Ernest Heminquey “Əcəl zəngi”
– Mierda (zibil).
– Bizə uyğun olan bir şüar da var. Pasionariya deyir: diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.
– Elə bu da mierda.
– Biz isə diz üstə deyilik, qarnı üstəyik.
Əcəl zəngi. Ernest Heminquey (PDF yüklə)
Ernest Heminqueyin “Əcəl zəngi” kitabını yüklə.
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul, 1899 – 2 iyul, 1961) – amerikalı yazıçı və jurnalist. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə “Iceberg”) üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə “omission”) yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı.
Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerka və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.
Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Böyük rus yazıçısı Konstantin Simonov “Cordan və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələri E.Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələr” kimi qiymətləndirmişdir.
Roman faşizmə qarşı təkcə yazıçı qələmi ilə deyil, əldə silah əsgər kimi döyüşən bir insan tərəfindən yazıldığından, oradakı hadisələr o qədər canlıdır ki, özünü həmin hadisələrin mərkəzində hiss edir, əsərin qəhrəmanlarının yaşadıqlarını təkrar yaşayırsan.
XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) müharibə mövzusunda qələmə aldığı «Əcəl zəngi» romanı təkcə yazıçının öz yaradıcılığında deyil, ümumiyyətlə dünya ədəbiyyatı tarixində bu mövzuya həsr olunmuş ən sanballı ədəbi nümunələrdən biri sayılır.
Ernest Heminquey “Əcəl zəngi”
“Əcəl zəngi” (ingiliscə “For Whom the Bell Tolls”) – Ernest Heminqueyin 1940-cı ildə nəşr olunmuş əsəri. Romanda cavan amerikan, ispan dili müəllimi, İnternasional briqadalarının döyüşçüsü olan Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Bu çətin tapşırıqda ona kömək edənlər də olacaq, mane olanlar da. Burda o sevgisini tapacaq da, itirəcək də.
Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdı.
Romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb.
Karandaşın izi ilə
Elə bir insan yoxdur ki, Ada kimi tək-tənha dayanıb dursun: hər insan Qitənin bir parçası, Qurunun bir parçasıdır; Dalğalar sahildə dikələn Qayanı qoparıb dənizə aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya sənin Dostunun Qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən Bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? SƏnsən dünyadan köçən. (Con Donn)
Birlikdə işlədiyin adamlara ya gərək tamam inanasan, ya da heç inanmayasan.
İstədiyimi, hətta mümkün olanda belə, heç vaxt vermirlər.
Mən həmişə çalışmışam ki, lazım olduğundan çox bilməyim. Bir şey olsa, mən satmamışam.
Mən o qədər ciddi adamam ki, zarafat eləyə bilərəm.
Hər kəs bacardığını eləməlidir və çalışmalıdır ki, elədikləri düz olsun.
– Sən burada aranı qarışdırsan, bizi bu yerlərdən didərgin salarlar. Biz buralarda ona görə qala bilərik ki, yaşadığımız yerdə heç nə eləmirik. Tülkü qaydası belədir.
– Bu, tülkü qaydasıdır, bizə isə canavar lazımdır.
– Doğrudanmı yaşın belə çoxdur?
– İyulda altmış səkkiz olacaq.
– Əgər iyula kimi sağ qalsaq.
Amma onun belə qüssəli olması qorxuludur. Mənasız bir qüssədir. Adamlar fərarilik və xəyanət etmək istəyəndə bu cür qüssəli olurlar. Sabah xain çıxacaq adam bu cür qüssəli olur.
– Sənin kimilərin ömrü gödək olur.
– Mənim kimilər ölən günəcən yaşayırlar.
O dovşan tutur. Axı qaraçıdır, dovşan tutanda da tülküdür deyir. Tülkü tutsa, deyəcək ki, tələyə düşən fil idi.
İspanca danışan adamlarla yola getmək üçün iki şərtə əməl etmək lazımdır: kişiləri tütünə qonaq etmək, qadınlara isə toxunmamaq.
Kişilər! Eyib olsun biz qadınlara ki, sizi doğuruq.
– Səninlə elə danışıram ki, guya yüz ildir səni tanıyıram.
– İnsanlar bir-birini başa düşəndə həmişəbelə olur.
