Elçin ağ dəvə
– eyni metodla yazan və metodoloji yöndən tam üst-üstə düşən iki yazıçı təsəvvür etmək çətindir. İstedad həmişə fərdidir və heç bir nəzəri çərçivəyə sözün tam mənasında sığmır; hər hansı bir yazıçının müəyyən metodoloji düşərgəyə aid edilməsi onun özünəxas cəhətləri üzündən həmişə qaçılmaz şərtliklərlə bağlı olur;
Ağ dəvə
Taleyüklü illəri yaşayan hər kəs mütləq ömürdən keçənləri,uşaqlıq çağlarını yada salır,xatırlayır,dərin xəyallara dalır.Ən qəribəsi də budur ki,xəyala çevrilən acılı-şirinli,enişli-yoxuşlu o günləri yaşadıqca öz-özünə deyirsən: ”Heyif o günlərə,ötən çağlara,kaş yenidən uşaq olaydım…”
Ömür kitabının səhifələrini vərəqləyə-vərəqləyə gəlib çatdım bu günün ixtiyar çağına. Əlimdə çəlik gah sağ, gah da sol ayağım üstə ləngər vura-vura uşaqlıq illərimin həsrətilə uşaqlaşıb içdən kövrəlirəm və baxmayaraq ki, uşaqlığım heç də xoş keçməyib.
Dövri-zamanın haqsızlığı Stalin rejiminin qəddarlığında və erməni daşnak məkrində özünü daha çox biruzə vermişdi. O qanlı-qadalı illərdə azərbaycanlı qardaşlarımıza qarşı kütləvi repressiyalar başlayanda bu fırtına biz Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayan kürdlərdən də yan keçmədi. Uzaq Sibirə, Qazaxıstana və daha haralara sürgün olunduq. Doğrudur,uzun illər doğma ocağa həsrət qalsaq da,sonradan bizə verilən bəraət nəticəsində Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşmalı olduq. Zəhmətsevər insanlarımızın hərəsi bir işlə məşğul idi. Bir qismimiz də kolxozun fermasında işləyirdik. Kolxozun da vur-tut iki qoyun sürüsü,bir naxırı,at ilxısı və bir neçə dəvəsi vardı. İş zamanı arabir böyüklərin öz aralarında etdikləri söhbət diqqətimi çəkirdi:
“-İndiyədək heç dəvə saxlamamışıq.Bu dəvələr başımıza bəla olmasa yaxşıdı.
— Allah evini tiksin,dəvə ki, mülayim heyvandır?!
— Bəs “dəvə kini”ni nə deyirsən?
— Dəvəyə qarşı haqsızlıq eləməsən o da kinli olmaz.
— Dəvə ağır heyvan olmasına baxmayaraq deyirlər yumurtanın üstünə çıxıb yumurta qırılmayıb.”
Belə söhbətlərə çox maraqla qulaq asan vaxtlarda heç ağlıma da gəlməzdi ki, tezliklə mən də dəvələrin qayğıkeşinə çevriləcəyəm.
Ferma kənddən bir neçə kilometr uzaqda yerləşirdi. Yuxarı tərəfi boz təpələrlə sıralanan fermanın aşağı hissəsindəki düzənlik çöldən ibarət idi. Heyvanların örüş yeri və zəmilər bu düzənlikdə yerləşirdi.Bu yerlərdə arpa,təpələrin ətəyində isə bostan bitkiləri yetişdirilirdi.Dəmyə şəraitində yetişdirilən qarpız-yemişin şirin dadı uzun müddət damağımızdan getmirdi. Ferma uşaqdan- böyüyədək kimi çoban,kimi naxırçı,kimi də ilxıçı idi. Qadınlar isə sağıcılıqla məşğul olurdu.Həmin vaxtlar mən 9-10 yaşında idim. Əlimə bir qərməsov çubuğu vermişdilər. Və mən dəvələrə qulluq edirdim. Yaxşı yadımdadır,fermanın on dəvəsi və onların da iki-üç xötəyi vardı. Mənim başlıca vəzifəm ondan ibarət idi ki,dəvələrin zəmilərə girməsinin qarşısını alım və axşam düşən kimi onları arxaca (yataq yerinə) gətirim. Dəvələrin arasında ən böyük və tükü qar kimi ağappaq olan birisi də vardı,ona “Ağ dəvə” deyirdilər. Bundan başqa o biri dəvələr gecə səhərədək sicimlə bağlanırdı. Ağ dəvə yerə yatanda uzaqdan baxana elə gəlirdi ki,bir sürü qoyun yatışıb. İlkin vaxtlar bu dəvə yerindən qalxıb yeriməyə başlayanda məni xof basırdı,sanki dağ silkələnirdi. Ağ dəvənin qəribə özəllikləri çox idi. O, axşamlar boynuna ip salınmasını heç xoşlamazdı. Səhərlər isə başqa dəvələri açıb örüşə yola salanda Ağ dəvə onlara qaynayıb-qarışmadan ayrıca otlayırdı. Hər axşam iki-iki,üç-üç otlayan dəvələri bir yerə toplayıb arxaca gətirəndə Ağ dəvə nə qədər uzaqda olsa da arxamızca düşürdü. Bu dəvənin özünəməxsusluğu məni elə cəlb etmişdi ki,ondan əl çəkmək belə istəmirdim. Axşamlar ondan ayrılanda gözlərinə baxıb üzünə sığal çəkir,əzizləyirdim və “sabah görüşərik” deyirdim. O isə öz növbəsində məni iyləyir və əllərimi yalayırdı. Ağ dəvə ilə beləcə dostluğum davam edirdi.Və günlər ötdükcə biz bir-birimizə daha çox öyrəşirdik. Əlimə keçən hər şeyi –qarpız və qovun qabıqlarını, köhnəlmiş çörəyi xəlvətcə ona yedizdirirdim. Bir gün üzünü sığallayanda qəflətən özüm də fikirləşmədən dəvəyə “yıxıl”dedim. Həmin andaca o yerə yatdı. Mən də sevincək tez onu mindim. O ayağa qalxanda
həm qorxdum, həm də lovğa-lovğa ətrafa baxdım ki, bilim mənim dəvəyə mindiyimi görən oldumu? Heç demə anam (rəhmətlik) evin qabağında dayanıb uzaqdan bizə tamaşa edirmiş. Ağ dəvə yeriməyə başlayanda anam qışqırdı:
“- Rızqan,oğlum ,ehtiyatlı ol,yıxılarsan!”
Anam bizə tərəf qaçanda dəvə də ona sarı yeriməyə başladı. Onlar qarşı-qarşıya çatanda Ağ dəvə ehmalca yerə yatdı. Anam tez məni qucaqlayıb yalvarıcı səslə dəvəyə dedi:
“- Ay Ağ dəvə, bu yaşa gəlib çatanadək zalım fələk məni çox sınaqdan çıxarıb, iki övlad dağı sinəmə çəkib: biri acından, digəri də susuzluqdan ölüb. Ay Ağ dəvə, sən də insanlar tərəfindən həmişə yüklənirsən. Bəzən insafsızlar səni daha çox ağır yükləyir. Ona görə də bu gündən səni yüklənməyə qoymayacağam.” Həmin hadisədən sonra Ağ dəvə fermada hər kəsin sevimlisinə çevrildi.
