Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır
Ən maraqlısı odur ki, Axundzadə dövrünü və cəmiyyətini qabaqlamağa çalışırdı. Azərbaycana ümumiyyətlə, teatr anlayışının gəlməsi o dövrdə qeyri-mümkün sayılırdı. Əslində onun yazdığı pyeslər birbaşa Azərbaycan cəmiyyətini göstərirdi, amma o zaman bu haqda yazmaq, hətta haqqında danışmaq belə cəsarət tələb edirdi. Təbii ki, mili teatrın yaranışı birbaşa Azundzadənin adı ilə bağlı idi.
Axundzadənin dramaturgiyası
Sevinc Zeynalova
M.F.AXUNDZADƏ VƏ AVROPA MƏDƏNIYYƏTI
Böyük mütəfəkkir və yorulmaz maarifçi – demokrat M.F.Axundzadənin yaradıcılığına çeşidli monoqrafiyalar və elmi – nəzəri məqalələr həsr edilsə də, onun Qərblə ədəbi-mədəni ilişgiləri bizim ədəbiyyatşünaslıqda hələ kifayət qədər araşdırılmayıb.
1859-cu ildə Tiflisdə “Qafqaz” qəzetinin mətbəəsində M.F.Axundzadənin “Təmsilat “ı çapdan çıxdı
Bu kitaba dramaturqun 1850 – 1855 – ci illərdə yazdığı altı məşhur komediyası və “Aldanmış kəvakib” povesti daxil idi. Onun dramaturgiya janrına müraciəti də təsadüfi deyildi. Çünki ədibə görə “millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır”.
XIX əsrin 40-50-ci illərində Tiflis ədəbi mühiti, bütövlükdə Qərb mədəniyyətinə marağın artması M.F.Axundzadənin dramaturgiyaya müraciətində müəyyən rol oynamışdı. Dramaturqun rus dilində çapdan çıxan komediyalar kitabı Qafqazda və Rusiyada yayılaraq müəllifinə böyük hörmət qazandırdı.
Məlum olduğu kimi M.F.Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. Oğlu Rəşid bəy də Tiflis klassik gimnaziyasını bitirdikdən sonra təhsilini Belçıkada Brüssel Universitetində davam etdirmişdir. M.F.Axundzadənin ən böyük arzularından biri də oğlu Rəşidin Avropada təhsil almasına, Qərb mədəniyyətinə yiyələnməsinə nail olması idi. M.F.Axundzadənin Brüsseldə təhsil alan oğlu Rəşidə ünvanladığı məktublardan söz açan professor Vilayət Quliyev yazmışdır: “Məktublar Axundovlar ailəsindəki öz dövrünə görə yüksək intellektual mühit, ata ilə oğul arasındakı səmimi fikir birliyi və əməkdaşlıq, bu ailənin dostları, yaxınları, problemləri, qayğıları barəsində geniş və hərtərəfli təsəvvür yaradır. Rəşidin atasının suallarına verdiyi geniş, əhatəli cavablar, onun əsərlərinin Avropa dillərinə tərcüməsi və Avropa teatrlarında tamaşaya qoyulması ilə bağlı göstərdiyi səylər “Kəmalüddövlə məktubları ” nın taleyi ilə dönə – dönə maraqlanması, habelə Mirzə Fətəlinin tapşırığı ilə fransız dilində bir sıra əsərləri, o cümlədən Şarl Mismerin əlifba islahatı ilə bağlı məqaləsini tərcümə etməsi və s. həmin fikir birliyi və intellektual əməkdaşlığın bariz nümunələridir.” Rəşid bəyin ingilis tədqiqatçısı Samuel Beykerin Asiyaya və Afrikaya elmi ekspedisiyaları haqqında atasına yazdığı tarixi göstərilməyən məktubu orijinal elmi tutumu ilə seçilir.
M.F.Axundzadənin zəngin arxiv materiallarından məlum olur ki, Mirzə Kazımbəyə akademik B.A.Dorna, görkəmli fransız şərqşünası Qarsen de Fassiyə məktublar yazmışdır. Sankt – Peterburq universitetinin professoru, görkəmli şərqşünas O.I.Senkovski yazmış və “Biblioteka dlə çteniya” jurnalında M.F.Axundzadənin yaradıcılığından bəhs edən məqalə çap etdirmişdir. Sonralar o, dramaturqun “Müsyö Jordan və Dərviş Məstəli şah” pyesinin tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur.
Öz şüurlu həyatını xalqın maarifinə, mədəniyyətinə və tərəqqisinə həsr edən M.F.Axundzadə dünya ədəbi- bədii fikrinə dərindən bələd idi. Məhz bu səbəbdən də o, rus və Avropa şərqşünaslıq elminin nailiyyətləri və görkəmli şəxsiyyətləri ilə mütəmadi maraqlanır, bəziləri ilə (N.F.Dubrovin, A.P.Berje və s.) ünsiyyət yaradaraq əməkdaşlıq edirdi. Xalq yazıçısı Elçin yazırdı: “Axundovun “avropaçılığı”, hərgah belə demək mümkünsə, milli “avropaçılıq ” idi. Mirzə Fətəli milli zəmindən ayrılmamaq, milli mədəniyyətə, milli təfəkkür tərzinə, milli psixologiyaya və milli problematikaya yaxından bələd olmaq şərtilə böyük rus mədəniyyətinə, böyük Avropa mədəniyyətinə yiyələnməyə çağırırdı. Mirzə Fətəli yaxından bələd olduğu Şekspir, Molyer, Qoqol ənənələrindən ruhlanmış, bu ənənələri ümumazərbaycan ədəbiyyatı, mədəniyyəti kontekstində, Azərbaycan problematikası, Azərbaycan güzəranı daxilində inkişaf etdirmiş və həmin komediyaların dərin mündərəcəsi və kamil poetikası bütün “Qərb aləmini heyrətə gətirmişdir “.
