Aqrar sahə məqalələri.
Milli Məclisin deputatı,
Aqrar sahənin uğurları Azərbaycanın dinamik inkişafının nəticəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. AZƏRTAC kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sahə işçilərinin peşə bayramı münasibətilə məqaləsini təqdim edir. Məqalədə aqrar sektorda aparılan islahatlar, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılır.
X X X
Müasir çağırışlar fonunda yeni trendlər
İnsanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi cəmiyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olmaqda davam edir. Bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi çıxış edir. 2050-ci ilədək 9,3 milyard nəfər olması gözlənilən dünya əhalisinin qidalanması üçün ümumi ərzaq istehsalının təxminən 70 faiz artırılması zəruri olacaq. Bununla yanaşı, dünyada həyat səviyyəsi standartlarının yüksəlməsi trendinə uyğun olaraq ərzaq məhsulları istehsalının strukturunda sağlam və keyfiyyətli məhsullara tələbat da artmaqdadır.
Buna görə 2015-ci ildə BMT-nin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Bu çağırışlar fonunda dünyada kənd təsərrüfatı sahəsinin inkişafında yeni trendlər müşahidə olunur. Qlobal miqyasda urbanizasiya proseslərinin sürətli davamı və 4-cü sənaye inqilabı mərhələsinə keçidin başlaması nəticəsində aqrar sektorun rolunda və strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Belə ki, torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artırılması təmin olunmalıdır. Bu isə intensiv istehsal üsullarının və dayanıqlı kənd təsərrüfatı istehsalına imkan verən yeni texnologiyaların tətbiqinin genişləndirilməsini zəruri edir. Ona görə kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların geniş şəkildə tətbiqi hazırda qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinin və ətraf mühitə mənfi təsirlərin azaldılmasının əsas vasitəsi kimi çıxış edir. Bunlarla yanaşı, torpaqlardan dayanıqlı istifadə edilməsi, kənd təsərrüfatının qlobal iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ərzaq məhsulları istehsalının həcminin artırılması həm də bu sahədə islahatların davamlı olaraq həyata keçirilməsini zərurətə çevirir.
Tarixən böyük əkinçilik ənənələrinə malik olan Azərbaycan bu beynəlxalq çağırışlara cavab verən azsaylı ölkələrdən biridir. Hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv inkişaf mexanizmlərinin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra Ümummilli Liderin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, 1995-ci ildən sonra bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.
Son 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan bu gün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.
Aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.
Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib.
Kənd təsərrüfatında artım davamlı xarakter daşıyır
Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlığı ilə seçilir. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.
Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb. Bir sözlə, dövlətimizin başçısının qeyd etdiyi kimi, “Biz kənd təsərrüfatının ardıcıl artımını görürük”.
Aqrar islahatların hazırkı mərhələsi həm də yüksək əlavə dəyər yaradan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər. Belə ki, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub.
Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək. Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları istifadəyə veriləcək. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
İntensiv ferma modelinin tətbiqinin genişləndirilməsi nəticəsində son illərdə heyvandarlıq sahəsində artım əsasən intensiv inkişaf hesabına təmin edilib.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.
Ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib.
Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabiliyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.
Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir.
Aqrar islahatların müasir mərhələsinin təməl prinsipləri
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi – kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.
Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb:
1. Aqrar təhlil. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Bu vəzifələrin həllini təmin etmək üçün Mərkəz beynəlxalq çağırışlara cavab verən və elmi yanaşmalara əsaslanan tədqiqat və analitik-informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan peşəkar qurum kimi formalaşdırılır.
2. Aqrar həllər. Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.
Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.
Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.
Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.
3. Aqrar bilik və bacarıqlar. “Biliklər əsri” adlandırılan müasir dövrdə aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə, elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bütün laboratoriyalar tamamilə yenilənərək müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları yaradılıb, peşəkar mütəxəssislərin hazırlanması məqsədilə təşviqedici addımlar atılıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu ildən qəbul imtahanlarında 400 və 500-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüdün verilməsinə başlanılıb.
Aqrar sahədə müasir tələblərə cavab verən təlim və informasiya məsləhət xidmətləri sisteminin mövcudluğu sahənin rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün mühüm şərtlərdən biri kimi çıxış edir. Bu məqsədlə nazirlik tərəfindən “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlanıb, fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb.
Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
4. Aqrar dəstək. Məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib.
Aqrar sektorun bütün istiqamətləri üzrə təminatının, xüsusilə kənd təsərrüfatı texnikası ilə təchizatın daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri davam etdirilib. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib.
Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin “elektron hökumət” üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.
5. Aqrar ticarət. Kənd təsərrüfatı sahəsində hazırda iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəsin göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.
Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”. Öz şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunub. 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününün təsis edilməsi onların tükənməz əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir. Kənd zəhmətkeşlərinin gərgin əməyi sayəsində aqrar sahədə qazanılan nailiyyətlər və davamlı uğurlar dövlətimizin başçısının onlara verdiyi bu qiymətin, göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə bütün kənd təsərrüfatı işçilərini, xüsusilə məhsul istehsalı ilə məşğul olan kənd zəhmətkeşlərini ürəkdən təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.
İnam Kərimov
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Aqrar sahə məqalələri.
Aqrar sahə iqtisadiyyatının innovasiya yönümlü inkişafını təmin edən strategiya
İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən Azərbaycan son illərdə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Bir sıra qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır. İqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyanın spesifik cəhətləri, �İnkişafın Azərbaycan modeli� ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər ciddiliklə yanaşılır.
Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların – davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir. Cənab İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi strategiyası respublikanın hərtərəfli inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi önə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv iqtisadi strategiyanın elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir. Məsələni aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Postkeçid dövrünün paradiqmalarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün ilk növbədə respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi-fəlsəfi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi qənaətləri ümumiləşdirmək lazımdır. Azərbaycanın milli inkişaf modelinin elmi prinsiplər əsasında tədqiqi zərurəti respublikanın iqtisadçı alimlərinin qarşısında ciddi vəzifələr qoyur.
İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin yeni dövrün tələblərin ə uyğun müasirləşdirilməsini, habelə siyasi idarəetmə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir. Elmin əyalət ab-havasından, ətalətdən qurtularaq zamanla ayaqlaşmasını, iqtisadi inkişaf prosesində əsas təkanverici amilə çevrilməsini ilk növbədə Azərbaycan dövlətçilik maraqları tələb edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� məqaləsində bu zərurət konseptual elmi təhlil prizmasından əsaslandırılmış, mövcud problemlər və onlardan çıxış yolları dəqiqliklə göstərilmişdir. Mövcud problemlərə yanaşmada akademik Ramiz Mehdiyev dəqiqliklə müşahidə etdiyi mənzərəni postkeçid dövrünün reallıqları kontekstində canlandırmış, vəziyyətdən çıxış yolu ilə bağlı dəyərli təkliflərini vermişdir. Məqalədə yalnız humanitar və ictimai elmlərin deyil, ümumən təbiət elmlərinin qarşısında duran vəzifələr yeni dövrün reallıqlarına nəzərən diqqətə çəkilmiş, eyni zamanda postkeçid mərhələsində cəmiyyət üçün aktuallaşan yeni paradiqmalar üzərində tədqiqatlar ın vacibliyi vurğulanmışdır: �Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azərbaycan vətəndaşı və bütünlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, müəyyən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik� .
Aqrar elmin inkişaf perspektivləri və problemləri
Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, hazırda milli maraqlar baxımından bütün elm sahələri eyni məsafədə dayanır: hər birinin müstəsnalığı, əhəmiyyəti birmənalı qəbul olunur. Hesab edirik ki, respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara, mövcud problemlərə də nəzər salmaq, aqrar elmin qarşısında duran vəzifələri müəyyənləşdirmək zəruridir. Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır.
Respublikada bazar təsərrüfatçılıq sisteminə transformasiya prosesi də məhz aqrar sahədən başlamışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyilləri aradan qaldırılmış, səmərəli islahatların əsası qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafı bütünlükdə bazar mexanizminin qanunauyğunluqları və prinsiplərinə tabe etdirilmiş, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilmiş, məhsulun satışı, gəlirlərin bölüşdürülməsi və digər texnoloji proseslərdə mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat-iqtisadi müstəqilliyi təmin edilmişdir.
Bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublika aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsi kimi, hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99 ,7 faizə yüksəlmişdir.
Aqrar sahə SSRİ dövründə olduğu kimi, bu gün də respublika iqtisadiyyatının prioritet inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsulunun təxminən 8 ,3 faizi kənd təsərrüfatının payına düşür. İqtisadi fəal 3 ,8 milyon əhalinin 1,5 milyonundan çoxu, yaxud 39 faizi aqrar sahədə çalışır. Əhalinin təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından, qeyri-neft sektorunda bu sahə xüsusi yer tutur. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək imkanları dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir. Bütün bunlar isə aqrar elmin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsini, aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir sözlə, innovasiya yönümlü inkişafın təmin edilməsi vacibliyini ön plana çıxarır.
Hazırda respublikada aqrar sahə üzrə 24 elmi tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin strukturuna daxil olan 14 elmi tədqiqat institutu, �Araz� Elm İstehsalat Birliyi (Naxçıvan Muxtar Respublikası), 10 regional aqrar elm mərkəzi və elmi tədqiqat institutlarının 40-a yaxın təcrübə-istehsalat bazası fəaliyyət göstərir. Aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Hesab edirik ki, bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemi təkmilləşdirilməli, bazar iqtisadiyyatı tələblərinə cavab verən elmi nəticələrə nail olmaq üçün elmi-tədqiqat institutları üçün yüksək iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıq, səmərəli kənd təsərrüfatı texnikası və digər maddi-texniki vasitələrlə təmin olunmalıdır.
