Press "Enter" to skip to content

Hməd Obalı: “Azərbaycanın güneyinin də müstəqilliyi vacib və qaçılmazdır” – FOTO

– Özü də bildiyim qədərilə kanalın fəaliyyətinə kifayət qədər böyük məbləğ qoyulmuşdu.

Güney Azərbaycanın milli fəalı Əhməd Obalı Xudafərin körpüsünə səfər edib – FOTO

Dekabrın 4-də Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı​ unikal tarixi abidə olan Xudafərin körpüsünə səfər edib.

Trend xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalının işğaldan azad edilən Cəbrayıl və Zəngilana səfərinin ilk ünvanı Xudafərin körpüsü olub. Əhməd Obalıya, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki,​ digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqi edilib, məscidlər heyvan saxlancı kimi isifadə olunub. Qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Əhməd Obalı: “Azərbaycanın güneyinin də müstəqilliyi vacib və qaçılmazdır” – FOTO

“Artıq Güney Azərbaycanda təşkilatlanma var, azərbaycançılıq ideologiyası üzərində qurulan xəttimiz möhkəm və sarsılmazdır”.

Bu sözləri “Report”a açıqlamasında ABŞ-da yaşayan Güney azərbaycanlı mühacir Əhməd Obalı deyib.

Güney və Quzey Azərbaycanın əhalisinin iki yerə bölünmüş bir millət olduğunu xatırladan Ə.Obalı bildirib ki, buna səbəb 1828-ci ildə süni olaraq yaradılan sərhəd olub.

Onun sözlərinə görə, Güneydə mütəmadi olaraq molla rejimi tərəfindən azərbaycanlıların farslaşdırılmasına çalışıblar:

“Amma buna baxmayaraq, biz azərbaycanlıları bir-birimizdən ayıra bilməzlər. Azərbaycanın şimalının müstəqilliyindən sonra Azərbaycanın güneyinin də müstəqilliyi bizim həyatımız üçün vacib, həmçinin Azərbaycanımızın daha da güclənməsi üçün lazımdır. Güney Azərbaycanda-ata-baba torpaqlarımızda həmişə bizə qarşı assimilyasiya siyasəti həyata keçirilərək azərbaycanlıların farslaşdırılmasına çalışıblar. Özümüzü qurtarmaq, kimliyimizə sahib çıxmaq üçün Güney Azərbaycan Cümhuriyyəti yaradılmalıdır”.

Güney azərbaycanlı mühacir deyib ki, İran adlanan coğrafiyada onlara bir çox vədlər verilsə də, indiyədək buna əməl olunmayıb:

“Həmin vədlərin icrasını tələb edən şəxslər isə hər zaman həbs olunublar. Ona görə bizim yeganə yolumuz Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır və bu taleyüklü məsələdə şimallı, cənublu Azərbaycan olaraq əlimizdən gələni etməliyik. Xalqımız, siyasi təşkilatlarımız, ziyalılarımız, dövlətimiz əl-ələ verib Güney Azərbaycanı əsarətdən qurtarmalıyıq. Bunun üçün təşkilatlanmaq və bunun düzgün xətt üzərində köklənməsini təmin etmək vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, o, milyonlarla azərbaycanlının prezidentidir. Dövlət başçımız son çıxışında da soydaşlarımızla bağlı çox vacib məqamlara toxunub. Düşünürəm ki, Prezidentin həmin nitqi Güney Azərbaycanın azadlığı uğrunda azərbaycanlılara xüsusi güc-qüvvət verib. Biz əl-ələ verib Güney Azərbaycan Cümhuriyyətinin qurulması üçün lazımi addımları ataraq sözdən əmələ keçməliyik”.

Ə.Obalı söyləyib ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İranı bir qədər aqressivləşdirəcək:

“Lakin əməldə bir şey edə bilməz, ona görə də bu aqressiya, verilən bəyanatlar və ya hansısa fikirlər çərçivəsində olacaq. Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılara dəstək verməsi çox önəmli və tarixi bir hadisədir”.

