Press "Enter" to skip to content

Azəbaycan respublikası.bakı-2001

«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanında və Nazirliyin Əsasnaməsində gənclər təşkilatlarının formalaşmasına və inkişafına kömək göstərilməsi nazirlik qarşısında əsas vəzifələrdən biri kimi qoyulmuşdur.

Azəbaycan respublikası.bakı-2001

İxtisas: 5503.02 – «Vətən tarixi» Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın

A V T O R E F E R A T I

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Hər bir ölkənin maddi və mənəvi tərəqqisi cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin sosial-psixoloji vəziyyətindən, həyat və fəaliyyət şəraitindən, əmək fəaliyyətindən bilavasitə asılıdır. İctimai-iqtisadi münasibətlərin təkmilləşdirilməsində gəncliyin, gənclər hərəkatının böyük rolu vardır. Gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Ona görə də, cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən bilavasitə asılıdır.

Azərbaycan Respublikasında gənclər hərəkatının təşəkkül tapmasına və inkişafına təsir edən amillərin öyrənilməsi, müasir dövrdə ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərinin, prinsiplərinin, metodlarının, vasitə və formalarının tədqiqi gənclərin ictimai-siyasi dəyişikliklərdə rolunu və yerini dərindən dərk etməyə və qiymətləndirməyə kömək edir.

Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.( Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu. 9 aprel 2002-ci il // «Gələcək gənclərindir», Bakı: Azərbaycan, 2004, s. 410-416.) Gənclər siyasətinin əsas məqsədi yaşı 29-dək olan insanların fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.

Dövlətin gənclər siyasətinin çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə bağlı məsələləri əhatə edir.

Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur. Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsində də gənclərin böyük xidmətləri olmuşdur. Sovet imperiyasına qarşı azadlıq mübarizəsinin, Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. Lakin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə bağlı, demək olar ki, heç bir iş aparılmırdı, başlı-başına buraxılmış gənclərin bir çoxu xalqımızın mənəvi dəyərlərinə zidd vərdişlərə qurşanmış, bəziləri isə ölkədə nizami ordu olmaması səbəbindən fərarilik edərək ölkəni tərk etmişdilər.

Hakimiyyət hərc-mərcliyi, siyasi qeyri-sabitlik və bütün bunların məntiqi nəticəsi olaraq torpaqlarımızın bir hissəsinin işğalı gənclərimiz arasında pessimist əhval-ruhiyyənin artmasına, milli dövlət məsələlərinə laqeyd münasibətin formalaşmasına, vətənpərvərlik hisslərinin azalmasına gətirib çıxarmışdı.

Yalnız 1993-cü ilin iyununda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan anarxiya və özbaşınalıq məngənəsindən çıxa bildi. Həmin həyəcanlı günlərdə Heydər Əliyev xalqın çağırışına səs verərək, xilaskarlıq missiyasını öz üzərinə götürdü, ölkəni vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi.

Böyüməkdə olan nəslin və gənclərin mənəvi-etnik tərbiyəsinin möhkəmləndirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyevin hələ 70-ci illərdə gənclərlə bağlı həyata keçirdiyi ideya və proqramlar artıq yeni, müasir şəraitdə konkret işlərdə təzahür etməyə başladı. Gənclər siyasəti sahəsində sabit tərəqqi təmin edildi, dövlət gənclər siyasətinin milli hüquqi – qanunvericilik bazası formalaşdırılmağa başlandı. Tam əminliklə demək olar ki, Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanılmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk anlardan Heydər Əliyev atdığı hər addımında, qəbul etdiyi hər qərarında öz xalqına, onun gəncliyinə güvənmiş, gənclərin enerjisinə, gələcəyə olan böyük ümidlərinə istinad etmişdir.(Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il. Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s.164-182.)

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşmaları üçün onlara münbit şərait yaradılması, bütövlükdə gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirməsi Heydər Əliyevin dövlət rəhbəri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi.

Bütövlükdə, 1993-2003-cü illərdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində mühüm təcrübə qazanılmışdır. Bu gün gənclər problematikası ilə məşğul olan ictimai elmlər, o cümlədən tarix elmi qarşısında müstəqillik illərində Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tarixi təcrübəsini, xüsusiyyətlərini, nəticələrini tədqiq etmək, bu əsasda ölkədə gənclərlə bağlı strategiyanın təkmilləşdirilməsi üçün təklif və tövsiyələr hazırlamaq kimi mühüm vəzifələr durur. Təqdim olunan dissertasiya işi bu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardan biri kimi mühüm aktuallıq kəsb edir.

Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiyanın xronoloji çərçivəsi onun vəzifələri ilə müəyyənləşir və əsasən 1993-2003-cü illəri əhatə edir.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993- 2003-cü illərdə dövlət gənclər siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, bu sahəni tənzimləyən normativ-hüquqi baza yaradılmış, gənclər siyasətini həyata keçirən dövlət strukturları formalaşdırılmış, gəncliyin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, mənəvi-iqtisadi problemlərinin həllinə yönəlmiş proqram və layihələr həyata keçirilmişdir. Mövzunun tam açılması üçün 1993-cü ilə qədər Azərbaycanda gənclərlə iş sahəsində mövcud olmuş vəziyyət təhlil edilmiş, əvvəlki mərhələdə gəncliyə münasibətin siyasi əsasları nəzərdən keçirilmişdir. Bu, birinci növbədə gənclərlə bağlı həyata keçirilmiş siyasətin əsas problemlərinin müəyyənləşdirilməsi baxımından zəruri olmuşdur.

Tədqiqatın obyekti və predmeti. Dissertasiyanın obyekti kimi Azərbaycan Respublikasının dövlət gənclər siyasəti seçilmişdir. Heydər Əliyevin gənclərlə bağlı çoxşaxəli fəaliyyətinin bütün aspektləri, Azərbaycanda vahid gənclər siyasəti və dövlət strukturlarının formalaşdırılması, ölkə gənclərinin sosial-iqtisadi, mənəvi ehtiyaclarının ödənilməsi, cəmiyyət həyatının bütün sahələrində onların iştirakının təmin edilməsi, Azərbaycan gəncliyinin həyat dinamikası tədqiqatın əsas predmetini təşkil edir.

