Press "Enter" to skip to content

XV ƏSRDƏ AVROPA-ASİYA TİCARƏT ƏLAQƏLƏRİ

17. Жюльен Ш.А. Ист. Сев. Африки. Тунис, Алжир, Марокко от арабских завоеваний до1830 г. Т.2. Москва, 1960

Avropa v asiya ölklri tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.

İnstitutun direktor əvəzi Ramiz Məmmədov bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

R.Məmmədov qeyd edib ki, qitələrin bölünməsinin prinsipləri var. 1964-cü ildə rus alimləri Avropa qitəsinin şərq və cənub sərhədlərini müəyyənləşdirəndə qəbul olunmuş prinsipləri gözləməyiblər. Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmayıb, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib: “O zaman Avropa qitəsinin sərhədləri müəyyənləşdirilərkən belə bir fəlsəfə ortaya qoyublar ki, Şimalı Qafqaz xalqları müsəlmanlardır, onlar Avropaya düşə bilməzlər. Ona görə də sərhədi bir qədər də yuxarı sürüşdürüblər. Nəticədə Şimali Qafqaz Asiya qitəsində qalıb”.

Alim deyib ki, Azərbaycanın öz daxilində Avropanın cənub sərhədlərinin hüdudları müəyyənləşdirilib. Bu sərhəd böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır: “Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin içindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir. Beləliklə, Azərbaycanın ərazisinin 16-da bir hissəsi Avropanın hüdudlarına daxil olur. Bu gün isə Azərbaycanın 1 kvadrat metr ərazisi də Avropaya daxil edilmir”.

R.Məmmədovun sözlərinə görə, Azərbaycan Avropaya daxil olmaqla, çox az sayda transkontinental ölkələrdən biri hesab edilə bilər.

İnstitutun direktor əvəzi qeyd edib ki, Avropanın cənub sərhədlərini müəyyənləşdirmək üçün rus alimlərinə birgə ekspertiza aparmaq təklif edilib. Ekspertiza gələn ilin yaz-yay aylarında keçirilə bilər. Ekspertiza tamamlandıqdan sonra azərbaycanlı alimlərin Rusiya alimləri ilə birgə Avropanın cənub sərhədlərinin yenidən müəyyənləşdirilməsi məsələsini Ümumdünya Coğrafiya Konqresi qarşısında qaldırmağı nəzərdə tutur.(Trend)

XV ƏSRDƏ AVROPA-ASİYA TİCARƏT ƏLAQƏLƏRİ

XIV əsrin ikinci yarısından başlayaraq Avrasiya məkanında çox sabit, inkişaf üçün ciddi təkanverici xassəsi olan hadisələr bir-birini əvəz edir: bunlar ilk növbədə demoqrafik, ekoloji, texnoloji-təsərrüfat, ictimai və beynəlxalq siyasi dəyişikliklər idi. Bu dəyişiklikləri və onların başlıca yekunlarını izləməyə çalışaq.

Hər bir cəmiyyətin aparıcı məhsuldar qüvvəsi – insandır, ona görə də hər yüzillik üçün demoqrafik göstəricilər vacib meyardır. Amma konkret olaraq XIV-XV əsrlərin hüdudu üçün demoqrafik göstəriciləri nə səbəbdən izləyirik? Məsələnin mahiyyəti ondadır ki, bu dövrdə Avrasiya kardinal dəyişikliyin ortasında durmuşdu: feodalizm rus (sovet) tarixçilərinin dediyi “yüksəliş/pik həddində idi”, Qərb tarixçilərinə görə isə, “ölümqabağı aqoniya” yaşayırdı. Birincilər feodalizmin bundan sonra daha iki əsr də davam edəcəyini, ikincilər isə bitdiyini təkid edir. Biz bu fikirdəyik ki, XIV-XV əsrlər istənilən halda böyük bir dövrün ərəfəsi idi: tarixçilər bunu nə cür adlandırırlarsa, adlandırsınlar.

Odur ki, bu keçid dövrünün hər məqamı, o cümlədən demoqrafik və ekoloji xüsusiyyətləri bizim təhlillərimiz üçün gərəklidir.

XIV-XV əsrlərin hüdudunda Avrasiyanın demoqrafik durumunun aşağıdakı səciyyəvi əlamətləri nəzərə çarpır:

1) demoqrafik proseslər nisbətən düz xətli olmuşdur, çünki müharibə amilinin aparıcı olmasına baxmayaraq, yoluxucu xəstəliklər və aclıq kimi ölüm amilləri artıq nəhəng, ümumqitə miqyası daşımırdı;

2) bütün orta əsrlər boyu Avrasiyada ən aşağı əhali artımı məhz bu iki əsrə təsadüf edir (1, s.81; 4, s.64, cədvəl III.i). Əsas səbəb ondadır ki, xaç yürüşləri, monqol istilaları, «qara ölüm» və kütləvi aclıq illəri XIII-XIV əsrlərlə hüdudlansa da, təsirini uzun müddətə saxlamışdı – çünki XIV-XV əsrlərin hüdudunda demoqrafik proseslər, o cümlədən əhali artımı heç də sıçrayışlı olmamışdır;

3) Avrasiyada urbanizasiya sürətləndiyindən, kənd əhalisinin sayı kəskin azalmağa başlamışdı. Nəticədə kəndlərdə işçi qüvvəsinə böyük ehtiyac yaranırdı, şəhərlər isə əhali sıxlığından əziyyət çəkirdilər.

Bu sonuncu ilə bağlı Qərb tarixçiləri XIV-XV əsrlərin hüdudlarında Avropada “aqrar böhran”ın baş verdiyini (V.Abel), ümumi “təsərrüfat depressiyası”nın getdiyini (M.Postan) hesab edirlər (bax: 18, 270). Birinci fikir həqiqətə uyğundur, amma ümumi “təsərrüfat depressiyası” fikri ilə heç cür razılaşmaq olmur, çünki urbanizasiya ən azından şəhər təsərrüfatının yüksəlişi, ticarət, sənətkarlıq və iaşə xidməti sahələrində rəqabətin artması sayəsində təsərrüfatın inkişafı ilə müşayiət olunmuşdur. “Depressiya”ya uğrayan feodalizm idi, ümumilikdə təsərrüfat yox.

Orta əsrlərdə demoqrafik duruma və demək ki, məhsuldar qüvvələrə təsir edən təbii-coğrafi mühit də XIV-XV əsrlərdə vacib amil olaraq qalırdı. Əgər orta əsrlərin başlanğıcında ekologiya böyük bir dəyişikliyə uğramış, flora və fauna öz müxtəlifliyi və zənginliyi ilə əsasən saxlanmışdısa, bunu XIV-XV əsrlər üçün demək çətindir. Əvvəla, orta əsrlərin ilk dövrlərində ekstensiv təsərrüfat sayəsində insan fəaliyyəti Avrasiyanın təbii-coğrafi balansına ciddi təsir etməmişdi. İkincisi, V-XIII əsrlər boyu materikdə iqlim şəraiti əsasən dəyizməz qalmışdı (22; 18, s.513). Amma XIV əsrdə iqlimin soyuması müşayiət edilir, üstəlik, zaman keçdikcə, insan təbii ehtiyatları mənimsəmək üçün yeni yollar tapır, hətta süni landşaft yaradırdı. Təbii ehtiyatların vəhşicəsinə istismarı, dağ-mədən sənayesinin təkmilləşmiş formalarının ortaya çıxması (elə götürək, “gümüş böhranı”ndan sonra Avrasiyanın ucsuz-bucaqsız çöllərində qızıl və gümüş hasilatının intensivləşməsi) torpağın eroziyasına səbəb olur və onun məhsuldarlığını azaldır, təbii ehtiyatları tükədirdi. Odur ki, XIV-XV əsrlərin hüdudunda Avrasiyanın ekoloji durumu ağırlaşmışdı: meşələr ixtisar olmuş, münbit torpaqlar kəskin şəkildə azalmış, bir çox çaylar qurumuş, flora və fauna kasadlaşmışdı. Orta əsr ticarətinin və istehsalının bağlı olduğu mədənlər artıq bir neçə əsr müddətində istismar edildiyindən, hasilat çox aşağı düşmüşdü. Ən acınacaqlısı isə o idi ki, cəmiyyət vəziyyətdən çıxış yolunu əkinçilik, maldarlıq və dağ-mədən sənayesini intensivləşdirməkdə görürdü, bu da öz növbəsində “qapalı dairə” effekti yaradırdı.

Məlumdur ki, orta əsrlərdə istehsal texnologiyasının təkmilləşməsi prosesi xeyli zəif getmişdir. Nəzərdən keçirdiyimiz əvvəlki iki göstərici ilə müqayisədə XIV-XV əsrlərin texnoloji göstəriciləri elə də fərqli deyil. Daha doğrusu, xaç yürüşləri və monqol hakimiyyəti dövründə Şərqlə yaxından tanışlıqları sayəsində, Qərbi Avropa ölkələrində texnoloji-təsərrüfat yenilikləri oldu, amma Asiya bunları xeyli əvvəl yaşamışdı və indi ətalətli durumda idi. Ona görə də müxəlif mexanizmlərin istehsala tətbiqi, əmək alətlərinin təkmilləşməsi, bir çox sahədə ixtiralar ümumi Avrasiya məkanı üçün böyük bir tərrəqi sayıla bilməz: bunları Avrasiyanın bir hissəsi daha tez – VII-XII əsrlərdə yaşamışdı və indi böhranda idi, digəri isə hələ indi yaşayırdı.

Texnoloji-təsərrüfat sahəsində təkamül nə qədər zəif getsə də, cəmiyyətin ictimai əsaslarına ən cüzi dəyişiklik də təsir edirdi. Məsələn, mexanizmlərin tətbiq olunduğu sənətkarlıq sahələrində əməyin təşkilinin yeni formaları yaranmağa başlamışdı: Misirdə, Suriyada, daha sonra İtaliyada, İngiltərədə erkən manufakuralar (toxuculuq sahəsində), payçılıq əsasında təşkil olunan qardaşlıqlar (kitab çapı), artellər (tikinti) buna nümunə ola bilər. İndi bu müəssisələrdə muzdlu əməkdən geniş istifadə olunurdu.

Baş verən dəyişikliklərdən biri də əhalinin peşəkar differensiasiyası idi, hansı ki, orta əsrlər üçün elə də səciyyəvi olmamışdır.

Ən böyük ictimai dəyişiklik isə Avrasiya miqyasında texnologiyanın və istehsalın universallaşmağa başlaması idi.

Danışdığımız dövrdə beynəlxalq durum da artıq orta əsr səciyyəsini itirməyə baş­lamışdı. Bu, ilk növbədə Qərbi Avropada mərkəzləşmiş dövlətlərin yaranması (hansılar ki, növbəti yüzilliklərdə milli dövlətlərə çevriləcək), Avropa-Asiya əlaqələrinin artıq pərakəndə deyil, nizamlı şəkil alması ilə bağıl idi. XIII əsrin sonu – XIV əsrdə beynəlxalq münasibətlərə ciddi təsir edən bir neçə amil və səciyyəvi cəhətləri saymaq olar:

1) Avropanın iqtisadi yüksəlişinin başlanması ilə əlaqədar beynəlxalq ticarət münaqişələrinin ortaya çıxması;

2) Monqol yürüşlərindən və istilalarından sonra Avrasiyanın ucqarları arasında ticarət, mədəni, siyasi əlaqələrin bərpası və genişlənməsi;

3) Osmanlı fəthlərinin başlanması ilə Avropada koalisiyalar yaratmaq cəhdlərinin artması, xaç yürüşlərinin bərpası;

4) Universalçı xarici siyasət cəhdlərinin saxlanması (papalar, alman imperatorları, Bizans vasilevsləri, monqol xanları, məmlük, bir qədər sonra Osmanlı sultanları tərəfindən);

5) Beynəlxalq hüququn bəzi elementlərinin (müharibə hüququ, dəniz hüququ) yaranması;

6) Konsulluq xidmətinin inkişafı və onunla sıx bağlı olan «protokapitulyasiyalar»ın verilməsi;

7) Nəhayət, Atlantik uğrunda mübarizənin başlaması – ilk müstəmləkələrin yaranması (İstanbulun osmanlılar tərəfindən fəthinədək).

Diqqət yetirsək, bu hadisələrin əksəriyyətinin beynəlxalq ticarətlə bağlı olduğunu görərik. Beynəlxalq vəziyyəti xarakterizə etməzdən əvvəl demoqrafik, ekoloji, texnoloji və ictimai durumu izləməyimiz təsadüfi deyil. Avrasiyanın XIV-XV əsrlərin hüdudunda yaşadığı demokrafik sabitlik (onun da ardınca əhali artımı), ekoloji balansının pozulması və təbiətin intensiv istismarı (onun da ardınca yeni təbii ehtiyat axtarışı və mübarizəsi), texnoloji yenilikləri mənimsəmələr (onun da ardınca Avropanın texnoloji baxımdan Asiyanı üstələməsi), ictimai və professional təbəqələşmə (onun da ardınca kapitalist münasibətlərinin rüşeymlərinin qoyulması) hökmən nəhəng bir “püskürmə” ilə nəticələnməli idi. Bəşəriyyətin əbədi mübarizə obyekti – təbii ehtiyatlarin ələ keçirilib bölüşdürülməsi qanunauyğun olaraq beynəlxalq ticarətdə hegemonluq uğrunda mübarizəsini doğururdu. XIV-XV əsrlərin beynəlxalq siyasi münasibətlərini müəyyən edən aparıcı də elə bu idi!

İndi isə beynəlxalq ticarət məntəqələrindəki vəziyyətə nəzər yetirək.

