Press "Enter" to skip to content

CƏNUBİ QAFQAZDAKI MAHİYYƏTCƏ EYNİ MÜNAQİŞƏLƏRƏ MÜNASİBƏT DƏ EYNİ OLMALIDIR

Davudoğlu bildirib ki, regionda münaqişələrə baxmayaraq, Azərbaycan iqtisadiyyat və energetika sahələrində ciddi uğurlar əldə edib: “Azərbaycanın həmin uğurlarından Türkiyə və Gürcüstan faydalanıb, Ermənistan isə kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının işğalıdır”.

Əhməd Davudoğlu: Cənubi Qafqazdakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir

Cənubi Qafqazdakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda enerji sammitində çıxışı zamanı deyib. Trend xəbər verir ki, bu barədə şənbə günü “TRT Haber” telekanalı məlumat yayıb.

Davudoğlunun sözlərinə görə, Türkiyə daim Cənubi Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həllinin tərəfdarı olub.

Baş nazir deyib ki, Cənubi Qafqazdakı münaqişələrlə yanaşı, qonşu ölkələrdə də problemlər mövcuddur və Ankara regionda sabitliyin tərəfdarıdır.

Davudoğlu bildirib ki, regionda münaqişələrə baxmayaraq, Azərbaycan iqtisadiyyat və energetika sahələrində ciddi uğurlar əldə edib: “Azərbaycanın həmin uğurlarından Türkiyə və Gürcüstan faydalanıb, Ermənistan isə kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının işğalıdır”.

Türkiyənin baş naziri Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırıb.

Milli.Az

CƏNUBİ QAFQAZDAKI MAHİYYƏTCƏ EYNİ MÜNAQİŞƏLƏRƏ MÜNASİBƏT DƏ EYNİ OLMALIDIR

Rusiyanın İTAR-TASS agentliyinin və Gürcüstanın “Georgia Times” nəşrinin bu yaxınlarda xəbər verdiyi kimi, ABŞ dövlət katibinin köməkçisinin müavini Mətyu Brayzə Birləşmiş Ştatların paytaxtında Gürcüstan jurnalistinin sualına cavab verərək bildirmişdir ki, Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlıq barədə yanvarın 9-da imzalanmış xartiyada Cənubi Osetiya və Abxaziya münaqişəsinin yalnız Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində dinc yolla həlli nəzərdə tutulur. Diplomatın sözlərinə görə, “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü həmişə dəstəkləmişdir”. Mətyu Brayzə həmçinin əmin etmişdir ki, Rusiya, Nikaraqua və HƏMAS-dan fərqli olaraq, ABŞ Gürcüstanın iki separatçı regionunun müstəqilliyini heç vaxt tanımayacaqdır. O, ümidvar olduğunu bildirmişdir ki, dünyanın digər dövlətləri də ABŞ-dan nümunə götürəcəkdir.

Şübhəsiz, tərifəlayiqdir ki, Mətyu Brayzə separatçı Cənubi Osetiya və Abxaziyanın taleyindən danışanda beynəlxalq hüquq normalarına qəti şəkildə tərəfdar olmasını nümayiş etdirir. Buna baxmayaraq, belə bir fakt təəssüf doğurur ki, Amerika diplomatı Cənubi Qafqazdakı daha bir separatçı qurumdan söz düşəndə və özü ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədri rolunda çıxış edəndə analoji prinsipiallıq nümayiş etdirmir. Yurd-yuvasından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlər daha Mətyu Brayzədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll olunacağı barədə bəyanatlar eşitmirlər. Gürcüstanın olduğu kimi, Azərbaycanın da ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmək əvəzinə, nədənsə amerikalı həmsədr hər dəfə münaqişənin əks tərəfini də razı salmağa çalışır və erməni auditoriyasını guya Dağlıq Qarabağın statusunun hansısa naməlum “siyasi” proseslər zamanı müəyyən olunacağı kimi “əlavələr”lə sakitləşdirir. Təəccüblüdür ki, görəsən, Abxaziya və Cənubi Osetiyanın gələcək statusu barədə söhbət düşəndə, nə üçün dünya bu cür “sakitləşdirici əlavələr” eşitmir.

Tamamilə aydındır ki, keçmiş sovet məkanında “dondurulmuş” münaqişələrin mahiyyəti eynidir – “millətlərin öz müqəddəratını təyin etmək hüququ” prinsipindən möhtəkirliklə istifadə etmək. Əgər abxazların və osetinlərin dövlətçiliyinin olmamasını nəzərə alaraq, Abxaziya və Cənubi Osetiya məsələsində haradasa qəlbimizin dərinliklərində, nəzəri cəhətdən bu prinsipin tətbiqinin mümkünlüyünü fərz edə biləriksə, Dağlıq Qarabağ erməniləri ilə əlaqədar bu prinsip tamamilə yersizdir, çünki dünyada ayrıca “Dağlıq qarabağlılar” milləti mövcud deyildir. Erməni xalqının isə öz dövlətçiliyi var, özü də bu dövlət yetərincə şübhə doğuran ərazilərdə yerləşir. Öz müqəddəratını təyinetmə dəfələrlə istifadə olunan kosmik şatl deyildir. Millət öz müqəddəratını bir dəfə təyin edə bilər.

Təəccüb doğurur ki, beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal dəstəkləyən, hətta sülhməramlı kontingentini Kosovoya, İraqa və Əfqanıstana göndərən Azərbaycan öz strateji tərəfdaşının bu cür naşükür münasibətilə, onun rəsmi nümayəndəsi Mətyu Brayzənin Cənubi Qafqazda mahiyyətcə tamamilə eyni olan münaqişələri fərqləndirməsi və eyni ziddiyyətli bəyanatını dəfələrlə təkrar etməsi ilə üzləşir: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq Dağlıq Qarabağın gələcək statusu siyasi proseslərin gedişində həll olunacaqdır”.

