Geosiyasi maraqların toqquşmasında azərbaycanın milli təhlükəsizliyi
“NATO turisti” Paşinyana nə vədlər verdi?
Azərbaycanın geosiyasətinə yeni və fundamental baxış
Müstəqil xarici siyasət yürüdən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət olan Azərbaycan balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr formatında regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyində mühüm rol oynayır. Təbii ki, geosiyasətin Azərbaycan modeli barədə qiymətli fikirlər söylənilir, tədqiqat işləri aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” fundamental əsərini milli siyasətşünaslıq elmimizə dəyərli töhfə hesab etmək olar. Bu əsər dərslik yaradıcılığı baxımından da hadisə sayıla bilər.
Kitab haqqında qeydlərə keçməzdən əvvəl müəllif barədə bir neçə söz deməyə ehtiyac duyuram. Əli Həsənov media təmsilçilərinə daxili və xarici siyasətə dair mütəmadi açıqlamaları, bəzi beynəlxalq təşkilatların, dünya dövlətlərinin Azərbaycana münasibətdə əsassız, qərəzli qərar və bəyanatlarına, ədalətsiz mövqeyinə qarşı prinsipial, açıq və kəskin reaksiyası, tutarlı cavabları ilə yaxşı tanışdır. Onun geosiyasətlə bağlı bu prinsipial açıqlamaları cəmiyyət tərəfindən həmişə maraqla qarşılanır və rəğbət doğurur. Çünki Əli Həsənov Azərbaycan ətrafında cərəyan edən proseslərə diplomatik və elmi cəhətdən əsaslandırılmış qiymət verir, sözünü bir qayda olaraq açıq və cəsarətlə deyir. Elmi fəaliyyətinin tutduğu vəzifəyə adekvat olması, necə deyərlər, meydanı genişləndirir, yaradıcılıq potensialını zənginləşdirir. “Azərbaycanın geosiyasəti” kimi sanballı bir kitabın ərsəyə gəlməsində yəqin ki, bu amillər az rol oynamayıb.
Hər bir əsərin dəyəri onun aktuallığı, məzmun və mahiyyəti, cəmiyyət və oxucu üçün nə dərəcədə gərəkli, maraqlı olması ilə ölçülür. Bu meyarlarla yanaşdıqda, “Azərbaycanın geosiyasəti” kitab-dərsliyinin bir çox məziyyətləri dərhal üzə çıxır. Mən bu fundamental əsər barədə “kitab-dərslik” ifadəsini təsadüfi işlətmirəm. O, təkcə dərs vəsaiti kimi yalnız tələbələr, doktorantlar, sırf pedaqoji ictimaiyyət üçün deyil, geosiyasətlə məşğul olan mütəxəssislər, siyasətçilər, eləcə də bu sahə ilə maraqlanan hər kəs, bir sözlə, milli elita üçün mötəbər məlumat mənbəyidir.
Kitabın elmi aspektləri, bir dərslik kimi kəsb etdiyi dəyər barədə mülahizə yürütmək alimlərin, pedaqoqların işidir. Mən isə uzun illər çeşidli informasiyanın içərisində olan bir jurnalist və oxucu kimi diqqətimi çəkən bir neçə məqam haqqında fikirlərimi bölüşmək istərdim.
Yeni minillikdə dünyanın siyasi inkişafının paradiqmasında ciddi dəyişikliklər müşahidə edilir, elmi-politoloji leksikona yeni terminlər daxil olur. Bu terminlərdən biri də geosiyasətdir.
Geosiyasət böyük məharət və uzaqgörənlik, bir çox hallarda cəsarət və qətiyyət tələb edən diplomatiya sənətidir. Bunsuz xüsusən xarici siyasətdə uğur qazanmaq, ölkənin maraqlarını, dövlətin müstəqilliyini qorumaq mümkün deyil. Professor Əli Həsənov yeni əsərində mövzuya məhz bu nöqteyi-nəzərdən yanaşıb və məqsədə müvəffəqiyyətlə nail olub. Kitab-dərslik, ilk növbədə, oxucusuna siyasi rəhbərliyin müxtəlif dövrlərdə yeritdiyi geosiyasətin müqayisəsini aparmaq, dünya dövlətlərinin müasir beynəlxalq siyasətin nüfuz iyerarxiyasında sürətlə irəliləyən Azərbaycana münasibətini, bu baxımdan müxtəlif yanaşmaları qiymətləndirmək imkanı verir. Müəllif, eyni zamanda, bəzən üstündən sükutla keçilən, mahiyyəti hələ də tam açılmayan, ictimailəşdirilməyən hadisələr barədə sənədli-sübutlu faktları ortaya qoyur. Bir çox mötəbər mənbələrə istinad edərək tarixi həqiqəti olduğu kimi çatdırmağa çalışır.
