Güntay Gəncalpın Səfəvilər haqda kitabı son dərəcə savadsız yazılıb
24. Kitabın 133-cü səhifəsində müəllif “İsmayılın türk dilini dövlət dili elan etməsinə” inanmadığını qeyd edir və buna sübut kimi “tarix əsərlərinin farsca yazıldığını” göstərir. Bu məntiqlə yanaşsaq, monqollar dövrünün tarixi əsərləri farsca və çincə olduğu üçün Çingiz xanın dövlətinin dili də monqolca olmadığını iddia etməliyik. Hətta müəllifin heyranlıqla qeyd etdiyi Teymurilər dövrünün tarix əsərləri də farscadır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarix kitabları da farscadır. Tarix əsərlərinin başqa dildə olması o dövlətin rəsmi dilinin kimliyini müəyyən edirmi? Səlcuqlu və Qəznəvi dövlətlərinin də tarix kitabları ərəbcə və farscadır. O zaman bu dövlətlərin rəsmi dilinin farsca və ərəbcə olduğunumu iddia eyməliyik?
Güntay Gəncalp (Cavanşir) Səfəvilər
Tarix üzərinə təktərəfli yanaşmalar və ona mədhiyələr yağdırmalar, tarix bilincinin inkişafını önləyərək düşüncə imkanlarını qısıtlamışdır. Bu əsərdə Türk tarixi üçün bilinməyən “şüubiyə”nin fəaliyəti üzərində durulmuş, Səfəvilərlə şüubiyə hərəkətinin əlaqələri geniş ölçüdə araşdırılmışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yüksəlişi bir çox qaynaqlar araşdırılaraq incələnib dəyərləndirilmişdir.
Heç bilənlə bilməyən bərabər olurmu?
Quran-Kərim 39-cu surə (Zumər) 9-cu ayət.
- Ikinci yayına ön söz
- Ön söz
- Giriş
- Islamda məzhəblərin doğuşu
- Şeyx Səfiəddin Ərdəbilli
- Anadoluda durum
- Şeyx Cüneyd Anadoluda
- Şeyx Heydər dönəmi
- Şah İsmayıl
- Şüubiyə
- İsmayılın meydana çıxması
- Təbrizin işğalı
- Səfəvi dövlətinin tətbiqatı
- Yeni savaşlar
- Türküstan saldırıları
- Çaldıran savaşına doğru
- Çaldıran savaşı
- Çaldıran savaşı sonrasında
- Sultan Səlimin Misiri fəth etməsi
- Şah Təhmasib
- Mollalıq qurumunun ortaya çıxması
- Səfəvilərin sonu
- Nadir Şahın girişimləri
- Son söz
- “Səfəvilər” kitabına tamamlama
- Səfəvilər kitabı üzərinə söyləşi
- Qaynaqlar
İkinci yayına ön söz
“Səfəvilər” kitabının birinci yayını oxucular tərəfindən yaxşı qarşılandı. Kitabı alqışlayan və tənqid edənlər oldu. Birinci yayında bir çox yazı xətaları da mövcud idi. İkinci yayında bu xətalar qaldırılmışdır. Ancaq bəzi yazı quralları ortaq Türkçəyə görə düşünülmüşdür. Bunlar imla xətaları olaraq görülməməlidir. Türkçənin ortaq tələffüzünə və ortaq imlasına doğru atılan addımdır. Örnəyin “ğu, ğun” əklərinin yerinə ağzımızda tələffüz etdiyimiz kimi “qu-qun” qullanılmışdır. “Duyğu-uyğun” kimi sözlər daha yumşaq tələffüz biçiminə görə “duyqu-uyqun” olaraq yazılmışdır. “Ğ” hərfi bu kimi törəmə sözlərdə dilimizdəki tələffüzü Türkçənin genəl musiqisindən ayıraraq Ərəbcənin və Farsçanın tələffüz biçiminə yaxınlaşdırır. Bunun dışında geniş ölçüdə kitabda Türk dilinin “ünsüzlərin bənzəşimi” quralına uyulmuşdur. Türk dilində əklərin ilk hərfini kök sözün son hərfi özünə bənzəşdirər. Kök sözün son hərfi küysüz ünsüz isə, ona əklənən ək də küysüzləşər. Küylü isə, əkin də ilk hərfi küylüləşər. Bu, Türkçənin ahəng və bənzəşim quralıdır. Bütün sözlərə “çı” əki əkləmək dilin musiqisini pozmaqdadır. Burada əkin “cı”, ya da “çı” olmasını kök sözün son hərfinin küylü, ya da küysüz olması bəlli edər. “Balıqcı-yalancı-dəmirci-yabancı” kimi sözlərdə ək doğru olduğu kimi “siyasətçi, bəkçi, savaşçı” kimi sözlərdə də doğrdur. “Gi-ki” əkləri də bənzər biçimdə qullanılmışdır. Sonu küysüzlə bitən kök sözə “gi” və sonu küylü ilə bitən kök sözə “ki” əklənmişdir. “Bilgi, silgi” və “etki, təpki” örnəklərində olduğu kimi. Bu kitabın ortaq Türkçənin oluşumunda və tarix bilgilərimizin sorqulanmasında etkli olmasını ümid edirəm.
Ön söz
Tarix yazarlığı bir aydınlanma hərəkətdir. Keçmişi və indiki zamanı aydınlığa qovuşdurma çabasıdır. “Aydınlanma nədir?” sorusunu soran Kant düşüncələrini açıqlayaraq bu sualı özət olaraq ağlın qullanılması şəklində cavablamışdı. Aydınlanma geniş anlamı ilə həm də tarixi aydınlatmaqdır. Çünkü tarixdən gələn dürtülər günümüzdə insan ağlını öz basqısı altında tutaraq ağıl düzənəyinin (mexanizmasının) çalışmasını öz etkisi altına almaqdadır. Batıda Renesansla başlayan sürəc tarixdəki olumsuzluqların indiki zamanı əsir almaması yönündə çalışmalar bütünü olmuşdur. Bu nədənlə tarixi aydınlatmaq insan ağlının görəvlərindən biri olsa gərək. İnsan qurtuluşu, dolayısıyla tarixin qurtuluşu ilə mümkündür. Keçmiş zamanlarda bəsit inancların karizmatik öndərlərinin uyquladıqları yaşam biçimi sonsuza qədər insan həyatını öz etkisi altına almamalıdır. Dini mətnlər üzərinə yapılmış olan açıqlamalar hər zaman ağlın yarqısına açıq olmalıdır. Olmazsa, bütün dönəmlər keçmişdəki bəlli bir dönəmin əsarətində bulunar. Doğuda və batıdakı orta çağ qaranlığı da bu olmuşdur. Bütün dönəmlər bəlli bir dönəmin əsarətinə keçmişdir.
Bu açıdan tarix yazarlıq, yalnızca zamanlama sırasıyla olayların ard-arda düzüşümü deyildir. Tarix yazarlıq bunun yanı sıra bir də insan ağlının tarixiliyini göz önündə bulunduraraq aydınlanma görəvini də üstlənməlidir. Aydınlanmanın tək yolu soru sormaqdır. Çünkü böyük həyəcanlarla qurulmuş olan sistemlər öz içində qapanmışlığı arxasınca gətirər. Toplumsal quruluşlar bu şəkildə olmuşdur. Sovet devrimindən tutmuş başqa quruluşlara qədər bənzər yazqı yaşamışlar. Səfəvilik də, Osmanlılıq da qapanmışlıq içində davam edən sistemlər olmuşlar. Osmanlı qapanmışlığı ortadan qaldırılmışdır. * Ancaq Səfəvi qapanmışlığı çox güclü bir şəkildə davam etməkdədir. Həm düşüncələrdə, həm gələnəklərdə, həm də sosial-siyasi bir düzən olaraq İran ortamında davam etməkdədir. Bu qapanmışlıq davam etdikcə də heç bir qurtuluş söz qonusu olamaz.
Qapanmışlıq heç bir zaman insan tərəfindən açılmaz. Yalnız insan çabası olmadan da kəndi başına açılamaz. Qapanmışlığın açılması üçün necə hazırlıq yapıla bilər? Hər halda suallardan qaçaraq deyil, soru soraraq bu qapanmışlığın açılımına olanaq sağlamaq olar. Soru sormaq qapanmışlığın içində nəyin egemən olduğunu düşünməkdir. 1 Bu açıdan tarix fəlsəfəsinin əsas amacı tarixi aydınlatmaq, tarixə ışıq tutmaqdır. Tarixi oluşdurmaq və ya tarixi yenidən qurmaq deyildir. “Işıq aydınladar, oluşdurmaz.” 2 Keçmişin doğrularını kəşf etmək və doğru olmayanları ifşa etmək, yalnız bu ışıq dolayısıyla mümkün ola bilər. Bu açıdan tarix, keçmiş olayların bitmişliyi haqqında bilgidən ziyada günümüzdə ağlımızı qurcalayan və yeni soruları ilə bizdən cavablar bəkləyən düşündürücü yataq kimi qarşımıza çıxar. Martin Heidegger “keçmişin kökü gələcəkdədir” 3 söylər. Tarixi aydınlatmaq bu açıdan gələcəyə doğru aydınlatma çabaları içinə girməkdir. Tarixi incələmək onun bataqlıqlarında ilişib qalmaq deyil, gələcəyə doğru yeni bir yol açmaqdır. Yoxsa günümüzdə davam edən əskiliklər gələcəkdə də öz basqıcıl yöntəmlərini sürdürəcək, düşüncələri susduracaqdır. Bu bağlamda tarixi bir olqunu fenomenolojik yanaşma ilə dəyərləndirməkdə yarar var. Yəni “bilincə görünən şeyi incələmək” 4 və görünənlərdən görünməzlərə doğru hərəkət. Olayı bilgilərinə, davranışlarına və ülkülərinə görə incələmək gərəkir. Bu kitabda mən Səfəvi olayına bu açıdan yanaşmağa çalışmışam. Səfəviyətin tarixi gəlişmə sürəci necə olmuşdur? Səfəviyətin bilgiləri və din üzərinə açıqlamaları necə olmuşdur? Səfəviyətin ülküləri, idealları nələr olmuş və nələri gerçəkləşdirmək istəmişlər? Gerçəkləşdirdiyi ülküləri bölgə həyatının gələcəyini, özəlliklə Azərbaycanın gələcəyini necə etkiləmişdir? Bilgiləri və ülküləri arasındakı davranış şəkilləri necə olmuşdur? Fenomenolojik yaxlaşım olayı “bilgi, davranış və ülkü” üçlüyü bağlamında incələr. Bu yöntəmlə səfəviyəti incələməyə çalışmışam. Bu yöntəm kəndiliyindən tənqidi yanaşmanı da bərabərində gətirəcəkdir.
