Press "Enter" to skip to content

Dövlət büdcəsi 2014

Maliyyə naziri bildirdi ki, gələn il sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir. Bu da 2013-cü ilə nisbətdə 299 milyon manat və yaxud 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 597 milyon manat və yaxud 12,6 faiz artım deməkdir.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

XƏBƏRLƏR 12 mart 2023
12:45
SƏNƏDLƏR Sərəncamlar 11 mart 2023
15:43

İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək.

SƏNƏDLƏR Sərəncamlar 11 mart 2023
13:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan.

SƏNƏDLƏR Məktublar 11 mart 2023
13:05

Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin yekdil nəticələri Sizin şəxsinizə olan böyük inam və etimadın, həyata keçirdiyiniz siyasi.

Dövlət büdcəsi 2014

Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Elm və təhsil, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Mədəniyyət komitələrinin birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.

İclası aparan Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev dövlət büdcəsi layihəsinin müzakirəsinin ölkənin həyatında mühüm hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin layihəsi qanunvericiliyə uyğun hazırlanıb və ona görə də bütün tələblərə cavab verir. Layihədə bütün proqnozlar tam əsaslandırılıb. Ötən dövrlərdə olduğu kimi 2014-cü ilin dövlət büdcəsində də sosialyönümlülük və investisiyatutumluluq priortet götürülüb ki, bu da davamlı inkişafa xidmət edən mühüm amildir.

Şəmsəddin Hacıyev onu da bildirdi ki, gələn ilin büdcə layihəsini fərqləndirən əsas cəhətlərdən biri neft və qeyri-neft gəlirlərinin nisbətinin dəyişməsidir. Belə ki, gələn il dövlət büdcəsinə neft sektorundan daxilolmaların azalması, qeyri-neft sektorundan isə çoxalması proqnozlaşdırılır. Bu da ölkəmizin dinamik inkişafının göstəricisidir.

Büdcə layihəsi iqtisadi inkişafın meyilləri qiymətləndirilməklə tərtib edilib

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, 2014-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrə müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən amillər və Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib.

Qeyd olunan amillərlə yanaşı, 2014-cü ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ümumi daxili məhsulun 5,2 faizlik, qeyri-neft sektorunda ümumi daxili məhsulun 10 faizlik artım sürəti əsas götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

2014-cü ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat çox nəzərdə tutulur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert müəyyən edilib. Bu, 2013-cü illə müqayisədə 2 milyard manat azdır. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat və ya 11 faiz çox olacaqdır. Dövlət Gömrük Komitəsi üzrə isə 1 milyard 510 milyon manat gəlir proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 9,4 faiz çoxdur.

Dövlət büdcəsi gəlirlərinin strukturunda müvafiq dəyişiklik edilməklə, 2014-cü ildən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları dövlət büdcəsinin gəlirlərinə aid edilmiş və bu mənbədən büdcəyə 400 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.

2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri (rayon və şəhərlərin öz yerli gəlirləri) 779 milyon manat proqnozlaşdırılır. Bu cari illə müqayisədə 83 milyon manat və ya 11,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 246 milyon manat və ya 46,1 faiz çoxdur.

Gələn il büdcə xərcləri müstəqillik dövründə ən yüksək səviyyəyə çatacaq

Mütləq ifadədə dövlət büdcəsinin xərcləri müstəqilliyimiz dövründə hələlik ən yüksək həddə çatmaqla, 20 milyard 63 milyon manat olacaq. Bu da 2013-cü ilə nisbətən 1,1 faiz və ya 213 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 2 milyard 647 milyon manat və yaxud 15,2 faiz çox deməkdir.

2014-cü il üçün dövlət büdcəsi xərclərinin strukturuna uyğun olaraq cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərin optimal hədləri müəyyən edilib. Dövlət büdcəsi xərclərinin 10 milyard 882 milyon manatı cari xərclərə (2013-cü ilə nisbətən 8,9 faiz çox), 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Ümumiyyətlə isə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artımla proqnozlaşdırılır.

2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, ölkə üzrə bir sıra sosial ödənişlərin, bəzi təşkilatlarda ştat sayının artırılması, yeni təşkilatların fəaliyyətə başlaması, yeni dövlət proqramlarının təsdiq və fondların təsis edilməsi, dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi və digər zəruri məsələlərin həlli üçün vəsaitin nəzərdə tutulması hesabına 2014-cü il dövlət büdcəsinin xərcləri artırılıb.

