Press "Enter" to skip to content

Gürcü familiyası və yaxud gün nə zaman keçdi. Mətləb Ağa

Hekayə ayrı notlarla başlayır.

Anar gürcü familyası

Rzayev Anar-GÜRCÜ FAMİLYASI

GÜRCÜ FAMİLYASI

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən. Ağlıma heç kəs gəlmir.
Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.
Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?
Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim. Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim.
Şəhərə sübh obaşdandan baxasan. Ancaq o vaxt şəhərin əsl simasını, daş simasını, daş varlığını görə bilərsən. Bu zaman şəhər çılpaq, adamsız, hərəkətsizdir, yalxıdır Bəzək-düzəksizdir, səssiz-səmirsiz, danışıqsız, neon reklamsızdır. Vitrinlər də sükuta qərq olub, afişalar da. Daşlar donub, susub, uyuyub.
Tək-tənha bir piyadanın boş, adamsız, meydana damcılayan addımları. Asfaltı naxış-naxış bəzəyən narın yağış – səhər yağışı.
Moskvada və ölkənin başqa şəhərlərində yaşayan bütün dostlarımı, tanışlarımı xəyalıma gətirirdim – yenə bir şey çıxmırdı. Müxtəlif səbəblərə körə – heç biri ola bilməzdi. Bəlkə mənim Bakı tanışlarımdan, dostlarımdan biridir, Moskvadan gəlir, yox ki, yox. Heç biri ola bilməz, bircə Ceyhundan başqa.
Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda oxuyur. Vaxtilə mən də oranı bitirmişəm. Bəlkə gələn Ceyhundur. Yox, ola bilməz, əvvəla srağagün onunla telefonla danışmışam, ovqatının təlx olmasından bildim ki, pulu yoxdur. Onun halını yaxşı başa düşürdüm. Özüm də belə vəziyyətə az düşməmişəm. Moskvada, evdən uzaqda pulun qurtara, illah da bayramqabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndərərəm ona. Çox da olmasa, hər halda bayram xərcliyi üçün kifayət edər. Odur ki, çətin ağlım kəsir, bu söhbətdən sonra Ceyhun lapdan dura gələ Bakıya. Bir də axı gəlsə, daha adını niyə gizlədir?
Ağlıma bir fikir də gəldi.
Amma bu fikir – xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.
Nə isə, gümanlar, fərziyyələr içində vurnuxurdum ki, bir də gördüm bizim avtobus aeroportun təzə binasına yan alır. Bir memar kimi bu bina məni heç açmır. Mən, necə deyərlər, kənc və yenilikçi bir memar kimi var qəlbimlə hiss edirəm ki, binanın layihəsini çəkməyi mənə tapşırsaydılar, elə bir şey tikərdim ki, hamının ağzı açıq qalardı. Sərnişinlər bu binanı görən kimi qəşş edib trapdan yıxılardılar.
Bir neçə dəqiqədən sonra açıq eyvanda dayanıb indicə enmiş təyyarəyə sarı baxırdım. Təyyarənin qapısına trap çəkmişdilər, trapın başında hələlik tək bircə stüardessa durmuşdu. Mavi kostyumlu stüardessa. Sonra qapının haşiyəsində kök bir kişi göründü, yaşıl şlyapası vardı. Onun arxasınca cavan əsgər göründü, sonra uşaqlı arvad, başqa bir qadın, kişi, qadın. Aman allah! Xam xəyal. Qeyri-mümkün olan şey. «Ola bilməz». Bəli, odur ki, var. Ağlıma gələn və ağlımdan qovduğum fikir. Trapla hündür bir qadın enirdi. Yaraşıqlı və əzəmətli. Cavan və gözəl. Saçının qəribə burumu, paltarının qeyri-adiliyi dərhal onu başqalarından ayırırdı. Mən onu bir an içində – günəşlik, qara eynəklərini geyənə qədər tanıdım. Bəlkə bu geyimdə, bu qiyafədə üstəlik qara eynəyi də gözündə olsaydı, heç tanımayaydım da. Amma tanıdım – gözlərindən tanıdım.
Hər ehtimala qarşı bütün sərnişinlərə göz gəzdirirdim, amma artıq yüz faiz əmin idim ki, teleqram ondandır və ipdi ora-bura döyükərək məni axtarır.
– Salam, – dedim.
– Oqtay, ay allah, mən də dedim, bəlkə teleqramımı almamısan.
– Şeylərin hardadır?
– Heç nəyim yoxdur. əzizim, tez məni bir yerdə gizlət. Tez taksi tapa bilərik?
– Bu saat taparıq. Gedək. Xanım xarici kəşfiyyatdan gizlənir?
– Taksidə hamısını danışaram. Heç inana bilmirəm ki, Bakıdayam. Əzizim, amma sən heç dəyişməmisən.
Taksinin arxa yerində oturmuşduq, o, geri qaçan aeroport binasına, yola, hündür çıraqlara hərisliklə baxırdı.
-Əcəb qiyamət aeroportdur. Lal Beyrutdakı aeroporta oxşayır. Çoxdan tikiblər bunu?
— Üç il olar, – dedim. – Bəlkə bir deyəsən görüm axı.
— Bu saat, bu saat, hirslənmə. Bilirsən səni görməyimə necə şadam. Elə səni görməkçün gəlmişəm də.
«Belə alsaydı nə vardı ki – deyə düşündüm, – bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?»
– Çox gözəl,- dedim. Yaxşı, bəs niyə belə gizlin, sirli?
– Əcəb işdir, – deyə, təəccübləndi və pıçıltıya keçdi. – Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?
Əsmər mənim uşaqlıq dostum idi. On il bir sinifdə oxumuşduq. Mənim qabağımdakı partada oturardı.
Vüsal, ilk eşq, filan. yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan. Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox.
– Necə başa salım? Bu yaxında Bolqarıstandan qayıtmışıq. Camalı Yaxın Şərq ölkələrindən birinə göndərirlər.
Camal onun əridir. Böyük diplomatdır. Doğrudan, məcazi yox, hərfi mənada. Yalançılar sözü, Avropanın bütün ölkələrində işləyib. Az qala səfirdi, attaşedi nədi. Yox, əlbəttə, səfir yox, amma axır vaxtlar deyəsən, doğrudan da attaşe işləyirdi.
Adamlarda qəribə bir xasiyyət var – bir-biriylə əlaqələrini dramatik şablon üzrə qururlar. Məsələn, əvvəl mən filankəs haqqında çox yaxşı fikirdə idim, sonra onu tanıdım, gördüm nə yuvanın quşudur. Və yaxud: əvvəl o məni açmadı, amma sonra gördüm ki, qızıl kimi adamdır.
Bu şablonun, bu sxemin səbəbi, məncə, ondadır ki, hər adam sövqi-təbii bir dramaturqdur. Hər adamda dramatik inkişaf ehtiyacı, xarakteri açmaq, sücet hərəkəti yaratmaq, nə bilim daha nə ehtiyacı var. O ki, qaldı Camalla mənim münasibətlərimə – burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi. Yəni sözün düzü, axır vaxtlar son yeddi-səkkiz ildə heç onunla görüşməmişdik də. Bir dəfə ötəri, Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir. Vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə dedi: vəliəhd gözləyirik.
Sonralar Bakıda bildim ki, qızları olub.
Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər süni, bir qadər qeyri-təbii çılğınlıq vardı, amma indi yavaş-yavaş bu həyəçan, bu çılğınlıq qrim təkin onun üzündan yuyulub-silinir, yerinə: azacıq əsəbi nigaranlıq ifadəsi gəlirdi. Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi. Sənin neçə maskan var, – deyə vaxtilə mən ondan xəbər alardım. O vaxtlar, mənim belə suallar vermək yaşım çatmışdı, amma bu suallara özüm cavab tapmaq vaxtı hələ qarşıda idi.
– Bura bax, – deyə o, həvəslə sükutu, pozdu, amma bu həvəs özü bir qədər saxta idi, – bilirsən, hamıdan qaçmışam. Ərimdən, qızımdan, dostlarımdan, hətta dərzimdən – bu gün gərək onun yanına gedəydim. Düzdü, tamam, qaçmamışam, bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü təbrik edəm, amma görürəm sən çox da elə sevinmirsən.
– Boşla görək, həddindən artıq şadam ki, gəlmisən. Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki, hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm basdığım gün bu gün deyil, sabahdır.
– Necə yəni sabah? Bu gün 29-u deyil?
– Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May bayramına hədiyyə kimi.
– Yox, – bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə saldı, mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29-da gəlmişdim.
