Cənubi azərbaycan ədəbiyyatının tarixi
Yəni, İranın ürəyi Azərbaycandır.
Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə. – “Ədəbiyyat qəzeti”nin müzakirə saatı
Elnarə Akimova: – Hər birinizi “Ədəbiyyat qəzeti”nin müzakirə saatında salamlayırıq. Bugünkü mövzumuz Cənub ədəbiyyatı ilə bağlıdır. Bizim üçün Cənub ədəbiyyatı həmişə diqqət mərkəzində olub. Bu gün də bura ömrünü bu mövzuya həsr edən, bu istiqamətdə mütəxəssis kimi tanınan, müəyyən xidmətləri – kitabları, məruzələri, əməlləri ilə cəmiyyət içində seçilən insanları dəvət etmişik. Sabir Rüstəmxanlını Güney ədəbiyyatının alovlu mücahidi kimi tanımışıq. O zaman istərdim ki, Sabir müəllim, sizdən başlayaq. Cənub ədəbiyyatı hər iki tərəfin – həm Güney, həm də Quzeyin yaralı yeridi. Ona görə də ortaq dəyərlərdən, ortaq problemlərdən danışaq.
Sabir Rüstəmxanlı: – Əvvəla, “Ədəbiyyat qəzeti”nə çox təşəkkür edirəm. Son dərəcə aktual bir mövzunu yada saldığınız üçün, mənim də tanıdığım, hörmət bəslədiyim mütəxəssisləri buraya dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, Güney Azərbaycan məsələsi və Güney Azərbaycan ədəbiyyatı, ziyalıları mövzusu son dərəcə ciddi və öyrənilməli bir mövzudur. Mən həmişə deyirəm ki, 1941-46-cı illərdə Güneydə hökumətin qurulması, intibahın başlandığı dövrdə burdan getmiş ziyalıların rolu haqqında çox danışmaq olar. Mirzə İbrahimov ora gedib, Qulam Məmmədli, Mehdi Hüseyn, Cəfər Xəndan, Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza orada olublar, qəzet, jurnal buraxıblar. Bunun haqqında çox danışmaq olar. Amma bu Azərbaycanın – Quzey Azərbaycanın inkişafında, tərəqqisində, müstəqillik qazanmasında Güney Azərbaycanın nə qədər rolu var, bax bu haqda heç danışmamışıq. Əslində, bu haqda bir kitab yazmaq istəyirdim, amma vaxt olmadı. Deyək ki, ordan buraya gəlib çalışan, burda qalan o qədər insan var ki. Elələri var, biz heç onun güneyli olduğunu bilmirik. Halbuki, Azərbaycanın inkişafında çox böyük xidmətləri var, vəzifələrdə olublar, lap elə üzdə olan, bizim hamımızn xatırladığımız adamların adını deyək: Mirzə İbrahimov, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə Bülluri, Əli Tudə, Fəthi Xoşginabi, Pənahi Makulu, Qulamhüseyn Beqdeli. Bu hələ ədəbiyyat sahəsində olanlardır.
Azər Turan: – Qafar Kəndli, İsmayıl Cəfərpur. Siyahını çox uzatmaq olar.
Sabir Rüstəmxanlı: – Həmid Məmmədzadə, Məmmədağa Sultanov (Əlyazmalar İnstitutunda işləyirdi), Qədir Sultanov, Rəhim Sultanov, Şəfaət Mehdiyev, Mir Cəlal Paşayev. Bunları yada salanda Qüzey ədəbiyyatının inkişafında Cənubun necə mühüm əhəmiyyət daşıması aydın olur. Təkcə Mirzə İbrahimov Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri idi. O özü Quzey Azərbaycanın ədəbi, mədəni, ictimai-siyasi inkişafında mühüm rol oynayıb. Burada Ali Sovetin sədri olub. Burada dil məsələlərini də qaldırıb. Təkcə Azərbaycanda deyil, bütün SSRİ-də tanınan bir şəxsiyyət idi.
Elnarə Akimova: – Cənub ədəbiyyatı şöbəsinin də ilk müdiri o olub, elə deyilmi?
Vüqar Əhməd: – Bəli, o yaradıb.
Sabir Rüstəmxanlı: – O vaxt Cənub mövzusunda çox yazırdım. Söhrab Tahir mənə deyirdi ki, sən bizim haqqımızda bizdən çox yazırsan. Hərçənd, Söhrab qədər yazmaq olmaz. Onun romanları, əsərləri başqa aləmdi, çox məhsuldar işləyirdi. M.İbrahimov bir dəfə ciddi bir iclas keçirir, məruzələr-filan edilirdi. Mən də çıxış edib oturmuşdum. Bir də gördüm ki, balaca bir məktub göndərib, o məktubu hələ də saxlayıram. Yazmışdı ki, “Sabir bala, bəlkə doktorluq işini Cənubi Azərbaycan ədəbiyyatından götürəsən?”. O zaman Cənub ədəbiyyatı şöbəsi yeni qurulmuşdu.
Pərvanə Məmmədli: – Sizin potensialı hiss edibmiş də.
Sabir Rüstəmxanlı: – Bəli, onun belə bir arzusu da vardı. İndi isə gələk konkret Cənubi Azərbaycan məsələsinə. Cənubi Azərbaycan və ya Güney Azərbaycan. Biz hələ bu terminləri də tam dəqiqləşdirməmişik. Gah deyirik Qərbi Azərbaycan, bu İranda da var.
Vüqar Əhməd: – Şərqi Azərbaycan da həm İranda, həm burda var.
Sabir Rüstəmxanlı: – Sonra İran Azərbaycanı deyəndə, əslində, ora Azərbaycanın İranıdır. Belə bir kitab da var “Türklərin İranı”. Bu ərazilər elə türklərindir. Farslar olan yer isə Farsistan adlanırdı – Şiraz və çevrəsi. İranın 30-dan çox ostanı var. Bu ostanların 27-sində türklər yaşayır, 5-6-sında türk olmayanlar. Farslar çox az hissəsində yaşayırdı. Min illik türk dövləti olsa da, dövlət başında taxt-tac sahibi türklər olsa da yazı-pozuya fikir vermir, at üstündə, döyüşdə, mübarizədə gün keçirir, yazı-pozu işinə xırda iş kimi baxırdılar. Ona əhəmiyyət vermir, bu vəzifəni farslara tapşırırdılar. Onlar isə, öz növbəsində, “Şahnamə” yazır, “Gülüstan”, “Siyasətnamə” yazırdılar. Bizim mədrəsələrdə də onları tədris edirdilər.
Esmira Fuad: – Ümumiyyətlə, biz əksər hallarda Cənubi Azərbaycan və ya Şimali Azərbaycan deyirik, amma mən çox vaxt yazılarımda Güney və Quzey Azərbaycan kəlmələrini işlədirəm. Düşünürəm ki, ən doğrusu Rusiya ilə İran arasında Araz çayı boyunca ikiyə bölünmüş Azərbaycanın hər iki tərəfini rəsmi sənədlərdə göstərildiyi kimi, Cənubi və Şimali Azərbaycan adı ilə təqdim etməliyik. Yəni dövlət səviyyəsində necə tanınırsa, elə o şəkildə. Bir kəndin belə quzeyi, güneyi olur. Bəyəm bizim hüququmuz yoxdur ki, o taylı-bu taylı Azərbaycan deyək? Əlbəttə, elə öz adı ilə çağırmalıyıq Ulu yurdumuzu.
Vüqar Əhməd: – Coğrafi baxımdan elə düzdür. İran Azərbaycanı deyilməlidir.
Sayman Aruz: – Orada olan mədəniyyət, ədəbiyyat da Azərbaycan təfəkkürlüdür.
Esmira Fuad: – Belə olan halda isə deyirlər ki, biz də Azərbaycana İranın şimalı deyə müraciət edəcəyik.
Azər Turan: – 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda da ilk rəsmi təpki oradan gəldi. Niyə ölkənizin adını Azərbaycan adlandırmısız? Amma siyasəti başqa tərəfə qoyaq, ədəbiyyat millətin şüurunun, düşüncəsinin alt qatıdır. Heç kəs bizə diktə edə bilməz ki, siz Vətəninizi bütöv görməyin. Bax, bu otaqda bütöv Azərbaycanın xəritəsi var. Təbrizlə Bakının birliyi, hətta çox uzaq gələcəkdə olsa belə, idealımızdır. Ədəbiyyat siyasət deyil, yazıçı diplomat deyil. Vətənimizi bütöv sevmək üçün kimdənsə izn almalı deyilik ki. Siyasət başqa. Amma biz bir ədəbiyyat adamı olaraq, düşüncə insanı kimi vətənimizi, ədəbiyyatımızı bütöv görürüksə, bu bizim qürurumuz və haqqımızdır.
Sabir Rüstəmxanlı: – Bəzən deyirlər ki, türk xaqanı ədalətsizlik edərək “Şahnamə”yə qızıl əvəzinə gümüş verdi. O, əslində, ağıllı insan kimi gördü ki, onun sifarişi ilə yazılan əsərdə türkə necə münasibət var. Ona görə də o şəkildə yola saldı. “Şahnamə” təfəkkürü İranda qalmaqdadır. Ona görə də 35 milyonluq bir xalqın hələ də dil problemi vardır. 1000 ildir hakimiyyətdə olub onlara hər şeyi vermişik, onlarsa 70-80 ildə bircə dil məsələsinə icazə vermirlər.
Elnarə Akimova: – Eyni zamanda məktəbləri yoxdur.
Sabir Rüstəmxanlı: – Təbii ki, yoxdur. Təəssüf ki, bu gün nə mətbuatda, nə televiziyada Güney Azərbaycanla bağlı mədəni siyasətimiz elə də yetərli deyil.
Azər Turan: – Sabir müəllim, burdakı Azərbaycan ədəbiyyatının formalaşmasında güneylilərin böyük rolundan danışdınız. Bu həmişə belə olub. Xətib Təbrizi, Saib Təbrizi, Qətran Təbrizi, Mahmud Şəbüstəri, Xətai və b. Onlar hamısı bugünkü coğrafi miqyasda Vətənin Cənub qismində doğulub, yaşayıb. Ədəbiyyatımızdan onları çıxdaş edə bilərikmi? Əlbəttə, yox. Böyük bir boşluq yaranar. Daha dəqiq desək, klassik ədəbiyyatımız olmaz.
Sabir Rüstəmxanlı: – Amma nə yaxşı ki, məktəblərimizdə belə bir məsələ yoxdur. Ədəbiyyatımız, tariximiz bütöv öyrədilir. Özü də son vaxtlar, müstəqillik illərində.
Pərvanə Məmmədli: – 1828-ci ilə qədər olan məsələlərdir. Onlara niyə toxunsunlar ki.