Hər tarixi olqunun mərkəzində kəsinliklə güclü bir inac mövcud olmuşdur. Mərkəzdə duran bu inanc kəndi yan dirəklərini, yəni siyasi, əxlaqi, iqtisadi və kültürəl söyləmlərini oluşdurmuşdur. Bu bağlamda tarixi fenomenin arxasında gizlənmiş olan inancın incələnməsi bir çox sorulara cavab verə bilər. Yalnız siyasi dönüşümlər (transformasion) üzərinə dayanaraq tarixin aydınlığa qovuşması mümkün olmayacaqdır. Bu açıdan tarix metdolojisi olaraq aşağıdakı yöntəmlə olayları bir bütün şəklində incələmə bir çox sorular oluşdurar və bir çox sorulara cavab verməyə çalışar:
1- Siyasi dönüşüm tarixi. Siyasi iqtidarın şəkillənmə sürəcini incələmə, yalnızca durumun olqunlaşmış şəklini incələməklə yetinməməlidir. Toplumun içindəki siyasi duyqunun dialektik etmənlərini (faktorlarını) ələ alaraq sorular sormalı, sorqulamalıdır. Siyasi niyyətin tarixi və dini köklərinin toplumsal yaşamdakı yeri bəlirlənməlidir. Örnəyin yurdunu və varını-yoxunu Anadoluda buraxıb Azərbaycana qoşan qızılbaşların siyasi yüksəlişlərinin tarixi niyəti nə idi?
2- Dini dönüşüm tarixi. Məzhəbi və dini inancların içəriyi incələnmədən siyasi hərəkətliliyə nədən olan əxlaqi dürtülər də bilgi olaraq bilinməyəcəkdir. Bütün mədəniyətlərin orta dirəyi bir inanc olmuşdur. Bu inanc bir din və ya məzhəb biçimində somutlaşmışdır. “Mədəniyət, bir inanc və əxlaq düzəni olaraq kültür doğuran ruh enerjisi və ilham qaynağıdır.” 5 Heç bir siyasi və toplumsal hərəkət inancsız oluşmamışdır. Böyük Moğol imperatorluğunun mərkəzində bir inanc durmuşdu. Çingiz Xan azınlıqda olan Moğollara böyük bir inanc aşılamışdı. Bu inanc və bu inanca bağlı siyasi və əxlaqi düzən çərçivəsində dünyanın ən böyük imperatorluğu azınlıqda olan bir qövm tərəfindən qurula bilmişdir. Müxtəlif qəbilələr biçimində Sasani və Bizans əlində oyuncaq olaraq qullanılan Ərəbləri də İslam inancı bütünləşdirərək dövlət və imperatorluq qurma yoluna sövq etmişdi. “İnanc və iman insan həyatında biolojinin doğurduğu psikolojik bir ehtiyacdır.” 6 Sosial psikolojinin qaynaşması və coşması olmazsa, heç bir siyasi hərəkət olmaz, heç bir dəyər icad ediləməz. Siyasi qalxınmalar və dəyərlərin icadı bir inanc mehvərli gəlişmələrin ürünüdür. Bu bağlamda səfəviliyi tarixə soxan inanc nə idi? Hansı imkanları öz yapısında barındırmaqda idi? İnanc həm viran edici, həm də yüksəldicidir. Bunun örnəklərinə tarixdə çox rast gəlinməkdədir. Ələvi inancındakı coşqular nəyi icad etdi? Nədən icad etdi? Nədən icad edilən miras qızılbaşların özünə qalmadı da başqa bir etnosu yüksəldib tarixə soxdu? “Tarixin verdiyi ən önəmli dərs budur ki, dinin min canı var. Hər ölümündən sonra yenidən dirilib canlanar.” 7 O zaman hər dirilişində və ya hər yüksəlişində bu qədər zərərli olmaması üçün dinin ussallaşdırılması (rasionalizasionu) necə mümkün ola bilər? Tarix bir çox rəqabətlərə meydan olduğu kimi bu rəqabət inanclar arasında daha qanlı olaraq canlılığını sürdürmüşdür, sürdürməkdədir. Bir dinin öz içindən parçalanaraq məzhəblərə dönüşməsi, daha sonra o məzhəbin yenidən başqa təriqətlərə və məzhəblərə dönüşməsi bu rəqabətin göstərgəsidir.
3- Düşüncələrin dönüşüm tarixi. Doğuda tarixi sürəcdə düşüncənin ya rolu olmamış, ya da axsaq olmuşdur. Doğu tarixi düşüncə yatağından daha çox inanc yatağı olmuşdur. Mövcud düşüncələr də siyasi həyatı etkiləməmişdir. Sadəcə inancın qurallarına uymaq düzeyində insan ağlı qullanılmış, bunun ötəsinə çıxmaq istəyən ağıl susdurulmuşdur. Doğu tarixində siyasi fəlsəfənin doğmaması da bu üzdən olmuşdur. Siyasi fəlsəfə ussal (əqli) çalışmaların ürünüdür, inancsal çalışmaların deyil. Siyasi fəlsəfə soru sormağa imkan tanıyan siyasi ortamlarda gəlişə bilər. Siyasi fəlsəfə mütləq qurallar üzərində inşa ediləməz, düşüncələrin düşünülməyə açıldığı ortamda ortaya çıxar. Şərq tarixinin siyasi fəlsəfədən yoxsun olaraq modern çağda batılılaşmağa üz tutmasının səbəbi bu olmuşdur. Bu baxımdan düşüncə tarixi açısından Doğu tarixində yoxsunluq açıqca görünməkdədir. “Tarix, tarix haqqında bilginin və düşüncənin oluşduğu yerdədir.” 8
4- Elmin dönüşüm tarixi. Burada tarixi sürəc içində elmi buluntular ortamının incələnməsi ilə tarixə elmi yanaşma bir yerdə ələ alınır olsa gərək. Elmi tapıntılar öz qoşulları içində gəlişmiş olur. Elmi buluntular və tarix üzərinə elmi incələmə söz qonusudur. Elmin tarixi və tarix elmi. Tarixin elmi analizi səbəb araşdırmaq, nəticəni gözləmləmək, səbəb-nəticə ilişkilərinin dialektik bağlantılarını incələməklə mümkündür. Bunun təməlini tarixdə İbni-Rüşdün dərin etkisi altında olan İbni-Xəldun qoymuşdur. Yalnız elmi incələmə ilə də tarix aydınlatılamaz. Çünkü “tarixdə də elm və siyasət kimi nisbilik hakimdir və bütün verilərə şübhə ilə yanaşmaq gərəkir.” 9 Elmin oluşduğu tarixi ortamların incələnməsi tarixi gerçəklərin anlaşılması doğrultusunda ipucları verə bilər. Ancaq “tarix qismən elmdir. Elmdən daha çox sənət və fəlsəfədir.” 10 Gerçəyi bulma sənətdir.
5- Sənətin dönüşüm tarixi. Sənət türlərinin tək-tək incələnməsi tarixi fenomenin idrakına qolaylıq sağlar. Bu açıdan tarixə yanaşma özü də bir sənətdir. Sənətçi bir ruh halı və sənətçi dünya görüşü ilə sənətsəl verilərin incələnməsi üzərində durulduğunda tarixi gerçəklərin alqılanma imkanları artmış olur. Bütün dövlətlər əsasən öz inanc və iqtidar imkanlarını memarlıqlarında sərgiləmişlər. Memari bir əsər siyasi iqtidarın iqtisadi imkanlarının, onun dünyaya baxışının və inancının göstərgəsi olmuşdur. Bu bağlamda üç tür memarlıqla qarşı-qarşıya gəlməkdəyik: 1- Dini memarlıq. 2- Savunma nitəlikli hərbi memarlıq. 3- Sivil memarlıq. Bu üç memarlıq sənəti eyni zamanda bir yerdə olmaya bilər. Ancaq hər halda zaman durumundan asılı olaraq hansısa daha ön planda olmuşdur, ya da bir yerdə olmuşlar. Örnəyin Səfəvi dövləti oturuşduqdan sonra sünni dünyagörüşünün, sünni məzhəbinin memarlıq görüntülərini sərgiləyən camiləri yıxdı, şiə məzhəbinin memarlıq görüntüsünü onun yerinə icad etdi. Bir şeir parçası, bir rəsm əsəri, ədəbi bir mətn də dönəmin sosial psikolojisində çağlayan duyquların, inancın içəriyi haqqında bilgi verə bilər. Bu sənət türlərindəki görüntülər bəlli tarixi sürəcdəki durumun metafizik baxışlarını açıqlamış olar. Metafizik baxışlar özəlliklə dildə qavramsallaşdırılar. Örnək üçün Səfəvilərdən sonra türk dilindəki metafizik qavramlar kökdən dəyişimə uğradı. Türk dilinə əskidən mövcud olmayan anlamsız və anlamsızlaşdırıcı yabancı sözlər əkləndi. Səfəvi dövlətinin quruluşuna gətirib çıxaran dil ürünlərinin incələnməsi ilə Səfəvi sonrası dil ürünlərinin incələnməsi iki fərqli pozision ortaya qoymaqdadır. Birinci sürəc Ələvi yüksəlişidir və ikinci sürəc Ələvilərin siyasətdən və mədəni həyatdan uzaqlaşdıran fars şiəçiliyinin yüksəlişdir.