Bəli, o vaxtlardan çox illər keçib,çox sular axıb, lakin Ağ dəvə ilə bağlı xatirələr heç yadımdan çıxmır ki,çıxmır. O xatirələr bir-birindən daha maraqlı və nümunəvidir. Xüsusilə də öz nəfsi naminə uzun illərin dostluğunu ayaqlar altına atan,duz-çörəyi unudan,xeyrə yaramayan, başqasının hesabına məqsədinə çatan, meydana atılıb “mənəm-mənəm” deyən bəzi adamlar üçün bəhs edəcəyim bu hasidələr bir növ öynəkdir. Və ya ki,dünya malına göz dikərək hər cür cinayətə əl atan, təmiz, vicdanlı insanları şər-böhtanla ləkələyən,xalqları,kütlələri bir-birinə qarşı qoyanlara Ağ dəvə nümunə ola bilər ki,bəlkə onlar öz çirkin əməllərindən xəcalət çəkib nəticə çıxarsınlar…
… İsti yay günlərindən biri idi. Bir də gördük ki, fermaya bir maşın gəldi. Sürücüdən başqa, maşından daha üç nəfər də düşdü. Dedilər ki, biri kənd sovetinin sədri, digəri məktəb direktoru, üçüncüsü isə rayon mərkəzindən gəlmiş yüksək vəzifəli şəxsdir. Onlar bütün ferma işçilərini bir yerə toplayıb bildirdilər ki, Sovet hökumətinin qərarı ilə hər bir uşaq
məktəbə getməlidir, uşaqlarını məktəbə qoymayan valideynlər cəzalanacaq. Məlum oldu ki, fermada məktəb yaşlı üç-dörd uşaq var. Valideynlərə dönə-dönə tapşırdılar ki, sentyabrın 1-də uşaqlarını məktəbə göndərsinlər.
İllər gəlib ötəcək, mən oxuyub Sovet hökumətinin quruculuq işlərinin iştirakçısı olacağam və milyonlar kimi başa düşəcəyəm ki, bir tərəfdən Sovetlər qayğıkeşdir, digər tərəfdən isə bir neçə mal-qarası olanı “kulak” adlandırıb həbsə salır, ya da sürgün edir bizim ailələr kimi. Sovet İttifaqı ikitərəfli yükün sahibi idi. Bu yükün bir tayı gizli işlər və özünütərif, digər tayı isə yalan-palan, dedi-qodu ilə dolu idi. Ona görə də yetmiş ildən sonra bu dövlətin sütunları laxladı və o birdən çökdü…
Bəli,sentyabrın 1-i gəlib çıxdı. Biz dörd uşaq böyük qardaşımın müşayəti ilə səhər tezdən kənd məktəbinə üz tuturduq. Məktəb fermadan üç-dörd kilometr aralıda yerləşirdi. Başqa uşaqları deyə bilmərəm, mənim sevincim yerə-görə sığmırdı, uçmağa qol-qanadım yox idi, ,qanad açıb uşmaq istəyirdim. Məktəbin ağ təmiz divarları, həyətdəki səliqə-səhman, rəngbərəng çiçəklər, yamyaşıl ağaclar, dəstə-dəstə məktəbə gələn uşaqlar və sair məni elə sehrləmişdi ki, az qalırdı qışqırıb deyim:”-Mən artıq buradan heç yana getmək istəmirəm. ”
Böyük qardaşım bizi məktəbin direktoruna tapşırıb getdi, orada qaldıq. Mənim üçün məktəbdəki günlərim biri-birindən xoş keçirdi baxmayaraq ki,oraya gedib-gəlmək uzaq və əziyyətli idi. Digər uşaqlar gündə bir bəhanə ilə tez-tez dərsdən qaçırdı, mən isə hər gün böyük sevinclə,yeni həvəslə dərsə tələsirdim. Dərsdən sonrakı vaxtlarda yenə də dəvələrə qulluq edirdim. Məktəb yolu dəvə arxacının yanından keçirdi. Digər dəvələr arxacdan xeyli aralıda, Ağ dəvə isə məktəb yolunun kənarında otlayırdı. Biz ona yaxınlaşanda o başını qaldırıb bizə baxırdı. Bir çox uşaqlar Ağ dəvənin baxışına etinasızlıq edib yan keçəndə mən hər dəfə dayanıb onun başını sığallayırdım…
Payızın son günləri idi. Yağışlı-çiskinli, küləkli, tədricən soyuyan havada məktəbin palçıqlı yolu ilə gediş-gəliş çətinləşmişdi. Həmin vaxtlar fermadan təkcə mən məktəbə gedirdim. Digər uşaqların valideynləri müxtəlif bəhanələrlə övladlarını məktəbdən yayındırırdılar. Mən tək qalmışdım. Hər gün tezdən anam məni yuxudan oyadır, çantama bir təndir çörəyi qoyur, əlimə də bir dürmək verərək məktəbə yola salırdı. Əlimdəki dürməyi yeyə-yeyə yollanırdım. Məktəb yolu uzun,vaxt isə qısa olduğundan gecikməyim deyə tələsə-tələsə gedirdim. Bir gün gecikmişdim. Əlimdə dürmək Ağ dəvəyə yaxınlaşanda o, ağzını marçıldadıb mənə yaxınlaşdı, çantamı iylədi. Mən üzümü ona tutaraq: “-Ay Ağ dəvə, yoxsa çörəyin iyi burnuna dəyib,hə?”-deyə ondan mehribanlıqla soruşdum. Dəvə də gözəl baxışları ilə uzun kipriklərini döydü. Sonra çantamdakı qalın təndir çörəyini çıxarıb yarıya böldm, bir parçasını dəvəyə uzatdım. O, əvvəlcə çörəyi iylədi, sonra isə onu dişi ilə parçalayaraq yeməyə başladı. Yeyib qurtaranda başını yuxarı qaldırıb mənə bir də baxdı. Elə bil dəvə baxışları ilə deyirdi: ”-Böyük Allahın bu gününə şükür!” “Təşəkkür”əvəzinə burnu ilə mənə toxunan dəvə, başını aşağı salıb yanımdan uzaqlaşdı. Mən həmin gündən sonra hər dəfə dəvəyə yaxınlaşanda o, başını qaldırıb gözlərini gözümə dikirdi. Mən də öz növbəmdə hər dəfə ona yaxınlaşıb üz-gözünü tumarlayır və çantamdakı təndir çörəyinin yarısını verirdim. Ağ dəvə əlimdən aldığı çörəyi elə şirin-şirin yeyirdi ki, dərsə geciksəm də belə dayanıb ona heyranlıqla tamaşa etməkdən zövq alır və zümzümə ilə ona deyirdım:
“Ay qaragöz Ağ dəvə,
Gəl məni apar evə,
Sənə pay çörək verim,
Oxşayım sevə-sevə.”
Bir gün yenə anam adəti üzrə məni tezdən oyadıb dedi:
“-Ay oğul, tez elə əynini geyin, yuyun, axşam bişirdiyim südlü aşdan bir az qalıb, qızdırmışam,onu da ye, bu üç manatı da verirəm məktəbdə “katlet” alıb yeyərsən , di tez ol, yola hazırlaş!”
