Press "Enter" to skip to content

GEOPOLİTİKANIN MARAQLARI NAMİNƏ

Burada ilk sırada FETÖ-çülərin Almaniyada rahat dolaşması yer alır. Berlin onların heç birini Türkiyəyə vermək fikrində olmadığını ifadə edib. Angela Merkel FETÖ ilə bağlı əlavə dəlillərin təqdim edilməsinin lazım olduğunu deyib. Türkiyə siyasi dairələri buna sərt reaksiya veriblər.

Türkiyə Prezidenti Almaniyada: geosiyasi maraqlar və yeni suallar

Türkiyə-Almaniya münasibətlərində gərginliyin olduğu hamıya məlumdur. İki ölkə bir sıra məsələlərdə ortaq mövqeyə gələ bilmirlər. Berlin Ankaranı insan haqlarını pozmaqda ittiham edir. Ankara isə Almaniyanın Türkiyə əleyhinə pozuculuq fəaliyyəti aparan dairələri müdafiə etdiyini deyir. Konkret olaraq Türkiyə FETÖ və PKK-ya alman rəsmi məqamların imkanlar yaratdığını ifadə edir. Bundan başqa, Avropa İttifaqına üzvlük məsələsində də iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bütün bunlarla yanaşı, Berlin-Ankara münasibətlərinin inkişaf etməsini zəruri edən başqa geosiyasi faktorlar da vardır. Onlar qlobal və regional xarakterlidir.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bu cür ziddiyyətli situasiyada Türkiyə Prezidentinin Almaniyaya səfər etməsi aktual idi. Üstəlik, Rəcəb Tayyib Ərdoğan Köln şəhərində inşa edilən yeni məscidin açılışında da çıxış etmək imkanı əldə edirdi. Bu isə son illər ona Almaniyada çıxış etməyə mane olanlara yaxşı cavab idi. Bütün bu məqamların fonunda Türkiyə Prezidentinin Almaniya səfərinin geosiyasi konteksti üzərində geniş dayanmaq maraqlıdır.

Köhnə problemlərə yeni yanaşma: Ankara-Berlin xəttindəki dəyişikliklər

Türkiyə Prezidentinin Almaniyaya səfəri bir neçə aspektdən önəm daşıyırdı. Hər şeydən öncə, bu iki dövlət arasında böyük dostluq ənənəsi mövcuddur. Tarixdən məlumdur ki, Osmanlı-Almaniya münasibətləri son əsrlər strateji maraqların uyğunlaşdırılması müstəvisində inkişaf etdirilirdi. Sonra Türkiyə Cümhuriyyəti ilə Almaniya arasında yaxın əlaqələr formalaşdı. Bu prosesdə Almaniyaya mühacirət edən türklərin rolu böyük oldu. Hazırda Almaniyada 3,5 milyon türk yaşayır. Onların böyük əksəriyyəti Türkiyəyə sevgilərini saxlayırlar. Nəhayət, Almaniya Türkiyənin 10 illərdir can atdığı Avropa İttifaqının ən çox inkişaf edən qüdrətli iqtisadiyyata və gəlişmiş texnologiyaya malik böyük ölkəsidir.

Lakin bir müddətdir ki, Almaniya-Türkiyə münasibətləri ciddi problemlər daşıyırdı. Almaniya FETÖ və PKK-ya gizli dəstək verdiyindən Ankara onun qarşısında tələblər qoydu. Almaniya da qarşılığında Türkiyədə demokratiya və insan haqları ilə bağlı problemlərin olduğu iddiasını irəli sürdü. Bunun fonunda Berlin türk rəsmi şəxslərinin Almaniyada çıxış etməsinə əngəllər yaratdı. Bunun fonunda isə bütövlükdə Türkiyə-Aİ münasibətləri axsamağa başladı.