İngiliz Filosof Maykl Okşat * ilginc bir tarix metodolojisi gəlişdirmişdir. Okşata görə təcrübə dünyası fəlsəfə, tarix, elm və əməli bir yerdə bir bütün olaraq içərməkdədir. 11 Fəlsəfi təcrübə önvarsayımsız bir təcrübədir, mükəmməlliyə doğru yönəlişdir. “Fəlsəfədə parçanı bütünün ışığında görməyə çalışırıq. Tarix fəlsəfəsində indiki zamanı keçmişin ışığında görmək və yorumlamaq istəyirik.” 12 Təcrübə düşüncələrdən oluşan bir dünyadır. Fəlsəfə bu təcrübələrin bütününü içinə alar. Tarix, elm və əməl üzərinə fəlsəfi bir baxışla yanaşa bilərik. Ancaq fəlsəfəni elmi, tarixi və əməli olaraq yorumlaya bilmərik. Bütün təcrübənin qonusu düşüncələrdir. Təcrübənin bir yönü olaraq tarix, tarixçinin ürünüdür. Olduğu kimi keçmiş zamanı anlamaq mümkün deyildir. Tarix bir fenomen olaraq mövcddur. Fenomen olaraq nə olduğunu anlaya bilmərik, anlamağa çalışarıq. Bir də bilgi olaraq insan qafasında tasarlanan tarix mövcuddur. Tarix bilgisi olaraq. Tarixçilər həm tarixi yaradırlar, həm də yaratdıqları tarix haqqında obyektiv meyarlar oluşdurmağa çalışırlar. Ancaq tarixçinin təsvir etdiyi keçmiş zamanla keçmişdə insanların təcrübəsi olaraq gerçəkləşən tarix arasında fərq vardır. Tarix keçmişi keçmiş üçün açıqlamaqdır. Tarixi yazmaq onu oluşdurmanın tək yoludur. Əməl dünyası da təcrübənin bir başqa boyutudur. Əməl, iradəni təhrik edən bir düşüncə şəkli olaraq açıqlanmalıdır. Ancaq əməl dünyasında düşüncənin həqiqəti, tarixi, elmi və fəlsəfi təcrübədəki düşüncənin həqiqətindən fərqlidir. Məzhəb və əxlaq da təcrübənin əməl qatına aiddir. Çünkü bunlar yaşantının ayrılmaz parçalarıdır. Okşata görə hər məzhəb əməli yaşam üçün bir sürü davranışları caiz sayar. Hər məzhəbin də gerçək üzünü onun metafizik anlayışında deyil, əməldə uyqulamaq istədiyi davranış biçimlərində axtarmaq gərəkir. Çünkü məzhəblər əslində düşünmə metodları deyil, yaşama metdodurlar. Elmi təcrübə səbəb-nəticə dialektikası bağlamında ələ alına bilər. Elmi düşüncənin “yalnız əqli çərçivə var və insanın bütün tanımlarını onun içində yerləşdirmək olar” kimi iddiası, özəlliklə tarix planında qəbul ediləməz. Təcrübənin elmi qatının digər qatlara üstünlük təşkil etdiyini savunmaq olmaz. Təcrübələrin müxtəlif dünyaları var və hər dünyanın da öz daxili tarixi və məntiqi vardır. Fəlsəfənin də təməl amacı təcrübənin müxtəlif yönlərini kəşf etməkdir. “İnsan qüdrət arxasınca qoşan varlıq olaraq zamana bağlıdır, keçmişinə görə tutum sərgilər və buna görə bir gələcək istər.” 13 Bəzi keçmişlərə görə tutum sərgiləmək indiki zamanı və gələcəyi də tutumsuzluğa batırmış olar. Keçmişə görə tutum sərgiləmək yerinə, keçmişin indiki zaman müdaxiləsini mümkün olduqca əngəlləmək gərəkir.
Yaşantı olaraq davam edən tarixi, açıqlamaq çətin olmasa gərək. Çünkü gələnəklər zaman içində qeyri-şüuri olaraq gəlişər və təcrübənin özəlliklərini özündə əks etdirər. Səfəvilik hələ tarixə gömülməmişdir. Onun gələnəkləri davam etməkdədir. Yaşantı və gələnəkdə davam edir. Örnəyin Osmanlı artıq tarixin arşivində, ancaq Səfəvilik öz törələri, nifrəti, lənəti, “təbərra”, “təvəlla” və “təqiyyə” kimi gələnəyi ilə davam etməkdədir, özəlliklə İrandakı İslam Devrimi Səfəviliyi güncəlləşdirdi. Bu bağlamda bu gələnəyi yaşadanların bu sürəclə zehnlər arası ilişkiləri incələnərək səfəviyət üzərinə geniş bilgi əldə etmək mümkündür. Burdaca tarix fəlsəfəsinin önəmli düşünürlərindən biri olan Kolinqvudun * * bu anlatısını xatırlatmam gərəkəcək. Kolinqvud deyir ki, bilimin doğanı açıqlaması kimi, tarix fəlsəfəsinin tarixi anlama və açıqlama çabası olmalıdır.
Bu zehniyətlə Səfəvilər üzərinə araşdırmalarımı mətnləşdirmək qərarına gəldim. Ümumən rəsmi tarix görüşləri tarixi öz çıxarları doğrultusunda və duyqusal ehtiyacları gedərmək amacı ilə açıqlayıb, bəzən də onu idealizə edib yaşayan nəslin zehnini tarixin dumanlığında həbs edər. Tənqid gerçəklərin ortaya çıxışına zəmin yaradar. Doğu ölkələrində yayqın olan tarixpərəstlik bu türdəndir. Nitşe Almanların tarix heyranlığına qarşı savaş başlatmış və Heidegger kimi onun davamçıları da bu yolda yürümüşlər. “Almanların tarix heyranlığı bir tür cahilcə məftunluqdur.” 14 Tarix heyranlığından qurtuluş olmadan tarixi gerçəkləri anlamaq və dolayısıyla gələcəyə doğru aydınlıq ortamı oluşdurmaq da mümkün olmayacaqdır. Çünkü anlam və anlamsızlıq oluşdurmaq da bu yolla mümkün olur. Teodor Lisinq * “Tarix anlam və anlamsızlıq oluşduran bir durumdur” 15 deyir. Tarix üzərinə yanaşım biçimi ilə indiki zamanı dərinləşdirmək və düşüncəni hərəkətləndirmək də olar, indiki zamanı keçmişin nostaljisi içində duyqulanıb duran duruma da çevirmək olar. Bu məntiqlə yola çıxaraq bizim nəsil üçün də tarixlə qarşılaşmanın zamanı gəlmişdir. Yeni tarixə girmənin də yolu bu tarixlə inancda və düşüncədə qarşılaşmaqdan keçməkdədir.
Nədən Səfəvilər üzərində durmamın bir cavabı vardır. Mənə görə İslam sonrası türk tarixinin ontolojisi və sürəci içərisində səfəviyət yer almamaqdadır. Türk tarixi və türk kimliyi Səfəvilərlə eyni zamanda öz mehvərindən çıxaraq yabancıya təslim edilmişlik sürəci içərisinə girmişdir. Özəlliklə bu sürəc, nəticəsi etibarı ilə başqa bir istiqamətə yönəlmişdir. Bölgə tarixi yanlış yönə sapmışdır. Bu sürəcin nəticəsi öncə İran Pəhləvi və daha sonra molla rejimi olmuşdur. 19-cu əsrin sonlarına doğru ortaya çıxan milli düşüncə və modern dövlət yapısı oluşdurma doğrultusunda İranda və Qafqazlarda düşünsəl çalışmalar ortaya çıxmışdır. Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş türklər modern fars milliyətçiliyinin əsasını oluşdurdular. Yüzlərcə oxumuş insandan oluşan bu qələm sahiblərinin içində fars insanı yox dərəcəsindədir. İranda sayı 1-2 milyon arasında olan türkmənlər fars milliyətçiliyinin fikirsəl oluşumu yolunda qatqıda bulunmadılar. Bir tək türkmən, kürd, bəluç və ərəb yoxdur bu axımın içində. Yalnız Səfəvi tətbiqatı sürəcində Səlcuqluya, Elxanlıya, Qaraqoyunluya, Bayındırlıya mənsubiyət duyqusunu itirmiş və tarixi hafizəsi zədələnərək səfəviyətə qapanmış olan türklər fars milli dövlətinin quruluşu yolunda fikrən, hissən və təşkilatçılıq olaraq siyasi fədakarlıqda bulundular. Tək səfəvizədə türklər bu gün, hətta ana dilində yazıb-oxuma kimi ibtidai haqlardan yoxsunlar. Səttar Xan kimi qəhrəmanlar yetişdirmişdir Səfəviyət. Nə istədiyinin bilincində olmayan. “Nədən savaşırsan?” sorusuna Səttar Xan “Nəcəfi-əşrəfin ayətullahlarının buyuruqları yolunda cihad edirəm” 16 cavabını vermişdi. Türk-İslam tarixində qurulan dövlətlər əsasən bir türk boyunu təməl alaraq qurulmuşdu. Səlcuqlar qınıq, Osmanlılar qayı, Bayındırlılar bayındır, Qaraqoyunlular baharlı boyundan olmuşlar. Yalnız Səfəvilər bu gələnəyin dışına çıxaraq özlərini ərəb soylu bilmiş, soylarını şiənin 7-ci imamı olan Musa Kazıma bağlamışlar. Bu, Səfəvilərin türklük orbitindən çıxmasının başlanqıc nöqtəsi olmuşdur.
