Press "Enter" to skip to content

AQRAR İSLAHATLARIN AZƏRBAYCAN MODELİ

10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.

Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2. aqrar sığorta orqanı – aqrar sığorta sistemi üzrə bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi;

1.1.3. idarəedici qurum – aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçı;

1.1.4. vasitəçi aqrar sığortaçı – Azərbaycan Respublikası ərazisində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada sığorta fəaliyyəti göstərən və idarəedici qurumun səhmdarı olan yerli hüquqi şəxs;

1.1.5. müstəqil ekspert – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;

1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;

1.1.7. aqrar sığorta məhsulu – kənd təsərrüfatı məhsullarının istehsalçılarına onların əmlak mənafelərinin müdafiəsi üçün vasitəçi aqrar sığortaçı tərəfindən təklif edilən sığorta xidməti;

1.1.8. akvakultura məhsulu – akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri.

1.2. Bu Qanunda nəzərdə tutulmayan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Aqrar sığorta haqqında qanunvericilik

2.1. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Ələt iqtisadi zonasında aqrar sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Aqrar sığorta sahəsində dövlətin vəzifələri

3.0. Aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:

3.0.1. aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;

3.0.2. aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;

3.0.3. aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək;

3.0.4. aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək;

3.0.5. aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək;

3.0.6. aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.0.7. aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.

Maddə 4. Aqrar sığortanın predmeti

4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır:

4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);

4.1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar;

4.1.3. akvakultura məhsulu.

4.2. Bu Qanunun 4.1-ci maddəsində sadalanan aqrar sığorta predmetinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.

Maddə 5. Aqrar sığorta üzrə təminat verilən risklər

5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

5.1.1. təbii fəlakətlər;

5.1.3. bitki xəstəlikləri və zərərvericilər;

5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr;

5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

5.1.6. üçüncü şəxslərin hərəkətləri.

5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz.

5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 6. Aqrar sığortanın tənzimlənməsi

6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.

6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur:

6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması;

6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr;

6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti;

6.2.4. sığorta müqaviləsinin forması;

6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri;

6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar.

6.3. Sığorta qaydalarına sonradan edilmiş dəyişikliklər qüvvədə olan sığorta müqavilələrinə şamil edilmir.

6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir.

6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.

6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.

6.7. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz.

6.8. Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir.

Maddə 7. Aqrar sığorta haqqı

7.1. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:

7.1.1. aqrar sığortalı tərəfindən ödənilməli olan hissə;

7.1.2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.

7.2. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

7.3. Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə birbaşa aqrar sığorta orqanının bank hesabına ödənilir.

Aqrar sığorta sisteminin subyektləri

Maddə 8. Aqrar sığorta orqanı

8.1. Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır.

8.2. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir.

8.3. Aqrar sığorta orqanı bu Qanun və nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin bu Qanunun 10.7-ci maddəsində nəzərdə tutulmuş məsələlərə baxılması üçün aqrar sığorta orqanı daxilində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən Apelyasiya Şurası yaradılır.

8.4. Aqrar sığorta orqanı öz mənfəətini aşağıdakı istiqamətlərə yönləndirir:

8.4.1. uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına;

8.4.2. nizamnamə kapitalının artırılmasına;

8.4.3. sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə;

8.4.4. dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə.

8.5. Aqrar sığorta orqanının aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

Maddə 9. İdarəedici qurum

9.1. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.

9.2. Səhmdarlardan heç biri öz payını satmadığı halda İdarəedici qurum əlavə səhm buraxılışını həyata keçirir.

9.3. İdarəedici qurum öz fəaliyyətini bu Qanuna, nizamnaməsinə və aqrar sığorta orqanı ilə imzalanmış müqaviləyə uyğun həyata keçirir.

9.4. İdarəedici qurum tərəfindən qiymətli kağızların (səhmlər istisna olmaqla) buraxılmasına, dövlət büdcəsindən və ya digər mənbələrdən borc vəsaitinin cəlb edilməsinə yol verilmir.

