Press "Enter" to skip to content

Professor Fərrux Rüstəmovun 60 illiyinə

Fərrux müəllim çoxcəhətli elmi-pedaqoji fəaliyyəti, zəngin elmi yaradıcılığı, respublika və beynəlxalq səviyyəli konfranslardakı dərin məzmunlu çıxışları ilə elmi, pedaqoji və təhsil ictimaiyyətinin sevimlisinə, favoritinə çevrilmişdir. Məncə, Fərrux müəllimi tanıyan hər bir adam etiraf etməyə bilməz ki, o, öz davranışında, insanlarla ünsiyyətində, bütövlükdə, gündəlik həyat tərzində klassik Şərq adət-ənənələri və nəzakət qaydalarını çağdaş Qərb mədəniyyəti ilə çox üzvi şəkildə uzlaşdıran ziyalı-alim-müəllimdir. Əlbəttə, burada söhbət təkcə zahiri davranış tərzindən deyil, həm də yüksək ziyalılıq mədəniyyətindən gedir. Heç şübhə etmirəm ki, bu uzlaşma Fərrux müəllimin tədqiqatlarının əsas istiqamətlərindən olan Şərq və Qərb pedaqoji fikir tarixinə dərindən bələdliyindən irəli gəlir.

Ali məktəb pedaqogikası fərrux rüstəmov

2020-03-09 16:07:00

“Korreksiya pedaqogikası”- İnklüziv təhsilə dəyərli töhfə

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də inklüziv təhsilin yeni məzmununun yaradılması hesab olunur. İnklüziv təhsilin yeni məzmununun yaradılması isə bu sahədə çalışan mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyur. Hansı ki, bu vəzifələrin müvəffəqiyyətli həlli üçün inklüziv təhsilin yeni nəzəri mənbələrinin yaradılması zəruri sayılır. İnklüziv təhsilin yeni nəzəri mənbələrini yaradarkən ilk növbədə onun elmi-pedaqoji əsaslarını özündə ehtiva edən “Korreksiya pedaqogikası”nı yaratmaq lazımdır. Ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının tələblərinə uyğun olaraq, qloballaşma şəraitində hazırlanan nəzəri mənbələr, yazılan elmi-pedaqoji əsərlər yeni mahiyyət, məzmun, məqsəd və vəzifələrinə görə şərtlənməlidir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda ayrı-ayrı dövrlərdə mühit və şəraitlə bağlı olaraq çox qiymətli elmi-pedaqoji əsərlər yazılmışdır. Bu ənənəni davam etdirən alimlərin fəaliyyəti təqdirəlayiqdir. Fərrux Rüstəmov, Ləzifə Qasımova, Fərahim Sadıqov, Akif Abbasov, Hikmət Əlizadə, Piralı Əliyev, Hümeyir Əhmədov, Rüfət Hüseynzadə, Müseyib İlyasov kimi görkəmli alimlərimizin adlarını iftixarla qeyd edirik. Hansı ki, onların hər birinin əsərlərində Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olan dəyərli elmi ideyalara, faydalı müddəalara, tövsiyə və məsləhətlərə rast gəlmək olar. Bu ideyaların, müddəaların, tövsiyə və məsləhətlərin hər birini inklüziv təhsilin yeni məzmun kəsb edən mənbələri kimi dəyərləndirmək olar. İnklüziv təhsilin yeni məzmununun yaradılması sahəsində hazırlanan elmi-nəzəri mənbələrdən biri də Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov tərəfindən hazırlanaraq çap etdirilən “Korreksiya pedaqogikası” adlı tədris vəsaitidir. Tədris vəsaitinin elmi redaktorları Akif Abbasov, dosent Dilarə Dostuzadədir. Rəyçiləri professor Hikmət Əlizadə, pedaqogika üzrə fəlsəfə doktoru, defektoloq Nailə Hüseynova və pedaqogika üzrə fəlsəfə doktoru Elmira Kərimova olan “Korreksiya pedaqogikası”nın nəzəri və praktik əsasları öz fundamentallığı ilə diqqəti cəlb edir. Bu tədris vəsaitində ilk dəfə olaraq diqqəti cəlb edən məsələlər mahiyyətinə və məzmununa görə izah edilir. Korreksiya pedaqogikasında sağlamlıq imkanları məhdud olan uşaqlarla aparılan təlim-tərbiyə işləri mühüm aktuallıq təşkil edir.Bunun üçün təlim-tərbiyənin prinsiplərinə korreksiya pedaqogikasının tələbləri əsasında istinad etməyin zərurililiyi başlıca şərt hesab olunur. İlk növbədə bu sahədə çalışan mütəxəssislər həmin mənbənin elmi, pedaqoji, metodik imkanlarından istifadə edərək və bəhrələnərək həmin mühitdə böyüyən, inkişaf edən uşaqların tərbiyəsilə məşğul olmaq imkanı qazanırlar. Yəni, inklüziv təhsilin əsas tələblərindən biri kimi məktəbəqədər yaş dövrlərindən etibarən fiziki qüsurları olan uşaqlarla əsasən tərbiyə işlərinin aparılması vacib hesab olunur. Bu mənada fiziki qüsurları olan məktəbəqədər yaşlı uşaqlarla aparılan korreksiya işlərinin əsasında duran tərbiyə işlərinin məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirilməsi əsas vəzifələrdən sayılır. Bunun üçün nəzəri mənbələrə istinad olunması zərurəti yaranır. Professor Fərahim Sadıqovun “Korreksiya pedaqogikası” adlı tədris vəsaiti belə dəyərli mənbələrdən hesab olunur. Müəllif haqlı olaraq korreksiya işlərinə məktəbəqədər yaş dövrlərindən başlamağı və ilkin olaraq belə uşaqlarla işləyərkən tərbiyənin prinsiplərinə istinad etməyin vacib olduğunu tövsiyə edir. Müəllifə görə, fiziki qüsurlu uşaqlarla həyata keçirilən korreksiya işlərilə məşğul olanlar tərbiyənin həyatla, əməklə və müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi prinsipini və onun tətbiqi üsullarını mükəmməl bilməlidirlər. Müəllifin fikrincə surdopedaqogika, tiflopedaqogika, aliqofrenpedaqogika haqqında geniş məlumat qazanmaq zərurəti yaranır. Eynu zamanda, autizm pedaqogikasının yaranması vacibliyi, autik uşaqları müəyyənləşdirməyin və onlara yanaşmağın ilkin şərtləri pedaqoji prosesdə aydınlaşdırılmalıdır. Tədris vəsaitində yer alan nitqi qüsurlu uşaqlarla aparılan korreksiya işlərinin məzmunu, fiziki qüsurlu uşaqların nitq mədəniyyətinə yiyələnmələrinin əsas şərtləri və həmin uşaqların nitq mədəniyyətinin inkişafında bədən dili kimi məsələlər mühüm aktuallıq təşkil edir. Dizartriyalı belə uşaqlarda nitq qüsurları etiologiyası və onların aradan qaldırılması yolları, həmçinin anatomik quruluşunun, fizioloji, psixoloji və pedaqoji əsaslarının öyrənilməsi, nitq pozğuntuları ilə bağlı aparılan işlərin məzmunu, tərbiyə işləri zamanı müvafiq prinsiplərə istinad edilməsi kimi mülahizələr görkəmli alim F.Sadıqov tərəfindən elmi dəlillər əsasında nəzəri və praktik cəhətdən izah olunur. Bütün məsələlər metodoloji prinsiplərə istinad