Məsələn, tariximizin ən mürəkkəb dövrlərindən birində – 1920-ci il bolşevik işğalı ərəfəsində Türkiyənin Azərbaycanla bağlı yeritdiyi siyasət, Mustafa Kamal Atatürkün sovet rəhbərliyi ilə yazışmaları, Rusiya ilə bağladığı müqavilə barədə ictimaiyyətə indiyədək nə kimi məlumatlar çatdırılıb? Professor Əli Həsənov bəlkə də nadir tədqiqatçılardandır ki, tarixin obyektivlik prinsipinə axıradək sadiq qalaraq arxiv materialları, türk tarixçilərinin əsərləri əsasında həmin dövrün real mənzərəsini canlandırır, Türkiyə-Rusiya yaxınlaşmasının səbəblərini və bunun Azərbaycan üçün yaratdığı fəsadları açıb göstərir. Bu məqsədlə Türkiyə və Rusiya fondlarında, digər xarici ölkə arxivlərində saxlanılan çoxsaylı sənədlərə, mətbuatda dərc olunmuş məqalələrə istinad edir, türk tarixçilərinin əsərlərindən və onlarca digər mənbələrdən sitatlar gətirir. Etiraf etmək lazımdır ki, bu müəlliflərin və əsərlərin adını bir çox oxucu ilk dəfədir eşidir.
Türkiyəni Rusiya ilə yaxınlaşmağa vadar edən amilləri, eyni zamanda, Bakı neftini ələ keçirməyə can atan İngiltərənin Azərbaycanla bağlı siyasətini təhlil edən müəllif belə bir obyektiv nəticəyə gəlir: “Beləliklə, müsəlman-türk dünyası üçün ciddi itki hesabına olsa da, Rusiya-Türkiyə müttəfiqliyi baş tutdu. Bu müttəfiqlik Avropa və dünya ölkələri tərəfindən yenicə tanınmağa başlayan Azərbaycanın müstəqilliyinin taleyinə və sonrakı geosiyasi vəziyyətinə həlledici təsir etdi. Azərbaycanın geosiyasi vəziyyətinin dəyişməsinə beynəlxalq amillərin, biganəliyin də ciddi təsiri oldu”.
İngilis hökumətinin Azərbaycana inamının azalması nə ilə bağlı idi? Bolşevik Rusiyası Azərbaycanın istiqlalını niyə qəbul etmirdi? Türkiyənin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə etibar etməməsinin kökündə nə dayanırdı? Professor Əli Həsənov kitabında bu sualların hər birinə lakonik və aydın cavablar verir, fikrini konkret arqumentlərlə əsaslandırır.
Dörd bölmədən, on beş fəsildən ibarət “Azərbaycanın geosiyasəti” əsərində diqqət çəkən əsas məqamlardan biri onun tariximizin bütöv bir mərhələsini əhatə etməsidir. Kitabın ilk fəsillərində müəllif Azərbaycan ərazisində mövcud olmuş Manna, Atropatena, Albaniya kimi qədim dövlətlərin yeritdiyi siyasətə, Azərbaycanın siyasi coğrafiyasında zaman-zaman yaranan dəyişikliklərə dair yığcam şərh verir. Habelə, Atabəylər, Səfəvilər, xanlıqlar dövrünün siyasi mənzərəsindən, I Şah İsmayılın, I Şah Abbasın yeritdiyi siyasətin xarakterik cizgilərindən, Rusiya və Osmanlının regionda toqquşan maraqlarından bəhs edir.
Tariximizin taleyüklü mərhələlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü son illər bir çox tarixçilər, politoloqlar tərəfindən araşdırılıb, bununla bağlı xeyli məqalə, əsər və kitab yazılıb. Professor Əli Həsənov da kitabında həmin dövrə təbii olaraq xüsusi yer ayırır və oxucu müəllifin hadisələrə, geosiyasətə özünəməxsus, yeni və obyektiv baxışının şahidi olur. Ümumiyyətlə, fikirləri yığcam ifadə etmək, mahiyyəti bir neçə cümlə ilə açıb göstərmək və təhlili birbaşa hədəfə yönəltmək siyasətşünas alimin yaradıcılıq manerasına xas olan xarakterik xüsusiyyətdir. Təxminən 45 kitab səhifəsindən ibarət bu hissədə Azərbaycanın müstəqilliyinin elan olunmasının Cənubi Qafqaz regionunun geosiyasi vəziyyətinə təsiri, milli hökumətin geosiyasi fəaliyyəti və diplomatik manevrləri, xarici dövlətlərin Cənubi Qafqaz siyasəti və nəhayət, Xalq Cümhuriyyətinin iflası və bunun geosiyasi nəticələri əksini tapır və tariximizin həmin dövrü haqqında bitkin təsəvvür yaranır. Sonrakı fəsillərdə isə oxucu Azərbaycanın dövlət müstəqilliyinə yenidən qovuşmasınadək baş verən hadisələr, xarici dövlətlərin ölkəmizlə bağlı geosiyasəti və maraqları barədə zəruri məlumat əldə edə bilir.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrün siyasi ədəbiyyatda bir neçə mərhələyə bölünməsi fikrinə şərik çıxan professor Əli Həsənov hər bir mərhələni ayrı-ayrılıqda təhlil edir. Belə bir nəticəyə gəlir ki, siyasət aləminin patriarxı, zəngin dövlətçilik təcrübəsinə malik, Vətəninə və xalqına son dərəcə bağlı, onun təəssübünü çəkməyə, maraqlarını qorumağa qadir böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətinə qədərki birinci mərhələ öz kəskin ziddiyyətləri ilə xarakterikdir. O dövrdə həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, dövlət qurumlarının aydın milli konsepsiyasının olmaması, bütün sahələrdə qeyri-peşəkar, qeyri-prinsipial siyasət yürüdülməsi dərin ictimai-siyasi, iqtisadi, mənəvi böhranla, hakimiyyət uğrunda mübarizənin vətəndaş qarşıdurması həddinə gəlib çatması ilə nəticələnmişdi. Belə bir vəziyyətdə dövlətin və xalqın maraqlarına cavab verən geosiyasətdən söhbət belə gedə bilməzdi. Azərbaycanın dövlət müstəqilliyinin növbəti – ikinci mərhələsi xalqın yeganə ümid yeri kimi baxdığı liderin – Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsi ilə başlayır. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər çox dinamik və olduqca mühüm ictimai-siyasi proseslərlə zəngin bir dövrdür. Buna görə də kitab-dərslikdə həmin dövrdə baş verən hadisələrə və onların təhlilinə, xüsusən milli maraqlara və perspektivlərə hesablanmış, praqmatik və düşünülmüş geosiyasətin şərhinə daha geniş yer ayrılır. Heydər Əliyev milli inkişaf strategiyasını hazırlayıb həyata keçirməklə yanaşı, regional və beynəlxalq xarici siyasət kursunu da müəyyənləşdirib. Beləliklə, həm region ölkələri, həm də dünya dövlətləri ilə münasibətlərdə Azərbaycanın maraqlarına uyğun, ilk növbədə, müstəqilliyin qorunub saxlanmasına yönəlmiş balanslı siyasi strategiya formalaşdırıb. Bu geosiyasətin uğurları kitabın sonrakı fəsillərində konkret nümunələrin, qlobal və öz dövrünə görə fantastik layihələrin, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli və davamlı addımların timsalında əsaslandırılır.