«İlahi, gör nəyi yadında saxlayıb? – deyə düşündüm və hiss etdim ki, qəhərlənirəm. Qəhərlənirdim ki, bu qadın, indi mənə tamamilə yad olan bu qadın, Diorun geyimlərilə bəzənmiş bu qranddama mənim baş tutmamış ilk sevdam – uzaq və unudulmuş uşaqlıq rəfiqəm o axşamı, 29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam – rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir. O il biz məktəbi bitirirdik, anam icazə verdi ki, bütün sinfimizi qonaq çağırım. Ad günümü də 30-dan 29-a, şənbə gününə keçirtdik. İndi neçə illərdən sonra o axşam burada taksidə bizim aramızda – Əsmərlə mənim aramda idi. O axşam Əsmərin mənə gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini kəsdirmişdi.
Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı, fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir beytini deyərdi. O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin uzun hörüklərinə o, – Şəbi Yelda deyərdi Sonra da bizə başa salardı ki, Şəbi Yelda ilin ən uzun kecəsi – 22 dekabr kecəsidir. Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən. O, birdən dayandı, bizə tərəf çevrildi və Əsmərə baxdı: – İndi sənin saçların 22 iyun gecəsidir, – dedi.
Bu obrazın Şərq poeziyasına heç bir dəxli yox idi. Onu bizim riyaziyyat müəllimimiz icad etmişdi.
Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyiaçıq, gah hirsli, üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən. Həmişə də səsli-küylü. Amma öləndə sakit öldü. Sakit və səs-küysüz. Səssiz-səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü neçə ay keçəndən sonra bildik. Belə uzun müddətdən sonra başsağlığına getmək gülünc çıxardı. Getmədim.
– Sən bildin ki, Babayev ölüb?!
O, qəmlənmədi, elə belə – üzünə kədər maskası taxdı.
– Hə, yazıq. Camal dedi mənə.
– Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə biz doqquzuncu sinifdə idik. Camal bizdən vur-tut yeddi-səkkiz yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi.
– Yaxşı, bir danış görüm nə var, nə yox. Necə keçir ömrün?
– Belə də, – deyə həvəssiz cavab verdim və hiss etdim ki, cavabımın soyuqluğu ona toxundu, odur ki, dərhal soruşdum:
– Sən danış. Sən necə yaşayırsan?
– Əla – dedi. – Əladan da əla. Əsas etibarilə xaricdə ömür keçiririk. Amma Moskvada da həyatımız əla keçir. Yeni evdə üç otaqlı mənzil. Telefonu, altında qaracı, vannada qara kafel, döşəməsi plastik.
– Sənə nə olub? Niyə özündən çıxmısan. Məgər mən sənə bir şey dedim?
– Ah, nə qədər həssassınız. Qəlbiniz nə qədər incədir. Bir şey dedim? Daha nə deyəcəksən? Dur bir söy də məni. Bir buna bax, sən allah. Mən atıla-atıla ordan durub gəlmişəm bura, elə bilirsən asan məsələ idi mənimüun? Gəlmişəm ki, o uzaq axşamı qaytarım, o axşam ömrümun ən xoş günlərindən biri idi. Bu cənab isə özünü çəkib oturub, qoyub özünü dağ başına, heç bu gün ad günü də deyil.
Mən güldüm.
– Əzizim, – dedim, – inan ki, sənin gəlməyinə dünyalarca sevinirəm. Bu mənimçün bayramdır, ən gözəl hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə neyləyim ki, dünyaya bu gün yox, sabah gəlmişəm. Əşi, bunun nə əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir şey soruşum.
– Yaxşı, qulaq – Bu, yeni bir maska idi. Qayğısızlıq, şən, oğlanvari şıltaqlıq maskası. – Moskvadakı, bolqar attaşesinin arvadı çoxdandır mənə təklif edirdi ki, Zaqorska gedək. Mən də razılıq verdim, sonra bir rəfiqəmi ona qoşdum, özüm də gəldim bura.
– Allah, sən saxla, bircə diplomatik əngəllər çatmırdı.
– Heç bir əngəl-flan yoxdur. Biz Camalla çoxdan Bakıya gəlməyə hazırlaşırıq. Bilirsən neçə ildir burdan çıxanıq. Bura gələndə də gərək azı bir ay qohumlara-tanışlara qonaq gedək. Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı böyükdür. Dünyanın yarısını gəzmişik. Hədiyyə-flan, özün bilirsən də. Mən daha bu illər ərzində hamıyçün hədiyyə alıb hazırlamışam, amma heç macal eləyib gələ bilmirik. Yəqin bu il də gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma mənim. – birdən o lap uşaq kimi dodaqlarını büzdü, – İçəri şəhər yaman düşmüşdü könlümə.
Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa – bir az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə pəncərədən dəniz görünərdi.
Müharibə çağının başqa uşaqları kimi, Əsmərin də uşaqlığı çətin olub.
– Bəs niyə deməmisən Camala?
– Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb? O heç dəyişməyib.
Yox, mənim yadımdan çıxmamışdı. Əsmər məktəbi bitirən kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif yoldaşlarıyla görüşməyi qadağan etmişdi.
Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı baxışlarını tuturdum. Əsmər yoldaşlarıyla çox deyib güləndə. Bizim yaşımız – bizim ümumi vətənimiz idi və bu vətəndə Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar başa düşdüm.
Əsmər Xarici dillər institutuna daxil oldu Camal orda dərs deyirdi, bir ildən sonra evləndilər, Camal ailəsindən ayrı, tək yaşayırdı, Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə zəng elədi və hamımızı qonaq çağırdı. – Ancaq düz 12-də ha»
Biz hamımız gəldik – oğlanlar, qızlar, bir yerdə böyümüş, bir-biriylə qapaz-qapaz oynayan uşaqlar. İndi də gözümün qabağındadır, ö gün.
Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası.
Əsmər Camalın adını belə çəkmədən: «Leksiyadadır, – dedi, – ikiyə qədər leksiyada olacaq. İki saat vaxtımız var», Bu sözlərdən hamı özunü daha da pərt, narahat hiss etdi. Ən çox da Əsmər özü.
Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlar isə otaqda qalmışdıq, eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür mexanizmlər və cihazlar quruldayır, hardasa su axıdılır. Biz özümüz də ağzımızı açıb servantın içinə tamaşa edirdik. Servantın içi növbənöv ekzotik içkilərlə və çeşid-çeşid xarici markalı siqaretlərlə dolu idi.
Sonra Əsmər hamımızı masanın arxasında oturtdu. Özü mətbəxə keçib, bir boşqab gətirdi. Boşqabda isə. İndi də bunu xatırlayanda boğazım qəhərlənir – boşqabda yeddi dənə ucuz kağıza bükülmüş dondurma var idi – hərəmizə biri. Əsmər düşüb, onları bizimçün almış və buz dolabının bir güncündə gizlətmişdi. O bizi bircə buna qonaq edə bilərdi.
O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm və birdən istədim onu götürüb burdan qaçam, heç bilmirəm hara, bəlkə yenə İçəri şəhərə.
Bundan sonra onu görmədim, bəlkə də təsadüfən bir-iki dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər.
– Bax deyəsən şəhərə çatmışıq. Evləri görürsən, bu lap təzə rayondur.
– Biz hara gedəcəyik?
– Bizə, əlbəttə, bizə.
– Yox, yox, nə danışırsan? Evdə anan, qardaşın.
– Bacım, – dedim, – qardaşım Moskvadadır. Oxuyur.
– Harda?
– Memarlıq institutunda.
– Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan?
– Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən illər keçdikcə adamın ağlı gəlir başına. Daha özünü bəşəriyyətin dahisi hesab eləmirsən, Dərk eləyəndə ki, sən də başqaları kimi sən, başqalarından birisən, rahatlaşırsan. Əsəbiləşmirsən, hövsələdən çıxmırsan.
– Gözəl fəlsəfədir. hansı dinə tapınmısan? Zaqorska gərək sən gedəydin.
– Bax, bu təzə şeydir. Məni indiyəcən bir çox şeylərdə ittiham ediblər – köhnəpərəstlikdə və yalançı novatorluqda, konservatizmdə və modernizmdə, ənənələrin əsiri olmaqda və ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan geri qalmaqda və sairə və sairə. Amma dindarlıqda hələ ki, ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin.
– Belə de. Harda belə səni ittiham ediblər. Deməli, sən böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn Pikasso kimi.
– Yox, yox, ağlın ora getməsin. Bütün bu qızğın mübahisələr bizim şöbənin daxilində cərəyan edir. Şöbəmizdə də cəmi-cümlətanı səkkiz adam var. Bəndənizin şəxsiyyəti və işi də orda müzakirə olunur.