M.F.Axundov 1850-1855-ci illər arasında yazdığı klassik komediyaları ilə Azərbaycanda və Yaxın Şərqdə rus və Qərbi Avropa dramaturgiyası səpkisində yeni, realist dramaturgiyanın əsasını qoydu, teatrın gələcək inkişafı üçün real zəmin yaratdı. O, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində daha yeni bir səhifə açaraq realist nəsrimizin banisi oldu və ədəbiyyatımıza povest janrını gətirdi.
Səməd Vurğun “M.F.Axundov bizimlədir” məqaləsində yazırdı: “M.F.Axundovun materialist dünyagörüşünün təşəkkülündə, onun bədii yaradıcılığının və estetik görüşlərinin inkişafında misilsiz və tarixi bir rol oynamış böyük bir amili, XIX əsr böyük rus mədəniyyətinin, o vaxtkı qabaqcıl, inqilabi və demokratik ideyaların müsbət təsirini xüsusi olaraq, həm də dərin bir minnətdarlıq hissilə qeyd etmək lazımdır. Biz bu gün Axundovun ölümünün 75 illiyini qeyd etdiyimiz vaxtda Azərbaycan xalqının ictimai və bədii şüur tarixində misilsiz rol oynamış rus mədəniyyətinin ölməz simaları olan Belinskini, Puşkini, Çernışevskini, Dobrolyubovu və başqalarını böyük bir minnətdarlıq hissilə yad edirik”. Rus və Avropa ədəbiyyatını öyrənib onlardan nümunə götürmək yolu ilə gedən M.F.Axundov və onun ardıcıllarının (N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov və b.) simasında meydana çıxmış maarifçi-realist ədəbiyyat tənqidi mahiyyət daşıyırdı. Bu ədəbiyyat öz tənqid silahını feodal-patriarxal münasibətlərin hökm sürdüyü ictimai quruluşa və onun köhnəlmiş qayda-qanunlarına qarşı çevirmişdi; onun məqsədi ictimai inkişafa mane olan əngəlləri aradan qaldırmaq, xalq kütlələrinin feodalizm buxovlarından azad olmasına kömək etmək idi. Bu dövrdə feodalizmin çürümə prosesinin şiddətlənməsilə əlaqədar olaraq Azərbaycanda maarifçilik dünyagörüşü və ədəbiyyatı təşəkkülə başlamışdı. Maarifçilik geniş mənada xalqı maarifləndirmək, xalq kütlələri içərisində mədəniyyəti, elmi, sənəti yaymaq, xalqı cəhalətdən azad etmək deməkdir. Lakin “maarifçilik” istilahının bundan başqa da bir mənası var. Maarifçilik, eyni zamanda təhkimçiliyi, feodalizm quruluşunu və onun ictimai-iqtisadi normalarıını, siyasi təsirlərini, məfkurəvi-mədəni ağalığını ləğv etmək uğrunda aparılan mübariz bir hərəkatdır. Azərbaycan maarifçiliyinin təşəkkül və inkişafında rus və Qərbi Avropa maarifçiliyinin böyük rolu olmuşdur.
XX əsrin görkəmli Azərbaycan filosoflarından Heydər Hüseynov “M.F.Axundovun fəlsəfi görüşləri” məqaləsində yazırdı: “Bu böyük humanist şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və ya kiçik məsələ olmamışdır. O, drama, hekayə və şeirdən başlamış fəlsəfə, din, etika, moral, kritika, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir”. O, daha sonra göstərir ki, “M.F.Axundov ictimai-siyasi məsələlərlə maraqlanır, ictimai həyatın dəyişməsi üçün çarələr axtarırdı. O, Rusiya və Qərbi Yevropa kulturası ilə tanış olur. Böyük rus xalqının dilini, kulturasını dərindən öyrənmişdi. Azərbaycan ictimai fikri inkişafında qüvvətli dönüş yaratmışdır. M.F.Axundov Spinozanı, XVIII əsr fransız materialistlərini, Volteri, Boklı, Çernışevskini və s. böyük mütəfəkkirlərin əsərlərini dərindən tədqiq edib öyrənmişdi”.
M.F.Axundovun sosioloji, tarixi, etik, iqtisadi, ictimai-siyasi, fəlsəfi məzmunlu əsərləri aşağıdakılardır: “Kəmalüddövlə məktubları”, “Həkimi-ingilis Yuma cavab”, “Molla Ələkbərlə mübahisə”, “Yek kəlmə haqqında”, “Con Stüart Milli-azadlıq haqqında”, “Məhərrəmlik təziyədarlığı haqqında”, “Babilik əqidələri”, “Hikayət”, “Məsəli-həkimi Sismond” və s.
