Afaq Masud – Azadliq – Roman
Tanınmış yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun ötən il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabı Rusiya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Kitaba daxil edilən əsərlər – “Azadlıq” romanı və hekayələr haqqında Rusiya mətbuatında təhlili yazılar və resenziyalar dərc olunub. Rusiyanın aparıcı mətbu orqanı olan “Literaturnaya qazeta”nın bugünkü nömrəsində yazıçı ilə, onun düşüncə mənzərəsini daha dolğun əks etdirən geniş müsahibə dərc edilib. “Azadlığın mistik sirri” başlığı altında dərc edilmiş müsahibədə “Azadlıq” romanının təhlili ilə yanaşı, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və digər məsələlər barədə yazıçının baxışları yer alır. AZƏRTAC müsahibəni təqdim edir.
Afaq Məsudun “Azadlıq” romanı Rusiya mətbuatında
Tanınmış yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun ötən il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabı Rusiya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Kitaba daxil edilən əsərlər – “Azadlıq” romanı və hekayələr haqqında Rusiya mətbuatında təhlili yazılar və resenziyalar dərc olunub. Rusiyanın aparıcı mətbu orqanı olan “Literaturnaya qazeta”nın bugünkü nömrəsində yazıçı ilə, onun düşüncə mənzərəsini daha dolğun əks etdirən geniş müsahibə dərc edilib. “Azadlığın mistik sirri” başlığı altında dərc edilmiş müsahibədə “Azadlıq” romanının təhlili ilə yanaşı, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və digər məsələlər barədə yazıçının baxışları yer alır. AZƏRTAC müsahibəni təqdim edir.
– Afaq xanım, müəllifi olduğunuz “Seçilmiş əsərlər” (“Azadlıq” romanı və hekayələr) kitabında bu və ya digər dərəcədə təhtəlşüurla bağlı mövzulara toxunulur. Sizcə, təhtəlşüur və azadlıq məsələləri bir-birilə nə dərəcədə əlaqəlidir? Yəni, insan öz təhtəlşüurunda belə, azad olmaya bilərmi? Ümumiyyətlə, azad olmaq mümkündürmü?
– Düşünürəm, bu, insanın əzəli yaradılışı ilə bağlı sonsuz araşdırmalara ehtiyacı olan əbədi mövzulardan biri – ən sirlisi və müəmmalısıdır. Quranda Uca Tanrının insana belə bir ünvanlanması var: “Mən səni azad yaratdım…”. Bu kəlam sözsüz ki, ilkin yaradılmış insana – Adəm və Həvvaya ünvanlanıb. Lakin insanlıq tarixi, hadisələr, sənədlər və faktlar, eləcə də reallıq və həyat göstərir ki, həmin bu azad yaradılmış insan əsrlərboyu heç cür azad ola bilməyib və bilmir. Düşünürəm ki, bunun ilkin səbəbi bütün dini və səmavi kitablarda təsvir olunan həmin o taleyüklü məqam – İnsanın öz tamahının bəlasına düşməsi və cənnətdən qovulmasıdır. Qalan digər bəlalar, eləcə də uğrunda min illərlə mübarizə aparılsa da, heç cür əldə olunmayan azadlıq problemi, düşünürəm, buradan başlayır. Tamah, onun usanmaz iştahıyla maddiyyatın ən alçaq qatlarına sürüklənən insan, ona özü və dünya haqqında təlqin olunan qurama təsəvvürlər, yanlış arzular, bu bitib-tükənməz, çox vaxt lüzumsuz arzu-istəklər burulğanıyla ömrün sonuna doğru üst-üstə qalanan səhvlər və günahlar, qalın-qalın hesabat dəftərçələri və sair və ilaxır.