– Yaxşı, axı sənin işin nədən ibarətdir?
– Rayon mehmanxanalarının layihələrini çəkirəm.
– Oy, Oqtay, əgər bilsəydin dünyada necə mehmanxanalar var. Bir mehmanxanalarda yaşamışıq, iki göz istəyir baxasan. Bolqarıstanda bilirsən necə otellər tikiblər, Zolotıye peski, Solneçniy bereq – adamın ağlı başından çıxır. Sən gərək görəsən onları. Camalnan mən.
«Camalnan mən» ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki, mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım.
– Yaxşı, nə deyirsən, bizə gedəcəyik?
– Yox, yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən başqa bir kimsə görməsin. Tanış-bilişi nəzərdə tuturam. Gəl elə belə şəhəri gəzək, göstər mənə Bakını, kecə də uçub kedəcəm. Geriyə bilet də almışam. Yaxşımı?
– Bəs şəhəri necə gəzəcəksən ki, istəmirsən səni görən olsun?
– Budey, bax, – deyə o, qara eynəyini gözünə keçirdi, – kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o Əsmərəm? Tanısalar da qoy isbat eləsinlər ki, mənəm, görək neçə isbat edəcəklər.
Sürücü mənə tərəf döndü:
– Yaxşı, xalaoğlu, – dedi. – Hara gedəcəyik.
– Bax, burda saxla, – dedim. – Gəlib çatdıq. Çox sağ ol.
Biz Dağüstü parka getdik, açıq yay kafesində yemək yedik. Bütün şəhər ayaqlarımız altında idi. Bütün şəhər. Göy dəniz, gömgöy dəniz, bir də ağ, ağappaq gəmi. Krasnovodska gedən «Qırğızıstan» gəmisi.
Bütün oğlan uşaqları kimi, biz də dəniz sərgüzəştləri haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və okeanları arzulayardıq. Belə vaxtlarda coğrafiyanı da unudurduq. Unudurduq. Unudurduq ki, Xəzər ancaq böyük bir göldür. Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib bir göl – təbiətin əcaib eksperimenti. Dünyanın ən böyük gölü. Ən böyük hovuzu. Ən böyük akvariumu.
«Qırğızıstan» açıq dənizə tərəf yönələrək uzun-uzadı fit verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb əriyirdi.
– O adanın adı nədir? – Əsmər əlini üfüqə tərəf uzatdı.
– Nərgiz.
– Nərgiz?
– Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm.
– Hə, hə, Nargin. Yadıma düşdü. Uşaqlıqda o mənə çox sirli və əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim. Ora getmək olar?
– İstəyirsən dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq, amma onu lap yaxından görəcəksən.
– Nə yaxşı, gedək də onda
– Axşam gedərik. Daha romantik olsun. – Hiss elədim ki, istehza ona toxundu.
– Gedək, – dedi.
– Gedək. Ya bəlkə bir şey istəyirsən?
– Yox, yox, nə danışırsan? Bilmirsən arıqlamaqçün nə müsibət çəkmişəm. İndi, deyəsən, normadayam. Elədir?
– Yüz faiz.
– Mən yoq sistemiylə arıqlayırdım. Bilirsən yoq sistemi nədir? «Yoq sistemi». İndi o, fransız xalçalarından, Kafkadan və Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu həmin o Əsmərdirmi? Həmin o Əsmər ki, səkkizinci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif curnalını yandırmışdı. Ədəbiyyat müəllimi ona üç qoymuşdu. Bu Əsmərin həyatında birinci «üç» idi. O, bütün dərslərdən əla alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat müəlliminin bu «namərdliyi» Əsmərə elə yer eləmişdi ki, curnalı yandırmaqla onun ürəyi soyumadı. Ədəbiyyat müəllimindən dəhşətli intiqam aldı. Nədisə bu müəllimdən heç birimizin xoşu gəlmirdi, özü də bilirdik ki, o, arvadından oddan qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq vermir, həm də yaman qısqancdır. Əsmər də bunu bilirdi. Bir gün – o gün ədəbiyyat müəllimi səhərdən ikinci növbənin axırına qədər məktəbdə dərsdə olurdu – Əsmər kişinin evinə gedib yazıq bir görkəmlə (masqa taxmağı uşaqlıqdan bacarırdı) müəllimin arvadından soruşub: «Müəllimə nə olub, nigaran qalmışıq, xəstə deyil ki? Bu gün məktəbə gəlməyib».
Bir fısqırıq qopmuşdu, gəl görəsən. Əsməri məktəbdən qovacaqdılar. Babayev birtəhər girdi qanının arasına. Ədəbiyyat müəllimi isə bir neçə gün özünə gələ bilmədi. Gözlərinin altında qapqara dairələr vardı.
– Əsmər, yadındadı ədəbiyyat müəlliminin başına nə oyun açardıq? Ocaqçının əhvalatı yadında?
Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər dəfə o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda da bu nədir, cavab verirdik ki, biz nə bilək, yəqin aşağıda ocaqçı işləyir. O, bizi başqa sinif otağına keçirtdi və biz hər şeyi təzədən başladıq. «Bu nədir, ocaqçı da bizim dalımızca gəzir», deyə o, təəccüblənirdi.
Əsmər:
-Yox, – dedi. – Ocaqçı kimdir?
Ancaq mən onun yadına salmadım. Belə əhvalatları unutmusansa, danışmağın heç bir mənası yoxdur. Bütün təfərrüatıyla xəyalında yaşamırlarsa, indi onları danışarkən sənə nə gülməli gələcək, nə maraqlı, nə məzəli. Başa düşməyəcəksən ki, bunun duzu nədədir.
Dənizə tərəf çıxdıq. Səhərin bu çağında dəniz bağı qoca qarıların, qucağı körpəli anaların, uşaqların ixtiyarında idi. Bir azdan sonra bura pensionerlər gələcək, təsbehli qoca kişilər. Əyinlərində köhnə pencəklər, əllərində təzə qəzetlər, arxalarında ötüb getmiş ömürləri. Sonsuz söhbətlər İldən-ilə, gündən-günə davam edən söhbətlər. Bəlkə də söhbətlər heç dəyişmirdi, söhbət edənlər dəyişirdi. Hər gün bura gələn qocalardan biri günlərin bir günündə gəlmir. Sonra başqa birisinin yeri boşalır. Bu yeri təzələri tutur. Təzə qocalar. «Yenibaşlayan» pensionerlər. Kimsə gəlir. Kimsə gedir.
Sonra axşam düşür. Bulvar orta yaşlıların olur. İş günündən sonra faydalı gəzintiyə – terrenkura çıxmış adamlar. Dəniz havasıyla ciyər dolusu nəfəs alan mötəbər kişilər, qadınlar. Ala-qaranlıq gizli xiyabanlarda isə cavanlar – sevişənlər skamyaların üzünü o biri tərəfə çevirib öpüşürlər.
Sonra kecə düşür. Gecənin bir yarısında tamamilə boş, adamsız bulvarda milisionerin addımları aydın eşidilir. O tərəfdən halay-valay vuran bir kefcil uzun çəkmiş məclisdən qayıdır. Sayıq milisioner diqqətlə onu izləyir. Amma kefcil kecəquşunun heç kəslə işi yoxdur. O heç bir qanunu pozmur. Özü üçün pəsdən oxuya-oxuya yoluyla gedir.
Amma indi səhərdir. Açıq, aydın bir səhər. Uzaq, seyrək ağ buludlar göy üzünə pərən-pərən dağılıb, günəşi tutmurlar, işığı gizlətmirlər. Bulvar da uşaqların ixtiyarındadır. Uşaqlar oynayırlar. Koslarını, oyuncaqlarını bir-biriylə bölüşürlər, Qoğallarını, bulkalarını bir-biriylə bölüşürlər. Bir də ötən gün ərzində dünya haqqında öyrəndikləri təzə xəbərləri, məlumatları bir-biriylə bölüşürlər.
Müəyyən lövhələr müxtəlif adamlarda bir-birinə bənzər düşüncələr oyadır, odur ki, Əsmər sualını verəndə fikirlərimizin eyni mənzilə gəlib çatmasına təəccüblənmədim.
– Sən niyə evlənmirsən?
Gülümsündüm və çiynimi çəkdim. Nə mənzil şəraitimdən söz açmaq istəyirdim, nə də ailə vəziyyətimdən. İstəmirdim deyəm ki, evin böyük kişisi mənəm, anam qocadır, bacım Çimnaz Bakıda oxuyur, qardaşım Ceyhun Moskvada. Həm də bütün bunlar səbəb deyildi. həqiqətin ancaq bir hissəsi, bir çərəyi idi. Tam həqiqət deyildi.
– Yoxsa and içmisən ki, subay qalacaqsan?
Bəlkə də haqlıdır. Mənim xasiyyətim ailə həyatıyla, uşaqla, arvadla çətin uyuşa. Amma birdən istədim Əsmərə danışım ki, bir may günü, işıqlı, aydın bir may günü küçədə bir «Moskviç» gördüm. Mavi «Moskviç» bir evin qarşısında dayanmışdı. Maşının dal pəncərəsindən bir tor bağlama görünürdü. Bağlamada cürbəcür yemək-içmək şeyləri, meyvə, göyərti vardı. Maşının yanında sağlam bədənli, küləş sifətli, cavan bir kişn dayanmışdı. Əynində qısa qollu yüngül köynək vardı. Yanında arvadı dayanmışdı. Üzdən sifayi, səliqəylə və zövqlə geyinmiş cavan bir gəlin idi arvadı. Yanında da uşaqları. Gül kimi tərtəmiz, səliqəli geyinmiş, daranıb sığallanmış uşaqları – yeddi-səkkiz yaşlı oğlan və dörd-beş yaşlı qız. Bir qədər kənarda bu ailənin dostları, onlar da arvad uşaqla dayanmışdılar və yəqin maşın gözləyirdilər. O vaxt birdən ani bir fikir keçdi başımdan ki, bütün bu şeylərdə bayağı heç nə yoxdur və mən özüm də azacıq istəyirəm bütün bunları.
