Məhəmməd peyğəmbərin həyatı
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Yəhya peyğəmbərin həyatı
Qurani-Kərimin “Ali-İmran”, “Ənam”, “Məryəm” və “Ənbiya” surələrində beş dəfə adı çəkilən həzrət Yəhya (ə) uşaqlıqda peyğəmbərlik məqamına çatan ilahi şəxslərdəndir.
Allah-Taala Qurani-Kərimin “Məryəm” surəsinin 12-ci ayəsində onun barəsində belə buyurur:
يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا
“Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət verdik.”
Həzrət Yəhyanın atasının adı Zəkəriyya, anasının adı isə Əşyadır. Onun atası Zəkəriyya da ilahi peyğəmbərlərdən olub, bərəkətli ömrünü allahpərəstlikdə və insanları allahpərəstliyə dəvətdə keçirmişdir.
Zəkəriyya ilə həyat yoldaşı Əşya qocalıb əldən düşdükləri bir vaxtda Allah tərəfindən Yəhya adlı bir övlada sahib olacaqları ilə müjdələnirlər. O, bir gün həzrət İsanın (ə) anası Məryəmin ibadət otağına daxil olduqda, onun yanında cürbəcür yeməklər, fəsli çatmamış meyvələr görüb təəccüblənir.
Məryəmdən soruşur: “Ey Məryəm! Sənə bu ruzi haradandır?”
Məryəm deyir: “O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.” (“Ali-İmran” surəsi, ayə 35-37.)
Zəkəriyya bu mənzərəni və Məryəmin (ə.s.) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdikdən sonra, öz həyat yoldaşı Əşyanın artıq doğuş dövrünü arxada qoymasına baxmayaraq, onun da bacısı Hənnənın qızı Məryəm kimi bir övlada sahib olmasını arzu edir. Zəkəriyya deyir:
رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء
“İlahi, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları eşidənsən!”
Zəkəriyyanın duası qəbul olur. Qurani-Kərimin “Ali-İmran” surəsinin 39-41-ci ayələrində bu haqda buyurulur:
فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Məhəmməd peyğəmbərin həyatı
Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa’d qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»
Üç yaşında ikən Peyğəmbərin həyatında möcüzə baş verməsi haqqında da rəvayət vardır. Həmin rəvayətdə deyilir ki, Məhəmməd süd qardaşı ilə oynayarkən iki məlaikə qarşısında peyda olur. Həmin məlaikələrdən biri (Cəbrayıl) Məhəmmədin sinəsini yarıb qəlbini çıxarmış, onu Adəmdən qalan «ilkin günahdan» təmizləmiş və peyğəmbərlik nuru ilə doldurub. Daha sonra deyirlər ki, məlaikələr uşağın çiyinləri arasında peyğəmbərlik nişanı vurmuşlar. Eşitdiklərindən qorxuya düşən Həlimə və onun həyat yoldaşı uşağa bədbəxtlik üz verəcəyindən ehtiyat edərək, onu Məkkəyə gətirmiş və anasına təhvil vermişlər.
Məhəmməd Badiyədə beş ilə qədər qalmışdır. Peyğəmbər 10-12 yaşlarında olduğu zaman bir il müddətində qoyun otarmağa getmiş, əmisi Əbu Talibin və Məkkə xalqının qoyunlarını otarmışdı. Həzrəti Peyğəmbər çobanlıq etməyi eyib hesab etməmişdir. Bir hədisi-şərifdə belə deyilmişdir: «Allah elə bir peyğəmbər yollayıb ki, o çobanlıq etməsin. Musa Peyğəmbər çobanlıq etmişdir, Davud Peyğəmbər də həmçinin.»
İslamiyyətin və Peyğəmbərimizin ən böyük düşmənlərindən biri Cəhl olmuşdur. Peyğəmbərimiz Hərəmdə namaz qıldığı zaman Əbu Cəhl kəsilmiş bir dəvənin balalığını, səcdə edən Rəsulu Əkrəmin kürəyinə qoymuşdur.
Uşaqlığından bütün həyatı məkkəlilərin gözü önündə tərtəmiz keçən, insanların ən böyük qurtarıcısı, gələcəyin ən böyük xilaskarı Həzrəti Məhəmməd qırx yaşına təzəcə qədəm qoymuşdur.
Miladi tarixi ilə 610-cu ilin bir Ramazan gecəsi idi. Bu vaxt ürpərdici bir səs bütün varlığını sarsıdan bir sədayı-qayibanə eşidildi: «Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur, şəhər civarındakı Nur dağının Hira mağarasına gəl! Deyilənləri etsən, anadangəlmə mübtəla olduğun bu hal bir daha təkrar olunmayacaqdır!»