Sadalanan problemlər həm Almaniya, həm də Türkiyədəki seçkilərdən sonra yumşalmağa başladı. Türkiyənin yeritdiyi inamlı xarici siyasət Berlinə öz mövqeyinə yenidən baxmaq imkanı verdi. Bununla yanaşı, Vaşinqtonun sərt Avropa siyasəti və Rusiyanın Ankara ilə sürətlə yaxınlaşması Almaniyadakı siyasiləri hərəkətə keçirdi. Alman rəsmi dairələri dəfələrlə Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bəyan etdilər. Nəhayət, sentyabr ayında Almaniyanın xarici işlər naziri Ankaraya səfər etdi. Bu səfər uğurlu oldu və tərəflərin milyardlarla avro həcmində layihə həyata keçirmək niyyətində olduqları informasiyası yayıldı.

Bütün bunlarla yanaşı, Berlin İdlib və miqrant məsələsində Ankaranın doğru mövqeyini görməmiş deyildi. Hər iki problemin həllində Almaniya Türkiyəni dəstəklədiyini açıq bəyan etdi. Əslində, Angela Merkel daim Türkiyənin miqrant siyasətinə yüksək qiymət verərək, Aİ-də bir sıra liderlərlə mübahisəyə girməkdən çəkinmirdi. Zaman alman kanslerin haqlı olduğunu təsdiqlədi.

Prezident Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müşahidə edilən bu cür proseslər fonunda Almaniya dövlət səfərinə getməsi, əlbəttə, maraq doğuracaqdı. Etiraf edək ki, heç də bütün ekspertlər bu məsələyə obyektiv yanaşmadılar. Bəziləri R.T.Ərdoğanın səfərinin əhəmiyyətini azaltmağa çalışdılar. Hətta Türkiyə Prezidentinin nə səbəbdən alman rəsmi məqamları tərəfindən yüksək səviyyədə qarşılandığına belə qısqanclıq nümayiş etdirdilər. Onlar sual edirlər: nəyə görə Vladimir Putinə belə yüksək diqqət göstərmədilər? Cavabların bir qismi isə qeyri-ciddidir. Bu vəziyyəti R.T.Ərdoğana olan şəxsi münasibətlə, yəni “onu yaxşı qarşılayanda güzəştə gedir” kimi cəfəng fikirlərlə izah etməyə cəhdlər göstərirlər.

Rusiya Prezidenti ilə bağlı bir şey deyə bilmərik. Bu, Almaniya ilə Rusiyanın öz işləridir. Ancaq Türkiyənin dövlət başçısını ona görə yüksək səviyyədə qarşıladılar ki, Türkiyə Yaxın Şərqin ən qüdrətli dövləti və Avropa ilə sıx əməkdaşlığa can atan, inkişaf edən, dünya miqyasında artıq söz sahibi olan böyük dövlətdir! Bunu indi hər kəs etiraf edir. Hətta ABŞ belə İdlib məsələsinə görə, Türkiyəyə təşəkkür edir. Almaniya, Fransa ayrıca razılıqlarını bildirirlər. İndi Türkiyə bütün sahələrdə, o cümlədən siyasət və təhlükəsizlik sferalarında ciddi uğurlar əldə edən böyük gücdür. R.T.Ərdoğanın Almaniyada böyük hörmətlə qarşılanmasının başqa qlobal səbəbləri yoxdur. Əgər məsələyə iki ölkənin konkret münasibətləri kontekstində yanaşsaq, onda digər maraqlı faktlara rast gələ bilərik.

Yaxınlaşma imkanları: ortaq mövqe axtarışı

Məsələ ondan ibarətdir ki, Türkiyə Avropanın cənub sərhədlərinin ən güclü qoruyucusudur. İtaliya və Yunanıstanın miqrant məsələsində tutduqları fərqli mövqe bir daha göstərdi ki, Aİ-nin demoqrafik tarazlığının qorunmasında Ankaranın rolu həlledicidir. Çünki neçə illərdir ki, Türkiyə imzaladığı sazişə dəqiq əməl edərək Avropaya miqrant axınının qarşısını alır. Belə bir tərəfdaşla soyuq münasibətlər saxlamaq Almaniya üçün böyük itki olardı.

