Press "Enter" to skip to content

Siqareti necə tərgidim

Rasim Məmmədli,
“Ailəm” jurnalı, noyabr sayı

Siqareti tərgitmək üçün 7 üsul

Hər gün dünyada milyonlarla insan siqareti tərgitməyə çalışarkən elə eyni sayda insan belə zərərli vərdişə başlayır. Milli.Az siqaretdən xilas olmaq üçün effektiv üsulları təqdim edir:

1. Saqqız

Nikotin əvəzedici terapiyası zamanı orqanizmi aldatmaq üçün istifadə olunur. Siqaretdən imtina dövründə nikotin saqqızları orqanizmin müəyyən miqdarda nikotinə tələbatını ödəyir. Tərgidən insan simptomlardan əziyyət çəkmir. Nikotin saqqızının dadı da başqaları kimidir.

2. Nikotin plastırları

Nikotin saqqızları kimi effektivdir. Bu plastırların üstünlüyü istifadənin rahatlığıdır. Yapışdırırsan, 16 saat ərzində bəs edir. Dərman və saqqızın bezdirici əlamətlərindən qurtulacaqsız.

3. Elektron siqaret

Bəzi ekspertlər siqareti tərgitmək üçün elektron siqaretləri tövsiyyə etsələr də, digərləri belə üsulun qəti əleyhinədirlər. Çünki elektron siqaret “əl-dodaq” vərdişini tərgitmir. Bu səbəbdən də heç bir psixoloji aldatma baş vermir. Bundan əlavə, belə siqaretlərin tərkibi bəlli deyil.

4. Dərman vasitələri

Siqareti tərgitmək üçün həkimlər dərman preparatlarından istifadəni də tövsiyə edirlər. Bu dərmanların tərkibində nikotin olmaqla yanaşı, siqareti tərgitməyə sövq edən digər maddələr də var. Belə dərmanları qəbul edən adamların səhhətində problem olmamalıdır.

5. Kodlaşma/Hipnoz

Bütün həkimlər insanların psixologiyasını siqaretə qarşı kodlaşdırmağın əleyhinə deyillər. Bəziləri psixoloji təsirlə siqaretdən imtinanın mümkün olduğunu etiraf etsələr də, digərləri illərlə formalaşan vərdişin bir anda yoxa çıxacağına inanmırlar. Siqareti tərgitmək çətin işdir və heç bir psixoloji təsir imtinaya səbəb ola bilməz.

6. Kitablar

Mənim qardaşım 10 ilə yaxın siqaret çəkdikdən sonra tərgidə bildi. Allek Karrın yazdığı “Siqareti tərgitməyin asan üsulu” adlı kitabını oxuduqdan sonra zərərli vərdişdən imtina edə bildi. Artıq 4 ildir ki, çəkmir. Ancaq sonradan kitabı tövsiyyə elədiyi heç kim eyni uğuru qazana bilmədi. Allen Karr insanları psixoliji cəhətdən siqareti tərgitməyə hazırlayır. Kitabı oxuyub sona çatanda isə insan artıq çəkmək istəmir. Müəllif özü də etiraf edir ki, kitabı oxuyanların 95% tərgitməyə nail olsalar da, 5% insan bunu bacarmayıb.

7. Həkim yardımı

Həkimə müraciət edən siqaret aludəçiləri psixoterapevtik, psixoloji metodlardan ibarət kompleks müalicə kursu alırlar. Əgər insan mütəmadi olaraq həkimə getmək istəmirsə, heç olmasa, məsləhətlər almalıdır. Çünki çoxları siqareti tərgitməyə yardım edəcək dərmanların mövcud olduğunu bilmirlər.

Milli.Az

Siqareti necə tərgidim?