9.5. İdarəedici qurumun əməliyyat xərcləri aqrar sığorta orqanı ilə aralarında bağlanmış müqavilə əsasında müəyyən edilir.

9.6. İdarəedici qurum aqrar sığorta orqanı adından qanuna uyğun qaydada bağlanmış müqavilələr üzrə öhdəlik daşımır.

9.7. İdarəedici qurum fəaliyyətini dayandırdıqda, ləğv olunduqda və ya məhkəmə qərarı ilə müflis elan edildikdə onun bütün sənədləri aqrar sığorta orqanına təhvil verilir.

9.8. İdarəedici qurum aqrar sığorta orqanı tərəfindən verilmiş əmlakdan və daxil olan vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

9.8.1. sığorta ödənişlərinin həyata keçirilməsi;

9.8.2. təkrarsığorta əməliyyatlarının aparılması;

9.8.3. vasitəçi aqrar sığortaçılara komisyon muzdlarının ödənilməsi;

9.8.4. inzibati xərclərin ödənilməsi;

9.8.5. investisiya əməliyyatlarının aparılması;

9.8.6. aqrar sığorta informasiya sisteminin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi.

9.9. İdarəedici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır.

Maddə 10. Müstəqil ekspertlər

10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Həmin imtahanın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.

10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.

10.4. Müstəqil ekspertin müqavilə şərtlərini pozduğu aşkar edildikdə bu barədə aqrar sığorta orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

10.5. Sığortalanan riski qiymətləndirən müstəqil ekspert, həmin risk üzrə sığorta hadisələrinin araşdırılmasında və zərərin qiymətləndirilməsində iştirak edə bilməz.

10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.

10.7. İlkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər bir-birindən fərqli olduqda aqrar sığorta orqanının Apelyasiya Şurasında baxılır və müvafiq qərar qəbul edilir. Apelyasiya Şurasının qərarı yeni müstəqil ekspertin rəyini təsdiq edərsə onun xidmət haqqı ilkin ekspertin vəsaiti hesabına, ilkin müstəqil ekspertin rəyini təsdiq etdikdə isə sığortalının vəsaiti hesabına ödənilir.

Maddə 11. Vasitəçi aqrar sığortaçılar

11.1. Vasitəçi aqrar sığortaçılar aqrar sığorta ilə bağlı münasibətlərdə aqrar sığorta orqanı və aqrar sığortalı arasında aqrar sığortanın tətbiqi üzrə sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirir.

11.2. Vasitəçi aqrar sığortaçılar idarəetmə qurumu ilə sığortalı arasında aqrar sığorta müqaviləsi bağlanmasına vasitəçilik etməklə yanaşı sığortalılara haqqı ödənilməklə aqrar sığorta ilə bağlı hüquqi, texniki və təşkilati xidmətlər göstərirlər.

11.3. Sığorta vasitəçiliyi fəaliyyəti üçün aqrar sığorta orqanı bu Qanunla müəyyən olunmuş qaydada vasitəçi aqrar sığortaçılar ilə müqavilə bağlayır.

11.4. Vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə sığorta qaydaları ilə müəyyən edilmiş məbləğdə komisyon muzd alırlar.

11.5. Aqrar sığortalının sığorta haqqını hissə-hissə ödəməsi hallarında aqrar sığorta orqanı ilə vasitəçi aqrar sığortaçı arasında bağlanan müqavilədə sonuncu tərəfindən təminat alətlərinin tətbiq edilməsi nəzərdə tutula bilər.

Maddə 12. Aqrar sığortalı

12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.

12.2. Aqrar sığortalının hüquq və vəzifələri aqrar sığorta müqaviləsində müəyyən olunur.

Aqrar sığortanın həyata keçirilməsi

Maddə 13. Aqrar sığorta informasiya sistemi

13.1. Aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.

13.2. Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.

