Press "Enter" to skip to content

Müasir tarixdə miqrasiya prosesi haqqında

Digər maraq doğuran məqam budur ki, görəsən Britaniyanın, Fransanın, İspaniyanın, Portuqaliyanın və digər ölkələrin bir neçə yüz il müstəmləkəsi olmuş ölkələrdə nə üçün bu gün də vəziyyət acınacaqlıdır. Nə üçün bu ölkələr ötən əsrlər ərzində nəzərəçarpacaq inkişafa nail ola bilməyiblər? Səbəbi budur ki, onları müstəmləkədə saxlayan Avropa ölkələri, həmçinin bu sərvətlər hesabına inkişafa nail olublar. Bu gün Avropanın muzeylərində və meydanlarında yerləşdirilmiş zəngin tarixi-mədəni irs nümunələrinin əksəriyyətinin Asiya və Afrika ölkələrinə məxsus olduğu danılmazdır. Lakin təəssüf doğuran budur ki, Avropa ölkələri müstəmləkələri idarə etdikləri illər ərzində yalnız öz maraqlarını güdüblər və həmin ölkələrin sonrakı müstəqillik illərində öz inkişaflarını təmin edəcək zəruri amillərin formalaşmasına nəinki cəhd etməyiblər, hətta imkan belə verməyiblər. Şübhəsiz ki, keçmiş müstəmləkələrin bu gün kasıb vəziyyətdə olmasının səbəblərini araşdırarkən, bu məqamın nə dərəcədə mühüm əhəmiyyət daşımasını sübut etməyə ehtiyac yoxdur.

Məktəblər bağlanacaqmı? Təhsil Naziri açıqlama verdi – 2023 ƏN SON

Təhsil Naziri Emin Əmrullayev :”Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndini vurdurub”

Jurnalistlərə açıqlamasında Nazir qeyd edib ki, “İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda ciddi problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk”.

Azərbaycanda növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər

Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində nə kimi boşluqlar var, çünki pandemiya zamanı mövcud sistem boşluqları, ciddi çatışmazlıqlar üzə çıxa bilir. Bunu UNEC İqtisadi Forumunda “Post-pandemiya dövründə elm və təhsil” mövzusunda keçirilən çıxışı zamanı Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, distant təhsil bəzən öz əlçatanlılığı irəli aparan alət olur: “Azərbaycan təhsil sistemi distant təhsildən istər müsbət, istərsə də mənfi çox şey öyrəndi. Distant təhsillə biliklərin bir qismini öyrətmək olur, lakin bu, real təhsili tam əvəz edə bilmir. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə yaşayan şagirdə eyni cür təsir etməyib, öyrənmə itirməyi fərqlidir. Məhdud mövcud resursla hər hansı sahəni prioritet seçib inkişaf etdirməliyik, bunu bilməliyik”

“Azərbaycanda tədris ili başlayandan yəni, sentyabrın 22-dən bu günə kimi 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildə, əksəriyyəti isə ənənəvi tədrisə geri qayıdıb”.Bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Mövcud dövrdə çox az məktəb və sinif distant təhsilə keçid edir çünki,yoluxma göstəriciləri aşağıdır. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma göstəricisi olur. Ancaq təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik”. Nazir onu da etiraf edib ki,distant təhsil real təhsili əvəz etmir

Təhsil Naziri istilik problemi olan məktəblərin sayını açıqladı

Jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib : “Noyabrın 15 istiliyin verilməsindən sonra 67 məktəbdə bununla bağlı problemlər var idi. Hal-hazırda 20 məktəbdə istilik problemi qalır, problemlərin həll edilməsi istiqamətində işlər gedir”. E.Əmrullayev qeyd edib ki, ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. “Digər məktəblər odun yanacağı və digər vasitələrlə qızdırılır. Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Hər hansı bir məktəbdə qəza ola bilir. Səbəblər isə müxtəlifdir. Bunlar hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir. Ötən il tədrisin fasilələrlə davam etməsi istilik sistemində ciddi problemlər yaradırdı”.

Nazir tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev tələbə təhsil kreditləri ilə bağlı jurnalistlərin səsləndirdiyi narazılıqlara münasibət bildirib.

“18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq öz həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Belə ki,sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik”, -deyə- E.Əmrullayev vurğulayıb.

BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur

Bakı Dövlət Universiteti (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istiyənlərin sənədləri 1 ay müddətində qəbul ediləcək. Qeyd olunan fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib I. Dekan vəzifəsi:

  • Mexanika-riyaziyyat fakültəsi
  • Fizika fakültəsi
  • Geologiya fakültəsi
  • Tarix fakültəsi
  • Filologiya fakültəsi
  • Sosial elmlər və psixologiya fakültəsi
  • Kitabxanaçılıq-informasiya fakültəsi
  • Biologiya fakültəsi

II. Kafedra müdiri vəzifəsi:

  • Nəzəri fizika kafedrası
  • Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası
  • Astrofizika kafedrası
  • Fiziki elektronika kafedrası
  • Yarımkeçiricilər fizikası kafedrası
  • Bərk cisimlər fizikası kafedrası
  • Optika və mоlекulyar fizika kafedrası
  • Ümumi və tarixi geologiya kafedrası
  • Seysmologiya və Yer təkinin fizikası kafedrası
  • Hidrogeologiya və mühəndis geologiyası kafedrası
  • Botanika və bitki fiziologiyası kafedrası
  • Biofizika və biokimya kafedrası
  • Molekulyar biologiya və biotexnologiyalar kafedrası
  • Zoologiya və fiziologiya kafedrası
  • Rus dili kafedrası (humanitar fakültələr üzrə)
  • Аzərbaycan şifahi хаlq ədəbiyyatı kafedrası
  • Rus dilçiliyi kafedrası
  • Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası
  • Psixologiya kafedrası
  • Sosial və pedaqoji psixologiya kafedrası
  • Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası
  • Qədim dünya və оrta əsrlər tаrixi kafedrası
  • Slavyan ölkələri tarixi kafedrası
  • Asiya və Afrika ölkələri tarixi kafedrası
  • Аli riyaziyyat kafedrası
  • Riyaziyyat və onun тədrisi меtоdikası kafedrası
  • Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası
  • Riyazi analiz kafedrası
  • Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Müasir tarixdə miqrasiya prosesi haqqında

Day.Az AZƏRTAC-a istinadən Novruz Məmmədovun yazsını təqdim edir:

Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların – transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır. Bütün bu prosesin ortaya çıxardığı problemlər isə göz qabağındadır: beynəlxalq münasibətlər sistemində “davranış kodeksi” hesab edilən beynəlxalq hüquq yalnız söz və bəyanat formasında bəzi sənədlərdə görüntü yaratmaq xatirinə qeyd olunur, insanlar və dövlətlər səviyyəsində ədalət anlayışı iflasa uğrayır, böhranlı regionların və ərazi münaqişələrinin sayı durmadan artır, zəngin və kasıb cəmiyyətlər arasındakı fərq getdikcə çoxalır.

Müasir dövrün ziddiyyət palitrasında özünü qabarıq nümayiş etdirən problemlərdən biri də miqrasiya prosesidir. Bu mövzu hazırda dünya siyasətinin gündəmindən düşmək bilmir. “Miqrant böhranı”, “qaçqın böhranı” kimi ifadələr isə mətbuatda və siyasi müzakirələrdə ən çox istifadə olunan terminlərdəndir. Xüsusən Yaxın Şərqdə və Afrikada silahlı münaqişələrdən, terror hücumlarından, ağır siyasi-iqtisadi vəziyyətdən əziyyət çəkən çoxlu sayda insan öz yaşayış yerlərini tərk edərək başqa ölkələrə köç etməyə məcbur olurlar.

Bu kütləvi miqrasiyanın əsas istiqaməti isə sosial-iqtisadi baxımdan cəlbedici və coğrafi cəhətdən nisbətən yaxın olan Avropadır. Prosesin miqyasının nə dərəcədə böyük olduğunu izah etmək üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, təkcə 2014-cü il ərzində Avropaya köç edən miqrantların sayı 6 dəfə artaraq 300 mindən 2 milyona çatdı. Rəqəm sonrakı illərdə daha da artıb. Avropadan kənarda məskunlaşanların, yolda aclıqdan və xəstəlikdən ölənlərin, Aralıq dənizində batan, həlak olanların sayı isə bu rəqəmlərdə əks olunmur.

Böhranın digər üzü isə bu insanların köç etdikləri Avropada qarşılaşdıqları vəziyyətdir. Artıq Avropa ölkələrinin miqrantları qəbul etməyə meylli olmaması və yerli əhali arasında dözümsüzlüyün artması fonunda aclıq, məhrumiyyət, şəxsiyyətin alçaldılması, qeyri-insani rəftar miqrantlara münasibətdə adi hala çevrilmişdir. Ola bilsin ki, Avropa İttifaqının (Aİ) bəzi dövlətləri miqrantları qəbul etməməkdə özlərini haqlı sayırlar. Amma bu gün Aİ bir siyasi, iqtisadi, mədəni sistem kimi formalaşmağı qarşısına əsas məqsəd qoyduğu üçün məsuliyyət də, öhdəliklər də müvafiq qaydalara uyğun paylaşılmalıdır.

