Press "Enter" to skip to content

Azərbaycan Respublikasının tarixi (1991-2021): BDU-nun ən yeni tariximizə xidmət kitabı

Qürurverici faktdır ki, “Azərbaycan Respublikasının tarixi” Vətən müharibəsinin hər məqamını – ordumuzun ayrı-ayrı rayon və kəndlərimizi birbaşa azad etməsi hadisələrini həm tarixi faktlarla, həm də hər sətrindən qürur duyulan bir üslubda bizə təqdim edir. Burada Cəbrayılın, Hadrutun, Füzulinin, Qubadlının, Şuşanın, Ağdam, Kəlbəcər və Laçının işğaldan azad edilmə prosesi yüksək elmi və bu yerdə mütləq lazım olan publisistik üslubda oxucuya çatdırılır.

Azerbaycan tarixi bdu

İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Bir xalqın tarixində onun istiqlalı ən mühüm məsələdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətin qurucuları çox istəyirdilər ki, istiqlalımız əbədi olsun. Lakin Cümhuriyyət hökuməti cəmi 23 il yaşadı. 70 il Azərbaycan xalqı müstəqillik həsrəti ilə yaşadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Rafael Hüseynov Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.

Akademik Rafael Hüseynov təqdimatı keçirilən kitabların ərsəyə gəlməsini Bakı Dövlət Universitetinin böyük uğuru kimi dəyərləndirib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb. Rektor müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğunu bildirib.

Qeyd edilib ki, kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır.

Təhsil nazirinin müavini Firudin Qurbanov kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir. Kitabın müəllifi professor Musa Qasımlının Azərbaycanın son 30 illik tarixinin şahidi və iştirakçısı olması çox önəmlidir. Bu, hadisələrin düzgün sistemli işıqlandırılmasına imkan yaradıb. Kitabın gənclərin vətənpərvərlik ruhunda formalaşmasında böyük rolu olacaq.

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, təqdimatı keçirilən kitablar Azərbaycanın son 30 illik tarixini əks etdirən dəyərli əsərdir. Bu əsərdə, həmçinin müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlıq dövründən bu mühüm sənədin qəbul olunmasına qədər bütün məsələlər ətraflı tədqiq edilib. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov və başqaları çıxış ediblər.

“Azərbaycan Respublikasının tarixi (1991-2021)”: BDU-nun ən yeni tariximizə xidmət kitabı

Azərbaycan tarixinin çoxçeşidli dövrləri ilə bağlı müxtəlif elmi-tədqiqat əsərləri, monoqrafiyalar, dərsliklər mövcuddur. Lakin etiraf edək ki, bu əsərlərin böyük əksəriyyəti müxtəlif ideoloji təsirlərə məruz qalmış və bir çox halda obyektivlikdən uzaq olmuşdur. Xüsusilə Sovet dövründə meydana gəlmiş tarix kitablarımız hakim kommunist ideologiyasının təzyiqlərindən xilas ola bilməmişdir. Azərbaycanın müstəqillik şəraiti və xüsusilə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi milli düşüncənin bütün istiqamətlərinə yeni, obyektiv baxışı təmin etdi və o cümlədən, milli tariximiz yeni nəşrlərdə öz obyektiv qiymətini tapdı.

Lap bu günlərdə Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Azərbaycan Respublikasının tarixi (1991-2021)” adlı iki cildlik kitab bu sırada çox mühüm və gərəkli tədbirlərdən biridir. Bakı Dövlət Universitetinin təşəbbüsü ilə ərsəyə gəlmiş bu kitabın müəllifi akademik Musa Qasımlı, elmi məsləhətçisi Universitetin rektoru Elçin Babayev, elmi redaktoru professor İbrahim Zeynalov, rəyçiləri BDU-nun dörd fundamental kafedrasıdır. Milli tariximizin ən keşməkeşli formasiyası olan III Respublika dövrünün keçdiyi yolun tarixini əks etdirən bu əsər yeni müstəqilliyimizin fundamental təqdimatı kimi çox böyük maraq doğurmaqdadır.

