Press "Enter" to skip to content

Afaq məsud azadlıq romanı

Yazıçının kəlamı dərin mənalı və dolğundur. Cərəyan edənlər yüksək bədii estetik vasitələrlə, incə çalarlarla səciyyələnir. Onlardan, yalnız bir neçəsini xatırlatmaq kifayətdir: “. İlk günlər pianonun dilləri üzərində, bataqlığın üstü ilə yeriyəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı. ” (“Alman kilsəsi”), “Üzündə dərddən yoğurulmuş kədərli kölgələr sayrışırdı. ” (“Dovşanın ölümü”), “Kü­lək bir də cövlan edib, haradasa damda nəyisə kökündən qopartdı. ” (“Qəza”) və sair. Belə mi­sal­­la­­­rı istənilən qədər gətirmək olar.

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı

Tanınmış gürcü yazıçısı, publisist David Şemokmedeli Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun Gürcüstanda işıq üzü görmüş “Azadlıq” kitabı haqqında məqalə yazıb.

“AzərTAc” Gürcüstanın ədəbiyyat qəzeti “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində dərc edilmiş məqaləni təqdim edir.

David Şemokmedeli

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti,

Qalaktion Tabidze Mükafatı laureatı, yazıçı-publisist

AFAQ MƏSUD GÜRCÜ DİLİNDƏ

Gürcü ədəbiyyat aləmində əlamətdar hadisə baş verdi – oxucuya tanınmış Azərbaycan yazarı Afaq Məsudun “Azadlıq” kitabı təqdim edildi. Kitabda eyniadlı romanla yanaşı, yazıçının 11 hekayəsi də yer alıb. Sözügedən kitabın gürcü dilində nəşr edilməsi ilə böyük ədəbi irsə malik olan iki millətin – gürcü-Azərbaycan ədəbi əlaqələri yeni mərhələyə qədəm qoydu. Düşünürük ki, belə səmərəli ədəbi əlaqələr gələcəkdə də davam etdirilməlidir.

Kitabı Azərbaycan dilindən gürcü dilinə tanınmış Azərbaycan və gürcüdilli yazar İmir Məmmədli tərcümə edib. Elə buradaca onu da qeyd edim ki, İmir Məmmədli bizim göz bəbəyi kimi qoruduğumuz mənəvi incimiz olan Şota Rustavelinin “Pələngdərili cəngavər” poemasının Azərbaycan dilində olan orijinaldan tərcümənin müəllifidir. O, məmləkətimizin ali ödülü – Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. İmir Məmmədlinin xeyli vaxtdır Azərbaycanda yaşayıb fəaliyyət göstərməsinə rəğmən, ustalıqla tərcümə edilən bu kitabın tərcümə dilində gürcü dilinin zənginliyi bütün çalarlarıyla gözə çarpır.

Kitabın ədəbi dəyərləri barədə söz açmamışdan öncə geniş oxucu ictimaiyyətini Afaq Məsudun tərcümeyi-halının bəzi ştrixləri ilə tanış etsək, düşünürəm, maraqlı olar: Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq xanım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib; bir çox hekayə, roman, pyes və esseistik yazının müəllifidir. Yazıçının əsərləri dünyanın bir çox dilinə tərcümə edilib. Çox uğurlu orijinal yaradıcılıqdan əlavə intensiv tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. Həm Qərb, həm də Şərq ədəbiyyatından nümunələr tərcümə edib. O cümlədən sufi ədəbiyyatından etdiyi tərcümələri xüsusi qeyd etmək lazımdır. Yazıçının bir neçə pyesi səhnələşdirilib. Onun ssenariləri əsasında televiziya filmləri çəkilib. 2000-ci ildə Vyana Universitetində Afaq Məsudun əsərlərinin təhlili əsasında doktorluq dissertasiyası müdafiə edilib. Yazıçı teatr sənətinin inkişafına verdiyi töhfələrinə görə dəfələrlə Türksoy medalı ilə təltif edilib. 2005-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin, Türksoy və Avrasiya Yazıçılar Birliyinin birgə təsis etdiyi “Beynəlxalq səhnə əsərləri müsabiqəsinin” qalibi olub, gürcü ədəbiyyatının tərcüməsinə və təbliğinə görə Gürcüstan Yazıçılar İttifaqı tərəfindən “Mədəniyyət elçisi” fəxri adına və digər mükafatlara layiq görülüb.

“Azadlıq” – son illər oxucunun ixtiyarına verilən çox əhəmiyyətli bir əsər, azadlığın həqiqi mahiyyətini çözən mürəkkəb, metaforik bir romandır. Digər tərəfdən onu, mübaliğəsiz, “psixoloji roman” da adlandırmaq olar. Yazıçının yazı manerasını “soyuq romantizm” üslubuna da aid etmək mümkündür. Əsər magik realizm elementləri ilə də zəngindir. Eyni zamanda, o passiv altşüurun gizli qatlarını ustalıqla açır. O altşüurun ki, hərəkətə gəlib oyanarkən, insanın düşüncəsində və həyatında taleyüklü, həlledici dəyişikliklərə səbəb ola bilir.

“Azadlıq”da həqiqi və karikatur diktaturanın bir-birinə qovuşduğu, anarxizmlə idarəçiliyin bir-birinə qarışdığı tipik postsovet dövləti obrazı təsvir olunur. Bu dövləti dünyanın istənilən dövləti ilə müqayisə etmək olar. İnsanda belə bir təəssürat yaranır ki, romanda cərəyan edən hadisələr Gürcüstanda da baş verib. Bu hiss beləcə, postsovet məkanının istənilən oxucusunda yarana bilər. O səbəbdən ki, əsərdə baş verənlər hər kəsə tanış və doğmadır.

