Afad Qurbanovun dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV
Afad Qurbanovun müəllimliyi, xüsusilə dilçilik dərsləri Azərbaycan elm-təhsil tarixində ən böyük məktəblərdən biridir ki, ən azı aşağıdakı mühüm məziyyətlərilə seçilir:
AMEA-nın müxbir üzvü – AFAD QURBANOV
Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Məhəmməd oğlu Qurbanov 1929-cu ildə yanvarэn 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Cuci (Cücə) kəndində (indiki Ermənistan Respublikasının Kalinino rayonundakı Qızıl Şəfəq kəndində) yüksək rütbəli hərbçi ailəsində dünyaya gəlib. Cucikənd kəndindən dünyaya boylanan, uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçən, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevrilmişdir.
Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırışda Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.
Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qurbanı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yoldaşının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyişmişdir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından böyük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən valideynlərini itirmiş və həyatın keşməkeşli yollarını təkbaşına aşmaq məcburiyyəti ilə üzləşmişdir.
Belə bir halda böyük qardaşı Səlimxan ailənin bütün ağırlığını öz çiyninə götürərək özündən kiçik bacı və qardaşlarının hamisinə çevrilmiş, onların təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, bir ata qayğısı ilə kiçik qardaşı Afadı sıxıntılardan çıxarmağa çalışmış, təhsilinə ciddi fikir vermişdir. Afad qardaşının ona qarşı olan qayğısını həmişə yüksək qiymətləndirmiş, ömrü boyu onu böyük gözündə görmüş və hörmətini saxlamışdır.
Afad Qurbanov orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır.
Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya Müharibəsinin veteranı medalı ilə təltif edilmişdir. Lakin gənc Afadın ən böyük arzusu ali təhsil almaq olmuşdur. Məhz bu arzu ilə də o, bir il direktor işlədikdən sonra öz xahişi ilə işdən çıxaraq Gürcüstanın paytaxtı Tiflis şəhərinə üz tutmuşdur. Onun bu şəhərə üz tutması da təsadüfi olmamışdır. Gürcüstanın tanınmış ziyalılarından olan dayısı Mahmud Şərifli Tiflisdə yaşayırdı.
1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olunan Afad Qurbanov dayısının evində yaşamış, dayısı Mahmud kişi onu bir ata qayğısı ilə əhatə etmiş və beləliklə, Afad Qurbanov diqqətini bütünlüklə oxuyub-oyrənməyə yönəltmişdir.
1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Oruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Lakin yenə də təhsilini davam etdirmək və elmlərin əsaslarına daha dərindən yiyələnmək istəyi onu burada da rahat qoymamışdır. O, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Dəmirçizadə institutda saxlanılması üçün rektorluğa müraciət etmişdir. Elmi sahədə hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Dəmirçizadə müraciətində yazırdı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəmməd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada saxlanılması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sərəncamına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afadı Azərbaycan dilçiliyi kafedrası üzrə aspiranturada saxlaya bilərik». Hazırda universitetin arxivində saxlanılan bu müraciətə o zaman heç bir əhəmiyyət verilməmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.
Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan – Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olmuşdur. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarmışdır.
Bununla kifayətlənməyən Afad Qurbanov yenə təhsilini davam etdirmək və elmin açılmamış qatlarını araşdırmaq üçün elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olmuşdur.
Eyni zamanda, Afad Qurbanov həmin ali təhsil ocağında, Bakı Ali Partiya Məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir.
Həyatının ən unudulmaz hadisələrindən biri də məhz 1956-cı ildə baş vermişdir: Gürcüstan Ali Məhkəməsi atası Məhəmməd Alı oğlu Qurbanov barədə bəraət hökmü çıxarmışdır.
Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun dramaturgiyasının dili üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mükafatlandırılmış və institutda saxlanılmışdır.
Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.
Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifələrində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstərilmişdir. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.
Bundan başqa, Afad Qurbanov 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini, sonralar Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının və Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və bir çox komissiyalarının fəal üzvü olmuşdur.
Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuəsinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linqvistik və «Onomastika» elmi-onomastik curnallarının təsisçisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox komissiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunda Elmi və Müdafiə Şuralarının, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.
1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülmüşdür.
Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.
1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Respublikası «Bilik» cəmiyyətinin natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onomalogiyası problemləri laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssisələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bugün uğurla təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəaliyyətinə icazə verilmişdir.
Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışmışdır.
1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika cəmiyyətinin, Finlandiyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.
Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında «Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi dinlənilmişdir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S. Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.
Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur .
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.
Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı (millət vəkili) olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin.
