Press "Enter" to skip to content

Azerbaycan tarixinde muqavileler

Ya birmərrə yatırt bizi,

ƏSRİN MÜQAVİLƏSİ

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər Əliyev

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.

Həmin anı İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında Saziş imzalandı.

Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi” nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla həyata keçirilməsinə başlanıldı. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib. İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarılabilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli iadrə edilməsi ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

“Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

Prezident İlham Əliyev isə “Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. “Əsrin müqaviləsi”nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.

Azerbaycan tarixinde muqavileler

Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində 201 il bundan əvvəl imzalanmış, xalqımızı iki yerə ayıran “Gülüstan müqaviləsi” dəhşətli hadisəyə şahidlik edib.

Belə ki, 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlanan müqaviləylə Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu günkü tarix Azərbaycan türklərinin taleyində ən kədərli günlərdən biridir. Məhz o gün imzalanan “Gülüstan sülh müqaviləsi” torpaqlarımızın parçalanmasına gətirib çıxardı.

12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma xalqımızın aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı.

“Gülüstan müqaviləsi”ndə bircə dəfə də olsun “Azərbaycan” adına rast gəlinmir. “Türkmənçay müqaviləsi”ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra “əbədi dostluq şəraitində yaşayacaqlarına” söz verdilər.

1813 -cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalandı. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şm Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

Rusiya tarixşünaslığında “sülh müqaviləsi” kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş Qacar İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. Çünki, bu müqavilənin şərtlərinə görə, Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın təbəəliyinə keçirdi. Sonradan, 1828-ci ildə, ikinci Rusiya-İran müharibəsindən sonra, Türkmənçay kəndində daha bir “sülh” müqaviləsi imzalanacaq və bu dəfə Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılacaqdı.

Yaddan çıxarmaq olmaz ki, Gülüstan müqaviləsi ilə təkcə müasir Azərbaycan Respublikasına aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və Gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi. Baxmayaraq ki, Tehranda gürcü çarlarını hələ də xan adlandırırdılar, lakin gürcülər üçün başçılar çar idilər və Rusiya da Cənubi Qafqazda ilk müqaviləsini məhz Gürcüstan çarlığı ilə imzlamışdı.

Əslində, Gülüstan müqaviləsi ilə, gələcək Gürcüstan və Azərbaycan respublikalarının ən azı cənub sərhədləri çəkilmişdi.

1918-ci ildə Azərbaycan və Gürcüstan (əsasən Azərbaycan) öz ərazilərindən kəsib Ermənistan Respublikasının yaradılmasına yardım etdilər. Ermənistan Respublikası 1828-ci il Türkmənçay müqaviləsi əsasında İrandan Rusiyaya keçən İrəvan xanlığının ərazisində qurulmuşdu. Əslində, tarixən İranın özü də bu əraziləri işğal etmiş, ən azı Şirvanşahlar dövlətini yer üzündən silmişdi.

Yəni lap dərinə gedəndə, bu torpaqlar Rusiyanın olmadığı kimi, tam mənasında İranın da deyildi. Lakin iki yüz il əvvəl oynanan bu tarixi dramda başqa iştirakçılar da vardı. Onlardan ən mühümü Osmanlı İmperiyası idi. Əslində Gülüstan müqaviləsinin imzalanması üçün İstanbul sarayının da rəsmi razılığı lazım olmuşdu.

Lakin Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda bu iki müqavilə ilə bağlı yaranmış – “ikiyə bölünmüş Azərbaycan” məfhumu var.

Gülüstan müqaviləsi nəticəsində bu toplum bir gecənin içərisində iki ayrı-ayrı dövlətin hüquqi sferasına düşdü.

Alimlərin fikrincə, bu ayrılıq 19-cu əsrdə o qədər də hiss olunmurdu, lakin 20-ci əsrdən etibarən toplumun ikiyə bölünmüş hissələri arasındakı fərq modernləşmə və şəhərləşmə nəticəsində sürətlə artmağa başladı. Bununla da eyni bir etnolinqvistik toplum və ya əhali, daha doğrusu xalq iki ayrı mədəni inkişaf layihəsinə cəlb olundu.

Bu tarixi faciədən iki əsrə yaxın zaman keçidində doğranmış, parçalanmış, bölünmüş Azərbaycanın doğduğu Məmməd Araz haray çəkdi:

Ayağa dur, Azərbaycan!

Nə yatmısan qoca vulkan, səninləyəm!

Ayağa dur Azərbaycan, səninləyəm!

biz hər şeyi bölə billik.

biz hamımız ölə billik.

Bu Şəhriyar harayıdır,

Bu Bəxtiyar harayıdır.

Ayağa dur Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir:

– Nər oğlu nər, səninləyəm!

Səninləyəm silah tutan,

kulung tutan, yaba tutan,

Kösöy tutan nişanlı ər səninləyəm!

Səninləyəm qız atası,

Hanı nərən, hanı səsin?

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

Gözünü sil vətən oğlu,

Üfüqünə bir yaxşı bax,

Sərhədinə bir yaxşı bax,

Sərhədinin kəməndinə bir yaxşı bax!

Dur içindən qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə.

Dur içindən dovşanı qov,

Dur özünü Boz Qurd elə!

Varım – yoxum səninləyəm,

Azım – çoxum səninləyəm,

Şirin yuxum səninləyəm.

Yıxın məni söz atından,

Atın məni tank altına,

Əzin məni xıncım-xıncım

Kəsmir əgər söz qılıncım.

Didin məni didim – didim,

Atın məni tank altına.

Qundaqdakı bir körpəni xilas edim,

Sözü qəmli, özü dəmli

1918 -də vuruşurdu

danışmırdı rəncbər atan,

Oyat bizi ey yaradan, səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi.

Ya yenidən yarat bizi!

Ey yaradan, səninləyəm!

Səninləyəm, yatmış vulkan.

Ayağa dur Azərbaycan,

BÜTÖVLÜYÜMÜZ UĞRUNDA (Zəngəzur İnformasiya Agentliyi)

Comments are closed, but trackbacks and pingbacks are open.