13.3. Aqrar sığorta informasiya sisteminə inteqrasiya edilməli olan informasiya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

13.4. Aqrar sığorta orqanı aşağıdakı məlumat və sənədləri elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edir:

13.4.1. hava və iqlim şəraiti barədə;

13.4.2. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti;

13.4.3. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlar.

13.5. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların (sənədlərin) əldə edilməsinə görə:

13.5.1. dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir;

13.5.2. bütün digər hallarda heç bir ödəniş tələb olunmur.

13.6. Sığorta müqavilələri üzrə məlumatlar mütəmadi olaraq İdarəedici qurum və (və ya) sistemin digər istifadəçiləri (vasitəçi aqrar sığortaçılar, müstəqil ekspertlər və aqrar sığortalılar) tərəfindən aqrar sığorta informasiya sisteminə daxil edilir.

Maddə 14. Riskin qiymətləndirilməsi

14.1. Sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert sığorta predmetinə baxış keçirir və onun məruz qala biləcəyi riskləri qiymətləndirir.

14.2. Müstəqil ekspert sığorta predmeti ilə bağlı olan risklər üzrə sığorta qaydaları ilə müəyyən edilən məlumatları aqrar sığorta informasiya sisteminə daxil edir.

Maddə 15. Aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi

15.1. Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi aşağıdakı şərtlər yerinə yetirildikdə həyata keçirilir:

15.1.1. sığorta müqaviləsi qanunvericiliyə və sığorta qaydalarına uyğun bağlandıqda;

15.1.2. sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilən hissəsi tam və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hissə-hissə ödəniş formasının ilk hissəsi ödənildikdə.

15.2. Dövlət büdcəsinin vəsaiti hesabına aqrar sığorta haqqının bir hissəsinin maliyyələşdirilməsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunlara uyğun olaraq həyata keçirilir.

15.3. Aqrar sığorta orqanı hər ayın sonunda sığorta müqavilələri üzrə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin ödənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş sənədləri müraciətə əlavə edir.

15.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin müraciətin daxil olduğu tarixdən sonrakı 10 iş günü müddətində aqrar sığorta orqanının müvafiq bank hesabına köçürülməsini təmin edir.

15.5. Aqrar sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş hissəsi aqrar sığorta orqanının bank hesabında saxlanılır və yeni sığorta müqavilələri üzrə bu Qanunun 15.1-ci maddəsinə uyğun qaydada istifadə edilir.

15.6. Aqrar sığortalının aqrar sığorta haqqını tam və ya qismən ödəməsindən asılı olmayaraq, dövlət tərəfindən aqrar sığorta haqqının bu Qanuna uyğun qaydada müəyyən edilən hissəsi tam həcmdə ödənilir.

Maddə 16. Sığorta hadisəsinin araşdırılması

16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.

Maddə 17. Aqrar sığorta ödənişi haqqında qərar

17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

17.3. Sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir.

17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 18. Təkrarsığorta

18.1. Aqrar sığorta üzrə sığortalanmış risklər aqrar sığorta orqanının şəxsi tutumundan çox olan hissədə, həmçinin aqrar sığorta orqanı üçün əhəmiyyətli hesab edilən hallarda xarici və yerli təkrarsığortaçılarda təkrarsığorta etdirilir.

18.2. Təkrarsığorta əməliyyatları aqrar sığorta orqanı tərəfindən müəyyən olunmuş təkrarsığorta siyasətinə uyğun olaraq həyata keçirilir.

Yekun müddəalar

Maddə 19. Aqrar sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 20. Keçid müddəa

Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər (bu Qanunun 13.5-ci maddəsi nəzərə alınmaqla) aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu əsasında təqdim edilir.