( Bax: Müşfiq Borçalı. “Sazlı-Sözlü Başkeçid”. Bakı, I cild, 2015, səh. 102-111)
Afad Qurbanovun dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV
Keçən əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinə, əsasən, akademik Məmmədağa Şirəliyev, akademik Əbdüləzəl Dəmirçizadə və professor Muxtar Hüseynzadənin yetirmələri (və davamçıları) olan ikinci nəsil gəldi ki, həmin nəslin ən görkəmli nümayəndələrindən biri akademik Afad Qurbanov idi.
Afad Qurbanov (1929-2009) ali məktəbi bitirəndən dərhal sonra əmək fəaliyyətinə doğma kəndlərindəki yeddiillik məktəbin direktoru (1945-1946) kimi başlamışdır. Və həyatının, yaradıcılığının, ümumən şəxsiyyətinin mahiyyətində dayanan müəllim-pedaqoq missiyası onu bütün ömrü boyu heç zaman tərk etməmiş, əksinə, yüksəldiyi ən uca məqamlarda da Afad Qurbanov öz müəllim adını şərəflə daşımışdır.
Əvvəl Tiflis Müəllimlər İnstitutunda (1946-1948), sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1948-1951) təhsilini davam etdirən Afad Qurbanov Borçalının Hamamlı kəndində məktəb direktoru (1951-1955), Tiflis Müəllimlər İnstitutunda müəllim (1955-1956) işləmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (sonralar Universitetində) isə 1956-cı ildən başlayaraq aspiranturadan rektorluğa qədər çox zəngin bir yüksəliş yolu keçmişdir. Və bu, heç şübhəsiz, nə qədər istedadlı olsa da, bir insanın şəxsi taleyi deyil, kökdən, nəsildən (genotipdən) gələn enerjidir ki, həmin kökə, nəslə məxsus hansısa bir insanın taleyində bütün gücü ilə təzahür edir.
Azərbaycan dilçiliyi tarixində həmişə nəinki tələbələrinə, hətta müəllimlərinə də xüsusi tələbkar münasibətilə xatırlanan professor Əbdüləzəl Dəmirçizadə Afad Qurbanovun aspiranturada saxlanılması üçün rektorluğa belə bir təqdimat yazmışdı:
“Afad Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir”.
Təqdimatın müəyyən qeyd-şərtlə yazılması, əlbəttə, gələcək elmi rəhbərin tamamilə “təbii” üslubu idi. Və bu son dərəcə qeyri-təbii üslubun bir əlaməti də o oldu ki, Əbdüləzəl müəllim öz aspirantına namizədlik işini gənclik illərində “patriarxallıq”da tənqid etdiyi Səməd Vurğunun “Vaqif” pyesinin dil-üslubundan yazmağı məsləhət bildi.
Böyük dilçi olduğu qədər də cəsarətli “eksperimentçi” olan Əbdüləzəl Dəmirçizadə hiss edəndə ki, N.Y.Marrı tənqid kampaniyasına başlamaq istəyirlər, “dahi dilçi”ni müdafiə etmək üçün Bakıda “yuxarılar”la məsləhətləşmədən birbaşa gedir Moskvaya. Orada köhnə “marrçılar” ona izah edirlər ki, mərdlik-namərdlik yeri deyil, fitva Stalindən gəlir, qayıt geri, görək, başımıza nə iş gələcək.
Əlbəttə, Səməd Vurğun öz keçmiş “tənqidçi”sinin dərin dilçilik təfəkkürünü layiqincə qiymətləndirməyə bilməzdi. Ancaq böyük şairin “Hər sadə, mürəkkəb cümləmizin də Əzəl mübtədası partiyamızdır” misralarındakı “Əzəl” sözündən həm əvvəl, həm də sonra vergül qoyub görkəmli alimə göndərirlərmiş ki, cümlədə mübtədanın baş üzv olmadığı barədəki fikrindən əl çəksin.
Məsələ burasındadır ki, böyük alimin istedadlı aspirantının Səməd Vurğunun şah əsərinin dilindən yazdığı dissertasiya o qədər uğurlu alınmışdı ki, müəllif bu problem üzərində araşdırmalarını həmişə davam etdirməyə ehtiyac duymalı olmuş, bədii mətnin linqvistik təhlilinə dair daha bir sıra dəyərli əsərlər yaratmışdır. Və özünün ilk şah əsəri olan “Müasir Azərbaycan ədəbi dili”nin xeyir-duasını da, heç şübhəsiz, böyük müəllimi vermişdi.
