Hacı Səlim Axundzadə
Bakı limanından birbaşa Məhəmməd Əminin naşiri və redaktoru olduğu «Açıq söz» qəzetinin redaksiyasına gəldi. «Müsavat» sədri qonağını gözlənilən səfər barədə məlumatlandırandan sonra, dincini almasından ötrü «Müsavat» Xeyriyyə Cəmiyyətinin mehmanxanasına yerləşdirdi. Axşam dəmiryol vağzalında görüşdülər. Yol yoldaşları – gələcək həmkarları: Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrindən bir qismi – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Məhəmmədhəsən bəy Hacınski və başqaları Tiflis qatarının yanına toplaşmışdılar.
Axundzadə
On ikinci imza
Mayın 28-də Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri də Hacı Mirzə Səlim Axundzadədir
1918-ci il fevralın 8-də Bakıdan Lənkərana bir teleqram gəldi: «Müsavat» partiyasının yerli təşkilatına sanballı bir nümayəndəsini mərkəzə göndərmək tapşırılırdı. O, artıq sabah səhər tezdən Bakıda olmalı idi ki, axşam – yeni yaradılan Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərindən biri kimi – Tiflisə yola düşsün.
Firqədaşları bu tarixi missiyaya Hacı Mirzə Səlim axund Axundzadəni layiq bildilər.
Lənkərandan Bakıya paraxodla on iki saatlıq yol idi, odur ki, düz-əməlli səfər tədarükü görməyə macal olmadı. Axund evinə baş çəkib, özünü şəhər limanına çatdıranda gəmi artıq lövbərini yığışdırırdı.
Paraxod Lənkərandan uzaqlaşıb Bakıya yaxınlaşdıqca sanki onu indiyə qədərki həyatının müəyyənliyindən qoparıb məchul bir gələcəyə aparırdı…
Beləcə, bir teleqraf lentindəki üç-beş cümlə Hacı Mirzə Səlim axundun bütün həyat nizamını pozdu.
O, bu hadisədən 14 il sonra öz xatirələrində yazacaqdı: «Badkubədən izhar etmişdilər ki, bu məclisin müddəti-əmri bir həftə və yainki 15 gün olacaqdır. Amma mən yoldaşlarıma dedim ki, mənim zənnimcə, bu müsafirət 7-8 ay çəksin. Necə ki, 2 iləcən çəkdi. Mən cəmi cəhətdən avara oldum».
Müəllif bu sözlərində səmimidir. Nümunəvi ailə başçısı, el-obasına bağlı adam, müəllim və ruhani olan Hacı Mirzə Səlim axunddan ötrü sevdiklərindən uzaq düşdüyü iki il az müddət deyildi.
Amma ömrünün bu dövrünə «cəmi cəhətdən avara olmaq» kimi qiymət verməsini onun təvazökarlığına da yozmaq olar.
Axı bu iki təqvim ilində iki əsrə bəs edəcək hadisələr baş vermişdi və onların burulğanına düşən milyonlardan fərqli olaraq, Axundzadə bu tarixi prosesin fəal iştirakçılarından, ölkənin və regionun taleyinə özünəməxsus təsir göstərən insanlardan idi.
Onu bu imtiyazın və məsuliyyətin sahibi edən səbəblər vardı.
Səlim Axundzadə 1872-ci ildə Lənkəranda, Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açmışdı. Qasir dövrünün qabaqcıl ziyalısı, şair və maarif xadimi idi: Lənkəran ədəbi məclisini – «Fövcül-füsəhanı» o yaratmış, ilk müasir tipli, «Üsuli-cədid» məktəbini o açmışdı; XIX-XX əsrlərin qovuşuğundakı Lənkəran mədəni və ictimai mühitini onsuz təsəvvür etmək mümkünsüzdür. Qasir – böyük Seyid Əzim Şirvaninin qələm və əqidə yoldaşı, ümumazərbaycan miqyaslı ziyalı idi.
Səlim atasının həm genetik, həm mənəvi varisi idi – bu, hər oğula nəsib olmur. O, öncə «Üsuli-cədid» məktəbini, sonra Lənkəran şəhər gimnaziyasını bitirərək həm Şərq, həm Avropa qaydasınca təhsil aldı.
Bir müddət yerli məhkəmə və polis idarələrində, habelə mülkədar Əsgər xan Talışinskinin evində katib işlədikdən sonra Səlim ruhani təhsilini davam etdirməkçün Lənkəran mədrəsəsində ərəbcəsini təkmilləşdirib İrana getdi; 8 il ərzində Ərdəbil və Zəncan mədrəsələrində dini biliklərini artırdı; İraqın Nəcəf şəhərində böyük üləmalardan dərs aldı; müqəddəs Kəbəni ziyarət etdi. Bununla belə, onun maraq dairəsi İslam Şərqinin zəngin dini və elmi-mədəni irsi ilə məhdudlaşmırdı və Səlim Axundzadə Avropa dəyərlərinə bələd olmaqdan ötrü Türkiyəyə səfər etmiş, orada fransızcanı öyrənmiş, sonra bir çox Qərb ölkələrini gəzmişdi.
Təhsilində və dünyagörüşündəki bu ikilik onu ömrü boyu müşaiyət edəcək, onun fəaliyyətində özünü büruzə verəcəkdi. Hacı Mirzə Səlim axund, bir tərəfdən, mühafizəkar azərbaycanlı kişisi, imanında möhkəm din xadimi və təpədən-dırnağa milli bir adam olaraq qalacaq, digər yandan, qabaqcıl Avropa elmi-mədəni və ictimai-siyasi fikrinin nailiyyətlərini təqdir və təbliğ edəcəkdi.