Bunlardan əlavə M.F.Axundov öz məktublarında da fəlsəfi məsələlərdən bəhs etmiş, Şərqin və Qərbin böyük mütəfəkkir və alimlərinin fikirlərinə toxunmuş, dünya mədəniyyətinin ən yaxşı nailiyyətlərinə əsaslanmışdır. O, ruhani və cismani azadlığın olmadığı, feodal mütləqiyyətinin, dini fanatizmin və mövhumatın ağalıq etdiyi müsəlman-Şərq ölkələrində xalqların əsarət və istibdadda, cəhalət və nadanlıqda yaşamaqlarını Qərbin, Avropanın tərəqqisi və mədəniyyətilə müqayisə edirdi.
M.F.Axundova qədər, ümumiyyətlə , “Avropa” sözü Azərbaycan ədəbiyyatında nadir hallarda işlənilirdi və özü də yalnız qitə mənasında. İlk dəfə Axundov “Avropa ” sözünü ədəbiyyata, incəsənətə, elmə, fəlsəfəyə, dilçiliyə və s. daxil edərək onu geniş, yəni sivilizasiya, elm, fəlsəfə, ədəbiyyat , mədəniyyət mənalarında işlətmişdir .
M.F.Axundovun ilk qərbli obrazını fikrimizcə, Puşkinin qətli münasibətilə dahi rus şairinin tarixi – bədii portreti yaradılmış “Şərq poeması”nda görürük. Tarixdən bildiyimiz kimi, 1837 – ci ilin 31 yanvarında A.S.Puşkinin dueldə öldürülməsi xəbəri bütün Rusiyanı, o cümlədən Qafqazı sarsıtdı. Məmləkətin hər yerində bu ağır itki milli matəm kimi qarşılandı. M.Y.Lermontov, A.V.Kolsov, F.l.Tütçev, V.K.Küxelbeker, A.I.Polejayev, N.P.Oqaryov və başqaları matəm şeiri yazdılar. Şairin qətlini hazırlayan çar sarayına dərin nifrət və qəzəb bu şeirlərin əsas ruhunu təşkil edirdi. Dekabristlər və onlara rəğbət bəsləyən namuslu ziyalılar öz məğrur səslərilə “qatili tutun!” – deyə Nikolaya işarə edirdilər .
Səməd Vurğun “Müəllimimiz və dostumuz” adlı məqaləsində yazırdı: “Puşkinin müasiri, Azərbaycanda realist ədəbiyyatının banisi, görkəmli filosof-demokrat Mirzə Fətəli Axundov şairin facianə surətdə məhv olması haqqındakı kədərli xəbərə Şərqdə birinci səs vermişdir. Onun “Puşkinin ölümünə” poeması dərin dərd və kədər hissilə, böyük şairə əl qaldırmış kübar cəmiyyətinə qarşı qəzəb və nifrət hissilə doludur. M.F.Axundov “Puşkinin ölümünə” poemasında Puşkin yaradıcılığının dünya əhəmiyyəti haqqında böyük bir heyranlıq hissilə danışır. Xalqımızın ən böyük mənəvi nailiyyətini – böyük rus mədəniyyəti ilə ideya və yaradıcılıq əməkdaşlığını bizə irs qoyub getmiş Axundov və onun davamçılarına eşq olsun!”
Əsəri fars dilində yazmış Axundov onu rus dilinə sətri tərcümə etmiş və bu tərcüməni həmin illərdə onunla eyni idarədə xidmət edən dostu rus şairi I.S.Klementyevə təqdim etmişdi. Klementyev poemanı oxuyub vəcdə gəlmiş və onun sətri tərcüməsi üzərində, çox güman ki, müəyyən təshih işləri aparıb, çap olunmaq üçün kiçik məktubla “Московский наблюдатель” jurnalına göndərmişdi. “Puşkinin ölümünə Şərq poeması” tezliklə jurnalın 1837-ci il XI nömrəsində (mart) çap olunmuşdur. Redaksiya poemaya əlavə etdiyi kiçik giriş məqaləsində Axundovun poemasına yüksək qiymət vermişdir: “Cənab Klementyevin hisslərinə şərik çıxaraq və Iran şairinin (I.S. Klementyevin ardınca jurnal M.F.Axundovu səhvən İran şairi adlandırmışdı – tərtibçi) əli ilə Puşkinin qəbri üstünə bəxş edilmiş gözəl gülü bizə göndərməsinə görə ürəkdən təbrik edərək, səmimi qəlbdən gözəl istedad sahibinə müvəffəqiyyətlər arzulayırıq. Əsərdən biz aydın görürük ki, o, rus təhsilinə qızğın rəğbət hissi bəsləyir” . (N.Məmmədov)
Həmin ilin may ayında Mirzə Fətəlinin yaxın dostu, Qafqazda sürgündə olan dekabrist yazıçı A.A.Bestujev – Marlinski “Puşkinin ölümünə Şərq poeması”nın sətri tərcüməsi ilə tanış olmuş və onun üzərində bir sıra təshih işləri aparmışdır. Poemanın sətri tərcüməsinin eyni variantını uzun illər M.F.Axundovla yaxından əməkdaşlıq və dostluq etmiş görkəmli şərqşünas alim Adolf Berje 1874-cü ildə dərc olunmaq üçün “Pycckaə starina” jurnalına göndərmişdi. Tərcümə həmin ildə jurnalın 9-cu nömrəsində (sentyabr) dərc edilmişdir.