– Mən heç yepiskopu da öldürməzdim. Nə mülkədarı öldürərdim, nə də başqa bir sahibkarı. Mən ancaq onları məcbur edərdim ki, bütün ömürləri boyu bizim kimi hər gün tarlada və ya dağlarda meşənin qırılmasında işləsinlər. Bilsinlər ki, insan nədər ötrü doğulur. Qoy bizim kimi yatsınlar. Qoy bizim yediklərimizdən yesinlər. Lap vacibi isə odur ki, işləsinlər. Bu onlara dərs olar.
– Nə olsun, özlərinə gələn kimi yenə səni salacaqlar boyunduruğa.
– Onları öldürməklə heç kəsə heç nəyi başa salmaq olmaz. Onsuz da hamısını qırıb qurtara bilməzsən. Cavanları böyüyər, daha çox nifrət edərlər. Həbsxana adamın nifrəti bir az da artır. Yox, yaxşısı budur qoy düşmənlərimizin hamısına dərs olsun.
Bu bulanıq, acı, dili donduran, beyni qızışdıran, mədəni isindirən, həyata baxışı dəyişdirən füsunkar araq nə vaxtsa sevdiyi və bir az unutduğu hər şeyi əvəz edirdi; hər şeyi yenidən ona qaytarırdı.
– Kimin ağıllı, kimin ağılsız olduğunu bilmək qorxaqlıq deyil.
– Kimin cəsarətli, kimin qorxaq olduğunu bilmək də ağılsızlıq deyil.
… bu sualın ritorikadan nə qədər uzaq olduğunu başa düşdü.
Kim ki, əmin-amanlıq axtarır, o hər şeyi itirir.
– İç. Onda gözünə daha da yaxşı görünərəm. Məni qəşəng görmək üçün gərək çoxlu şərab içəsən.
– Onda daha içməyəcəyəm. Sən onsuz da qəşəngsən, həm də təkcə qəşəng yox.
– Bax, belə danışmaq lazımdır. Sən əsl kişi kimi danışırsan. O, daha necədir?
– Ağıllıdır.
– Necə yaxşı başlamışdın, don Roberto, gör axırı nə oldu!
Pozğunluq belə zarafatlardan başlayır. Sənin üçün siyasət allah kimi bir şeydir.
– O, kommunistdir.
– Sən kommunistsən?
– Yox, mən antifaşistsəm.
– Haçandan?
– Faşizmin nə olduğunu biləndən sonra.
– Mənim atam da bütün ömrü boyu respublikaçı olub. Babam da həmçinin.
– Hansı ölkədə?
– Birləşmiş ştatlarda.
– Onları güllələyiblər?
– Birləşmiş Ştatlar respublika ölkəsidir. Orada bundan ötrü adamı güllələmirlər.
– Hər halda babanın respublikaçı olması yaxşıdır. Bu o deməkdir ki, əsil-nəcabətin var.
Zəif adam – təhlükəli adamdır.
– Atları gördülərmi?
– Əgər onlara at axtarmaq tapşırılıbsa, hə.
Ye, çox ye ki, şayiələr mədəndə asan həzm olunsun.
Ət həmişəki kimi comosiempre. Şimalda işlər həmişəki kimi xarabdır. Hücuma həmişəki kimi hazırlıq görülür. Əsgərlər həmişəki kimi bizi buradan qovmağa gəlirlər. Səni gərək meydanda heykəl kimi dikəldib üstünə də yazasan: həmişəki kimi.
– Ora mənim xoşuma gəlmədi. Valensiya xoşuma gəlmədi.
– Sonra da deyirlər ki, qatır tərs olur.
– Atla gedək, yoxsa piyada?
– Necə istəyirsən.
– Onda piyada gedək. Bunun qara ciyərə xeyri var.
– Atla getməyin də qara ciyərə xeyri var.
– Qara ciyərə xdeyri var, gündəyməzə zərəri.
– Hə sevişdiniz?
– Qız sənə nə dedi ki?
– Qız mənə heç nə demədi.
– MƏn də deməyəcəm.
– Deməli, sevişmisiniz.
İnsan hərdən ürəyini boşaltmalıdır axı. Əvvəllər dinimiz və digər şeylərimiz var idi. İndi hərənin bir yaxın sirdaşı olmalıdır ki, ona ürəyini açıb danışa bilsin.
Dərd-sər duman kimidir. Gün çıxdımı dağılıb gedəcək.
“Başa düşürsən? Qorxuram!” Mən deyirəm: “Onda sürüş burdan. Bizə bir yataqda yer çatmaz. Mənə, sənə bir də sənin vahimənə.”
Hər şeyi elə etmək lazımdır ki, bu azadlığa layiq olasam.