Dünya iqtisadiyyatında tənəzzül meyillərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev öz məqsədyönlü kursuna sadiq qalaraq, sərəncamları ilə 2013-cü ilin sentyabr ayından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarını, pensiyaları, bir sıra müavinət və təqaüdləri orta hesabla 10 faiz artırıb. Həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaq.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan təhsilinin inkişaf istiqamətlərini özündə birləşdirən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası üçün 2014-cü ilin dövlət büdcəsində məqsədli olaraq müvafiq məbləğdə vəsait nəzərdə tutulur.

Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin xərcləri artacaq

Maliyyə naziri bildirdi ki, gələn il sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir. Bu da 2013-cü ilə nisbətdə 299 milyon manat və yaxud 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 597 milyon manat və yaxud 12,6 faiz artım deməkdir.

2014-cü il dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, idman sahəsinə və gənclər siyasətinə ayrılan xərclər üst-üstə 4 milyard 910 milyon manat olacaqdır ki, bu da 2013-cü illə müqayisədə 10,7 faiz və yaxud 476 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 17,2 faiz və yaxud 720 milyon manat artım nəzərdə tutulur. Bütövlükdə, bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edir. Bu da 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur.

Növbəti ildə investisiya xərclərindən ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının maliyyələşdirilməsinə vəsait ayrılacaqdır.

2014-cü ilin dövlət büdcəsindən ölkədə, əsasən də regionlarda sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin genişləndirilməsi üçün 150 milyon manat, “Aqrolizinq”in inkişafı üçün 35 milyon manat, fermerlərə mikrokreditlərin verilməsi üçün 5 milyon manat vəsait nəzərdə tutulur. Sosial ipotekanın tətbiqi üçün 2014-cü il dövlət büdcəsində 2013-cü il səviyyəsində, yəni, 40 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsində 500 min manat vəsait nəzərdə tutulur. Bələdiyyələrə maliyyə köməyinin davam etdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsindən 5,2 milyon manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205 milyon manat vəsait ayrılacaq.

Samir Şərifov icmal büdcənin göstəriciləri barədə də qısa məlumat verdi. Bildirdi ki, 2014-cü il icmal büdcəsinin gəlirləri 21 milyard 986 milyon manat olmaqla, cari ilə nisbətən 1 milyard 257 milyon manat və ya 6,1 faiz çox, xərcləri 24 milyard 444 milyon manat məbləğində nəzərdə tutulur. İcmal büdcəyə aid olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 2 milyard 929 milyon manat təşkil edəcəkdir. Bu, 2013-cü ilə nisbətən 296 milyon manat və ya 11,2 faiz artım deməkdir. Fondun xərclərinin 1 milyard 142 milyon manatı dövlət büdcəsindən verilən transfert hesabına örtüləcək ki, bu da 2013-cü illə müqayisədə 6 faiz və ya 65 milyon manat çoxdur.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11 milyard 292 milyon manat və yaxud 2013-cü ilə nisbətən 17 faiz az (2 milyard 308 milyon manat) nəzərdə tutulur. Dövlət büdcəsinə ayrılan 9 milyard 337 milyon manat transfert nəzərə alınmadan 2014-cü ildə Dövlət Neft Fondunun büdcəsindən digər əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi üçün 1 milyard 921 milyon manat, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat vəsait ayrılacaq.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 351 milyon manat proqnozlaşdırılır. Bu, 2013-cü illə müqayisədə 5,4 faiz və ya 18 milyon manat çoxdur.

Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələr üçün dotasiyaların, deputat Fəzail Ağamalı kənd təsərrüfatı, o cümlədən aqrolizinq üçün nəzərdə tutulan xərclərin artırılması təklifi ilə çıxış etdilər.

Deputat Bəxtiyar Əliyevin təklifi orta peşə təhsilinə diqqətin artırılması ilə bağlı oldu. Qeyd etdi ki, bu, ölkəmizdə ixtisaslı işçilərin formalaşması və məşğulluğun təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bəxtiyar Əliyev həmçinin tibbi sığorta siyasətinin də həyata keçirilməsinin vacibliyini vurğuladı. Bəxtiyar Əliyev regional inkişaf, cəbhə rayonlarının inkişafı ilə də bağlı fikirlərini bildirdi.

Deputat Abel Məhərrəmov elm və təhsillə bağlı bəzi məsələlərə toxundu. Qeyd etdi ki, hazırda ən vacib məsələlərdən biri universitetlərin yataqxana probleminin həll edilməsidir. Universitetlərdə çalışan alimlərə də elmi işlərin həyata keçirilməsi üçün vəsait ayrılmasını təklif edən Abel Məhərərmov həmçinin elmi innovasiyaların maliyyələşdirilməsinə diqqət yetirilməsini vacib saydı.