Nə qədər qəribə də olsa, qərinələr, əsrlər ötsə də, sivil insan ruhi yaddaşı, təhtəlşüuru etibarilə həmin cənnətdən qovulmuş insandır. Onun real həyatda iştirakını, düşüncə və hərəkətlərini şərtləndirən, qarşılaşdığı ədalətsizliklər və anlaşılmazlıqlar ilğımında axtardığı və heç cür əldə edə bilmədiyi “azadlıq haqqı”nın tarixçəsi, məncə budur. Görünən də budur ki, tarixboyu Yer üzünün bütün millətləri və xalqları demokratik dəyərlər, azad cəmiyyət, işıqlı azadlıq idealları uğrunda mübarizə aparsalar da, bunu insan həyatının ən ali dəyəri, insanlıq haqqı hesab etsələr də, son nəticədə heç nə hasil olunmayıb. Nə toplum halında, nə fərdi şəkildə. Yəni bu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Bu məsələyə daha dərindən yanaşanda izaholunmaz, mistik bir həqiqətin astanasına çatmış olursan. Belə ki, həmin bu azadlığın nə demək olduğunun, kainatı, onun sərhədlərini təsəvvürə gətirmək qədər yasaq, mümkünsüz bir mətləb olduğunun acı həqiqətini anlayırsan. Düşünürəm, bu, ilahi bir maneə, ali hökmdür. Əgər insan, hər şey bir yana qalsın, ölümlüdürsə, qocalığa, xəstəliyə məhkumdursa, haqqında, demək olar, heç nə bilmədiyi bədəninin halından, daxili orqanlarının, əzalarının vəziyyətindən, havanın temperaturundan və sairdən asılıdırsa, hansı azadlıqdan danışmaq olar? Bunu da nəzərə alsaq ki, kainatın özü belə azad deyil, bütün ulduzlar, Günəş sistemləri, qalaktikalar və planetlər hansısa qəbul olunmuş, düşünülmüş, vahid sistem üzrə hərəkətlənməyə davam etməkdədirsə, bütün bu möhtəşəmliyin miqyasında toz nisbətində belə olmayan insanın axtardığı nədir?
– “Azadlıq” romanı Azərbaycan tarixində baş vermiş hadisələrə Sizin baxışınızı əks etdirir? Yoxsa sizi yuxugörmənin müəmması maraqlandırır? Əsər insanın, həmin bu sirli, izaholunmaz yuxu aləmi qarşısında acizliyi məsələsində hər hansı sosial status, yaxud ictimai mövqedən asılı olmayaraq, bərabər olduğunu parlaq şəkildə nümayiş etdirir.
– “Azadlıq” tarixi-psixoloji roman kimi qəbul olunur. Onu belə də səciyyələndirmək olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən siyasi-ictimai hadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, “Azadlıq” meydanında baş verənlər, savadsızlığı və təcrübəsizliyi ucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, qurama dövlət təmsilçilərinin xalqın gözü qarşısında sərgilədiyi tragikomik macəralar və sair və ilaxır.
Roman insan azadlığı, siyasi-ictimai, sosial azadlıqlar problemi, meydan hərəkatı və sair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verən hadisələrlə səsləşməyə davam edir və hər ölkədə maraqla qarşılanır. Bu, əsərin birinci, yəni, üst qatıdır. Lakin əsərin digər qatları da var. Bayaq haqqında danışdığımız həmin azadlıqsızlıq, insanın nəinki real həyatda, hətta heç kimin müdaxilə edə bilmədiyi tənha yatağında, bu yataqda yatıb gördüyü yuxularında belə azad olmaması, insanın öz iradəsindən asılı olmadan, sirli yuxu ərazilərində, təhtəlşüurunun gizli labirintlərində baş verən hadisə və situasiyaların iştirakçısına çevrilməsi və sair, ictimai həyatda, gerçəklikdə axtarılan bu problemin kökünün daha dərində olduğunu bildirir.