Azər Turan: – Sovetlər dönəmində “Ədəbiyyat qəzeti” doqquzuncu mərtəbədə indiki yerində – burda, “Azərbaycan müəllimi” qəzetinin redaksiyası isə bu dəhlizin o başındaydı. Bu qəzetlər Cənub mövzusunda ortaq məxrəci bölüşürdülər. “Azərbaycan müəllimi” qəzetində də, “Ədəbiyyat qəzeti”ndə də Cənub səhifələri vardı. Vahid Azərbaycan məsələsində bir-birinin səsinə səs verərək çıxırdılar. Məncə, bu gün də məktəb və ədəbiyyat bu mövzudan bir an belə kənarda qalmamalıdır. Biz müstəqillik əldə edəndən sonra Araz mövzusu, sanki gündəmdən çıxdı. Sanki indi artıq ədəbiyyatın belə bir problemi yoxdur. Amma gerçəklik göz qabağındadır. Və bu dərdin ağrısını yaşamayacağıqsa, bu problem bizim qovuşmaq istədiyimiz ülkümüz olmayacaqsa, onda bir millət kimi sabahımızı necə təsəvvür edə bilərik. 1980-ci illərin əvvəllərində məlum hadisələrdən sonra Təbrizdə, Ərdəbildə. yeni qəzet və jurnallar çıxmağa başlamışdı. İndi aydın təsəvvürümüz yoxdur, həmin anadilli orqanlar – “Dədə Qorqud”, “Varlıq”, “Koroğlu”, “Çənlibel”, “Araz”, “Azərbaycan”, “Odlar yurdu”nun aqibəti necə oldu?
Pərvanə Məmmədli: – Bunlar şəxsi hesablardan maliyyələşdiyi üçün qısa müddət fəaliyyət göstərirlər. 3-5 nömrəsi çıxır sonra dayanırdı, yeganə olaraq “Varlıq” jurnalı fəaliyyət göstərirdi. O da klinikanın maliyyəsi hesabına. İndi də bu dərgi çap olunur. “Dilmanc” vardı, yaxşı, faydalı işlər görürdü, “Yaşmaq” var ki, elektron dərgiyə çevrilib. Bu gün onlarla mətbu örnəklərinin adını çəkmək olar, amma onlar dövri deyil.
Vüqar Əhməd: – Əvvəla onu deyim ki, Ərdəbildə qəzetlər çıxır. Məsələn, Kərimə var, şairə, mənə zəng vurmuşdu ki, icazə verərsiz sizin məqalənizi qəzetdə verim? Bildirdim ki, versin.
Elnarə Akimova: – Bunlar ardıcıl olaraq çıxırmı?
Vüqar Əhməd: – Təəssüf ki, yox. Dövlət maliyyələşdirmədiyi üçün qısa müddət çıxır, sonra yenə bağlanırdı. Tehranın 20 milyon əhalisi var. Biz Cənub ədəbiyyatını tədqiq edir və bununla fəxr edirik. Heç vaxt 40 milyonluq toplumun ədəbiyyatını tam öyrənmək mümkün deyil.
Pişəvəri hökumətinin dağılması ədəbiyyatda böyük yaralar buraxdı. Təbrizdəki, Cənubdakı ədəbi prosesi parçaladı. Yeni gələn yazarlar da şovinizmə, parçalanmaya aqressiv yanaşdı və yeni mövzular yarandı. Qəlblərdə yaralar buraxsa da, ədəbiyyatın inkişafında rolu oldu. Amma ki, Pəhləvidəki fars şovinizmi İslam inqilabından sonra müəyyən mənada nisbətən yumşaldı. S.C.Pişəvərinin məqalələri çap olundu. Bu yaxınlarda “Nadirə” romanı tapıldı. Onun əvvəllər “Xatireyi-Zindan” əsəri məlum idi. Əsas odur ki, bütün janrlar, həm məzmunca, həm formaca zənginləşdi. Son dövrdə də cənubdakı poeziyamız çox zəngindir. Bəzən mənə deyirlər ki, Cənubda poeziya var? Çoxu dırnaqarası baxırlar məsələyə. Əlbəttə ki, var. Bu iki xanım – Esmira xanım və Pərvanə xanım bu istiqamətdə ardıcıl araşdırmalar edirlər.
Elnarə Akimova: – Bunu deyənlərə ən azı Ədəbiyyat İnstitutunda hər il keçirilən “Ədəbi proses” elmi yaradıcılıq müşavirəsinin materiallarını nişan vermək lazımdır. Hər il mütəmadi bu mövzuya geniş yer verilir. Allah rəhmət eləsin, uzun illər bizdə bu mövzuda məruzələri Sabir Əmirov elədi. İndi də Pərvanə Məmmədli və Esmira Fuadın məruzələrində ədəbi proses bütün çalarları ilə görünə bilir.
Vüqar Əhməd: – Qəzəl janrı da sırf Cənubda inkişaf edir, onlar farsı, ərəbi, əruzu daha yaxşı bildikləri üçün bu, onlarda gözəl alınır. Təkcə eşqdən, həsrətdən yazmırlar, gül-bülbüldən yazmırlar, qəzəlləri də ictimai motivlidir. Dil məsələsi həmişə qabarıqdır.
Elnarə Akimova: – Esmira xanım, fars ədəbiyyatında “Azərbaycan səbgi” kimi bir ədəbi üslub var. Bu üslub hansı anlamda işlədilir?
Esmira Fuad: – Azərbaycan səpkisində yazılan şeirlər anlamındadır.
Vüqar Əhməd: – Şəhriyarın fars divanında hind üslubu, herat üslubu da var. Tehranda bir tədbirdə idim. Aşıq Ulu, Savalan da ordaydı. Orda nəzərə almışdım ki, elə çıxış edim dövlətə toxunmayım. Sonunu belə bitirdim. Bu radioda da səsləndi.
İranım, İranım, gözəl İranım.
Sənə nəfəs verir Azərbaycanım.
Sənə həyat verir Azərbaycanım.
Yəni, İranın ürəyi Azərbaycandır.
Azər Turan: – Şəhriyar isə Azərbaycanın adından şah dövründə yazırdı: “Şərqi Qərbə, Qərbi Şərqə bağlayan yollar mənim. Padişah, diqqətlə bax, tufan dolu Təbrizdi bu. “. Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərində qadınlar çarşablarını atırlar və günəş rəqsini ifa edirlər. Kim idi bu qadınlar? Təbriz qadınları. Hər halda, Təbriz ümumazərbaycan kontekstində mühüm amildir.
Elnarə Akimova: – İstərdim, İranda fəaliyyət göstərən, farsdilli, əslən azərbaycanlı olub İran mədəniyyətinə nailiyyət qazandıran türkəsilli imzalar haqqında danışaq.
Azər Turan: – Sabir Rüstəmxanlının dostu Rza Bərahani müasir Azərbaycan ədəbiyyatının kontekstindən çıxarıldıqda modern ədəbiyyatımızın siması tam görünə bilməz. Yaxud Əhməd Şamlu. Onlar ümumazərbaycan ədəbiyyatının böyük imzalarıdır. Bərahani kimi böyük və dünyamiqyaslı, ədəbiyyat barədə modern düşüncələri ilə müstəsna olan bir ədəbiyyat adamını bu gün burda Azərbaycan oxucusu tanımırsa, iyirminci yüz il Azərbaycan ədəbiyyatı barədə necə aydın təsəvvürümüz ola bilər.
Esmira Fuad: – Bir fransız tədqiqatçısı deyir ki, mən Rza Bərahaninin “Mahmudun ayazlı günləri” kitabını oxuyandan sonra cəhənnəmin nə demək olduğunu anladım.
Pərvanə Məmmədli: – Bərahanidən danışdıq. Onunla şəxsən tanış idim və onunla yazışırdım. Hazırda bir az xəstədir. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, onun haqqında bu yaxınlarda bir kitab qoyacam ortalığa. Onun özü də tanınmır, əsərləri də.
Sabir Rüstəmxanlı: – Heç bir əsəri çevrilməyib?
Pərvanə Məmmədli: – Çevrilib. Xavər Qəhrəmani “Yurdumun sirləri” əsərinin bir hissəsini çevirib ki, o kitaba salmışam. Bu adam iki dildə yazır – fars və ingilis dillərində. Onun kitabları dünyanın əksər dillərinə tərcümə olunub. Nobel mükafatına namizədliyi irəli sürülən şairlərdəndir. Özü də iki dəfə. Kanada “Pen” klubunun sədri olub. Müasir İran tənqidinin banilərindın sayılır. Yeni bir “Dil” nəzəriyyəsini də yaradıb. Müasir şeir artıq tənəzzül edir, dondurulur, o da istəyib ki, bir canlılıq gətirsin poeziyaya. Bu nəzəriyyə artıq qəbul olunub. İranda bir sıra ardıcılları var. Rza Bərahani farsca yazsa da həmişə Azərbaycan düşüncəsində olub. Deməli, ingilis və farsca yazdığı əsərlərində qəhrəmanların hər birinin adı azərbaycancadır. Orda şeirlərin əksəriyyətini Azərbaycan türkcəsində verir.
Sayman Aruz: – Rza Bərahani həm gözəl şairdir, həm də gözəl nasir. Azər müəllim Əhməd Şamlunun adını çəkdi. O, təbrizli idi. Özü də dəfələrlə təkrar edirdi. Mən onun evində də olmuşam. O mənə dedi ki, təəssüf ki, biz türklərin ədəbiyyatının inkişafı dönəmində yaşamadıq ki, mən türkcə yazım. Dedi, amma mən Nazim Hikməti türkcə oxumaq üçün osmanlı türkcəsini öyrənməli oldum. Sırf onu oxumaq üçün öyrəndim. Amma indi peşmanam ki, kaş mən də Azərbaycan dilində yazaydım.
Pərvanə Məmmədli: – Qulamhüseyn Saidi Fransada dünyasını dəyişib. Onun pantomimləri vardı, pantomimlər rejimə dirəniş idi, mübarizə metodu idi. O vaxtlar kinoteatrlara gedəndə bir şeyi müşahidə etmişdi. Filmlər gedir, Təbrizdə peşəkar tərcüməçilər var idi, onlar da başlayır türkcəyə çevirib qışqırmağa. Amma səssiz filmlər gedəndə hamı lal-dinməz qulaq asırmış. O da fikirləşir ki, mənim xalqıma elə əsərlər lazımdır ki, səssiz də başa düşülsün. Buna görə də pantomimlər hazırlamağa başlayır. “Dilənçi” və s. Fransaya gedəndə də onun əsərlərinə filmlər çəkdilər, əsərlər tamaşaya qoydular. İranda qızıl fonda düşən 10 filmin ikisi Saidinindir. Bu gün İran kinematoqrafiyasının qabağa getməsi Saidinin adı ilə bağlıdır. O da azərbaycanlıdır.