İclasda deputatlardan Çingiz Qənizadə, Asim Mollazadə, Rövşən Rzayev, o cümlədən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova gələn ilin dövlət büdcəsi ilə bağlı fikirlərini bildirdilər.

Yekunda maliyyə naziri Samir Şərifov söylənən fikirlərə və suallara münasibət bildirdi və gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

Ağaəli MƏMMƏDOV (foto),

Milli Məclisdə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir

Bakı, 13 noyabr (AZƏRTAC). Milli Məclisin noyabrın 13-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir.

AZƏRTAC xəbər verir ki, çıxış edən deputatlar gələn ilin dövlət büdcəsinin əsas parametrləri, proqnoz göstəriciləri, ayrı-ayrı sahələrə ayrılan investisiya layihələri ilə bağlı fikirlərini bölüşmüşlər.

Müzakirələr zamanı bildirilmişdir ki, gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan transfertlərin miqdarının xeyli dərəcədə azalma ilə nəzərdə tutulması qeyri–neft sektorunun inkişafına təkan verəcək, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açacaqdır. Eyni zamanda, gələcəkdə dövlət büdcəsi hazırlanarkən transfertdə olan limiti müəyyən edən layihə təqdim olunacaqdır.

Gələn ilin dövlət büdcəsindən müdafiə xərclərinə 8,2 faiz ayrılmasının az olduğunu vurğulayan deputatlar bildirmişlər ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Ona görə də müdafiə xərclərinə bu məbləğdə vəsaitin ayrılması yolverilməzdir. Hətta torpaqları işğal olunmayan ölkələr var ki, onların dövlət büdcəndə nəzərdə tutulmuş xərclərin 24 faizi hərbi sahəyə ayrılmışdır. Deputatlar bu sahəyə ən azı 20-22 faiz vəsait ayrılmasını məqsədəuyğun hesab etmişlər.

Çıxışlar zamanı vurğulanmışdır ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təhlil olunmalı və dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin yolları araşdırılmalıdır.

Deputatlar ölkənin bank sektorunda kredit faizlərinin azaldılması üçün xüsusi iclasın keçirilməsini, kəndli fermer təsərrüfatlarında yetişdirilən meyvə-tərəvəzin emal müəssisələrinə verilməsi ilə bağlı yaranan problemlərin həllinə diqqətin artırılmasını, 2014-cü ilin dövlət büdcəsində I qrup əlillərin təhsil haqlarının ödənilməsi üçün maliyyə vəsaitlərinin nəzərdə tutulmasını, ipoteka kreditlərinin həcminin artırılmasını, böyrək çatışmazlığı xəstəlikləri olan insanların pulsuz müalicəsini, əmək haqları, pensiya və müavinətlərin çoxaldılmasını təklif etmişlər.

Müzakirələr zamanı elmin və təhsilin inkişafına xüsusi diqqətin artırılmasının da vacibliyi qeyd olunmuşdur. Bildirilmişdir ki, elmin, təhsilin yüksək olması dövlətçiliyimizin dinamik inkişafına xidmət edəcəkdir.

Günün ikinci yarısında müzakirələr davam etdirilmişdir.

Mərkəzin Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxış edərək ölkədə həyata keçirilən pul-kredit siyasətinin müsbət nəticələri və iqtisadiyyatın intensiv inkişafının bu siyasətə təsiri barədə ətraflı məlumat vermişdir.

E.Rüstəmov demişdir: “XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş iqtisadiyyatımız cari ildə dinamika və sabitlik nümayiş etdirmişdir. Əminliklə demək olar ki, 2013-cü il çox müvəffəqiyyətli illərdən biri olacaq və 2003-2013-cü illəri əhatə edən bütöv və parlaq quruculuq, inkişaf dövrünü tamamlayacaqdır. Son 10 ildə Prezident İlham Əliyevin başçılığı altında ölkəmizin inkişafında əldə olunan nailiyyətlərlə hər bir ölkə vətəndaşı fəxr edir. Ən azından ona görə ki, son 10 ildə milli iqtisadiyyatımız 3,4 dəfə artmış və 70 milyard ABŞ dollarına çatmışdır. Bu, olduqca böyük nailiyyətdir. Opponentlərimizin dediyi kimi, bu, təkcə neftin hesabına baş verməmişdir. Bütövlükdə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən olmuşdur”.