Məlumat üçün bildirək ki, ABŞ-da yalnız elmi-tədqiqat işlərinin aparılması üçün 50-si özəl ali məktəb olmaqla, 100 universitetin 1 il ərzində maliyyələşdirilməsinə ayrılan vəsaitlər bir çox ölkələrin ümumiyyətlə, təhsilə ayırdıqları ümumi xərclərdən çoxdur: Con Hopkins Universitetinə ildə orta hesabla 569 milyon, Vaşinqton Universitetinə 299 milyon, Stənford Universitetinə 266 milyon dollar vəsait ayrılır. Bütün bunlar isə elm sahəsində praktiki olaraq uğurlu nəticələrə yol açan elmi-tədqiqat işlərinin aparılmasına imkan verir.
Aqrar sahənin spesifikliyi onunla şərtlənir ki, burada bəzən səmərəsi özünü uzun illər göstərən təcrübi tədqiqatları da maliyyələşdirmək zərurəti yaranır. Yəni elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən uzun müddət sonrakı iqtisadi inkişaf üçün zəruri olan elmi-innovativ yenilikləri stimullaşdırır. Azərbaycana gəlincə, aqrar sahədə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin dövrün tələblərinə cavab verməməsi hazırda hökumət səviyyəsində də etiraf olunur. Lakin hazırda bu sahədə mövcud olan problemləri �maliyyə çatışmazlığı� kimi ümumi sözlərlə pərdələmək də doğru yanaşma deyildir. Əslində, mövcud imkanlar daxilində də çox iş görmək olar, sadəcə ətalətdən, əyalət ab-havasından çıxıb yeni tədqiqatçılıq metodlarını əxz etmək mümkündür.
Təcrübə göstərir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir. Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi isə hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbedici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-məişət problemlərinin həllinə ehtiyac duyulur. Hazırda Azərbaycan Respublikasının ali məktəblərində 30, orta ixtisas məktəblərində 6, texniki peşə məktəblərində 23 ixtisas üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması və iqtisadiyyatı sahəsində mütəxəssis hazırlanır.
Ölkədə kənd təsərrüfatı üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı və onun məhsullarının emalı, iqtisadiyyatı və marketinqi sahəsində �bitkiçilik məhsullarının saxlanılması və emalı texnologiyası�, �aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi�, �marketinq�, �menecment� ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Lakin etiraf etməliyik ki, bu sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza lazımi tələblərə cavab vermir. Kənd təsərrüfatı sahəsində effektiv təcrübi tədqiqatlar aparmaq üçün müasir laboratoriyaların və avadanlıqların olmaması da müəyyən problemlər doğurur. Yüksək ixtisaslı pedaqoji kadrların çatışmazlığı da özünü qabarıq göstərən problemlərdir.
Ümumiyyətlə, hazırda aqrar elmin üzləşdiyi əsas problemləri aşağıdakı kimi səciyyələndirmək olar:
-Maddi-texniki təminatın qənaətbəxş səviyyədə olmaması nəticəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin mövzuları azalmış, elmi-texniki araşdırmaların həcmi və keyfiyyəti aşağı düşmüşdür. Elmi təşkilatların çoxunda müasir səviyyədə eksperimentlərin aparılması praktik olaraq qeyri-mümkündür;
– aqrar sahə üzrə elmi işçilərin �qocalması � müşahidə olunur, gənc nəslin kənd təsərrüfatı sahəsində elmi-tədqiqatlara marağı arzuolunan səviyyədə deyildir;
-aqrar elmin istehsalata tətbiqi mexanizmləri dövrün tələblərinə cavab vermir. Elmi-tədqiqat təşkilatları tədqiqat planlarını müəyyənləşdirərkən dövlətin imkanlarını, ictimai əhəmiyyətli prioritetləri deyil, �öz imkanlarını� əsas götürürlər.
-aqrar elmin dünyadakı müasir inkişaf meyillərinin öyrənilməsi və tətbiqində lənglik müşahidə olunur;
-ərzaq təhlükəsizliyi probleminə dair sanballı elmi-tədqiqat işlərinə rast gəlinmir. Kənd təsərrüfatının inkişaf perspektivləri ilə bağlı proqnozların siyasi idarəetmə üçün səmərəliliyi lazımi səviyyədə deyildir;
– fövqəladə halların, eləcə də ziyanvericilərin kənd təsərrüfatına vura biləcəyi zərərin minimum səviyyəyə endirilməsi məqsədilə preventiv xarakterli elmi-tədqiqat işləri azlıq təşkil edir.