Təbriz mərkəzli məşrutə nə istəyirdi? Məşrutənin hazırladığı ana yasanın birinci maddəsi bu idi: “Məclisə girən və dövlət orqanında çalışan hər kəs fars dilini bilməlidir.” Səttar Xan özü də fars dilini bilmirdi. O zaman nəyin yolunda savaşırdı? Sadəcə Səttar Xan deyildi nə istədiyini bilməmiş olan. Məşrutənin məramnaməsini yazan da səfəvizədə türklər idi. Hansı millətin tarixində belə şey var ki, nə yazıldığını bilmədiyi istəklər yolunda fədakarlıq etsin? Səfəvilik bizi öyləsinə farsın məzhəbi tuzağına soxmuş ki, fars öz yerində rahatca oturmuş, ağlı devşirilmiş səfəvizədə türk isə, onun böyük bir dövlətə sahib olması yolunda hər növ fədakarlıq etmişdir. Etnik mənsubiyət duyqusu səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir. “Etnik təşxisin təməlində insanın duyqusu yer alar. İnsan daha çocuqluq yaşda kəndi etnosuna aid olduğunu anlar.” 17 Səfəviyət bu doğal duyqunu türk ulusunda söndürmüşdür. Közərən qismini də bu duyqusu sönmüş və söndürülmüş olan ağlı devşirilən oxumuş türklər özləri söndürməyə çalışmışlar. Tarixsəl sosial psikoloji inanc dəyişimi sırasında kökündən dəyişmiş ola bilir. Çünkü məzhəb dəyişimi ilə milli bilincaltı təxrib edilə bilir. “Hindistanın yerlisi müsəlmanlığı qəbul etdikdən sonra hindli olmaqdan çıxmışdır, çünkü vətəndaşları arasından qopmuş və zümrələr dışında qalmışdır.” 18 Milli bilincaltının dəyişməsi ilə etnik ölümə doğru sürüklənmə olayı baş qaldırmış olur. “Etnik ölümlər biolojik olmaqdan daha çox sosial bir olaydır.” 19 Son 500 illik zaman sürəci içində bütün toplumsal hərəkətliliklərin təməlində səfəviyətin devşirdiyi toplum və ağıl gerçəyi durduğundan sürəkli fars kimliyi yolunda çabalara tanıq olmuşuq. Sosial hərəkətliliklər etnik intihar əməliyatı olmuşdur. Sanki Səfəvilərdən öncə nə bayındırlı Dədə-Qorqud mədəniyəti olmuşdur, nə Səlcuqlu. Hər şey silinib süpürülmüşdür. Oyanış demək sözün gerçək anlamında türklüyün Səfəvilər öncəsi bilincaltını aydınlığa qovuşdurmaq deməkdir. Dədə Qorqudu var edən tarixi bilinci kəşf edib onarmaq deməkdir. Toplumdan topluma aydınlanmanın fərqi vardır. Bu açıdan aydınlanma Səfəvi devşirməçiliyindən öncəki dönəmi diriltmək anlamında olsa gərək. Toplumların həyatındakı bütün dəyişimlər onun dilinə yansıyar. Səfəvi sonrası tariximizdə Dədə Qorqudun sayqınlığa və dostluğa çağrış öyüdlərinin yerini nifrət, kin, yalan və böhtan kimi sözlər almışdır. Dilimizdə nifrət, kin və lənət dalğalanmağa başlamışdır. “Dilin tarixi, minlərcə ilin axışı içində, bölüm-bölüm izlənər” 20 Səfəvi dönəmi dilimiz incələndiyində nifrətdən, lənətdən, kindən başqa heç bir şeyə rast gəlmirik. “Əbubəkirə lənət”, “Ömərə lənət”, “Osmana lənət”, “Ayişəyə lənət”, “Yəzidə lənət” kimi nifrət çağrışdıran ifadələr dildə dalğalandı. İnsanı ikiüzlü və riyakar olmağa zorlayan “təbbərra” və “təvəlla” qavramları irqçiliyi və içə qapanmışlığı çağrışdırdı. Bu qədər nifrət içində əlbəttə ki, fərdin və toplumun psikolojisi pozular. Bu nifrət ortamında doğruluğun nə olduğu bəlli olmaz. Çünkü doğruluq, çeşidli yollarla (bir tək yolla deyil) sürəkli hərəkətlilik ortamında gerçəkləşən eyləmdir, dialoqdur. Səfəvi nifrəti gözləri kor, qulaqları kar etdi. 500 il bu ifadələr camilərdə xalqın şüuruna yerləşdirilərək onun davranışlarına yansıtıldı və alışqanlıq halına gəldi. Çocuq bu nifrət kültürü ortamında dünyaya göz açır. Bu açıdan baxıldığında milli oyanış həm də bu tarixi xəstəliyə çarə bulmaq anlamında olsa gərək.
Səfəvilər üzərinə araşdırmam və bu kitabı hazırlamam bununla da sınırlı deyildir. İran-İraq savaşında əsgər idim. Əsgərlikdə İranda yaşayan bütün qövmlərin gəncləri ilə istər-istəməz rastlanırdım. Burada rastlandığım türkmən gəncləri ağlımda bir çox sorular oluşdurdular. İranda 1-2 milyon arasında türkmən olduğunu söylədim. Onlar da fars dilində oxumuşlar. Ancaq mənim türkmən əsgər arxadaşlarım ailələrinə türkməncə məktub yazır və onlara ailələrindən gələn məktub türkməncə olurdu. Bir tək səfəvizədə türk ailəsinə türkcə məktub yazmaz, ailələrindən gələn məktub da türkçə olmazdı. İranda şiələşən türk, yalnızca tarixi hafizəsini itirərək Fars tarixi hafizəsinə sahiblənməmişdir. Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir. Dil düzyazıya (nəsrə) keçmədikcə öz imkanları haqda bilgi birikdirə bilməz. Şeirdəki cümlə quruluşu ilə düzyazıdakı cümlə quruluşu başqadır. Bizim dilimizdə, özəlliklə əruz vəznində yazılan şeirlər Fars dilinin cümlə quruluşuna və tarixi təcrübəsinə təslim edilmişdir. Bunun özü də dili daha da axsaq duruma soxmaq üçün bir basqı aracıdır. “Bir ölkədə nə qədər şair çoxsa, o ölkə düşüncə baxımından bir o qədər geridədir. İnsanlar və millətlər yaşlandıqca şeirin yerinə nəsr keçər.” 21
Bu kitab dolayısıyla, böyük bir iddiada bulunmuşluğum söz qonusu deyil. Yalnızca Səfəvi tarixinə başqa bir açıdan baxmağı denəməyə çalışmışam. Bu yöndən də baxaraq bilgilənmənin yararı olacağına inanıram. “Bilmə və təcrübə heç bir şəkildə doğrulama və kontrol altına alma demək deyildir.” 22 Tək amacım Səfəviyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur.
Millətlərin tarixi, şəxsiyətlərin həyatına sığmasa da, istər-istəməz tarixi araşdırmalarda ilk olaraq şəxsiyətlərin düşüncə, inanc və davranışları incələnir. Çünkü iqtidar bir şəxsiyətin çevrəsi ilə qurduğu ilişkilər yumağından ibarətdir. Hansı güc millətlərin hərəkət və əməllərinə hakimdir? Şəxsiyətin kütlə tərəfindən qəbul edilməsinin qoşulları nədir? Tarixi araşdırmalardan amac azadlıq düşüncəsinin tanımlanması olmalıdır. Çünkü “Tarixin məzmunu azadlıqdır.” 23 Insanın bütün çabaları maddi və mənəvi olaraq azadlığını artırmaq üçündür. Tarixi veriləri ağlın imkanları ilə araşdırmaq zorundayıq. Ancaq onun günümüzdəki təsiri qonusunda vicdanın da verilərindən yararlanmaq məcburiyətində qalırıq. Çünkü indiki zamanda yaşayan insan öz azadlıq imkanlarını genişlətmək istər. “Tarix, azadlığı ağlın qanunları ilə tanımlayır. Bu üzdən də azadlığın bu qanunlarla tanımlandığı yerə qədər tarix elm sayıla bilər.” 24 “Tarixi olayların səbəbini və hərəkətin qanunlarını anlamaq tarix elminin amacını təşkil etməkdədir.” 25 “Tarix elmi öz dönüşüm (transformasion) sürəcində sürəkli kiçik birimləri incələməyə çalışaraq doğrulara yaxınlaşmağa çalışmaqdadır.” 26
Bu kitabın təpkilərlə qarşılanacağının bilincindəyəm. Mən bir türk olaraq sorularıma cavab bulmaq amacı bu kitabı yazmaq zərurəti hiss etdim. 15 ildən artıq oxumalarım və ağlımda dolaşan sorular bir yandan, İran mühitində çoxluq oluşduran, ancaq heç bir tarixi düşünsəl qaynağı olmayan türklərin içlər acısı durumu digər yandan bu kitabı yazmama səbəb oldu. Səfəvilərdən sonra sanki yer dəlinmiş və Səfəvi nəfəsi toxunan yerlərdə türklərin dilini, tarixi xatirələrini udub yox etmiş. Nələr olmuşdur əcəba? Təbrizdə heç bir əqrəbası, tarixi xatirələri olmadığındanmı qızılbaşlar bu qədər insanı qətl edib, başda Təbriz olmaqla bütün Azərbaycan şəhərlərini türk kimliyindən bomboş buraxmışlar? Tarixdə hansı, hökmdar Şah İsmayıl kimi öz millətini bu qədər asanlıqla və “haq məzhəbi!” adına qətl etmişdir? Bayındırlı oğulları arasındakı iqtidar savaşı üzündən Təbriz və digər Azərbaycan şəhərləri güvənlik yarada biləcək dövlət arzulamaqdaydılar. Ticarət güvənlik icab edər. Ticarət mərkəzi olan Təbriz sırf bu üzdən ölkəyə güvənlik gətirər deyə Şah İsmayıla dirənmədən təslim oldu. Ancaq tarixdə heç bir fateh könüllü olaraq təslim olan əhaliyə toxunmamışdır. İsmayıl isə, Təbriz əhalisini sırf sünni olduqlarından dolayı qətl etdi. Yüzillər boyunca Təbrizdə və digər şəhərlərdə ortaya çıxmış memari abidələri kafirliyin görünütüləridir deyə tarixdən sildi. Venizli tacirlər Şah İsmayılın davranışını Neronla müqayisə etmişlər. Şah İsmayılı bu işə zorlayan pərdə arxasında əllərmi varmış? Bunlar kitabın axışı sırasında sorular və açıqlamalar şəklində bəyan edilmişdir.
Ədəbiyata çox həvəsli olduğumdan dolayı gəncliyimin ilk başlarından Şah İsmayılın şeirlərini oxudum, onlarcasını əzbər olaraq anılarımda daşıdım. İran-İraq savaşında Şah İsmayıl xürafələrindən yararlanaraq minlərcə türk gəncini anlamsız savaşda İsmayılın 20-ci əsr modeli olan Xomeyni ölümə göndərdi. Şah İsmayılın uyduruq haq məzhəbinin qorunması adına gənclərimiz dəstə-dəstə öldü, öldürüldü. Bu savaşda mən də yaralandım. Savaş sürəsincə Səfəviyətin əsasını qoyduğu “haq məzhəbinin!” mollaları Səfəvəiyə ədəbiyatından əsgərlərə bol-bol danışar, Məclisidən, Kərəkidən anlatılar anladardılar. Yaşım və bilgilərim artdıqca Səfəviyə tərəfindən köləliyə məhkum edilmişliyimizi kəşf etdim. Bu kəşfdə bulunduqdan sonra vicdanımın çağrılarına qulaq asmalı idim. Bu üzdən də bu kitab Səfəviyətə qarşı bir etiraz manifestidir. Düşüncənin sorqulamasıdır. Düşüncəni bizlərə yasaq etmiş Səfəviyətə qarşı düşüncənin və soru sormanın ürünü olaraq anlaşılmalıdır bu kitab. Azərbaycan türklüyü yabancı Səfəviyət xürafələrini ağlından silmədikcə düşünmək yerinə, hər gün daha sürüləşəcək, aydınlanmaq yerinə daha da qaranlıqlara gömüləcəkdir. Kimlərinsə bu kitabı oxuduqdan sonra saxta tarix bilgiləri üzərinə qurmuş olduğu dünyası dağıla bilər və dağılacağına əminəm. Çünkü bu kitabdakı sorulara hər bir oxucu cavab verməlidir. Türklüyün və İslamiyətin düşüncələrdən və inanclardan silinməsini tasarlayan Səfəviyət ağlın məhkəməsinə sunulmuşdur. Türklüyün və İslamiyyətin bağrına vurulmuş olan səfəviyət adlı qarayaranı onarmanın zamanı gəlmişdir.
