DƏBİYYAT FƏDAİSİ
Keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, Rusiya və Azərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV.
Bu gün mənim əziz dostum-qardaşım, müəllimim, ustadım, xalqımızın dəyərli ziyalısı, elimin-obamın ləyaqətli oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl vətəndaş, xeyirxah insan, görkəmli alim, tanınmış tədqiqatçı, folklorşünas, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin sabiq rektoru (2014-2016), Azərbaycan Universitetinin çox hörmətli professoru Asif Abbas oğlu Hacıyevin doğum günüdür.
Asif Abbas oğlu Hacılı (Hacıyev) – 3 aprel 1960-cı ildə qədim Borçalı mahalının Sarvan kəndində – indiki Gürcüstanın Marneuli şəhərində anadan olub.
1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.
1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.
Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.
1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru işləyib.
Hazırda Azərbaycan Universitetinin professorudur.
Professor Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.
Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, rus ədəbiyyatının tarixinə, müasir rus nəsrinin mifopoetik aspektlərinə, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərkinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa dair məqalələri dərc olunmuşdur. Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir.
Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda və Türkiyədə dərc olunub.
Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə “Borçalı” İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.
Türkologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarix və folkloruna dair kitabın müəllifidir.
Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir.
Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Minsk, Sankt-Peterburq, Varna və b. şəhərlərdə beynəlxalq elmi konfranslarda iştirak edib.
Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın “Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları” komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.
“Borçalı” və “Qaraçöp” cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri “Vətən” cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.
Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün “Ədəbiyyat” fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün “Ədəbiyyat” fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvüdür.
Azərbaycanın umumtəhsil məktəblərinin V-IX sinifləri ucun “Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi” və “Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları” əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun “Ədəbiyyat” fənni üzrə İşçi qrupunun sədridir.
Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri və üzvüdür (2004). Bu cəmiyyətin Ekspert-konsultativ şurasının üzvüdür (2008).
Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir.
Rossotrudniçestvanın “Dostluq və əməkdaşlığa görə” (“За дружбу и сотрудничество”) Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) 10 illiyinə “Müəllim adına sədaqət” (“За верность учительскому призванию”) medalı (2014), Rusiya Federasiyasının A.S.Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur.
Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).
AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. 2011-ci ilin noyabrından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub.
“Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının Redaksiya Şurasının üzvüdür.
“BSU Elmi əsərləri”nin baş redaktoru, “Rus dili və ədəbiyyatı Azərbaycanda”, “Literaturnıy Azerbaydjan”, “Qarapapaqlar” (Gürcüstan) jurnallarının, “Vestnik MQLU” (“Вестник МГЛУ”, Россия, Москва), “Elmi dialoq” (“Научный диалог”, Россия, Екатеринбург) elmi jurnallarının redaksiya şuralarının, “Filoloqun kitabxanası” seriyasının, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, “Elm və cəmiyyət” məcmuələrinin redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun “SAZRİSİ” (“Fikir”, Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, “Avrasya” Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisidir.
Professor Asif Hacıyev həmçinin “Şərqin səsi” qəzetinin və “ZiM.Az” saytının Redaksiya Heyətinin üzvüdür və o, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin “XXI Əsrin Ziyalıları” MM Cəmiyyəti ilə birlikdə təsis etdiyi “Abdulla Şaiq” Fəxri mükafatı ilə təltif olunub.
Biz də fürsətdən istifadə edərək,
ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından
xalqımızın dəyərli ziyalısı, elimin-obamın ləyaqətli oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
gözəl vətəndaş, xeyirxah insan, görkəmli alim, tanınmış tədqiqatçı, folklorşünas, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin sabiq rektoru (2014-2016), Azərbaycan Universitetinin çox hörmətli professoru Asif Abbas oğlu Hacıyevi bir daha doğum günü
münasibətilə ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi yaradıcılığında və
pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası
“Təhsil” Mərkəzinin rəhbəri,
“Ziya” qəzetinin və
“ZiM.Az” saytının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru
Şəkldə:
Prof. Asif Hacılıya
MHPİ fəxri professoru
diplomunun təqdimatı.
