Press "Enter" to skip to content

Cinayət prosessual məcəllə

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

Cinayət-Prosessual Məcəlləsi dəyişdirildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 439-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 439-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2, (II kitab), maddə 218; Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 328-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 29.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“29.2. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.”.

2. 41.5-ci maddədə “halları” sözü “bəraətverici əsasları” sözləri ilə əvəz edilsin.

3. 53-cü maddə üzrə:

3.1. 53.1.7-ci maddədə “kassasiya instansiyası məhkəməsi” sözləri “məhkəmə” sözü ilə əvəz edilsin.

3.2. 53.3.1-ci maddədə “yalnız” sözü “böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 (bir) ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə” sözləri ilə əvəz edilsin.

3.3. 53.3.5-ci maddədə “kassasiya instansiyası məhkəməsinin” sözləri “məhkəmənin” sözü ilə əvəz edilsin.

4. 65.4-cü maddədə “qərarı mülki işə” sözlərindən sonra “, inzibati və ya iqtisadi mübahisəyə” sözləri əlavə edilsin.

5. 65.7-ci maddədə “iş” sözündən sonra “, inzibati və ya iqtisadi mübahisə” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 123-1-ci maddə əlavə edilsin:

“Maddə 123-1. İnsan alverinin qurbanına bərpa və fikirləşmə müddətinin verilməsi

Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə qərar qəbul edir.”.

7. 142.2-ci maddədə “işlər” sözü “iş, inzibati və ya iqtisadi mübahisə” sözləri ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 159.10-cu maddə əlavə edilsin:

“159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər.”

9. 207.4-cü maddədə “hadisə yerinə baxış keçirə” sözləri “bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara” sözləri ilə əvəz edilsin və “edilməsi” sözündən sonra “, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər” sözləri əlavə edilsin.

10. 217.1-ci maddədə “(hadisə yerinə baxış keçirilməsindən və ekspertiza təyin edilməsindən başqa bütün istintaq hərəkətləri daxil olmaqla)” sözləri “(bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

11. Aşağıdakı məzmunda 218.12-ci maddə əlavə edilsin:

“218.12. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi üzrə bu Məcəllənin 218.10 və ya 218.11-ci maddələrində göstərilən ibtidai istintaq müddətləri qurtardıqda, Azərbaycan Respublikasının baş prokuroru tərəfindən iş üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə bir dəfə uzadıla bilər.”

12. 236-cı maddə üzrə:

12.1. 236.3-cü maddədə “azı 2 (iki) hal şahidi iştirak edir” sözləri “hal şahidləri iştirak edə bilər” sözləri ilə əvəz edilsin.

12.2. 236.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.”

13. 244.1-ci maddədə “azı 2 (iki) hal şahidinin iştirakı məcburidir” sözləri “hal şahidləri iştirak edə bilər” sözləri ilə əvəz edilsin.

14. 245.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.”

15. 246-cı maddə üzrə:

15.1. 246.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.”

15.2. Aşağıdakı məzmunda 246.4-cü maddə əlavə edilsin:

“246.4. Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.”

16. 247.1.5-ci maddədə “olduqları yer”, 247.1.6-cı maddədə “məlumat”, 247.1.7-ci maddədə “qeyd” sözlərindən sonra hər üç halda “(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə edilsin.

17. 318-ci maddə üzrə:

17.1. 318.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.”

17.2. Aşağıdakı məzmunda 318.2-1 – 318.2-4-cü maddələr əlavə edilsin:

“318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır.

318.2-2. Təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır.

318.2-3. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır.

318.2-4. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”

18. Aşağıdakı məzmunda 358.3-cü maddə əlavə edilsin:

“358.3. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.”

19. 391.12-ci maddədə “qərarlarından” sözündən sonra “(bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla)” sözləri əlavə edilsin.

20. 410.1.1-ci maddəsində “391.3” rəqəmindən sonra “(bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla)” sözləri əlavə edilsin.

21. 520-ci maddə üzrə:

21.1. 520.6.6-cı maddədə “şəxslərə” sözündən sonra “dərhal” sözü əlavə edilsin.

21.2. Aşağıdakı məzmunda 520.6-1-ci maddə əlavə edilsin:

“520.6-1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair məhkəmənin qərarı bu Məcəllənin 520.1-ci maddəsində göstərilən müddət daxilində çıxarılmalı və qərarın surəti elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərə verilməlidir.”

Milli.Az

Cinayət prosessual məcəllə

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 3 aprel tarixli Fərmanında verilən tövsiyə və tapşırıqlara uyğun olaraq hazırlanan sənədə layihəsinə aşağıdakı dəyişikliklərin edilməsi təklif olunur:

– “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təklif edilən dəyişikliklər;

– müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, habelə xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin edən dəyişiklikləri nəzərdə tutan yeni maddələrin əlavə edilməsi;

– məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi.

Qeyd edilən istiqamətlər üzrə Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilməlidir ki, layihə hazırlanarkən bütövlükdə Cinayət-Prosessual Məcəlləsinin hüquq normalarında dəqiqləşdirilmələr və uyğunlaşdırılmalar da aparılıb.

Qanun layihəsində dəyişikliklərin üçüncü istiqamətinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləyə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif edilir.

Bu Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

– 522-ci maddə üzrə:

– 522.1-ci maddə 522.1-1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 522.1-ci maddə əlavə olunur:

“522.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522 – 525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

– Aşağıdakı məzmunda 522.3-1-ci maddə əlavə edilir:

“522.3-1. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir.”;

– 522.4-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilir:

“522.4. Xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir:”;

– 522.4.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 522.4.5-ci maddə əlavə edilir:

“522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə.”.

– 523.1.9-cu maddədə “məhkum olunmuş şəxsə” sözləri “barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və törədilmiş cinayətə” sözləri ilə əvəz edilir.

– 524.5.7-ci maddə ləğv edilir.

– Aşağıdakı məzmunda 525.5-ci və 525.6-cı maddələr əlavə edilir:

“525.5. Bu Məcəllənin 525.4-cü maddəsi müsadirə edilmiş əmlakdan və ya onun dəyərindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya müsadirə edilmiş əmlakın qanuni sahibinə qaytarılması hallarına şamil edilmir. Bu fəslin müddəaları çərçivəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya əmlakın qanuni sahibinə qaytarılması üçün əmlak və ya onun dəyəri məhkəmə və əmlakın saxlama məsrəfləri çıxılmaqla sorğu edən dövlətə tam həcmdə qaytarılır.

525.6. Şəxsin cinayət əməlinə görə məhkum edilməməsi əmlak müsadirəsi barədə xarici dövlətlərin məhkəmələrinin yekun qərarlarının tanınmasını istisna etmir.”.

Comments are closed, but trackbacks and pingbacks are open.