“Güntay Gəncalpın Səfəvilər haqda kitabı son dərəcə savadsız yazılıb”
“Tarixçilərin Şah İsmayılın zalım və müstəbid bir hökmdar olduğunu da iddia etmək haqqı var.
Amma elmi ciddiyətdən uzaq, səriştəsiz və savadsızca fikirlər milləti fəlakətə və böyük bədbəxtliyə düçar edir”.
“Müəllif Şah İsmayılın Özbək xanı Şeybaninin kəlləsindən şarab qədəhi düzəltdiyini və bunun “hannibalist iyrənclik” olduğunu iddia edir.
Halbuki hökmdarın kəlləsindən qədəh hazırlamaq qədim türk inanc sistemidə o hökmdara hörmətin əlaməti idi”.
“Kitabın bir neçə yerində “səfəvilərin insan əti yediyi” qeyd olunur. Bu məlumat doğrudur və mənbələrin şahidliyinə görə, skiflərdən bəri mövcuddur.
Amma bu, səfəvilərin hamısına yox, sadəcə, kiçik bir hərbi dəstəsinə aid idi”.
Tarixçi Əkbər N. Nəcəf “Oxu zalı”na göndərdiyi bu məqaləsi ilə Güntay Gəncalpın “Qanun” nəşriyyatında çapdan çıxmış “Səfəvi kimliyinə fərqli baxış: Səfəvilər” kitabı ilə bağlı polemikaya qoşulur.
TƏRSİNƏ ÇEVRİLMİŞ TARİX
Güntay Gəncalpın yazdığı mövzu Azərbaycanda ixtisas sahibi hesab edilən səfəvişünasların sahəsi olduğundan, mən bir tarixçi kimi bu məsələyə münasibətdə müəyyən müddət geri planda qalmağa çalışdım.
Amma “top səsindən belə ayılmayan” tarixçilərimizin səssizliyinə şahid olunca, orta əsrlər türk tarixi üzərinə ixtisaslaşmış, üstəlik, Türkiyədə “Şah İsmayıl Xətai külliyyatı”nı hazırlamış və “Qızılbaşlıq” haqqında monoqrafiyaya imza atmış bir tədqiqatçı kimi bu kitaba savadım yetdiyi qədər münasibət bildirmək ehtiyacı hiss etdim.
Bəri başdan qeyd edim ki, Güntay Gəncalpın ideoloji, milli, dini, siyasi, hətta əxlaqi kimliyi məni heç maraqlandırmır. Məni bu kitabdakı faktların nə dərəcədə doğruluğu maraqlandırır.
Bu kitab son dərəcə savadsız, elmi cəhətdən səriştəsiz bir müəllifin qələmindən çıxmışdır. O müəllifin ki, yüksək əxlaqi və elmi dəyərlərdən bəhs etdiyi halda, heç öz oxucusuna belə, hörməti yoxdur.
Əgər oxucusuna hörməti olsaydı, ən azından kitabı tamamladıqdan sonra heç olmasa onu bir dəfə oxuyaraq nəşriyyata təqdim etməliydi. Kitabın hər səhifəsindəki qrammatik xətalar bağışlana bilər, amma Niyazi Mehdinin sözləri ilə desək, “Azərbaycan kimliyinə ağır zərbə vurub silkindirəcəyini” iddia edən “alim”in öz faktlarında tutarlı olması, fikirlərində təzadlara yol verməməsi gərəkir
Güntay Gəncalpın metodologiyası
Kitab, Kantın və müasir fəlsəfənin məşhur “aydınlanma nədir?” sualı ilə başlayır. G.Gəncalpa görə, Kant bu sualı “ağlın kullanılması” olaraq cavablayıb.
Müəllifin sözlərindən belə çıxır ki, Kanta qədər insanlıq ağıldan məhrum olub. Beləcə, kitabın ilk səhifəsinin ilk cümləsiylə böyük bir yanlışla qarşı-qarşıyayıq.
Bu sual Kantın “Kosmopolit baxışa görə qlobal bir tarix fikri” adlı çalışmasında yer alır. 1784-cü ildə nəşr etdiyi bu çalışmasında Kant aydınlanma olaraq “ağıl” deyil, “zaman” üzərində dayanmışdır. Çünki Kanta görə, “aydınlanma nədir” sualı “mənim də içində olduğum indiki zaman tam olaraq nədir?” sualıdır. Beləcə, filosof “aydınlanma”nı (aufklarung) bir zaman və bunun nəticəsi kimi “inqilabi fikir” olaraq ortaya qoyur. Belə ki, Kant 1798-ci ildə bu suala bir daha qayıdaraq “aydınlanma nədir?” sualı ilə yanaşı “inqilab nədir?” sualını da soruşmuşdur.
Güntay bəyin əsas aldığı “keçmişin kökü gələcəkdədir” deyən Martin Heidegerin fikri də
Kantçı bir fikirdir. Hər nə qədər Heideger Kantın metafizkasını tənqid etsə də, ondan xilas ola bilməmişdir. G.Gəncalp, fransız Jil Deleuzun Kant haqqındakı çalışmalarını oxusaydı, bunu yaxşı qavrayardı. Üstəlik, Heidegerin geniş istifadə etdiyi Dilteyə əsaslanan “fenomenoloji yanaşma” metodu Hind-Avropa nəzəriyyəsinin daxilində yer alan problemli bir məsələdir. Ən azından, müasir fəlsəfəçilər, filoloqlar və tarixçilər Heidegerdə yer alan heç bir “fenomenin” epistemoloji, etimoloji və tarixi cəhətdən doğru olmadığını çoxdan isbat ediblər.
G.Gəncalp “Şərq tarixində siyasi fəlsəfənin olmadığını” iddia edir. Bunu səbəbini də “ağlın susdurulmasında” görür. O zaman G.Gəncalpdan soruşmaq lazımdır: Bəs İslam tarixində və siyasi-fəlsəfi fikrində “dövlət anlayışı” necə yarandı? Hansı siyasi şərtlər İmam Qəzzalini və Mavərdini “dövlət fəlsəfəsi” yaratmağa sövq etmişdir? Və bu anlayış Səlcuq türklərinin birbaşa dəstəyi ilə gerçəkləşmiş, hətta Nizamiyyə mədrəsəsi bu məqsədə xidmət etmişdir.
G.Gəncalpın metodologiyasının beşinci maddəsi olan “sənətin dönüşüm tarixi”ndə memarlıq “sünni və şiə” olaraq ayrılmışdır. Müəllifə görə, “Səfəvilər dövləti sünni məzhəbinin memarlığını sərgiləyən camiləri yıxdı, şiə məzhəbinin memarlıq görüntüsünü onun yerinə icad etdi”. İslam sənət tarixində “şiə və sünni memarlıq anlayışı və ayrımı” yoxdur. Əndəlüs memarlığı, Osmanlı memarlığı və Səlcuqlu memarlığı kimi nümunələr vardır. Bu gün Azərbaycanda tikilən və daha əvvəlki dövlərdən qalan məscidlərin hamısı Səlcuqlu memarlıq nümunəsidir.
G.Gəncalpa görə, “Səfəvilərdən sonra türk dilindəki metafizik qavramlar kökdən dəyişimə məruz qaldı və türk dilində daha əvvəl mövcud olmayan mənasız və yad sözlər ortaya çıxdı”. Halbuki, Şah İsmayıl Xətainin dili Nəsimidən, Həqiqidən, Qazi Bürhanəddindən, hətta Teymurilər dövrünün böyük şairi Nəvainin türkcəsindən daha təmiz və sadədir. Üstəlik, Gəncalpın bəhs etdiyi proses Cığatay və Osmanlı ədəbiyyatında daha güclü və təsirli olmuşdur.
Güntay Gəncalpın “elmi” faktları
Müəllifin ortaya atdığı elmi faktların da böyük əksəriyyəti səhvdir. Bunların ancaq bəzilərini qeyd etməklə kifayətlənmək istəyirəm:
1. Müəllif “921-ci ildə Qaraxanlı dövlətinin islamiyyətin ən azad fikirli məzhəbi olan hənəfiliyi qəbul etdiyini” yazır. Halbuki, qeyd edilən dövrdə Qaraxanlılar yox, Volqa Bolqar dövləti İslamı qəbul etmiş və məşhur ərəb səyyahı İbn Fadlan xəlifə tərəfindən elçi kimi bolqarların ölkəsinə göndərilmişdi. Qaraxanlılar İslamı 943-cü ildə dövlət dini qəbul etsələr də, İslam ancaq 960-ci ildən sonra bu ölkədə tam mənimsənmişdi.
2. Müəllif dini ziyarətgahların Xorasanda Qəznəvi və Səlcuqlu dövlətləri zamanı yarandığını qeyd edir və bunun ətrafında “pirpərəst təriqətlərin” formalaşdığını iddia edir. Halbuki, dini ziyarətgahlar İslamdan çox-çox əvvəl türklər arasında mövcud idi. Çində belə, qədim hun tapınaqları, qəbirləri və qəbir abidələri var. Bu ziyarətgahların əsasında qədim türklərin “atalar kultu” inancı dayanır. “Pir” məsələsinə gəlincə, bu anlayış həm türklərdə, həm şumerlərdə, həm də qədim misirlilərdə mövcud idi. “Pir” sözü isə “ev” mənasına gələn qədim misircədə “firon” (pir-o) sözündən yaranıb.
3. Müəllif, Qəznəvi tarixçisi Əbülfəzl Beyhəqiyə istinad edərək “Xorasanda şiələrin 8-ci imamı sayılan Rzanın məzarı başında Qəznəvi bir “elbay” (vali) gümbəz tikdirdi. Əbülfəzl Suri (sultan) Məsud Qəznəvinin albaylarından idi”. Hər şeydən əvvəl, Türkiyə türkçəsində “albay” ilə “elbəy” fərqli sözlərdir. “Elbəy” – elin bəyi, “albay” isə “ordu başçısı” mənasındadır. Ayrıca, Əbülfəzl Suri “elbəy” və ya “albay” deyil, Qəznəvi dövlətinin vəziri idi.
4. Müəllifə görə, pirlər və şeyxlər “qeybdən xəbər verdiklərini və sağalmaz xəstəlikləri sağaltdıqlarını iddia edirdilər”. Müəllif türklərin qədim inancları haqqında bir neçə kitab oxusaydı, bu iddiasının nə qədər əhəmiyyətsiz olduğunu görərdi. Sufizmdə, xüsusilə də türk sufiliyində şaman-kam ünsürləri çox güclü olmuşdur. İslami dövrdə köçəri və yarı-köçəri türklər arasında şeyx və pir şaman-kamın missiyasını əlinə keçirmişdir. Qədim türk inancında şaman-kam həm qeybdən xəbər verir, həm də təbib idi. Hətta qədim türk dilində şamana “otacı” mənasında “təbib” deyilirdi.