Yaxın Şərqə və Avropaya ilk səfəri Axundzadəyə böyük təsir göstərdi: oxuyub-öyrəndikləri və müşahidə etdikləri onu müsəlmanların, o cümlədən Azərbaycan xalqının hazırkı durumu barədə düşünməyə sövq edirdi. Lənkəran məscidlərindən birinin axundu olaraq çalışan Mirzə Səlim öz moizələrində mövhumat və cəhaləti ən böyük ictimai bəla kimi tənqid edərək, azad fikirli çıxışlarıyla xalqın rəğbət və etimadını qazanmışdı. Hacı Mirzə Səlim axundun xalq kütlələri, ziyalılar və gənclər arasında artan nüfuzu çar hökumətinin yerli nümayəndələrini təşvişə salırdı. Və Lənkəranın əksər mollaları cavan axunda münasibətdə rus şovinisti və xristian təəssübkeşi olan çar məmurları və kilsə xadimləri ilə eyni cəbhədən çıxış edirdilər: həmkarları Hacı Mirzə Səlimin xalqı qəflətdən oyadıb hər sahədə tərəqqiyə səsləyən moizələrinə qısqanclıqla yanaşırdılar. Bütün bu təzyiqlər Axundzadəni məsciddən uzaqlaşmağa vadar etdi: 1911-ci ildə onu şəhər gimnaziyasına şəriət və rus-fransız dilləri müəllimi götürdülər. Hacı Mirzə Səlim burada da tələbələrinə uca İslam dininin əsaslarını tədris edirdi.
Axundzadə mahiyyətcə narahat, fəal adam idi, daha çox öyrənməyə can atırdı və deyəsən, «çox oxuyan çox bilməz – çox gözən çox bilər» qənaətinə inandığından idi ki, 1916-cı ildə yenidən Yaxın Şərq ölkələrinə səyahətə çıxdı. Bəlkə də, bu səfər Lənkəranın birləşmiş qaragüruh qüvvələrinin təqiblərindən müvəqqəti də olsa uzaqlaşmaq üçün düşünülmüşdü, ola bilər, başqa – bizə məlum olmayan səbəblər vardı. Hər halda Hacı Mirzə Səlim yola çıxmaq üçün çox namünasib vaxt seçmişdi: 1-ci Dünya müharibəsinin ən qızğın çağı idi və rus-türk cəbhə xətti lap yaxınlıqdan keçirdi.
Axundzadə Yaxın Şərqi – İranı, İraqı, Türkiyəni gəzib qayıdanda Vətəndəki ab-hava, ictimai-siyasi vəziyyət tamam dəyişmişdi: o, çar Rusiyasından imperiya təəbəsi kimi səfərə çıxmışdısa, səyahətini başa vurub müvəqqəti hökumətin Rusiyasına respublika vətəndaşı kimi dönmüşdü. Əslində Vətəndə nə hakimiyyətdən, nə üsul-idarədən əsər-əlamət vardı, xaos və dərəbəylik hökm sürürdü. Yerlərdə düz-əməlli sabitlik yaratmaq, ictimai asayişi bərpa etmək bölgələrdəki elitanın – zadəganların, ziyalıların, ruhanilərin, el ağsaqqalarının üzərinə düşürdü. 1917-ci ildə, fevral inqilabından az sonra Lənkərana qayıdan Hacı Mirzə Səlim axund – tərəddüd etmədən – çiynini bu məsuliyyətin altına verənlərin sırasına qoşuldu.
Bu qarmaqarışıq zamanda onun kimi sabit əqidəli insana böyük ehtiyac vardı.
1917-ci ilin sonunda onu yeni yaradılan, bölgədə yeganə hakimiyyət orqanı olan Lənkəran qəza kommissarlıq nümayəndəliyinin və İctimai Təşkilatların İcraiyyə Komitəsinin tərkibinə daxil etdilər. Həmçinin humanitar və maarifçi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan «Ümid» Xeyriyyə Cəmiyyətinin üzvləri arasında keçirilən gizli səsvermə nəticəsində Hacı Mirzə Səlim axund cəmiyyətin sədri seçildi.
Səlim Axundzadə ümummilli partiya olan «Müsavat»ın sədri Məhəmməd Əmin Rəsulzadə ilə Lənkəranda tanış olmuşdu: o bura mühüm hadisələr ərəfəsində lənkəranlıların ictimai-siyasi təşkilatlanmasına yardım etmək məqsədi ilə gəlmişdi. Onlar yenidən Bakıda, Müsəlman Milli Şurasının iclasında görüşdülər. Hacı Mirzə Səlim axund burada digər müsavatçılarla da ünsiyyət qurdu və sonda öz seçimini etdi: məramnaməsindəki ideya və prinsipləri tanış və doğma bildiyi üçün bu firqəyə üzv yazıldı, «Müsavat»ın Lənkəran şöbəsinin yaradıcılarından və rəhbərlərindən biri oldu.
O öz «Xatirat»ında belə yazır: «Badkubənin üç gün yığıncağı tamam olandan sonra mən… «Müsavat»ın ləvazimati-dəfatir və möhür və qeyri əşyalarını götürüb, Lənkərana övdət elədim. Bir gözəl intellegentni təşkilat dürüst elədim… Badkubədə «Müsavat»ın şöhrəti və zahir-qüvvəti olduğu üçün Lənkəranda günü-gündən «Müsavat»ın qüvvəti və qüdrəti artıb, yüksək mərtəbəyə yetişdi».