İnsan sağlamlığına ən böyük və ən təhlükəli təsirlərdən biri də siqaretdir. Siqaretin əks təsirləri barədə az da olsa, demək olar ki, hamı məlumatlıdır. Ancaq yenə də dünyada siqaretdən istifadə kütləvi xarakter daşıyır. Bu bəla nəticəsində həyatını itirənlərin sayı isə olduqca çoxdur. Amerika Onkologiya Cəmiyyətinin təklifi ilə Beynəlxalq Siqaretdən İmtina Günü 1977-ci ildən bəri dünyanın bir sıra ölkəsində hər il noyabrın üçüncü cümə axşamı qeyd edilir. Həmin gün bu bəla ilə mübarizə aparmaq təbliğ olunur və insanlara siqaretin sağlamlığa vurduğu zərərlər çatdırılır. Biz də həmin günlə əlaqədar bu sayımızı siqaretin sağlamlığımıza vurduğu zərərlərə həsr etdik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə ağciyər xərçəngindən ölənlərin 90, xroniki bronxitdən dünyasını dəyişənlərin 75, ürək işemiyasından həyatını itirənlərin isə 25 faizinin səbəbi siqaretdir. Bu isə orta hesabla hər 10 saniyədə bir siqaret çəkənin dünyadan köçməsi deməkdir. Hətta ehtimal hesablamalara görə bu rəqəm 2020-ci ilə qədər 3 saniyəyə qədər azala bilər. Bu sahədə atılan əsas addımlardan biri də Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə qəbul etdiyi tütünə qarşı mübarizə üzrə çərçivə konvensiyasıdır. Azərbaycanda da artıq bu konvensiyanın tələbləri əsasında tütünə qarşı geniş mübarizə işi aparılmaqdadır. Ancaq təəssüflə qeyd etməliyik ki, aparılan müşahidələr nəticənin heç də ürəkaçan olmadığını göstərir. Ən əsas problem isə yeniyetmə və gənclərimizin hələ də bu bəlaya meyilli olmasıdır.

“Hər 20 nəfər siqaret çəkən xəstədən birində ağciyər xərçəngi inkişaf edir”
Onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla jurnalımıza müsahibəsində siqaretin insan orqanizminə zərərləri barədə danışdı. Professor bildiridi ki, biz siqaret tüstüsündə yalnız nikotinin olduğunu eşitmişik: “Ancaq siqaret tüstüsündə kifayət qədər zərərli maddələr var. Bunların da ən əsası benzopiren törəmələridir. Politsiklik aromatik karbohidrogenlər – əsas xərçəng şişi törədən maddələr də bunlardır. Ümumiyyətlə, birmənalı olaraq sübut olunub ki, hər 20 nəfər siqaret çəkən xəstədən birində ağciyər xərçəngi inkişaf edir. Bundan başqa mədə, süd vəzi xərçəngi paralel olaraq siqaret çəkən adamlarda daha çox müşahidə olunur”.
Onkoloq-həkim ev şəraitində siqaret çəkilməsinin fəsadları barədə də xəbərdarlıq etdi: “Xüsusilə də, ev şəraitində siqaret çəkən adamlar düşünməlidirlər ki, həmin siqaret tüstüsü ilə evdə yaşayan digər şəxslər də nəfəs alırlar. Qadın, uşaq və evdə olan başqa insanlar – onlar da təbii olaraq, passiv siqaret çəkənlərə çevrilirlər. Ona görə də, qətiyyən ev şəraitində siqaret çəkmək olmaz. Siqaret çəkən adamlar mütləq evdən kənarda çəkməlidirlər. Şadlıq evlərində, restoranlarda, insanların toplaşdığı müxtəlif yerlərdə siqaret çəkmək də zərərlidir. Belə yerlərdə siqaret çəkmək xüsusilə hamilə qadınlara daha çox zərər vurur”.

“Süd vəzi xərçəngi siqaret çəkən qadınlarda daha çox rast gəlinir”
Son vaxtlar qadınların da bu zərərli vərdişə yiyələnməsi təəssüf doğurmaya bilməz. Kişilərdən fərqli olaraq qadınların orqanizminə nikotinin hansı təsirləri var? Bu suala cavabında professor bildirdi ki, siqaret ümumiyyətlə, insan orqanizminə ciddi mənfi təsir göstərir: “Ancaq qadınların siqaret çəkməsi ümumiyyətlə yolverilməzdir. Çünki, süd vəzi xərçəngi və digər kanserogen effektli situasiyalar siqaret çəkən qadınlarda daha çox rast gəlinir. Ona görə də, qadınların siqaret çəkməsi çox təhlükəlidir. Bir şeyi də unutmaq olmaz ki, onlar hamiləlik keçirirlər və belə olduqda siqaret birbaşa dölə təsir göstərir. Bu baxımdan bu işlə bağlı təbliğata daha çox diqqət yetirmək lazımdır. Hesab edirəm ki, televiziya kanallarında mənasız şou verilişlərindənsə bu cür təbliğatlar olsa, daha məqsədəuyğun olar. İnsanlar ən azından məsələnin nə qədər ciddi olduğunu dərk edərlər. Bundan əlavə damarların vaxtından əvvəl tutulması, daralması, ayaqlarda sinir prosesləri, həmçinin qanqrena hadisəsi də siqaretlə bağlı xəstəliklərdir. Nə yazıq ki, çox vaxt xəstələr buna əhəmiyyət vermirlər. Bundan başqa qırtlaq və ağciyər xərçəngi də siqaret çəkən adamlarda daha çox təsadüf edilir. Yəni, birmənalı olaraq statistika odur ki, hər 20 siqaret çəkən adamdan birində ağciyər xərçəngi inkişaf edir. Ən azı bu faktları bilə-bilə siqaretin nə qədər zərərli bir şey olduğu barədə düşünmək lazımdır”.

