Press "Enter" to skip to content

N söz

Ölkəmizdə əlifba islahatının aparılmasında da A.Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbamızın müəllifi kimi böyük xidmətləri olmuşdur.

AFAD QURBANOV – 85 TARİX YARADAN İNSAN

Afad Qurbanov bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına verən əvəzsiz alimlərdəndir.

XX və XX1 əsr Azərbaycan dilçiliyinin görkəmli, istedadlı alim və elm təşkilatçısı, Azərbaycan Elmlər Akadmiyasının üzvü, Əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı Afad Qurbanov uzun illər bütün qüvvə və bacarığını fasiləsiz olaraq dilimizin hərtərəfli tədqiqi və təbliğinə, elmi və pedaqoji kadrlar yetişdirmək işinə həsr etmişdir. O, orta məktəb müəllimliyindən Respublika Elmlər Akademiyasının üzvlüyünədək mənalı həyat və fəaliyyət yolu keçmişdir.

Bu şərəfli alimin zəngin və maraqlı yaradıcılıgı həqiqi və hərtərəfli filoloq-dilçi əməyinin əsl nümunəsi olmuşdur.
A.Qurbanov yaradıcılığının ilk illərində iki elmi istiqamətə – nəzəri-filoloji və pedaqoji-metodiki sahələrə meyl göstərmişdir. O, tədris problemlərinin ən vacib məsələləri üzərində düşünərək müəyyən nəticələrə gələ bilmiş, öz fikirlərini elmi məqalələr şəklində təqdim etmişdir. Dilin fonetik sisteminin tədris və təbliği prinsiplərinin bəzi müddəaları onun axtarışlarında öz həllini tapmış və bunlar mətbuata çıxarılaraq geniş oxucu kütləsinə çatdırılmışdır.
A.Qurbanovun filoloji dilçilik sahəsində elmi maraq dairəsinin ilk mərhələsini Azərbaycan dilçiliyində xüsusi adların öyrənilməsi məsələləri təşkil etmişdir.
A. Qurbanovun əsərləri 1956-cı ildən nəşr olunmağa başlamışdır. Həmin ildə onun Bakı və Tbilisi şəhərlərində bir neçə məqaləsi dərc edilmişdir. O, “Azərbaycan şəxs adları və onların xüsusiyyətləri” adlı məqaləsində Gürcüstanda yaşayan azərbaycanlıların işlətdikləri antroponimlərin fərqli və maraqlı cəhətlərini elmi şəkildə izah etməyi qarşıya məqsəd qoymuş və buna layiqincə nail ola bilmişdir.
Həmin məqalə A. Qurbanovun sonralar çox yüksək səviyyədə inkişaf etdirdiyi onomastika sahəsinin ilk addımı idi.
Prof. A.Qurbanovun çoxsaylı dilçilik tədqiqatlarına dair 70-dən artıq kitabı, 500-ə qədər elmi məqaləsi nəşr olunmuşdur. Bu əsərlərin bir qismi xarici ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə və başqa yerlərdə dərc edilmişdir. A.Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, ona 1981-ci ildə Əməkdar elm xadimi fəxri adı verilmişdir.
A. Qurbanovun dilçiliyin müxtəlif sahələrini əhatə edən çoxcəhətli elmi yaradıcılıq fəaliyyətinin mövzu və istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Ümumi dilçilik problemləri sahəsində.
2.Türkoloji dilçilik məsələləri sahəsində.
3.Azərbaycan dilçiliyi problemləri sahəsində.
4.Müasir Azərbaycan ədəbi dili sahəsində.
5.Onomastika sahəsində.
6.Bədii əsərlərin dilinin linqvistik tədqiqi sahəsində.
7. Ali məktəb pedaqogikası və metodikası sahəsində.
8. Dilçi kadrlar hazırlamaq sahəsində.
9. Elmi təşkilatçılıq məsələləri sahəsində və s.

ƏSL İNSAN, ƏSL ZİYALI

Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklikdir. Nə qədər müdrik, nə qədər böyük, böyük olduğu qədər də sadə bir insan idi Afad Qurbanov. Onun haqqında keçmişdə danışmaq çox ağırdır.
Deyirlər, insanı kamilləşdirən onun dərdləridir. Biz yetirmələri professor Afad Qurbanovun aramızda olmadığını bu son illərdə hiss etdik. Nə qədər kamilləşdik, nə qədər böyüdük! Əvvəllər ərköyün uşaqlar kimi ətrafına toplaşar, elmlə, şəxsi həyatımızda baş verən probləmlərlə bağlı sorğu-sual edərdik. O isə mehriban ata kimi hər kəsi sona qədər səbrlə dinləyər, ağıllı, müdrik məsləhətlər verərdi. Mübahisə edəndə: “Gedək, Afad müəllimdən soruşaq”,- deyər, ən etibarlı cavabı ondan almağa tələsərdik. İndi isə…