Aralıq dənizi ticarəti. XV əsrin əvvəllərində Atlantika uğrunda mübarizə artıq başlamış olsa da, italyanların ticarət inhisarının davam etdiyi Aralıq dənizi beynəlxalq ticarətin başlıca mərkəzi olaraq qalırdı. Hərçənd ki, bəzi tarixçilər bu dövrdə Aralıq dənizi ticarətin hegemonunun Venesiya olduğu fikri ilə razılaşmırlar. Məsələn, Avstraliya tarixçisi Con H.Prayor italyanların XII-XIII əsrlərdən etibarən bu su hövzəsindəki ticarət fəaliyyəti haqqında mənbələrin məlumatlarına ehtiyatla yanaşmağı tövsiyə edir (11, s.139-163). Onun hesabınca, Aralıq dənizi ticarətdə Məğrib əmirlikləri və Misir məmlük sultanlığının, hətta Bizansın üstün mövqeyi XV əsrdə belə saxlanmışdı. Amma Con H.Prayor bu fikrini isbatlamaq üçün dolayı faktlar gətirir: Avropa korsarlarının Aralıq dənizində tez-tez müsəlman gəmilərini ələ keçirməsi, Məğrib sultanlarının Qərbi Aralıq dənizi adalarına hərbi ekspedisiyalar göndərməsi, avropalıların müsəlman gəmilərində üzməsi və s. (11, s.146, 147, 149). Amma Venesiyanın Aralıq dənizi ticarətdə üstünlüyü ələ keçirməsi ilə bağlı R.S.Lopes, A.R.Lyuis, E.Astor, K.Kaen kimi araşdırıcıların qətiyyətli fikirləri orta əsr mənbələrinin birbaşa məlumatlarına əsaslanır, üstəlik, bu mənbələrin içərisində müsəlman müəllifləri də az deyil. Məsələn, İbn Xəldun Aralıq dənizində müsəlman dənizçiliyinin artıq XIV əsrdə çökdüyünü açıq-aydın yazır: “… Sonra hakimiyyətdə olan sülalənin zəifliyi səbəbindən, müsəlmanların [Aralıq] dənızındəki gücü bir daha çökdü. Məğribdə hakim olan güclü bədəvi davranışının təsirilə və Əndəlus təcrübəsi davam etdirilmədiyindən, dənizlə bağlı təcrübə unuduldu. Xristianlar əvvəlki, dənizçi bacarıqlarını [yenidən] qazandılar, [Aralıq dənizindəki] fəaliyyətlərini və oradakı qaydalara uyğun bacarıqları yenilədilər. Digərilərindən fərqli olaraq gəmiçilikdəki üstünlüklərini yenə göstərdilər. Müsəlmanlar Aralıq dənizinə yad olmağa başladıla ” (10, s.46).

Con H.Prayorun arqumentlərinə gəlincə, əslində bu tarixçinin mənbələrdən gətirdiyi məlumatların doğruluğuna heç bir şübhə yoxdur, problem sadəcə bu məlumatların interpretasiyasındakı fərqdədir. Əgər biz XIV-XV əsrlərdə Aralıq dənızı ticarətdə avropalıların üstün olduqlarını deyiriksə, bu o demək deyil ki, İslam dünyası və ya Bizans Aralıq dənizi ticarətdən tamamilə uzaqlaşmışdı. Əlbəttə ki, bu dövrdə avropalı korsarların ən çox hücum çəkib ələ keçirdikləri gəmilər müsəlman gəmiləri idi (11, s. 147). Amma bu fakt özü artıq müsəlman gəmiçiliyinin zəifliyindən xəbər verir. Yaxud Con H.Prayonun arqument olaraq Fes sultanı I Əbu-l-Həsən Əli Merikinin hələ 1338-ci ildə Balear adalarına donanma göndərməsi faktı: VIII əsrin əvvəllərində müsəlmanlar tərəfindən alınmış bu adalar sonrakı yüzilliklərdə əldən-ələ keçmişdi və nəhayət, XIII əsrdə Araqonun hakimiyyəti altına düşmüşdü. Merikilər nəinki köhnə mülklərini geri qaytarmaq iqtidarında deyildilər, üstəlik, o qədər zəifləmişdilər ki, XV əsrin əvvəllərində Kastiliyanın, Araqonun və Portuqaliyanın müstəmləkə ekspansiyasına məruz qalmışdılar (bax: aşağı).

Nəhayət, Con H. Prayerin digər arqumenti, yəni avropalıların müsəlman gəmilə­rində üzməsi faktı (11, s.151-152) da sübut edir ki, italyanlar, ələlxüsus venesiyalılar XIV-XV əsrlərın hüdudunda Aralıq dənizi ticarətində elə bir durum yaratmışdılar ki, kastiliyalı, flamand və ya ingilis taciri yunan və müsəlman gəmisindən istifadə etməyi daha əlverişli hesab etmişdi. Beləliklə, XIV-XV əsrlərin hüdudunda Venesiya Aralıq dənizi ticarətin aparıcı təşkilatçısı idi: Hellespontdan Kritə qədər dəniz suları onun əlində olmaqla yanaşı, iqtisadi əlaqələrin əsas obyektləri də respublikaya məxsus idi.

Venesiyanın başlıca bazarları Misir, Kipr, Suriyanın sahilboyu şəhərləri, Qara və Azov dənizlərinin limanları idi. Respublikanın İsgəndəriyyədə, Tirdə, Akkada, Konstantinopolda, Tanada, Nikopolda, Adrianopolda ticarət kontorları fəaliyyət göstərirdi. Bundan əlavə, Venesiya Avropanın idxalat bazarlarını da ələ keçirə bilmişdi: hər il respublika təkcə Lombardiyaya 250.000 dukatlıq pambıq, 240.000 dukatlıq yun, 250.000 dukatlıq ipək parça, 100.000 dukatlıq xaş-xaş, 300.000 dukatlıq istiot, 64.000 dukatlıq darçın, 95.000 dukatlıq şəkər ixrac edirdi (16, s.151). Bu dövrdə Venesiya bütün İtaliyanı və qonşu ölkələri duzla təmin edirdi. Venesiyalı tacirin illik gəliri orta hesabla 600.000 — 2 mln. dukat arası idi (16, s. 152).

Cəbəllütariqdən keçib şimala istiqamət götürən Venesiya eskadraları Antverpen, Brügge və Londonadək mal aparırdılar, geri dönərkən isə Lissabona, Kadisə, Barselonaya və Fransa limanlarına yan alırdılar.

Venesiyanın bu ticari qüdrəti onun diplomatik və hərbi gücü ilə qorunurdu. XV əsrin ortalarına doğru Venesiya Respublikası sözün əsl mənasında, müstəmləkə imperiyasına çevrilmişdi: Balkan yarımadasının Adriatik sahilləri, İoniya adaları, Moreya və Korinf körfəzi sahilləri, Krit və Evbeya kimi strateji əhəmiyyətli vacib adalar, Qara və Azov dənizlərindəki ticarət koloniyaları onun əlində idi (14, s.117-118; 12, s.68). XV əsrin birinci yarısı boyu apardığı müharibələr nəticəsində Paduya, Ravenna, Verona, Trevizo, Viçenso, Breşiya, Berqamo, Feltre, Belluno, Krema və Fruli Venesiyanın hakimiyyəti altına keçmişdi (12, s.68). Ümumilikdə, respublikanın mülklərinin sahəsi 9 mln. ha təşkil edirdi (23, s.11).

Venesiya bu mülklərini və ticarət maraqlarını qorumaq üçün 350 hərbi, 600-dən çox ticarət gəmisindən iabarət donanmaya sahib idi (20, s.346, 23, s.20 və s.). Venesiya diplomatiyası isə antikliyin və Şərqin ən yaxşı siyasi ənənələrini çulğaşdırıb özünəməxsus nəhəng bir məktəb qurmuşdu. Senat başda olmaqla Venesiya diplomatları respublikanın xarici siyasətini böyük ustalıqla nizamlayırdılar və məqsəd naminə hər cür vasitəni məqbul sayırlar.

Qara dəniz ticarəti. Aralıq dənizində Venesiyanın qüdrətini xeyli endirməyi bacarmayan Genuya Qara dənizdə ona rəqib çıxa bilmişdi. Kaffa (Feodosiya) bu ticarətin cəmləndiyi başlıca mərkəz idi. Genuyanın əsas müştəriləri isə İspaniya, Cənubi Fransa və Cənubi Almaniya idi. Korsika və Sardiniya Genuyanın əlinə keçəndən sonra İspaniya ilə münasibətlər xeyli genişlənmişdi: Barselona, Sevilya, Valensiya genuyalı tacirlərə böyük imtiyazlar vermişdi. Maraqlıdır ki, Cənubi Fransa limanları, o cümlədən Marsel də Şərqlə birbaşa deyil, Genuyanın vasitəçiliyi ilə ticarət saxlayırdı, çünki onun qədər nizamlı və möhkəm əlaqələri yox idi. Nəhayət, Almaniya üçün Genuya bir neçə baxımdan vacib idi: liman kimi – alman tacirlərinə dənizlərə ən əlverişli çıxış olaraq; Şərq mallarının ixracatçısı kimi – Venesiya ilə əlaqə saxlaya bilməyən cənub — qərb torpaqları üçün vasitəçi olaraq və sənaye mərkəzi kimi – vacib fabrikatların istehsalçısı olaraq (16, s.156).

Başqa sözlə desək, Venesiya, Genuya, Milan, Piza və Florensiya başda olmaqla İtaliya şəhərləri Avropanın Şərqlə ticarətində vasitəçiliyi əllərinə almışdılar. Amma bu, digər ölkələrin beynəlxalq ticarətdən tam məhrum edilməsi anlamına gətirməməlidir. Məsələn, Cənubi Fransa şəhərləri – Marsel, Narbonna, Monpelye, Bordo xaç yürüşlərindən bu yana beynəlxalq ticarətdə fəal rol oynayırdılar və ən azından Fransadaxili ticarətdə Venesiyanın və Genuyanın inhisarçılığına imkan vermirdilər. Pireney şəhərlərinin XV əsrin əvvəllərinə doğru Avropada – Venesiyada, Genuyada, Pizada, Bolonyada, Parisdə, Londonda ticarət kontorları fəaliyyət göstərirdi. Barselona, Valensiya, Sevilya, Burqos, Bilbao, San-Sebastyan beynəlxalq ticarət mərkəzləri olaraq məşhur idilər.

Şimal ticarəti. Əgər əvvəlki iki ticarət məntəqəsi Şərq ticarəti və Şərq istehsalı ilə bağlıdırsa, Şimal ticarətini tam mənada bu sıraya qoymaq doğru olmaz. Burada ticarətin geniş miqyas alması, beynəlxalq əhəmiyyət kəsb etməsi daha çox yerli sənayeyə bağlı olmuşdur. Dəqiqləşdirsək, Şimal ticarətinin XV əsrdə (əslində XVIII əsrədək) əsas faktının yun istehsalı olduğunu deməliyik. Bu ticarətin də aparıcı rollarını İngiltərə, Frandriya, Hanza və Novqorod paylaşırdı. İngilislər bu ticarətə qatılanda “Şimal Venesiyası” şöhrətini qazanmış Brügge əlverişli mövqeyi sayəsində artıq yun ticarətinin mərkəzi idi, Hanza isə Baltik bölgəsinin əsl sahibəsi idi və Brügge – Novqorod xətti onun ticarətinin əsas arteriyası idi. Amma İngiltərə bu rəqabətdə özünü itirmədi. XIV əsrin ikinci yarısından etibarən İngiltərənin mahud istehsalı elə bir səviyyəyə gəlib çıxır ki, artıq xarici ixracat üçün işləməyə başlayır. Flamandlar Hanza tacirlərinin indi ingilis mahudunu aldıqlarını çox böyük narahatlıq və bəzi əks tədbirlərlə qarşılaşa da, XV əsrin əvvəllərinə doğru mahudçuluğun mərkəzləri olan İpern, Brügge, Gent arxa plana keçir. İngilislər bütün maneələrə, əvvəlki mahud inhisarçılarının düşmənçiliyinə baxmayaraq, hər yerə nüfuz etməyə başlamışdılar. İngilis ticarətinin yüksəlişi və rəqabətə dözümlülüyü həm sənayenin, həm ticarətin yeni tələblərə tez uyğunlaşması ilə izah oluna bilər.

Hanzanın İngiltərə qarşısında mövqe itirməsinə gəlincə (doğrudur, bu, XV əsrin əvvəlləri başa çatacaq), şübhəsiz, kapitalistcəsinə qurulmağa başlayan ingilis sənayesi və ticarəti ilə o, uzun müddət rəqabət apara bilməyəcəkdi. Üstəlik, Fransadan və İngiltərədən fərqli olaraq, Almaniyada sənayenin və ticarətin milliliyi yox idi: Hanza əksəriyyət etibarilə Almaniya şəhərlərini birləşdirsə də, milli alman təşkilatı deyildi və bəzən hətta Almaniyaya ziyanlı siyasət yeridirdi. Bu amil də Şimal ticarətində İngiltərəni ondan irəli apara bilmişdi.

Nəhayət, Moskva dövlətinə gəlincə, İngiltərə ilə onun Şimalda ticarət rəqabəti xeyli sonrakı dövrə — XVI əsrin ikinci yarısına aiddir. XIV-XV əsrlərin hüdüdunda isə Novqorod Hanzanın əsas şərq kontoru rolunu oynamaqla kifayətlənirdi və ingilislərlə rəqabətdən söhbət belə gedə bilməzdi.

Xəzər dənizi ticarət. 1395-ci ildə Həştərxanın Teymur tərəfindən ələ keçirib dağıdılması Xəzər dənizi ticarət üçün kifayət qədər böyük zərbə olmuşdu. Üstəlik, Teymurilərin Qızıl Orda ilə düşmənçilik münasibətləri Volqa – Xəzər magistralı vasitəsilə aparılan Avropa – Asiya ticarətini çətinləşdirmişdi. Amma Teymurun vəfatından sonra Həştərxan – Bakı əlaqələri yenidən dirçəlmiş, XV əsrin birinci yarısı Xəzər dənizi ticarət yenə tacirlərin fəaliyyət meydanına çevrilmişdi. Bu ticarət Avropa səyyahlarının və tacirlərinin (Klavixo, Zeno, Barbaro, Kontarini) nəzər-diqqətində qalmaqla yanaşı, monqol hakimiyyəti ilə mübarizədə yaranıb möhkəmlənən Moskva knyazlığının xarici siyasət orbitinə cəlb olunmağa başlamışdı. XV əsrin ortalarına doğru Moskva dövləti ilə Azərbaycan Şirvanşahlar dövləti arasında qurulan diplomatik və ticari ünsiyyət də bu ticarət bölgəsinin beynəlxalq əhəmiyyətinin artması ilə bağlı idi.