Mövzunun öyrənilmə səviyyəsi. Qeyd etməliyik ki, müstəqillik illərində Azərbaycanda dövlət gənclər siyasətinə, gənclər hərəkatının vəziyyətinə, gənclərimizin sosial-mənəvi problemlərinə, ölkənin ictimaisiyasi, mədəni həyatında iştirakına, xarici əlaqələrinə aid xüsusi tədqiqat əsərləri hələlik işıq üzü görməsə də, son dövrlərdə nəşr edilmiş ədəbiyyatda mövzu ilə bağlı bir sıra məqamlar diqqəti cəlb edir. Heydər Əliyevin siyasi-nəzəri irsinin, dövlətçilik fəaliyyətinin tədqiqinə həsr edilmiş fundamental əsərlərdə (Abdullazadə F.H. Heydər Əliyev: siyasi portret. Bakı: XXI əsr, 1998; Axundova E.H. Heydər Əliyev: Şəxsiyyət və zaman: 4 cilddə, Bakı: Ozan, 2007; Cəfərov N.Q. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə. Bakı: Çaşıoğlu, 2004; Hacıyev İ.M. Heydər Əliyev və tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003;) ümummilli liderin gənclərin cəmiyyətdə yeri, təhsili, mənəvi tərbiyəsi, vətəndaşlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə bağlı fikir və düşüncələri ümumi şəkildə də öz əksini tapmışdır.

Xüsusilə, R.Ə.Mehdiyevin (Mehdiyev R.Ə. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı: AMEA Nəşriyyatı, 2001; Yenə onun. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: 2 cilddə, Bakı: XXI-YNE, 2008) Y.M.Mahmudovun(Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002; yenə onun; Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: Təhsil, 2011) əsərlərində Heydər Əliyevin siyasi fəaliyyətində, nəzəri irsində mühüm yer tutan cəmiyyətin mənəvi problemləri, milli ideologiyanın əsasını təşkil edən Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi gənc nəslin mədəni-mənəvi ehtiyacları ilə bağlı məsələlər öz əksini tapmışdır.

Azərbaycanın müstəqillik dövrü tarixinə həsr edilmiş əsərlərdə (Azərbaycan milli dövlət quruculuğu yollarında. Bakı: Azərnəşr, 1996; Qaffarov T.B. Azərbaycan Respublikası Əsrə bərabər on il (1991-2001). Bakı: Tural, 2001; ) gənclər siyasəti ilə bağlı bir sıra məsələlərə toxunulmuş xüsusən, «Azərbaycan Respublikası 1991-2001-ci illər» adlı kitabda (Azərbaycan Respublikası. 1991-2001. Bakı: XXI Yeni nəşrlər evi, 2001) Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafı ayrıca paraqraf kimi nəzərdən keçirilmişdir.

H.R.Cəfərovun Azərbaycanda gənclər hərəkatının tarixinə aid monoqrafiyalarında (Cəfərov H.R. Azərbaycanda gənclər hərəkatı (XX əsr). Bakı: Nurlan, 2009; Yenə onun Azərbaycanda gənclər hərəkatının təşəkkülü və inkişafı. Bakı: Nurlan, 2008) müstəqillik dövründə Azərbaycanda gənclər hərəkatına ayrıca fəsil həsr edilmişdir. Fəsildə ölkədə dövlət gənclər siyasətinin formalaşması və inkişafı, gənclərin respublikanın ictimai-siyasi və sosialmədəni həyatında iştirakı məsələləri (2007-ci ilə qədər) təhlil edilmişdir. H.R.Cəfərovun əsərləri Azərbaycanda gənclər hərəkatının ümumi tarixinə həsr edildiyindən, 1993-2003-cü illərdə Heydər Əliyevin gənclər siyasəti də məhz bu kontekstdən işıqlandırılmışdır.

R.A.Hacının namizədlik dissertasiyası (Hacı R.M. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakı. Tarix elm. nam. . dis. avtoref. Bakı: 2008) mövzusu araşdırılan problemlə bilavasitə bağlı olsa da, orada məsələlər əsasən 80-ci illərin sonu-90-cı illərin I yarısını əhatə edir və gənclərin ictimai-siyasi və mədəni fəaliyyətinə həsr edilmişdir.

Mövzuya aid ədəbiyyatın əksər hissəsini müxtəlif mətbuat səhifələrində işıq üzü görmüş məqalələr təşkil edir.(Qarayev Ə. Müstəqil Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti // Dirçəliş-XXI əsr, 2004, №72, s. 59-69; Gənclərimiz dünya ilə dost olmaq istəyir. «Azərbaycan» qəzeti, 2001, 10 aprel;) Publisist xarakter daşımasına baxmayaraq, onlardakı müəyyən faktiki material mövzunun işlənməsində müəyyən rol oynamışdır.

Bütövlükdə müasir dövrdə Azərbaycan Respublikasında gənclər siyasətinin, gənclər hərəkatının öyrənilməsi və tədqiqi ictimai elmlər qarşısında duran əsas məsələlərdəndir. Təqdim olunan dissertasiya məhz bu istiqamətdə atılan ilk addımlardan biri sayılmalıdır.

Tədqiqatın mənbə bazası. Dissertasiyanın əsas mənbəşünaslıq bazasını Heydər Əliyevin zəngin elmi-mənəvi irsi, onun dövlət quruculuğu, mənəvi dəyərlərin və milli-mədəni sərvətlərin qorunub saxlanılması sahəsində gənclərin roluna dair fikirləri təşkil edir.

Ümummilli liderimizin gənclərin cəmiyyətdəki roluna, statusuna, onların dövlət quruculuğu, siyasi-ictimai və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı vəzifələri, gənc nəslin mənəvi və vətəndaşlıq tərbiyəsi, sosial-iqtisadi problemlərinin həlli ilə bağlı fikirləri çoxsaylı çıxış və nitqlərində öz əksini tapmışdır.(Əliyev H.Ə. Ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdə nitq. 30 avqust 2002-ci il, Gələcək gənclərindir, Bakı: Azərbaycan, 2004, 357-362;) Heydər Əliyevin bilavasitə gənclər haqqındakı çıxışları, həm də gəncliyin cəmiyyətdəki yeri, onların problem və vəzifələri ilə bağlı məsələləri əks etdirən digər fikirləri onun əsərlərindən ibarət toplu və məcmuələrdə toplanmışdır.(Azərbaycan beynəlxalq aləmdə. 7 cilddə, Bakı: Göytürk, 1996-2007-ci illər; Azərbaycan Prezidentinin gənclərlə görüşü. Bakı: Sabah, 1997;)