Avropa İttifaqı liderlərinin Zalsburqda keçirilən sammitindən sonra bu, daha çox aydın oldu. Orada İtaliya, Macarıstan, Çexiya və bir sıra digər üzv dövlətlər açıq nümayiş etdirdilər ki, Brüsselin miqrasiya siyasətinə əməl etməyə bilərlər. Türkiyə isə tam olaraq Brüsselin maraqlarına cavab verən mövqe tutub. Təbii ki, bu, Almaniya və Fransa üçün bir fürsətdir.

Türkiyə-Almaniya münasibətlərinin inkişafını təbii edən digər məqam ABŞ-Rusiya qarşıdurmasının kəskinləşməsi fonunda Moskvanın Ankara ilə strateji tərəfdaşlıq səviyyəsində əlaqə yaratması ilə bağlıdır. Söhbət sürətlə güclənən Türkiyənin kiminlə yaxın olacağından gedir. Dünyanın böyük dövlətlərinin hamısı bunda maraqlıdırlar. Xüsusilə Rusiya daha artıq canfəşanlıq göstərir. İdlib məsələsində Moskva Ankara ilə razılaşmaqla bu istiqamətdə daha qərarlı olduğunu nümayiş etdirdi. Eyni zamanda, Moskva Türkiyəyə S-400 raket komplekslərini daha tez vaxtda verəcəyini bəyan etdi. Deməli, Yaxın Şərq və Avropa üçün ciddi əhəmiyyəti olan prosesdən söhbət gedir. Almaniya kimi böyük bir dövlət bu gedişata seyrçi qala bilərmi?

Qətiyyən qalmazdı və qalmadı da. Rəcəb Tayyib Ərdoğan Almaniyada səmərəli danışıqlar apardı. Ancaq bu, heç də bütün məsələlərdə ortaq mövqeyə gəlindi anlamını vermir. Tərəflər aralarında olan məsələləri açıq müzakirə etdilər. Bir sıra məqamlarda fikir ayrılıqları qaldı. Məsələn, insan haqları ilə bağlı Berlin iradlarını yenilədi. Türkiyə Prezidenti isə terror qruplarına qarşı Almaniyanın tutarlı addımlar atmasını istədiklərini bir daha bəyan etdi.

Burada ilk sırada FETÖ-çülərin Almaniyada rahat dolaşması yer alır. Berlin onların heç birini Türkiyəyə vermək fikrində olmadığını ifadə edib. Angela Merkel FETÖ ilə bağlı əlavə dəlillərin təqdim edilməsinin lazım olduğunu deyib. Türkiyə siyasi dairələri buna sərt reaksiya veriblər.

Bununla yanaşı, Ankara PKK-ya qarşı Almaniyanın daha qərarlı davranmasını tələb edib. Bu məsələdə də qeyri-müəyyənlik qalmaqdadır. Aydın hiss edilir ki, Berlin əlində olan kartları xərcləmək fikrində deyil.

Türkiyə Prezidenti bunlardan başqa bir məsələni də müzakirə edib. O, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı avropalıların mövqelərini dəqiqləşdirməsini istəyib. Konkret olaraq R.T.Ərdoğan A.Merkelə deyib ki, “qəbul etmirsinizsə, açıq deyin, biz də işimizi bilək”. Ancaq A.Merkel konkret “yox” deməyib. Bununla bağlı Türkiyə Prezidenti Aİ-yə üzvlülüklə bağlı referenduma gedə biləcəklərini bəyan edib. Yəni Ankara əhalinin Aİ-yə münasibətini ifadə etməsinə şərait yaratmaq fikrindədir. Əgər xalq “yox” desə, onda hakimiyyət uyğun addımlar atacaq.

Berlində Türkiyə rəhbərliyinin mövqeyinin çox ciddi olduğunu bilirlər. Əslində, R.T.Ərdoğan uzun müddətdir ki, Aİ ilə olan məsələni qəti həll etmək fikrində olduğunu deyir. Hətta Türkiyənin Aİ-yə ehtiyacı olmadığı barədə danışırlar. Çünki Türkiyə özü lider gücə çevrilir. Bundan başqa, Türkiyə Prezidenti hansı səbəbdən Brüsselin məsələni süründürdüyünün əsl mahiyyətini bildiyini də gizlətmir. Deməli, Türkiyə-Aİ münasibətləri real olaraq dərin böhran mərhələsinə qədəm qoya bilər. Çox güman ki, hər şey Türkiyədə Aİ-yə münasibətlə bağlı keçiriləcək referendumdan sonra məlum olacaq.