Tədqiqatçı-axundovşünas Nadir Məmmədovun qeyd etdiyi kimi, poema klassik Şərq şeiri üslubunda yazılmışdır. “Ideya-bədii strukturu baxımından o, ənənəvi “Müsibətnamələr”ə yaxın olan bir əsərdir. Lakin bədii materialına, mövzusuna görə poema Azərbaycan ədəbiyyatında tam yeni və orijinal bir hadisə idi. Məhz bu poema ilə milli ədəbiyyatımıza yeni bir ədəbiyyatın, yeni bir mədəniyyətin nəfəsi, ruhu, ənənəsi daxil olmağa başlayır və milli-bədii və ictimai fıkrimizin inkişafında mühüm rol oynayan Azərbaycan-rus ədəbi əlaqələrinin ilk əsasları qoyulur”. Poemada Puşkinin tarixi-tragik obrazı yaradılmışdır.
M.F.Axundovun bu əsərindəki Puşkin əslində yeni dövr ədəbiyyatımızda Nizaminin XII əsrdə təsvir etdiyi Slavyan gözəlindən, “Yeddi gözəl”, Iskəndərdən, yeddi müdrikdən “lskəndərnamə”, sonra ilk kamil qərbli obrazı idi.
M.F.Axundovun ikinci komediyası olan “Müsyö Jordan və dərviş Məstəli şah” əsərində Qərbi Avropa mövzusu daha geniş yer tutur. Burada biz Parisdən gəlmiş botanik, fransız əsilli Müsyö Jordan obrazı ilə üzləşirik. Professor Əli Sultanlı təsdiq edir ki, süjetin əhatə dairəsi müəllif fikrinin dərinliyi, dramaturji bütövlüyü və həyat həqiqətlərinin realist təsviri cəhətindən bu komediya dramaturqun ilk pyesi -“Molla IbrahimXəlil kimyagər”dən daha mürəkkəb və daha yetkindir. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası M.F.Axundovun səhnədə oynanılmış ilk dram əsəridir. Komediya 1852-ci ilin əvvəllərində Peterburqda ev teatrlarından birində həvəskar artistlər tərəfindən tamaşaya qoyulmuşdur. Tamaşa çox uğurlu keçmişdir. Komediyanın tamaşaya hazırlanması və müvəffəqiyyətlə keçməsi barədə “Biblioteka dlə çteniə” jurnalında, M.F.Axundovun pyeslərinə həsr edilmiş məqalələrdə dürüst məlumat mövcuddur .
Komediyada M.F.Axundov öz fəlsəfi dünyagörüşündən və qərbçilik konsepsiyasından çıxış edərək hiyləgər, fırıldaqçı, avam və sadəlövh adamları aldadıb soyan, tüfeyli həyat sürən dərviş Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyö Jordan obrazını yaratmışdır. Müsyö Jordan tərəqqi, elm, maarif və mədəniyyət dünyasının nümayəndəsi olaraq təqdir və təbliğ edilir. Dramaturq o dövrün, zamanın reallığına uyğun olaraq Məstəli şahın geridə qalmış feodal ölkəsi Irandan, Müsyö Jordanın isə inkişaf etmiş burjua ölkəsi Fransadan gəldiyini göstərir. Əsərdə gənc Şahbaz bəy surəti ilə Axundov Azərbaycandakı Avropa tipli gənclərin arasında ziyalıların yetişdirilməsi zərurətini təsvir edirdi. Müsyö Jordanla şəxsi münasibətlərin təsiri altında və fransız aliminin təşviqi ilə Şahbaz bəydə Qərb dünyasına qovuşmaq, elmə, təhsilə, Avropa mədəniyyətinin nailiyyətlərinə yiyələnmək arzuları baş qaldırır. Professor Yaşar Qarayevin elmi qənaətinə görə : “Mirzə Fətəlinin Müsyö Jordana münasibətini onun Qərbi Avropaya bəslədiyi konseptual münasibətin işığında qiymətləndirmək lazımdır”.
Tədqiqatçılar təsdiq edirlər ki, Müsyö Jordan real tarixi şəxsiyyətdir. Botanikanın tarixindən məlumdur ki, Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli fransız nəbatat alimi olmuşdur. M.F.Axundov əsərdə Aleksis Jordanın nəbatat elmi sahəsində fəaliyyətinin dürüst, obyektiv qiymətini vermişdir. Əsərdə göstərildiyi kimi, A.Jordan həqiqətən XIX əsrin ortalarında Karl Linney, Jozef Pitton de Turnefor, Bertram Con, Georq Qlliford kimi təbiətşünas alimlərlə elmi mübahisələr aparmış və bitkilərin növü haqqında yeni nəzəriyyə irəli sürmüşdür. Onun bu nəzəriyyəsi təkcə Fransada deyil, bütün Avropa ölkələrində bir müddət geniş yayılmışdı. “Jordanizm” adı altında məşhur olan bu nəzəriyyə sonralar materialist-təbiətşünaslar tərəfindən idealist bir baxış kimi ciddi tənqid olunubdur. M.F.Axundov tarixi-elmi həqiqətləri yüksək səviyyədə təqdim edərək maarifçilik ideyalarının təbliği məqsədini izləmişdir.