1917-ci il noyabrın 26-da Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə «Müsavat»ın Lənkəran qəzası üzrə ən çox səs toplamasının bir səbəbi partiyanın Azərbaycan xalqının tarixi perspektivləri barədə aydın və sabit mövqeyə malik olması idisə, digər səbəbi Hacı Mirzə Səlim axund və onun silahdaşlarının yerli xalq kütlələrinin dəstəyini qazanan ictimai-siyasi fəaliyyətləri idi.
Və 1918-ci ilin 8 fevralında, Lənkəran qəzasını Zaqafqaziya Seymində təmsil eləmək məsələsi ortaya çıxanda bu haqqın Axundzadəyə verilməsi təəccüblü deyildi …
Lənkəran – Bakı marşrutuyla üzən paraxodda Hacı Mirzə Səlim axund fevralın 8-dən 9-na keçən gecəni birtəhər keçirib, səhəri dirigözlü açdı: gələcək barədə şübhə-gümanlar onu yatmağa qoymamışdı.
Bakı limanından birbaşa Məhəmməd Əminin naşiri və redaktoru olduğu «Açıq söz» qəzetinin redaksiyasına gəldi. «Müsavat» sədri qonağını gözlənilən səfər barədə məlumatlandırandan sonra, dincini almasından ötrü «Müsavat» Xeyriyyə Cəmiyyətinin mehmanxanasına yerləşdirdi. Axşam dəmiryol vağzalında görüşdülər. Yol yoldaşları – gələcək həmkarları: Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrindən bir qismi – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Məhəmmədhəsən bəy Hacınski və başqaları Tiflis qatarının yanına toplaşmışdılar.
Yəqin ki, o günlər Bakı-Tiflis qatarı, bir növ, səyyar siyasi disput klubu imiş bu sərnişinləri ilə: hərəsi bir əqidə, söz, nüfuz yiyəsi, baqajları da tək çamadanlarından yox, ağıllarından, savadlarından, mübarizə təcrübələrindən ibarət…
Axundzadə «Xatirat»ında o səfəri belə yada salacaqdı: «Yolda vaqon ahəstə hərəkət edib, hər bir münasib məqamda vaqon dayanıb, vəkillər cənabları onlar üçün nitq edib, camaatı dürüst və sadiq olub, hər bir məqamatda vətən xüsusunda sabir və sabit-qədəm olmağı tövsiyə edirdilər».
Gəncə vağzalında Nəsib bəy Yusifbəyli başda olmaqla o ətrafın say-seçmələri də onlara qoşuldu.
Tiflisə çatanda narahat bir yolun yorğunu idilər, amma yeni gözləntilər və ümidlərlə dolu idi içləri…
Yeni tarixlə fevralın 23-də Zaqafqaziya Seyminin iclasına qatıldılar.
Seym qaynar bir qazanı xatırladan Cənubi Qafqaz regionuna, necə deyərlər, «bir gün ağlamaq» üçün toplaşmışdı…
1918-ci il aprelin 22-də böyük bir tarixi hadisə baş verdi – Zaqafqaziya Seymi Cənubi Qafqazın Rusiyadan müstəqilliyini elan edərək Zaqafqaziya Federativ Demokratik Respublikasını yaratmaq barədə qərar qəbul etdi.
Qısa bir zamanda möhkəm şəxsiyyəti, işıqlı kimliyi ilə Seymdəki həmkarlarının, o sıradan digər millətlərdən olan deputatların hörmətini qazanan Hacı Mirzə Səlim axunda «Müsavat» rəhbərliyi və Zaqafqaziya hökuməti mayın 1-də çox məsul bir vəzifə tapşırdı: onu və qaxlı əsilzadə və ziyalı İslam bəy Qəbulovu Zaqatala bölgəsinə ezam etdilər. Tiflisdə belə bir narahatlıq vardı ki, milli və dini rəngarəngliyi ilə seçilən dairədə etnik və konfessional zəmində qarşıdurma gözlənilir. Bölgənin müsəlman və xristian əhalisi arasında ədavətin qarşısının alınması məqsədilə Seymin nümayəndələri bütün icma rəhbərləri ilə görüşüb danışmalı, mövcud mübahisəli məsələləri yoluna qoymaqdan ötrü səy göstərməli idilər.