“Əsas məsələ iradədir, bu zəhərli vərdişdən azad olmaq lazımdır”
Siqaret çəkən adamlarla bu zərərli vərdişi tərgitmək barədə danışanda onu əsas gətirirlər ki, bu vərdişi tərgitmək çətindir. Bəs, görəsən siqaret asılılığı və tələbatı psixolojidir, yoxsa fiziki? Professor Adil Qeybulla bu suala da aydınlıq gətirdi. O bildirdi ki, əlbəttə siqaret çəkən adamlarda müəyyən qədər nikotin asılılığı var: “Necə ki, bizim müəyyən maddələrə, qidalara tələbatımız varsa, siqaret çəkənlərdə də belə asılılıq nikotinə qarşıdır. Məsələn, çay bizim məişətimizə daxil olub və bizdə çaya qarşı müəyyən asılılıq var. Siqaret asılılığı da belədir, siqaret çəkən adamlarda nikotin asılılığı var. Ancaq insan iradəli olsa, siqareti tədricən azaltsa, heç bir problem olmaz. Kim deyirsə ki, siqareti birdən tərgitmək olmaz, birdən tərgitsəm, başqa xəstəliklər yaranar – bunların hamısı bəhanədir. Əsas məsələ iradədir, bu zəhərli vərdişdən azad olmaq lazımdır”.

Siqareti tərgitsəniz, nə baş verəcək?
Təxminən 20 dəqiqə sonra arterial təzyiqiniz normallaşacaq. 8 saat sonra qanınızdakı dəm qazının miqdarı yarıbayarı azalacaq, oksigenin miqdarı isə artacaq. İki gün sonra orqanizm nikotindən təmizlənəcək, iybilmə və dadbilmə reseptorlarının həssaslığı normal hala gələcək. Üç gün sonra ağciyərinizdəki bronxiallar rahatlaşacaq və siz orqanizminizə daxil olan enerji axınını hiss etməyə başlayacaqsınız. Nəticədə, ümumi tonusunuz da yüksələcək. 2-10 həftə ərzində qan dövranı tədricən yaxşılaşacaq. 3-9 ay müddətində nəfəsalma ilə bağlı problemləriniz (öskürək, xırıltı və s.) azalacaq və ağciyərlərinizin həcmi 10 faiz artacaq. 1 il sonra ürəktutması riski iki dəfə azalacaq. 5 il sonra insult riski siqaret çəkməyənlər səviyyəsinə düşəcək. 10 il sonra ağciyər xərçəngi ehtimalı minimuma enəcək. 15 il sonra infarkt ehtimalı da adi insanlardakı qədər olacaq.

Bəs siqaretin ailə büdcəsinə təsiri necədir?
Adının açıqlanmasını istəməyən 35 yaşlı, iki uşaq atası siqaret alüdəçisi bildirdi ki, hər gün azı qiyməti 2 manat olan bir qutu siqaret çəkir. O, bu vərdişin təsir gücü barədə danışarkən qəribə, həmçinin təəccüblü bir misal da çəkdi: “Əgər cibimdə 2 manatım varsa, mən acamsa və siqaretim də yoxdursa, mən o pulu siqaretə verərəm”.
Filtrli siqaretlərin qiyməti təxminən 1 manatdan 3-4 manata qədərdir. Siqaret çəkənlər arasında keçirdiyimiz kiçik sorğu nəticəsində belə qənaətə gəldik ki, qiyməti 2-3 manat olan siqaretlər daha çox istifadə olunur. Bunu nəzərə alaraq, hər gün 1 qutu 2 manatlıq siqaret çəkən bir adamın siqaret xərcini hesablayaq: Hər gün bir qutusu 2 manata siqaret çəkən adam ayda 60 manat, ildə 720 manat, 5 ildə 3600 manat, 10 ildə 7200 manat siqaretə pul verir. Nəticədə isə, o, həm pulundan olur, həm də sağlamlığından. Allahın ona bəxş etdiyi ömrü də xəstə yaşayır. Yəqin ki, düşünməyə dəyər!