Maddə 21. Yekun müddəalar

21.1. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

21.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının 2002-ci il 18 iyun tarixli 344-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 582; 2005, № 8, maddə 692; 2008, № 11, maddə 960; 2013, № 11, maddə 1292; 2016, № 3, maddə 417; 2019, № 1, maddə 34) ləğv edilir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

AQRAR İSLAHATLARIN AZƏRBAYCAN MODELİ:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar ölkənin sosial-iqtisadi inkişafındakı uğurları şərtləndirən mühüm amillərdən biri olmaqla yanaşı, həm də böhranlı vəziyyətlərdə uğurlu islahatların aparılması ilə bağlı böyük tarixi təcrübədir. Belə ki, bazar iqtisadiyyatına keçidin ilkin mərhələsində ölkədə baş verən iqtisadi tənəzzül, sosial gərginlik, dövlət idarəetməsindəki böhran və yaranmış siyasi xaos bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da istehsalın kəskin şəkildə azalmasına səbəb olmuşdu. Məsələn, 1990-1994-cü illərdə kənd təsərrüfatı sahəsində ümumi istehsalın həcmi real ifadədə 41,3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 47,6 faiz, heyvandarlıq məhsulları istehsalı 30,3 faiz azalmışdı. Həmin dövrdə kənd təsərrüfatı sahəsi üzrə uzun illər ərzində formalaşmış mərkəzləşdirilmiş dövlət təchizatı və məhsulların satın alınması sistemi demək olar ki, aradan qalxmış, bunun müqabilində isə bazar şərtlərinə uyğun yeni sistem formalaşmamışdı.

Xalqın təkidli tələbləri ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderin həmin vaxt ölkədə mövcud olan siyasi xaosun, dövlət idarəetməsindəki böhranın, vətəndaş müharibəsi təhlükəsinin və Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, bütövlükdə isə ölkəmizin dövlət müstəqilliyinə olan təhlükənin aradan qaldırılması kimi taleyüklüməsələlərlə bağlı gərgin fəaliyyətlərinə baxmayaraq, həmin dövrdə kənd təsərrüfatının problemlərinə həsr olunmuş ardıcıl müzakirələr keçirilirdi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə mütəmadi olaraq keçirilən bu müzakirələr müvafiq dövlət orqanları ilə yanaşı, alimlərin, mütəxəssislərin və təsərrüfatçıların aktiv iştirakına, ümumilikdə isə cəmiyyətin geniş təbəqələrinin təmsilçiliyinə əsaslanmaqla, ölkədə aqrar islahatların aparılması üçün adekvat qərarların qəbul edilməsi məqsədinə xidmət edirdi.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində diqqəti aqrar islahatların vacibliyinə yönəldən Ulu Öndər demişdi: “Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

Bu müşavirədə irəli sürülmüş təkliflər, mülahizələr və tənqidi qeydlərlə əlaqədar “Aqrar islahatın əsasları haqqında” və “Kolxoz və sovxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanun layihələrinin işlənilməsi üzrə dövlət orqanlarının, kolxozçuların, icarədarların, fermerlərin, alimlərin və digər nümayəndələrin təmsil olunduğu tərkibdə komissiyanın yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1994-cü il tarixli Sərəncamı imzalanmışdır.Bununla da aqrar islahatların həyata keçirilməsi üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində tarixi addımlar atıldı, 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Qanunlar qəbul olundu.

Bu qanunların qəbul olumasının ardınca “Torpaq islahatı haqqında” Qanunun qəbul edilməsi ilə bağlı çoxsaylı ictimai müzakirələrin keçirilməsinə başlanıldı. Lakin o dövrdə torpaq islahatlarının hansı formada və hansı prinsiplər əsasında aparılması ilə bağlı fikirlər müxtəlif idi, ictimai rəy yekdil deyildi. Məsələn, torpaqların özəl mülkiyyətə deyil, uzunmüddətli icarəyə verilməsi, yaxud da yalnız təsərrüfatlarda işləyənlərə verilməsi və ya kənddə yaşayanlara verilməsi, yaxud da bütün əhaliyə paylanması kimi ən müxtəlif variantlar müzakirə olunurdu.