Romanın qəhrəmanları çaşqınlıq içindədirlər, onlar gerçəkliyin harada bitib, yuxunun haradan başladığını ayırd edə bilmirlər, burada reallıqla irreallığın sərhədləri silinib. Həqiqi olanın kriteriyasını izah etmək, tarix boyu fəlsəfənin tədqiq etdiyi əbədi və mürəkkəb mövzulardandır. Axı nəyin gerçək, nəyin həqiqi olduğu, öz-özlüyündə, həqiqətən, mübahisəli məsələdir.

“Azadlıq nədir?” – romanın aparıcı xətti budur. Bəzi dinlərdə azadlığın mahiyyəti – haqqı, həqiqəti dərk etmək kimi izah edilir. Bibliya deyir: “Haqqı dərk et, haqq səni azad edəcək”. Azadlığın mahiyyətini dərk etmək cəhdi bütün zamanlarda dünya fəlsəfəsinin həll edə bilmədiyi başağrısına çevrilib. Bu mövzu ezoteriyanı da hər zaman narahat edib – Rudolf Ştaynerin “Azadlıq fəlsəfəsi” və sair.

“Azadlıq” romanının da personajları bu vəziyyətdədir, onlar həqiqətin mahiyyəti barədə düşünmürlər. Müstəqilliyini yenicə əldə etmiş ölkədə “azadlıq” deyilən məfhumun dərk olunmadığı səbəbindən, bəziləri bunu zorakılıq haqqı kimi başa düşür, əhalinin digər qismi üçün isə azadlıq – tam mənasız, istifadəsinə ehtiyac duyulmayan, gərəksiz bir şeydir. Gərəksiz azadlığın bariz nümunəsini Lev Tolstoy “Zühur” romanında çox gözəl verib – Nexlyudov qullarını azad edərkən, onlar narazılıqlarını gizlədə bilmir, sahiblərinə giley-güzar edirlər ki: “Nə oldu, axı? Sizə nə pisliyimiz dəyib?”

Afaq Məsudun romanında da baş qəhrəmanlardan birinin belə bir mövqeyi ilə rastlaşırıq: “. Xalqın həqiqi azadlığını, ölkənin həqiqi müstəqilliyini bərqərar etmək əvəzinə, azadlıq və müstəqillik uğrunda əbədi mübarizə ovqatı yaradırlar. ”

Yazıçını narahat edən – təhrifedilmiş dövlət modelində “azadlıq” deyilən məfhumun düzgün dərk edilməməsi, bunun, anarxiya və özbaşınalıq kimi ifadə olunmasıdır ki, bu da öz növbəsində, bütövlükdə cəmiyyətin, mənəvi dəyərlərin tam iflasına – deqradasiyasına gətirib çıxarır. Belə bir ovqatın hökm sürdüyü dövlətin nevrotik fonunda reallıqdan kənarda, onun fövqündə baş verənlər təsvir olunur, roman bizi, eyni dərəcədə həm gerçək, həm də yuxu aləminin yolçusuna çevirir. Burada yuxular – personajları qaçılmaz təhlükədən, əvvəlcədən xəbərdar edən danılmaz fantomlardır. Bu, bizə, tanrıların qisasından canını necə qurtara biləcəyi barədə röyaların xəbərdarlığından faydalanan Bilqamisi xatırladır. Belə ki, romanın personajları yuxularında ayrı bir həyatın iştirakçısına çevrilirlər, uzun illər mürgüdə olan altşüurlar oyanır və fəal mərhələyə keçir.

Belə bir oyanış, romanla yanaşı, kitabda yer alan 11 hekayədə də izlənilir və oxucunun gizli şüuraltısının bir sıra oyanışlarına səbəb olur. Burada mətnləri səciyyələndirən başlıca xüsusiyyət – dərin psixologizmdir. Fikir üzdə deyil, alt qatlardadır, hermetikdir. Əksər hallarda, əsas fikir bədii rəmzlər vasitəsilə çatdırılır. Bunun bariz nümunəsi “Dovşanın ölümü” hekayəsidir. Hekayə kişi və qadın duyğularından, başqa sözlə desək, “İn”lə “Yan” arasında öləziyib sönmüş məhəbbətdən sonra yaranan soyuq münasibətdən bəhs edir.

“Ağ dovşan” sevgi simvoludur, kirpi isə, tənhalığın harmoniya ilə əvəz olunmasının, qadın və kişi impulslarının qovuşmasının, personajlar arasında yaranan ali, romantik münasibətlərin rəmzidir. “Romeo və Cülyetta” “faciə” adlandırılsa da, nikbin sonluqla bitir, son ucda sevgi ölmür, əksinə, qələbə çalır. “Dovşanın ölümü”ndə isə, əsərin qəhrəmanları yazıçının bizə təqdim etdiyi amansız reallıqda yaşayır, həyatlarına davam edirlər. Lakin hər şeyin əsasını təşkil edən məhəbbət yoxdur, yəni “ağ dovşan” ölüb!

Afaq Məsudun digər hekayələri də bunabənzər psixoloji gedişlərlə, nüanslarla zəngindir və son dərəcə təsirlidir.