Südlü aşı yeyən kimi məktəbə tərəf yollandım və Ağ dəvəyə çatıb çantadan təndir çörəyini çıxardım.Yenə bir parçasını ona yedirdim. Birdən yadıma düşdü ki, anamın verdiyi üç manata məktəbdə “katlet” alıb yeyəcəyəm. Ona görə də çörəyin qalan hissəsini də dəvəyə uzatdım. O, başını qaldırıb gözütox adamlar kimi üzümə diqqətlə baxdı, arxaya çevrilib getdi.
Səhəri gün yenə dəvəyə yaxınlaşdım, çörəyi parçalayıb yedirdim ona. İkinci parçanı dəvəyə uzadanda heç üzümə baxmadan mənə arxa çevirib tez aralandı. Beləcə hər dəfə o öz payını şirin-şirin yeyir, qalan paya isə göz dikmirdi. Bir gün Ağ dəvəni ikinci payı da yeməyə məcbur etmək istədim. Çörəyi güclə onun ağzına dürtdüm. Heyvan hirslənərək yerə tüpürüb getdi. O gündən mən bir daha öz payımı ona vermədim.Yadıma bu hadisə bir el məsəlini saldı: ”-Qoy insanın tikəsi yarımçıq ,namusu isə bütöv olsun”.
Ağ dəvə ilə bağlı digər əhvalatı da unuda bilmirəm.
Üçüncü sinifdə oxuyurdum. Bu üç ildə heç nə dəyişməmişdi, təkcə məktəbə getdiyim yolda bir qədər fərq yaranmışdı.Yenə hər səhər anam məni tezdən oyadır, əlimə dürmək verir, çantama təndir çörəyi qoyur, mən də məktəbə tələsir,yolüstü Ağ dəvəyə çörəyin bir parçasını yedizdirirdim. Məktəbə getdiyim cığır geniş şum yerinin ortasından keçirdi. Öncə qeyd etdiyim kimi, kolxozumuz buğda, arpa və sair taxıl bitkiləri yetişdirirdi. Payızda taxıl biçildikdən sonra samanı yığıb taya düzəldirdilər.Tayalardan biri məni məktəbə aparan çığırın kənarında idi…
… Artıq qış gəlmişdi,havalar yaman sərt keçirdi. Qar-yağış yolda gediş-gəlişi çətinləşdirmişdi. Tez-tez yeriyəndə qara-yapışqanlı palçıq hərdən dizimə çıxırdı. Bəzən mənə elə gəlirdi ki, bu palçıq yox, qətrandır,saqqız kimi ayaqlarıma yapışıb.
Bir gün acizliyimdən az qala həyatımı itirəcəkdim. Belə ki,dərsdən sonra uşaqlar məktəbin meydançasında voleybol oynamağa getdilər. Mən də onlara qoşuldum. Bir anlığa unutmuşdum ki, mən evləri məktəbin yanında olan bəxtəvər uşaqlardan deyiləm. Qışda hava tez qaralır, fermaya qədər uzun yolu piyada qayıtmalıyam. Bilmirəm nə qədərsə oy-namışdım. Onda ki ayıldım, baxıb gördüm hava qaralıb və xeyli soyuqdur. Yola düşəndə yağış-külək də güclənir və arabir məni sinəmdən geriyə itələyirdi. Hiss etdim ki, üşüyürəm. Soyuq üzümü ülgüc kimi kəsirdi. Əlimi üzümə çəkdim, qar dənəcikləri qaşıma-kipriklərimə yapışmışdı. Atamdan eşitmişdim ki, çovğuna düşən adam bir yerdə dayanıb -dursa yağan qarda dona bilər. Ona görə də ayaqlarıma güc verib iti irəliləməyə başladım. Yolun kənarındakı ot tayasına çatar-çatmaz qulağıma vəhşi heyvanların ulaşma səsi dəydi, birdən məni xof basdı. Bu yerlərdə tülkü, çaqqal tez-tez görünürdü. Ulaşma səsinin hansı heyvana aid olduğunu bilmədim. Yoluma davam edib tayaya yaxınlaşdım. Burada yolum yarı olurdu. Bayaqkı səslər kəsilmişdi, yalnız küləyin uğultusunu eşidirdim. Gözə heç kəs dəymirdi,qorxu məni yaman bürmüşdü. Arxamı tayaya söykəyib çantamı yerə qoydum ki, nəfəsimi dərim və donmuş üz-gözümü, qulaqlarımı ovuşdurum. Elə bu andaca qəfildən qarşıma bir neçə canavar çıxdı. Onlar ulaşaraq məni elə qorxutdular ki, tir-tir əsməyə başladım. Bircə dəfə “ay ana!”-deyə qışqıra bildim. Dilim tutuldu, qulaqlarım batdı, gözlərim qaraldı, az qaldı huşumu itirim. Canavarların dişlərinin şaqqıltısını sanki başıma ağır toxmaq dəymiş kimi hiss etdim. Onların gözləri par-par yanırdı. Mən çantamı ikiəlli sinəmə sıxdım. Canavarlar dişlərini qıcıyıb mənə azca yaxınlaşır, nə edəcəyimdən ehtiyatlanaraq öz məqamlarını gözləmək üçün geri çəkilirdilər. Ovları ovuclarının içinə düşmüşdü. Ona görə də elə bil öz ovları ilə oynayırdılar. Birdən mənə elə gəldi ki, yer-göy bir-birinə dəydi, nəriltidən qulaqlarım batdı. Bu Ağ dəvənin nəriltisi idi. Gözlərimə bir anlığa işıq gəldi, ”öz xilaskarımı” gördüm. Ağ dəvə canavarlara hücum edib onları nərilti ilə təpikləyir, pərən-pərən salmağa çalışırdı. Acgöz vəhşilər isə ovlarından əl çəkmək istəmirdilər. Dəvə öz balasını müdafiə edən kimi məni qorumağa çalışdı, yırtıcıların qarşısında qayaya çevrildi. Canavarlar Ağ dəvəni də parçalamaq məqsədilə bizi mühasirəyə aldılar. Dəvə həm özünü, həm də məni müdafiə üçün bir an belə sakit dayanmır, çevik hərəkəti ilə yırtıcılara tərəf hücuma keçmişdi. Öz layiqli cəzasını alan yalquzaqlardan biri arxadan dəvəyə həmlə edəndə dəvə ona elə bir təpik vurdu ki, o bir neçə metr aralıda yerə sərildi,əvvəlcə ulamağa, sonra isə it kimi zingildəməyə başladı. Mən bu ölüm-dirim savaşına maraqla tamaşa edirdim. Onları saymağa başladım: beş canavar idi.Bu haray-həşirdə həm dəvənin “qəhrəmanlığı ” məni heyrətləndirdi,həm də böyüklərin bir sözü yadıma düşdü: ”Canavarlar ova çıxanda bir-birinə etibar etmədikləri üçün dəstə ilə gəzirlər”.