Tarixin bütün mərhələlərində müntəzəm şəkildə davam etmiş miqrasiya – ilk növbədə, əmək miqrasiyası Qərb elmi ədəbiyyatlarında bütövlükdə mütərəqqi proses kimi təqdim olunur, istənilən cəmiyyətin (əlbəttə, miqrant qəbul edən ölkə nəzərdə tutulur) inkişafının və yenilənməsinin əvəzolunmaz resursu kimi xarakterizə edilir. Demoqrafik böhranla üzləşən ölkələr insan resursları uğrunda fəal rəqabət aparırlar.

Əvvəlki dövrlərdə miqrasiya prosesi indiki səviyyədə olmasa da, geniş vüsət almışdı, lakin bugünkü kimi böyük narazılıq doğurmur, əksinə müsbət qarşılanırdı. İndi isə bir çox hallarda Yaxın Şərq və Afrika ölkələrindən məcburi miqrasiyaya məruz qalan insanlara yardım göstərilməsindən imtina edilir, onların etnik, dini kimlikləri ön plana çıxarılır. Həmçinin bu miqrantların tarixi ölkələrində baş verən silahlı münaqişələr miqrasiyanın yalnız bir səbəbi kimi göstərilir, kütləvi köçlərin əsas səbəbləri isə siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, ağır iqtisadi və ekoloji vəziyyət hesab olunur.

Şübhəsiz ki, bu gün baş verən miqrant axınının səbəblərini anlamaq üçün daha əvvəlki dövrlərdəki bənzər proseslərə nəzər yetirilməli, bir sıra paralellər aparılmalı, fərqlər və ümumi cəhətlər müəyyən edilməlidir. Niyə asiyalılar və afrikalılar son bir neçə əsrdə öz torpaqlarını tərk edən miqrantların əsas hissəsini təşkil edirlər? Onları öz doğma torpaqlarını tərk etməyə vadar edən amillər hansılardır? Zəngin təbii sərvətlərinə baxmayaraq, bu ölkələrdəki həyat səviyyəsi niyə Qərbdən məntiqəsığmaz dərəcədə aşağıdır? Şübhə yoxdur ki, bu istiqamətlərin hərtərəfli təhlili müasir miqrasiya proseslərini izah etmək baxımından faydalı olar.

Bu məsələdə diqqəti cəlb edən əsas məqamlardan biri də odur ki, indi miqrant və qaçqın vəziyyətinə düşmüş insanların ilkin olaraq yaşadıqları ölkələrin əksəriyyətini birləşdirən bir ümumi cəhət onların əvvəllər Qərbin müstəmləkəsi olmalarıdır. Qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki silahlı münaqişələr, miqrasiya böhranı və beynəlxalq sistemdə bütün bunlardan irəli gələn qeyri-sabitlik siyasi və akademik dairələrdə müstəmləkəçiliklə bağlı yeni müzakirələrə təkan vermişdir.

Müstəmləkəçilik siyasəti və miqrasiya proseslərinin mərhələləri haqqında

Bu gün Qərb ölkələrinin siyasi, iqtisadi, sosial, elmi, texnoloji cəhətdən digər ölkələrə münasibətdə üstün mövqedə olduqları şübhəsizdir. Belə görünür ki, onlar uzun illər ərzində formalaşmış bu üstünlüklərini xeyli müddət qoruyub saxlamaq imkanına malikdirlər. Hazırda dünyada baş verən proseslərin də bu istiqamətdə davam etdiyi aşkardır. Siyasi-iqtisadi konyunktur zənginlərlə kasıblar arasında uçurumun daha da dərinləşməsinə şərait yaradır. Təsadüfi deyil ki, bir sıra ölkələrdə qloballaşma da müstəmləkəçiliyin müasir formasına xidmət kimi xarakterizə olunur.

Təbii olaraq, belə bir sual yaranır: Qərb bu üstünlüyünü nəyin hesabına əldə edib? Çünki tarixin müəyyən dövründə Qərbin Şərqdən, xüsusən İslam aləmindən hər cəhətdən geri qaldığı məlumdur. Məsələn, bəşəriyyətin inkişafında həlledici rol oynamış elmi kəşflər, ixtiralar ilk olaraq məhz Şərqdə edilsə də, bir neçə əsr sonra Qərbdə tətbiq edilməyə başlanmışdır. XVI əsrə qədər Avropanın hansısa sahədə üstünlüyündən danışmaq çətindir. Lakin etiraf etmək lazımdır ki, məhz həmin ixtiraların mənimsənilməsi və tətbiqi nəticəsində Avropa ölkələri cəmiyyətin həyatında sosial-iqtisadi inqilab etməyə müvəffəq olmuşlar. Müstəmləkəçilik siyasəti isə əldə olunmuş bu nailiyyətlərin daha da inkişafına xidmət etmişdir.