Moskvanı bura cəlb edən nə idi? Əvvəla, Moskva knyazlığının xeyli sərbəst hərəkət edə biləcəyi, ingilis rəqabətinin hələ ortaya çıxmadığı yeganə su hövzəsi Xəzər dənizi idi. İtalyanların hələ XIII – XIV əsrlərdə burada ticarət gəmilərinin üzməsi faktı yenicə dirçəlməyə başlayan Moskva dövləti üçün maneə deyildi: venesiyalılar və genuyalılar bu bölgəyə hələ ki, ticarət məntəqəsi olaraq yanaşırdılar, Xəzərin strateji hərbi-siyasi əhəmiyyəti məsələləri italyan diplomatiyasının fəaliyyət çərçivəsinə girməmişdi. İkincisi, Xilafət dövründə olduğu kimi, XV əsrdə də Xəzəryanı yerli dövlətlərin, o cümlədən Şirvanşahların hərbi donanması yox idi. Bu, Xəzər dənizi hövzəsinə coğrafi baxımdan ən yaxın Rusiya üçün əlavə divident sayıla bilər. Nəhayət, Dərbənd və Bakı kimi limanlar rus dövləti üçün (XV əsrdə hələ ki, rus tacirləri üçün) yaxın perspektivdə həm də İran körfəzinə və Hind okeanına çıxış idi.

İran körfəzi və Hind okeanı ticarəti. İran körfəzi ticarətdə Təbrizin rolunun artmasının 1400-cü ildə Bağdadın Teymur tərəfindən alınması ilə bağlı olduğu fikri tarixşünaslıqda hakimdir (bax: 12, s.56). Amma Təbriz hələ XIII-XIV əsrlərdə İran körfəzi ticarətdə fəal rol oynamışdır. Təbriz Ərzurumdan, Ərdəbildən, Urfadan, Mosuldan, Marağadan və Qəzvindən gələn yolların tranzit qovşağı idi. Hülakilərin uzun müddət paytaxtı olmuş Təbriz 1250-ci illərdən artıq Bağdada rəqib kimi çıxış edirdi. Ona görə də Teymur Bağdadı ələ keçirəndə, Təbriz üçün İran körfəzi ticarətdə aparıcı mövqe tutmaq çətin olmadı!

Təbriz – Trapezund/Trabzon və Təbriz – Bursa ticarət xəttləri Konstantinopolun osmanlılar tərəfindən fəthindən əvvəl də strateji əhəmiyyət kəsb etmişdi. Hörmüz – Şiraz – Rey xətti məhz Təbrizin vasitəsilə İran körfəzini Qara dənizlə əlaqələndirirdi. Avropa malları da çox zaman Trapezund/Trabzon – Təbriz xətti ilə Şərq ölkələrinə ixrac olunurdu. Həştərxanın və Bağdadın süqutundan sonra Təbriz – Trapezund/Trabzon marşrutunun əhəmiyyəti bir az da artmış oldu (12, s.59).

Təbrizdən Bursaya iki istiqamətdə getmək olurdu: Təbriz – Diyarbəkr – Mərdin – Mərəş – Qeysəriyyə – Ankara – Eskişəhir – Bursa və ya Təbriz – Ərzurum – Ərzincan – Toqqat – Amasya – Ankara – Bursa (6, s.128-129). 1326-cı ildən etibarən osmanlıların əlində (1326-1362-ci illərdə paytaxt) olan Bursa Aralıq dənizi hövzəsinin ən əhəmiyyətli ipək ticarəti mərkəzi idi (9, s.51). Başqa sözlə desək, Təbriz – Trapezund/Trabzon İran körfəzini Qara dənizlə, Təbriz – Bursa isə İran körfəzini Aralıq dənizi ilə əlaqələndirən vacib arteriyalar idi.

İran körfəzi ticarətini Hind okeanı olmadan təsvir etmək mümkün deyil. XV əsrin birinci yarısında hər iki su hövzəsini əlaqələndirən başlıca məntəqə — Hörmüz idi. Hörmüzdən Daybula, oradan Kalikuta (indiki Kojikoda) dəniz yolları istiqamət götürürdü. Hörmüzün yüksəlişinin başlaması XIII-XIV əsrlərin hadisəsi idi. XV əsrin birinci yarısında avropalıların Atlantikaya marağı artsa da, Hind okeanı bölgələrə gedən ənənəvi yollar təhlükəsiz və yoxlanılmış idi. Afrikanı üzüb keçmək, ya da Atlantikanı dövr etmək, hələ ki, gerçək görünmürdü. Ona görə də iddialı siyasətçilərdən və avantürist səyyahlardan fərqli olaraq, tacir öz pulunun, malının və canının dəyərini bilib İran körfəzi – Hind okeanı limanları ilə səyahət etməkdə idi.

Atlantikada erkən müstəmləkə işğalları. XIII əsrdə Rekonkistanı başa çatdıran Portuqaliya həm insan ehtiyatları, həm maddi ehtiyatlar baxımından kasıb ölkə idi. Nə qədər ki, Əndəlus müsəlmanları ilə müharibələr davam edirdi, portuqal hökuməti (eləcə də yarımadanın digər xristian dövlətləri) iqtisadi və sosial problemləri ört-basdır edə bilirdi. Amma indi talan və qarət mənbəyi tükənmişdi. Üstəlik, Kastiliyanın və Araqonun hegemonluq iddiaları bir tək yarımada ilə kifayatlənmirdi. Portuqaliya üçün iki yol qalırdı: ya şərqə – Aralıq dənizi bölgəsinə istiqamət götürmək, hansı ki, italyanların inhisarı altında olduğundan, mümkünsüz idi, ya da cənub-qərbə – Atlantikaya, oradan da Hind okeanı bölgələrinə üz tutmaq.

Atlantikanın fəthi ilk baxışdan çox qorxunc və gerçəkləşməsi mümkün olmayacaq gələ bilərdi, amma 800 ilə yaxın müharibənin bitmək nə olduğunu bilməyən Pireney xristianları üçün bu avantüra xeyli cəlbedici və hətta əyləncəli görünürdü. Bu yolda ilk addım isə – Şimali Afrika idi. Hələ 1291-ci ildə Kastiliya və Araqon arasında Şimali Afrika ərazisinin bölüşdürülməsi haqqında razılaşma olmuşdu (24, s.9) və Portuqaliya bu bölgüdən kənarda qalmasından çox narazı idi. Kastiliyanın 1393-cü ildə Kanar adalarına hərbi ekspedisiya təşkil etməsi, 1400-cü ildə Mərakeşə yürüşü Lissabonu əməlli-başlı qayğılandırmışdı. Kastiliyanın bu fəallığı Portuqaliyanın Şimali Afrikadakı əlaqələrini və gələcək işğallarını sual altında qoyurdu. Ona görə də rəqibinin Qranada ilə mübarizəyə başının qarışmasından istifadə edib iri miqyaslı fəaliyyətə keçmək lazım idi.

Lissabonda işlənib hazırlanmış plan belə idi ki, Kastiliya Kanar adalarında möhkəmlənməmiş, Portuqaliya Şimali Afrikada platsdarm yaratmalı və bunun ardınca Atlantikada işğallara keçməlidir. Nəzərdə tutulmuş ekspansiya üçün ən uğurlu obyekt Mərakeş idi. Əvvəla, Mərakeş coğrafi baxımdan Portuqaliyaya yaxın idi. İkincisi, bu torpaqlar portuqallar üçün “yad” deyildi: bir neçə əsr boyu portuqal tacirləri Seutada, Tanjerdə, Sale və Sofidə gedən qızğın ticarətdə fəal iştirak etmişdilər. Portuqalların Mərakeşdə hərbi əməliyyat “təcrübələri” də var idi: XIV əsr boyu müsəlman gəmiləri Portuqaliyanın kral donanmasının dəniz yürüşlərindən (əslində bunlar korsar yürüşləri idi) əziyyət çəkmişdilər (24, s.8 ; 11, s. 147 və s.).

Portuqal kralı I Joanın geosiyasi hesablamaları diqqətləri gətirib Seuta (Səbtə) şəhərinin üzərində saxladı: coğrafi yerləşməsinə və ticarət əhəmiyyətinə görə birinci dərəcəli strateji əhəmiyyəti olan bu şəhərin təbii limanı var idi (Bakı kimi) və dar boğazda yerləşməsi onu yaxşı müdafiə olunan qalaya çevirmişdi. * Seutanı almaqla Portuqaliya Cəbəllüttariqi keçib Atlantik okeanına istiqamət götürən və ya əksinə, Atlantik okeanından Aralıq dənizinə girən gəmilərə tam nəzarət edə bilərdi, üstəlik, bundan sonra müsəlmanların naviqasiyası da çox ağır duruma düşərdi.

Seutanın ticarət əhəmiyyəti də böyük idi: bu şəhərdə nəinki müsəlman ölkələrinin tacirləri, həm də Kastiliya, Cenevrə, İngiltərə, flamand, eləcə də portuqal tacirləri toplaşırdı. Başqa sözlə desək, Seuta “Portuqaliyanın Atlantika və Hind okeanı sahillərində cidd-cəhdlə yaratdığı nəhəng iqtisadi imperiyanın tərkib hissəsi” idi (17, s.239).

Seutanın işğalı planı dəqiqliklə işlənmişdi və buna 6 il sərf olunmuşdu. 1415-ci il iyulun 25-də portuqal armadası * yürüşə başladı. Avqustun 12-də Seutaya edilən ilk hücum uğursuz oldu və portuqallar geri çəkildi. Avqustun 20-də ikinci hücum baş tutdu və portuqallar qələbə qazandılar. Hadisələrin şahidlərinin xəbərlərinə istinadən O.Martinş yazır: “Şəhərin talanı dəhşətli bir görüntü idi. Hindistanla ticarətin mərkəzi olan Seuta Venesiyadan və Lissabondan üstün idi. Seutanın küçələri yarmarkanı xatırladırdı. Arbaletli əsgərlər, Traj-uş Montiş və Beyra dağlarından gəlmiş kənd uşaqları məhv etdikləri şeylərin heç dəyərini belə anlamırdılar … öz barbarlıqlarında boğulan bu adamlar yalnız qızıl və gümüş axtarırdılar … Bütün gecəni Seuta küçələrində anaların və uşaqların ahu-zarı və naləsi eşidilirdi” (13, s.133).

İşğalın səhəri günü kral I Joan əshabəsi Pedru de Menezişi Seutanın kapitanı və qubernatoru təyin etdi və 2500 nəfərlik qarnizonu onun ixtiyarına verdi (24, s. 14). Beləliklə, avropalıların qitədən kənarda ilk müstəmləkəsi yarandı, Avropa dövlətlərinin müstəmləkə ekspansiyası başladı.

Qərb tarixşünaslığı 1453-cü ildə Konstantinopolun osmanlılar tərəfindən fəthinin Avropa ticarətinə böyük zərbə vurduğunu, bu səbəbdən də, avropalıların “məcbur” olub Hindistana qərb yolu axtarışına çıxdığını cidd-cəhdlə sübut etməyə çalışır və bu cəhdlərində kifayət qədər uğur da qazanmışdır: əksər tarix dərsliklərində durum elə bu yöndə də izah olunur. Amma faktlar bunun doğru olmadığını göstərir. Konstantinopolun fəthindən 162 il əvvəl – 1291-ci ildə iki Avropa dövləti – Kastiliya və Araqon Şimali Afrikanı bölüşdürmək haqqında razılaşma bağlamışdılar (bax: yuxarı), fəthdən 38 il əvvəl isə bu formallıq gerçəkləşmişdi: bir Avropa dövlətinin Afrikada müstəmləkəsi yaranmışdı. ** Bu iki faktın sadəcə təsadüf olduğunu düşünmək olardı, əgər bunun ardınca yeni ekspansiya yürüşləri olmasaydı.

1434-cü ildə portuqallar Madeyra, Kanar və Azor adalarını keçərək Afrikanın qərb sahili boyu ilə cənuba istiqamət götürdülər və Qvineyanı, Yaşıl Burun adalarını ələ keçirdilər. 1435-ci ildə isə Portuqaliya hökuməti Kanar adalarına mülkiyyət hüququnun Roma papası IV Yevgeniy tərəfindən təsdiqlənməsinə nail oldu (24, s.17). Vəziyyətdən bərk narahat olan Kastiliya buna dərhal etirazını bildirdi və Bazileyada keçirilən yığıncaqda Cəbəllütariqin hər iki sahilinə iddiasını elan etdi. Papa 1435-ci il bullasını ləğv etməyə məcbur oldu.

Portuqaliya Kastiliyanı qabaqlamaq və Afrikadakı “mülklər”ini qorumaq üçün yeni ekspansiyaya başlamaq qərarına gəldi. Bu dəfə hədəf Tanjer (Tanca) idi. Tanjerin tutulması portuqalların Afrikadakı işğallarını möhkəmləndirəcəkdi. 1437-ci ilin avqustunda ekspedisiya başladı, sentyabrda şəhərə hücum edildi. Lakin Seuta kampaniyasından fərqli olaraq, bu ekspedisiya portuqallar üçün uğursuz oldu: Mərakeş hakimi Əbu Zəkəriyyə Yəhya əl-Həttasi şəhərin müdafiəsini yaxşı təşkil etmişdi və müsəlman ordusu portuqallardan qat-qat üstün idi (13, s.175).

Bu məğlubiyyət Portuqaliyanın müstəmləkə iddialarına heç bir xələl gətirmədi, üstəlik, Portuqaliya öz rəqibinin – Kastiliyanın fəallığından ehtiyatlanıb digər işğallarını “legitimləşdirmək” qərarına gəldi. 1454-cü ildə Roma papası V Nikolay Portuqaliyanın Bahador burnundan Hindistana qədər (cənub və şərq istiqamətlərində) torpaqlara sahib olma hüququnu tanıdı. Buununla da müstəmləkəçilik tarixinin yeni mərhələsi – “rəsmiləşmə” mərhələsi başladı.

Konstantinopolun osmanlılar tərəfindən fəthi və Aralıq dənizi ticarəti. Pireneyin xristian dövlətlərinin cidd-cəhdlə dünyanı “bölüşdürdüyü”, Avropanın digər dövlətlərinin isə Şərqlə vasitəçisiz (oxu: italyanların vasitəçiliyi olmadan) əlaqələr arzuladığı bir zamanda – həm Avropanın, həm Asiyanın təkcə ilk yüzilliklər üçün deyil, Yeni Dövr üçün də təsiri keçərli sayılan, Şərqi Aralıq dənizi ticarəti üçün isə kardinal dəyişiklik yaradan bir hadisə baş verdi: 29 May 1453-cü ildə Kostantinopol Osmanlı türkləri tərəfindən fəth edildi.