olunmaqla şərh edilir. F.Sadıqov “Korreksiya pedaqogikası” üçün ən zəruri metodoloji prinsipləri müəyyənləşdirməklə bu sahədə yeniliklərə imza atmışdır. Məhz ona görə də inklüziv təhsil üçün dəyərli töhfə olan bu tədris vəsaiti həm də faydalı elmi-tədqiqat əsəridir. Professor F.Sadıqov “Korreksiya pedaqogikası”nda anoloji olaraq böyük bir uzaqgörənliklə yeni və kreativ ideya irəli sürmüşdür. Məsələyə kreativ şəkildə yanaşan müəllif tədqiqat işinə münasibət bildirərək qeyd edir ki, ölkəmizdə əmək təlimi, əmək təhsili, əmək tərbiyəsi, bütövlükdə əmək pedaqogikası müasir anlamda “Texnologiyalar pedaqogikası” kimi ifadə olunur və təhsil proses olduğu üçün texnoloji məzmun kəsb edir. Bu mənada “Korreksiya pedaqogikası” özü də texnoloji məzmun kəsb etmək baxımından iyerarxik olaraq aşağıdakı mərhələlər üzrə müvafiq ardıcıllıqla həyata keçirilir. Birinci diaqnostika, mərhələsidir. Bu, o deməkdir ki, təhsilalma prosesi texnoloji aydınlaşdırma mərhələsində həyata keçirilir. Daha sonra ikinci mərhələ adlandırdığımız proqnozlaşdırmadır. Proqnozlaşdırma mərhələsində texnoloji proses, yəni, əməliyyatların məcmusu öz əksini tapır. Sonda, nəhayət, korreksiya mərhələsi həyata keçirilir.Əvvəlki mərhələlərin başvermə proseslərindən sonra yarana biləcək bütün qüsurların təlim mərhələsində islah edilməsi işi tamamlanır. Müəllifin belə yanaşmaları təhsil standartları üçün bir növ meyar rolunu oynayır. Ona görə ki, müəllifin qeyd etdiyi pedaqoji standartlar üçün səciyyəvi sayılan bu üç istiqamət bütün dünyada aktuallıq təşkil edir. Bu mənada “Korreksiya pedaqogikası”nda öz əksini tapan yeni elmi ideyaların təhsil standartlarına uyğunluğu öz aktuallığı ilə seçilir. Tədris vəsaitinin səciyyələndirdiyimiz müsbət əlamətləri indi yeni mahiyyət, yeni məzmun kəsb edir. Çünki milli və ümumbəşəri dəyərlər əsasında hazırlanan “Korreksiya pedaqogikası” üçün xarakterik olan bütün cəhətlər fizioloji, psixoloji və pedaqoji əsaslar üzərində qurulmuşdur. Burada qeyd olunan elmi mülahizələr dünyəvi səciyyə daşıyır. Məsələn, autizim sindromu əsas göstəricisi kimi özünə qapanmadır. Bütün dünyada özünə qapanan uşaqlarda süstlük, sakitlik, danışıb dinməməzlik, sözə qulaq asmamaqlıq, öz sözündən dönməzlik, oxumağa, işləməyə, çalışmağa meyilsizlik kimi əlamətlər özünü daha çox göstərir (Bax. s. 7). Kitabın metadoloji baxımından dəyərli olmasını şərtləndirən cəhətlərdən biri də onun universal məna kəsb edən sözlərə aydınlığın gətirilməsidir. İnklüziv təhsilin ölkəmizdə genişləndirilməsində və bu sahədə qayğının artırılmasında möhtərəm Prezident İlham Əliyevin imzaladığı sənədlər həmin istiqamətdə tərəqqiyə nail olmağa şərait yaratmışdır. Müəllifin qeyd etdiyi kimi, “Korreksiya pedaqogikası”nın görməsində, eşitməsində, əqli inkişaf problemləri olan uşaqlarla yanaşı, autik uşaqların da təhsili, təlimi və tərbiyəsi ilə məşğul olan pedaqogika sahəsi kimi inkişaf etməyə başlaması bu sahədə nailiyyətlərimizdir. Əsası V.P.Koşinko (1870-1943) tərəfindən qoyulan korreksiya pedaqogikası əqli inkişafda, nitqdə, davranışda, müəyyən problemləri olan uşaqlarla məqsədyönlü olaraq aparılan təlim-tərbiyə işlərinin bütün bir sistemini özündə ehtiva edir. Təcrübə göstərir ki, müxtəlif sahələrdə qüsuru olan uşaqlarda idrak fəallığında meyillilik heç də aşağı olmur. Onlar praktik fəaliyyətə daha çox meyil göstərir. Xüsusən texnologiya ilə ələqədar emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti, qrafik savad elementləri ilə bağlı quraşdırma, yapma, aplikasiya, mozaika, kağızqatlama kimi fəaliyyətlər onları inkişafa təhrik edir. “Nitqi qüsurlu uşaqlarla aparılan korreksiya işlərinin məzmununa dair” ( Bax. s. 111-169) adı altında verilən yazıda müəllifin qeyd etdiyi elmi fikirlər müasir dövrün tələbinə uyğun olaraq qloballaşma şəraitində baş verən dəyişikliklər öz əksini tapır. Müəllif qeyd edir ki, “Korreksiya pedaqogikası” pedaqogikanın ən vacib sahələrindən biri olub yetişən nəslin sağlam nümayəndələrinin təlimi, təhsili, tərbiyəsi, psixoloji inkişafı ilə yanaşı, fiziki cəhətdən qüsurlu uşaqların həmin istiqamətlərə görə nəzəri və praktik olaraq əsaslandırılmış bütöv bir elmi sistemdə yaradılmasını irəli sürür. Korreksiya anlayışına ilk növbədə aydınlıq gətirərək o, qeyd edir ki, fiziki cəhətdən qüsurlu uşaqların təlimi, təhsili, tərbiyəsi və inkişafının mahiyyəti, məzmunu, məqsəd və vəzifələri, eləcə də onların qüsurlarının aradan qaldırılması işinə xüsusi diqqət yetirilməlidir. Müəllifin fikrincə aşağı siniflərdən (I-IV) başlayaraq nitqin formalaşmasına, səslərin tələffüzünə, oxu və yazı vərdişlərinin yaranmasına, fiziki və texnoloji, eyni zamanda rəsm, nəğmə bacarıqlarının formalaşmasına əngəl olan anomaliyaların korreksiyası üçün geniş iş görülməlidir. Fikrimizcə ibtidai siniflərdən başlayaraq bütün fənlərin öyrədilməsində “Korreksiya pedaqogikası”nın imkanları nəzərə alınması məqsədəuyğun olardı. Haqlı olaraq müəllif qeyd edir ki, texnoloji proseslə həyata keçirilən əmək təlimi uşaqların hərtərəfli inkişafında mühüm rol oynayır, onların mənəvi keyfiyyətlərini formalaşdırır. Məhz buna görə də təlim-tərbiyəvi işlərdə şagirdlərə əmək təlimi hərtərəfli metod kimi tətbiq edilir. Defektoloji terminlərin izahlı lüğətinə aydınlıq gətirən müəllif qüsurlu uşaqların təlim işlərinə, təhsil sisteminə və eləcə də tərbiyə işinə kompleks yanaşma kimi fəaliyyət istiqamətlərinin korreksiya kimi adlanmasını məqbul hesab edir. Bu sahədə görülən işlərin hər birinə məqsədyönlü, planlı və mütəşəkkil olaraq yanaşmanı lazım bilən müəllif tədris olunan hər hansı bir fəndən asılı olmayaraq fiziki cəhətdən qüsurlu olan uşaqların nitqinin inkişafı ilə bağlı görülən işlərin mahiyyətinin, məzmununun, məqsəd və vəzifələrinin düzgün müəyyənləşdirilməsini vacib