Beləliklə, R.T.Ərdoğanın Almaniyaya dövlət səfəri olduqca böyük əhəmiyyəti olan səfərdir. İki böyük dövlət gələcək münasibətlərin hansı prinsiplər üzərində qurula biləcəyini müzakirə ediblər. Mümkündür ki, növbəti səfərlərdə artıq başqa şərtlər önə çıxsın. Lakin hələlik İstanbulda Almaniya Kansleri Fransa və Rusiya prezidentləri ilə birgə R.T.Ərdoğanla yenidən dünya məsələlərini müzakirə etməli olacaq. Yəni faktiki olaraq Almaniya Türkiyənin dünyadakı rolunu qəbul etmiş olur. Bu baxımdan Türkiyə Prezidentinin Almaniya səfəri geosiyasi mühitdə çox şeyləri dəyişə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

GEOPOLİTİKANIN MARAQLARI NAMİNƏ

Köhnəlmiş güc oyunları yenidən beynəlxalq münasibətlər sahəsinə dönür

Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı

Geopolitika müxtəlif ölkələrin və ya regionların coğrafi faktorlarını nəzərə alaraq, planetar miqyasda onların qarşılıqlı əlaqəsini öyrənir. Başqa sözlə, geosiyasət geoməkan üzərində nəzarət mexanizmlərini və formalarını, dünya hökmranlığının təbiətini, qlobal liderlik qanunlarını, siyasi güc mərkəzləri arasında münasibətlərin coğrafiyasını araşdırır. Tanınmış alman alimi K. Xausxofer geosiyasəti dövlətin “coğrafi idrakı” kimi qiymətləndirib. Hələ geosiyasət elminin yaradıcıları və klassik geosiyasət məktəbinin nümayəndələri iddia edirdilər ki, dövlətlərin və ya dövlətlərarası ittifaqların beynəlxalq və hərbi-siyasi qüdrəti coğrafi amillə sıx bağlıdır. Bu üzdən də dövlətlərin xarici siyasəti, ilk növbədə, öz “oykumenini” (həyat məkanı) genişləndirilməsinə, resurslar uğrunda mübarizəyə, ərazilərə nəzarətin ələ alınmasına, nüfuz dairələrinin bölüşdürülməsinə və yenidən bölüşdürülməsinə yönəlib. Bu mənada aparıcı rol hər zaman böyük dövlətlərə məxsus olub və bu, tamamilə izaholunandır. Əksər alimlərin fikrincə, geosiyasi konsepsiyalar prinsipcə onların geosiyasi iddialarının əsaslandırılması üçün çox vacib elmi alətdir. Bəşəriyyət tarixində ərazilərə nəzarətin ələ keçirilməsi, həyat məkanının genişləndirilməsi uğrunda mübarizə müxtəlif vasitələrlə həyata keçirilib. Bu, beynəlxalq siyasi konyunkturdan asılı olub. İlkin mərhələdə və böyük coğrafi kəşflər dövründə o, birbaşa hərbi müdaxilə və işğal, kiçik ölkələrin nəhəng dövlətlər tərəfindən “udulması” yolu ilə həyata keçirilib. Buna bariz nümunə kimi, çoxsaylı müharibələri, xüsusilə bəşəriyyətin yaşadığı iki dünya müharibəsini göstərmək olar. Qloballaşma dövrünün gəlməsilə güc mərkəzləri geosiyasi nüfuzlarının genişləndirilməsi uğrunda mübarizəni daha mahir üsullarla aparmağa başlayıblar. Bununla yanaşı, birbaşa hərbi müdaxilə variantı heç də aktuallığını tam itirməyib. Ərazilərə nəzarətin ələ keçirilməsi uğrunda mübarizə üsullarından asılı olaraq, alimlər 4 geosiyasi paradiqma müəyyənləşdiriblər: hüquqi və ya milli-dövlətçilik, ideoloji, sivil və geoiqtisadi-informasiya. Dünyanın geosiyasi xəritəsində onların hər birinin özünəməxsus yeri var. Maraqlıdır ki, ideoloji qarşıdurmanın və ikiqütblü dünyanın yox olmasına, ABŞ-ın dünya liderinə çevrilməsinə yol açmış hadisədən – “soyuq müharibə”nin başa çatmasından sonra əksər Qərb alimləri geosiyasətin də başa çatdığını bildirirdilər. Onların fikrincə, bundan sonra millətlərin və dövlətlərin, o cümlədən milli təşkilatların siyasətində prioritet bütünlükdə bəşəriyyət üçün təhlükə yaradan qlobal problemlərin (beynəlxalq terrorçuluq, nüvə silahının yayılması, ərzaq və ekoloji təhlükəsizlik və s.) qarşısının alınması, həlli olacaq. Yəni ayrı-ayrı dövlətlərin geosiyasi iddiaları artıq dünyada yaşanan proseslərdə əsas rolda olmayacaq. Bu fikirlə razı olmayan digər alimlər isə belə bir versiya irəli sürüblər ki, milli dövlətlərin əhəmiyyətinin azalması fonunda bundan sonra geosiyasi qarşıdurmalar və mümkün müharibələr mövcud sivilizasiyalar arasında baş verəcək (S.Hantinqonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi). Bu, geosiyasi mübarizənin daha geniş miqyası və sərt xarakteri deməkdir. Çünki dini və etnik ziddiyyətlərdə kompromisə gəlmək son dərəcə çətin olur. Ən başlıcası, müasir dövrdə virtual informasiya məkanı müstəsna rola malik olacaq. Burada informasiya texnologiyaları vasitəsilə geosiyasi mübarizənin yeni formaları üzə çıxır.