M.F.Axundov “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında XIX əsrin ortalarında Azərbaycan cəmiyyəti üçün tipik olan iki meyli ictimai konflikt kimi əsərin mərkəzinə qoymuşdur: 1) böyük ədibin obrazlı şəkildə “qamışlıq” deyə adlandırdığı feodal-patriarxal münasibətlərində qanun-qaydaları ilə yaşamaq, mövcud vəziyyətə qane olmaq, təcrid edilmiş mübarizəsiz, durğun, süst həyat sürmək; 2) başqa millətlərin həyat və məişətini öyrənərək, onların tərəqqisi və mədəniyyəti ilə tanış olaraq görüb-götürmək, bəşəriyyətin mədəni irsini mənimsəməklə feodal və milli-regional qapalılığından xilas olmaq. Fikrimizcə, Müsyö Jordan obrazı ayrıca, xüsusi olaraq təhlil edilməklə, onun ədəbiyyatımızdakı Qərb mövzusuna güclü təsiri tədqiq olunmalıdır.
Böyük mütəfəkkirin “. Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də , təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi – mütləq olsun ” – sözləri mənəvi suverenliyin, fikir və azadlığın, bütövlükdə onun maarifçi estetikasının və fəlsəfi – sosial məntiqinin bədii təsdiqi kimi mənalanır.
Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır
Azərbaycan dramaturgiyasının banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin bu il 200 illiyi tamam olur. Belə bir tarixi ərəfədə dramaturqun həm ədəbi, həm də mədəni sahələrə təsir gücündən söhbət açmaq qərarına gəldik.
Teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə Mirzə Fətəli Axundzadə fenomeni haqqında bunları dedi: “Nə qədər qəribə və paradoksal səslənsə də, Azərbaycanda XIX əsr Mirzə Fətəli Axundzadədən başlayır. Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, XX yüzilin maarif və mədəniyyət koordinatlarına daxil olmaq üçün Azərbaycana vəsiqə verdi. Mirzə Fətəli Axundzadə o şəxsiyyətdir ki, milli düşüncədən Avropa maarifçi düşüncəsinə balaca da olsa bir pəncərə aça bildi. Mirzə Fətəli Axundzadə azərbaycanlı təfəkküründə Şərq və Qərb arasındakı körpünün konkretliyidir: onun fikrinin və istedadının ziyasında Azərbaycan ilk dəfə Avropaya adlayır, Qərb isə Azərbaycana təşrif buyurur.
Mirzə Fətəli düz ikicə dəfə, bir “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyasında, bir də “Hekayəti-xırs-quldurbasan” pyesində, iki avropalını, birində həkim sifətilə, digərində isə vəhşi heyvan təlimçisi qismində, Azərbaycana gətirib avropalı ilə azərbaycanlının yaşayış, düşüncə, qavrayış fərqlərini zarafat və kinayə modusunda hamının anlayacağı bir tərzdə xalq müzakirəsinə çıxarır. Bu təqdimatın məqsədi iki fərqli dünyanı bir-birinə yaxınlaşdırmaq, onların dialoquna nail olmaq, “özgəsi” sindromunun xofunu dağıtmaqdır.
Mirzə Fətəli Axundzadə azərbaycanlı mentallığında, azərbaycanlı qavrayışında, milli adət-ənənələr müstəvisində çevrilişdir. Azərbaycanda dövrün və düşüncənin yeni dönəminin təkan impulsu, təkan enerjisi Mirzə Fətəli Axundzadədir. Bu o insandır ki, öz zabit çiyinlərində Azərbaycanı yeni dünyaya daşıyıb, yeni ziyalı məfkurəsi yaradıb və köklü siyasi, ictimai, kulturoloji, mənəvi, bədii-estetik dəyişmələrin təməl proqramını hazırlayıb.
Mirzə Fətəli Axundzadə şövqlə və böyük ehtirasla çox qısa bir müddətdə, 1850-55-ci illər intervalında yazdığı altı komediyaları ilə “Azərbaycan dramaturgiyasının banisi” kimi şərəfli bir ada sahib çıxır və faktiki olaraq klassik Şərq şeiri üslubunda işləyən yerli ədiblərə sübut edir ki, ədəbiyyatın dram janrında da maraqlı, təsirli, polifonik mənalarla yüklənmiş gözəl əsərlər yaratmaq mümkündür.
Mirzə Fətəlinin “Hekayəti-Molla İbrahimxəlil kumyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1850), “Hekayəti-xırsi-quldurbasan” (1851), “Sərgüzəşti-mərdi-xəsis” və ya “Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855) komediyaları Avropada ədəbi bir forma kimi təsdiqlənmiş dram janrının milli mədəniyyət müstəvisində reprezentasiyasıdır. Hərçənd M.F.Axundzadə komediyalarının içi, mahiyyəti, strukturu, semantik paradiqmaları xalq gülüş mədəniyyəti ənənələrinə söykənir, meydan teatrının bədii-estetik mündəricəsini tam və bütöv şəkildə güzgüləyir.