Təbii ki, 1993-cü ilin Azərbaycanı ilə bugünkü Azərbaycan bir-birindən müqayisəolunmaz dərəcədə fərqlənir. Onda bir çoxları bizə yuxarıdan aşağı baxır və yəqin düşünürdülər ki, bu kiçik, zəif dövlət onların sözü ilə oturub-duracaq, Azərbaycandan istədiklərini qopara biləcəklər. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti 22 il əvvəlki mənzərəni büsbütün dəyişdi: Azərbaycan inkişaf etməyə, güc toplamağa, beynəlxalq aləmdə sayılıb-seçilməyə başladı. Prezident İlham Əliyev isə ölkəni yeni üfüqlərə çıxardı, geosiyasətə dövrün xarakterinə uyğun korrektələr edərək dinamik və davamlı iqtisadi inkişafa nail oldu, ölkəmizin beynəlxalq imicini möhkəmləndirdi. Bu gün Azərbaycan bir çox postsovet ölkələrindən fərqli olaraq tam müstəqil və balanslı xarici siyasət yürüdür, öz maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edir. Azərbaycana uğur gətirən, onun hərtərəfli inkişafını təmin edən bu geosiyasət müəllif tərəfindən detallarınadək təhlil obyektinə cəlb olunur, gözümüz önündə dövrün dolğun ictimai-siyasi mənzərəsi canlanır. Ölkəmizin geosiyasi və geoiqtisadi dəyərinin artmasını şərtləndirən əsas amillər – mühüm coğrafi və geosiyasi məkanda yerləşməsi, Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanması, Şərqlə Qərb arasında əksər qlobal nəqliyyat-kommunikasiya layihələrində önəmli rol oynaması və digər məsələlər ayrı-ayrılıqda şərh olunur, öz aydın izahını tapır.
Həmin dövrdə Ulu Öndərin bir çox xarici səfərlərinin, dövlət başçıları ilə görüşlərinin, apardığı gərgin danışıqların, diplomatik manevrlərinin, siyasi məharətinin və qətiyyətinin şəxsən şahidi olduğum üçün kitabın bununla bağlı hissəsini xüsusi maraqla oxudum. Oxuduqlarım mənə öz mülahizələrimi və vaxtilə gəldiyim qənaətləri bir daha süzgəcdən keçirmək, onlara günümüzün prizmasından baxmaq kimi unikal imkan yaratdı.
Heydər Əliyev dərin böhran keçirən, xaos və anarxiya girdabına yuvarlanmış Azərbaycanda çox qısa müddətdə sabitlik yaratmağa necə nail oldu? Ulu Öndərin 21 il əvvəl imzalanmasına çox çətinliklər bahasına nail olduğu “Əsrin müqaviləsi” hansı strateji hədəflərə hesablanmışdı? Son dərəcə mürəkkəb şəraitdə milli maraqların müdafiəsi beynəlxalq müstəvidə necə təmin edilirdi? Kitabda Azərbaycanın Heydər Əliyev dövrü ilə bağlı bu və ya digər suallara dolğun, əsaslandırılmış elmi cavablar tapmaq mümkündür.
Azərbaycan Respublikasının müasir milli inkişaf strategiyasının əsas prinsipləri, vəzifə və tələbləri müəllif tərəfindən belə qruplaşdırılır və sıralanır: güclü dövlət və səmərəli dövlət idarəçiliyi, ictimai-siyasi sabitliyin yaradılması və qorunması, çevik iqtisadi siyasət yürüdülməsi və iqtisadi inkişafa nail olunması, vətəndaş birliyi və cəmiyyətin bölünməzliyi prinsipi, milli ruhlu, sağlam əqidəli vətəndaşların tərbiyə edilməsi və vahid ideya ətrafında birləşdirilməsi, nəhayət, balanslı xarici siyasət və tarazlı daxili siyasət. Professor Əli Həsənov müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu konseptual əsasları, strateji prinsipləri xatırlamaqla yanaşı, onların necə reallaşdırıldığından da ətraflı bəhs edir.