Mühüm digər qrup mənbələr sırasına Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi imzaladığı müxtəlif fərmanlar, sərəncamlar, proqramlar daxildir ki, onlar gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini, istiqamətlərini öyrənməyə imkan verir. (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (ARGİN) haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1994, 27 iyun;)

Mənbələr sırasına, həmçinin 1993-2003-cü illərdə və sonrakı dövrdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətini özündə ehtiva edən müvafiq qanunvericilik aktları və qərarları, dövlət proqramları daxildir. Hər iki qrupa aid mənbələr həm Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həm dövri mətbuatda, həm də müxtəlif toplularda nəşr edilmişdir.(Azərbaycan dövlət quruculuğunda gənclərin rolu. Bakı: ADBTİ-nin mətbəəsi, 1998; Azərbaycan gəncliyi. Dövlət Proqramı. 2005-2009-cu illər. «Azərbaycan» qəzeti, 2005, 2 sentyabr;)

Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bilavasitə məşğul olan Gənclər və İdman Nazirliyinin Cari Arxivinin materialları ölkədə gənclərlə bağlı görülən işləri, toplanmış təcrübəni araşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.( Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Cari Arxivi. 1993-2005-ci illər.)

Azərbaycanda 1993-2003-cü illərdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin əsas mərhələlərini, nəticələrini araşdırmaq, gənclərin sosial-iqtisadi, mənəvi-mədəni ehtiyaclarının təmin edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətinin, gənclərin siyasi, ictimai, mədəni həyatda iştirakını öyrənmək baxımından Gənclər və İdman Nazirliyinin, digər dövlət strukturlarının, gənclər təşkilatlarının müxtəlif xarakterli sənədləri (normativ aktlar, hesabatlar, arayışlar, proqramlar) mühüm əhəmiyyət kəsb edən mənbələrdir.(Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyəti haqqında arayış Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti. İnformasiya bülleteni (ARDGS İB). Bakı: Elm, 2001, №6, s.50-90;)

Ölkə gənclərinin təhsil, mədəni məşğulluq səviyyəsinin dinamikasını öyrənmək baxımından müxtəlif statistik məlumat kitablarından dissertasiya yazılarkən geniş istifadə edilmişdir.(Azərbaycan dövlət quruculuğunda gənclərin rolu. Bakı: ADBTİ-nin mətbəəsi, 1998, 82 s.; Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti. İnformasiya bülleteni, Bakı: Elm, 1998-2001-ci illər, №1-6;) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışlarında, imzaladığı dövlət proqramlarında Heydər Əliyevin gənclər siyasətinin mahiyyətini daha dərindən anlamaq baxımından mühüm məqamlar mövcuddur və onlardan da mənbə kimi istifadə edilmişdir.( Azərbaycan gəncliyi. Dövlət Proqramı. 2005-2009-cu illər. // «Azərbaycan» qəzeti, 2005, 2 sentyabr; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı. «Azərbaycan müəllimi» qəzeti, 2007, 20 aprel.)

Tədqiqatın məqsəd və vəzifələri. Elmi problemin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, tədqiqatın əsas məqsədi kimi Heydər Əliyevin gənclərlə bağlı siyasi və nəzəri irsinin araşdırılması, Azərbaycan Respublikasının dövlət başçısı kimi vahid gənclər siyasətinin hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyətinin öyrənilməsi, ölkəmizdə 1993-2003-cü illərdə gənclərlə bağlı həyata keçirilən strategiyanın əsas nəticələrinin tədqiq edilməsi müəyyənləşdirilmişdir.

Göstərilən məqsədə uyğun olaraq aşağıdakı məsələlərə xüsusi diqqət yetirilmişdir:

– Müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində Azərbaycanda gənclərin vəziyyəti, gənclərlə bağlı həyata keçirilən siyasətin təhlili;

– Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə gənclərlə bağlı vahid dövlət siyasətinin hazırlanaraq həyata keçirilməsi, dövlət idarəetmə strukturlarının formalaşdırılması, gənclər siyasətinin normativhüquqi bazasının yaradılması və təkmilləşdirilməsi prosesinin izlənilməsi;

– Heydər Əliyevin başçılığı altında Azərbaycan gənclərinin sosial, iqtisadi problemlərinin həlli istiqamətində ölkədə həyata keçirilən tədbirlərin işıqlandırılması;

– Bu məqsədlə qəbul edilmiş proqram və layihələrin məzmununun və tətbiqinin nəticələrinin təhlili;

– Heydər Əliyevin gənclərin mənəvi tərbiyəsinin yaxşılaşdırılması, onların ölkənin layiqli vətəndaşları kimi yetişmələri üçün irəli sürdüyü fikir və ideyaların öyrənilməsi;

– Ulu öndərin dövlət rəhbəri kimi gənclərin mədəni-mənəvi inkişafı sahəsində həyata keçirdiyi strateji kursun əsas mahiyyətinin və məzmununun açılması;

– Uşaqların hüquqlarının təmin edilməsi sahəsində Azərbaycanda 1993- 2003-cü illərdə həyata keçirilən hüquqi, siyasi və təşkilati tədbirlərin təhlili;

– Ölkənin ictimai, siyasi, mədəni həyatında gənclərin iştirakının genişləndirilməsi, gənclərin təşkilatlanması, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması və inkişafı istiqamətində həyata keçirilən işlərin təhlili;

– Gənclərin problemlərinin həlli, onların maraq və mənafelərinin müdafiəsi sahəsində gənclər təşkilatlarının fəaliyyəti, bu fəaliyyətin səmərəliliyinin müəyyənləşdirilməsi.

– İctimai həyatın bütün sahələrində gənclərin və onun müxtəlif qruplarının yerini və rolunu müəyyən edən statistik göstəricilərin, gənclərin hüquq və təminatlarına dair normativ hüquqi sənədlərin öyrənilməsi;

– Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişafı, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində onların fəaliyyətinin öyrənilməsi;

– Dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının gənclər siyasətinin həyata keçirilməsi sahəsində qazandıqları təcrübənin təhlili.