Torpaq islahatlarının aparılması yolları ilə bağlı yekdil bir fikirin olmadığı vaxtda Ulu Öndər əsas prinsiplərlə bağlı öz müdrik və uzaqgörən mövqeyini müəyyən etmişdi. 1996-cı il iyunun 24-də torpaq islahatlarına həsr olunmuş müşavirədə Ulu Öndər demişdi: “Burada müxtəlif fikirlər söylənildi və bu, əvvəlki müzakirələrdə də olubdur. Bəziləri deyir ki, torpağı kənddə yaşayanların hamısına vermək lazımdır, digərləri deyir ki, torpaq yalnız təsərrüfatla bağlı olan adamlara verilməlidir, başqaları isə deyir ki, adamları kateqoriyalara bölmək, kimə az, kimə çox torpaq vermək lazımdır.

. Ancaq mən hesab edirəm ki, bir prinsip əsas götürülməlidir. Bu, ədalət prinsipidir. Sosial ədalət prinsipi.

. Bizim bu tədbirimizin, yəni islahatımızın, qəbul edəcəyimiz qanunun əsas məqsədi bundan ibarətdir ki, torpaqdan istifadənin səmərəsini artıraq. Bütün tarix də bunu göstərdi ki, torpaqlardan yalnız o halda səmərəli istifadə etmək olar ki, bu torpaq kiminsə mülkü olsun, o buna şəxsi mülk kimi baxsın və ondan çox mənfəət götürməyə çalışsın”.

1995-1996-cı illərdə zəruri hüquqi baza yaradılmaqla 1996-1998-ci illərdə sistemli şəkildə və sürətlə həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılmasının təmin edilməsi hesabına, 1999-2000-ci illərdən etibarən aqrar sahəyə bazar iqtisadiyyatı prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı.Belə ki, Ulu Öndərin “biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” tezisinə uyğun olaraq aqrar sahənin vergilər vasitəsilə stimullaşdırılması siyasəti tətbiq olundu, istehsalçılar torpaqvergisi istisna olmaqla digər vergilərdən azad edildi. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarının büdcəyə olan vergi və digər borclarının silinməsivə onlara yanacağın (neft məhsullarının) güzəştli qiymətlərlə satışı siyasəti tətbiq olundu.

Aqrar islahatların ikinci mərhələsi – bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan

yeni inkişaf mexanizmləri formalaşdırıldı

Ölkədə kənd təsərrüfatı sahəsində özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq ənənələrinin və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan aqrar siyasət mexanizmlərinin formalaşdırılması, bu sahədə yeni inkişaf məqsədlərini hədəfləyən islahatların tarixi varislik əsasında müəyyən olunmaqla sonrakı dövrlərdə də uğurla həyata keçirilməsinə imkan vermişdir.

2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Belə ki, Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start vermişdir. Bu Fərmanla hökumətə tapşırıq verilmişdi ki, aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaq və bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək məqsədi ilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə daha böyük həcmdə təmin olunması, toxumçuluq bazasının inkişaf etdirilməsi, yeni emal müəssisələrinin yaradılması və s.) müvafiq təkliflər hazırlansın.

Meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən böyükmiqyaslı layihələr hesabına 266 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılmış, 43 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilmiş, həmçinin 218 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində burbaşa dövlət dəstəyi hesabına müasir texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı məhsullarının emalı müəssisələri qurulmuş, habelə anbar təsərrüfatları yaradılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar infarstrukturunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması baxımından bazar prinsiplərinə əsaslanan dövlət dəstəyimexanizmi kimi”Aqrolizinq” ASC-nin fəaliyyəti mühüm əhəmiyyət kəsb etmişdur. 2005-2016-cı illər ərzində “Aqrolizinq” ASC-nin xətti ilə ümumilikdə 28082 kənd təsərrüfatı texnikası, o cümlədən 1869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8636 traktor və 17483 digər texnikalar alınaraq istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilmiş və ya lizinq yolu ilə sahibkarlara satılmışdır. Həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal xərclərinin azaldılması məqsədiləonlara hər hektar sahənin əkinində istifadə olunan yanacaq və motor yağlarına görə 40 manat və hər hektar buğda və çəltik əkininə görə 40 manat subsidiyanın verilməsi, həmçinin istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizi həcmində güzəştə görə subsidiyanın verilməsi, “Aqrolizinq” ASC tərəfindən idxal olunan məhsuldar cins malların istehsalçılara dəyərinin 50 faizi qədər güzəştlə satılması və toxum satışına görə subsidiyanın verilməsisiyasəti tətbqi olunmuşdur.

