşündürmüşdür. Ədəbi qəhrəmanın bu münasibətlərdən doğan fərdi iztirabları cəmiyyətlə şəxsiyyət arasındakı mövcud dramatizmi müəyyənləşdirir.
İnsanın cəmiyyətdə tutduğu yer, mövqe, onun dövrü, ictimai-siyasi münasibətlər sistemi ilə sıx bağlıdır. Şəxsiyyət ictimai-siyasi və mənəvi mühitlə formalaşdığına görə onun mənəvi yetkinliyi və özünüdərki də bu makro mühit içərisində müəyyənləşir. Zamanın və dövrün, ictimai-siyasi quruluşun, idarəetmə sisteminin insan üzərindəki təsirləri, insanın təklənməsi, ondakı inam vı inamsızlıq, davranışında mütiləşmə və yaxud mübarizləşmə, döyüşkənlik hisslərinin artması kimi keyfiyyətlərə dolması 60-cı illərdə ədəbi prosesə ciddi təsir göstərirdi. İnsanın bu mühüm, dərin prosesdəki dəyişmələrini əks etdirmək, bədii üsullarda canlandırmaq yazarda daha yeni axtarışlar və təsvir üsulları tapmaq meylini gücləndirirdi. Ümumiyyətlə, insan və ətraf mühit arasındakı sosial-siyasi münasibətlər kifayət qədər ciddi problemdir və ədəbi prosesin inkişafında çox mühüm yer tutur.
İnsani münasibətlər, şəxsiyyətlərarası ünsiyyət, məhəbbət, konflikt, narazılıq və ziddiyyətlər ədəbi aləmdə xüsusi diqqət çəkən məsələdir. Ədəbi qəhrəmanın xarakterinin üzə çıxarılması, onun yetkinləşməsi, obraz kimi bədii dəyər qazanması şəxsiyyətlərarası münasibətlər arasında mümkün olur. Ədəbi qəhrəmanın şəxsiyyətinin formalaşması həyat mövqeyinin müəyyənləşməsi də bu məsələ ilə bağlıdır. Məhz buna görə çağdaş insanın daxili-psixoloji aləmi 60-cı illər ədəbi mühitində daha çox zəruri hesab edilirdi.
Ədəbi qəhrəmanların təkamül prosesinin izlənməsi göstərir ki, o dövrün ədəbi cərəyanları və ədəbi prosesi qəhrəmanların hərəkət və davranışına, psixikasına, düşüncə tərzinə, intellektual durumuna, ictimai varlıq kimi fəaliyyəyinə ciddi təsir göstərmiş və onun taleyinə mühüm yeniliklər gətirmişdi. XX əsrin modern baxışları, daxili-mənəvi, lirik-psixoloji düşüncələrə qayıdış, insanın mücərrəd taleyinin, insani ziddiyyətlərin qabarəq şəkildə üzə çıxarılması, bir tərəfdən sevgi və idealların genişliyi, digər tərəfdən fərdin-insanın imkanlarının məhdudluğu fərdi təklənmə və cəmiyyətdən təcrid olunma və s. kimi durumlar ədəbi şəxsiyyət və qəhrəman konsepsiyasının xüsusi çəkisinin nə qədər artdığını göstərirdi.
60-cı illər ədəbi prosesində diqqəti çəkən cəhətlərdən biri də fərdiləşmiş insan konsepsiyası, yəni çağdaş insanın mikromühitinin təsvirinə diqqətin artması idi. Sadə adamlarən bədii obrazının yaradılması, onların sadə, adi həyatının böyük təsvir obyektinə çevrilmişdi, qapalı həyatlarının aşkar canlandırılması geniş hal almışdı. Bu cəhət cəmiyyəti, bütövlükdə isə insan həyatını canlandırmaq baxımından qeyd edilən dövrdə prioritet sayılırdı. Ədəbiyyatın bu yöndəki axtarışları insanların daxili aləminə, mənəvi aləminə pəncərə açmağa zəmin yaradırdı. Ona görə də, yazılan roman, povest və özəlliklə də, hekayələrdə zahiri əlamətlərin təsvirindən çox, mənəvi aləmin təsvirinə üstünlük verilirdi. Bu proses özlüyündə bədii təsvirdə şəxsiyyətin daxili-mənəvi üfüqlərini genişləndir.
Ümumiyyətlə, bədii ədəbiyyatda insanın xarakterinin konfliktlərdə və mübarizələrdə formalaşdığı adi həqiqətdir. Lakin düşdüyü mühitdə konfliktlərin müxtəlifliyi, ziddiyyətlərin kəskinliyi, mübarizənin daha da güclü olduğu zamanlarda imkanların daxilində mübarizə aparır. Universal insan tipini fərqləndirən cəhət odur ki, burada insan, bəzən təbii imkanlardan daha artıq gücə malik olur. Burada söhbət təbii ki, fiziki gücdən deyil, mənəvi-psixoloji, daxili intellektual səviyyədən söhbət gedir.