Akademik Ramiz Mehdiyevin �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� məqaləsində dissertasiyaların mövzusunun zamanla uzlaşmaması, elmi səmərəsinin, keyfiyyətinin aşağılığı, eləcə də alimlik dərəcələrinin müxtəlif yollarla əldə olunması ilə bağlı qətiyyətli açıqlamaları ümumən bütün elm sahələrində mövcud olan xoşagəlməz mənzərəni əks etdirir. 1977-1993-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda çalışmış elm adamı kimi deyə bilərəm ki, aqrar sahə üzrə müdafiəsi keçirilən dissertasiyaların əksəriyyəti praktik baxımdan formal səciyyə daşıyır. Qərb dövlətlərində elmi həllini çoxdan tapmış mövzuların yenidən işlənilməsi, şablon mövzulara yer verilməsi aqrar sahənin innovasiya yönümlü inkişafı prosesinə elə bir töhfə vermir. Hələ 1987-ci ildə � Sovet İttifaqı dövründə kənd təsərrüfatı üzrə dissertasiya müdafiə etmiş şəxs kimi deyirəm ki, o zaman təsadüfi şəxslərin elmə gəlməsi qətiyyən mümkün deyildi. Çünki ilk növbədə mövcud mexanizm buna imkan vermirdi. Keyfiyyətcə yeni mərhələdə də ayrı-ayrı elm sahələri üzrə dissertasiya müdafiələrinə tələbkarlığın artırılması alimlərimiz qarşısında ciddi vəzifə kimi dayanır.
Kənd təsərrüfatında innovasiya siyasəti və kadr hazırlığının prinsipləri
Hər bir ölkənin innovasiya inkişafının səmərəliliyi aqrar sektorda həyata keçirilən innovasiya siyasəti � elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri iqtisadi şəraitin, o cümlədən kənd təsərrüfatına maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir. Dünya iqtisadiyyatının qloballaşması şəraitində Azərbaycanda aqrar bölmənin sabitliyi və dünya kənd təsərrüfatı bazarına inteqrasiyası, ərzaq təhlükəsizliyinin təmini, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ilk növbədə, səmərəli elmi nailiyyətlərdən istifadə yolu ilə gerçəkləşə bilər.
Hesab edirəm ki, respublikada aqrar sahədə vahid innovasiya siyasəti yürüdülməli, bu məqsədlə Milli Məclisdə �İnnovasiya haqqında� Qanun qəbul edilməlidir. Qəbul ediləcək qanun, proqram və qərarlar innovasiya sahibkarlığının inkişafına təkan verməklə yanaşı, eyni zamanda yeni iş yerlərinin açılmasını (biznes inkubatorları, texnoparkların, və s. yaradılması) da təmin edə bilər.
Aqrar sektorda innovasiya sistemi maddi-texniki resursların mövcudluğu və elmi-texniki potensialla müəyyənləşir. İnnovasiya siyasətinin məqsədi məhsulun rentabelli istehsalı, makrosəviyyədə isə innovasiya fəallığının artırılması üçün şəraitin yaradılması, elmi mexanizmlərin formalaşdırılmasından ibarətdir. Məhz həmin mexanizmlərin köməyi ilə istehsalın təşkilati, iqtisadi, texniki və texnoloji yeniləşdirilməsi prosesi həyata keçirilir. İnnovasiya siyasətinin formalaşdırılmasında bir sıra mühüm amillərin nəzərə alınması vacibdir:
-İnnovasiya bazarında, iqtisadiyyatda, məhsulların və texnologiyaların çeşidində strateji dəyişikliklərin qabaqcadan proqnozlaşdırılması;
-innovasiya qərarlarına müvafiq münasibət bildirilməsi və onların dəstəklənməsi üçün zəruri tədbirlərin hazırlanması;
-innovasiya dinamikasının ilkin şəraitinin aşkar edilməsi.
İnnovasiya fəaliyyətinin səviyyəsi kadrların təhsilindən, texniki-texnoloji hazırlıq səviyyəsindən, baza ixtisasının mövcud olub-olmamasından asılıdır. Bu amil innovasiyanın qavranılmasını və istehsalatda onun istifadəsindən gözlənilən səmərənin əvvəlcədən qiymətləndirilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının səmərəliliyi mütəxəssislərin hazırlıq səviyyəsindən və işgüzar keyfiyyətlərindən asılıdır. İstehsalın təkmilləşdirilməsi, sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və maliyyə-kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları, habelə hüquq məsələlərinə dair biliklərin mənimsənilməsi praktik mütəxəssis və rəhbər işçi üçün zəruri keyfiyyətlərdir. Kadr ehtiyatlarının zəruri keyfiyyət dəyişiklikləri aqrar sahə mütəxəssislərinin hazırlanmasını, əmək bazarında vəziyyətin dəyişməsi ilə əlaqədar təkrar hazırlıq və ixtisas səviyyəsinin artırılması sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem işçinin bazar konyunkturunun dəyişməsi şəraitində peşəkarlıq baxımından səriştəli və mobil, lazım gəldikdə qısa müddətdə başqa peşə öyrənməyə hazır, informasiya axınından baş çıxara bilən, innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini artırmağı bacaran vəziyyətdə olmasına imkan verən biliklər həcmində fundamental baza təhsili almaq konsepsiyasını əsas götürməlidir.