Yəqin belə bir fikir heç kimdə şübhə doğurmaz ki, Azərbaycan tarixinin çətin dövrləri sırasında müstəqillik illəri ayrıca yer tutur. Ən yeni tariximiz zəngin hadisə və faktlarla meydandadır. Müstəqilliyimizin əldə edilməsinin çətinliyi bir yana, bu müstəqilliyi gözü götürməyən dövlətlərin bizə qarşı yaratdığı süni əngəllər ilk illərdə dövlətçiliyimizi şübhə altına aldı. Yeni Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bu dövrün başlanğıcında qəti surətdə bəyan etdi: “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və bu yolda hamımız əl-ələ verərək çalışmalıyıq”. Heydər Əliyev bu sözləri xalqımızın azadlıq uğrunda yeni mübarizəsinin ən çətin dövründə dedi. Müstəqilliyimizin keşməkeşli bir dövrünə – 1991-2021-ci illərinə həsr edilmiş “Azərbaycan Respublikasının tarixi”nin avantitul səhifəsində bu sözlərin yer alması heç də təsadüfi deyil. Müstəqilliyimizin əbədi və daimi olması o vaxt da, indi də qarşımızda duran ən böyük vəzifədir. Məsələnin bu cəhətini xüsusi nəzərə alan kitab tərtibatçıları Prezident İlham Əliyevin 30 illik torpaq həsrətimizə vaxtı gələndə mütləq son qoyulacağını ifadə edən sözlərini də kitabın avantitul səhifəsinə köçürmüşlər: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır; ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Tarix göstərdi ki, Prezident İlham Əliyevin bu müqəddəs azadlıq vədi özünün gerçək həllini tapdı. Və “Azərbaycan Respublikasının tarixi” kitabının birinci cildində azadlığa gedən bu yolun dolanbacları ciddi elmi araşdırmalarla gənc nəslə təqdim olunur. Bu dövr hansı çətinliklərdən keçdi, milli taleyimizin ilk illərində səbatsız hakimiyyətin yaratdığı xaosdan necə çıxdıq, 1992-ci ildə dövlət büdcəsində cəmi üç yüz milyon manatı olan bir ölkənin iqtisadiyyatı necə dirçəldi, xəbis ermənilərin tapdaq altına saldığı torpaqlarımızı necə azad etdik və s. kimi yüzlərlə suala cavab verən və bu cavabı gənc nəslə çatdırmağı əsas məqsəd sayan bir tarix kitabı yazmalıydı. Ən yeni tarix!

Məzmununa və missiyasına görə yüksək mənəvi dəyər daşıyan bu iki cildlik ən müasir poliqrafik formatda nəşr olunub.

Onu da qeyd edək ki, bu kitablar 70×100 formatda olub, 56,6 çap vərəqi həcmindədir. (Poliqrafiyaya nabələd oxucuya demək istərdik ki, kitab nəşrində bir çap vərəqi 16 səhifədir). Deməli, otuz illik bir dövrü əhatə edən bu iki cildlik əsər çox böyük həcmdə olub, ən yeni tariximizin bütün detallarını özündə əks etdirməkdədir. Kitabın hər iki cildinin annotasiyasında çox müxtəsər, lakin əsərin bütün məzmunu, tutumu aydın ifadə edilmişdir. Təkcə annotasiyalarda göstərilən faktlar iki cildlik bu tarix kitabının nə qədər böyük məzmun daşıdığını sübut edir.

Mükəmməl məzmunu, mükəmməl mündəri

cəsi və mükəmməl tədqiqat xarakteri ilə seçilən “Azərbaycan Respublikasının tarixi” kitabının ideya müəllifi, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev əsərə “Ön söz”ündə yazır: “Bakı Dövlət Universitetinin təşəbbüsü ilə iki cilddə hazırlanmış “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin son 30 illik dövrünü – 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpasından sonra dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin memarlığı ilə qurulan müstəqil Azərbaycan Respublikasının tarixini əhatə edir”. Kitaba “Ön söz”dən daha bir misal: “Bakı Dövlət Universitetində tarixi faktlar və onların müqayisəli təhlili əsasında ərsəyə gətirilmiş bu kitab müstəqilliyin əldə edilməsi, qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəni, müasir Azərbaycanın yüksəliş və zəfər mərhələlərini əhatə edir. Hesab edirik ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri də bu mübarizə, yüksəliş və zəfər tarixinin, Azərbaycanın davamlı inkişaf perspektivlərinin daha yaxından öyrənilməsi, təbliğ olunması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Şübhəsiz ki, “Azərbaycan Respublikasının tarixi” kitabı bu istiqamətdə böyük əhəmiyyət kəsb edir”.