Dünya tarixi üçün böyük bir əhəmiyyəti olan bu hadisənin bütün yekunlarını izləmək niyyətimiz yoxdur, yalnız Aralıq dənizi ticarəti üçün təhlil edəcəyik. Niyə ümumilikdə beynəlxalq ticarət üçün yox, məhz Aralıq dənizi ticarət üçün? Ona görə ki, Avropa – Asiya ticarət əlaqələrində XV əsrin ortalarına doğru baş verən dəyişikliklər və ya yeniliklər Osmanlı fəthləri ilə birbaşa bağlı deyildi, onların kökü daha dərin proseslərə bağlı idi, hansılara ki, məqalənin əvvəlində nəzər yetirdik. Buna bənzər fikirləri biz Xilafət dövrü, Səlcuq və xaç yürüşləri, monqol istilaları barədə də deyə bilərik: xarici amil zahirdə olduğu üçün tez nəzərə çarpır və daxili səbəbləri gizlədir.

Osmanlı dövlətinin məhz Aralıq dənizi ticarətə təsiri isə şəkksizdir, çünki bu fəthlərin həmin bölgə ilə birbaşa əlaqəsi var idi. 1453-cü ildən sonra Aralıq dənizi ticarətdə baş verənlərin gedişinə nəzər salaq.

Osmanlı fəthi ərəfəsi Konstantinopolun vəziyyəti çox acınacaqlı idi. İmperator nəhəng maliyyə çətinlikləri ilə üzləşmişdi, qarşısını almaq üçün isə əvvəllər ləğv edilmiş vergiləri bərpa etmişdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, nəinki qoşunu və donanmanı saxlamaq, imperatorun sarayını belə təchiz etmək imkansızlaşmışdı. Venesiyanın və Genuyanın ticarət hegemonluğu haldan düşmüş ölkəni dirçəltməyə ümid yeri belə qoymamışdı. Avropa Bizansı “iqtisadi baxımdan işğal etmişdi” (19, s. 100).

Tarixin bütün mərhələlərində olduğu kimi, Osmanlı fəthi ərəfəsində də Konstantinopol dini-siyasi təlatümlərlə çabalayırdı. Təsadüfi deyil ki, ruhani və siyasi elitanın əksər nümayəndələri fəth ərəfəsi həddən ziyadə təhlükədə olan paytaxtdan Pelopennesə köç etmişdi (19, s.94). Paytaxtda isə latınofillərlə osmanofillərin mənasız çəkişməsi davam edirdi. Hələ 1439-cu ildə Florensiya kilsə yığıncağında imperator VIII İohann və papa IV Yevgeniy pravoslav və katolik kilsələrinin uniyası haqqında saziş bağlasalar da, Konstantinopol bu sazişi tanımamışdı (18, s. 507, 542). Hər iki dünya – istər pravoslavlar, istər katoliklər üçün bu birləşmə gerçək bir şey sayılmırdı. Petrarkanın nümunəsində katoliklər düşünürdü ki, «türklər düşməndir, amma bidətçi yunanlar düşməndən də pisdir», yunanlara görə isə, «Konstantinopolda türklərin çalmalarını görmək latınların tiarasından daha yaxşıdır» (bax: 19, s. 101).

Nəhayət, Konstantinopolun beynəlxalq durumuna gələk: bir tərəfdən, italyanların, o cümlədən, papanın durmadan artan təzyiqləri, digər tərəfdən, onu əhatə edən serb təhlükəsi Avropanın digər iri dövlətlərinin – Fransanın, İngiltərənin, alman imperiyası­nın, Kastiliyanın, Araqonun və Portuqaliyanın tam laqeydliyi ilə çulğaşmışdı. Yeganə yardım cəhdi 1444-cü ildə Varna yaxınlığında macar kralı Vladislavın başçılığı ilə təşkil olunmuşdu ki, o da böyük uğursuzluqla başa çatmışdı (18, s. 507).

Beləliklə, Konstantinopolun Bizans imperiyasının paytaxtı kimi mövcudluğunun artıq heç bir anlamı, o cümlədən, Aralıq dənizi ticarətində italyanların hegemonluğunu dəyişdirəcək gücü qalmamışdı. Əhəmiyyəti olan osmanlı türkləri idi, hansılar ki, bütün XIV əsr boyu fəthləri sayəsində Venesiyanın əlindəki bütün yunan mülklərini alıb Aralıq dənizində yunanlar üçün bəla olan “latın ağalı”nı laxlatmışdılar.

Roma imperiyasından bu yana heç bir dövlət Aralıq dənizi hövzəsini tamamilə ələ keçirməyə nail ola bilməmişdi. Amma indi ortaya çıxmış Osmanlı dövləti tam bu iddiada idi: bir neçə onillik sonra belə perspektivin gerçəkləşməsinə maneə olacağına heç bir təminat yox idi * və Avropa yalnız 1453-cü ildən sonra bu gerçəyi başa düşmüşdü.

Konstantinopolun çökməsindən xəbər tutar-tutmaz Venesiya Senatı sultan II Mehmedin sarayına elçilik göndərdi, danışıqlar bir ilə yaxın çəkdi və 1454-cü il aprelin 18-də Venesiya Respublikası ilə Osmanlı dövləti arasında müqavilə bağlandı (7, s.164; 12, s. 99). Müqaviləyə görə, venesiyalılar Osmanlı bazarlarında sərbəst ticarət etmək hüququ qazanırdı və onlar üçün 2 %-lik gömrük müəyyən olunurdu. Beləliklə, vaxtilə (1082-ci ildən) Bizans hökümətindən alınan imtiyaz və güzəştlərin eynisini Osmanlı sultanı verirdi.

Yunan tarixçisi Dimitris Kitsikis imperator I Aleksey Komninin məşhur 1082-ci il Xrisovulu ilə Osmanlı sultanı II Mehmedin 1454-cü il imtiyazatı (kapitulyasiyası) arasında prinspial fərq olduğunu, birincinin Bizans tərəfindən məcburi, ikincinin isə Osmanlılar tərəfindən qüvvə mövqeyindən bağlandığını yazır (19, s.188). Buna bənzər fikirlərə bir çox tarixçinin əsərlərində rast gəlmək olar (bax: 9, s.52; 12, s.99-100 və b.). Amma vəziyyət göründüyü kimi bəsit deyil. Nə 1082-ci il xrisovulu, nə də 1454-cü il imtiyazatı fenomen hadisə olmamışdır: ikisi də (həmçinin onları yeniləyən növbəti müqavilələr) Konstinopolun/İstanbulun Venesiyaya vermiş olduğu ticarət güzəştidir və ardınca siyasi güzəştlərə bağlanır. I Alekseyi bu güzəştə məcbur edən amilin normann təhlükəsi olması ilə II Mehmedin antiosman blokunun potensial üzvü ola biləcək Venesiyanı neytrallaşdırması səbəbi arasında prinsipial fərq yoxdur. Osmanlılar da Komninlər kimi, italyan dövlətləri arasındakı ziddiyyətlərdən istifadə edib ya Venesiyaya, ya Pizaya, ya Florensiyaya ticarət imtiyazları verirdilər: bu yolla italyanların antiosman koalisiyasının qarşısı alınırdı.

Qeyd edək ki, bu cür taktikanın osmanlılar üçün təhlukəli məqamları da Bizans dönəmində olduğu qədər idi: hər dəfə imtiyazat alan dövlət əvvəlki dövlətdən daha artıq güzəştlərə nail olurdu. Yəni Osmanlı sultanları da Bizans imperatorlarının səhvlərini təkrarlayırdılar. Məsələn, Venesiyaya 1454-cü ildə kapitulyasiya hüququ verən Sultan II Mehmed bu respublika ilə müharibə (1463-1479-cu illər) ərəfəsində onun Aralıq dənizindəki güclü rəqibi Florensiya ilə yaxınlaşma xətti götürdü, 1460-cı ildə Florensiyaya (və Pizaya) daha geniş kapitulyasiya verildi (12, s.112), Florensiya isə Mehmeddən təkcə kapitulyasiyalar qoparmaqla kifayətlənmədi, eyni zamanda İstanbul limanında əlverişli mövqe əldə etmək uğrunda mübarizəyə başladı. Venesiya ilə münasibətləri kəskin həddə çatan Osmanlı imperiyası 1462-ci ildə Qalatadan venesiyalıları qovaraq oradakı italyan məhəllərində florensiyalıları yerləşdirdi (7, s.209; 12, s.112). Çox keçmədən, Osmanlı –Venesiya ticarət əlaqələrinin yerini Florensiya ilə əlaqələr tutdu.

Amma Venesiyanın Aralıq dənizi ticarəti üçün Florensiya göründüyü qədər təhlükə törətmirdi, çünki osmanlılarla müharibə bitər-bitməz (1479-cu il) Venesiya tacirləri yenə imtiyazlarını (bu dəfə daha artıq) bərpa etməyi bacardılar. Venesiya üçün daha qorxulu rəqib Osmanlı imperiyasının daxilində idi: burada tədricən ortaya çıxan yəhudi icması, xüsusilə İspaniyadan köç edən Sefardilər osmanlılar üçün daha sərfəli tacirlər idi. Yüzilliklər boyunca yəhudilər pərakəndə halda olsa belə, Aralıq dənizi hövzəsində ticarətdə iştirak edirdilər; məmlük, Bizans, Pireney hakimiyyətlərində qalan yəhudi icmaları indi tolerant türk idarəçiliyndə geniş imkanlar qazanaraq Selanikdə (Salonikdə), İstanbulda, Hələbdə, İsgəndəriyyədə yerləşməklə Venesiyanın Şərqi Aralıq dənizindəki üstünlüyü üçün həqiqətən böyük rəqabət yaratmağa başlamışdılar (ətraflı bax: 2, s.126; 3). Venesiyanın Aralıq dənizi ticarəti üçün yaranmış bu yəhudi rəqabəti həm də ona görə qorxulu idi ki, Osmanlı imperiyasına kütləvi şəkildə köç edən yəhudilər bu imperiyanın siyasi idarəçiliyinə də nüfuz etməyə başlamışdılar və deməli, Venesiya üçün Florensiyadan daha artıq təhlükəli idilər. *

Beləliklə, İstanbulun Osmanlı hakimiyyəti altına keçməsilə Aralıq dənizi ticarətdə aşağıdakı dəyişikliklər baş verdi:

– Şərqi Aralıq dənizi hövzəsi Osmanlı imperiyasının daxili gölünə çevrildiyindən, Venesiyanın bölgədəki inhisarçılığı bitdi;

– Şərqi Aralıq dənizindəki (həmçinin Egeydəki) adaların nəhayət ki, təhlükəsizliyi və sabitliyi bərqərar oldu və ticarət üçün daha əlverişli şərait yarandı;

– İstanbul yenidən Avropa – Asiya ünsiyyətinin mərkəzi rolunu geri qaytara bildi, şəhərin ticarət həyatına yunanlar, yəhudilər, ermənilər, slavyanlar təkrar qatıldı;

– Eyni zamanda Aralıq dənizi ticarəti uğrunda Venesiya – Piza, Venesiya – Florensiya, Venesiya – Genuya rəqabəti gücləndi. Bu mübarizəyə yeni qüvvələr, o cümlədən Osmanlı imperiyası daxilindəki diasporalar – yəhudi, yunan, erməni icmaları da qoşuldu;

– Aralıq dənizi ticarəti uğrunda mübarizənin kəskinləşdiyi şəraitdə İspaniya və Portuqaliya Hind okeanı ticarətinə meyl etməyə başladı; İngiltərə və Fransa kimi dövlətlər isə yaşadıqları daxili siyasi problemlər səbəbindən, müvəqqəti olaraq Aralıq dənizi ticarətdən uzaqlaşdılar.

Beynəlxalq ticarətdə hegemonluq uğrunda müstəmləkə rəqabəti: Atlantikanın və Hind okeanının «bölüşdürülməsi». 1453-cü ildən sonra Venesiya üçün ümid yeri, az da olsa, hələ saxlanmışdı. Florensiya tacirləri və İstanbuldakı yəhudi icması ilə mübarizə çətin olsa da, ara-sıra qələbələr mümkün idi. Amma Portuqaliyanın və İspaniyanın müstəmləkə işğalları ilə “Müqəddəs Mark Respublikası” nın Şərqlə ticarətdə inhisarına son qoyulması qətiləşdi.

Üstəlik, baş verənlər təkcə bir Venesiyanın problemi olmadı: Aralıq dənizi ticarətlə bağlı olan bütün ölkələrin iqtisadi və siyasi həyatı dəyişdi, beynəlxalq ticarət və dünya iqtisadiyyatı öz inkişafının keyfiyyətcə yeni mərhələsinə girdi, müstəmləkələr uğrunda mübarizə başladı.

Beynəlxalq ticarətdə hegemonluq uğrunda mübarizənin müstəmləkə mərhələsinin ilk əvvəl Böyük Coğrafi Kəşflərin pionerləri olan Portuqaliya və İspaniya arasında başlaması təəccüblü deyil. Biz Atlantikada erkən müstəmləkə işğalları hesabına Portu­qaliyanın öz qonşularını xeyli qabaqladığının şahidi olduq: 1454-cü ildə Roma papası bu ölkənin müstəmləkə işğallarını təsdiqləmişdi, 1479-cu ildə isə Kastiliya papa bullasını tanımağa məcbur olmuşdu (məşhur Alkasavas müqaviləsi ilə — 21, s.132). 1486-cı ildə isə Bartolomeo Diasın başçılığı ilə portuqal ekspedisiyasının Ümüd Burnunu kəşfi Portuqaliyanın müstəmləkə planlarını tam yerbəyer etdi: indi Hindistana dəniz marşrutu ilə getmək üçün sadəcə maliyyə lazım idi.

Beynəlxalq ticarətdə məstəmləkə rəqabətinin ikinci ciddi addımı 1492-ci ildə Xristofor Kolumbun başçılığı ilə ispan ekspedisiyasının Amerikanı (müasirləri üçün Hindistana qərb yolunu) kəşfi oldu. Bundan sonra Portuqaliya və İspaniya bir-birilərinin qatı düşmənlərinə çevrildilər. Belə çıxırdı ki, hər iki dövlətin Hindistana “hüququ” çatır: İspaniyanın ilkin kəşf hüququ var idi, Portuqaliya isə papa bullasına arxalanırdı. Orta əsr Avropası üçün təəccüblü olmayan cıxış yolu – bu məsələdə papanın arbitr seçilməsi oldu.