Əsmər məni fikirlərimdən ayırdı:
– Bilirsən Moskvayla Bakının fərqi nədədir? Bakı dənizə dirənir, qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qurtarır, bitir, necə başa salım səni, belə elə bil ki, dənizə tökülür, dənizə aşır, bax bu sahil evlərinin, ağaclarının əksiylə birlikdə suya düşür. Amma Moskva. Moskva qurtarmır, bitmir, yavaş-yavaş yoxa çıxır, kənarlarında əriyib gedir.
– Bəlkə də sən düz deyirsən. Moskva tez-tez mənim yuxuma girir, istəyirəm hər şeyi atıb minəm təyyarəyə, lap sənin kimi, uçub gedəm.
– Belə çıxır ki adam həmişə hardansa harasa getmək istəyir.
– Dərin fəlsəfi fikirdir.
– Bəsdir məni doladın. İnciyərəm səndən bax.
Bulvardan çıxıb İçəri şəhərə tərəf getdik.
– Bir adamnan kəzib eləyirsən – deyə o, qəfilcə soruşdu.
– Yox, – deyə mən ani cavab, verdim, sonra düşünüb tələsik: – «hə» demək istəyirdim, – dedim. Gördüm ki, çox gic çıxdı və dərhal zarafata saldım, – mən bəzən «hə» yerinə «yox» deyirəm.
Əsmər sakitcəsinə:
– Olur, – dedi. – Mən də ömrümdə bir dəfə yox əvəzinə hə demişəm. Amma bu başqa söhbətdir.
– İçəri şəhəri sökürlər, Köhnə evləri, küçələri.
– Sən nə danışırsan, – onun üzündə dəhşət ifadəsi vardı. – Ola bilməz. Bu, tarixdir, keçmişdir. Başa düşürsən, İçəri şəhər memarlığın folklorudur, onu əsrlərlə tikiblər, müxtəlif nəsillər, müxtəlif adamlar.
– Bilirəm, bilirəm, əzizim. Hər halda axı mən də memaram. Deyirsən ki, İçəri şəhər memarlığın folklorudur. Bunların hamısını mən bilirəm. Amma bir məsələ də var. Axı. adamlar belə bir şəraitdə yaşaya bilməzlər. Bu köhnə evlər, əyri-üyrü küçələr, natəmizlik.
-Düzdür, düzdür, razıyam səninlə. Qoy adamları köçürtsünlər.
– Evlər isə qalsın. Gözəl fikirdir, Bizim müdir eşidəydi sənin bu sözlərini, Şəhərin tən ortasında böyük, boş, adamsız bir ərazi – sentimental uşaqlıq xatirələrinin abidəsi.
– Dayan, Oqtay, dayan görüm. Bəsdir yuyub apardın məni. Bura bax, deyəsən bu döngə mənə tanış gəlir. Hə də, əlbəttə, bax, bizim ev ordadır.
– Sizin ev orda yoxdur. Söküblər.
– Necə yəni söküblər? Anam rəhmətliyə təzə evdə mənzil verəcəkdilər, amma mən elə bilirdim ki, bu ev qalıb.
Biz Əsmərgilin evinin xarabalarına çatdıq. Qarşıda yarı-sökülmüş boş evin şüşəsiz-közsüz pəncərələri bu xarabalara baxırdı.
– Bax bu evi gərək tanıyasan, sizin evin düz qabağındadır.
– Əlbəttə, tanıyıram. Məsmə xala bu evdə olurdu. Novruz qabağı şəkərbura, paxlava bişirəndə iyindən yata bilmirdik. Bütün gecəni bişirərdi. Bilirdik ki, səhər bizə də pay göndərəcək, amma sabaha qədər dözə bilmirdik.
Əsmər çığıra-çığıra danışırdı, çünki otaydakı üçmərtəbə evi dağıdan buldozerin səsi qulaqlarımızı batırırdı. Vaqon dəhlizləri kimi dar küçələr, balkonları vaqon kupelərinin üst yerləri kimi az qala bir-birinə toxunan evlər. Bütün bunların yerində indi nəhəng boş bir meydan qalmışdı daşlı, kəsəkli, tozlu, əhəngli meydan. Orda, burda atılmış lazımsız nimdaş əşya qırıntıları, hifz olunmuş divar parçasının gərəksiz şirli naxışı, sınıq aftafa, qırıq krant, paslı boru – boş meydan. Bu meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu buldozer işləyir, sökür, dağıdır, uğuldayırdı, nədənsə onun nömrəsi yaddaşımda həkk olunmuşdu: QTP-44.
Bilmirəm, nədənsə, birdən şer oxumağa başladım. Buldozerin səsini batırmağa çalışaraq Əsmərə şer oxuyurdum:
Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası,
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
gecələrini
dünyada ntən tarix tikəsi,
içindən bayır şəhərə,
böyuk şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
Biçarə şəhər,
İçəri şəhər.
– Kimin şeridir bu?
– Vaqif Vəkilovun, – dedim, – cavan şairdir. Yəqin sən tanımırsan.
– Bilirsən, – dedi, – İçəri şəhərdə biz elə bil böyük kommunal mənzildə yaşayan kimiydik. Hamı bir-biri haqqında hər şeyi bilirdi. Birinin radiosu çalırdısa, bütun məhəllə üçün çalırdı. Birinin dərdi, yası olanda ağlaşma səsi hamının evinin içində idi. Xörəklərin iyi də həmçinin. Bir uşaq qızılca oldumu, bütün uşaqlara dəyəcəkdi.
Əsmərin sözləri mənimçün nə qədər yaxın idi. Axı mənim aləmimdə də İçəri şəhərin təkrarsızlığı məhz bunda idi.
Biz İçəri şəhərə qala deyirik. Bir memar kimi, mənim fikrimcə, Qala – müasir şəhərlərdir, hərə öz qınına çəkilən kimi mənzilinə, öz hücrəsinə çəkilir, pilləkənlər, pilləkən meydançaları da yalnız körpüdür. Bu körpüdə qonşular yalnız təsadüfən körüşə bilərlər. Belə körüşlər heç vaxt tanışlığa, dostluğa, yaxınlığa səbəb ola bilməz. Körpülər, ya da vaqonlar arasındakı buferlər. Buferlərdə tanış olub dostlaşmaq olarmı? Hərə öz evinə – öz kupesinə çəkilir. Bu kupeli vaqonlar – müasir evlər müqabilində – İçəri şəhər ümumi vaqondur. Sevinci, kədəri, narahatlığı, yuxusu müştərək ümumi vaqon. Davaları, qeybətləri, iyləri – müştərək, toyları, yasları, qayğıları müştərək. Müasir şəhərin rahatlığı qarşısında İçəri Şəhərin nəyi var? Natəmizliyi, çirki, narahatlığı, yamaqları. Qoca sifətinin qırışları kimi əyri-üyrü küçələri. Yanpörtü; dayanmış şikəst, əlil evləri. Bəli. Amma bir də insaniliyi, ünsiyyət sevinci, ümumi taleyin əvəzsizliyi ki, onun yerini heç nə verməz. Bir də bizim uşaqlığımız. Hər daşda izi qalan uşaqlığımız. – Budur, İçəri şəhər.
Babalarımızın yaşayışı, diriliyi, ömrü-günü.
– Bütün bunları nəylə əvəz edəcəksiniz, Oqtay, – deyə Əsmər yenə də mənim fikirlərimə cavab verirmiş kimi soruşdu: – Şüşədən və betondan təzə evlər tikəcəsiniz, eləmi, modern qutular?
– Bəli, – dedim, – çalış ki, hisslərini bir balaca cilovlayasan və ağıllı-başlı fikir elə. Adamlar gərək rahat yaşasınlar, evlərində hər bir rahatlıq olsun. Ona görə də onları burdan köçürmək lazımdır. Bəs evlər nə olsun? Əlbəttə, tarixi əhəmiyyətə malik olan binalar saxlanılacaq.
– Tarixi əhəmiyyətə malik binalar! Mənimçün tarixi əhəmiyyətə malik olan bina – anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım ev.
O məni əsəbiləşdirməyə başlayırdı.
– Yaxşı, – dedim, – çox közəl, bəs onda niyə əlivə fürsət düşən kimi bu əziz-xələf evi tərk etdin? – Bunu deməyimə peşman oldum. Gərək deməyəydim.
O cavab vermədi. Bir neçə addım atdı. Keçmiş evləri səmtə. Dayandı. Evləri bax bu yerdə idi. Otağı da bax burda. Pəncərəsiz otağı. Çarpayısının yanına anası köhnə xalça vurmuşdu – evdə olan ən qiymətli şey bu xalça idi. Xalça Əsməri divarın rütubətindən qoruyurdu. Əsmər mənə sarı döndü.
– Gedək, – dedi.
İstədim onun başını qatam, qəmli xatirələrdən ayıram, İçəri şəhərin təzə planı haqqında danışmağa başladım.
– Dayan, – dedi. Dayandıq. O, nəyəsə qulaq verirdi. Mən də dinləməyə başladım. Küçənin o tayından iki arvad keçirdi və bir-biriylə danışırdı:
– Ağəz, qaragünə deyirəm, başıvın çarəsini qıl, şoğəribnən işin olmasın.
– Qadam onun ağzına, başında ağlı olsaydı, gədəni onun-bunun qapısına salmazdı ki.
Arvadlar tini buruldular va Əsmər mənə İngiltərədən danışmağa başladı. İki il bundar qabaq onlar İngiltərədə yaşayırdılar və Əsmər oranın səmasından danışırdı, Orda göy, – deyirdi, elə alçaqdır, elə bil əlini uzatsan – Həm də elə bil solub. Elə bil buludları göyə divar kağızı – oboy kimi çəkiblər.