hesab edir. Professor F.Sadıqov tərəfindən aparılan tədqiqatlar zamanı aydın olur ki, “Korreksiya pedaqogikası” ilə məşğul olan mütəxəssislər sırasında loqopedlərin rolu böyükdür. Dünya təcrübəsinə görə indi hər hansı anlayış barədə bilik qazanmaq üç istiqamətdə həyata keçirilir. Professor Fərahim Sadıqov bu cəhəti nəzərə aldığı üçün dəyərli mənbədən istifadə edən hər bir öyrənən onu nəzərə almalıdır. Məsələn, loqopediya anlayışına aydınlıq gətirmək üçün, ilk növbədə, deklorativ, yəni yaddaşa əsaslanan bilik əldə etmək lazımdır. Bunun üçün loqopediya ( loqos-söz, paideia-tərbiyə) defektologiyanın sahəsi kimi nitq nöqsanlarının izahı ilə məşğul olan bir qurum olmaqla dizartriyalı uşaqların nitq nöqsanlarını, onların yaranma səbəblərini, mexanizimlərini, onların prinsip və metodlarını düzgün müəyyənləşdirməlidir. Ümumiyyətlə, desək, tədris vəsaitində dizartriyalı uşaqlarda nitq pozuntularının aradan qaldırılması ilə bağlı təqdim olunan iş modeli yaxşı təsir bağışlayır. Ona görə ki, bu modeldən valideynlərlə yanaşı, bu sahədə çalışanlar da faydalana bilərlər. Hətta ali məktəblərin müvafiq fakültələrində inklüziv təhsil problemindən mühazirə oxuyan, seminar məşğələləri aparan müəllimlər də istifadə edə bilərlər. Çünki tədris vəsaitində dizartriyalı uşaqlarda nitq qüsurları etiologiyası, onların aradan qaldırılması yolları, belə uşaqların nitqindəki qüsurların anatomik quruluşunun, fizioloji, psixoloji cəhətdən öyrənilməsi metodikası ilə bağlı bilgilər də vardır. Tədris vəsaitində dizartriyalı uşaqlarla aparılan tərbiyə işlərinin elmi-pedaqoji əsaslar üzərində qurulması ilə bağlı irəli sürülən metodik tövsiyələr bu sahədə çalışan mütəxəssislərə istiqamət vermək baxımından mühüm əhəmiyyət kəsb edir. “Korreksiya pedaqogikası”na daxil olan mühüm terminlər, ifadələr, təriflər əsasən loqopedlər, valideynlər, bu sahədə çalışan müəllimlər və tələbələr tərəfindən ardıcıllıqla öyrənilməlidir. Unutmaq olmaz ki, metodoloji mənbə olan “Korreksiya pedaqogikası”nı dərindən mənimsəmək üçün valideynlər və inklüziv təhsil bazasında təhsil alanlar ardıcıl olaraq deklorativ, prosedural, kontekstual bilikləri ardıcıl mənimsəməlidirlər. Kitabda loqopedlərin nitq nöqsanına böyük diqqət göstərmələri onların islahı üçün effektli yollar axtarmaları da vurğulanır. Müəllifin fikrincə nitq qüsurlu uşaqlara nitq vərdişlərinin aşılanması işi səslərin və hərflərin öyrədilməsi prosesilə başlanır. Qazanılan bu bilik prosedual olub, ən ümdə olan vərdiş və fəaliyyəti əhatə edir. Məlum olur ki, deklorativ bilikdən fərqli olaraq burada biliklərin əsasları praktik tapşırıqların yerinə yetirilməsi prosesində daha çox tətbiq edilir. Kontekstual biliklə bağlı “Korreksiya pedaqogikası”nda geniş yanaşmalar da vardır. Müəllif kontekstual bilik qazanmaq üçün nitq mədəniyyəti və ritorika anlayışlarıyla ələqadar geniş imkanların olduğunu göstərir. Bu da nəticədə kontekstual nəzəriyyənin tələblərinin həllinə gətirib çıxardır. Kitabın bələdçiliyi ilə öyrənənin tədqiqatçılığı nəticəsində informasiyaların emal edilməsi “Korreksiya pedaqogikası”nın köməyilə onun məzmununda yeni məna axtarmaqla və həmin məna və ifadənin inandırıcı şəkildə ələqələndirilməsilə həyata keçirilir. Məsələn, tələbələrə şifahi xalq yaradıcılığı nümunələrindən, xalq hikmətlərindən, klassiklərin müdrik kəlamlarından, mədəni nitqin ifadəliliyi, zənginliyi, dəqiqliyi, yığcamlılığı, münasibliliyi üçün seçilmiş sitatlardan yerli-yerində işlətməyi öyrətməklə onlara dünyagörüşü aşılamaq olar. Bu mənada professor Fərahim Sadıqov kontekstual biliyin mahiyyətinə önəm verir. Geniş mənada mövzu ilə bağlı qeyd etmək istəyirik ki, F.Sadıqov respublikamızın və dünyanın inkişaf etmiş ölkələrinin zəngin təcrübəsinə istinad edərək hazırladığı elmi-pedaqoji əsərin materialına uyğun emal texnologiyası seçərək kontekstual bilik nümayiş etdirmişdir. Bununla da o, təqdim etdiyi kitabda yeni-yeni anlayışları, yeni məzmunu, məqsəd və səbəbləri və tələbləri irəli sürmüşdür. Bu da ilk növbədə alimin tədqiqatda deklorativ bilik zamanı strategiyalı oxuya üstünlük verməsidir. Təcrübə göstərir ki, professor Fərahim Sadıqov kimi elmi potensialı güclü və çoxşaxəli olan alimlərin istehsal etdikləri məhsullara həm öz ölkələrində, həm də digər ölkələrdə ehtiyac duyulur. Bu mənada “Korreksiya pedaqogikası” xarici dillərə tərcümə olunarsa ondan digər dünya xalqları da bəhrələnə bilərlər. Nəticə olaraq qeyd etmək istəyirik ki, “Korreksiya pedaqogikası” ənənəvi və milli kurikulumun tələbləri əsasında müəllifin gərgin zəhməti nəticəsində yazılmış, nəzəri-praktik dərin məzmun kəsb edən fundamental elmi-tədqiqat əsəridir. Tədris vəsaiti kimi təqdim olunan bu əsərdə ilk dəfə olaraq pedaqoji elmlər sistemi üçün səciyyəvi olan diaqnostika, proqnozlaşdırma və korreksiya anlayışlar sisteminin vəhdətdə mahiyyəti şərh olunmuş dur. Bu üç anlayışın iyerarxiya daşıdığı diqqətə çatdırılmışdır. Kitabda milli və beynəlxalq təcrübə nəzəri və praktik cəhətdən geniş araşdırılmış, bu sahədə elmi xidmətləri olan tədqiqatçılar tarixilik baxımından təbliğ edilmişdir. XXI əsr üçün kainatda ictimai bəla kimi autizmin elmi, pedaqoji, psixoloji və fizioloji əsaslarının dərindən öyrənilməsi ən aktual məsələ kimi qarşıya qoyulur. Kitabın çap olunması üçün istifadə olunan 83 mənbə strateji baxımdan diqqətlə öyrənilmiş və nümunələr gətirilmişdir. “Korreksiya pedaqogikası” müstəqil Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət edən metodoloji elmi əsər kimi daim öyrəniləcəkdir. Ən əsası ona görə ki, bu kitab Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri olan inklüziv təhsilin yeni məzmununun yaradılması üçün ən dəyərli töhfədir.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Professor Fərrux Rüstəmovun 60 illiyinə