“Azərbaycanın geosiyasəti” kitab-dərsliyinin diqqət çəkən digər məqamlarından biri, yeri gəldikcə, mütəxəssis və ekspertlərin fikirlərinə, qiymətləndirmələrinə istinad olunmasıdır. Bu, demək olar bütün bölmə və fəsillərdə, xüsusən “Azərbaycan Respublikasının müasir inkişaf xüsusiyyətləri: geosiyasi statusu, vəzifələri və perspektivləri” adlı fəsildə qabarıq nəzərə çarpır. Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasını şərtləndirən amillərin bu cür əsaslandırılmış şərh və təhlili, çıxarılan nəticə və yekunların elmiliyi əsərin dəyərini daha da artırır.
Kitab böyük bir dövrü əhatə etməklə yanaşı, mövzu baxımından da zəngin və cəlbedicidir. Götürək, “Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri” adlı fəsli. Burada Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi – transmilli, regional və milli hədəflər ətraflı şərh olunur. Eyni zamanda, Rusiyanın Avrasiya siyasətində Azərbaycanın yeri və rolundan, ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və digər aparıcı dövlətlərin Avrasiya siyasətindən və Azərbaycanla geosiyasi münasibətlərindən ayrı-ayrılıqda bəhs edilir, bu siyasətin prioritet istiqamətləri açılıb göstərilir. İngilis geosiyasətçisi Makkinderin “Avrasiyaya nəzarət edən, dünyaya nəzarət edir” fikrini xatırladan müəllif fövqəldövlətlərin regionda nəzarətə yiyələnmək uğrunda apardıqları mübarizəni, bunun Azərbaycan üçün yaratdığı maneə və fəsadları çəkinmədən bütün reallığı ilə ortaya qoyur. Kitabdan götürülən aşağıdakı sitat buna xarakterik misal ola bilər: “SSRİ zamanında regiondakı hadisələri kənardan izləyən və hadisələrin inkişafına yalnız müxtəlif bəyanatlar verməklə təsir göstərməyə çalışan ABŞ və onun NATO-dakı müttəfiqləri hazırda regionda gedən geosiyasi proseslərə ən fəal müdaxilə edən, transmilli, geosiyasi və geoiqtisadi hədəfləri diqqət mərkəzində saxlayan beynəlxalq aktor hesab olunur”. Bu fikrin təsdiqini Amerikanın müəyyən dairələrinin Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycana münasibətdə ziddiyyətli yanaşmasında, hətta ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərində zaman-zaman görməkdəyik.
Son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaranması heç kəs üçün sirr deyil. Halbuki vaxtilə, xüsusən dövlət müstəqilliyini bərpa etdiyimiz ilk illərdə Amerika Azərbaycana münasibətdə tam fərqli siyasət yürüdürdü. Bəs nə baş verdi ki, vəziyyət belə kəskin şəkildə dəyişdi və fərqli istiqamət aldı? Professor Əli Həsənov məsələnin kökünə vararaq, 1992-ci ildən etibarən ABŞ-ın Avrasiyada, o cümlədən Cənubi Qafqaz və Xəzər dənizi hövzəsi regionunda həyata keçirməyə başladığı “yeni geosiyasət” adlandırılan strateji kursdan, amerikalı analitik Qrem Fullerin “Mərkəzi Asiya: yeni geosiyasət” kitabında Ağ Evə ünvanlandığı xüsusi tövsiyələrdən, bu siyasətin əsasını təşkil edən “Madlen Olbrayt doktrinası”ndan, “Yeni minillikdə yeni təhlükəsizlik strategiyası”, “Telbott doktrinası” adlı sənədlərdən bəhs edir. Eyni zamanda, vaxtilə yüksək vəzifələr tutan Amerika siyasətçilərindən, Zbiqnev Bjezinski kimi politoloqlardan mövzunun açılmasına xidmət edən sitatlar gətirir. Bütün bunlar birmənalı şəkildə təsdiqləyir ki, Vaşinqtonun məqsədi ilk növbədə regionu, xüsusən postsovet ölkələrini Rusiyanın təsir dairəsindən çıxararaq öz tərəfinə çəkmək, onlardan öz maraqları naminə istifadə etmək olub. Elə bu məqsədlə də ABŞ “Əsrin müqaviləsi” adlanan neft kontraktlarına, Rusiyadan yan keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinə hərtərəfli dəstək verirdi. Professor Əli Həsənov ABŞ prezidentlərinin məktub və bəyanatlarına, dövlət rəsmilərinə istinadla Xəzər dənizi hövzəsi ölkələrinin, xüsusən Azərbaycanın tədricən geosiyasi və geoiqtisadi maraqlar dairəsindən çıxaraq Vaşinqton üçün həyati əhəmiyyət kəsb edən geoməkana çevrildiyini açıb göstərir. Amerikanın İranla münasibətlərinin böhran həddinə çatdığı, bu ölkəyə hətta hərbi zərbə endirmək barədə söhbət getdiyi bir vaxtda Azərbaycan Prezidenti bəlkə də Vaşinqtonun gözləmədiyi bəyanatla çıxış etdi: “Azərbaycan heç zaman nə ABŞ, nə NATO-nun, nə də ki, başqa ölkələrin regiondakı hərbi geostrateji münaqişələri üçün meydan olmayacaq, İrana, yaxud digər qonşu ölkəyə hər hansı üçüncü qüvvənin hücumuna dəstək verməyəcək. Qonşularla etibarlı tərəfdaşlıq münasibətlərini daim qoruyacaq və ərazisindən digər dövlətin hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcək”. Müəllif yaranmış soyuqluğun, Vaşinqtonun məyusluğunun səbəbini Azərbaycanın tam müstəqil və balanslı xarici siyasət yürütməsi ilə izah edir və gördüyünüz kimi, bu fikri tutarlı fakt və arqumentlərlə əsaslandırır. Belə fundamental, dərin təhlilə əsaslanmış yanaşma kitabın, demək olar, bütün bölmə və fəsilləri, toxunulan hər bir mövzu üçün xarakterikdir.