Elə bil Pablo küçəni süpürürdü, don Faustino isə sanki Pablonun süpürüb atdığı zibil idi.
– Viva la Anarquia! (Yaşasın anarxiya!)
– Viva la Libertad! (Yaşasın azadlıq!)
– “Yaşasın sərxoşluq” bağırsaydılar daha yaxşı olardı.
– Amma qorxurdum ki, Pilar gülləni beynimə çaxar.
– Mən hələ heç kəsi vurmamışam.
– Buna heç ehtiyac da yoxdur. SƏnin dilin güllədən də betərdir.
Etibar qazana bilirsənsə, bu əsasən dilin hesabınadır.
Hər bir ispan yalnız doğma yurduna sadiqdir. Daha doğrusu ən əvvəl əlbət ki, İspaniyaya, sonra öz xalqına, sonra öz əyalətinə, öz kəndinə, öz ailəsinə və öz peşəsinə. Əgər ispan dilini bilirsinizsə, ispaniyalı dərhal sizə rəğbət bəsləyəcək. Əgər onun əyalətini tanıyırsınızsa, rəğbət daha da artacaq. Bununla yanaşı onun kəndinə və peşəsinə də bələdsinizsə, əcnəbiliyiniz nəzərə alınmaqla onun yaxın adamı olacaqsınız.
Belə fikirləşmək yaxşı deyildi, amma onun düşüncələrinə kim nəzarət edirdi? Özündən başqa heç kim.
Bəkə sən ona toxunmaqdan qorxursan, yoxlamaqdan qorxursan. Birdən toxunarsan, elə çıxar ki, bunu özün uydurmusan və yuxuda görmüsən.
Elə şeylər var ki, məni çox hirsləndirir. Başa düşdün? Bax, məsələn, biri odur ki, mənim qırx səkkiz yaşım var.
– Heç vaxt eşitməmişəm ki, sən bu qədər çox danışasan. Bəlkə bundandır? – O, stəkanı qaldırdı.
– Yox, – El Sordo başını tərpətdi. – Bu viskidən deyil. Ondandır ki, bu qədər danışmağım üçün heç vaxt belə bir səbəb olmayıb.
– Kaş onlar bizə kağız üzərində görüləsi bir iş tapşırardılar. Həm düşünmək, həm yerinə yetirmək – hamısı kağız üzərində olaydı.
– Kağız hər şeyə dözür.
– Çox şeyə yarayır.
Həmişə elə bir şey olur ki, əslində gərək olmasın.
– Sən qəliz qadınsan.
– Yox. Ancaq elə sadəyəm ki, dərhal başa düşməzsən.
– Heç sənə yaraşmır.
– Mən bu gün özüm özümə yaraşmıram.
MƏni Xoakin acıqlandırdı, çünki necə idbar olduğumu onun gözlərində gördüm. Özüm də qısqanmıram. Ancaq həsəd aparıram. Həsəd aparıram ki, sənin on doqquz yaşın var. Lakin bu həsəd keçəcək. Sənin yaşın həmişə on doqquz olmayacaq.
Qızın əlinin onun əlinin içində olmasından, barmaqlarının bir-birinə sarınmasından, qızın biləyinin onun biləyinə yapışmasından, qızın ovcunun, barmaqlarının və biləyinin yaxınlığından onun əlinə durğun dənizin səthini yavaş-yavaş dalğalandıran küləyin sərinliyi kimi nə isə bir təravət süzülməkdə idi, bu dodağa yapışan quş tükü kimi, sakit havada yerə düşən yarpaq kimi yüngül idi, elə yüngül idi ki, bunu duymaq üçün barmaqların təması da kifayət edərdi, lakin əllərin möhkəm birləşməsi bu “nə isə”ni o qədər gücləndirir ki, o qədər dərinləşdirir ki, o qədər kəskin, əzablı qüvvətli edirdi ki, elə bil cərəyan kimi keçərək bütün bədənində sancılı, həsrətli bir meyl oyadırdı.
– Sənin gözəl bədənin var. Dünyada belə gözəl bədən yoxdur.
– Qız bədəni kimidir, həm də çox arıqdır.
– Yox. Gözəl bədəndə nə isə bir əsrarəngiz qüvvə var. Amma həmişə yox. Birində olur, o birində yox. Bax səndə var.
– SƏndən ötrü var.