ƏDƏBİYYAT FƏDAİSİ
(Söhbət görkəmli ədəbiyyatşünas Cəfər Xəndan Hacıyevdən gedir)
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan bir insanı-Cəfər Xəndan Hacıyevi bu gün yad etməmək, xatırlamamaq mümkün deyil. Ona görə ki, Cəfər Xəndan düz 105 il bundan öncə, gözəl may günlərinin birində dünyaya göz açmışdı. Doğulduğu yer qədim Azərbaycan şəhəri İrəvan idi. Cəfər Xəndanın uşaqlığı ağır ehtiyac və məhrumiyyətlərlə keçib: ata-anasını itirib, Gəncədə uşaq evində yaşayıb, orada Pedoqoji texnikum bitirib, 1925-ci ildən isə Bakıya köçüb, APİ-nin dil və ədəbiyyat fakültəsini bitirib. Bundan sonra onun bütün fəaliyyəti mətbuatla, müəllimliklə bağlı olub, o, Ədəbiyyat İnstitutunda şöbə müdiri, Yazıçılar İttifaqında təşkilat katibi vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində siyasi rəhbər və jurnalist kimi ordu sıralarında olub. Ordudan tərxis edildikdən sonra BDU-da filologiya fakültəsinin dekanı, kafedra müdiri kimi fəaliyyət göstərib. 1950-1954-cü illərdə isə universitetin rektoru olmuşdur.
Cəfər Xəndan filologiya elmləri doktoru, professor idi və öz dövrünün ən nüfuzlu ədəbiyyatşünaslarından biri idi. Əlli dörd ildir ki, biz onu sıralarımızda görmürük, lakin bir həqiqət şəksizdir: alimin çəkdiyi zəhmətlər hədər getməmiş, yazdığı əsərlərin bir çoxu öz elmi sanbalını itirməmişdir.
Tənqid və ədəbiyyatşünaslığımızın inkişafında hər bir mərhələnin öz spesifik xüsusiyyətləri var: Cəfər Xəndanın elmi, pedoqoji fəaliyyəti keçən əsrin 30-cu illərinin ikinci yarısından başlayır. Bu dövrdə ilk məqalələrini çap etdirən Cəfər Xəndan fəal bir şəkildə müasir ədəbiyyat problemləri ilə məşğul olur. Amma onu maraqlandıran və bütün ömrü boyu tədqiqə həvəsləndirən bir mövzu var idi ki, Cəfər Xəndan elə otuzuncu illərdən o mövzuya girişir. O, böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına xüsusi önəm verir. “Sabir” adlı ilk monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında sabirşünaslığın təməl daşlarından biri kimi əvəzsizdir. Bu kitab Cəfər Xəndanın elmi fəaliyyət prinsipini qəti şəkildə müəyyənləşdirən, klassik irsi “müasir gözlə oxumağın” başlıca yönünü əyaniləşdirən əsər oldu. Monoqrafiyada Sabir və zəmanəsi, Sabir və dövrün ədəbi mühiti, Sabir və müasir ədəbiyyatımız kimi problemlər ətrafında elmi-nəzəri mülahizələr xüsusilə maraq doğururdu. Ümumiyyətlə, Sabir mövzusu ömrünün axırına qədər Cəfər Xəndanın müraciət etdiyi mövzulardan biri olub.
Alimin vəfatından sonra nəşr edilən “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı sanballı elmi monoqrafiyası fikrimizcə, son əlli-əlli beş ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Bu kitab ona görə əvəzsiz sayılır ki, burada elmi praktika nəzəri müddəalarla üzvi şəkildə sintezdədir. Kitabda təkcə Sabir poetikası deyil, klassik və müasir Azərbaycan poeziyası fonunda poetika məsələləri geniş şəkildə işıqlandırılır. Çünki alimin öz sözləri ilə desək, poetika şairin yalnız ədəbi yaradıcılıq qaydalarına necə əməl edib-etməməsi ilə qalmır, eyni zamanda, onun bədii zövqü, dünyagörüşünü və sənətkarlıq xüsusiyyətlərini qiymətləndirmək işində də müəyyən rol oynayır. Elə sənətkarlar vardır ki, onlar nəinki mövcud ənənələri davam və inkişaf etdirir, hətta yeni-yeni bədii kəşfləri ilə onu zənginlləşdirib, yeni istiqamətə yönəldirlər. Sabir də məhz belə sənətkarlardan olmuşdur.