Bir qədər keçdikdən sonra dəvədən layiqli “pay” alan canavarlar ulaya-ulaya ,bir-birinin üstündən tullanaraq oradan uzaqlaşdılar. Ağ dəvə qarşımda dayanmışdı. Baxışlarından “qorxma balaca, mən səninləyəm,verdiyin çörəyi unutmamışam, min belimə gedək” kəlməsini oxudum. Gözlərini gözümə zilləmişdi. Qəlbən kövrəldim. ”Xilaskarım”ın başını balaca sinəmə sıxdım, üzümü üzünə sürtdüm. Ağ dəvə məni başa düşürmüş kimi dizlərini büküb qarşımda yerə yatdı, belinə oturdum. O, evimizə sarı yoillandı. Mən isə hələ də qorxu-həyəcan içində geriyə baxıb öz-özümə fikirləşdim ki, birdən yenə canavar sürüsü arxamızca gələr. Ot tayasından xeyli uzaqlaşmışdıq ki, qulağıma itlərin səsi dəydi. Elə bu vaxt kiminsə itləri harayladığını ,anamın da qışqırığını eşitdim: ”-Ay haray,tez gəlin!”
Fermanın itləri qabağımıza çıxdı.Yəqin onlar da canavarların iyini hiss etmişdilər.Güclü külək sis-dumanı dağıtmışdı,hava açılmışdı,bayaqdan yağan qar kəsilmişdi. Uzaqdan anam-atam, əmim və bir neçə qonşu bizə tərəf qaçırdı. Onlar bizə yaxınlaşanda anam əllərini göyə qaldırıb ucadan dedi: “- Allah, şükür sənə, balamı mənə yetirdin. Balamı canavarlar yesəydi,ürəyim partlardı.”
Ağ dəvə haraya gələnlərin müşayəti ilə evimizə çatan kimi yerə yatdı. Qardaşım hamıdan qabaq qaçıb gəldi, məni dəvədən düşürüb qucaqladı, üz-gözümdən öpdü. Məni evə aparıb yatağıma uzatdılar. Bütün qohum-qonşular başıma yığışmışdı. Heç kim olmuş əhvalatı təfsilatı ilə bilmirdi. Anam başımı qollarının üstünə alıb mənə ürək-dirək verir, tez-tez üzümdən öpürdü.
Bir qədər keçdikdən sonra fermada işləyən qonşular dəvəni arxaca apardılar. Hamıya dəvənin bu fədakarlığının səbəbini danışdım. Söylədim ki, artıq üç ildir məktəbə apardığım çörək payımı Ağ dəvə ilə bölüşürəm.Bu sözləri eşidən anam yenidən ağlamağa başladı. Onun bu ağlamağının səbəbini o zaman dərk etməsəm də, indi bilirəm ki, yazıq anam xeyirxahlığımın əvəzində dəvənin məni ölümdən qurtarmasının səbəbini anlayıb, mütəəssir olmuşdu. Bayaqdan ana-bala söhbətinə diqqətlə qulaq asan atam (rəhmətlik) dərindən ah çəkib uca səslə dəvənin ünvanına dedi:
“-Ağ dəvə, mal-mülküm sənə qurban, yediyin çörək halalın olsun! Kaş bəzi adamlar da kəsdikləri çörək xatirinə sədaqətli olaydılar… Çörək verəninə xəyanət etməyəydi,onu ayaqlamayaydılar…”
Əhməde Həpo
Azərbaycan Yazıçılar Birliyinin üzvü
По данной теме есть следующие сообщения
Elçin ağ dəvə
“Baş”lanğıc
birinci hissə
Elçinin “Baş” romanında metafizika məsələsi
Xalq yazıçısı Elçinin son romanında ilk diqqəti çəkən əsərin qulağa qəribə gələn adıdır – “Baş”: bu adda nəsə bir sərtlik, amansızlıq, yerə-göyə meydan oxuyan təkəbbür, birbaşalıq var; üstəlik də çox qısadır, elə bil, ya bəmdən qəfil zilə qalxır, ya da zildən qəfil bəmə düşürsən; və nəhayət, bədiilikdən daha çox nəsə anatomik bir təəssürat oyadır. Amma elə ki, “Baş”ı başa vurursan, tam əksini düşünürsən: “Romana bundan yaxşı ad tapmaq çətin ki mümkün olsun.“
“Baş”ın fabulasında gürcü mənşəli rus generalı Sisianovun Bakının qoşa qala qapıları önündə öldürülməsi, sonra başının kəsilib İran şahı Fətəliyə ərməğan göndərilməsi ilə bağlı məşhur tarixi olay durur və bütün əsər boyu kəlləsi alınmış müxtəlif şəxslərdən söz gedir – Vilyam Mons, Mariya Hamilton, Danton, Molla Pənah Vaqif, Yemelyan Puqaçov və sair və ilaxır. Milli tariximizin minlərlə olayı içindən məhz Sisianov olayının seçilməsi də, yəqin ki, kəsik baş məsələsi ilə bağlıdır.
Yazıçının bu obraza müraciəti bir neçə minillik frenoloji ənənəyə söykənir. Orfeyin öncəgörənlik edən kəsik başından “Kəsik kəllənin nağılı” adlı xalq nağılımıza, simvolistlər və neoromantiklərin poeziyasından “Hamlet” (Şekspir), “Ruslan və Lyudmila” (Puşkin), “Professor Douelin başı” (A.Belyayev) və “Kəsilmiş baş”a (A.Merdok) qədər bu obrazın zahirən bir-birinə zidd iki rəmzi mənası olub: ölüm; ölməzlik.
İnsan öz ölməzliyini ölüm hesabına dərk edir. Kəsik başın simvolikası bu üzdən ikiüzlüdür. Buna görə hökmdarlar düşmənlərin qafa tasından düzəldilmiş piyalədən şərab içməklə dirilik suyu içdiklərini zənn edirdilər.
Kəsik başın üçüncü rəmzi mənası bu iki zidd məqamı bir araya gətirir: ölümlü və ölümsüz dünya arasında əlaqələndiricilik, mediumluq, qeybdən xəbər vermək, öncəgörənlik.
Bu rəmzi mənalar Elçinin romanının məzmunuyla da təsdiqlənir. Rusiyanın dünya fütuhatı ideyası ilə alışıb-yanan general Sisianov ömrün mənası, dünyanın faniliyi, ruhun ölməzliyi və Allahın varlığı barədə həqiqəti yalnız başı kəsiləndən – ruhi-metafizik aləmə keçəndən dərk edir.
Ad məsələsi üzərində belə geniş dayanmağımız təsadüfi deyil:
– postmodernizmə görə, ad işarələdiyi şeylə heç bir daxili bağlılığı olmayan şərti semiotik vahiddən başqa bir şey deyil – “Qızılgülün adını dəyişsən, onun ətri dəyişməz” (Şekspir). “Qızılgülün adı”nın müəllifi, postmodernizmin xaç atası da bu fikri dolayısı ilə təsdiq edir: “Ad dolaşdırmalıdır, nizama salmalı deyil”. (U.Eko, “Kənar qeydlər”)
– tradisional düşüncəyə görə isə ad işarələdiyi əşyanın canı, yəni mahiyyətidir, divin canı şüşədə olduğu kimi, əşyanın da canı sözdədir: “Can sözdür əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can” (Füzuli). Çünki söz hər şeyə öz canından can verib. O, Yaradandır: “Başlanğıcda söz var idi, söz Allahda idi və söz Allah idi” (Yəhyanın “İncil”i).
Elçinin romanında adlandırma mahiyyəti ifadə edir, çünki o, postmodernist yox, tradisionalist roman, ölüm yox, dirilmə haqda əsər yazıb, başqa sözlə, Şekspirdən Füzuliyə, qərbdən şərqə qayıdıb.