Digər maraq doğuran məqam budur ki, görəsən Britaniyanın, Fransanın, İspaniyanın, Portuqaliyanın və digər ölkələrin bir neçə yüz il müstəmləkəsi olmuş ölkələrdə nə üçün bu gün də vəziyyət acınacaqlıdır. Nə üçün bu ölkələr ötən əsrlər ərzində nəzərəçarpacaq inkişafa nail ola bilməyiblər? Səbəbi budur ki, onları müstəmləkədə saxlayan Avropa ölkələri, həmçinin bu sərvətlər hesabına inkişafa nail olublar. Bu gün Avropanın muzeylərində və meydanlarında yerləşdirilmiş zəngin tarixi-mədəni irs nümunələrinin əksəriyyətinin Asiya və Afrika ölkələrinə məxsus olduğu danılmazdır. Lakin təəssüf doğuran budur ki, Avropa ölkələri müstəmləkələri idarə etdikləri illər ərzində yalnız öz maraqlarını güdüblər və həmin ölkələrin sonrakı müstəqillik illərində öz inkişaflarını təmin edəcək zəruri amillərin formalaşmasına nəinki cəhd etməyiblər, hətta imkan belə verməyiblər. Şübhəsiz ki, keçmiş müstəmləkələrin bu gün kasıb vəziyyətdə olmasının səbəblərini araşdırarkən, bu məqamın nə dərəcədə mühüm əhəmiyyət daşımasını sübut etməyə ehtiyac yoxdur.

Miqrasiya proseslərinin tarixini öyrənərkən təbii fəlakətlərin (zəlzələ, quraqlıq, subasma və s.) və müharibələrin rolunun və təsirinin araşdırılması da maraqlıdır. Lakin bizim əsas məqsədimiz miqrasiya proseslərinin müstəmləkəçiliklə bağlı dövrünü araşdırmaq, miqrasiya proseslərinin imperiya maraqlarına, geosiyasi maraqlara tabe etdirilərək həyata keçirilməsi üzərində dayanmaqdır.

Miqrasiya prosesini müstəmləkəçilik siyasəti çərçivəsində nəzərdən keçirərkən, bu prosesin miqyas və xarakter baxımından bir-birindən fərqlənən üç mərhələsini xüsusi qeyd etmək lazımdır. Mərhələləri bir-birinə bağlayan ümumi cəhət isə prosesin eyni məqsədin reallaşdırılmasına xidmət etməyə yönəldilməsindən ibarətdir.

Müstəmləkə sisteminin yarandığı XVI əsrdən XX əsrin ortalarına kimi davam edən birinci mərhələ miqrasiya axınının kütləviliyi baxımından deyil, daha çox prosesin özünə təkan verəcək tendensiyaların formalaşması baxımından diqqəti cəlb edir. Belə ki, Asiya, Afrika və Latın Amerikası ölkələrinin işğalından sonra siyasi, iqtisadi və hərbi metodlarla müstəmləkələrin təbii və insan resurslarının istismarı geniş vüsət aldı. Bu da Qərb ölkələrində siyasi, iqtisadi, hərbi, elmi və mədəni inkişafı stimullaşdıran böyük həcmdə kapitalın cəmləşməsinə, müstəmləkələrin isə siyasi və iqtisadi inkişafının dayanmasına gətirib çıxardı. Aydın məsələdir ki, geniş əraziləri zəbt etdikdən sonra onları yalnız metropoliyanın öz imkanları hesabına əldə saxlamaq olduqca çətindir. Məhz bu məqamdan etibarən müstəmləkəçilik maraqlarına xidmət edən miqrasiya prosesinin məqsədyönlü istiqamətdə aparılmasının əsası qoyulub. Bu dövrdə miqrasiya prosesi iki məqsədə xidmət edib. Birincisi, müstəmləkə əhalisindən Avropa və Amerikada ən aşağı səviyyəli işlərdə qul əməyi kimi istifadə olunması, ikincisi və daha vacibi isə öz dilini, mədəniyyətini və idarəçilik sistemini həmin əhaliyə aşılamaq və qəbul etdirmək üçün onların bir növ metropoliya ilə müstəmləkə arasında körpü rolunu oynamasını təmin etmək və bununla da ələ keçirilmiş torpaqlar üzərində nəzarəti qoruyub saxlamaq. Müxtəlif dövrlərdə keçmiş müstəmləkələrin iştirakı ilə yaradılmış və hazırda da fəaliyyət göstərən Millətlər Birliyi (Britaniya), Frankofoniya Beynəlxalq Təşkilatı (Fransa), İbero-Amerikan Dövlətləri Təşkilatı (İspaniya), Portuqal Dilli Ölkələrin Birliyi (Portuqaliya) kimi qurum və təşkilatlar, əslində, tətbiq olunan mexanizmlərin müstəmləkəçilik maraqları baxımından nə dərəcədə əhəmiyyətli olduğunun bir göstəricisidir.