Amma artıq bir müddətdir ki, xüsusilə Yaxın Şərqdə və Ukraynada baş verənlər fonunda Qərb alimlərinin bir hissəsi geosiyasətin geri döndüyü haqda danışmağa başlayıblar. Onların iddiasına görə, revzionist fövqəldövlətlərin – Rusiya, Çin və İran – hesabına dünyada yenidən geosiyasi rəqabət ön plana çıxıb və beynəlxalq münasibətlər sahəsində köhnəlmiş güc oyunları qayıdıb. Düşünmək olar ki, bu mübahisədə ən yaxşı hakim yalnız son hadisələrin deyil, həm də “soyuq müharibə”nin bitimindən sonra yaşanan beynəlxalq proseslərin qiymətləndirilməsi ola bilər.

Şübhəsiz, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən, Qərb, xüsusilə də ABŞ dünyanı beynəlxalq terrorçuluqla mübarizədə bir araya gətirə bilib. Bununla yanaşı, Qərb Moskvanın ənənəvi olaraq, yalnız öz geosiyasi maraq dairəsi saydığı postsovet məkanında mövqelərini gücləndirmək üçün Avropa İttifaqının və NATO-nun genişləndirilməsi siyasətini həyata keçirib. Prinsipcə, Qərbin təşəbbüsü ilə bir sıra postsovet ölkəsində həyata keçirilmiş “narıncı inqilab”lar da eyni məqsədə qulluq edirdi – həmin ölkələrdə hakimiyyətə məhz qərbpərəst qüvvələr gətirilirdi. Eyni zamanda Vaşinqton bütün bu illər ərzində Çinin dünya arenasında artan geosiyasi nüfuzunun qarşısının alınması sahəsində səylərin birləşdirilməsi məqsədilə Moskvaya nəvaziş göstərirdi. Maraqlıdır ki, Rusiya ilə ABŞ arasında geosiyasi qarşıdurmanın kəskin şəkildə gərginləşməsi fonunda Vaşinqton artıq belə alyans təklifilə Pekinə üz tutur. Məqsəd Moskvanın artan geosiyasi iddialarının qarşısının alınmasıdır. ABŞ-ın Yaxın Şərq və Əfqanıstan siyasəti də yalnız beynəlxalq terrorçuluqla mübarizə məqsədi daşımırdı. Reallıq ondan ibarətdir ki, ABŞ bir sıra Yaxın Şərq ölkələrində “ərəb baharı” təşkil etməklə, həm də Moskva ilə İranın bu regiona təsir imkanlarını minimuma endirməyə və ya tamamilə yox etməyə çalışıb. Məsələn, Qərbin Suriyada uğur qazanacağı təqdirdə, Rusiya Tartusdakı hərbi-dəniz bazasını itirəcək və bununla da, Aralıq dənizində mövcudluğunun yeganə komponentini əldən verəcək. Üstəlik, Vaşinqton Yaxın Şərqdə sərhədlərin qismən yenidən formalaşmasına çalışır. Qərblə