Bu ilin aprelin 22-23-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etdiyini xatırladan Cənubi azərbaycanlı mühacir dövlət başçısının Zəfər Qurultayında çıxışında verdiyi mesajlara diqqət çəkib:

“Məsələ barədə Prezidentin dörd əsas mesajı var idi: “Azərbaycanlılar təşkilatlansınlar, birləşsinlər, ana dilimizi unutmasınlar və eyni zamanda prinsipcə azərbaycançılıq ideologiyası ətrafında birləşsinlər”. Hesab edirəm ki, bu mesajın Dünya Azərbaycanlılarının Qurultayında səsləndirilməsi xüsusilə vacib məqamlardan biri hesab edilə bilər”.

Ə.Obalı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti daha da güclənir və indiyədək Azərbaycana qarşı təxribat aparan İrana lazım gəldikdə yerində layiqli cavab verir:

“Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ölkənin birinci şəxsi tərəfindən dəstək verilməsi isə İranın Azərbaycan sərhədində hərbi təlim adı altında törətdiyi təxribata da çox gözəl bir cavab idi. Düşünürəm ki, soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunması məsələsində Azərbaycan dövlət olaraq əlindən gələni edəcək. Azərbaycanlıların Güney Azərbaycanda daha çox olduqlarını nəzərə alsaq, ölkə başçısının sözügedən fikirlərini biz Güney azərbaycanlıları Prezident səviyyəsində bir dəstək kimi qəbul edir, mesajın vaxtında verildiyini və ünvana çatdığını hesab edirik”.

İranın hər zaman Ermənistana dəstək verdiyini vurğulayan müsahib deyib ki, o, farsçılıq ideologiyası üzərində qurulmuş bir dövlətdir və fars ideologiyasında da birinci düşmən türkdür:

“Ona görə də Şuşa şəhərinin işğalında, Xocalı soyqırımının törədilməsində və ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalında İran çox böyük rol oynayıb. Həmin dövrdə də İran Ermənistana silah-sursat, yanacaq verir, eyni zamanda Ermənistan təcavüzkarlarının yeməyini göndərirdi. Ermənistan hərbçiləri uzun illər İran ordusunun qidası ilə yaşayıblar. Hətta işğal edilən ərazilərdə ermənilər tərəfindən istehkamların qurulmasında da İranın yardımları olub. Bütün bunlardan Azərbaycan dövlətinin də xəbəri var.

İran Azərbaycanın işğal olunmuş ərazilərində evlərin sökülməsi, qapı-pəncərələrin daşınmasında çox böyük rol oynayıb. Bunu etməkdə isə əsas hədəf həmin ərazilərə azərbaycanlıların qayıtmamaları üçün oranın tez bir zamanda xaraba, viran qoyulması idi. Erməni dəstəkçiliyi 30 il davam etməklə bərabər, Vətən müharibəsi dövründə də geniş vüsət aldı və Güney yolu ilə Ermənistana silah-sursat göndərdi. Bizim soydaşlarımız ayağa qalxıb iki dəfə etiraz etdikdən sonra İran məcbur olub siyasətində bir qədər yumşalmalara getdi. Ancaq bu dəfə həmin silah-sursatlar gündüzlər yox, gecələr göndərilirdi”.

“Son zamanlar isə bu dəstək nümayişkaranə və biabırçı şəkildə göstərilir. Açıq dəstəyin bir səbəbi də İranın Qafqazdan tamamilə çıxarılmasıdır. Nə etsə də, regionda əvvəlki yerinə qayıda bilmir. Digər tərəfdən, İranın daxilində iqtisadi-siyasi və sosial sahələrdə böyük bir böhran var və onunla mübarizə apara bilmir. Bütün bunlarla yanaşı, dünyada təklənmiş bir ölkədir. İran bütün bu böhranlardan fikirləri müvəqqəti də olsa başqa bir yerə çəkməyə çalışır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İranı bir qədər aqressivləşdirəcək. Lakin əməldə bir şey edə bilməz, bu, aqressiya, verilən bəyanatlar, hansısa fikirlər çərçivəsində olacaq. Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. İnanıram ki, hər bir halda Azərbaycan dövləti İranın daxildə törədə biləcəyi bütün təxribatlara da hazırlıqlıdır”, – Ə.Obalı əlavə edib.