Yazıçının kəlamı dərin mənalı və dolğundur. Cərəyan edənlər yüksək bədii estetik vasitələrlə, incə çalarlarla səciyyələnir. Onlardan, yalnız bir neçəsini xatırlatmaq kifayətdir: “. İlk günlər pianonun dilləri üzərində, bataqlığın üstü ilə yeriyəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı. ” (“Alman kilsəsi”), “Üzündə dərddən yoğurulmuş kədərli kölgələr sayrışırdı. ” (“Dovşanın ölümü”), “Kü­lək bir də cövlan edib, haradasa damda nəyisə kökündən qopartdı. ” (“Qəza”) və sair. Belə mi­sal­­la­­­rı istənilən qədər gətirmək olar.

Haqqında danışdığımız romanda da bu sayaq maraqlı bədii elementlərlə rastlaşırıq: “. Mədəniy­yət naziri – keçmiş aqronom violonçeli rəsmi qərarla, bir musiqi aləti kimi ləğv etdirdi: “Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə yarıyır, bu violonçel nəyə lazımdır axı?! Həmin yekə skripkadı, fərqi bir odur ki, ucunu yerə qoyub çalırsan”.

Yekun olaraq bildirməliyəm ki, son dərəcə əhəmiyyətli azərbaycanlı yazar Afaq Məsudun yaradıcılığı ilə tanış olan gürcü oxucusunu qarşıda olduqca maraqlı anlar, əlamətdar hadisələr gözləyir.

“Literaturuli Saqartvelo” (Ədəbi Gürcüstan)

5 iyul. 2019-cu il

Afaq məsud azadlıq romanı

Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), “Tək” (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» – 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» – 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010

понедельник, 14 ноября 2011 г.