Azərbaycan həvəskar və peşəkar teatrının bütün tarixi dönəmləri öz həqiqi sənət dəyərini M. F. Axundzadənin yaradıcılığı kontekstində tapıb. Məhz bu dramaturqun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının 1873-cü il martın 20-də Realnı məktəbdə oynanılması günündən Azərbaycan peşəkar teatrının tarixi hesablanır. Bəlkə də, elə buna görədir ki, Azərbaycan teatrı özünün ən çətin məqamlarında Mirzə Fətəli Axundzadə dramaturgiyasında arınıb durula bilir, özünü tanıyıb özünə qayıda bilir. Çünki xalqın meydan teatrının, el-oba tamaşalarının önəmli estetik tendensiyalarını özündə qapsamış məhz bu dramaturgiya Azərbaycan teatrının poetikasını, bədii hüsnünü müəyyənləşdirib.
Mirzə Fətəli Axundzadə milli təfəkkürdə sabaha bir sıçrayışdır, yəni əsl Səbuhidir. O, maarifçiliyi milli özünüdərkin mühüm tendensiyası kimi dəyərləndirirdi; filosof olub fəlsəfi risalələrində öz dünyagörüşünü bəyan edirdi, klassik Şərq poeziyası üslubunda və satirik ruhda eyni bədii mükəmməlliklə şeirlər yazırdı, əlifbanı dəyişdirmək, müşkülü asan eləmək, xalqı maarif işığına çıxarmaq uğrunda çabalar yapırdı, özünü ilk Azərbaycan demokratı və ictimai xadimi kimi aparırdı. Əgər ustadı Mirzə Şəfi Vazeh balaca Mirzə Fətəlinin gözlərindən qəflət (cahillik, avamlıq) pərdəsini götürdüsə, Mirzə Fətəli Axundzadə böyük bir millətin gözlərindən qəflət pərdəsini qaldırmağa nail oldu”.
Şair Elçin Mirzəbəyli dramaturqun geniş miqyaslı bir mütəfəkkir olduğunu vurğulayır: “Mənə görə Mirzə Fətəli Axundzadə təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin ən böyük mütəfəkkiridir. Axundzadənin böyüklüyü bu gün bölgədə və ayrı-ayrı müsəlman dövlətlərində baş verən hadisələr fonunda daha böyük və daha aydın görünür. Müasir kommunikasiya və informasiya texnologiyalarının, elmin inkişaf etdiyi, çeşidli mədəniyyətlərin və onların modern təzahürlərinin sərhəd tanımadığı bir dövrdə yaşadığımıza baxmayaraq, hələ də kor cəhalətin, xurafatın, siyasətlə çuğlaşan dini ekspansiyanın qarşısında bir çox hallarda susmaq məcburiyyətində qalır, zülmətin, qaranlığın üzərimizə ayaq açmasına imkan yaradırıq. Bu baxımdan, Mirzə Fətəlinin yaşadığı dövrü göz önünə gətirməklə, dahi mütəfəkkirin nə qədər böyük iradə, cəsarət sahibi olduğunu anlaya bilərik. Düşünürəm ki, bu gün Axundzadə irsinin daha geniş şəkildə araşdırılmasına, təbliğ və tədris olunmasına böyük ehtiyac var.
Axundzadə dramaturgiyası yenidən Azərbaycan teatrlarına qayıtmalı, onun fəlsəfi dünyagörüşü müasir Azərbaycan vətəndaşının formalaşması prosesində aparıcı yerdə dayanmalıdır”
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Mirzə Fətəli Axundzadə komediyalarına olan fərqli baxışını qeyd etdi : “Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və fikir tarixi üçün çox önəmli insanlardan biridir və cəsarətlə söyləmək olar ki, milli nəsil mədəniyyətinin formalaşmasının yeni mərhələsini birbaşa onun adı ilə bağlamaq olar. Axundzadə Azərbaycanda teatrın yaranması və pərvəriş tapması üçün çox böyük addım atdı.
Ən maraqlısı odur ki, Axundzadə dövrünü və cəmiyyətini qabaqlamağa çalışırdı. Azərbaycana ümumiyyətlə, teatr anlayışının gəlməsi o dövrdə qeyri-mümkün sayılırdı. Əslində onun yazdığı pyeslər birbaşa Azərbaycan cəmiyyətini göstərirdi, amma o zaman bu haqda yazmaq, hətta haqqında danışmaq belə cəsarət tələb edirdi. Təbii ki, mili teatrın yaranışı birbaşa Azundzadənin adı ilə bağlı idi.
Dünya dramaturgiyası nəzəriyyəsi haqqında kifayət qədər fikirlər var və dünyada çox az dramaturq tapılar ki, dramaturji modellərin rəngarəngliyindən istifadə edə bilir. Axundzadə məhz altı komediyasında bir neçə dramaturji modellərdən cəsarətlə istifadə etməyi bacarıb. Misal üçün, rus ədəbiyyatı ilə də müqayisə edək. Rus dramaturgiyasının banisi olan Fonvizin Axundzadənin etdiklərinin heç əlli faizini edə bilmədi. Amma Axundzadə çox fərqli bir mövzulara toxundu və çox qəribədir ki, onun pyeslərinin adları belə ciddi sosial mesaj və çox ciddi bir çağırışdır.