Sizin – pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı və respublikamızın tanınmış ziyalısının 60 yaşı tamam olur. 60 illik ömrün işığında biri-birinin ardınca ötüb keçərək tarixə qovuşan bu illərin hər biri nə qədər çətinliklər yaşatsa da, onlar ömrünüzün yaddaqalan anları kimi sizə doğma və əzizdir. Həm müəllim, həm də alim kimi qazandıqlarınız bu gününüzə ən qiymətli bir töhfədir. Onları xatırlamaqla unutduqlarınızı tapacaqsınız və bundan məmnun qalacaqsınız. Bu məktubumda da həmin hadisələrin bəziləri ilə sizi baş-başa qoymaq istədim.

Şövkət ananın arzuları

1961-ci ilin qışında (01 yanvarda) Qədim Göyçənin Cil kəndində dünyaya göz açmağınız Rüstəmovlar ailəsinə böyük sevinc bəxş etdi. Kənd həyatının özünəməxsus çətinlikləri, maddi sıxıntılar olmasına baxmayaraq valideyn sevgisi ilə böyüyürdünüz. Lakin atanızın vaxtsız vəfatı bu çətinlikləri bir az da artırdı. Əminizin yaxın köməyi ailənizdə vəziyyətin nisbətən yaxşılaşmasına səbəb olsa da, bu kömək ata niskilinə üstün gələ bilmədi. Ailənin yükü Şövkət ananın, bir də evin birinci övladı kimi sizin – balaca Fərruxun çiyinləri üzərinə düşdü.Sövkət ana övladlarını hamıdan yaxşı, qayğısız böyütmək, atasızlığı onlara hiss etdirməmək üçün var qüvvəsini sərf edirdi. Həyat yoldaşının əmanəti olan dörd oğul övladının sağlam böyüməsinə çalışır, onların təhsilli olmasını, inkişaf etməsini arzulayırdı.

Ümid çıraqdır

Təhsil cəmiyyətin ən zəruri atributlarından biridir. Hər zaman insanın formalaşması, inkişaf etməsi üçün təhsil amilinə istinad olunub. İnsanlar özlərinin ümidlərini təhsilə bağlayıblar. Gələcəklərinə gedən yolu işıqlandırmaq, onu daha da aydınlaşdırmaq üçün təhsilin qüdsiyyəti olan ziyasından bir çıraq kimi istifadə ediblər. Ona ümid yeri kimi baxıblar. Siz də hələ Cil kənd orta məktəbində oxuduğunuz müddətdə bu müqəddəs ümid çırağına yeganə imkan kimi baxmısınız. Məktəbə gedəndə də, məktəbdən qayıdıb ev təsərrüfatında ailəyə kömək edəndə də kitab oxumaqdan, öyrənməkdən usanmamısınız. Ona yeganə ümid çırağı kimi baxmısınız. Hətta oxumaqda sinif yoldaşlarınıza, dostlarınıza dəstək də olmusunuz.

Tələbəlik illərinin sınaqları

…Müəllimlər müqəddəs bir işlə məşğul olurlar. Onlar düşündüklərini, bildiklərini öz şagirdlərinə öyrədirlər. Həm də səliqəli-sahmanlı geyimləri ilə fərqlənirlər. Maraqlı söhbətləri ilə diqqəti cəlb edirlər. Bəlkə, onlar bu bildiklərini sehirli bir aləmdən alıb gətirir, şagirdlərinə bəxş edirlər… Hələ lap aşağı siniflərdə sizi düşündürən bu qəribə ritorikalar yuxarı siniflərə qalxdıqca aydınlaşdı. Müəllim əməyinin mahiyyətində olan çətinliyi, lakin çətin olduğu qədər də xeyirxahlığı duymağa başladınız. Elə bu arzu, missiya da sizi 1978-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə gətirdi. Burada təhsil aldığınız illərdə (1978-1982) tələbəlik illərinin maddi çətinliklərini, ağırlığını yaşadınız. Lakin bütün bunlar sizi qorxutmadı, əksinə, daha da fəal olmağa sövq etdi. İctimaiyyətçi, həm də yaradıcı, tədqiqatçı tələbə oldunuz. Fakültə Əlaçılar Şurasının, eləcə də Tələbə Elmi Cəmiyyətinin sədri kimi məsuliyyətli vəzifələr sizə həvalə olundu. Respublika miqyaslı müxtəlif tədbirlərdə iştirak edərək döş nişanları, diplomlar aldınız. O dövrün ən yüksək təqaüdünə – Lenin təqaüdünə layiq görüldünüz.

Elə sizin tədqiqatçılığınız da bu illərdən başladı. “Gənc müəllim”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində çıxışlar etməyə başladınız.

1982-ci ildə institutu bitirən kimi təyinatınızı Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbinə verdilər. Siz orada müəllim, sonra məktəb direktoru işlədiniz. O dövrdə Quba rayon “Şəfəq” qəzetinin müxbiri kimi də fəaliyyət göstərdiniz. Məktəbdə işlədiyiniz illərdə həm müəllim, həm də təhsil idarəçisi kimi təcrübə topladınız.

Siz dərs deyəndə də, məktəb direktoru olanda da həmişə elmi yaradıcılığa həvəs göstərir, müşahidələr əsasında ümumiləşdirmələr apararaq mətbuatda çıxışlar edirdiniz. Elmi-pedaqoji tədqiqatlar aparmaq barədə düşünürdünüz.

Niyyətin hara, mənzilin ora

1985-ci idə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına qəbul elanını görəndə sevindiniz və bu müsabiqədə iştirak etməyi qarşıya məqsəd qoydunuz. Necə deyərlər, “Niyyətin hara, mənzilin ora”. Qəbul imtahanlarını uğurla verib “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə əyani aspiranturaya qəbul olundunuz. Akademik Hüseyn Əhmədovun rəhbərliyi altında “Azərbaycan Sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik dissertasiyası üzərində işlədiniz. Vaxtından əvvəl müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi aldınız. 2003-cü ildə isə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etdiniz. Daha sonra doğma institutun divarları arasında addımbaaddım böyüdünüz, aspirantlıqdan elmlər doktoru, professor, elmi işçilikdən fakültə dekanı vəzifəsinə qədər yüksəldiniz. Ən başlıcası siravi müəllimlikdən “Əməkdar elm xadimi” kimi yüksək bir mərtəbəyə çatdınız. Elmin enişli-yoxuşlu yollarında Azərbaycan pedaqoji elminin klassiklərindən olan akad. Hüseyn Əhmədovun məsləhətlərinə tapındınız. Azərbaycan pedaqoji fikir tarixində təkrarolunmaz bir cığır açdınız. Əvvəla, onu deyim ki, pedaqoji fikir tarixinin yaradıcısı kimi müəlliminiz Hüseyn Əhmədovla elmi yaradıcılıq yolunu birgə addımlayan yolçular oldunuz. Burada dünya filosofu Konfutsinin belə bir fikri yadıma düşür: “Müəllim və şagird birgə boy atır”. Siz, doğrudan da, bir-birinizi zənginləşdirdiniz. Hüseyn Əhmədov sizin şəxsinizdə müasir dövrün ciddi bir pedaqogika, təhsil tarixçisinin boy atması ilə fəxr eləməyə başladı. Siz isə pedaqoji fikir tarixini yaradanlardan öyrənə-öyrənə yeni ruhla pedaqoji fikir tarixçisinə çevrildiniz. Özünüz demişkən, Hüseyn Əhmədovdan, digər klassiklərdən yaza-yaza yazmaq öyrəndiniz. Bu günə qədər həm pedaqogikanın nəzəri və praktik sahələri, həm məktəb və pedaqoji fikir tarixi, həm də təhsilin müxtəlif sahələri ilə bağlı ardıcıl tədqiqatlar apardınız, müəllimlərə, məktəblərə lazım ola bilən əsərlər yazdınız. 40 monoqrafiya, kitab və kitabça, 31 tədris proqramı, 250-dən çox elmi məqalə, 40 tezis, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısının müəllifi oldunuz.