Professor A.Qurbanov yalnız öz ailəsindən, doğmalardan deyil, xalqdan, eldən getdi.
Özünü auditoriyadan kənarda, tələbələrindən uzaq təsəvvür edə bilmirdi. Universitetin dəhlizində belə ona yaxınlaşan tələbələrin hər sualına tələsmədən, sakit-sakit cavab verər, doğru yola istiqamətləndirər və bundan mənəvi zövq alardı. Əmin idi ki, yetişdirdiyi gənc və orta nəslə məxsus böyük bir alimlər ordusu onun yolunu davam etdirəcək, başladığı işləri sona çatdıracaq və onun tələb etdiyi kimi, hər işə məsuliyyətlə yanaşacaq.
Ömrünü elmə sərf etmişdi Afad Qurbanov. Onun yaradıcılığı ümumbəşəri mənəvi xəzinənin bir hissəsidir. A.Qurbanovun əsərləri, elmi görüşləri olmadan Azərbaycan dilçilik elmini təsəvvür etmək mümkün deyil. Azərbaycan dilçiliyi, ümümi dilçilik, türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, bədii dilin linqvistik təhlili sahəsindəki xidmətləri, dilçi kadrların hazırlanması və digər ictimai fəaliyyəti ölçüyəgəlməzdir.
Afad Qurbanovun Azərbaycanda onomastika məktəbinin, “Onomastika” elmi cəmiyyətinin və “Onomastika” elmi jurnalının yaradıcısı, təsisçisi kimi xidmətləri də böyükdür. O deyirdi: “ Dildə mənasız söz yoxdur və ola da bilməz. Hər bir söz geniş şəkildə araşdırılmalıdır, xüsusi adlar da həmçinin”. Azərbaycan dilçiliyində xüsusi adların tədqiqi A. Qurbanovun adı ilə bağlıdır.

Hər insan ömrünün öz dünyası var,
Dünyanı görməyə göz dünyası var,
Xüsusi adların söz dünyası var,
Sən həmin dünyanın şahı, ey alim!

Son zamanlar elə bil tələsirdi. Ərsəyə gətirdiyi ali məktəb dərsliklərinə yenidən nəzər salır, monoqrafiya və ensiklopediyalar yaratmaq, yetirmələrinin elmi fəaliyyətini istiqamətləndirmək və bir çox başqa problemlər haqqında düşünür, çox qayğılı görünürdü: “Hələ nə qədər görülməli işlərim var”,- deyirdi. Amma… Qəfil gələn ölüm hər şeyi yarımçıq qoydu. Həyatı çiçək üzərindəki şeh damlası kimi yuvarlanaraq yox oldu. Ən gözəl bir şəkildə dünyasını dəyişdi: dostlarının, ailə üzvlərinin əhatəsində. Heç kimdən incimədən, heç kimi incitmədən.
Afad Qurbanov öz yetirmələri üçün böyük insan, ideal ziyalı idi. Böyük insanlar uca dağlara bənzəyirlər, onlar birdəfəlik ölmürlər. Əgər onları xatırlayan, yada salan, qoyub getdiyi elmi irsdən faydalanan varsa, demək, o insanlar yaşayırlar. Onların dəyəri daha çox sağlığında deyil, öldükdən sonra bilinir. Insanın əsl dəyərini ölüm aşkara çıxarır.

Professor Afad Qurbanov bu gün də aramızdadır. Kitablarının hər sətrində, yetirmələrinin həyatında, elmi fəaliyyətlərində ikinci həyatını yaşayır.
Həyatının son anlarına qədər ümumi dilçilik, Azərbaycan dilçiliyi və türkologiya sahəsində səmərəli araşdırmalarını davam etdirən zəhmətkeş alim, yorulmaz tədqiqatçı Afad Qurbanovun elmi irsi bundan sonra da Azərbaycan xalqına öz töhfəsini verəcək. Elm, bilik, təhsil, ən əsası isə insanlıq öyrətdiyi böyük bir tələbə ordusu onu heç vaxt unutmayacaq.