Afad Qurbanovun elmi tərcümeyi-halının, müasiri olduğu Nəsir Məmmədov, Əlövsət Abdullayev, Yusif Seyidov, Fərhad Zeynalov, Ağamusa Axundov, Rəhilə Məhərrəmova, Zərifə Budaqova, Musa Adilov, Zinyət Əlizadə, Tofiq Hacıyev. kimi görkəmli dilçilərdən bir mühüm fərqi də odur ki, Əbdüləzəl Dəmirçizadənin yetirməsi olmuşdur.
İkinci fərq daha dərin idi. Professor Muxtar Hüseynzadənin başçılıq etdiyi “Universitet dilçiləri” ilə professor (sonra akademik) Əbdüləzəl Dəmirçizadənin başçılıq etdiyi “APİ dilçiləri” arasında nə isə ciddi ixtilaflar, anlaşılmazlıqlar vardı.
Afad müəllim bu “baryer”i həm elmi, həm də böyük şəxsiyyətilə tədricən aradan qaldırmağa nail oldu. Rektor olduğu illərdə APİ-nin qapısını “Universitet dilçiləri” üçün o qədər geniş açdı ki, nəinki ixtilaflara, hər hansı anlaşılmazlığa da yer qalmadı.
Afad Qurbanovun müəllimliyi, xüsusilə dilçilik dərsləri Azərbaycan elm-təhsil tarixində ən böyük məktəblərdən biridir ki, ən azı aşağıdakı mühüm məziyyətlərilə seçilir:
1) etnoqrafik mükəmməllik;
2) yüksək vətənpərvərlik;
3) milli dövlətçilik təfəkkürü (və təəssübkeşliyi).
Afad müəllimin yetirmələrindən olan professor Sayalı Sadıqova yazır:
“Afad Qurbanov Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı idi. İlk baxışda dərin gölləri xatırladan dumduru iri qara gözlərilə tələbələrə baxarkən çöhrəsinə ilıq, həlim, isti bir təbəssüm qonanda duyurdum ki, bütün varlığı ilə ziyalı-vətəndaşlıq yanğısı olan müdrik bir alimlə qarşı-qarşıya durmuşam. İlk növbədə, professor pak, səmimi bir insan idi, sonralar APİ-nin rektoru, Milli Məclisin üzvü olanda da dəyişmədi, həm bir insan, həm bir təşkilatçı alim kimi öz sadəliyində, təmkinində qaldı, həm də bu sadəlik və təmkin daha da dərinləşdi, daha da zənginləşdi.
Afad müəllim şəxsiyyətinin bir cəhətini xüsusi qeyd edim ki, o, əsl istedadın vurğunu və qayğıkeşi idi. Bu gün elmimizə, mədəniyyətimizə ləyaqətlə xidmət edən 70-dən artıq istedadlı alimin yetişməsində onun əvəzsiz xidmətləri olmuşdur”.
Afad Qurbanovun dilçilik dərsləri bu gün də davam edir. Həm çoxsaylı yetirmələrinin elmi-pedaqoji fəaliyyətində, həm də xüsusilə heç zaman dəyərini itirməyəcək dərsliklərində. Həmin dərsliklər (və dərslər) Azərbaycan dilçiliyindən başlayaraq ümumi dilçiliyə qədər, demək olar ki, dil haqqındakı elmin bütün sahələrini əhatə etməklə dilçi-pedaqoqun maraq dairəsinin son dərəcə genişliyini göstərir.
Afad Qurbanov, ilk növbədə, Azərbaycan dilçiliyi mütəxəssisi olmuş, “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusundakı namizədlik (1962), “Müasir Azərbaycan ədəbi dili” mövzusundakı doktorluq (1968) dissertasiyalarını məhz ana dilinin ədəbi norma, funksional üslub xüsusiyyətlərinə həsr etmişdir. Bununla belə, onun yaradıcılığında dilçiliyin Azərbaycan elmi üçün səciyyəvi hər üç sahəsi – həm Azərbaycan dilçiliyi, həm ümumtürk dilçiliyi (türkologiya), həm də ümumi dilçilik tam miqyasda təmsil olunur. Və bu, ona Azərbaycan dilçiliyi tarixində heç bir dilçi ilə müqayisə edilməyəcək xüsusi üstünlük verir.
Afad Qurbanovun doktorluq dissertasiyasının əsasını təşkil edən “Müasir Azərbaycan ədəbi dili” dərsliyi (1967) yarım əsrdən artıqdır ki, Azərbaycan ali məktəblərində uğurla istifadə olunmaqdadır. Həsr edildiyi sahənin ölkəmizdə ilk dərsliyi “Ümumi dilçilik”ə (1973) gəldikdə isə professor Nizami Xudiyevlə razılaşmaq lazım gəlir ki, “Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Onun “Ümumi dilçilik” adlanan ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmışdır”.