Pedaqoji fikir tarixinin yeni səhifələri

Siz yaradıcılığa hələ tələbəlik illərindən başlamısınız. İlk məqalələriniz tərbiyə məsələlərinə həsr olunsa da, 80-ci illərin sonundan etibarən ardıcıl olaraq pedaqoji fikir tarixi ilə məşğul olmusunuz. Xüsusilə Azərbaycan pedaqoji elminin inkişaf tarixini tədqiqat obyektinə çevirmisiniz. Əslində siz bu problem üzrə “Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin tədqiqi” (1988), “Azərbaycanda təlim nəzəriyyəsinin inkişaf tarixindən (1961-1980-ci illər)” (1988), “1961-1980-ci illərdə Azərbaycan pedaqoji elmində estetik tərbiyə nəzəriyyəsinin inkişafına dair” (1989), “Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən” (1992), “Azərbaycanda məktəbşünaslıq məsələlərinin tədqiqinə dair (1961-1980-ci illər)” (1999), “Azərbaycanda pedaqoji elmlərin inkişaf tendensiyaları” (1994), “Azərbaycanda pedaqoji terminologiyanın inkişafı tarixindən”(1997), “Azərbaycanda pedaqoji elmin təşəkkülü, inkişafı və problemləri” (1998), “Müasir dövrdə Azərbaycanda pedaqoji elm” (1998), “XX əsrdə Azərbaycanda pedaqoji elmin inkişafı” (1999), “Azərbaycanda pedaqoji elmin inkişaf yolları” (2003), “Azərbaycan pedaqogikaşünaslığı” (2016) kimi əsərlərinizi yazmaqla Azərbaycan pedaqoji fikir tarixinə yeni ab-hava gətirmisiniz. Bu əsərlərinizlə Azərbaycan pedaqoji fikir tarixinin yeni səhifələrini yazmısınız. Heç təsadüfi deyil ki, 1998-ci ildə “Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri” monoqrafiyası nəşr olunarkən prof. Nurəddin Kazımov bu əsəri “pedaqogika elmində yeni hadisə” kimi dəyərləndirmişdi. Həqiqətən, bu fundamental tədqiqat əsərinizdə Azərbaycan pedaqoji elminin aktuallığını itirməyən, öz əhəmiyyətini saxlayan nəzəri-metodoloji problemlər, şəxsiyyətin formalaşması, didaktikanın nəzəri və praktik məsələləri, tarixi-pedaqoji irsin tədqiqi, pedaqoji elmin inkişafını şərtləndirən başlıca amillər, pedaqoji elmlərin inkişafında beynəlxalq əlaqələrin rolu, eləcə də müasir dövrdə Azərbaycanda pedaqoji elm kimi konseptual xarakterli məsələlər əhatə olunur.

Bu əsər birmənalı şəkildə sizin pedaqogika tarixçisi kimi tarixi mövzuda olan yanaşma tərzinizi meydana qoyur. Bir müəllif olaraq tarixiliklə müasirlik arasında ədalətlə dayanırsınız. Onlara müasir müstəvidə yanaşa bilirsiniz. Həmçinin oxucunu bu tarixi mövzuların sehrində saxlamağı bacarırsınız.

Sizin yaradıcılığınızda Şərq, Qərbi Avropa və ABŞ-da təhsil-tərbiyə tarixinin araşdırılmasına həsr olunmuş tədqiqatlarınız xüsusi yer tutur və özünəməxsus cəhətləri ilə fərqlənir. Yeri gəlmişkən qeyd edək ki, 2000-ci illərdə elmi yaradıcılığınızda dünya pedaqoji fikir tarixinə dair ciddi araşdırmaların nəticəsi kimi meydana çıxan irihəcmli əsərlərlə rastlaşırıq: “Şərqdə pedaqogika tarixi”(2002), “Qərbdə pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi”(2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005). Biri-birinin ardınca nəşr olunan bu əsərlərdə dünyanın pedaqoji fikir yükünü daşıyan insanların portretlərini, onların yaşadığı dövrün xüsusiyyətlərini, eyni zamanda pedaqoji düşüncələri əlaqələndirən təhsil nəzəriyyələri və cərəyanlarını səciyyələndirmisiniz. Həmçinin tarixi-pedaqoji ornamentlərin müasir zamanla bağlılığını açıqlamısınız. Onlar bu gün sadəcə öyrənilməklə qalmır, həm də müasir pedaqoji düşüncəyə təsir etməklə onu qidalandırır.

Siz dünya pedaqoji incilərini əhatə edən əsərlərinizin əsasında fundamental xarakterli “Pedaqogika tarixi”(2006, 2011) dərsliyinizi yazmısınız. Bu kitab nəşr olunarkən mütəxəssislər zəngin tematikasına və əhatəli məzmununa görə onu sizin yaradıcılığınızın şah əsəri kimi qiymətləndirmişlər. Akad. Hüseyn Əhmədov belə bir əsərin yazılmasını igidlik hesab etmişdir. Prof. Əjdər Ağayev isə bu əsərə görə sizi mükəmməl pedaqogika tarixçisi adlandıraraq klassik pedaqoqlara sadiq qaldığınızı, müasirlik düşüncəsi ilə onları inkişaf etdirdiyinizi və sanballı bir elmi mövqe sərgilədiyinizi xüsusi olaraq dəyərləndirmişdir.

Azərbaycanın zəngin milli məktəb və pedaqoji fikir tarixi vardır. Orada insanlıq, onun inkişafı üçün nəyi desən, tapmaq mümkündür. Dediyiniz kimi, tarix özünün müasirliyi ilə canlıdır. Doğrudan da, pedaqoji fikir tariximizdə müasirliyi ilə diqqəti cəlb edən faktlara hər an rast gəlmək mümkündür. Siz bir tədqiqatçı kimi bu həqiqəti daha aydın görə bilmisiniz. Ona görə də N.Gəncəvi, M.V.Vidadi, M.P.Vaqif, Q.B.Zakir, M.Ə.Rəsulzadə, Ə.Y.Seyidov, M.M.Mehdizadə, M.Ə.Muradxanov, B.B.Komarovski, Xəlil Fikrət, A.Q.Rzayev, Ə.Ş.Həşimov, H.M.Əhmədov, Ə.A.Ağayev, Y.R.Talıbov, Ə.S.Tağıyev kimi şəxsiyyətlərin pedaqoji fikir və düşüncələrini tədqiqat obyektinə çevirmisiniz, onlara kitablar, məqalələr həsr etmisiniz. Bütün bu tədqiqatların nəticəsi olaraq pedaqoji fikir tarixinə dair biblioqrafiyalar hazırlayıb çap etdirmisiniz.