TOFİQ KAZIMOV

Tofiq Kazımovu mən ilk növbədə, 60-70-ci illərin sənət və ədəbiyyat aləminə çökdürdüyü ağır akademik havanı öz sərhəd və çərçivə tanımayan istedadı, qıcıq və əsəb dolu sənət yoluyla yarmağa müvəffəq olan cəsur qəlbli, işıqlı bir insan kimi xatırlayıram.
Özünəməxsus ifadə imkanlarının sıxışdırıb ənənəvi milli teatr qəliblərinə salmaq məcburiyyətinin, çox vaxt ürəyincə olmayan, ruhuna, dünya və sənət duyumuna yad əsərlərə quruluş vermək məhkumluğunun Tofiq müəllimi daim sıxıntı və gərginlik içində saxladığı, yaşadığı dövrdən irəlidə düşünmək qabiliyyətinə malik olan bu adam üçün hansı faciələr və sarsıntılar yaratdığı, onsuz da asan olmayan sənət yolunda nə kimi əngəllərə çevrilidiyi göz qabağında idi. Tamaşaya qoyduğu əsərlərin premyeralarında, yaxud bizim evdə qonaq olduğu zamanlardan yaddaşımda qalan anlaşılmaz çaşqınlıqlar dou üzü, həmsöhbətlərini çox vaxt, sanki fikri hardasa, ayrı yerdə imiş kimi, dinləməsi, yaxud, ümumiyyətlə dinib-danışmadan, gözlərinin dərinliyindən işaran acı nisgil burulğanlarında bata-bata dərindən-dərin fikir dəryalarına qərq olması, o dövrlər mənə hədsiz qəribə gəlir, özünü «batmaqda olduğu dəryalardan» qəribə bir çevikliklə çıxara bilən bu istetdadlı adamın şəxsiyyətinə maraq və pərəstiş oyadırdı.
Tofiq Kazımovun Zaman gərginliyi qəribədi ki, onun vücudunda da – həmin o cod, duyğusuz illərin müqavimətini yarmaqdan sivrilən tək, nazilmiş üz cizgilərində də, iti yerişində, sayıq ovçu baxışlarında da duyulurdu. O dövrlər mən Tofiq müəllimin bu narahatlığının səbəbini öz yeniyetmə təfəkkürümlə heç cür müəyyənləşdirə bilmədiyimdən, tamaşalarına heyranlıqla baxdığım bu unikal insana nə iləsə, necəsə kömək edə bilmədiyimdən üzülür, öz uşaq fəhmimlə, ona üzüntü və iztirab verənin – fərdi, yaxud şəxsi olan nə isə yox, nə isə daha böyük və aşılmaz olan Nə isə olduğunu və Tofiq müəllimin həmin o böyük və aşılmaz olana heç cür qalib gələ bilmədiyini necəsə, anlayırdım… Həmin o böyük və basılmaz olanın, Tofiq müəllimin taleyin hansı acı hökmüyləsə yaşamaq kəsiyinə məhkum edilmiş Zamanın özü olduğunu isə mən çox-çox sonralar – vaxtı ilə bənzərsizlik ucbatından anlaşılmayan işlərinin kənarında öz kobud, yersiz düzəliş və əlavələrini edib dərkənarını qoyan həmin o Zamanla özüm üzləşdikcə anlamış, həmin ağrıları öz dərimdə hiss eləmişdim…
Azərbaycan teatr tarixinin bir nömrəli rejissoru bildiyim və mənim üçün (elə bilirəm, bütövlükdə teatr tariximiz üçün də) bu günəcən həmin o statusunu qoruyub saxlayan Tofiq Kazımov zamanı belə müəyyənləşdirmişdi. Zaman – Tofiq Kazımovu öz darısqal qəliblərinə salmaqda, Tofiq müəllim bu məhrumiyyətlər və məcburiyyətlər qəliblərindən sivişib sovetin tikanlı diktələri arasıyla öz işini körməkdə idi.
İndi «Zaman» adlandırdığımız o dövr artıq geridə qalıb. Tofiq Kazımovun teatrı isə bu günkü teatrlarımızdan hələ də çox-çox irəlilərdədi.
Sözsüz ki, Zamanla əlbəyaxa döyüşdə yaradan Tofq Kazımov Zamana təsir edə bilirdi. Zaman öz yoğun kəndirləriylə, uzun, iti qayçılaryıla Tofiq müəllimin yaradıcı həyatına öz dağıdıcı müdaxilələrini edirdisə də, onu fikir və duyğu azadlığından məhrum edə bilmirdi.
Belə ki, bütün müqavimətlərə və təzyiqlərə baxmayaraq, Tofiq Kazımov ölkənin saxta, qondarma ideoloji ehkamlarına xidmət edən və bu səbəbdən sünilik və pafos saçan teatr məkanında əsaslı dönüş yarada bildi. Uzun illərdən bəri ibtidai teatr təsəvvürü üstə qurulmuş milli teatr anlayışını laxladaraq, səhnəmizə tamamilə yeni – insan azadlığı, səmimi dialoqlar və çılpaq həqiqətlər saçan ayrı bir hava gətirə bildi. Rejissorun «Ölülər», «Pəri cadu», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər» və digər tamaşalarıının o illər ölkənin mənəvi həyatında gözlənilməz partlayışlar yaratdığı, nələrisə kökündən laxlatdığı bütün cəmiyyətdə olduğu kimi, bizim evin içində də duyulmağa başladığı yadıma gəlir. Bu, uzun illər gizlidə yaşanan ən mübhəm nöqtələrin oyanışına təkan verən əsaslı mədəniyyət hadisələri idi. Ayrı sözlə, əsil inqilab idi.
Rejissorun hər tamaşası, yadıma gəlir, bizim evin özündə belə qızğın müzakirələrə səbəb olur, aylar, bəzən illərlə öz «fövqəladəliyini» itirmədən, nəzər-diqqətimizdə qalırdı.
Tofiq müəllimin hər yeni tamaşasının premyera günü ata-anamla evimizin yaxınlığında yerləşən Milli Dram teatra getməyim, onun, səhnənin sağ tərəfindəki lojasında oturub ürəyim həyəcanla döyünə-döyünə tamaşanın başlanmasını gözləməyim, tamaşa başlanar-başlanmaz, Tofiq müəllimin, mənə hədsiz məhrəm dünyasına düşməyim, bəzən bütün vücudumla hadisələrə vardığımdan, nəfəs dərməyimi unutmağım, fasilələrdə Tofiq müəllimin bir o qədər də böyük olmayan iş otağına keçməyimiz, orda onun qəribə bir hövsələsizliklə dəmlədiyi çaydan içməyimiz, Tofiq müəllimin tamaşanın həyəcanından, ya nədənsə qızarıb allanan yanaqları, içilmiş çayın qalığını hövsələsiz hərəkətlə kağız-küğüzla dolu zibil qutusuna sıçratmaları indiki kimi gözümün qabağındadı və mən düşünürəm ki, o illərin teatral həyatı, unudulmaz Tofiq Kazımov şəxsiyyəti mənə və mənim yaradıcılığıma təsirsiz ötüşməyib. O vaxtlar yadımdadı, Milli Dram Teatr mənə hədsiz nəhəng və möhtəşəm görünürdü. O illər mən bu binaya Tofiq Kazımovun ocağı kimi baxırdım. Mən bu gün də bu binaya o gözlə baxıram, lakin əfsuslar olsun ki, ordan vaxtı ilə aldığım istini duymuram.