– Kaş atlarımız olaydı. Mən o qədər xoşbəxtəm ki, yaxşı at belində sürətlə çapmaq istərdim. İstərdim ki, sənn də mənimlə yanaşı çapasan və biz getdikcə daha sürətlə, dördnalla çapaq, amma inanmıram ki, mənim səadətimə çata bilək.
Yalnız əmri yerinə yetirməklə əmin olarsan ki, bu, yerinə yetirilə bilməyən əmrdir.
Görəsən başqa elə bir xalq tapmaq mümkün olar ki, rəhbərləri onun bu cür əsl düşmənləri olsunlar?
Fanatizm qəribə şeydir. Fanatik olmaqdan ötrü gərək haqlı olduğuna qəti, danışıqsız inanasan, bu inamı isə yalnız nəfsi saxlamaqla möhkəmləndirə bilərsən. Nəfsi saxlamaq küfrə qarşı ən yaxşı vasitədir.
Amma indi axı Mayakovski yenidən müqəddəslər sırasına daxil edilib. Hə, çünki artıq o, ölüdür.
Onun üçün “xeyli müddət” anlayışı çətin ki, hələ də mövcuddur, amma olsaydı, o həmin müddəti Mariya ilə keçirmək istərdi.
İspan qadınları gözəl ev xanımları olur. Mənim heç vaxt ispaniyalı arvadım olmayıb, odur ki, bunu bilirəm.
…gecənin bir aləmində oyandım və mənə elə gəldi ki, guya başqası ilə yatmışam və yanımdakının kim olduğunu xatırlayana qədər özümü xoşbəxt saydım.
Odur ki, yetmiş illik ömrü yetmiş saata dəyişmək lazım gəlsə, mənim dəyişməyə hər şeyim var və şadam ki, bunu bilirəm. Əgər mənim üçün xeyli müddət, yaxud ömrün axırınadək, yaxud əbədi adlanan anlayışlar mövcud deyilsə, ancaq bu saatkı vaxt mövcuddursa, nə olar ki, deməli, bu saatı da qiymətləndirmək lazımdır və bu, mənim xoşbəxtliyimdir.
Zavallı El Sordo, bütün bunları lazımınca mənə başa salmaq xatirinə o, hətta adi adam dilində danışdı.
Orada, dağ yolunda qadın çox iztirab çəkdi, çünki özünün məhrum olduğundan başqalarının məhrum olmasını istəmirdi, amma özünün bundan məhrum olduğunu etiraf etmək onun qüvvəsindənn xaric idi.
Nə ömür-gün olacaq, nə səadət, nə yüngül həyat sevincləri, nə oğul-uşaq, nə ev, nə vanna, nə təmiz pijama, nə səhər qəzetləri, nə birlikdə oyanıb hiss etmək ki, o yanındadır və sən tək deyilsən. Yox. Bunların heç biri olmayacaq. Amma sənin arzularından həyata keçə biləni yalnız budursa, və sən, nəhayət, bunu tapmısansa, onda heç olmasa bir gecəni əsl yataqda keçirmək olmazmı?
Əgər bu sevginin uzun müddətli və davamlı olmasına ümid yoxdursa, qoy onda bu hiss heç olmasa güclü olsun.
Lakin o inanmırdı ki, Mariya yalnız şəraitin yetirməsidir.
Mən istərdim ki, ömrüm boyu belə olaydı. Belə də olacaq, onun vücudunun o biri yarısı dedi.
– Hə. İşdir, yaralanarsan, mən sənə qulluq edəcəyəm, yaralarını sarıyacağam, səni yedizdirəcəyəm…
– Əgər yaralanmasam necə?
– Onda xəstələnsən, sənə qulluq edəcəyəm, bulyon bişirəcəyəm, əl-üzünü yuyacağam, sənin üçün hər şey edəcəyəm. Bir də sənin üçün ucadan kitab oxuyacağam.
– Əgər xəstələnməsəm, necə?
– Onda səhər sən oyanan kimi qəhvə gətirəcəyəm…
– Əgər qəhvəni xoşlamıramsa necə?
– Yox, xoşlayırsan. Bu səhər iki krujka içdin.
– Təsəvvür elə ki, birdən qəhvədən acığım gəldi, mənə güllə vurmaq lazım olmadı, yaralanmadım, xəstələnmədim, siqaret çəkməyi tərgitdim, corablarım bir cütdən çox olmadı, yataq kisəsini çırğmağı da özüm öyrəndim. Onda nə olsun, dovşanım?
– Sənə lap heç nə lazım olmasa, oturub üzünə baxacağam, gecələr isə sevişəcəyik.