Belə bir fakt diqqəti cəlb edir ki, Mətyu Brayzə Bakını və Yerevanı öz cəmiyyətlərini qarşılıqlı və mürəkkəb güzəştlərə hazırlamağa çağırır, ancaq dünya Moskva və Tbilisiyə belə çağırışları eşitmir.

Dağlıq Qarabağ ilə Cənubi Osetiya və Abxaziya münaqişələrinə bu cür fərqli münasibət ABŞ-ın Dövlət Departamentinin beynəlxalq hüquq normaları ilə əlaqədar prinsipial mövqeyini şübhə altına qoyur. Brayzə öz müsahibələrində dəfələrlə bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin, eyni zamanda, təsdiq edirlər ki, münaqişənin sülh yolu həllində öz müqəddəratını təyinetmə prinsipini də fundamental element hesab edirlər. Gürcüstana gəldikdə isə, o, Amerika diplomatiyasından daha imtiyazlı münasibət görür, ABŞ Dövlət Departamenti Gürcüstandakı münaqişələrin həllində iki prinsipin birləşdirilməsindən danışmır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Cənubi Qafqazdakı münaqişə bölgələrində zorakılıq halları getdikcə artır

Müşahidə etdiyimiz ümumi tendensiya belədir ki, Cənubi Qafqazdakı münaqişə bölgələrində zorakılıq halları getdikcə artır. Xüsusilə bu, gürcü-abxaz münaqişəsində daha çox müşahidə edilir. Bu barədə Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri Sabina Freyzer “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

O, misal kimi Rusiya hərbi təyyarələrinin Gürcüstan ərazisinə uçuşlar etməsini və gürcü pilotsuz təyyarələrini vurmasını xatırladıb.

“Bütün bu hallar hazırda diqqəti daha çox gürcü-abxaz münaqişəsinə cəmləşdirib. Bu heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi daha az təhlükəlidir. Münaqişə bölgələrində hərbi büdcələr çox böyük həcmdə artırılır. Bu da gələcəkdə münaqişələrin aktivləşməsi təhlükəsini artırır”.

Onun fikrincə, gərginliyin artmasının müxtəlif səbəbləri var. “Bu münaqişələr on ildən çoxdur davam edir. İnsanların sülh yolu ilə nizamlanma prosesinə inamı azalır, mövcud danışıqlar mexanizmlərinə şübhələr getdikcə artır, münaqişə tərəflərindən ən azı biri danışıqlar çərçivəsini dəyişməyə cəhd edir. Çünki danışıqların mövcud çərçivəsinin faydasını görmür. Üç ölkə – Azərbaycan, Gürcüstan və Ermənistan inkişaf edir, onların iqtisadiyyatları güclənir. Buna uyğun olaraq, hər üç dövlət özünə daha çox əminlik hiss edir və mövqelərini daha güclü müdafiə etməyə çalışır”.

Xanım Freyzer hesab edir ki, Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazdakı münaqişələrə marağı da artır. “Beləliklə, dünya ictimaiyyətinin bu münaqişələrə diqqəti də artmaqdadır”.
O, bölgədəki münaqişələrdən hansının sülhə daha yaxın olduğunu deməyə çətinlik çəkib. “Ancaq danışıqlar və proseslər gürcü-abxaz münaqişəsində daha sürətlə gedir, nəinki Dağlıq Qarabağ münaqişəsində. Müəyyən dərəcədə bunu Gürcüstanın uğuru saymaq olar. Çünki Gürcüstan öz siyasəti vasitəsi ilə Avropa Birliyinin münaqişənin həlli prosesinə cəlbi baxımından daha çox uğur qazanıb. Eyni zamanda, dünya ictimaiyyətinin münaqişə ilə bağlı məlumatlandırılmasına daha çox nail olub”.

Ermənistan-Azərbaycan danışıqlarına vasitəçilik edən Minsk Qrupu formatına gəlincə, xanım Freyzer hesab edir ki, bu formatın nə ilə isə dəyişilməsi barədə bəlkə də düşünmək lazımdır. “Gürcüstan da danışıqların formatını dəyişməyə ümid edir. Gürcüstan danışıqlarının formatının nə ilə əvəz edilməsi barədə konkret təkliflərlə çıxış edir. Bu dəyişikliklərdən biri, Avropa Birliyinin danışıqlarda daha böyük vasitəçi rolunun olmasıdır. İndi Gürcüstan çalışır ki, digər münaqişə tərəflərini də danışıqlar formatının dəyişdirilməsinə inandırsın. Güman ki, Azərbaycan tərəfi də Minsk Qrupu formatını dəyişmək istəsə digər münaqişə tərəflərinin də razılığını almalıdır”.
O, münaqişə tərəflərinin hansının sülh prosesinə səmimi olmasını deməyin çətin olduğunu bildirir. Hər bir münaqişə tərəfi özlüyündə öz istədiyi şəkildə sülh istəyir. “Gürcüstanla bağlı münaqişələrdə vəziyyət bir az fərqlidir. Gürcüstan rəhbərliyi daha uğurlu siyasət aparır və dünya ictimaiyyətini münaqişənin hansı şəkildə nizamlanmasını istədiyi barədə daha çox məlumatlandıra bilib”.

Comments are closed, but trackbacks and pingbacks are open.