Əhməd Obalı: “ABŞ prezidenti azərbaycanlı görən kimi deyirdi ki. ” – MÜSAHİBƏ

– 1997-ci ildən Dünya Azərbaycanlıları Konqresi yaradılan gündən o təşkilatda olmuşam. 1998-ci ildə Vaşınqtondakı ikinci qurultayın təşkilatçılığını etmişəm. Ondan sonra da İdarə Heyətinə seçilib, Beynəlxalq əlaqələr bölməsində məsul vəzifədə çalışmışam. BMT-nin İnsan Haqları qrupları ilə əməkdaşlıq etmişəm. Bir müddət sonra isə özüm qərar verdim ki, xalqımın, xüsusən də Güneydəki azərbaycanlılarımızın hüquqlarının qorunması üçün öncə millətimizi oyatmaq lazımdır. Bəli, BMT bizim lehimizə yazı yaza bilər, amma onun əlində elə bir mexanizm yoxdur ki, gedib hüquqlarımızı alıb, bizə versin. Onu yalnız özümüz edə bilərik. Bunun üçün də millətimiz oyanıb, haqqını tələb etməlidir. Məhz bu məsələlərə görə düşündüm ki, bizə müstəqil və yurdumuzun problemlərindən bəhs edən televiziya lazımdır. Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları bu yükü daşıya bilməzdilər. Çünki İranla Azərbaycan arasındakı münasibət kəskin həddə çatardı. Düşündüm ki, biz güneylilər yaramızı özümüz sarmalıyıq. Kanalın fəaliyyətini cəmi 14 ay üçün nəzərdə tutmuşduq. 7 ay tamam olanda pulumuz bitdi.

– Özü də bildiyim qədərilə kanalın fəaliyyətinə kifayət qədər böyük məbləğ qoyulmuşdu.

– Bəli, az pul deyildi. Öncədən hesaba almadığımız xərclər çıxdı ortaya. Canlı yayımda efirdə maliyyə dəstəyi istədim. Külli miqdarda kömək gəldi, həmin yardımların bir qismi hələ də davam edir. Və bu gün artıq dediyimiz kimi 14 yaşımız var. Günaz TV professional televiziya kanalı deyil. Sözün düzü, biz bunu istəmirik. Buna nə maddi gücümüz, nə də kadrımız var. Həm də, hazırda güneyli qardaşlarımızın buna ehtiyacı yoxdur. Biz aktivist kanal kimi fəaliyyət göstəririk.

– Əhməd bəy, əslində bu disaporumuz adına atılan çox sağlam addımdır.

– Bizim məqsədimiz güneyli qardaşlarımızın yanında olduğumuzu hiss etdirmək, onlarda milli dirçəliş ruhunu oyatmaqdır. Amerikanın demokratiyasına, müstəqilliyinə güvənərək, Birləşmiş Ştatların vətəndaşı kimi öz haqqıma sarılaraq bu fəaliyyəti davam etdirirəm.

– Əminəm ki, hətta Amerika kimi azad ölkədə missiyanız ucbatından az təqibə məruz qalmamısınız.

– Bu 14 il ərzində bizi təhdid də ediblər, tənqid də. Şantaj da olunmuşuq. Televiziyanı açanda artıq bu xoşagəlməz hallara hazır idik. Əslində kənardan baxsaq, bizim işimiz təzadlıdır. Həm asandır, həm də çətin. Təbii ki, bütün bu təhlükələrlə üz-üzə olmağımız çətindir, amma önəmsəməyib, işimizə davam edəndə çalışmaq da, amalımız uğrunda vuruşmaq da asanlaşır. Belə olan halda qarşı tərəf təngə gəlir.

– Maraqlıdır, bu ittihamlar nəticəsində Günaz TV fəaliyyətini sonlandırmaq təhlükəsi yaşayıbmı?

– Dəfələrlə olub. Özü də nəinki farslar, düşmənlərimiz ermənilər, PKK-çılar da bizə mane olmaq istəyiblər. Amma bunu edə bilməzlər, Amerikanın qanunlarına gücləri çatmaz. Amerika sağlam ölkədir, qanunlarla idarə olunur. Mənim gördüyüm işi elə ermənilərin özü də edə bilirlər. Bizi konstitusiya qoruyur. Qanunları çeynəmədiyimiz təqdirdə dövlət də arxamızdadır.

– Yəni heçmi məhdudiyyət qoyulmur?