Məhəmməd Peyğəmbər büründüyü əbasını atıb, cəld bir hərəkətlə ayağa durur. Həmişə saatlarla davam edən tutması bir anın içərisində keçib getmişdi. Anadangəlmə ürəkkeçməsi ömrünün sonuna qədər bir daha təkrar olunmur. Nur dağının Hira mağarasında Allahın Cəbrayıl adını daşıyan Ulu Mələk ona göründü: «Ya Məhəmməd! Sən Allahın Peyğəmbəri, Rəsulusan! Allahın vahidliyini, Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcəyini insanlara bildirməlisən; Getdikləri yolun düz yol olmadığını onlara sən başa salmalısan!» — dedi və Quranın: «Oxu! Yaradan Rəbbinin adı ilə Oxu!» — deyə ilk ayələrini oxumağa başlayaraq əlavə etdi: «Sənə Allah təbarəkü və tala tərəfindən vəhy olunan bu ayələri və gələcəkdə vəhy olunacaq ayələri oxu və yazdır! Axı mən oxumaq və yazmaq bilmirəm! Bilirik! Bizə hər şey məlumdur! Ona görə də «yaz!» demirik, «yazdır!» deyirik. Axı yadımda qalmaz! Hər şey bizim əlimizdədir! Elə edərik heç vaxt yadından çıxmaz!»
Cənabi-Cəbrayılın verdiyi bu təminatdan sonra Peyğəmbərimizə İlahi bir yaddaş, mükəmməl bir hafizə bəxş olundu. Həmin gündən başlayaraq, həyatının son anına qədər Peyğəmbərimiz Quranın bütün ayə və surələrini əzbər bilirdi.
Cənabi Cəbrayıl ilə bu ilk görüşdən sonra Peyğəmbərimizin halı büsbütün dəyişdi. Allah təbarəkü və tala onun gözünü və könlünü aldı: qəlbi nurla, elmlə, biliklə doldu; gözləri gizli bir aləmin işıqları ilə aydınlandı. O, artıq əvvəllər bilmədiyi hər şeyi bilir və bildirir, görür və göstərirdi.
Bir dəfə Əbu Talib Məhəmmədin yanında oturan, onunla birlikdə duayla məşğul olan Əlini gördü. Duanı oxuyub qurtardıqdan sonra Əli atasına dedi: «Mən inanıram ki, yer üzündə bir Allah, bir də onun peyğəmbəri Hz. Məhəmməd var. Mənsə onun yolunun davamçısıyam».
Bundan azacıq keçmiş, sonralar Hz. Məhəmmədin ən yaxın dostlarından olan Əbu Bəkr də İslama iman gətirdi.
Əbu Bəkr Yəmənə səyahət etdiyi vaxt Əzd qəbiləsindən olan bir abid ona nağıl etmişdi ki, Məkkədə bir Peyğəmbər peyda olub. Onu həmişə bir qoca və bir cavan adam müşayət edir. Məkkəyə dönəndə Əbu Bəkr Məhəmmədlə görüşdü. Məhəmməd Əbu Bəkrə dedi ki, onu Allah özü göndərmişdi ki, İslamı qəbul etsin. «Sözlərini necə sübut edə bilərsən?» Əbu Bəkr Məhəmməddən soruşdu: «Sən mənim barəmdə xəbər verən abidi gördünmü?» — deyə Məhəmməd suala sualla cavab verdi. Əbu Bəkr çox heyrətləndi və İslamı qəbul etdi.
Həzrəti Peyğəmbər əmisi Əbu Talibin ölümündən sonra Qureyşin ləyaqətsiz hücumlarına uğramağa başladı. O, Qureyşin bu hərəkətlərindən bezar olmuşdu. Ona görə də Taifın əhalisini irşad etməyi fikirləşdi. Peyğəmbər ona ilk inananlardan olan köləsi Zeyd ibni Harisi də yanına alaraq Taifə yola düşdü. Onlarla görüşərək İslamiyyəti onlara izah etdi. Taiflilər İslamiyyətin mənasını başa düşmədilr. Onlara qonaq gəlmiş bir insana, insanlıq qayda-qanunlarını ayaqlayaraq həqarət etdilər. Mərhum Əhməd Naim Buxari tərcüməsində bir hadisəni belə nəql edir: «Mübarək ayaqlarını qaldırıb yerə basdıqca, sağdan, soldan daşlar dəyib qana buladı. Dəyən daşların ağrısı yeriməyinə mane olub onu oturmağa məcbur etdikcə onu zorla qaldıraraq yaralı ayaqlarına yenidən daş atırdılar və ürəklər parçalanan bu vəziyyətə gülüb əylənirdilər. Bu əsnada, Həzrəti Peyğəmbərə yoldaşlıq edən Zeyd ibni Haris özünü ona sipər etmişdi. Nəhayət, Rəsulu Əkrəm çox uzaq qohumu sayılmayan Ütbə ibni Rəbiə ilə təqibdən yaxasını qurtarmışdı.»