Qəribədir ki, bu mövzu, yəni, insanın azadsızlığı, eləcə də yuxu və təhtəlşüur xətti mənim, demək olar, bütün əsərlərimdən bu və ya digər mənada keçir. Ən erkən hekayələrimdə belə. “Azadlıq”da bu mövzu daha fundamental şəkildə – bütöv tarixi mərhələnin fonunda araşdırılır. Bu, düşünülmüş şəkildə qurulmayıb, əsər özü belə alınıb. Ötən əsrin 80-ci illərində şahidi olduğum məlum siyasi hadisələr, məni hər zaman narahat edən yuxu əraziləri bu əsərdə, necəsə öz-özünə, mistik bir uyarlıqla uzlaşıb və düşünürəm, romana uğur gətirən başlıca səbəb məhz budur. Meydanlara “Azadlıq!” şüarıyla axışsalar da, əslində, bunun nə olduğunu bilməyən insan kütlələri, insan mövcudluğu ilə bağlı elmi araşdırmalarıyla, özü də bilmədən, hansısa toxunulmaz, yasaq ərazilərə daxil olan və oradaca qətlə yetirilən Akademik, öz təhtəlşüurunda azmış General, bu adamları sirli yuxu burulğanlarından xilas etməyə çalışan, lakin özü də oralara sovrulan psixiatr Veyisov. Bu, həmin o ərazilərdir ki, heç bir siyasi, yaxud sosial status, iyerarxik dərəcə, nüfuz və sair tanımır. Orada hamı bərabərdir.
– Sovet dövrü ilə müqayisədə müasir Azərbaycan ədəbiyyatının vəziyyətini necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycanda güclü ədəbiyyat yaranır. Bu, özünü daha çox orta nəsil təmsilçilərinin, eləcə də gənc yazıçıların yaradıcılığında büruzə verir. Azərbaycan ədəbiyyatı üzü qədimdən bəri dünya fikir xəzinəsinə istər keyfiyyət, istərsə də kəmiyyət baxımından misilsiz bədii söz dəfinəsi bəxş edib. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimidən başlayan nurlu yol bu gün də davam edir. Sözsüz ki, sovet ideologiyası digər keçmiş MDB xalqları ədəbiyyatlarına olduğu kimi, Azərbaycan ədəbiyyatına da təsirsiz ötüşməyib. Bir çox istedadlı qələm adamı tərəfindən xeyli sayda saxta ideoloji əsərlər yaradılıb. Lakin həmin dövrlər heç bir rejimə baş əyməyən ciddi ədəbiyyat da yaranıb. Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əliağa Vahid, Mikayıl Müşfiq, Mir Cəlal, Ənvər Məmmədxanlı, Məmməd Araz, Musa Yaqub, İsa Hüseynov, Sabir Əhmədov kimi şair və yazıçılar bütün rejimlərin fövqündə misilsiz əsərlər yazıb-yaradıblar. Bu proses bu gün də davam etməkdədir və mənzərə onu göstərir ki, bu torpağın söz toxumu bəhrəlidir və o, dünyaya çoxlu sayda qidalı barlar verəcək.
– Siz Markes, Vulf, Kortasar, Borxes kimi yazıçıların əsərlərini tərcümə etmisiniz. Hansı əsəri tərcümə edərkən daha böyük çətinliklərlə üzləşmisiniz və niyə?
– Mənim üçün ən çətini Markesin “Patriarxın payızı” olub. Bu əsər, yəqin ki, oxumusunuz, dolama-dolaşıq, fantasmaqorik təsvirlərin, hadisə və situasiyaların, duyğu və fikirlərin bəzən bir, bəzən iki səhifəyə sığan cümləyə yerləşdirildiyi, təhkiyə və dil baxımından hədsiz ağır və qəliz bir əsərdir və təbii ki, tərcümə də kifayət qədər çətinliklər yaradır. İlk baxışda, heç bir məntiqə, ənənəvi dünyagörümünə dayaqlanmayan spontan fikir və duyğu axını, keçmişlə reallıq arasında sərhədlərin itirilməsi və sair tərcüməni, nəinki mətnin, yazıçının səhifədən-səhifəyə gözlənilməz qəfilliklə dəyişilən halının mümkün dəqiqliklə ifadəsi baxımından da çətinləşdirir. Tərcümə zamanı bəzən məndə belə bir təəssürat yaranırdı ki, Markes bütün bu mürəkkəbliyi, fikir və təsvir dolaşıqlığını düşünülmüş halda özü qurub. Oxucunu virtuoz ustalığıyla, söz və fikir naxışlarıyla toxuduğu toruna salıb başını gicəlləndirmək, dünyanın gözlə görünən bu yeknəsəq sosium yox, insan şüurunun dərk etmək, hər hansı məntiq donu geyindirmək iqtidarında olmadığı, sirlər və şifrələr dolu dərkedilməz, mistik aləm olduğunu anlatmaq məqsədi ilə edib.