Müəllifin toxunduğu çoxsaylı mövzular arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geosiyasət də aparıcı yer tutur. Professor Əli Həsənov problemi beynəlxalq, regional maraqlar və Azərbaycanın ərazi bütövlüyü kontekstində nəzərdən keçirir. Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən başlayaraq bu günümüzədək cərəyan edən hadisələrin fonunda aparılan təhlil və şərhlər yetərincə dolğun olduğu, heç bir mühüm sənəd, müzakirə və görüş diqqətdən yayınmadığı üçün əlavə mənbə axtarmağa ehtiyac qalmır. Oxucuya keçmiş sovet rəhbərliyinin ermənipərəst siyasəti, münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, həmsədrlərin və münaqişə tərəflərinin mövqeyi, bəzi beynəlxalq təşkilatların və dünya dövlətlərinin nümayiş etdirdikləri ikili standartlar, eyni zamanda, Azərbaycanın bu istiqamətdə diplomatik fəaliyyətinin nəticələri barədə mahiyyət etibarilə ən zəruri məlumatlar çatdırılır. Müəllif öz şərhlərini bir qayda olaraq tanınmış politoloqların, məsələn, Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev kimi siyasətşünas və ekspertlərin fikir, rəy və proqnozları ilə əsaslandırır. Bu və digər məqamlar kitabın bir dərslik və mötəbər məlumat mənbəyi kimi dəyərini daha da artırır.
“Azərbaycanın milli təhlükəsizlik siyasəti: əsas milli maraqları, geosiyasi kodu və təhlükəsizlik perspektivləri” adlanan növbəti fəsil bir növ bu mövzunun davamı sayıla bilər. Milli təhlükəsizliyimizin nəzəri əsaslarının müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında əksini tapdığını vurğulayan müəllif bunun ardınca diqqəti müasir dövrə yönəldir: “Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli maraqları ilə bağlı dövlət siyasətini formalaşdırarkən bir çox iqtisadi, siyasi, ideoloji, coğrafi, mədəni və digər amilləri, daxili siyasi maraqları, müxtəlif siyasi qüvvələrin manevrlərini, beynəlxalq aləmin mümkün reaksiyalarını, Ulu Öndərin təhlükəsizliklə bağlı zəngin irsini nəzərə alaraq ölkə vətəndaşlarının milli iradəsini və dövlətin ali təhlükəsizlik maraqlarını rəhbər tutmuşdur”. Fikir verirsinizmi, bu amillər və prinsiplər bir neçə sətirdə necə lakonik, dəqiq əksini tapır.
Münaqişə və onun həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev, 2003-cü ildən etibarən isə Prezident İlham Əliyev nüfuzlu beynəlxalq və regional təşkılatların tribunalarından dəfələrlə səsləndiriblər. Professor Əli Həsənov bu bəyanatları şərh edərkən ən mühüm məqamlar üzərində dayanır, onların beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından əhəmiyyətinə diqqət çəkir. Prezident İlham Əliyevin 2004-cü il aprelin 29-da Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı böyük əks-səda doğurmuş çıxışı ilə bağlı qeydlər buna xarakterik misal ola bilər.
Kitabda təhlükəsizlik siyasətinin əsas məqsəd və vəzifələri, təhlükəsizlik mühitinin formalaşdırılması və beynəlxalq imicin qazanılması, hərbi təhlükəsizlik siyasəti və günümüz üçün aktual olan digər məsələlər də sistemli şəkildə və məntiqi ardıcıllıqla əksini tapır. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı son vəziyyət barədə ətraflı təhlillər verilir. Bu və digər təhlillər, şərhlər zamanı müvafiq statistik məlumatlardan, çeşidli informasiyalardan, xəritələrdən yerli-yerində istifadə olunması mövzunun daha yaxşı qavranılması, oxucuya yetərincə bilgi verilməsi baxımından təqdirəlayiqdir.
Əlbəttə, kiçik bir yazıda böyük bir dövrü əhatə edən, geosiyasətin geniş spektrinin və prioritetlərinin əks olunduğu kitab-dərsliyin bütün məziyyətlərindən söhbət açmaq mümkünsüzdür. Amma, zənnimcə, daha bir vacib məqamı qeyd etməmək olmaz. Müəllifin kitabda istifadə etdiyi türk, rus, ingilis dilində nəşr olunmuş mənbələrin və ədəbiyyatın, internet resurslarının, arxiv materiallarının bir çoxu oxucu üçün yenidir və Azərbaycanda elmi dövriyyəyə ilk dəfədir buraxılır.