Azərbaycanın aqrar elmi fəal innovasiya siyasətinin həyata keçirilməsini təmin etmək üçün hazırda zəruri potensiala malikdir. Respublikamızda sanballı elmi araşdırmalar aparmağa, səmərəli innovasiya məhsulları yaratmağa qadir, intellektual səviyyəli elmi kadr potensialı mövcuddur. Azərbaycanın təbiət elmləri-xüsusən biologiya və kənd təsərrüfatı sahələri daim inkişafda olmaqla, dünya elminə davamlı inteqrasiya edir. Bu sahə üzrə gənc alimlərin son zamanlar xarici ölkələrdə qazandığı böyük uğurlar buna əyani nümunə ola bilər. Xüsusi vurğulamaq istərdim ki, hörmətli akademik Cəlal Əliyevin rəhbərliyi ilə AMEA-nın Botanika İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Elmi -Tədqiqat Əkinçilik İnstitutunun 23 nəfər əməkdaşı hazırda dünyanın nüfuzlu elm mərkəzlərində, universitetlərində çalışır. Həmin alimlər bu gün dünyanın ən nüfuzlu universitet və institutlarında müasir elmin aparıcı sahələri ilə məşğul olurlar. ABŞ, Kanada, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, Yaponiya, Avstriya, Rusiya, Cənubi Koreya, İspaniya, Türkiyə. azərbaycanlı alimlərin işlədiyi və uğur qazandıqları ölkələrin heç də tam olmayan siyahısıdır. Akademik Cəlal Əliyevin və yetirmələrinin elmi əsərlərinin dünyanın ən aparıcı elmi jurnallarında (�Photosynthetika�, �Plant Physiology�, �Bioshemistry and Molecular Biology�, �Fiziologiya Rasteniy�, �Bioximiya�, �Aqroximiya� və s.) dərc olunması elmimizin uğuru kimi dəyərləndirilməlidir.
Respublika Prezidenti cənab İlham Əliyevin təhsilə və elmə olan qayğısı xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu günlərdə dövlət başçısının sərəncamı ilə respublikamızda gənc alimlərin Avropada doktorantura təhsili alması üçün 500.000 manat vəsait ayırması Azərbaycan elminin inkişafına və gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, respublika üzrə doktoranturaya gedəcək gənclərin 2 nəfəri AMEA Botanika İnstitutunun alimləridir.
Şübhəsiz, alimlərimizin xarici ölkələrdə apardıqları elmi araşdırmalar Azərbaycanda da elmin inkişafına şərait yaradır. Xarici ölkələrdə işləmələri get-gedə daha çox gənc mütəxəssisin dünyanın nüfuzlu elmi müəssisələrində nəzəri və praktiki təcrübə keçməsinə, tədqiqat aparmasına imkan verir. Gənc alimlərin çoxu yeni bilik və ideyalarla zənginləşmiş halda Vətənə qayıdır, dünya elminin nailiyyətlərini ölkəmizdə istehsalata, elmin müxtəlif sahələrində nəzəri-fundamental araşdırmalara tətbiq edirlər.
Aqrar sahədə elmi proqnozlar ərzaq təhlükəsizliyinin vacib amilidir
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Son illərdə enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblər üzündən əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.
Ərzaq təhlükəsizliyi probleminə beynəlxalq miqyasda ciddi diqqət yetirilməsinin nəticəsidir ki, BMT-nin təşəbbüsü ilə 1996-cı ildə �Ümumdünya ərzaq təhlükəsizliyi haqqında Roma Deklarasiyası� qəbul edilmişdir. Roma Deklarasiyasının qəbul edilməsinin səbəbi dünyada aclıq çəkən və doyunca qidalanmayanların sayının sürətlə artması olmuşdur. Dünya miqyasında müşahidə olunan bu meyillər siyasi və iqtisadi gerilik yaşayan Asiya və Afrika ölkələrində də özünü göstərməkdədir. Roma Deklarasiyasında 2015-ci ilə qədər olan dövrdə doyunca qidalanmayanların sayının 2 dəfəyə qədər azaldılması və cəmiyyət üzvlərinin ərzaq təminatının yaxşılaşdırılması vəzifəsi qarşıya qoyulmuşdur.