– Baxışlarınızın formalaşmasında kimin təsiri daha çox olub? Rus klassiklərindən hansı sizə daha yaxın və maraqlıdır?
– Elə bilirəm, böyük rus ədəbiyyatının nəinki mənə, bütün dünya yazıçılarına böyük təsiri olub. Qoqolu, Dostoyevskini, Çexovu oxumadan insan, onun xisləti haqqında mükəmməl təsəvvür əldə etmək çətin olardı. Onlar müəllimlərdir. İnsan qəlbinin gizlinlərini, iç dünyasını mikroskopik şəkildə, az qala, toxuma səviyyəsində araşdırmağa müvəffəq olmuş bu dahilər dünya fikir xəzinəsinə misilsiz töhfələr veriblər. Lakin bu, yolun sonu deyil. Yəni, söhbət ədəbiyyatdan, böyük və şəfqətli ədəbiyyat yolundan gedir. Bu yolun – yəni insan, dünya, mövcudluq sirrinin araşdırılması yolunun sonu, qurtaracağı yoxdur. Sufilər demişkən: “İnsan min il də yaşasa və həmin o min il həqiqəti dərk etməyə çalışsa, buna gücü yetməyəcək”. Əlbəttə, dünya ədəbiyyatı tarixində “fəth olunmuş ərazilər”dən sonra gələnlər də var və hər kəs yol üzrə öz qabiliyyəti və fəhmi müqabilində irəliləyir, insan nəfəsi dəyməyən, fikir qarmağının toxunmadığı yeni əraziləri aşkarlayır. Beləcə, yol sonsuzluğa qədər uzanır. Bu, ciddi ədəbiyyat yoludur və onun sonu, qurtaracağı yoxdur. Bu mənada, “ədəbiyyatda yeni heç nə yoxdur, bu gün yazılanlar nə vaxtsa yazılanların ayrı şəkildə təkrarıdır”, – deyənlər səhv edirlər. İnsan əlinin cizgiləri, qar dənəciklərinin naxışları bir-birini təkrarlamadığı kimi, görüm, duyum və fikir yarılmaları da bir-birini təkrarlamır.
Afaq Masud – Azadliq – Roman
Цитата:
Afaq Məsud
Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Romanlar və hekayələr müəllifi kimi tanınır.
Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib. «Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr», «Qonaqlıq», «Gecə», «Cəza» televizya filimləri çəkilib.
2003-cü ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
Цитата:
Azadlıq
Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi. Uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Divarlar, bağlı qapılar, artıq televizorun və küçə səslərinin, qonşu mənzillərdən eşidilən hənirtilərin qabağını saxlaya bilmirdi. Binamızla üzbəüzdəki balaca səsyazma köşkündən qoşa gücləndirici ilə səhər-axşam küçəyə yayaılan «Xoçu umeret molodım. » mahnısı da bir yandan… Əsərin son fəsilləri məni dünyanın ən səssiz qatlarına aparıb çıxardıqca, ətrafın səs-küyü elə bil məkrli bir qəsdlə birə-on artıb çoxalırdı. Nə yanvar ayının (söhbət 1995-ci ilin qışından gedir) qar – çovğunu, nə televizya və qəzetlərin, dünyanın axırı barədə verdiyi ətürpədən informasiyaları, ətrafın bu xəstə aktivliyini səngidə bilmirdi. Yazını yarımçıq saxlamaq – sürətlə qaçan adamı, yüyürdüyü yerdə dayandırıb, ağız-burnunu qapamaq kimi öldürücü bir şey idi. Yeganə çıxış yolu qalırdı: Mərdakandakı bağ evimizə köçmək və işi orda davam etdirmək.