Kitabın I cildinin üz qabığındakı “1991-2003” rəqəmləri aydın göstərir ki, bu cild müstəqilliyimizin ən çətin, xaotik dövrünü əhatə edir. On dörd fundamental fəsildən ibarət olan bu cildin əsas mahiyyətində dövlət müstəqilliyimizin bərpası ərəfəsindəki beynəlxalq vəziyyət, Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq siyasəti, o illərdə yaranan anarxiya və xaosun səbəbləri və günahkarları, Heydər Əliyevin yeni dövlətçilik konsepsiyası, bu gün də bizim iqtisadi həyatımıza işıq tutan “Əsrin müqaviləsi”, Konstitusiyamız, neft fenomeni, demokratik islahatlar və s. kimi məsələlər öz əksini tapıb.

Kitabın 2003-2021-ci illəri əhatə edən II cildindəki avantitul səhifələrində də Heydər Əliyevin və İlham Əliyevin dövlət quruculuğuna bağlı müdrik fikirləri yer alıb. Prezident İlham Əliyevin burada qeyd olunan fikirləri zamanın çağırışı kimi səslənir: “. biz 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır: Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər”. “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabını Bakı Dövlət Universiteti Prezidentin bu çağırışına cavab olaraq ərsəyə gətirmişdir.

Kitabın II cildinin mündəricəsində Azərbaycanda son 20 ildə baş verən hadisə və faktlarla bağlı 27 qiymətli fəsil öz əksini tapmışdır. Bu fəsillərin ilk sırasında İlham Əliyevin Prezident seçildiyi 15 oktyabr 2003-cü il faktı dayanır. İlham Əliyevin Prezidentliyə başladığı ilk çağların ümumi mənzərəsi – ictimai-siyasi şərait, torpaqlarımızın işğaldan azad edilməsi məqsədinin prioritetliyi, bütün sahələrdə özünü göstərən yeni inkişaf mərhələsi kimi məqamlar təhlilə cəlb olunur. Burada Heydər Əliyev Fondunun tarixi missiyası, 2008-ci ilin Prezident seçkiləri, dövlətçiliyin inkişaf tempi, xarici siyasətindəki uğurlar, 2016-cı ilin Aprel döyüşləri və bu döyüşlərin sonrakı Vətən müharibəsinə təsiri, 2018-ci ildəki Prezident seçkiləri, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dövlət tədbirləri, Ermənistanın tükənməyən təxribatları və buna qarşı mübarizə, Vətən müharibəsinin başlanması və gedişi kimi tarixi hadisələr öz əksini tapmışdır.

Qürurverici faktdır ki, “Azərbaycan Respublikasının tarixi” Vətən müharibəsinin hər məqamını – ordumuzun ayrı-ayrı rayon və kəndlərimizi birbaşa azad etməsi hadisələrini həm tarixi faktlarla, həm də hər sətrindən qürur duyulan bir üslubda bizə təqdim edir. Burada Cəbrayılın, Hadrutun, Füzulinin, Qubadlının, Şuşanın, Ağdam, Kəlbəcər və Laçının işğaldan azad edilmə prosesi yüksək elmi və bu yerdə mütləq lazım olan publisistik üslubda oxucuya çatdırılır.

Kitabda “Vətən müharibəsində qazanılan qələbənin səbəbləri və əhəmiyyəti” ayrıca tədqiq olunur. Bu səbəblər, əlbəttə, Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi saysız-hesabsız müsahibələrində, Azərbaycan və dünya mediası səhifələrində elə həmin günlərdə öz əksini tapmışdır. Amma “Azərbaycan Respublikasının tarixi” kitabının vacibliyi ondadır ki, bu əsər həmin səbəblərlə bağlı faktları son dərəcə dəqiq və bacarıqla ümumiləşdirib sabahımıza ünvanlanan möhtəşəm bir nəşr formatına salmışdır.

Ordumuzun, onun Ali Baş Komandanının, Xalq birliyinin səbəb olduğu müzəffər qələbəmiz yağı düşməndən intiqam faktıdır. Bu kitabdan ordu quruculuğuna, əsgər təlimlərinə, xalqın birliyinə o qədər diqqət yetirilmişdir ki, bu orduya, oxucuda bu xalqa heç bir düşmən qüvvə bata bilməz qənaəti hasil olur.