– Əladır. Layihənin axırıncı hissəsi xüsusi təqdirəlayiqdir.
Bu ölkədə yoxsul elə yoxsul kimi də öləcək.
Əgər müharibədən sonra bizim dinimiz olmasa, onda yəqin ki, mülki bir tövbə düşünüb tapacaqlar ki, hamı neçə-neçə qətlin günahından təmizlənsin.
Belə tufanda postda axıracan durmağın mənası böyükdür. Nahaq deyil ki, alman dilində tufan və hücüm eyni bir sözlə ifadə olunur – “sturm”.
– Otur ye. Mənim ölkəmdə kişi arvadından qabaq yeməyə əl vurmaz.
– Onunla ye. Onunla iç. Onunla yat. Onunla öl. Hər şeyi onun ölkəsində olduğu kimi elə.
– SƏn sərxoşsan?
– Bəli, İngles, bəs sən özün hansı ölkədənsən? O hansı yerdir ki, qadınlar kişilərlə bir yerdə yeyirlər?
– Estrados Unidos (Birləşmiş Ştatlar), Montana ştatı.
– Kişilərin qadın kimi yupka geyindiyi yer sizin ölkədir?
– Xeyr. Ora Şotlandiyadır.
…
– Bəs yupkanın altında nə olur?
– Nə lazımsa, hər şey.
– Amma zənnimcə, nə lazımsa hər şeyi yerində olan adam yupka geyinməz.
– Bəs sizdə iri sahibkarlar yoxdur?
– Var, özü də lap çoxdur.
– Deməli, ədalətsizlik də var.
– Əyyaş ki var, murdarın murdarıdır. Oğru əgər oğurluq etmirsə, onu adam saymaq olmaz.Fırıldaqçı özününkeləri aldatmaz. Qatil evə qayıdıb əllərini yuyar. Əyyaş isə it iyi verir və öz yatağına qusur, həm də içini spirtlə yandırır.
Mən onları çox sevirəm. Onlar hətta arxadan baxanda da bu adamlardan gözəl görünür, ağılları da artıqdır.
Bir alçaqlıqla o birinə bəraət vermək olmaz.
Sənə qulaq asanda ürəyim bulanır, – səbəbi də sənin alçaqlığındır.
– Fernando. Bu da ət, lütf et, bunu elə ədəblə və adam kimi ye ki, ağzın yumulsun.
Fransız dili diplomatiya dilidir, ispan dili isə bürokratizm dili.
Əvvəlcə ona sərbəst görünən söhbətlərdə isə, sonradan aydın olduğu kimi, həqiqət çox idi.
Əgər hər hansı bir hərəkət mahiyyətcə ədalətlidirsə, onda yalanın əhəmiyyəti olmamalıdır.
Lakin yaxşı vuruşub sağ qalanlar tezliklə hisslərinin saflığını itirdilər.
– Heç cür sübut edə bilməzdin ki, qarşında uzanmış çılpaq meyit rusdur. Ölülər öz milliyətini və öz siyasi əqidəsini bildirmilər.
– Mən güman edirdim ki, siz siyasi qətl üsulunun əleyhinəsiniz.
– Biz fərdi terrorun əleyhinəyik.
Zarafatyana zarafat etmək də çox təhlükəlidir.
– Mən müharibənin qələbə ilə qurtarcağı günə qədər intellektimi nümayiş etdirməməyi qərara almışam.
– Onda qorxuram ki, o sizə hələ xeyli vaxt lazım olmasın.
Cəbhəyə yaxınlaşdıqca, daha yaxşı adamlarla rastlaşırsan.
MƏn deyə bilmərəm ki, sən ağılsızsan. Sən sadəcə karsan.
Pis yuxu çin olmağa fürsət axtarır.
Ağıllı maralı tazısız tutmaq olar?
İngles, mənə elə gəlir ki, sənin nə siyasətdən başın çıxır, nə də partizan müharibəsindən. Bunların hər ikisində əsas məsələ canını salamat saxlamağı bacarmaqdır.
Ovçular heyvanları öldürürlər, əsgərlər isə insanları.
O, əsl xristiandır. Katoliklər ölkəsində beləsinə çox az-az rast gəlirsən.
– Sizlərdə hamı soğan yeyir?
– Yox. Orada bu heç vaxt dəb olmayıb.
– Yaxşı ki, belədir. MƏn Amerikanı həmişə mədənni ölkə hesab etmişəm.