Dissertasiya işinin metodoloji əsası. Heydər Əliyevin gənclərlə bağlı irəli sürdüyü elmi-nəzəri müddəalar, gənclərin mənəvi tərbiyəsi ilə bağlı strategiyası, bütövlükdə böyük öndərin dərin fəlsəfi-sosioloji irsi dissertasiyanın əsas nəzəri-ideoloji bazasını təşkil edir. Əsas tədqiqat prinsipləri kimi tarixi yanaşma, obyektivlik, formal-məntiqi və müqayisəli təhlil metodları tətbiq edilmiş, cəmiyyətin sosial-demoqrafik qrupu olan gənclərin problemlərinin kompleks öyrənilməsinə həsr edilmiş metodoloji xarakterli ədəbiyyatdan da geniş istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Dissertasiyada Azərbaycanın müasir tarixşünaslığında ilk dəfə olaraq dövlət gənclər siyasətinin formalaşması və həyata keçirilməsi istiqamətində Heydər Əliyevin titanik fəaliyyəti kompleks şəkildə tədqiq edilmişdir.

– Gənclərlə bağlı Heydər Əliyevin siyasi-nəzəri görüşləri, həyatın müxtəlif sahələrində gənclərin fəallıq təzahürü ilk dəfə olaraq tədqiqat obyekti olmuşdur.

– 1993-2003-cü illərdə Azərbaycan cəmiyyətində gənclərin vəziyyəti, müxtəlif həyat sahələrində onun yeri və rolu kompleks şəkildə araşdırılmışdır.

– Müstəqillik dövrünün mühüm mərhələsi olan 1993-2003-cü illərdə dövlət gənclər siyasətinin əsas məqsədləri, prinsipləri, istiqamətləri, həyata keçirilmə mexanizmləri araşdırılmış, ölkədə bu sahədə qazanılmış təcrübə və nəticələr ümumiləşdirilmiş, gənclər siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə rəy və təkliflər irəli sürülmüşdür.

– İlk dəfə olaraq gənclər tərəfindən yaradılmış qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, onların gənclərin hüquq və mənafelərinin müdafiəsində rolunun təhlilinə cəhd edilmişdir.

Gənclərin beynəlxalq əlaqələrinin inkişafı dövlətin ümumi xarici siyasət kursu ilə sıx əlaqədə işıqlandırılmışdır. Bütövlükdə gənclər siyasəti Heydər Əliyevin milli inkişaf strategiyası kontekstindən təhlil edilmişdir.

Dissertasiyanın nəzəri və əməli əhəmiyyəti. Təqdim olunan dissertasiya işi Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsində, gənclərin mənəvi, vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsində, bütövlükdə Azərbaycanda gənclər siyasətinin və gənclər hərəkatının daha geniş şəkildə araşdırılmasında mühüm vasitə rolunu oynaya bilər. Dissertasiyanın əsas müddəaları və nəticələri tədris vəsaitlərinin, mühazirə və xüsusi kursların hazırlanmasında, gənclər siyasəti ilə məşğul olan dövlət və qeyri-dövlət qurumlarının, siyasi partiyaların işinin təkmilləşdirilməsində geniş istifadə oluna bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiyanın mövzusu AMEA Tarix İnstitutu Elmi Şurasının 7 may 2010-cu il tarixli iclasında təsdiq olunmuş, iş institutun “Əliyevşünaslıq” şöbəsində yerinə yetirilmişdir. Müəllifin dissertasiya mövzusuna dair məqalələri müxtəlif elmi məcmuələrdə və jurnallarda dərc edilmişdir. Dissertasiya AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin 30 aprel 2012-ci il tarixli iclasında müzakirə olunmuş və müdafiəyə məsləhət görülmüşdür.

Dissertasiyanın quruluşu. Dissertasiya işi giriş, üç fəsil, nəticə, istifadə edilmiş mənbə və ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın «Giriş» hissəsində tədqiqatın aktuallığı, elmi əhəmiyyəti əsaslandırılmış, öyrənilmə səviyyəsi və mənbəşünaslıq bazası təhlil edilmiş, məqsəd və vəzifələri, elmi yeniliyi müəyyənləşdirilmişdir.

«Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasətinin təşəkkül tapması» adlı birinci fəslin birinci yarımfəslində 70-ci illər və 80-ci illərin birinci yarısında Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-də gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, əldə edilmiş uğurlar, müstəqilliyin ilk illərində ölkə gənclərinin problemləri qısa təhlil edilmişdir.

Heydər Əliyevin başçılığı altında Azərbaycan SSR-də cəmiyyətin bütün sahələrində həyata keçirilən kompleks tədbirlər gənclər siyasətində də öz əksini tapmış, gənclərin maddi və mənəvi problemlərinin həlli, onların həyat şəraitinin, mədəni-təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində çox ciddi dönüş baş vermişdir. Respublikada mənəvi-psixoloji iqlimin yaxşılaşdırılması, neqativ hallara qarşı ardıcıl və prinsipial mübarizə gənclərin sosial-siyasi fəallığının artmasına səbəb olmuş, onlar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəal iştirak etməyə başlamışdılar.

Bu dövrdə Heydər Əliyevin gənclərlə bağlı yeritdiyi siyasət öz müsbət nəticəsini vermiş, gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş, gənclərin fəallığı həyatın bütün sahələrində təzahür etməyə başlamış, Azərbaycan gəncliyi ölkəmizin dinamik inkişafında mühüm xidmətlər göstərmişdir.

80-ci illərin sonlarından Azərbaycan gəncliyinin həyatında totalitar sovet sisteminin iqtisadi, siyasi, mənəvi, ideoloji böhranı və süqutu ilə əlaqədar olaraq yeni mərhələ başlandı. Yenidənqurmanın sosial-iqtisadi və mənəvi fəsadları birinci növbədə gənclərə təsir göstərirdi. Respublika əhalisinin 60%-ni təşkil edən gənclərin, xüsusən 30 yaşına qədərki nəslin sosial problemləri daha da kəskinləşmişdi.

80-ci illərin sonu-90-cı illərin əvvəllərində Azərbaycan gəncliyinin qarşısında siyasi, iqtisadi, mənəvi sahələrdə bir sıra həlli vacib, mürəkkəb vəzifələr və problemlərin durmasına baxmayaraq, mövcud şəraitdə gənc nəslin həyat fəaliyyəti üçün mütərəqqi şəraitin yaradılmasına yönəldilmiş səmərəli dövlət gənclər siyasətini formalaşdırmaq və həyata keçirmək mümkün olmadı. Dövlət gənclər siyasətini özündə ehtiva edən bir sıra addımlar atılsa, o cümlədən müvafiq qanun qəbul edilsə də təşkilati mexanizmlərin, maliyyə-iqtisadi resursların olmaması, bütövlükdə mövcud ictimai-siyasi və iqtisadi şərait vahid dövlət gənclər siyasətinin hazırlanıb həyata keçirilməsinə imkan yaratmadı. Nəticədə gənclərlə iş sahəsində böyük boşluq yarandı.