Ruhun şad olsun, ustad!
Dos. Həcər Eminqızı,
ADPU, Azərbaycan dilçiliyi kafedrası

P.S.1. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına əsasən, akademik A.A.Axundovun və AMEA- nın müxbir üzvü K.M.Abdullayevin rəhbərliyi altında, professor F.Y.Veysəllinin redaktəsi ilə “Azərbaycan dilçiliyi müntəxabatı” adlı üççildlik işıq üzü gördü.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilçiliyi müntəxabatı” adlı üçcildliyin təqdimat mərasimi yüksək səviyyədə təşkil olundu. Üçcildlikdə Mahmud Kaşğarlıdan bu günümüzə qədər: XI-XXI əsrlərdə türkoloji dilçilik müstəvisində Azərbaycan dilçiliyində baş verən inkişaf və yeniləşmələr öz əksini tapmışdır. Belə bir ensiklopedik xarakterli kitabda yer almaq hər bir insana, hər bir alimə qismət olmur. Lakin Afad Qurbanov özü həyatda olmasa da, belə bir şərəfə nail oldu.
Kitabın üçüncü cildində dilçilik tariximizi yaradanların sırasında professor A.Qurbanovun rolu da qeyd olunmuşdur. Alimin Azərbaycan dilçiliyinin bütün sahələri üzrə apardığı araşdırmalar nəzərə çatdırılmış, Azərbaycanda Onomastika elmi məktəbinin yaradıcısı, “Onomastika” elmi jurnalının təsisçisi və baş redaktoru kimi xidmətləri xüsusilə vurğulanmışdır.

“Müəllim sözü” qəzetindən, №01(29)
P.S.2. Hazıkı kitabın əlyazması ilə tanış olanlardan birisi də Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru , “Ümumi dilçilik” kafedrasının müdiri Afad Qurbanov olmuşdur. Onun məsləhəti ilə bu kitabın sonluğuna əlavə olaraq qardaşım Vahid ilə birlikdə yazdığımız “Dilin yaradılmasına dair İlahi nəzəriyyə” mövzusu da daxil edilmişdir. Hər ikimiz professor Afad Qurbanova məsləhətlərinə görə dərin minnətdarlıqlarımızı bildiririk.

Fikrət Rzayev, “Söz” kitabı, Bakı, Maarif 2012 səh-6

P.S.3. Hörmətli dilçi alim Afad Qurbanovun dəstəyi ilə yazılan “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin fəxri üzvü mərhum Fikrət Rzayevin müəllifi olduğu “Söz” adlı bu tədqiqat əsərinə “Dilin yaradılışına dair İlahi nəzəriyyə fəsli” (səh- 228- 243) həmin ictimai birliyin idarə heyətinin üzvü, qardaşı Vahid Rzayevlə birgə yazılaraq həmin kitaba əlavə olundu və bu kitab yazıçı-publisist, “AqRa” EİDİB-in idarə heyətinin üzvü mərhum Məhərrəm Zamanın nəşriyyatında işıq üzü gördü.
Bundan sonra həmin nəşriyyatda mərhum Fikrət Rzazyevin dilçiliyə dair daha bir əsəri “Söz konstruktorluğu ” kitabı da nəşr olundu..
Maraqlananlar həmin əsərlərlə övraqımızda tanış ola bilərlər.

More from my site

  • Həqiqət carçısı
  • Hara gedİr bu dünya
  • Ürək və qan
  • Vahid Rzayev, Fikrət Rzayev “Yaranış” haqqında söhbət-III hissə
  • Qəddi əyilməyən analar və atalar…
  • Тəkrarolunmaz abidələr diyarı

Ön söz

Dünyada ən uzun insan ömrü özündən sonra silinməz izlər qoyan, xatirələrdə yaşayan dahi şəxsiyyətlərə məxsusdur. Belə insanlar dünyalarını dəyişəndən sonra da özlərini nəsillərin yaddaşında yaşadır, zaman-zaman nəcib əməlləri, yüksək məziyyətləri ilə çoxlarının idealına çevrilirlər.

Xatirələrdə silinməz izi qalan görkəmli dilçi-alim, məşhur türkoloq, altayşünas, ana dilimizin keşikçisi, həqiqi və layiqli vətəndaş, mübariz ictimai xadim Afad Məhəmməd oğlu Qurbanov da belə dahi şəxsiyyətlərdən idi.

Milli və beynəlxalq akademiyaların akademiki, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov uzun illər boyu bütün qüvvə və bacarığını dilimizin hərtərəfli tədqiqinə və təbliğinə, yüksək ixtisaslı elmi-pedaqoji kadrların, alimlərin yetişdirilməsi işinə həsr etmişdir. Onun ömür mənzərəsinə diqqət yetirəndə gözlərimiz önündə istedadlı bir linqvist-alim, fədakar müəllim, sözün əsl mənasında çox müdrik bir insan canlanır. O, orta məktəb müəllimliyindən respublika Elmlər Akademiyasının üzvlüyünədək şərəfli bir həyat yolu keçmiş, gələcək nəsillərə nümunə ola biləcək dəyərli və mənalı bir ömür yaşamışdır.