Burda iki nüansa fikir verək:
– nə qədər qəribə səslənsə də, biz tradisionalizm terminini yenilik anlamında işlədirik, çünki tradisiya tam unudulub, yenidən xatırlananda artıq yenilik kimi təzahür edir; Elçinin son romanında da bədii nəsr təfəkkürümüzün, demək olar ki, tam unutduğu məsələdən söz gedir;
– digər tərəfdən, biz “şərq” deyəndə dünyanın adətən üz-üzə qoyulan iki coğrafi cəhətindən birini yox, tarixən şərqi də, qərbi də özündə birləşdirən vahid mənəvi məkanı nəzərdə tuturuq; İntibah dövründən sonra qərb o mənəvi məkandan uzaqlaşıb, şərq isə ona sadiq qalıb; bu üzdən şərqə qayıdışdan danışmaq ərazi yox, tarixə, məkan yox, zamana qayıdışdan söz açmaq deməkdir.
“Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”ndən sonra “Baş” Elçinin dördüncü romanıdır, amma məsələ sayda yox, son romanın öncəkilərlə daxili-tipoloji bağlılığında, yəni bu əsərlərin kəmiyyət yox, keyfiyyət əlaqəsindədir.
Birinci roman – “Mahmud və Məryəm” irfani (ilahi) eqşin gətirdiyi ölməzlikdən, üçüncü roman – “Ölüm hökmü” isə şəxsiyyətə (insana!) pərəstişin törətdiyi ölümdən bəhs edir. Məndən içəridəki “mən” insanı ölməzliyə aparır. “Mahmud və Məryəm” bunu deyir. “Mən”dən çöldəki mən (eqo) insana ölüm gətirir. “Ölüm hökmü” isə bundan danışır.
Fikrin yönəlmə ünvanları da bu əsərlərin daşıdığı başlıca ideya yükünə uyğundur. “Mahmud və Məryəm”də bu ünvan göylər səltənəti (metafizik aləm), “Ölüm hökmü”ndə yeraltı dünyadır (qəbiristanlıq) və onlar bir-birini diametral surətdə inkar edir. Ona görə bu dördlükdə “Mahmud və Məryəm”in tərs-müqabili – assendenti məhz “Ölüm hökmü”dür. Dante semiotik sistemi üzrə desək, bunlardan birincisi cənnət, ikincisi isə cəhənnəmi işarələyir.
Bu sistemdə ikinci (“Ağ dəvə”) və dördüncü (“Baş”) romanlar keçid xarakterlidir. “Ağ dəvə” ölməzlikdən ölümə, “Baş” isə ölümdən ölməzliyə keçidi əks etdirir. Təsadüfi deyil ki, “Ağ dəvə” romanının mahiyyətini özündə daşıyan əsas obraz (Ağ dəvə) ölümü simvolizə edir. Başqa sözlə desək, “Ağ dəvə” bu sistemdə cənnətdən cəhənnəmə, “Baş” isə cəhənnəmdən cənnətə keçidi göstərir. Odur ki, bu dördlükdə “Ağ dəvə”nin assendenti məhz “Başdır”.
Qısa strukturoloji araşdırmamızı belə yekunlaşdıra bilərik:
“Mahmud və Məryəm” – cənnət;
“Ağ dəvə” – cənnətdən cəhənnəmə, ölməzlikdən ölümə eniş;
“Ölüm hökmü”- cəhənnəm, ölüm;
“Baş” – cəhənnəmdən cənnətə, ölümdən ölməzliyə yüksəliş;
Təkcə Elçin yox, istənilən yazıçının (insanın!) düşüncəsinin konturları ən qabarıq ifadəsini Dantedə tapan bu modelə uyğundur və bunun səbəbi aydındır – insan ölməzlikdən (cənnətdən) gəlib və onun düşüncəsinin hər üç qatında (şüuraltı, şüur, şüurüstü) yenidən ölməzliyə qovuşmaq istəyi var.
Dantedən sonra bu məsələ Miltonu düşündürüb və təsadüfi deyil ki, ingilis şairi öz məşhur poemasını iki hissədən ibarət yazıb: “İtirilmiş cənnət”;”Qazanılmış cənnət”. Milton modeli üzrə desək, Elçinin dörd romanından ilk ikisi “cənnətin itirilməsi”, son ikisi isə “qazanılması” prosesinə uyğun gəlir.
Cəhənnəm-cənnət modeli dini düşüncənin daşıyıcıları olan Dante və Miltonun öz iradələri ilə yaranır. Modern-postmodern dövrün yazıçısı Elçində isə prosesin ən azı ilk yarısı (cəhənnəm) qeyri-iradi, şüuraltı olaraq meydana çıxır. Prosesi bir çevrə kimi təsəvvür etsək, onun ilk yarımçevrəsində yazıçının Vergilisi (bələdçisi) hələ şüuraltıdır.
Növbəti yarımçevrədə proses aydın dərk olunmuş nəzəri təfəkkür qatına keçdiyindən, yazıçı artıq onu sadəcə icra etmir, həm də idarə edir. Onun bələdçisi rolunda şüuraltı yox, indi şüur (hətta ola bilsin ki şüurüstü!) çıxış edir. Bu, məntiqidir. Axı, söhbət başdan gedir. Keçid dövrü axır ki, “baş”a çatıb və d diaqnozu ilə (“Diaqnoz D”) dəlixanadan qaçan sovet adamının (“Dəlixanadan dəli qaçıb”) ağlı axır ki başına gəlib.
Elçin Qoqol (“Dəlinin qeydləri”, “Ölü canlar”), yaxud C.Məmmədquluzadənin (“Ölülər”, “Dəli yığıncağı”) dəf edə bilmədiyi ölülər-dəlilər mövzusundan keçib, ölülər-dirilər mövzusuna çata bilir. Çünki onu nə Qoqol kimi şüuraltının infernal qatları özünə çəkir, nə də o, C.Məmmədquluzadə kimi neytral zonaya düşür.
Hər iki yazıçı üçün xarakterik olan ruhi-psixoloji maneələri aşmaqda “Baş” müəllifinin əsas istinad nöqtəsi şüurüstü intellektdir. Bu intellektlə təmas hesabına o sadəcə ölülər və dəliləri yox, həm də diriləri yazmaq qərarına gəlir. Diriləri yazmaq isə artıq Qoqol yox, Tolstoyla (“Dirilmə”), C.Məmmədquluzadə yox, İsa Muğanna ilə (“İdeal”) analoji düşüncə sahəsinə keçmək – dirilmə zonasına daxil olmaq deməkdir.
Şüurüstü məsələsi ilə bağlı kiçik bir laborator remarkaya lüzum görürük. Hər hansı yazıçı şüurüstünün verdiyi informasiyanı birbaşa öz şəxsi ruhi-psixoloji təcrübə (bədəndənkənar hissiyyat) hesabına da, bu təcrübəni keçirən yazıçı və mistiklərin yaradıcılığından bəhrələnmək yoluyla da əldə edə bilər. Şübhəsiz ki, birinci variant daha yaxşı olardı. Lakin belə bir ruhi-mistik təcrübəyə ya birbaşa, ya da dolayısı ilə bələd müəllifin əsəri kimi “Baş” hər iki halda bədii nəsrimiz üçün yenilikdir və bununla da maraqlıdır.