Mərkəzi Bankın idarə heyətinin sədri bildirmişdir ki, 2003-cü ildə adambaşına düşən milli məhsulumuz 3 min 150 dollar olduğu halda, bu rəqəmin 2013-cü ilin sonuna 11 min dollara çatacağı gözlənilir. Bu göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Son 10 ildə Azərbaycanın tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyardlıq profisitə qədər yüksəlmişdir. Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. Bu göstəriciyə görə ölkəmiz artıq birinci onbeşlikdədir.

Son 10 ildə işsizlik səviyyəsi 5,1 faizə, yoxsulluq 8 dəfə azalaraq 6 faizə enmiş, 3 milyon insan yoxsulluq səviyyəsindən qurtulmuşdur. Azərbaycan dünyada yoxsulluğun ən aşağı olduğu 20 ölkədən biridir. Sosial inklüzivlik təmin olunmuşdur. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsü üzrə Azərbaycan dünyada ilk 25-ci sıradadır.

Azərbaycan makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasında ilk səkkizlikdədir və ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Qlobal rəqabət indeksinə görə Azərbaycan son 7 ildə 30 pillə irəliləyərək dünyada ilk 40-lıqda yer almışdır, MDB məkanında isə liderdir.

E.Rüstəmov qeyd etmişdir ki, makroiqtisadi sabitliyin qorunması Mərkəzi Bankın əsas mandatıdır. Mərkəzi Bankın başlıca məqsədi qiymətlərin sabitliyini təmin etməkdir.

Cari ilin 10 ayında ölkədə orta illik inflaysiya 2,3 faiz olmuşdur. İlin sonunadək inflyasiyanın 3,2 faiz olacağı gözlənilir. Bu, əmək haqqının təxminən 6,8 faiz, pul gəlirlərinin 7,3 faiz artım tempindən əhəmiyyətli dərəcədə aşağıdır. Qeyri-neft sektorunda 10 faizdən çox artım, yüksək istehlak və investisiya aktivliyi şəraitində inflyasiyanın bu səviyyəsi milli iqtisadiyyatımız üçün olduqca məqbul səviyyədir.

Bildirilmişdir ki, cari ilin 9 ayında Mərkəzi Bank pul kütləsini tənzimləyərək onun təxminən 7,3 faiz artımına nail olmuşdur: “Biz düşünürük ki, pul kütləsinin artımı 10 faiz olacaq və bu da anti-inflyasiya siyasətində olduqca mühüm rol oynamışdır”, – deyən E.Rüstəmov bildirmişdir ki, manatın məzənnəsi də sabitdir və onun yüksək templə bahalaşmasının qarşısı alınmışdır. Bunun üçün Mərkəzi Bank cari ildə valyuta bazarında 2 milyard dollarlıq xarici valyuta almışdır. Sabitliyini qoruyan manat bu gün regionun ən etibarlı valyutasıdır.

Bank sektoru da dinamik artmışdır. Son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollardan 24 milyard dollara çatmışdır. Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə artmışdır. Əmanətlər 17 dəfə artaraq 6 milyard manatı ötmüşdür. Ölkədə 3 milyondan çox əmanətçi vardır.

Cari ildə sovet dövründən qalan əmanətlərin qaytarılması davam etdirilmişdir. 2013-cü ilin oktyabr ayının əvvəlinə artıq 1,6 milyondan çox əmanət hesabı üzrə 6 yüz milyona yaxın vəsait ödənilmişdir. Hesabat dövründə bank aktivlərinin də artımı davam etmişdir. İlin sonunda əmanətlərin və kreditlərin təxminən 21-22 faiz artımı gözlənilir, bu da mövcud iqtisadi artımdan təxminən 4-5 dəfə yuxarıdır. Regionlara yönəldilmiş kreditlərin həcmi daha sürətlə artır və təxminən 30 faizdən çoxdur.

Qeyd olunmuşdur ki, ötən 10 ildə dövlət büdcəmiz 19 dəfə, milli iqtisadiyyatımız 3,4 dəfə artmışdır. Büdcəmiz bu dövrdə milli iqtisadiyyatımızı təxminən 6 dəfə üstələmişdir. Yeni 10 illikdə iqtisadi inkişaf dinamikası başqa amillərə arxalanacaqdır. Biz yenə də inflyasiyanı 3,5 faiz həddində saxlamağı hədəf kimi götürmüşük. Mərkəzi Bankın imkanları var ki, manatın sabitliyini qoruyub saxlasın. Manat artıq sabitlik statusu qazanmışdır.

İpoteka siyasətindən danışan Elman Rüstəmov demişdir ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir. Bununla bağlı ipoteka strategiyası hazırlanmışdır.

Dövlət büdcəsi layihəsinin Milli Məclisin iclasında müzakirəsi noyabrın 14-də davam etdiriləcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.