İkinci mərhələ soyuq müharibə illərini əhatə edir. II Dünya Müharibəsinin başa çatması müstəmləkə sisteminin dağılması və yeni beynəlxalq münasibətlər sisteminin formalaşması ilə nəticələnsə də, Qərbin öz keçmiş müstəmləkələrinə baxışlarında mahiyyətcə dəyişiklik baş vermədi. Yeni müstəqillik qazanmış ölkələrin Qərbdə “Üçüncü dünya ölkələri” adlandırılması da bunun sübutudur. Bu ölkələrlə əlaqələrdə tətbiq olunan yeni mexanizmlər yenə də Qərbin siyasi və iqtisadi maraqlarının təmin olunması prinsipi üzərində qurulmuşdu. Sadəcə neo-müstəmləkəçilik sistemi keçmiş müstəmləkələrin zənginliklərinin kortəbii şəkildə qarət olunmasına deyil, ilk baxışdan bu ölkələr üçün cəlbedici görünən, lakin əslində onların asılılığını artıran yeni siyasi və iqtisadi münasibətlərə, transmilli şirkətlər vasitəsilə xammal və əmək resurslarının istismarına əsaslanırdı.

Bu dövrdə daha geniş xarakter alan miqrasiya da mahiyyət etibarilə keçmiş müstəmləkələr üzərində nəzarəti qoruyub saxlamağa hesablanmış proses idi. İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi inkişafı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Digər tərəfdən isə daxildə əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin “Üçüncü dünya ölkələri”ndən miqrasiyanı təşviq etməsini vacib edirdi. Maraqlıdır ki, bu zaman hər bir Avropa ölkəsi yalnız öz keçmiş müstəmləkələrindən olan miqrantlara üstünlük verirdilər. Məhz miqrantların vasitəsilə metropoliya və müstəmləkə arasında mədəni körpü qorunub saxlanılmalı idi ki, bu da həmin ölkə üzərində siyasi və iqtisadi nəzarəti daha da asanlaşdırırdı.

Avropada multikulturalizm anlayışının bu dövrdə siyasi leksikona daxil edilməsi də təsadüfi deyil. İlk baxışdan miqrantların “yeni vətənlərində” onların dəyərlərinə, mədəni-dini fərqliliklərinə hörmət kimi görünən bu ideologiya əslində bir tərəfdən onların assimilyasiyasını və Avropa dəyərlərinə inteqrasiyasını, digər tərəfdən isə öz ölkələrinə geri qayıtdıqdan sonra mədəni körpünü təmin edən vasitə kimi istifadəsini nəzərdə tuturdu. Bu da əslində Qərb multikulturalizminin yalnız öz dəyərlərini universal norma kimi qəbul edən və müstəmləkəçilik maraqlarına xidmət göstərən məfhum olduğunu sübut edir.

SSRİ və Varşava Müqaviləsi Təşkilatının dağılması ilə Qərbin soyuq müharibədə qələbəsindən sonrakı dövr üçüncü mərhələni təşkil edir. Bu dövrdə faktiki dominant gücə çevrilən və heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb bu mərhələdən etibarən öz geosiyasi və iqtisadi maraqlarını tam şəkildə reallaşdırmaq, bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti təmin etmək üçün səylərini əsirgəmədi.