– Heç bir məhdudiyyət yoxdur. Yetər ki, qeyri-qanuni işləməyək. İnsan haqqını tapdamayaq. İnsanlıqdan kənar işlər görməyək, vəssalam.

– Bəs Azərbaycan büronuzun neçə yaşı var?

– Azərbaycan büromuz 2007-ci ildən fəaliyyətə başlayıb. İndiki kimi yadımdadır, ilk binamız uşaqlar evinin həyətində yerləşirdi.

– Niyə məhz uşaqlar evinin həyətində?

– Düzü, başqa yer tapmadıq.

– Bəlkə də bu bir rəmz imiş.

– Bəlkə də. Tam yerinə düşüb. O qədər soyuq və köhnə bina idi ki, işçilərimiz xəstələnirdi. Sonra bir neçə məkan dəyişdik. İndiki binamız daha genişdir.

– Büronuz kifayət qədər də fəaldır və maraqlı verilişlərlə diqqəti cəlb edir.

– Bəli, buradakı həmkarlarımız sağ olsunlar. Yaxşı işləyirlər.

– Əhməd bəy, həyatının böyük hissəsini Amerika kimi nəhəng ölkədə yaşayan ziyalımız kimi necə düşünürsünüz, cəmiyyətimizdə çatışmayan cəhətlər hansılardır?

– Mən Məmməd Əmin Rəsulzadəni çox sevirəm. O dünyəvi şəxsiyyətdir. Vətənimiz üçün çox böyük işlər görüb. Bilirsiniz, onun yaxşı işi nə idi? 1918-ci ildə bəşəriyyətin arzu etdiyi dövlət islahatlarının əsasını qoyub. Cümhuriyyət, parlament sistemi, ədalət, azadlıq, demokratiya, qadın və kişi bərabərliyi, işçilərin hüququ. Baxın, bütün bunlara görə Rəsulzadə bizim ürəyimizdə elə kök salıb ki, onun etdiklərini əlimizdə bayraq edib, dünyaya səs sala bilərik, belə bir insanın nəvələriyik, yaratdığı cümhuriyyətin davamçılarıyıq. Biz bugünədək Rəsulzadənin şəxsi həyatı ilə maraqlanmamışıq. Onun qazandığı pul haqda heç danışan yoxdur. Araşdırmalarımdan bilirəm ki, kasıb olub. Onu bizim qəlbimizdə böyüdən vətən sevgisidir. Bir azərbaycanlı kimi arzu edərdim ki, Rəsulzadənin yolunu davam etdirək. Vilson kimi prezident, tarixi şəxsiyyət Paris Sülh Konfransındakı iştirakından sonra Amerikada hansı məclisdə iştirak edirmişsə, görüşdüyü nümayəndə heyətlərinin içərisində yalnız azərbaycanlıların adını çəkib, onlar haqda yüksək fikir söyləyirmiş. Vilsonun xatirələrində çox maraqlı məqam var. O, qeyd edir ki: ”Bu insanların haralı olduqlarını soruşanda bildirdilər ki, Azərbaycandan gəliblər. Mən çox utandım, çünki həmin ölkəni tanımırdım, amma bu məmləkətdən gələn insanlar mənim dilimdə danışırdılar. Amalları, məqsədləri demokratiya, insanlara azadlıq idi. Eynilə bizim kimi. ”

Bir azərbaycanlı olaraq arzu edərəm ki, vətənimdə iqtisadi durum hamı üçün əla olsun. Amma uzaqda olduğuma görə deyə bilmərəm ki, hansı islahatlar aparılsın, hansı daha əlverişli ola bilər. Belə ciddi məsələlər haqda qəti fikir söyləmək üçün burada yaşamaq lazımdır. Mənsə uzun illərdir vətənimdən uzaqdayam. Digər bir tərəfdən Azərbaycan çox gənc dövlətdir. Biz istəyərik ki, ölkəmizdə günü bu gün hər şey ideal olsun. Amma reallıq da var. Proses getməlidir. Tələsməklə olmur, zaman lazımdır. Azərbaycan sıfırdan dövlətə çevrilib, müstəqillik qazanıb, bir yandan da savaş, müharibə. Ölkənin 1 milyon insanı məcburi köçkündür. Çox ağır vəziyyətdir. Bu durumu aşıb, Sovet sistemindən qalmış köhnə fikirli insanların düşüncələrini dəyişmək böyük güc tələb edir. Şəraiti nəzərə alsaq, yaxşı gəlmişik. Qüsurlar var, bunu iqtidar da, müxalifət də deyir. Ancaq biz qürbətdə yaşayanlar bu münaqişəyə qarışmamalıyıq. Əlimizdən gəldiyi qədər ölkəmizin inkişafına dəstək olmalıyıq.