Hazırda kənd təsərrüfatına yararlı torpaqların müəyyən hissəsi ilbəil başqa məqsədlər üçün istifadəyə verilir (yeni yaşayış yerləri-kəndlər, şəhərlər və yeni yollar salınır, sənaye müəssisələri və s. tikilir). Ekspertlərin hesablamalarına görə, bu tendensiya hər hektar kənd təsərrüfatına yararlı torpağın 1/112 hissəsinin bu məqsədlər üçün istifadəsinə əsaslanır. Beləliklə, 2020-ci ilə kimi dünya üzrə 410 milyon hektar kənd təsərrüfatına yararlı sahə qeyri-kənd təsərrüfatı təyinatı üzrə istifadə olunacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu reallıqları nəzərə almaqla ilk gündən xüsusi diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində son illər respublikamızda əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir. Artıq kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tam daxili istehsal hesabına ödənilir, Azərbaycan Respublikası bu sahədə idxalçı ölkədən ixracçı ölkəyə çevrilir. İxracın coğrafiyası, həcmi və çeşidi də dinamik olaraq genişlənir: respublikadan 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir.
Araşdırma və təhlillər göstərir ki, kənddə azad sahibkarlığı inkişaf etdirmək, istehsal vasitələri və torpaq üzərində sahibkarlıq hissini yaratmaq, sərbəst mütərəqqi təsərrüfatçılıq üsullarına keçmək, yeni mülkiyyət münasibətlərini formalaşdırmaq, torpaqdan, texnikadan, sudan və sair maddi ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə məhsul istehsalını artırmaq mümkündür. Bütün bu məqsədlərin uğurla gerçəkləşdirilməsində isə, ilk növbədə aqrar elm öz sözünü deməlidir. Eyni zamanda, bu sahənin mütəxəssisləri Azərbaycan vətəndaşlarının gələcəkdə ərzaq məhsullarına tələbatının elmi proqnozlarını irəli sürməli, istehsal prosesinin effektivliyini artırmağa xidmət edən, təcrübədə özünü doğruldan yeni metodlar üzərində işləməlidirlər. Bir sözlə, aqrar sahədə effektiv və əsaslandırılmış elmi proqnozların irəli sürülməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı təminatı baxımından son dərəcə vacib və aktual məsələdir.
Aqrar elmin praktik tətbiq mexanizmləri təkmilləşdirilməlidir
Təcrübə göstərir ki, elm və informasiya arasında daim dərin və sabit inteqrasiya əlaqələri mövcud olduqda qazanılan nəticələr də effektivliyi ilə seçilir. Elmi nailiyyətlər kifayət qədər əsaslandırılmadıqda onların cəmiyyət üçün dəyəri və praktiki fəaliyyətdə tətbiq imkanları da zəif olur. Müasir cəmiyyətin inkişafı informasiya resurslarının olmasını tələb edir.
Bu baxımdan Azərbaycanda elmi biliklərin nəticələrinin tədqiqatçılardan istifadəçilərə verilməsi ən vacib və aktual məsələlərdən biridir. Elmi-texniki məhsulları yaradanlarla kənd təsərrüfatı müəssisələri arasında əlaqələndirici vasitə rolunu oynayan elmi biliklərin inkişafı vacib əhəmiyyət kəsb edir. Yəni aqrar bölmədə həyata keçirilən elmi tədqiqatların kənd təsərrüfatında praktik tətbiq imkanlarının genişləndirilməsi bu sahə üzrə ixtisaslaşmış elm adamlarının qarşısında duran başlıca vəzifədir.
Kənd təsərrüfatı istehsalının uğurla inkişaf etdiyi ölkələrin əksəriyyətində elmi tədqiqatlar və elmi-texniki araşdırmalar üçün sifarişlərin formalaşması ilə məşğul olan kənd təsərrüfatı məsləhət xidmətinin bölmələri, fermerlərin, kənd təsərrüfatı şirkətlərinin və digər qurumların məsləhətçiləri konkret elmi məhsullarının yaradılmasına tələbatı ümumiləşdirərək elmi sifarişlər verirlər. Fikrimizcə, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin planlaşdırılması sahəsində Qərbin bu təcrübəsindən istifadə edilməsi aqrar sektorun elmi təminat sistemində müsbət dəyişikliklərin baş verməsini təmin edə bilər. Elmi-tədqiqat işlərinin planlarının �aşağıdan� formalaşması innovasiyaların mənimsənilməsi problemini həll etməyə əhəmiyyətli dərəcədə kömək edən əsas amillərdəndir. Elmi araşdırmalara tələbin müəyyən edilməsinə, bu işlərin planlaşdırılmasına və istehsala tətbiqinə rayon və regional səviyyəli kənd təsərrüfatı məsləhət xidmətləri, baş və regional sahəvi mərkəzlər cəlb edilə bilər.
Bu təcrübəni respublikada tətbiq etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının aqrar sahə üzrə elmi-tədqiqat institutları, Azərbaycan Aqrar Elm Mərkəzinin elmi-tədqiqat müəssisələri, habelə müvafiq ali məktəblər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin Rəyasət Heyəti tərəfindən qiymətləndirilməli və seçilərək regional idarəetmə orqanlarına göndərilməlidir.