Rusiya arasında geosiyasi mübarizənin qızışması fonunda Ukraynadakı hadisələr xüsusi önəm daşıyır. Vaşinqton, Brüssel və Moskva Ukraynadakı əməllərini necə izah edirlər etsinlər, bu hadisələrin geosiyasi tərəfi sağlam düşüncəli insanlar üçün bəllidir. Hələ ötən əsrin əvvəllərində ingilis alimi H. Makkinder dünya üzərində hökmranlığın ələ alınması üçün “Hartlend”in (oxu: Avrasiya məkanı) müstəsna əhəmiyyətini ifadə etmişdi. Amerikalı geostrateq Z. Bjezinski isə Rusiyanın neoimperiya iddialarında Ukraynanın vacibliyini dəfələrlə dilə gətirib. Rusiya ilə Qərbin Ukraynadakı maraqlar qarşıdurmasında əsas element məhz bu məqamlardır. Üstəlik, Moskva postsovet məkanında mövqelərinin gücləndirilməsi, daha dəqiqi onların üzərində tam geosiyasi nəzarətin yaradılması məqsədilə son illər bir neçə iddialı layihə ortaya qoyur. Yeri gəlmişkən, Moskvanın uzun müddət postsovet məkanındakı ərazi münaqişələrinin həllində obyektiv moderator rolunu oynamaq istəməməsi, ilk növbədə, onun məhz geosiyasi maraqları ilə izah olunur. Üstəlik, bu prosesin digər moderatorları da bu yaramaz nümunəyə əsaslanaraq, əsasən, məsələyə seleksiyalı yanaşma ortaya qoyurlar. Diqqətçəkən məqam Qərblə Rusiyanın siyasətində (xüsusilə Ukrayna hadisələri ilə bağlı) bütün geosiyasi paradiqmaların öz əksini tapmasıdır.

Birincisi, hər iki tərəf öz milli-dövlətlərinin maraqlarını səylə müdafiə edir. Artıq heç bir qlobal və ümumbəşəri maraqlar nəzərə alınmır. Ukrayna dövlətçiliyinin və Ukrayna xalqının maraqları və təhlükəsizliyi haqda isə ümumiyyətlə, düşünən yoxdur.

İkincisi, bu qarşıdurmada konkret olaraq mədəni-ideoloji və sivilizasiyalı fikir ayrılıqları var. Bu mənada, Ukraynanı nəinki ən yaxın ölkələrdən biri, hətta praktiki olaraq, özünün bir hissəsi sayan Rusiya orada Qərbin neoliberal dəyərlərinin yayılmasına qarşı çıxır. O, bu dəyərlərin təqlidi üçün heç də hər zaman yaxşı nümunə olmadığını bildirir.

Üçüncüsü, bu qarşıdurmada hər iki tərəfin informasiya texnologiyalarından necə istifadə etdiklərinin şahidiyik. Hətta bəzən elə hallar baş verir ki, insan nəyin doğru, nəyin yalan olduğunu müəyyənləşdirə bilmir.