Sonra biz Xan sarayının içinə girdik. Daxili həyətlərdən keçdik, pillələrdə dayandıq. Görəsən institutda, işdə mən bu abidəni neçə dəfə tədqiq etmişəm, köçürmüşəm, çəkmişəm, öyrənmişəm. Amma elə bil indi onu ilk dəfə görürdüm. Mən onun səthlərinin dahiyanə ahənginə, tənasüblərinin simmetriyasızlığına sanki yenidən valeh olurdum. Divanxananın mübhəm ala-qaranlığı, daxili həyətlərin sakitliyi, sarayın əzəməti – elə bil bütün bunlar ən dərin mənasını mənə ilk dəfə açırdı. Xan sarayının böyük meydanında dayanıb İçəri şəhərin mənzərəsinə tamaşa edirdik. Mən daşın müdrikliyi haqqında düşünürdüm. Düşünürdüm ki, bütün bunlar nə böyük səadətdir. Mən İçəri şəhər küçələrinin ad lövhələrinə, hansısa diş həkiminin elanına baxırdım və ağlıma gəlirdi ki, bu yazılar İçəri şəhərin əbədi daşlarını təhqir edir, ədəbsiz görünür. Elə bil Miloslu Veneraya naxış vurublar.
. O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Bir az geri qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağa əvəzinə, sola gedək dedim.
Əsmər:
– Buğda, arpa, – dedi.
Bizim idman müəllimimiz belə deyərdi. Məşqlər zamanı bir adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz deyərdi ki, solu-sağı yadında saxlaya bilmirsənsə, yadında saxla arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi. Bz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı:
– Bəs sən mənə bir şey demək istəmirsən? Yenə də görünür ki, fikir axınımız bir mənzilə çatdı və Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim:
– Yadında o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün. – Bir az susandan sonra əlavə etdi. – Hər şey başqa cür ola bilərdi.
Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz daima nə isə itiririk. Bəzən adam lap mat qalır. Adam harda, haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nə nə isə saxlayır.
– Acmamısan ki, hələ?
– Hələ yox. Bir-iki saatdan sonra.
– Yaxşı. İndi saat ikidir. İki saat da vaxtımızı öldürək.
– Əcəb nəzakətlisən. Deməli, mənimlə sən vaxtını öldürürsən.
– Yaxşı, sözdən söz çıxartma. İstəyirsən, gedək kinoya.
– Kinoya? Gedək.
Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. «Yaponiya müharibələrdə». Mən sənədli filmləri xoşlayıram – bu filmdə isə yapon xronikasının nadir kadrları vardı: ölümə məhkum pilotlar – kamikadzelər uçuşqabağı. Adamın əti ürpəşirdi.
– Bir onların sifətlərinə bax, – deyə Əsmər qulağıma pıçıldadı. – Dəhşətdir. Uçuşdan qabaq onların hamısına sakeyapon arağı verir dilər, təyyarəyə qalxa-qalxa onları çəkən kino-kameraya baxarkən bilirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və artıq heç bir şey onları bu ölümdən qurtara bilməz. – Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? – deyə Əsmər soruşdu. – Fikirlərini dəyişmirlərmiş ki? Ona diktor cavab verdi:
– Kamikadzelər yerdən qalxan kimi həyatla əbədi vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin tökmürdülər.
Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim. İşıq yandı. Film qurtardı.
– Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, – deyə o, qayğısız və şən gülümsədi. – Yaman acmışam. Yaxşı kabab yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar.
– Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də Bayıldadır. Gedək ora.
– Gedək.
Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının diqqətini cəlb edirdi və bizi hər tərəfdər süzürdülər. hamı bir balaca, ya əməlli-başlı dəm idi və, biz bu baxışların tən ortasında dayanmışdıq. Hələ ki, ancaq baxırdılar, amma qorxurdum söz-zad da atsınlar, odur ki bura gəldiyimizə lap-peşman olmuşdum. Yaxşı ki, bufetçi məni tanıdı, məsələni dərhal başa düşdü və bizə yanaşıb pəncərə qabağındakı masanın arxasına apardı. Mən arxam dənizə tərəf oturdum. Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş verən müddətdə çiynim üstündən dənizə və üfüqdə görünən çatılmaz Nargin adasına baxırdı.
– Nə içəcəyik?
– Şampan, – dedi. – Bilirəm, bu lap görməmişlikdir, kababla, şamdan içməzlər, amma mən istəyirəm. Yadındamı o axşam, sizdə.
Bəli, yadımda idi. Yadımda idi ki, o axşam bizdə Əsmər həyatında ilk dəfə şamdan içmişdi. Amma onun uşaqlıq xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş əsəbiləşdirirdi. Həyatın pozulmaz məntiqinə görə keçib gedənləri qaytarmaq cəhdi kimə gərəkdir. Əsmər niyə bütün olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir. Bura niyə gəlib? Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət? Hiss edirdim ki, ovqatım getdikcə təlx olur, qarşıdakı pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara baxırdım və qanım daha da qaralırdı.
Kabab gətirdilər, göy-göyərti, turşu.
– Yüz ildir kəvər yeməmişəm, – deyə Əsmər ləzzətlə kəvərə kirişmişdi. Xidmətçi şampanları açırdı.
– Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir diplomatik məclis vardı. Camal da xidmətçini közləmədi, şampanı özü açmağa başladı. Tərs kimi şampanın tıxaçı sıçradı, gedib düşdü Latın Amerikası ölkələrindən birinin səfirinin boşqabına, Camalın rəngi-rufu qaçdı, mən də qorxumdan əsirdim. Amma allaha şükür, səfir baməzə adam imiş, zarafata saldı, keçib ketdi. – Əsmər bir qurtum şampan içdi. – Yaxşı, sağ ol, içək sənin sağlığına.
– Yox, bir dayan, tələsmə. Birinci tost sənin sağlığına. Mən çox şadam, çox, lap çox şadam ki, sən gəlmisən.
Birinci badəni içən kimi başa düşdüm ki, bu gün mənə şampandan bir şey olmayacaq, daha əsaslı bir şey lazımdır.
– Etiraz etmirsənsə mən özümçün araq sifariş eləyim.
– Elə də.
Araq stəkanını başıma çəkdim və hiss etdim ki, bütün təfərrüatlar, xırda detallar hamısı əriyib gedir və əsas şeylər qalır. Mənim xəyalımda da keçmiş oyanırdı, tikə-tikə, parça-parça oyanırdı. Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox. Keçmiş illərin ərzində hissi varlığını itirmişdi, sadəcə hadisələr, faktlar sadalığı kimi qalmışdı, ona görə də heç bir duyğu oyatmırdı. Mənim xəyalımda yaxın keçmiş – hələ solub sönməmiş, uzaqlaşıb itməmiş keçmiş – təhsil illərim, Moskva canlanırdı. O illər, o künlər ki, bütün həyatım hələ irəlidə idi. Qəribə, dumanlı arzularla, xəyallarla dolu ömrüm – hələ ancaq kələcək idi. Ömür tərəzimin keçmiş gözü yüngül idi, göyün üzünə qalxmışdı. Gələcək gözü ağır idi, dolu idi, yükündən aşağı düşmüşdü.
Qarşımdakı həyat böyüklüyü və təxminiliyinə görə sərhədsiz-kənarsız, formasız və sahilsiz bir şey kimi görünürdü. Elə bil uzaqdan yaxınlaşdığın naməlum bir şəhərin peyzacıydı. Hər şey də bir az duman içində idi. Elə bil ekranda fokusu düzəlməmiş filmə baxırsan. Bu dumanlı mənzərədən- dumanlı şəhərin siqnal işıqları kimi, televiziya qülləsinin qırmızı işıqları kimi ayrı-ayrı nöqtələr körünürdü – hadisələr, qələbələr, döyüşlər. Ancaq bu gələcəyə yaxınlaşdıqca, yaşın artdıqca, kənd kinomexanikinin göstərdiyi film-dəymiş kimi fokus düzəlir, duman çəkilir, dumanın arxasından real həyat çıxır – real həyatın konturları, formaları, sahilləri, sərhədləri və onda bir çox şeyləri başa düşməyə, düzgün görməyə başlayırsan. Başa düşürsən ki, dünyanın rəngi bozdur və ayrı-ayrı hadisələr, qəribə işlər varsa da, onlar vadilər kimi vaxtın sonsuz səhrasında itib gediblər. Həyat elə uzundur ki, parlaq ola bilməz. Və ancaq sonda – axıb getmiş keçmişə dönüb nəzər salarkən çıxıb getdiyin, əbədi tərk etdiyin şəhərə baxan kimi, ona baxarkən, yenə də başa düşürsən ki, bu arxada qalan şəhər, bu mənzərə, bu axşam qaranlığında görünməzləşən keçmişində hər halda nəsə var – hadisələr, sevinclər, qələbələr, məğlubiyyətlər. Və indi onları körürsən – tərk etdiyin şəhərin axşam qaranlığında televiziya qülləsinin işıqlarını görən kimi.