Ədəbiyyatda insan konsepsiyası çox mürəkkəb anlayışdır. Dövr və mühitlə əlaqədar olaraq, insanın inkişaf prosesi, şəxsiyyətin tərəqqisi, mənəvi zənginləşməsi, daxili duyğulardakı oyanışlar və dirçəliş, ondakı intellektual və emosional-psixoloji imkanların genişlənməsi və s. kimi problemlər bu konsepsiyanın önəmli özəlliklərindəndir. Çağdaş insanın şəxsiyyət kimi formalaşması, xarakterinin müəyyənləşməsi üçün ədəbi proses önəmli vasitədir. Ədəbi proses insanları bədiiləşdirir və beləliklə də, bədii təsvir obyektinə çevrilən insan əbədilik qazanır.
Bu dövrün ədəbi nəsli geniş miqyaslı problemi daxili-şəxsi təhlilin və qiymətin güzgüsündə təsvir etdilər. Beləliklə də, şəxsiyyətlə cəmiyyət arasında qarşılıqlı sosial və əxlaqi əlaqə, hadisənin obyektiv mənası ilə onun fərdi şüurdakı qeyri-standart inikası kimi aktual ədəbi problemlər nəsrdə yeni estetik baxış və ölçü, əlavə ideya-fəlsəfi çalar kəsb etdi.
Cəmiyyətin yeni inkişaf mərhələsində insanın dairəsinin daha da genişlənməsi ədəbi prosesdə daha dolğun, daha real insan xarakterlərinin yaradılmasını tələb edir. Yeni insanın ictimai və mənəvi mühitdə hərtərəfli, inandırıcılıqla təsviri, ictimai və sosial durumların analitik təhlilinin dərinləşməsi, təsvirdə üslub rəngarəngliyinin artması da, məhz şəxsiyyətin sosial-mənəvi aləminin zənginləşməsi ilı bağlıdır.
Mövcud obyektiv dəyişikliklər zəminində həyat və insan amilləri arasındakı qarşılıqlı münasibətlərinin mürəkkəbləşməsi insanların xarakterinə də ciddi təsir göstərirdi. Bütün bunları genişliyi və mürəkkəbliyi ilə aşkar etmək üçün yeni bədii vasitələr, təsvir formaları axtarılırdı.
İnsanın daxili mənəvi aləminin getdikcə zənginləşməsi, şəxsiyyətlərarası münasibətlərin dərinləşməsi nəticəsində, 60-cı illər milli ədəbiyyatımızda çağdaş insan xarakterinin daha geniş təsviri çətinləşmişdi. Bu problem yazıçı təsvirlərinin daha da təkmilləşməsini, təsvir ustalığının artırılmasını, həyati proseslər içərisindən ümumi və fərdi özəlliklərin ayırd edilib bədii təhlil süzgəcindən keçirilməsini tələb edirdi. Keçmiş dövrlərdəki ədəbiyyatlardan fərqli olaraq, adı çəkilən dövrdə mənəvi aləmin təsvirinə, həyat hadisələrinin daxili-psixoloji, daha tez-tez isə fəlsəfi düşüncələrdə canlandırılmasına üstünlük verilirdi.
İnsan xarakterinin bədii əsərdə hadisələrin qeyri-müəyyən axınında deyil, xarakterik hadisələrin qanunauyğun inkişafı prosesində, həyati konfliktlər və durumlar içərisində müəyyənləşdiyi məlumdur. Kəskin süjet daxilində hadisələrin bir-birini əvəz etməsi və ədəbi “qabartmalar” vasitəsi ilə diqqətin cəlb edilməsi insanların birtərəfli, sxematik təsvirinə gətirib çıxararsa (belə halda insan-obraz hadisələri davam etdirən vasitə rolunu oynayır, yəni hadisə əsas, insan və onun xarakteri ikinci dərəcəli əhəmiyyət kəsb edir), həyati hadisələr içərisində insanın psixoloji dəyişmələrinin verilməsi, hadisələrin obrazı bütövləşdirən vasitə kimi səciyyələndirilməsi, yəni hadisə əsərdə psixoloji aləmi müəyyənləşdirən vasitə olur, insanın xarakteri əsərdəki bütün obrazların qarşılıqlı əlaqələri fonunda açılır. Həyat ziddiyyətlərinin (ictimai, təsərrüfat-iqtisadi, ailə-məişət və s.), insani münasibətlərin mürəkkəbliyi, hər gün qəbul edilən informasiyaların artması, müxtəlif ideoloji təsirlər ədəbi müşahidələrin intensiv inkişafını və sayıqlığını zəruriləşdirir.
İnsanlararası münasibətlərin ətraf mühitə təsirinin artması bir tərəfdən xarakterlərin zənginləşməsinə səbəb olurdusa, digər tərəfdən yeni həyat hadisələri və konfliktlərdə bədii obrazın real, əhatəli təsvirində yazıçı işini xeyli çətinləşdirir, ondan daha geniş və dərin müşahidəçilik, daha səmərəli təsvir ustalığı ilə yanaşı, yeni təqdim və təhlil bacarığı tələb edirdi. Ona görə də, adı çəkilən dövrdə sosial, iqtisadi və coğrafi mühitlər arasında insan xarakterinin bədii təsvir və səciyyələndirilməsində əvvəlki onilliklərdən xeyli fərqli olaraq, onun müəyyən mühit və vaxt çərçivəsində izlənilməsi və zahiri səciyyələndirmədən daha çox, daxili-psixoloji təsvir üstünlük təşkil edirdi.