Müasir ruhlu pedaqogikanın müəllifi

Hörmətli Fərrux müəllim, siz tarixə, tarixi hadisələrə yalnız bir tarixçi kimi deyil, həm də müasir dünyanın gözü ilə baxırsınız. Yeniliklərə, pedaqoji innovasiyalara fəal və yaradıcı münasibət bəsləyirsiniz. Təhsil islahatının ilk illərindəki müzakirələri və orada etdiyiniz konseptual çıxışları yaxşı xatırlayıram. O vaxt yeni kurikulumların hazırlanmasına başlayarkən ümumi pedaqoji prinsiplər məhz sizin təklifləriniz əsasında müəyyənləşdirildi. Sonralar ali təhsil sistemində ilk kurikulum nümunəsi – “Pedaqogika fənn kurikulumu” sizin elmi rəhbərliyiniz və təşkilatçılığınızla yazıldı.

Siz pedaqoji elmə tərbiyə nəzəriyyəsinə dair yazılarınızla gəlmisiniz. Və bütöv elmi yaradıcılığınızda pedaqogika nəzəriyyəsi ilə məşğulluğunuzu ardıcıl olaraq bu gün də davam etdirirsiniz. 40 ilə yaxın yaradıcılıq dövründə bir müəllim kimi ali məktəb auditoruyalarında pedaqoji fikir tarixi ilə yanaşı, həm də pedaqogika fənnindən mühazirələr oxumusunuz. Eyni zamanda təlim və tərbiyənin nəzəriyyəsi ilə bağlı araşdırmalar aparmısınız. Kitablar, məqalələr yazmısınız. Bu gün “Təlimdə geridə qalan şagirdlərlə müəllimin işinin məzmunu”(1993), “Bəzi pedaqoji anlayışların şərhinə dair” (1997), “Təhsilin humanistləşdirilməsi və yeni pedaqoji təfəkkür” (2000), “Pedaqoji texnologiyalar” (2001), “Yeni təlim texnologiyaları” (2003), “Təhsildə beynəlxalq əlaqələr” (2005), “Azərbaycanda ümumi təhsilin məqsəd və vəzifələri” (2005), “Distant təlim texnologiyaları” (2012), “Təlim prosesinin amilləri” (2013) və s. bu kimi müasirlik ruhu ilə zəngin olan əsərləriniz sizi cəmiyyətə, xüsusilə pedaqoji ictimaiyyətə pedaqogika nəzəriyyəçisi kimi tanıtdırmışdır.

Hazırda ali məktəblərimizdə sizin “Pedaqogika. Yeni kurs” (2002, 2007, 2010), “Ali məktəb pedaqogikası” (2007) dərsliklərinizdən istifadə olunmaqdadır. Onlara müasir pedaqogikanın nümunələri kimi istinad edilir. Çünki bu kitabların hər birində müasir məktəbdə gedən dəyişikliklərin xüsusiyyətləri, şagird, tələbə və müəllimlərin fəaliyyətləri, təhsilin məzmun və texnologiyalarında, qiymətləndirmə sistemində olan yeniliklər öz əksini tapmışdır. Onlar sizi müasir ruhlu pedaqogikanın müəllifi kimi tanıtmaqdadır.

Xarici ölkələrdə nəşr olunan əsərlərin müəllifi

Sizin milli zəmində yazılan və azərbaycançılıq məfkurəsini zənginləşdirən bütün əsərləriniz Azərbaycan pedaqoji elminə böyük töhfədir. Onlar təkcə Bakıda deyil, Moskva, Səmərqənd, Çeboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tiflis şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir. Rusiya Təhsil Akademiyası 2000-ci ildə sizin akad. Hüseyn Əhmədovla birgə yazdığınız “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” əsərinizi nəşr etmişdir. İlk pedaqoq alimsiniz ki, “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” (Tehran, “Xorşidafərin” nəşriyyatı, 2010, 377 s.) adlı kitabınız İran İslam Respublikasında çap olunmuşdur.

Biblioqrafiyalar, salnamələr müəllifi

Hörmətli Fərrux müəllim, sizin yaradıcılığınızda pedaqoji elmin cəfakeş hesab etdiyiniz nümayəndələrinə böyük bir ehtiramın olduğu aydın görünür. Siz bu münasibəti tərtib etdiyiniz biblioqrafiyalarda, yazmış olduğunuz bioqrafik xarakterli salnamələrdə aydın ifadə etmisiniz. Bu gün akad. Hüseyn Əhmədovun, prof. Yəhya Kərimovun, Yan Amos Komenskinin əsərlərini tərtib etdiyiniz kitablardan, həmçinin akad. Hüseyn Əhmədov, prof. Əmrulla Paşayev, dos. Əyyub Tağıyev, dos. Tapdıq Məmmədov və başqaları haqqında məlumatları onlar haqqında yazdığınız monoqrafik araşdırmalardan oxumaq mümkündür.

Elmi-pedaqoji kadr hazırlığı sahəsində xidmətlər

Sizin elmi fəaliyyətinizin bir istiqamətini də elmi kadr hazırlığı təşkil edir. Bu vaxta qədər 3 elmlər, 21 pedaqogika üzrə fəlsəfə doktoruna elmi dərəcə almaq üçün opponentlik etmisiniz. Müdafiə edərək alimlik dərəcəsi alan 20 doktorantın elmi rəhbəri olmusunuz. Müxtəlif dövrlərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Dissertasiya Şuralarında sədr müavini, üzv fəaliyyət göstərmisiniz. Sədrlik etdiyiniz Dissertasiya Şuralarının iclaslarında 18 elmlər doktoru, 146 fəlsəfə doktoru dissertasiya müdafiə etmişdir.

Mükafatlar, təltiflər

Sizin böyük yaradıcılıq fəaliyyətiniz həmişə təltiflərlə qarşılanıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatları olmusunuz. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif edilmisiniz. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-da “İlin müəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olmusuz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi medalı”na, 2012-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüsünüz.

Hörmətli Fərrux Abbas oğlu Rüstəmov!

Bu gün bir pedaqoq, müəllim, təhsil təşkilatçısı olaraq sizin ən böyük mükafatınız həm də tələbələrinizin, həmkarlarınızın, təhsildə tərəfdaş olan valideynlərin, vətəndaşlıq missiyasını həyata keçirən pedaqoji ictimaiyyətin hər bir üzvünün hörmət və məhəbbətidir. Qoy bu hörmət və məhəbbət dolu mükafat və təltiflər həmişə sizinlə olsun! 60 illik bir alim ömrünün uğurları kimi sizə sevinc bəxş etsin!

60 illik yubileyiniz mübarək!

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

60 ilin işığında – Misir Mərdanovun məqaləsi

Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsuliyyət həmin alimin elm sahəsində sanbalı, elmə verdiyi töhfələri, insanlara, Vətənə, millətə, dövlətə, dövlətçiliyə münasibəti ilə, onun cəmiyyətdəki nüfuzu ilə sıx bağlıdır.

Azərbaycan xalqının belə dəyərli ziyalılarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Abbas oğlu Rüstəmovdur.

O, elmdə və təhsildə olduğu kimi, həyatda da 60 illik şərəfli bir ömür yolunu ləyaqətlə addımlamış alim-müəllim, ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə məskən salmış qayğıkeş müəllimlərimizdən biridir. Böyük məmnuniyyətlə Fərrux müəllim haqqında qələmə aldığım bu sətirlər ürəyimdə çoxdan yer almış ülvi insani hisslərimin təzahürüdür, tanınmış təhsil işçisinə, milli təhsil və pedaqoji fikir tariximizin görkəmli tədqiqatçısına, sözün geniş mənasında, Azərbaycanın qayğıkeş müəllim-ziyalısına olan hörmət və ehtiramımın ifadəsidir.