İlk əvvəl, həftənin üç günü – cümə, şənbə və bazar günləri Mərdakandakı evdə – qızdırıcı sistemi olmayan, işıqları dəqiqədə bir sönən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü. Lakin, çox keçmədi ki, «evin içində barmaqlarının ucunda gəzməyi ilə də fikirlərimin dağılmasına səbəb olan» yoldaşım axır ki, Mərdakana köçməyə razılıq verdi. Amma orda tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə.
Beləliklə, yanvar ayının axırları mən kiçik qızımla birgə, bir müddət, küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələrlə qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi bu sakit və kimsəsiz evdə yaşamalı oldum.
Günlər anlaşılmaz sürətlə keçir, mən, əlimdə qələm, bir gözüm saatda, sübhün açılmağıyla gecə qapanmaları arasında qalır, hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayır, qaz plitəsinin gözlərini yandırıb yazıya girişir, arada nahar və şam yeməyində fasilə verə-verə, qızımı yedirdib qısa, ötəri söhbətlərdən sonra, gecədən xeyli keçənə qədər işləyir, yazdıqlarımı səliqəylə üst-üstə yığır, şəhərdə bəlkə də on aya bitib başa çatdıracaqlarımı burda qısa müddətə yazdığımdan anlaşılmaz fərəh hissi keçirirdim. Qızım gününü, əsasən qarovulçunun (qarovulçunun koması bizim binadan bir xeyli aralıdadır) komasında keçirir, arada bir küçə itləriylə oynayırdı…
Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu fəsil qalırdı… Gözlərimin, yaddaşımın taqətsizliyini hiss edirdimsə də, işi dayandırıb istirahət etməklə, mənasını özüm də anlamadığım nə isə bağışlanmaz bir iş tutmuş olacağımı anlayırdım.
Belə günlərdən birində, axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü… gecə düşdükdə isə ara sıra qar yağmağa başladı.
Dənizin yaxınlığında olduğumuzdan, şiddətli xəzri damın dəmirlərini, pəncərə çərçivələrini qorxunc – qorunc əsdirməyə, məni və qızımı vahimələndirməyə başladısa da, şəhərə zəng vurub fikrini beynimdən qovub çıxardım. Bir qədər keçmiş yoldaşım zəng vurub, bizi şəhərə aparmaq üçün gəlməyə hazırlaşdığını dedisə də, mən şəhərə qayıtmağa razılıq vermədim və bütün gecəni soyuq, tənha yataq otağında, soyuqdan qucağıma qısılan qızımla birgə qasırğanın qorxunc uğultuları altında yatdıq…
Gecədən xeyli keçmiş işıqlar söndü… İşıqla bir yataq otağımızı qızdıran elektrik sobası da sönüb soyudu.
– Mama… – uşağın səsi xırıldayırdı…
– Hm.
– Yatmısan.
Bildim ki, boğazı gəlib. Bütün günü həyətdə, yaxası-başı açıq oynayıb, gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı.
Əlimi qızımın alnına toxundurdum… azca istisi vardı.
– Yox, yatmamışam, nədi ki. – dedim.
– Səsləri eşidirsən.
– Hansı səsləri?
– O biri otaqda kimsə gəzir…
Nəfəsimi saxlayıb o biri otağa qulaq kəsildim. səs-səmir gəlmirdi.
– Küləkdi… – dedim – qorxma, gözünü yum, yat.
– Mən qorxmuram. Deyirəm, sən qorxmursan ki.
– Yox… – dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, hər qış qar yağanda, qarovulçunun yuxusundan, çölün tufanından istifadə edib pəncərələrdən evlərə girən bağ oğrularından qorxurdum. Adətən gecələr mətbəxin, bir də artırmanın işığını yanılı qoyurdum ki, görsünlər evdə adam var. İndi tərs kimi, işıqlar da sönmüşdü…
…Səhərin ala qaranlığında qapının əsəbi – əsəbi döyülməsinə ayıldım… Gələn yoldaşım idi. Saçları, bığları qardan ağarmış halda içəri girib salamsız-kalamsız, birbaş yataq otağına keçdi, uşağı yuxudan oyadıb dodağını yuxulu qızın alnına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxdı:
– Sənin bu yazıların hamımızın axırına çıxacaq. – dedi.