Birinci fəslin «Heydər Əliyev və gənclərlə bağlı yeni dövlət siyasəti və strukturlarının formalaşması» adlı ikinci yarımfəslində 1993-cü ildən sonra Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması prosesi işıqlandırılmışdır.

1993-cü ilin iyununda Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasında ali siyasi hakimiyyətə qayıdışı ölkəmizi ağır fəlakətlərdən, parçalanmaqdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə gənc nəslə qayğı və diqqət dövlətin ən vacib fəaliyyət istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev uşaq, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinin və prinsiplərinin müəyyənləşdirilməsi, onların sosial-iqtisadi, mənəvi problemlərinin aradan qaldırılması, ictimai-siyasi fəallıqlarının artırılması və yenidən təşkilatlanması üçün kompleks strategiya işləyib hazırladı və həyata keçirməyə başladı.

1993-cü ilin sentyabrında Azərbaycan Respublikası Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev ölkənin bir qrup gənci ilə görüşmək üçün vaxt taparaq onların respublikanın və gəncliyin problemlərinə dair fikir və mülahizələrini dinlədi, gənclərə öz tövsiyələrini verdi. Proqram xarakterli bu çıxışında Heydər Əliyev Azərbaycanın düşdüyü mürəkkəb şəraiti dərindən təhlil edərək gəncləri ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırdı.( Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il // Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s.164-182)

Hərbi əməliyyatların dayandırılması, ictimai-siyasi sabitliyin və qanunçuluğun təmin edilməsi ilə ölkənin qarşısında duran mürəkkəb sosialiqtisadi, ictimai-siyasi problemlərin həlli üçün ilkin şərait yarandı. Ölkə vətəndaşlarının üçdə bir hissəsini təşkil edən gənc nəslin problemlərinin həllini özündə ehtiva edən vahid gənclər siyasətinin formalaşdırılması istiqamətində də ilk səmərəli tədbirlər həyata keçirilməyə başlandı.

1994-cü ildə gənclərlə iş sahəsində vahid dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) yaradıldı. Qısa zaman kəsiyində Gənclər və İdman Nazirliyin strukturları formalaşdırıldı, maliyyə və maddi-texniki təchizatı ilə bağlı məsələlər öz həllini tapdı.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin I Forumu işə başladı. Müstəqil Azərbaycan gənclərinin ilk mötəbər toplantısında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev proqram xarakterli çıxış edərək, Azərbaycan gəncləri qarşısında duran əsas vəzifələri müəyyənləşdirmiş, onların problemlərinin həlli yollarını göstərmişdir.

Azərbaycan gənclərinin I Forumundan sonra gənclərlə bağlı dövlət siyasəti daha mütəşəkkil və məqsədəuyğun şəkildə aparılmağa başlandı. Prezident Heydər Əliyev bu işlərə bilavasitə rəhbərlik edirdi.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin Birinci Forumunun keçirildiyini nəzərə alaraq Azərbaycan Prezidenti elə həmin gün imzaladığı sərəncamla 2 fevralın «Azərbaycan gənclər günü» elan edilməsi haqqında sərəncam verdi. Bununla da ölkəmizdə gənclər bayramının qeyd edilməsi mütərəqqi bir ənənəyə çevrildi.

1999-cu il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Dövlət gənclər siyasəti» haqqında fərman imzaladı. Fərmanda Azərbaycan gəncliyinin XX əsrdə keçdiyi yola nəzər salınmış, xalqımızın əldə etdiyi uğurlarda onun rolu qeyd edilmiş, müstəqillik əldə edildikdən sonra gənclər siyasəti sahəsində atılan addımlara toxunulmuşdur. Fərmanda dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlərin mövcudluğu qeyd edilir, bu problemlərin elmi şəkildə öyrənilməsi, ayrı-ayrı dövlət hakimiyyətinin və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması vacibliyi vurğulanırdı.

Bütövlükdə 1997-2000-ci illərdə dövlət gənclər siyasətinin normativhüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görülmüşdü. Həmin illərdə uşaq və gənclərin fiziki, mənəvi vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, sosial-iqtisadi problemlərini həll etmək üçün bir sıra qanunvericilik aktları və dövlət proqramları qəbul olunmuşdu.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 35.) Eyni zamanda Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapmışdı.

Azərbaycan Respublikasının Prezidentinin 6 may 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş «Dövlət gənclər siyasəti haqqında» 3 fəsildən və 14 maddədən ibarət qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi və bu sahədə yaranan münasibətləri tənzimləməyə başladı.(Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu. 9 aprel 2002-ci il // «Gələcək gənclərindir», s. 410-416)

1993-cü ildən sonra Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin hüquqi-normativ bazası və təşkilati mexanizmləri formalaşmış, gənclər siyasətinin əsas prinsipləri, məzmunu, istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda dövlətin vahid gənclər siyasətinin əsaslarını müəyyən edən və həyata keçirən mükəmməl milli qanunvericilik və idarəçilik sistemi mövcuddur.

Dissertasiyanın II fəsli «Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətləri» adlanır. Fəslin birinci yarımfəslində Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi problemlərinin həlli istiqamətlərində görülən işlər, qazanılan təcrübə ümumiləşdirilmişdir.

Azərbaycan Respublikasında 1993-cü ildən sonra həyata keçirilməyə başlayan dövlət gənclər siyasətinin əsas məqsədlərindən biri gənclərin şəxsiyyət kimi formalaşması və inkişafı, onların cəmiyyətin sosial-iqtisadi, siyasi, mənəvi tərəqqisində yaxından iştirakının təmin edilməsindən ibarətdir.

Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində həyata keçirilmiş düşünülmüş, məqsədyönlü milli strategiya, ölkə həyatının bütün sahələrində olduğu kimi gənclərlə iş sahəsində də canlanma yaratdı, onların spesifik sosial-iqtisadi problemlərinin həllində ciddi uğurlar əldə edildi.