Ümumiyyətlə, Afad Qurbanov o məhsuldar alimlərdən idi ki, əldə etdiyi nəticələrlə heç vaxt kifayətlənmir, elmin, təhsilin, cəmiyyətin inkişaf tələblərinə uyğun olaraq axtarışlar aparır, öz tədqiqatlarında “dünən”dən “sabah”a baxmağı bacarırdı. Dünyagörüşünün (və elmi maraq dairəsinin) genişliyi imkan verirdi ki, o, Azərbaycan dilinin və ya dilçiliyinin hər hansı probleminin təhlilini məhdud dairədə yox, lazımi miqyasda – türkologiya, yaxud ümumdilçilik kontekstində aparsın. Ali məktəblərdə dilçilik fənlərinin tədris planları hazırlananda da, Azərbaycan onomastikasının bütün yönləri ilə araşdırılması “hərəkatı”na rəhbərlik edərək beynəlxalq nüfuzlu məktəb yaradanda da, Milli Məclisdə Əlifba Komissiyasının sədri kimi bilavasitə müəllifi olduğu müasir Azərbaycan əlifbasını tərtib edəndə də Afad Qurbanov həmin prinsipə xüsusi diqqət yetirirdi. Və o, əmin idi ki, istər milli olanı beynəlmiləldən, istərsə də beynəlmiləl olanı millidən ayırmaqla nə elmdə, nə də həyatda hər hansı məqsədə çatmaq mümkün deyil.
1986-cı ildən 2009-cu ilə – ömrünün sonuna qədər Afad Qurbanovun rəhbərliyi ilə APİ-də (sonra isə ADPU-da) on beş beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdi ki, həmin illərdə, heç də təsadüfi deyildi ki, bunlar, sadəcə, “Afad Qurbanov konfransları” adlanırdı. Və o da təsadüfi deyildi ki, Azərbaycan dilçilərinin ağsaqqalı akademik Məmmədağa Şirəliyev bu işlərə böyük qiymət verir, Afad Qurbanovun “Azərbaycan dilinin onomalogiyası” əsərini dünya türkoloji dilçiliyinin böyük nailiyyəti kimi dəyərləndirirdi.
Xatırlamaq əhəmiyyətsiz olmazdı ki, böyük alim hələ gənclik illərində çap olunan ilk məqaləsini də şəxs adlarına həsr etmişdi. Və Azərbaycanın istiqlalı ərəfəsində xüsusi adların öyrənilməsinə xüsusi önəm verməsi də, ilk növbədə, ona görə səbəbsiz deyildi ki, min illər boyu həmin adlarda bilavasitə ifadə olunan tariximiz milli mənliyimizin ən parlaq göstəricisi idi.
Afad Qurbanovun dilçilik dərslərində dil haqqındakı elmin anlayışlarına xüsusi diqqət göstərilməklə yanaşı, dil hadisələrinə münasibətdə özünəməxsus təsnifat həssaslığı dərhal nəzəri cəlb edir. Və hər iki cəhət hind-Avropa mənşəli dilçiliyin milli elmi idrak texnologiyaları əsasında mənimsənilməsinə xidmət edir ki, bu, heç şübhəsiz, böyük alim-müəllimin Azərbaycan dilçilik elminin tarixi ideallarına sədaqətindən irəli gəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Afad Qurbanov onomalogiya məktəbinin yaradıcısıdır
Görkəmli dilçi alim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü olmuş Afad Qurbanovun 90 illiyi ilə əlaqədar akademiyanın institutlarında, respublikanın ali məktəblərində bir sıra tədbirlər keçirilir.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün görkəmli alim Afad Qurbanov haqqında məqaləsini təqdim edir.
Afad Qurbanovun yaradıcılığında dil problemlərinin tematikası çox genişdir. Azərbaycan dili, ədəbi dil, dilin lüğət tərkibi, fonetik və qrammatik quruluşu, ümumi dilçilik, bədii əsərin dili, onomalogiya məsələləri onun yaradıcılığının əsas istiqamətlərindən olub. O, Azərbaycan onomastika məktəbinin yaradıcısıdır. Dildə olan bir sıra onomastik vahidlər A.Qurbanovun qələmi ilə dilçilik elminə daxil edilib və öz izahını tapıb.