Tofiq Kazımov əsasən, bizim milli dramaturqlarla işləsə də, o, dünya və səhnə duyumu baxımından, onu Moris Meterlinqin, yaxud, Leonid Andreyevin – yəni situassiyaları və mizanları sözün fövqündə saxlayan psixoloji – mistik əsərlərin rejissoru idi.
Mən bu gün də bu fikirdəyəm və düşünürəm ki, Tofiq Kazımov Azərbaycan teatr məkanında bir çox partlayışlar yarada bildisə də, malik olduğu əsil imkanlarından ifadə edə bilmədi. Bu mənada, onun yaradıcı həyatı məndə, ziddiyyətli duyğular qarşıdurmalarını – ağ – qara cızıqların, nöqtələrin bir-birinin əleyhinə yönəldiyi qarışıqlığını asossassiyasını yaradır.
Məncə, hər hansı bir əsərə quruluş verərkən, o əsərin zamanla nə qədər ayaqlaşdığı Tofiq Kazımovu bir o qədər də narahat eləmirdi. Onun üçün əsas məsələ – insanın iç dünyasının, mövcudluq və yaşam mistikasının, ruhi həyatının gözlənilməzliklərini, sirrlərini açmaq, bu açıqlamaların baxımlı və gözlənilməz həllini tapmaq idi. Bəzən tamaşaarası qısa fasilələrdə, bəzən tamaşadan sonra üzünün alt qatında dolanan utancaqlıq dolu gizli məmnunluq işartılarının Tofiq müəllimin yaşadığı ani xoşbəxtlik olduğunu mən hələ o vaxtlar öz balaca fəhmimlə necəsə, anlamışdım, bu səadətə yetişməyin hədsiz əzablı və keşməkeşli olduğunu da öz uşaq dərrakəmlə necəsə, dərk etmişdidim. Teatr, səhnə kimi, kütləvi sənətlə, aktyorlarla işləyən Tofiq müəllimin peşəsinə və təcrübəsinə yaraşmayan qəribə utancaqlığı, izaholunmaz tələbə təvazökarlığı dünyanı dərindən-dərin duyan bu istedadlı sənətkarın qəlb saflığından, zəngin olduğu qədər də fərdi və qapalı iç dünyasından xəbər verirdi.
Məncə, Tofiq müəllim gündəlik həyatına, ətrafına və hətta özünə belə, rejissor gözü ilə baxır, hamının, hər şeyin mahiyyətini olduğu dəqiqliyi ilə anlaya bilirdi. Xoşuna gəlməyən, ürəyinə yatmayan insanlardan sadəcə, uzaqlaşsa da, sənət həyatında bu azadlıq ona nəsib olmurdu. O, ürəyinə yatmayan əsərlərlə, ruhuna yad müəlliflərlə işləmək məcburiyyətində qalırdı.
Tofiq Kazımov atamın yaxın dostlarından idi. Atam onun rejissorluğunun, zəngin və hədsiz incə daxili aləminin, o isə, atamın gözlənilməzliklər dolu duyğusal təbiətinin, dərin fikirlər və duyğularla zəngin maraqlı söhbətlərinin azarkeşi idi. Onları həm də qəribə bir ruh doğmalığı bağlayırdı. Yadıma gəlir, atam ucadan danışır, Tofiq müəllim gözləri yol çəkə-çəkə, dinməz-söyləməz siqaretini tüstülədir, arada bir atamın coşqun mülahizələrinə öz qısa və ötəri əlavələrini edir, atam bu «ötəri» əlavələrdən təsirlənib bir az da coşur, Fizulinin qəzəllərinə, ordan qədim xalq havalarına keçir, yanıqlı səsi bütün otaqları büyürüyür, məclis gecədən keçənə qədər, bəzən lap sübhəcən uzanırdı…
Tofiq müəllim, Xudu Məmmədov demək olar, hər şənbə bizdə qonaq olur, anamın xüsusi məharətlə hazırladığı Bakı düşbərərəsindən, qutabdan yeyə-yeyə, uzun-uzadı söhbət edir, çox vaxt söhbətləri qəribə, qəmgin notlar üstündə bitir, gecədən keçəndən sonra ayağa qalxsalar da, bir müddət qapının ağzında ləngiyib hansı mövzunusa axıra çatdırmaqla məşğul olur, bir-birindən, bir daha görüşməyəcəklər kimi, kədərlə ayrılırdılar… Onların oturduğu qonaq otağının qapısı bağlı olurdu deyə, söhbətlərinin çoxunu eşidə bilmirdik. Tək bircə dəfə süfrəyə nə isə apararkən, atamın xüsusi bir avazla Səməd Mənsurun məşhur «Rəngdir» şerini deməyi, Tofiq müəllimlə Xudu Məmmədovun, şerin təsirindən sehr dolu qəribə bir çəkisizliyə düşməkləri gözümün qabağındadı. Səməd Mənsurun riya və saxtalıq dolu mahiyyətini gördüyü «dünya həqiqətləri» ilə heç cür barışa bilməməsinin və bu mübarizədə yalnız uduzmuş halda meydanı tərk etmək məcburiyyəti ilə üz -üzə qalmasının ağrısı, onda Tofiq müəllimə də, atama da, Xudu müəllimə də yaxşı tanış idi və bu mənzərə mənim yadımda, bu üç böyük ziyalının darısqal dustaqxana həyatını andıran iç dünyalarının bir görüntüsü kimi qalıb.
Tofiq Kazımov – ömrünü, dünyanın bənzərsiz istedadlarından biri kimi başa vurub getsə də, sənəti ilə Azərbaycan teatrı tarixində öz məktəbini – Tofiq Kazımov məktəbini yarada bildi. Əslində bu, acı ağrılar dolu iztehzayla – «Rəngdir gördüyün bu dürlü aləm…» – deyən Səməd Mənsurun uzun illərdən bəri ədəbiyyatımızı və səhnələrimizi bürüyən riya və saxtalıqdan, süni insan münasibətlərindən, qondarma «həyat faciələrindən», pafosdan savayı heç nəyi olmayan təntənəli dialoqlardan Böyük Qurtuluşunun məntiqi və təbii davamı idi. Tofiq Kazımov müvəqqəti də olsa, bu saxtalıq dənizinin keçilməz dalğalarını yara bildi, bizlər üçün, təbii ot qoxulu, namnazik, yamyaşıl cığır açmağa müvəffəq oldu.
O cığır hələ də lap yaxınlıqlardadır, ən yaxın keçmişimizdə, həm də hələ lap irəlilərdədir…