Rasim Məmmədli,
“Ailəm” jurnalı, noyabr sayı

Siqaretin inanılmaz faydaları

Başda özüm olmaqla ətrafımızda siqaret çəkən tanışlarımıza, dostlarımıza daim onun zərərləri haqqında danışırıq: Ciyərlərini məhv eləmə; qazandığının yarısını siqaretə xərcləyirsən; həm canın gedir, həm malın; yanında qoxudan durmaq olmur və s. və i.a. Bu kimi sözləri çox yaxşı bilirəm. Çünki tez-tez işlədirəm.

Amma bu dəfə qərar verdim ki, məsələyə optimist yanaşım. Və sizin üçün siqaretin faydalarını araşdırdım. Bəli, düz oxudunuz.

Axar.az xəbər verir ki, “Qaynarinfo”nun bu dəfəki mövzusu siqaretin faydaları haqdadır.

Siqaret ilk dəfə Amerika hinduları tərəfindən kəşf olunub. Amerikanın yerli qəbilələri tütünü “Sülh çubuğu” adlandırdıqları qamışa doldurub çəkirmiş. Hər şey böyük coğrafi kəşflər dövründə avropalı səyyahların Şimali Amerikaya gedib yerli qəbilələrlə “Sülh çubuğu”nu istifadə etməsindən başlayıb.

1492-ci ildən əvvəl Amerika qitəsində yerli əhali tütünü müalicə və dini ayinlərin keçirilməsi üçün istifadə ediblər. Xristofor Kolumb 1492-ci ildə Amerikanı kəşf edir və Avropaya geri dönəndə özü ilə bu qitədə heç tanınmayan tütün toxumlarını və yarpaqlarını gətirir.

Belə bir deyim var: ”Ağ dərililər Amerikadakı yerlilərin hamısını məhv etdi, buna görə də onlar ağ dərililərdən hələ də intiqam alır”.

Kolumbun ekspedisiyasında iştirak edənlərdən biri olan Rodriqo De Jeres bəlkə də tütün çəkən ilk ağ dərili olub. Bu onda asılılıq yaradıb və ruhunun şeytan tərəfindən ələ keçirildiyi iddia edilərək həbs edilib. 1493-cü ildə ilk dəfə İspaniyanın Barselona şəhərinə çatan tütün çox böyük sürətlə Avropada yayılmağa başlayır və milyonlarla insanı öz təsirinə salır. Bundan xeyli narahat olan bəzi ölkələr, xüsusilə də XVI, XVII əsrlərdə tütünə qarşı mübarizə aparıb. Hətta İspaniyadakı dini məhkəmələr tütün istifadəçilərini yandırıb. Osmanlı imperatoru IV Murad verdiyi “kim tütündən istifadə etsə, boynu vurulacaq” əmri ilə 1000-ə yaxın insanı edam edib.

Tütün II dünya müharibəsi zamanı daha da məhşurlaşdı və siqaret istehsalçıları böyük qazanclar əldə etdilər. Hətta II Dünya müharibəsinin məhşur bir şüarı var idi: “We need tobacco as much as bullet”, yəni “Gülləyə ehtiyacımız olduğu qədər tütünə də ehtiyacımız var”.

Bütün bunlara baxmayaraq, bütün sürətlə yayılır. Avropada siqareti əsasən ziyalı təbəqə olan “aristokratlar” çəkirdi. Jean Nikot Fransada siqareti məhşurlaşdıran insan idi və “nikotin” sözü də onun adı ilə bağlıdır. O dövr üçün siqaret çəkmək ziyalı təbəqədən olduğunu göstərməyin ən yaxşı üsulu idi. Yəqin ki, elə tütünün yayılmasının əsas səbəbi özünü ziyalı təbəqədən göstərmək istəyənlərin sayının artıq olması olub.

Və nəticə olaraq bu gün əlimizdə olan statistikalar heç bir qadağanın və cəza metodunun tütünə qalib gələ bilmədiyinin göstəricisidir.