Xristofor Kolumbun Avropaya geri dönməsindən cəmi 2 ay sonra, 1493-cü il mayın 3-də papa VI Aleksandr Borcia Atlantikanın bölüşdürülməsi ilə bağlı “İnter cetera” (Yeri gəlmişkən) [1] adlı bullasını verdi. Bullaya görə, hər hansı bir xristian hökmdarına məxsus olmayan (!) “qərb torpaqlarının qarşısındakı və okeandakı bütün torpaqlar” ispan hökumətinə verilirdi (21, 132).

Növbəti gün, mayın 4-də papa, naməlum səbəblərdən, yeni bullasını imzaladı və ikinci “İnter cetera”da bəzi dəqiqləşdirmələr apardı: ispanlara “Azor və ya Yaşıl Burun adalarından100 mil(liqa) qərbdən keçən xəttdən qərbə və cənuba” torpaqlar verilirdi.

Aydındır ki, bullalarda müəyyən olunmuş sərhədləri nə xəritədə, nə qlobusda cızmaq mümkün deyildi. Kosmoqraflar artıq o zaman yaxşı bilirdilər kı, Azor adaları Yaşıl Burun adalarından xeyli qərbdədir və onları eyni paraleldə yerləşdirmək olmaz. Amma buna baxmayaraq, məhz papa bullaları İspaniya – Portuqaliya diplomatik danışıqları üçün əsas oldu və danışıqlar 7 iyul 1494-cü ildə Tordesilyas müqaviləsinin imzalanması ilə başa çatdı.

Şübhəsiz, Portuqaliyada artıq o zaman başa düşmüşdülər ki, Kolumb əsl Hindistanı kəşf etməyib; belə olmasaydı, portuqallar bütün Hindistanın ispanlara verilməsinə razı olmazdılar. Lissabon hökuməti tələb edirdi ki, demarkasiya xətti 270 liqa qərbə çəkilsin: görünür, Portuqaliya Afrikadakı dəniz yollarını (Bartolomeo Diaş bu zaman Umid Burnunu kəşf etmişdi) qorumağa çalışırdı. Məsələ burasındadır ki, Cənubi Afrikaya üzərkən yolda təklükəli cənub-şərq passat küləkləri ilə qarşılaşmamaq üçün hökmən qərbə istiqamət götürmək lazım idi və bu yolda portuqallar ispanlarla qarşılaşmaq istəmirdilər (21, s. 132-133). Ona görə də, Tordesilyas müqaviləsinə görə, Portuqaliya nüfuz dairəsi ilə İspaniya nüfuz dairəsi arasında ayırıcı sərhəd meridianı Yaşıl Burun adalarından 100 deyil, 370 liqa qərbə müəyyən edilirdi. *

Tordesilyas müqaviləsi tərtib olunarkən yenə də əvvəlki səhvə yol verilmişdi: 370 liqanın qərbə məhz hansı məntəqədən götürülməsi müəyyən olunmamışdı. Üstəlik, məsafə dəqiq göstərilsə də, indiyədək müqavilədə hansı liqanın nəzərdə tutulduğu da məlum deyil. ** Nəhayət, başqa bir problem də onda idi ki, həmin dövrün kosmoqrafları üçün 370 liqanı dərəcələrə çevirib xəritəyə köçürmək mümkün deyildi, çünki Yer kürəsinin dəqiq ölçüləri məlum deyildi.

Əlbəttə, bu söylədiklərimiz coğrafiyaçılar üçün əhəmiyyətlidir, tarixi nöqteyi-nəzərdən isə məsələnin əsas məğzi dünyanın nüfuz dairələrinə bölünməsi idi. Elə bu bölgünü də əsas götürən portuqal hökuməti Hindistana Afrikanı üzüb keçməklə dəniz yollarını ələ keçirmək üçün siyasətini davam etdirdi. Vasko da Qamanın 1497-1498-ci illərdə həyata keçirdiyi hərbi ekspedisiya Hind okeanı bölgəsundə portuqalların 100 il davam etmiş müstəmləkəçiliyinin özülünü qoydu.

Portuqaliyanın ekspansiyası ərəfəsində Hind okeanı ticarətin səviyyəsinin yüksək olması heç bir şübhə doğurmur. Siyasi vəhdəti olmasa da, təsərrüfatı xarici ticarətin tələblərinə uyğun olan Hindistanın Malabar sahilləri çox məşhur idi: burada avropalı tacirin diqqətini cəlb edəcək ədviyyat və qiymətli daşlar (xüsusilə yaqut) yetərincə idi (15, s. 201; 24, s. 36-37). Malabarın ən çox ticarət etdiyi bölgələr isə İran körfəzi, Qırmızı dəniz sahili məntəqələr idi. Malabarda Kananor, Koulan, Kalikut, Koçin ən məşhur ticarət mərkəzləri olub bir-birilərilə rəqabət aparırdılar. Kananor darçın və zəncəfil, pambıq parça ixracatı üzrə ixtisaslaşmışdı, Kalikut isə əsasən istiot və ipək parça ixrac edirdi (5, s.18). Kalikut həm də Çinlə ticarəti inhisarlaşdırmağa çalışırdı, amma bu cəhdində ona rəqabət çıxaran Koulan da əhəmiyyətli şəhər idi. Koçin isə Kalikutun istiot ticarətindəki inhisarına imkan vermirdi: əvvəla, Koçinin əlverişli limanı Afrikanın şərq sahillərindən (əsasən ərəblərin faktoriyalarının çox olduğu Mozambikdən) və Maldiv adalarından gələn gəmilər üçün sərfəli idi. İkincisi, Koçində istiot plantasiyaları kifayət qədər olub Kalikutun inhisarçılığının qarşısını alırdı (24, s. 37-38). İstiotun daha bir ixracatçısı Koulan idi.

Amma bu sadaladığımız şəhərlər içərisində yenə də ən qüdrətlisi Kalikut idi. A.M.Xazanov Kalikutu Malabarın digər şəhərlərindən üstün edən bir neçə amili qeyd edir: gəmiçilik üçün əlverişli olan çayların sahilindəki Eli və Kranhanor kimi limanlarla qonşu olması; rəqibi Koulanın XV əsrin sonu darmadağın edilməsi; XIV əsrdən başlayaraq Misir məmlüklərinin şəhərdə mövqeyinin güclənməsi (24, s.38). Bu sonuncusu ən əhəmiyyətlisi idi: Kalikutda müsəlman ticarəti XV əsrdə o qədər güclən­mişdi ki, Misir sultanları digər gəmilərin Qırmızı dənizə daxil olmasını qadağan etmişdilər (24, s.38, qeyd 1).

Kalikutda müsəlman ticarəti güclü olsa da, inhisarçı deyildi: burada yəhudilərin, indusların, çinlilərin də icmaları var idi. Yəhudilər və induslar (başlıca olaraq Koromandeldən olanlar) əsasən sələmçiliklə məşğul olurdular, çinlilərin koloniyası isə balıqçılıq təsərrüfatına üstünlük verirdi. Portuqalların Malabarda ilk uğurlarında elə bu icmalararası rəqabət də az rol oynamamışdı.

Beləliklə, bu nəhəng miqyaslı ticarətin getdiyi Hindistan portuqalların bir neçə ardıcıl ekspedisiyası (1498-1515-ci illər ərzində) sayəsində müstəmləkə hakimiyyəti altına keçdi; bundan əlavə, Şərqi Afrika və Cənubi-Şərqi Asiyanın da əksər sahil məntəqəsi, * həmçinin Ədən körfəzinin bəzi limanları işğal edildi. Bununla da Portuqaliya Hind okeanı bölgələrini Qırmızı dəniz və Aralıq dənizi ilə əlaqələndirən yolları bağlamış oldu (12, s. 197). 1515-ci ildə Hörmüzün qəti olaraq portuqalların əlinə keçməsi ilə İran körfəzi – Hind okeanı ticarət magistralları da inhisar altına düşdü.

Sonrakı hadisələrin orta əsrlərə aidiyyatı olması da, Portuqaliyanın və İspaniyanın XIV əsrdən başlayan müstəmləkə siyasətinin kulminasiyasını qeyd etməyimiz çox vacibdir. Atlantika uğrunda bu iki dövlətin rəqabəti 1494-cü il Tordesilyas müqaviləsi ilə nəticələndi: Atlantika iki nüfuz dairəsinə bölündü. Vaska da Qamanın və Fernando Magellanın ekspedisiyaları isə Hind okeanının bölüşdürülməsinə gətirib çıxardı. Belə ki, 1521-ci ildə Magellanın başçılığı altında ispan ekspedisiyası (1519-1522-ci illər) Molukka adalarına gəlib çıxanda, bu adaların kimə məxsusluğu məsələsi də ortaya çıxdı. 1524-cü ildə Badaxosda başlayan İspaniya – Portuqaliya danışıqları 1529-cu ildə Lerida (bəzi mənbələrə görə, Saraqosa) müqaviləsinin imzalanması ilə başa çatdı. Müqaviləyə görə, İspaniya Molukka (portuqallar ona “Ədviyyat adaları” deyirdilər) adalarından Por­tuqaliyanın xeyrinə əl çəkdi, Sakit okeanda isə demarkasiya xətti Molukkadan 17° şərqə müəyyən edildi (8, s.13). Dünyanın ilk “bölüşdürülməsi” tamamlandı.

Tordesilyas və Lerida müqavilələri böyük nəticələri olan hadisə idi. Bu müqavilələr:

– dünyanın bölüşdürülməsi siyasətinin əsasını qoydu;

– beynəlxalq hüquqda “qapalı dəniz” doktrinasını yaratdı;

– müstəmləkəçiliyi rəsmiləşdirdi və faktiki işğal prinsipini müstəmləkəçiliyin əsas prinsipi kimi müəyyən etdi.

Tordesilyas və Lerida müqavilələrinin beynəlxalq ticarət üçün nəticələri daha tez hiss olunmağa başladı: Atlantikanın, Sakit və Hind okeanlarının nüfuz dairələrinə bölüşdürülməsi indiyədək ticarət tarixində görünməmiş bir inhisarçılıq yaratdı; Amerika qitəsi dünya ticarət əlaqələrinə qatıldı; Sevilya Amerika qitəsilə ticarətin aparıcı mərkəzi və bütün XVI əsr boyu Atlantikada İspaniyanın üstünlüyünün ifadəsi oldu; Portuqaliya Qoa iqamətgah olmaqla, böyük bir Hindistan müstəmləkə imperiyasını yaratdı və Hind okeanı vilayətlərilə ticarəti 100 il əlində saxladı; Aralıq dənizi ticarəti kəskin ixtisar oldu; dünya ticarətinin mərkəzi Aaralıq dənizindən Atlantik okeanına keçdi; “Adriatika şahzadəsi” Venesiya üçüncü dərəcəli ticarət dövləti səviyyəsinə endi; beynəlxalq ticarətdə hegemonliq uğrunda mübarizədə yeni rəqiblər ortaya çıxdı və yeni ticarət münaqişələri: Osmanlı – Portuqaliya, İngiltərə – İspaniya, İspaniya – Hollandiya, İngiltərə – Hollandiya münaqişə­lərinin özülü qoyuldu; dəniz ticarəti karvan ticarətini qəti şəkildə üstələyib hakim oldu.

Beləliklə, XV əsrdə Avropa – Asiya ticarət balansının vəziyyəti aşağıdakı kimi idi:

– XV əsr boyu Avropa-Asiya ticarət balansı Asiyanın xeyrinə fəal idi, amma Avropanın balansındakı mənfi saldosu indiyədək (Roma imperiyasının mövcudluğundan bu yana) görünməmiş hədd çərçivəsində – 30-40 % ixtisar olmuşdu;

– Avropa – Asiya ticarət balansı indi təkcə iki qitənin deyil, kəşf olunmuş Amerika qitəsinin də ticarət əlaqələrindən asılı idi;

– Dünya bazarının təşəkkülü ənənəvi ticarət əlaqələrini dağıtmağa başlamışdı, Asiyaya qızıl və gümüş axını hələ davam etsə də, Avropanın özünə qiymətli metalın kütləvi axını və “qiymətlər inqilabı” hadisəsi baş vermişdi;

– Hindistana dəniz yolunun axtarışında avropalıların ticarəti əvvəlcə “buradan sadəcə ixracat məqsədi daşıyırdı, idxalat haqqında düşünən yox idi”. Amma Böyük Coğrafi Kəşflər və Şərq ölkələrinə münasibətdə müstəmləkəçilik siyasəti tamam əks siyasət üçün şərait yaratdı: “yalnız bu ölkələrə idxalat hesabına” Avropa özünün sənayesini qurmağı başardı (25, s.415).

– İki minillik fasilədən sonra Avropa beynəlxalq ticarət balansına nəzarəti yenidən bərpa edə bildi.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

  1. Bennet M.K. The World’s Food. New York, Harper & Co, 1954 – 433 p.
  2. Bernard Lewis. The Jews of Islam.Princeton,NY, 1984 / İslam dünyasında Yahudiler. Çev. Bahadır Sina Şener. İstanbul, İmge Kitabevi, 1996 – 230 p.
  3. Bernard Lewis. The Sephardim in theOttoman Empire.Princeton, 1992 – 401 p.
  4. Colin Clark. Population Grown and Land Use.New York, Macmillan, 1977 – 654 p.
  5. Correia Jose Manuel. Os. Portugueses no Malabar (1498-1580). Lisboa, Difel, 1997 – 308 p.
  6. Dalsar Fahri. Türk sanayi və ticaret tarihinde Bursada ipekçilik, İstanbul, 1960 – 228 s.
  7. Daniel Goffman. Osmanlı dünyası ve Avrupa. 1300-1700 /Çeviren Ü.Tansel. İstanbul, Kitap Yayınevi ltd., 2008 – 320 s.
  8. Gözəlova Y.H. Beynəlxalq münasibətlər tarixi (XVI-XVII əsrin birinci yarısı). Bakı, “Elm”, 2006 – 47 s.
  9. Halil İnalcık. Bursa: XV asrda sanayi ve ticaret tarihine dair vesikalar // Türk Tarih Kurumu bel.,Cilt 24, 1960 – s.44-58

10. İbn Khaldun. The Muqaddimah: an introduction to history.Princeton, 1958 – 270 p.