Esmira Fuad: – Mənim fikrimcə, əgər Azərbaycanın tarixini öyrənmək istəyiriksə, Rza Bərahaninin “Yurdumun sirləri” romanını oxumaq lazımdır. O kitab bu günlərdə çap olunmalıdır. Orada ta əvvəldən həm İranın, həm Rusiyanın, həm də Amerikanın Güney və Quzey Azərbaycana qarşı yürütdüyü siyasət açıqlanıb, qədim, yeni və ən yeni tariximiz vərəqlənib.
Vüqar Əhməd: – Bir də rəhmətlik Zehtabinin “İran türklərinin əski tarixi” kitabı vacibdir. Artıq Türkiyə türkcəsinə çevrilib. Bizdə isə hələ də yoxdur.
Sabir Rüstəmxanlı: – Mən çox istədim, amma burada çap edə bilmədim. Rza Bərahaninin poeziyasının İran poeziyasında xüsusi yeri var. Bütün Cənubi Amerika ədəbiyyatını, ingilis ədəbiyyatını yaxşı bilirdi. Maraqlı bir şey qeyd etmək istərdim. Məndən xahiş etmişdi ki, imkanın varsa, mənim üçün bir, ya iki illik orada yaşamaq imkanı düzəlt. Gəlib yaşamaq istəyirəm, çünki Nizaminin “Yeddi gözəl” poeması haqqında bir əsər yazacam. Sübut edəcəm ki, “Yeddi gözəl” dünya ədəbiyyatının zirvəsidir, onun kimi ikinci bir əsər yoxdur, sübut edəcəm ki, Nizaminin türklüyünə şübhə edənlərin fikirləri əsassızdır. Təbii ki, mənim belə bir imkanım yox idi. Mən bunu Akademiyaya bildirdim, xahiş etdim ki, ədəbiyyat fondundan bir təqaüd ayırın gəlsin, 1-2 il yaşasın, vətənidir, yazsın-yaratsın. Təəssüf ki, alınmadı. Əslində, kiçik bir şeydir. Bunu kim əldən buraxar? O boyda insan gəlib burada yaşamaq istəyir. Bir şeyi deyim ki, Tehranda kitab sərgisi olanda Azərbaycan da getmişdi. O zaman birinci dəfə idi iştirak edirdik.
Elnarə Akimova: – Bu nə vaxt olub?
Sabir Rüstəmxanlı: – 92-93-cü illərdə. Azərbaycan ilk dəfə idi müstəqil dövlət kimi Tehran kitab sərgisinə gedirdi. Mənim nazir işlədiyim vaxtlar idi. Kiçik bir pavilyonumuz var, yaxşı kitablar seçmişik. Xamneyi gəldi. Bütün sərgini gəzirdi. Dedilər, Azərbaycan pavilyonunda yarım dəqiqə qalacaq. Sərgidə 120 ölkə iştirak edir, gedib hamısını gəzməlidir. Gəldi, kitablara baxdı. Ordubadinin “Dumanlı Təbriz”ini görəndə soruşdu, – bu nə haqdadı, dedim Təbrizlə bağlıdır, izah etdim. Köhnə əlyazmalar vardı, “Quran”ın türkcə tərcüməsini qoymuşduq. Onlara baxdı və bildirdi ki, kirili bilsəydim, oxuya bilərdim. Sözüm onda deyil. Gedəndə ona iki kitab hədiyyə elədim. Biri Nizami Gəncəvinin “Xəmsə”sinə çəkilmiş miniatürlər idi. Çox nəfis bir tərtibatda buraxmışdıq. Kitabı verdim və dedim 800 il bundan əvvəl İran ədəbiyyatı deyilən bir ədəbiyyatın ən gözəl əsərlərini yaradan türk oğlu şair Nizaminin kitabıdır. Bu isə ondan 6-7 əsr sonra yenə gözəl ədəbiyyat yaratmış türk oğlu şair Şəhriyarındır. İki böyük zirvə ikisi də türkdür. Bir də öz kitabımı əlavə etdim. Dedim bu da o zirvələrin ətəyində gəzib-dolanan bəndəyi-həqirinizin kitabıdır. Cavab verdi ki, əcəb qonşuluqdur. İran adına, farsdilli ədəbiyyatın iki böyük zirvəsi ikisi də türkdür. İndi görün daha kimlər var.
Elnarə Akimova: – Sayman bəy, nə üçün şairlərdən bir qismi, məsələn, Şəhriyar kimi həm ana dilində, həm də farsca yazırdılar. Qalanları isə bundan məhrum idi. Bu nə ilə bağlıdır? Daxili müqavimətin olmaması, ya qadağalarla?
Sayman Aruz: – Şəhriyar dönəmi fərqli idi. Ondan sonrakı dönəmdə farscadan başqa dildə yazanlar, danışanlar cəzalandırılırdı. Rza xanın məktubu var, məndə onun nümunəsi olmalıdır. Yazır ki, türkcə danışanların birini döyün, o birini cəzalandırın. Yaşa görə cəza tədbirləri dəyişirdi. Mənim şəxsən yadımdadır ki, baxmayaraq müəllimimiz də qonşumuz idi, türk idi, sinifdə türkcə danışdığım üçün müəllimimiz məni sinifdən çıxarıb qarın üstündə ayaqyalın saxlamışdı ki, bu farsca danışmır. Biz farsca bilmirdik axı, necə danışardıq? Sözümü ona gətirirəm ki, İranın müasir ədəbiyyatı ki var, Şamlu, Bulud və b. əksəri azərbaycanlılardan ibarətdir. Buludun bütün həyatı Təbrizdə keçib. Sabir müəllim yaxşı qeyd etdi. Pişəvəri dövründə birillik müstəqillik yarandı, o da ədəbi dalğanın yaranması ilə nəticələndi. Səhv etmirəmsə, Tağı Rəfət müasir Azərbaycan şeirinin əsasını qoysa da, demokrat firqəsinin özünün yığdığı şairlər var idi. O şairlərin özü müasir Azərbaycan ədəbiyyatının əsasını qoymaqla bərabər, bətnində Həbib Sahir kimi şairlər yaratdı. Rza Bərahani qeyd edir ki, “İran müasir sərbəst şeirinin əsasını Nima Yuşic qoymayıb, Həbib Sahir qoyub”. Demək ki, bu tərcümə ədəbiyyatı deyilən sərbəst şeiri azərbaycanlılar İrana daxil elədilər. Firuğ Fərruxzad deyir ki, mən şeirimin vəznini “Heydərbaba”dan götürdüm. Bərahani də bunu yaxşı araşdırıb.
Sabir Rüstəmxanlı: – Bərahani qeyd edirdi ki, mənim şeirim tam sərbəst deyil, ahəngli sərbəstdir. Bir kitabını da tərcümə etmişdik, balacalığına görə xoşu gəlmədi, əslində. Bir yandan da Güney Azərbaycanda məktəblərimiz olmayıb. Məktəblərin olmaması bu günə qədər dilin geri qalmasına səbəb olur. Folklorumuz kifayət qədər yığılmayıb. Quru, ədəbi dilin olmaması hesabına canlı xalq dili yaşayıb. Bu canlı xalq dili Şəhriyara “Heydərbaba”nı yazdırdı. Onun farscası bir ayrı dildir, “Heydərbaba” isə ayrı canlı xalq dilidir. Onun hesabına Güney Azərbaycanda bizim ədəbi dilimizdən daha zəngin xalq dilində ədəbiyyat yaranıb.
Vüqar Əhməd: – 43 ildir ki, Akademiyada Cənub ədəbiyyatı şöbəsi fəaliyyət göstərir. Allah Mirzə İbrahimova rəhmət eləsin ki, bu şöbəni yaratdı. Çox yaxşı haldır ki, hələ də davam edir. Sayman Aruz da Yazıçılar Birliyində zəhmət çəkir, böyük işlər görür. Cənub ədəbiyyatını həm burada təbliğ edir, həm orada, həm də burada kitablar buraxır. Mükafatlar verir, ruhlandırır. Rəhmətlik Balaş Azəroğlunun, Söhrab Tahirin davamçısı kimi fəaliyyət göstərir.
Elnarə Akimova: – Elə bu şöbənin olması böyük işdir.
Vüqar Əhməd: – İnşallah, katiblik də olar. Sayman Aruz gözəl şairdir, mənim hazırladığım antalogiyanın rəyçisidir.
Sayman Aruz: – Diqqətinizə görə təşəkkür edirəm. Yəqin, Sabir müəllim bilir. 1981-ci ildə katiblik yarandı. Heydər Əliyevin təşəbbüsü ilə.
Elnarə Akimova: – Akademiyada da Cənub ədəbiyyatı şöbəsinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.
Vüqar Əhməd: – Bəli, onun vaxtında olub və icazəni o verib.
Sabir Rüstəmxanlı: – O vaxt qurultay ərəfəsində Zuğulbada yazıçılarla görüş olmuşdu və görüşdə təkliflər səslənmişdi, amma təbii ki, Heydər Əliyevin özünün də bu məsələyə marağı vardı. Söhrab Tahir orda yaxşı çıxış eləmişdi və sonra katiblik yarandı. Yeri gəlmişkən deyim ki, Söhrab Tahirin “Ata” əsəri dəyərli əsərlərdən biridir, amma təəssüf ki, az oxunub. Haqqında az yazılıb.
Azər Turan: – O vaxt, 2001-ci ilin aprelində “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsində yazmışdım o poema barədə. Yazmışdım ki, Azərbaycanda səssiz-səmirsiz, ədəbi tənqiddə heç bir əks-səda oyatmayan və lakin son onilliklərdə şübhəsiz ki, ən ciddi ədəbi hadisələrdən biri baş verib. Hətta bir az hissə qapılıb onu milli “İliada”mız adlandırmışdım.
Elnarə Akimova: – Mən də oxumuşam “Ata” poemasını. Xatırlayıram, kitabın epiqrafında Söhrab Tahir yazır ki, bu kitabı Heydər Əliyevin məsləhəti ilə tariximizi, kökümüzü əks etdirmək üçün yazmışam.
Sabir Rüstəmxanlı: – Bəli, elədir. Heydər Əliyevin vaxtında idi və mən “Yazıçı” nəşriyyatında baş redaktor işləyirdim. Biz Əfqanıstan və İran üçün əlifba kitabları buraxırdıq. Artıq elə bir vaxt gəlmişdi ki, düşünürdük yaxınlaşa və ya birləşə bilərik. Əfqanıstan adına müxtəlif kitabçalar hazırlamışdıq, İrana göndərdik. O dövrdə çox maraqlı idi. İstənilən dövlət xadimi Cənubi Azərbaycanla maraqlanmalıdır. İstədik orada demokratiyanın inkişafı, məktəblər olsun. Biz İranın parçalanmasını istəmirik, İran qalsın yerində, amma məktəbimiz olsun, müəyyən hüquqlarımız olsun, gediş-gəlişimiz olsun. Məsələn, almanlar Avropada Almaniyada da yaşayırlar, Avstriyada da yaşayırlar.