“Baş”ın müəllifi də daxil olmaqla, kimsə yuxarıdakı fikirlərimizi filoloji fantaziya, struktural sxolastika, hətta metafizik spekulyasiya saya bilər. Bütün əks-fikirlərlə bəri başdan razılaşırıq və bu konuda dartışmaya getmək fikrimiz yoxdur. Çünki yalnız özümüzə agah olan intuitiv (daxili!) həqiqətin mütləqliyinə israr etməyimiz “baş”sızlığımız olardı. Özü də söhbətin “Baş”dan getdiyi bir yerdə.
Elçinin daha iki əsəri – “Şekspir” və “Teleskop” pyesləri də ən ümumi ideya-məzmun yönündən “Baş”la eyni sistemə daxildir. Əgər yazıçı “Şekspir”də sənət bu dünyanın yeganə həqiqətidir qənaətinə gəlirdisə, son romanında Qurbani, Xətayi, Füzuli, Vaqif və digərlərinin poeziyası timsalında sənəti də fani dünyanın komponentləri sırasına daxil edir və beləliklə, əvvəlki fikrinə önəmli bir redaktə edir.
Kosmoloji təfəkkürlə yazılan “Şekspir”dən fərqli olaraq, metafizik (kosmos ötəsi!) düşüncənin məhsulu olan “Teleskop”un qəhrəmanı ruhdur və bu yöndən o, “Baş”a daha yaxındır, çünki “Baş”ın da əsas qəhrəmanı ruhdur. Lakin “Şekspir” və “Baş”da sənətə münasibətdə fərq olduğu kimi, “Teleskop” və “Baş”da da ruha, ümumən metafizika məsələlərinə münasibətdə radikal fərqlər var.
“Teleskop”da bərzəx aləmindən yeri seyr edən və “O dünya, yoxsa bu dünya?” dilemması qarşısında qalan ruh ikiüzlü gerçəkliyin hər iki üzünə münasibətdə postmodern ikibaşlılıqdan doğan açıq-aşkar ironiya sərgiləyir. Saysız-hesabsız mələklər ordusundan tutmuş, İlahi Dəftərxananın (lövhi-məhfuz!) katibləri olan baş mələklərə, hətta Yaradanın özünə qədər heç kim və heç nə bu ironiyadan sığortalanmayıb. Nə üçün? Çünki təkcə pyesin qəhrəmanı yox, müəllifi də hələ metafizik seçimini etməyib.
Amma pyesdəki inkarçılığın şiddəti və miqyası yazıçının belə bir seçimə maksimum yaxınlaşmasından xəbər verir. Çünki pozulmaz bir ilahi qanun var – son həddinə çatan istənilən təzahürün varolma limiti bitir və o özünün əksinə çevrilir. Məsələn:
– İntibah dövründən başlayan insanmərkəzçi düşüncə (antroposentrizm) maarifçilikdə yüksək həddə çatır;
– insan və insani dəyərlərin ön plana çəkilməsi (humanizm) modernizmdə, xüsusən də ekzistensializmdə hər kəsin konkret olaraq özünü mütləqləşdirməsi ilə əvəzlənir – “İnsanların sayı qədər “allah” var! Bir həqiqət var, o da mənəm!” İnsanın özünü dəyər saymasında bu, sadəcə yüksək yox, artıq son hədd, atomar dalan idi!
Əksinə çevrilmə qanunu üzrə özünüinkar başlamalıydı.
– modernizmin ardınca gələn postmodernizm bu üzdən nəinki insan, ümumən hər şeyi inkar edirdi; postmodernizm inamsızlığın son həddi idi; daha inanmamağa kimsə və ya nəsə yoxuydu; indi inamsızlığın (imansızlığın!) inkarı və inamın (imanın!) təsdiqi tələb olunurdu.
Əksinə çevrilmə qanunu üzrə növbəti özünüinkar başlamalıydı.
Tradisional metafizik həqiqətlərin təsdiqinə söykənən “Baş” romanı bu çoxəsrlik əksinə çevrilmələrin ən son dalğasında yaranıb. Romanın psixoloji əsasında əksinə çevrilmə qanunu durur. Bu üzdən romanda “Teleskop” üçün səciyyəvi olan postmodernist ikibaşlılıqdan, metafizik gerçəkliyin varlığına skeptik münasibət və sətiraltı ironiyadan əsər-əlamət yoxdur. Çünki “Teleskop”un dilemma qarşısında qalan müəllifindən fərqli, “Baş”ın müəllifi artıq öz metafizik seçimini edib. Roman öz mahiyyəti etibarilə bu seçimdən doğan qənaətləri ifadə edir.
Müəllif bu romanda yeni düşüncə müstəvisinə – rasional Arsitotel məntiqindən irrasional Platon məntiqinə keçir. Burda Nizaminin “İskəndərnamə”sində Platon və Aristotelin yarışı ilə bağlı remarkaya ehtiyac olacaq. Aleksandr Makedonskinin münsiflik etdiyi bu yarışda Aristotel eksperiment predmeti kimi seçilən adamı tütək çalmaqla ancaq öldürə bilir, Platon isə öz tütəyi ilə onu dirildir və qalib gəlir.
Aristotelin rasional məntiqi ancaq ölümə qədər gedir, Platon isə öz irrasional idrakı ilə ölməzliyə (metafizik qata!) keçir. Əsas məsələ (Maqnum Opus!) isə insanın öz ölməzliyini dərk etməsidir. Nizami tütək haqq-hesabı ilə bunu deyir.
Nizami modelini Elçinin romanlarına tətbiq etsək, “Ölüm hökmü” yazıçının düşüncəsindəki aristotelizmə verilən hökm, “Baş” isə artıq platonizmə keçiddir. Aleksandr Makedonskidən roman yazan Nizamidən səkkiz əsr sonra rus imperatoru I Aleksandrdan roman yazan Elçin də Aristotelin tütəyini qoltuğuna verir. Çünki o artıq rasional Aristotel məntiqi ilə yox, irrasional Platon məntiqi ilə düşünür. İndi onun gerçəkliyə münasibəti Platonda olduğu kimi konseptualdır, yəni o təkcə ölümün bəri yox, o biri üzünü də gerçək sayır.
Buna görə son romanında yazıçının istər ölməz, transsendent ruha, istərsə də ümumən metafizik gerçəkliyə münasibəti birmənalı olaraq təsdiqedicidir.
Bu fakt yazıçını son iyirmi beş illik yaradıcılığında özünü bəzən ünsür, bəzən isə sistem şəklində büruzə verən (“Teleskop”da olduğu kimi) postmodernist düşüncə və üslubla vidalaşmasından xəbər verir. Çünki postmodernizm heç bir əbədi gerçəkliyi, heç bir metafizik nizamı (nizamiliyi!) qəbul etmir.
Beləliklə, Elçinin son romanı sadəcə “Baş” yox, həm də “baş”lanğıcdır. Roman öz müəllifinin yaradıcılığında yeni, daha kamil bir dönəmin “baş”lanmasından xəbər verir. Terminoloji tələskənliyə yol vermək ehtimalını da göz önünə almaqla, bu mərhələni metafizik realizm adlandırmağı təklif edirik. Bir daha diqqət edək – METAFİZİK REALİZM!