Hesab edirik ki, Azərbaycan Dövlət Aqrar Universitetində informasiya-məsləhət təminatı üzrə mütəxəssislərin hazırlanması mühüm məsələlərdən biridir. Bu məqsədlə müvafiq kafedralar yaradılmalı, aqrar sektorun informasiya-məsləhət xidməti üzrə yeni fənlər tədris edilməlidir. Bundan başqa, kadr təminatının yüksəldilməsi məqsədilə respublikada fəaliyyət göstərən kənd təsərrüfatı yönümlü ali məktəblərin nəzdində kənd təsərrüfatına dair məsləhətlər verən tədris-metodik mərkəzləri yaradılmalıdır. Bu mərkəzlər azı rübdə bir dəfə regional və rayon informasiya-məsləhət və tədris-məsləhət mərkəzlərinin mütəxəssisləri, ali məktəblərin, kolleclərin, peşə təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma seminarları keçməlidirlər.
Ümumiyyətlə, müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə hətta zəngin təbii sərvətləri belə üstələyir. Hesablamalara görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiyayönümlü yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, respublikamızda aqrar elmə, bu sahədə innovasiya siyasətinin həyata keçirilməsinə ayrılan vəsaitlər də artır. İnanırıq ki, insan kapitalının formalaşdırılmasına xidmət edən bu effektiv siyasət nəticəsində aqrar elm də üzləşdiyi mövcud problemləri əzmlə dəf edəcək, inkişafının keyfiyyətcə yeni mərhələsinə yüksələrək ölkənin etibarlı ərzaq təhlükəsizliyinin qarantına çevriləcəkdir.
Milli Məclisin deputatı,
biologiya elmləri namizədi
Xalq qəzeti.- 2010.- 16 fevral.- S. 4.
Aqrar sahə məqalələri.
Dövlət başçısının və hökumətin gördüyü ardıcıl tədbirlər sayəsində kənd təsərrüfatının texnika ilə təminatı misilsiz dərəcədə yaxşılaşdırılıb və onların fermerlər, sahibkarlar üçün əlçatanlığı təmin edilib
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və memarlığı ilə həyata keçirilən aqrar islahatlar ölkədə reallaşdırıldıqdan sonra kəndin qarşısında duran ən mühüm problem müasir texnika çatışmazlığı idi. Belə ki, texnikaların köhnə olması, yararsızlığı və çatışmaması, həmçinin, aqrar bölmədə mexanikləşdirmə işlərinin gecikdirilməsi və keyfiyyətsiz aparılması təkcə taxılçılıqda hər hektara 531,7 min, pambıqçılıqda isə 343,6 min manatlıq məhsulun zay olması, itkiyə getməsi ilə nəticələnirdi. Aqrar bölmənin digər sahələrində də vəziyyət belə idi.
Beş il ərzində (1985-1990) ölkəyə cəmi 18 min 500 ədəd traktor, 3032 ədəd taxılyığan kombayn gətirilmişdisə, bu rəqəmlər növbəti 5 ildə (1995-2000) daha da aşağı düşdü. Müvafiq olaraq cəmi 98 traktor və 59 kombaynla nəticələndi.
Ona görə də 2000-ci illərin əvvəllərində kəndin müasir texnika ilə təmin olunması dövlətin qarşısında duran ən mühüm vəzifə idi. Bu baxımdan dövlət başçısı İlham Əliyevin “Aqrolizinq” ASC-nin yaradılması barədə məşhur sərəncamı (23 oktyabr 2004-cü il) aqrar bölmənin texnika ilə təminatında müstəsna rol oynadı. ASC-nin əməli fəaliyyətə başlamasından cəmi 15 il keçməsinə rəğmən, kənd təsərrüfatı dünyanın ən müasir taxıl, pambıqyığan kombaynları, şum, becərmə və nəqliyyat traktorları, müxtəlif yedəklər, toxumsəpən texnika və aqreqatları, qoşqu vasitələri və s. ilə mükəmməl təchiz edilib. İndi Azərbaycanın kənd təsərrüfatı texnikaları, obrazlı ifadə ilə desək, “ən müasir bir texnika ordusu”dur.
Bunun ardınca qəbul edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı II (2004-2008-ci illər) və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kəndlərimizin həm sosial-iqtisadi inkişafında, həm də texnika probleminin həllində əhəmiyyətli rol oynadı. Bu 10 ildə kənd təsərrüfatının ümumi məhsulu 1,5, üzüm istehsalı 2,4 dəfə, taxıl istehsalı 43,9, kartof istehsalı 29,1, tərəvəz 17,8, bostan məhsulları 20,5, meyvə və giləmeyvə 49,1 faiz artdı.
Heç şübhəsiz, kənd təsərrüfatında əldə olunan bu nailiyyətlərdə aqrar bölmənin maddi-texniki bazasının gücləndirilməsi müstəsna rol oynayırdı. Ona görə də şifahi nitqdə III Dövlət Proqramı kimi (2014-2018-ci illər) səsləndirilən sənəddə əsas hədəflər bunlar idi:
– aqrar bölmənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi;
– bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturların yaradılması.