İçən kimi başlayıram çərənləməyə, dərin qırıldatmağa. Necə deyərlər, stəkanda tufan. Amma su stəkanında yox, araq stəkanında.
Çaxırla dəm olmaq – işdə pillə-pillə qalxmaq kimidir. Bəs araq? Bir stəkan bəsdir. Bir stəkandan sonra kim istəsən olursan. İçən kimi Moskvadayam. Təyyarəsiz, qatarsız, pulsuz, biletsiz. Daraqomilov küçəsində yasəmənlər açır, bütün dostlarım yanımdadır, dünyada nə qədər közəl şeylər var – axşam radio xoru, «küçələrə su səpmişəm» mahnısı, Moskva mayı, kişi dostluğu, arvad barmaqları – uzun sərin barmaqlar, dəniz, yazın erkən çağında torpaq, Zuğulbada aylı kecə, Ağsu dolamalarını keçəndən sonra yağış, Tallinin qışı, Kürcüstan, bir də Heminqueyin yazdığı iri, ləng atlar – Monsuri parkındakı atlar, Monsuri parkı Parisdədir. Parisdə də, mən heç vaxt olmamışam. Bir də İçəri şəhərin əbədi daşları – heç kəsin dağıdıb sovura bilməyəcəyi daşlar. Əsmərə danışdım ki, bir dəfə bir dostumla İçəri şəhərə gəlmişdik. Qədim hamamı sökürdülər. Kiminsə səhlankarlığı ucundan hamama tarixi abidə lövhəsini vurmayıblar, cavan, sarışın buldozerçi də entuziastlar mahnısını oxuya-oxuya müdhiş maşınını bu yazıq, biçarə, sanki qorxusundan büzüşüb qalmış tikintinin düz üstünə sürürdü. Biz haray-həşir qaldırdıq. «Mənə nə var, – dedi, – mənə deyiblər, mən də sökürəm. Yoldaşım qaçdı ora-bura zəng eləməyə, mən də oturdum buldozerin parçına. Buldozerçiyə dedim ki, hünərin var, məni burdan düşür.
– Bilirsən gəl nəyin sağlığına içək? Bax, sən Moskvadan uçub gəlmisən. Camalla dünyanın yarısını gəzmisiz. Amma ən yaxşı səyahət bilirsən hansıdır? Bilmirsən. Ən yaxşı səyahət araq şüşəsinin boğazından dibinə səyahət etməkdir. Gəl bax bu səyahətin sağlığına içək.
Bu mənim ənənəvi tostumdur. Kiminsə başını tovlamaq istəyəndə bu tostu deyirəm. Bəs Əsmərə niyə bunu dedim? Ancaq daha özümü saxlaya bilmirdim. Danışır, danışır, danışırdım. Deyirdim ki, heç vaxt bir adam başqasını başa düşə bilməyəcək. Deyirdim ki, allah yoxdur, amma mən bir dəfə onu eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi – insanları təklik kameralarında bağlayıb, indi də gəzir özüyçün, açarlarını cinkildədir. Amma bu təklik kameralarında insanlar hamısı eyni şeyləri görür – ulduzları, ayı, buludları, çarmıxa çəkilmiş səmanın bir tikəsini, bir udumunu, yağışı – bizim ümumi ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır. Seyf kimi, şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, çünki birinin açarı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarlarını da basdırırlar. Biz öləndə də torpağa bizi – heç bir vaxt açılmamış şkafları basdıracaqlar.
Aman allah, mən nə qədər boş-boş danışırdım. Dəm olsam da, birdən hiss elədim ki, o, mənə qulaq asmır və harasa baxır.
– Hara baxırsan? – deyə mən kəskin soruşdum.
– Orda güzgü var. Güzgüyə baxıram görəm mən hansı cür şkafa oxşayıram.
Dənizə tərəf getdik. Gəmiyə iki bilet aldım.
Dənizdən əsən külək Əsmərin saçlarının mürəkkəb səliqəsini alt-üst edirdi, o iki əllə yaylığından yapışıb, saçlarını birtəhər qorumağa çalışırdı. Mən onun çiyinlərini qucaqladım. Gəmi şəhərdən get-gedə uzaqlaşır, dənizin çil-çıraqlarının əksinə boyanmış işıqlı tərəfindən ağır qaranlığına doğru gedirdi. Televiziya qülləsinin konturları itmişdi, onun qırmızı işıqları-gecənii düymələrinə oxşayırdı.
-Əsmər dəsmalıyla üzünü örtdü, ancaq alnı və gözləri açıq qalmışdı. Alnı və gözləri közəl idi. Mən onun. baş yaylığını götürüb alnını və gözlərini örtdüm. İndi burnu, dodaqları, çənəsi açıq qalırdı və onlar da közəl idi. Mən yaylıqla onun sifətinin müxtəlif tərəflərini örtürdüm və hər dəfə qalan hissələr gözəl, kamil idilər.
Gəmi uzun bir fit verdi və geri dönməyə başladı. Mən barmaqlarımı onun sərin əlində gəzdirdim.
– Əzizim, – dedim, – sənin beş barmağın varmış.
– Qəribədir, eləmi, qəribədir ki, altıbarmaq deyiləm. O bu sözləri yaylığın dalından dedi, mən yaylığı onun dodaqlarından qopardım və Əsməri öpməyə başladım. Mən hiss elədim ki, yaylığı boynuma keçirdi və bərk-bərk dartdı. Onun sifətinin bütün formalarını, bütün əzalarını duyur və Əsmərin pıçıltısını eşidirdim.
– Bax, görürsənmi, səni buxovladım, yaylığımla. Biz aerodroma gedirdik və mənim fikirlərim quma batmış maşının çarxları kimi bir yerdə hərlənirdi. hərlənib eyni br cümləyə qayıdırdı: «Sahil boyu səpələnmiş balıqçı komaları. » Bu qırıq cümlə hardan düşmüşdü beynimə. Onun mənası nə idi, o kimdən, nədən danışırdı və nəyə görə bu cümlə bütün qəlbimi titrədir, ağrıdır?
Əsmər mühacirlərdən danışırdı. Müxtəlif ölkələrdə rast gəldiyi mühacirlərdən. Bəzilərinin görürsən güzəranı da pis keçmir, amma hamısının gözlərində eyni bir ifadə var – qəriblik, yalqızlıq ifadəsi.
Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər.
– Deməli, bircə Həştərxanda düşəcəyik, səhər də Moskvadayam. Heyf ki, sənin ad gününə qala bilmədim, Bir gör sən allah… – sonra o əlavə etdi: – Hələ ki, Moskvadayıq, gəl. Camalla mən çox şad olarıq. «Yenə də Camalla mən!»
– Mən bilmirdim ki, Camal belə mənsəb qazanıb. Diplomatik məclislərdə şampan açmaq nadir şəxslərə nəsib olan səadətdir.
– Yaxşı, acıdil olma, o, ayrı işlərlə də məşğul olur.
– Bilirəm, bilirəm, onun əlindən hər iş gəlir. Səhv eləmirəmsə, cavanlıqda çəkməçi olub.
– Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan. Bəli, Camal çəkməçilik eləyib, böyük, ailə saxlayıb və özü də oxuyub. Belə şeyə rişxənd eləmək ayıbdır.
Mən doğrudan da xəcalət çəkdim. Təyyarəyə yarım saatdan sonra minəcəkdilər, biz aeroportun kafesində oturmuşduq, vaxt çox ağır keçirdi. Elə dəqiqələr olur ki, lim-həlim doludurlar, heç bilmirsən necə keçirlər. Boş dəqiqələr də olur, içilmiş şüşə kimi, bilmirsən onları neyləyəsən. Minik elan edəndə rahat nəfəs aldım
– Bağışla, bir az artıq-əskik danışdım, – dedim.
– Eybi yoxdur,- o hələ də incik idi.
– İndi dediklərim heç, bayaq kababxanada da çox səfeh sözlər danışırdım.
– Keçər, – dedi və bu ondan eşitdiyim son sözlər idi.
Trapın yuxarı pilləsindən çevrilib, əl elədi, sonra təyyarənin qaranlıq qapısında qeyb oldu. Bir neçə dəqiqədən sonra o, uca qara köydə iki qırmızı, bir yaşıl işıq nöqtəsi idi. İyirmi dəqiqə də keçdi, ayın otuzu oldu və mənim sinnim bir yaş artdı. Bu vaxt mən şəhərə yaxınlaşırdım və kecə vitrinlərinin işıqları soyuq, soyuq idi.
Amma nə isə xoş bir rahatlıq hissi, azadlıq, asudəlik hissi içimi doldurmuşdu. Mən işim-peşəm haqqında düşünürdüm. Düşünürdüm ki, sabah, yox, artıq bu kün səhər iş masamın ardına keçəcəm. Masamın üstündəki böyük ağ planşet haqqında düşünürdüm, fikirləşirdim ki, tuşun nə yaxşı iyi var, yaxşı qəddənmiş qələmlərin nə gözəl forması var. Bir də düşünürdüm ki, işdən, fəaliyyətdən gözəl dünyada nə var və bunların olmaması nə böyük faciədir. Böyük şəhər – mənim peşəm – üstümə axırdı.
Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı.
– Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. – Əyilib məni öpdü, – sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir.
Mən teleqramı qapdım. İki söz. «Təbrik. öpürəm.» Bir də imza: «Kamikadze».