Dördüncüsü, qarşı-qarşıya duran tərəflər idarəolunan xaos nəzəriyyəsindən gen-bol istifadə edirlər.

Təəssüf ki, bu reallıqlar Böyük Britaniyanın 35-ci baş naziri olmuş lord Q. Palmerstonun hələ XIX əsrin ortalarında irəli sürdüyü iddianın əsaslı olduğunu təsdiqləyir: daimi müttəfiqlər və daimi düşmənlər yoxdur, daimi və əbədi olan bizim maraqlarımızdır. Bu fikir nəinki bu gün də aktualdır, o, bəşəriyyət durduqca aktuallığını qoruyub-saxlayacaq. Çünki geosiyasi proseslər dəyişkən xarakterli, geosiyasi maraqlar isə əbədidir.

Dünyadakı proseslərin hərəkətverici qüvvəsi isə məhz onlardır.

Geosiyasi maraqlar

Müasir politoloji ədəbiyyatlarda, diplomatik danışıqlarda, eləcə də mətbuatda qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlər sistemində oynadıqları rol haqqında fikirlərə tez-tez rast gəlirik. Son illərdə Ərəb ölkələrində, Ukraynada və digər ölkələrdə baş verən məlum hadisələrdən sonra QHT-lərin dövlətlərin geosiyasi maraqlarının həyata keçirilməsində göstərdikləri fəaliyyətə diqqət daha da artmış və bu mövzunun araşdırılması xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Tədqiqatçıları, eyni zamanda ictimai fikiri belə bir sual düşündürməyə vadar etmişdir ki, QHT-lər, xüsusilə beynəlxalq QHT-lər nədir, necə fəaliyyət göstərir və hansı məqsəd və məramlara xidmət edir.

Məlum olduğu kimi, QHT-lər dövlətə və ya dövlətlərarası qurumlara bağlı olmayan, fiziki və ya hüquqi şəxslər tərəfindən yaradılan, fəaliyyətlərini dövlətə bağlı olmadan sürdürən hüquq subyektidir. QHT-lərin yaranma tarixi daha qədimə getsə də, müasir QHT-lərə xas xüsusiyyətləri özündə ehtiva edən qurumlar son iki yüz ildə yaranmışdır. Tarixdən məlumdur ki, dövlətlərin öz geosiyasi maraqlarının təmin olunması uğrunda mübarizəsi həmişə böyük müharibələrin baş verməsinə səbəb olmuşdur. Lakin İkinci Dünya Müharibəsindən sonra geosiyasi maraqlar uğurunda mübarizənin başqa bir istiqamətə yönəlməsinin şahidi oluruq. Bu zaman biz ayrı-ayrı dövlətlərin bir-birinə göstərdikləri humanitar yardımlar, demokratikləşmə və insan hüquqlarının təmin olunması üçün ayrılan maliyyə vəsaitlərinin miqyasının artdığını görürük. Əslində isə bütün bunlar həmin dövlətlərin geosiyasi maraqlarına xidmət edən məsələlərdir. İkinci Dünya müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində QHT-lərlə də bağlı müddəa öz yerini almışdır. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: “İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat Üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər”. Bundan başqa 1952-ci ildən ildən Beynəxalq QHT-lər Konfransı Avropa Şurası yanında məsləhətçi statusa malikdir. 2003-cü ilin noyabrında Beynəxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rol oynamasından irəli gəlirdi, Müasir QHT-lərə xas olan xüsusuiyyətlər BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilmişdir: Xüsusi şəxslər tərəfindən qurulması; Dövlətdən asılı olmaması; Şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; Könüllülük; Legitimlik. Amma baxaq görək hal-hazırda beynəlxalq QHT-lər öz üzərinə götürdükləri vəzifə və öhdəliklər, prinsipləri necə yerinə yetirirlər?