Vüqar Əhməd: – Fikrimcə, İranın təəssübünü bizim qədər çəkən yoxdur.
Sabir Rüstəmxanlı: – Mən həm Pərvanə xanıma, həm Esmira xanıma təşəkkür edirəm, ilin-günün bu vaxtında, o qədər də dəbdə olmayan bir mövzuya ömür həsr etmək böyük diqqətdir. Pərvanə xanımın kitabları xüsusi qeyd olunmalıdır. Bunlar kifayət qədər ciddi tədqiqatlardır.
Elnarə Akimova: – Esmira xanım, şəhriyarşünas alim kimi sizə müraciət edirəm. Şəhriyardan öncə ana dilində yazanlar var idimi, yoxsa bu ənənə 50-ci illərdə “Heydərbabaya salam”la başladı?
Esmira Fuad: – Təbii ki, yazılırdı. Mahmud Şəbüstəri, Mirzəli Möcüz, Mirzə Hüseyn Kərimi, Bulud Qaraçorlu Səhəndin özü də ana dilində əsərlər yazırdı. Bu əsərlərdə düzdür, arınmışlıq, dilə yatımlıq var, amma ərəb-fars tərkibləri də çoxluq təşkil edirdi. O izafətlər, ərəb və fars dillərinə məxsus tərkiblər xalq kütləsi tərəfindən asanlıqla anlaşılmır, başa düşülmürdü. Və 30-cu illərdə türkcə kəskin şəkildə qadağalara məruz qaldıqdan sonra, təbii ki, ana dilində əsər yazan yox idi. Olsa da sandıq ədəbiyyatına çevrilirdi həmin əsərlər. Çünki nə çap imkanı, nə də üzə çıxarmağa icazə vardı. Sükut buzunu Şəhriyar sındırdı öz cəsarəti və istedadıyla. Sadə xalq dilində yüksək poetik səviyyəli əsərlər yazmaqla. Məhz o “Heydərbabaya salam”la şair ədəbiyyata Təbriz şivəsini, xalq danışıq dilini gətirdi. Onun ədəbi məktəb yaratması da bu mühüm səbəblə əlaqədar idi.
Vüqar Əhməd: – Şəhriyarın özəlliyi ondakı etnoqrafik etüdlərin olmasıdır. Dövrün dilini də nəzərə almaq lazımdır.
Esmira Fuad: – 1928-30-cu illərdə Təbrizin baş meydanında Azərbaycan türkcəsində yazılan bütün əsərlər tonqallarda yandırılırdı. 28-ci ildən sonra, Rza şah dövründə Azərbaycan türkcəsində küçələrdə belə, danışılması yasaqlandı. 1945-46-cı ildə Milli Hökumət yaradıldığı zaman ana dilinə azadlıq verildi, dillərə vurulan qıfıllar açıldı, ana dilində məktəblər, Təbriz Filarmoniyası fəaliyyətə başladı və Azərbaycan dilində dərsliklər yazıldı, kitablar nəşr olundu, milli radio işə başladı, qəzet və jurnallar dərc olundu. Mədəniyyətin bütün sahələri, ədəbiyyat bütünlükdə inkişaf etdi. Amma 1946-cı ildə Milli Hökumətin süqutundan sonra daha kəskin şəkildə Azərbaycan türkcəsi qadağan olundu. Qırğınlar, sürgünlər, həbsə alınmalar ağlasığmaz dərəcəyə çatdı. Təbrizin baş küçələri dar ağacları ilə dolu idi. Cənub ədəbiyyatında dar ağacı, ağrı, zülm, ayrılıq, həsrət mövzusu var ayrıca. Zülm, işgəncə mövzusu, ağrı obrazına dövrün bir çox yazarlarının əsərlərində təsadüf olunur. Bunlar hamısı o dövrdə törədilmiş dəhşətli faciələrin silinməz izləri idi.
Elnarə Akimova: – Yəqin, bunlar yanaşı olub bütün zamanlarda: zülm və ona müqavimət.
Esmira Fuad: – Bəli. Azərbaycan türkcəsinin yenidən qadağan olunduğu dövr nə qədər uzun oldusa, xalq illərlə həsrət qaldı ana dilində danışmağa, söhbətləşməyə, mütaliə etməyə. Məhz bu basqılar, qadağalar səbəbindən ustad Şəhriyarın özü də psixoloji sarsıntılar keçirmişdi.
Elnarə Akimova: – Şəhriyardakı nisgili sevdiyi qızdan ayrılma səbəbi ilə əlaqələndiriblər daha çox.
Esmira Fuad: – Şübhəsiz, şairin aşiq olduğu Sürəyyadan ayrılığı da əsas səbəblərdən biri idi. Ancaq onu Tehranın qaynar ədəbi mühitindən uzaqlaşdırmaq faktorunu heç unutmaq olmaz. Şəhriyar 1940-cı illərdən 50-ci illərə qədərki zaman arasında o qədər dərin mənəvi ağrılar yaşamış, iztirablar çəkmişdi ki, sonda ruhi sarsıntı keçirmiş, bir müddət ədəbi aləmdən də uzaqlaşmışdı. Nəhayət, “Heydərbabaya salam” poemasını yazmaqla bu tilsimi qıra bilmişdi. Hətta əlyazma şəklində yayılaraq bütün xalqın dilində bu möhtəşəm əsər əzbərə döndü. Şəhriyar məhkumluqda qalan Azərbaycan türkcəsinə yenidən yaşam vəsiqəsi qazandırdı. Əksər şairlər poemaya müxtəlif səpkili nəzirələr yazdılar.
Vüqar Əhməd: – Şəhriyarın anası faktorunu nəzərə almaq lazımdır.
Esmira Fuad: – İnsanlar o qədər ana dili həsrəti çəkmişdilər ki. Aşıqlar belə, məclislərdə “Heydərbaba”dan oxuyurdular. Dilə olan təşnə heç nə ilə ölçülməz. Bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir. Güney xalqı, onun ziyalıları heç bir məktəbsiz, dərsliksiz, təhsilsiz ana dilini bugünkü səviyyədə qoruyub saxlaya bilmişlərsə, onlar təkcə bu faktla əsl fədakarlıq nümunəsi göstərmişlər.
Sabir Rüstəmxanlı: – Azadlıq duyğusu elə bir şeydi ki, onu, ümumiyyətlə, məhv etmək mümkün deyil. Bu gün biz müstəqillik, bizim ədəbiyytımızda azadlıq, bütövlük, Cənub, Araz mövzuları bayaq burada səsləndirildiyi kimi, sıradan çıxıb. Halbuki, 1960-70-ci illərdə Araz deyəndə, Cənub deyəndə adam təsirlənirdi. Bəzən siyasi qadağalar ədəbiyyat üçün daha yaxşı təsir edir, ədəbiyyatı daha böyük axtarışlara sövq edir. O şey ki, deyilməli deyil, onu demək üçün yollar axtarılır. Ona görə də Güney Azərbaycan ədəbiyyatında bir çox milli duyğular alt qata keçib. Publisistikada daha gözəl ifadə olunur.
Elnarə Akimova: – Bizdə 90-cı illərdən, milli müstəqillik qazandığımız dönəmdən sonra XX əsrin əvvəllərindəki bədii dünyagörüş arasında müəyyən oxşarlıqlar və səsləşmələr meydana çıxdı. Cənubi Azərbaycanda belə bir paralellik əsrin hansı dönəmlərini ehtiva eləyir? Yaxud belə deyək, bizim qazandığımız müstəqillik dalğası Güneydə hansısa milli özünüqayıdışa təkan verdimi?
Sabir Rüstəmxanlı: – Şübhəsiz. Bu get-gəllər, əlaqələrin möhkəmlənməsi təsirsiz qalmadı.
Vüqar Əhməd: – Bu gün Cənub ədəbiyyatında Qarabağa həsr olunmuş şeirlər var.
Sabir Rüstəmxanlı: – Mən ilk dəfə Təbrizə gedəndə bir şeir məclisində mənə dedilər xahiş edirik, bir dənə vətən, torpaq, Azərbaycan adlı şeir olmasın. Mən də elə etdim. Ana haqqında şeir oxudum. İkinci dəfə gedəndə aradan bir-iki il keçmişdi. Şəhriyarın məqbərəsində “Sağ ol, ana dilim”i oxudum, Təbrizlə bağlı şeirlər də oxudum. Artıq vəziyyət dəyişmişdi. İndi fikirləşirəm ki, bir çox siyasi şeyləri qabartmadan biz mədəni əlaqələrimizin güclənməsinə fikir verməliyik. O mədəni əlaqələr nə qədər mümkündürsə, davam eləsin. Son nəticədə o hər şeyi həll edəcək.
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
İki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nın təqdimatı keçirilib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında aprelin 16-daAMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı və professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevin məsul redaktorluğu ilə buraxılmış iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimat-müzakirəsi keçirilib. Tədbirdə AMEA-nın əməkdaşları, tanınmış ziyalılar, şairlər, yazıçılar, güneyli soydaşlarımız, eyni zamanda kitabın redaksiya heyətinin üzvləri iştirak edib.
Elmlər Akademiyasının qrifiilə yayımlanmış bu tədqiqatın birinci cildi X1X əsri əhatə edir və 2009-cu ildə Diaspora ilə iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyii lə“Nurlar nəşriyyatı”nda 480 səhifədə çapdan çıxmışdır. İkinci cild XX əsr ədəbiyyatını əhatə edirvə 2013-cü ildə “Qanun” nəşriyyatında bu qurumun öz maddi dəstəyi hesabına 680 səhifədə buraxılmışdır. Böyük ictimai hadisə olan bunəşr Nizami adına Ədəbiyyat İnstitutunda 30 il ərzində aparılmış elmi axtarışların yekunudur.
Layihədə son iki əsrdə Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə, o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilmişdir. Burada Xalxali, Nəbati, Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.
Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı açaraq bidirdi ki, əslində bu kitabın təqdimatı akademiyada olmalı idi: “Bu kimi elmi araşdırmaların aparıldığı yer AMEA-nın müvafiq institutlarıdır. Akademiyanın bu işlə məşğul olan bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Hər halda bizim də bir ədəbiyyat adamı kimi bu kitabları tədqim etməyə haqqımız çatır. Bu sevinci biz akademiyasız da bölüşə bilərik. Bu kitabların yaranması ideyası, Güney Azərbaycan ədəbiyyatının bizdə öyrənilməsi məsələsi Mirzə İbrahimovla başlayır. Yeri gəlmişkən, Mirzə İbrahimov həm ədəbiyyat, həm cəmiyyət, həm də ictimai fikir tariximizdə müstəsna xidmətləri olan bir insandır. O, çox böyük mütəfəkkir, alim, yazıçıidi. Bu gün onun qiyməti bəlkə də hələ yetirincə bilinmir. Mirzə İbrahimovun 1948-ci ildə Güney Azərbaycandakı hərəkat, məğlubiyyətdən sonrakı faciələr haqqında yazdığı bir neçə yazı varki, onları sakit ürəklə oxumaq mümkün deyil. Güney Azərbaycanla maraqlanan insanlar həmin yazıları oxusalar, çox şey aydınlaşar. Mirzə İbrahimov hiss edirdiki, ədəbiyyatın bağladığını heç kim bağlaya bilməz. Ən böyük siyasətə dəbiyyat, söz siyasətidir. Milli birliyin köküdə əslində o sözün birliyindədir, mənəvi birliyimizdədir. O bunu dərk edirdi.
Mirzə İbrahimovun təşəbbüsü 1977-ci ildə Akademiyada X1X-XX əsr Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradıldı, Cənub Azərbaycan ədəbiyyatı araşdırıldı. Bu araşdırmalar əsasında çoxcildli Cənubi Azərbaycan ədəbiyyatı Antologiyası nəşr edildi. Amma antologiya işin birinci hissəsi idi. İkinci hissə Cənubi Azərbaycan ədəbiyyatının tarixini nyazılması idi. Bu iş də başlanıldı. Görünür, ömür vəfa qılmadı, Mirzə İbrahimov özü bu ədəbiyyat tarixini nəşr edə bilmədi. Ancaq sonra bu kitabların nəşri, bu yolun davamı Teymur Əhmədov və Rəhim Əliyevin boynuna düşdü. Rəhim Əliyev məsul redaktor kimi bu işi son on il ərzində Cənub Ədəbiyyatı şöbəsində davam etdirdi. Çox sevinirəm ki, bu kitablar ərsəyə gəlib”.
S.Rüstəmxanlı dedi ki, Cənubi Azərbaycan ədəbiyyatını öyrənməkdə, nəşr etmək də çətindir: “Çünki ərəb əlifbası söhbəti var. Oçerk yazmaq, oçerkləri sistemləşdirmək belə özü çətin işdir. Bu ədəbiyyatı oxuyanda bir şeyə heyrət etdim. Bu günkü Cənub Azərbaycan ədəbiyyatı çox modern ədəbiyyatdır. Hətta bəzi cəhətlərinə görə o taydakı modern şer Quzey ədəbiyyatından irəlidədir. Baxmayaraq ki, ana dilində məktəbləri yoxdur. Bəkə də bu irəliləyişin səbəblərindən biri elə məktəblərinin olmamasıdır. Bizim indiki məktəblərimiz hamıya bir şablon düşüncə öyrədir. Amma Güney Azərbaycanda ədəbiyyata birbaşa həyatdan gəlirsən və xalq dilinin bütün gözəlliyi yazılarda qalır. Digər tərəfdən, Güney Azərbaycan ədəbiyyatında Yaxın Şərqdə baş verənlərin əks-sədası da var. Səttarxan hərəkatından Xiyabani, Pişəvəri hərəkatınadək inqilablar yer alır. Onların hamısı xəzinədir və araşdırılmalıdır.
İkicildlikdə ən çox adamı o sevindirir ki, Güney-Quzey söhbəti nisbidir. Şimal və Cənubəd əbiyyatıda ayrılmayıblar. Dildə, düşüncə tərzində ayrı deyillər. 200 ildir siyasət də bizi istəməyənlər çalışırlar ki, o tayla bu tayı ayırsınlar. Ona görə də bu kitablar ən böyük ədəbi, mənəvi hadisədir. Bizim birliyimizi göstərən bir hadisədir. Bu kitablar – Cənubda yaradılan ədəbiyyat hökmən bizim ali və ortaməktəblərimizdə daha geniş öyrədilməlidir. Öyrəndikcə gənclərimiz görəcəklər ki, Azərbaycanı heç bir sərhəd, müqavilə ayıra bilməz. Bu gün ingilis, alman dilində də yazan güneyli yeni nəsil adamları var. Onlar da araşdırılmalıdır. Hesab edirəmki, ədəbiyyat mükafatları varsa, bu ikicild həmin mükafatlara layiq görülməlidir. Rəhim Əliyev Mirzə müəllimin layiqli davamçısıdır, tələbəsidir. Mən onu, bu cildləri hazırlayan, zəhməti olan hər kəsi təbrik edirəm! İnşallah, Güney Azərbaycanla siyasi birliyimiz də olacaq. Bu ədəbi birliyin zəifləməsinə imkan vermək olmaz. Ədəbiyyat ən etibarlı körpüdür”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev məsul redaktoru olduğu kitab haqda ümimi məlumat verdi: “Əvvəlcə Mirzə İbrahimov barəsində bir-iki kəlmə demək istəyirəm. O, 21 Azər Hərəkatında birinci adam idi, yəni hərəkatı idarə edən gizli Üçlüyün rəhbəri olub. Stalinin Pişəvəri hərəkatı ilə bağlı təsdiqləmədiyi və partiya Siyasi Bürosunun qərarı olmayan hansısa sənəd yoxdur. Üçlüyün tərkibi də Ümumittifaq Siyasi Bürosu tərəfindən təsdiqlənib. Bunlar mayor Mirzə İbrahimov sədr, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini, general-mayor Ağasəlim Atakişiyev və Həsən Həsənov üzv olub. Hesab edirəm ki, Mirzə İbrahimovun Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu işləri görməsi divan tutulmuş hərəkata, qətlə yetirilmiş 30 min soydaşımıza daxilində hiss etdiyi mənəvi məsuliyyətdən, müəyyən günah hissində irəli gəlirdi. Ona görə də 1977-cı ildə İranda inqilabın əlamətləri seziləndə AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi açıldı və Mirzə İbrahimov da həmin işləri davam etdirməyə, unutmadığı mübarizə yoldaşlarının prinsiplərini yeritməyə başladı. Bu kitabın redaksiya heyətinin üzvü Mirzə İbrahimov, Teymur Əhmədov və bir də mənəm.Teymur müəllim olmasaydı, bu kitabları çap etdirə bilməzdik. Çünki bu kitablar institut və akademiya instansiyalarının hamısından keçməyib.
Mirzə İbrahimov ilkin olaraq Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı dörd cildlik antologiya nəşr etdirdi. Həqiqətən də bunu ardınca Cənubi Azərbaycan ədəbiyyatına aid böyük bir ədəbi məktəb meydana gəldi. Cənubi Azərbaycan ədəbiyyatı olduqca zəngindir. Mirzəli Möcüzün 1946-cı ildə bir əlyazmasını Mirzə İbrahimova vermişdilər. Həmin vaxt onun ölümündən on il keçmişdi və 1921-ci ildə cəmi iki şeiri çap olunmuşdu. Ancaq indi onun barəsində üç doktorluq dissertasiyası yazılıb, Azərbaycanda, Türkiyədə və ABŞ-da kitablar buraxılıb. Bu da Mirzə İbrahimovun layihəsinin nəticələrinin nə qədər böyük olduğunu göstərir. Cənubi Azərbaycanın ədəbiyyati cildlərinin mənbə siyahısına baxanda adam heyrətə gəlir. İranda da, mühacirətdə də Cənubi Azərbaycan ədəbi məktəbləri var. Türkiyə və Azərbaycan da Cənubi Azərbaycana böyük önəm verilir, bununla bağlı kitablar buraxılır, tədqiqatlar aparılır. Cənubi Azərbaycanda da fərqli də olsa, belə bir proses gedir. Mirzə İbrahimov yalnız sakit şəkildə öz işini görürdü, yəni heç bir hay-küy salmırdı. Onun işgüzarlığı da bir məktəb idi”.
Onun sözlərinə görə, Cənub Azərbaycanın ədəbiyyat tarixinə nəzər saldıqda Arazın hər iki tayı arasında elə bir ayrılığın olmadığı görünür: “Bütün ideyalar, bizdə olan məsələlərin hamısı Cənubda da olub. Məsələn, Məşrutə İnqilabı zamanı əncümənilər yığıldıqları iclası açmamış minbərədn Mirzə Ələkbər Sabirin şeirləri ilə oxunubdur. Bundan sonra Cənubi Azərbaycanda Mirzəli Möcüz poeziyası yarandı. 1930-cu illərdə bizdə ədəbiyyat tarixçiliyi yarandı. Nəriman Nərimanovun rəhbərliyi altında klassik ədəbiyyat çap olundu. Cənubi Azərbaycanda isə Məhəmmədəli Tərbiyət meydana çıxaraq “Daneşməndani Azərbaycan” kitabını 1935-ci ildə Tehranda fars dilində çap etdirdi. M.Tərbiyət Nizami Gəncəvinin 10-12 türkcə yazılmış nəzirəsini göstərir ki, heç bizim alimlərimizin hələ də onlardan xəbəri yoxdur. O, Azərbaycan ədəbiyyatının məhək daşı olan Mirzə Fətəli Axundova, həmçinin Abbasqulu ağa Bakıxanova dəqiq qiymət verib. Yəni Şimalla Cənubun siaysi, elmi, ədəbi-mədəni birliyi qırılmaz olub və indiyədək də davam edir. Məsələn, Səməd Vurğun 1930-cu ilərdə ədəbi çevriliş edərək xalq şeiri üslubuna keçdi. Həmin vaxt Cənubi Azərbaycanda da heca vəznli şeir üslubu formalaşdı. Bunu Həbib Sahirin, Etimadın daha sonra Səhəndin və digərlərinin yaradıcılığında görə bilərik. Yəni Cənubi Azərbaycan ədəbiyyatı Səməd Vurğunun ədəbi irsindən təsirlənib və türkcə yazan böyük şairlər də onu seviblər, pərəstiş ediblər”.
Rəhim Əliyev vurğuladı ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi Mirzə İbrahimovun zamanında hazırlanıb: “Biz də indi onun qoyduğu klassik prinsipi davam etdiririk. Bu kitablara yalnız Cənubi Azərbaycanda yaşayıb-yaradan ədəbiyyat adamlarını daxil etmişik. Biz hesab edirik ki, orada zülmlərə və təzyiqlərə dözmək, farsca oxuyub türkcə yazmaq böyük hünərdir. Azərbaycanda və xarici ölkələrdə yaşayıb-yaradanları da daxil etsəydik də, gərək daha bir necə cildlik kitab ortaya gələrdi. Biz bunu Cənubi Azərbaycan üçün yazmışıq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, kitabın müəlliflərindən biri İslam Qərib bildirdi ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi “Gülüstan” müqaviləsindən 1900-cu ilə qədər olan ədəbiyyatı əhatə edir: “Bu cilddə XIX əsrdə Cənubi Azərbaycanda yaşamış bir sıra görkəmli sənətkarlar haqda oçerklər, həmçinin “Gülüstan” müqaviləsindən sonra Cənubi Azərbaycandakı ədəbi hərəkat, proses barədə icmallar verilib. Bunlar da ayrılığın xalqlar arasında deyil, dövlətlər arasında yarandığını göstərir. Nə qədər tikanlı məftillər çəkilsə belə, Azərbaycanın o tayı da, bu tayı da mənəvi və mədəni cəhətdən qətiyyən bir-birindən ayrı düşməyib. Məmmədbağır Xalxali, Mirzə Mehdi Şükuhi, Hacı Rza Sərrafi necə yazıbsa, təxminən həmin stildə Mirzə Ələkbər Sabir, Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi də yazıb”.