– Əhməd Obalının uşaqlığı maraqlıdır mənə.

– Şahsevənəm, Obalıyam. Savalanın ətrafında böyümüşəm. 11-ci sinfə qədər Ərdəbilin Savalan ətrafı Mişgin bölgəsində böyümüşəm. 11-ci sinfdə siyasi görüşlərimə görə zindana düşmüşəm. 53 gün həbsdə qalmışam. Döyülmüşəm, işgəncə veriblər, amma bu cavanlığımın həyəcanlı xatirəsidir.

– Nə səbəbdən həbs olunmuşdunuz?

– O zaman əsas amalımız rejimə qarşı mübarizə idi. Sizə tam səmimi bir etiraf edim, mən Azərbaycanımı sevməyi, onun yolunda mübarizə aparmağı qürbətdə öyrənmişəm. Doğrudur, hələ İranda yaşadığım dövrdə “Azərbaycan” jurnalı alıb, oxuyurduq. Elə o vaxt kiril əlifbasını da öyrənmişdim. Amma azərbaycançılıq, vətən məhəbbəti, milli dirçəliş ruhu mənə gəncliyimin son illərində Amerikada yaşadığım dövrdə gəlib.

– Neçə ildir Amerikada yaşayırsınız?

– Artıq 33 ildir. Demək olar ki, qürbətdə böyümüşəm.

– Əhməd bəy, bu günlərdə sevimli şairimiz Məmmədhüseyn Şəhriyarın büstünü söküb, atdılar. Xalqımıza qarşı bu sayğısızlıq nə vaxta qədər davam edəcək?

– Bilirsiniz, bu ilk deyil, son da olmayacaq. Şəhriyarın, Səttarxanın heykəllərinə qarşı bugünədək dəfələrlə hörmətsizlik olunub və bu davam edəcək. Çünki orada bizi qoruyan dövlət yoxdur. Dövləti olmayan millətin də başına min müsibət gələr. Bu təbiidir. Bu məsələyə tək Şəhriyarın heykəli bucağından yox, ümumi baxmaq lazımdır. Baş verənlər millətimizə edilən təhqirin yalnız balaca bir hissəsidir. Necə ki, Xocalı soyqırımı xalqımızın başına gətirilən zülmlərin yalnız kiçik bir epizodudur. Şəhriyarın yeni büstünü yaratmaqla məsələ bitməyəcək. Problemi kökündən həll etmək lazımdır. Bunun üçün də dövlət quruculuğu, milli dirçəliş ruhu şərtdir.

– Bu gün həmçinin sosial şəbəkələrdə güneyli qardaşlarımızla bağlı kədərli fotolar, videolar izləyirik. Ana dilində danışmağa cəhd edənə işgəncə verirlər. Dilimizin tədrisi ixtisar olunur.

– Dilimizdə danışana yox, dilimizin tədrisini tələb edənlərə əziyyət verirlər. Məsələn, mən uşaqlıqdan evimizdə öz dilimdə danışmışam. Amma məktəbdə tədris farsca olduğu üçün məcbur olub, fars kəlimələrindən istifadə etmişik. Bir də dövlətin siyasətinə əsasən radioda səslənən azərbaycandilli verilişlərdə 100-də 60 faiz farsca danışılmalıdır. Necə ki, sovet dövründə insanlarımız rus dilində danışmağa məcbur edilmişdilər, İranda da bənzər vəziyyətdir. Ancaq dilimizdə danışmağa qadağa yoxdur, ola da bilməz. Heç bir məmləkətdə insanlara evində, doğmaları, dostları ilə doğma dilində danışmaq qadağası qoyula bilməz. Bunun yerinə təhsil qadağan olunur və ədəbi, yazılı dilimiz şifahi dilə dönür. Nəticədə isə kəlimələrimiz azalır. Getdikcə bir neçə sözlə kifayətlənəcəyik. Bu yolverilməzdir.