Kitabda tarixi qələbəmizdən sonra ölkəmizdə baş verən uğurlu hadisələr, Türk dünyasının birliyini nümayiş etdirən Şuşa tədbirləri, düşmənin gözünə ox kimi batan Hərbi Qənimətlər Parkı, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və Türkiyə ilə imzalanan tarixi birlik Bəyannaməsi, işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq işləri kimi faktları bugünkü və sabahkı gənclərimiz qürurla oxuyub, öyrənib fəxr edəcəklər.

Əlbəttə, Azərbaycanın öz torpaqlarının işğaldan azadlığı uğrunda apardığı ədalətli Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyevin beynəlxalq dünyada göstərdiyi diplomatik gedişlər Azərbaycanın və xarici dövlətlərin media sistemində kifayət qədər işıqlandırılmış və bu ətrafdakı faktlar öz vaxtında mediaya çıxarılmışdır. Lakin qeyd olunan məsələlərlə bağlı faktların, Prezidentin böyük diplomatiyasının bütün anları bu tarix kitabında mütləq ümumiləşdirilməli idi; media səhifələrindən tarixdə yaşayacaq bir nəşr formatına köçürülməli idi. Məsələn, Azərbaycan Prezidentinin 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq diskussiya iclasında – dünyanın ən böyük dövlət başçılarının toplantısında Ermənistanın Baş naziri N.Paşinyanın bir vaxt Şuşanın Cıdır düzündə quldur dəstələrinin üzvləri ilə rəqs edərkən “Qarabağ Ermənistandır və nöqtə” kimi həyasız bir cümləsinə cavab olaraq kəskin şəkildə demişdi: “Ermənistanın Baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” Forumu çərçivəsində müvafiq cavab verilibdir. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə. Birincisi, yumşaq şəkildə desək, bu, yalandı. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Ermənistan Baş nazirinin “nöqtəsi” ilə Azərbaycan Prezidentinin “nidası” arasında çox fərq oldu. Əvvəla, linqvistikaya görə, nida nöqtədən çox güclüdür və özündən sonra çox şey vəd edir. İkincisi, Azərbaycan Prezidenti bu nidanı 44 günlük Vətən müharibəsində birbaşa gerçəkləşdirdi. Milli maraqların dönməz ifadəsi olan belə faktlar “Azərbaycan Respublikasının tarixi” ikicildliyində yüksək elmi-tədqiqat formatında ümumiləşdirilərək bugünkü, sabahkı və gələcək nəsillər üçün əbədiləşməli idi. Bakı Dövlət Universiteti bu kitabı hazırlamaq, geniş oxucu kütləsinə təqdim etməklə təkcə elm və tədris sahəsində deyil, həm də milli maraqlarımıza xidmət sahəsində ciddi bir vətəndaşlıq işi görmüşdür. Biz BDU-nun rektoru E.Babayevin kitaba yazdığı “Ön söz”ün son sətirlərinə diqqət çəkmək istərdik: “Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda Lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir”. Kitabı axıradək oxuyuruq və “Ön söz” müəllifinin bu fikirlərinin dəqiqliyinin şahidi oluruq.

“Azərbaycan Respublikasının tarixi”ni böyük zəhmət və məsuliyyətlə kitaba çevirmiş müəllifin – Musa Qasımlının bu böyük əsərə son abzası: “2003-2021-ci illərdə Azərbaycan Respublikasının siyasi tarixinin başlıca yekunu qüdrətli və beynəlxalq aləmdə yüksək nüfuzu olan dövlətin yaradılması, işğal altındakı ərazilərin azad edilməsidir. Keçilən yoldan alınan ibrət dərsi ondan ibarətdir ki, Azərbaycan millətinin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində minilliklərdən keçib gələn milli-mənəvi köklərə dayanaraq müasirləşmək, vətənsevərlik, təbii sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır. Elə buna görə də Prezident İlham Əliyevin aşağıdakı fikirləri Azərbaycan dövlətinin və millətinin gələcək inkişafının başlıca formuludur: “Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir: Bir də Vətən sevgisi”. Torpaqlarımızı qanı ilə, canı ilə yağı düşməndən azad edən, hər birimizin 30 illik yurd həsrətimizə son qoyan şəhidlərimiz, qazilərimiz, bütövlükdə ordumuz bu kitabın baş qəhrəmanıdır. Ona görə də “Azərbaycan Respublikasının tarixi (1991-2021)” bütöv bir Azərbaycan kitabıdır.

Nizami CƏFƏROV, akademik

Cahangir MƏMMƏDLİ, professor

Comments are closed, but trackbacks and pingbacks are open.