İndi isə o qədər az vaxt qalıb ki, yalan danışmağa dəyməz.
– Amma başqalarının əzabına çətin dözürəm.
– Yaxşı adamların hamısı belədir.
– Belə axmaq, belə qəddar arvadları görəndə adam bilmir neyləsin!
– Nəsil artırmağa qüdrəti çatmayan kişilərə güc vermək üçün mən çıxıb gedirəm.
Əgər mənim təəssüfümdən bir adam təskinlik taparsa, mən təəssüflənməyə hazıram.
MƏn xalqın və onun öz istədiyi idarə üsulunu seçmək hüququnun tərafdarıyam. Amma sən adam öldürmək tərəfdarı olmamalısan. Lazım gələndə, sən adam öldürməlisən, amma öldürmək tərəfdarı olmamalısan. Əgər sən buna tərəfdasansan, onda hər şey lap başlanğıcdan düz deyil.
Yaxşı, o öz-özünə dedi. Faydalı məsləhətlər üçün sağ ol, hə, bəs Mariyanı sevə bilərəmmi?
Hə, öz-özünə cavab verdi.
Hətta cəmiyyətin xalis materialist konsepsiyasında məhəbbət kimi şeylərə yer olmadığını fərz etsək də sevə bilərəm?
– Mierda (zibil).
– Bizə uyğun olan bir şüar da var. Pasionariya deyir: diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.
– Elə bu da mierda.
– Biz isə diz üstə deyilik, qarnı üstəyik.
– Əgər biz gecəyə qədər davam gətirə bilsəydik.
– Əgər milad bayramı pasxaya düşsəydi.
– Əgər sənin xalanın tumanının altındakı başqa şey olsaydı, ona xala yox, dayı deyərdilər.
Dünən dul qalmış qadın başqa birisinin sevimli ərini itirməsindən yüngüllük duymur.
Ölümdən qorxsan da, qorxmasan da, ölümlə barışmaq həmişə çətindir. Kar barışmışdı, amma yaşının əlli ikiyə çatmasına, üç yara almasına və mühasirəyə düşdüyünü dərk etməsinə baxmayaraq, onun barışmasında itaətkarlıq yox idi.
Yaşamaq – təpənin yamacında küləyin dalğalandırdığı zəmi demək idi. Yaşamaq – səmada qanad çalan qırğı demək idi. Yaşamaq – taxıl döyüləndən sonra xırmanı toz bürüyəndə və saman hər tərəfə dağılanda bir bardaq su demək idi. Yaşamaq – atın mahmızla sıxılmış böyrü, yəhərin üstünə köndələninə atılmış karabin, həm təpə, həm dərə, həm çay, həm çayın yaxası boyu dikələn ağaclar, həm vadinin qurtaracağı, həm də onun arxasındakı dağlar demək idi.
Söyüş söymək üçün dünyada ispancadan rahat dil yoxdur.
Ümumiyyətlə, köpək oğlu üçün əcnəbi sözünü axtarmağın mənası yoxdur.
Corc Kasterə ağıllı komandir demək olmaz. Ona heç ağıllı adam da demək olmaz.
Uğrunda mübarizə apardığımız amalları necə sevirəmsə, səni də o cür sevirəm. Mən səni azadlığı, insan ləyaqətini, hər kəsin işləmək və ac qalmaq hüququnu sevdiyim kimi sevirəm. Mən səni müdafiə etdiyimiz Madrid qədər, bu müharibədə həlak olan bütün yoldaşlarım qədər sevirəm. Həlak olan yoldaşlarım isə çoxdur. Çoxdur.
Başa düşmək əfv etmək deməkdir. Əfv etmək xristian ideyasıdır. İspaniya isə heç vaxt xristian ölkəsi olmayıb.
Əlbəttə, ispan din fanatiklərində bu nifrət xalqda olduğundan daha dərindir. Xalq tədricən kilsədən ayrılmışdır, çünki kilsə hökumətlə bir olmuşdur, hökumət isə həmişə pozğun olmuşdur.
Sonuncu olan heç bir şey yaxşı olmur.
Sənin nə evin var, nə evinin yanında həyətin, deyə fikirləşdi. Ailən də yoxdur, ancaq bir qardaşın var ki, o da sabah döyüşə gedəcək; küləkdən, günəşdən və boş qarnından başqa sənin heç nəyin yoxdur. İndi külək zəifləyib, deyə düşünürdü, günəş isə batıb.
Onu intizamsızlığın misilsiz intizamı naminə güllələdilər.