Tarixə nəzər salsaq, beynəlxalq QHT-lərin bir çox sahələrdə, misal üçün, müharibə zamanı yaralıların və hərbi əsirlərin, eləcə də mülki şəxslərin müdafiəsi, köləliyin ləğv edilməsi, qadınlara səsvermə hüququnun tanınması, tərksilah məsələlərində mühüm rol oynadıqlarını görə bilərik. Amma indki dövrdə bir çox beynəlxalq QHT-lər sənədlərindəki əsas prinsiplərdən kənara çıxaraq siyasi xarakter fəaliyyət göstərməyə başalayıblar. Müşahidə və araşdərmalar göstərir ki, insan hüquqları, fikir azadlığı, demokratiya kimi sahələrdə fəaliyyət göstərən QHT-lərin istifadə etdikləri meyarların nə olduğu, monitorinqləri hansı formul əsasında apardıqları və dövlətləri hansı dəyərlər əsasında bu və ya başqa kateqoriyaya aid etdikləri mücərrəd olduğundan, tərtib etdikləri hesabatlar heç də hər kəs tərəfindən birmənalı qarşılanmır və çox zaman qərəzlilikdə ittiham olunurlar. Analitiklərin qeyd etdiyinə əsasən, bəzi dövlətlər bilərəkdən QHT-ləri öz maraqları istiqamətində istifadə edir. Belə ki, özlərinin diplomatik norma və prinsiplərə sadiq olduqlarını göstərməyə çalışan bu cür dövlətlər başqa dövlətlər haqqında demək istədiklərini beynəlxalq QHT-lərin dili ilə deyir, beynəlxalq aləmdə onlar haqqında imic formalaşdırır və özlərinin xarici siyasətlərində həmin QHT-lərin hesabatlarına istinad edərək hərəkət edirlər. Bu səbəbdəndir ki, bu sahədə fəaliyyət göstərən beynəlxalq QHT-lərə bir çox ölkələrdə etimad azalmaqdadır. Bu cür təşkilatların ən maraqlı funksiyalarından biri də kadr hərəkətliliyidir. QHT-lərin subvensiya və yardım alma hüquqları mövcuddur və buna məhdudiyyət qoyulmur. Bu baxımdan, vəzifədə ikən “özlərini yaxşı aparan” və ya QHT-lərə yaxşı pul qazandıran inzibati-siyasi elita vəzifədən getdikdən sonra o təşkilatlarda “məsləhətçi” vəzifəsinə təyin edilir və olduqca yüksək məbləğdə məvacib alırlar. Nüfuzlu beynəlxalq QHT-lərin idarə heyətinin və məsləhət şurasının tərkibinə nəzər salarsaq, bizə heç də yad olmayan “sabiqlərin” simaları ilə rastlaşa bilərik. Təbii ki, QHT-lərin beynəlxalq fəaliyyətinin başqa məqsədləri də mövcuddur. Bunun ən bariz nümunəsi isə insan hüquqları və demokratiya devizi altında yürüdülən birbaşa müdaxiləçilikdir. Fransalı tədqiqatçı Mark Antuan Pöruz dö Monklonun araşdırmasına görə, Gürcüstan, Ukrayna və Qırğızıstan kimi ölkələrdə baş verən inqilabların aparıcı qüvvəsi məhz beynəlxalq QHT-lər olmuşdur. Bir çox analitiklər həmçinin “ərəb baharının” da eyni şəkildə beynəlxalq QHT-lərin fəaliyyəti sayəsində baş verdiyini ifadə edirlər. Tədqiqatçılara görə hələ 2007-2008-ci ildən başlayaraq, Azadlıq Evi, Beynəlxalq Respublikaçılar İnstitutu kimi amerikan QHT-ləri bloqerlərə, hərəkat liderlərinə konfranslar, treninqlər təşkil edərək inqilaba hazırlıq işləri görürdülər.

Bu yazılanlar onu deməyə əsas verir ki, beynəlxalq QHT-lər kənardan seyr edincə müstəqil fəaliyyət göstərən neytral, milli müstəvidə aid olduğu dövlətin maraqlarını yerinə yetirən, beynəlxalq müstəvidə isə digər ölkələrin dövlətlərinin maraqlarına zidd hərəkət edən təşkilat funksiyalarını yerinə yetirirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.