Heydər Əliyev gənclərin problemləri ilə bilavasitə tanış olmağa üstünlük verir, dövlət orqanlarından, vəzifəli şəxslərdən gənclərə diqqəti artırmağı, onların problemlərinin həlli ilə yaxından məşğul olmağı, irəli sürdükləri təkliflərin həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görməyi tələb edirdi.

Heydər Əliyevin rəhbərliyi altında 1996-cı ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar və dövlət proqramları sosial-iqtisadi inkişafın dönməzliyini, mövcud problemlərin aradan qaldırılmasını təmin etməklə yanaşı, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına da əlverişli şərait yaratmış, cəmiyyətin həyatında onların daha fəal iştirakı üçün hüquqi-siyasi, sosial, iqtisadi təminatlar yaradılmasını sürətləndirmişdi.

Gənclərin sosial-iqtisadi problemlərinin həllində dövlət gənclər siyasətinin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş proqramlar mühüm rol oynamışdı.

Gənc ailələrə dövlət qayğısının artırılması məqsədi ilə ölkənin aparıcı mütəxəssis və ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «Gənc ailə» proqramı hazırlandı.(Gənc ailə proqramı. ARDGS. İB. Bakı, 2000, № 2, s. 27-38)

Gənclər və İdman Nazirliyi kiçik və orta sahibkarlıqla məşğul olan gənc sahibkarların problemləri, qarşılaşdıqları bürokratik maneələrin səbəblərini araşdırmaq, bu sahənin inkişafında gənclərin rolunun artmasına şərait yaratmaq məqsədi ilə mütəmadi olaraq sosioloji tədqiqatlar, təhlillər aparır, dəyirmi masalar, seminar və konfranslar təşkil edirdi. Təkcə 2000- ci illərin əvvəllərində sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq, kurs və seminarlarda 3000-dək sahibkar xüsusi hazırlıq keçmişdi ki, onların əksəriyyətini gənclər təşkil etmişlər. 2002-ci ildə Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən «Sahibkarlığın inkişafında gənclərin rolunun artırılması» mövzusunda isə dəyirmi masanın keçirilməsi gənc sahibkarların problemlərinə dövlət səviyyəsində diqqətin artmasını sübut edirdi.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 32-34)

Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini qaçqın və köçkün gənclərin sosial müdafiəsini və cəmiyyətə inteqrasiyasını təmin etmək, onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanılması təşkil edirdi. 90-cı illərin ortalarında Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkün əmək qabiliyyətli 260-312 min gəncin yalnız 45 mini işləyən gənclər idi, qalan 115 min nəfər gənc isə işsiz idi. 191.346 qaçqın isə təhsil alırdı.(Gənclər və problemlər. «Azərbaycan Ordusu» qəzeti, 1996, 5 mart.) Heydər Əliyev bu təbəqələrdən olan gənclərə xüsusi qayğı, diqqət göstərməyi bütün dövlət orqanlarının, birinci növbədə Gənclər və İdman Nazirliyinin əsas vəzifəsi hesab edirdi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar dövlət gənclər siyasətinin səmərəli reallaşmasına, gənclərin sosial-iqtisadi problemlərinin həlli üçün əlverişli şəraitin formalaşmasına müsbət təsir göstərmişdi.

II fəslin ikinci yarımfəslində Heydər Əliyevin Azərbaycan gənclərinin mədəni-mənəvi inkişafı sahəsində xidməti təhlil edilmişdir.

Heydər Əliyev gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərini gücləndirmə sahəsində məqsədyönlü və sistemli iş aparılmasını bütün dövlət orqanları, təhsil müəssisələri, ictimai təşkilatlar qarşısında dövlət gənclər siyasətinin təxirə salınmaz məqsədi kimi müəyyənləşdirmişdi.

Heydər Əliyev gənclərin mənəvi tərbiyəsində vətəndaşlıq hisslərinin formalaşmasında tədrisin, təhsilin çox böyük əhəmiyyətə malik olduğunu göstərir, bunu təhsilimizin əsas istiqaməti, məktəblərin, müəllimlərin borcu hesab edirdi. Təhsili millətin gələcəyi hesab edən böyük öndər təhsilin əsas məqsədini Azərbaycan vətəndaşını hazırlamaqda görürdü.

Heydər Əliyevin məktəb qarşısında qoyduğu mühüm vəzifələrdən biri də vətəndaşlıq tərbiyəsi konsepsiyasının əsas sahələrindən olan Azərbaycanın müstəqilliyinin atributlarının təbliği ilə əlaqədar idi. Heydər Əliyev məktəblərdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənasını, məzmununu geniş tədris etməyi, vətənpərvərlik hisslərinin insanlara uşaq vaxtlarından aşılanmasını tövsiyə edirdi. Onun üçün Azərbaycan bayrağı sadəcə bayraq deyil, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi idi. Bayrağa olan məhəbbət, eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətdir.(Əliyev H.Ə. Yeni dərs ilinin başlanması münasibətilə Bakıda 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə çıxış. 1 sentyabr 1997-ci il // «Gələcək gənclərindir». Bakı: Azərbaycan, 1997, s. 162-169.)

Heydər Əliyev bizə gənclərin vətəndaşlıq tərbiyəsinin, mənəvi tərbiyəsinin bütün aspektlərini özündə birləşdirən bütöv elmi nəzəriyyə, zəngin irs qoyub getmişdir.

O, gənclərin tərbiyəsində milli ənənələrin, milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə vəhdətdə götürülməsi, bunun gənclərimizin mənəvi kodeksini təşkil etməsini, gənclərlə işin bu istiqamətdə aparılmasını tövsiyə edirdi. O, milli vətənpərvərliyin Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyat prinsipinə çevrilməsini, xüsusən ölkəmizdə yeni müstəqil, hüquqi dövlət, yeni iqtisadi-siyasi sistem quruculuğu dövründə xüsusi önəm daşıdığını qeyd edirdi. Eyni zamanda, Heydər Əliyevə görə işğal edilmiş torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi dövlətin əsas məqsədlərindən biri olduğuna görə milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq, hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olmalıdır.(Əliyev H.Ə. Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun 1 illiyi ilə əlaqədar olaraq Forum nümayəndələrinin bir qrupu ilə keçirilən görüşdə çıxış. 1 fevral 1997-ci il // Müstəqilliyimiz əbədidir, VIII kitab, Bakı: Azərnəşr, 1998, s. 382-395.)