Kin özü də israfçılıqdır, onu gərək özünə rəva bilməyəsən.
Bu nə azadlıqdır ki, adam ayağının altını bulayır, sonra da yığışdırmır, deyə o düşünürdü. Pişik qədər azad olan heç nə yoxdur, amma o da buladığı yeri yığışdırır. Pişik ən qatı anarxistdir. Nə qədər ki, onlar bunu pişikdən öyrənməyiblər, onlara hörmət etməyəcəklər.
Sonra onlar bir oldular, işləyən saatın əqrəbi indi görünməsə də, onlar bilirdilər ki, hər ikisini eyni bir tale gözləyir, hətta onu bilirdilər ki, indi nə varsa, ondan artıq heç nə olmayacaq, bilirdilər ki, olan elə budur və bu onların son qismətidir; bu yaxınlıq olmuşdu və yenə olmalıydı, oldu da.
Gərək çalışasan ki, tərk edə bilməyəcəyin yerə tüpürməyəsən.
Əgər insanda nə isə olubsa, bunun bir zərrəsi həmişə onda qalmalıdır.
Ruhi xəstə kimi ikiləşməkdən əl çək. Bir nəfər də bəsdir.
Cahillər və həyasızlar hər tərəfdən bizi sıxışdırır. Amma biz birinciləri öyrədəcəyik,ikinciləri isə məhv edəcəyik.
– Buna nə olub?
– O dəlidir.
– O, Beynəlmiləl briqadaların baş komissarıdır.
– Buna baxmayaraq dəlidir.
Ağac o vaxt sağlam olar və boy atar ki, onun çürümüş budaqları tamam kəsilib atılsın.
– Mən həmişə faktları dolaşıq salıram. Jurnalist üçün xarakterik cəhətdir.
– Bilirsinizmi ki, SSRİ-də, hətta Azərbaycanın kiçik şəhərində də ədalətsizliyə yol verilirsə, mənə “Pravda”nın ünvanına, məktub yazırlar.
Bu gün irəlidə bizi gözləyən neçə-neçə günlərdən biridir. Amma, bəlkə də bütün o gələcək günlər bu gün sənin nə edəcəyindən asılıdır.
Yaxşı, hələlik bir ideyanı yadda saxlayaram, başqa bir vaxt inkişaf etdirərəm.
Və bütün bunlardan əlavə, sarsıntı da var idi, əsgər bu sarsıntını nifrətə çevirir ki, əsgər olaraq qalsın.
Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. SƏn məni başa düşürsən? Birimiz olan yerdə ikimiz də varıq. Ancaq sən axı indi həm də mənsən. Məndən nə qalacaqsa, o sənsən.
İlahi, nə xoşbəxtlikdir ki, onu getməyə məcbur edə bildim.
Səhra radio stansiyaları – bizə bax bu lazımdır. Bəli, bizə çox şey lazımdır. Məsələn, mənim bir ehtiyat ayağım olaydı.
Adamın ağzını və boğazını qurudan qorxu şəraitində, sökülüb tökülən suvağın tozanağı arasında və uçulan divarın gözlənilməz vahiməsi içərisində, partlayışların alovundan və gurultusundan dəli olmaq dərəcəsinə çatırsan və bütün bu həngamədə pulemyotu təmizləyir, səndən əvvəl ondan atəş açanları sürüyüb kənara çəkirsən, üzüqoylu daş-kəsəyin üstünə düşürsən, başını sipərin arxasında gizlədirsən, pulemyotu sazlayıb lenti düzəldirsən. Nəhayət, sipərin arxasında uzanıb yerini rahatlayırsan və pulemyot yenə yola güllə yağdırır; nə lazım idisə, sən onu elədin və bilirsən ki, sən haqlısan. Sən döyüşün üzücü məstliyini duydun, yayda və payızda bütün dünya məzlumlarının yolunda, bütün zülmkarlara qarşı, inam bəslədiyin yeni dünya uğrunda vuruşdun. Fikirləşirdi ki, bu payız sən məhrumiyyətlərə göz yummağa, soyuğa da, rütubətə də, sonsuz istehkam işlərinin his-pasına da davam gətirməyə alışdın. Yayda və payızda keçirdiyin duyğunu isə sənin yorğunluğun, əsəb gərginliyin, yuxusuz gecələrindəki əziyyətlərin tamam alt-üst elədi. Lakin bu duyğu ölməmişdir və çəkdiyin bütün əzab-əziyyət ancaq və ancaq onu doğrultmaqdadır.