Xarakterin təsvirində yazıçı təqdiminin, onun həyata baxışının dəyişməsi də, məhz 60-cı illərdə daha çox diqqəti cəlb edirdi. Xarakterlərin səciyyələndirillməsində artıq “o belədir” yox, “mən beləyəm” prinsipinə, yəni obrazın içəridən, öz düşüncələri vasitəsi ilə dəyərləndirilməsinə üstünlük verirdi.
O dövrdə psixoloji amillərin güclənməsi bir tərəfdən ədəbi prosesin özünün fəallaşması və həyat münasibətlərinin artması ilə bədii ideyaların daha yaxşı qaavranılmasına və duyulmasına da zəmin yaradırdı. Nəzəri ədəbiyyatda və ədəbi tənqiddə psixoloji nəsrin bu cəhətinin həllində onun müəyyən mənfi cəhətləri də qeyd olunurdu. Zamana, dövrə, mühitə və hadisələrə münasibəti qəhrəmanın fərdi, özünəməxsus(dar, məhdud, bəzən də subyektiv) düşüncələri kimi görünürdü.
Bədii obraz sosial mühit, cəmiyyət üçün xarakterik olmayan adi hadisələr üzərində qurulur, bu da çox vaxt konkret bədii nəticənin əmələ gəlməsini çətinləşdirirdi. Görkəmli yazarımız İ.Əfəndiyev yazırdı: ”Ədəbiyyatımıza yeni gəlməkdə olan gənc nasirlərin əsərlərində duyulan birinci ciddi nöqsan həyatın dərindən verilməməsi, adamların ötəri, səthi göstərilməsidir. Bunu hər şeydən əvvəl yazıçılıq müşahidəsinin zəif olması ilə izah etmək lazımdır. Bədii-psixoloji təsvirdə o qədər xırdaçılıqlara yol verilir, qəhrəman o qədər fikirləşdirilir ki, o, öz düşüncələri içərisində sanki yoxa çıxır, müasirləri ilə müqayisədə az qala “kənar adam” təsiri bağışlayır. Bədii nəsrin ortaya çıxardığı belə xarakterlər əslində kiçik çərçivələr içərisində tamdır, yaxşıdır, hətta inandırıcıdır, ancaq mürəkkəb münasibətlər dövrünün insanları və hadisələri ilə müqayisədə sanki yaddırlar, bu günün adamlarını yetərincə təmsil etmədiklərinə görə aldadıcıdırlar”.
Ümumiyyətlə, ədəbiyyat öz qəhrəmanlarını yetişdirərək onların səciyyəsi ilə dövrün xarakterini təcəssüm etdirir. Ancaq heç də həmişə ədəbi qəhrəman dövrün, həyatın simasını canlandıra bilmir. Həyat müəyyən məqamlarda oyundan kənarda qalmış, sözünün ötkəmliyini, hökmünü itirmiş, hamı ilə razılaşa-razılaşa aldanmış adamlar vasitəsiylə səciyyələndirilirsə (Anar “Dantenin yubileyi”, Elçin “Sos”), burada xarakterlər cəmiyyətin aparıcı qüvvəsi olmasa da, yazıçılar əsas diqqəti həmin adamların xarakterindəki müsbət cəhətlərə yönəldirsə və bu müsbət məqamlarla həyata, insana düzgün baxış müəyyənləşdirirsə, burada aparıcı qüvvə təsəvvürdə yaradılmış olur. Mühitə və dövrə münasibət qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəticə ilə üzə çıxır. Həyat hadisələri bədii-məntiqi nəticə ilə dəyərləndirilir.
60-cı illər nəsrinin, xüsusilə, o dövrün hekayələrinin yadda qalan özəlliyi ondan ibarət idi ki, burada aparıcı qüvvə, müsbət xarakter, qəhrəman hadisələrin aparıcısı kimi çıxış etmir, onun obrazı oxucu təsəvvüründə müəyyənləşdirilirdi. Bu da qeyd etdiyimiz kimi, bədii nəsrdə psixoloji təsvirin, fəlsəfi duyumun üstünlük qazanmasından irəli gəlirdi.
Hadisə və münasibətlərin mürəkkəbliyi, obrazlar sıxlığı təsvir vasitələrinin daha effektiv formalarına gətirib çıxarırdı. Bu, əsərdə daxili monoloqun və müəllif səciyyələndirmələrinin aktivləşməsini, qəhrəmanların hərəkətlərindən çox düşüncələrinin, müəyyən vaxt və məqamlarda keçirdikləri psixoloji halların dəyərləndirilməsini, onun daha dəqiq bədii təsvirini tələb edirdi. 1960-cı illər Azərbaycan ədəbiyyatında bu cəhəti Ə.Əylisli, Anar, Elçin, M.Süleymanlı, S.Azəri, İ.Məlikzadə kimi yazıçıların əsərlərində aydın görmək mümkündür.