Üç erməni deputat Tiflis vağzalına gedən avtomobili saxlatdırıb nümayəndə heyətinə yaxınlaşdı. Onlardan biri İslam bəyə bir bükülü verdi. Bükülüdə üstünə «La ilahə illəllah, Mühəmmədən rəsulillah» yazılan bayraq vardı: bu, rus-türk cəbhəsində gərgin vuruşmalardan birində rusların qənimət götürdüyü, sonra nə yollasa bir erməni daşnakının əlinə keçən türk hərbi bölməsinin döyüş bayrağı idi. Sən demə, fevral inqilabından sonra rus əsirliyindən azad edilib Zaqatalada məskən salan türk zabit və əsgərləri həmin müqəddəs rəmzin bir tiflisli ermənidə olmasını eşidərək, bunu qeyrətlərinə sığışdırmayıb dairədəki erməni icmasına ultimatum veriblər ki, Tiflis erməniləri döyüş bayrağını onlara göndərməsələr, yerli ermənilərin təhlükəsizliyinə qətiyyən təminat vermirlər. Onsuz da türk hərbçiləri cəbhədəki məğlubiyyətlərinin bir səbəbini də erməni əsilli təəbələrinin Osmanlı səltənətinə xəyanətində görür, üstəlik bu arada erməni-daşnak silahlı birləşmələrinin Qars, Ərdahan, Naxçıvan, Zəngəzur və Qarabağ tərəflərdə türk və azərbaycanlı əhalisinə qarşı qətliam törətdiklərindən xəbər tutub intiqam almağa bəhanə gəzirdilər. Hacı Mirzə Səlim axund və İslam bəy Qəbulovdan ibarət missiya bölgədəki türk hərbi komandirləri, azərbaycanlı, gürcü, erməni və dağlı camaatının ağsaqqalları, islam və xristian din xadimləri, yerli ziyalılarla ardıcıl görüşlər keçirərək səmərəli danışıqlar sayəsində vəziyyəti yüngülləşdirə, gərginliyi aradan qaldıra, xristian əhalisi arasındakı separatçı meyilləri xeyli məhdudlaşdıra bildilər.
Əslində Səlim axund və İslam bəy Zaqatala dairəsini Azərbaycandan ayırmaq məqsədi daşıyan böyük bir təxribatın qarşısını aldılar…
Seym nümayəndələri bölgənin digər ərazilərində – Qax və Şəkidə də müəyyən iş apardıqdan sonra Tiflisə qayıtdılar. Hacı Mirzə Səlim axund və Aslan bəy Tiflisə gələndə federativ respublika gürcü, erməni və azərbaycanlı nümayəndələrin daxili narazılıqları üzündən dərin böhran keçirirdi. Nəticədə Gürcüstan federasiyadan çıxıb öz dövlət müstəqilliyini elan etdi. İki gün sonra ermənilər və azərbaycanlılar eyni addımı atdılar. 1918-ci il mayın 28-də Seymin azərbaycanlı üzvlərindən ibarət Milli Şura Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi.
Bu müqəddəs tarixi sənədin – «Misaği-milli»nin altındakı on ikinci mübarək imza Hacı Mirzə Səlim axund Axundzadənindir.
O, əqidə yoldaşları ilə birlikdə adi kağıza yox, Azərbaycan tarixinə imza atmışdı.
İllər sonra öz xatirələrində o tarixi hadisəni «təsmiyə» – «adqoydu» mərasimi ilə müqayisə edib fəxrlə yazacaqdı: «Bu təsmiyədə iştirak edənlər cümlətən 28 nəfər azərbaycanlı Seym vükəlalarından idi. Və 12-ci vəkil Hacı Mirzə Səlim Axundzadə idi».
Bu an o, ömrünün zirvəsində idi və bu anın xətrinə bir yox, bir neçə ömür yaşamağa dəyərdi! Bir azərbaycanlı üçün onun xalqının istiqlalına qərar verənlərin siyahısında yer almaqdan böyük səadət varmı?!
Dövlət müstəqilliyini elan etmək işin yalnız başlanğıcı idi, o dövləti qurmaq, yaşatmaq və qorumaq lazım idi. Hacı Mirzə Səlim axund yenə də ön cərgədə idi. Bu dəfə o, tarix səhnəsinə özü üçün də, tanıyanları üçün də tamam yeni bir qiyafədə çıxdı: azərbaycanlı qardaşlarının köməyinə yetişən türk qoşunları – Qafqaz İslam Ordusu hissələrindən və yeni yaradılan Azərbaycan ordu bölmələrindən təşkil olunmuş 4 minlik hərbi qüvvənin komanda heyətində Gəncədən Zəngəzura yollandı; erməni daşnaklarına qarşı qızğın və qanlı döyüşlərdə iştirak etdi, bölgənin müsəlman əhalisinin müdafiə olunmasında igidlik və rəşadət göstərdi. Hacı Mirzə Səlim axund ulu peyğəmbərimizin müqəddəs «Vətən sevgisi – imandandır» kəlamını təkcə düşüncəsi və sözləriylə yox, həm də əməliylə doğrultdu.
Hacı Mirzə Səlim axund Bakının boşeviklərdən və müxtəlif əqidəsiz tör-töküntülərdən azad olunub Azərbaycanın doğma ağuşuna qayıtmasıyla nəticələnən türk-Azərbaycan qoşunlarının müzəffər hərbi yürüşünə də qoşuldu.
O, gərəkli fəaliyyətini Azərbaycan Cumhuriyyəti parlamentinin üzvü qismində davam etdirdi.
Tarix parlament iclasının stenoqramında və «Azərbaycan» qəzetinin parlament hesabatında Hacı Mirzə Səlim axundun iki çıxışını saxlayır. Çıxışların hər ikisi Lənkəran hadisələrinə həsr olunub: o zaman rus ordusunun qalıqları və yerli rus-malokan icması cənubda Muğan Müvəqqəti Hərbi Diktaturası yaratmışdılar, mərkəzi həkimiyyəti, Azərbaycan Xalq Cumhuriyyətinin suverenliyini tanımırdılar; əliyalın yerli müsəlman əhalisi bir sürü silahlı avantüristdən olmazın əziyyətlər görürdü.