Aqrar islahatların müasir mərhələsi -dayanıqlı inkişafın gücləndirilməsi vəkeyfiyyət dəyişiklikləri hesabına qlobal bazarda rəqabətqabiliyyətliliyin

yüksəldilməsi əsas hədəfdir

Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sahəsinə daima mühüm diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş 5 fevral 2014-cü il tarixli konfransda Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: “Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir. Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir”.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı əsasında ölkədə aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı zəruri siyasi qərarlar qəbul olundu, bu islahatların müvafiq istiqamətləri müəyyən edildi. Bu tədbirlərin tərkib hissəsi olaraq, eləcə də BMT-nin Baş Assambleyası tərəfindən 2015-ci ilin “Beynəlxalq Torpaq İli” bəyan edilməsi ilə bağlı qlobal çağırışa qoşularaq 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi barədə cənab Prezident tərəfindən müvafiq sərəncam imzalandı.

2014-cü ildən etibarən kənd təsərrüfatı sahəsi üzrə idarəetmənin təkmilləşdirilməsi tədbirləri həyata keçirilmişdir. İlk növbədə, aqrar siyasətin yerlərdə effektiv icrasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılmışdır. Həmçinin Nazirliyin Aparatında və tabeli qurumlarının fəaliyyətində səmərələliliyin və nəticəyönümlülüyün artırılmasına vəinnovativ inkişafa imkan verən köklü struktur dəyişiklikləri həyata keçirilmişdir.

Prezident İlham Əliyev tərəfindən imzalanmış 2 mart 2015-ci il tarixli Sərəncamla Dövlət Toxum Fondu yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli 2190 nömrəli “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacın ödənilməsi, toxumluq məhsulların istehsalının artırılması və saxlanılmasının təmin edilməsi üçün müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə müasir tələblərə cavab verən ixtisaslaşmış müəssisələrin qurulmasına başlanılmışdır.

Aqrar islahatların müasir mərhələsi həm də kənd təsərrüfatının yüksək əlavə dəyər yaradan ənənəvi sahələrinin inkişafı baxımından tarixi dönüş dövrü kimi əlamətdar olmuşdur. Dövlət başçısının tapşırığına uyğun olaraq pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksək gəlirli sahələrin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlamışdır.2016-cı ildə əkilmiş pambıq sahələrindən 89,2 min ton və ya əvvəlki illə müqayisədə 2,5 dəfə çox pambıq istehsal edilmişdir. Yaxın illər ərzində pambıq istehsalının təqribən 500 min tona çatdırılması ilə bağlı məqsədyönlü tədbirlərin icrası davam etdirilir. 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə 70,7 ton yaş barama məhsulu istehsal edilmişdir. Baramaçılığın inkişafının sürətləndirilməsi və yem bazasının bərpası məqsədilə 1,5 milyon ədəd məhsuldar tut (çəkil) tingləri alınmış və 37 rayonda yeni tut (çəkil) bağlarının salınması həyata keçirilmişdir.

Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirləri də öz müsbət nəticələrini göstərməkdədir. Hesabat ilində çay plantasiyalarından toplanmış yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75,4 faiz artaraq 1000 tondan çox olmuşdur. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir. Kənd təsərrüfatının mühüm əhəmiyyətli ixracyönümlü sahəsi kimi fındıqçılığın da inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, əlverişli torpaq-iqlim şəraitinə malik olan rayonlarda 12 min hektara yaxın sahədə yeni fındıq bağları salınmışdır ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.