İctimai gerçəkliyin mənəvi-əxlaqi qatlarına, şəxsiyyətin psixologiyasına artan maraq 60-cı illər Azərbaycan ədəbiyyatını bütünlükdə səciyyələndirir, onun ideya-bədii sərvət və estetik dəyər rolunu və çəkisini artırır.
O da maraqlı və mənalıdır ki, milli nəsrin “yeni dalğa”sı bədii tədqiqatın məcrasını gündəlik məişətə və adi adama yönəltməklə həm fərd, həm də cəmiyyət miqyasında mənəvi-əxlaqi iflas, ictimai və sosial tənəzzül, böhran əlamətlərinə diqqəti vaxtında cəlb etdi və elə məhz bu xüsusiyyəti ilə o, ümumittifaq nəsrinin vahid axarı ilə vəhdət və ahəng təşkil edə bildi. Bu yazıçılar yalnız ən yeni, çoxmillətli avanqard nəsrin deyil, həm də milli klassik irsin bədii ənənəsindən bəhrələndilər. Özəlliklə, C.Məmmədquluzadənin realizm və satira dərsləri, ondakı ayıq və oyaq nəsr üslubu, psixoloji yığcamlıq, ən sərt satiranın da lirika ilə qaynağı, amansız “mətnaltı”- semptomatik həqiqətlər, üslub və dil demokratizmi bu zaman yenidən bədii təravət və kəsər kəsb etdi (əvvəlki iki on ilin sürəkli laqeydliyindən sonra).
Yeni Azərbaycan nəsrinin Mirzə Cəlil ənənəsi ilə üzvi bağlılığını yazıçı Anar belə başa düşür: “əgər biz nəsillərin varisliyi və əlaqəsindən danışsaq, “yeni Azərbaycan nəsri” nin axtarışlarına sələflərindən ən yaxını yenə də C.Məmmədquluzadə olacaq. 60-cı illərdə bu sənətkar sanki yenidən kışf edildi, onun yaradıcılıq irsi xrestomatiya parıltısından təmizləndi və biz onun simasında öz böyük və həmişəyaşar müasirimizi gördük”.
60-cı illər nəsri müasirliyin ağırlı problemlərinə laqeyd qalmadı, ictimai yaraları açıb-ağartmaqdan, əşyaçılıq, konformizm, rüşvət psixologiyasını bütün neqativ təfsilatı ilə təsvirə cəlb etməkdən çəkinmədi. Özü də nasirlər bədii ədəbiyyatın yalnız mövzu imkanlarını genişləndirmədilər, həm də nəsrə yeni bədii vasitələr, bədii priyomlar məhz “yeni dalğa” üçün səciyyəvi olan obrazlılıq- daxili monoloq, “şüur axını”, təhkiyədə təzadlı montajlar, bədii zaman komponentləri və s. gətirdilər.
Müəyyən dərəcədə bədii obrazın, özəlliklə, müsbət qəhrəmanın özü də dəyişdi. Əlbəttə, şüurlu bir sosial vəzifə borcundan, etik-əxlaqi mövqedən irəli gələn güzəştsiz, fədakar, güclü hərəkətlərin sahibinə-qüvvətli şəxsiyyətə biz bu dövrün hekayələrində də rast gəlirik və onların birbaşa antaqonisti olan surətlərlə də tez-tez qarşılaşırıq. Lakin soyuqqanlı-rasional ovqatın diri, insani hiss üzərində göstəriş, sənəd və dəftərxana “həqiqəti”nin, ehkamın və kağızın, canlı gerçəkliyin özü üzərində sərhədsiz inhisarına artıq az-çox müəyyən hüdud qoyulmağa başlayır. 60- cı illər nəsri ənənəvi əxlaqi problemin əhəmiyyətini azaltmaqla bərabər, elə adamlar barədə də yazmağa başlayır ki, onlar əvvəllər nəsrin diqqətini çox az məşğul edərdi. Qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, həyatda bəxti gətirməyənlər, mövcud sistemdə formalaşmış stereotiplər çərçivəsində “xoşbəxt” sayılan şəxslər ütüsüz, nahamar düşüncələr, xasiyyətlər və xarakterlər də nəsrə axınla daxil olmağa başladı.
Ümumiyyətlə, bu yazıçılar nəslini onların yaradıcılıqlarının başlıca meylləri baxımından səciyyələndirmək lazım gəlsə, demək olar ki, onlar ədəbiyyatın əsas vəzifəsini insana daha artıq diqqət və maraq göstərməkdə, insanın işindən, fəaliyyətindən çox onun şəxsiyyətini, mənəviyyatını açmaq, təhlil və əks etdirilməsində görürdülər. Onlar sovet gerçəkliyini tərənnüm etmir, onu bədii mühakimənin mövzu vəpredmetinə çevirirdilər. Buna görə də, onların əsərləri daha çox tənqidi mahiyyət daşıyırdı. Həmin əsərlərdə yazıçı mövqeyi, həyat hadisələrinə münasibət birmənalı təsir bağışlamırdı. Məhz bu səbəbdən həmin əsərlərin aktuallığı günümüz reallığında da itmir.