11. John H. Pryor. Akdeniz`de Coğrafiya, Teknoloji ve Savaş. Araplar, Bizanslılar, Batılılar ve Türkler /Çeviren F.Tayanç, T.Tayanç. İstanbul, Kitap Yayınevi ltd., 2004 – 262 s.

12. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı, “Təhsil”, 2006 – 416 s.

13. Martins O. Los hijos de Don Juan I. Buenos Aires, 1946 – 420 p.

14. Uzunçarşılı İ.H. Osmanlı tarihi, c.2. Ankara, 1988

15. Антонова К.А., Бонгард –Левин Г.М., Котовский Г.Г. История Индии. Москва, 1979

16. Дживелегов А.К. Торговля на Западе в средние века. СПб., Изд-во АО «Брокгауз-Ефрон», 1904 – 223 с.

17. Жюльен Ш.А. Ист. Сев. Африки. Тунис, Алжир, Марокко от арабских завоеваний до1830 г. Т.2. Москва, 1960

18. История средних веков /Под ред. С.П.Карпова. Т.1. Москва, Изд-во МГУ, 2001 – 640 с.

19. На перекрестке цивилизаций. Сборник. П.Лемерль. История Византии / Д.Кицикис. Османская империя. Москва, «Весь мир», 2006 – 240 с.

20. Луццатто Дж. Экономика Италии // Античность и средние века. Москва, 1954

21. Maгидович И.П. Очерки по истории географических открытий. Т.1. Москва, Изд-во Мин-ва Просвещения РСФСР, 1949 – 288 с.

22. Розенберг Н. Как Запад стад богатым. Экономическое преобразование индустриального мира. Перевод с английского языка под редакцией Б.Пинскора. Новосибирск, «Экор», 1995 – 352 с.

23. Фрейганг А.В. Взгляд на Венецию в морском отношении. СПб., 1881 – 470 c.

24. Хазанов А.М. Португалия и мусульманский мир (XV-XVI вв.). Москва, РАУ-Университет,2003 – 320 с.

25. Энгельс Ф. Конраду Шмидту, 27 Октября1890 г. // К. Маркс и Ф. Энгельс. Сочинения, т.37

Y.H.Gezalova

* Yada salmaq yerinə düşər ki, ərəb sərkərdəsi ət-Tariq 709-cu ildə onun adı ilə adlandırılacaq dağı məhz Seutadan çıxaraq fəth etmişdi.

* Mənbələrin məlumatlarına görə, armada 200-dən çox gəmidən ibarət idi (bax: 24, s.12).

** Faciəli haldır ki, Seuta – Avropanın bu ilk müstəmləkəsi indi də bu statusda qalmaqdadır.

* Həqiqətən, cəmi 6 onillik sonra Osmanlı sultanı I Səlim Yavuzun (1512-1520-ci illər) fəthləri sayəsində bütün Şərqi Anadolu dənizi hövzəsi (həmçinin Qırmızı dəniz) Osmanlı imperiyasının hegemonluğu altına keçdi.

* Eyni hal Genuya tacirləri üçün təhlükə yaradan erməni diasporunun cəmləndiyi Qara dəniz ticarətinə də xas idi. 1475-ci ildə Kafanın osmanlıların əlinə keçməsi ilə burada ermənilərin ticarəti üstünlük qazanır (7, s.215-216).

[1] Bullanın ilk sözü ilə şərti olaraq belə adlandırılmışdır.

* Portuqaliya bu tələbi irəli sürərkən, hələ bilmirdi ki, bu müqavilə hesabına Amerika qitəsinin vacib bölgəsi olan Braziliya da onun olacaq (!).

** Ola bilsin, papa bullasına arxalanan bu müqavilədə söhbət Roma liqasından gedir (1 Roma liqası=5920 m).

* Portuqaliyanın əhalisi az olduğundan, müstəmləkəyə çevirdiyi əraziləri məskunlaşdırmaq kimi böyük bir problemi də var idi. Bu səbəbdən, portuqallar adətən sahilboyu torpaqları işğal edir, daxili rayonlara girmirdilər (bu, Hindistanda da, Braziliyada da belə olmuşdu).

Yeganə Gözəlova

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2010, cild 34

По данной теме есть следующие сообщения

  1. Azərbaycan-Serbiya: fundamental təməl
  2. Fələstin və İsrail xalqları sülh istəyir
  3. Azərbaycan İranın Avropaya çıxışı üçün tranzit ölkə ola bilər
  4. Xalq Mucahidləri İrana hardan gələcək?
  5. ABŞ-da “Azərbaycan yəhudiləri idmanda” kitabının təqdimatı keçirilib
  6. Rəsmi Bakı Təl-Əvivi Fələstin ilə bağlı birtərəfli mövqedən uzaqlaşdıra bilər
  7. Yunanıstanın optimist gələcəyi

Ağqoyunlu-Avropa əlaqələri

Osmanlı dövləti Konstantilopolun fəthindən (1453) dərhal sonra Avropada geniş müharibələr başladı. Sultan II Mehmed öz hərbi planlarını həyata keçirmək üçün Qərb dövlətləri arasındkı ixtilaflardan məharətlə istifadə etdi. O, əvvəlcə Türkiyənin qərbdə ən qüdrətli rəqibi olan Venesiya respublikasını bitərəfləşdirdi. 1454-cü ilin aprelin 18-də Türkiyə ilə Venesiya arasında müqavilə bağlandı.Bu müqaviləyə əsasən Venesiya respublikası Türkiyə bazarlarında sərbəst ticarət hüququ qazandı; venesiyalılar Türkiyə ərazisindən keçib müxtəlif şərq ölkələrinə ticarətə gedə bilərdilər. Bunun müqabilində onlar Osmanlı dövləti ərazisindən, o cümlədən, boğazlardan keçərkən apardıqları, yəni evə gətirdikləri, habelə, Türkiyə bazarlarında satdıqları malların dəyərinin 100-ə 2%-i qədər gömrük verməli idilər. Venesiya höküməti İstanbulda konsul da saxlaya bilərdi. Bununla respublika Kiçik Asiyada hələ Bizans imperiyası zamanı malik olduğu ticarət imtiyazlarını bir növ bərpa etdi. Türkiyə ilə həmsərhədd olan Venesiya mülklərinin müvəqqəti olaraq təhlükəsizliyi təmin olundu. Digər tərəfdən həmin müqavilə ilə Venesiya ona qarşı rəqabət aparan İtaliya dövlətlərinə qarşı mövqeyini möhkəmləndirdi.

1454-cü il sülhü Osmanlı dövləti üçün də əlverişli idi. XV əsrin ortalarında Türkiyə öz hərbi-dəniz qüvvələrinin qüdrətinə görə Venesiyadan geri qalırdı və buna görə də onunla dəniz vuruşmalarına hələ hazır deyildi. Sultan II Mehmed həm də Egey və Aralıq dənizi hövzəsindəki işğallarında, o cümlədən, İtaliya dövlətlərinə qarşı müharibələrdə Venesiya donanmasından istifadə etmək niyyətində idi. Beləliklə, II Mehmed o zaman Avropada “türk təhlükəsi”nə qarşı mübarizə apara biləcək və antitürkiyə blokunun təşkilatçısı olaraq ən qüdrətli dövlətlərdən birini – Venesiyanı müvəqqəti də olsa bitərəfləşdirə bildi. Qərbdə Osmanlı işğalları üçün əlverişli şərait yarandı.

Venesiya respublikası özünün Şərq ölkələri ilə, o cümlədən Azərbaycanla ticarət mənafeyini güdəcək XV əsrin 60-cı illərinədək nəinki Qərb dövlətlərinin antitürkiyə koalisiyasına qoşulmaq haqqında çağırışlarına cavab vermədi, əksinə, Türkiyə ilə bağladığı 1454-cü il müqaviləsini 1460-cı ildə yenilətdi. Lakin Türkiyənin Venesiya ilə bu müvəqqəti yaxınlaşması heç də II Mehmedin Venesiya respublikasını Asiya-Avropa ticarətində vasitəçilikdən sıxışdırmaq, hətta Venesiya daxil olmaqla bütün İtaliyanı fəth etmək siyasətindən əl çəkməsi demək deyildi.

Beləliklə, Konstantilopolun alınmasından sonra Avropa istiqamətində genişlənməkdə olan Osmanlı işğallarının ilk dövründə Qərb dövlətlərinin Türkiyə əleyhinə hərbi-siyasi ittifaqının təşkilatçısı kimi Venesiya respublikası deyil, Roma papaları çıxış etməyə başladılar. Bu da təsadüfi deyildi. Osmanlıların qərbə doğru irəliləməsi, Balkan yarımadasındakı işğallar Roma papalarının da mənafeyinə toxunurdu. Çünki papalar çoxdan Balkan xalqlarını katolikləşdirmək, bununla da öz dini-siyasi təsir dairələrini şərqə doğru genişləndirmək siyasəti yeridirdilər. Buna görə də katolik kilsədinin başçıları öz “həyəcanlı” çığırışları ilə Avropa dövlətlərini, o cümlədən, Balkan xalqlarını artmaqda olan təhlükəyə qarşıcəbhədə “səlib yürüşü”nə çağırırdılar. Lakin papaların bu siyasətinin arxasında onların Balkan xalqlarını katolikləşdirmək, həmçinin Avropa xalqlarının diqqətini bu zaman katolik kilsəsinə qarşı başlamaqda olan reformasiyahərəkatından yayındırmaq kimi əsl niyyətləri gizlənirdi. Roma papaları Konstantilopolun fəthindən dərhal sonra 1453-cü il sentyabrın 30-da xüsusi fərmanla – bununla bütün Avropa xalqlarını türklərə, yəni “kafirlər”ə qarşı “səlib yürüşü”nə çağırdılar. Papa nümayəndələri osmanlılara qarşı “səlib yürüşü” təbliğatı aparmaq üçün İspaniya, Fransa, Almaniya, Nederland, Macarıstan və b. ölkələrə göndərildilər.

Katolik kilsəsinin başçıları Osmanlı dövlətinə qarşı “səlib yürüşü” təbliğatının müvəffəqiyyətini təmin etmək üçün eyni zamanda İtaliya dövlətləri arasında barışıq yaratmağa çalışırdılar. Məsələn, papa V Nikolayın (1447-1455) vasitəçiliyi ilə Venesiya Respublikası və Milan arasında 30 ilə qədər davam etmiş müharibəni dayandıran sülh müqaviləsi (Lodi, 9 aprel 1454-cü il) bağlandı. Papanın səyləri ilə bu sülhə sonradan Neapol krallığı və Florensiya da qoşuldu. Beləliklə, İtaliya dövlətləri 1455-ci ilin martında 25 il müddətinə “İtaliya sülh, əmin-amanlıq və müqəddəs xristian dininin müdafiəsi naminə ümumitaliya liqası” ittifaqda birləşdilər. Stefano İnfessura bu ittifaqda birləşən dövlətlərin “türklərə qarşı birgə hücuma keçmək qərarına gəldiklərini” göstərir. O.Pirlinq isə 1455-ci il liqasını “dinsizlərə (türklərə) qarşı müdafiə və hücum ittifaqı” adlandırır. Lakin katolik kilsəsi və Roma papalarının məddahları olan hər iki müəllifin fikri obyektiv reallıqdan eyni dərəcədə uzaqdır. Çünki, 1455-ci il sülhü “hücum ittifaqı” deyil, əslində “türk təhlükəsi”nin artması qarşısında təşvişə düşən İtaliya dövlətləri arasında müvəqqəti barışıq müqaviləsi idi. Aralıq dənizində hegemonluq üstündə Venesiya ilə rəqabət aparan Neapol krallığı, Şimali İtaliyadakı işğalları ilə Milanla toqquşan Venesiya respublikası, öz qonşularının, yəni Venesiyanın Şərq ticarətindən əldə etdiyi gəlirə həsəd aparan və Asiya ölkələri ilə ticarətdən sıxışdırılan Genuya ilə Florensiyanın Osmanlı dövlətinə qarşı vahid, möhkəm hərbi ittifaqda, özü də “hücum ittifaqı”nda birləşməsi mümkün deyildi.

Bununla belə, papalar “səlib yürüşü” təbliğatını genişləndirməkdə idilər. Məsələn, 1461-ci ilin martında papa yanında ancaq Osmanlı Dövlətinə qarşı səlib yürüşü təşkil etmək üçün xüsusi kardinallar komitəsi yaradıldı. 1462-ci ilin yayında papa “müqəddəs yürüş” üçün vəsait toplamaq məqsədilə yeni vergilər alınması barədə yeni sərəncamlar verdi. Türkiyəyə qarşı hərbi xərclər üçün pul toplamaqdan ötrü xüsusi kassa yaradıldı. Poma papaları Türkiyəyə qarşı vuruşan ölkələrə silahlı yardım da göstərirdilər.

Lakin papaların bütün bu səyləri XV əsrin 50-ci illərində və 60-cı illərinin əvvəlində Avropada vahid antitürkiyə bloku yaradılması ilə nəticələnmədi. Bunun mühüm bir səbəbi Qərb dövlətləri arasında dərin ixtilaflarla izah edilirsə, digər səbəbi osmanlı işğallarına hamıdan əvvəl məruz qalmış Balkan slavyanları və yunanlar arsında katolik məzhəbinə olan dərin nifrətlə əlaqədar idi. Üçüncü bir tərəfdən XV əsrdə Roma papaları artıq özlərinin küçmiş nüfuzlarını itirmişdilər. Bu zaman onlar nə dini, nə də siyasi təsirlərinə görə Avropanı hərəkətə gətirə biləcək qüvvə deyildilər. Bu da mühüm amil idi ki, Sultan II Mehmed Qərb dövlətləri arasındakı ixtilafları düzgün qiymətləndirir, zərbə hədəflərini sərrast seçirdi. Osmanlı hücumlarına bilavasitə məruz qalmayan Qərb dövlərləri, növbə hələlik onların özlərinə çatmadığı üçün, Balkan yarımadasının işğalını kənardan seyr edirdilər.