Ölkədə heyvandarlığın intensiv ferma modeli əsasında inkişaf etdirilməsi hazırda aqrar siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Yüksək məhsuldarlıqlı heyvanlarla təminatın yaxşılaşdırılmasına dəstək məqsədilə 2009-2016-cı illər ərzində 22829 baş, o cümlədən son 3 il ərzində 14125 baş iribuynuzlu cins mallar “Aqrolizinq” ASC vasitəsilə Avropa ölkələrindən alınaraq dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq şərtləri ilə sahibkarlara satılmışdır.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə institusional potensialın gücləndirilməsi və lazımi infrastrukturun yaradılması istiqamətində də zəruri dövlət dəstəyi həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Respublika Süni Mayalama Mərkəzinin Avropadan cəlb olunmuş ekspertlərin iştirakı ilə köklü şəkildə modernləşdirilməsi həyata keçirilib.

Həmçinin cənab Prezident tərəfindən imzalanmış 19 avqust 2015-ci il tarixli Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsinəbaşlanılmışdır. Dövlət başçısının “Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir” tapşırığına uyğun olaraq artıq Azərbaycanda da aqro-ərzaq məhsulları istehsalı sahəsində XXI əsrin müasir biznes texnologiyası olan aqroprakların yaradılmasına start verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bazar şərtlərinin daha da yaxşılaşdırılması məqsədi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yaradılmışdır.

Azərbaycanda həyata keçirilən aqrar islahatlar hesabına kənd

təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur

Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3 dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə böyümüşdür. 1996-2016-cı illər ərzində taxıl istehsalı 1 milyon 18 min tondan 3 milyon 65 min tona (3 dəfə artım), kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım), tərəvəz istehsalı 570 min tondan 1 milyon 269 min tona (2,2 dəfə artım), bostan məhsulları 52 min tondan 464,5 min tona (9 dəfə artım), ət istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım), süd istehsalı 843,3 min tondan 2 milyon 9 min tona (2,4 dəfə artım), yumurta istehsalı 477 milyon ədəddən 1,6 milyard ədədə (3,4 dəfə artım) çatdı.

Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88 faizə qədər artmışdır. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özümüzü təminetmə səviyyəsi 86 faizdir, üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac edirik. Bütün növ tərəvəz ilə özünü təminetmə səviyyəsi 96 faiz, meyvə və giləmeyvə ilə üzrə isə 122 faiz təşkil edir.

Yerli istehsal potensialının güclənməsi hesabına ölkəmzin ixrac bazarlarında iştirakı səviyyəsi də əsaslı şəkildə yüksəlmişdir. Ölkədə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması məqsədilə 9 strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 2016-2020-ci illər ərzində icrası çərçivəsində aqrar islahatların müasir mərhələsi uğurla davam etdiriləcək.

Cənab Prezident tərəfindən qəbul edilmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsi hesabına Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modeliyeni nailiyyətlərlə xarakterizə olunacaq.

VERGİLƏR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanda “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Bu qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və yeni qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən verilməsini təmin etməlidir. “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsi isə “ASAN xidmət” ilə razılaşdırılmaqla 3 ay müddətində hazırlanıb Prezidentə təqdim edilməlidir.

Fərmanda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri 5 ay müddətində təsdiq edilməlidir. Həmin sektorun subsidiyalaşdırılmasının nəticələri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ildə bir dəfə Prezidentə hesabat verməlidir.

“ASAN xidmət” aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq informasiya sistemlərinin “Elektron Hökumət” informasiya portalı vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını təmin etməlidir. Burada məqsəd “Subsidiya” informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunmasıdır:

  1. İstehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələri və məhsulları barədə məlumatlar, ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;
  2. Kənd təsərrüfatı təyinatlı torpaqlar, onların mülkiyyətçisi, istifadəçisi və icarəçisi barədə aktual məlumatlar.

Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidir. Fərmanla yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etmək tapşırılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.