Onun sözlərinə görə, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildində millətçi olduqları üçün İranda qəbul edilməyən, Sovet Azərbaycanında da əvvəlcə qəbul edilsə də, sonradan sıxışdırılaraq məhbəslərdə çürüdülən, üstündən xətt çəkilmiş ədəbiyyat adamları yer alıb: “Bunlardan biri də Məhəmməd Biriyadır. Bu şəxsi XX əsrdə Mirzə Ələkbər Sabirdən sonra ən böyük satiriklərdən hesab etmək olar. Eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatında tədqiqinə, araşdırılmasına qadağa qoyulan şəxsiyyətlərdən biri Məhəmməd Biriyadır. Bundan başqa, kitaba cəmi 22-23 il ömür sürmüş, vətən, millət və el yolunda canını fəda etmiş Səid Salmasini daxil etmişik. Yəni “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitablarını oxuyan şəxs Cənubi Azərbaycan ədəbiyyatının yalnız Məhəmmədüseyn Şəhriyardan ibarət olmadığından və peoziya üslubunda inkişaf etmədiyindən xəbərdar olacaq. Yəni XX əsrdə Cənubi Azərbaycan ədəbiyyatında gözəl nəsr, dramaturgiya yaranıb. Bu kitab 30 illik əməyin məhsuludur, şöbənin əməkdaşları kollektiv şəkildə bunun üzərində işləyib. Əslində bu kitabı ərsəyə gətirməklə Vahid Azərbaycan prinsipini ortaya qoymuşuq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhməd kitabdakı üç sima ilə bağlı oçerklərin müəllifi olduğunu söylədi: “Mən həyatımın 20 ilini Güney Azərbaycan ədəbiyyatına, tarixinə və musiqisinə həsr eləmişəm. Güney Azərbaycan musiqisi ilə bağlı teleradioda musiqilər, konsertlər təşkil etmişəm. Güney Azərbaycan tarixi, ədəbiyyatı, poeziyası ilə bağlı dövrü araşdırıram. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ərsəyə gəlməsi də əlamətdar hadisədir. Bu da bizim şöbənin əməkdaşlarının hamısının zəhmətinin bəhrəsidir. Bu layihə Mirzə İbrahimova məxsusdur, ancaq indi onun davamçısı Rəhim Əliyev bu işi görür”.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmlər doktoru Şirindil Alışanov dedi ki, ədəbiyyat tarixini yazmaq çox çətin məsələdir: “Azərbaycan ədəbiyyatı tarixinin 7 cilddə buraxılması nəzərdə tutulub. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 4 cildi çapdan çıxıb və ən qədim dövrdən XIX əsrə qədər olan dövrü əhatə edir. Beşinci cild XX əsrin əvvəllərini əhatə edəcək. Altıncı və yeddinci cildlərdə isə Sovet dövrü, Cənubi Azərbaycan ədəbiyyatı, müstəqillik dövrü və mühacirət ədəbiyyatı yer alacaq. Bundan əlavə, Azərbaycan fəlsəfə tarixi iki cilddə, siyasi tarix üç cilddə, ədəbi dil tarixi buraxılıb”.
Onun sözlərinə görə, Mirzə İbrahimov böyük təşkilatçı idi: “Əgər Mirzə İbrahimov olmasaydı, AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi də olmazdı. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitablarının ərsəyə gəlməsində Teymur Əhmədovun da böyük rolu var. Bizim hazırladığımız “Azərbaycan ədəbiyyatı tarixi” kitabının yeddinci cildinin üçdən birini Cənubi Azərbaycan ədəbiyyatı təşkil edir. Ancaq Söhrab Tahir, Balaş Azərolu, Mədinə Gülgün və Hökumə Bülluri Güney Azərbaycanla bağlılıqlarına baxmayaraq burda yaşayıb yaratdıqlarına görə “Azərbaycan ədəbiyyatı tarixi” kitabının altıncı cildində Şimali Azərbaycan ədəbiyyatçıları kimi təqdim olunublar.
Hazırda Cənubi Azərbaycanda çox böyük ədəbi hərəkat var. Bu iki cild kitabı prezident fərmani ilə latın qrafikasında buraxılan kitabların siyahısına təqdim etmək lazımdır və ən azı on min tirajla buraxılmalıdır. Çünki belə dəyərli bir kitab üçün 300 tiraj çox azdır”.
Ş.Alışanov həmçinin hazırki nəşr siyasətini də tənqid edib: “Hazırda Azərbaycanda kitab nəşr etmək, naşirlik çox çətin məsələdir. Çünki nəşriyyat sistemini məhv ediblər, mətbəələrin sayı kifayət qədərdir. Axı mətbəə nəşriyyat deyil. Hazırda peşəkar redaktor, korrektor qəhət olub, kitablar başdansovdu buraxılır. Ümumiyyətlə, nəşriyyatlar vergi, yoxlama sistemindən azad edilməlidir. Qəzet və jurnallar, dərsliklər və prezident fərmanı ilə buraxılan kitablar vergidən azad olunub, onlardan yalnız əlavə dəyər vergisi tutulur. Axı bundan dövlət büdcəsi nə böyük gəlir götürür? Ona görə də kitabların qiyməti baha olur. Dövlət qurumları, dövlət kitabxanaları kitabları almır”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, professor Qurban Bayramov vurğuladı ki, istər bədii, istərsə də elmi ədəbiyyat olsun, onun ictimai funksiyası var: “Ədəbiyyatın, ədəbiyyat elminin funksiyası var və bu da “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabında özünü bariz şəkildə göstərib. Bu kitab ağır elmi, fiziki və mənəvi zəhmətin bəhrəsidir. Ümumiyyətlə, ədəbiyyata kommersiya baxımından da yanaşmaq lazımdır. Bu kitab böyük tirajla buraxılmalıdır, həmçinin ərəb əlifbası ilə çap edib Cənubi Azərbaycanda, diaspora təşkilatlarında yaymaq lazımdır. Bu kitabları xarici ölkələrdə yaşayan azərbaycanlıların da oxuya bilməsi üçün elektron variantını hazırlayıb elektron resurslara yerləşdirmək lazımdır. Yəni bizim əməyimiz, zəhmətimiz bar gətirən ağacın meyvəsi kimi dibində çürüməsin”.
Filologiya elmləri namizədi Aslan Salmansoy kitabı əlyazmada oxuduğunu, onda korrektə işləri apardığını, müəyyən mənbələri dəqiqləşdirdiyini, həmçinin müəyyən redaktə işləri apardığını söylədi: “Həqiqətən bu kitabı oxumağım mənə çox xeyir verib. Çünki hamı kimi mən də Cənubi Azərbaycan ədəbiyyat adamlarının bir hissəsini tanıyırdım, ancaq bu kitabı oxuyandan sonra onların əksəriyyəti haqda məlumat əldə etdim. Bu da mənim üçün çox faydalı oldu. Həqiqətən Rəhim Əliyev bu kitabın meydana gəlməsində böyük təşəbbüsü, əməyi olub. Onun Cənubi Azərbaycan ədəbiyyatına olan meyli, marağı kitabın müqəddiməsindən və danışığından da sezilir. Bu maraq sanki Mirzə İbrahimovun özünə olan maraq qədərdir. Yəni Rəhim Əliyevin Mirzə İbrahimova olan sevgisi, ehtiramı onu Cənub mövzusuna müraciət etməyə sövq edib. Rəhim Əliyev həqiqətən Mirzə İbrahimovun davamçısıdır, layiqli varisidir və öz əməli ilə də bunu sübut edib. Kitaba nəzər saldıqda isə müəlliflərin öz işlərinə çox məsuliyyətlə yanaşdıqları, dərindən araşdırmalar apardıqları görünür. Bu kitabda yeni yanaşma, yeni metod var”.
Sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov (Ağasıoğlu) belə bir kitabı ərsəyə gətirdiklərinə görə redaksiya heyətinin üzvlərini təbrik edib: “Hər kəs Rəhim Əliyevi ədəbiyyatçı kimi təqdim etsə də, ancaq o, həm də klassik türkoloqdur. Yəni nə qədər ədəbiyyatçı olsa da, o qədər də dilçidir. Biz Azərbaycan ədəbiyyatşünaslığını, dilşünaslığını yaradanların tələbələri olmuşuq. Ancaq indi təəssüflər olsun ki, həmin universitetin koridorlarında cilızlaşma grdir, adamın ürəyi ağrıyır. Çünki elmimizdə cırlaşma gedir”.
Professor Cəmil Həsənli bildirdi ki, bu kitab doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının akademik nəşridir və Azərbaycan elmi üçün böyük nailiyyətdir: “Cənubda gözəl bir ədəbiyyat var və bu ədəbiyyatın da elmi cəhətdən işlənilməsinə böyük ehtiyac var idi. Kollektiv də bunu böyük uğurla yerinə yetirib. Yəqin ki, bu kitabı oxuyanlar bir daha asılı xalqların taleyinin ədəbiyyatdan keçdiyinə əmin olacaqlar. Ədəbiyyat asılı xalqları saxlayan ən mühüm amildir. Çünki dövləti, milli idarəsi olmayan bir toplum, xalq özünü yaşatmağa vasitələr axtarır və bunlardan da ən mühümü ədəbiyyatdır. Digər tərəfdən, Azərbaycanın şimalında da, cənubunda da qəribə bir tarixi proses var. Hər bir millətin milli dirilik uğrunda mübarizəsi milli dil uğrunda mübarizədən keçir. Ona görə də milli dildə yaranmış ədəbiyyatın elmi təsvirini yaratmaq Azərbaycan elmi qarşısında mühüm bir vəzifə idi və bu kollektiv də bunu həyata keçirib”.