II Mehmedin işğalları genişləndikcə Qərb dövlətləri arasında vahid antitürkiyə bloku yaradılması barədə danışıqlarda fəallıq artır, osmanlılara qarşı birgə mübarizə cəbhəsinə yeni-yeni dövlətlər qoşulurdu. Belə ki, XV əsrin 60-cı illərinin əvvəllərində Türkiyənin Balkan yarımadasında və Egey hövzəsində möhkəmlənməsi ilə Osmanlı-Venesiya ziddiyyətləri son həddə çatdı. Venesiyanın Balkanlardakı mülkləri Türkiyənin əlinə keçdi. Osmanlı qoşunları Venesiya respublikasını Moreyanın sahil məntəqələrindən, ümumiyyətlə, Egey hövzəsindən də sıxışdırmaqda idi. Beləliklə, Şərq ticarətində vasitəçilikdən əli çıxan Venesiya respublikası vaxtıilə Aralıq dənizi və Egey ələ keçirdiyi mühüm hərbi-strateji məntəqələri də itirməyə başladı. Bu da 1463-cü il iyulun 28-də 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması ilə nəticələndi.

Venesiya respublikasının türkiyə əleyhinə müharibəyə başlaması ilə Qərblə antitürkiyə blokunun yaradılmasına yönəldilmiş danışıqlarda müəyyən canlanma əmələ gəldi. Bundan sonra Avropada Osmanlı imperiyasına qarşı danışıqların əsas təşkilatçısı Poma papası deyil, Venesiya respublikası oldu. Venesiya senatında müzakirə və təsdiq olunmuş məxfi tapşırıqlarla silahlanmış respublika diplomatları Osmanlı imperiyasına qarşı danışıqlar aparmaq üçün müxtəlif Avropa Və Asiya dövlətlərinə yola sılındılar.

Venesiya Respublikasının Türkiyə əleyhinə ittifaqa girmək çağırışına ilk səs verən Macarıstan oldu. Macarıstan Osmanlıların Serbiyanı (1459) və Bosniyanı (1463) almasından narazı idi və gec-tez Türkiyə təcavüzünə məruz qalacağından ehtiyat edirdi. Buna görə də 1463-cü il sentyabrın 12-də Venesiya ilə Osmanlılara qarşı ittifaq bağladı. Əldə edilmiş razılığa əsasən, müttəfiqlət Türkiyəyə qarşı eyni zamanda hücuma keçmədi, Venesiya Yunanıstanın sahil məntəqələrini, Macarıstan isə Bolqarıstan, Serbiya və Bosniya daxil olmaqla slavyan torpaqlarını zəbt etməli idi.

1463-cü il dekabrın 9-da Türkiyəyə qarşı Venesiya respublikası ilə Papalıq və Burqundiya hersoqluğu arasında da ittifaq bağlandı.

Venesiya respublikası 1463-cü ildə Osmanlı dövlətinə qarşı mübarizə aparan Albaniya xalq azadlıq hərəkatının başçısı İskəndər bəylə (Skanderberq) də əlaqələri genişləndirdi. İki tərəf arasında bağlanmış müqaviləyə görə, respublika ona pul və siahla yardım göstərməli, Venesiya donanması Albaniya sahilərində Türkiyəyə qarşı hərbi əməliyyat aparmalı idi.

Andrsa Kornaro Qaramana göndərildi. O, Qaraman əmirini Türkiyəyə qarşı müharibəyə təhrik etməli, ilk yardım olaraq 6 iri hərbi gəmisi (qaler) göndəriləcəyini bildirməli idi. Həm Venesiya donanmasının köməyi ilə tutulacaq Türkiyə ərazisi Qaraman bəyinə vəd olunurdu, müqabilində Hakimi Venesiyanın razılığı olmadan Osmanlı dövləti ilə heç bir saziş bağlamamalı idi. Bu zaman Osmanlı təcavüzü ərəfəsində olan Qaraman bəyi Venesiya hökumətinin təklifini qəbul etdi. 1464-cü ildə, Qaraman hakimi İbrahim bəyin ölümü ilə əlaqədar olaraq, Venesiya hökuməti yenə də həmin Andrea Kornaronu 400 dukatlıq qiymətli hədiyyələrlə 1463-cü il müqaviləsini yenilətmək üçün Qaraman sarayına – Konyaya yola saldı.

Venesiya senatının 1463-cü il 2 dekabr tarixli qərarına əsasən, Türkiyəyə qarşı danışıqlar aparmaq üçün Nikolay Kanal Fransaya, Marko Don isə Burqundiyaya yola salındı. Venesiya hökuməti 1464-cü il dekabrın 4-də Türkiyəyə qarşı Kiprlə də ittifaq bağlamağı qərara aldı. Marko Kornaro senatın qərarını icra etmək üçün Kiprə göndərildi. Kipr rəsmi olaraq Türkiyəyə qarşı mübarizə aparan dövlətlət sırasına daxil oldu. 1468-ci ildə Kipr kralı II Yakovun venesiyalı Katerino Kornaroya evlənməsi ilə Venesiya respublikası Kiprdə daha da möhkəmləndi.

Avropa və Asiya dövlətlərinin vahid antitürkiyə blokunun yaradılmasında Ağqoyunlu dövləti fəal iştirak edirdi. Ağqoyunlular Qərb ölkələri ilə hələ Azərbaycanda hakiliyyətə gəlməzdən çox əvvəl əlaqə yaratmışdılar. Buna görə də Ağqoyunlu-Türkiyə münasibətləri kimi Ağqoyunlu-Avropa əlaqələri tarixində də iki dövr aydın nəzərə çarpır. Birinci dövr, daha doğrusu ilk diplomatik əlaqələr dövrü ağqoyunluların hələ Azərbaycanda hakimiyyətə gəlməzdən əvvəlqərb dövlətləri ilə saxladıqları diplomatik əlaqələri əhatə edir. İkinci dövrə – Avropa ölkələri ilə geniş diplomatik əlaqələr dövründə isə Uzun Həsənin qaraqoyunlu Cahan şah (1467) və teymuri Əbu Səid (1468) üzərində qələbələrindən sonra Qərblə saxlanılan əlaqələr daxildir. Bu dövrlərin hər birində əlaqə saxlayan tərəflərin hərəsinin öz mənafeyi, öz siyasi xətti vardı.

Avropa ölkələri ilə ilk diplomatik əlaqələr dövrü. Ağqoyunluların xristian ölkələri ilə münasibətləri Trabzon-yunan dövlətləri ilə əlaqələrdən başlanır. Trabzon imperatorları özləri osmanlılara qarşı Qərb ölkələri ilə geniş əlaqə saxladıqları kimi sülalə qohumları olan ağqoyunluların da Avropa ölkələri ilə əlaqələrindən vasitəçilik edirdilər. Trabzon sarayı vasitəsi ilə ağqoyunlularla Qərb ölkələri arasında qohumluq münasibətləri də yaranmışdı.

Konstantinopolun fəthindən sonra, Trabzonun Qərb ölkələri ilə əlaqələri genişləndikdə Ağqoyunlu dövləti də bu münasibətlə cəlb olundu. Bu zaman Türkiyəyə qarşı Avropada qızğın səlib yürüşü təbliğatı aparan Roma papaları III Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) osmanlıların arxasında – Kiçik Asiyada olan türk-islam dövlətlərini də sultana qarşı qaldırmağa çalışır, bunun üçün, birinci növbədə, ağqoyunlularla danışıqlar aparırdılar. Roma papası bu zaman öz elçisi bolonyalı Lüdoviqi Trabzona göndərərək Osmanlı dövlətinin arxasında, Uzun Həsənin başçılığı altında bir antitürk koalisiya yaratmağa çalışırdı.

II Mehmedin Konstantinopolu almasından sonra Avropa ölkələri ilə ticarət münasibətləri məhdudlaşmış gürcü knyazları Ağqoyunlu-Papa-Trabzon ittifaqına qoşuldular.

Trabzon və Ağqoyunlu dövləti ilə Qaraman bəyliyi arasında da müttəfiqlik münasibətləri vardı.Beləliklə, Trabzondan sonra gürcü knyazları, ağqoyunlu Uzun Həsən, qaramanlı İbrahim bəy və İsfəndiyaroğlu İsmayıl bəylə danışıqlar aparan papa elçisi bolonyalı Lüdoviq 1460-cı ildə “Şərq ölkələrini təmsil edən” bir elçi heyətinin başında Romaya yola düşdü. Lakin çox çəkmədən papa II Piyin acizliyini görən Şərq elçiləri Romanı tərk etdilər. II Mehmed isə öz düşmənlərinə qarşı qətiyyətli hərəkət etdi: 1461-ci il oktyabrın 26-da Türkiyəyə qarşı Asiya və Avropa dövlətləri arasındakı diplomatiq əlaqələrdə vasitəçilik edən Trabzon yunan imperiyasının varlığına son qoydu.

Trabzonun Türkiyənin əlinə keçməsi ilə Qara dənizə yeganə çıxış yolundan məhrum olan, həmçinin əski müttəfiqini və Avropa ölkələri ilə əlaqə saxladığı çox əlverişli strateji məntəqəni itirən Ağqoyunlu dövləti Qərb ölkələri ilə, o cümlədən, Roma papaları, Kipr krallığı, Rodos səlibçi dövləti və başqa ölkələrlə əlaqələrini daha da genişləndirdi.

Ağqoyunlu dövləti ilə osmanlıların qərbdəki əsas rəqibi olan Venesiya respublikası arasında daha geniş diplomatik əlaqələr vardı. Bu əlaqələr 16 ilə qədər davam edən Venesiya-Türkiyə müharibəsinin (1463-1479) naşlaması ilə daha müntəzəm xarakter aldı.

1463-cü il dekabrın 2-də Venesiya senatında ağqoyunluları antitürkiyə koalisiyasına cəlb etmək haqqında xüsusi məsələ müzakirə olundu. Senat Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlamağı qərara aldı. Həmin qərara əsasən, Venesiya diplomatı Lazaro Kvirino ağqoyunlularla müqavilə bağlamaq üçün Uzun Həsənin sarayına yola salındı. Bu zaman qaraqoyunlu Cahan şaha qarşı mübarizəni başa çatdırmaq üçün onun müttəfiqi Sultan II Mehmedin başını daim Qərb dövlətləri ilə müharibəyə qarışdırmaq siyasəti yeridən Uzun Həsən, hələ Lazaro Kvirino ağqoyunlu sarayına çatmamış, öz elçilərini İtaliyaya göndərdi. 1464-cü il martın 13-də dörd nəfərdən ibarət Ağqoyunlu səfirliyi Venesiyaya gəldi. Ağqoyunlu dövləti ilə Venesiya arasında Türkiyəyə qarşı ittifaq bağlandı. Əldə olunmuş razılığa əsasən, 1465-ci ilin yazında Venesiya donanması dənizdən, 60 min nəfərlik Uzun Həsən süvariləri isə qurudan İstanbul istiqamətində hücuma keçməli, tərəflər bir-biri ilə razılaşdırmadan Türkiyə ilə sülh bağlamamalı idilər.

Ağqoyunlu elçilərinin vətənə qayıtması münasibəti ilə – 1464-cü il sentyabrın 26-da Venesiya senatının xüsusi yığıncağı oldu. Senat Ağqoyunlu-Venesiya müqaviləsini təsdiq etdi; Uzun Həsənə “məhəbbət nişanısi” olara göndəriləcək hədiyyələr və ağqoyunlu diplomatlarına veriləcək bəxşişlər üçün xəzinədən vəsait ayırdı. Uzun Həsən elçilərinin Suriyaya çatması üçün lazım olan bütün xərcləri Venesiya respublikası öz üzərinə götürdü. Sehətin həmin yığıncağında Venesiya hökumətinin Ağqoyunlu hökmdarına yazdığı məktub da müzakirə olundu. Bu məktubdan aydın olur ki, osmanlılara qarşı müharibədə Venesiya ilə birlikdə Papalıq, Burqundiya hersoqluğu və Macarıstan da ağqoyunlularla vahid cəbhədə çıxış edəcəklər. Venesiya Uzun Həsənin fəth edəcəyibütün osmanlı torpaqlarını ona vəd edir, lakin Kiçik Asiyanın Aralıq dənizi sahili boyunca ərazini, xüsusi ilə buradakı liman şəhərlərini özünə götürürdü ki, bu da antitürkiyə siyasəti yeridən dövlətlərin özlərinin də qəsbkarlıq planları olduğunu aydın göstərir.

Danışıqları müvəffəqiyyətlə başa çatdıran ağqoyunlu diplomatları vətənə qayıtmaq üçün Venesiyadan gəmilərlə Beyruta yola düşdülər. Rolos adasında admiral Pyetro Moçeniqo Venesiyanın Aralıq dənizindəki Hərbi-dəniz qüvvələrini ağqoyunlu diplomatlarına nümayiş etdirdi və bildirdi ki, qarşıdakı müharibədə həmin donanma Uzun Həsənin sərəncamına əsasən hərəkət edəcəkdir.

1465-ci ildə Venesiyaya Həsən Əzən adlı daha bir ağqoyunlu diplomatı gəldi. O, Uzun Həsən və arvadı Dəspinə xatunun – Teodoranın məktublarını Venesiya hökumətinə təqdim etdi. Bu məktublarda Ağqoyunlu dövlətinin tezliklə osmanlılara qarşı müharibəyə qalxacağı bildirilir və Venesiya respublikasına təklif olunurdu ki, özü ilə birlikdə başqa xristian dövlətlərini də Türkiyə əleyhinə qaldırsın.

Venesiya hökuməti 1466-cı il 27 fevral tarili cavab məktubunda öz müttəfiqini qərbdə osmanlılara qarşı hərbi əməliyyatların gedişi ilə tanış edir və Ağqoyunlu hökmdarından xahiş edirdi ki, Kiçik Asiya hakimlərini də antitürkiyə blokuna cəlb etsin. Müttəfiqlər, yəni Ağqoyunlu dövləti ilə Venesiya respublikası hər iki cəbhədə – Avropa və Asiya cəbhələrində hərbi əməliyyatların gedişi barədə Venesiyanın Hələbdəki konsulu vasitəsi ilə əlaqə saxlamalı idilər.

Venesiya hökuməti müvafiq dəyişikliklər etməklə Uzun Həsənin arvadı Dəspinə xatuna – Teodoraya da eyni məzmunda məktub göndərdi.