Axundzadə dörd komediyasına hekayət, qalan iki komediyasına isə sərgüzəşt deyə qeyd edib. Bu fikir məni çox düşündürdü və suallara cavab axtardım. Ciddi bir dramaturqun qoyduğu adlarda belə fərqlər səbəbsiz ola bilməzdi. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri dünya dramaturgiyasında çox nadir hallarda dövlətçilik problemlərini qaldıran bir pyesdir. Bu sadəcə bir komediya deyil, Lənkəran xanının haqqında dastan deyil. Burada Axundzadə Azərbaycan dövlətçilik ənənəsini, ümumiyyətlə, dövlətçilik problemini bütün cəhətləri ilə ortaya qoyur. Axundzadə Azərbaycan dövlətçiliyi haqqında arzularını, istəklərini və mövcud olan problemləri əsəri vasitəsilə çatdırır. Əsərin dramaturji quruluşu kifayət qədər mükəmməldir.
Əsərdə olan konflikt və toqquşma pyesin teatral çəkisini artırır. Eyni zamanda qeyd edim ki, bu, sadəcə komediya deyil, Azərbaycan teatr səhnəsində çox az halda uğurla tamaşaya qoyulub. Bu əsəri Azərbaycan Milli Dram Teatrında uğurla tamaşaya qoyanlardan biri də əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur. O, Axundzadənin əsərində demək istədiyi problemi tuta bildi.
Axundzadənin digər bir əsəri olan “Sərgüzəşti mərdi xəsis” dir. Ümumiyyətlə, mən hesab edirəm ki, bu əsər haqqında çox az araşdırmalar aparılıb və münasibət birmənalıdır. Hacı Qara xəsis deyil, o mərdi-xəsisdir. O Şillerin, Molyerin qəhrəmanları kimi deyil, bu adam bizə birinci oxunuşda mənfi qəhrəman kimi görünür, amma diqqətlə oxuyanda fərqli məqamlar meydana çıxır. Hacı Qara o dövr üçün olmayan normal biznesmen obrazını yaradır. Təəssüf ki, Axundzadənin əsərlərinin səhnə təcəssümü o qədər də uğurlu olmayıb.
Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda olan teatr peşəkarlığa doğru gedirdi. Amma peşəkar yolu rejissorların bura gəlməsi ilə tapdı. O vaxt da düşdü sovet hakimiyyətinin gurultulu vaxtına və Axundzadəyə olan münasibət sovet ideologiyası əsasında quruldu, Hacı Qara da dönüb oldu mənfi qəhrəman. O əsərin ekran məsələsi də çox bərbad şəkildə həllini tapdı. Bunu bir həqarət kimi qələmə vermək olar, səbəb də rejissorun Axundzadənin tam olaraq nə demək istədiyini anlamaması idi. Mən bu günahı təkcə rejissorlarda görmürəm, əsərə, Axundzadəyə münasibətdə bizim yanlışlıqlarımız var.
Axundzadə dramaturji baxımdan nə qədər mükəmməldirsə, obrazlar qalereyası baxımından daha mükəmməldir. Axundzadə Azərbaycan xalqının bütün dərdlərini yaxından anlayan bir dramaturq olub. Onun dramaturgiyası ədəbiyyat üçün fundamentdir, özüldür”.
Azərbaycan Yazıçılar Birliyinin cənub şöbəsinin rəhbəri, şair Sayman Aruz dramaturq haqqında öz fikirlərini bölüşdü: “M.F.Axundzadə öz yaradıcılığı ilə onilliklər öncədən Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərini, onun ideya və bədii axtarışlarının yönünü müəyyən etdi. O, Azərbaycan mədəniyyətinin sekulyarlaşması prosesinin əsasını qoydu. Onun parlaq və çoxcəhətli istedadı sayəsində Azərbaycanın elmi və fəlsəfi fikri orta əsrlərin klerikal-mistik doqmalarının buxovlarını qıraraq, öz inkişafında kəskin irəliləyişlər etdi. İslamın tənqidi onun məqsədi deyildi, doğma xalqının inkişafı və tərəqqisi yolunda bir vasitə kimi hesab edirdi. O, hər şeydən əvvəl öz vətəninin patriotu, yalnız bundan sonra müsəlman idi”.
Dramaturgiya və teatr Dramaturqlar
Mirzə Fətəli Azundzadə
(1812-10.3.1878)
Milli peşəkar Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə sayılır. O, görkəmli ictimai xadim, filosof-estetik və yazıçı olub. Fəlsəfə elminə “Kəmalüddövlə məktubları” traktatını (1865), “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” kimi əsərlərini bəxş edib.
Yazıçılığının dörd şaxə-qolu var. “Səbuhi” təxəllüsü ilə şeirlər yazıb. Bu janrda məşhur əsəri “Puşkinin ölümünə Şərq poeması” (1837) sayılır. Klassik janrlarda lirik, ictimai-sosial və satirik şeirlər yazıb.