Fərrux müəllimin anadan olduğu, böyüyüb başa çatdığı və hazırda mənfur düşmənlərimizin əsirliyində olan ulu Göyçənin əlçatmaz, ünyetməz dağları, durnagözlü bulaqları kimi əyilməz, dağ vüqarlı, saf ürəkli, həlim təbiətli, aydan arı, sudan duru xarakterli bir insan, qayğıkeş müəllim, az danışıb çox iş görən dərin təfəkkürlü alimdir.

Mən Fərrux müəllimi 2007-ci ildən belə tanımışam. Həmin illərdə Azərbaycan təhsilində uğurlu islahatlar aparılır, ciddi məzmun və struktur dəyişikliyi həyata keçirilirdi. Fərrux müəllim Təhsil Nazirliyinin “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası” (2007), “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası” (Milli Kurikulum) (2006), “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimi hazırlığı üzrə Çərçivə Kurikulumu” (2008) layihələrini həyata keçirən işçi qrupun fəal üzvlərindən biri idi. Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, 100 “Ən yaxşı müəllim”, 50 “Ən yaxşı məktəb” müsabiqəsini keçirən Respublika Təşkilat Komitəsinin üzvü və ümumtəhsil məktəblərinin “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərirdi. Həyata keçirilən təhsil layihələri ilə bağlı onunla həm işçi qrupunun üzvləri ilə birlikdə, həm də ayrılıqda tez-tez görüşürdüm. Görüşlərimiz və müzakirələrimiz olduqca maraqlı və səmərəli olurdu. Azərbaycan təhsili ilə bağlı hər bir fakt və hadisəni tarixilik və müasirlik müstəvisində dəyərləndirməyi bacaran Fərrux müəllim elmi cəhətdən əsaslandırdığı, hamının diqqətini cəlb edən, dərin məzmunlu, aydın ideyalı təklifləri ilə hamının rəğbətini qazanmışdı. Fərrux müəllim onda çox cavan olsa da, müdriklik keyfiyyəti ilə diqqətimi cəlb etmişdi. Və onu da deməliyəm ki, bu üstün keyfiyyət yaşın hüdudu ilə deyil, onun daxili təbiətindən irəli gəlir. Mən bu keyfiyyəti onun Azərbaycan müəllimlərinin XIII qurultayındakı çıxışında da, birgə iştirak etdiyimiz çoxsaylı elmi-praktik konfranslarda da dəfələrlə müşahidə etmişəm.

Son dərəcə səmimi, genişürəkli, həmişə axtarışda olan insan kimi tanıdığım Fərrux müəllim istər elmdə, istər pedaqoji və elmi-pedaqoji kadr hazırlığında, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələri fəth etmiş xoşbəxt taleli ziyalılarımızdan, peşəkar maarifçi pedaqoqlarımızdandır. Məhz bu peşəkarlığına görə o, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu hazırlayan işçi qrupununa daxil edilmişdir.

Sanki müəllimlik onun boyuna biçilib. Saflıq, təmizlik, təvazökarlıq, xeyirxahlıq Fərrux müəllimi həmkarlarına, tələbələrinə, bütövlükdə insanlara sevdirən keyfiyyətlər sırasında aparıcı yer tutur. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsində alan, həmin fakültəni zamanın ən yüksək adlı tələbə təqaüdü ilə (Lenin) bitirən Fərrux müəllimdə Azərbaycanın klassik müəllimlərinə, maarifçi pedaqoqlara xas olan səmimiyyət və doğmalıq, ədəb-ərkan, səliqə-sahman, yüksək davranış və ünsiyyət mədəniyyəti cəmləşib. Hesab edirəm ki, Fərrux müəllimi həmkarlarına sevdirən məhz bu yüksək insani keyfiyyətlərdir.

Fərrux Rüstəmov 1982-ci ildə ali məktəbi bitirdikdən sonra az bir müddət təyinatla Quba rayonunda çalışsa da, 1985-ci ildən elmi-pedaqoji fəaliyyəti məzunu olduğu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. ADPU-nun əyani aspiranturasında təhsil almış, vaxtından əvvəl dissertasiya işini tamamlayıb Müdafiə Şurasına təqdim etmişdir.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkədə baş verən çətinliklərə – ailəsinin qədim Azərbaycan torpağı olan indiki Ermənistandan deportasiya olmasına, maddi və mənəvi sıxıntılar keçirməsinə baxmayaraq, elmi fəaliyyətini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilmişdir.

ADPU-nun “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayan F.Rüstəmov az sonra Ümumi pedaqogika kafedrasına dəyişdirilib, burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Fərrux müəllim ayrı-ayrı vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasına (1996-2000), “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının “pedaqogika, psixologiya, fəlsəfə” bölməsinə (2000-2004), Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və “Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.

Mənim də dəstək verdiyim həmin elmi-tədqiqat laboratoriyasının ADPU-da təşkil edilməsinin təşəbbüskarı məhz Fərrux müəllim olmuşdur. Yaxşı xatırlayıram ki, magistratura pilləsində “Monitorinq və qiymətləndirmə” ixtisası üzrə kadr hazırlığına ADPU-da başlanmasının təşəbbüskarı da Fərrux müəllim olmuşdur. Həmin ixtisasın Təhsil Proqramının və fənn proqramlarının hazırlanmasında onun xüsusi xidmətləri olmuşdur. O, həm də Təhsil Nazirlyinin sifarişi ilə hazırlanan “Müəllim peşəsinin professioqramı” layihəsinin müəlliflər kollektivinə rəhbərlik etmişdir.

Professor Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının professoru, 2007-ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.

Professor Fərrux Rüstəmov pedaqoji elmlər sahəsində sayılıb seçilən yaradıcı alimlərimizdəndir. O, çox zəngin elmi yaradıcılığa malikdir. İndiyə kimi onun 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet məqaləsi işıq üzü görüb. 15 kitabın tərtibçisidir. 100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. Onun “Pedaqogika” (prof. Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi” (2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005), “Pedaqogika tarixi” (2006, 2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) əsərləri tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilib.

Onun elmi rəhbəri akademik Hüseyn Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” (2000) adlı əsəri Rusiya Təhsil Akademiyası tərəfindən Moskvada nəşr edilmişdir. 2010-cu ildə Tehranın “Xor-şidafərin” nəşriyyatı Fərrux müəllimin “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını (377 s.) nəşr etmişdir. “Yarımcıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibçi-müəllifi olan prof. F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.Komenskinin “Böyük didaktika”, M.Ə.Rəsulzadənin “Seçilmiş pedaqoji əsəri”nə geniş “Ön söz” yazmaqla latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir. “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının ona həvalə edilməsi Fərrux müəllimin yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir. Elə bu səbəbdəndir ki, akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcığını səciyyələndirərək yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir. Fərrux müəllim təkcə “Azərbaycan pedaqogikaşü-naslığı” (2016, 888 s.) kitabı ilə özünə sağlığında ikən abidə ucaltmışdır. Fərrux müəllimin təhsil və pedaqoji fikir sahəsindəki tədqiqatlarını yüksək dəyərləndirən professor Yaqub Babayev yazır: “XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi üçün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və əzabkeşliklə yerinə yetirmişdir”. Ümumiyyətlə, mən belə hesab edirəm ki, Fərrux müəllim çox gənc yaşlarında Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib. Fərrux müəllimin elmi-pedaqoji fəaliyyəti və tədqiqatlarını nüfuzun göstəricisi kimi də-yərləndirmək olar. O, bu nüfuzu istedadı, zəhmətkeşliyi və bir də təvazökarlığı sayəsində qazanıb, pedaqoji elmdə səlahiyyətli söz sahibinə çevrilib.