Bir dəfə Həzrəti Peyğəmbər Hərəmdə Allahına ibadət etdiyi zaman Ukbə adındakı müşrik əbasını Peyğəmbərin boynuna dolayaraq, onu boğmaq istəmişdi. Orada olan Həzrəti Əbu Bəkr yetişərək: «Canım! Rəbbim Allahımdır, — dediyi üçün bir adamı öldürməkmi lazımdır?» — deyə Ukbə ilə dalaşmış, onu danlamışdı.
Bütün bunlara baxmayaraq, Peyğəmbər Allahın risalətinin təblığini davam edirdi: «Ya Rəbb, qövrüm cahildir, bilmirlər, günahlarından keç, hidayət ver!» — deyərək böyüklüyünü göstərirdi.
Müsəlmanlar Həbəşistana köçdükdən sonra qureyşlilərin 40 nəfər ağsaqqalı, yəni Məkkə şurasının bütün idarə üzvləri Kəbəyə toplaşaraq aşağıdakı qərarı qəbul edib imzaladılar:
1. Haşimilər Qureyşin qəbiləsindən kənar edilsinlər.
2. Onlara hər hansı nikah qadağan edilsin.
3. Onlara ərzaq və başqa mallar satılmasın.
4. Məkkədə ibadət edilmək üçün təyin olunmuş bir gündən başqa, onlara öz yaşadıqları ərazidən kənara çıxmaq qadağan olunsun.
Bu qərar üç il qüvvədə qaldı. Çox keçmədi ki, bu ciddi qərarın əsasında qureyşlilərin öz aralarında narazılıq başlandı. Lakin bu qərarı ləğv etmək mümkün deyildi, çünki o bütün heyət üzvlərinin ümumi toplanışında imzalanmışdı. Deyilənlərə görə, həmin sənəd məhv olur və bu haqda ilk dəfə Məhəmməd Peyğəmbər xəbər tutur. Ona vəhy gəlir ki, Kə’bədəki sənəd yoxa çıxmışdır. Bunu eşidən bilənlər ziyarətgaha gəlirlər. Görürlər ki, sənədin yalnız «Bismillahir-rəhmanir-rəhim» sözləri yazılmış hissəsi qalmışdır, yerdə qalan hissə isə ağ qarışqalar tərəfindən yeyilmişdir. Odur ki, qərarı ləğv etdilər və bununla da haşimilər öz əvvəlki hüquqlarını bərpa etdilər. Bu hadisə miladi 623-cü ildə olmuşdur. Həmin ilin Rəcəb ayının 26-da Əbu Talib vəfat edir. 35 gündən sonra isə Peyğəmbərin arvadı Hz.Xədicə də vəfat etdi.
Deyilənlərə görə, təqiblərə məruz qalan Peyğəmbər Mədinəyə getmək qərarına gəlir. O evindən çıxandan sonra bir baş Əbu Bəkrin yanına gəlir, onunla birlikdə Məkkədən çıxır. Şəhərin cənubunda yerləşən Saur dağındakı mağarada gizlənir. Onlar mağaraya girhagirdə arxalarınca təqib edən atlıların gəldiyini görürlər. Əbu Bəkr qoçaq adam imiş. Buna baxmayaraq, o, qorxuya düşür: «Ya Peyğəmbər, indi nə edək, onlar çoxdur, biz isə iki nəfərik» Peyğəməbər onu sakitləşdirərək deyir: «Səhv etmə, biz iki yox, üçük. Allah bizimlədir.»