Adından da göründüyü kimi, bu meyl ənənəvi realizmə metafizik qatın əlavəsilə şərtlənən yaradıcılıq metodudur. Rus ədəbiyyatında bu metodun tanınmış nümayəndəsi və nəzəriyyəçisi olan Yuri Mamleyev özünün “Varlığın taleyi” əsərində yazır: “. metafizik realizm metafizik səviyyəni, ruhi axtarışları, insan qəlbi və kainatın gizli sirlərini və sairi özündə birləşdirən ənənəvi realizmdir”.
Amma metafizik realizm məsələsində Mamleyevə istinad rus yazıçısı ilə Elçin arasında metodoloji bərabərlik işarəsi qoymaq kimi anlaşılmamalıdır. Öncə məsələnin təkcə bu iki yazıçı yox, istənilən yazıçıya aid olan ümumi yönlərindən başlayaq:
– eyni metodla yazan və metodoloji yöndən tam üst-üstə düşən iki yazıçı təsəvvür etmək çətindir. İstedad həmişə fərdidir və heç bir nəzəri çərçivəyə sözün tam mənasında sığmır; hər hansı bir yazıçının müəyyən metodoloji düşərgəyə aid edilməsi onun özünəxas cəhətləri üzündən həmişə qaçılmaz şərtliklərlə bağlı olur;
– adi gerçəklikdən fərqli olaraq metafizik reallıq hər kəsə fərdi qaydada açılır, hər kəs onu dünyada yalnız özünə məxsus olan formada görür və göstərir; çünki metafizika daxili gözlə görülür və heç kəs başqasının daxilinə girib varlığa ordan baxa bilməz; metafizikanın hamını və hər şeyi özündə birləşdirən həqiqət nöqtəsinə (vadiyi-vəhdət) isə çox az adam gedib çatır; bizcə, Mamleyev bu yolun təriqət, Elçin isə mərifət mərhələsindədir.
Bizim üçün daha maraqlı olan Elçindən söz gedəndə mərifət məqamı göydəndüşmə bir yarlıq olmayıb, dəqiq göstəriciyə malikdir. Klassik təsəvvüfə görə, insan bədən və ruh da daxil olmaqla iç-içə yerləşən yeddi candan ibarətdir. Mərifət bu canların bir-birindən ayrılması ilə başlayır və ruhun bədəndən ayrılması ilə başa çatır. Elə ki, ruh bədəndən ayrılır, insan özünü bədən yox, ruh kimi dərk edir və onun dünyagörüşündə radikal dəyişiklik başlayır – o hər şeyə Alahın bir zərrəsi olan ruhun gözüylə baxır, bununla da aprior ilahi bilgi, yəni əzəli mərifət (qnozis) sahibi olur.
Bu anlamda ruhu bədənindən ayrılan və özünü ruh kimi dərk edən əsas qəhrəmanın düşüncələrindən ibarət “Baş” romanı postmodern ötəsi mərifətnamə, onun müəllifi isə mərifət sahibidir. Amma romanın klassik təsəvvüfdən bir fərqi var. Sufilər bu mərifətə ölməmişdən öncə, romanın qəhrəmanı isə öldükdən sonra çatır.
Bütün bunlar hər hansı iki yazıçı arasında sözün tam mənasında metodoloji qeyri-bərabərlik məsələsinin ən genəl yönləridir. Amma məsələnin bilavasitə Mamleyev və Elçinlə bağlı özəl yönləri də var.
Rus yazıçısının romanlarında (“Moskva qambiti”, “Özgə”, “Rusiya ilə təkbətək”, “Ruhun imperiyası”, “Dünya və qəhqəhə”, “Dəhşətin qanadları”, “Kainat tarixi”, “Sondan sonra” və s.) qatı metafizika adi gerçəkliklə əriş-arğac kimi iç-içədir və onları bir-birindən ayırmaq mümkünsüzdür.
Elçinin romanında isə dumanlı metafizik eyhamlar, güclə sezilən metafizik işarələrin adi gerçəkliyə zərif müdaxiləsindən danışmaq olar. Burda metafizik gerçəklik və adi gerçəklik ikimərtəbəli evin ayrı-ayrı qatlarıdır – birinci qat adi, ikinci qat metafizik gerçəklikdir. Sadəcə, hansısa gözəgörünməz çatların hesabına ikinci qatdan birinci qata nələrsə sızır.
Yuxarıdakı fərqə uyğun olaraq, Mamleyevin qəhrəmanları bütün qeyri-adilikləri, qəribəlikləri ilə birlikdə real şəxslər, Elçinin baş qəhrəmanı isə xalis metafizik subyekt, transsendent mən, yəni ruhdur.
Y.Mamleyevin romanları üçün xarakterik olan aqressiv psixoloji iqlim, psixopat qəhrəmanlar, ölümün empirik dərki naminə törədilən eksperimental qətllər, zorlanma və intiharlar, bir sözlə, infernalizm (“çernuxa”) elementləri Elçinin romanında ya ümumən yoxdur, ya da önəmli dərəcədə yumşalıb.
Hər şeyin (eləcə də insanın!) göründüyündən daha böyük anlam daşımasına dair magik-metafizik duyum bu yazıçıların hər ikisinə xasdır, bir fərqlə ki, Mamleyev daha çox qara, Elçin isə daha çox ağ maqdır.
Bəs, metafizik problematikadan söz gedəndə, çağdaş Azərbaycan nəsrində durum necədir? Əgər şüuraltı yox, yazıçı tərəfindən aydın dərk olunan metafizikadan danışsaq, xeyli tərəddüd etməli olacağıq. Halbuki, Azərbaycan Nizami, Nəsimi, Xətai, Füzuli, Cavid kimi metafizik dühalar yetirən klassik şərq ölkəsidir. Şərqdə isə metafizikaya sədaqət qərblə müqayisədə qat-qat güclü olub və indi də elədir. Qərb-xristian metafizikası da öz mənşəyi etibarilə qərb yox, şərq hadisəsidir – Həzrəti İsa qərbdə yox, şərqdə doğulmuş və fəaliyyət göstərmişdi. Bəs, onda bədii nəsrimiz metafizik mövzular baxımından niyə xüsusi parlaqlığı ilə seçilmir?
Bunun çoxlu səbəbləri sırasında ikisini daha önəmli sayırıq:
– qərb fəlsəfəsində Dekartın deizmi, Spinozanın panteizmi, Feyerbaxın ateizmi, Marksın materializmi, Kontun pozitivizmindən tutmuş Haydeggerin ekzistensializminə qədər əsrdən-əsrə güclənən antimetafizik meyl ötən yüzildə dünya insanının düşüncəsində şəriksiz avtoritetə çevrilmişdi; bu, problemin fəlsəfi əsası idi.
– qatı antimetafizik ideologiyaya malik sovet rejimi (xüsusən də Stalin dönəmində!) əbədiyyətin qapısını ədəbiyyatın üzünə bərk-bərk bağlamışdı; bu isə problemin siyasi-ideoloji əsası idi.
Əslində, bu amillərdən ikincisi birincinin qanuni və məntiqi davamı (Marks-Engels-Lenin-Stalin!) idi və problemin bir əsası vardı – Yeni Dövrdən üzü bəri getdikcə daha çox maddiləşən insan düşüncəsinin hər cür metafizik-ruhani başlanğıcdan uzaq düşməsi.