Ağqoyunlu dövləti Qərb ölkələri ilə əlaqələri genişləndirməkdə idi. XV əsrin 50-60-cı illərində Uzun Həsən Trabzon yunan dövləti, Papalıq və Venesiya respublikası ilə, həmçinin, Kipr, Podos, Macarıstan, Albaniya və b. dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. Nəticədə, XV əsrin 60-cı illərində Osmanlı imperiyasına qarşı müxtəlif Asiya və Avropa dövlətlərindən ibarət bir hərbi-siyasi ittifaq yarandı. Ağqoyunlu dövləti və Venesiya respublikasının başçılıq etdikləri bu ittifaqa Şərqdə – Qaraman bəyliyi, Trabzon yunan dövləti, habelə Osmanlı təcavüzündən ehtiyat edən bəzi xırda Kiçik Asiya bəylikləri, Qərbdə – Papalıq, Macarıstan, Burqundiya hersiqluğu, Albaniya, Kipr krallığı, Rodos daxil idi.

Bundan əlavə, İtaliya dövlətləri də öz aralarında “türk təhlükəsi”nə qarşı, formal da olsa, ittifaq bağlamışdılar.

Lakin hadisələrin sonrakı gedişi göstərirdi ki, bütün bu dövlətlər Osmanlı imperiyasına qarşı vahid cəbhədə çıxış etmədilər. Çünki antitürkiyə blokunun qərbdəki üzvləri arasında darin ixtilaflar vardı. Hətta, Türkiyə ilə müharibə vəziyyətində olmasına baxmayaraq, özünün İtaliyadakı rəqiblərindən ehtiyat edən Venesiya respublikasının özü belə, osmanlılara qarşı tam qüvvəsi ilə çıxış etmirdi. Venesiya respublikası öz düşmənini, əsasən ağqoyunluların əli ilə məğlub etmək siyasəti yeridirdi.

Qərb dövlətləri ilə əldə olunmuş razılığa baxmayaraq, Qoyluhisar toqquşmaları və Uzun Həsənin 1464-cü il Qaraman səfəri istisna edilməklə,XV əsrin 60-cı illərində Ağqoyunlu dövləti ilə Osmanlı imperiyasına qarşı hərbi əməliyyata başlamadı. XV əsrin 50-60-cı illəri paytaxtı Diyarbəkir olan kiçik Ağqoyunlu dövlətinin beynəlxalq vəziyyətinin ən böhranlı dövrü idi. Bu zaman Ağqoyunlu dövləti üçün şərqdən teymurilərlə ittifaqda olan Qaraqoyunlu dövləti, qərbdən isə bütün Kiçik Asiyanı öz hakimiyyəti altına salmağa çalışan Osmanlı imperiyası təhlükə törədirdi. Görkəmli sərkərdə və diplamat olan Uzun Həsən Yaxın və Orta Şərqin ağqoyunlulara qarşı düşmən cəbhədə birləşmiş bu üç böyük dövlətinə qarşı düzgün xarici siyasət xətti müəyyən etdi: XV əsrin 50-60-cı illərində bütün diqqəti qaraqoyunlu Cahanşaha və onun müttəfiqi olan teymuri Əbu Səidə qarşı yönəltdi. Bu çətin mübarizədə o, arxadan – qərbdən təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətləri ilə, xüsusən bu zaman Türkiyə ilə müharibə vəziyyətində olan Venesiya ilə geniş əlaqə saxlayır, diplomatik və hərbi xarakterli vədlərlə Qərb dövlətlərini Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edir, bununla da II Mehmedin başını daim Avropada qarışdırmağa çalışırdı. Hələlik Ağqoyunlu dövlətinin xarici siyasətində əsas məsələ qaraqoyunlulara və teymurilərə qarşı mübarizədə idi. Osmanlı imperiyasını məğlub etmək Ağqoyunlu dövlətinin xarici siyasətinin baş məsələsinə çevrilməmişdi.

XV əsrin 60-cı illərinin sonuna yaxın həm Qərbdə. Həm də Şərqdə Osmanlı imperiyasına qarşı beynəlxalq münasibətlərdə əsaslı dəyişiklik əmələ gəldi. Türkiyə Venesiya ilə müharibədə (1463-1479) üstünlüyü qəti olaraq ələ keçirdi. 1470-ci il iylun 12-də II Mehmed Yunanıstanın şərqində Venesiyaya məxsus mühüm hərbi-strateji məntəqə olan iri Evbeya adasını fəth etdi. Bununla Venesiya Egey hövzəsindən də sıxışdırıldı. Türkiyə ilə müharibənin 1470-ci ilədək olan dövrü Venesiyaya 1.200.000 dukata başa gəlmişdi. Venesiya, artıq osmanlılara qarşı müharibəni təkbaşına davam etdirməyə qadir deyildi. Odur ki, respublika bir tərəfdən Türkiyə ilə sülh danışıqlarına başladı, digər tərəfdən isə osmanlılara qarşı Avropa və Asiya ölkələri ilə diplomatik əlaqələrini genişləndirdi. Bu zaman osmanlı imperiyasının hərbi-siyasi təzyiqini, artıq, daha yaxından hiss edən qərb dövlətləri Türkiyə əleyhinə danışıqlarla əvvəlkinə nisbətən daha fəal iştirak etməyə başladılar. Nəticəd, 1470-ci ildə İtaliya dövlətləri arasında hələ 1454-cü ildə başlanılmış Lodi müqaviləsi bərqərar olundu. 1471-vi ildə Neapol krallığı ilə Venesiya arasında Türkiyəyə qarşı ittifaq bağlandı. 1472-ci il iyunun 18-də Burqunduya hersoqu igid Karl da bu ittifaqa qoşuldu. Həmin ildə Rodosla Venesiya arasında da müqavilə imzalandı. Elə bu zaman II Mehmedə qarşı Papalıq, Venesiya və Neapol krallığından ibarət ayrıca bir hərbi ittifaq da meydana gəldi.

Beləliklə, Osmanlı imperiyasının sürətlə Qərbə doğru irəliləməsi XV əsrin 70-ci illərinə doğru qərb dövlətlərinin ümumi təhlükəyə qarşı yenidən qruplaşmasına səbəb oldu. Avropada antitürkiyə koalisiyasına qoşulan dövlətlərin sayı artmaqda idi.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, XV əsrin II yarısında müxtəlif Asiya və Avropa dövlətlərinin antitürk koalisiyada birləşməsinə dair elmi ədəbiyyatda bir sıra fikirlər mövcuddur. Məsələn, görkəmli şərqşünas İ.P.Petruşevski XV əsrin 70-ci illərində Roma papası IV Sikst (1471-1484) tərəfindən osmanlılara qarşı Venesiya, Papalıq, Neapol, Macarıstan, Ağqoyunlu dövləti, Kipr və Qaramandan ibarət qüvvətli liqa yaradıldığını qeyd edir. Professor C.İbrahimov isə, əksinə, osmanlılara qarşı ittifaq yaratmaq planının, ümumiyyətlə, baş tutmadığını yazır. O, bu fikri əsaslandırmaq üçün “türk təhlükəsi”nə qarşı mübarizə aparan dövlətlər arasında kəskin ziddiyyətlər olduğunu göstərir., lakin təəssüf ki, bu ziddiyyətləri konkretləşdirmir.

Əlbəttə, XV əsrin II yarısında Osmanlı imperiyasına qarşı Asiya və Avropa dövlətlərinin vahid hərbi-siyasi koalisiyasının yaranması tarixi faktdır. Özü də bu fakt konkret sənədlərlə sübut olunur. Yuxarıda bu məsələdən geniş bəhs etdiyimizdən biz bir daha həmin məsələ üzərinə qayıtmağa ehtiyac duymuruq. Lakin, antitürkiyə koalisiyası, İ.P.Petruşevskinin israrının əksinə olaraq, “qüvvətli liqa”da deyildi. Bunu hə şeydən əvvəl, hadisələrin sonrakı gedişi, daha doğrusu, real tarix sübut edit. Çünkü, Ağqoyunlu dövləti əldə olunmuş razılığa əsasən, 1472-ci ildə Türkiyəyə qarşı müharibəyə qalxdıqda onun qərbdəki müttəfiqləri, hətta osmanlılarla müharibə vəziyyətində olan Venesiya respublikasının özü belə, Uzun Həsən qoşunları ilə eyni zamanda hərbi əməliyyata başlamadılar. Bunun başlıca səbəbi antitürkiyə blokunun qərbdəki üzvləri arasında olan dərin mənafe ziddiyyətləri idi.

Bəzi faktlara müraciət edək. Əvvəla, Osmanlı imperiyasının real təhlükə törətdiyi İtaliya haqqında. Bəhs etdiyimiz dövrdə İtaliya vahid, mərkəzləşmiş dövlət halında birləşməmişdi. Dərin siyasi pərakəndəlik dövrü keçirirdi. İnkişaf etmiş İtaliya şəhər-respublikalarının iqtisadiyyatı daxili bazara deyil, xarici ticarətə, xüsusən, Şərq ticarətinə əsaslanırdı.Şərq bazarları üstündə rəqabət isə İtaliyada daxili münasibətlərə də fəal təsir göstərir, pərakəndəliyi daha da dərinləşdirir, hətta, ayrı-ayrı İtaliya dövlətləri arasında müharibələrə gətirib çıxarırdı. Bu baxımdan Venesiya, Genuya, Florensiya və Piza şəhər-dövlətləri arasında kəskin ziddiyyətlər vardı. Venesiya respublikası özünün yuxarıda göstərilən ticarət rəqiblərini şərq ticarətindən sıxışdırdığı üçün onlar Osmanlı imperiyasının Venesiya üçün törətdiyi təhlükəni sevinclə qarşılayırdılar. Genuya, Florensiya və b.şəhər-dövlətlər yaranmış vəziyyətdən istifadə edib Venesiyanı Şərq ticarətindən sıxışdırmağa və özlərinin keçmiş üstünlüklərini bərpa etməyə çalışırdılar. Məsələn, Genuya özünün Şərq ticarətində əsas rəqibi olan Venesiyanı zəiflətmək üçün hələ Konstantinopolun alınmasında II Mehmedə yaxından kömək etmiş, osmanlı sultanı isə elə şəhəri fəth etdiyi gündəcə – 1453-cü il mayın 29-da Genuya hökumətinə bildirmişdi ki, genuyalıların sərbəst ticarəti və əmlaklarının toxunulmazlığı təmin olunacaqdır. 1460-cı ildə Florensiya və Piza da Türkiyə ilə müqavilə bağlayaraq bu ölkənin ərazisində bir sıra ticarət imtiyazları, həmçinin İstanbulda konsul saxlamaq hüququ əldə etdilər. 1461-ci ildə Venesiya-Türkiyə mühasibətləri kəskinləşdikdə İstanbuldakı Florensiya konsulu bundan istifadə etdi; venesiyalılar şəhərdən qovuldular, onlar məxsus ticarət məhəlləsində Florensiya tacirləri yerləşdirildi. 1463-cü ildə osmanlıların Bosniyanı fəth etməsi nəticəsində Venesiyanın Adriatik sahilindəki mülkləri işğal olunmaq təhlükəsi qarşısında qaldığı üçün Florensiya bu hadisəni sevinclə qarşıladı. Florensiya və Genuya 1463-1479-cu illər Venesiya-Türkiyə mühasibəsində Venesiyanın məğlubiyyətinə nail olmaq üçün Osmanlı dövləti ilə fəal əməkdaşlıq edirdilər. Venesiyanın Çimali İtaliyada genişlənməsindən narazı qalmış Milan hersiqluğu da 1463-1479-cu illər Venesiya-Türkiyə mühasibəsindən istifadə edərək Venesiyanı Şimali İtaliyadan tamamilə sıxışdırıb çıxarmağa çalışırdı. Osmanlı imperiyasına qarşı eyni ittifaqa daxil olmalarına baxmayaraq, Venesiya ilə Neapol krallığı arasındakı münasibətlər də gərgin idi. Bu iki dövlət Aralıq dənizi hövzəsi və Balkan yarımadasında, xüsusilə, Albaniyada möhkəmlənmək üstündə rəqabət aparırdılar.

Antitürkiyə blokunun Avropadakı üzvlərindən biri, özü də II Mehmedin hərbi müvəffəqiyyətləri yolunda ən ciddi maniələrindən biri olan Macarıstan krallığına gəldikdə, bu dövlət Matyaş Hunyadinin (1458-1490) zamanında, xüsusi ilə fəallaşmışdı. Matyaş Nunyadi Sultan II Mehmedin Serbiya və Bosniya torpaqlarını işğal etməsindən narazı idi. O, həmin əraziləri özü zəbt edib Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışırdı. Bu isə Neapol krallığı və Venesiyanın müvafiq siyasətinə zidd idi.

Öz növbəsində Roma papaları da katolikliyi yaymaq pərdəsi altında, Balkan yarımadasında möhkəmlənməyə çalışırdılar. Bu baxımdan Papalıqla Venesiya, Neapol və Macarıstan arasında da mənafe ziddiyyətləri vardı.

Osmanlı imperiyasının hərbi müvəffəqiyyətləri Polşanı da təşvişə salmışdı. 1475-ci ildə Krım xanlığının osmanlılardan asılı dövlətə çevrilməsi və Türkiyənin Qara dənizdə möhkəmlənməsi nəticəsində Polşanın Qara dəniz vasitəsi ilə şərq ölkələri ilə ticarət əlaqələrinə ağır zərbə dəydi. Buna görə də Polşa Türkiyə əleyhinə danışıqlarda iştirak etsə də, Osmanlı imperiyası kimi qüdrətli dövlətlə üz-üzə gəlməkdənsə, Baltik ticarətini genişləndirməyi, Ukrayna və Belarusiya torpaqları hesabına Şərqə doğru genişlənməyi daha üstün tutdu.

Roma papaları Almaniyanı da Türkiyəyə qarşı “səlib müharibəsi”nə qaldırmağa cəhd göstərdilər. Lakin bu zaman bir-birinin ərazisi hesabına genişlənmək üstündə knyazların didişdiyi Almaniyada imperator hakimiyyəti zəifləmişdi.

Mənbələrdə XV əsrin II yarısında Burqundiya hrsoqluğunun da osmanlılara qarşı müxtəlif dövrlərdə, o cümlədən, ağqoyunlularla danışıqlar aparması haqqında məlumat vardır.

Comments are closed, but trackbacks and pingbacks are open.