1919-cu il yanvarın 8-də, parlamentin 7-ci iclasında Hacı Mirzə Səlim axund həyəcan təbili çaldı: «Şəhər xaraba olub… Lənkəran, deməli, ikinci Şirvandır… Xaxollar əvvəl özlərini Muğan respublikası adlandırıb, sonra bilmirəm, hansı tək səbir gəlibsə, Muğan respublikasını məsləhət görməyib, özlərini Rusiya hissəsi sayıb Ufa hökumətinə tabe edirlər. Xaxollar aşkar deyirlər ki, biz Azərbaycan hökumətini bilmək istəmirik və ingilisi də tanımırıq».
Axund bu məsələyə bir də martın 10-da, 21-ci iclasda qayıtdı: «Əl-an 10 məktub almışam ki, Lənkəranda edilən zülmə dəxi əhalinin davamı yoxdur. Üstüörtülü ərz edirəm: bu saat Lənkəranda evlərə girib, hər şey edirlər. İrz-namus əl-ayaq altında gedir… Lənkərana buradan 12 saatlıq yoldur. Əgər istəyirsiniz hər firqədən bir nümayəndə olaraq bir komissiya göndərəsiniz, gedib bu işlərdən yerində tədqiq eləsin. Həqiqətdə irz-namus gedir».
Hacı Mirzə Səlim axundun parlamentdəki nitqləri öz emosionallığı ilə fərqlənir; bu sətirlərin arxasından qeyrətli bir kişinin, vətənpərvər bir azərbaycanlının, təəssübkeş bir lənkəranlının yanar ürəyi döyünür.
Azərbaycan hökumətindən Lənkərandakı hadisələrə müdaxilə etməyi, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün qəti tədbirlər görməyi tələb edən tək Hacı Mirzə Səlim axund deyildi…
1919-cu ilin avqustunda, nəhayət ki, qəzadakı bir-birini əvəzləyən rus və bolşevik diktaturalarının varlığına son qoyuldu, Lənkəran əhalisi və onun qeyrətli təmsilçisi olan Səlim Axundzadə rahat nəfəs aldı.
Bakıda olduğu dövrdə Hacı Mirzə Səlim axund parlament fəaliyyəti ilə kifayətlənmir, gənc respublika quruculuğunun digər sahələrində də fəal iştirak edirdi. Yeni yaradılan Bakı Dövlət Universitetində onun İslam dini, ümumiyyətlə Şərq aləmi ilə bağlı geniş erudisiyasına və pedoqoji təcrübəsinə ehtiyac duyulmuşdu.
Bir çox daxili və xarici təsirlərdən, obyektiv və subyektiv səbəblərdən Azərbaycan Cumhuriyyətinin ömrü 23 ay çəkdi; Sovet Rusiyasının və XI Qızıl Ordunun dəstəklədiyi yerli kommunistlərin qiyamı I Respublikanı tarixə qovuşdurdu. Parlament səs çoxluğu ilə hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Sovet hakimiyyətinin repressiya maşınından yaxasını qurtarıb xaricə mühacirət edən sabiq parlament üzvləri və «müsavatçı»ların içində Hacı Mirzə Səlim axund da vardı.
O, İrana qaçdı – bu ölkə yaxın idi, əhalisinin az qala yarısını azərbaycanlılar təşkil edirdi, dini təhsili və ailə tərbiyəsi Axundzadəni İrana bağlayırdı; o, gəncliyində bir neçə il burada yaşamışdı.
Həm də, Axundzadə və onun kimi neçəsi Sovet hakimiyyətini müvəqqəti bir hal sayır, tezliklə Vətənə qayıdacaqlarını düşünür və bəri başdan dönüşlərini asan və rahat etmək üçün yaxın xaricə mühacirət edirdilər.
Amma illər keçir, ömür gedirdi və vətən gün-gündən əlçatmaz olurdu…
Hacı Mirzə Səlim İrana qaçanda 1914-cü ildən evli olduğu xanım-xatın Münəvvər 2 qız uşağı – Aişə və Cəmilə ilə Astaraçayın bu tayında, Lənkəranda qalmışdı. Ağır zəmanə hər iki tifili tələf etdi. 1924-cü ildə qaynı Məşdiağa bəy bacısını Lerik yolu ilə Ərdəbilə aparıb ərinə qovuşdurdu. Amma Lənkərana qayıtdıqdan sonra ÇK Məşdiağanı bu hərəkətinə görə həbs edib gedər-gəlməzə göndərdi.
Allah-taalanın mərhəməti sonsuzdur: sanki çəkdiklərinin əvəzi imiş – İranda Səlim axundun və Münəvvər xanımın iki oğlu oldu. Kiçiyi Zahir idi. Böyüyünə isə tərtəmiz Azərbaycan türkcəsində İşıq adını qoymuşdular; düzdür, sonralar çoxu bu sözü farscaya çevirib onu Rövşən çağıracaqdı, amma atası 3 il – ta rəhmətə gedənədək – elə İşıq deyib durdu. Bu adı çəkəndə Səlim axundun xiffəti azalırmış, bəlkə; Azərbaycanın qoxusu dəyirmiş burnuna…
Hərçənd Azərbaycanı bir an belə unutmadı.