Alimin uzun illər apardığı tədqiqatın məhsulu olan “Azərbaycan dilinin onomalogiyası” əsəri elmi, eyni zamanda, sadə dildə yazılıb. Bu əsər dilçilik elminə qiymətli dərslik kimi də daxil olub. Azərbaycan dilçiliyində onomastik vahidlərin yaranması və dəyişilməsi, orfoqrafik və orfoepik problemləri elmi və sistemli şəkildə A.Qurbanovun kitabında faktlar əsasında izah olunub. Qeyd edək ki, adlar müəyyən cəhətlərə, əlamətlərə malikdir. Dildəki adlar ümumi qanunauyğunluq əsasında yarandığı kimi inkişaf edir. Xüsusi adların öyrənilməsi üçün qədim dil materialları son dərəcə qiymətlidir. XIX əsrdə onomastik vahidlər alimləri daha çox maraqlandırıb və o vaxtdan xüsusi adların toplanılmasına, təhlilinə diqqət verilməyə başlanılıb.
Onomastik vahidlərin mənasının açılmasında A.Qurbanovun tədqiqatları diqqətəlayiqdir. “Azərbaycan dilinin onomalogiyası” monoqrafiyası müəllifin cəsarətli, vətənpərvər mövqeyindən xəbər verir. Bu kitabda Azərbaycanın hər guşəsinin yeri və səsi var. A.Qurbanov xalqın tarixi torpaqlarında onun maddi və mənəvi izlərini görür, yeni tədqiqatlar üçün istiqamətlər müəyyənləşdirirdi.
Xalqın tarixi, mədəniyyəti, məişəti və dilini yaşadan onomastik vahidlərin tədqiqi böyük əhəmiyyət kəsb edir. A.Qurbanov onomastik leksikaya daxil olan sözləri dilçi həssaslığı ilə tədqiq və izah edib. Heç də asan olmayan bu iş gərgin zəhmət, istedad və bacarıq tələb edir.
A.Qurbanov orijinal üsluba, təkraredilməz yaradıcılıq tərzinə malik tədqiqatçı idi. “Azərbaycan dilinin onomalogiyası” əsərində alimin tədqiqat üslubu, orijinal yanaşma tərzi aydın hiss olunur.
Onomastik tədqiqatda mübahisəli məsələlərdən biri də xüsusi adların etimologiyasıdır. Burada onomastik vahidlərin həm forma, həm də məna cəhətdən mənşəyi müəyyənləşdirilir. A.Qurbanovun tədqiqatında hər bir vahidin izahı daha qabarıq görünür. O, onomalogiyanın inkişafı üçün böyük əmək sərf edib. Burada dil gözəlliyi, onomastik vahidin izahı ədəbi dil güzgüsünə həkk edilib ki, bu da A.Qurbanov yaradıcılığının özəlliyidir. Onun əsərində bir alim ürəyinin döyüntüsü eşidilir.
Azərbaycan dilçiliyinin onomastika sahəsində ən çox işlənən, tədqiq olunan sahə toponimlərdir. Onların izahında Afad müəllim həm tədqiqatçı, həm də oxucudur. Sözün sehrini, izahını incələdiyi anda belə onun elmi təhlili, eyni zamanda, sözə vurğunluğu özünü göstərir. A.Qurbanova görə, dilimizdə yazıya köçürülməmiş toponimlər heç də az deyil. Bunlar əsasən mövcud toponimlərin xalq danışıq variantları və müəyyən səbəblərdən oykonim rolunu itirmiş obyekt adlarıdır. Alim yazırdı ki, Azərbaycan toponimlərinin 4500-dən çoxunu oykonimlər təşkil edir.
A.Qurbanovun tədqiqatlarında şəxs adlarının cəmiyyətdə rolu və əhəmiyyəti də aydınlaşdırılıb. Alim əsas adlar kateqoriyası ilə yanaşı, köməkçi adlar kateqoriyasını müəyyənləşdirib. O, həmçinin advermə ənənəsindən danışıb. Advermə cəmiyyətin tarixində çox zəruri hadisədir. Lakin insana ad vermək çətin və məsuliyyətli məsələdir. Azərbaycan dilində advermə ənənələri, xüsusiyyətləri onun tədqiqatlarında aydın izah olunub.
A.Qurbanov hidronimlərin izahında da ilk təşəbbüs göstərən alimlərimizdən olub. O, hidronimlərin okeanim, pelaqonim, limonim, potamonim, helonim növlərini müəyyənləşdirib.
Hər bir əsər dövrün məhsuludur. “Azərbaycan dilinin onomalogiya”sı kitabı onomastikanın inkişafında öz rolunu oynayıb. Afad müəllim müasir dilçilərə və gələcək nəsillərə zəngin irs qoyub gedib. İllər keçəcək, həyat eşqi ilə yazıb-yaradan Afad müəllimin yaradıcılığının üfüqləri hər zaman parlayacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.