Son illərdə intensiv olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetrinin tarixini araşdırmaqla məşğuldur. Araşdırmalarının nəticəsi kimi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019), “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020), “Azərbaycan Ali Pedaqoji İnstitutu” (2020), “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi” (1920) kitabları nəşr olunub. Universitetin tarixi ilə bağlı iki kitabı nəşrə hazırlanır.

Fərrux müəllim çoxcəhətli elmi-pedaqoji fəaliyyəti, zəngin elmi yaradıcılığı, respublika və beynəlxalq səviyyəli konfranslardakı dərin məzmunlu çıxışları ilə elmi, pedaqoji və təhsil ictimaiyyətinin sevimlisinə, favoritinə çevrilmişdir. Məncə, Fərrux müəllimi tanıyan hər bir adam etiraf etməyə bilməz ki, o, öz davranışında, insanlarla ünsiyyətində, bütövlükdə, gündəlik həyat tərzində klassik Şərq adət-ənənələri və nəzakət qaydalarını çağdaş Qərb mədəniyyəti ilə çox üzvi şəkildə uzlaşdıran ziyalı-alim-müəllimdir. Əlbəttə, burada söhbət təkcə zahiri davranış tərzindən deyil, həm də yüksək ziyalılıq mədəniyyətindən gedir. Heç şübhə etmirəm ki, bu uzlaşma Fərrux müəllimin tədqiqatlarının əsas istiqamətlərindən olan Şərq və Qərb pedaqoji fikir tarixinə dərindən bələdliyindən irəli gəlir.

Professor Fərrux Rüstəmov bir çox beynəlxalq elmi-nəzəri konfranslarda ölkəmizi ləyaqətlə təmsil etmişdir. Təsadüfi deyil ki, bu üstün keyfiyyətləri nəzərə alınaraq o, 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın, 2010-cu ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.

İdarəçilik sahəsindəki peşəkarlığı sayəsində Pedaqoji Universitetin Pedaqoji fakültəsinin dekanı seçilən professor F.Rüstəmovun gərgin əməyi, yüksək təşkilatçılığı ilə 2010-cu ildə həmin fakültənin 50 illiyi respublika səviyyəsində qeyd edildi. Deməliyəm ki, bu təşəbbüs ali məktəb işçiləri tərəfindən yüksək qiymət-ləndirildi. Təhsil naziri kimi iştirak etdiyim həmin tədbirin çox yüksək səviyyədə keçdiyini məmnuniyyətlə xatırlayıram. Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhər Təhsil İdarəsinin struktur rəhbərləri, universitet və institut rektorları, prorektorlar, Milli Məclisin deputatları, İran İslam Respublikasının səfiri, Türkiyə Cümhuriyyətinin Hacəttəpə Universitetinin Təhsil fakültəsinin 22 nəfərdən ibarət heyəti, tanınmış ziyalılar, şair və yazıçılar, fakültənin məşhur məzunları iştirak edirdi. Fakültənin 50 illiyi münasibəti ilə Fərrux müəllim Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olundu.

Professor Fərrux Rüstəmov elm və təhsil sahəsindəki xidmətlərinə görə 2006-cı ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2011-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. Böyük qürur hissi ilə qeyd edim ki, təhsil naziri kimi hər üç mükafatı Fərrux müəllimə mən təqdim etmişəm.

Fərrux müəllim həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-da “İlin muəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olmuşdur.

Son illərdə prof. F.Rüstəmovun yaradıcılığında yeni bir istiqamət – yaşlıların təhsili məsələləri formalaşmaqdadır. Bu problemlə bağlı o, Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada keçirilən Beynəlxalq konfranslarda iştirak etmişdir. Həmin konfranslarda oxunan məruzələrin materialları mütəmadi olaraq UNESCO-nun dəstəyi ilə “Obrazovanie na protəjenii vsey jizni: raznoobrazie idey konüepüiy form metodov texnoloqiy” adı ilə Sankt-Peterburqda nəşr olunur. Həmin məcmuənin 3 nəfər redaktorlarından biri də Fərrux müəllimdir.

Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadr hazırlığında da professor Fərrux Rüstəmovun səmərəli xidmətləri vardır. Onun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər isə müdafiə ərəfəsindədir. Elmi məsləhətçiliyi ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 3 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. O, 3 nəfərin elmlər doktoru, 18 nəfərin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın rəsmi opponenti olmuşdur.

Azərbaycan pedaqoji mühitində özünə möhkəm mövqe qazanan, fikirləri ilə hesablaşılan alimlərdən biri olan Fərrux Rüstəmov pedaqoji sahədə yeni bir ənənənin əsasını qoyub. Elmi redaktorluğu ilə dissertant və doktorantlarının (E.Mollayeva, T.Vahabova, G.Balayeva, A.Məmmədova, S.Bayramova, S.Hacıyeva, G.Məmmədova, X.Qocayeva, V.Qurbanova, K.Həsənova) əsərlərinin monoqrafiya şəklində nəşrinə nail olub. Həmin əsərlərə geniş “Ön söz” yazaraq tədqiqatçıların ilk qələm təcrübələrinə yüksək qiymət verib.

Professor F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutunda və ADPU-da fəaliyyət göstərən umumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda həmin Dissertasiya Şurasının üzvü və şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.

Professor Fərrux Rüstəmov ictimai əsaslarla müxtəlif elmi-pedaqoji qurumların işində yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, milli maarifçilərin təhsil-tərbiyə ilə bağlı ideyalarını, dövləti və dövlətçiliyi təbliğ edən publisistik yazılarla mətbuat səhifələrində, radio və televiziya verilişlərində çıxışlar edir. O, həm də ADPU-nun “Xəbərlər”inin “Kurikulum”, “Təhsildə İKT”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”nin, “Təhsil İnstitutunun Elmi Xəbərləri”nin və “Naxçıvan” Universitetinin Elmi xəbərləri”nin redaksiya heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir.

Professor Fərrux Rüstəmov həm də gözəl ailə başçısıdır. Oğlu Orxan ali təhsilini İngiltərədə, qızı Sevinc isə Azərbaycan Dillər Universitetində alıb. Sevinc hazırda İsveçin Hottenburq Universitetində magistratura təhsili alır.

Şərəfli alim-müəllim-ziyalı ömrünün 60 ili tamam olan pedaqoji elmlər dokroru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov qəlbi Vətən eşqi ilə döyünən xalq müəllimi, qələmi ilə elmin çətin zirvələrinə yüksəlmək üçün çalışan elm fədaisidir. Onda müəllimlik sənətinə bir vətəndaş yanğısı, Prometey dözümü var. Fərrux müəllimi yeni pedaqoji təfəkkürlü, müasir təlim texnologiyalarına yiyələnmiş müəllim hazırlığı daim düşündürür, bu ali məqsədə çatmaq uğrunda var gücü ilə çalışır. Ona bu müqəddəs yolda uğurlar diləyirəm!

Sözümün sonunda professor Fərrux Rüstəmovu anadan olmasının 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirir, Azərbaycan təhsilinin aydın və parlaq gələcəyi naminə ona möhkəm cansağlığı və uğurlar diləyirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.