– Əhməd bəy, bəlkə də bu poetik bənzətmə olacaq, amma mənim üçün güneyli qardaşlarımız atılmış uşaq kimidirlər. Çünki kimsəsizlər evində böyüyən uşaqlar da valideynlərini xüsusi məhəbbətlə sevirlər. Məncə, güneyli qardaşlarımız vətənimizə, dilimizə bizdən daha çox bağlıdırlar.

– Bilirsiniz, qürbətdə, eləcə də Güneydə yaşayan, milli dövləti olmayan soydaşlarımızın vətən həsrəti bir başqa olur. Burada isə bizimdir deyib, bir az arxayınlaşırıq.

– Günaz TV-nin gələcək planlarında nələr var?

– İşimizə davam. Mümkün qədər yeni proqramlar, sənədli filmlər hazırlayacağıq. Arzularımız çoxdur, amma ayağımızı yorğanımıza görə uzatmalıyıq. Hətta ola bilər ki, 5 aydan sonra kanalımızın fəaliyyəti dayansın. Çünki, heç bir dövlət dəstəyi almırıq.

– Ömrünün 33 ilini Amerikada yaşamış biri kimi sizə qəlbən hansı millət daha yaxındır, amerikalılar, yoxsa azərbaycanlılar?

– Ümumiyyətlə, insan yaşadığı ərazidən təsirlənir. Bu təbiidir. Bir də uşaqlıqdan qanına, canına hopan adət-ənənələrin, milli dəyərlərin var ki, bu da vətən sevgisi formalaşdırır. Bu baxımdan mən daha çox azərbaycanlıyam və milli mənsubiyətimlə qürur duyuram. Mənim üçün Azərbaycan dünyanın ən yaxşı ölkəsidir. Hər kəs üçün onun vətənindən, doğma ölkəsindən üstün məmləkət yoxdur. Amma ümumi götürəndə ideal dövlət deyilən anlayış yoxdur. Ola da bilməz. Buna baxmayaraq Amerika da mənə çox əzizdir. Baxın, mən bu ölkədə vətənimdə gerçəkləşdirə bilməyəcəyim işləri həyata keçirirəm. Bu gün Ərdəbildə yaşamış olsaydım, eyni işləri görə bilməzdim. Amerika isə istənilən halda öz vətəndaşı üçün münbit şərait yaradır. Buna baxmayaraq, onun da ədalətsizliyi var.

– Təbii ki, istənilən cəmiyyətdə bu hal qaçınılmazdır. Maraqlıdır, bu cəhətə Amerikada harada rast gəlirsiniz?

– Bilirsiniz, kapitalizm özü ədalətsizlik deməkdir. Amma buna baxmayaraq, Amerikanı sistem idarə edir, fərdlər yox. Bu ölkənin sütunu güclüdür. Mən ana vətənimə xidmət etmək üçün Amerikadan güc alıram. Amerika fürsətlər ölkəsidir. Bacarığı olan yararlana bilir. Bu isə təbii ki, öz fikrimdir. Gözəl ölkədir, insanları arasında fərq qoymur.

– Fürsətlər ölkəsi oduğunu çox gözəl qeyd etdiniz. Kim düşünərdi ki, vaxt gələcək, Donald Tramp kimi şoumen dövlət idarə edəcək.

– Görürsünüzmü, tam demokratiyadır. Bu seçim azadlığı deməkdir.

– Əhməd Obalı üçün qadın kimdir?

– Qadın mənim anamdır, bacımdır, övladımın anasıdır, dostumdur, həmkarımdır. Mənimlə 100 faiz eyni hüquqa malik, məndən tam fərqli düşünmək imkanına sahib insandır. Qadın da, kişi də insandırlar. Onların bir-birindən üstünlüyü yoxdur. Onlar toplumumuzu ayaqda saxlayan iki ünsürdürlər. Qadın da, kişi də bərabərdirlər.

– Söhbətimizə bundan gözəl sonluq ola bilməzdi. Əhməd bəy, sizə dərin minnətdarlığımı bildirirəm. Növbəti səfərinizdə görüşmək ümidi ilə.

– Çox sağ olun. Təşəkkür edirəm.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Comments are closed, but trackbacks and pingbacks are open.