Yəni III Dövlət Proqramının həyata keçirilməsi təkcə kəndin texnika problemini daha da gücləndirmək deyil, bununla paralel Kənd Təsərrüfatı Nazirliyi sistemində yeni strukturlar yaratmaq, kənddə məhsul istehsalçılarına kömək edəcək bu işi tənzimləyəcək yeni strukturlar yaratmaq və bu yolla işin daha səmərəli həllinə nail olmaq idi.
Prezident İlham Əliyev bütün məruzə və çıxışlarında kənd təsərrüfatının texnika ilə təmin olunmasına böyük önəm verir. Sabirabadda keçirilən (17 sentyabr 2016-cı il) pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlət başçısı bildirib ki, fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın pul verilir. Kənd təsərrüfatı texnikaları, gübrələr, yanacaq isə fermerlərə güzəştli şərtlərlə verilir.
Daha sonra Prezident deyib: “Bu il pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmışdır. Onlardan 100-dən çoxu pambıqyığan kombayndır. Əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək”.
Bu, təkcə bir tədbirdən — Sabirabad rayonundakı müşavirədən gətirilən qeydlərdir. Halbuki Saatlı (28 mart 2017-ci il) müşavirəsində də bu mövzu diqqətdə saxlanılmışdır.
Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsində (26 mart 2018-ci il) isə mövzu daha geniş araşdırılmışdır.
“Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə pambıqyığan 100 kombayn alınacaq”.
Daha sonra dövlət başçısı həmin müşavirədə qeyd edib ki, ümumiyyətlə, 10 minə yaxın texnika almışıqsa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə, texnikanın alınması üçün hər il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək.
“Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq – Amerika istehsalı olan “John Deere” kombaynları, – 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər?”
Bu fikirlər isə 19 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək işlərə həsr edilən müşavirədə səsləndirilib. Daha sonra müşavirədə dövlət başçısı deyib:
“Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldar və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlardır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü”.
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfransda Prezident İlham Əliyev deyib ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir.
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda isə dövlət başçısına məlumat verilib ki, göstərilən ilin yanvarından etibarən fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi (EKTS) üzərində aparılıb. Bu günədək EKTS-də 546 mindən çox fermer qeydiyyatdan keçib.
Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Dövlət başçısının imzaladığı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman (17 avqust 2020-ci il) aqrar bölmədə məhsul istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmət göstərilməsi ilə bağlı işlərin səmərəsini artırmaq və sistemliliyin təmin edilməsi məqsədini daşıyır.
Fərmanda qərara alınınr ki, bundan sonra “Aqrolizinq”in adı dəyişdirilsin və o, “Aqroservis” ASC adlandırılsın. Həmçinin qərara alınır ki, “Aqroservis” ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı məhsul istehsalçıları istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı və s.) aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə işlərin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.
Həmin fərmana əsasən kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, suvarma sistemi dəsti və avadanlıqlarının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılması və s. vəzifələr bundan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə olunur.
Fermer kreditə götürdüyü texnikanın ilkin olaraq yalnız 20 faizinin pulunu ödəyir ki, bu da fermerlər üçün əlçatandır. Bundan başqa, fermerlərin, sahibkarların texnikaya əlçatanlığını təmin etmək üçün müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə kreditlərin götürülməsinə köməklik göstərilir, texnikaya yardım layihələri də var.
Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına kənd təsərrüfatı kreditləri cəmi 7-12 faizlə verilir. Belə ki, sahibkar texnika alarkən onun pulunu ilkin olaraq yalnız 20 faizini ödəyir, 40 faiz isə dövlət tərəfindən subsidiya (güzəşt) kimi ödənilir. Qalan məbləğ isə bank tərəfindən faizsiz kredit yolu ilə həll edilir.
Beləliklə, Prezident İlham Əliyevin dönəmində aqrar sahəyə göstərilən ardıcıl qayğı, dövlət dəstəyi, sahənin ən müasir texnika və istehsal vasitələri ilə təchiz edilməsi, texnikaların fermerlər üçün əlçatan olması kənd təsərrüfatında məhsul bolluğuna səbəb olub. Ötən il onlar taxılçılıqda yüksək nailiyyətlər əldə ediblər. 3 milyon tondan artıq taxıl əldə olunaraq hər hektardan məhsuldarlıq 32 sentnerə qaldırılıb.
Pambıqçılar da rekord nəticəyə nail olublar. 336,8 min ton “Ağ qızıl” toplanaraq məhsuldarlıq hər hektardan 33,6 sentnerə yüksəlib. Aqrar bölmənin digər sahələrində də belə ürəkaçan vəziyyət mövcuddur.
Comments are closed, but trackbacks and pingbacks are open.