Onun sözlərinə görə, bu kitab Mirzə İbrahimovun xatirəsinə ucaldılmış ən böyük abidədir: “O buna layiqdir. Əgər nə vaxtsa Azərbaycanın müstəqilliyinə abidə qoyulsa, onun böyük bir hissəsi Azərbaycan ədəbiyyatını, ədəbi simalarını özündə ehtiva etməlidir. Həmin ədəbi simalardan biri də Mirzə İbrahimovdur. AMEA-da Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin açılması ilə bağlı maraqlı bir epizodu qeyd etmək istərdim. Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqından çıxarılandan sonra bir müddət cəmiyyətdən təcrid olunmuş vəziyyətdə idi və nəyəsə ehtiyacının olması ilə bağlı da heç kəsə müraciət etməyib. Mirzə İbrahimovdan bir səs çıxmayanda mərhum Heydər Əliyev Azad Şərifovu onun yanına, bağa göndərir. Mirzə müəllim şəxsi mənada hansısa ehtiyaclarının ödənilməsini deyil, yalnız Akademiyada bu Cənub şöbənin yaradılmasını və özünün də sədr təyin edilməsini istəyir.
Bu kitablar da Mirzə İbrahimovun uzaqgörənliyinin məhsuludur. Elmə qoyulan investisiya heç vaxt itməz. Bu gün bu kitabların ərsəyə gəlməsi həmin şöbələrin doğru-düzgün yaradılmasının, Azərbaycan elmi üçün lazımi şöbələr olmasının nəticəsidir. Kitabdakı bəzi mövzularla tanışam. Doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının mükəmməl elmi təhlili əks olunub. Ona görə də bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan Teymur Əhmədovu, Rəhim Əliyevi və kollektivi təbrik edirəm”.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan dövlətinin birinci ideologiya institutunda belə bir ortamın olmamasına, bu cür işlərin görülməməsinə görə təəssüfləndiyini söylədi: “Güney Azərbaycan ədəbiyyatını ilk dəfə öyrənən Mirzə İbrahimov olmayıb. Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə yazdığı “İran türkləri” kitabında böyük bir bölümü Güney Azərbaycan ədəbiyyatına həsr edib. Ona görə də Güney Azərbaycan ədəbiyyatı öyrənilməsinin 40-50 il geriyə çəkilməməsini xahiş edirəm”.
“Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva vurğuladı ki, Güney Azərbaycanın ən yaralı yerlərimizdən biridir: “Mənim də yaralarımı sarıyan bir yerdir. Bu yaxınlarda Təbrizə gedəcəyəm və bu kitabı sevə-sevə öz güneyli qardaşlarımıza aparacağam. Bu kitabın da öz mükafatını tez almasını arzulayıram. Çünki indi istedadlıya da, istedadsıza da eyni qiyməti verirlər. Həmin istedadsızlar istedadlının öz mükafatını almasına imkan vermirlər. 40-50 kitabı, şeiri, adı olanlan var, ancaq nə kitab, nə şeir deyil, nə də həmin ada layiqdirlər”.
Hazırda İsveçdə mühacirətdə yaşayan güneyli soydaşımız, “Bütöv Azərbaycan” Televiziyasının (BATV) rəhbəri Cavad Derəxti də Güney Azərbaycan ədəbiyyatına dəyər verdiklərinə və belə bir kitaba ərsəyə gətirdiklərinə görə kollektivə öz təşəkkürünü bildirdi.
Cənubi azərbaycan ədəbiyyatının tarixi
�Cənubi Azərbaycan ədəbiyyatı
tarixi�nin ikinci cildi
“Qanun” nəşriyyatı bü günlərdə “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nin 2-ci cildini çapdan buraxır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı bu kitabın XIX əsrə həsr olunmuş birinci cildi 2009-cu ildə “Nurlar” nəşriyyatında buraxılıb. İkinci cild XX əsr Cənubi Azərbaycan ədəbiyyatını əhatə edir.
Kitab ancaq Cənubi Azərbaycanda yaranan ədəbiyyatı, o tayda yaşayıb-yaratmış ədibləri ehtiva edir. Burada 1900-cü ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Bu ədəbiyyat tarixinin əsas məqsədi ilk növbədə, o tayda yaşayıb-yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin anadilli irsimizə fədakar xidmətlərini işıqlandırmaqdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədibləri haqda portret oçerklər verilir. Burada Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər təqdim olunur.
Bu ikicildlik ədəbiyyat tarixi mərhum akademik, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin ilk müdiri Mirzə İbrahimovun (1911-1994) layihəsidir. Cildlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində professor, f. e. d. Teymur Əhmədovun ümumi elmi redaktorluğu və rəhbərliyi, f.e.d. Rəhim Əliyevin məsul redaktorluğu ilə hazırlanıb.
Redaksiyamız nəşrin böyük elmi-ədəbi və məfkurəvi əhəmiyyətini nəzərə alaraq, aşağıda redaksiya heyətinin kitabda verilən ön sözünü oxucularımıza təqdim edir.
�Cənubi Azərbaycan ədəbiyyatı tarixi�nin elmi ictimaiyyətə və oxuculara təqdim olunan ikinci cildi 1980-ci illərin ortalarında akademik Mirzə İbrahimov tərəfindən hazırlanmış layihənin bəhrəsidir.
Layihənin ortaya gəlməsindən onun bu kitabla gerçəkləşib bitməsi arasında otuz ilə yaxın bir vaxt keçib. Biz bu kitabı redaktə edib qurtaranda daha bir nəticəyə gəldik: sözü gedən otuz ildə Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi böyük bir elmi məktəbə, ədəbiyyat elmimizin müstəqil bir sahəsinə və kursuna çevrilib. Həm də bu, artıq Bakıda yaranan ədəbi məktəb deyil. Bu, həm də İran İslam inqilabından sonra İranda, Türkiyədə, Avropa mühacirləri içərisində və əlbəttə ki, Bakıda yaranan və zənginləşən ədəbi məktəbdir.
İkinci cild Məşrutə inqilabı dövründən İran İslam inqilabına qədərki mərhələni əks edir. Burada inqilabdan sonrakı dövrün mətbuatına dair kiçik oçerklər də vardır. Lakin redaksiya heyəti İran İslam inqilabından sonrakı yeni, lakin öz ziddiyyətləri olan ədəbi mərhələni geniş işıqlandırmaq niyyətində olmayıb. Birincisi, bu hələ tezdir, yeni ədəbi proseslərin büllurlaşmasına, burada fəaliyyət göstərən ədəbi şəxsiyyətlərin doğru qiymət almağına vaxt məsafəsi lazımdır.
Məşrutə inqilabı ilə İran və Cənubi Azərbaycan inqilablar epoxasına qədəm qoyur. XIX əsr Avropa kapitalizminin bütün ideoloji və mədəni nailiyyətləri bu, ya digər dərəcədə İran cəmiyyətinə daxil olur. Kino, musiqi, burjua mətbuatı, sinif-dərs sistemli təhsil, maarif və burjua azadlığı ideyaları ölkənin qabaqcıl adamlarının şüuruna hakim kəsilir. Rus marksist inqilabçılarının Cənubda ilk tərəfdarları fəaliyyətə başlayır. Məşrutə inqilabı bu ideyaların nəticəsi idi. Lakin İranın siyasi həyatında iri torpaq sahibləri ilə din xadimlərinin güclü ittifaqı İranda 1979-cu ilə qədər burjua inqilablarının qələbəsinə imkan vermədi. Bu ittifaqın liderləri İranda hər növbəti inqilabı yatırmaq üçün xarici dövlətlərdən, Rusiyadan və ingilis-Amerikan cütlüyünün hərbi-siyasi və maliyyə qüvvələrindən istifadə edirdilər.
Lakin artıq Məşrutə inqilabi illərində Cənubi və Şimali Azərbaycan xalqının mənəvi birliyi, ilk növbədə, təhsil, mətbuat, vahid siyasi hərəkatlar və nəzəriyyələr şəklində meydana çıxdı. A.A.Bakıxanov və M. F .Axundzadəylə başlanan möhtəşəm maarifçilik h ərəkatı vahid ümummilli bir hadisə idi. XIX əsrin ortalarında bu birliyi M. F .Axundzadənin nəhəng maarifçilik fəaliyyəti və taleyi təmsil edirdi.
Ondan sonra Bakıda �Əkinçi� qəzeti fəaliyyətə başlayanda Cənubda yaşayan maarifçi, şair, jurnalist və müəllimlər bu qəzetdə az qala şimallı ziyalılardan fəal və sayca çox idi. Mərhum professor Xeyrulla Məmmədovun maarifçiliyə dair birinci cilddə gedən icmalında bu, faktlarla göstərilib
1. Həm də son illər cənublu mütəxəssislər, xüsusilə mühacirlər internetin imkanlarından daha artıq istifadə edirlər. Müxtəlif ədəbi qruplar Cənubi Azərbaycanda son iki əsrdə yaranan anadilli ədəbiyyata aid xeyli saytlar yaratmışlar. Vekipediyada, Türkiyənin bəzi universitetlərinin saytlarında da bu mövzuda xeyli informasiya tapmaq olur və bu informasiyanın həcmi böyük sürətlə artır.
XX əsr Cənubi Azərbaycan ədəbi prosesi XIX əsrin sonlarında aydınlaşan ümumi bir tendensiyanı davam etdirir: Təbriz ədəbi mühiti iki mənbədən – Bakı və Türkiyə ədəbi mühitindən paralel olaraq təsirlənir. Əlbəttə, bu təsirdə Bakının payı məlum səbəblərə görə daha üstündür.
Türkiyə təsirinin tarixi səbəbləri dəyişməz olaraq qalır: hələ Osmanlı imperiyasının ilk dövrlərindən İranda təhsil görmüş ikidilli – fars və türk dillərini bilən – müəllim və ziyalılar sarayda mühüm mövqelər tutur, Osmanlı mətn mədəniyy ətinin inkişafında yaxından iştirak edirdilər. Sultanların çoxu Ərəb dilli təhsilə üstünlük verirdi, lakin türk dilini bilən və İran maarifinin daşıyıcısı olan ziyalılar Osmanlı ərazisində həm türk, həm də farsdilli mətn mədəniyyətinin yaranmasına xidmətlər göstərdilər. (Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2 cilddə, 1 cild, Bakı, �Nurlar�, 2009, s. 331-398).
Bu gün də İranla qonşu olan bu ölkə ilə ticarət münasibətləri, Türkiyə universitetlərində təhsil, işçi qüvvəsinin ixracı, sərhəd əhalisinin qohumluq münasibətləri və s. istər-istəməz Türkiyə ədəbi dili və mətbuatı, ədəbiyyatı və elmi mühiti ilə rabit ələr yaradır.