5. Uzun illər İranda yaşamış və iddia etdiyi kimi, universitet səviyyəsində “fars dili və ədəbiyyatı təhsili almış” birisinin “xanigah” sözünü tamamilə səhv açıqlaması faciədir. Əvvəla, fars dilində “xanigah” şəklində bir söz yoxdur, bu, müəllifin öz şivəsinin məhsuludur. Kəlmə “xanəgah”dır. Üstəlik, bu söz müəllifin iddia etdiyi kimi, “xan” və “gah” sözlərindən yox, “xanə” və “gah” sözlərindən yaranıb. Müəllif “xan” sözünün “süfrə”, “gah”ın isə “zaman” mənasına gəldiyini iddia edir. Əslində isə farsca “xanə” sözü “ev, dairə, qonaq və yer” mənasına gəlir. Fars dili və ədəbiyyatı təhsili almış “alimimiz”in etimoloji izahına görə, “xanədan” sözü “süfrədar”, “həbsxana” isə “həbs süfrəsi” mənasına gəlməlidir.
6. Kitabda müəllif belə yazır: “Xanigah şeyxləri bir cür quldarlıq sistemi yaradır və xanigah qanunlarına görə yaşayanlar onların əmrlərinə mütləq mənada tabe olan qullar idilər. Beləcə, xanigah şeyxləri feodal bir sistem içində böyük iqtidara sahib olurdu”. Ağlı başında olan biri bu ifadəni yazarkən fikirləşməlidir. Quldar sistemdə feodal olmaq necə mümkündür? Quldarlıq və feodalizm iki fərqli ictimai-siyasi quruluşu ifadə edir. Quldarlığın dağılması ilə feodlaizm yaranıb.
7. Kitabda davamlı olaraq “Əmroas” adlı şəxsdən bəhs edilir. İslam tarixində belə bir şəxs yoxdur. Hər halda, müəllif Misir valisi olmuş Əmir bin Asdan bəhs etmiş olmalıdır.
8. G.Gəncalp yazır: “Hz. Əli peyqəmbərin dəfn mərasimi ilə məşğul ikən xəlifə seçilmişdir”. Belə məlum olur ki, Peyğəmbərdən sonra Hz. Əli xəlifə seçilib. Peyğəmbərdən sonra xəlifə seçilən şəxs Əbu Bəkr olub. Bu, nə yazdığını oxumayan və
bilməyən “elm adamı”nın faciəsidir.
9. Müəllif yeni terminlər də icad edib. Misal üçün, “düşmənşünas”.
10. Kitabın 54-cü səhifəsində yer alan məlumatla 55-ci səhifədəki məlumat bir-birini təkzib edir. Müəllif əvvəlcə İranlı alim Əbdülkərim Süruşa istinadən “Hz. Əli və Hz. Həsəndən sonra imamların hamısı zamanın iqtidarları ilə razılaşdılar, xilafətə qarşı çıxmadılar” deyir. Bir neçə paraqraf sonra isə “Zeyd özü Əməvi xəlifəsi Hişam ibn Əbdülmalikə qarşı qiyam edib şəhid oldu” ifadəsi diqqət çəkir.
11. Kitabın 62-ci səhifəsindən etibarən müəllif “rindlik” əlaməti olaraq “səma”dan bəhs edir. Hər şeydən əvvəl, bu “səma” deyil, “səmah”dır. Ərəbcə ədəbiyyatda “səmah”, “sənəm”, “şəmeniyyə”, “seneviyyə”, “şemeni”, “səməni”, “senevilər”, “şemenilər” və s. kimi ifadələrin hamısı şaman-kamla əlaqədar keçir. Müəllif zəhmət çəkib İslam mənbələrini (Əbu Düləf, Yakut, Qərdizi, Məsudi və d.) oxuyub araşdırsaydı, bu məsələdə çətinlik çəkməzdi. Ayrıca, “səmah” – şamanın göyə çıxmasını ifadə edən təbil çalıb rəqs etməsi və daha sonra özündən getməsi kimi dini bir ritualın İslam sufi həyatına girmiş formasıdır.
12. Müəllif “xanigahların müasir partiyaların rolunu oynadığını” iddia edir. Bu proses Osmanlı sultanı II Mahmud tərəfindən 1828-ci ildə yeniçəriliyin və bektaşiliyin ləğvi ilə başlamış və bəzi bektaşilərin masson lojalarına girməsi və bundan təsirlənib siyasiləşməsi ilə nəticələnmiş Türkiyədə intellektual bektaşiliyə xas bir istisnadır. Bu məsələ İren Melikoff tərəfindən geniş analiz edilib.
13. Müəllifə görə, “monqolların insan ağlının məhsulu olan qanunlarla dövləti idarə etməsi daha sonrakı Qərb mədəniyyətinin cövhərini təşkil edəcəkdir”. Sual olunur necə? Ayrıca, monqol qanunlarının ağlın məhsulu olduğunu kim iddia edə bilər ki? Monqol qanunlarının təməlində köçəri dini inanclar yer alır. Monqolların və türklərin hərb sistemi Qərbə təsir edib. Hüquqla ordu sistemi bir-birinə qarışdırılmamalıdır.
13. Kitabın 71-ci səhifəsində tamamilə mənasız və yanlış bir cümlə yer alır: “Başbaxan
Güntay Gəncalp
(Elxanlı vəziri Fəzlullah Rəşidəddin – Ə.N.) İslamı qəbul etdikdən sonra Şeyx Səfyəddinə yaxınlaşdı”. İslamı qəbul edən kimdir? Rəşidəddin, yoxsa Şeyx Səfiyəddin? Bu ikisi onsuz da müsəlman idi, niyə təkrar İslamı qəbul etsinlər?
14. 72-ci səhifədə cahilcə bir məlumat verilir: “1428-ci ildə Əli öldü və oğlu İbrahim onun yerinə (Səfəvi təriqətinin başına – Ə.N.) keçdi. Bu zaman Azərbaycan Qaraqoyunlu Qara Yusifin nəzarətində idi”. Halbuki, Qara Yusif bu hadisədən 8 il əvvəl, 1420-ci ildə vəfat etmişdir. Azərbaycana nəzarət isə Qara Yusifin oğlu İskəndərin əlində idi.
15. 81-ci səhifədə Fəzlullah Nəiminin “Cavidan-namə” əsərinin “fars dilinin Gürgan dialektində yazıldığı” bildirilir. Dilçilik elmində “fars dilinin Gürgan dialekti” şəklində bir anlayış yoxdur. “İran dillərinin Gürgan dialekti” olmalıdır.
16. Müəllif “türklər İslamı ərəblərdən çox, farslardan öyrənmişdir. Buna görə də “namaz”, “dəstəmaz”, “abdest”, “oruc” kimi islami sözlər fars dilindən türk dilinə keçmişdir” yazır. Bunu iddia edən müəllifin həmin sözlərin türkcədəki mənasına baxması üçün “Divani lügət-it-türk” kitabına müraciət etməsi gərəkirdi. Bu lüğətdə İslamı qəbul edən türklərin “cin”ə – “yel”, dua üçün verilən pula “ürüng”, “ağıl”a – “us”, “mərsiyə”yə – “ağıt”, “nəzər”ə – “kovuz”, “cənnət”ə – “uçmaq”, “cəhənnəm”ə – “tabu”, “namaz”a – “yükünc” dedikləri aydın olur. Hətta XIII əsrin əvvəllərinə aid olub, bu gün Türkiyənin Süleymaniyyə kitabxanasında saxlanan və Azərbaycanda yazılan bir Quran tərcüməsində bu türkcə sözlərin hamısı işlədilib.
17. Kitabda təkrar-təkrar Ağqoyunlu (Bayandurlu) dövrünün mədəniyyəti ucaldılır və bu mədəniyyəti Səfəvilərin yox etdiyi bildirilir. Amma müəllif digər tərəfdən də Şeyx Cüneyidin və Şeyx Heydərin ortaya çıxmasında Ağqoyunlu Uzun Həsənin rolundan bəhs edir. Bu səhvini başa düşərək, müəllif daha sonra Uzun Həsənin Şeyx Cüneyid ilə Heydərin əsil inancının nə olduğunu bilmədiyini yazır. Halbuki, müəllif kitabının başqa yerində Şeyx Cüneyid və Şeyx Heydərin ətarfındakılarının gücündən istaifadə etdiyini qeyd edir. Belə çıxır ki, Uzun Həsən onların hansı məzhəbə qulluq etdiyini bilməyəcəq qədər ağılsız olub? Ayrıca, G.Gəncalp Şeyx Heydəri Səfəvi təriqətinin başına Uzun Həsənin gətirdiyini, dədələrinin yoluyla gedən Şeyx Cəfəri şeyxlikdən uzaqlaşdırdığını yazır.
18. Kitabın bir neçə yerində “səfəvilərin insan əti yediyi” qeyd olunur. Bu məlumat doğrudur və mənbələrin şahidliyinə görə, skiflərdən bəri mövcuddur. Amma bu, səfəvilərin hamısına yox, sadəcə, kiçik bir hərbi dəstəsinə aid idi. Hərbi-strateji mahiyyət kəsb edən bu ənənə müasir dövrlərdə “vəhşi ordu” kimi qeyd edilən xüsusi təyinatlı hərbi birliyə işarədir. Günümüzdə də bir çox böyük dövlətlər “vəhşi ordu”ya sahibdirlər.
19. Müəllif Şah İsmayılın Özbək xanı Şeybaninin kəlləsindən şarab qədəhi düzəltdiyini və bunun “hannibalist iyrənclik” olduğunu iddia edir. Bu iddiası ilə müəllif Türk tarixi haqqında heç bir təsəvvürə və məlumata malik olmadığını açıqca ortaya qoyur. Kitabında dəfələrlə monqolları və Çingiz xanı tərifləyən bir “alim”in belə iddialar ortaya atması savadsızlığın ifadəsidir. Hökmdarın kəlləsindən qədəh hazırlamaq qədim türk inanc sistemidə o hökmdara hörmətin əlaməti idi. Çingiz xanın qan qardaşı (anda) Camuka atının yəhərinə öldürdüyü qəhrəmanın kəllə sümüyünü sancmışdı. Peçeneq hökmdarı Kiyev knyazı Svyatoslavın kəlləsindən qədəh hazırlamışdı. Şaman-kam inancında məğlub olan hökmdar igid və əsl qandan gəlirsə, onun xatirəsini əbədi tutmaq üçün başı qurudulur və saxlanılırdı. Bəzən də ondan qədəh hazırlanırdı.