Və əvvəl-əvvəl Hacı Mirzə Səlim axund heç İranda da dinc oturmadı. Yaxın Şərq və Avropa ölkələrinə səpələnmiş milli-demokrat mühacirlərlə əlaqə yaratdı; hətta Sovet hakimiyyətinə qarşı silahlı müqavimət təşkil etmək istiqamətində səy göstərdi. O bu məqsədlə Əfqanıstana getdi, bu ölkənin rəhbəri Əmənulla xanla görüşdü, ondan kömək kimi canlı qüvvə və silah-sursat istədi. Əmənulla xan Azərbaycan milli qüvvələrinə və şəxsən axundun özünə hörmətini izhar edib, ona Kabulda sığınacaq verməyə hazır olduğunu bildirsə də, Azərbaycandakı Sovet rejiminə qarşı silahlı mübarizəyə hər hansı formada dəstək verməkdən imtina etdi. Çünki bu, əslində Sovet Rusiyasının əleyhinə çıxmaq demək idi, bu ölkəyə isə Əmənulla xan azadlıqsevər əfqan xalqının ingilis imperializmiylə milli-azadlıq mübarizəsində təbii müttəfiq gözüylə baxır, Moskvayla sıx əməkdaşlıq edirdi.
Hacı Mirzə Səlim axund xanın sığınacaq təklifini qəbul etmədi, qonaqpərvərliyinə görə ona minnətdarlıq bildirib İrana qayıtdı.
Axundun bu ölkədə son məskəni Gilan torpağı oldu.
Tarixin hikməti dərindir: Mirzə Səlimin atası Mirzə İsmayıl Qasir farsca bir şerində özünü «əslim Gilan-zəmindəndir» – deyə təqdim edirdi…
Səlim Axundzadə Xəzər sahilindəki liman şəhəri Lənkəranda dünyaya göz açmışdı, Xəzərin o biri sahilindəki liman şəhəri Ənzəlidə gözlərini dünyaya yumdu.
«Ənzəli» – balaca Səlimin sevdiyi uşaq oyunlarından birinin adı idi.
Sonra böyüyüb Lənkərandan çox uzaq olmayan Gilanda bu adda şəhər olduğunu öyrəndi.
Amma bilmədi ki, bir gün bu şəhər onun ölümünün ünvanı və ölümdən betər qürbətin özü olacaq.
Ömrünün sonunda yerli dövlət məktəbində şəriət dərsi dedi; 1930-cu ildə, vəfatından az öncə – sanki vaxtı gəldiyini hiss edibmiş – oturub xatirələrini yazmağa başladı və sonrakı nəsillərə qiymətli bir həyat şəhadəti, vacib bir sənəd miras qoydu. Axundun «Xatirat»ındakı ən dəyərli məqam onun Azərbaycan istiqlalı naminə gördüyü işlərin düzgünlüyünə dərin inamı və xalqının mütləq yenidən öz dövlət müstəqilliyinə qovuşacağına əminliyi idi. Axundzadə «Azərbaycan qayəsi»nin ölməzliyinə arxayındı və bunu o zaman bəyan edirdi ki, Sovet İttifaqı gün-gündən güclənir, kommunist rejimi topdağıtmaz şəkil alırdı və üfüqdə istiqlalın əlaməti belə görünmürdü…
Amma İstiqlal bəyannaməsinin altındakı on ikinci imzanın sahibi o günü bəsirət gözü ilə görürüdü.
Seymur ŞAHBAZOV
Hacı Səlim Axundzadə
Hacı Səlim Axundzadə— (tam adı: Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə; d.1872; Lənkəran — 15.12.1930; İran, Ənzəli) – ictimai-siyasi xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.
Həyatı
Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dədiyi məktəbdə alır. O, atasın Mirzə İsmayıl Qasirin 1805-1900-cu illərdə açdığı “Üsuli-cədid“də fars və ərəb dillərini öyrənəndən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir və ilahiyyat elmlərinə yiyələnir. Onun bu təhsili düz 8 il davam edir. Aprel işğalından (1920) İranın Ənzəli şəhərinə köçmüş, orada hökumət məktəbində şəriətdən dərs demişdi. Hacı Mirzə Səlim Axundzadə 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar.
Ailəsi
Hacı Səlim Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir. Hələ Vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz əməlli məşğul ola bilmir. Atası mühacirətə gedəndən bir il sonra Ayişə atasızlığa dözə bilməyib dünyasını dəyişir. İki il sonra – 1923-cü ildə Axundzadənin ikinci qız övladı – Cəmilə vəfat edir.
Öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doyurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun dalınca İrana qaçmağa qərar verir.
1924-cü ildə Hacı Səlim Axundzadənin qaynı Məşədi Tağı bəy öz bacısını Lerik yolu ilə onun yanına Ərdəbilə aparır. Amma belə bir cəsarətli addım ona həyatı bahasına başa gəlir. Məşədi Tağı bəy Lənkərana qayıdan kimi onu həbs edirlər. Sorğu-sual o qədər də uzun çəkmir. Onu gedər-gəlməzə – Sibirə sürgün edirlər və doğma vətənə qayıtmaq ona bir daha nəsib olmur. O, elə Sibirdəcə vəfat edir.
1927-ci ildə Hacı Səlim Axundzadənin İşıq (Rövşən), 1930-cu ildə isə Zahir adlı oğlanları dünyaya gəlir. Zahir dünyaya gələndə Hacı Səlim Axundzadənin 58 yaşı vardı və çox keçmir ki, o, vəfat edir.
Atası
Atası Mirzə İsmayıl Qasir (1805-1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. O Şirvandan Lənkərana köçəndən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdur.
Fəaliyyəti
Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra şəhər polis idarəsində sonralar isə mülkədar Əskər xan Talışinskinin yanında katib işləmiş, 1911-1916-cı illərdə isə Lənkəran şəhər gimnaziyasında islam dini və şəriət dərsləri ilə yanaşı fransız dilindən də dərs deyir.