…Şəhərə qayıtdıqca, bütün yolu ağlayırdım. O günlər qədər şəhərə nifrət elədiyim olmamışdı. Elə bil məni, ecazkar sirlər dolu əfsanəvi ərazidən, sintetik qoxulu, səs-küylü zavoda aparırdılar…
Ərimlə yolda qısa və acı mübahisə etdik. O, günahkar kimi, gözünün altına kölgə çökə-çökə, dinməz-söyləməz yola baxır, sükanı elə sıxırdı, elə bil bu dəqiqə iki yerə bölüb sındıracaqdı. Mənsə arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki böləydi, maşın da iki bölünüb hər yarısı bir tərəfə gedəydi. Birində o – şəhərə, o birində mən – geriyə…
Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!
Поделитесь записью в соцсетях с помощью кнопок:
Kiyevdə Afaq Məsudun “Azadlıq” romanı təqdim olunub
Kiyev. 17 noyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərindəki Kitab Evində tanınmış azərbaycanlı yazıçı Afaq Məsudun “Azadlıq” romanının təqdimatı keçirilib. “Report”un Ukrayna bürosunun verdiyi məlumata görə, təqdimat UABD və Dnepropetrovsk Azərbaycanlıları Liqasının dəstəyi ilə baş tutub, mərasimə romanın müəllifi Afaq Məsud da qatılıb. Kitabın nəşri Ukrayna Yazıçılar Milli Birliyinin (UYMB) Kiyev təşkilatının beynəlxalq layihəsidir. Layihənin təşəbbüskarı yazıçı, ədəbiyyatşünas və UYMB-nin Kiyev təşkilatının rəhbəri Vladimir Danilenkodur. V.Danilenko bildirib ki, nəşrə leytmotivi insanın daxili azadlıq olmadan məhkum kimi yaşadığını göstərən, azərbaycanlıların həyatı və məişəti barədə olan hekayələrin yer aldığı “Azadlıq” romanı daxil edilib. Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov açılış nitqi ilə çıxış edib: “Kitabı görən kimi, məni onun adı maraqlandırdı. Axı azadlıq Ukrayna və Azərbaycan xalqlarını birləşdirən anlayışdır. Bu, onların hər gün uğrunda mübarizə apardıqları dəyərdir: Azərbaycan Dağlıq Qarabağda, Ukrayna isə ölkənin şərqində. Romanın ukraynalı oxucuların marağına səbəb olacağına əminəm, çünki burada ukraynalılar üçün müqəddəs anlayış olan azadlıqdan söhbət gedir”. Onun sözlərinə görə, UABD Azərbaycan mədəniyyətini Ukrayna dilində populyarlaşdıran layihələrə bundan sonra da dəstək verməyə davam edəcək. Həmçinin Afaq Məsud ilə söhbət olub və o, təkcə romanı haqqında yox, həm də Azərbaycanda necə qəbul olunması barədə danışıb: “Ukrayna auditoriyasının yaradıcılığımı necə qəbul edəcəyi mənim üçün çox maraqlıdır. Çünki Azərbaycanda roman nəşr olunduqdan sonra xeyli müzakirəyə səbəb oldu”. Tədbirdə bir sıra şərqşünaslar və Ukrayna-Azərbaycan əlaqələri üzrə ekspertlər, o cümlədən filologiya elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının dosenti Zəminə Əliyeva, tarix elmləri doktoru, “Kiyev-Moqilya Akademiyası” Milli Universitetinin ümumi və slavyan dilçiliyi kafedrasının dosenti Fərhad Turanlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İlham Allahverdiyev, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquqi elmlər doktoru Arif Quliyev çıxış ediblər. Qeyd edək ki, tədbirin informasiya tərəfdaşı “Report” İnformasiya Agentliyi olub.
Comments are closed, but trackbacks and pingbacks are open.