20. Yenə savadsızlığın əyani ifadəsi olaraq müəllif qızılbaşların özbək xanı “Şahbəy Xan”ın adını doğru tələffüz edə bilmədiklərindən ona “Şeybək” dediklərini yazır. Bəs nəyə görə, Şeybək xan öz divanında adını “Şahbəy” yazmayıb? Üstəlik, qızılbaşların ləhcəsində “şah” və “bəy” sözləri olduğu halda, niyə “Şahbəy” deyə bilməsinlər ki? Üstəlik, özbək xanının adı nə “şah bəy”, nə “şeybək”, nə də “şeybani” olub. Onun adı “Şibək” idi. Monqolca olan bu kəlmə, eyni zamanda Çingiz xanın nəvəsi və Ağ Orda dövlətinin banisi Şibəkin adı idi. Özbək Şibək xan da elə onun soyundandır. Şibək xanın Türk dilində yazdığı böyük divanı da günümüzə qədər gəlib çatıb.
21. Müəllif iddiasını sübut etmək üçün ağlına gələn fantastik fikirlər yazıb. Misal üçün, 122-ci səhifədə bir-birinin altında iki cümlə yer alır: “İsmayıl Gilanda olduğu vaxt Şəmsəddin Lahicidən ərəb və farsca öyrənir. Bir kəlmə türkcə bilməyən Lahici nəyə güvənərək türk şəhərində dövlət vəzifəsində çalışmağı qəbul etmişdir?” Sual olunur: Türkcə bilməyən Lahici, ancaq türkcə bilən İsmayıla necə ərəb və farsca öyrədib?
22. Müəllif “Şeyx Əlidən sonra başqa qardaşları olduğu halda niyə Şah İsmayılın səfəvi təriqətinin başına keçdiyini” soruşur və burada şüubiyyənin rolunu qeyd edir. Halbuki, bu sualın cavabını müəllif kitabının başqa yerində verib: “Şeyx Əli öldüyü zaman təriqətin 12 çalmalı tacını İsmayılın başına qoyaraq onu şeyx elan etmişdir”. Ayrıca, müəllifə görə, İsmayılın şeirlərində “Heydər oğluyam” deməsi onun Heydərin oğlu olduğu haqqında şübhə yaradır. Məlum olduğu kimi, İsmayılın şeirlərində keçən “Heydər oğlu” ifdəsi həm atası Şeyx Heydərə, həm də “Hz. Əli”yə işarədir.
23. Müəllif böyük həyəcanla soruşur: “Niyə Səfəvi soyundan İsmayıldan başqa kimsə qalmamışdır?” Mən isə müəllifdən soruşmaq istəyirəm: Hörmətli müəllif, niyə bununla
Şah İsmayıl
əlaqədar kitab oxumursunuz? Tarixdə səfəvilər nəslinin sonradan böyük bir tayfaya çevrildiyi və bunların hakim sülalə olaraq “şeyxavəndlər” adlandığı məlumdur. Ayrıca, İsmayılın qardaşları haqqında kifayət qədər məlumatın olmaması hər hansı gizli gücün onları yox etdiyi mənasına gəlmir?
24. Kitabın 133-cü səhifəsində müəllif “İsmayılın türk dilini dövlət dili elan etməsinə” inanmadığını qeyd edir və buna sübut kimi “tarix əsərlərinin farsca yazıldığını” göstərir. Bu məntiqlə yanaşsaq, monqollar dövrünün tarixi əsərləri farsca və çincə olduğu üçün Çingiz xanın dövlətinin dili də monqolca olmadığını iddia etməliyik. Hətta müəllifin heyranlıqla qeyd etdiyi Teymurilər dövrünün tarix əsərləri də farscadır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarix kitabları da farscadır. Tarix əsərlərinin başqa dildə olması o dövlətin rəsmi dilinin kimliyini müəyyən edirmi? Səlcuqlu və Qəznəvi dövlətlərinin də tarix kitabları ərəbcə və farscadır. O zaman bu dövlətlərin rəsmi dilinin farsca və ərəbcə olduğunumu iddia eyməliyik?
25. Müəllif qızılbaşların və şiələrin “sünnilərin quyruğunun” olduğuna inandıqlarını və onların öldürülməsi gərəkliyini deyir. Bu qeyri-cidddi və xalq ağzında gəzən şayiənin “alimimiz” tərəfindən elmi bir iddia olaraq qəbul edilməsi faciədir. Müəllifin məntiqindən çıxış etsək, “sünniləri öldürən, parçalayan, təcavüz edən” qızılbaşların və şiələrin sünnilərin quyruğunun olub-olmadığını görməmələri üçün “kor” olduqlarını iddia etməliyik.
26. Kitabın 138-ci səhifəsində yer alan məlumat isə özünü İranda, Türkiyədə və Azərbaycanda elmi təhsil aldığını iddia edən şəxsin təhsil səviyyəsinin nə yerdə olduğunu ortaya çıxarır. Belə yazır G.Gəncalp: “Camedəki (Təbriz Cümə məscidi – Ə.N.) əhali türkcəni gilək ləhcəsi ilə danışan və əlində qılınc tutan İsmayıl adında bu yabançı cocuğun. ”. Şah İsmayılın ləhcəsi və türkcəsi onun şeirlərindən aydın olur. Xətainin türkcəsi “Xorasan türkcəsi” olub, hətta Mövlana Cəlaləddinin türkcə şeirləri ilə eyni üslub və ləhcə xüsusiyyəti daşıyır. Müəllifin Avropa tarixi haqqında məlumatları da bəsit və eşitdiklərinə əsalanır. Yoxsa, “Şah İsmayıl ilə Neron”u müqayisə edərkən diqqətli olması gərəkirdi. Romanı Neronun yandırdığı haqqındakı iddialar XV əsrdə xristianlar tərəfindən ortaya atılmış, heç bir elmi əsası yoxdur.
27. Müəllif Şah İsmayılın “Təbriz xalqını şiə olmadığı və şiəliyi qəbul etmədiyi” üçün öldürdüyünü iddia edir və təbrizlilərin yüz illərlə əvvəl Yezid tərəfindən öldürülmüş imamların cinayətkarları kimi ittiham edildiklərini qeyd edir. Ona görə, tarixdə bu cür vəhşilik olmayıb. Halbuki tarixdə belə hadisələr olmuşdur. Misal üçün, müəllifin heyran olduğu Əmir Teymur da Şam xalqını eyni səbəblə cəzalandırmış, əhalisini qılıncdan keçirmiş, hətta Peyğəmbərin nəvəsini öldürdüyü üçün Yezidin qəbirini açdırıb sümüklərini çıxarıb yandırmış və boş qəbrinə insan nəcisi doldurmuşdu. Müəllifin məntiqi ilə yanaşsaq, o zaman Əmir Teymuru da şüubiyyə və “fars milliyətçici” elan etməliyik?
28. Kitabın 148-ci səfihəsində müəllifin nə farsca, nə ərəbcə, nə də türkcə savadının olmadığı öz təsdiqini tapır. Müəllif qeyd edir ki, səfəvilərdən etibarən xalq arasında “Əlinin, Həsənin, Hüseynin qulları olaraq əliqulu, həsənqulu, hüseynqulu kimi insan ləyaqətini və şəxsiyyətini alçaldan adlar yayıldı. Kimliklərini bilmədikləri adamların qulları oldular”. Əvvəla, “qulu” sözünün bizim coğrafiyamızda yayılması monqolların təsiri ilə olub. İkincisi, qədim türk dilində “qul” sözü indiki mənada “qul, kölə, heç bir haqqı olmayan” mənasında olmayıb, “məmur” mənasındadır. Bunun kimi monqolca mənşəli “nökər” sözü də “qul” mənası daşımır. Müəllifin qeyd etdiyi mənada “qul” olmaq üçün o zaman insanlar “Həsənqulu, Əliqulu, Hüseynqulu” yox “Əbdulhəsən, Əbdüləli, Əbdülhüseyn” kimi adlar qoymalı idilər. Çünki ərəbcə “əbd-abd” sözü heç bir haqqı olmayan qul, kölə mənasına gəlir. Adın sonunda yer alan “qulu” bir tituldur. Belə adları daşıyanlar cəmiyyətdə böyük nüfuza sahib idilər.
29. Dilçilik cəhətdən müəllifin bir başqa böyük səhvi də “mir” adının açıqlanmasında diqqəti çəkir. Müəllifə görə, “mir, yəni seyid, peyqəmbər soyundan” mənasına gəlir. Birincisi, “mir” sözü qədim süryanicədir. Xristianlıqla birlikdə ortaya çıxmışdır. Süryanilər xristian müqəddəslərin adının əvvəlinə “mar” (yəni mir) əlavə edərək onlara müraciət edirdilər. “Mar Abas” kimi. Mir adının yayılmasının səbəbi xristianlıqda axtarılmalıdır. Bu titul daha sonra müsəlmanlar tərəfindən istifadə edilmişdir. Azərbaycandakı seyidlərin mənşəyinə gəlincə, bunun iki səbəbi var. Birincisi, bu seyid ailələrinin çoxu Azərbaycana köç etmiş Mazandaran və Təbəsərandakı zeydi məzhəbli idilər. İkincisi, orta əsrlərdə Səfəvilər və Osmanlılarda seyid olanlardan vergi alınmadığı üçün bir çox ailə özünün seyid olduğu haqqında saxta sənədlər hazırlamışdı. Bu saxtakarlığn qarşısını almaq üçün Osmanlıda xüsusi bir qurum da yaradılmışdı.
30. Müəllifin iddiasına görə, Şah İsmayıl “Rustəm, Zal, Xosrov” və s. kimi türklüklə və islamla əlaqəsi olmayan titullar daşıyıb. Amma mənbələr Şah İsmayılın “Alp Ər Tonqa” (Əfrasiyab) adını daşıdığını qeyd edir. Hətta Yavuz Sultan Səlim belə, öz məktubunda Şah İsmayıla “Əfrasiyab” adıyla xitab edir. Bunu kimi Xətai divanında onun özünü “xan, xaqan, Türkistan xanı” kimi təqdim etdiyi də məlumdur.
31. Müəllif şiə din adamı Kərəkidən bəhs edir və onun Şah İsmayılın əliylə etdiyi ifrat hərəkətlərdən danışır. Halbuki, əsas tarixi mənbələr Kərəkinin Şah İsmayılın vəftından sonra Səfəvi ölkəsinə gəldiyini qeyd edirlər.