Bu rabitələr XIX əsrdə artıq formalaşmışdı və XX əsrdə daha da genişlənir. Cənublu ziyalılar Türkiyədə təşkilatlar və mətbuat orqanları yaratmışdılar, bu barədə kitabın Məşrutə inqilabına həsr olunmuş fəslində bəhs edilibdir. Türkiyədən gələn ittihadçılıq ideyaları Bakı mühitində olduğu kimi, Cənubda da təşkilati formalar kəsb etmiş, Tağı Rüfət, Həbib Sahir kimi maarifçilərə və başqalarına böyük təsir buraxmış, türk dilinə və mədəniyyətinə marağı artıran amil olmu şdur. Digər tərəfdən, Türkiyə ədəbi mətbuatı İranda türkdilli informasiya boşluğunu dolduran mühüm amil olmuşdur və indi də belə olaraq qalır. Rəqəmsal TV və internet İran ərazisində türkdilli informasiyaya qoyulan məhdudiyyətləri artıq mənasız etmişdir.
1905-1920-ci illərdə Cənubi Azərbaycanda milli mədəniyyətin və şüurun formalaşması Bakının aparıcı təsiri altına düşür. Bu təsirin əsas mənbəyi isə rus imperiyasında gedən hadisələr – Birinci Rus inqilabı, Rusiyada konstitusiya, parlament, azad burjua mətbuatının ortaya çıxması idi. Rusiyada yaranan inqilabi nəzəriyyələr, sosial-demokrat və bolşevik təşkilatları, sosializm, azadlıq və tərəqqi ideyaları, əsasən, Bakı vasitəsi ilə Cənubi Azərbaycanda və bütün İranda yayılırdı. 1905-1911-ci illərin Məşrutə inqilabı bütün İran miqyasında bu təsirin nəticəsi idi. Lakin faktiki qalib gəlmiş inqilab xarici dövlətlərin, xüsusilə rus çarının müdaxiləsindən sonra irtica qüvvələrinin revanşı ilə nəticələndi.
Bu dövrdə Bakı mətbuatındakı nisbi azadlıq, güclü maarifçi və sosializm ideyaları Cənubda da oxşar cərəyanların, siyasi qurumların yaranması ilə nəticələnirdi. Birinci Dünya müharibəsinin başlanması Bakı mühitində güclü milli ədəbi cərəyanın yaranmasına səbəb oldu.
C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə .Rəsulzadə, M.Hadi, A.Səhhət, C.Cabbarlı, Əhməd Cavad bu cərəyanın aparıcı şəxsiyyətləri kimi ədəbi mühitdə əsas yer tuturdular. İranın qabaqcıl adamları Bakı ilə şəxsi əlaqələr yaradır, mətbuatı və kitab çapını izləyir, buradakı mətbuatda çıxış edir və bu tayda populyar olurdular.
Bu dövrdə Rusiya və Bakı təsirinin ən qüdrətli amili 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması oldu. Rəsmi Tehran bu hökumətə düşmən münasibət bəsləsə də, İranın qabaqcıl adamları, maarifçilər onun tarixi mənasını anlayır və ona rəğbət bəsləyirdilər. Nəticədə İranda Demokratik Cümhuriyyətin təsiri ilə Şeyx Məhəmməd Xiyabaninin Azadistan respublikası meydana çıxdı.
Şeyx Məhəmməd Azərbaycanın böyük vətənpərvəri, həm də İranın bütün xalqlarını sevən bir adam idi. O, birpartiyalı bolşevik inqilabının İran mühitinə uyğun variantını yaratmaq, lakin marksizmi dinlə əvəzləmək istəyirdi. Misilsiz iradəyə və ağıla, sadə adamlara sonsuz lütfə malik olan bu adam hələ layiqli tarixi qiymətini almayıb, dünyagörüşü və dövlətinin hədəfləri tam aydınlanmayıb.
Demokratik Cümhuriyyətin və Azadistan respublikasının qan içində boğulması həm Bakı mühitində, həm də Cənubda milli ovqatlara və hərəkata ağır zərbə oldu. Bolşeviklər bundan istifadə edib Bakıda, çürük şahlıq rejimi isə Cənubda Milli qüvvələrə qarşı əkshücuma keçdilər. Bakıda milli hərəkata qarşı, müsavatçılığa qarşı mübarizə ancaq 1937-ci ildə yekunlaşdı. Cənubda isə Rza şah rejimi özünü rüsvay edərək Azərbaycan dilini ictimai yerlərdə qadağan etdi. İran türkcəsinin tarixi barədə böhtan xarakterli nəzəriyyələr yaradılmağa ba şlandı.
1941-ci ilin avqustunda sovet ordusunun İrana daxil olması Rza şah rejimini dağıtdı. O da özündən əvvəlki İran şahları kimi xaricə qaçmalı oldu. Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizələrinin mərkəzi 1946-cı ilə qədər Təbriz oldu. Bu prosesə İosif Stalinin İranda kommunist rejimi yaratmaq planları da kömək edirdi. Cənubda mətbuat, mədəniyyət, maarif, kitab çapı böyük vüsət aldı, bu hadisələr milli şüurun yüksəlişinə, milli dövlətçilik ideyalarının yayılmasına səbəb oldu. Şimaldakı bolşevik senzurası Cənubda yox idi və bu amil də orada milli mətbuatın və poeziyanın yüksəlişinə təkan verirdi. Nəticədə, Cənubi Azərbaycan mətbuatında, Azərbaycan Demokrat Partiyası tərəfdarlarında milli qürur hissləri Azərbaycan tarixində görünməmiş bir yüksəkliyə çatdı.
Şimali Azərbaycanda ədəbiyyata gələn cavan şairlər nəsli – Bəxtiyar Vahabzadə, İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Atif Zeynallı, İslam Səfərli, Xəlil Rza, Məmməd Araz və b. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatın ideyaları zəminində milli düşüncəli bir nəsil kimi ərsəyə gəldi.
1941-1946-cı illər Azərbaycan xalqının milli şüuru tarixində yeni və daha yüksək bir mərhələ oldu. S.C.Pişəvəri hökumətinin dağılması Şimalda da ağır milli faciə kimi yaşandı, ədəbi prosesdə dərin izlər qoydu, milli ovqatların gənclər arasında görünməmiş dərəcədə artması ilə nəticələndi. Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və digərlərinin daxil olduğu milli ovqatlı tələbə ədəbi dərnəyinin üzvləri bolşevik rejimi tərəfindən repressiya edildilər.
Lakin tarix də öz işini gördü: 50-ci illərin əvvəllərində Şəhriyarın �Heydərbabaya salam� poeması yarandı və fotosurət kimi yayılaraq, ədəbi partlayış yaratdı. Şəhriyar nə iranpərəst, nə də türkpərəst idi.
Onun kommunist hərəkatı ilə də heç zaman əlaqəsi olmamışdı. Hətta cavanlığında bir İran əsilzadəsi olmaq istəmişdi. Amma tarix ona başqa bir rol tapşırdı: Şəhriyar Milli hökumətin süqutundan sonra orta əsr vəhşiliyi ilə dağıdılmış milli dirçəliş prosesini bərpa edən yenilməz simvol oldu. 1941-1946-cı illər milli hərəkatının mənəvi varisləri pərvanə kimi onun işığına yığışdılar.
Düzdür, Səməd Behrəngi kimi kommunist və millətçi əqidəsi daşıyan bir sıra qələm adamları Şəhriyarın əhəmiyyətini görmədi, ona düzgün qiymət verə bilmədi. Bu, başa düşüləndir, hərəkatçılar ədəbiyyatda da birinciliyi özlərində görmək istəyirdilər. Lakin ədəbi tərəqqinin öz məntiqi var: Şəhriyar hətta İran İslam inqilabından sonra da Cənubdakı ədəbi gedişatın simvolu olaraq qalır.
Cənubda 1950-1980-ci illərdə Həbib Sahir, Səhənd, Sönməz kimi milli şairlər yetişdi və yüksəldi, bütün ümumazərbaycan ədəbiyyatını və bədii düşüncəsini zənginləşdirdilər.
Bolşevik rejimi şəraitində Bakıda da Cənubi Azərbaycanın problemləri barədə yazmaq, konkret işlər görmək asan deyildi. Bu işdə 1977-ci ildə Mirzə İbrahimovun təşəbbüsü ilə Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda açılan Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi tarixi işlər gördü. Bu işləri də şübhəsiz ki, Mirzə İbrahimov məktəbi adlandırmaq mübaliğə olmaz. Otuz beş ilə yaxın bir dövrdə Azərbaycan elmində bütöv bir yol yarandı. Bu ədəbiyyatşünaslıq elmi mərkəzinin necə sürətlə tərəqqi etdiyinə heyrətsiz baxmaq çətindir.
Bircə misal kifayətdir: 1942-ci ildə Mirzə İbrahimov böyük şair Mirzə Əli Möcüzün divanını Qulam Məmmədliyə verib onu çapa hazırlamağı tapşıranda böyük şairimiz Möcüzün cəmi iki şeri çap üzü görmüşdü. İranda türk dilinin basqıya məruz qaldığını qəbul etmək istəməyənlər qoy bu kitabda Fərman Xəlilovun oçerkinə əlavə edilmiş ədəbiyyat siyahısına baxsınlar. Möcüzşünaslıq bir kitabxanaya sığası elmi məktəb olub, hətta ingilis dilində də onun haqqında iki kitab çıxıb! Bu, Mirzə İbrahimov elmi məktəbinin, bizim milli ədəbi düşüncəmizin nailiyyətidir.
Mirzə İbrahimov 1918-ci ilin aclıq vaxtında Sərabın Evə kəndindən Sabunçu neft mədənlərinə qədər atası və böyük qardaşı ilə piyada gəlmişdi. O, Cənubda 1941-1946-ci illərin milli hərəkatının əsas təşkilatçılarından biri idi. Hadisələr qanlı faciə ilə bitəndən sonra o, öz şəxsi mənəvi məsuliyyətini həmişə yaşayırdı. Allah hər iki tərəfdən ölənlərə rəhmət eləsin. Mirzə müəllim Azərbaycanın böyük və müdrik oğlu idi. Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi işinə başlayanda sadə bir prinsip qoymuşdu: çox bacaran çox, az bacaran az iş görsün.
Cənub ədəbiyyatının öyrənilməsi hamımızın işidir. Əsas odur ki, bir-birimizə iddialı iradlar tutmadan hər kəs bir iş görsün.
Cənubşünaslığın sürətli inkişafının bir səbəbi də budur.
Şübhəsiz ki, təqdim olunan bu kitabda qüsurlar da var. Biz çox vaxt Cənubda çıxmış bir kitabçanın nəşr ilini dəqiqləşdirməkdə belə aciz qalmışıq. Çünki ədəbi mətinlərin toplanması işi belə hələlik tamamlanmayıb. Amma çox böyük işlər görülüb və bu layihə də bu işlərə, cənubşünaslığın Mirzə İbrahimov mərhələsinə yekun vurmaq cəhdidir.
Kitab haqda qeyd və təkliflərini bildirmək istəyənlərə, bizə kitab və mənbələr yollamaq istəyənlərə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.5. ���
Comments are closed, but trackbacks and pingbacks are open.