Gənclərin qarşısında duran əsas vəzifələrdən birinin də mənəvi tərbiyə olduğunu göstərən Heydər Əliyev onları ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli mənəvi dəyərlərini mənimsəməyi, tariximizi, dinimizi yaxşı bilməyi tövsiyə edir və qeyd edirdi ki, milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Heydər Əliyevin fəlsəfəsinə görə vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.(Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Bakı: Azərbaycan, 1999, s. 54.)

Heydər Əliyevin gənclərin mənəvi inkişafının əsas amili kimi azərbaycançılıq, azərbaycanlılıq amalını görür və bu hissiyyatları hər bir gəncdə yaratmağı arzulayırdı: «Azərbaycanı sevmək azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir».(Əliyev H.Ə. Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci Forumunda çıxış. 2 fevral 1996-cı il // «Gələcək gənclərindir», s. 91-134)

Heydər Əliyev gənclərin hərbi vətənpərvərlik tərbiyəsini, onlarda orduya hörmət hisslərini, döyüş ruhunun möhkəmləndirilməsini gənclərin mənəvi tərbiyəsinin ən mühüm istiqaməti və müqəddəs vəzifəsi hesab edirdi. Vətəni, torpağı müdafiə etməyi hər bir gəncin müqəddəs borcu hesab edən liderimiz millətini, torpağını sevən hər bir namuslu gənci torpaqlarımızın zəbt olunmasına dözməməyi, hərbi xidmət keçmələrini həyatın tələbi sayırdı.(Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il // Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s. 164-182)

Gənclərlə görüşlərdə Azərbaycan gəncliyinin qarşısında duran ən birinci, ən ümdə vəzifənin ordu ilə əlaqəni möhkəmləndirmək, orduya qayğı göstərmək, ordunun hörmətini qaldırmaq olduğunu göstərən Prezident qeyd edirdi ki, orduda, Azərbaycan silahlı qüvvələrində xidmət edən hər bir kəs cəmiyyətimizin ən hörmətli, ən mötəbər adamı olmalıdır.(Əliyev H.Ə. Azərbaycan gəncləri gününün qeyd edilməsi ilə bağlı bayram mərasimində çıxış. 2 fevral 1998 // Müstəqilliyimiz əbədidir, XIV kitab. Bakı: Azərnəşr, 2005, s. 197-205) «Hər bir gənc orduda sədaqətlə xidmət etməlidir. Orduda xidmət etməyən gənc cəmiyyətdə hörmət qazana bilməz».(Əliyev H.Ə. Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatı nümayəndələrinin Ümumrespublika toplantısında çıxış. 18 fevral 1998-ci il // Müstəqilliyimiz əbədidir, VIII kitab, Bakı: Azərnəşr, 1998, s. 287-309)

Heydər Əliyev hər imkan tapdıqca hərbi hissələrə və hərbi məktəblərə baş çəkir, onların qayğı və problemləri ilə bilavasitə tanış olmağa çalışırdı. Onun silahlı qüvvələr günündə çıxışları ordu quruculuğu sahəsində hər bir dövlət strukturunun vəzifəsini müəyyənləşdirmək baxımdan mühüm rol oynayırdı.

Gənclik dövrünü insan həyatının ən gözəl hissəsi adlandıran Heydər Əliyev hər bir gəncə bu dövrü uğurla keçməyi, gənclik illərini boş keçirməməyi, sağlam həyat tərzi keçirməyi, yüksək mənəvi dəyərlər əsasında yaşamağı arzulayırdı.(Əliyev H.Ə. Ali məktəblərə ən yüksək balla qəbul olmuş gənclərlə görüşdə nitq. 3 sentyabr 2001-ci il // «Gələcək gənclərindir», Bakı: Azərbaycan, 2002, s. 325-333)

Dissertasiyanın üçüncü fəsli «Heydər Əliyev və Azərbaycan Respublikası gənclərinin ictimai siyasi təşkilatlanması və beynəlxalq əlaqələrinin genişlənməsi» adlanır.

Üçüncü fəslin birinci yarımfəslində Azərbaycan Respublikasında gənclər təşkilatlarının fəaliyyəti işıqlandırılmışdır.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda gənclər hərəkatının ən bariz göstəricilərindən biri gənclərin müstəqil təşkilatlanması oldu.

1991-ci ildə Azərbaycanda 80-ə yaxın gənclər təşkilatı yaranmışdı. Lakin həmin təşkilatların əksəriyyəti 1996-cı ilin əvvəlində öz işlərini müasir tələblər səviyyəsində qura bilməməkləri, maddi-texniki bazalarının zəifliyi və s. ucbatından öz fəaliyyətini dayandırmış, yalnız 55-i real fəaliyyət göstərirdi. Təşkilatların əksəriyyəti əsasən tələbələri və qismən də müharibə veteranlarını əhatə edirdi.(Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Azərbaycan Respublikası Gənclərinin I Forumu (2 fevral 1996). Bakı: 1996, s. 143)

«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanında və Nazirliyin Əsasnaməsində gənclər təşkilatlarının formalaşmasına və inkişafına kömək göstərilməsi nazirlik qarşısında əsas vəzifələrdən biri kimi qoyulmuşdur.

Respublikada fəaliyyət göstərən gənclər birliklərini dövlət gənclər siyasətinin həyata keçirilməsinə, gənclərlə bağlı qanunvericilik aktlarının hazırlanmasına və təkmilləşdirilməsinə yaxından cəlb etmək məqsədilə 1995-ci ildə, həmçinin GİTN Kollegiyasının nəzdində Gənclərlə İş üzrə İctimai Şura yaradılmışdır.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 32-33)

Gənclər təşkilatlarının ictimai-siyasi həyatın mühüm subyektləri kimi tanınması və cəmiyyətdə nüfuzunun artması GTİN fəaliyyətinin mühüm hissəsini təşkil edirdi. Gənclər təşkilatları ilə əlaqələr Nazirliyin Gənclərlə İş üzrə Baş İdarəsi və onun Gənclər Təşkilatları ilə İş Şöbəsi vasitəsilə həyata keçirilirdi.

1995-ci ildə gənclər təşkilatlarının konfederativ qurumu olan Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. GTMŞ-nin yaradılması gənclər arasında əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsində mühüm və vacib bir addım oldu.