1.Anar Nəsrin fəzası. – “Azərbaycan” jurnalı №7, 1984
2.Göyüşov Z. Daxilə pəncərə (özünüdərketmə). – Bakı: Azərnəşr, 1978
3.Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: Yazıçı, 1988
4.Quliyev Q. “Bədii ədəbiyyatda ekzistensializm”. – “Cahan” jurnalı № 4, 1998
5.«Müasir sovet ədəbiyyatında konflikt və xarakter” məqalələr toplusu. – ADU, 1987
6.“Müasirlik uğrunda… Böyük sənət uğrunda”. – S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət ədəbiyyat və İncəsənət arxivi. – F. №137, siy. 1, iş №128, vərəqə 5-8
7.Şerbina V.R. “Müasir ədəbiyyatda insan konsepsiyası”. – Moskva: SSRİ-nin nəşriyyatı, 1963
9.Vəliyev İ. (Öməroğlu) Burulğanlar içində (məqalələr toplusu). – Bakı: Günəş, 1997
10.Vəliyev İ. İnsan: həyatda və sənətdə. – Bakı: Günəş, 1998

Человеческая концепция в национальной литературе и его стадии развития

В данной статье исследовается человеческая концепция в нашей национальной литературе начиная с 60-х годов, анализируется его стадии развития.

Human conception in national literature and growth stages

In this article the influence of human conception in national literature since 60-th, analysis growth stages of this conseption.

Son Yazılar

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
  • Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb

Mədəniyyət

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış “Avesta”da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. “Avesta”nın bədii cəhətdən ən gözəl hissəsi olan “Qatlar”da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. “Avesta” ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər e.ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. “Avesta”da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin “qızıl dövrü”, ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri — alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

“Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara — şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir.

“Avesta”dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri e.ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, b.e. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, e.ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun “Şərhül-Həmasə” adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili — azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün “Səyahətnamə” əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı “Şairlər məqbərəsi” adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.

Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin – monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər – qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması “Sirlər xəzinəsi”ndən (1174) başlamış son əsəri “İskəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

“Xosrov və Şirin” (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi —İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə — Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü “Xəmsə” silsiləsinin üçüncü əsəri olan “Leyli və Məcnun”da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları — insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən “məcnun” (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan “Yeddi gözəl” (1197) və “İskəndərnamə” (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə”də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.