Gürcü familiyası və yaxud gün nə zaman keçdi. – Mətləb Ağa

Bu film və bu hekayə, məni niyə belə özünə çəkirdi (çəkir).

Hətta, bu ilin lap başlanğıcında, 40 yaşımın astanasında, bu filmin saundtreki olaraq xatırlayıb, internetdə axtarıb tapıb, “Ad günü ” filminin saundtreki (rəhmətlik Emin Sabitoğlu, min yaşa. ) olduğunu biləndən sonra da telefonuma yüklədim.

Amma, o musiqi bu filmə yaman yaraşardı.

Əvvəlcə filmdən (“Gün keçdi”, rejissor Arif Babayev, ssenari müəllifi Anar) danışım.

Daha doğrusu, filmin əvvəlindəki bir neçə kadrdan. Çünki, lap əvvəl filmdən yazmaq istəyirdim. Sonra elə filmdən yaza-yaza onun əsasında dayanan hekayəni (Anar, “Gürcü familiyası”) internetdə tapıb bir də oxudum. Fikrimi dəyişib bu dəfə hekayə haqqında yazmağa başladım. Bəlkə də, həm də işimin bir az asan olacağı üzündən.

Bu səbəbdən də, “Gün keçdi” barədə yazdıqlarıma da dəymədim.

Yazmışdım ki, filmin əvvəlində, yəqin ki, bu görüntülər təsadüfi deyil, rejissor və ya ssenari müəllifi bunu təsadüfən fikirləşməyib əvvəldə – balaca bir qızcığaz təbaşirlə asfalt üzərində bir qadın (qız) və bir kişi (oğlan) şəkli çəkir, birdən yağış yağmağa başlayır, o balaca qız da qaçıb gedir.

Özlüyündə aydındır bundan sonra olanlar, yəni, yağışdan sonra o çəkilmiş şəkil qalsa da belə, yağışdan öncəki şəkil olmayacaq, ola bilməyəcək. Bununla işim yox. Yağış başlayır, adamlar islanmamaq üçün ora-bura qaçışır, daldalanacaq axtarır, bu zaman fərqinə də varmadan qızcığazın min-bir əziyyətlə çəkdiyi şəkilləri hiss etmədən, görmədən ayaqları altında tapdalayır və yenə yağış yağır, belə-belə zaman keçir. gün keçir. və bir azdan heç nə əvvəlki kimi olmur.

Və bir də heç nə əvvəlki kimi olmayacaq.

Sonra o qız yenidən görünür ekranda, bu dəfə gülür kameraya. Ancaq onun gülüşü nədənsə mənə çox kədərli görünür. Gülmək istəmir elə bil. Deyəsən, balaca olsa da, bir azdan nə baş verəcəyini bilir axı.

Sonra Oqtay aeroporta gedəndə, əfsanəvi “Qaya” qrupunun ifasında ”Bir gecə mehman ol, gəl. ” mahnısı epizodik olaraq canlı səslənir. Küçənin ortasında.Hamı eşidir. Oqtaya acıq verirlər elə bil.

Hələlik Oqtay özü bilməsə də, Əsmər durub Moskvadan Bakıya, Oqtaya bir günlük “mehman olmağa” gəlir. Sonrasa heç nə. Həmişəki kimi. Oqtay susur.

Filmdə Oqtay Əsmərdən xoşu gəldiyini, ancaq onu heç vaxt sevmədiyini deyir tamaşaçıya.

Belədirsə, Oqtay Əsməri sevməyibsə, keçmiş məhəbbətinə bu qədər bağlı deyilsə, nə üçün Əsmərin teleqramını gətirən qonşu qızının ona zillənmiş maraqlı, həsrətli, nazlı baxışlarına belə biganədir, onu görmür? Hələ aeroportdakı kassada oturan qız da ona maraqla baxırdı axı. Bəlkə başqası var? İnanmıram. Oqtay niyə evlənməyib indiyə qədər? Özlüyündə bəhanələr gətirir. Ancaq bunlar bəhanələrdir. Müəlliflər də heç bir suala heç bir cavab vermir. Bilərəkdən yəqin. Sualları göstərirlər və cavabları tamaşaçının öhdəsinə buraxırlar. Bunlar da öz yerində.

Bunu da deyim: Film hekayədən daha təsirlidir. Daha çox tutur adamı.

Görünür, “yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi boş yerdən yaranmayıb.

İndi isə “Gürcü familiyası”ndan yazım.

Hekayə ayrı notlarla başlayır.

Görünür ki, Əsmər keçmişi ilə bağlı çox şeyi yaddan çıxarıb. Bir Oqtayla bağlı xatirələr isə hərfbəhərf onunladır, heç biri hərfini, rəqəmini, misrasını unutmayıb.İndi bu saat da Oqtayı düşünür. Oqtay yanında olsa da, beynindən çıxmır. Təsadüf ola bilərmi bu? Suallar verir ona. Belə: “Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?”

“Bir adamnan gəzib eləyirsən?”

“Sən niyə evlənmirsən?”

“Mən də ömrümdə bir dəfə “yox” əvəzinə “hə” demişəm. Amma bu, başqa söhbətdir”.

“Yadındadı, o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün? Hər şey başqa cür ola bilərdi.”

“Əcəb nəzakətlisən. Deməli, sən mənimlə vaxtını öldürürsən?”

“Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”

İllər əvvəl Oqtay nə üçün Əsmərə onu sevdiyini demir, onunla birlikdə olmaq istəmir?

Cavab burdadırmı? Yəqin:

“Bilirsən səni görməyimə necə şadam. Elə səni görmək üçün gəlmişəm də. ”

“Belə olsaydı nə vardı ki, – deyə düşündüm, – bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?»

Aha. Aydındır ki. Oqtay heç vaxt inanmır ki, Əsmər onu sevə bilər, onu sevir, onun ola bilər, hətta onu görməyə gələ bilər. Yəqin ki, “axmaq” olmasaydı, çoxdan bunu görmüş olardı. Çoxlu sübutlar var axı belə fikirləşməkdən ötrü ortada.

Ancaq Oqtay bu xoşbəxtliyə, Əsmər xoşbəxtliyinə inanmır. İnana bilmir. Yəni, gözəl, ağıllı Əsmər bu qədərmi aşiqdir ona? Belə çıxır. Baxın bir: Oqtay aeroporta Əsməri qarşılamağa gedəndə, müəllif bunu açıq yazmasa da, söhbət məhz Əsmərdən gedirdi axı. Gələn adamın kim olmasıyla bağlı. Bax, bu söhbət. “Ağlıma bir fikir də gəldi. Amma bu fikir – xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.”

Əsmər gəlir və deyir ki, Oqtay onun ilk eşqidir. Oqtay yenə də müqavimət göstərir buna ürəyinin inamsız dərinliklərində. Bilirəm, bu xoşbəxtliyə inanmadığındandır bunlar, bu cür olmağı. Bu, özünə istehzalı-filan münasibət də buradan gəlir elə:

“Vüsal, ilk eşq, filan. yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan. Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox. ”

Adam bu qədərdəmi özünə etiraf etməz olar bir şeyi?

Oqtay beləmi çox qürurludur? Nə bilim.

Ancaq bir az sonra, Oqtay Əsmər haqqında “baş tutmamış ilk sevdamdı” – deyir. Təsadüfmü sayaq? Niyə deyir, əgər elə deyildisə, Əsmərin sevdalısı deyildisə? Əlbəttə, elədir. Əsmər onun baş tutmamış ilk sevdasıdır. Oqtay bunu həmişə hamıdan gizlədib. Əsmərdən də. Hətta özünə də etiraf etmir. Orta məktəbdə oxuyanda uşaq cəsarətsizliyi, inamsızlığı ücbatından. Bu günsə “keçmişə qayıtmaq istəmirəm” – deyir. Hər halda özü belə deyir, bu barədə “rəsmi açıqlaması” budur. Budursa, onda müəllif niyə yazır ki, Oqtay indi də inanmır Əsmərin onu sevməsinə, ondan ötrü bu boyda Moskva-Bakı yolunu basıb gəlməsinə. Deməli, bu deyil.

Bu gün Bakıda birlikdə filmə baxdıqları yerdə baş verir bunlar:

“Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi, öpmədim.”

Niyə öpmədi? Mən artıq hər şeyi başa düşməyə başlayıram.

Mən Oqtayın dediklərinə inanmıram. Onun keçmişin qayıtmasından qorxmasına, keçmişə qayıtmaq istəməməsinə.

Əslində, indi elə belədir yəqin ki, Oqtay, Camalın əşyası olmağını Əsmərə bağışlamır.

Çətin söhbətdir də. Sənin ilk sevdan kiminsə əşyasıdır. Bağışlanmalı dərd deyil ki. (Əsərdə buna da işarə var, Oqtay artıq Əsmərin əri olan Camalın mənzilindən danışanda deyir bunları.)

Budur: “Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeyri-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası.”