Bu monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətləri onun ədəbiyyatımıza nə kimi yeniliklər gətirməyi, öz müasirləri arasında nə kimi təsir oyatmağı və bir şair kimi əzəməti klassik ədəbiyyatımızla müqayisədə müəyyənləşdirilir. Cəfər Xəndan bu mənada Sabirin poetikasının əlvanlığını, onun poetik prinsiplərini, klassik poeziyamızın sənətkarlıq cəhətdən inkişafında yeni bir mərhələnin başlıca spesifikası kimi qiymətləndirir. Sabirin süjet qurmaq, mövzu və tip seçmək prinsiplərini, üslub sadəliyini, peyzaja müraciətini, bədii dilini zənginləşdirən təsvir və ifadə vasitələrini araşdıran müəllif, sənətkarın poeziyasında adi oxucu nəzəri ilə oxunmayan sirləri, poetik möcüzələri kəşf etmişdir. Çünki sxematizmə, ritorikaya və qeyri-bədii ifadəyə yad olan Sabir yaradıcılığı bu priyom axtarışlarında əsl sənətkarlığın imkanlarını aşkara çıxarır. “Sabirin əsərlərində şair ən müsbət qəhrəmandır. O, öz simasında bu qəhrəmanın parlaq obrazını yaratmış, bu obraz “bənzərəm bir qocaman dağa ki, dəryada durar” deyə əzəmətli görünüşü ilə milyonların nəzərində qranit bir abidə kimi yüksəkdir. “Hophopnamə”ni vərəqlədikcə, qaranlıqlar içində nur kimi parlayan bu şairin başına nə müsibətlər gəldiyinin canlı şahidi oluruq” – bu fikir Sabirin böyüklüyünü, əzəmətini, poeziyaya xidmətini sübut etmək üçün gətirilən elmi arqumentlərə mənalı bir bədii proloq sayıla bilər.
Cəfər Xəndan da müasirləri olduğu bir sıra tədqiqatçılar kimi diqqət və qayğısını ədəbiyyat tarixçiliyimizin qarşısında duran operativ məqsəd və vəzifələrə yönəltmişdi. O, əsil ədəbiyyat tarixçisi idi. Onu təkcə ayrı-ayrı sənətkarların yaradıcılığı deyil, həm də ədəbiyyatın keçdiyi yollar maraqlandırırdı.
Cəfər Xəndanın maraq dairəsi, elmi-tədqiqat istiqaməti təkcə klassik ədəbiyyat və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri ilə məhdudlaşmamışdır. Alimin çoxcəhətli elmi fəaliyyətində Azərbaycan mətbuatının, Cənubi Azərbaycan ədəbiyyatının, müasir ədəbiyyatımızın bir sıra vacib problemləri də əhatə olunmuşdur. 1949-cu ildə “Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə Cəfər Xəndan filologiya elmləri doktoru adına layiq görülmüşdür. Bu əsər vaxtında yazılmışdı. Ona görə ki, hələ lazımınca tədqiq edilməmiş, öz elmi həllini gözləyən Cənubi Azərbaycan ədəbiyyatının bir sıra mühüm problemləri və “dərdləri” mövcud idi. Onları sistemli şəkildə öyrənmək və tədqiq etmək zərurəti ilk dəfə professor Cəfər Xəndanın öhdəsinə düşdü. Cəfər Xəndanın özü bilavasitə Cənubi Azərbaycanda olmuş, milli azadlıq hərəkatının yüksəlişi dövründə “Vətən yolu” qəzetində redaktor müavini işləmiş, orada şairlər məclisinin təşkilatçılarından biri kimi ədəbi prosesin inkişafına və istiqamətinə müəyyən təsir göstərmişdi..