Yeni beynəlxalq münasibətlər sistemində daha çox arxa planda və ABŞ-ın kölgəsində qalan Avropa isə bu yeni sistemdən elə ABŞ qədər faydalanmış oldu. Varşava Müqaviləsindən çıxmış Şərqi Avropa ölkələri Avropanın öz sərhədlərini genişləndirməyə və nəticə etibarilə iqtisadi mənfəətlərini artırmağa imkan yaratdı. Avropanın güclü inkişafı da bu dövrə təsadüf edir. Yeni bazarlar və Avropa ilə eyni dəyərləri “paylaşmalı olan” ölkələrdən gələn ucuz işçi qüvvəsi bu inkişafın əsasını təşkil edirdi. Şərqi Avropa ölkələrinə “inklüziv xristian klubu”na qoşulmaq şansı təqdim olunanda heç kim bu ölkələrin yeni inteqrasiya modelinə nə dərəcədə hazır olması sualını ortaya qoymadı. Sonrakı proseslər bu hazırlığa heç ehtiyacın da olmadığını göstərdi. İqtisadiyyatın liberallaşdırılması adı altında Qərb kapitalı tərəfindən Şərqi Avropanın sənaye sahələrinin özəlləşdirilməsi bu ölkələrin iqtisadiyyatlarının məqsədyönlü şəkildə dağıdılmasına və rəqabətin aradan qaldırılmasına imkan yaratdı. Az inkişaf etmiş yeni üzvlərin milli iqtisadiyyatı daha güclülərlə azad və qeyri-bərabər rəqabətə açıq elan edildi və elə bunun nəticəsində həmin ölkələrin bir çox mühüm istehsal sahələri iflasa uğradı. Yeni üzvlər primitiv olaraq ixrac bazarı rolunu oynamağa məcbur oldular. Bu dövrdə baş vermiş miqrasiya isə çoxlarının diqqətini cəlb etmədi. Aİ daxilində işçi qüvvəsinin sərbəst hərəkəti mütərəqqi ideya kimi təqdim olundu. Əslində isə Şərqi Avropa ölkələrində daxili istehsalın tənəzzülündən qaynaqlanan işsizlik problemindən çıxış yolu bu ölkələrin əmək qüvvəsinin ən təhsilli və ixtisaslı hissəsinin daha yaxşı yaşamaq və iş imkanı əldə etmək üçün Qərbi Avropa ölkələrinə köç etməsi ilə tapıldı. Onların sayı yüz minlərlə ölçülürdü.

Nəticə etibarilə, miqrasiya prosesinin yuxarıda qeyd olunan hər üç mərhələsinin bir sıra parametrlərə görə ümumi xarakterə malik olduğu müşahidə edilməkdədir. Hər üç mərhələdə proseslər Avropa dövlətləri tərəfindən onların müəyyən etdiyi qaydalar, çərçivə və saya əsasən idarə olunurdu. Necə adlandırılmasından asılı olmayaraq, başlıca məqsəd Avropanın siyasi və iqtisadi maraqlarının təmin olunması idi.

Amma XXI əsrdə baş verən proseslər Qərbin müəyyən hesablamalarının yanlış olduğunu, bu dövrə qədər aparılan siyasətin davam etdirilməsinin və əvvəlki dövrlərdə olduğu kimi, siyasi, geosiyasi və iqtisadi maraqlara xidmət etməsinin mümkün olmadığını göstərdi.

Geosiyasi gərginliklər fonunda miqrasiya: çıxış yolu varmı?

2015-ci il artıq “Xalqların ikinci böyük köçü adlandırılır”. Bu da təəccüblü deyil. Yaxın Şərq və Afrikada öz evlərini tərk etməyə məcbur olan insanların sayı həqiqətən böyükdür və Avropaya köç edənlərin sayı artmaqda davam edir. Budəfəki miqrasiyanın əvvəlkilərdən fərqi isə bundan ibarətdir ki, artıq indiki prosesi Qərb öz maraqlarına uyğun idarə edə bilmir və bu proses müstəmləkəçilik maraqlarının reallaşmasına yardım etmir.

Elmi ədəbiyyatlarda miqrasiyanın siyasi və iqtisadi formaları müəyyən edilib. Siyasi miqrasiyanın səbəbləri sırasında siyasi rejimlərin süqutu, hərbi münaqişələr və s. göstərilir. Lakin bu cür təsnifat kifayət qədər dar çərçivəni əhatə edir və müasir dövrdə baş verən miqrasiya proseslərinin mahiyyətini tam şəkildə əks etdirmir. İlkin səbəbləri baxımından hazırkı kütləvi miqrasiyanı “geosiyasi miqrasiya” kimi xarakterizə etmək daha doğru olardı. Belə ki, İraq, Liviya və Əfqanıstan kimi ölkələrdə həyata keçirilən rejim dəyişikliyi, “Ərəb baharı” prosesi, terrorçu qrupların fəaliyyəti nəticəsində geniş vüsət almış miqrasiya daha geniş regionda ciddi dəyişikliklərə yol açmaq imkanına malik oldu.

Hazırda avropalı liderlər situasiyanı sabitləşdirmək üçün müxtəlif proqramlar işləyib hazırlayırlar, lakin bunlar müvəqqəti xarakter daşıyır. Miqrantların gələcək taleyi ilə bağlı dəqiq fikir yoxdur. Onları cəmiyyətə inteqrasiya etmək mümkündürmü? Yoxsa müharibə nəticəsində dağılmış ölkələrinə geri qaytarılmalıdırlar? Bu, insan hüquqları ideallarına nə dərəcədə uyğundur?