Bu günümüzdə cərəyan edən geosiyasi proseslər, xüsusən tez-tez rastlaşdığımız ikili standartların ən qabarıq təzahürü olan Avropa Parlamentinin Azərbaycanla bağlı əsassız, qərəzli qətnaməsi insanları çox narahat edir, düşündürür və haqlı narazılıq doğurur. Gündəmə istər-istəməz belə bir sual çıxır: nə üçün, səbəb nədir? “Azərbaycanın geosiyasəti” kitabı bu hadisələrdən qabaq işıq üzü görsə də, onun səhifələrində bizi düşündürən bir çox suallara cavablar tapmaq mümkündür. Kitabın əsas üstün cəhətlərindən biri də məhz aktuallığı, yaşadığımız dövrün, müasir geosiyasətin nəbzini tutmasıdır.
Aslan Aslanov
AZƏRTAC-ın Baş direktoru
Geosiyasi maraqların toqquşmasında azərbaycanın milli təhlükəsizliyi
04 yanvar 2020 16:27
Azərbaycan mürəkkəb geosiyasi şəraitdə milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirir
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.
Bu baxımdan Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır: “Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.
Son 16 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsulu üç dəfədən çox artıb. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artıb, xarici dövlət borcumuz isə ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir. Azərbaycanın valyuta ehtiyatları bu il 4,5 milyard dollar artaraq rekord həddə – 50 milyard dollara çatıb, bununla da hazırda valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Dövlət başçısı bildirib ki, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir: “Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır”.
Bununla yanaşı, Davos Ümumdünya Forumu və Dünya Bankının hesabatlarında Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. Azərbaycan çox yüksək yerlərə layiq görülür, o cümlədən islahatların aparılması istiqamətində və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqda yer tuturuq. Ölkədə həyata keçirilən struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar nəticəsində təkcə 2019-cu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplanmış və sosial sahəyə yönəldilib. Nəticədə, bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Təkcə onu qeyd etmək kifayətdir ki, həyata keçirilən islahatların nəticəsində 2019-cu ildə minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin qeyd etmişdir ki, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Bununla yanaşı, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.
Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xeyli yüksəlib. Bu baxımdan Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, 2019-cu ildə Azərbaycanın bir sıra mühüm diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2019-u il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi: “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb. Bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Dövlətimizin başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və tarixi həqiqət bizim tərəfimizdədir: “. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil”.
Eyni zamanda, Prezident ilham Əliyev qeyd edib ki, 1992-ci ildə müstəqil ölkə kimi BMT-yə daxil olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunub, ərazi bütövlüyü dəstəklənib və təsdiq edilib: “Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, – Ermənistan həmişə buna istinad edir, – bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.
Bununla yanaşı, son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan rəhbərliyinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq doğurur. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.
Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi rəsmən tanınmasıdır.
Həmçinin Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, Zirvə Görüşü zamanı bu mötəbər tədbirdə müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu.
Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Bununla yanaşı, keçən il noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi onu təsdiq edir ki, əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün ölkəmiz sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirib ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir və Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir, eləcə də onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrilib. Bununla yanaşı, dördüncü layihə – TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötmüş və biz artıq Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq, eləcə də layihənin təşəbbüskarı olmuşuq.
Həqiqətən bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilmişdir. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir və bu coğrafi vəziyyətdən çox səmərəli istifadə edərək, güclü infrastruktur yaradılır. Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir ki, bu qlobal layihələrdə yalnız bir ölkə – Azərbaycan hər iki layihədə iştirak edir.
Bu mühüm hadisələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz balans axtarmırıq, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.
Bu baxımdan qeyd etmək vacibdir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Azərbaycanın geosiyasət fəlsəfəsini təqdim edən əsər
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental tədqiqat əsərinin elmi dəyərləri haqqında
Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında “geosiyasi zolaqlar” da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı “geosiyasi zolağın” komponentidir (birləşdirici subyekt kimi). Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkana həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqamət baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına – ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi “eksterritoriallıq” yaranır, yəni, başqa ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər, həmçinin üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazanıldıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin defakto və deyure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
Bu baxımdan dəyərli tədqiqatçı, professor Əli Həsənovun 2015-ci ildə işıq üzü görmüş “Azərbaycanın geosiyasəti” adlı əsəri xüsusi elmi-fundamental əhəmiyyətə malikdir.
Əsərin “Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanan I bölməsində Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə geosiyasi inkişaf tarixi, həmçinin müasir inkişaf siyasəti, onun xarakteristikası, parametrləri, xarici siyasətin əsas vəzifələri və tələbləri, eləcə də ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsər Azərbaycanın qədim zamanlarda geosiyasi statusunun formalaşmasının elmi əsaslarının yığcam təhlili ilə başlayır. Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar, bu baxımdan cərəyan edən siyasi hadisələr əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Belə qənaətə gəlinir ki, qədim Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları onların artıq subyektlər kimi mövcudluqlarından irəli gəlmişdir. Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan geosiyasi vəziyyətləri təhlil obyektinə çevrilir. Orta əsrlərin geosiyasi xarakteristikası verilir və ölkənin regionun əsas oyunçularının –Rusiya, İran, Türkiyənin (Osmanlı imperiyası) rəqabət obyektinə çevrilməsinin əsasları şərh olunur. Burada professor Əli Həsənov Azərbaycanı regional strateji subyekt kimi təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını cəzb edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi aspektdən geosiyasi bütövlüyü ortaya qoya bilir. Tədqiqatçı siyasi prosesləri Birinci Dünya müharibəsinə qədər zaman kriteriyası ilə bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. Bununla da tarixi dövrlərin birləşmiş geosiyasətini elmi baxımdan açır.