Cəfər Xəndanın S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, S.Rəhimov kimi sənətkarların yaradıcılığına həsr etdiyi məqalələr, Yazıçılar İttifaqının plenum və müşavirələrində müasir ədəbiyyata aid məruzə və çıxışları ondan ədəbi prosesin inkişaf qanunauyğunluqlarını vaxtında izləyən bir tənqidçi-ədcəbiyyatşünas kimi danışmağa haqq verir.
Cəfər Xəndanın C.Cabbarlı, M.Müşfiq və M.Cəlal haqqında həm sanballı məqalələri, həm də kiçik monoqrafiyaları çapdan çıxmışdır. Müşfiqi o, XX əsr Azərbaycan poeziyasının klassiki təqdim edirdi. Müşfiqdə elə poetik keyfiyyətlər tapırdı ki, onlar sənətkarın yaradıcılığındakı özünəməxsusluğun, fərdi cizgilərin (xüsusilə, müasir həyatdan doğan sağlam romantika) müəyyənləşməsinə yol açırdı. Müşfiqin bənzərsizliyini, poetik talantını üzə çıxarmaq tədqiqatçını hazır və məlum təhlil modelindən çəkindirərək ilk növbədə, şairin yaradıcılığında üzə çıxmayan, daxili mahiyyətdə təzahür edən cəhətlərə yönəldirdi. Bu xüsusiyyəti biz Cəfər Xəndanın Mir Cəlala həsr etdiyi əsərdə də görə bilərik. Alim-tədqiqatçının ayrı-ayrı sənətkarların yubileyi münasibətilə yazdığı məqalələrdə də ilk növbədə, hər bir yazıçının ədəbiyyat tarixindəki yeri və mövqeyi, onu başqalarından fərqləndirən ümdə əlamət və keyfiyyətlər ön plana çəkilir (Məsələn, “S.S. Axundovun yaradıcılığı”, “N.Nərimanovun ədəbi fəaliyyəti”, “Qocaman ədib” (A.Şaiq haqqında) “İstedadlı şairimiz M.Müşfiq, “Xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri” və s.).
Cəfər Xəndanın ədəbi-elmi fəaliyyətini onun ictimai, pedoqoji fəaliyyətindən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Elmi fəaliyyət prosesində ilkin cığırı açmaq, hansı tədqiqatınsa bünövrəsini qoymaq alim üçün nə qədər şərəflidirsə, onun vətəndaşlıq keyfiyyətləri, ictimai mövqeyi, fəal həyat prinsipi də bir o qədər vacib və zəruridir. C.Xəndanın tərcümeyi-halında, həyat yolunda bu cəhətlərin – bir-birini tamamlayan zəruri komponentlərin vəhdətini görürük. Onun pedoqoji fəaliyyəti sadəcə olaraq ali məktəblərdə mühazirələr oxumaqla bitmirdi (C.Xəndanın müasirləri və tələbələri etiraf etmişlər ki, o, ən gözəl natiq-pedaqoq idi). Cəfər Xəndan yaxşı başa düşürdü ki, mövcud nəslin-gənc tənqidçi və ədəbiyyatşünasların bilikli kadrlar kimi yetişməsi üçün səmərəli və faydalı iş görmək və onları da bu ruhda tərbiyələndirmək lazımdır. Bu isə alimi ilk dərsliklər, xüsusilə, ədəbiyyat nəzəriyyəsinə aiddərsliklər yazmağa ruhlandırırdı. Onun “Müasir Azərbaycan ədəbiyyatı” (1939), “Ədəbiyyat nəzəriyyəsi” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1956) dərslikləri ədəbiyyatşünaslığımızın məhz ehtiyac hiss etdiyi, sözün əsil mənasında hava və su kimi lazım olduğu sahələrin, problemlərin mövcud vəziyyətindən yarandı. Söz yox ki, Cəfər Xəndanın bu təşəbbüsləri sonralar digər müəlliflərin və alimlər kollektivinin səyləri ilə daha da zənginləşdi, yeni ədəbiyyat nəzəriyyəsi, XX əsr ədəbiyyat tarixi dəpslikləri meydana çıxdı, amma C.Xəndanfn dərslikləri sonrakı müəlliflər üçün əsil istiqamət rolunu oynadı.