Avropa ölkələrinin yeni kütləvi miqrasiya qarşısında aciz qalması onların bu vəziyyətə hazır olmadığını göstərir. Hər halda, yanlış siyasətin bu dərəcədə əks effekt verəcəyi gözlənilmirdi. Tərtib olunan proqramlar isə prosesin səbəblərini deyil, nəticələrini aradan qaldırmağa yönəldiyindən uğur qazanmaq şansı yüksək deyil. Halbuki, artıq bir neçə il öncədən vəziyyətin bu cür olacağı ehtimal edilə bilərdi. Miqrasiyanı öz mənfəətlərinə uyğun idarə olunan, demoqrafik problemləri aradan qaldıracaq müvəqqəti xarakterli proses kimi görən avropalılar sonradan bu siyasətin bir sıra fəsadlarının olacağını anladılar.

Bu dövrdə ən çox diqqəti cəlb edən məqamlardan biri Avropada irəli sürülən multikulturalizm ideyasının iflasa uğramasının islamofobiya meyllərinin güclənməsi ilə paralel şəkildə getməsi oldu. Belə ki, miqrantların sonrakı nəsillərinin əvvəlkilərdən fərqli olaraq öz mədəni-dini dəyərlərini qoruyub saxlamaqda israr etməsi Avropanın təbliğ etdiyi “universal dəyərlər” konsepsiyası ilə üst-üstə düşmürdü. İqtisadi böhran şəraitində həyat səviyyəsinin aşağı düşməsi, yoxsulluq və işsizliyin səviyyəsinin yüksəlməsi isə avropalıların miqrantlara qarşı dözümsüzlüyünün və cəmiyyət daxilində gərginliyin artmasına gətirib çıxardı. Artıq 2010-2011-ci illərdən başlayaraq Fransa, Almaniya və Birləşmiş Krallığın rəhbərləri bir qədər əvvəl əllərində bayraq etdikləri multikulturalizmin ümidləri doğrultmadığını bəyan etməyə başladılar. Bu isə onu göstərir ki, əslində Avropanın özünün bəyan etdiyi liberal, demokratik dəyərlər, insan hüquqları prinsipləri yalnız özləri üçün nəzərdə tutulub və onların təbliğ etdiyi multikulturalizm isə geosiyasi təməllərə əsaslanmışdı.

Bu həqiqət danılmazdır. Avropanın özünün təzyiq mexanizminə çevrilmiş “universal dəyərlər”in bu qədər geniş təbliği o zaman uğurlu olardı ki, beynəlxalq münasibətlərdə ədalət prinsipi, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kənara atılmazdı. Son 30 ilə yaxın dövrün volyuntarizmi, “biz necə istəyirik, elə də olmalıdır” prinsipi bu gün dünyada müşahidə olunan görünməmiş gərginliyin əsas səbəbidir.

Miqrantların əksəriyyətinin İslam dininə etiqad etməsi və Avropada müsəlmanların sayının kəskin artması Avropanın öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir. Qərbin dünyanın müxtəlif regionlarında həyata keçirdiyi ssenarilərin birbaşa nəticəsi olan terror qruplaşmalarının Avropada törətdikləri terror aktları da islamofobiya meyllərinin güclənməsinə səbəb olub. Nəticədə isə öz təbliğatlarını miqrantlar və müsəlmanlar əleyhinə şüarlar üzərində quran, İslamı təhlükəli ideologiya adlandıran ultra millətçi qüvvələrin əhali arasındakı nüfuzu gündən-günə artmaqdadır ki, bu da “liberal Avropa” üçün başqa bir təhlükə mənbəyidir.

Beləliklə, bugünkü miqrasiya prosesi yalnız Avropanın coğrafi sərhədləri və sosial-iqtisadi vəziyyəti çərçivəsində nəzərdən keçirilməməlidir. Bu proses həm də Qərbin bütün dünya üçün universal anlayışlar kimi təqdim etməyə çalışdığı demokratiya, insan hüquqları prinsiplərinin etibarlılığı üçün də olduqca aktualdır. Miqrantların gələcək taleyi ilə bağlı qəbul olunan qərarlar Qərbin özünün bəyan etdiyi dəyərlərə sadiqliyi baxımından bir sınaqdır.

Miqrasiya prosesi bu gün beynəlxalq aləmin və beynəlxalq birliyin mühüm problemlərindən biridir. Bu problemin yaranmasına səbəb olan digər amil isə müxtəlif münaqişələrin illərlə həll olunmayaraq qalması, həmçinin bir sıra ölkələrdə sabitliyin pozulması və daha çox kənardan idarə olunan daxili çəkişmələrin baş verməsidir. Aparılan müşahidələr göstərir ki, son 20-30 ildə bu problemlərin həlli istiqamətində lazımi addımlar atılmayıb, əksinə vəziyyət getdikcə pisləşib, hətta gərginlik qlobal xarakter alaraq böyük, qarşısıalınmaz təhlükəyə çevrilib.