Qəsdin baş tutmadığından hiddətlənən Məkkəlilər Həzrəti Peyğəmbəri ölü və ya diri gətirənə yüz dəvə vəd etmişdilər. Pəhlivana bənzəyənSüraka ibni Cüşam adındakı igid, bu mükafata tamah salaraq Peyğəmbəri təqib etməyə başlayır. Həzrəti Peyğəmbər mağaranı tərk edir, xeyli yol getdikdən sonra istirahət etmək üçün dayandıqları zaman arxadan onlara yetişdi. Onlara çatmaq üçün atını sürətlə mahmızladı. Atın ayağı büdrədi. Sürak yerə yuvarlandı. Oxu götürüb ərəb adəti üzrə falına baxdı. Fal pis göstərirdi. Ancaq elə həmin anda yüz dəvəni gözləri önünə gətirərək var-qüvvəsi ilə atını mahmızlayaraq irəIi atılmaq istədi, lakin atın ayaqları quma girdi. At özünü saxlaya bilmədi, çabalamağa başladı, çabaladıqca ayaqları quma batırdı. Süraka görünməz bir qüvvənin onu çəkdiyini hiss etdi və bu vəziyyət qarşısında ağlı başına gəldi. Peşman olmuş halda Süraka Peyğəmbərə doğru gedərək ondan üzr istədi.
Süraka tezliklə dönərək arxadan gələn təqibçiləri geri döndərmiş, «buraları mən axtardım, yoxdular» demişdi.
Həzrəti Peyğəmbərin Məkkədən hərəkətindən üç gün sonra Həzrəti Əli də yola çıxmışdı. Bu igid və qəhrəman insan, tək başına səhraları keçərək Peyğəmbərə yetişdi.
Ölümü göz önünə alaraq Peyğəmbərin yatağına bir gül bağçasına girən kimi girən bu mərd və fədakar gəncin yeriməkdən ayaqları qabarmışdı. Peyğəmbərimiz onu gördüyü zaman ağlamağını saxlaya bilmədi. Gözlərindən axan yaşlar içində Həzrəti Əlini qucaqlayıb opdü. Bu görüş çox həyəcanlı olmuşdu. Necə və hansı şəraitdə ayrılmışdılar. Harada görüşdülər! Allahın lütfü nə böyükdür !
Deyilənlərə görə, Məkkəlilərin bir yürüşü zamanı Peyğəmbərin həyatına bir qəsd edilməsi qorxusu var imiş. Peyğəmbər ağacın altında yatdığı bir vaxt silahlı Məkkəlilərdən biri əlində qılınc onun başının üstünü kəsir və «Ey Məhəmməd,» — deyə ona müraciət edir, — de görüm indi səni kim xilas edəcək? Peyğəmbər özünü itirmədən «Allah» — deyə cavab verir. Onun belə cavabından heyrətə gəlmiş döyüşçünün əlindən qılınc düşür. Peyğəmbər onun qılıncını tez yerdən götürür və eyni sualla döyüşçüyə müraciət edir. Qorxusundan dili-dodağı təpiyən döyüşçü güc-bəla ilə «Heç kim» — deyəndə Peyğəmbər onun qılıncını özünə qaytarır. Deyilənlərə görə, belə bir mərhəmətdən sonra döyüşçü üzr istəyir və İslamı dinini qəbul edir.
Bir dəfə Peyğəmbər yuxudan oyananda görür ki, balaca sısqa bir pişik balası onun əbasının ətəyi üstündə büzüşüb yatmışdır. Pişik balasını narahat edib oyatmamaq üçün Peyğəmbər öz əbasının ətəyini kəsir.
Məkkədə bir qarı yaşayırdı. Onun Peyğəmbəri görməyə gözü yox idi. Hər gün Məhəmməd bu qarının evinin yanından keçməli olurdu. Qarı gün ərzində topladığı zibili yuxarıdan onun başına tökürdü. Məhəmməd bir dəfə də olsun başını qaldırıb ona güldən ağır söz deməmişdi. Bir gün qarı yatağa düşdü. Xəstəliyi elə şiddətli idi ki, yerindən dura bilmirdi. Həmin gün Məhəmməd evin qabağından keçəndə başına zibil tökən olmadı və bu Peyğəmbəri çox təəccübləndirdi. «Ola bilsin ki, qarı xəstələnib» — Hz.Məhəmməd düşündü və qadının əhvalını öyrənmək üçün yuxarı qalxdı. Onu görəndə qarı bərk qorxdu. Elə bildi ki, Hz.Məhəmməd onu döyüb söyəcək. Biləndə ki, Hz.Məhəmməd onu yoxlamağa gəlib kövrəlib ağladı: «Sən nə yaxşı adamsan!» Hz.Məhəmmədin xeyirxahlığından riqqətə gəlmiş qarı elə oradaca ona iman gətirdi.