Elmin fədaisi olmaq təkcə külli miqdarda əsərlər çap etdirməklə, tapdığını, üzə çıxardığını ədəbi ictimaiyyətin öhdəsinə buraxmaqla məhdudlaşdırılmamalıdır, əsas məsələ odur ki, bu elmin fəal təbliğatçısına çevriləsən, yeniliyi vaxtında müdafiə edə biləsən. Cəfər Xəndan bu mənada vətəndaş tədqiqatçı idi.
Cəfər Xəndan pedoqoji fəaliyyəti illərində onlarla aspirant, elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. Təkcə bunu demək kifayətdir ki, akademiklərdən M.A.Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, K,Talıbzadə, B.Vahabzadə, EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və b. görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri, yaxud opponenti Cəfər Xəndan olmuşdur.
Cəfər Xəndan eyni zamanda bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuş, altı şeir kitabı çap etdirmiş, Nizaminin bir sıra qəzəllərini, M.F.Axundovun “Puşkinin ölümünə “Şərq poeması” və başqa əsərləri dilimizə çevirmişdir.
Onun üç oğlu – Adil, Aqil və Rəfiq atalarına layiq oğul kimi böyüdülər, Adil Hacıyev akademik oldu, Rəfiq Zəka şair və professor kimi məşhurlaşdı. Allah hər ikisinin ruhunu şad eləsin. Aqil isə rus ədəbiyyatı mütəxəssisidir, professordur.
Cəfər Xəndan Hacıyevin qoyub getdiyi ədəbi-elmi irs yaşayır və yahayacaq!
Abbas Hacıyev
Hacıyev Abbas Məhəmməd oğlu ( 1 yanvar 1933 , Borçalı – 21 yanvar 2011 , Bakı ) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973).
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 Əsərləri
- 4 İstinadlar
- 5 Xarici keçidlər
- 6 Həmçinin bax
Həyatı [ redaktə | mənbəni redaktə et ]
Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacıyevin atasıdır.
Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, həmin ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər. 1959–1961-ci illərdə Marneuli rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı üçün prinsipiallıq və fədakarlıqla çalışmışdır.
1961-ci ildən Bakıdan nüfuzlu alimlərin dəvəti ilə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dövlət xadimi, yazıçı-alim Şıxəli Qurbanovun başçılq etdiyi ədəbi əlaqələr şöbəsində aspiranturada təhsilini davam etdirmiş,1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir.
Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə “Tiflis ədəbi mühiti (1905–1917-ci illər)., Bakı, 1965, 263 səh.” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi rəhbəri professor Mir Cəlal Paşayev, rəsmi opponentləri, alimlər akademik Həmid Araslı, professor Əziz Mirəhmədov, elmi ictimaiyyət dissertasiya işinə yüksək qiymət vermişdir.
1970-ci ildə alimlər Kamal Talıbzadənin elmi məsləhətçiliyi, Məmməd Cəfərin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun opponentliyi ilə “Mirzə İbrahimovun yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 37 yaşında filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1964–1974-cü illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974–1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.
Özünün istəyi ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir. Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.
1961-ci ildə Gürcüstan SSR Marneuli rayon Sovetinə deputat seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə (1961), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə (2006) təltif olunmuşdur.
Elmi fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]
Abbas Hacıyev 1970-ci ildən filologiya elmləri doktoru, 1973-cü ildən professor olmuşdur. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Bir sıra monoqrafiya və dərsliklərin, elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.
Onun “Tiflis ədəbi mühiti”, “Tiflis Azərbaycan Teatrı”, “Tiflis Azərbaycan və Adıgün türk teatrı”, “Mirzə İbrahimov”, “Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslığın əsasları”, “Sənətkarın yaradıcılıq fərdiliyi”, “Bədii əsərin strukturu”, “Ədəbi növlər və janrlar”, “Ədəbi meyllər və cərəyanlar” adlı monoqrafiya və dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və oxucular arasında geniş yayılmışdır.
Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii mətnin poetikası, Tiflis, Borçalı, Axısqa ədəbi mühiti, XX əsr Azərbaycan ədəbiyyatı, teatr tarixi və teatrşünaslıq, mətbuat tarixi mühüm yer tutur.
Keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, Rusiya və Azərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.
O, Tiflis Azərbaycan ədəbi mühitinin, ictimai-mədəni həyatının, Tiflis, Borçalı və Axısqada fəaliyyət göstərmiş teatrların, mətbuat orqanlarının tarixini, mədəniyyət və sənət xadimlərinin həyatını, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin naməlum səhifələrini geniş şəkildə və tarixi sənədlər əsasında işıqlandırmışdır.
Axısqanın mədəni-ədəbi mühitinə, Adıgün türk teatrının tarixinə dair əsərləri Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə alimləri tərəfindən də bu sahədə ilk tədqiqat kimi yüksək qiymətləndirilmişdir. [1]
Arxiv materialları, real faktlarla Tiflis, Borçalı, Axısqa ərazisindəki türk mədəniyyətinin ümummilli dəyərini, əhəmiyyətini, avtoxton xarakterini təsbitləmiş, bu sahədə gələcək araşdırmalar üçün sanballı zəmin yaratmışdır.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,Mirvarid Dilbazi, Elçin, Əhməd Cəmil, Əliağa Kürçaylı, Eyvaz Borçalı, Cabir Novruz, Nəriman Həsənzadə, Vidadi Babanlı, Əfqan, Əlirza Xələfli və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı ədəbiyyat nümunələrinə, müasir poeziyaya, folklorun toplanması və dərci məsələlərinə dair bir sıra analitik-tənqidi, prinsipial elmi mövqeyə əsaslanan əsərləri var.
Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi üslub və cərəyanlar, ədəbi prosesin inkişaf qanunauyğunluqlarına dair araşdırmalar aparmışdır.
BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979–1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.
Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.
Onun rəhbərliyi ilə bir çox ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, Tiflis və Borçalı ədəbi mühitinə, Azərbaycan mətbuat və teatr tarixinə, Tiflis Azərbaycan Teatrına, Axısqa türklərinin mədəniyyətinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açmış və dəyərli məxəz olmuşdur.
Əsərləri [ redaktə | mənbəni redaktə et ]
- Tiflis ədəbi mühiti. Bakı: Yazıçı, 1980
- Mirzə İbrahimov. Bakı: Yazıçı, 1982
- TiflisAzərbaycan Teatrı. Bakı: İşıq, 1984
- Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. Bakı: Yazıçı, 1986
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: APİ nəşri, 1988
- Sənətkarın yaradıcılıq fərdiliyi. Bakı: APİ nəşri, 1990
- Bədii əsərin strukturu. Bakı: ADPİ nəşri, 1992
- Ədəbi növlər və janrlar. Bakı: ADPİ nəşri, 1994
- Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 1996
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: Zaman, 1999
- Ədəbiyyatşünaslığm əsasları. (dərslik, yeni nəşr). Bakı, 2005
- TiflisAzərbaycan və Adıgün türk teatrı. Bakı, 2006
- Həyat və ədəbi tale (ədəbi-tənqidi məqalələr). Bakı, 2008
- Ədəbiyyatşünaslığm əsasları (dərslik). Bakı, 2010
- Ədəbi meyllər və cərəyanlar. Bakı, 2010
- Sənətin işığında. Bakı, 2010Arxivləşdirilib 2015-02-22 at the Wayback Machine
- Prof. Dr. Abbas Hacıyev. Adigön Türk Tiyatrosu
- Abbas Hacıyev. Seçilmiş əsərləri. 5 cilddə
İstinadlar [ redaktə | mənbəni redaktə et ]
Xarici keçidlər [ redaktə | mənbəni redaktə et ]
- Mahmud ALLAHMANLI. Professor Abbas Hacıyev və yaxud sizsizliyin iki ili
- Abbas Hacıyev. Bizim Ahıska
- az.dofollow.be
- Azərbaycanın şair və yazıçıları [ölü keçid]
- Wapedia.mobi [ölü keçid]
- Biblus.ru
- Borçalının talesiz şairi [ölü keçid]
- Abbas Hacıyev//nayveliler.tr.gg
- nayveliler.tr.gg
- Şıxəli Qurbanova məktubları
Comments are closed, but trackbacks and pingbacks are open.