XX əsrin əvvəllərində Cənubi Qafqazın geosiyasi mühitinin formalaşması cəhətləri elmin predmetinə çevrilir. Burada Azərbaycanın müstəqillik qazanması və müstəqil geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in xarici siyasəti, diplomatik manevrləri və uğursuzluqları elmin tələbləri ilə analiz edilir.
Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsi daha çox Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyətinin təhlili ilə səciyyələnir. Avrasiyanın planetar və regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir. ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin və birliklərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir. Bu bölmədə Avrasiyanın ümumi geosiyasi müstəvisinin formalaşması komponentləri və onların qarşılıqlı strukturunun əsasları elmin obyektinə çevrilir.
Ümumiyyətlə, professor Əli Həsənovun əsərlərində bu kimi məsələlər, geosiyasi aspektlər tədqiqat üçün obyekt və predmet mövzusunu təşkil edir:
-SSRİ-nin dağılmasından sonrakı dövrdə Avrasiyada baş verən geosiyasi prosesləri, MDB-nin yaradılması və bu qurum daxilində baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri;
-Böyük dövlətlərin XX sərdə Avrasiyada formalaşan yeni maraqlarının əsasları;
-Avrasiyanın yeni geosiyasi mühitinin meydana gəlməsi və yeni iqtisadi, siyasi subyektlərin maraqlarının formalaşması istiqamətləri;
-Avrasiya geosiyasətinin yeni parametrləri və materikin regionları, xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi mühitin formalaşması;
-Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi;
-Avrasiyanın geosiyasi mühtini formalaşdıran komponentlərin yeni axarı;
-Avrasiyanın geosiyasi mühitində ABŞ kimi nəhəng dövlətin maraqlarının formalaşması əsasları və yeni müstəqil siyasi regionlarla bu dövlətin yeni maraqlarının formalaşması istiqamətləri;
-Avrasiyada meydana gələn yeni bloklaşmalar və yeni regionların hərbi-siyasi və iqtisadi parametlər üzrə geosiyasi statuslarının formalaşması;
-Avrasiyanın təhlükəsizlik sistemi;
-Avro-Atlantika təhlükəsizlik sistemi və Avrasiya subyektləri ilə əlaqələrin, əməkdaşlığın, inteqrasiyanın əsasları;
-Avro-Asiya qovşağında yeni təhlükəsizliyin meydana gəlməsi əsasları;
-Avrasiyada münaqişələr, o cümlədən Ukrayna böhranının səbəbləri və böyük dövlətlərin maraqları kontekstindən izah olunması;
-Xəzər və Qara dəniz regionlarının yeni enerji potensialı mərkəzləri kimi əhəmiyyət kəsb etməsi və bu regionların ABŞ kimi böyük dövlətin diqqətini cəlb etməsi;
-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müstəqilliyin ilk illərində ölkənin praqmatik və milli təhlükəsizliyə xidmət edən xarici siyasətinin formalaşması istiqamətləri;
-Azərbaycanın Avro-Asiya qovşağında yeni bir birləşdirici qovşaq rolunu oynamasının əsasları;
-Azərbaycanın Avropanın enerji məhsulu ilə təmin olunmasında mühüm potensiala malik olması və eləcə də tranzit mövqeyinin əsasları;
-Cənubi Qafqazın və Xəzərin enerji ehtiyatlarının Cənubi Qafqaz boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmasının əsasları;
-Ölkənin neft diplomatiyasının müasir tarixi mərhələlərinn əsas istiqamətləri;
-Xəzərin enerji ehtiyatlarının təhlükəsiz şəraitdə tranziti üçün Azərbaycanın əlverişli coğrafi-siyasi və tranzit mövqeyi;
-Azərbaycanın dünyanın aparıcı dövlətlərinin geosiyasi oyunlarında özünün milli təhlükəsizliyini təmin etməsinin əsasları;
-Azərbaycanın regionda beynəlxalq tarazlaşdırma siyasətinin parametrləri və ölkənin geosiyasi təhlükəsizliyi üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən praqmatik xarici siyasətin müəyyən olunması və xarici siyasətin əsas istiqamətləri;
-Ölkənin xarici siyasətinin onun daxili siyasətlə tamamlanmasının əsas tələbləri və kriteriyalari;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin geosiyasi səbəbləri və münaqişənin həlli diplomatiyasının əsasları;
-Münaqişədən böyük dövlətlərin öz maraqları üçün istifadə etməsi və beynəlxalq ədalətin heçə enməsi;
-Münaqişənin həllində beynəlxalq hüququn nəzəri əsasları və praktik olaraq qeyri-tətbiqi və güc diplomatiasının əsas istiqamətləri və digər siyasi proseslər.