Kitabda yer alan bu kimi səhvlərin, əsasız, heç bir elmi dəyər kəsb etməyən iddiaların sayı yüzlərlədir. Bunların hər birini oxucuya təqdim etmək üçün mənim müəllifin kitabı qədər bir əsər yazmağım lazımdır.
Tarixçi məlumatları toplarkən onları ciddi təhlil etməli, mənbələrin müqayisəsini aparmalıdır. Mənbələrdə yer alan hər məlumat doğru hesab edilə bilməz. Maraqlıdır ki, müəllifimiz Xuncinin “Tarixi aləmarayi əmini” kitabında “qızılbaşları xürrəmilər” olaraq təqdim edən məlumatdan istifadə etməyib. Etsəydi, o zaman Babəkin də şüubiyyə olduğunu iddia etməsi lazım gələcəkdi.
Güntay Gəncalpın “Səfəvi kimliyinə fərqli baxış: Səfəvilər” əsərinin başlıca iki iddiası var: Səvəvilərin şüubiyyə (doğru yazılışı “şuubiyyə”dir) davamçıları olması və onların Şeyx Bədrəddinin inanc sistemini qəbul etməsi.
Ərəb ədəbiyyatında şüubiyyə geniş bir cərəyandır. Bir milləti deyil, qeyri-ərəb millətləri, məvali adlanan geniş kütlədən insanları əhatə edirdi. Şüubiyyədə qədim İrani ünsürlər olduğu kimi, Hind ünsürləri də var. Ərəb və Avropa ədəbiyyatında şüubiyyə haqqında çox sayda çalışma vardır. Bu əsərlərin heç birinin müəllifin kitabında öz əksini tapmaması böyük qəbahətdir. İslam tarixində ortaya çıxan bir çox “zəndəka və ilhad” hərəkatında şüubiyyənin təsirinin olduğu doğrudur. Amma səfəviliyin birbaşa şüubiyyənin davamı olduğunu iddia edən müəllif bunu tarixi dövrələrə görə izah etmək məcburəyyətindədir. Türk olmayan bir neçə şəxsdən (Lahici kimi) şübhələnib, Gilanda yaşayan hər insanı şüubiyyə elan etməyin heç bir elmi izahı yoxdur. Müəllifin məntiqi ilə düşünsək, Şah İsmayıl qarşısında məğlub olub, Gilana qaçan şirvanşah Fərrux Yassarın oğlu da Gilana qaçdığı üçün şüubiyyə inancına sahib olmalıdır. Yenə bu məntiqlə yanaşsaq, Güntay Gəncalpın özünü də şüubiyyə elan etməliyik. Çünki belə bir məlumat müəllifin öz əsərində əks olunub. O, “qızılbaşlar alçaldılaraq şahsevənləşdirildilər” deyir. Müəllifimiz özü də, adından məlum olduğu kimi, şahsevənlərin cavanşir tayfasındandır. Deməli, o da şüubiyyə inancını “alçaldılaraq” qəbul edənlərdəndir.
Kitabda heç bir izahı olmadan “fars milliyətçiliyindən” bəhs edilir. XIX əsrin ikinci yarısında Orta Şərq coğrafiyasında ortaya çıxmış Avropa mərkəzli “millət” anlayışını müəllif tarixin bütün dövrləri üçün istifadə edərkən heç bir elmi məsuliyyət hiss etmir. Ayrıca, müəllif tənqid etdiyi paniranist və panfarsist anlayışlardan xilas ola bilmir. Misal üçün, sasaniləri, persləri “fars, fars milləti” qəbul etmək ciddi elmi səhvdir. Müəllifin iddia etdiyi fars dili ilə pers və pəhləvicə arasında böyük fərqlər var. Farsca (dari) ilə pers və pəhləvicəni eyni dil qəbul edən zehniyyət, almancaya rusca, ruscaya da fransızca deməsi lazımdır. Eyni dil ailəsindən olmaq o dillərin bir dil olduğu mənasına gəlmir.
Müəllif, qızılbaşlıqda Şeyx Bədrəddinin və şüubiyyənin cılız təsirini şişirdib ondan bir tarix yaratmağa çalışırkən, nəyə görə qızılbaşlığa güclü təsir etmiş babailik, bektaşilik, məvalilik üzərində dayanmaq ehtiyacı hiss etmir? Xətainin əsərlərində Şeyx Bədrəddinin adı qeyd edilməzkən, Hacı Bektaşın adı dəfələrlə çəkilib. Məvalilik isə Xətai şeirlərində ən güclü şəkildə əks olunub. Daha əhəmiyyətlisi, qızılbaşlıq ilə 1153-cü ildə Bəlxdəki Oğuz üsyanı arasındakı paralelliklərdir. Müəllf bu hadisədən tamamilə xəbərsizdir. Xəbəri olsaydi, hər halda Sultan Səncəri məğlub edib həbs edən və Böyük Səlcuq dövlətinin və mədəniyyətinin süqutuna səbəb olan oğuzları da şüubiyyə adlandırmaq üçün əlindən gələni əsirgəməzdi.
Şah İsmayılın Gilanla əlaqəsinə gəlincə, görünür, müəllifimiz istifadə etdiyi mənbələri belə, oxumayıb. Gilan səfəvilərin ilk vətənlərindən biridir. Səfəvi ailəsinin Bəlx hakimləri (qarluq türklərindən olan bəlxşahilər) ilə eyni mənşəydən gəldiyi haqqında ciddi dəlillər var. Hətta başda “Saffət-üs-Səfa” olmaqla bir çox qızılbaş mənbələrində (müəllifin tez-tez sitat gətirdiyi “Tarixi aləmarayi Abbasi” əsəri də buraya daxildir) səfəvilərin Xorasandan Gilana gəldikləri və burada geniş torpaqlar əldə etdikləri məlumdur. Başqırd türkləri arasında da qızılbaş adlanan tayfalar olub. Müllifdən soruşmaq lazımdır: onlar da şüubiyyə inancına mənsub farslar idimi?
Bir tarixçi, elm və fikir adamı, hətta hər hansı ədəbiyyatçi və siyasətçi belə, tarixlə maraqlanmaq və bu mövzuda kitablar yazmaq haqqına sahibdir. Eynilə, tarixçilərin Şah İsmayılın zalım və müstəbid bir hökmdar olduğunu da iddia etmək haqqı var. Amma elmi ciddiyətdən uzaq, səriştəsiz və savadsızca fikirlər milləti fəlakətə və böyük bədbəxtliyə düçar edir. Bu həssasiyyəti nəzərə almayan və heç bir məsuliyyət daşımayan insan hansı demokratik anlayışdan, elmi kimlikdən və insanlıqdan bəhs edə bilər? Bu haqqı ona kim verir?
Belə hesab edirdik ki, uzun illər bizi yaralamış məzhəb davaları XX əsrin əvvəllərində qaldı və biz bu mərhələni pis-yaxşı geridə qoyduq. Amma nə var ki, şöhrət, özünü tanıtmaq, şou uğrunda bəzi intellektuallarımız bir millətin, xalqın, sosial qrupun inancıyla, dini və milli hissləri haqqında ağıllarına nə gəlirsə yazmaq haqqını özləri üçün ərdəm hesab edirlər.
ƏKBƏR N. NƏCƏF
Tarixçi-araşdırmaçı,
“SalamPress” qəzetinin redaktoru
“Oxu zalı”ndan: Polemikaya qoşulmaq istəyənlər yazılarını yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
Güntay Gəncalp: Azərbaycan tarixi yalan üzərində qurulub [Audio]
Finlandiyada mühacirətdə yaşayan publisist Güntay Gəncalp Amerikanın Səsinə müsahibədə Azərbaycan tarixinin yazılış tərzini tənqid edib. Onun sözlərinə görə müxtəlif siyasi rejimlər altında formalaşan tarixi şüur əksər hallarda qüsurlu şəxsiyyətləri milli qəhrəmana çevirərək Azərbaycanın təkamülünü yanlış istiqamətə yönəldib.
Embed share
Güntay Gəncalp: Azərbaycan tarixi yalan üzərində qurulub
Embed share
The code has been copied to your clipboard.
The URL has been copied to your clipboard
- Facebookda bölüş
- Twitterdə bölüş
No media source currently available
0:00 0:13:51 0:00
Pop-out player
Əslən Ərdəbil vilayətinin Muğan bölgəsindən olan araşdırmaçı yazarın son zamanlarda Səfəvilər dövləti, onun banisi Şah İsmayıl Xətai, habelə Hurufilər və İmaddəddin Nəsimi ilə bağlı yazdıqları böyük polemikalara səbəb olub. Güntay Gəncalpın fikrincə şiəliyi Azərbaycan gətirməklə, bu toplumu türk dünyasından ayıran Şah İsmayıl Azərbaycan dövlətçiliyini formalaşdıran deyil, onun təkamülünün qarşısını alan bir şəxs sayılmalıdır. Belə ki, onun qurduğu dövlət Azərbaycan məmləkətinə deyil, İran imperiyasının yaranmasına yol açdı.
İndiki İslam Respublikası Səfəvilər dövlətinin varisidir.
Güntay Gəncalp
Güneyli publisist hesab etdiyini bildirib ki, uzun müddət Azərbaycan türkləri yad siyasi rejimlərin əsarəti altında yaşadıqlarından onların tarixləri də həmin qüvvələr tərəfindən diktə edilib. Nəticədə, Azərbaycan xalqına qəhrəman qismində bu millətin həqiqi qurucuları və şəxsiyətləri deyil, Sovetlərin yaxud İrançıların müsbət hesab etdiyi şəxsiyyətlər sırıdılıb.
“Səfəvilər” kitabı
Səfəvilər kitabının müəllifi müasir tarix elmini “sadəcə tarixi olayların sadalanması kimi” deyil, “olayların incələnməsi” kimi qiymətləndirir. Onun sözlərinə görə, “tarixçilik” ilə “tarix yazmaq” eyni şeylər deyil, və indiki tarixçilər keçmişdəki tarix yazarlarının yazdıqlarına istinad edərək indi məqbul olan informasiya əsasında tarixi olayları təhlil etməlidirlər.
Güntay Gəncalpın Səfəvilər kitabı, Fərman Kərimzadə və Çingiz Abdullayevin əsərləri ilə birlikdə Qanun Nəşrlər Evinin 2012-ci ildə Azərbaycan Respublikasında ən çox satılan yerli yazarların kitabları siyahısına daxil olub.
Comments are closed, but trackbacks and pingbacks are open.