Bununla belə, 60-cı illərdən sonra yaranan bədii nəsr örnəklərimizdə metafizika özünün istər infraqırmızı (Y.Səmədoğlu, M.Süleymanlı, A.Məsud), istərsə də ultrabənövşəyi (İ.Muğanna) layı ilə mövcud idi. Lakin bu yazıçıların əsərlərindəki metafizikanın hökmən ya kosmoloji (İ.Muğanna), ya mifoloji (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud) aşqarı var. Çünki onların əksərinin əsərlərindəki metafizik duyum şüuraltı faktı kimi meydana çıxır. Muğannanın bilavasitə şüurüstünün diktəsilə yazılan “İdeal”ı bu yöndən bir istisna olsa da, yazıçının metafizika anlayışı sonucda kosmosla eyniləşir. Metafizika isə kosmik yox, metakosmik (kosmos ötəsi)”ərazi”dir.
90-cılardan H.Herisçinin “Solaxay” romanına gəlincə, əsərdə metafizik ərazinin təsvirindən daha çox, sirr aləminə çıxış metodundan (insanın indiyədək latent qalmış sol tərəf imkanlarının aktivləşdirilməsi – ambideksteriya) söz gedir.
Bütün bunlar “Baş” romanını milli bədii nəsr düşüncəmizdə xalis, kristal metafizikanın təsvir olunduğu ilk əsər kimi dəyərləndirməyə əsas verir.
Eyni təsnifatı yuxarıda adı keçən yazıçıların insana münasibəti baxımından da aparmaq olar. Onlar ya mifik (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud), yada kosmik (İ.Muğanna) insandan danışıblar. “Baş” metafizik adamdan söz açır. H.Herisçinin tibbi-eksperimental yolla qeybdən informasiya alan ambidekster qəhrəmanı ümumən insan yox, post insandır.
Altmışıncı illərdən öncəki sosrealist nəsrin qəhrəmanının isə bu təsnifata dəxli azdır. Tipik sovet nəsrinin qəhrəmanına hətta homo sapiens də (ağıllı adam) demək çətindir, çünki totalitar kommunizm ideyasının köləsi olan bu adamda məhz fərdi ağıl çatmırdı. Çüzi istisnaları çıxmaqla, Stalin dönəminin nəsr qəhrəmanı polad çəkicini burjuaziyanın başına vuran fəhlə, yaxud orağını o çəkicə söykək verən kəndli də, oraq-çəkic tandeminin təşkilatçısı olan inqilabçı, yaxud bu tandemə mədhiyyələr düzüb-qoşan şair də ola bilərdi, amma mifoloji özümüz-özgələri modeli (binarlıq!) üzrə yaradılan bu sxematik məxluq istənilən halda canlı insan deyildi.
Əslində, homo metafizikus da insan deyil, lakin o, normal insanın (homo sapiensin!) düşüncə hüdudlarını ondan yuxarı qalxmaqla aşır. Halbuki tipik sosrealist nəsrin qərhəmanı bu hüduddan sadəcə aşağı düşürdü. Klassik şərq kəlamçılarının dili ilə desək, insanlığı iki cür aşmaq olar – ya mələk, ya da heyvan olmaqla. Sosrealist qəhrəman ikincilərdən idi. Təsadüfi deyil ki, C.Oruel totalitar sovet rejimini ifşa edən iki məşhur antiutopik əsərindən birini “Heyvanxana” adlandırır, ikincisində (“1984”) isə kommunist inancını nəzərdə tutaraq, “İnanclı adama ağıl lazım deyil” deyə ironiya edirdi.
Sual oluna bilər ki, axı, metafizik qata çıxmağın əsərin bədii-estetik dəyərləndirilməsinə nə dəxli var? Bu, doğrudanmı, bədii mətnin analizində həlledici meyardır:
– metafizika anlayışı üzərində israr etməyimiz (metaisrarımız!), bütün yazı boyu dünya və milli ədəbiyyat tarixinə ekskurslarımızda bu anlayışı etalon kimi götürməyimiz hər şeydən öncə “Baş” romanının özünün məzmunundan doğur; biz, sadəcə, faktı analitik registrasiyadan keçiririk; bu, metafizika anlayışına ardıcıl müraciətimizin konkret tərəfidir;
– digər tərəfdən, ədəbiyyat sadəcə söz oyunu deyil, zamanın qarşıya çıxardığı dürlü suallara bədii cavab cəhdidir; zamanın doğurduğu bütün sualların fundamental cavabı isə məhz zamansız metafizik “baş”lanğıcdadır; insanın ən böyük problemi odur ki, gerçəkliyin metafizik əsaslarına inamını itirib və heç cür başa düşmək istəmir ki, metafizikaya keçid problemlərin ən dərin əsaslarına getmək, tikanı kökündən çıxarmaq deməkdir; bu problemin ümumi (qnoseoloji) tərəfidir.
– nəhayət, çoxqatlı, çoxrəngli varlığın vahid metafizik əsasına yaxınlaşmaqla biz onun ana dilini öyrənir və onunla dil tapırıq; metafizik dil vahiddir; bu gün dünya ədəbi prosesindən təcrid olunmağımızın “baş”lıca səbəbi metafizik dili unutmağımızdır; dünya ədəbi prosesinə qoşulmağımızın ilk baxışdan görünməyən yolu metafizik təfəkkürdən keçir; bu isə problemin ümumi (komparativist) tərəfidir.
Odur ki, Elçinin metafizik əsaslara “baş” vuran romanını istər öz müəllifinin yaradıcılığı, istərsə də ümumən bədii nəsr düşüncəmizdə ikinci nəfəsin açılması kimi dəyərləndirmək olar. Metafizik Amerika artıq açılıb, yeni ərazi kəşf olunub. Əgər digər yazıçılarımızın bu xam ərazinin dərinliklərinə yetməyə gücü çatsa, milli bədii nəsr düşüncəmizdə yeni (sonsuz!) üfüqlər açılacaq və indiyə qədərki nəsrimiz gələcək ədəbiyyatımızla müqayisədə Lobaçevskinin fəza həndəsəsi müqabilində Evklidin müstəvi həndəsəsi kimi görünəcək.
Amma burda iki ciddi perspektiv təhlükə amili də görürük.
– birincisi, metafizikanın qətl, zorlama, intihar, satanizm və sair kimi qaranlıq məsələlərlə bağlı infernal yönlərinin inkişafı, yəni “Baş”dan monstr düzəltmək, demonologiya, qotika;
– ikincisi, “baş”larını “Baş”a qoşan çoxsaylı epiqonçular tərəfindən metafizik düşüncənin işıqlı tərəflərinə parodiyalar yazılması; bu hələ ilk örnəyini verən metafizik realizmdən yenidən postmodernizmə qayıtmaqdan, bu qayıdış isə bir-birindən uğursuz milli sorokin və limonovlar sırasına onlardan da uğursuz milli pelevinlər əlavə etməkdən başqa bir şey olmayacaq; Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesində mələklərin göydən endirdiyi qoçun başından xaş bişirmək istəyən əyalət alkoqolikləri kimi, onlar da uzaq”baş”ı xaş eləmək istəyəcəklər.
- Uşaqlar üçün tapmaca şeirləri
- Yad adamların maşınına minməyə məcbur qalan adamlar – Sahil qəsəbəsinin həll olunmayan dərdi
- Baş nazirdən filmlərlə bağlı qərar
Comments are closed, but trackbacks and pingbacks are open.