Əsər bu kriteriyalara görə fundamental elmi əhəmiyyətə malikdir:
-əsərin yüksək səviyyədə ortaya çıxmasında müəllif tərəfindən fəlsəfi-elmi-məntiqi metodlardan yüksək səviyyədə istifadə olunması;
-tarixdə baş vermiş siyasi proseslərin analizi zamanı müəllif tərəfindən deduktiv və induktiv metodlardan peşəkarlıqla istifadə olunması və nəticə etibarilə əsərin sistemli və geniş strukturlu bitkin bir nəticəyə çevrilməsi;
-əsərin ümumməzmun və nəticə etibarilə Azərbaycanın geosiyasət fəlsəfəsini yaratması;
-tarixdə baş verən siyasi hadisələrin geosiyasət elminin tələbləri əsasında təhlil obyektinə çevrilməsi və yüksək elmi qənaətlərin əldə olunması;
-regionda qədim zamanlardan bu yana Azərbaycan dövlətinin formalaşmasının tarixi-siyasi zərurətlərinin regionun beynəlxalq münasibətlər müstəvisində elmi-nəzəri baxımdan üzə çıxarılması;
-Azərbaycan dövlətinin tarixi ardıcıllıq zamanı ilə təşəkkülünün elmi əsasları və onun digər region dövlətləri ilə əlaqələrinin coğrafi və siyasi parametrlər baxımından təhlli;
-Azərbaycan dövlətinin regionda tarixin müxtəlif vaxtlarında geosiyasət subyektinə çevrilməsinin əsaslarının elmi-sistemli qaydada nəzəri baxımından təhlil obyektinə çevrilməsi və analizlər sayəsində müvafiq elmi nəticələrin əldə edilməsi;
-Azərbaycanın geosiyasi vəziyyətinin tarixi dövrlər üzrə müqayisəli əsasda təhlil obyektinə çevrilməsi-geosiyasətin tarixi mərhələlərlə formalaşmasının əsaslarının elmi parametrlərlə analiz olunması;
-Azərbaycanın regionun geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi və iqtisadi kriteriyalarının sistemli olaraq sintez olunması və müvafiq nəticələrin əldə edilməsi;
-Azərbaycanın regionun böyük dövlətlərinin (Rusiya, Türkiyə, İran, Ərəb xilafəti) tarixi maraq mübarizəsi obyektinə çevrilməsinin elmi-nəzəri əsaslarının predmetli qaydada izah olunması;
-Azərbaycanın müstəqillik qazandıqdan sonra özünün geoiqtisadi və geosiyasi potensialını daxilən gücləndirməsi və bu potensialın dünyanın digər dövlətləri ilə maraq mübarizəsində səmərəli istifadəsinin əsaslarının yüksək elmi təhlili;
-Dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq şəraitində ölkənin özünün geosiyasətinin getdikcə gücləndirilməsinin elmi əsasları;
-Tarixi hadisələrin geosiyasi parametrlər üzrə zamana müvafiq qaydada geosiyasəti formalaşdırmasının geniş əsasalarla elmi obyektə cəlb olunması və digər amillər.
Sadalanan elmi mülahizələri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental elmi əsəri öz bitkin fəlsəfi və ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.
Rufiz Qonaqov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq
Populyar
11 mart 2023 | 02:00
Müasirliklə ənənəvi mədəniyyət arasında – BƏLƏDÇİ
11 mart 2023 | 05:00
Toyları gündəm olan cütlük – AİLƏ
11 mart 2023 | 01:00
Fitili çəkilmiş saatlı bomba
11 mart 2023 | 02:30
“Qadın kimi də xoşbəxtliyimi kimdəsə axtarmıram” – SƏNƏT SÖHBƏTİ
11 mart 2023 | 05:30
Çağırışlar və ümidlər forumu
11 mart 2023 | 03:00
Yenidən “köhnə sistem”ə qayıtdıq – PROBLEM
11 mart 2023 | 04:00
O taksinin dalınca baxma.
11 mart 2023 | 00:30
Separatizmə “sülhməramlı” dəstəyi
11 mart 2023 | 04:30
İstehsalımız azalır, idxal isə artır
11 mart 2023 | 00:00
Makronun növbəti fiaskosu
Oxşar Xəbərlər
15 mart 2023 | 22:23
Xersonda cəbhənin ön xəttindən REPORTAJ – VİDEO
15 mart 2023 | 21:46
Separatçılar səngərlər qazırlar – VİDEO
15 mart 2023 | 18:45
Siyasi zəlzələ, yoxsa siyasi simasızlıq? – VİDEO
15 mart 2023 | 17:45
Fransanın lakmus kağızı Korsika – VİDEO
15 mart 2023 | 17:15
“Riyakarın şousu” – VİDEO
15 mart 2023 | 16:45
“NATO turisti” Paşinyana nə vədlər verdi?
15 mart 2023 | 15:30
XİN: “Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir”
15 mart 2023 | 14:30
Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş – TƏHLİL
14 mart 2023 | 21:30
Qlobal lobbilərin təsiri altında olan orqan – TƏHLİL
14 mart 2023 | 20:15
Azərbaycan Almaniya ilə yeni münasibətlər sisteminə qədəm qoyur – ŞƏRH
14 mart 2023 | 19:45
Diplomatiyamızın növbəti uğuru – TƏHLİL
14 mart 2023 | 19:00
Avroparlament qərəzli davranışlarını intensivləşdirir – ŞƏRH
Comments are closed, but trackbacks and pingbacks are open.