Sabir Rüstəmxanlı Afaq Məsuddan yazdı – “Nəsrimizin kraliçası”

Afaq Məsudu 20 yaşından tanıyıram. Azərbaycanın yaradıcı gənclərinin 1977-ci ildə Zaqatalada keçirilən seminarının ən gənc və həm də ən gözəl üzvüydü. Qardaşı Eyvazla gəlmişdi.

Elə ilk görüşdən aramızda yaranan səmimiyyətin bir səbəbi də böyükləri ilə xoş münasibətim olmuşdu.

Afaqın atası – görkəmli ədəbiyyatşünas-alim Məsud Əlioğlu doktorluq işini müdafiə edəndən sonra “Ədəbiyyat və incəsənət” qəzetinə gəlmişdi və bu barədə yazını mən hazırlamışdım. Bu, geniş bir söhbət idi və sualların qoyuluşu, yazının səliqə-sahmanı xoşuna gəlmişdi. Bundan sonra məni bir-iki dəfə evindəki ailə, dost məclislərinə dəvət etmişdi. Afaq o zaman hələ balacaydı…

Tanınmış yazıçı və alimlərin qatıldığı bir məclisdə yaşadığım hissləri heç vaxt unutmadım, çünki başqa yerdə o cür parlaq şeir, sənət, musiqi ruhu görməmişdim və bu ruhu yaradan da Məsud Əlioğlunun özüydü. Əli Vəliyev kimi sistemin yetirməsi olan tanınmış şəxsiyyətin, sovet dövrü ədəbiyyatımızın təməl daşlarını qoyanlardan birinin oğlunun bu dərəcədə əks fikirli, üsyankar, sovet rejimiylə barışmaz olması və bunu açıq dilə gətirməsi məni heyrətləndirmiş və xoşbəxt eləmişdi…

Bütün axşamı Caviddən, Müşfiqdən, türk poeziyasından örnəklər söyləmiş, oxuduğu türk mahnılarıyla ortaya qeyri-adi bir doğmalıq və şənlik gətirmişdi. Heç kim məclisin başa çatmasını istəmirdi.

Sonralar mən bu keyfiyyətlərin bəzilərini Afaqın böyük qardaşı, əsgərlik yoldaşım İlyasda da görmüşdüm.

Onu Biləcəridən Məsud müəllim özü yola salırdı. İlyasın mənimlə eyni hərbi hissəyə düşdüyünü biləndə sevindi. “Bir-birinizdən muğayat olun” – deyərək sanki bizim sonrakı dostluğumuzun əsasını qoydu.

İlyas da nikbin ovqatı, yumor qabiliyyəti, hazırcavablığı və zəngin informasiyası ilə atasına bənzəyirdi, yadddaşında qeyri-adi bir lətifə ensiklopediyası vardı. Heyf, o da, balaca qardaşı Eyvaz da, ataları kimi həyatdan tez getdilər və Afaq zərif çiyinlərində bu dərdlərin hamısını daşımalı oldu.

Afaq Məsud – ədəbiyyata sanki, babasının ideoloji “məhkumluğunun”, yəni o vaxtın partiya tələblərinə uyğun yazmaq məcburiyyətinin intiqamını almağa, atasının böyük ədəbi ideyalarını həyata keçirməyə gəlib və məncə, indiyədək gördüyü işlərlə bu mənəvi vəzifəni artıqlaması ilə yerinə yetirib, onların ruhunu sevindirib və sevindirməkdə davam edir.

Bu gün Afaq Məsud görkəmli nasir, dramatiq, publisist, tərcüməçi, esseist kimi tanınır, gözəl ədəbi-tənqidi yazılar müəllifidir, bunlarla yanaşı, onda yüksək təşkilatçılıq, idarəçilik qabiliyyəti var; 1991-ci ildən, yaxın dostumuz Aydın Məmmədovun qəfil və faciəli ölümündən sonra Azərbaycan Tərcümə Mərkəzinə bacarıqla rəhbərlik edir. Buna qədər Afaq xanım “Azərbaycanfilm” kinostudiyasında çalışıb, Azərbaycan televiziya filmləri studiyasında direktor olub. Yəni analığın, qadınlığın, çox zaman yaradıcılığa vaxt, ovqat və hövsələ buraxmayan doğma yükünü daşımaqla yanaşı, bütün həyatını mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına sərf edib.

Belə bir arasıkəsilməyən xidmətin, iş-gücün və ailə qayğılarının içində Afaqın Azərbaycan nəsrində öz dəsti-xəttini yaratması, müxtəlif janrlarda biri-birindən dəyərli əsərlər yazması və üstəlik, dünya ədəbiyyatından neçə-neçə mürəkkəb, ağır əsəri dilimizə çevirməsi əsl qəhrəmanlıqdır.

Afaqın özünü hansı janrda daha yaxşı ifadə etdiyini demək çətindir. Çünki onun hekayələri bədii estetika, söz və ifadə yeniliyi, obrazlılıq, qəhrəmanlarının bənzərsizliyi və bu günün ictimai-psixoloji yükünün daşıyıcıları olmaq baxımından romanları ilə, esseləri ağılla duyğusallığın harmoniyası və informativlik sarıdan məqalələri ilə eyni səviyyədə dayanır və hamısında da yüksək sənətkarlıq, cəmiyyətin durumunu həssaslıqla görmək vəbədiiliklə ifadə etmək bacarığı var. Çağdaş həyatımızın elə bir gizli-açıq mənəvi-ictimai problemi yoxdur ki, Afaqın gözündən yayınsın, onun əsərlərində sərt, güzəştsiz bir qələmlə təsvir edilməsin. “Duyğular imperiyası”ndakı romantik-fəlsəfi ümumiləşdirmələri hekayələrdəki sürrealizm çalarları ilə zəngin olan dərin psixoloji təsvirlər əvəz edir. Bunun sayəsində O, balaca hekayələrində də unudulmaz surətlər yarada bilir. Lakin bununla yanaşı, əsərlərinin hamısında həm də cəmiyyətin bütün ziddiyyətlərini görən, Vətənini taleyi üçün rahatsız olan, yollar axtaran, yanan, kişi kimi sözü açıq və mərdi-mərdanə deyən sərt və əyilməz bir müəllif xarakteri var. Bu baxımdan onun yaradıcılığı çağdaş nəsrimizdə özəl bir hadisədir və ədəbiyyatşünaslara bol material verir; onun haqqında indiyəcən yazılıb və şübhəsiz, yenə yazılacaq.