Siyasi fəaliyyəti
Hacı Səlim Axundzadə 1916-cı ildə yenidən Türkiyəyə səyahət edir, Rusiyada fevral burjua demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. “Türk Ədəmi-Mərkəziyyət “Müsavat” partiyasına daxil olmuşdur. Partiyanın birinci qurultayında (1917, 26-31 oktyabr) iştirak etmiş, Zaqafqaziya komissarlığında fəaliyyət göstərmiş, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü olmuşdur. Axundzadə Azərbaycan Milli Şurasının üzvü idi. 1918-ci ildə daşnak cəlladı Andronik Zəngəzurda azərbaycanlı əhalini amansızcasına qətlə yetirdikdə, Axundzadə mahalın erməni quldurlarında təmizlənməsində önəmli fəaliyyət göstərmişdi. Axundzdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, “Müsavat” partiyasının ikinci qurultayında (1919, 2-11 dekabr) yaxından iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur. Axundzadə Azərbaycan Milli Şuranın üzvü kimi “İstiqlal bəyannaməsi”nin imzalanmasında iştirak edib.
Hər yerdə olduğu kimi Cənubda da fevral inqilabının təsirilə ictimai-siyasi canlanma başlayır, yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyət göstərirlər.
1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib erməni və gürcülərlə birlikdə “Seym”in işində iştirak edəcəyini bildirirlər. Çox illər sonra qürbətdə yaşayan 58 yaşlı Hacı Səlim Axundzadə bu hadisəni belə xatırlayacaq:
| “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib “Açıq söz” idarəsinə getdim və “Xeyriyyə”də sakin oldum. |
Məmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Mahmudov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qəbulzadə. Gəncədə Nəsib bəy Yusifbəyli vaqona minib bizə qatıldı. “İttihat” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Həybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər Bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi. Yanvarın 12-də günorta vaxtı Tiflisə varid olduq. “
Türk qoşunlarının Azərbaycana gəlişi ilə də bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunu Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə də, Nuru paşa yolu dəyişib başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük bir qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin nümayəndələri ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olurlar. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axundzadəni Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçmişdi.
Mühacir həyatı
1920-ci ilin aprel işğalından sonra, o dövrün görkəmli siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən vətəni tərk etməli olur. İrana gedir, əvvəlcə Ərdəbildə məskunlaşır, sonra Ənzəli şəhərinə köçur. Hökumət mədrəsəsində müəllimlik etməyə başlayır. Axundzadə İranda mühacirətdə olarkən “Azərbaycan torpağına türbət demişəm” adlı kitabı qələmə alıb.
Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axundzadə də mübarizəni dayandırmır. Şərqdə, xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Onun əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Vətəni yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana yollanır. Ötən əsrin 20-ci illərində Əfqanıstanda hakimiyyətdə olan rusiyameylli Əmənullaxan Hacı Səlimin bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac-bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.
İstinad
- ↑ “Azərbaycan torpağına türbət demişəm”
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, “Lider nəşriyyat”, Bakı-2004, səh. 111
- ↑ İstiqlal yolunun şanlı mücahidləri – Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri
The contents of this page are sourced from Wikipedia article on 24 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Axundzadə
YENİ ƏDƏBİYYATIN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
Həyatı haqqında
Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.
Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı. Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”
Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.
M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.
Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.
M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.
M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”
Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.
Yaradıcılığı haqqında
Poeziyası. Bədii yaradıcılğa lirik şeirlə başlayan Mirzə Fətəli həm klassik, həm də xalq şeiri üslubunda əsərlər yazmışdlr. «Səbuhi» (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı şeirlər onun klassik ədəbiyyatımıza, eləcə də Şərq poeziyasına dərindən bələd olduğunu göstərir. Şəkidən Tiflisə səfər ərəfəsində fars dilində yazdığı «Zəmanədən şikayət» şeiri ədibin ilk bədii əsəridir. Məsnəvi formasında olan bu əsər süjetli lirikann dəyərli nümunələrindən sayılır. Avtobioqrafik səciyyəli şeirdə müəllifin öz gələcəyi ilə bağlı bədbin düşüncələri, narahatlığı əks olunub.Əsərin birinci hissəsində iztirab çəkən, hətta intihar fikrinə düşən lirik qəhrəmanın ovqatı ikinci hissədə nikbinliklə əvəz olunur. Tiflis mühitinin onda yaratdığı ümidlər, burada tutduğu mövqe lirik qəhrəmanda gələcəyə inam hissi oyadır.
Böyük rus şairi A. S. Puşkinin ölümü haqqında aldığı qara xəbərin təsiri ilə 1837-ci ildə fars dilində yazdığı «Qəsideyi- təziyyət» («Matəm qəsidəsi») M.F.Axundzadənin çap olunmuş ilk əsəridir. Sonrakı nəşrlərində əsər «Puşkinin ölümünə Şərq poeması» adlandırılmışdır. Poemada A.S.Puşkinin rus ədəbiyyatında tutduğu mövqeyi digər görkəmli rus şairləri ilə müqayisədə müəyyənləşdirən ədib yazır:
Ah, o dəmlər, a dostum, Lomonosov deyirlər:
Ülvi bir gözəlliklə yazın incə şeirlər.
Şeiriyyət dünyasını bəzəmişsə də lakin
Puşkinin quş xəyalı olmuş o yerdə sakin.
Əgər şeir mülkünü Derjavin tutmuşsa da,
Puşkin cavan yaşında sahib olub bu ada.
Dərin, dibsiz göylərdən hakim yaranmış ona.