Zərərlərinə yaxşı bələd olduğunuz siqaretin faydaları:

1. Avstraliyanın Adelaide Universitetinin alimləri yaxın zamanda müəyyən ediblər ki, siqaret çəkənlərin oynaqları, xüsusilə dizləri daha az zərər görür. Səbəbi açıqlanmasa da, bildirilib ki, nikotin hansısa yolla osteoporozdan (sümük sisteminin deformasiyası ilə müşahidə edilən xəstəlik) qoruyur, qığırdaq və vətərlərin dağılmasının qarşısını almağa kömək edir.

2. Aparılan bir neçə elmi iş sübut edir ki, siqaret çəkənlər parkinson xəstəliyindən daha az əziyyət çəkirlər. Deyilənə görə, tütün tüstüsü hər hansı müdafiə təbəqəsi yaradır. Anoloji nəticəyə Harvadrın elmi işçiləridə gəliblər. Ancaq onlar fərqli bir xüsusiyyəti də tapa biliblər – insanı siqareti atan kimi onun qoruyucu təsiri tamamilə itir.

3. Siqareti atdın – kökəldin, çəkdin – arıqladın. Bu nəzəriyyə aydındır. Ancaq 2009-cu ildə alimlər bu məsələnin kökünə gedib çıxıblar. Piy insan orqanizmində xüsusi zülal ayırır. Onu AZGP1 geni kimi kodlaşdırırlar. Məhz Nyu-Yorkun Kornel Universitetinin alimləridə bu gen üzərində işləyiblər. Onlar müəyyən ediblər ki, siqaret çəkənlərdə bu xeyli fəaldır. Yəni yağı yandıran zülalın yüksək səviyyədə yaranmasını təmin edir. Bu nəticələri siqaret çəkən və çəkməyənlərdən götürülən nümunələrin tədqiqi sayəsində əldə etmək mümkün olub. Düzdür, burada da tütünün tərkibindəki hansı maddənin genin yaranmasını sürətləndirdiyi hələ də sirr olaraq qalır.

Buna baxmayaraq, mütəxəssislər arıqlamaq üçün olsa belə, “tüstüləməyi” məsləhət görmürlər. Çünki kökəlmək sağlamlığı başqa təhlükələrlə üz-üzə qoymaqdan daha yaxşıdır.

4. Mütəxəssislər əmin edirlər ki, siqaret çəkənlərin arteriya damarlarını genişləndirmək çəkməyənlərə nisbətən daha asandır. Bu cür əməliyyatlar infarkt riskini azaldır. Alimlərin fikrincə, siqaret çəkənlər çəkməyənlərlə müqayisədə damarlarla bağlı problemlərlə tez rastlaşırlar. Onların damarları daha elastik olur.

5. Koreyalı alimlərin sözlərinə görə, qan damar sistemi xəstəlikləri və arterial damarda troblaşmanın profilaktikası üçün nəzərdə tutulan “Klopidogrel” adlı preparatlar siqaret çəkən insanlara daha yaxşı təsir edir. Effekt gündə 10 siqaret çəkənlərdə hiss edilir.

6. İlan, əqrəb kimi zəhərli heyvanların siqaret istifadəçiləri üçün heç bir təhlükəsi yoxdu, çünki onların bədənindəki zəhər ilanın zəhərindən daha güclü və daha təsirlidir.

Bu məsələnin tibbi tərəfləri idi. Ancaq hörmətli tütün istifadəçiləri, təbii ki, əldə etdikləriniz bununla bitmir:

7. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğrular siqaret istifadəçilərinin evlərinə girməyə cəsarət etmirlər. Çünki bu cür insanlar səhərə qədər öskürdükləri üçün, gecənin yarıdan çoxunu oyaq keçirirlər. Bu da, məlum məsələdir ki, oğrulara sərf etmir.

8. Bu insanların üzərlərinə milçək, ağcaqanad kimi həşəratlar qonmazlar. Çünki kəskin şəkildə nikotin iyi verərlər.

9. Siqaret istifadəçilərinin üzü, digər insanların üzündən daha rəngarəng olar. Çünki siqaretin təsirindən bığları və dişləri sapsarı saralır.

10. Bu cür insanlar qocalmazlar. Çünki elə gənc yaşlarından haqq dərgahına qovuşarlar.

P.S: Səhiyyə nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur.

Comments are closed, but trackbacks and pingbacks are open.