Orada elə mənzillər var ki, pəncərələri parka açılır və həmin pəncərələrdən bütün park görünür; dəmir məhəccərlər, ləklər, üstünə çınqıl tökülmüş cığırlar və cığırların arasındakı qazonların yaşıllığı, kölgəli ağaclar, irili-xırdalı fəvvarələr və indi çiçəklənməkdə olan şabalıd ağacları.
…
O parkda bir yer var, lap elə bil meşədir, orada dünyanın hər yerindən gətirilmiş ağaclar bitir və hər ağacın gövdəsində lövhə asılıb, orada həmin ağacın adı və hansı ölkədən gətirildiyi yazılıb.
Tərcümə: Hacı Hacıyev
Ernest Heminquey – Əcəl zəngi ( İlahə Eldarqızı )
Natella Osmanlının müsahibələrinin birində ən çox sevdiyi roman qəhrəmanlarının kim olduğu cavabına, “Əcəl Zənginin Robertini” misal gətirdiyini oxumuşdum. Maraqlıydı Robetin kişi xarakteri. . .Sonralar Heminqueydən iki kitabı axarlı şəkildə oxusam da, onun “Əcəl Zəngini” oxumaq üçün çox səbr etməli oldum. Kitab haqqında çox ziddiyətli fikirlər eşitmişdim, kimisi “əsl vaxt itkisi oldu” dedi, kimisi “çox gözəl əsərdi” dedi, öz rəyimi bilmək üçün ən yaxşısı əsəri oxumaq qərarına gəldim. Kitab həddindən a rtıq ağır yazılıb, müəyyən dialoqlar var ki, mən orda kimin kim olduğunu qarışdırırdım. Ümumiyyətlə, bir şeyi qeyd etmək istəyirəm ki, Heminqueyin əsərlərini oxuyan zaman mən özümü hadisələrin içində canlı olaraq görə bilmirəm, amma Den Braunun əsərlərini oxuyan zaman mən sanki hadislərin içində oluram. Bu baxımdan Heminqueyin yazı üslubunu çox bəyənməsəmdə oxuduğum hər üç əsərini bəyəndim. Üçüncü müraciətim “Əcəl Zəngi” oldu. Kitabı oxumamışdan öncə düşünürdüm ki, “görəsən bu əcəl zəngi kimin üçün çalınıbdı?”. Əsəri oxuyan zaman aydın oldu ki, əslində romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb. Əsəri oxuyan zaman və ən çoxda Konstantin Simonovun əsərə giriş yazısından mənə belə aydın oldu ki, Heminquey rusları daha çox sevib və onun öz sözüylə desəm “dərhal” bu əsərin rus dilinə tərcümə olunmasını istəyibdi. “Əcəl zəngi” romanının əsas və təyinedici cəhəti – Heminqueyin faşizimlə barışmaz və fəal nifrətidir Romanda cavan amerikan, ispan dili müəllimi, Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Çoxlarının təriflisi olan Robertin xarakteri ilə tanış oldum və bu mənim üçün də tərifli bir obraz oldu. Düşünürəm ki, hər bir kişidə olması vacib olan xüsusiyyətlər məhz Robertdə var idi. “Demək olar ki, mən inandığım məqsəd uğrunda vuruşmuşam – deyə Robert düşünürdü. Əgər biz burada qalib gəlsək, onda hər yerdə qələbə çalacağıq. Dünya yaxşı yerdir və onun uğrunda vuruşmağa dəyər və mən onu tərk etmək istəmirəm”. Müharibənin fonunda Robertə Mariyanın sevgisindən də bəhs olunur. Robertlə Mariyanın arasındakı sevginin təfərrüatları çox açıq şəkildə təsvir olunubdu. Amma bu hissi mən romanda iki gəncin təmiz, saf, qarşılıqlı məhəbbətini əks etdirən xeyirxah məvhum kimi qarşıladım. Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdı. “Robert və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələr Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələridir” deyirdi Konstantin Simonov. Əsərdə mənim üçün maraqlı olan obrazlardan biri də Pilar oldu. Paulo Koelhonun Rio Pyedranın sahilində oturub ağlayan Pilarının xüsusiyyətlərini axtarsamda tapa bilmədim bu tamam başqa bir Pilar idi. Əcəl zənginin harayını eşidəndə soruşmayın kimdir dünyadan köçən? Elə özümüzük.
İlahə Eldarqızı
Comments are closed, but trackbacks and pingbacks are open.