Afaq kitablarından birini “Yazı” adlandırır. Vaxtilə bir qocaman arxeoloq məni “Yazı” sözüylə “Çöl” sözünün eyni kökdən gəldiyinə inandırmağa çalışmışdı. Məsələn, Qarayazı-Qaraçöl. Afaq xanımın bu kitabının o qədim etimoloji bağlılıqla heç bir əlaqəsi olmasa da, bu adı sadəcə “gündəlik işlərimin, yazılarımın bir parçası” deyə, iddiasızlıq örnəyi kimi seçsə də, kitabda, doğrudan da, bir genişlik var; əsərlərin mövzu coğrafiyasından başlamış duyğuların hüdudsuzluğu, düşüncələrin insan ömrünün bütün sirlərinə, yaşantılarına söz ömrü vermək cəhdi – bu nəticəyə gətirir. Buna görə də kitabın iki bölümü haqlı olaraq “Duyğular imperiyası” adlandırılıb və burda Afaqın yaradıcılığının ən dəyərli nümunələrindən olan və yəqin ki, illər uzunu, fürsət düşdükcə yazdığı esselər verilib. Esselerdə duyğuların əlvanlığı, kaleydoskopu var. Görən, duyan, qiymətləndirən, zaman və məkan anlayışlarının sərhədlərini aşan, bu günü keçmişə, keçmişi bu günə daşıyan, insanlar arasındakı irq, din çərçivələrini nəzərə almadan hamını ürək və sevgi diliylə danışdıran esseler Afaq xanımın iç dünyasının şəklləridir. Duyğular – tonqaldan sıçrayan qığılcımlar kimi, axan ulduzlar kimi anidən yanıb sönür; yazıya keçdisə ədəbiləşir, söz ömrü qazanır. Bu esselər, şeir kimi, müəllifin həyatının yazıya köçürülmüş anlarıdır; ruhunun və hisslərinin ələ keçmiş və söz qəfəsinə salınmış parçaları, bədii-fəlsəfi əksidir. Buna görə də Afaq öz imperiyasında azad və rahatdır. Duyğularını paylaşmaqdan çəkinmir.

Esse yazmaq bu baxımdan xüsusi bir qabiliyyət istəyir. Esse yazarın iç dünyasının pərdələrini qaldırır – qabında nə var görünür. Afaq Məsud öz “imperiyasının” maraqlı bir tərifini verir: “Duyğular imperiyası – addaşı, əfsanəvi gəmi qəzalarıyla, ölüb getmiş dəniz otları və yosunlarla, qaranlıq, sirli dərinliklərdə boğulmuş saysız ölüləri və köpək balıqlarıyla dolu, ucsuz-bucaqsız okean sahilindən götürülmüş bir ovuc balıqqulağıdır”.

Təbiətin də öz hikməti və səxavəti var: okean toxunulmazdır, ona sahiblənmək olmaz, lakin bir ovuc balıqqulağının hər birində onun əbədi uğultusu və nəğməsi yaşayır…

Esse həm də yüksək dil bilgisi və aforistlik ifadə bacarığı tələb edir. Bunların hamısı “Duyğular imperiyasında” var.

Əslində, “İzdiham” romanını da Duyğular imperiyasının bir parçası saymaq olar.

Afaq Məsudun iri həcmli əsərlərindən biri “Azadlıq” romanıdır. Bu əsərin ilk variantı “Yazı” kitabında “Yasaq yuxular” adı altında nəşr olunmuşdu. Yeri gəlmişkən, deyim ki, yuxu haqqında danışdığımız əsərlərin əsas xətlərindən, ifadə üsulundan, başqa sözlə desək, qəhrəmanlarından biridir. Bu əsərlərdə ”Azadlıq” sözü ilə “Yuxu” sözü arasında gizli bir əlaqə görünür; izdiham da, azadlıq da cəmiyyətin qarışıq yuxularına bənzəyir. Ancaq indi bu məsələyə toxunmaq və Afaq Məsud qələmində obrazların xarakterini açmaqda yuxunun, azadlığa can atan ruhların nə qədər ciddi yer tutduğunu təhlil etmək istəmirəm.

“Azadlıq” bir romanın adı olsa da, Afaq Məsudun bütün yazılarının başlıca ideyasını təşkil edir. Esselerindən tutmuş hekayələrinə, romanlarınadək onun bütün əsərlərində azadlıq ehtirası, mühitindən qopmağa can atan bir insanın, bir toplumun, bir xalqın çırpıntıları, mənəvi üsyanları, mübarizə və faciələri var. Azadlıq onun üçün bəzən yuxudur, bəzən özünü aylarla bağ evində həbs edib yazı yazmaqdır, bəzən sərçələrə qoşulub uçub getməkdir, bəzən də ölümdür.