Təəssüflər olsun ki, mühüm problemlərin yaranmasında da, onların aradan qaldırılmasında da əsas aktorlar beynəlxalq birliyin aparıcı dövlətləri, onların nəzarətində olan beynəlxalq və regional qurumlar, ya da yaradılaraq onların nəzarətinə verilən təsisatlardır. Əsas məqsəd isə siyasi, geosiyasi, iqtisadi maraqlarının təmin olunmasıdır.

Vəziyyət nə qədər mürəkkəb olsa da, çıxış yolu kifayət qədər aydındır. Artıq beynəlxalq birlikdə gedən proseslərdə dünyaya köhnə “müstəmləkə eynəyi” ilə baxmaqdan imtina etməyin, ədalət anlayışını öz maraqları çərçivəsində həyata keçirməyə çalışmaqdan əl çəkməyin vaxtı çatmışdır. Şübhəsiz, bütün problemlərin kökündə məhz bu amillər dayanır. Qərbin Yaxın Şərq və Afrika kimi regionlarda əsrlər boyu həyata keçirdiyi siyasəti təftiş edərək ona ədalətli yanaşma nümayiş etdirməsi və məsuliyyəti öz üzərinə götürməsi yaxşı başlanğıc olardı. Lakin etiraf etmək lazımdır ki, müasir dövrdə bu cür yanaşma daha çox idealist düşüncə tərzinə xasdır. Ədalətli yanaşma isə beynəlxalq hüququn aliliyinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, insan hüquqları prinsiplərinə həqiqətən hörmət edildiyi güclü beynəlxalq münasibətlər sistemində mümkündür.

Deyəsən fransız filosofu Mişel Onfrenin öz fikirlərində haqlı olduğunu qəbul etmək məcburiyyətində qalacağıq: “Misir piramidaları, yunan məbədləri, Roma forumları (müəllif daha qədim dövrə ekskurs edə bilərdi) haqqında hamının məlumatı var. Belə ki, qədim sivilizasiyaların izlərini araşdırarkən, onları süquta aparan səbəblər aydın müşahidə olunur. Görünür, 2000 yaşı olan yəhudi-xristian sivilizasiyası bu qaydadan kənarda qalmayacaq və onun taleyi əvvəlkilər kimi olacaq”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Mədəniyyət

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur.

İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdülqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı “Kitab əl-Ədvar” və “Şərəfiyyə” risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə “Sistemçilik” məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.

Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da, müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin “Nəqavətil Ədvar” risaləsini və onun oğlu Mahmud Çələbinin “Məqasid əl-Ədvar” əsərini göstərmək olar.

XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin “Musiqi haqda” risaləsidir.

XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı “Musiqiçilər məclisi”ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar”.

Şuşa Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin “Leyli və Məcnun” poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Hacıbəyovun digər məşhur operettası “O olmasın, bu olsun” 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında (“Ər və arvad”, 1910; “O olmasın, bu olsun”, 1911; “Arşın mal alan”, 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun “Arşın mal alan” musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov adına), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.

Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan “Koroğlu”nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov “Koroğlu” operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O bu rolu 400 dəfədən artıq ifa etmişdir.

20-40-cı illərdə yeni bəstəkarlar nəsli — S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, C.Hacıyev və b. yaradıcılıq yoluna qədəm qoyur.

30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad qadının rəqsi”, “Azərbaycan radio marşı RV-8”), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin “Vətən” (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin “Xosrov və Şirin” (1942) operası, Ü.Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeiriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.

Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.

Q.Qarayevin “Yeddi gözəl” baleti (1952, Nizaminin eyniadlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. “Yeddi gözəl” ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.

1958-ci ildə Q.Qarayevin “İldırımlı yollarla” (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.

S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən “Gülşən” (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun “Gözün aydın” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf oldu. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpkili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz əksini tapır.

C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.

C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir (“Arazın o tayında” 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; “Füzuli” kantatası). “Arazın o tayında” vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti (A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı) yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.

60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.

Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun “Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurdular.

Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın — R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b-nın əməyi danılmazdır.

Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanəndələrdən xalq artistləri X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b-nın xidməti xüsusi qeyd olunmalıdır.

Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf etmişdir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət Caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa ifaçılar da Caz sənətinin inkişafına öz töhfələrini vermişlər.

Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti , H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr suitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti”), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov UNESCO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə UNESCO -nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo-2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.

2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada “Vela festival” “Klassik Ariano” festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının premyerası böyük müvəffəqiyyətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə UNESCO-nun “Dünyanın artisti” adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 29 ildən sonra 12-13 may 2021-ci ildə “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olundu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.

Comments are closed, but trackbacks and pingbacks are open.