Azərbaycanda gənclər hərəkatının keyfiyyətcə yeni mərhələyə qalxmasında, gənclərin təşkilatlanmasında və dövlət quruculuğu sahəsində rolunun artmasında Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun mühüm əhəmiyyəti oldu. Forum Azərbaycanın tarixində ən müxtəlif spektrli gənclər təşkilatlarını, müxtəlif sahələrdə çalışan, təhsil alan gəncləri bir araya gətirərək, gəncliyin ümdə problemlərini açıq və hərtərəfli müzakirə edərək həlli yollarını müəyyənləşdirən bir hadisəyə çevrildi.

1997-ci ilin ortalarınadək 90-dan çox uşaq və gənclər birliyi yarandığı elan edilsə də, onlardan təxminən 30-u müəyyən səbəblərdən, ilk növbədə, maddi texniki bazanın zəifliyi və maliyyə vəsaitinin olmaması nəticəsində öz fəaliyyətini dayandırmışdı.

2000-2003-cü illərdə gənclər təşkilatları tərəfindən təqdim olunmuş 85 layihənin qismən maliyyələşdirilməsinə dövlət büdcəsindən 653 milyon manatdan çox (köhnə qiymətlərlə) vəsait ayrılmışdı.

Gənclərin ictimai-siyasi fəallığının mühüm təzahürlərindən biri onların dövlət quruculuğu prosesinə, dövlət idarəetmə orqanlarına geniş cəlb edilməsini təşkil edir.

Azərbaycan Gənclərinin II Forumundakı çıxışında Heydər Əliyev bu məsələyə xüsusi diqqət yönəldərək hökumət orqanlarından, nazirliklərdən, yerli hakimiyyət strukturlarından gəncləri qətiyyətlə irəli çəkməyi, öz imkanlarını həyata keçirmək, reallaşdırmaq üçün gənclərə şərait yaratmağı, bu istiqamətdə konkret tədbirlər görməyi tövsiyə etmişdi.

Heydər Əliyevin sərəncamı ilə nazirlik, dövlət komitələri, hüquq mühafizə orqanları, yerli hakimiyyət orqanları rəhbərliyinə 30 yaşadək çoxlu gənc təyin edilmişdi. Gənclərin 1999-cu ildə ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə keçirilən seçkilərdə fəal iştirakına müvafiq şərait yaradılmışdı. Ölkə üzrə bələdiyyə üzvü seçilmiş 21 min nəfərdən 6 mini gənclərin nümayəndəsi idi.

Fəslin «Azərbaycan gənclərinin beynəlxalq əlaqələri» adlanan ikinci yarımfəslində Azərbaycan gənclərinin beynəlxalq əlaqələri öz əksini tapmışdır.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında uğurla həyata keçirilən dövlət gənclər siyasəti, həmçinin Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin təşəkkül taparaq genişlənməsinə münbit şərait yaratmışdı.

Qısa müddət ərzində Avropa Gənclər Forumu, Avropa Gənclər Mərkəzi və beynəlxalq gənclər təşkilatları, MDB üzvü olan ölkələrin gənclər strukturları ilə əlaqələr yaradılmışdı. Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan, Özbəkistan, Moldova, Türkiyə hökumətləri arasında bağlanmış sazişlərdə gənclər arasında əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edən xüsusi bəndlər öz əksini tapmışdır. Bunu Azərbaycan gənclər hərəkatının mühüm uğuru kimi qiymətləndirmək olar.

Azərbaycan dövlətinin rəsmi xarici siyasət kursunun beynəlxalq arenada qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənməsinə xüsusi əhəmiyyət verən Azərbaycan Respublikasının GİN ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin artırılması və nüfuz qazanmaları üçün ciddi addımlar atırdı.

Azərbaycanın dövlət və qeyri-dövlət gənclər təşkilatları ilə türk dünyası və islam ölkələrinin gənclər təşkilatları arasında da əlaqələr təşəkkül taparaq inkişaf etməkdə idi. Gənclər təşkilatlarının, ayrı-ayrı yaradıcı qrupların, istedadlı və yaradıcı gənclərin müxtəlif sahələr üzrə beynəlxalq əlaqələri genişlənmiş, beynəlxalq qeyri-dövlət gənclər təşkilatlarına inteqrasiya prosesi dönməz xarakter almışdı. Müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq, regional tədbirlərdə Azərbaycan gənclərinin nümayəndə heyətləri müntəzəm iştirak etməyə başlamışdılar. BMT Gənclər Forumu, Avropa Şurası Gənclərə dair İdarəetmə Komitəsi, Avropa Gənclər Forumu, Avropa Şurası Gənclər və İdman Direktorluğu, YUNİSEF, BMT-nin İnkişaf Proqramı, Əhalinin İnkişaf Fondu, ECOSOC ilə əlaqələr daha səmərəli olmuşdur.

Azərbaycan gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz nəticələrini göstərirdi. 2000-ci illərin əvvəllərində artıq Azərbaycan gəncliyi ümumdünya gənclər hərəkatının mühüm subyektinə çevrilməkdə idi. Ölkə tanınmış beynəlxalq gənclər təşkilatlarının xətti ilə bir çox mötəbər tədbirlərin keçirildiyi məkana çevrilmişdi.

Nəticədə dissertasiya işinə yekun vurulmuş, tövsiyə və təkliflər irəli sürülmüşdür.

Dissertasiyanın əsas məzmunu müəllifin nəşr edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

1.SSRİ-nin süqutu ərəfəsində və Azərbaycanın müstəqilliyinin ilk illərində gəncliyin inkişaf problemləri // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2010, № 4, s. 123-128.

2.Heydər Əliyev və Azərbaycan Respublikasında uşaq hüquqlarının təminatı // Dirçəliş-XX əsr. Bakı, 2011, № 157, Xüsusi baraxılış. s. 156- 164.

3.Heydər Əliyev və Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin formalaşması // ADPU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2011, s. 135-143.

4.Государственная молодежная политика в Азербайджанской Республике. Этапы формирования и особенности (1993-2003 гг.) // Кавказ и мир. Международный научный журнал. Тбилиси. 2011, №11, s. 105-109.

5.Heydər Əliyev və Azərbaycan gənclərinin mənəvi tərbiyəsi (1993-2003- cü illər). Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş konfransın materialları / Tarix və onun problemləri. Nəzəri, elmi, metodiki jurnal. № 2, Bakı, 2012, s. 212-215.

Azəbaycan respublikası.bakı-2001

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan Respublikası – 1991-2001

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.