Baxmayaraq ki, vaxtında Oqtay Əsmərin əşyaya çevrilməsinə mane olmağın bir addımlığındaydı. Camal onun yanından yel də olub ötə bilməzdi, əgər Oqtay istəsəydi. Nə olsun ki, Camal ingilis dili müəllimi idi, sonralar diplomat oldu, hətta şampan şərabı butulkalarını açmağı hamıdan yaxşı bacarır. Təəssüf. Bu gün Əsmər onunku ola bilərdi. Səbəbi nədir ki, olmadı?

Arada bunu da yaza bilərdim ki, Əsmər Oqtayı sevirdisə, Camalı istəmirdisə, niyə sonra durub Camala ərə gedirdi, nə məcburdu ki, nə qaçhaqaçdı?! Qoy cəzasını çəksin. Yazmıram. Hərənin öz bəhanələri var öz səhvlərini əsaslandırmağa. Çox vaxt gedər.

Oqtaydan danışaq yenə. Əgər Oqtay Əsməri sevməyibsə, sevmirsə, niyə belə fikirləşir, Əsmərin ərini niyə ilk gündən görən gözü yoxdur: “O ki, qaldı Camalla mənim münasibətlərimə – burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi. ”. Bu da aydındır. Camal Əsməri, dərdindən öldüyü Əsməri onun əlindən alıb.(Guya, Camal bir yana, Oqtayın Əsməri görən gözü vardı ki? )

Aşağıdakı fikirlər isə Oqtayın uşaqlığının acı xatirəsidir. Bilirəm ki, çox acıdır.

“O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Bir az geri qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağ əvəzinə, sola gedək dedim. Biz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı, deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı: – Bəs sən mənə bir şey demək istəmirsən?”

Daha bundan artıq nə olmalıdır ki?

Bir qız daha nə deməlidir ki, sevdiyi, istədiyi adama?

Ay zavallı Oqtay. Yox, səni uşaq cəsarətsizliyinə, şahzadə xanımın səni sevməsinə inamsızlığına bağışlamaq olar. Bu gün isə düz elədin, yenə həmişəki kimi, susdun.

Hər şeyin cavabı isə budur. Həqiqət budur. Yazıram:

Oqtay Əsməri bir vaxtlar sevirdi, indi də sevir. Həyatı boyu bir Əsməri sevib. Ancaq Əsmərin onu sevməsinə, sevə biləcəyinə heç vaxt inanmayıb, indi də inanmır. Əsmərin atmacalarını da (istər indiki, istərsə də o uzaq keçmişdəki) heç vaxt ciddi qəbul eləməyib, inanmayıb. Sonra da Əsmər onun sevgisini tapdalayıb imkanlı Camala ərə gedib (Çətin həyat yaşayırdı, ehtiyac içindəydi uşaqlığında, ona görəmi? Yəqin, elədir). Buna görə o, həmişə Əsmərə sevgiqarışıq nifrət edib, edir. Onun sevgilisi başqasının arvadıdır, başqasının əşyasıdır. Bax, belə. Əsmər niyə başa düşmürdü ki, Oqtay Camalın əşyasını heç vaxt bağışlamayacaq. Məhz Əsməri çox sevdiyinə və çox nifrət etdiyinə görə bu gün onu bağışlaya bilməz. Onu öpə bilməz. özünü sındıra bilməz. Ona nələrisə etiraf edə bilməz. (Artıq səbəbi nə olur-olsun).

Deməli qərara gəldik:

Əvvəllər Oqtay heç vaxt inanmayıb ki, Əsmər onu sevir. O, Camala ərə getməklə Oqtayı ömrü boyu buna lap çox inandırıb.

İndi isə çox gecdir. Camalın arvadının qarşısında əyilmək, ona gülümsəmək lazım deyil.

“Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”.

Sən də haqlısan, Əsmər. Hərə özlüyündə haqlıdır.

Niyə belə qurtarır?

Hekayə də. Film də.

Daha necə qurtarmalıdır ki. Kişinin qızı özü demiş, “ərli arvaddır” da.

Həyat niyə belə zalımdır?

“Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı: “Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. Əyilib məni öpdü, – sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir. Mən teleqramı qapdım. İki söz. «Təbrik. öpürəm.» Bir də imza: «Kamikadze».

Oqtaysa bilir ki, kamikadze gürcü familiyası filan deyil, ölümə məhkum pilotlara – kamikadze deyilir. Daha doğrusu, kamikadze – İkinci Dünya müharibəsində intiharçı yapon pilotlarının adıdır.

Bu vəziyyətdə isə, kamikadze Oqtayın Əsməridir. Bir azdan o Əsmər öləcək.

Çünki Oqtayla bağlı son ümüdi də məhv olmuş o Əsmər artıq kamikadzedir. Daha Oqtayın Əsməri olmayacaq. Təyyarə son dayanacağında, Moskvada yerə enəcək. Sonra nə olacaq? Aydındır. Bir azdan birdəfəlik əşyaya çevriləcək (hansı ki, Bakıya gələndə az da olsa ümidi vardı ki, Oqtay onu bundan xilas edə bilər) bir qadın bir daha geri qayıtmamaq şərti ilə aeroportda düşəcək və taksiyə minib öz evinə, ərinin, qızının yanına qayıdacaq. Çünki, daha getməyə başqa yeri yoxdur.

Oqtay da yəqin ki, bu dəfə qonşu qızının üzünə gülümsəyəcək, ona diqqətlə, başqa cür baxacaq. Eynən o qonşu qızın ona baxdığı kimi.

Bunu da yazım: Bu görüş, əslində sondur. Oqtay və Əsmərin bir-birləri ilə bağlı olan bütün ümidlərinin sonu. Onlar bu görüşdə birdəfəlik başa düşürlər ki, “ötən günə gün çatmaz”, keçmişi geriyə qaytarmaq qeyri-mümkündür.Yaşamaq lazımdır.

“Hani derler ya, ben sensiz yaşayamam, diye. Ben onlardan değilim. Ben sensiz de yaşarım; ama seninle bir başka yaşarım…” Belə bir şey yəni. Vəssalam.

P.S. Yazını yekunlaşdıranda türk telekanallarının hansındasa oxuyurdular: “Sənə hər günümün ehtiyacı var. ”

Azərbaycan telekanallarının birində isə bir qadın özünə lap əl qatmışdı: “Məni bir də cavan eylə. ”

Təsadüf olar yəqin.

O gün keçdi. Cavanlıq keçdi.

Bir gecə mehman ol, gəl. İroniyaya bax.

Yəni sonda bu qədər bəsit olur hər şey?

Geriyə qalanlara bax da.

“Amma bu, başqa söhbətdir. ”

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Anar gürcü familyası

G Ü R C Ü F A M İ L Y A S I

Bu ne qeribe teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reysle uçan teyyare Moskvadan gelir. Amma axı kim ola? Moskvadan heç kes gelesi deyil. Heç kimi gözlemirem. Bu teleqramı kim vurub göresen. Ağlıma heç kes gelmir.

Hele yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör ne merekeydi. Düz bir il meni dolayacaqdı.

Seher erken aeroflot avtobusunun yumşaq kürsüsüne serelenib öz-özüme fikir eleyirdim: yaxşı, axı men kimi qarşılamağa gedirem?

Avtobus şeherin yuxulu küçelerinden keçirdi. Men gelecek müsafirim haqqında düşünerek pencereden yatmış şeheri seyr edirdim. Yavaş-yavaş yuxudan oyanan şeherin seher menzereleri fikirlerimi yayındırırdı ve men namelum teleqramın müellifi haqqında qeti bir qerara gele bilmirdim.

Şehere sübh obaşdandan baxasan. Ancaq o vaxt şeherin esl simasını, daş simasını, daş varlığını göre bilersen. Bu zaman şeher çılpaq, adamsız, hereketsizdir, yalxıdır Bezek-düzeksizdir, sessiz-semirsiz, danışıqsız, neon reklamsızdır. Vitrinler de sükuta qerq olub, afişalar da. Daşlar donub, susub, uyuyub.

Tek-tenha bir piyadanın boş, adamsız, meydana damcılayan addımları. Asfaltı naxış-naxış bezeyen narın yağış – seher yağışı.

Moskvada ve ölkenin başqa şeherlerinde yaşayan bütün dostlarımı, tanışlarımı xeyalıma getirirdim – yene bir şey çıxmırdı. Müxtelif sebeblere köre – heç biri ola bilmezdi. Belke menim Bakı tanışlarımdan, dostlarımdan biridir, Moskvadan gelir, yox ki, yox. Heç biri ola bilmez, birce Ceyhundan başqa.

Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda oxuyur. Vaxtile men de oranı bitirmişem. Belke gelen Ceyhundur. Yox, ola bilmez, evvela srağagün onunla telefonla danışmışam, ovqatının telx olmasından bildim ki, pulu yoxdur. Onun halını yaxşı başa düşürdüm. Özüm de bele veziyyete az düşmemişem. Moskvada, evden uzaqda pulun qurtara, illah da bayramqabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndererem ona. Çox da olmasa, her halda bayram xercliyi

Şerhler:

Shehrezat [ OFF ] (30.07.2015 / 20:28)

Shehrezat [ OFF ] (30.07.2015 / 20:28)

Shehrezat [ OFF ] (30.07.2015 / 20:28)

Comments are closed, but trackbacks and pingbacks are open.