Press "Enter" to skip to content

Daşımalar və vahid nəqliyyat sistemi

Azərbaycanda yeni yaradılmış Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İnformasiya Sisteminin tətbiqi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq.

Nəqliyyatın vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda yeni yaradılmış Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İnformasiya Sisteminin tətbiqi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq.

Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, İKT-nin tətbiqi ilə avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sisteminin yaradılması digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq.

“Bunun üçün yeni sistemin “Elektron hökumət” portalına tam inteqrasiya edilməsi təmin olunacaq. Bu sistemin tətbiqi nəticəsində daşıyıcılarla məmurların təması minimuma endiriləcək. Xüsusilə vurğulayım ki, proseslərin tamamilə şəffaf qaydada, elektron sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub”, – deyə R. Hümmətov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda məlumat bazasının toplanması üzərində əsaslı işlər gedir və ölkə üzrə sərnişindaşıma marşrutları, onların operatorları barədə məlumatlar bu sistemdə yerləşdiriləcək.

“Sistemin tətbiqi çərçivəsində yükdaşıma sahəsində sənədlərin elektronlaşdırılması nəticəsində daşıyıcı ilə yanaşı, yükgöndərənin və yükalanın fəaliyyətinə də nəzarət artacaq, bu da öz növbəsində şəffaflığı təmin edəcək və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Avtobuslarla sərnişin daşımalarında elektron bilet sistemi arealının ölkə ərazisində genişləndirilməsi nağd hesablaşmaların aradan qaldırılmasına şərait yaradacaq”, – deyə nazir müavini bildirib.

R. Hümmətovun sözlərinə görə, taksi ilə daşımalar sahəsində iştirakçıların və operatorların fəaliyyətinin tənzimlənməsi istiqamətində də tədbirlər görüləcək.

“Beləliklə, ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə etdiyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı ilə daşımalar sektoruna kompleks tənzimlənməni təmin edəcək, vətəndaş üçün yüksək keyfiyyətli xidmət, sahibkar-daşıyıcı üçün əlverişli mühit və dövlət üçün büdcə daxilolmalarının artırılması ilə nəticələnəcək”, – R. Hümmətov əlavə edib.

İqtisadiyyat

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.

Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.

Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.

Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.

Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.

Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində aşağıdakı mühüm layihələrin icrası üzrə işlər aparılır.

Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən, Azərbaycan MDB məkanında 1-ci yer olmaqla ən yüksək nəticə göstərib. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb (2021).

Hazırda İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

2020-ci ilin il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Strateji əhəmiyyəti ilə seçilən digər bir layihə, Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə bağlı işlər davam edir. Bu yolun ümumi uzunluğu 124 kilometrdir və 4-6 zolaqdan ibarətdir. Başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürən və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da tikintisinin icrasına başlanılmışdır. Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Bundan əlavə, uzunluğu 29 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası həyata keçirilib.

Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrdən biri də dəmir yollarıdır.

Hal-hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.

Son illər dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə dəmiryolu şəbəkəsinin bərpası istiqamətində işlər aparılır.

Uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin işğaldan azad olunmuş torpaqlara gediş-gəlişində mühüm rol oynayacaq və ən vacibi gələcəkdə Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına imkan verəcək.

Bundan əlavə, ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xətti də yenidən qurulur.

Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür.

Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir.

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən gəmidən ibarətdir.

Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində Respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Hal-hazırda Azərbaycanda altı beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala ) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. Hazırda azad olunmuş ərazilərdə biri beynəlxalq olmaqla daha 3 (Füzuli, Zəngilan və Laçın) aeroportun istifadəyə verilməsi nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.