Nəsr janrında “Aldanınış kəvakib” (1857) kimi inci yaradıb. İkinci adı “Hekayəti-Yusif şah” olan bu əsər realist nəsrimizin ilk nümunəsi sayılır. Bu əsərində yazıçının arzuladığı cəmiyyət haqqında, dövlətçilik, elm və təhsil, mənəvi-əxlaqi problemlər barədə fikirləri öz təcəssümünü tapıb.
Müxtəlif mövzularda fəlsəfi-estetik məqalələr, dramaturgiyaya, poeziyaya aid nəzəri əsərlər yazıb. “Nəzm və nəsr haqqında”, “Tənqid risaləsi” (1862), “Mirzə Ağanın pyesləri haqqında kritika” (1871) əsərləri fikir dərinliyinə, forma xüsusiyyətlərinə, məzmun səciyyələrinə görə dəyərlidirlər.
Bütün bunlarla yanaşı, Mirzə Fətəli Axundzadə həm milli, həm də dünya ədəbiyyati tarixində dramaturq kimi daha əzəmətli yer tutur. “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti vəziri-xani-Lənkəran” (1850), “Hekayəti-xırs quldurbasan” (1851), “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara” 1852) və “Mürafiə vəkillərinin hekayəti” (1855) komediyalarını yazıb. Bu əsərlər ədəbiyyat tariximizdə asan və qısa şəkildə “Mola İbrahimxəlil kimyagər”, “Dərviş Məstəli şah” (və yaxud “Müsyö Jordan”), “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, “Hacı Qara” və “Mürafiə vəkilləri” kimi yazılır. Dramaturqun komediyaları, hamısı bir yerdə “Təmsilat” adlanır.
Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadə 1812-ci ildə Azərbaycanın Nuxa (indiki Şəki) şəhərində doğulub. Atası nəslən Təbriz şəhəri yaxınlığındakı Xəmnə kəndindəndir. Babası Xəmnənin kəndxudası olub. Mirzə Məhəmmədtağı, əsasən, ticarətlə məşğul olub və Şəkiyə də bu məqsədlə gəlib. Burada Fətəlinin iki yaşı olanda atası və anası Nanə xanım ticarət işləri ilə bağlı Şəkidən Xəmnə kəndinə köçüblər. İki yaşlı Fətəli də onlarla gedib və yeddi il Xəmnədə yaşayıb. Burada ilk dini təhsil alıb. Anası ərindən boşanandan sonra oğlunu da götürərək 1821-ci ildə Şəkiyə qayıdıb.
Mirzə Fətəli Axundzadə 10 mart 1878-ci ildə ağır ürək xəstəliyindən vəfat edib. Özünün vəsiyyətinə görə onu Tiflisdə, müəllimi Mirzə Şəfi Vazehin məzarı yanında dəfn ediblər.
“Molla İbrahimxəlil kimyagər” Mirzə Fətəlinin ilk komediyasıdır. Elə ilk komediya da onun müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı hansı işıqlı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrin özünü və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib.
“Molla Ibrahimxəlil kimyagər” komediyasında qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. “Dərviş Məstəli şah” dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır.
Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası müəyyən mənada tarixi xarakter daşıyır. Lakin dramaturqun bu komediyası Azərbaycanın tipik surətlərini indi də siyasi – ictimai kontekstdə, kinayəli sarkazmla, kəskin satira ilə cilalanan və eyni zamanda vəziyyət komediyası janrının estetik prinsiplərinə əsaslanan forma-üslubda yazılıb. Dramaturq tarixi hadisələrin müasir dövrün insani psixologiyası, çağdaşlarının primitiv dünyagörüşləri, zamanın məişət abu-havası ilə həssaslıqla əlaqələndirə bilib. Eyni zamanda komik hadisələrə kəskin ictimai motivlər aşılaya bilib.
Məişət komediyası janrı “Xırs quldurbasan” səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. Cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib.
Öyüd-nəsihət verən, insanları pis və bəd, yaramaz və rəzil əməllərdən çəkinməyə çağıran Divanbəyi obrazı Mirzə Fətəlinin “Hacı Qara” komediyasında Naçalnik surəti kimi verilib. Lakin bu komediyasından əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan “Lənkəran xanının vəziri” əsərini tamamlayıb.
“Mürafiə vəkilləri” (bəzən “Təbriz vəkilləri” yazılıb) Mirzə Fətəlinin sonuncu dram əsəridir. Dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik tələblərinə daha yaxındır. Mirzə Fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsİ, dünyaya açıq gözlə baxması, qətiyyəti, iradəsi ilə seçilən Səkinə obrazı yaradıb. Məhz bu insani keyfiyyətlərinə görə o, nadürüst, haramzada Təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək haqqı uğrundakı çətin mübarizədə qalib gəlir.
Mirzə Fətəli Axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün xarakterik olan vəkillər Ağa Salman və Ağa Mərdan, bazar darğası Hacı Rəcəbəli, ləçər, bihəya və riyakar Zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan Ağa Həsən kimi bədii obrazlar yaradıb.
Mirzə Fətəli Axundzadənin komediyaları (“Təmsilat”ı) milli ədəbiyyatımızda yeni janrın bünövrəsini qoyub. Mirzə Fətəli Axundzadənin pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişib formalaşmaları üçün təməl olub.
Comments are closed, but trackbacks and pingbacks are open.