Şanlı Xəlifə Həzrəti Ömər deyirdi ki: «Cəhalət dövründə etdiyimiz iki iş var ki, bu işləri xatırladığım zaman birisinə ağlayıram, digərinə gülürəm. Məni ağladan acı xatirə qız övladlarımızı diri-diri torpağa basdırmağımızdır. Heç bir şeydən xəbəri olmayan o məsum körpələrə qarşı hansı ürəklə bu cinayətləri işləyirdik bilmirəm. Onları xatırladıqca ürəyim sızlar, ciyərim parçalanır, ağlayıram. Məni güldürən gülünc şey isə budur: Cəhalət dövründə evlərimizdə bütlərimiz olurdu. Bir səfərə çıxacağımız zaman yanımızda götürmək üçün undan, halvadan o bütlərin bir surətini düzəldərdik. Yolda olduğumuz zaman ona ibadət edirdik. Sonra acanda, halvadan düzəltdiyimiz bütləri yeyirdik. Bir az əvvəl səcdə etdiyimiz bütü mədəmizə ötürürdük. Bundan daha gülünc nə ola bilər? Bunu xatırladıqca nə qədər ağılsız işlər etdiyimizə gülməyim gəlir.»
Rəvayətə görə, 26 yaşlı Ömər fiziki cəhətdən güclü və qoçaq bir gənc imiş. O, dayısının intiqamını alsın deyə Peyğəmbəri öldürmək qərarına gəlir. Ömərin niyyətindən xəbər tutan Qureyşlilərdən biri yolda onun qabağını kəsir və deyir: «Məhəmmədi öldürsən, onun qohumlarının qəzəbinə gələrsən. Yaxşısı budur ki, Hz.Məhəmmədin yanına getməzdən əvvəl öz qohumlarına — bacın Əminəyə və əri Seyidə baş çək. Əgər baş çəksən, görərsən ki, onlar da müsəlmanlığı qəbul edib, kafirlərə qoşulmuşlar.»
Ömər eşitdiklərinə inanmasa da, bir bacısının evinə yollanır, görür ki, ər-arvad oturub Quran oxuyurlar. Ömər ibn Xəttab özündən çıxır. O, irəli cumaraq Seyidi öldürmək istəyir. Bunu görən Əminə: «Çəkil burdan, Allahın düşməni» — qardaşının qarşısında sinə gərir, -»Ağlını başına yığ və bir də bunu bil ki, heç bir hədə-qorxu bizi tutduğumuz yoldan döndərə bilməz.»
Bacısının sözləri Ömərə çox böyük təsir edir. O, xeyli fikrə getdikdən sonra Məhəmmədin yanına gəlir və İslamı qəbul etdiyini bildirir. Ertəsi gün Həmzə və Ömər Peyğəmbərimizlə birlikdə Kə’bəyə ibadətə gedirlər.
Quranın toplanması rəvayətlərindən bəlli olur ki, Peyğəmbərin(s) vəfatından sonra bir dəfə Əbu Bəkr zamanı Quranın pərakəndə hissələri halında cəmləşmişdi; sonrakı dəfə müxtəlif oxunuşla çoxlu Quran nüsxələri yarandı, belə olduqda Hz.Osman onları bir oxunuşla tərtib etdi və qalanlarını məhv etdi.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Hz.peyğəmbərin həyatı
Gənclik dövrü
Məhəmmədin (s.ə.s) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Məhəmməd (s.ə.s) Xüvəylid ibn Əsədin qızı, varlı dul qadın Xədicənin yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Məhəmməd (s.ə.s) Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıq nəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Məhəmmədin (s.ə.s) xristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Məhəmmədin (s.ə.s) təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda bu dinlərin bir-birini inkar etməsi, onların “yolu azmaq”, “səhv yol ilə getmək” haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Məhəmmədə (s.ə.s) Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar.
Ailə həyatı
595-ci ildə Məhəmməd (s.ə.s) Xədicə ilə evlənmişdir. Həmin vaxt Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Məhəmmədlə (s.ə.s) Xədicənin qarşılıqlı məhəbbəti dillərə düşmüşdür. Məhəmmədin (s.ə.s) bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Məhəmmədə (s.ə.s) kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Məhəmməd (s.ə.s) bunun müqabilində Xədicəyə böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.
Xədicənin Məhəmməddən (s.ə.s) daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Məhəmməd (s.ə.s) hörmətlə Əbül-Qasim (Qasimin atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında ikən ölmüş, Məhəmmədin (s.ə.s) Zeynəb, Ruqiyyə, Ümm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınz ilə sayta daxil olmağı məsləhət görürük.
Comments are closed, but trackbacks and pingbacks are open.