Güclü intellekt sahibi, istedadlı elm fədaisi A.Qurbanovda elmi təfəkkürlə ən təbii insani duyğuların heyranedici sintezi vardır. Səmimiyyət, təbiilik, qayğıkeşlik, mərdlik, tələbkarlıq, prinsipiallıq onun təbiətinin ayrılmaz əlamətlərindəndir. A.Qurbanov öz alim fərdiyyətini təsdiq edə bilən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən alim idi. Həmişə hərəkətdə, axtarışda, fəal təfəkkür və elmi düşüncələr aləmində olan A.Qurbanov ömrünün sonunadək alim həyatının və elmi fəaliyyətinin zirvələrində idi.

Dilçiliyin bir sıra sahələrinin əsasını qoyan, filoloji məktəb yaratmış Afad Qurbanov çox zəngin və məhsuldar bir yaradıcılığa malik idi. Onun elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olmuşdur. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, alim onu araşdırmasın və öz münasibətini bildirməsin. Onun çoxsaylı əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin, sərrast elmi təfəkküründən xəbər verir. Onun ümumi, türkoloji və Azərbaycan dilçiliyinin tədqiqatlarına dair 70-dən çox kitabı, dərsliyi, monoqrafiyası, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilmişdir. Bu əsərlərin bir qismi müxtəlif mükafatlara layiq görülmüş, bir qismi isə xarici ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və başqa dövlətlərdə dərc edilmişdir. Alimin ikicildlik «Ümumi dilçilik», «Müasir Azərbaycan ədəbi dili», «Azərbaycan dilinin onomalogiyası» və s. kitabları dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Afad Qurbanov yazdığı əsərlərə görə dövlət tərəfindən təltif edilmiş az sayda dilçi alimlərimizdən biridir. O, «Azərbaycan dilinin onomalogiyası» monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüşdür.

Ölkəmizdə əlifba islahatının aparılmasında da A.Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbamızın müəllifi kimi böyük xidmətləri olmuşdur.

A.Qurbanov istedadlı alim və peşəkar müəllim olmaqla yanaşı, həm də fəal təşkilatçı və ictimai xadim idi. O, müxtəlif vəzifələrdə işlədiyi dövrdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmiş, 1990-1995-ci illərdə isə Azərbaycan parlamentinin deputatı kimi fəaliyyəti xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Tanıyanların xatirində Afad müəllim əsl ağsaqqal, təmkinli, mədəni və ziyalı bir şəxs kimi qalmaqdadır. O, hamımız üçün, gələcək nəsillər üçün bir şəxsiyyət mücəssəməsinə çevrilmişdir.

Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafı üçün çəkdiyi zəhmət, onun yazdığı sanballı əsərlər, əsasını qoyduğu «Azərbaycan onomalogiyası» elmi məktəbi, hazırladığı yeni latın qrafikalı əlifba, yetişdirdiyi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir və o, Azərbaycan dilçilik elmi salnaməsində ən şərəfli yerlərdən birini tutur.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır

Bu gün görkəmli dilçi-alim, professor, türkoloq, ictimai-siyasi xadim Afad Qurbanovun anadan olmasından 94 il ötür. Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən elm və təhsil təşkilatçısı haqqında Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini, professor Sayalı Sadıqova fikirlərini bölüşüb.

“Afad Qurbanov geniş yaradıcılıq istiqamətlərinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmirçizadə və başqaları ilə bir sırada çəkilir”.

Professor A.Qurbanovun elmi məktəb yaratdığını və yazdığı çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdən olduğunu söyləyən professor onun Azərbaycan dilçiliyinin inkişafında mühüm xidmətlərini qeyd edib: “O, “Azərbaycan ədəbi və danışıq dili (1965), “Müasir Azərbaycan ədəbi dili (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri”, (Bakı, 2004), “Azərbaycan onomalogiyasının əsasları, (2 cilddə, Bakı-2004) və bir sıra monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. Bu monoqrafiyalar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir”.

Bu əsərlərdə dilçilikdə aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilib.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər – əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1990-1994-cü illərdə Milli Məclisin üzvü, Əlifba Komissiyasının sədri olub.

S.Sadıqova qeyd edib ki, müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanov latın qrafikalı yeni əlifbaya keçilməsi dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olub, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.

Azərbaycan dilçiliyində ilk dəfə onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqinin də məhz A.Qurbanovun adı ilə bağlı olduğunu söyləyən Sayalı xanım elm xadiminin bu sahəyə ayırdığı xüsusi diqqətdən söz açıb: “Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini, mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun yaradıcılığında araşdırılıb. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran A.Qurbanov olub”.

Ona görə də Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfonologiya F.Cəlilovun, ümumi dilçilik, türkoloji dilçilik, onomalogiya və müasir Azərbaycan əlifbası A.Qurbanovun adı ilə bağlıdır.

Alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimin xatirəsi qəlbimizdə həmişə yaşayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.