Ah, hələ Karamzinin o bilik badəsini,
Onun ümmanlar kimi dərin ifadəsini
Puşkin almış əlindən, içib yetirmiş sona.
Poemada M.F.Axundzadənin rus poeziyasına dərindən bələdliyi, böyük sənətkarın faciəli ölümü xəbərini kədər hissi ilə qarşılaması öz əksini tapıb. Poema tərcümə olunaraq 1837-ci ildə Moskvada “Moskovski nablyudatel” jurnalında çap olunub.
Ədibin “Yeni əlifba haqqında mənzumə”si, Q.Zakirə mənzum məktubu, “Hekayəti pota Kərim və Səfər dəllək” əsəri və digər nəzm əsərləri də öz ideya-bədii məziyyətləri ilə diqqəti cəlb edir.
Dramaturgiyası və nəsri. Yeni dövrün söz sənəti qarşısında qoyduğu tələbləri düzgün dərk edən M.F.Axundzadə 1850-1855- ci illərdə yazdığı, realist ədəbiyyatımızın mükəmməl nümunəsi sayılan altı komediya ilə Azərbaycan və Yaxın Şərq ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur. Bu , orijinal, milli əsərlər ədəbiyyatımızda dönüş yaratmış, söz sənətimizi klassik şərq ədəbiyyatı çərçivəsindən çıxararaq yeni dövr Avropa ədəbiyyatı prosesinə qoşmuşdur.
İlk komediyası olan «Hekayəti- Molla İbrahimxəlil kimyagər» 1850- ci ildə yazılmışdır. Əsərdə cəhalət, yalançı kimyagərlərin fırıldaqçılığı tənqid olunur. Komediyada “nuxulular”adı ilə təqdim olunan Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy pul, sərvət hərisləridir. Onlar var-dövlət əldə etmək üçün hər cür fırıldağa, dələduzluğa əl atır, alçaq əməllərdən çəkinmirlər. Zərgər Hacı Kərim oğrudur, müştərilərinin qızıl –gümüşündən kəsib yerinə mis qatır. Həkimlikdən başı çıxmayan dəllək Ağa Zaman qızdırmalı xəstələri qarpız suyu ilə müalicə edərək bir qəbiristan adamın ölümünə bais olub. Adını düz yaza bilməyən, savadsız Molla Salman qazanc məqsədilə mollalıq həvəsinə düşüb. Ağır faizlə sələmə pul verərək var-dövlətini dağıtmış tacir Məşədi Cabbar indi pullarını faizsiz də qaytara bilmir. Mülkədar Səfər bəy əyri yollara düşərək kənddəki təsərrüfatını iflasa uğradıb. Yalançı kimyagər Molla İbrahimxəlil bu tüfeylilərdən hiyləgərliyi, tədbirli olması ilə fərqlənir.O, özünü ruhani, alim kimi təqdim edərək “nuxuluların” etibarını qazanır.
Əsərdə müasir dünyagörüşlü, vətənpərvər ziyalı Hacı Nuru obrazı diqqəti cəlb edir. O, acgöz, fırıldaqçı “nuxuluları”n iç üzünü açır, bütün eyiblərini üzlərinə söyləyir, eyni zamanda molla İbrahimxəlil kimyagərin fırıldaqçılığını ifşa edir.
Maarifçilik ideyaları nı əks etdirən «Hekayəti- müsyö Jordan həkimi- nəbatat və dərviş Məstəli şah caduküni- məşhur» komediyasında (1850) ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri yeni həyat tərzinə, Avropa mədəni görüşlərinə, dünyəvi elmləri öyrənməyə çağırmışdır.
Mövzusu kənd həyatından alınmış «Hekayəti- xırs quldurbasan» komediyasında da (1851) cəhalət, gerilik tənqid olunur, qadın azadlığı, maarifçilik ideyaları təbliğ edilir. Əsərin qəhrəmanları kasıb kəndli Bayramla Pərzad bir-birini sevir. Lakin Pərzadın var-dövlət sahibi olan əmisi Məşədi Qurban onu kənddə heç bir nüfuzu olmayan oğlu Tarverdiyə almaq istəyir. Bu zəmində yaranan konflikt get-gedə dərinləşir. Ədib komediyada Bayramla Pərzadın məhəbbəti yolunda qarşıya çıxan maneələrdən bəhs etməklə məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılığı tənqid edir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmətin zəruriliyi fikrini aşılayır.
«Hekayəti- vəziri- xani Lənkəran» komediyasının (1851) mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir.
Ədibin xəsislik mövzusunda yazılmış «Hekayəti- mərdi- xəsis» komediyası (1852) qəhrəmanın adı ilə «Hacı Qara» da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəmanı müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyat, oğurluq quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir.
Sonuncu komediyası olan «Mürafiə vəkillərinin hekayəti» (1855) komediyasının mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür. Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir. Komediyanın əsas tənqid hədəfi Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqqi görüşlərə, azad fikirliliyə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.
M.F.Axundzadənin nəsr sahəsində fəaliyyəti də uğurlu lmuşdur. O, “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı tarixində bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir. Ədib 1865-ci ildə «Kəmalüddövlə məktubları» adlı bədii- fəlsəfi əsərini yazmışdır. Həmin əsəri dostu Mirzə Yusif xanla birlikdə fars dilinə, şərqşünas Adolf Berje ilə rus dilinə tərcümə etmişdir. Lakin yazıçının əsəri nəşr etdirmək istəyi baş tutmamışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.