Dəyərli qələm dostumun yaxın dövr Azərbaycan Müstəqillik hərəkatına, meydana və meydankılara münasibətinin bəzi cəhətləri ilə razılaşmasam da (həmin hadisələrə bu günün gözüylə yox, o vaxtın imkanı, şəraiti, şərtləri və ictimai tələbləri müstəvisində qiymət vermək daha ədalətli olar), küll halında milli mübarizənin natamamlığı, buraxılan səhvlər haqqında ağrıları başadüşüləndir; hərəkatı daha güclü və mükəmməl, sonucunu itkisiz və uğurlu görmək arzusundan irəli gəlir. Eyni zamanda, bədii əsərdə müəllif sərbəstliyi də nəzərə alınmalı, Azadlıqdan yazanın öz azadlığına toxunulmamalıdır.

Əsərlərində yazıçı Afaq Məsud tale qəfəsində, mühit və cəmiyyətin burulğanında çırpınan zərif bir ruh təsiri bağışlayır. Ancaq o, zərif olduğu qədər də güclüdür; qəfəsin bütün anatomiyasını görür, ona kənardan yox, içəridən baxır.

Onun qadın qəhrəmanı bütün sıxıntılarına baxmayaraq, ruhən ətrafdakılardan daha ayıqdır. Cəmiyyətdə baş verən prosesləri diqqətlə izləyir, yaradıcılıq işlərinin çətin tələblərinə və rejiminə baxmayaraq, ailə qarşısındakı borcunu unutmur.

Afaq Məsudun hekayələrinin hər biri ayrıca incələnməyə layiq əsərlərdir; həm də təkcə mövzu və ya göstərdiyi mənəvi-ictimai bəlalar baxımından deyil, sənətkarlıq, canlı, bədii və dop-dolu dil, orijinal yanaşma və bədii vasitələrin mükəmməlliyi baxımından…

Alman səfirliyində xırda bir qrand üçün günlərlə sorğu-suala tutulan Mərkəz işçisinin, nəhayət, dözməyib bu şübhələrə, pedantlığa üsyan qaldırmasının; Akademiyada yeni bir “yardım kampaniyasında” böyük alimlərin xaricdən gəlmiş uşaq-muşaq önündə əzilməsinin yüksək vətəndaşlıq ruhu ilə təsviri Afaqın bütün yaradıcılığına xas olan mövzu və ifadə vəhdətini göstərir… Onun qəhrəmanları ehtiyacdan, soyuqdan, zülmətdən, sevgisizlikdən, qayğılardan, duyğusuz adamlardan və başını itirmiş cəmiyyətdən azadlığa can atırlar. Bu anlamda Afaq Məsudun yaradıcılığı Mirzə Cəlilin, Ə.Haqverdiyevin hekayələri kimi sarkazm və ağrıyla doludur. Yeri gəlmişkən deyim ki, onun görkəmli sənət adamları, dostları haqqında məqalələri də gözlənilməz yanaşmalarla, xarakteri açan qeyri-adi müşahidələrlə zəngindir.

Dünya ədəbiyyatında elə nəsr əsəri var ki, dialoq üstündə qurulub, qəhrəmanların iç aləmini, xarakterini səhifələrlə, fəsillərlə davam edən söhbətlərlə açmağa çalışırlar. Afaqın əsərlərində dialoq azdır, çünki, o, daha çox özü-özüylə danışır. Özü də, qəhrəmanları da danışmaqdan çox düşünürlər. Diləgətirilməyən şeyləri də fikirləşirlər; ağrıyırlar, qorxurlar, əzab çəkirlər, yol axtarırlar; qapalı bir mühitdə olsalar da, cəmiyyətin bütün acıları onların içindən və səssiz duyğularından keçır. Buna görə də onun ən balaca hekayə və essesi də ruhsal mahiyyəti ilə yanaşı, həm də ictimai pafos daşıyıcısıdır.

Yazıçı Afaq Məsud sərtdir, amansızdır, ən gizli nöqtələrə toxunmaqdan, insan təbiətinin örtülü cəhətlərini dilə gətirməkdən, cəmiyyəti rəzil və düşkün vəziyyətə salan bəlaların ən dərin köklərini göstərməkdən çəkinmir. Təhkiyəsindəki çevik keçidlər, dilin və təsvirlərin çoxqatlılığı, insan psixologiyasını böyüdücü şüşə altındakı kimi araşdırmaq onun nəsrinin seçilən cəhətləridir.

Afaq qadın, kişi nəsri anlayışını çoxdan dağıtmışdır, onun əsərlərindəki “Mən” bir çox kişilərə cəsarət, mərdlik, dürüstlük, dünyaya ayıq baxmaq, sevgi və yorulmadan çalışmaq dərsi verə bilər.

Bugünlərdə Afaq xanımın yubileyi oldu. Mən onu – nəsrimizin kraliçasını, Duyğular imperiyasının hakimi olan xanım həmkarımızı, həmişəbahar dostumuzu ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları, bundan sonra da dinclik bilmədən çalışmaq imkanı arzulayıram…

Afaq sözü qədim türkcədə “Ap ağ”dır! İlk tanışlığımızda onu adının qədim deyilişinə bənzətmişdim: təmiz, gözəl siması ilə o, mənə alma çiçəyini xatırlatmışdı.

İllər keçıb, onu çox seyrək görürəm, ancaq rastlaşanda yenə o ilk təəssürata qayıdıram və elə bilirəm, Afaq işin, idarəçiliyin, qayğıların, amansız yaradıcılıq əzablarının, ara verməyən düşüncələrin, zamanın sıxıntılarının arasında nə qədər əzilsə də, yazılarında nə qədər tünd boyalar olsa da, ruhən yenə Ap ağdır. İşığın azalmasın, Xanım!

Comments are closed, but trackbacks and pingbacks are open.